Kitabı oku: «Hədəf – Bakı: “Qara qızıl” Uğrunda Mübarizə. 1917-1922»
Müzəffər Azərbaycan Ordusuna ithaf olunur.
ÖN SÖZ
Azərbaycanın əsas təbii sərvəti olan neft əsrlər boyu təsərrüfatda, hərbi işdə, təbabətdə istifadə edilsə də, XIX yüzilin ikinci yarısına qədər iqtisadiyyatda və siyasətdə hələ əhəmiyyətli rol oynamırdı. Dünyanın qabaqcıl ölkələrində sənayenin coşğun inkişafı, dəmir yolu tikintisinin genişlənməsi, yeni texniki kəşflərin tətbiqi ilə vəziyyət köklü şəkildə dəyişməyə başladı. Məhz həmin dövrdə dünya neft sənayesinin əsas mərkəzlərindən biri olan Bakıda yaşanan “neft bumu” şəhərin simasını tamamilə dəyişərək, onu dünyanın ən sürətlə artan, yüzlərlə iş adamını özünə cəlb edən, minlərlə fəhləyə iş yeri verən şəhərlərindən birinə çevirdi. XIX əsrin sonu-XX əsrin əvvəllərində Bakı dünyada çıxarılan neftin 50, Rusiya imperiyasında hasil olunan neftin isə 95 %-ni verirdi. XX əsrin əvvəllərinədək neft hasilatına görə Bakı dünyada birinci yeri tuturdu. “Əgər neft kraliçadırsa, Bakı onun taxt-tacıdır” ifadəsinin məhz o dövrdə yaranması təsadüfi deyildi.
XX əsrin əvvəllərində neft artıq uğrunda müharibələrin aparıldığı və rəqabətin gücləndiyi mühüm strateji resursa çevrildi. Böyük dövlətlər dünyanın əsas neft mənbələri – Bakı, Latın Amerikası, Yaxın və Orta Şərq uğrunda kəskin mübarizəyə başlayaraq, özlərini neft yataqları və satış bazarları ilə təmin etməyə çalışırdılar. Duru yanacağın hərbi-iqtisadi əhəmiyyətini artıran Birinci Dünya müharibəsi həmin mübarizənin tarixində yeni səhifəni açmış oldu. 100 ildən artıq müddət ərzində Bakı neftinin mütləq sahibi olmuş Rusiya imperiyasının dağılması, Cənubi Qafqaz regionunda cərəyan edən siyasi hadisələr Bakıya diqqəti artırdı. Özünün təbii sərvətinə görə Bakı Sovet Rusiyasının, Böyük Britaniyanın, Osmanlı dövlətinin, Almaniyanın xarici siyasətinin obyektinə çevrildi. Bakını nəyin bahasına olursa-olsun tutmaq və onu əldə saxlamaq, düşmənin əlinə keçməsin deyə, hətta neft mədənlərini yandırmaq – bunların hamısı “neft taxt-tacı” uğrunda aparılan mübarizənin tərkib hissələri idi. Bakı neftinə görə aşkar və gizli sövdələşmələr baş tutur, keçmiş müttəfiqlər barışmaz rəqiblərə çevrilirdi…
1918-ci ildə müstəqil Azərbaycan Cümhuriyyətinin qurulması ilə Azərbaycan xalqı yenidən öz təbii sərvətinin sahibi oldu. Lakin Bakı nefti uğrunda mübarizə səngimədi –müstəqil dövləti tanımayan Sovet Rusiyası Azərbaycan ərazisindən gizli şəkildə neft məhsullarını daşıyır, əvəzində isə yerli bolşeviklərin milli hökumətə qarşı mübarizə aparması üçün onlara silah-sursat, pul, inqilabi ədəbiyyat göndərirdi. Azərbaycan Cümhuriyyətinin bütün cəhdlərinə rəğmən Sovet Rusiyasının ikitərəfli iqtisadi və siyasi münasibətlərin qurulmasından imtina etməsinin əsas səbəblərindən biri də neft amili idi. Cümhuriyyəti bərabərhüquqlu tərəfdaş kimi qəbul etmək istəməyən Rusiya 1920-ci ilin aprelində Bakını işğal etdi və Azərbaycan neftinə yiyələndi.
Aprel işğalından sonra da Bakı nefti beynəlxalq münasibətlərdə mühüm yer tuturdu. İlkin mərhələdə Bakı nefti Cənubi Qafqazda sovet hakimiyyətinin qurulmasında və Cənubi Qafqaz respublikaları federasiyasının iqtisadi təməlinin formalaşdırılmasında istifadə olunurdu. Eyni zamanda, Sovet Rusiyası dünya bazarlarına çıxmaq, neft ixracını genişləndirmək, Qərbi Avropanın və ABŞ-ın beynəlxalq neft bazarlarında inhisarına son qoymaq üçün də Bakı neftindən istifadə edirdi.
Beləliklə, çoxsaylı faktlar sübut edir ki, Birinci Dünya müharibəsinin sonlarından etibarən 1922-ci ildə Sovet İttifaqının təşkil olunmasınadək Bakı nefti beynəlxalq münasibətlərdə böyük rol oynayırdı. Əminəm ki, hadisələrlə zəngin olan bu dramatik dövrün tədqiqi Azərbaycan tarixi üçün yeni və maraqlı səhifələrin açılmasında kömək edəcək.
I.
