Sadece Litres'te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Pənahəli xan», sayfa 2

Yazı tipi:

5

Nadir şahın ordusu Xorasana çatdı. Qoşunlar burada bir neçə gün dayanıb dincələcəkdilər. Çaparlar isə İranın hər yerinə şahın qələbə ilə qayıtdığı xəbərini aparacaq, qalib hökmdarın pişvazına çıxmaq üçün hazırlıqlar görüləcəkdi. Həmçinin Hindistandan gətirilən qiymətli daş-qaş elə Xorasandaca xəzinədara təhvil veriləcəkdi.

Nadir şah isə məiyyəti ilə birlikdə imam Rzanın qəbrini ziyarət eləyib namaz qıldı, çoxlu nəzir verdi. Ziyarətgahdan çıxanda onları yüzlərlə dilənçi əhatə elədi. Nadir şah ucadan dedi:

– Allaha çox şükür ki, dilənçilikdən qurtarmağımıza az qalıb. Uca tanrımız malını yeməyənlərin malını yeyənlərə qismət eləyir. O qədər var-dövlət gətirmişəm ki, hamının qarnı tox olacaq.

Daha sonra şah əmr elədi ki, üç gün boyunca ordugahda hər gün dilənçilərə üç dəfə yemək verilsin. Sonra isə onların hərəsinə bir öküzün və bir xışın pulu ödənsin. Ticarətlə məşğul olmaq istəyənlərə kömək edilsin.

– Bundan sonra bir nəfəri dilənən görsəm dar ağacından asacağam.

Dilənçilər bir ağızdan qışqırdılar:

– İmam Rza köməyin olsun!

– Allah səni bizə köməyə göndərib.

Pənahəli bəy öz adamları ilə dilənçiləri bir yerə topladı və şahın əmrini yerinə yetirməklə məşğul oldu.

Göygöz isə həmin vaxt fikirləşirdi: «Yenə də Pənahəli bəy. Dilənçilərin hesabına xeyli varlanacaq. Bu Nadir şah nə iş görür? Belə getsə, heç xəzinəyə bir tümən də gedib çatmayacaq».

Növbəti üç gün ərzində var-dövlət xəzinəyə təhdvil verildi. Eyni zamanda ordunun payı ayrılıb hər bir əsgərə maaş ödənildi, ölənlərin ailələrinə qan pulu ayrıldı. Məiyyətin payı da sahiblərinə çatdırıldı.

Göygözün fikri-zikri isə Pənahəli bəyin payında idi. Ona Göygözdən çox pay çatmışdı. Bu, Göygözü yandırmaya bilməzdi. Göygözün yeganə təsəllisi o idi ki, Hindistanda özünü yaddan çıxarmamışdı – paltarının astarına xeyli daş-qaş tikmişdi… İndi qalırdı bir yol tapıb Pənahəli bəyi Nadir şahın gözündən salmaq!

Nəhayət, Nadir şahla tək qalanda Göygöz dilini işə saldı.

– Şah sağ olsun, Pənahəli bəydən gözüm su içmir.

– Niyə?

– Allan məni öldürsün, əgər şahımın və şahzadəmin ayağına dəyən daşın mənim başıma dəyməyini istəmirəmsə… Şübhələnirəm, mən nə eləyim? Gözlərini heç vaxt şahzadənin gözlərindən çəkmir.

– Burada pis nə ola bilər ki?

– Sui-qəsd olar, şahım. Əsli-nəcabəti olmayan bir adam bu qədər yüksələndə ondan nə desən çıxar.

Bu sözləri eşidəndə Nadir şahı elə bil ilan çaldı. O, gözünün ağı-qarası olan oğlunu indiyədək gözündən uzağa qoymamışdı. Həmişə özü ilə bərabər səfərlərə aparır, öz yanında oturdur, ondan heç bir sirrini gizlətmirdi. «Qoy dövləti idarə eləməyi öyrənsin».

– Bəli, Pənahəli bəy dayanmadan şahzadənin gözlərinə baxır. Özüm şahid olmuşam. Həm də bir dəfə yox, iki dəfə yox, hər dəfə.

– Necə baxır? Dost kimi, düşmən kimi?

– Şah sağ olsun, mən onun ürəyinə girməmişəm ki, biləm necə baxırdı?! – Göygöz ikiqat əyilib danışdığından Nadir şah onun gözlərini və sifətini görə bilmirdi.

– Sənin Pənahəli bəyə paxıllığın tutur, ona görə belə danışırsan.

