Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Hekayələr», sayfa 2

Yazı tipi:

O, çörəyini yeməyə başladı, hərdən təknəyə tərəf əyilib südü hortultu ilə içirdi. Bu, dəhşətli mənzərə idi və həmin gün mənim Həzrəti xilas etmək fikrim qətiləşdi. Xüsusilə onun südü hortultu ilə içməsi və parıldayan gözləri ilə mənə baxması dəhşətli idi. Mənim butün bunları görməyim onu qətiyyən çəkindirmirdi. Öyrəşmişdi. Adam hər şeyə adət edir.

Bu, bir neçə ay davam etdi. Mən Həzrətin qaçması üçün münasib imkan axtarırdım. Həmişə də ehtiyat edirdim ki, Adamır mənim məqsədimi anlayar, başqa tərəfdən də qorxurdum ki, evdəkilər Adamırla yaxınlığımdan duyuq düşərlər.

Adamır artıq mənə öyrəşmişdi və hər dəfə ovdan qabaq deyirdi:

– Mən itləri yemləyim, sən də mənim quluma yem ver.

Mən də verirdim. O, qula özü yediyindən verirdi. Ancaq elə bil it yedizdirirdi. Südü, qatığı təknəyə tökürdü, əgər heyvan kəsirdisə, ona bir tikə çiy ət atırdı. Həzrətin yanında bir neçə parça mal-qaraya verdiyimiz daş duz var idi.

Eşitdiyimə görə, bəzi savadlı axmaqlar əti çiy yeyirlər. Elə bilirlər xeyirdir. Ancaq adamlar min illər boyu əti bişiriblər, ya da qızardıblar, əgər çiy halda o xeyirli olsaydı, daha neynirdilər qızardıb.

Yaxşı, bəs Həzrət nə ilə məşğul idi?

Onun yalnız iki işi vardı. Biri – əl dəyirmanında qarğıdalı üyütmək idi. Kirkirə həmişə onun yanında olurdu. Ona görə də Həzrətin qüvvətli pəhləvan qolları var idi. Bundan başqa, o, səbət də toxuyurdu. Qamışı ona Adamır gətirirdi. Adamır bu səbətləri Anastasovkada yunanlara satırdı, çünki çegemlilər ondan heç nə almırdılar.

Bir neçə ay ərzində Həzrət də mənə öyrəşmişdi. Düzdür, gözləri əvvəlkitək köz kimi parıldasa da, bilirdim ki, mənə toxunmaz, ona görə də yaxın gəlirdim. Onun ağlı üstündə idi, adam kimi deyib-danışırdı.

Bir dəfə mən onun anasını gördüm və Həzrətə kömək etmək arzum daha da gücləndi. Qarı dəsmalı qarğıdalı şaxının üstünə sərib üstünə toyuq əti, xaçapuri, bir şüşə çaxır və iki stəkan qoydu.

Biz bir yerdə yeyirdik, ancaq, sözün düzü, bu məclis heç ürəyimdən deyildi. Necə ürəyimdən olaydı ki, süfrəmizin yanında onun üçün ayaqyolunu əvəz edən xəndək var idi. Düzdür, Həzrətin balaca bir beli var idi ki, ora torpaq atsın. Ancaq hər halda, belə yerdə çörək adama nuş olmaz. Mən yalnız onun anasının xatirinə çörək kəsdim. Yazıq arvad mənim kürəyimi sığallayır, həzin səslə deyirdi:

– Sən mənim Həzrətimin yanına tez-tez gəl, oğul. Bu da bir bəladır, biz düçar olmuşuq. Bu yazıq da burada darıxır… Sən tez-tez gəl onun yanına.

O bunu deyəndə Adamır tövlənin o biri tərəfində kərəntiyə sap düzəldirdi. Sən demə, o, qarının sözlərini eşidibmiş.

– Mən də qardaşlarım üçün darıxıram, – deyə o bizə tərəf baxmadan kərəntinin sapını yonmağında davam etdi.

– Ah, dünya, – qarı Adamırın sözlərini eşidib dərindən köks ötürdü.

Birdən-birə mənim hamıya yazığım gəldi. Həzrətə də yazığım gəldi, Adamıra da. Hamıdan çox isə qarının halına acıdım. Onun Adamırın paltarını yuyub yamaq vurduğunu görəndə isə lap ürəyim yandı. Arvad hər vasitə ilə Adamırda mərhəmət hissi oyatmağa çalışırdı, ancaq Adamırı razı salmaq mümkün deyildi.

Bir dəfə ov zamanı Adamır mənə dedi:

– Bəziləri elə fikirləşirlər ki, qul saxlamaq mənə xoşdur. Lakin qul saxlamaq asan deyil, elə bir xoşluğu da yoxdur. Hərdən gecə qorxumdan yata bilmirəm ki, o qaçar, hərçənd başa düşürəm ki, qaça bilməz. Zənciri əl dəyirmanına sürtməklə bir gecəyə kəsmək olmaz. Mən yoxlamışam. Kəssə də, hara qaçacaq? Tövlə bağlı olur. Tövlədən də çıxsa, itlər parçalayar. Ancaq əsəblərim dözmür. Şamı götürüb tövlənin qapısını açıram. Görürəm ki, yatıb. Bax neçə dəfə yoxlamışam, bir dəfə də oyanmayıb. Elə möhkəm yatır. Mənim isə gecələr yuxum ərşə çəkilir. İndi özün fikirləş, kim çox əziyyət çəkir – mən, yoxsa o?

– İndi ki belədir, – dedim, – burax onu getsin də.

– Yox, – dedi, – mən qardaşlarımın qəbrinə and içmişəm. O zəncirlər onun ayağından yalnız öləndən sonra açılacaq. Yalnız onun ölümü mənim andıma son qoya bilər.

