Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Hədəf – Bakı: “Qara qızıl” Uğrunda Mübarizə. 1917-1922», sayfa 2

Yazı tipi:

Bakıda hakimiyyətə gələn bolşeviklərin digər məqsədi neft sənayesini milliləşdirilmək idi. Bakı Xalq Komissarları Sovetinin sədri S.Şaumyan bu barədə hələ aprelin 13-də V.Leninə yazırdı: “Bakıda qazandığımız qələbədən sonra Sovet tam möhkəmlənmişdir və bizim ciddi tədbirləri həyata keçirmək üçün imkanlarımız var. Çoxdan qərarlaşdırılan neft sənayesinin milliləşdirilməsini həyata keçirmək niyyətindəyik. Nefti bizim nümayəndəmiz Saak Ter-Qabrielyanla (Stalin onu tanıyır) artıq Həştərxana göndərmişik. O, Həştərxanda yaşayacaq. Sovetə ünvanladığınız tələbnamələrlə ona müraciət edin.”30

S.Şaumyanın məktubundakı nikbinlik tam anlaşılandır – mart soyqırımına qədər bolşeviklərin neft sənayesini sahibkarların nəzarətindən çıxarmağa və nefti sərbəst şəkildə şimala daşımağa gücləri və imkanları yox idi. Bunu təsdiq edən faktlardan birini misal gətirək. 1918-ci il martın 17-də yanacaq üzrə Qafqaz rayon müvəkkili D.Şamoninin imzaladığı sərəncama əsasən, onun icazəsi olmadan Bakıdan dəniz və dəmir yolu vasitəsilə neftin və neft məhsullarının daşınması qadağan edilirdi.31 1918-ci il mart soyqırımından sonra isə vəziyyət tamamilə fərqli idi. Hakimiyyəti qəsb edən Bakı XKS-i bütün, o cümlədən, repressiv tədbirlərdən istifadə edərək, neft sənayesini tam nəzarətə almışdır və artıq milliləşdirməni həyata keçirə bilərdi. 1918-ci ilin aprelində Bakıdan Həştərxana neftlə dolu ilk gəmilər, Port-Petrovska (indiki Mahaçqala) mazutla dolu paroxodlar yola salındı.32 Bakı nefti Rusiyaya hava kimi lazım idi. Buna görə Sovetlər onun daşınması üçün hər şey edirdilər. 1918-ci il mayın 22-də RSFSR XKS-i V.Leninin imzası ilə Bakıdan neftin daşınması və fəhlələrə əməkhaqqının ödənilməsi üçün 100 mln. rublun ayrılması haqqında qərar çıxarmışdır.33 Lakin həmin pullar heç də daşınan neftin əvəzini yox, nəqliyyat xərclərini ödəmək üçün ayrılırdı. Neft isə Rusiyaya tamamilə pulsuz göndərilirdi. Vəziyyətin ən faciəli tərəfi bundan ibarət idi ki, bolşeviklər daşıdıqları neftin əvəzinə Bakıya sonradan Azərbaycan xalqına qarşı çevrilən silah göndərirdilər və həmin silah sonradan Azərbaycan xalqına qarşı çevrilirdi. Mərkəzi hökumətin Bakı Xalq Təsərrüfatı Şurasında nümayəndəsi Zinovi Dosserin teleqramında bu barədə deyilirdi: “Saratov neft məhsullarına kəskin ehtiyac duyur. 100 min neft, 100 min ağ neft, 50 min yağ, 50 min mazut [pudla. 1 pud 16,38 kq-a bərabərdir – F.C.] xahiş edir. Xalq Komissarları Soveti göndərilən silahın əvəzi olaraq bu xahişi dəstəkləyir.”34

Moskvadan gələn telefonoqramlarda xəbər verilirdi ki, “ilk növbədə daha çox neftin daşınmasını təmin etmək məqsədilə” Bakıya 1638 ton çörək göndərilir.35 İyunun 5-də RSFSR XKS-i neft sənayesinin vəziyyətini yaxşılaşdırmaq məqsədilə Bakıya 50 mln. rublun ayrılması haqqında qərar qəbul etdi. Qərarla bağlı V.Leninin yazdığı qeyddə deyilirdi: “Vəsaitin xərclənməsi Şaumyana həvalə edilsin və ona neft məsələsini diqqətdə saxlamaq tapşırılsın.”36 Bakıdan neftin daşınması işinə S.Şaumyanın yuxarıda adı çəkilən məktubunda xatırlanan S.Ter-Qabrielyan rəhbərlik etməli idi (o, Bakı XKS-də Fövqəladə Komissiyanın sədri vəzifəsini tuturdu). Bakı Sovetinin İcraiyyə Komitəsinin S.Ter-Qabrielyana verdiyi vəsiqədə ona nefti və neft məhsullarını yerli və mərkəzi sovet hakimiyyəti vasitəsilə paylaşdırmaq və satmaq, satışdan əldə olunan vəsaiti qəbul etmək həvalə olunurdu.37 O, həm də Bakı Sovetinin üzvü kimi RSFSR Baş Neft Komitəsinin (BNK) tərkibinə daxil idi. S.Ter-Qabrielyan daha bir missiyanı, xoşbəxtlikdən baş tutmayan bir işi icra etməli idi. İrəlidə ətraflı bəhs olunacağı kimi, V.Lenin 1918-ci ilin yayında Bakı neft mədənlərinin yandırılmasını məhz ona həvalə etmişdir.