– Şah sağ olsun, onu ki mən sizə tərifləmişdim.

Nadir şah bu cavabdan sonra susdu. Şübhələr içində boğulmağa başladı. «Bəlkə də, Şəki xanı ilə sözləşiblər. Aralarındakı ixtilaf da gözə kül üfürmək olub? Bəlkə də, Şəki xanı onu casus kimi yanıma göndərib? Mənə gücləri çatmır, odur ki məni vəliəhddən məhrum eləmək istəyir. İstəyir ki, şahzadənin… Allah eləməsin. Belə pis fikir mənim ağlıma haradan gəlir?»

Şah bu fikirlərdən ayılıb Göygözün üstünə qışqırdı:

– Pənahəli bəyi özün necə tapıb gətiribsənsə, elə də izlə. Bir günahı olsa, səni də onunla bərabər cəzalandıracam. Hər ikinizin də gözlərinizi çıxartdıracam.

Nadir şah seçiləndən hələ heç kimin gözünü çıxartmamışdı. Amma dedisə, eləyəcək. Ağlına gəlibsə, dilindən çıxıbsa, kimsə onu fikrindən daşındıra bilməz.

Göygöz «baş üstə» deyib getmək istəyəndə Nadir şah onu saxladı.

– Sənin rəhmətlik atan Ələmdar kişi ölüb. Ölənə cəhənnəmdə də olsa, rəhmət düşür. Atan mənim xalamın əri idi. Onda mən lap cavan idim, qonşu kəndlə torpaq davası düşmüşdü. Daha doğrusu, otlaq davası. Ölümə, qırğına gəlib çıxmaması üçün şeyxi çağırdıq ki, hər iki tərəfdən ağsaqqallar and içsinlər. Qurana da and içmək çətin işdi. Ələmdar kişi çatan kimi Qurana and içdi ki, bu torpaq bizimdi. Qarşı tərəfin ağsaqqalı da and içmək istədi. Amma gecikdi. Şeyx Ələmdar kişiyə dedi ki, torpaq yox, otlaq de. Ələmdar kişi də fikirləşmədən and içdi ki, bu ot da, otu bitirən torpaq da bizimdi. Beləliklə, torpağı aldı. Sonradan Ələmdar kişidən soruşdular ki, necə ürək eləyib and içdi? O da gülə-gülə dedi: «Çarığımın içinə o yerin torpağından qoymuşdum. Ürəyimə nə gəlmişdisə, bir çəngə də ot qoymuşdum». İndi sən də atanın yolunu getmə. Mənə düzgün söz çatdır. Xalam oğlu olsan da, rəhm eləmərəm, yalan desən kor qalacaqsan.

Göygöz baş əyib getdi. Amma atası barədə Nadir şahın kinayəli sözlərini də unutmadı. «Özü racanın almazını nə fırıldaqla əlindən aldığını yadından çıxarıb deyəsən, indi durub atamı ələ salır».

Göygöz daha sonra Pənahəli bəy haqqında fikirləşməyə başladı. Axı indiyədək onun sədaqətsizliyini görməyib. Yalanının üstü açılsa, Nadir şahın qəzəbindən qurtara bilməyəcək. Bəs onda necə eləsin? Bu fikirlər içində qaldığı yerə gəldi. Köhnə karvansaranın kiçik, qaranlıq hücrəsində taxtın üstündə uzanıb gözlərini şamın hisindən qaralmış tavanın qonur daşlarına dikdi. Özünü göyə daş atmış uşaq kimi hiss eləyirdi. Daş qayıdıb o uşağın başına yarmalı idi. Yaxşı, indi neyləsin ki, daş düşüb onu şikəst eləməsin.

Şahzadənin gözlərinə Pənahəli bəyin diqqətlə baxmağını Göygöz görməmişdi. Əksinə, bunu Pənahəli bəy özü demişdi:

– Şahzadənin çox aydın gözləri var. Lap Koroğlu dastanındakı Rövşənin gözləri kimi, maşallah, sanki qartal gözləridir. Allah onun ömrünü uzun eləsin. Yüz yaşında da gözlərinin işığı azalmasın!

Pənahəli bəyə bu sözləri dedirdən səbəb vardı. O, şahzadəyə baxanda həmişə öz oğlu İbrahim yadına düşürdü. İbrahimin də belə iri, parlaq gözləri vardı. Həm də gör neçə vaxt idi ki, İbrahimdən, öz elindən-obasından xəbəri yox idi. İndi, yəqin ki, yaylaqda olarlar. Bəlkə də, İbrahim bu dəqiqə yoldaşlarına qoşulub şehli çəmənlərdə at çapır, ya da atını bir təpənin üstündə saxlayıb o iri gözlərini aran yollarına dikərək atasının yolunu gözləyir.