Bəli, mən imkan axtarırdım ki, Həzrəti azad edim. Onun qaldığı tövlə şabalıd ağacından idi. Qapının ağzında yekə qıfıl var idi, açarı da Adamırın cibində. Ancaq o hərdən bir günlüyə, ya bir gecəliyə çıxıb gedirdi. Mən qərara gəldim lağım atım, yeyə ilə onun zəncirini kəsim, özüm çölə çıxardım ki, itlər dəyməsin. Əgər Adamır qayıdandan sonra çox özündən çıxsa, deyərəm ki, yəqin, yeyəni Həzrətə anası xaçapurinin içində gətirib, lağımı isə o özü balaca beli ilə qazıb. İtlərdən də birtəhər qurtarıb. Mən bilirdim ki, o, Həzrətin anasına toxunmaz.

Qərəz, belə bir qərara gəlmişdim və bir dəfə Adamır özü ovda mənə dedi:

– Qulaq as, Sandro, sabah yanıma gəl, itlərə yem ver. Mən sabah Atara gedəcəyəm, o biri gün səhər qayıdacağam.

– Yaxşı, – dedim.

Bəli, sabahı gün axşamı səbirsizliklə gözləyirdim. Axşam bizimkilər şam edib yatdılar. Mən yavaşca qalxıb çırağı və yeyəni götürdüm. Adamırın evinə tərəf yola düzəldim.

Amma yaman qorxurdum. Adamır canıma vahimə salmışdı. Qorxurdum ki, fikrimi başa düşə və bir yerdə gizlənib məni güdə. Ona görə də qərara aldım ki, lağıma başlamazdan qabaq evi axtarım. Əgər o, evdə olsa və məndən soruşsa niyə bu vaxt gəlmisən, deyəcəydim guya itlərə yem verməyi unutmuşam.

Evə yarım kilometr qalmış itlər adam iyi hiss edib hürüşməyə başladılar, sonra da məni tanıyıb səslərini kəsdilər. Mən Adamırın həyətinə girib ora-bura baxdım, mətbəxə keçdim, ordan da anbara. Nəhayət, otaqları da gəzib əmin oldum ki, Adamır evdə yoxdur. Onda mən mal tövləsinə getdim və gördüm orda üç inək var. Çırağı yuxarı qaldırıb gördüm ki, başqa ins-cins yoxdur. Sonra yenə mətbəxə getdim, ordan itlər üçün çörək götürüb ciblərimə doldurdum, amma hələlik itlərə vermədim. Fikirləşdim ki, çörəyi Həzrətə verərəm. Biz tövlədən çıxanda itlər, çox güman, hücum çəkəcəklər, onda çörək Həzrətə lazım olacaq ki, itləri bir az sakitləşdirsin.

Sonra mən yenə anbara girib divardan üzüm səbətini götürdüm. Əlimdə çıraq və səbət eyvana çıxdım, beli də götürüb Həzrət olan tövləyə yaxınlaşdım.

Səbət nəyə lazım idi, onu da deyim.

Üzüm səbəti dar və uzun olur. Lağımı atandan sonra mən onunla torpağı tövləyə daşıya bilərdim. Çünki əgər torpağı içəri daşımasam, Adamır başa düşərdi ki, çöldən kimsə Həzrətə kömək edib. Bunu başa düşüb o məni öldürə bilərdi.

Çırağı yerə qoyub qazmağa başladım. Lağımı elə atırdım ki, içəridən düz zəncir bağlanan yerdən çıxım. Qaza-qaza təəccüblənirdim ki, bu Həzrət niyə oyanmır. Öz-özümə fikirləşdim, yəqin, doğrudan da, o, bərk yatır. Nəhayət, oyandı.

– Kimsən orda? – deyə səsləndi və mən qarğıdalı şaxının xışıltısını eşitdim.

– Mənəm, Sandroyam, – deyə səs verdim.

– Nə istəyirsən?

– Lağımı qazım, sonra bilərsən.

Bəli, bir saatdan sonra mən lağımı qazıb qurtardım, çırağı yerə qoyub tövləyə çıxdım.

Həzrət əvvəlki yerində oturmuşdu, gözləri bayquş gözləri kimi parıldayırdı.

– Ala yeyəni, – dedim. – Zənciri kəsək, çıx azadlığa.

O, başını buladı:

– Yox, Adamır öz itləri ilə məni onsuz da tapacaq.

– Tapa bilməz. Gecə ikən başqa kəndə gedərsən. Orda izi itirmək asandır.

– Yox, – dedi, – mən yeriməyi yadırğamışam. Uzağa gedə bilmərəm. O, itləri ilə onsuz da məni tutacaq.

– Tuta bilməyəcək, – deyə mən onu inandırmağa çalışdım. – Əgər qorxmursansa, birlikdə Cqerdıya qədər gedərik, orada səni qohumlarımızın evində gizlədərəm. Sonra mən evimə qayıdaram, sən isə hara istəsən gedərsən.

– Yox, mən belə istəmirəm.

– Onda bəs neyləyək? – deyə soruşdum. O, fikrə getdi, gözləri isə dəhşətli parıltı ilə yanırdı.

– Əgər mənə kömək etmək istəyirsənsə, – deyə o, nəhayət, dilləndi, – mənə iki metr zəncir gətir. Mən onu bu zəncirə bağlayacağam. Mənə başqa heç nə lazım deyil.

– Bu sənin nəyinə lazımdır?

– Mən gecələr yavaş-yavaş gəzərəm ki, ayaqlarım bir az öyrəşsin, sonra qaçmağıma kömək edərsən.

