Kitabı oku: «Atanız Atatürk»
"Xatirə Ədəbiyyatı" silsiləsindən 15-ci kitab
© Falih Rıfkı Atay / Atanız Atatürk
© "XAN" nəşriyyatı / Bakı / 2022 / 208 səh
Üz qabığının dizayneri / Teymur Fərzi
* * *
Falih Rıfkı Atay
(1894–1971)
Atatürklə bağlı tədqiqatların müəllifi, tanınmış qəzetçi və yazıçı Falih Rıfkı Atay min səkkiz yüz doxsan dördüncü ildə İstanbulda anadan olub. Təhsilini İstanbul Ədəbiyyat Fakültəsində alıb, min doqquz yüz səkkizinci il çevrilişindən sonra isə "Tanin" qəzetində müxbirliyə başlayıb. Həmin ərəfədə o, mətbuatla əlaqələr quraraq bir tərəfdən qəzetlərə, jurnallara məqalələr yazır, digər tərəfdən isə Babiali Məktubi Qələmidə1 fəaliyyətini davam etdirirdi (1913). Bir müddət keçdikdən sonra Rıfkı Atay oradan Daxiliyyə Xüsusi Qələminə2 katib kimi keçirilib.
Falih Rıfkı Atay Birinci Dünya Müharibəsinə ehtiyatda olan zabit kimi qatılmışdı. Bununla belə, Dördüncü Ordu komandanı Kamal Paşanın əmri altında olan zabit qismində Qüdsdə və Suriyada baş verən hadisələrin iştirakçısı olub. Bu ərəfədə daşıdığı rəsmi vəzifə ilə bağlı bir sıra Avropa ölkələrinə səyahətə çıxıb. Müharibə başa çatdıqdan sonra isə Bahriyə Xüsusi Qələm müdirinə yardımçı vəzifəsinə keçirilib.
Falih Rıfkı Atay təkcə qəzet yazarlığı ilə məşğul olmayıb. O, eyni zamanda, qəzet yaradıcılığına da maraq göstərib. Belə ki, Bahriyə Xüsusi Qələm müdirinə yardımçı işlədiyi ərəfələrdə iki dostu ilə birlikdə "Axşam" qəzetini təsis etmək qərarına gəlib (1918) və bu qəzetin təsiri ilə ölkədə baş verən hadisələri yönləndirməyə, istiqamət verməyə çalışıb.
İyirminci əsrin əvvəllərində çevriliş əleyhinə olanlarla çətin mübarizəyə başlayan insanların arasında Falih Rıfkı Atay da var idi. Onun apardığı siyasi mübarizənin bir hissəsi də millət vəkili olduğu dönəmə düşür və uzun müddət davam edir. Belə ki, Atay min doqquz yüz iyirmi ikinci ildə Boludan millət vəkili seçilərək min doqquz yüz əllinci ilə qədər bu istiqamətdə fəaliyyətini davam etdirə bilib. Amma o, ruhən qəzetçi və yazıçı olduğundan millət vəkili kimi çalışdığı zamanlarda belə, fəaliyyətini məhdudlaşdırmayıb. Həmin ərəfələrdə "Hakimiyyəti-milliyyə", "Milliyyət", "Ulus" qəzetlərində baş yazar kimi çalışıb.
Min doqquz yüz əllinci ildə Falih Rıfkı Atay siyasətdən tamamilə çəkilərək özünü bütünlüklə qəzetçiliyə həsr etmək qərarına gəlib. Qısa müddət ərzində "Cümhuriyyət" qəzetində həftəlik söhbətlər yazmağa başlayıb. Sonra bununla da kifayətlənməyərək bir dostu ilə birlikdə "Dünya" qəzetini təsis edib.
Falih Rıfkı Atayın Atatürkün ən yaxın məsləkdaşlarından biri olduğu məlumdur. Onun bu dahi şəxsiyyət haqqında, həmçinin türk xalqının tarixində ən qarışıq dövrün ziddiyyətli hadisələri ilə bağlı bir neçə kitabı dərc olunub. Əsas əsərləri isə bunlardır: "Zeytun dağı" (1932), "Atatürkün mənə anlatdıqları" (1955), "Atanız Atatürk" (1961), "Qurtuluş" (1966), "Atatürkçülük nədir?" (1966), "Atatürk kim idi?" (1968), "Bayraq" (1970).
Ön söz
İstanbul, fevral, 1955-ci il
Min doqquz yüz on dördüncü ildə Osmanlı İmperatorluğu Birinci Dünya Müharibəsinə qatıldı. Biz türklər Almaniya, Avstriya-Macarıstan imperatorluqları və Bolqarıstan ilə eyni cəbhədə idik. Rusiya, İngiltərə, Fransa, Belçika və Serbiya isə bizimlə müharibə aparan qarşı cəbhədə vuruşurdular. Daha sonra İtaliya, Yaponiya, Amerika və bir sıra başqa dövlətlər də düşmənlərimizin cərgəsinə qatıldı. Müharibə düz dörd il davam etdi. Sonunda məğlub edildik və min doqquz yüz on səkkizinci ildə hamımız birlikdə düşmənə təslim olduq.
Bizi məğlub edən dövlətlər yalnız əhalisinin əksəriyyəti türk olmayan Hicaz, Yəmən, İraq, Suriya, Livan və Fələstin kimi ölkələri öz aralarında bölüşdürməklə kifayətlənmədilər. Eyni zamanda, Şərqi Anadolunu Ermənistan və Kürdüstan arasında bölüşdürmək, Adana bölgəsini fransızların, Antalya bölgəsini italyanların hakimiyyəti altına vermək, sonra isə İzmir bölgəsini yunanlara bağışlamaq üçün öz aralarında razılığa gəldilər. Ordumuzun silahlarını və donanmamızı əlimizdən aldılar. Hər yerə əsgər göndərdilər. Bundan başqa, yunan dəstələri Qaradəniz vilayətində Pontus krallığı yaratmaq üçün silahlanaraq dağlara qalxdılar.
Tez bir zamanda üç böyük dövlətin – İngiltərə, Fransa və İtaliyanın dəniz və piyada qüvvələri İstanbul şəhərinə, xüsusilə də boğazlara yerləşdirildi. Beləcə, yurdumuzun ən zəngin torpaqlarını itirmək təhlükəsi ilə üz-üzə qaldıq. Bu gedişatla biz adını sadaladığım torpaqlarda yadellilərin əlində əsl kölə, yerdə qalan kasıb torpaqlarımızda İsə böyük dövlətlərin qulu olacaqdıq.
Padşah və hökumət həmin ərəfədə düşdüyümüz vəziyyətin çətinliyini görərək, – "Bir halda ki, məğlub olmuşuq, qarşılarında baş əyməkdən başqa çarəmiz yoxdur", – dedilər. Sonra da Parisdə hazırlanan "Sevr müqaviləsini3 qəbul etdilər.
Vətənsiz və azadlıqsız qalmağı heç cür qürurlarına sığışdıra bilməyən vətən qəhrəmanları isə ayağa qalxaraq dəstələr halında birləşdilər, mübarizəyə atıldılar. Ancaq Almaniya, Avstriya-Macarıstan və Osmanlı imperatorluqlarını məğlub edən dövlətlərə qarşı mübarizə aparmaq istəyən bu dəstələr canlarını qurban verməkdən başqa nə edə bilərdilər ki?
O zamanlar yurd və azadlıq uğrunda şəhid olmaqdan çəkinməyən xalq qəhrəmanları ilə nələr etmək mümkün olduğunu çox gözəl anlayan bir nəfər vardı: Mustafa Kamal. O, min doqquz yüz on doqquzuncu il, mayın on doqquzunda Samsuna gələrək hakimiyyəti öz əlinə aldı. Dağınıq silahlı qüvvələri və hər biri öz bölgəsini qorumağa çalışan pərakəndə dəstələri bir yerə toplayaraq Böyük Millət Məclisi Hökumətinin və Qurtuluş Ordusunun təməlini qoydu. Yalnız döyüşlərdə qələbə çalan komandan yox, həm də xalqı birləşdirən və ardınca aparmağı bacaran lider, heç bir uğurlu fürsəti gözdən qaçırmayan, əldən verməyən dövlət adamı olduğunu hər kəsə isbat etdi. Baş qaldıran üsyanları yatıraraq, xəlifə ordusunu geri döndərərək əvvəlcə fransız və italyan əsgərlərini Kilikya və Antalyadan çıxardı, sonra, yəni min doqquz yüz iyirmi ikinci ilin sentyabr ayında isə yunan ordularını dənizə tökərək nəhayət, üç böyük dövlətin dəniz donanmalarını və əsgərlərini İstanbuldan da, boğazlardan da çəkilmək məcburiyyətində qoydu. Bir sözlə, o bizi bugünkü dövlətimizə və azadlığımıza qovuşdurdu.