Bakı XKS-i neft sənayesini özünə tabe etmək üçün bütün vasitələrdən istifadə edirdi. Məsələn, 50 mindən artıq fəhlə və qulluqçunun əməkhaqqlarını ödəmək, neftin hasilatı və daşınması üçün vəsait əldə etmək məqsədilə XKS 1918-ci ilin aprelində neft sənayeçiləri üzərinə 50 mln. rubl təzminat qoydu. Sahibkarların imtina cavabından sonra bolşeviklər onları saxlamış və 24 saat ərzində tələb olunan vəsaiti ödəmədikləri təqdirdə altı aylıq həbs cəzası ilə hədələmişlər.38 S.Şaumyanın oğlu Surenin yazdığına görə, XKS-in iclasında bolşevik liderlərindən biri Anastas Mikoyanın adına altı mandat yazılmışdı və həmin mandatlara uyğun olaraq bəzi firmaların işlər müdirləri və sahibləri həbs edilmədi idi. Həbsdən bir gün sonra onlar tələb olunan vəsaiti ödəmişlər.39 A.Mikoyanın özü həmin hadisəni xatırlayaraq yazırdı ki, o, mandata uyğun olaraq, Nobel şirkətinin direktoru A.Lessneri, həmçinin S.Tagianosovu, Qukasovu həbs etməli idi. A.Mikoyan əsgərlərlə birgə A.Lessnerin yaşadığı evə gələrək, adi qaydada otağa girmək əvəzinə A.Lessneri qorxutmaq üçün əlindəki tapançanı azacıq açıq olan qapıdan içəri saldı, sonra isə özü daxil oldu. A.Mikoyanın sözlərinə görə, yük maşınının arxasında otuzdurulan Lessnerin yol boyu “əməlli başlı silkələnməsi” onlara “ləzzət eləmişdi.”40

Neft sənayeçilərinə qarşı növbəti inzibati təzyiq Bakı XTŞ-in qərarı ilə baş vermişdir. Qərarla iri neft firmalarına – Xəzər-Qara Dəniz Cəmiyyəti, Nobel qardaşları, S.Şibayev, S.Lianozov, A.Mantaşev firmalarına tapşırılırdı ki, onlar saziş bağlayıb özlərinin neftayırma zavodları üçün 24571 ton neft satın alsınlar. Firmalar bu nefti vahid qiymətə almalı, qərarın dərc olunmasından sonra 5 gün ərzində onu öz anbarlarına doldurmalı idilər. İmtina edildiyi təqdirdə sahibkarlar 300 min rubl həcmində cərimə olunacaqdılar.41 Təbiidir ki, bu qərarla sovet hökuməti hasilatı artırmaq və minlərlə ton neftin satışından nəğd vəsait əldə etmək məqsədini daşıyırdı. Lakin bolşeviklər nəzərə almırdılar ki, anbarlar onsuz da neftlə doludur və məhz buna görə sahibkarlar nefti almaqdan imtina edirdilər.

1918-ci il mayın 1-də Bakı XKS-i bəyannamə ilə çıxış edərək, ümumrusiya mərkəzi hökuməti ilə sıx əlaqədə olacağını elan etmiş,42 beləliklə, özünü RSFSR hökumətinin yerli orqanı olduğunu hüquqi cəhətdən rəsmiləşdirmişdir. Bu bəyannamədən bəlli olurdu ki, XKS-in bütün fəaliyyəti Rusiya maraqlarına uyğun həyata keçiriləcək. Rusiyanın, daha doğrusu, bolşeviklərin maraqları isə yanacaqla fasiləsiz təminatı tələb edirdi, çünki ölkə vətəndaş müharibəsi və xarici müdaxilə şəraitində idi. Neftsiz cəbhələrdə qələbəni təmin etmək qeyri-mümkün idi. Azərbaycan tarixçisi Nigar Maksvellin qeyd etdiyi kimi, Rusiya bolşeviklərini neftin hansı çətinliklər bahasına daşınacağı maraqlandırmırdı, bundan başqa, onlar neft mədənlərinin əslində kimə məxsus olması məsələsini də müzakirə etmirdilər.43

Bakı neft sənayesindəki acınacaqlı durum isə davam edirdi: mədənlər işləmir, fəhlələrin maddi vəziyyəti, ərzaq təminatı pisləşir, iqtisadi və siyasi hərc-mərclik sənayeni iflic etmişdi. Mövcud vəziyyət Rusiyanın Bakıdan neft daşınması planlarına mənfi təsir göstərirdi. Buna görə V.Lenin hökuməti neft işini böhrandan xilas etmək üçün təcili tədbirlər görürdü. Bununla belə, yaddan çıxarmaq olmaz ki, atılan addımların hamısı Azərbaycana, neft sənayesinə görə yox, Rusiyanın öz maraqları naminə həyata keçirilirdi. Rusiyanın neft sənayesini idarə edən Ali Xalq Təsərrüfatı Şurası (AXTŞ) yanında Yanacaq şöbəsi (1918-ci il mayın 17-də Baş Neft Komitəsi adlandırıldı) Bakıya göndərdiyi teleqramda neft sənayesinin inkişaf etdirilməsi üçün aşağıdakı tədbirləri müəyyənləşdirdi: 1) işləməyən mədənləri dərhal bərpa etmək, məhsuldarlığı az olduğu üçün fəaliyyəti dayandırılan bütün quyuları işə salmaq; 2) qazma, dərinləşdirmə, təmir məqsədilə dayandırılan mədənləri işə salmaq; 3) neft və neft məhsullarının mövcud ehtiyatlarını təxirə salmadan Rusiyaya göndərmək; 4) fəhlələrlə hesablaşmaları nəzarət orqanlarının yoxladığı tabellər əsasında firmaların aparatı vasitəsilə aparmaq; 5) ayrı-ayrı firmaların ixtiyarında olan bütün materiallardan istifadə etmək.44