– Axı o sənin zəncirini yoxlayır, özü mənə danışıb.

– Yox, – dedi, – birinci on beş il yoxlayırdı. Daha yoxlamır.

Mən onu nə qədər dilə tutmağa çalışdımsa, mümkün olmadı. Onda qərara aldım ki, o deyəni eləyim.

– Balta da gətir həlqəni aralamağa, – deyə o, xahiş etdi.

Bu minvalla mən gecəyarısı evə qaçdım, tövləmizə girib köhnə şeylərin içindən təxminən Həzrətin zənciri boyda bir zəncir tapdım. Yenidən geri qayıdıb mətbəxdən Adamırın baltasını götürdüm və yenə torpağın altı ilə tövləyə girdim. Mən gedib-gələnə qədər o, yeyə ilə zəncirini kəsib iki həlqənin hər iki tərəfindən yer açmışdı. Mən hətta onun bu işi belə tez gördüyünə təəccübləndim. Əl dəyirmanını fırlatmaq onun qollarına fil gücü vermişdi. O mənim gətirdiyim zənciri götürüb iki tərəfdən həlqələrə keçirdi, sonra əl dəyirmanının üstünə qoyub balta ilə onları sıxdı ki, heç nə bilinməsin.

– Daha heç nə lazım deyil, – dedi, – Get! Dizlərim möhkəmlənəndə sənə xəbər verərəm.

– Bəlkə, yeyəni özündə saxlayasan? – deyə təklif etdim.

– Yox, – dedi, – daha heç nə lazım deyil! Vəssalam. Sən get! Ancaq o biri tərəfdən yeri yaxşı-yaxşı tapdala ki, ağa heç nə hiss eləməsin.

Bəli, mən balta ilə çırağı götürüb bayıra çıxdım. Sonra tez-tez torpağı oyuğa töküb yaxşı-yaxşı tapdaladım ki, heç nə hiss olunmasın. İtlər mənim yan-yörəmdə fırlanırdılar, mən də Allaha şükür eləyirdim ki, onlar danışa bilmirlər. Birdən yadıma düşdü ki, cibimdə çörək var. Onu çıxardıb itlərə atdım.

Çırağı yuxarı qaldırıb bir daha qazdığım yerə yaxşı-yaxşı baxdım və əmin oldum ki, qazıldığı bilinmir. Belə yapışmış torpağı təmizləyib yerinə qoydum, baltanı və səbəti də öz yerinə apardım. Hər şey əvvəl necə dururdusa, eləcə də qoydum. Çırağı söndürüb evə qaçdım. Evdə də, Allaha şükür, heç nədən xəbər tutmadılar.

Bəli, bir müddət gəlib keçdi, mən isə hələ Adamırgilə getməyə qorxurdum. On beş-iyirmi gün keçmişdi ki, bir dəfə keçi otarmaqdan qayıdan qardaşım gəlib dedi:

– Bu gün bütün günü Adamırın itləri hürüşüb.

– Əvvəllər də hürüşürdülər, – deyə bizimkilər fikir vermədilər. O, hərdən ova bir itlə çıxır, o birilər darıxır.

Beləliklə, bu hadisə yaddan çıxdı. Bir həftədən sonra haradansa yuxarı tərəfdən qadın naləsi eşitdik. Evdə olanlar bayıra töküldülər, heç kim heç nə başa düşmürdü.

Qadın naləsi bəla üz verdiyini göstərirdi. Bu səs Çegemin yuxarısından keçən yolun üst tərəfindən gəlirdi, orada isə heç kim yaşamır. Atam, mən və iki qardaşım – Kazım və Məhəz tez-tez səs gələn tərəfə qalxmağa başladıq. Bir on beş dəqiqədən sonra Həzrətin anasına rast gəldik. Onun üzü cırıq-cırıq idi, gözləri qan çanağına dönmüşdü. Bizi görüb dayandı, ancaq dili tutulmuşdu, heç nə danışa bilmirdi, yalnız əli ilə Adamırın evi tərəfi göstərirdi.

Biz ora qaçdıq. Mən heç nə başa düşə bilmirdim. Hər ehtimala qarşı Kazıma baxırdım, o özü ilə tüfəng götürmüşdü. Biz həyətə girdik, itlərin nə özləri görünürdü, nə də səsləri gəlirdi.

Tövləyə birinci mən girdim, qapı eləcə örtülmüşdü. Nə görsək yaxşıdır. Adamır arxası üstə yerə sərilib. Onun sifəti ölümqabağı keçirdiyi əzablı ağrılardan vahiməli görkəm almışdı. Boynu, kəsilmiş toyuq boğazı kimi yana əyilmişdi.

Həzrətin meyiti isə qarğıdalı şaxının üstündə idi. Əllərini döşünün üstünə qoymuşdu, üzündən dinclik və arxayınlıq yağırdı, elə bil peyğəmbər sifəti idi. Həzrət o qədər arıqlamışdı ki, zəncir ayağında durmurdu, atam onu asanlıqla dartıb çıxartdı. Mənim yadıma Adamırın sözləri düşdü: “Yalnız ölüm onun ayağından zənciri çıxara bilər, mənim isə qardaşlarıma verdiyim anda son qoyar”.

Belə çıxır ki, o dediyi kimi oldu.

– Yəqin, Adamır ehtiyatsızlıq edib, – deyə atam dilləndi. – Həzrətə yaxın gəlib, o da tullanıb onu boğub. Sonra isə özü acından ölüb, ona yemək verən olmayıb.

