Читайте только на Литрес

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Xudafərin körpüsü», sayfa 2

Yazı tipi:

Əbu Səid vəziri bayaqkı əyanla pıçıldaşdı. Bundan sonra Sultan qalın, uca səslə danışmağa başladı.

– Biz Yuluq Osmanın nəsilləri Bayandurlar, Ağqoyunlularla dost idik, onların ata-baba mülkü Diyarbəkrdə. Onlar bizə tərəf yaxınlaşanda, böyük bir ölkənin hökmdarını öldürəndə, bizim də sümüyümüz sancır. Ona görə də vuruşmağımız labüddür. Çıxın gedin Diyarbəkrə, siznən həmişə dost olarıq.

– Yaxşı dostluqdur, – deyə Sara xatun öz-özünə deyindi.

– Ana, bu yerlər heç vaxt Ağqoyunluların olmayıb. Qaraqoyunluların torpaqlarını niyə tutmaq istəyirsiniz?

– Bu il Diyarbəkrdə quraqlıq keçib, mal-heyvanımızı bu tərəfə qovmuşuq. Əgər İranın, İraqi Əcəmin, İraqi Ərəbin, Rey mülkünün qəhrini çəkirsinizsə, onlarda bizim gözümüz yoxdur.

– Bəs Azərbaycan?

– Öz yurdumuzdan da çıxaq?

– Azərbaycan əmim Miranşah Mirzənin mülküdür.

Sara xatun Əbu Səidə güzəşt etməyə gəlmişdi. O, Ağqoyunlu nəslini bu çətin anda xilas etməli, döyüşdən çəkindirməliydi.

– Yaxşı, onda Sultan razılıq versə, bu qışı Qarabağda qalar, yazda Diyarbəkrə qayıdarıq. Yəqin ki, buna etirazınız olmaz.

Əbu Səid çiynini çəkdi. Deyəsən, bu fikirlə razılaşmağa hazır idi. Amma vəzir qalxıb yenə onun qulağına nəsə pıçıldadı. O, danışdıqca Əbu Səidin gözləri qıyılır, bir-birinə yaxınlaşan göz qapaqları arasında qonur göz bəbəkləri parıldayırdı. Qızıl, daş-qaşla bəzənmiş tac qoymuş başını tərpədib razılığını bildirdi. Sonra üzünü Sara xatuna döndərdi:

– Köhnə, babaların dostluğu naminə mən Həsənlə vuruşmaqdan vaz keçirəm. Ancaq baba ruhu əziz olur. Əmir Teymur həmişə qışı Qarabağda keçirərdi. Mən də bu qışı Qarabağda keçirmək istəyirəm. Hələ ki yağışlar başlamayıb, çıxın gedin Diyarbəkrə. Sonra gec olar.

Sara xatun ürəyinin dərinliyində bu danışıqdan razı qaldı. Oğlu sağ-salamat idi. Gəlinləri üzüklərdən istifadə etməyəcəkdilər. Azacıq qoşunları da dağılışmayacaqdı. Demək, heç olmasa fürsət gözləməyə ümid var. Ölümün pəncəsindən qurtarırdılar.

Sara xatun Sultandan icazə alıb getmək istədi.

– Bu saat sizi yola salarlar.

Sultan işarə verdi. Açıq qolları və əzələli çiyinləri yağlanmış kimi parıldayan qara həbəş əllərində üstünə zərxara örtük salınmış bir nimçə gətirdi. Sultanın qarşısında diz çökdü.

Sultan örtüyü qaldırdı. Qızıl nimçədə incilərlə dövrələnmiş, iri firuzə qaşlı nəfis bir qolbaq vardı. Sultan onu götürdü.

– Ana, bu hədiyyəni kişilərin işini boynuna götürən Sara xatuna mənim anam göndərib. Bu, ona görə qiymətlidir ki, onu Əmir Teymur özü Təbriz ustalarına düzəltdirib.

Sara xatun hədiyyəni götürüb Sultana öz təşəkkürünü bildirdi.

İkinci qara qul ovcunda yanaşı tutduğu qılıncı Sultana uzatdı.

Bu qılınc da qızılla işlənmişdi. Qəbzəsində almaslar da parıldayırdı.

– Bu qılıncı isə biz dostlara bağışlarıq. Mənim hədiyyəm kimi Həsən bəyə verərsiniz.

O, “bəy” kəlməsini xüsusi bir vurğu ilə deyirdi. “Bəy” ləqəbi Sultandan sonra gələn altıncı-yeddinci dərəcəli titul idi.

Sultan Əbu Səid Şeyx Heydəri də yaddan çıxarmamışdı. Qabaqda cavan, saqqalından, əmmaməsindən və libasından ruhaniyə oxşayan şəxs qara örtüyə bürünmüş bir əşya gətirdi. Sultan Əbu Səid onu aldı, örtüyü açdı, qızıl qabda dəri cildli kitab vardı.

– Ya şeyx, yaxına gəl.

Heydər yaxına getdi. Sultan Əbu Səid dəri cildli kitabı dodaqlarına yaxınlaşdırandan sonra onu Şeyx Heydərə uzatdı.

– Qahirə Abbasi xəlifəsinin babama göndərdiyi Qurani-şərifin bir mübarək nüsxəsidir. Bu nüsxə Dar-ül-irşada nəzirdir, onu sənə verməklə özümü xoşbəxt bilirəm. Cəddiniz köməyimizdə olsun.

Şeyx Heydər də, Quranı öpüb gözünə qoyandan sonra qızıl qabına saldı, qara örtüyə büküb götürdü.

Onlar mürəxxəs oldular.

Uzun Həsən anası və bacısı oğlu ilə bərabər alaçığında oturmuşdu. Sara xatun danışığın gedişini olduğu kimi danışdıqca oğlu əsəbiləşirdi. O, iri barmaqlarını dodaqlarına dayamışdı. Hirsləndikcə yumruğunu gürz kimi dizinə endirirdi.

