Kitabı oku: «Mirzə Şəfi haqqında xatirələr»
“Xatirə Ədəbiyyatı” silsiləsindən 2-ci kitab
© Fridrix Bodenştedt / Mirzə Şəfi haqqında xatirələr
© “XAN” nəşriyyatı / Bakı / 2022 / 136 səh.
Üz qabığının dizayneri / Teymur Fərzi
* * *

Mirzə Şəfi Valzeh
Şərqin ən müdrik adalmı
Başlıq bizim fantaziyamızın və ya Mirzə Şəfiyə olan sevgimizin göstəricisi deyil. Məhz oxuyacağınız xatirələrin müəllifinə Mirzə Şəfinin dediyi sözlərdir.
“Mən, Mirzə Şəfi, Şərqin tanınmış alimlərindənəm. Deməli, sən məndən sonra ikinci müdrik adam olmalısan”.
Gəncədə yaşayasan və Şərqin tanınmış alimi olması iddiasında olasan. Bəlkə də, Bodenştedt olmasa idi, şeirləri ilə sevgi çələngi hörən Vazeh öz müdrikliyini dünyaya tanıtmadan məzarına aparacaqdı.
Amma yox. Tarix onu başqa bir tələbəsi ilə də öz səhifələrinə yazacaqdı. Bu barədə bir azdan.
Şəfi 1794-cü ildə Gəncədə xanlığın saray memarı olan bənna Kərbəlayı Sadıqın ailəsində doğulub. Mədrəsəni bitirdikdən sonra Cavad xanın qızı Püstə xanımın yanında mirzəlik etdiyinə görə “Mirzə” ünvanını qazanır. Lakin hadisələr elə gətirir ki, Püstə xanım İrana qaçmalı olur, Şəfiyə dəstək verən tacir Hacı Abdulla vəfat edir (Şəfi atasını erkən yaşda itirir), buna görə də mədrəsədə gözəl xətti olduğuna görə iş tapır.
Tarix qəhqəhələrlə doludur. Gəncə mədrəsəsinin bir küncündə mirzəliklə məşğul olasan, bir gün Gəncəyə iyirmi yaşlarında bir gənc gətirilsin və o gəncin ruhanilər sırasına qoşulması istənilsin, lakin Şəfi ilə tanış olandan sonra həmin gənc dinin ən qatı tənqidçisinə çevrilsin:
“Bir gün həmin möhtərəm şəxs məndən soruşdu:
– Mirzə Fətəli, elmləri öyrənməkdə məqsədin nədir?
– Ruhani olmaq istəyirəm.
– Demək, riyakar və şarlatan olmaq istəyirsən… Mirzə Fətəli, öz ömrünü bu iyrənc camaatın sıralarında zay etmə. Başqa bir peşə dalınca get.
Mirzə Fətəli başqa bir peşənin arxasınca getdi, əgər Gəncədə ilkin məqsədinə çatsaydı, Azərbaycan tarixi nələrdən məhrum olardı, düşündünüzmü? Dramaturgiyamız, teatrımız, Qori seminariyası… Gerisini düşünün artıq.
Almaniyaldaln Gələn tələbə
1840-cı ildə Şəfi Tiflisə köçür, Axundzadənin köməyi ilə Tiflis qəza məktəbinə türk, ərəb və fars dilləri müəllimi vəzifəsinə təyin olunur. Dörd il sonra Şəfinin yanına Almaniyadan bir nəfər gəlir, o, Şərqi, türk dilini öyrənmək istəyir. Bu şəxs Qafqaz canişini general Neytqardtın təklifi ilə Tiflisə gələn, Almaniyanın Hannover şəhərində doğulan şair Fridrix Bodenştedt idi. Bodenştedt xatirələrində yazır: “Tiflisə gələndə məni hər şeydən əvvəl müəllim tutmaq məsələsi düşündürürdü ki, tatar dilini öyrənim. Qafqazda yaşayan camaatla ünsiyyətdə olmaq üçün bu dili bilmək kifayət edirdi. Xoşbəxtlikdən, arayıb-axtardığım müəllimlərdən ürəyimə yatanı tanınmış xəttat, alim, gəncəli Mirzə Şəfi oldu”.
Xatirələr olduqca maraqlıdır. Bodenştedtin yazı tərzindən aydın olur ki, Şəfi onu müəllim-şagird münasibətlərindən əlavə öz duyğularını bölüşdüyü bir insan kimi görüb.
Bir gün Fridrix ondan soruşur:
– Mirzə Şəfi, heç sevmisənmi?
Şəfi Hafizdən qəzəl oxuduqdan sonra ona deyir:
– Yox, indi mən sevmirəm, ancaq bircə dəfə aşiq olmuşam. Mənim kimi heç bir kəs belə vurulmayıb!
Şəfi kimə vurulmuşdu?