6

Göygöz xeyli fikirləşdi. Axırda bu qərara gəldi ki, elə hərəkət etməlidir, nə özü şahın gözündən düşsün, nə də sözü yalana çıxsın. Deyəsən, çıxış yolu tapdı. Karvansaradan çıxıb ordugaha getdi. Allaha şükür eləyib ağızlarında xeyir-dua ilə ordugahdan çıxan dilənçilərin arasından keçdi. Bu zaman ordu yeməkxanasının yanında Pənahəli bəyin dayandığını gördü. Pənahəli bəy nədənsə xeyli dilxor idi.

– Necəsən? – deyə Göygöz soruşdu. – Halın xoşuma gəlmir. Nəsə olub?

Pənahəli bəy Göygözü özünün xeyirxahı bilirdi. Ona görə də ürəyini ona açmağı özünə yüngüllük bildi. Ordugahdan çıxıb aralandılar. Göygöz onu karvansaraya, öz otağına gətirdi.

– Hə, danış görək nə olub?

– Özün bilirsən ki, mən şahımıza təmiz qəlblə xidmət eləmişəm. Tərəkəmədə biclik olmaz.

Göygöz başa düşdü ki, səpdiyi toxum artıq cücərir. Özünü Pənahəli bəyə can yandıran kimi göstərdi.

– De görüm, axı nə olub?

– Şah məndən şübhələnib. Axı mənim nə günahım var?

– Sənə bu sözü kim dedi?

– Dedi də, bir adam. And içmişəm ki, həmin adamın adını heç kimə söyləməyəcəyəm. Şahın mənə nəyə görəsə qəzəbi tutub. İstəyirəm gedəm yanına. Qoy özü hər şeyi yoxlasın, mənim günahım varsa, cəzamı versin, yoxsa, günah kimdədirsə, onda onun cəzasını versin. Hələ Qarabağda olarkən tayfa ağsaqqalımız dedi ki, bala, sən sarayda yaşaya bilməzsən. Nahaq yerə gedirsən. Orada sən baş çıxara bilməzsən. İnanmadım. Dedim, ağsaqqal, Nadiri elliklə hamımız seçmişik. Köhnə saraylardan heç nə qalmayıb. Düz deyirmiş… Durub buradan Nadir şahın yanına gedirəm. Qoy hər şey ortaya çıxsın.

Göygöz sevincini güclə gizlədi. Ayağa qalxıb getməyə hazırlaşan Pənahəli bəyin döşündən itələyib oturtdu.

– Dayan, tələskənlik eləmək özünə ziyandı. Şahların yanında qulluq eləmək, doğrudan da, çətindi. Hindisanda racanın almazını ələ keçirmək üçün qurulan tədbiri Nadir şah hətta vəzirdən də gizlətmiş, bircə səninlə bölüşmüşdü. Elə bilirsən o vəzirin yadından çıxıb? Heç vaxt. Kaş sən o çalmanı kəsib almazı çıxaranda oradakı adamların gözlərinə baxaydın. Hamısı sənə ac canavar kimi baxırdı.

– Mənim günahım nə idi? Şah özü məni bu işə qoşmuşdu.

– Pənahəli bəy, sən çox təmiz adamsan, doğrudan da, sənin yerin saray deyil. Bir az da qalsan səni məhv eləyərlər. Mənim məsləhətimi eşitsən, qayıdarsan öz elinə.

– Mən də bundan ötəri ölmürəm?!

– Hindistan səfərindən yaxşı pay düşüb sənə. Get otur elində-obanda, ürəyin istəyən kimi xərclə. Özü də qəti gecikmə!

– Şahdan icazə almasam gedə bilmərəm.

Göygöz əlini dizinə çırpdı.

– A kişi, mənə də inanmırsan? Mən bilirəm ki, sənin heç bir günahın yoxdur. Əksinə, sən mənim xalam oğlu Nadir şahın ən sədaqətli nökərisən. Ancaq ona günahsız olduğunu necə sübut eləyə bilərsən? Bu mümkünsüz işdir.

– Onda şahın yanına bir yerdə gedək, burada dediklərini orada da de.

– Elə bilirsən ki, Nadir şah mənə inanır?