O bir sıra qələbələri qazandıqdan sonra etdiyi inqilablarla tariximizin cümhuriyyət və mədəniyyət dövrünü başlatdı.
Sevimli uşaqlar. Hamınızın bir anası və bir atası var. Onlar olmasaydı, dünyaya gəlməzdiniz. Onu da bilin ki, əgər Atatürk də öz millətinin və pərakəndə hala düşmüş ordunun başında durmasaydı, Anadolu döyüşlərini qazanmasaydı, bu dünyada vətənsiz və azadlıqsız qalardınız. Əsl yetimlik və sahibsizlik budur. Ona görə də bu kitaba "Atanız Atatürk" adını qoydum. Unutmayın ki, həyatınızı ata-ananıza, azad, şanlı və şərəfli türklüyünüzü isə Atatürkə borclusunuz.
Sizə atanız Atatürkün necə yetişdiyini, nələr etdiyini, necə insan olduğunu anlatmaq istəyirəm. Bu yolla siz Onunla qürur duymanın səbəbini öyrəndiyiniz kimi, onun kimi olmanın yollarını da öyrənmiş olacaqsınız.
Falih Rifki Atay
Uşaqlığı
Atatürk min səkkiz yüz səksən birinci ildə Selanikdə, Əhməd Subaşı məhəlləsində, Sənaye Məktəbinin qarşısında yerləşən taxta bir məhəllə evində dünyaya gəlib. Atasının adı Əli Rza bəy, anasının adı isə Zübeydə xanım idi. Əli Rza bəy gömrük məmuru işləyirdi. Maaşı az olduğu üçün ailəni kasıbçılıq içində yaşadan ata təqaüdə çıxdıqdan sonra kiçik bir sərmayə ilə taxta-şalban ticarətinə başlasa da, çox güman ki, ancaq gündəlik çörək pulunu qazana bilmişdi. Hər halda, onun ölümündən sonra arvad-uşağı daha çox ehtiyac içərisində yaşamışdı. Deməli, ailənin əlavə gəlir yeri, və ya Əli Rza bəyin ticarətdə xüsusi qazancı olmamışdı.
Atatürkün əsl adı Mustafa idi. Ailədə üç uşaq idilər. Gənc yaşda dünyasını dəyişən və zabit olan bir ögey qardaşı Sürəyya bəy vardı, bir də kiçik bacısı Məqbulə xanım. Bu orta səviyyəli ailənin başqa dərdi yox idi. Yeganə qayğıları uşaqları oxudub yetişdirmək idi.
Mustafa yeddi yaşına çatanda ata-ana arasında məktəb məsələsi ilə bağlı əməllicə mübahisə düşdü. Çünki o zamanlar iki cür məktəb var idi. Adətən, uşaqların əksəriyyəti təhsil və savad baxımından geri qalan məhəllə məktəblərində oxuyardılar. Yalnız çox az uşaq vardı ki, açıqfikirli ziyalıların yaratdığı xüsusi məktəblərə gedə bilirdi.
Atatürkün də atası oğlunu yeni açılan Şəmsi Əfəndi məktəbinə qoymaq istəyirdi. Amma anası adət-ənənəyə bağlı olduğu üçün cidd-cəhdlə onun məhəllə məktəbinə getməsini tələb edirdi.
Atatürk həmin günləri xatırlayaraq belə deyirdi: "Nəhayət ki, atam hiylə işlədərək bu işin içindən çıxa bildi. Əvvəlcə, – "allah-allah", – deyə-deyə, amma yalandan, lağlağı edirmiş kimi məhəllə məktəbində oxumağa başladım. Bir qədər sonra isə oradan çıxaraq Şəmsi Əfəndi məktəbinə yazıldım".
Mustafa məktəbdə oxuyarkən Osmanlı İmperatorluğu Adriatik sahillərindən Fars körfəzinə, Serbiya və Bolqarıstan sərhədlərindən Ədən körfəzinə qədər uzanan böyük bir ölkə idi. Afrikada Trablusqarp və Benqazi əraziləri birbaşa olaraq, Bolqarıstanın Şərqi Rumeli deyilən böyük bir parçası, Avstriya-Macarıstanın işğalı altında olan Bosniya-Hersoqovina, ingilis hökmranlığında olan Kıbrıs, Misir, Sudan hüquqi cəhətdən Osmanlı İmperatorluğuna bağlı idi. Girit adası ilə Egey dənizindəki bütün adalar bizim tabeçiliyimizdəydi. Siz bugünkü vətənimizin Mustafanın uşaqlıq dövründəki türk vətəni ilə müqayisədə nə qədər kiçik olduğunu bilməlisiniz. Xəbəriniz olsun ki, Selanik, Rumeli də Makedoniyanın əsas şəhərləri idi. Ümumiyyətlə, Osmanlı İmperatorluğu əsrlər boyu dayanmadan Rumeli sərhədlərində slavyan və cermen4 xalqları ilə döyüşüb. İndi isə macar və cermenlərlə çarpışa-çarpışa Vyana qapılarından, ruslarla vuruşa-vuruşa Rumıniya sərhədlərindən geri çəkilmişdik. Bu azmış kimi, Krım və Qafqazı da itirmişdik. Rumeli köçərilər və qürbətdən gələnlər yurdu idi. Makedoniya türkləri "qədim qələbə dastanlarının xatirələrinin həsrətilə yaşayacağıq, yoxsa yaşamayacağıq", – deyə dayanmadan narahatlıq keçirirdilər.
Qulağının eşitdiyini ağlı ilə dərk etməyə başladıqdan sonra kiçik Mustafa bəy qəhrəmanlıq cəngilərini və yurdlarından köçən insanların başlarına gələn əhvalatları dinləyə-dinləyə böyüyəcəkdi. Ümumiyyətlə, Rumeli türklərində qalib gəlmək ümidi və iradəsi heç zaman qırılmamışdı. Onların inancına görə, artıq əvvəlki qəhrəmanlar və fatehlər yetişmədiyi üçün məğlub olurduq. Əgər bu qəhrəmanlardan və fatehlərdən biri də doğulsaydı, mütləq çətinliklərdən xilas olar və köhnə torpaqlarımıza qovuşa bilərdik.
Əli Rza bəy Mustafa hələ məktəb şagirdi ikən dünyasını dəyişdi. Yəni Mustafa çox kiçik yaşlarından yetim qaldı. Ailənin gəliri olmadığı üçün anası oğlunu məktəbdən çıxartdı. Uşaqlarını da götürüb Lankaza tərəflərdə əkinçiliklə məşğul olan qardaşının fermasına yola düşdü. Dayısı Mustafaya ferma işlərini öyrətmək qərarına gəlmişdi. Ümumiyyətlə, Mustafa iş bacaran, fərasətli uşaq idi. Demək olar ki, fermada bütün işlərə yarayırdı. Hətta yaşlandığı zamanlarda belə, qarğalar əkin yerinə qonmasın deyə, bacısı ilə birlikdə paxla becərilmiş tarlalara qarovulçuluq etdiyi günləri tez-tez yada salardı.
Dövlət rəhbəri olduğu zamanlarda bir dostu onun əkin yerinə qarovulçuluq etməsi ilə bağlı əhvalatı qonaqlara danışdı. Məclisdəkilərdən biri özünü saxlaya bilməyərək, – "Qoyun görək", – dedi. Yəni danışılanlara inanmaq istəmədi. Onda Atatürk üzünü o qonağa tutaraq belə cavab verdi:
– Bəli, doğrudur. Mən də hər kəs kimi anadan oldum, hər kəs kimi də böyüdüm. Dünyaya gəlməyimdə bir fərqli cəhət varsa, o da türk olaraq doğulmağımdır.
Atatürk hər zaman öz xalqmrn övladı olduğu üçün öyünürdü, qürurlanırdı.
Beləliklə, Mustafa getdikcə kənd həyatına da, ferma işlərinə də alışırdı. Amma anası uşağı oxuda bilmədiyi üçün yasa batmışdı, gecə-gündüz fikir çəkirdi. O oğlunun savadlı olmasını, təhsil almasını istəyirdi.
Bir payız günündə dayısı ilə birlikdə çöldə gəzdikləri, əkin yerinə nəzarət etdikləri vaxt Mustafanı tələm-tələsik evə çağırdılar. Sən demə, Selanikdə yaşayan bibisi onu yenidən məktəbə göndərə bilmək üçün öz yanına aparmaq qərarına gəlibmiş. Anası böyük sevinc içində bu xəbəri oğluna çatdırdı. O zaman on yaşında olan Mustafa tərəddüd içində idi. Ona elə gəlirdi ki, fermada qalsa, buradakı işlərə kömək etsə, onun üçün də, ailəsi üçün də bu, daha yaxşı olar. Amma bu barədə heç kimə heç nə demədi və etiraz etmədən, istəsə də, istəməsə də, anası ilə Selanikə yola düşdü.