Bakıda hakimiyyəti ələ keçirəndən sonra bolşeviklər milliləşdirmə siyasətinə başlamağı qərarlaşdırdılar. Onlar, eyni zamanda, bu məsələdə tələskənliyə yol verməməyə çalışırdılar. Bakı XTŞ Rəyasət heyətinin bəyannaməsində bildirilirdi ki, “…neft sənayesinin milliləşdirilməsi haqqında dekreti dərhal qəbul etmək qeyri-mümkündür, çünki indiyədək müvafiq hazırlıq, təşkilati işlər aparılmamışdır.”45 Rəyasət heyəti əvvəlcə neft müəssisələrinin trestləşdirilməsi planını hazırlamağı, qazma, hasilat, emal, saxlama, nəqletmə sahəsində texniki təkmilləşdirmə işlərini aparmağı zəruri sayırdı. İ.Fioletov bu fikri hələ 1918-ci ilin martında bildirmişdir. Bakı bolşeviklərinin konfransında çıxış edərkən o, demişdir ki, hal-hazırda neft sənayesini qoruyub saxlamaq vacibdir, onu qaydaya salmaq lazımdır və milliləşdirmə ilə tələsmək olmaz.46 Moskvada da bu cür fikirləşirdilər. V.Lenin milliləşdirmənin “mütləq və dərhal” həyata keçirilməsi haqqında əvvəlki tezisindən imtina edərək, bu siyasətin gerçəkləşməsi üçün vaxtın hələ yetişmədiyi fikrində olanların tərəfini tutdu. Ümumi mövqe bundan ibarət idi ki, milliləşdirmə “nəinki neft sənayesinin bərpasına gətirib çıxarmayacaq, əksinə, onu daha böyük dağınıqlığa düçar edəcək.”47

Ciddi iqtisadi çətinliklərlə, ölkəni fasiləsiz olaraq yanacaqla təmin etmək zərurəti ilə üzləşən bolşevik rəhbərliyi neft sənayesinin bərpasına xarici kapitalı cəlb etməyə çalışırdı. Almaniya ilə iqtisadi münasibətlərin qurulması haqqında tezislərdə (15 may 1918-ci il) deyilirdi ki, Rusiya öz gücü hesabına təsərrüfatını tez bir zamanda bərpa etmək iqtidarında olmadığı üçün onun “Mərkəz dövlətləri ilə yenidən iqtisadi münasibətlər qurmağa nəinki hüququ çatır, hətta buna borcludur.”48 Eyni fikir ABŞ ilə əlaqələrin inkişafı planında (12 may 1918-ci il), Ümumrusiya xalq təsərrüfatı şuralarının qurultayında (26 may 1918-ci il) qəbul olunmuş beynəlxalq əməkdaşlıq proqramında da irəli sürülmüşdür. Bir sözlə, bolşeviklər Qərb dövlətləri ilə iqtisadi əlaqələrin bərpasına və bu məqsədlə hətta təsərrüfatın bəzi sahələrində, ilk növbədə, neft sənayesində xaricilərə konsessiyaların verilməsinə hazır idilər.

Moskvada irəli sürülən və siyasi rəhbərliyin ən yuxarı səviyyəsində razılıqla qarşılanan bu fikirlərə rəğmən Bakıda neft müəssisələrinin (o cümlədən, xarici kapitala məxsus) milliləşdirilməsi məsələsini qəti həll olunmuş hesab edirdilər. Bakı XKS-i neft sənayesinin, dəniz nəqliyyatının və digər sahələrin milliləşdirilməsini özünün başlıca vəzifəsi kimi müəyyənləşdirmişdir. Rusiya mərkəzi hökuməti ilə fikir ayrılıqlarını çözmək və milliləşdirmənin zəruriliyini əsaslandrmaq məqsədilə Bakı XKS-i S.Ter-Qabrielyanı Moskvaya göndərməyi qərara aldı. 1918-ci il aprelin 28-də hələ Həştərxanda olarkən o, Bakıya – S.Şaumyana yazırdı: “…Neft məsələsinə gəldikdə isə sənə deməliyəm ki, burada olduqca şübhəli şeylər baş verir. Xalq Komissarları Sovetindəki Qukovski [RSFSR xalq maliyyə komissarı – F.C.] cənab neftçilərə həm hasilatda və qazmada, həm də neftin paylaşdırılmasında və satışında tam sərbəstlik vermək fikrinə düşüb. Dünən Nobelin buradakı işlər müdiri Nobelin idarə heyətindən teleqram alıb. Teleqramda deyilirdi ki, Qukovski ilə əldə edilən razılığa görə, bütün nəzarətedici və paylaşdırıcı təşkilatlar ləğv olunmalıdır, buna görə də nefti yalnız firmaların idarə heyətlərinin göstərişi ilə göndərmək lazımdır.”49 Göründüyü kimi, hökumətin neft sənayeçilərinə etdiyi güzəştlər olduqca əhəmiyyətli və ən başlıcası, zəruri idi. Lakin radikal addımların tərəfdarı olan S.Ter-Qabrielyan dərhal burada hansısa gizli sövdələşmənin baş verdiyi qənaətinə gəldi: “Açıq-aşkar danışırlar ki, Leninin və başqalarının bu məsələdən xəbərsiz olmasından istifadə edən Qukovski iri neft sənayeçilərinin siyasətini həyata keçirir.”50

Sonralar S.Ter-Qabrielyan V.Lenini milliləşdirmənin vacibliyinə necə inandırdığını belə xatırlayırdı: “Mən, bizdə ümumiyyətlə nələrin baş verdiyi haqqında danışırdım, üç saat ərzində danışırdım. O, mənə sual verir: bəs nə etmək fikrindəsiniz? Mən deyirəm ki, neft sənayesinin milliləşdirilməsini elan etmək lazımdır. Deyir: “Sağ olun, milliləşdirməyimiz yetər. Bəs bizdə kim işləyəcək?” …Bakı fəhlələri. “Bəs kim idarə edəcək?”… Bakı mühəndislər ittifaqı. “Xeyr, bu olmaz.”… Milliləşdirmə məsələsini həll etmədən geri qayıda bilmirəm… V.İ.Lenin AXTŞ-in sədri A.İ.Rıkova məktub göndərdi – “əhval-ruhiyyəyə baxın.” Aleksey İvanoviçin yanına getdim. Deyir: “Yox, edə bilmərik, bu, neft sənayesinin məhvi deməkdir…”51 Göründüyü kimi, Bakı XKS-i milliləşdirmə işini tələsdirirdi, Moskva isə bu tədbirin təxirə salınmasına tərəfdar idi.