Anası onu sakitləşdirirdi.

– Döz, oğlum. Hökmdarın birinci üstünlüyü onun səbridir. Səbirlə dünyanı tutmaq olar, səbirsizliklə ayağının altındakı bir qarış torpağı da uduzarsan. Biz ondan vaxt oğurladıq. Vuruş olmayacaq. Biz Qarabağdan çıxırıq. Bilmək olmaz beş gündən sonra nə baş verəcək. Bizi çox lütflə qarşılayıb, lütflə də yola saldı. Amma, Şeyx Heydər, onun hədiyyələrindən ağlım bir şey kəsmədi.

– Mənim də.

– Sən nə fikirləşdin?

– O qolbaq ki, var, onu gərək açıq verəydilər, bağlı verdilər. Bu, o deməkdi ki, siz mənim əlimdə bu qolbaq kimi mühasirədəsiniz. Mənə də nəzir verdiyi hədiyyə o demək idi ki, sən bu işlərə qarışma, get kitabını oxu. Bircə dayıma göndərdiyi qılıncı başa düşə bilmədim. Özü də deyir ki, bu qılıncı dosta bağışlayırıq.

Uzun Həsən qalxıb alaçığın dirəyindən asılmış qılıncı götürdü. Dəstəyi ovcunda itdi. Əlini qına atdı. Qılıncı siyirmək istədi. Amma tiyə qından çıxmadı. Bir də güc elədi, yenə çıxmadı. Bu qılıncın tiyəsi yox idi.

– Demək belə, mənə də demək istəyir ki, sənin qılıncının tiyəsi yoxdur. Qılıncın qında pas atacaq. Ana, mən onunla vuruşmaq istəyirəm.

– Oğul, cavansan, beynin hələ qandı. Hər şeyi ölçüb biçmək lazımdır. Çağır sərkərdələrini, yaxın adamlarını, ağsaqqalları məsləhətləşək. Sənin bu döyüşün dirigözlü ölümə getməkdir.

– Dayı, mənim də bir məsləhətimə qulaq asın da.

– Buyur, Şeyx. Cəddini köməyimizə çağır görək necə olacaq.

– Biz ona kələk gəlməliyik. Biz buradan çəkilək. Qoy Əbu Səid Arazı keçsin. O, Arazı keçib Qarabağa gəlsə, işlər düzələcək. Onda biz Arazın o tayına keçərik. Qarabağda bu qış ot yoxdu. Quraqlıq keçib, taxıl da yoxdu. Qırx-əlli minlik ordunu, bir o qədər atı, filləri, dəvələri saxlamaq mümkün deyil. Biz də Arazın o tayında yolları kəsərik. Əbu Səidin özü düşəcək o qolbağın arasına.

Uzun Həsənin fikri harasa getmişdi. Şeyx Heydərin dediklərinin yarısını eşidə bilməmişdi. Ona görə də xahiş elədi ki, təkrar danışsın. Təklif olunan ağlına batdı. Üzünü anasına çevirdi.

– Sən nə deyirsən?

– Çox ağıllı fikirdi. Əbu Səidi əzmək üçün bundan ağıllı yolumuz yoxdur.

– Arazın o tayına keçsək, Ərdəbil də bizim olacaq. Qoşunu elə Dar-ül-irşaddan gələn ehsanla saxlayarıq. Hər gün yüzlərlə mürid gəlir. Onları silahlandırıb qoşunun sayını artırarıq. Xorasandan gələn yolları kəsib qoşununun bütün ərzaq yolunu bağlayarıq.

Uzun Həsən gecənin bu vaxtı elə bildi günəş doğur. Onun düşdüyü zirzəmilər işıqlaşır, qapılar, pəncərələr taybatay açılır. O, bütün varının, dövlətinin hamısını bacısı oğluna bağışlayardı. Daha söhbəti də uzatmağı lazım bilmədi. Heç kimi də çağırmadı. Ayrı təkliflər olsa fikirlər haçalanacaqdı. Bu fikrin üçünün arasında qalacağını sözləşdilər. Sonradan Uzun Həsən özü hərəkət edəcəkdi.

– Gedin, yatın. Axşamın xeyrindən, səhərin şəri yaxşıdır.

Şeyx Heydər də, Sara xatun da öz çadırlarına getdilər. O, bir an fikirləşdi. Hansı xatunun yanına getsin? Müqayisə elədi, ölçdü, biçdi. Ürəyi onu Dəspinə xatunun yanına çəkib apardı. Xəbər göndərdi ki, hökmdar onun yanına gəlir.

Uzun Həsən başını əyib alaçıqdan girəndə yan-yana iki gözəl dayanmışdı. Biri Dəspinə xatun, o birisi də anasını təkrar eləyən qızı Aləmşahbəyim. Onun kefi kök idi. Əvvəl qızının alnından öpdü. Əyildi, qızı başını onun çiyninə qoydu.

– Mənim gözəl qızım gözümə bikef dəyir.

– Yaqub saçımdan tutub dartıb. Deyir sənin saçların niyə qızılıdı?

– Deyəydin qızıldandı da, a qardaş. Eyb eləməz.

O, qızının başını qaldırıb gözlərinə baxdı. Aləmşahbəyim on beş yaşa keçmişdi. Birdən-birə ürəyinə bir niyyət gəldi. “Heydərin tədbiri baş tutsa, Aləmşahbəyimi ona verəcəyəm”.

Amma o bilmirdi ki, gənc Heydəri neçə vaxtdı elə buraya bağlayan Aləmşahbəyimdir.