Göygözü başa düşmək olardı: Pənahəli bəy barəsində şaha yaxşı sözləri necə deyə bilərdi? Şahın qəlbinə şübhə toxumunu elə o özü səpməmişdimi?

– Bəs bu dünyada kimə inanasan? – Pənahəli bəy kədərli halda dilləndi.

– Heç kimə. Nadir şaha hansısa qurdlanmış dillər deyib ki, sən Pənahəli bəyi oğlun kimi sevirsən, o da bundan həvəslənib şahzadəyə qəsd elətdirərək özü vəliəhd olmaq fikrinə düşüb.

Göygöz bunu dedikdə Pənahəli bəyin eşmə bığlarının rəngi dəyişdi, sifəti avazıdı. O danışmaq istədi, amma nə dodaqları aralandı, nə də dili söz tutdu. Pənahəli bəy elə bil yerdən, göy-dən aralandı. Dibi görünməyən dərin bir uçuruma düşdü…

Göygöz Pənahəli bəyin bu halını görüb küncdəki səhəngdən suyu ovcuna alıb onun üzünə çilədi. Pənahəli bəy özünə gəlib dərindən nəfəs aldı. Sonra dedi:

– Yəni mən çörək itirən adamam?

– Səbəbini dedim də. Elə bu gecə, qaş qaralan kimi atını minib aradan çıx. Qalsan aqibətin çox pis olacaq.

– Adını gizlətdiyim adam mənə dedi ki, guya Hindistanda şahdan gizli çoxlu daş-qaş oğurlamışam. Bunu şaha deyiblər, o da inanıb.

– Gördün? İndi hesabını apar. Bircə gün də geciksən, bu iki böhtandan azı birinin qurbanı olacaqsan. Bir az da qalsan, deyəcəklər, Pənahəli bəy şahın kənizlərinə göz dikib…

– Allah sən saxla!

– Mən səni istəyən adamam, bunları da ona görə deyirəm ki, başına pis bir iş gəlməsin. Yadında saxla ki, sarayda şahla çox yaxın olmaq həddindən artıq təhlükəlidir. Saray yalnız şahdan ibarət deyil. Bunun vəziri, vəkili, eşikağası, nə bilim min dənə adamı var. Onların hamısı ilə dil tapmaq lazımdır. Hər addımını ölçüb-biçməlisən. Şah ən qiymətli daşları saxlamağı sənə tapşırmışdı. Elə bilirsən bunu saraydakıların gözləri götürürdü?!

Göygöz bir an susdu. Fikri yayındı. Əllərini əbasının yaxasına atdı. Pənahəli bəyə hiss elətdirmədən yaxa boyu tikdiyi qızıl və daş-qaşları yoxladı. Hamısı yerində idi. Arxayınlaşandan sonra davam etdi:

– Mən harada qalmışdım?

– Daş-qaşlardan danışırdın.

– Hə, sən çoxunun çörəyini kəsmisən. Sarayda nə qədər adam istəyirdi ki, toplanan qənimətin taleyi ona tapşırılsın. Elə biri vəzirin özü… İndi görürsən ki, sən təmizliyinlə kimləri özünə düşmən eləmisən.

– Mən nə biləydim axı…

– Bilmək lazım idi.

– Bəs onda şahın xəzinəsi? Ölkənin mənafeyi?

Göygöz əsəbiləşdi.

– Ay zalım oğlu, sən nə qoyub, nə axtarırsan? O dilənçiləri aparıb yemək verirdin ha, elə bilirsən onların yadında qalacaqsan? Dilənçini dilənçi kimi yaradan Allahdır. Allah bilir nə eləyir.

– Axı Nadir şah ölkəni dilənçilikdən qurtarmaq istəyir.

– Olacağa çarə yoxdur, Pənahəli bəy.

Pənahəli bəy hiss eləyirdi ki, Nadir şahın ətrafına yığılanlar bu Xorasan dilənçilərindən də pisdir. Onların ən yaxşısı Göygözdürsə və hətta o da Nadir şahı başa düşmürsə, işlər xarabdır. Hətta başa düşsə belə, şahın dediyini eləyəsi deyillər. Pənahəli bəy aydın görürdü ki, Nadir şahın ətrafındakılar, əslində, hökmdarın əleyhdarıdırlar, hər addımda öz maraqlarını, mənfəətlərini düşünürlər. Pənahəli bəy kimi Nadir şaha kömək etmək istəyənləri isə gözdən salmaq, aradan götürmək üçün fürsət axtarırlar.