Yalnız mən bilirdim bu necə baş verib. Ancaq, əlbət ki, heç kimə bir söz demədim. Yeri gəlmişkən deyim ki, atam, Allah ona rəhmət eləsin, öz malının yiyəsi idi, əsl təsərrüfatçı idi. İndi belələri qalmayıb. İki daşın arasında o öz zəncirini görüb tanıdı. Bir də görürəm zənciri əlinə götürüb baxır, işığa tutur (orada balaca, şüşəsiz baca var idi), ha baxır, bir şey başa düşə bilmir. İstəyir zənciri yuxarı qaldırıb yaxşı-yaxşı baxsın, ancaq zəncir bağlı olduğundan gəlmir. O hirsləndikcə məni də gic gülmək tuturdu, hərçənd tövlədəki mənzərə qətiyyən gülməli deyildi. Sonra o, çiyinlərini dartıb zənciri kənara atdı.

Elə bu vaxt bayırdan güllə səsləri gəldi.

Həyətə çıxıb nə görsək yaxşıdır? Kazım mal tövləsinin yanında durub tüfənglə Adamırın itlərini vurur. Bir-birinin dalınca o, altı iti yerə sərdi. Sən demə, itlər acından qudurub tövlədəki inəyi parçalayıb yeyiblər. Sonra iki inəyi də parçalayıblar, ancaq yeməyə macal tapmayıblar. Bax beləcə, bir vəhşilik başqa vəhşiliyə yol açır, o da bir başqasına.

Həzrətin zavallı anasını oğlunun meyiti ilə birgə öz kəndinə yola saldıq. Bədbəxt Adamırı da qardaşları ilə yanaşı basdırdıq. Bununla da Batalba nəsli kəsildi, bir vaxtlar duz-çörəkli evin çırağı söndü. Sonra isə evi də tövlə ilə birlikdə kimlərsə hissə-hissə daşıyıb apardılar.

O vaxtdan mən Həzrət haqqında çox fikirləşmişəm. Bir sual mənə rahatlıq verməyib: niyə o gecə Həzrət mənimlə getmədi? Nəhayət, mən bu suala cavab tapdım. O qorxurdu ki, əgər getsə, qisasını ala bilməyəcək. Məni aldatdı ki, guya yeriməyi yadırğayıb. O gəzə bilmirdi, ancaq Adamırın həmişə silahlı olduğunu və itlərin onun izinə düşə biləcəyini fikirləşib riskə getmədi. Zənciri uzatmaqla o istəyirdi ki, gözlənilmədən Adamırın üstünə atılsın, onu öz qüvvətli əlləri ilə boğub öldürsün. Onun beyninə bundan başqa heç nə girmirdi.

Nəhayət, mən başa düşdüm ki, qul azadlıq istəmir, onun istədiyi bir şey var: qisas almaq, onu əzən adamı əzib tapdalamaq. Bax belə, mənim əzizlərim, qul yalnız qisas almaq istəyir, bəzi axmaqlar da elə fikirləşirlər ki, o, azadlıq arzusu ilə yaşayır, – Sandro əmi hikmətli hekayətini sona yetirib mənalı-mənalı bığını sığalladı.

Kamal bərkdən güldü, knyaz isə başı ilə mənə tərəf işarə etdi – yəni müdrikliyi Sandro əmidən öyrən.

– Yazıq Emuxvari knyazlarını ingilis casusu hesab etmək isə ən azı axmaqlıqdır, – deyə Sandro əmi sözünə davam etdi. – Onların heç İngiltərə adında ölkədən xəbərləri belə yox idi. Mən isə 30-cu illərdə Pansulayanın ansamblı ilə birlikdə İngiltərədə olmuşam. Bizi orada xeyli gəzdirdilər və deməliyəm ki, İngiltərə heç də pis ölkə deyil. Gözəl otlaqları var, ancaq nədənsə qoyun saxlamırlar. Keçi üçün isə İngiltərə əlverişli deyil. Keçi kolluq sevir, qoyununku isə xalis otlaqlardır. Başa düşmürəm niyə onlar qoyun saxlamırlar.

– Saxlayırlar, – deyə Sandro əmini sakitləşdirdim.

– Hə-ə-ə, – Sandro əmi qane oldu. – Deməli, mənə qulaq asdılar. İyirmi il bundan əqdəm bura bir ingilis yazıçısı gəlmişdi, adı Pristli idi. Eşitmisən onun haqqında?

– Hə, – deyə cavab verdim.

– Oxumusan?

– Hə, – dedim.

– Necədir?

– Belə də, Sandro əmi, – dedim, – elə bir şey deyil.

Sandro əmi güldü, amma gülüşü heç xoşuma gəlmədi.

– Mən çoxdan hiss eləmişəm, – dedi, – bu yazan adamların qəribə xüsusiyyəti var, heç vaxt bir-birinin haqqında yaxşı söz deməzlər. Ancaq mən ansamblda rəqs edəndə həmişə boynuma almışam ki, Pata Pataraya bir nömrəli rəqqasdır, əslində isə mən ondan yaxşı rəqs edirdim… hə, sözümün canı var. Bu Pristliyə o vaxt bizdə çox gözəl bir gecə təşkil etdilər. Ona ən yaxşı sanatorini, ən uzunömürlü sakinimizi, ən varlı kolxozçumuzu göstərdilər. Məlum məsələdir ki, məni də onunla tanış etdilər. Mən məclisdə masabəyilik edirdim. Özüm də onunla yanaşı oturmuşdum, daha doğrusu, bizim aramızda tərcüməçi qız oturmuşdu. Nə isə söhbətimiz tutdu. Onda mən ona dedim ki, İngiltərədə olmuşam, orada yaxşı otlaqlar görmüşəm, ancaq qoyun gözümə dəyməyib və məsləhət gördüm ki, ingilis fermerləri qoyun saxlasınlar.

– Bəs o nə dedi? – mən soruşdum.