Üç gün idi ki, yağış başlamışdı. Bütün göy üzü bulud idi. Amma o buludların səddi-sərhəddini ayırmaq mümkün deyildi. Boz buludlar lap aşağı enmişdi. Narın, kor yağış kəsmək bilmirdi. Yayın quraqlığından çat-çat olub ayrılmış muğan torpaqları sudan doymurdu. Su dənəvərlənmiş torpaqları elə isladırdı ki, yollar, çöllər keçilməz olmuşdu. Üçüncü gün Araz daşıb bərəni də götürüb aparmış, Qaradonlu kəndindən neçə çovustanı yumuşdu. Yağış isə kəsmirdi ki, kəsmirdi.

Uzun Həsənin alaçığı indi Qızıltəpənin yanında qurulmuşdu.

İş elə gətirmişdi ki, Sultan Əbu Səid Qarabağa keçmiş, Uzun Həsən isə Arazın sağ sahilinə adlamışdı. İşlər Şeyx Heydərin tökdüyü tədbir kimi gedirdi. Bu tərəfdən də yağış başlamışdı. Yağış da Uzun Həsənin köməyinə çatmışdı. Payızda Muğana, Milə yağış yağanda ot cücərir, göbələk də çıxırdı. Amma payızdan çox ötmüş, havalar soyumuşdu. Bundan sonra otun cücərməyinə ümid yox idi. Sultan Əbu Səid özünü çətin vəziyyətə salmışdı. Uzun Həsən alaçığında tək oturmuşdu. Xidmətçi onun qarşısında süfrə salmışdı. Çadırın yanında üstündə talvar qurduqları ocağın səngiyən közünü dağıdan xidmətçi şor motalına oxşayan dərini çıxartdı. Qoyunu doğrayıb duzlamış, ədviyyə vurub təzədən dəriyə doldurmuş, tikib odun içinə basdırmışdılar. İndi oddan çıxartdılar. Dərinin tükü tamam yanmışdı. Yanan yunun kəskin iyi ətrafa yayılmışdı. Artıq dəri ütülmüşdü. İki nəfər dərini götürüb iri məcməyiyə qoydu. Bıçaqla motalı cırdılar, dəri açıldı. Qalxan buxar hər iki adamı görünməz etdi. Onları kəklikotu, zəncəfil, sarıkök iyi vurdu. Sonra yeməyi ayırıb bir məcməyiyə yığıb buğlana-buğlana alaçığa apardılar.

Uzun Həsənin kefi kök idi. Yeməyin ətri ona çox xoş gəldi.

– Bəh-bəh, deyə aşpazları təriflədi.

Süfrəyə yumşaq ağ lavaş qatlanıb yığılmış, şüşə qabda nar, heyva, sinidə qarpız kəsilib düzülmüşdü.

O, çox vaxt yeməyi tək yeyərdi. Aşpazlar gedəndən sonra iri qara gözlü, kirpikləri əyilib sifətinə kölgə salan rumlu qız şüşə qabdan kasaya şərbət süzdü.

Hökmdar yeməyə girişdi. Bir azdan qoyundan yalnız sümüklər qalmışdı. Qız aftafa-ləyən gətirdi. Su tökdü, o, əllərini yudu.

– Şükür sənə, ilahi, – dedi. Qıza iri bardağı göstərdi. O, bardaqdan böyük çini parça su süzdü. Uzun Həsən suyu da içəndən sonra qalxıb alaçıqdan çıxdı. Rumlu kəniz süfrəni yığışdırmaqla məşğul oldu.

O, qapıda görünən kimi xidmətçilər, sərkərdələr, əyanlar onun ətrafına yığıldılar.

– Yağış kefinizi pozmayıb ki?

– Nur yağır, nur.

– Kimin üçün nurdu, kimin üçün cəhənnəm odu. Yaxşı, mənə at gətirəcəkdilər…

– Hazırdır, – deyə Əmiraxur dilləndi. Bir ilxı at sizin ixtiyarınızdadı, böyük hökmdar.

Atları yəhərləmişdilər. Yüyən vurmuşdular. Birinci atı gətirdilər. Bu, uzun boyunlu, nazik ayaqlı, sivri sağrılı türkmən atı idi.

Uzun Həsən yüyəni yalın üstündən keçirdi, ayağını üzəngiyə qoymamış tullanıb yəhərdə oturdu. Amma yəhər yatdı, atın ayaqları qabağa sürüşdü, dal ayaqları çökdü. O, tullanıb yəhərdən yerə düşdü. Sara xatun da dayanıb oğlunun özünə at seçməsinə baxırdı. Atın beli oğlunun ağırlığına tab gətirməyib az qala qırılmışdı. Uzun Həsən günahkar-günahkar anasına baxdı.

– Ana, məni tutsa, bu bədbəxt atların ahı tutacaq.

Atın gözləri irilmişdi. Əmiraxur yaxınlıqda dayanan əsgərin nizəsini alıb türkmən atının qabırğaları arasına sancdı. Atın başı yerə gəldi.

– Ay oğul, Allah o heyvanları belə yaradıb, sənin nə günahın.

Atın cəsədini sürüyüb apardılar.

Mehtərlər ikinci bir köhləni çəkib gətirdilər.

– Ərəb atıdır.

Ağ rəngli bu köhlənin ağ yalı, ağ quyruğu vardı. Uzun Həsən köhlənin duruşuna, gözəlliyinə baxıb heyran qaldı. Onun belinə qalxıb şikəst eləməyə heyfi gəldi.

– Bunun da beli sınar, heyifdi.

Əmiraxur güldü.

– Dünyanın bütün ilxıları sənə qurban olsun. Hökmdarımızın atı gərək onun adına layiq… Bütün cinslərdən gətirmişik. Harada bir adlı-sanlı at varsa onun balalarını tapmışıq, almışıq.