Bəli, Pənahəli bəyin gözləri artıq xeyli açılmış, çox şeyin fərqinə varmağa başlamışdı.

Göygöz qalxıb çıxanda Pənahəli bəy onun bu istidə belə qalın əba geyməyinə təəccübləndi. Şahın xalası oğlu həmin əbadan Hindistanın isti, bürkülü havasında da ayrılmamışdı. Üstəlik, hər dəfə oturub-duranda əbanın ağırlığı aydın hiss olunurdu. Pənahəli bəy yalnız indi başa düşdü ki, Göygözün əynindəki əba deyil, xəzinədir – oğurluq xəzinə!

Birdən ona elə gəldi ki, bu şayiələrdə elə Göygözün də əli var. Niyə buradan çıxıb getməyimi istəyir? Yeri geniş olacaq, daha çox oğurlayacaq. Üstəlik, Pənahəli bəyin yoxluğundan istifadə edib özü Nadir şahın sevimlisinə çevriləcək. «Yox, mən burada qala bilmərəm. Fitnə-fəsad baş alıb gedir. Bir gün başımı əkərlər, oğlum İbrahim heç qəbrimi də tapa bilməz. Yaxşı, bəs bu Göygöz niyə deyir ki, gecə get… O da məlumdur. Yolumu kəsib payıma düşənləri almaq, özümü də qətlə yetirmək istəyir. Yox, bu tərəkəmə balasını bu qədər də sadəlövh və aciz bilməyin. Atam həmişə deyərdi ki, dad göygöz, dişi seyrək, kosa adamdan.... Haradan gəldi çıxdı mənim qabağıma bu Göygöz?» – Pənahəli bəy ürəyində fikirləşdi.

Göygöz tez qayıtdı.

– Günortadı, dedim yemək gətirsinlər.

Bir azdan onlara piti gətirdilər. Süfrəyə göy soğan, buğlanan təndir çörəyi qoydular.

Göygöz dedi:

– Götür, Pənahəli bəy.

Pənahəli bəy piti qabının birini götürüb öz qabağına qoydu. Özünü elə aparmağa başladı ki, Göygözün niyyətindən agah olduğu hiss edilməsin.

Nahardan sonra Göygöz dedi:

– Gün batanda gələrsən bura. Mənim adamlarım var, onlar səni bir neçə mənzil yola salıb qayıdacaqlar. Yoxsa azarsan.

– Çox sağ ol! Sən həmişə mənə kömək olmusan Gedim hazırlaşım.

Pənahəli bəyin bu cavabından Göygöz sakitləşdi.

Göygöz səhər tezdən düşərgəyə gəldi. Nadir şah namaz qılırdı. Namaz bitəndən sonra qəlyanaltı eləyəndə onun yanına getdi. Şahın qarşısında baş əyib dedi:

– Mənim başımı vurdur, şahım, məni asdır. Əmr eləyin lap məni güllə ilə vursunlar.

Nadir şah təəccüblə ona baxdı. İşarə elədi ki, süfrəyə otursun. Onunla zarafat da elədi, çünki səhər-səhər şahın kefi nədənsə xeyli kök idi.

– Hindistan səfərindən sonra Pənahəli bəydən başqa hamınız onsuz da həmin cəzalara layiqsiniz. Orada nə oyunlardan çıxdığınızı bilirəm.

Yenə də Pənahəli bəy. Yenə də bu qarabağlı balası.

Nadir şah ağzındakı tikəni çeynəyib uddu və soruşdu:

– Yaxşı, de görüm nə eləmisən? Adam öldürmüsən?

– Yox.

– Bəs nə olub?

– Sənə sədaqətli kimi gətirdiyim Pənahəli bəy qaçıb.

– Niyə? Necə qaçıb?

– Bilmirəm. Dünəndən yoxdur. Gündüz mənə söylədi ki, kimsə ona deyib, bəs sən Nadir şahın qəzəbinə gəlmisən. Çünki Hindistanda əli təmiz olmamısan. Mən də dedim get şahın özünün yanına. O vaxtdan yoxa çıxıb.

Nadir şah hirsləndi:

– Onu sənin kimi avaralar, böhtançılar qaçırdı. Gördünüz ki, hamınızdan fərasətli, hamınızdan təmiz, hamınızdan da sədaqətlidir. Gözünüz götürmədi. Gözünüz götürmədi ki, Nadir şahın yanında belə bir adam olsun.. Əgər indi onu tapıb gətirməsən, bilirsən sənə nə cəza verəcəyəm? Əvvəl dar ağacından asdırıb yarımcan olanda düşürtdürəcəm yerə. Tüfənglə yaralatdırıb, qılıncla başını bədənindən ayırtdıracağam. Sonra da meyitini yandırdırıb, sür-sümüyünü topa qoydurub atdıracağam.