Bu dəfə təhsilini davam etdirmək üçün onu indi "orta məktəb" adlandırdığımız "rüşdiyə məktəbi" nə verdilər. Beləcə, Mustafa təhsilini yarımçıq qoyduğu yerdəncə davam etdirməyə başladı.
Günlərin bir günü Qaymaq Hafiz adında ərəb dili müəllimi Mustafanın uşaqlarla dalaşdığını görərək onu ağzı-burnu qanayana qədər döydü. Mustafa məktəbdən qaçaraq hirsli-hirsli evə qayıtdı. Müəllimin haqsızlığını və döyülməsini heç cür qüruruna sığışdıra bilmirdi. Ona görə də evə çatan kimi bir az düşünüb daha o məktəbə getməyəcəyinə and içdi.
O zamanlarda qonşulardan birinin uşağı – bir mayorun oğlu hərbi məktəbdə təhsil alırdı. Hərbi məktəbdə oxuyan şagirdlərin geyindiyi paltarların parlaq düymələri olardı. Mustafa küçədə görərkən həmişə bu cür geyimli uşaqlara həsədlə baxırdı. Çünki onun da əsas arzusu o məktəbə yazılmaq idi.
Gəlin indi də Atatürkün hərbi məktəbə getməsi ilə bağlı özünün söylədiklərini dinləyək: "O ərəfələrdə anam Selanikə gəlmişdi. Hərbi məktəbə getmək istədiyimi onun özünə də dedim. Amma anam hərbdən də, hərbçilikdən də ehtiyat edirdi. Ona görə də razılıq vermədi. Mən də ona hiss etdirmədən qəbul imtahanlarına hazırlaşdım və qəbul olundum. Bundan sonra anam fakt qarşısında qaldı. Yəni məcburən mənim hərbi məktəbdə oxumağıma razılıq verdi".
Mustafa həvəslə qəbul olunduğu üçün məktəbdə dərslərini də eyni həvəslə oxuyurdu. Amma riyaziyyata daha çox maraq göstərirdi. Hətta riyaziyyatı o qədər ciddcəhdlə öyrənirdi ki, onun bu marağını və zehnini görən müəllimlər Mustafaya uşaq kimi deyil, məslək yoldaşları kimi yanaşmağa başlamışdılar. Aralarında səmimi münasibət yaranmışdı. Bu səmimiyyətin nəticəsi idi ki, günlərin bir günü riyaziyyat müəllimi ona belə dedi:
– Oğlum, sənin də adın Mustafadır, mənim də. Belə olmaz axı. Aramızda nəsə bir fərq qoymaq lazımdır, ya yox?!. Ona görə də gəl, bundan sonra səni Mustafa Kamal deyib çağıraq.
Bax, Mustafa Kamal adı ona məktəb yaşlarında ikən beləcə verildi və ta ki Atatürk olana qədər o bu adı daşıdı.
Əslində, həmin riyaziyyat müəllimi çox sərt adam idi. Tələbələrinə qarşı da hər zaman sərt davranardı. Lakin Mustafaya qarşı belə deyildi. Bir gün o sinfə girərək uşaqlara dedi:
– Aranızda özünə güvənən varsa, ayağa qalxsın, fərqlənə bilsə, onu sinif nümayəndəsi edəcəyəm.
Müəllimin sözü ağzından çıxan kimi elə uşaqlar ayağa qalxdılar ki, bundan sonra Mustafa özünü ortaya atmağa cəsarət edə bilmədi. Ancaq bir məsələ də vardı ki, onun fikrini bərk məşğul edirdi. Axı bundan sonra o, ayağa qalxanlardan hansısa birinin əmrinə tabe olmaq məcburiyyətində qalacaqdı. Bunu isə qüruruna sığışdıra bilməzdi. Ona görə də bu barədə fikirləşə-fikirləşə Mustafa Kamal birdən-birə yerindən sıçrayıb ayağa qalxdı və:
– Mən sinif nümayəndəliyini hamıdan yaxşı edərəm, – dedi.
Dedi də, etdi də. Bu hadisədən sonra sinfin nümayəndəsi Mustafa Kamal oldu.
Mustafa Kamal hərbi məktəbi əla qiymətlərlə bitirdikdən sonra üç yoldaşı ilə birlikdə Manastır İdadisinə5 yollandı. Bu, hərbi lisey idi.
Özü liseydə keçirdiyi ilk zamanlar haqqında belə danışırdı: "Riyaziyyat mənə çox asan gəlirdi. Özümü bu dərsə elə qapdırmışdım ki… Ancaq fransız dilindən geri qalırdım. Bilirdim ki, bunun öhdəsindən mütləq gəlmək lazımdır. İlk üç aylıq tətili keçirmək üçün Selanikə gəldiyim zaman gizlicə fransız məktəbinin xüsusi sinfinə yazıldım. Və orada oxumağa başladım. Fransız dilində öyrəndiklərim dil bacarıqlarımın inkişaf etməsinə səbəb oldu. Amma o günə qədər ədəbiyyatla ümumiyyətlə, heç maraqlanmamışdım.
Bu aralarda Bursa İdadisindən qovularaq bizim məktəbə gələn və şeir həvəskarı olan bir gənclə tanış oldum. Rəhmətlik Ömər Naci ilə. O məndən oxumaq üçün bir kitab istədi. Amma verdiklərimin heç birini bəyənmədi. Bu, bir az qüruruma toxundu. O zamana kimi mən, ümumiyyətlə, ədəbiyyat deyə bir şey olduğunun fərqinə belə varmamışdım. Ədəbiyyatın nə olduğunu məhz o zaman öyrəndim. Sonra şeirə maraq göstərməyə başladım. Təkcə şeir oxumur, həm də yazırdım. Ancaq bir gün bu marağımı görən, məktəbimizə yeni gəlmiş nitq mədəniyyəti müəllimi mənə, – “bilirsən ki, belə şeylər səni əsgərlikdən uzaqlaşdırır?" – deyə sual verdi. Bu məni xeyli düşündürdü. Elə o gündən şeir yazmağın daşını birdəfəlik atdım. Ancaq daha şeir yazmasam belə, gözəl yazmaq həvəsi hələ də canımda qalmışdı".
İndi o artıq bir yeniyetmə idi. Ətrafını görə bilən və hər şeyin fərqinə varmağı bacaran yaşa çatmışdı. O zamanlar ölkədə vəziyyət mürəkkəb idi. Serblər və bolqarlar bu torpaqları bizdən almaq istədikləri üçün Manastır dağlarında və kəndlərində silahlı dəstələr yaradaraq tez-tez türk kəndlərinə basqın edirdilər. Mustafa Kamal bütün bunları görürdü. Və təsadüfi deyil ki, ilk dəfə məhz Manastırda olarkən Mustafa Kamalın ürəyində vətən qayğısı baş qaldırdı. O millətin torpaqları və azadlığı üzərində dolaşan təhlükəni artıq dəqiqliyi ilə hiss etməyə başlamışdı.
Min səkkiz yüz doxsan yeddinci ildə Yunan müharibəsi baş qaldırdı. Bu zaman Mustafa Kamal hələ ki Manastır İdadisində oxuyurdu. Səfərbərlik elan edildiyi üçün gənclər əllərində türk bayraqları ilə zurna-davulun sədaları altında cəbhələrə yola düşürdülər. Əsgərliyə çağırılmasalar da, könüllü olaraq gedənlər daha çox idi. Axın-axın Manastırdan keçən əsgər dəstələrini görən uşaqların fərəhdən az qala ürəkləri kökslərinə sığışmırdı. Mustafa Kamal könüllü olaraq getmək istəyənlərdən biri idi. Hətta onların başında dururdu.
Bu fikir beyninə əməlli-başlı yerləşmişdi. Ona görə də bir gecə dostu ilə bərabər məktəbdən qaçmağa qərar verdi. Qarşısına məqsəd qoymuşdu. Yunanlarla döyüşəcəkdi.
Yunan torpaqlarında qoşula biləcəyi hərbi bölük axtararkən gecə vaxtı bir evin qapısının ağzına gəlib çıxdılar. Mustafa Kamal qapını taqqıldatdı.
– Qonaq qəbul edərsinizmi? – deyə soruşdu.
Qapını açan qadın səsini çıxarmadan geri çəkilib astanada dayananlara içəri keçmək üçün yol verdi. Sonra əlində tutduğu lampanı gənclərin üzünə doğru qaldıraraq heyrətlə:
– Mustafa, sən burda neyləyirsən? – deyə soruşdu.