Uzun Həsən nə qədər ucaboy, ağır olsa, bir o qədər də yüngül, cəld idi. Ayağını üzəngiyə keçirib, yəhərə qalxmağı xoşlamazdı. Birdəfəyə ayağını yerə vurmaqla qalxırdı. Ona görə də yəhərə ağırlıq birdən-birə düşür, atların çoxusu dözmür, beli qırılırdı.

O, ərəb atını da belə mindi. Yox, bunun beli sınmadı. Deyəsən onu yaxşı əhliləşdirməmişdilər. Dəlilik eləyirdi. Yüyəni dartanda şahə qalxır, süvarini belindən salmağa çalışırdı. Uzun Həsən atın yüyənini buraxdı. Kövşənlə ox kimi uçurdu. Düşərgədən çox uzaqlaşmadı. Aralıdan başını döndərdi, dövrə vurub gəldi. Amma birdən-birə köhlənin başı aşağı getdi, ayağı horraya dönmüş palçıqda siçan yuvasınamı, nəyəsə keçmişdi. Həsən atın boynundan uçub qabaqda yerə düşdü. Hələ göydə ikən özünü düzəltmişdi. Ayaq üstündə düşdü və topuğa qədər palçığa batdı.

Əyanlar ona tərəf qaçmaq istədilər, amma hökmdar qamətini düzəltdi, qırmızı məstlərinin topuqdan yuxarı palçığa batmağına fikir verməyib iri addımlarla onlara tərəf gəlməyə başladı. Narın yağış onun qara, gödək saqqalına qırov kimi qonmuşdu. Börkü, libası da su içində idi. Bu yağış birdən-birə deyil, yavaş-yavaş isladırdı, həm də sümüyə, iliyə qədər keçirdi.

Amma nə hökmdar, nə də onun məiyyəti yağışa fikir vermirdilər. Köçərinin günü yağışda, qarda keçər. O, əyilib gözlərinin bulağından aşağı yaş axan ərəb atının başını sığalladı, üzünü döndərib yeridi.

Atın ki ayağı sındı, qurtardı, o sağalmaz. Belə heyvan ölməlidir. Əzabdan, əziyyətdən qurtarmaq üçün onu öldürürlər.

Əmiraxur yetirib qılıncını çəkdi, onun ürəyinə sancdı. Hökmdar ərəb atına çox lütfkarlıqla yanaşmışdı. Onu nizə ilə öldürmək istəmirdi.

Uzun Həsən əyanlarına, məiyyətinə özünün gücünü, ağırlığını göstərmək istəmirdi. Onu hələ neçə-neçə döyüşlər gözləyirdi. Döyüşdə ki, at sahibi kimi cəld olmadı, onu tez tutarlar. Əsir eləyərlər. Əsir düşən hökmdarın səltənəti dağılmasa da, ömürlük ləkəli olur. Bir hökmdar həyatı üçün yüzlərlə ilxı qurban verirdilər, heç onu müqayisəyə də gətirmək olmaz. Həm də igid döyüşçünün, sərkərdənin altında adına layiq atı olmalıdır. O, bilirdi ki, Əbu Səidlə döyüşsüz qurtara bilməyəcəklər, ona görə də özünə təzə atlar seçməyi tapşırmışdı.

– Bu nədir, Əmiraxur, sənin gətirdiyin atların hamısı loş çıxır.

Əmiraxur qılıncını kətyan koluna silib qurtarandan sonra qınına salıb gəlirdi.

– Yaxşı atlarımız var, hökmdar.

– Gətirin görüm.

Əmiraxur göydəmir bir atı hökmdarın qarşısına çəkdi.

– Əsil Qarabağ atıdı. Özü də üçyaşar, cavandı. Yaxşı yorğası var.

Yorğa at yüksək qiymətləndirilirdi. Çünki hökmdarlar at üstündə ölkənin bu başından o biri başına dəfələrlə gedir. Təbrizdən Bağdada, Bağdaddan Qahirəyə, Qahirədən Şama, Şamnan Təbrizə, oradan Xorasana. Onun atı yorğa yerişli olmasa, yorub əldən salar. Onsuz da mehtərlərin yüyənindən tutub saxladıqları atların hamısı yorğa yerişli idi.

Uzun Həsən əlini Qarabağ atının islaq yalına, sarğısına çəkib onun xasiyyətinə bələd olmaq istəyirdi. Bu vaxt onlara tərəf qızılı bir ayğır təşəxxüslü bir qaçışla yaxınlaşıb kişnəyir, ayaqlarını yerə döyürdü.

– Əmiraxur, o ayğırı tutun.

Bir işarə bəs idi. Hər tərəfdən ayğırı dövrəyə aldılar. Ayğır adamların arasından sıçrayıb çıxdı. Bir neçə mehtəri də qabaq ayaqları ilə əzdi, təpiyi də birini tutub palçığın içinə uzatdı. Amma Uzun Həsən ona tərəf gələn ayğırı əldən buraxmadı. Alaçığın yanındakı atın yəhərindən kəməndi götürmüşdü. Kəməndi atmaqla ayğırın başına keçməyi bir oldu. Ancaq ayğır şahə qalxıb kəmənddən qurtarmaq istədi. Bir şey çıxmadı. Sağ ayağını irəli verən Uzun Həsəni də öz dalınca dartdı. O, sol dizini qatlamış, sağ ayağını yerə vermişdi. Amma ayğırı saxlaya bilmirdi. Ayağı palçıqda sürüşüb gedir, ayğır onu dartıb aparırdı. Haradansa qabağına bir daş çıxdı. Ayağını dirədi. Ayğır nə qədər güc verdisə, qurtula bilmədi. Şahə qalxdığı yerdə yanı üstə çökdü.

– Boğun bu ayğırı!

Mehtərlər tökülüb ayğırın boğazına daha bir kəndir atdılar, üçü bir tərəfdən, üçü də bir tərəfdən kəndiri dartmağa başladılar. Ayğır qalxmışdı. Ona gücləri çatmırdı.