TƏLATÜMLÜ ILLƏR ƏRƏFƏSINDƏ
1872-ci ildə iltizam sisteminin ləğvi Bakıda “neft bumu”nun başlanğıcı hesab olunur. Bundan sonra neftli torpaqların sərbəst satışı, yeni quyuların qazılması başlandı, mədənlər salındı, firmalar təsis olundu, neft emalı zavodları, neft kəmərləri inşa edildi. Neft öz xüsusiyyətlərinə görə yanacağın digər növlərindən daha üstün olduğu üçün onları tədricən sıxışdırır, əsas enerji mənbələrindən birinə çevrilir, nəqliyyatda və hərbi işdə yanacaq, kimya sənayesinin bir çox sahələrində isə xammal kimi istifadə edilirdi. XX əsrin etibarən neft həqiqətən də “əsrin yanacağı” oldu. Bunu aşağıdakı rəqəmlər əyani şəkildə nümayiş etdirir: 1900-cü ildən 1904-cü ilədək dünyada neft hasilatı 126 dəfə, “qara qızıl”ın əsas rəqibi olan kömürün hasilatı isə cəmi 3 dəfə artmışdır.1
Bakıda neft sənayesinin coşğun inkişafı başlayandan sonra xarici şirkətlərin, xüsusilə iri inhisarların bu sərvətə yiyələnmək cəhdləri artdı. İnhisarlar öz milli hökumətləri ilə sıx bağlı olduğundan iqtisadi rəqabət böyük dövlətlərin nüfuz dairələri, bölgədə strateji mövqelər uğrunda mübarizəsi ilə bərabər aparılırdı. XIX əsrin sonlarından etibarən neft dünya siyasətində güclü amilə çevrildi. Rusiya alimi İvan Qubkinin təbirincə desək, “…neft bütün məhsullar içərisində “ən siyasi” məhsul”2 oldu. Bu günədək öz aktuallığını itirməyən sözlər…
Neft mənbələri, nüfuz dairələri, neftin nəqli marşrutları uğrunda mübarizə dünyanın böyük dövlətlərinin xarici siyasətinin tərkib hissəsi idi. Bu cəhətdən öz ərazisində neft mənbələrinə malik olan ölkələrin vəziyyəti daha əlverişli idi, çünki onlar dünyanın neft rayonlarına müdaxilə etmək üçün yollar və vasitələr axtarmaq məcburiyyəti ilə üzləşmirdilər. Buna görə də Bakı neft rayonunun Rusiya imperiyası üçün əhəmiyyətini təsəvvürə gətirmək çətin deyil. Dövlətə xeyli gəlir gətirən Bakı Rusiyanın dünya hasilatında və ixracatında sabit mövqeyini təmin etməklə, onu xarici asılılıqdan azad edirdi. Yüzlərlə yerli və xarici firmalar Bakı neft sənayesinə sərmayə yatıraraq, qısa vaxt ərzində böyük mənfəət qazanırdılar. Ümumrusiya neft hasilatının 95 %-nin Bakının payına düşməsi “qara qızıl”ın əhəmiyyətini daha da yüksəldir və Rusiya imperiyasının dünya miqyasında xüsusi çəkisinin artmasına səbəb olurdu. Belə ki, əgər 1890-cı ildə dünya neft hasilatında Rusiyanın payı 38 %, Amerika Birləşmiş Ştatlarının payı 60 %-ə bərabər idisə, 1900-cü ildə həmin göstərici müvafiq olaraq 51 % və 43 % təşkil edirdi.3 Bakıda neft hasilatı ABŞ ilə eyni səviyyəyə çatdı, XIX əsrin sonunda isə Bakı dünyada birinci yeri yerə çıxdı. Neft sənayesinin coşğun inkişafı Bakının Rusiya imperiyasının sənaye potensialında xüsusi çəkisinin də dəyişməsinə səbəb oldu. XIX əsrin sonunda Bakı şəhəri Rusiyanın aparıcı sənaye regionlarından biri olan Uralı ötüb keçdi və yalnız Mərkəzi sənaye regionundan, həmçinin Rusiyanın cənub regionundan geridə qalaraq, ölkə miqyasında üçüncü yerə çıxdı.4
Bakı neft sənayesinin tarixinə nəzər salarkən, xarici kapitalın iştirakı məsələsinə toxunmaq zərurəti ortaya çıxır. 1894-1901-ci illər ərzində Rusiyanın neft sənayesinə yatırılan xarici sərmayələr 30 dəfə – 2,6 mlrd. rubldan 83,4 mlrd. rubla qədər artmışdır.5 Rusiya tarixçisi Aleksandr Fursenko xarici kapital qoyuluşunun artmasını üç amil ilə izah edirdi. Həmin amillər 1917-1922-ci illərdə xarici dövlətlərin Bakı uğrunda mübarizəsinin səbəblərini və gedişini izləmək üçün olduqca böyük əhəmiyyətə malikdir. Xarici kapitalı ilk növbədə istehsal prosesinə və işçilərin əməkhaqqının ödənilməsinə sərf edilən xərclərin azlığı, həmçinin Bakı neftinin maya dəyərinin aşağı olması fonunda Rusiyada neft işinin böyük gəlirlər gətirməsi cəlb edirdi. İkincisi, beynəlxalq rəqabət, Rusiyanın xarici siyasət prioritetləri uğrunda mübarizə dünyanın aparıcı dövlətlərini Bakının neft resurslarına yiyələnmək meyllərini şərtləndirirdi. Nəhayət, Rusiyanın özünün iqtisadi zəifliyi daim xaricdən borcların alınmasını və sənayeyə xarici sərmayələrin cəlb olunmasını zəruri edirdi. Məhz sonuncu səbəbə görə çar hökuməti xarici kapitalın sənayeyə, o cümlədən, neft sənayesinə axınını təşviq edirdi.