Sovet Rusiyasının lideri V.Leninin mötədil mövqeyi bəzi əsərlərdə onun Bakı bolşeviklərinin apardığı dağıdıcı milliləşdirmə siyasətinə hələ 1918-ci ilin yazından tərəfdar olduğu haqqında müddəanı təkzib edir. Məsələn, A.Mikoyan öz xatirələrində bu məsələyə toxunaraq yazırdı: “Şaumyan bir neçə dəfə bu məsələ [milliləşdirmə məsələsi – F.C.] barədə Leninlə məsləhətləşmişdir. Lenin Şaumyanın təxirəsalınmaz [kursiv mənimdir – F.C.] milliləşdirmə haqqında qərarını dəstəkləyirdi.”52 Lakin hadisələr heç də A.Mikoyanın təsvir etdiyi kimi deyil idi. İrəlidə göstərildiyi kimi, V.Lenin S.Şaumyanın Moskvanın razılığını almadan milliləşdirməyə başlaması haqqında xəbəri eşidəndə buna çox təəccüblənmişdir.

Bakıda iqtisadi vəziyyət isə gündən-günə kəskinləşirdi. Xəzinəni doldurmaq üçün neft sənayeçilərinin müvəqqəti həbsləri yerli hökumət qarşısında duran maliyyə problemlərini həll etmədi. Şəhərdə ağır ərzaq böhranı başladı. 1918-ci il mayın 10-da keçirilən mitinqdə qəbul olunan qətnamədə fəhlələr bəyan etmişlər ki, əgər bir həftə ərzində şəhərə çörək gətirilməzsə, hökumət Sovetə yeni seçkilər təyin etməli və neftçilərin Bakıdan sərbəst çıxışına icazə verməlidir. İki gün sonra Bakı XTŞ-i sahibkarları günahlandıraraq, neft sənayesinin milliləşdirilməsini özünün “birbaşa vəzifəsi” elan etdi.53 Hadisələr göstərirdi ki, S.Şaumyan artıq Moskvanın mövqeyi ilə hesablaşmadan hərəkət etməyi qərara alıb.

Neft sənayesinin dövlətin sərəncamına götürülməsi istiqamətində ilk addım 22 may 1918-ci il tarixində atıldı. Həmin gün Bakı XKS-i yeraltı sərvətlərin milliləşdirilməsi haqqında dekret qəbul edərək, Bakıda neft və ozokerit çıxarılan, özəl mülkiyyət hüququnda ayrı-ayrı şəxslərə, şirkətlərə, kənd cəmiyyətlərinə məxsus olan, istər sahibi, istərsə də icarədar tərəfindən istismar olunan torpaqları dövlətin mülkiyyəti elan etdi. 1917-ci il oktyabr çevrilişinə qədər torpaqların icarəsinə dair keçmiş hökumətlə imzalanan bütün müqavilələr ləğv olunurdu və onlara yenidən baxılmalı idi. Müqavilələrin təkrar baxılmasına qədər isə bütün əvvəlki hüquqlar və vəzifələr qüvvədə qalırdı.54

Lakin bu dekret neft çıxarılan və kəşfiyyat işləri aparılan torpaqlara aid idi. Emal edən, köməkçi müəssisələr, anbarlar, nəqliyyat hələ də dövlət nəzarətinə alınmamışdı. Bu səbəbdən Bakıdakı sovet hökuməti neft sənayesinin tam milliləşdirilməsini tələsdirirdi. Mayın 27-də V.Leninə göndərilən teleqramda Bakı XKS-i tezliklə müvafiq dekretin veriləcəyinə ümid etdiyini bildirmişdir.55 Həmin gün İ.Stalindən S.Şaumyanın adına aşağıdakı məzmunda radioteleqram daxil olmuşdur: “Qabrielyan, Yeltsov yük ilə gəlirlər, paroxodlar və sairə təmin olunub, milliləşdirmə təsdiq edilib. Dərhal neftin və pambığın daşınmasına başlayın…”56

1918-ci il mayın 28-də İ.Stalin S.Şaumyana daha iki teleqram göndərdi. Onların birində deyilirdi: “Xalq Komissarları Soveti neft sənayesinin milliləşdirilməsini təsdiq edib… Neft Komissarlığı ləğv olunub, bütün işlər Baş Neft Komitəsinə verilib.”57 İ.Stalinin teleqramı Bakıda anlaşılmazlığa səbəb oldu. Bakı bolşevikləri İ.Stalinin teleqramını göstəriş kimi qəbul edərək milliləşdirməni həyata keçirməyə başladılar, halbuki sənəddə milliləşdirmənin yaxın gələcəkdə baş tutacağına və müvafiq dekretin verildiyinə dair heç bir söz deyilmirdi.

1918-ci il iyunun 1-də Bakı XKS-i mərkəzi hökumətin rəsmi qərarını gözləmədən və yalnız İ.Stalinin teleqramına istinad edərək, neft sənayesinin milliləşdirilməsi haqqında dekret qəbul etdi (dekret iyunun 2-də dərc olundu). Sənədin preambulasında deyilirdi ki, bu dekret “Ali Xalq Komissarları Sovetinin neft sənayesinin milliləşdirilməsi haqqında qərarının icrası ilə əlaqədar” qəbul edilir. Belə çıxırdı ki, Bakıdakı bolşevik hökumətinin addımları Moskva ilə razılaşdırılıb. Əslində isə belə deyildi. Sənədə görə, neft müəssisələrinin bütün daşınan və daşınmaz əmlakına, kapitallarına, cari hesablarına və qiymətli əşyalarına qadağa qoyulur, müəssisələrin özləri isə inzibati, texniki və maliyyə cəhətdən Bakı XKS-ə tabe edilirdilər. Bütün işçi heyətə, qulluqçulara, ustalara və fəhlələrə öz yerlərində qalmaq və vəzifələrini tam şəkildə yerinə yetirmək tapşırılırdı. İşləri pozmağa cəhd göstərən və ya üzərinə düşən vəzifələrin icrasından boyun qaçıran texniki və inzibati personala xəbərdarlıq olunurdu ki, buna görə onlar həbs ediləcək və inqilabi tribunalın məhkəməsinə veriləcəklər.58