– Nə olub sizə, çörək yeməmisiniz? – deyə Uzun Həsən hayqırdı. İpdən yapışan mehtərlər çoxaldı. Kəndir sıxıldı, ayğır boğulurdu. Bir azdan o, ayaq üstə dayana bilmədi. Gücü, qüvvəsi tükəndi. Ayaqları boşaldı, tir-tap yerə uzandı. Onun ağzından qan gəldi.

– Tez olun, başına yüyən vurun, belinə yəhər qoyun.

Hökmdarın tapşırıqlarını bir anda yerinə yetirdilər. O, tapqıra baxdı. Barmaqları tapqırın altına keçdi. Qayışı açıb bir ilgək də yuxarıdan bağladı. Yüyəni yalın üstünə keçirtdi.

Ayğır nəfəs almağa başlayan kimi ayağa qalxdı, Uzun Həsən də onun yəhərində. Bayaqkı qənşər, şux yerişindən əsər-əlamət qalmamışdı. Üstündə yük hiss eləyib şıllaqlamağa başladı. Bir şey çıxmadı. Artıq özünə gəlmişdi. Üstündəki yük onu elə bil ayıltmışdı. İndiyə qədər belə şey görməmişdi. Heç onun üstünə milçək də qona bilmirdi. Mozalan dişləyəndə ağız atırdı. Milçəkləri quyruğu ilə qovurdu. Amma indi belində ağır bir yük vardı. Ağzını atıb dişləmək istəyirdi, cəhənglərini dartan dəmir yüyən onu başını döndərməyə qoymurdu. Ayğır şahə qalxdı, amma üstündəki onu öz ağırlığı, hərəkətləri ilə qabaq ayaqlarını torpağa endirdi. Böyürlərinə iki ağır şey dəydi. Ayğır bu vəziyyətdən xilas olmaq üçün baş götürüb qaçmaqdan özgə çarə görmədi. Götürüldü, yəhərdəki də elə bunu istəyirdi. Yaş, sürüşkən kövşən yerində dəli bir qaçış başladı. Ayğırın dırnaqlarından palçıq parça-parça göyə tullanır, amma onların üstünə düşmürdü. Bu dəli sürətə çata bilmirdi.

Uzun Həsən qırğı kimi ayğırın yalına yatmışdı. Artıq onu ipə-sapa yatırırdı. Bir azdan o, sürəti bir az da artırdı. Həsənin əyan-əşrəfi də atlarına süvar olub ona çatmaq üçün çapır, amma yaxınlaşmaq əvəzinə daha da uzaqlaşırdılar. O, ayğırın başını buraxıb xeyli getmiş, ordugahdan uzaqlaşmışdı. Onun üzünü döndərib əks tərəfə dönmək üçün böyük bir qövs cızdı. Yenidən sürət artdı. Elə bil, Uzun Həsəni ayğırla bərabər mancanaqdan buraxmışdılar. Ən güclü pəhləvanın atdığı ox kimi süzürdülər. Bu sürət həm Uzun Həsənə, həm də ayğırın özünə xoş gəlirdi. Daha yəhərdən, yüyəndən süvaridən xilas olmağı da bəlkə istəmirdi. Çünki onu bir bu qədər yol qovan da olmamışdı. İndi var gücü ilə qaçırdı.

Uzun Həsən başını qaldıranda qabaqda böyük bir dəstə gördü. Beynindən ildırım kimi bir fikir keçdi. “Əbu Səidə köməyə gələn qoşun olar”. Belinə əl atdı, amma qılınc bağlamamışdı. Əmudu, təpəri, təbərzini, nizəsi də yox idi. Ayğır isə özünü gələn dəstənin üstünə atırdı. O, yüyəni nə qədər dartdısa da, ayğırın sürəti azalmırdı.

Birdən bir səs eşitdi:

– Dayı!

Bu səs ayğırı da diksindirdi. O şahə qalxdı. Uzun Həsən yüyəni yığışdırdı. Ayğır da sakitləşdi.

– Mənəm, dayı.

Bir atlı ona yanaşdı. Yağışdan qorunmaq üçün başına örtük salmış Şeyx Heydər idi.

– Gəldin?

– Gəldim, dayı. Özümlə də on min mürid gətirmişəm.

– On min?

– Bəli. Yolda Əbu Səidə köməyə gələnlərlə də vuruşduq. Beş min əsir tutmuşuq. Bütün arabaları qənimət almışıq.

– Bərəkallah, bacıoğlu. Səni ordugahda gözləyirəm.

O, atın başını döndərdi ordugaha tərəf, yüyəni buraxdı. Ayğır götürüldü. Yolda onun dalınca çapanların yanından keçib öz alaçığına çatdı, ayğırı saxladı. At bu dəfə də şahə qalxdı. Amma yorulub sakitləşmişdi. Ayaqlarını yerə qoydu, Həsən tullanıb yəhərdən düşdü. Nökər-naiblər atın cilovundan yapışdılar.

– Aparın gəzdirin, təri soyusun, – dedi.

Alaçığın qabağında on səkkiz-on doqquz yaşlı oğlu, boy-buxunda, sir-sifətdə atasına oxşayan Uğurlu Məhəmməd dayanmışdı. O, atasını görüb yaxın gəldi, əlini sinəsinə basıb baş əydi.

– Sənin işini mən görürəm də, oğlum, – deyə ona zarafat elədi. Amma zarafatı ciddi dedi.

– Atayi-mehriban, sənin işini görmək dərəcəsinə yetişməyimə hələ çox var.

O, əlini oğlunun çiyninə qoydu

– Sən mənə oxşayacaqsan. Buna gün kimi inanıram. Ora bax, – deyə bir az yuxarı qalxmış buludları göstərdi, – görürsən, buludlar günəşin qabağını kəsib. Amma bulud nədi, heç nə. O əriyib gedəcək. Günəş isə elə günəşdi.