Bakı neft sənayesinin ilk baxışdan rəvan görünən inkişafı XX əsrin əvvəllərində baş verən dünya iqtisadi böhranının, daha sonra başlanan durğunluq dövrünün, 1905-1907-ci illər inqilabının ağır nəticələri səbəbindən pozulmuşdur. Araşdırılan mövzu ilə əlaqədar olaraq XX əsrin əvvəllərində Bakı neft sənayesində yaranan vəziyyət üzərində daha ətraflı dayanmaq zərurəti var. Bu, bir tərəfdən öyrənilən dövrdə Bakıda mövcud olan şəraiti qiymətləndirməyə, digər tərəfdən isə neft sənayesindəki böhranın daxili səbəblərini üzə çıxarmağa imkan verir. İkinci məqam xüsusilə aktualdır, çünki bəzi əsərlərdə həmin dövrün hadisələri müxtəlif cür və çox vaxt birtərəfli işıqlandırılır. Məsələn, sovet tarixşünaslığı neft sənayesindəki böhrana görə bütün günahı xarici müdaxiləçilərin və Cümhuriyyət hökumətinin üzərinə yıxırdı. Xarici və bəzi müasir Azərbaycan müəllifləri əsas səbəbi bolşeviklərin Bakıda hökmranlığında görürlər. Lakin hər iki amili inkar etmədən vurğulamaq lazımdır ki, onların neft sənayesinə yalnız müəyyən dövrdə, konkret olaraq, 1917-1920-ci illərdə təsir göstərməsi haqqında danışmaq olar. Problemə daha geniş yanaşma isə söyləməyə əsas verir ki, Bakıdakı böhranlı durumun kökləri 1917-ci ildən daha əvvələ gedib çıxır. 1917-1920-ci illərdə, qismən isə 1921-1922-ci illərdə cərəyan edən bütün hadisələr birbaşa və ya dolayısı ilə XX əsrin əvvəllində baş vermiş proseslərlə bağlı idi.
Beləliklə, XX yüzilin başlanğıcında Rusiyada böyük iqtisadi və siyasi sarsıntılar yaşanırdı və bu proseslər təbii ki, Bakıya da təsirsiz ötüşməmişdir. 1900-1903-cü illər böhranından, həmçinin 1905-1907-ci illərin inqilabi hadisələrindən sonra neft hasilatı və emalı durmadan aşağı düşürdü. Neft istehsalının azalması Bakının ümumrusiya hasilatında payına da mənfi təsir göstərmişdir: 1910-cu ildə bu göstərici 84,7 %-ə, 1913-ci ildə isə 79,6 %-ə bərabər idi. 1901-ci ildən 1903-cü ilədək Bakıda neft hasilatı 33,2 % aşağı düşmüşdür.6 Hasilat və emalın aşağı düşməsi ilə yanaşı, ixracat da azalmışdır. Mövcud vəziyyətdən istifadə edən ABŞ-ın “Standart oyl” tresti 1904-cü ildə Rusiya ixracatçılarını beynəlxalq bazarların bölüşdürülməsi haqqında sazişi imzalamağa məcbur etmişdir. Həmin saziş Bakıda fəaliyyət göstərən Rotşild və Nobel firmalarının mövqeyinə ciddi zərbə vuraraq, onları Qərbi Avropa ölkələri üçün zəruri olan neft məhsullarının yalnız cüzi hissəsinin təchizatçısına çevirirdi.7 Bakıda neft hasilatının azalması nəticəsində Rusiyanın neft ölkəsi kimi rolu zəifləmiş, ABŞ-ın mövqeyi isə artmışdır.
1914-cü ildə başlayan Birinci Dünya müharibəsi neft sənayesi üçün yeni sınaq oldu. Dəmir yolları müharibənin ehtiyacları üçün yükləndiyindən, Rusiyanın özündə texniki materialların qıtlığı, həmçinin xarici bazarların bağlanması səbəbindən Bakıya texniki materialların gətirilməsi xeyli çətinləşmişdi. Maliyyə vəsaitlərinin çatışmazlığı, neft məhsullarının ixracının dayandırılması, texniki materialların qiymətində artım və işçi qüvvəsinə sərf olunan xərclərin çoxalması əlavə çətinliklər yaradırdı. Yeni quyuların qazılması azalmış və ya tamamilə dayandırılmışdır ki, bu da gələcəkdə neft hasilatına daha ağır təsir göstərəcəkdi.