– O da dedi ki, yaxşı, mən onlara çatdıraram. Hə, bir də gör nə deyir. Fermerlərə, deyir, mən qoyun məsələsini çatdıraram. İntəhası, bizim parlamentdə onsuz da çoxlu qoyun var. Belə çıxdı ki, öz hökumətini pisləyir. Hə, onda mən başa düşdüm ki, nəyə görə onu bizdə belə yaxşı qarşılayırlar. İndi mən səndən soruşuram: sən başqa bir ölkəyə gedəndə, yuxarını demirəm, bizim obkom haqqında deyə bilərsənmi ki, orda keçilər oturur. Onu da nəzərə al ki, keçi qoyundan ağıllıdır ha.

– Yox, – dedim, – deyə bilmərəm.

– Hə, görürsən?

Knyaz gülümsədi, Kamal isə qəhqəhə ilə güldü. Xaçik sıçrayıb diz çökərək bu mənzərəni fotoaparatla çəkdi.

Biz adama bir qədəh içdik. Akop ağa təzə qəhvə gətirdi. O, fincanları sinidən götürüb onu yuxarı qaldıranda sini, qalxan kimi günəşi əks etdirdi. Akop ağa masa arxasında əyləşib sinini dizi üstünə qoydu. Hərdən o, dırnağı ilə sinini taqqıldadır və onun cingiltisinə qulaq asırdı.

Kamal, adətən, vaxtını başqa eyş-işrət yerlərində keçirirdi, ona görə də Akop ağanı pis tanıyırdı. Mən istəyirdim ki, o, Akop ağanın Tiqranakert haqqında klassik novellasını eşitsin.

– Akop ağa, – dedim, – mən ha fikirləşirəm, görəsən, niyə İkinci Tiqran o boyda Tiqranakert şəhərini tikdikdən sonra onu əldən verib ki, rum barbarları da şəhəri yandırıb qarət ediblər? Yəni doğrudan o öz şəhərini müdafiə edə bilməzdi?

Mən danışdıqca Akop ağa kədərli-kədərli başını bulayır, sanki demək istəyirdi ki, azacıq ağıl olan beyində belə bir sual doğmaya bilməz.

– Of, Tiqranakert, – Akop ağa dərindən ah çəkdi. – Külün göyə sovruldu… Bu, Şarkin ən gözəl şəhəri idi. Orda fantanlar var idi ağac boyda. Ağaclar var idi, hər budağında bir İran quşu otururdu, adı da tovuz quşu. Orda küçələrdə marallar gəzirdi, adam görəndə gözlərini aşağı salırdılar, bax belə, lap erməni qızları kimi. Hara getdi bütün bunlar? Külü göyə sovruldu.

Bəlkə də, Tiqranakert Romadan da, Babildən də gözəl idi, ancaq hardan bilək, o vaxt foto yox idi. Bu bizim eradan əvvəl altmış doqquzuncu ildə olub. Əgər bizim bu Xaçik o vaxt yaşasaydı, yəqin ki, ya işsiz idi, ya da hambal.

Eh, məsələ Xaçikdə deyil e, ara, söhbət İkinci Tiqrandan gedir. Ha, o vaxt ki o romalı g…feran Lukull Tiqranakerti mühasirəyə aldı, Tiqran bütün koşununu yığıb şahardan çıxdı. Ara, Tiqrancan, axı niyə?!

Bu, böyük çarın böyük səhvi idi. Tiqranakertin möhkəm divarları vardı. Tiqranakertin gözəl suyu vardı, elə soyuq su idi, heç kim bir stəkanı birnəfəsə içə bilməzdi. Tiqranakertin zapas arzakı vardı, üç il üç ay bəs idi. Hara getdi? Külü göyə sovruldu.

Tiqrancan, sən bu böyük şahari qoruya bilərdin, ancaq gərək əvvəlcə o g…feran qreklari qovaydın, çünki onlar satqın çıxdılar. Ara, qreklarin nəyinə lazımdı ermanilər. Onlar şeytan kimi gecə qapıları açdılar, rum soldatları da girib hər yeri odladılar, şəhərin külü göyə sovruldu.

Ha, onlar şahari muhasirəyə alanda Tiqran nə edirdi, bilirsən? Adam ayıb çəkir deməyə. O, şahara bir dəstə öz adamını göndərdi. Ancaq ordan nə çıxartdı? Ermani xalkını? Yox! Ermani arvadlarını və uşaqlarını? Ara, Yox e! Öz hərəmini çıxartdı, öz qəhpələrini, çıxartdığı bax bu oldu. Belə şey ayıbdı böyük çar üçün.

Of, Tiqran, sən niyə Tiqranakerti tikdin, əgər tikmişdin, niyə qoyurdun rum g…feranları onu yandıra?! Hər şey külə sovruldu!

Akop ağa bizə Tiqranakertin məhvi tarixini danışan zaman bir müştəri qəhvə istəmək üçün ona yaxınlaşdı, ancaq Xaçik əlinin hərəkəti ilə onu dayandırdı. Müştəri təəccüb içində qulaqlarını şəkləyərək Akop ağanın arxasında donub-qaldı.

Akop ağa söhbətini qurtarıb gözünü uzaqlara zillədi. Yəqin ki, onun gözləri qarşısında ağac kimi böyük fəvvarələri olan, küçələrində qız kimi utancaq marallar gəzişən, Troya atının qarnında gizlənibmiş kimi səsini çıxarmayan yunanlarla dolu Tiqranakert canlanırdı.

– İndi sözünü de! – Xaçik müştəriyə müraciət etdi.

– İki fincan qəhvə olar? – deyə ünvana düz müraciət etdiyinə əmin olmayan müştəri cəsarətsiz soruşdu.