Birdən onun gözünə bir dəstə qaz göründü. Buludların arasında qanad çala-çala ordugaha yaxınlaşırdılar.

– Tez, yay-oxu, alaçıqdan bura gətir. Özününkünü də götür.

Uğurlu Məhəmməd alaçıqdan atasının və öz yay-oxlarını gətirdi.

– Oğul, o qazları görürsən də.

– Hə, üç qazdı.

– Qabaqdakını mən nişan alıram, arxadakını sən. Xeyli vaxtdı Bozağoğlundan dərs alırsan. Görüm, necə atırsan.

Atası oğlunu həvəsləndirdi. Hər ikisi oxlarını hazırladılar. Qazlar uçub onların başı üstünə gələndə arxasında lələk olan oxlar yaylardan ayrıldı. Vıyıltı ilə yuxarı uçdu.

Ordugahdan heyrət nidaları qalxdı. Qazların ikisi də sinələrindəki oxlarla bərabər hərlənə-hərlənə gəlib yerə düşdü. Ata oğlunun qolundan tutub alaçığa apardı. Ata keçib taxtında oturmadı. Alaçığın ağzında palçıqlı məstlərini çıxartdı, naxışlı yun corabda xalçanın üstü ilə keçib döşəkcənin birinin üstündə bardaş qurdu. Oğlu da məstlərini çıxartdı. Ayaq üstündə qaldı.

– Gəl görüm, otur yanımda. Səninlə məsləhətləşmək istəyirəm.

– Eşidirəm, atayi-mehriban.

– Şeyx Heydər on min müridlə bizim köməyimizə gəlir. Bizim qüvvəmiz artır. Əbu Səidin əli-ayağı bağlanır. Biz indi ona rahatlıq versək, özümüzə qəbir qazarıq. Səni bir minbaşı kimi səfərə göndərmək istəyirəm. Gecəylə hücuma keçib düşmənə ağır zərbə vurub qayıdacaqsan. Görüm, sərkərdəlik qabiliyyətin də ox atmağın kimi olacaqmı?

– Baş üstə, atayi-mehriban. Mən hazır.

– Yüzbaşıları özün seç.

Bununla da ata ilə oğulun söhbəti qurtardı. Uğurlu Məhəmməd qalxdı. Elə çıxdı ki, arxası atasına tərəf düşmədi.

Bir aya yaxın çəkən yağışlar bir gecə qara çevrildi. Səhər hər tərəf ağ bir örtüyə bürünmüşdü. Sultan Əbu Səid qalxıb soyuq çadırda gərnəşdi. Yorğanı üstündən atıb isti paltar geyindi. Yaxasına, ətəyinə, qollarına samur xəzi tikilmiş xorasan kürkünə bürünüb çadırdan çıxdı. Yanı ilə onu kölgə kimi izləyən adamlara əhəmiyyət vermədən yeriyirdi. Ordugahın arasında iri bir şeyin üstünə qar yatmışdı və nə olduğu bilinmirdi.

– Bu, nədi belə?

– Fildi, Sultani əzəm. Ölüb.

– Fil ölüb?

– Bəli. O, isti yerin heyvanıdır. Qarabağın soyuğuna dözmədi.

– Soyuğuna yox, aclığa. Bütün günahlar səndədir, vəzir. Məni bu tələyə salan sənsən. Qarabağı da vermirdik, babamın iyini almağa gəlirdim. İndi fil leşinin iyini alarıq. Səltənəti sən məhv elədin.

Sara xatunu Əbu Səidin çadırına gətirən, sonra sultanın qulağına pıçıldayan vəzirin bu sözdən sonra dişi-dişinə dəyirdi. Soyuq da təsirini göstərirdi. O, Xorasanda belə soyuq görməmişdi. Üç gün dalbadal əsən külək birdən-birə qar gətirmişdi.

– Nə oldu elçilər?

– Elçilər əliboş qayıdıb.

– Necə? Qarabağı da, Azərbaycanı da, İraqi Əcəmi, İraqi Ərəbi, lap Reyi də veririk, Uzun Həsənin gözü doymur? O ki bizdən bir buranı istəyirdi.

– “Yox” deyib durub.

Ordugahdakı çadırlardan çıxan yox idi. Sultan elə bildi ki, qoşundan salamat qalanlar da onu tərk edib. Çadırlardan birinə girdi. Səsini çıxartmadı. Silahlı-əbləsəli oturub yuxuya gedənlərdən heç biri yerindən qımıldanmadı. Vəzir qışqırdı:

– Sultanı görmürsünüz?

Heç kimdən səs çıxmadı. Vəzir qapının yanında oturan əsgəri təpiyi ilə itələdi. Əsgər yıxıldı, başından dəbilqə düşüb o biri əsgərin sinəsindəki qalxan şəkilli zirehə dəyib cingildədi. Amma nə yıxılan, nə də onun toxunduğu qımıldanmadılar.

– Sultani əzəm, çıxın buradan. Vəba…

Sultan geri qayıtdı.

– Ölənlər də, xəstələr də yandırılsın!

– Baş üstə, – deyə əmirsipəhsalar dindi, amma sözünü dəyişdi.

– Odun yoxdu, Sultani əzəm.

Əbu Səid çadırına qayıtdı. Əmirsipəhsaları çağırıb qulağına nəsə pıçıldadı. O, çıxdı. Vəzir Sultanı danışdırmaq istədi, amma onun danışmağa həvəsi qalmamışdı. Bir azdan əmirsipəhsalar beş nəfər silahlı əsgərlə çadıra girdi. Vəzir deyəsən bütün bunların onun əleyhinə olduğunu görüb gah əmirsipəhsalara, gah da sultana baxdı. Özü qıc kimi olsa da, gözləri yerində oynayır, o tərəf bu tərəfə qaçırdı. Sultan üzünü əmirsipəhsalara çevirdi.