Bu, Selanikdə uzun müddət yaşamış Zübeydə xanımı tanıyan bir bolqar qadını idi. O, tələm-tələsik Mustafanı içəri keçirərək:
– Hara gedirsən? – deyə soruşdu.
Mustafa Kamal:
– Cəbhəyə… Yunanlarla döyüşməyə gedirəm, – dedi.
Qadın uzun müddət öyüd-nəsihət verdikdən sonra onu birtəhər öz fikrindən daşındıra, qərarından döndərə bildi. Beləcə, Mustafa döyüşə getmədən geri qayıtmalı oldu.
Mustafa söz götürməyi sevməyən qürurlu bir uşaq idi. Məhəllədəki küçə oyunlarına tamaşa edər, amma heç vaxt oynayanlara qoşulmazdı. O zamankı dostlarından birinin söylədiyinə görə, bir dəfə qonşu uşaqlar "birdir-bir" adlı oyun oynayırlarmış. Onlar kənarda dayanıb oyuna tamaşa edən Mustafanı da yanlarına çağırırlar.
– Gəl, sən də oyna, – deyirlər.
Mustafa:
– Yaxşı, – desə də, olduğu yerdəcə tərpənmədən dayanır.
O zaman uşaqlar yenidən onu çağıraraq, – "oyna da, əyil, üstündən atılaq", – deyirlər.
Mustafa isə başını bulayaraq bir müddət onları təpədən-dırnağa süzür, sonra da belə cavab verir:
– Mən əyilmərəm. Əgər üstümdən bu şəkildə hoppana bilərsinizsə, buyurun, hoppanın. Amma bilin ki, mən əyilmərəm!
Gəncliyi
Mustafa Kamal Manastır İdadisində üç il qaldı. İmtahanlardan yaxşı qiymətlər aldıqdan sonra Hərbi Məktəbdə təhsilini davam etdirmək üçün İstanbula yola düşdü.
Riyaziyyat yenə də onun ən çox sevdiyi dərslərin başında gəlirdi. İkinci kursa keçəndə isə hərbi dərslərə xüsusi maraq göstərməyə başladı. Daha şeir yazmırdı. Amma hər zaman gözəl yazmaq və gözəl danışmaq istəyirdi. Ona görə də tənəffüs saatlarında yoldaşları ilə natiqlik yarışları tərtib edir, hamını bu yarışlarda iştirak etməyə həvəsləndirirdi. Hansı mövzuda danışılacaqdısa, hamı eyni müddət içərisində söyləyəcəyi fikirləri düşünüb tamamlamalı idi. Bu cür yarışların onun özünə də köməyi vardı. Çünki Mustafa Kamalın sonradan dostları və xalq arasında böyük nüfuz qazanmasında etdiyi əməllər qədər nitqi və gözəl danışıq qabiliyyəti də əhəmiyyətli rol oynayacaqdı.
O zamanlar Sultan Hamidin dövrü idi. Məktəb kitablarından başqa hər cür kitablar, xüsusilə də tarixi və ədəbi əsərlər qadağan edilmişdi. Ancaq məlum məsələdir ki, hər cür qadağalar insanda maraq oyadır. Hamid dövrünün gəncləri, həmçinin də Mustafa Kamal vətən və azadlıq haqda şair və ədiblərin yazdığı əsərləri gizli-gizli oxumağa can atırdılar. Hansı yollarlasa əldə edib oxuyurdular da. Bu cür kitabları oxumaq isə istər-istəməz gənclərdə məmləkət məsələləri ilə maraqlanmaq üçün həvəs oyadırdı. Mustafa Kamal Hərbi Məktəbin ikinci kursunda oxuyarkən belə bir həvəsə tutuldu. Əlinə keçirdiyi qadağan olunmuş kitabları öz otağına çəkildikdən sonra gizli-gizli oxumaqla məşğul idi.
– Bir halda ki, bu qədər gözəl yazan adamları zindana salıblar, kitablarını da qadağan ediblər, deməli, işlər çox pis gedir, – deyə elə hey öz-özünə düşünürdü.
O zamanlar hələ ki, bundan daha böyük düşünə bilməzdi. İstibdad nədir, azadlıq nədir, Türkiyə hansı haldadır, niyə bu vəziyyətə düşüb – bütün bunlar onun dəqiqlik və aydınlıqla başa düşəcəyi məsələlər deyildi.
Bir müddət sonra o, hərbi məktəbdəki imtahanlarını uğurla verərək qərargah siniflərinə keçdi. Dərslərini yaxşı oxumaqla bərabər artıq siyasət məsələlərilə də maraqlanmağa başlamışdı. Ölkənin pis idarə edildiyi haqda müəyyən fikirləri var idi. Bu fikirləri məktəbdəki minlərlə tələbəyə yaymaq məqsədilə əlyazısıyla qəzet çıxarmağa başlamışdı. Hər işi özü görürdü. Qəzeti tələbələr arasında yaya bilmək üçün səmimi yoldaşlarından ibarət kiçik bir komitə də yaratmağa müvəffəq olmuşdu.
Qəzeti əksər hallarda öz əli ilə yazırdı. Bir gün Məktəblər Müfəttişliyi hansı yollasa bu gizli qəzetdən xəbər tutdu. Məktəb müdirini tələbələri sərbəst buraxdığı üçün günahlandıraraq saraya xəbər göndərdi. Xəbərin nəticəsi özünü uzun müddət gözlətmədi. Belə ki, Mustafa Kamal və dostları yenə də qəzet çıxarmaq üçün baytarlıq otaqlarının birində gizlicə toplaşdıqları zaman onları güddürən müdir gözlənilmədən, bir anın içindəcə başlarının üstünü aldı.
Müdir namuslu adam idi. Buna görə də gənc tələbələrinin bada getməsini istəmirdi. İçərini araşdırarkən özünü soyuqqanlı apararaq stolun üstünə düzülmüş yazılara fikir vermədi. Yəni onları görmürmüş kimi davrandı. Sonra da dərsdən kənar işlərlə məşğul olduqları üçün hamısına kiçik cəzalar verməklə məsələni bitmiş elan etdi. Bir müddət keçdi və müdir ümumiyyətlə cəzaları aradan qaldıraraq tələbələrin hamısının günahını bağışladı.
Mustafa Kamal o zamanlar ürəyində olan narahatlığın, duyduğu kədərin səbəbini bu cür anlatmışdı: "O zamanlar İstanbulda, Hərbi Məktəbdə bir əsgər idim. Cəmi iyirmi yaşım vardı. Bu gənc özünü hələ tam şəkildə anlamadığı bir sıra duyğu və düşüncələrə qapdırmışdı. Küskün idi. Üsyankar idi. Kimə və nəyə qarşı küsmüşdü, nəyə üsyan edirdi? Əgər həmin an ondan soruşsaydınız, özü də bu suala dəqiq cavab verə bilməzdi".
Bir gün yoldaşlardan biri ondan soruşdu:
– Sən "qalx" əmri veriləndə heç cür yuxudan ayıla bilmirsən. Növbətçi əsgər çarpayını silkələməyincə, ayağa qalxmaq istəmirsən. Nə olub axı sənə?
Gənc əsgər dedi:
– Axı mən yatağa girdikdən sonra sizin kimi o dəqiqə dərin yuxuya dalmıram… Gözümə səhərə qədər yuxu getmir. Elə yenicə yuxulamaq istəyirəm ki, bir də görürəm, oyanmaq əmri verilir.
Həmin günlərdə hərbi müəllimlərdən biri gözlənilmədən sinifdəki tələbələrlə bir məsələ haqqında danışmağa başladı:
– Müharibənin nə olduğunu artıq bilirsiniz. Ancaq bir də "partizanlıq" deyilən bir şey var ki, bu, qətiyyən asan yol deyildir. Partizanlıq döyüşü aparmaq da, bu döyüşü yatırmaq da çox çətin məsələdir.
Sonra misal göstərə-göstərə tələbələri bir-bir imtahana çəkməyə başladı:
– Məsələn, belə fikirləşin: Osmanlı İmperatorluğunun dövlət mərkəzi İstanbuldur. Təsəvvür edin ki, hansısa səbəbdən Boğaziçinin şərq sahili ilə İzmir körfəzi arasında xalq dövlətə qarşı üsyan qaldırıb. Özləri də partizan dəstəsi yaradıblar. İndi sual verirəm: sizcə, xalq belə bir üsyanı nə üçün qaldıra bilərdi? Və ən əsas məsələ: dövlət belə bir üsyan qalxarsa, öz ordusu ilə onu necə yatıra bilər?
Bu sualların ən gözəl cavablarını başqa biri deyil, həmin o yatmayan uşaq, yəni Mustafa Kamal verdi. Çünki ağlı da, fikri də çox vaxt belə məsələlərə ilişib qalır, dayanmadan bu barədə düşünürdü.