Dekret böyük tələskənliklə icra olunurdu və bunun əsas məqsədi Bakıdan daha çox neft daşımaq idi. 463 neft firması, onların mədənləri, neftayırma zavodları, kəmərləri, anbarları, avadanlıqları, köməkçi müəssisələri milliləşdirildi. Maliyyə, texniki və inzibati sahələrdə idarəçilik, həmçinin bütün milliləşdirilmiş müəssisələr üzərində nəzarət Xalq Təsərrüfatı Şurasının ixtiyarına verildi. Müəssisələr şura qarşısında hesabat verməli və ondan göstərişlər almalı idilər.59

Milliləşdirmənin gedişini sürətləndirmək və sahibkarlar tərəfindən sabotaja son qoymaq üçün XTŞ bəzi icbari qərarlar qəbul etdi. Qərarların birinə əsasən, bütün mədənlər milliləşdirmədən əvvəlki qaydalar üzrə yanacağı kəmərlərə ötürməli idilər.60 Digər qərarla milliləşdirilmiş müəssisələrə tapşırılırdı ki, yeddi gün ərzində 1918-ci ilin iyul-sentyabr ayları üçün xərclər smetasını tərtib etsinlər və XTŞ-in baş mühasibatlığına təqdim etsinlər. Göstərilən müddətdə smetanı təqdim etməyən müəssisələr kreditlərdən məhrum olunacaqdılar.61

Sahibkarlar neft sənayesinin dövlət inhisarına alınmasına cidd-cəhdlə müqavimət göstərirdilər. Bununla bağlı qəbul edilən bəyanatda onlar bildirirdilər ki, milliləşdirmə dağınıqlığa və məhvə bərabərdir, “onilliklər boyu qurulan təşkilatlan-manın köklü surətdə sındırılması, sənaye və ticarət aparatının tamamilə yeni qaydalar əsasında qurulması indiki vaxtda ölkənin yanacaqsız və işıqsız qalmasına gətirib çıxaracaq…”62

Təhlükə həqiqətən də qaçılmaz idi, çünki milliləşdirməni həyata keçirərkən sovet hökuməti bu tədbirin iqtisadi səmərəliliyinə yox, sırf siyasi xarakterinə önəm verir, sahibkarların iqtisadi qüdrətinin sarsıdılmasına çalışırdı. Bolşevik nəzəriyyəsinə uyğun həyata keçirilən milliləşdirmə qısa müddətdə iqtisadi böhranı daha da dərinləşdirdi. Müvafiq maddi, maliyyə və kadr resurslarına malik olmayan Sovet dövləti yüzlərlə müəssisədə istehsalın təşkili kimi ağır yükü öz üzərinə götürdü. Nəticədə həmin müəssisələr bağlanmağa, fəhlələrin yaşayış səviyyəsi isə aşağı düşməyə başladı.

Neftin daşınması işini asanlaşdırmaq üçün 1918-ci il iyunun 5-də Bakı XKS-i Xəzər dəniz donanmasının da milliləşdirilməsi haqqında dekret qəbul etdi.63

Qeyd etmək lazımdır ki, Bakıda milliləşdirmə zamanı tətbiq olunan metodlar RSFSR-in bəzi partiya-təsərrüfat orqanlarının rəhbərləri tərəfindən də mənfi qarşılanmışdır. Sovet tarixşünaslığında bu məsələnin işıqlandırılmasında ciddi boşluq var idi və radikal milliləşdirmənin bütün əleyhdarları bir qayda olaraq, mənfi qiymətləndirilirdi. Əslində isə onlar prinsip etibarı ilə bu siyasətə qarşı deyil, hazırlıqsız, tez-tələsik, pərakəndə aparılan milliləşdirməyə qarşı idilər. 1918-ci il aprelin əvvəlində, yəni milliləşdirmə hələ başlamamış, Bakı Sovetinin iclasında çıxış edən Z.Dosser demişdir: “Bizim neft sənayesinin milliləşdirilməsi haqqında şüarımız var, lakin bu məsələyə ehtiyatla yanaşmaq lazımdır. Təcrübə göstərdi ki, tələskənlik ziyan gətirə bilər… Beləliklə, XTŞ qarşısında əvvəlcə sənayeni təşkil etmək, yalnız bundan sonra milliləşdirməyə başlamaq məsələsi dayanır.”64

Bakı XKS-in dekretindən üç gün sonra – iyunun 4-də Moskvadan Bakıya göndərilən radioteleqramda bildirilirdi ki, RSFSR Xalq Komissarları Soveti neft sənayesinin milliləşdirilməsi məsələsini müsbət həll edib və tədbirin həyata keçirilməsi yalnız Baş Neft Komitəsi tərəfindən smeta təqdim olunmadığına görə yubanır.65 Göründüyü kimi, Moskvada Bakı Xalq Komissarları Sovetinin qəbul etdiyi milliləşdirmə dekretindən xəbərsiz idilər. Yalnız iyunun 11-də hərbi işlər üzrə quberniya komissarı D.Sosninin Həştərxandan V.Leninə göndərdiyi teleqramda iyunun 2-də neft sənayesinin milliləşdirilməsi haqqında Bakı XKS-in dekretinin dərc edildiyi barədə məlumat verilirdi. Bu xəbər V.Lenin üçün gözlənilməz oldu, o, xahiş etdi ki, teleqramı “təcili” təkrar eləsinlər, “…görünür, məlumatda haqqında bəhs olunan dekretin mətni buraxılıb.”66