– Deyəsən vəzirimiz məşhur nəsildəndir.

– Bəli, Sultani əzəm, Barmakilərdəndir.

– Yalan desən də inanırıq. Barmakilərin kökü çoxdan kəsilib. Bir də onlar belə ağılsız məsləhət verməzdilər. Hər halda əsilzadəsən – Sultan bu sözdən sonra taxtının yanından asılmış yayını götürüb baxdı. Ucları ceyran buynuzundan düzəldilmişdi. Tutacağı qızıldan idi.

– Bu heyifdi. Bir yay gətirin, kirişi yoğun olsun. Vəzir Sultanın qabağında diz üstə çökdü, ona tərəf süründü.

– Sultani Əzəm, mən bütün Qaraqoyunlu mülkünü öz mülklərimizə qatmaq üçün belə məsləhət vermişəm. Mənə rəhminiz gəlsin. Mən sizə həmişə sədaqətlə qulluq eləmişəm. Şirvanşaha göndərdiyim elçilər qayıtsın, hər şey yaxşı olacaq. İnandırıram sizi.

– Şirvanşah?.. Nə vaxt göndərmisən?

– Bir həftədir. Bu gün gələcək.

Sultan çadırın açıq qapısından baxdı. Gördü ki, bir atlı çapa-çapa gəlir. Atdan buğ qalxır. Onun ata paxıllığı tutdu. Gör necə canı istidi ki, buğlanır. Mən bu qədər paltarın içində donuram. Atlı gəlib çadırın yanında yəhərdən aşırıldı.

– Gəldi, elçi, gəldi elçi. – İcazə verin içəri gəlsin.

– Gəlsin.

Elçini çağırdılar. O, içəri girib əlini döşünə qoyub baş əydi, belindəki əyri qılınc qalxıb çadıra toxundu.

– De görək nə xəbərlə gəlmisən?

– Bəd xəbərlə gəlmişəm, Sultani əzəm. Şirvanşah…

– Hanı məktubu?

– Məktubu yazmağı da lazım bilmədi. Dilcavabı buyurdu. Dedi ki, bəs mən Sultan Əbu Səid həzrətlərinə həmişə kömək eləmək istəyirdim. Babam da onun babasının sayəsində hökm sürmüşdü. Amma qorxuram. Uzun Həsən məktub yazıb. Yazıb ki, baban Şeyx İbrahim Teymurləngə hədiyyənin hamısını doqquz dənə aparmışdı, qulu səkkiz. Əmir Teymur soruşanda ki, qul niyə səkkizdi, demişdi, mən də doqquzuncu. İndi nə Əbu Səid Teymurləngdir, nə sən Şeyx İbrahim. Ona ərzaq göndərsən, qoşun versən, kömək eləsən, Şirvanı yerlə-yeksan eləyəcəm.

– Sən mürəxxəssən.

Elçi getdi. Vəzirin rəngi çadırın parçası kimi ağarmışdı. Bu vaxt yay dalınca gedən əsgər qayıtdı. Sultan əmirsipəhsalara işarə etdi.

– Mənim gözümün qabağında. Qədim adətimizlə yayın kirişiylə. Qoy bu satqın mənim ölümümü yox, mən onun ölümünü görüm. Əmirsipəhsalar əsgərlərə işarə elədi. İkisi vəzirin qollarını burdular. Əmirsipəhsalar arxa tərəfində dayanıb yayın kirişini onun hulğumuna söykədi, yayın əyri uclarından tutub var gücü ilə özünə tərəf dartdı. Vəzirin gözləri hədəqəsindən çıxıb çevrildi, bir neçə andan sonra onun qolları boşaldı, rəngi qaraldı.

– Hazırdı, Sultani əzəm.

– Görürəm. Sürüyün meyitini atın düzün ortasına. Canavarlar…

– Sultani əzəm, axı o əsilzadə nəslindəndi, müsəlmandı.

– Yaxşı, nə eləyirsiniz, eləyin. Qoy bu işi əsgərlərin görsün. Səni özgə yerə göndərəcəm. – Əsgərlərdən ikisi vəzirin meyitini büküb apardılar. O birilər də çıxdı.

Sultan gedib taxta oturdu, sifətini ovucları arasına aldı. Xeyli fikirləşdi, sonra fikirlərinə qarşı elə bil üsyan elədi. Ayağa qalxdı.

– Haradasan, ulu baba, haradasan? Ya bizi yaratmayaydın, ya da öz ağlından bizə də verəydin. Sən dünyanın ən böyük hökmdarlarını əlində oyuncağa döndərmişdin, indi mən, sənin nəvən bir tərəkəmə bəyinin əlində əsir-yesir qalmışam. Diril, başını qaldır, mənə bir yol göstər.

Əmirsipəhsalar quruyub qalmışdı. Sultanın acizliyi onun bütün ümidlərini qırmışdı. Amma bu dar macalda ona kömək eləmək istədi.

– Ya Sultani əzəm, bir çıxış yolu var.

– Hanı o çıxış yolu?

– Salamat qalan qoşunu yığaq, Xudafərin körpüsündən keçək.

– Yox, əmir. Mən bir bəyin qabağından qaçmağı qeyrətimə sığışdıra bilmirəm. Məni o Şeyx Heydərin cəddi bu kökə saldı. Babam onlara biət eləmişdi. Nəzir-niyaz verirdi. Mən bu keçisaqqala uyub onun sözünü yerə saldım. Mənə bu da azdır. Anamı bura çağırın.