Statistik məlumatlardan görünür ki, 1913-cü ildən 1917-ci ilə qədər dörd əsas neftçıxarma rayonunda – Balaxanıda, Sabunçuda, Ramanada və Bibi-Heybətdə hasilat durmadan aşağı düşürdü (cüzi artım yalnız 1915-ci ildə müşahidə edilirdi). 1913-cü il ilə müqayisədə 1917-ci ildə hasilat 2 dəfəyədək azalmışdır.8
Neft sənayesində böhran ixracatın azalmasına da təsir göstərmişdir. Bunun nəticəsində Bakıda xeyli miqdarda satılmamış neft məhsulları yığılıb qalmışdır. Anbarlarda yığılan neft ehtiyatı 1913-cü ildəki 1,3 mln. tondan 1917-ci ildə 1,5 mln. tona qədər artmışdır.9 Həmin ehtiyatların böyük hissəsi 1918-ci ildə Bakı bolşevikləri tərəfindən Sovet Rusiyasına daşınırdı. Yüksək keyfiyyətli məhsullar sayılan və əsasən ixraca gedən ağ neftin, benzinin və sürtkü yağlarının ehtiyatları daha çox artmışdır. Daxili bazar isə əsasən neft qalıqlarını (xüsusilə mazutu) istehlak edirdi ki, müharibə illərində bu məhsulların istehsalı azalmamışdır. Beləliklə, neft ixracının kəskin aşağı düşməsi istehsal edilən məhsulun strukturunda da dəyişikliklərə gətirib çıxarmışdı. Xroniki yanacaq çatışmazlığı ilə üzləşən çar hökuməti neft ixracının genişləndirilməsinə ciddi maraq göstərmirdi. Bununla belə, ölkə daxilində yanacağa tələbat həddindən artıq çox olsa da, yerli bazar neft məhsullarının texniki baxımdan ən qiymətli hissəsinin ixrac olunduğu xarici bazarın itirilməsini kompensasiya etmək iqtidarında deyildi.
İxracatın azalması nəticəsində neft emalı zavodları mazut istehsalına daha çox üstünlük verməyə başladılar. Bakıdan Rusiyaya daha çox mazut daşınırdı: ümumi daşımada onun payı 1913-cü ildə 69,4 %-dən 1915-ci ildə 81,7 %-dək artmışdır. Digər neft məhsullarının payı isə əhəmiyyətli dərəcədə azalmışdır: ağ neft – 22,4 %-dən 14,7%-dək, sürtkü yağları – 5,1 %-dən 1,7 %-dək, benzin – 1 %-dən 0,3%-dək.10 1914-сü ilin oktyabrında Bakıdan neft məhsullarının əsasən ixrac olunduğu Bosfor və Dardanel boğazlarının Osmanlı hökuməti tərəfindən bağlanması isə həm Qərbi Avropa, həm də Yaxın Şərq bazarlarının tamamilə itirilməsi demək idi. ABŞ Bakı neft məhsullarının ixrac olunduğu ənənəvi bazarlarda hökmranlıq etməyə başladı.11
İxracatda yaranan çətinliklərə baxmayaraq, Bakı neftinin əsas istehlakçısı yenə də Rusiya bazarı idi. Statistik göstəricilərdən göründüyü kimi, şimal istiqamətində daşımalar ümumi daşımanın 80-90 %-ni təşkil edirdi.12 Rusiya bazarı Bakı neft sənayesi üçün həmişə xüsusi önəm kəsb etmiş və buna görə irəlidə bəhs olunduğu kimi, 1918-1920-ci illərdə həmin bazarın itirilməsi Bakıdakı vəziyyətə olduqca mənfi təsir göstərmişdir.
Beləliklə, neft sənayesinin XIX əsrin sonuncu rübündə başlanan coşğun yüksəlişi 1900-cü ildə böhranla əvəz olundu. Rusiya sənayesinin aparıcı sahələrindən biri iqtisadi və siyasi təlatümlər dövrünə qədəm qoydu. Bakı nefti dünya bazarlarında aparıcı mövqelərini itirdi. Neft mədənləri fəhlə tətillərinin və millətlərarası toqquşmaların meydanına çevrildi. Məhz bu göstəricilərlə Bakı neft sənayesi 1917-ci ilə daxil olurdu. Hasilatın və emalın azalması, texniki materialların çatışmazlığı, ixracatın dayanması, həmçinin bir sıra ictimai-siyasi amillər neft sənayesini fəlakət həddinə çatdırdı, sonrakı hadisələr isə bu faciəni qaçılmaz etdi.
II.