Bu elə bir dönəm idi ki, Mustafa Kamal padşahı da, rejimi də artıq sərbəst şəkildə tənqid etməyə başlamışdı. Düzdür, o bu şirin və cəlbedici söhbətləri ancaq hörmət etdiyi və onun hörmətini qazanan dostları arasında, bir də özünə qəlbən bağladığı tələbələrlə edirdi. Amma bununla belə, aradabir onların içində də Mustafa Kamaldan məktəb idarəsinə şikayət edənlər tapılırdı. Beləliklə də o, yalnız bir-iki dəfə həbs cəzası alaraq məktəb həyatını tamamlamağı bacardı.
Mustafa Kamal min doqquz yüz dördüncü ilin dekabr ayında kurmay yüzbaşı6 rütbəsi ilə Hərbi Məktəbdən məzun oldu. Bir neçə yoldaşı ilə birləşərək İstanbulda ev tutdular. Hərbi Məktəbdən tanıdığı və inandığı başqa dostları da vardı. Onlar arada bir yerə yığışır və artıq ən az hərbi iş qədər maraqlarını çəkən siyasətlə bağlı söhbətlər edirdilər.
Elə bu ərəfələrdə əsgərlikdən qovulmuş köhnə bir tanışı Mustafa Kamalla görüşməyə gəldi. Mustafa Kamal yaşamağa yeri, dolanmağa pulu olmayan bu zavallını özlərinin tutduqları evə gətirmək məcburiyyətində qaldı. Dostları ilə birləşərək ona da baxmağa başladılar. Amma, sən demə, həmin bu keçmiş zabit saray xəfiyyələrindən biri imiş. Mustafa Kamal ilə dostlarının harada və necə toplandıqlarını, nə barədə danışdıqlarını, onların etdiyi bütün bu yaxşılıqlara baxmayaraq, saraya xəbər verdi. Beləcə, çox keçmədi ki, hamısını həbs etdilər.
Düzdür, əvvəlcə Mustafa Kamalı təkbaşına həbs etmişdilər. Bir müddət saxlayıb buraxdılar. Sonra təkrar tu-tub padşahın sarayındakı mabeyin7 dairəsinə götürüb istintaqa çəkdilər. Bu sorğu-sual bir neçə gün davam etdi. Uzun-uzadı çək-çeviri bitirib hamısını azadlığa buraxdılar. Amma yüzbaşı Mustafa Kamal bəzi yoldaşları ilə birlikdə min doqquz yüz dördüncü ilin mart ayında Şamdakı orduya sürgün edildi.
Şam o zamanlar Beşinci Ordunun mərkəzi idi. Sürgün kağızında hara göndərildiyi ilə bağlı məlumatdan başqa, "bir yol tapıb dönə bilməyəcəyi bölgəyə göndərmək", – kimi maraqlı bir qeyd də edilmişdi.
Şama getmək Mustafa Kamalın əsgərlik və inqilabçılıq fəaliyyətində böyük rol oynadı. Orada onun əsas işi piyada dəstəsindəki əsgərlərin təlimi ilə məşğul olmaq idi.
Çünki komandir o zamanlar "alaylı" adlandırılan təhsil görməmiş zabitlərdən biriydi.
Mustafa Kamal öz işinə aşiq insan olduğu üçün bütün vaxtını vəzifəsinə həsr edirdi. Onun tez bir zamanda dəstəsinin təlimində qazandığı uğur Şamdakı böyüklü-kiçikli bütün zabitlər arasında tanınmasına səbəb oldu.
Havran Suriya vilayətinin bir bölgəsi idi. Bu bölgədəki dürzilər8 tez-tez dövlətə qarşı üsyan edirdilər. Yüzbaşı Mustafa Kamal yoldaşları ilə bərabər buradakı üsyanları yatırmaq üçün təşkil olunan əməliyyatlara qatılaraq silahlı qarşıdurmalarda ilk təcrübəsini qazanacaqdı. Əlbəttə, hədəfə dəqiq vurmaq üçün mütləq çalışması, bu işdə də uğur qazanması lazım idi.
Onu da deyim ki, bu cür üsyanlar bəzi adamlar üçün soyğunçuluq etməyə yaxşı fürsət verirdi. Yüzbaşı Mustafa Kamal da bunu başa düşmüşdü. O anlamışdı ki, Havranda tez-tez aranın qarışmasını arzulayanlar və bu gedişatı hazırlayanlar var. Və onlar asan yolla pul qazanmaq istəyən araqarışdıran soyğunçulardır.
Mustafa Kamal bir gün həmin əraziyə dəstə göndəriləcəyi xəbərini aldı. O zamanlar ikiotaqlı kiçik bir evdə yaşayırdı. Axşamüstü zabit yoldaşı Mustafanın evinə gələrək bu xəbəri ona çatdırdı:
– Xəbərin varmı, sən də getmək üzrəsən?
– Kim gedir, hara?
– Bizim təcrübə keçdiyimiz alay Havrana yola düşür də. Bilmirsən məgər?
– Bu necə olur axı? Niyə mənim bundan xəbərim yoxdur?!.
– Hə, gedirik, özü də bu axşam.
Xəbəri alar-almaz yüzbaşı Mustafa Kamal tələm-tələsik atına mindi, çaparaq əvvəlcə təcrübə keçdiyi Otuzuncu Atlı Alayının komandirinin yanına yollandı.
– Eşitdim ki, alayım əmr aldığı üçün Havrana yola düşür. Bildiyiniz kimi, alayda rota komandiriyəm. Məgər hamı ilə birlikdə mənim də getməyim lazım deyilmi? – deyə soruşdu.
– Siz hələ ki təcrübə keçirsiniz. Rotanın əsl komandiri başqa adamdır. Həm də siz təlimçisiniz, bunu yaddan çıxarmayın. Yəni… Bu o deməkdir ki, belə əməliyyatlarda iştirak edə bilməzsiniz. Ona görə də mən özüm bilərəkdən sizin narahat edilməyinizi istəmədim. Maaşınızı onsuz da alacaqsınız. Bundan əmin olun.
Mustafa Kamal bu görüşdən sonra ordu marşalının yanına yollandı. Ona alay komandirindən şikayət etmək istəyirdi. Marşal isə bir əsgərin onun yanına gələcək qədər həyasız olduğuna heyrətlənərək onunla heç görüşmədi də.
Mustafa Kamal bundan qəzəbləndi. Bir az düşündü və öz-özünə:
– Mən onsuz da bu döyüşə gedəcəyəm, – dedi və öz alayına qoşularaq yola düşdü.
Dəstələr həmin gün son adamına qədər Şəms Kində qurulmuş ordugahda yerləşdirildi. Ancaq Mustafa Kamal və onun özü ilə bərabər apardığı təcrübə keçən yoldaşları çöldə qaldılar. Nəhayət ki, bir qədər keçdikdən sonra hansısa zabitin çadırında onlara da yer tapmaq mümkün oldu.
Bu ərəfələrdə Havranda öz vəzifəsini icra edəcək olanlardan təcrübəli bir zabit ona yaxınlaşaraq dedi:
– Görərsiniz, sizə komandirlik verməyəcəklər. Bunun da səbəbi var. Mən bura xüsusi tapşırıqla gəlmişəm. Əgər heç kimə söyləməyəcəyinizə şərəf sözü versəniz, sizin də bizimlə bərabər olmağınıza icazə verərəm.
Mustafa Kamal heç olmasa nə baş verdiyini öyrənə bilmək üçün həmin adama söz verdi. Və elə həmin günün səhərisi anladı ki, Havran bir neçə bölgəyə ayrılıb. Hər bölgəyə fərqli dəstələr soxulub. Bu dəstələrin hər birinin də vəzifəsi yalnız xalqı soymaqdan ibarətdir.
Mustafa Kamal onu da öyrəndi ki, adətən Havran xalqı bu cür soyğunlardan ya bir-iki gümüş məcidiyyə9, ya da bir-iki qızıl pul verərək özünü qurtara bilir.
O zamanlar Havranda olan zabitlər də öz aralarında iki yerə bölünmüşdülər: insanları soymaq üçün birləşənlərə, bir də xalqa qarşı edilən zülümlərə üsyan etmək üçün birləşənlərə. Mustafa Kamal ikincilərin başında dururdu.
Mustafa Kamal çərkəzlərin yaşadığı Kunaytıranın yaxınlığında yerləşən ordugahda qalırdı. Bir gün belə bir xəbər gəldi ki, guya asilər ordugaha hücum edib hamını öldürəcəklər. Məlumat doğru idimi, yoxsa oranın xalqını soymaq üçün bəhanə kimi istifadə olunacaqdımı – bunu heç kəs bilmirdi. Mustafa Kamal bir anın içindəcə dərhal qərar verdi. Bir yoldaşını, bir də əmrlərini icra edən əsgərini götürərək qərbə tərəf yola çıxdı.