Bu İbrahim xanın qızı Züleyxa idi. Vazeh irsindən qalan şeirlər arasından 15-i Züleyxaya yazılıb. Vazeh onu belə anladıb: “Heç bilmirəm sənə onun zülmət gecəyə bənzər, lakin ulduzlar kimi parlaq gözlərindənmi, yoxsa zərif qəddiqamətindənmi, qar kimi ağ, incə əllərindənmi, buruq-buruq dolaşıb gərdanına tökülmüş uzun hörüklərindənmi deyim? Yoxsa Şiraz çiçəkləri kimi ətirli nəfəsindənmi sənə söz açım?”
“Xatirələr”ə görə, Vazehin nakam məhəbbəti bu cür olub: İbrahim xanın axşamlar evdə olmamasından istifadə edən Vazeh qızın evinin eyvanı görsənən tərəfdə gəzərək Camidən və Hafizdən qəzəllər oxuyub onun diqqətini cəlb eləməyə çalışır. Nəhayət, belə davam edən günlərin birində ağ çadrada Züleyxanın sirdaşı olan Fatma ona gizlicə yaxınlaşır, Şəfiyə sevgisinin qarşılıqsız olmadığı xəbərini çatdırır və onlar gizlicə görüşməyə başlayırlar. Lakin bu xoşbəxtliyin ömrü cəmi altı ay çəkir. Belə ki, hərbi səfərdən qayıdan İbrahim xan qızını özünə tay bildiyi Əhməd xana vermək üçün toy tədarükü görməyə başlayır. Artıq çıxış yolu qalmadığını görən Şəfi Fatmanı sevən tacir Akimin köməyi ilə Züleyxanı qaçırır.
Lakin gecə daldalanacaq tapdıqları kənddə Əhməd xanın adamları onları yaxalayır, Mirzə Şəfi ağac zərbələri ilə c əzalandırılır. Şəfi Züleyxanı uzun müddət unutmur: "Vaxt vardı biri mənə hamını əvəz edirdi, indi hamı mənə birini əvəz etmir!"
Lakin Mirzə Şəfi yanıldı. Gənclik məhəbbəti ilə yanaşı müdriklik dövrünün də sevgilisinin olacağrnı unutmuşdu. Bu Hafizə idi. Şəfi bir gün evlərin arasrnda gəzərkən damın başrnda bir qız görür və həmin gün bütün rahatlığı pozulur. Eynilə Züleyxada olduğu kimi qızrn da ona xoş münasibət bəslədiyini bilib evlənmək qərarrna gəlir, lakin Şəfi kasıb olduğu üçün qızrn tacir atası buna razılıq vermir. Lakin görünür, Tanrı bu dəfə hökmünü vermişdi. Çox keçmir ki, Hafizənin atası sarılıq xəstəliyindən dünyasrnı dəyişir və Şəfi nəhayət ki, sevgisinə qovuşur.
Bakixanovun yaninda içilməyən içki
Bodenştedt xatirələrində Mirzə Şəfini şərab içən kimi göstərir. Onun yazdığına görə Tiflisdə tanış olduğu adamlar içərisində biliyinə və vəzifəsinə görə seçilən şəxs Bakı xanlarinin nəslindən Abbasqulu xan olub. Bodenştedt Abbasqulu xanrn Rusiyaya böyük məhəbbəti olan, əsərlərinin gücünə görə tənqid edilə bilinməyən şəxsiyyət olduğunu söyləyir, Şəfinin yaratdığı "Divani-hikmət" məclisində onun fikirlərinə qulaq asdığrnı, Abbasqulu xanrn "Fatma tar çalır" şeirini ondan yadigar olaraq özünün yazmasrnı xahiş etdiyini qeyd edir:
"Abbasqulu xan otaqdan çıxanda Mirzə Şəfi qarşısrndakı şüşəni götürüb özünə şərab süzüb içəndə soruşdum:
– Sən xanrn yanrnda niyə içmədin, Mirzə Şəfi?
– O, dindar adamdır. Dindarlar şərab içmirlər.
– Sən də yalnız onun dindar olduğuna görəmi içmədin?
– O, məndən yaşlı, həm də rütbəcə böyük adamdır. Mən onun yanında içsəm, onu təhqir etmiş olardım”.
Şəfi erməni kişilərini evibləyir
Xatirələrdən bəlli olur ki, Bodenştedt İrəvana səfər edir, oradan qayıtdıqdan sonra “Divani-Hikmət”ə Şəfiyə gördüklərini danışmağa gəlirlər. Onlar Şəfiyə erməni qadınlarının ağır zəhmətlə böyük daşlardan soba tikmələrini danışırlar. Şəfi bundan əsəbləşərək deyir: “Eyib olsun, onların kişilərinə. Ən yüksək qiyməti qadınlara vermək lazımdır. Bu gözəl məxluqun əziyyət çəkməsində ancaq kişilər günahkardırlar”.