İyunun 13-də S.Şaumyan V.Leninə teleqram göndərərək, nikbinliklə yazırdı: “Aclığa baxmayaraq, neft sənayesinin və ticarət donanmasının milliləşdirilməsi ruh yüksəkliyinə, neft hasilatının və daşınmasının artmasına səbəb oldu…”67 Lakin real vəziyyət heç də S.Şaumyanın təsvir etdiyi kimi deyil idi. Bolşeviklər Bakıda neft sənayesini milliləşdirdiyi, əslində isə məhv və qarət etdiyi bir vaxtda mərkəzi hökumətin məsələ ilə bağlı hələ də dəqiq mövqeyi yox idi. İyunun 4-də Bakıya göndərilən teleqram Moskvanın tərəddüd içində olduğunu, milliləşdirməyə başlayıb-başlamamaq dilemması qarşısında durduğunu nümayiş etdirdi. Tələsik milliləşdirmənin tərəfdarları və əleyhdarları arasında mübarizə səngimirdi. İlk mərhələdə ikincilər üstünlük qazandılar. Bunu V.Leninin S.Şaumyana iyunun 18-də göndərdiyi teleqram təsdiqləyir. V.Lenin bildirirdi: “Neft sənayesinin milliləşdirilməsi haqqında dekret hələ olmamışdır. Neft sənayesinin milliləşdirilməsi haqqında dekreti naviqasiyanın axırında vermək fikrindəyik. Hələlik neft məhsulları ticarətinin dövlət inhisarına alınmasını təşkil etməkdəyik. Neft məhsullarının tezliklə Volqaya daşınması üçün bütün tədbirləri görün. Baş Neft Komitəsinə neft sənayesinin vəziyyəti haqqında hər gün məlumat verin.”68

Ertəsi gün – iyunun 19-da Moskvadan S.Şaumyanın adına olduqca sərt məzmunlu iki teleqram göndərilir. Birinci teleqramda bildirilirdi ki, Baş Neft Komitəsi neft sənayesinin milliləşdirilməsini həyata keçirmir və komitənin xəbəri olmadan bunu heç kim edə bilməz.69 İkinci teleqramda RSFSR XKS-in guya neft sənayesinin milliləşdirilməsinə dair qərar verməsi haqqında məlumat təkzib edilirdi.70 Moskvadan gələn hər iki teleqram bir neçə aspektdən maraq doğurur. Birincisi, teleqramlar Bakı neftinin taleyini real olaraq kimin həll etdiyini və bütün məsələlərdə son sözün kimə məxsus olduğunu göstərir. İkincisi, milliləşdirmənin artıq tam tempi ilə getdiyi bir vaxtda mərkəz hələ də özünün dəqiq mövqeyini müəyyənləşdirməmişdir. Sovet Rusiyasının siyəsətindəki bu qeyri-müəyyənlik nə ilə əlaqədar idi?

Nəzərə almaq lazımdır ki, Bakı ilə Moskva arasında fikir ayrılığı taktiki xarakter daşıyır və milliləşdirmənin lazım olub-olmadığı ətrafında deyil, onun vaxtı və miqyası məsələsi ətrafında cərəyan edirdi. A.Mikoyan vəziyyəti bu cür təsvir edirdi: “…Moskvada oturan neft firmalarının nümayəndələri AXTŞ-in mütəxəssisləri arasında da müvafiq iş aparırıdılar. Oradan hətta milliləşdirmənin müvəqqəti gecikdirilməsi haqqında teleqram alınmışdı, Baş Neft Komitəsindən gələn teleqram isə faktiki olaraq milliləşdirməni ləğv edirdi.”71 A.Mikoyanın dediklərindən belə təsəvvür yarana bilər ki, guya hökumət nümayəndələri ilə bəzi neft sahibkarları arasında gizli sövləşmə mövcud idi. Əslində isə vəziyyət tamam başqa idi. Tələsik milliləşdirmənin əleyhdarları başa düşürdülər ki, neft sənayesi kimi spesifik sahənin dərhal dövlət inhisarına alınması böhranı son həddə çatdıracaq və nəticədə neftin daşınması azalacaq. Onlar buna imkan verməməyə, dövlət inhisarının tədricən, planlı şəkildə tətbiq olunmasına çalışırdılar. Eyni zamanda onlar Bakıdan Rusiyaya fasiləsiz, qarətçi neft daşımalarının tərəfdarları olaraq qalırdılar.

Bakı XKS-in 24 iyun 1918-ci il tarixli iclasında S.Ter-Qabrielyanın neft sənayesinin milliləşdirilməsi haqqında məlumatı müzakirə olundu. V.Leninin məsələyə dair münasibətinə toxunan S.Ter-Qabrielyan bəyan etdi ki, “…əgər sizdə texniki qüvvələr tapılarsa, Lenin birmənalı olaraq bunun [milliləşdirmənin – F.C.] tərəfdarıdır… AXTŞ və qismən Baş Neft Komitəsi məsələni müəyyən qədər yubadırlar… Lakin milliləşdirmə artıq fakt olduğu üçün indi geri çəkilmək olmaz.”72

Rusiya alimi Vladimir Kostorniçenko Bakı ilə Moskva arasında fikir ayrılıqlarını, bir-birinə zidd addımların səbəblərini ətraflı araşdıraraq belə qənaətə gəlir ki, o dövrdə sovet hökumətinin Rusiyanın cənubunda faktiki təmsilçisi İ.Stalinin müdaxiləsi Bakı bolşeviklərinin 1 iyun dekretini qəbul etməsi üçün əsas olmuşdur. Bakıda milliləşdirmə prosesinin iştirakçıları İ.Stalinin hadisələrdə aparıcı rolunu qeyd edirdilər: “… Tsaritsında [indiki Volqoqrad – F.C.] oturan Stalin hər şeyi ələ keçirmək haqqında sərəncam verdi. Bunun əsasında neft sənayesi milliləşdirildi.”73 Bu faktı S.Şaumyan da təsdiq edirdi. Çıxışlarının birində o, deyirdi: “Mən, yoldaş Stalindən bir məktub almışdım, sonda əlavə edilirdi ki, məktuba Lenin baxıb və bəyənib və həmin məktubda deyilənlərin hamısı rəsmidir, Xalq Komissarları Sovetindən gəlir. Daha sonra Stalindən gələn üç teleqramda qəti şəkildə bildirilirdi ki, milliləşdirmə təsdiq olunub…”74 Yeri gəlmişkən, bu sözlər Suren Şaumyanın atasının guya milliləşdirməni “özünü riskə ataraq” həyata keçirdiyi, İ.Stalinin isə yalnız bundan sonra “milliləşdirməyə xeyir-dua” verdiyi barədə yazdıqlarını təkzib edir.75 Əslində S.Şaumyan İ.Stalinin teleqramlarını hərəkətə keçmək üçün siqnal kimi başa düşmüşdür. Bundan başqa, təsadüfi deyil ki, Baş Neft Komitəsinin iclaslarında “vaxtından əvvəl” baş tutan milliləşdirmə haqqında müzakirələrin əsas predmeti təkcə Bakı XKS-in qərarları deyil, həm də İ.Stalinin mövqeyi idi. Müzakirələrin birində RSFSR xalq maliyyə komissarı İ.Qukovski qeyd etmişdir ki, milliləşdirmə İ.Stalinin məlumatları əsasında həyata keçirilsə də, o, “qətiyyən bu sahədə sərəncam vermək ixtiyarı olmayan şəxs idi”, BNK-nın məsul əməkdaşı S.Salko isə demişdir ki, İ.Stalinin məktubu “formaca məlumat xarakterli olsa da, mahiyyətcə göstəriş idi… ”76