– Olar, – deyə Akop ağa ayağa qalxıb fincanları siniyə yığmağa başladı. – İndi hər şey olar.

Biz bir qədər Akop ağanın qəribəliklərindən danışıb yenidən Sandro əminin Həzrət haqqında hekayətinə qayıtdıq. Həzrətin o vaxt qaçmamasının səbəbinə gələndə Kamal Sandro əmi ilə razılaşmadı.

– Mənə elə gəlir ki, – deyə o, qəhvədən bir qurtum içib qara gözlərini Sandro əmiyə zillədi, – sənin Həzrətin iyirmi il ərzində öz tövləsinə o qədər öyrəşmişdi, açıq havadan qorxurdu, ancaq bu o demək deyil ki, o, Adamırdan intiqam almaq istəmirdi. Ümumiyyətlə, qorxu çox qəribə hisdir, onu izah etmək mümkün deyil. Yadımdadır, 44-cü ildə bizim aerodrom Şərqi Prussiyada yerləşmişdi. Bir dəfə mən dostum Alyoşa Starostinlə qəsəbədən kənara gəzməyə çıxdıq. Biz onunla müharibənin ilk günündən dostluq edirdik. O, əla təyyarəçi, özü də gözəl yoldaş idi. Dostluğumuz da kitabdan başladı. Biz alayda ən çox oxuyan təyyarəçilər idik. Düzdür, içməklə də aramız yaxşı idi, qızlara da biganə deyildik. Ancaq nədənsə məhz kitaba olan məhəbbət bizi yaxınlaşdırdı. Həmin yaz isə biz Yeseninə aludə olmuşduq. İkimizdə də onun şeirləri ilə dolu dəftərçələr var idi.

Hə, əla da hava var idi, biz gəzə-gəzə alman xutorlarının içindən keçirdik. Evlər gözəl, amma ins-cins yox idi, hamı qaçmışdı. Biz xutorlardan birində ikimərtəbəli bir evin yanında ayaq saxladıq: onun yanında qırmızı salxımlı quşarmudu bitirdi.

Hə, elə bil indi də gözlərimin qabağındadır. Alyoşanın rus qəlbi dözmədi, quşarmudunu əyib iki budağını qırdı və ağacı buraxdı. Bir budağı mənə uzatdı. Biz beləcə yanaşı dayanıb hərə öz budağındakı quşarmudundan dərib yeyirdik. Fikirləşirdik ki, buradakı evlərin hamısı ərbab evləridir, bəs görəsən, bunların muzdurları harada yaşayırmış.

Elə bu vaxt evin qapısı açıldı və ordan bir qoca kişi çıxıb bizi çağırdı:

– Russ, gəl, russ, evə!

Bizi xəbərdar etmişdilər ki, partizanlara görə gözdə-qulaqda olaq, ancaq biz alman partizanlarının varlığına inanmırdıq. İnanmırdıq ki, hər bir ağacın nişanlı qız kimi bəzədildiyi bu ölkədə partizan dəstələri fəaliyyət göstərə.

– Getdik?

– Getdik.

Bəli, qoca bizi evə apardı, yuxarı qalxıb bir otağa girdik. Baxıb nə görsək yaxşıdır, otaqda iki qadın əyləşib. Biri lap cavan idi, olardı bir on səkkiz yaşı. Amma o birisi əməlli-başlı yunqfrau1 idi, təxminən iyirmi beş yaşında. Mənim gözüm böyüyünə düşdü, çox xoşum gəldi ondan. Ancaq hər ehtimala qarşı Alyoşa ilə bu məsələni aydınlaşdırmaq istədim, nədən ki, mən onu beş barmağım kimi tanıyırdım.

– Hansı xoşuna gəlir, seç.

– Cavanı mənim, – dedi.

– Oldu.

Mən hiss elədim ki, onlar da bizim gəlişimizə sevindilər, o saat canlandılar.

– Kofe, kofe, – yunqfrau dedi.

– Ya, ya, – dedim.

«Ya» almanca «hə» deməkdir.

Bəli, o bizə qəhvə hazırladı. Sözün düzü, qəhvə heç qəhvə dadı vermirdi, elə bil palıd kəpəyindən hazırlanmışdı. Ancaq məgər gözümüzə qəhvə görünürdü? Açıq-aydın hiss olunurdu ki, gənc, qəşəng qızlar hər şeyə hazırdırlar. Elə qocanın özünün də, deyəsən, etirazı yox idi. Onlar bizimkilərdən qorxurdular, iki zabitin dostluğunu qazanmaq təhlükəsizliyi təmin etmək demək idi.

Bəli, bir xeyli oturduq, sonra mən dedim:

– Abend. Konserv. Şnaps. Brod. Şokolad.

– O! – ikisinin də gözləri parıldadı. – Danke, danke2. Onlar, əlbəttə, aclıq çəkirdilər. Qərəz, biz axşam bir də gəldik, özümüzlə spirt, konserv, kolbasa, çörək, şokolad götürmüşdük. Oturub şam etdik, bir az da vurduq. Məlum oldu ki, qoca Birinci Dünya müharibəsində bizdə əsirlikdə olub, odur ki bir az rusca danışa bilirdi. Ancaq danışmasaydı, ondan yaxşıydı. Elə hey nə isə başa salmaq istəyirdi, lakin dolaşdırırdı, ancaq bizim nəyimizə lazım idi onun söhbətləri. İki sözdən bir antifaşist olduğunu sübut etməyə çalışırdı. O vaxt onlar hamısı birdən-birə antifaşist olmuşdu. Maraqlıdır, biz dörd il kiminlə vuruşmuşduq?!