Bir azdan sultanın anası onun çadırında idi. Qollarını qoynuna qoymuşdu. O, Sara xatundan yaşlı olardı, arıq, ucaboy, sifətində qırışlar yol salmış qadın idi. Sadə geyinmişdi, üstündə heç bir bəzək-düzək yox idi.

– Anamdan başqa hamı çıxsın.

Soyuq çadırda ana və oğul qaldı.

– Vəziyyətimizdən xəbərin var? Heç bir çıxış yolu yoxdu. Uzun Həsənin gücü mənim gücümdən xeyli çoxdur. İstəsə, günü bu gün hamını qılıncdan keçirər. Bir heyfi yadından çıxarda bilmir. Mən onun anasını “yox” cavabı ilə yola salmışdım. Bilir ki, mənim də anam yanımdadır. Sən hazırlaş, Sara xatunun yanına get. De ki, mən kişilərlə yox, Sara xatunla görüşməyə gəlmişəm. İkiniz də anasınız. Danışın, o, səni başa düşər. Alicənab qadındır. Sonra da Ərdəbil şeyxinin nəzirini apar. De ki, Teymurdan bəri neçə illərdi biz babanın türbəsinə nəzir verməmişik. Gətirmişəm. O nəsillə oyun oynamaq olmaz, mən oynadım. Bu da axırı.

Bizə yol versinlər, keçək gedək yurdumuza. Cəhənnəm olsun Qaraqoyunlu mülkündən gələcək xeyir… Mən bir də üzümü bu tərəflərə tutmaram. Dilini Sara xatun kimi şirin elə. De ki, köhnə dostluğu təzələyək. Qohum da olarıq. Uzun Həsənin gərək ki, qızı olmamış olmaz… Mən lap ağlımı itirirəm.

Anası oğlunun acizliyinə acıdı.

– Oğul, Teymur nəslindən bir xatun, düşmən qapısına gedib iltimas eləməyib.

– İndi ayrı zamandı, ana. Onlar göndərmişdi, mən də göndərirəm. Əvəz-əvəz. Uzun Həsən də daha bəy deyil.

O sultanlıq qazandı. Sultan Uzun Həsən… İstəyirsən, məktub da yazım.

– Oğul, bir ölümdən ötəri səltənətimizin şərəfini ayaq altına atmaq bizə yaraşmaz. Məktub yazma. Mən Sara xatundan özgə heç kimlə görüşən deyiləm. Bu sözləri də öz bildiyim kimi… Yenə sənin xətrinə…

Uzun Həsənə deyəndə ki, bir qadın elçilərlə onun yanına gəlir, əlini göylərə qaldırdı:

– Şükür sənə tanrı. Ulduzumuzun işığı varmış, o hələ sönəsi deyilmiş. Məni xəcalətdən də, dar ayaqdan da qurtardı.

Elçiləri alaçığa gətirdilər. Parança geymiş qadın ayaq üstündə qaldı. Onunla gələn əmirsipəhsalar təzim edib Uzun Həsənə dedi:

– Sultan Uzun Həsənə, Sultan Əbu Səiddən salamlar var. Anası möhtərəm ananız Sara xatunla görüşməyə gəlib.

Uzun Həsən artıq onun sultanlığını qəbul etmiş Əbu Səidin razılığını, təsdiqini bildirən bu xəbərdən xeyli məmnun oldu. Hələ Təbriz taxtına çıxmamış, özünü sultan elan eləməmiş, adından sikkə kəsdirməmiş, xəlifənin onun adını xütbəsində yad etməmiş bu adı qazanmışdı. Göstəriş verdi.

– Ananı anamın çadırına aparın.

Sara xatun onu böyük ləyaqətlə qarşıladı. İkisi yanaşı oturdular. Söhbət qızışdı.

Əbu Səidin anası dedi:

– Yaxşı bilirsən ki, mən Teymur nəslindənəm. Məni öz ayağınıza gətirməyiniz o nəslə hörmətsizlikdən başqa bir şey deyil.

Sara xatun ağ birçəyini çənəsinin altında birləşən qızıl arpa zəncirin altına saldı.

– Əvvəla çağırmamışıq. Özün gəlmisənsə, xoş gəlmisən, gözümüz üstündə yerin var. Bir də ki, ay bacı, fələyin nərdivanı yaman şeydi, qaldırdığı kimi endirməyi də var. Heç kimdə borc, heç kimdə qisas qoymur. Mən keçən dəfə gələndə Teymur qapısına ehtiyacdan gəlməmişdim. Biz onda ölümə də hazır idik. Birdən-birə hər şey döndü. Oğlun otu qurumuş Qarabağı da bir qışlığa bizə qıymadı.

– O, vəzirin fitvasıydı, o da öz cəzasına çatdı. İndi Qaraqoyunluların bütün mülklərini, taxtı-tacı ilə bərabər oğluna verir oğlum. İndi nə istəyir?

– Yox, elə deyil. Teymurləng rəhmətlik sağ deyil ki, onun ağzıyla danışalar. O səltənəti oğlum alıb. Sultan Əbu Səid vermir. İmkanı olsa, verməzdi də. Hər ikimiz anayıq. Sənə öz oğlun, mənə də öz oğlum əzizdir. Heç vaxt məsləhət görməzdim ki, oğluma səltənət bağışladığınızı deyəsiniz. Səltənəti oğlum qılınc ilə qazanıb. Bu torpaqlara da Xorasandan gəlib sahib çıxmaqdansa, Təbrizdə oturan tərəfindən idarə olunmağı daha düzgün yoldu. Buna mənim oğlumun haqqı, sənin oğlunun haqqından çoxdur.

₺115,90

Türler ve etiketler

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
29 ekim 2022
ISBN:
978-9952-8278-9-7
Telif hakkı:
JekaPrint
Metin
Ortalama puan 1, 1 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 4, 2 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 43 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 5, 1 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 5 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 5, 4 oylamaya göre