Moskvanın milliləşdirmənin təxirə salınması ilə bağlı qərarının başqa bir səbəbi də var idi. Həmin səbəb xarici amil ilə əlaqədar idi. RSFSR xalq yollar komissarı P.Kobozevin S.Şaumyana və P.Caparidzeyə göndərdiyi məktubda bu barədə deyilirdi: “Şadam ki, siz [milliləşdirməni – F.C.] həyata keçirmədiniz, lakin deməliyəm ki, bunun uğrunda hələ çox mübarizə aparmalı olacağıq. Məsələ bundadır ki, Almaniya ilə sülh müqaviləsinə görə, əgər biz nə isə milliləşdiririksə, biz bütün itkilərin əvəzini ödəyirik, Nobel isə iri alman firmasıdır və özümüzü hər tərəfdən əməlli başlı sığortamalıyıq ki, daha az ödəyək…”77 Göründüyü kimi, Sovet Rusiyasının Almaniya ilə bağladığı müqavilədə milliləşdirilən müəssisələrə görə xarici xarici şirkətlərə kompensasiya ödəmək haqqında şərtin olması bolşevik hökumətini milliləşdirmənin dərhal həyata keçirilməsindən çəkindirən vacib amillərdən idi.

Beləliklə, İ.Stalinin dəstəklədiyi Bakı XKS-i ilə V.Leninin dəstəklədiyi BNK arasında fikir ayrılıqları vəziyyətin müxtəlif cür qiymətləndirilməsi və buna uyğun olaraq, böhrandan çıxış yollarına fərqli baxışlarla əlaqədar idi. V.Lenin və BNK tələsik milliləşdirməni və kapital üzərində təzyiqi bir qədər yubatmağı, keçid dövründə dövlətin nəzarəti altında işləyən iri özəl müəssisələrin mövcud olmasını mümkün sayırdılar. Buna misal olaraq belə bir faktı göstərmək olar ki, hələ 1918-ci il iyunun 3-də BNK V.Leninin sərəncamı əsasında milliləşdirilmiş donanmanın 1918-ci il naviqasiyası ərzində keçmiş gəmi sahiblərinə verilməsi haqqında qərar qəbul etmişdir. Neftin və neft məhsullarının daşınması zamanı yüklərin tamlığına görə məsuliyyət sahibkarların üzərinə qoyulurdu.78 Bu qərarın müəllifləri başa düşürdülər ki, milliləşdirmə Rusiyaya yanacaq daşımalarının azalmasına gətirib çıxaracaq və buna görə 1918-ci il naviqasiyası ərzində hasilatı özəl firmaların ixtiyarında saxlamaq, nefti Rusiyaya daşımaq və yalnız naviqasiya başa çatdıqdan sonra tələsmədən neft işini dövlətin sərəncamına vermək lazımdır.

V.Leninin və BNK-nın opponentləri isə ilk növbədə siyasi maraqları üstün tutaraq hesab edirdilər ki, regionda sovet hakimiyyətinin sabit və effektiv fəaliyyəti yalnız mülkiyyət sisteminin dəyişdirilməsi, dövlət inhisarının bərqərar edilməsi nəticəsində mümkündür. Buna görə onlar istehsal vasitələrinin tez bir zamanda özəl sektordan dövlətin ixtiyarına keçməsində təkid edirdilər. İrəlidə bəhs edildiyi kimi, son nəticədə İ.Stalinin və Bakı XKS-in dəstəklədiyi bu mövqe üstün gəldi və Moskva 1918-ci il iyunun 20-də milliləşdirmə haqqında dekret verdi.

Partiya-təsərrüfat dairələrindəki fikir ayrılıqlarından Bakıda milliləşdirmənin əleyhdarları da xəbərdar idilər. Onların arasında Bakı XTŞ-in tərkibinə daxil olan mühəndislər qrupu xüsusilə seçilirdi. Həmin qrupun qətiyyətli mövqeyini XTŞ-in bütün iclaslarında müşahidə etmək olur. Məsələn, mühəndislər hesab edirdilər ki, sənaye müəssisələrinin kollegial idarə olunması idarəçiliyi xeyli çətinləşdirəcək, yubadacaq, yaradıcı təşəbbüslərin qarşısını alacaq, müəssisələri bürokratik quruma çevirəcək. Nəticədə isə yüksəliş əvəzinə sənaye daha da tənəzzülə uğrayacaq. XTŞ-in 21 iyun 1918-ci il tarixli fövqəladə iclasında Mühəndislər və Texniklər İttifaqının nümayəndələri Bakıda neft sənayesinin milliləşdirilməsinin səhv olduğu barədə AXTŞ-in teleqram göndərməsi haqqında sorğu ilə müraciət etdilər. İ.Fioletov bildirmişdir ki, heç bir teleqram alınmayıb və milliləşdirmənin ləğvi barədə söhbət gedə bilməz.79