– Şah sağ olsun, haqlısan. Bir də axı onun barəsində demişdim. Onun ürəyi xain olmasa, qaçmazdı.

Nadir şah süfrədən məcməyini götürüb Göygözün başına çırpdı.

– Mən dedim izləyin. O, təmiz, düz adam olmasa, pisliyini eləməmiş getməzdi. Onun, belə görünür, heç bir günahı yoxdur. Bütün bu işlər sənin o keçəl başının altından çıxır. Get axtar, harada olsa, Pənahəli bəyi tap gətir. Lazım gəlsə, cəzasını özüm verəcəyəm.

7

Pənahəli bəy yol yoldaşı olan Xudaverdi ilə Arazı keçdi. Buradan Qarabağ, Mil düzü başlayırdı. Yay idi, qanqallar qurumuş, yovşan ətri hər yanı başına götürmüşdü.

Pənahəli bəy atdan düşdü. Cilovu əlinə alıb xeyli piyada yeridi. Yovşan iyini acgözlüklə sinəsinə çəkdi. Aslan kişinin dindirməsən dinməyən oğlu Xudaverdi də onun kimi elədi. Xeyli yeridilər.

– Xudaverdi, yovşan iyindən xoşun gəlir?

Xudaverdi dinmədi. O da atası kimi tacir idi və düzlərdə az olmuşdu. Elə beləcə yol gedib, yol gəlmişdi. Onun xoşuna baramanın iyi gəlirdi. Həm də Pənahəli bəy kimi çoxdandır qəriblikdə yaşamırdı…

– Vətən iyi gəlir. Qarabağın yovşanının iyi mənə vətəni yada saldı, – Xudaverdinin dinmədiyini görən Pənahəli bəy əlavə elədi.

Sonra onlar təzədən atlanıb Arazboyu yuxarıya çatdılar. Əvvəl Bəhmənliyə dəyib, oradan yaylağa qalxacaqdılar. Bəhmənliyə az qalmışdı.

Pənahəli bəy bilirdi ki, Nadir şahdan qaçıb qurtarmaq çətin işdir. Onu mütləq axtaracaqdılar. Lap xeyirxahlıqla da axtarsalar, Pənahəli bəy əsla üzə çıxmaq fikrində deyildi. Başa düşmüşdü ki, şahın sarayı onun üçün baş daşında yazısı belə olmayan məzardır. Yenidən saraya qayıtsa, oradan salamat çıxa bilməyəcəkdi… Nadir şaha sə-daqətlə qulluq etdiyinə görə artıq o, azadlığını da itirmişdi. Öz vətənində hazırda azad təkcə bu yovşan iyisidir. Kaş elə yovşan iyinə çevriləydi, küləklər də onu Qarabağın bu başından o başına aparaydı…

Pənahəli bəylə Xudaverdi atlarını bir xeyli sürdükdən sonra qalın meşəliyə girdilər. Palıd ağacları göylərə baş çəkmişdi. Hava çox isti olsa da, bu ağacların kölgəsində yaylaq sərinliyi vardı.

Meşəlik Araz kənarından başlayıb Qarqar çayının üstünə qədər uzanırdı.

Yolçular bir palıdın dibindən qaynayan bulağın başında atdan düşdülər. Sərin su ilə əl-üzlərini yudular. Atlar da su içdi. Bərk yorulmuşdular. Pənahəli bəy xurcunu başının altına qoyub Xudaverdiyə dedi:

– Mən bir çimir alım, sonra sən yatarsan, mən oturaram.

– Burada qaçaq-quldur olur?

– Yox. Qurd-quşa görə deyirəm. Bulaq başıdı da.

Xudaverdi atları çidarladı, həm də cilovun qayışını atların qabaq qollarına bənd elədi.

Xeyli sonra Pənahəli bəy hiss elədi ki, Xudaverdi onu dümsükləyir. Qalxdı.

– Nədi?

– Şıqqıltı gəlir.

Pənahəli bəy qalxıb səs gələn tərəfə baxdı. Sonra üstü sədəf və gümüşlə işlənmiş uzun lüləli tapançasını aşağı saldı.