“RUSIYANIN TALEYI BAKIDAN GÖNDƏRILƏN NEFTIN HƏCMINDƏN ASILIDIR…”
Əgər XIX əsrin sonu-XX əsrin əvvəllərində neft uğrunda rəqabət aşkar iqtisasi xarakter daşıyırdısa, sonrakı dövrdə bu rəqabət siyasi müstəvidə də aparılmağa başladı. Neft uğrunda gedən mübarizə tədricən dünya münaqişələrinin tərkib hissəsinə çevrilir, neft məsələsi isə beynəlxalq münasibətlərdə, böyük dövlətlərin xarici siyasətində önəmli yer tuturdu.13
XX əsrin 20-ci illərində ABŞ müəllifi Pec Arnot yazırdı: “1914-1918-ci illərin hadisələri sübut etdi ki, neft hərbi təchizatın ən mühüm növüdür. Aeroplanları, sualtı qayıqları neftsiz təsəvvür etmək mümkün deyil, neftin hərbi və ticarət donanmasında və yerüstü nəqliyyatda istifadəsi haqqında isə danışmaq artıqdır. Neftin hərbi işdə əhəmiyyəti aydın olandan sonra böyük dövlətlərin hamısı özlərini neftlə lazımi qədər və fasiləsiz təmin etməyə tələsdilər. Bunun üçün hər dövlət qiymətli neft yataqlarına yiyələnmək naminə hətta müharibə riskinə gedib başqası ilə münaqişəyə girməyə hazır idi.”14
Birinci Dünya müharibəsi illərində Bakı dünyada çıxarılan neftin 15,7 %-ni verirdi.15 Bu amil vuruşan dövlətlərin diqqətini Bakı neftinə cəlb edirdi. Müharibədə iştirak edən ölkələr hərbi-strateji planlarını hazırlayarkən mövcud neft ehtiyatlarının öyrənilməsinə xüsusi diqqət verirdilər. Nəticədə məlum olmuşdur ki, Bakıda çox zəngin neft ehtiyatları var. Birinci Dünya müharibəsindən sonra ABŞ-ın Geologiya komitəsinin dərc etdirdiyi məlumata görə, dünya neft ehtiyatları aşağıdakı kimi bölünürdü: Cənubi Amerika ölkələri – 21,5 %, ABŞ – 16,3 %, Rusiya – 15,7 %, İran və İraq – 13,5 %, Çin və Yaponiya – 9,9 %, Hollandiya və Britaniya Hindistanı – 9,3 % və s.16
Göründüyü kimi, əsas neft rayonları müharibədə müttəfiq olan Rusiya, Böyük Britaniya, Fransa və ABŞ-ın əlində cəmləşmişdi və bu göstəriciyə görə onlar rəqiblərindən – Almaniya və onun müttəfiqlərindən xeyli üstün idilər. Birinci Dünya müharibəsi zamanı Rusiyaya qarşı vuruşan Almaniya düşməninin hərbi və iqtisadi cəhətdən zəiflədilməsi üçün Bakı neft mədənlərinin məhv edilməsinə xüsusi önəm verirdi. Bu məqsədlə mütəxəssislər ayrılmış və onlara xüsusi tapşırıqlar verilmişdi. Bakı neft mədənlərini, kommunikasiya vasitələrini məhv etməyi planlaşdıran almanların məqsədi bölgədə dağıdıcı fəaliyyət təşkil etmək, sabotaj yolu ilə körpü və dəmir yollarının istifadəsini çətinləşdirmək, Bakıdan Tiflisə, Batumiyə və Qara dənizə uzanan boru xəttini sıradan çıxarmaq idi.17
Müharibənin sonuna doğru Dördlər ittifaqına (Almaniya, Avstriya-Macarıstan, Osmanlı və Bolqarıstan) qarşı vuruşan Antanta ölkələri (Böyük Britaniya, Fransa, Rusiya) qələbəyə nail olmaq üçün ənənəvi neft bölgələrini nəzarət altında saxlamağa ciddi əhəmiyyət verirdilər. Böyük Britaniyanın Baş naziri Devid Lloyd-Corc deyirdi: “Əgər Mərkəz dövlətləri [Almaniya və müttəfiqləri – F.C.] müharibəni davam etdirmək üçün çox zəruri olan rus taxılının və neftinin zəngin ehtiyatlarını keçirə bilsəydilər, onda müharibə bir neçə ilə uzanardı. Biz başa düşürdük ki, Almaniya və Avstriya üçün bu həyati əhəmiyyət daşıyan məsələdir, Almaniyanın uğuru və ya məğlubiyyəti əslində bundan asılı idi və biz əmin idik ki, düşməni adıçəkilən ehtiyatlardan istifadə etmək imkanlarından məhrum etmək üçün bütün tədbirləri görmək lazımdır.”18
1917-сi ildə Rusiyada baş verən siyasi hadisələr Cənubi Qafqazda vəziyyəti köklü şəkildə dəyişdirdi. İmperiyanın süqutu, 1917-ci ilin oktyabrında baş vermiş bolşevik çevrilişi faktiki olaraq Rusiyanı Bakı neftinin mütləq sahibi statusundan məhrum etdi. Belə bir şəraitdə həm Antanta, həm də Dördlər İttifaqı ölkələri Bakının “qara qızıl”ını ələ keçirmək uğrunda açıq mübarizəyə başladılar. Lakin Rusiyada hakimiyyətə gələn bolşeviklər də bu sərvəti əldən buraxmaq niyyətində deyil idilər. Sovetlərin Bakıdakı maraqları bir sıra amillərlə bağlı idi. Cənubi Qafqazın digər hissəsi Petroqraddakı oktyabr çevrilişini tanımadığı halda Bakı bir növ qırmız inqilabın “adası”, sovet hakimiyyətinin regionda yeganə strateji istinadgahı rolunu oynayırdı. Sovet Rusiyasının Bakıda əsas dayağı Stepan Şaumyan başda olmaqla yerli bolşeviklər idi. Onlar 1917-ci ilin noyabrında şəhərdə real hakimiyyətin Bakı Fəhlə, Əsgər və Matros Deputatları Sovetinin əlinə keçməsinə və bu qurumda öz nüfuzlarının möhkəmlənməsinə nail oldular. Bolşeviklər Tiflisdə fəaliyyət göstərən və Azərbaycan, gürcü, erməni nümayəndələrinin təmsil olunduğu Zaqafqaziya Seyminin Sovet Rusiyasını tanımamaq mövqeyindən ciddi narahat idilər. Bakı Sovetinin 1918-ci il martın 3-də qəbul etdiyi qətnamədə seymin Cənubi Qafqazın Rusiyadan ayrılması haqqında bəyanatına etiraz bildirilmiş və bu qərar bölgədə “türk hökmranlığının” bərqərar edilməsi yolunda atılan “ilk və qətiyyətli addım” kimi qiymətləndirilmişdi.19
Bütün bunlarla yanaşı, Rusiyanın yeni hökumətinin Bakıdakı maraqları neft amili ilə əhəmiyyətli dərəcədə bağlı idi. Qeyd etmək lazımdır ki, bu zaman bütün başqa bölgələr bolşeviklərin nəzarətindən kənarda qaldığından Bakı Sovet Rusiyasının yeganə yanacaq bazası idi. Digər tərəfdən, bolşeviklər Bakı neftinə özlərinin bir çox daxili və xarici siyasi planlarının həyata keçirilməsində mühüm vasitə kimi baxırdılar.