Ancaq gənc alman qızları – başqa məsələ, onlara bir işarə də bəs idi… Alyoşa ilə mən yaxşıca vurduq, qızlar da bir az içmişdilər. Biz patefon musiqisi altında rəqs eləməyə başladıq, hər bir valın üstündə yazılmışdı: «Nur für döyç» – yəni yalnız almanlar üçün. Mən də hər dəfə valı dəyişdirəndə qəsdən soruşurdum:

– Nur für döyç?

– Nayn, nayn3!

Hə, indi ki nayn, onda getdik rəqs etməyə. Nəhayət, qoca məst olub elə çərənləməyə başladı ki, heç qardaşı qızları da onu başa düşmədilər. O, qızların əmisi idi. Bizi isə lap təngə gətirmişdi. Odur ki mənim yunqfraum onu yatmağa aparanda hamımız sevindik.

Biz tək qaldıq. İçirdik, rəqs edirdik, bir sözlə, kef çəkirdik. Mən yüngülcə öz alman qızımı qucaqladım və yenə soruşdum:

– Nur für döyç?

– Şelma, şelma4, – deyə o güldü. – Rusiş şelma.

– Nayn, – dedim, – kavkaziş şelma.

– O, şönste5 Kaukaz.

Alyoşa ilə mən həmin gecə yuxarıdakı iki otaqda qaldıq. Bizim iki ay yarım davam edən məhəbbət romanımız belə başladı. Bu romana yalnız hərbi uçuşlar zamanı fasilə verilirdi. Bir-iki dəfə aerodromun igidləri bizə şərik çıxmaq istədilər, ancaq məsələnin nə yerdə olduğunu başa düşüb geri çəkildilər. Öz uşaqlarımız idi, qanacaqlı idilər.

Bəli, bir dəfə biz qızlarımızın yanına gəldik. Mənimkinin adı Katrin idi, mən ona Katya deyirdim, kiçiyinin adı isə Qreta idi…

Bu yerdə Sandro əmi Kamalın sözünü kəsdi:

– Sən lap ruslaşmısan, – dedi. – Niyə mənim yanımda öz qadınının adını çəkirsən?

– Necə ki? – Kamal soruşdu.

– Sənin heç başın işləmir, – Sandro əmi dedi. – Bilirsən ki, bu ad mənim arvadımın adıdır. İndi ki yanımda danışırsan, gərək o adı dəyişdirəydin.

– Di yaxşı, – Kamal bərkdən güldü. – Mən daha onun adını çəkməyəcəyəm.

– Axmaq, indi ki çəkdin, daha nə etmək olar, dalını danış.

– Hə, belə, – deyə Kamal gülümsər gözləri ilə Sandro əmiyə baxaraq sözünə davam etdi:

– Bir dəfə biz həmişəki kimi qızların yanında gecələdik. Saat üç olardı, mən yuxudan ayıldım. Evdən çıxdım papiros çəkim. Bir də eşitdim ki, evə motosiklet yaxınlaşdı və dayandı. Ayaq səslərindən hiss etdim ki, iki nəfər evə qalxdı.

Ay zəhrimar, deyə fikirləşirəm, yaman yerdə ilişdik. Tapançam yastığın altda, özüm evin arxasında, əynimdə də – tumandı, altköynəyi, ayaqlarımda çəkələk. Bundan axmaq vəziyyət heç ağıla gətirmək olmazdı. Bir tərəfdən də başım hərlənir, axşam, əlbəttə, o ki var spirtdən vurmuşduq. Öz-özümə fikirləşdim ki, gələ ha, bizə partizanlardan, sayıqlıqdan danışanda gülürdük, indi budur, özümüz gülünc vəziyyətdə qalmışıq. Yəni doğrudan bizim fraularımız satqın çıxıblar? Yox, heç cür inana bilmirdim. Mənim öz… nə ad deyirsən de…

– Yaxşı, de gəlsin öz adıynan. Daha gizlətməyin nə mənası var? – Sandro əmi icazə verdi.

– Hə, mənim öz Katyamdan xoşum gəlirdi, hiss edirdim ki, o da mənə vurğundur, bu birilər də ki bir-biri üçün lap dəli-divanə idilər. Deməli, bizi bu antifaşist satıb.

Dostumu elə-belə ata bilməzdim, lüt halda almanların caynağına da keçmək istəmirdim.

Cəhənnəmə, dedim, nə olar-olar! Küçəyə baxdım, heç kim yox idi. Yüyrüklü alman motosikleti yerindəcə dururdu. Qapıya yaxınlaşdım, qarışıq səslər eşitdim, ancaq heç nə başa düşmək olmurdu.

Bircə şeyi başa düşdüm ki, səslər dostum yatan otaqdan gəlir. Qərara aldım ki, nə qədər ki onlar Alekseylə məşğuldurlar, yuxarı qalxım və birtəhər öz otağıma addayım. Təki özümü tapançaya yetirim. Amma onu da başa düşürdüm ki, əgər bizi qızlar satıblarsa, onda işimiz bitib, çünki belə olan halda mənimki, yəqin ki, tapançanı onlara verib. Qərəz, başqa əlac yox idi, yavaşca qapını açıb pilləkənlə cəld yuxarı qalxdım.

Bir də eşidirəm ki, Alekseyin otağından rusca danışıq səsləri gəlir! O dəqiqə ürəyim yerinə gəldi. Pilləkəndəcə dayanıb ləzzətlə rus nitqinə qulaq asmağa başladım; ancaq söhbətin nədən getdiyini başa düşə bilmirdim. Təxminən yarım dəqiqədən sonra özümə gəldim və içəridə gedən söhbətin axarını tutmağa çalışdım. Səslərdən biri çox kəskin idi. Aha, dedim, patruldur. Bizi patrulla qorxutmaq havayı şeydir. İçəri girdim. Gördüm mənim Katyam gecə köynəyində rəngi ağarmış halda otağın ortasında durub yavaşca deyir:

– Rusiş komandiren, rusiş komandiren…

Onda mən qapını açıb dəhlizə çıxdım və bərkdən qışqırdım:

– Nə olub orda, Aleksey?!