– Ay Xudaverdi, günün günorta vaxtı günah sahibi olduq.

– Nə günah?

– Şıqqıltı salan maraldı. Su içməyə gəlirmiş. İnsan iyi duyub qayıdıb. Buynuzlarını gördüm.

– Gərək vuraydıq.

– Yox, səhv eləyirsən. Belə meşədə elə marala qıymazlar. Həm də yaxınlıqda Xələc, Şahsevən obalarıdı. Hamısı da dost adamlardı. Bəhmənliyə də əl uzatsaq, çatar. Ac qalmarıq.

Xudaverdi qalxıb atların çidarını açmağa başladı.

– Sən də yat, gözünün yuxusunu al.

– Yox, mənzilə çatanda yataram. Yoldan qalmayaq.

Onlar atlara minib meşəarası yolla sürüb gündoğana tərəf getdilər.

Pənahəli bəy buradan gedəndə bəy deyildi. Gördüyü yer də ancaq Qarabağ, Gəncə, bir də Bazarçay yaylaqları idi. İndi isə Xorasanı, Heratı, Əfqanıstanı, Hindistanı görüb qayıdırdı. Hə, bir də şahın qulluğunu, sarayın iç üzünü görmüşdü…

Xüsusilə Hindistan səfəri Pənahəli bəyə qəribə təsir göstərmişdi. O qədər var-dövlətin içində baş alıb gedən kasıblıq, dilənçilik Pənahəli bəy üçün cavabı olmayan bir suala çevrilmişdi. Pənahəli bəy bu sualın cavabını tapmaq qabiliyyətində deyildi. Lakin onun qəlbini ən çox yandıran Nadir şah idi. Şahın ölkəni kasıblıqdan qurtarmaq üçün əlindən gələni etməyə çalışdığına şahid olmuşdu.

«Yazıq təkdir. Od olsa da, özünü yandıracaq. Heç bir iş görə bilməyəcək. Biz axı niyə beləyik? Axı niyə biz öz günümüzə ağlayan gözləri kor eləmək istəyirik? Özümüz seçmişik, özümüz də sözünə baxmırıq, boyunduruğu əyirik. Hərə közü öz tərəfinə çəkir…».

Pənahəli bəy bu fikirlər içində, Xudaverdi ilə birgə axşama yaxın Bəhmənli qışlağına çatdı… Taxıl biçini təzəcə qurtarmışdı. Pənahəli bəy atını xırmanlardan birinin yanında saxladı.

– Bərəkətli olsun! – Pənahəli bəy xırmandakılara səsləndi.

– Sağ ol, xoş gəldiniz, – deyə kəndlilər cavab verdilər.

– Allah qonağı istəmirsiniz?

– Allaha da qurban olum, qonağına da, kəndlilərdən biri cavab verdi.

Bu vaxt taxılı sovuranlardan (sovruqçulardan) biri kürəyi yerə qoyub tanış səsə döndü. Diqqətlə baxdı.

– Olmaya Pənahəlisən?

Xudaverdi dilləndi:

– Pənahəli yox, Pənahəli bəy.

– Ədə, tısbağa qınından çıxdı, qınını bəyənmədi? – həmin adam bunu deyib Pənahəli bəyə doğru yüyürdü, çatıb onu qucaqlayaraq əlavə elədi: – Xoş gəlmisən, a qardaş!

Sovuruq atan Pənahəli bəyin böyük qardaşı idi.

– Qardaş, qonağımızla görüş. Xorasandan bura mənə yoldaşlıq eləyib. Çox etibarlı adamdı. Özü də ləmbəranlıdı.

Pənahəli bəyin qardaşı bu sözlərdən sonra Xudaverdi ilə də görüşərək dedi:

– Bu gündən o da mənim bir qardaşım… – Sonra xırmandakılardan birinə səsləndi: – Ay uşaq, bəri gəlin, Pənahəli gəlib.

Bu sözlərdən sonra xırmandakılar əllərindəki kürəkləri yerə qoyub yaxına gəldilər, Pənahəli bəylə görüşdülər.

El yaylağa keçəndə kişilərin bir hissəsi arana qayıdır, yazda əkdikləri taxılı biçir, döyür, qışa tədarük eləyirdilər. Ona görə də Pənahəli bəy atını elə buraya sürmüşdü. Araz kənarında qamışdan komalar vardı. Kəndlilər qışda qoyunları bu komalara doldurur, özləri isə alaçıqda yaşayırdılar. Orada-burada çovustanlar6 gözə dəyirdi. Çovustanı qamışdan hörür, üstünü bağlayır, qapı, pəncərə qoyur, içəridən suvayırdılar. Bu eldə təkcə Qarğabazar və Qoçəhmədlidə daşdan evlər, karvansaralar tikilmişdi. Əksər əhali yayda yaylağa, qışda arana köçdüklərindən nə daş evlər, nə məscid, nə də mədrəsə, hamam tikirdilər.