Bolşeviklərin Bakıda hökmranlıq dövrü neft sənayesi üçün əsl fəlakətlə nəticələnmişdir. Sovetlərin bu sahədə həyata keçirdiyi bütün tədbirlər göstərdi ki, siyasi maraqlar iqtisadi qanunlardan üstün tutulurdu. Neft sənayesi hər zaman öz strukturunun mürəkkəbliyi ilə seçilir, problemlərə dəqiq, düşünülmüş yanaşma, özünəməxsus xüsusiyyətlərin nəzərə alınmasını tələb edirdi. Bolşeviklərin siyasətində bunların heç biri yox idi. Yeni hökumətin iqtisadiyyatda özəl sektorun ləğvinə, sənayenin milliləşdirilməsinə yönəlmiş tədbirləri Bakıda eyniliklə təkrarlanırdı.
Burada haşiyə çıxaraq, iri sənayenin milliləşdirilməsi məsələsinin nəzəri aspektləri üzərində qısaca dayanmaq məqsədəuyğun olardı. İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi ideyası XX əsrin birinci yarısında bir çox ölkələrin iqtisadi fikir tarixində mərkəzi yeri tuturdu. Sərbəst bazar iqtisadiyyatının sürətli inkişafı bəzi sahələrin öz miqyasına görə özəl mülkiyyət çərçivələrini aşması ilə nəticələndi, bu isə bir sıra ölkələrdə iqtisadi, siyasi (hərbi-strateji) məqsədlər naminə dəmir yollarının, rabitənin milliləşdirilməsinə gətirib çıxardı. İlk növbədə hərbi sənaye sahələri, həmçinin uzunmüddətli iri kapital qoyuluşu tələb edən sahələr (o cümlədən, yanacaq-energetika sektoru) milliləşdirilirdi. Bir qayda olaraq, müəssisələrin keçmiş sahiblərinə böyük həcmdə, bəzən milliləşdirilmiş mülkiyyətin dəyərindən xeyli artıq kompensasiya ödənilirdi.
Rusiyanın özündə milliləşdirmə məsələsinə iki baxış mövcud idi. Sağ yönümlü siyasətçilər və iqtisadçılar dövlətin sənayenin strateji sahələri (o cümlədən, neft sənayesi), istehsal prosesi və qiymətlər üzərində birbaşa nəzarətinin tətbiq olunmasını, gələcəkdə isə texniki imkanlar yarandıqca ticarətin və hətta ayrı-ayrı malların istehsalının dövlət inhisarına götürülməsini təklif edirdilər. Onlar bu tədbirlərə sahibkarlar tərəfindən əsassız qiymət artımlarına (1900-1903-cü illər böhranı zamanı neft məhsullarının qiymətlərinin artımı kimi) qarşı effektiv mübarizə vasitəsi kimi baxırdılar.
Neft sənayesində dövlətin rolunun artırılması tərəfdarlarının digər qrupu – bolşeviklər isə hesab edirdilər ki, xarici inhisarların fəaliyyəti ölkəni iqtisadi asılılığa gətirib çıxarır və geniş xalq kütlələrinin maraqlarına cavab vermir. Bakıda 1903-1905-ci illərdə fəhlə tətilləri zamanı bu qrupun tərəfdarlarının sayı artmışdır. Həmin tətillər vaxtı müəssisələrdə fəhlə nəzarətinin tətbiqi, həmçinin fəhlələrin neft sənayesinin idarə olunmasında iştirakı haqqında tələblər irəli sürən həmkarlar ittiffaqları 1904-cü ilin dekabrında Rusiya tarixində ilk müştərək müqavilənin imzalanmasına nail oldular.