Aralıqda yerləşən bir təpənin düz yanına qədər gəlib çıxdılar. Mustafa Kamal təpənin başına qalxaraq diqqətlə ətrafı nəzərdən keçirdi. Gecə vaxtı basqın etməyə hazırlaşan bir dəstə adamın olduğunu gördü. Elə bu məqamda qarşı tərəfdəkilər də Mustafa Kamalı görüb atlı qüvvələrlə hücuma keçməyə başladılar. Mustafa Kamal halını pozmadan soyuqqanlı şəkildə yoldaşına söylədi:
– Atına mln, ardımca gəl!
Hücum edən dəstəni çaşdıran ziqzaqlı yollar cızaraq atını düz qərargaha doğru dördnala çapmağa başladı.
Mustafa Kamal ordugaha çatan kimi düşmənin vəziyyətini burdakı hərbi rəhbərliyə izah etdi. Az bir zamanda nüfuz qazandığı üçün artıq onun sözünü dinləməyə başlamışdılar. Buna görə də dediklərini nəzərə alaraq tez bir zamanda tədbir gördülər. Beləcə, hər şey həll olundu və basqın baş tutmadı.
Bir gün də o, yanında əsgər götürərək Kunaytıranın şərqində bir kəndə yollanmışdı. Çərkəzlər onu da, yanındakıları da soyğunçulardan hesab edərək yaxşı qarşılamadılar. Amma bir qədər sonra – söhbət əsnasında anladılar ki, bu adamlar onların dərdlərini dinləməyə, əllərindən gələn köməyi etməyə gəliblər. Buna görə də dərhal öz aralarında razılığa gəldilər. Hətta içlərindən biri – kəndin ağsaqqalı irəli çıxaraq dedi:
– Siz nə desəniz, canla-başla əməl etməyə hazırıq. Ancaq bizi ayaqlar altına salıb əzən dövlətin dediklərinə əməl etməyəcəyik! Bunu da bilin!
Bir gün də belə bir hadisə baş verdi. Kəndlilər kəndə hücum edən bir osmanlı zabiti ilə onun dəstəsini mühasirəyə alıb tutmuşdular. Hətta artıq öldürmək üzrə idilər. Mustafa Kamal bir az arxada olsa da, özünü vaxtında çatdıra bildi. Kəndlilər onu görən kimi tez ətrafına toplaşdılar, doğma adamları tək salamladılar. Onun xatirinə kolağasının10 da günahından keçdilər, əl-qolunu açaraq azad buraxdılar.
Bir dəfə də kıta11 başında olanlar xeyli pul yığmışdılar. Hətta toplanan qənimətdən Mustafa Kamala da bir az vermək istəyirdilər. Ancaq o heç cür bu işə razılıq vermirdi. Çünki onun üçün ya gələcəyə şərəfli addımlarla irəliləmək vardı, ya da o yaşda pul və asan qazanc üçün ləkələnmək. O tərəddüd etmədən birinci yolu seçmişdi. Həm də bilirdi ki, şəxsi mənfəəti uğrunda alçalan insanlardan heç vaxt Böyük İnsan ola bilməz. Buna görə də Mustafa Kamal qərarını vermişdi. Hətta öz payını alıb-almamağa tərəddüd edən bir yoldaşına da bu sözləri dediyi məlumdur:
– Bu günün adamı olmaq istəyirsən, yoxsa sabahın?
– Əlbəttə ki, sabahın adamı olmaq istəyirəm.
– O zaman əlbəttə ki, qənimətdən pay almayacaqsan. Buna şübhən belə olmasın. Mən də almadım, heç ala bilmərəm də.
O zaman Mustafa Kamal alaydakılara da bu sözləri demişdi:
– Dostlar, mən namuslu əsgərəm. Mənimlə dost, məsləkdaş olmaq istəyənlər də mütləq namuslu olmalıdırlar.
Yenə də bir gün ərazidə üsyan qalxmışdı. Amma sonra öz-özünə yatdı. Bu hadisə ilə bağlı lovğalana-lovğalana "zəfər havası" yaratmaq istəyən jandarm komandirinə Mustafa Kamal belə dedi:
– Siz bilirsiniz də yəqin ki… Onları biz qovmadıq, özləri getdilər.
Bu sözləri eşidərək qəzəblənən jandarm komandiri ona cavab olaraq:
– Sən hələ ki cahilsən, o səbəbdən də padşahımızın kim olduğunu bilmirsən, gücünü anlamamısan, – dedi.
Mustafa Kamal isə cavabında ona:
– Mən cahil ola bilərəm. Ancaq padşahımız gərək cahil olmasın. Və sizin kimilərin də nə olduqlarını anlasın, – deyə cavab verdi.
Bax, məhz belə hadisələr bütün diqqətləri Mustafa Kamala cəlb edirdi. Bu hadisələr ona hələ o zamanlar işığına baxaraq yol gedə biləcəyimiz ulduz parlaqlığı bəxş etməkdə idi.
Azadlıq volunda
Şam şəhəri lap keçmiş dövrlərdən bəri əxlaqsızlıq və fitnə-fəsad yuvası kimi tanınırdı. Bazarı hiylə ilə işləyirdi. Alqı-satqıda içində yalan olmayan bircə söz belə eşidilməzdi. Müsəlmanlığın nə qədər haram buyurduğu şey vardısa, hamısı bu şəhərdə edilərdi. Hər addımda günahkarlarla qarşılaşardın. Günah işləməyən bir adam belə tapmazdın. Ancaq bir şey də vardı ki, ikiüzlü softalar12 xalqı xurafatın təsiri altında tutmağı bacarırdılar. Şəriət məhkəmələrində rüşvətlə iş aparan, haqlını haqsız, haqsızı haqlı çıxaran softaların xarici görünüşündəki sofuluqlarından13 da heç olmazdı.
Burada həyatın bütün ləzzətləri yasaq idi. Qadınlar qapqara örtük və çarşabları ilə qapanmış olsalar belə, yenə də küçə və bazarlara çıxa bilməzdilər. Musiqi qadağan edilmişdi. İçki içilməsi yasaq idi. Amma bununla belə, gizli-gizli təşkil olunan hər cürə eyş-işrət və əyləncə məclisləri evlərdən əskik olmazdı.
Makedoniyada da yaxşı yaşayan, dünya nemətlərini dadmağı bacaran xristianları görən Mustafa Kamal millətin ikiüzlü softalar əlində belə vicdan köləliyi altında əzildiyini anlayaraq yanıb-tökülürdü. Türkiyə müsəlman olmayanlar üçün cənnətin zövqü, müsəlman olanlar üçün isə cəhənnəmin əzabları ilə dolu idi.
Axşama qədər vəzifəsinin başında olduqdan, əsgərlərinin təlimi ilə əlləşdikdən sonra Mustafa Kamalın kədər dolu evinə dönməkdən başqa yolu qalmazdı. Bu həyat ona əylənmək və dincəlmək üçün heç bir şey vermirdi. Amma günlərin bir günü küçələrin birindən keçərkən onun qulağına musiqi və mahnı sədaları gəldi. Diqqətlə dinlədi. Sonra səslərin gəldiyi yerə tərəf üz tutdu. Bura pəncərəsi kağızlarla tutulmuş, içərisi isə görünməyən bir qəhvəxana idi.
Mustafa Kamal yavaşca qapını aralayaraq içəri boylandı. Hicaz dəmiryolunda çalışan italyan işçiləri öz qadınları ilə birlikdə bura toplaşmışdılar. Yeyir, içir, çalğı çalır və birlikdə rəqs edirdilər. Qürurlu osmanlı zabiti bir müddət yadelli işçilərin bu xoşbəxtliyinə qibtə ilə tamaşa etdi. Amma içəri keçmədi. Çünki zabit şərəfi onun üçün hər şeydən uca idi. Ona görə də hərbi geyimlə içəri keçməyi düzgün saymadı. Ancaq səhəri gün bir işçi paltarı satın aldı və işdən geri qayıdarkən kafeyə girib italyan işçilərinin arasına qatıldı.
Dindən istifadə edərək milləti öz pəncəsi altında saxlayan və əzən ikiüzlü softaların canfəşanlığı onu ən az zülm və rüşvət üzərində qurulmuş dövlət idarəsi qədər kədərləndirirdi. Onun fikrincə, millət bu iki istibdaddan da qurtulmalı idi. Onun dəqiq bildiyi şey yalnızca bu idi. Bunun yolu isə rejimdən qurtulmaqda, azadlığa qovuşmaqda idi. Öz məqsədinə çatmaq üçün Mustafa Kamal bir tərəfdən zabit vəzifəsini icra etsə də, digər tərəfdən siyasi təlqinlərə və mücadiləyə başlamaq qərarına gəldi.