– Demə siz burda tək deyilmişsiniz! – səs eşitdim, sonra qapı açıldı, dəhlizdə bir mayor və onun arxasınca bir əsgər göründü.

– Biabırçılıq! – deyə mayor artıq əynini geyinmiş Alekseyə tərəf döndü. – Niyə demədiniz ki, burada tək deyilsiniz.

Yazıq nə isə mızıldandı. Görünür, o özünün ələ keçdiyini görüb məni gizlətmək istəyib.

– Zəhmət çəkin, əyninizi geyinin! – mayor əmr etdi.

Mən o dəqiqə hiss etdim ki, mayor – qərargah tulasıdır. Biz cəbhəçilər ömründə bir dəfə də döyüş görməmiş adamı o saat tanıyırdıq, istəyirsən onu lap göbəyinə kimi orden-medallarla bəzə.

Ancaq mənə təsir edən o oldu ki, mənim Alekseyim – dörd dəfə yaralanmış, iki dəfə yanan təyyarəni yerə endirmiş igid təyyarəçi – bu zibilin qabağında əsim-əsim əsirdi.

Siz məni tanıyırsınız, bilirsiniz ki, məni özümdən çıxarmaq çətin işdir. Ancaq bu yerdə dözmədim.

– Yoldaş mayor, – dəmir səslə dedim, – xahiş edirəm evi tərk edəsiniz.

Gördüm hərif tutuldu, ancaq özünü o yerə qoymadı. Bir gözü ilə Alekseyə baxdı, bilirdi ki, o, baş leytenantdır, ancaq məndən baş aça bilmədi.

– Sizin rütbəniz? – deyə soruşdu.

Mən geriyə dönüb çarpayıya yaxınlaşdım, yastığın altından tapançanı götürüb yenidən qapıya yaxınlaşdım.

– Bu da mənim rütbəm! – dedim.

– Zarafatı boşlayın. İndi qırx birinci il deyil.

– Əlbəttə, – dedim, – sizin kimi qərargahlarda yançağını isidənlərin günahıdır ki, indi qırx birinci il deyil.

– Mən bütün bunlar haqqında sizin hərbi hissəyə xəbər verməli olacam, – deyib mayor pilləkənlə aşağı düşməyə başladı, əsgər də onun dalınca.

– Xəbər verin! – dedim. – Əlinizdən ayrı nə gəlir ki!

Onlar qapıdan çıxdılar. Biz susurduq. Motosikletin tırıltısını eşitdik, sonra səs-səmir kəsildi.

– Sən onunla çox kobud danışdın, – Aleksey dilləndi. – İndi bizə rahatlıq verməyəcəklər.

– Qorxma, – dedim, – bizi komandirlərimiz yaxşı tanıyırlar. Böyük iş olub, alman qızları ilə gecələmişik.

– Axı sən onu tapança ilə hədələdin, – Aleksey dedi. – Təsəvvür edirsən, o bunu necə qələmə verə bilər?

– Biz də deyərik ki, o, yalan deyir, – cavab verdim. – Deyərik ki, o özü qadınlarla qalmaq istəyirdi, hər şey də ona görə başladı. Yoxsa niyə gecə saat üçdə motosikletdə fırlanır.

– Əlbəttə, – Aleksey razılaşdı. – İndi gərək bir-birimizin tərəfini saxlayaq. Ancaq sən gərək onunla kobudluq etməyəydin.

Mən başa düşürdüm ki, Aleksey indi Qretasının qarşısında özünü naqolay hiss edir. Qızlar, əlbəttə, sözləri başa düşmürdülər, ancaq burda başa düşməli bir şey yox idi; Alekseyi geyinməyə məcbur etmiş mayoru mən evdən qovmuşdum.

Mən gərginliyi aradan götürmək üçün hamıya spirt süzdüm və biz yenə də masa arxasında əyləşdik. Bacılar öz aralarında pıçıldaşdılar. Qreta parıldayan gözləri ilə mənə baxırdı, onun qara teli tez-tez alnına düşürdü. Qəşəng qız idi şeytan.

Qərəz, bir az içdikdən sonra hərə öz otağına getdi.

– Mayor gestapo?6 – Katya məndən soruşdu.

– Nayn, nayn, – dedim.

Elə bircə bu çatmırdı. Ancaq gördüm inanmır.

Bir gündən sonra bizdə hərbi uçuş var idi. Mən sağ-salamat uçuşumu başa çatdırdım. Öz ekipajımla birlikdə yeməkxanada çörəyimi yedikdən sonra Alekseyə yaxınlaşdım. O, nədənsə tək oturmuşdu.

1.Jungfrau (alm.) – yetişmiş qız
2.Danke (alm.) – təşəkkür edirik
3.Nein (alm.) – xeyr
4.Schelm (alm.) – hiyləgər, bic
5.Schön (alm.) – qəşəng
6.Gestapo – Hitler Almaniyasında faşizm düşmənlərinə qarşı ən vəhşi üsullar tətbiq edən gizli siyasi polis

Ücretsiz ön izlemeyi tamamladınız.

₺44,98
Yaş sınırı:
12+
Litres'teki yayın tarihi:
07 ekim 2022
ISBN:
9789952242584
Telif hakkı:
Altun Kitab
Metin
Ortalama puan 0, 0 oylamaya göre