Neft sənayesinin dövlət inhisarına alınması tərəfdarlarının hər iki qrupunun proqramlarına nəzər saldıqda onlar arasında prinsipial fərqlər diqqəti çəkir. Əgər sağçılar dövlətin iqtisadiyyata müdaxiləsinin zəruriliyini əsaslandıraraq bunun kapitalizm sisteminin təkmilləşdirilməsinə xidmət edəcəyini düşünürdülərsə, bolşeviklər dövlətin iqtisadi fəaliyyətini sosializmə aparan tədbir kimi dəyərləndirirdilər. Buna görə də Bakıda neft sənayesinin milliləşdirilməsi haqqında danışarkən onu bolşevik interpretasiyasında başa düşmək lazımdır. Sovet Rusiyasının rəhbəri Vladimir Lenin bu siyasətin vacibliyini belə izah edirdi: “Neft sənayesinin dərhal milliləşdirilməsi mümkündür və xüsusən inqilabi-demokratik dövlət üçün böyük bir böhran keçirdiyi, xalq əməyinə necə olursa-olsun qənaət etmək və yanacaq istehsalını artırmaq lazım gəldiyi bir zamanda həmin dövlət üçün məcburidir… Ciddi bir iş görmək üçün bürokratiyadan demokratiyaya keçmək, həm də həqiqətən inqilabi yolla keçmək, yəni neft krallarına və səhmdarlarına müharibə elan etmək lazımdır, neft işinin milliləşdirilməsini ləngitməyə, gəlirləri və ya hesabatı gizlətməyə, istehsala qarşı sabotajçılıq, istehsalı yüksəltmək üçün tədbir görməməyə görə onların əmlakının müsadirə ediləcəyi və onlara həbs cəzası veriləcəyi haqqında dekret vermək lazımdır…”20
Milliləşdirmənin gedişinə baxanda görürük ki, Bakı bolşevikləri məhz V.Leninin bəyan etdiyi “dərhal”, “inqilabi yolla”, “müharibə elan etmək”, “müsadirə”, “həbs” prinsiplərini rəhbər tuturdular. Bu üsullarla aparılan siyasət neft sənayesində daha böyük çətinliklər yaradırdı. Təbii ki, bolşeviklərin milliləşdirmənin fəhlə özünüidarəçiliyinə, demokratiyaya aparan yol olduğu barədə dedikləri deklarativ xarakter daşıyırdı. Bakı neft sənayesi üzərində dövlət inhisarının tətbiqi zərurəti iki səbəblə izah olunurdu: 1) iqtisadi böhran, vətəndaş müharibəsi və xarici müdaxilə dövrünü yaşayan Rusiyanı neftlə təmin etmək; 2) bolşeviklərə loyal olmayan burjuaziyanı neft sənayesi üzərindəki hökmranlıqdan məhrum etmək, onun nüfuzuna zərbə vurmaq.
Neft sənayesinin milliləşdirilməsi haqqında məsələ hələ 1917-ci ilin payızında, ölkədə yanacaq böhranı kəskinləşdiyi vaxtda Rusiya bolşeviklər partiyası Bakı komitəsinin təşəbbüsü ilə irəli sürülmüşdür.21 Müəssisələrdə fəhlə nəzarətinin tətbiqi milliləşdirməyə doğru ilk addım olmalı idi. 1917-ci il noyabrın 15-də RSFSR Xalq Komissarları Soveti fəhlə nəzarəti haqqında dekret qəbul etdi. Dekabrın 11-də Bakı Sovetinin iclasında neft sənayesinin milliləşdirilməsi haqqında məsələ müzakirə olunarkən bolşevik liderlərindən biri Prokofiy Caparidze məsələ ilə bağlı demişdir: “…mədənləri öz nəzarətimiz altına almaq məsələsi istənilən halda qarşımızda dayanacaq və hal-hazırda müştərək müqavilələrin həyata keçirilməsi ilə əlaqədar bu məsələni həll etmək lazımdır.”22 İclasda fəhlə nəzarəti orqanlarının yaradılması, həmçinin neft sənayesinin milliləşdirilməsi məsələsinin təxirə salınmadan Sovet Rusiyasının hökuməti qarşısında qaldırılması haqqında qərar təsdiq olunmuşdur.23 Göründüyü kimi, Bakı bolşevikləri milliləşdirmənin tezliklə həyata keçirilməsini arzulasalar da, son qərarın Rusiyadan gəlməsini gözləyirdilər. Bu, yerli sovet hakimiyyətinin kimə arxalandığını bir daha sübut edir.
1917-ci ilin sonundan 1918-ci ilin martınadək Bakının bütün müəssisələrində fəhlə nəzarəti tətbiq olundu.24 Fəhlə komitələrinə müəssisə administrasiyalarının sərəncamverici və təsərrüfat fəaliyyətinə, fəhlələrin işə qəbulu və işdən azad olunması prosesinə, müəssisələrin xammal, yanacaq, pul vəsaitləri və s. ilə təminatı məsələlərinə qarışmaq ixtiyarı verilirdi. Müəssisələrdə kommersiya sirri ləğv olunurdu. Belə geniş səlahiyyətləri öz üzərinə götürən fəhlə nəzarəti orqanları əslində onları həyata keçirmək iqtidarında deyildilər. “Neftyanoye delo” qəzetində fabrik-zavod komitələrinin müəssisələrdəki rolu haqqında deyilirdi: “Komitələr yerli xarakter daşıdıqları üçün onlar, əlbəttə ki, öz müəssisələrinin şəraitinə və ehtiyaclarına, fəhlələrin maraqlarına bələddirlər… Bu komitə mütləq öz zavodunun istehsalının güclənməsinə, xammalın və yanacağın daha artıq miqdarda alınmasına, məhsulların qiymətinin artırılması hesabına belə əməkhaqqlarının yüksəldilməsinə çalışacaq. Dövlət və ya ictimai maraqlar naminə vacib olan əks fikirlər, məsələn, istehsalın azaldılması, digər müəssisənin xeyrinə yanacaqdan və xammaldan imtina olunması yerli komitə tərəfindən həmişə böyük çətinliklə qarşılanacaq və çətinliklə həyata keçiriləcək…”25
Fəhlə nəzarətinin tətbiqindən sonra müəssisələrin idarə olunması hüququ uğrunda fəhlələrlə sahibkarlar arasında kəskin mübarizə başladı. Birincilər fəhlə nəzarətini fəhlə idarəçiliyi kimi qələmə verirdilərsə, sahibkarlar bunu ənənəvi təsərrüfat fəaliyyətinin əsaslarını sarsıdan addım kimi dəyərləndirirdilər. Neft sənayeçiləri fəhlə nəzarətini sabotaj edir, qazma işlərini azaldırdılar. Bununla da hasilat aşağı düşür, neftin daşınması dayanırdı.