Bir gün üç zabit birlikdə Şamın Hamdiyyə bazarına çıxmışdılar. Onlardan biri Mustafa Kamal idi. Biri də Havran hadisələrinə rəhbərlik edən komandir. Mustafa Kamal yoldaşının əynində uzunboğaz çəkmə ilə geyinməli olduğu şalvar, amma ayağında adi ayaqqabılar olduğunu gördü. O, paltar səliqəsi məsələsində və təmizliyində adətən çox diqqətli idi. Buna görə də səbəbini yoldaşından soruşdu.
Yoldaşı:
– Başqa şalvarım qalmamışdı, ona görə bunu geyinməli oldum, – dedi.
Mustafa Kamal hər şeyi anladı. Bu zabit oğurluq etməyən, insanları soymayan zabitlərdən idi.
Onlar söhbət edə-edə içinə ancaq iki-üç adamın güclə sığışa biləcəyi bir dükanın qarşısına gəlib çatdılar. Dükandan başmaqlı bir nəfər çıxaraq ədəb-ərkanla salamlaşdı və onlara qarşıdakı skamyalarda oturub gözləməyi təklif etdi.
İçəridəkilər türkcə danışırdılar. Bir qədər gözlədikdən sonra Mustafa Kamal maraqlanaraq dükanın içinə girdi. O, burada nə baş verdiyini bilmək istəyirdi. Ətrafa göz gəzdirdikdə gördü ki, rəflərdə bir az həfif əşyalar düzülüb, ortadakı stolun üstündə isə fransızca fəlsəfə, sosiologiya və tibblə bağlı kitablar var!
Mustafa Kamal bu kitabları bir az vərəqlədikdən sonra maraq içində dükan sahibindən soruşdu:
– Siz tacirsiniz, filosofsunuz, yoxsa həkim?
– Əslində, tacirəm. Bu kitablar isə köhnədən qalmadır. Bura düzmüşəm ki, unutmamaq üçün aradabir oxuyum.
Söhbət əsnasında Mustafa Kamal öyrəndi ki, bu tacir məktəbdə təhsil aldığı zaman azadlıqla bağlı siyasi ədəbiyyat oxuduğu və təşviqat apardığı üçün qovulub və Şama sürgün edilib.
Tacir onun çox diqqətini çəkmişdi. Ona görə də bir gecə Mustafa Kamal üç dostu ilə birlikdə onun evinə yollandı. Ev Şamın qaranlıq bir dalanında yerləşirdi. Ev sahibi əlində neft lampası onları qapının ağzında qarşıladı. "Buyurun", – deyib içəri keçirdi.
İçəridə danışmağa başladılar. Tacir söhbət əsnasında tez-tez belə deyirdi:
– İnqilab etmək lazımdır! İnqilab etmək lazımdır! Mütləq inqilab etmək lazımdır!
Bir qədər söhbət etdikdən sonra ev sahibi daha da açılışaraq bunları danışdı:
– Mən tibb fakültəsinin sonuncu kursunda oxuyarkən bu işin ardınca düşdüyüm üçün həbs edildim, sonra da bura sürgünə göndərildim. Amma burada da, orada da çox dəyərli yoldaşlarımız var. Yəni inqilab edə bilərik. Daha doğrusu, inqilab etməliyik!
Ora gələnlərdən Mustafa Kamal da, o biri də təklifi dərhal, həm də bu barədə çox düşünmədən qəbul etdilər. Ancaq aralarından biri:
– Mən arvad-uşaq sahibiyəm, sizinlə bərabər olaram, ancaq məndən çox şey gözləməyin, – deyə yaxasını kənara çəkdi.
Mustafa Kamal bunu eşidən kimi həmin zabitə dedi:
– Əgər elədirsə, o zaman siz qalxın, gedin.
Bundan sonra orada qalanlar dayanmadan inqilabdan və inqilab yolunda ölməkdən danışdılar. Mustafa Kamal isə "ölmək" sözünü eşidərkən onlara bu cür cavab verdi:
– Məsələ ölməkdə deyil, ölmədən ideyalarımızı yaratmaqda, qurmaqda və yerləşdirməkdədir.
Beləcə, min doqquz yüz yeddinci ilin bir gecəsi Şamda, həkimin evində gizli cəmiyyət quruldu. Bu cəmiyyətə "Vətən və hürriyyət" adı qoyulmuşdu.
Artıq Mustafa Kamal təkcə hərbçi deyildi. Bir tərəfdən əsgər, bir tərəfdən də "Vətən və hürriyyət" cəmiyyətinin lideri idi. Bundan sonra hara gedirdisə getsin, özlərinə yeni həmfikirlər, yeni yaranan cəmiyyətə isə tərəfdaşlar toplamağa çalışırdı.
İlk şöbələrdən birini yenə də təcrübə üçün üz tutduğu Yafada yaratdı. Artıq bu atəş onun bütün qəlbini bürümüşdü. Arzularını, fikirlərini reallaşdırmaq üçün fürsət axtarırdı. Doğulduğu, böyüdüyü yer Selanik idi. Tanıdığı, ürək qızdırdığı adamların da əksəriyyəti orada yaşayırdı. Fikirləşirdi ki, gizlicə ora getmək lazımdır. Buna artıq özlüyündə qərar vermişdi. Yafadakı yoldaşları ilə belə razılaşmışdılar ki, onun yoxluğunu hiss etdirməyəcək, bacardıqları kimi onu qoruyacaqdılar.
Qərar verdiyi kimi, əvvəlcə Misirə getdi. Oradan paraxod ilə Pireyə keçdi və Selanikdəki dostlarından birinə onu qarşılaması üçün teleqram vurdu. Sonra da bir yunan paraxodu ilə Selanikə gəldi. Teleqramını alan dostlarının və tanışlarının köməyi ilə yoxlama məntəqələrini adlayaraq nəhayət ki, quruya çıxa bildi.
Əvvəlcə birbaşa evlərinə yollandı. Ana-oğul həsrət içində qucaqlaşdılar. Bir-birilərinə elə bərk-bərk sarıldılar ki, neçə vaxtdır duymadıqları qoxularını doya-doya ciyərlərinə çəkə bilsinlər. Hər zaman ancaq yaxşı şeylər haqqında düşünən ana bu vəziyyətdən şübhələnmişdi. Ona görə də maraq və nigaranlıqla soruşdu:
– Bura gəlməyə necə cəsarət etdin, oğlum? Həm də necə gəldin? Belə edəndə padşahımızın əmrindən çıxmış olmazsan ki?
– Narahat olma, ana, mən bura gəlməliydim. Başqa yolum yox idi. Ona görə də gəldim. Padşahımızın kim olduğunu isə indi olmasa da, mütləq bu yaxınlarda görəcəksən.
O zamanlar ordu içində istibdad idarəsinə qarşı narazılığın yetərincə genişləndiyi vaxtlar idi. Mustafa Kamal bunu bilirdi. Elə bundan da istifadə etmək fikrində idi. Amma hələlik bir müddət evindən çıxmamaq qərarına gəldi. Belə lazım idi. Onun üçün də Selanikə gəlişini heç kim hiss etməmişdi.
Mustafa Kamal hələ Şamda olarkən Selanikdəki paşalardan biri ilə gizlicə məktublaşırdı. Onun timsalında özünə inqilabçı dost tapacağına ümid edirdi. Hər halda, onun belə bir insan olduğunu söyləmişdilər. Ona görə də bir gecə Mustafa Kamal gizlicə evdən çıxaraq onun evinə yollandı.
Amma paşanın yanına çıxa bilmək üçün bir az əziyyət çəkməli oldu. Çünki gecə vaxtı gələn qonağı içəri buraxmaq istəmirdilər. Bir az çək-çevirdən sonra, nəhayət, ki içəri keçə bildi. Söhbətə başlar-başlamaz özü haqqında məlumat verdi, özünü xatırlatmağa çalışdı.
– Paşam. Mən sizə Suriyadan tez-tez məktub yazırdım. Xatirinizdədirsə, o məktublarda inqilaba təşəbbüs etdiyimizdən söz açmışdım. Sizin bu sahədə böyük xidmətlərinizin ola biləcəyini düşünürdüm. Halbuki indi məndən çəkindiyinizi görürəm. Hər halda, bir dəfə də yanınıza gəlmək istədim. Siz nə təklif edirsiniz? İndi mən neyləməliyəm?