Pənahəli bəy indi fikirləşdi ki, Qarabağın əməllibaşlı bir şəhəri də yoxdur. Tərəkəmələr öz məhsullarını satmağa yer tapmırdılar. Bəlkə də, heç satmaq barəsində fikirləşmirdilər. Arada bir Gəncədən, Bərdədən çodarlar gəlib sürü-sürü qoyun alıb aparırdılar. Təkcə Bərdə şəhərə bənzəyirdi. Bir də Ləmbəranda ticarət vardı. Kəndləri çərçilər gəzərdi. İynə, sap, düymə satar, daha doğrusu, çox vaxt yağa, pendirə dəyişərdilər. Deyilənə görə, Mil düzünün ortasında Beyləqan adlı bir gözəl şəhər varmış, onu da monqol hökmdarı Çingiz xanın qoşunları xaraba qoyub. İndi tərəkəmələr oraya Örənqala deyirlər. Örən qalmaq – viran qalmaq mənasını verirdi.

Pənahəli bəyin nənəsi bir bayatı oxuyardı. Pənahəli də balaca vaxtı cəhrə əyirən nənəsinin yanında oturub əlini çənəsinə qoyub baxar, cəhrənin cırıltısına və nənəsinin şirin, elə bir o qədər də qəmli səsinə qulaq asardı.

 
Əzizim Beyləqana,
Yol gedir Beyləqana,
Elə oğul istərəm,
Son qoya böylə qana.
 

Nənə elə qəmli oxuyardı ki, Pənahəli tez böyümək, atına minib o Beyləqan deyilən yerə çapmaq, orada dara düşənləri xilas etmək arzusuna düşərdi. Nənə isə davam eləyərdi:

 
Apardı tatar məni,
Qul edib satar məni.
Yarım vəfalı olsa,
Axtarıb tapar məni.
 

– Adamları tutub satırmışlar, a bala… Lap qoyun kimi.... Keçi qiymətinə…

– Sonra neynirmişlər. Qoyun kimi kəsirmişlər?

– Yox, a bala. Qoyun kimi alıb eşşək kimi işlədirmişlər.

Nənənin bu söhbətindən sonra Pənahəlinin o adamları qoyun kimi satıb-alanlara nifrəti artardı.

– Nənə, indi də elələri var?

– Var oğlum, var. İndi satıb-almırlar. İndi varlı var, kasıb var. Məşədi Orucun beş min qoyunu var, ancaq Həsən kişinin iki qoyunu. Həsən kişi də məcburdu ki, Məşədi Orucun qoyunlarını otarsın.

– Bəs Həsən kişinin oğlu Hüseyn deyir ki, dədəsinin otardığı qoyunların hamısı onlarındı. Deməli, onun qoyunu yox imiş…

6.Çovustan (və ya çavıstan) – arğı, taxta və s.dən düzəldilmiş yüngül, kiçik tikili, ev

Ücretsiz ön izlemeyi tamamladınız.

₺80,34

Türler ve etiketler

Yaş sınırı:
12+
Litres'teki yayın tarihi:
07 ekim 2022
Hacim:
130 s. 1 illüstrasyon
ISBN:
9789952245011
Telif hakkı:
Altun Kitab / Алтын Китаб
Metin PDF
Средний рейтинг 4,3 на основе 6 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Ses
Средний рейтинг 5 на основе 1 оценок
Metin, ses formatı mevcut
Средний рейтинг 0 на основе 0 оценок
Metin PDF
Средний рейтинг 5 на основе 7 оценок
Ses
Средний рейтинг 4 на основе 1 оценок
Metin, ses formatı mevcut
Средний рейтинг 3 на основе 2 оценок
Metin
Средний рейтинг 5 на основе 2 оценок
Metin, ses formatı mevcut
Средний рейтинг 0 на основе 0 оценок
Metin, ses formatı mevcut
Средний рейтинг 5 на основе 1 оценок
Metin, ses formatı mevcut
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 5 на основе 5 оценок
Metin, ses formatı mevcut
Средний рейтинг 5 на основе 4 оценок