Bakıda fəhlə nəzarətinin tətbiqi metodları haqqında bolşevik liderlərindən biri Saak Ter-Qabrielyan belə yazırdı: “İşlər müdirinin rolunu hər vəchlə məhdudlaşdırmağa çalışır, onları çox vaxt quyuların içinə salır, çörək və su verirdilər… Fəhlələr arasında böyük hərəkət müşahidə edilirdi, fəhlələrin çoxu işdən azad olunmuşdu. Onda biz müştərək müqavilələri həyata keçirdik və həmin müqavilələrlə müəyyən vəziyyəti dekretləşdirdik. Bu 1917-ci ilin oktyabrında və ya noyabrında idi. Həmin məqamda biz “milliləşdirmə” şüarını irəli sürə bilməzdik. Bunun əvəzində “məcburi trestləşdirmə” şüarı irəli sürülmüşdür…”26 Göründüyü kimi, bolşevik hökuməti neft sənayesinin dərhal dövlət nəzarətinə götürülməsi tezisindən hələlik imtina etməyə məcbur oldu. Bolşeviklərin siyasətindəki dəyişikliyin səbəbi bu idi ki, xarici firmaların mülkiyyətinin milliləşdirilməsi hələ də möhkəm dayağı olmayan sovet hakimiyyətinin mürəkkəb durumunu daha da çətinləşdirə bilərdi. Milliləşdirmə ilk növbədə Rusiyanın neft sənayesində maraqları olan İngiltərəyə və Fransaya münasibətdə düşmənçilik addımı kimi dəyərləndiriləcəkdi. 1918-ci il yanvarın 28-də xarici borcların ləğv edilməsi haqqında bolşevik dekretinə Qərb dövlətlərinin reaksiyası bu narahatlığın əsassız olmadığını təsdiqlədi. Xarici dövlətlərin diplomatik nümayəndələrinin notasında bildirilirdi ki, onlar bu cür dekretləri qəbul etmir və təmsil olunduqları hökumətlər öz təbəələrinə dəyən zərərin ödənilməsini tələb etmək hüququnu özlərində saxlayırlar.27
Bu zaman isə Bakıdan kənarda siyasi vəziyyət sürətlə dəyişirdi. Rusiyadan ayrılan Cənubi Qafqazda xarici dövlətlərin, ilk növbədə, Almaniyanın və Osmanlı dövlətinin fəallığı artırdı. Hər iki dövlət regionda özünə dayaq yaratmağa, həmçinin Bakının neft yataqlarını ələ keçirməyə çalışırdı. Qafqaz cəbhəsində Rusiya ilə müharibə aparan Osmanlı dövləti buna daha çox can atırdı. Osmanlıların Cənubi Qafqaz hökuməti ilə münasibətləri də mürəkkəb idi. Bölgədə strateji məntəqələri tutmaq niyyətində olan türklər Zaqafqaziya Seyminə güclü təzyiq göstərirdilər. Bəzi hallarda vəziyyət kəskin xarakter alır və hərbi münaqişə ilə nəticələnirdi. Həmin dövrdə Osmanlı dövləti Bakını antiazərbaycan bolşevik rejimindən xilas etmək işində Azərbaycan milli qüvvələrinin arxalana biləcəyi yeganə ölkə idi. Buna görə Rusiya Bakı kimi mühüm yanacaq bazasının, həmçinin özünün Cənubi Qafqazda yeganə bolşevik forpostunun itirilməsindən ciddi narahatlıq keçirirdi. RSFSR-in millətlər məsələləri üzrə xalq komissarı İosif Stalinin 1918-ci il martın 19-da Bakı Sovetinin sədri S.Şaumyana və P.Caparidzeyə göndərdiyi məktubda deyilirdi: “Bakı – bütün Cənub üçün mühüm olan bu məntəqə hər tərəfdən mühasirəyə alınıb… Bir şey şübhəsizdir: Bakını hərbi və maliyyə cəhətdən möhkəmləndirmək lazımdır… Sizə iki tərəfdən – Daşkənd tərəfdən və Şimaldan kömək gəlir.”28
Cənubi Qafqaz uğrunda beynəlxalq mübarizənin kəskinləşdiyi bir vaxtda Bakının özündə ciddi hadisələr baş verdi. Erməni daşnakları ilə ittifaqa girən bolşeviklər 1918-ci ilin martında Azərbaycan xalqına qarşı soyqırımı törətdilər. On minlərlə azərbaycanlını qətlə yetirən bolşeviklər məqsədlərinə nail oldular və Bakıda tam hakimiyyətə yiyələndilər. 1918-ci il aprelin 25-də yaradılan Bakı Xalq Komissarları Sovetinin (XKS) əsas məqsədlərindən biri neftin Rusiyaya daşınması idi. Bolşevik mətbuatı bu barədə yazırdı: “Rusiyanın taleyi Bakıdan göndərilən neftin həcmindən asılıdır. Bizim yanacağımız, mazutumuz, sürtkü yağlarımız olmasa, Moskva və Novokuznetsk fabriklərini, Piter və Volqaboyu zavodlarını işə salmaq, kəndləri çit, mismar və kənd təsərrüfatı alətləri ilə təchiz etmək mümkün deyil… Bizim inqilabi Qırmızı Ordumuzu respublikanın müdafiəsi naminə vaxtında və lazımi sürətlə hərəkətə gətirmək mümkün deyil.”29