Bakı bolşevikləri bu cür əhval-ruhiyyənin milliləşdirmə siyasətinin həyata keçirilməsinə xələl gətirəcəyindən narahat idilər. Bunu Z.Dosserin Moskvaya göndərdiyi teleqram təsdqiləyir: “…iyunun 2-də Stalinin milliləşdirmənin təsdiq olunması haqqında teleqramından sonra dekretlə neft və qazma müəssisələrinin bütün əmlakına qadağa qoyulmuşdur. Administrasiya Bakı Xalq Təsərrüfatı Şurasına tabedir… Mühəndislər işləməyə razıdırlar, lakin onlar arasında boykot əhval-ruhiyyəsi həddindən artıq güclüdür. Milliləşdirmə məsələsində hər cür yubanma, tərəddüd əleyhdarların müqaviməti gücləndirmək ümidlərini artıracaq, asanlıqla texniklərin tətilinə səbəb ola biləcək və çox ağır nəticələrə gətirib çıxaracaq. Qəbul olunmuş kursun dəyişdirilməsi mümkün deyil. Dərhal milliləşdirmə haqqında dekret qəbul etməyi, teleqrafla Bakıya xəbər verməyi xahiş edirik…”80

30.ARPİİSSA: f. 5, siy. 1, iş 21, v. 7.
31.Azərbaycan Respublikasının Dövlət Arxivi (bundan sonra – ARDA): f. 11, siy. 1, iş 1, v. 87.
32.Азизбекова П.А., Мнацаканян А.Н., Трускунов М.Б. Советская Россия и борьба за установление и упрочение власти Советов в Закавказье. Баку, 1969, с. 65.
33.ARDA: f. 11, siy. 1, iş 228, v. 176.
34.ARDA: f. 11, siy. 1, iş 228, v. 104.
35.ARPİİSSA: f. 276, siy. 3, iş 32, v. 50.
36.Азизбекова П. А., Мнацаканян А. Н., Трускунов М. Б. Göst. əsəri, s. 74.
37.ARPİİSSA: f. 276, siy. 3, iş 68, vv. 7-8.
38.ARPİİSSA: f. 1, siy. 38, iş 221, vv. 26.
39.Шаумян С. Бакинская коммуна. Баку, 1927, с. 24, 108.
40.Копия рукописи книги А.Микояна «В революционном Баку. 1918-1920 годы»: Т.1 / AMEA A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Arxivi (bundan sonra – TİEA): qovluq №5525, v. 398.
41.ARDA: f. 11, siy. 1, iş 1, v. 178.
42.ARDA: f. 11, siy. 1, iş 5, v. 1.
43.Maksvell N. Azərbaycan demokratik hökumətinin siyasətində neft məsələsi / Azərbaycan neft sənayesinin tarixinə dair I Beynəlxalq konfransın materialları. Bakı, 1996, s. 39.
44.ARDA: f. 11, siy. 1, iş 228, v. 68.
45.ARDA: f. 11, siy. 1, iş 1, v. 88.
46.Гулиев Г.Б. Göst. əsəri, s. 18.
47.Косторниченко В.Н. К вопросу о национализации…, с. 89.
48.Документы внешней политики СССР: Т.1, с. 676-677.
49.Шаумян С. Бакинская коммуна, с. 96.
50.Шаумян С. Бакинская коммуна, с. 97.
51.Косторниченко В.Н. К вопросу о национализации…, с. 90.
52.Микоян А.И. Так было. Москва, 2002. // http:biblioteka.org.
53.Косторниченко В.Н. К вопросу о национализации…, с. 90.
54.ARDA: f. 11, siy. 1, iş 295, vv. 26-27.
55.Азизбекова П.А., Мнацаканов А.Н., Трускунов М.Б. Göst. əsəri, s. 72.
56.ARPİİSSA: surət fondu, iş 378.
57.ARPİİSSA: f. 1, siy. 38, iş 221, v. 27.
58.ARDA: f. 11, siy. 1, iş 1, v. 76; iş 3, v. 6.
59.ARPİİSSA: f. 1, siy. 38, iş 221, v. 29; ARDA: f. 11, siy. 1, iş 6, vv. 116, 170.
60.ARDA: f. 11, siy. 1, iş 300, v. 4.
61.ARDA: f. 11, siy. 1, iş 1, v. 8.
62.ARDA: f. 11, siy. 1, iş 26, v. 53.
63.ARDA: f. 11, siy. 1, iş 3, v. 4.
64.ARPİİSSA: f. 1, siy. 38, iş 221, v. 33.
65.ARPİİSSA: surət fondu, iş 373.
66.Косторниченко В.Н. К вопросу о национализации…, с. 94.
67.Шаумян С.Г. Избранные произведения: Т.2. Москва, 1978, с. 362.
68.V.İ.Lenin Azərbaycan haqqında, s. 128.
69.ARPİİSSA: f. 276, siy. 3, iş 32, v. 135.
70.ARPİİSSA: f. 1, siy. 38, iş 221, v. 136.
71.Микоян А.И. Так было. // http:biblioteka.org.
72.ARDA: f. 11, siy. 1, iş 25, v. 4.
73.Косторниченко В.Н. К вопросу о национализации…, с. 93.
74.Шаумян Ст. Статьи и речи. 1917-1918 гг. Баку, 1929, с. 124.
75.Шаумян С. Бакинская коммуна, с. 24.
76.Косторниченко В.Н. К вопросу о национализации…, с. 94.
77.Azərbaycan tarixi arxiv sənədlərində: I cild, s. 141.
78.ARPİİSSA: f. 276, siy. 3, iş 32, v. 122.
79.ARDA: f. 11, siy. 1, iş 295, v. 38.
80.ARDA: f. 11, siy. 1, iş 228, v. 83.

Ücretsiz ön izlemeyi tamamladınız.

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
20 ekim 2022
Hacim:
3 s. 6 illüstrasyon
Telif hakkı:
Alatoran yayınları / Алаторан