Paşa narahatlıq içərisində dilləndi:
– Mən heç nə edə bilmərəm. Ancaq bil ki, sənin etdiyin bu işə müsbət yanaşıram. Yeganə xahişim budur ki, çalış məni bu məsələyə qatma. Məni oda salma!
Mustafa Kamal paşanın adını hallandırmayacağına, bu məsələlərə qatmayacağına söz verdi, amma bir az incimiş halda evinə qayıtdı. Həmin gecə sabaha qədər gözünə yuxu getmədi. Nə edəcəyini, necə davranacağını bilmirdi. Ən əsası da odur ki, işə hardan və necə başlayacağı haqda təsəvvürü belə yox idi. Dayanmadan elə bu haqda düşünürdü.
Bütün gecəni yatmadı. Səhər açılar-açılmaz isə qərarını verdi. Zabit paltarını geyinərək Ordu Dairəsinin qarşısına yollandı və orada yaxından tanıdığı bir polkovnikin gəlməsini gözlədi. Çox gözləməli olmadı. Polkovnik uzaqdan göründü. Gəldiyini görən kimi, Mustafa Kamal onun qarşısını kəsib soruşdu:
– Məni tanıdınızmı?
Polkovnik zəndlə onu süzüb:
– Tanıya bilmədim, oğlum, – dedi.
Mustafa Kamal özünü təqdim etdi:
– Mən Selanikdə əsgər məktəbində oxuyarkən bir neçə dəfə yoxlamaya gəlmişdiniz. Yadınızdadır, hərbi məktəbi bitirdikdən sonra İstanbulda Kuleli İdadisinə girmək istəyirdim, amma siz buna razılıq vermədiniz. "Manastırda daha yaxşı yetişə bilərsən", – dediniz. Sonra da məni Manastır İdadisinə göndərdiniz. İndi xatırladınızmı?
Polkovnik hafizəsini bir az qurdaladıqdan sonra nəhayət ki, onu tanıdı. Mustafa Kamal bundan sonra sözünə belə davam etdi:
– Sizin dediyiniz kimi də oldu. Mən həqiqətən də orada daha yaxşı yetişə bildim. Ancaq indi bir fəlakətlə burun-burunayam. Sizi namuslu adam kimi tanıdığım üçün hər şeyi olduğu kimi danışacaq, dərdimi necə varsa, eləcə də deyəcəyəm.
Mustafa Kamal polkovnik ilə içəri keçdi. Onun otağına gəldikdən sonra Yafadan necə qaçdığını, məqsədinin nə olduğunu danışdı. Özü də heç bir şeyi, hətta inqilab etmək istəyini belə gizlətmədən…
Polkovnik onun danışdıqlarını dinlədikdən sonra dedi:
– Sən buraya hər şeyi yıxıb, darmadağın edib gəlmisən ki?!.
Sonra da əlavə etdi:
– İndi mən sənin üçün neyləyə bilərəm, oğlum, söylə.
– Mənim məmləkət üçün fayda verəcək hala gəldiyimi yəqin ki, özünüz də görürsünüz. Amma indi, bu an mənə kömək etməsəniz, məsləyim də, həyatım da təhlükə altında qalacaq.
Polkovnik ölkədəki gedişatın yaxşı olmadığını anlayan və inqilabın baş verməsini arzulayan vətənsevər insanlardan biri idi. Ona görə də Mustafa Kamala dedi:
– Marşallığa bir ərizə yazın. Xəstə olduğunuzu bildirərək hava dəyişimi ilə əlaqədar yerinizin dəyişdirilməsini istədiyinizi söyləyin. Ancaq altından yalnız "Yüzbaşı Mustafa Kamal" imzasını qoyun. Ərizəniz əvvəlcə Səhiyyə İdarəsinə göndəriləcək, mən də o zamana kimi səhiyyənin rəisini görəcəyəm. Danışaram onunla… Görək də… neyləyə bilirik.
Beləcə Mustafa Kamal Selanikdə qaldığı müddətcə dörd aylıq xəstəlik kağızı almağa müəssər oldu.
Artıq gizlənməyə ehtiyac yox idi. O, sərbəst şəkildə hər yerə gedib-gələ bilir, müxtəlif insanlarla görüşürdü. Bu fürsətdən də istifadə edərək cidd-cəhdlə məqsədinə çatmaq üçün çalışırdı.
O zamanlar mərkəzi Parisdə yerləşən "İttihad və tərəqqi" cəmiyyəti "Məşrutiyət" adlı qəzet çıxarır, gizli yollarla müxtəlif bölgələrə adamlar göndərərək ölkə içində təşkilatlanma aparırdı.
İttihadçıların ən çox çalışdıqları və öz ətraflarına xeyli adam topladıqları bölgə Makedoniya, xüsusilə də Selanik idi.
Mustafa Kamal da "Vətən və hürriyyət" cəmiyyətində özlərinə xeyli tərəfdaş toplaya bilmişdi. Adətən cəmiyyətin üzvləri Mustafa Kamalın dostlarından birinin evində yığışırdılar. İlk andiçmə mərasimi də elə bu evdə baş tutmuşdu. Mustafa Kamal silah üzərində and içilməsini təklif etmiş, stolun üstünə bir tapança qoyaraq demişdir:
– Yoldaşlar, biz bu silaha and içirik, burada bir-birimizə verdiyimiz söz inqilab sözüdür. İnqilabın olması üçün isə lazım gəldiyində silahdan da istifadə etməkdən çəkinməyəcəyik.
Ancaq bir məsələ vardı ki, Mustafa Kamalın Yafadan qaçdığını İstanbulda eşitmişdilər. Həm haraya getdiyinin araşdırılması üçün Suriyaya, həm də əgər gəlibsə, həbs olunması üçün Selanikə əmr göndərilmişdi.
O Selanikə gəldiyi zaman hiss olunmadan paraxoddan düşməsinə kömək edən mərkəz komandiri bu barədə eşidən kimi Mustafa Kamala xəbər göndərdi. Mustafa Kamal yenə də gizli şəkildə Selanikdən çıxaraq Yafaya qayıda bildi. O zaman Yafa komandiri Mustafa Kamalın harada olması ilə bağlı ona verilən suala əvvəlcədən razılaşdırıldığı kimi belə cavab vermişdi:
– Mustafa Kamal Misir sərhəddində Birus-Sebi tərəflərə göndərilib. Orada camaat arasında baş qaldıranlar vardı. Yəni vəziyyəti sakitləşdirmək üçün gedib.
Həqiqətən də həmin ərəfələrdə orada bir Akabe problemi çıxmışdı. Sərhəddə vəziyyət pis idi. Mustafa Kamal geri qayıdan kimi tələm-tələsik Yafada arası kəsilmədən haqqında söhbət gedən həmin yerə yollandı və tez bir zamanda unuduldu. Sonra topçuluq təcrübəsi keçmək üçün yenidən Şama qayıtdı. Təcrübə bitən kimi isə kolağası rütbəsi alaraq Beşinci Ordu Qərargah Dairəsinə təyin olundu.
Mustafa Kamal Suriyada təxminən iki il yarım, ya da iki ilə qədər qaldı. Nəhayət, Makedoniyaya göndərilməsi ilə bağlı ərizə yazdı. Min doqquz yüz yeddinci ilin sentyabr ayında onu Üçüncü Orduya təyin etdilər.
Hələ Selanikə gəlib çıxmamışdı, amma Üçüncü Ordu marşallığı artıq ona Manastırda vəzifə ayırmışdı.
Bir dəfə – bu, Mustafa Kamalın Selanikə gəldiyi zaman idi – bir təsadüf nəticəsində o, ordu marşalı ilə eyni zamanda hansısa alayın təftişində iştirak edirdi. Burada marşalın diqqətini çəkdi və mərkəzdə onun daha faydalı ola biləcəyini anlayaraq Selanikə çağırılması qərarını verdilər.
Mustafa Kamal Selanikdə "Vətən və hürriyyət" cəmiyyətinin "İttihad və tərəqqi" yə birləşdirildiyini gördü.
O, bir tərəfdən Ordu Qərargah Dairəsində çalışır, bir tərəfdən də "İttihad və tərəqqi" cəmiyyətinin mərkəzində işləri yoluna qoymaq üçün əlləşirdi.
Bir müddət sonra ordunun bəzi zabitlərinin dağa qalxaraq silahlı dəstələrə qoşulması, Üçüncü Ordunun daxilində baş verən qarışıqlıq, bir tərəfdən də "İttihad və tərəqqi" cəmiyyətinin təhriki və təklifi ilə saraya təhdidlə dolu teleqramların göndərilməsi hadisələrin axarını dəyişdi. Sultan Hamid min doqquz yüz səkkizinci il iyul ayının iyirmi üçündə məşrutə14 elan etmək məcburiyyətində qaldı.
Ücretsiz ön izlemeyi tamamladınız.