Mirzə Şəfi sual edir
Xatirələri oxuduqca Mirzə Şəfinin qadınlara verdiyi önəm insanı heyrətləndirir. Görünür, onun qadınlar haqqında dediyi bütün fikirlərin altında Züleyxa və Hafizənin gözəlliyi yatırdı. Xatirələrində Şəfinin qadınlar haqqında dedikləri diqqət çəkir:
– Qadına qəlbən, nə qədər bağlansan, bir o qədər onu yaxından tanıyarsan, öyrənərsən. Yaxşı tanıdıqdan sonra, bir o qədər də çox sevirsən. Nə qədər onları çox sevirlər, bunun əvəzində, bir o qədərdən də artıq onlar bizi sevirlər. Çünki əsl məhəbbətə onlar qarşılıqlı cavab verirlər.
– Ən ülvi məhəbbət yüksək ağıl deməkdir. Bu dünyada qadından yüksək nə ola bilər?
– Qadın yer üzündə Allahın həqiqi varlığıdır!
– Gözəl qadının əlini öpmək ən dadlı yeməklərdən üstündür.
– Onlardır xoşbəxtlik tacının ən qiymətli daşı.
– Kim ki, onların tərəfdarıdır, həyat da onlarındır.
– Qadınlar o zaman gözəlləşir, çiçək kimi açırlar ki, onu bəsləyib qoruyasan.
Şəfidən qalanlar
1851-ci ildə Bodenştedt “Mirzə Şəfinin nəğmələri”ni çap etdirir, böyük şöhrət gətirən bu şeirlər Fridrixin başını gicəlləndirir və o, şeirlərin müəllifinin özü olduğunu yazır, lakin tarix onun bu əməlini bağışlamır, şeirlər öz həqiqi sahibinin imzasına qovuşur. “Nəğmələr” Avropada dəfələrlə çap olunur, fransız, ingilis, italyan, isveç, holland, ispan, portuqal, rus, çex, macar, yəhudi dillərinə tərcümə edilir. Yalnız Almaniyada 1922-ci ilə qədər 169 dəfə çap olunur. Bu gün əldə olan şeirlər alman dilindən tərcümə olunsa da, Şəfiyə, Şərq ədəbiyyatına məxsusluq özünü saxlayır. Tiflisdə Şəfi Qriqoryevlə birlikdə ilk Azərbaycan-türk dili dərsliklərindən olan “Kitabi-türki”ni yazır. Şəfi 1852-ci ildə vəfat edir. Onun həyatını Əlisa Nicat “Gəncəli müdrik” adlı romanının ön sözündə bir cümlə ilə göstərib: “Mirzə Şəfinin ömrü boyu bacardığı şeir yazmaq və sevmək olub”.
Ölərkən Züleyxanı xatırlamışdımı? Kim bilir, biz isə onun bir nəğməsi ilə Züleyxanı xatırlayırıq.
Vaxt var idi güclü, cavan qolumla,
Səni bərk-bərk. qucaqlayıb öpərdim.
Gənclik getdi… Köhnə eşqin oduyla,
Vurur qəlbim indiyədək… nə dərdim!
Mənim həyat üzüyümün qaşısan,
O üzüyün bəzəyi sən, daşı sən.
İnan, bütün nəğmələrim sənindir
Ürəyə bax… neyləyirsən yaşı sən.
Qalanını isə Bodenştedtən oxuyaq.
Dilqəm Əhməd

Fridrix Bodenştedt
Prоloq
Qəlbimdə yenə sən canlanırsan, ey gəncəli ustadım! Sənin yanında əyləşib, nəğmələrini məlahətli səsində dinləmək istəyirəm. Sənin mənə bəxş etdiyin o ətirli çiçəklərdən gözəl bir çələng hördüm. Sənə şöhrət, qadınlarımıza sevinc gətirmək üçün qarşıma tökdüyüm in-ciləri sapa düzüb, səliqəli bir boyunbağı düzəltdim, ey mənim gən-cəli söz ustadım Mirzə Şəfi!
Fridrix Bodenştedt
… Tiflisə gələndə məni hər şeydən əvvəl müəllim tutmaq məsələsi düşündürürdü ki, tatar dilini öyrənim. Qafqazda yaşayan camaatla ünsiyyətdə olmaq üçün bu dili bilmək kifayət edirdi. Xoşbəxtlikdən, arayıb-axtardığım müəllimlərdən ürəyimə yatanı tanınmış xəttat, alim, gəncəli Mirzə Şəfi oldu.
Mirzə Şəfi öz təvazökarlığı ilə Şərqin ən müdrik adamlarından biri idi. O, bu fikirdəydi ki, Avropada gənclər etiqadsız və inamsız yaşayırlar. O, eyni zamanda, belə bir möhkəm əqidədə idi ki, biz Qərb övladları dərs alacağımız illər ərzində onun səyi ilə Şərqin müdrik və ibrətamiz cəhətlərinə yiyələnəcəyik.
– Sən mənim beşinci şagirdimsən, – deyə o, əlavə edib bildirdi ki, hikmətli kəlamlarını dinləmək üçün Tiflisə gəlmək zərurətini duyanların sayı getdikcə çoxalır. Bir az susduqdan sonra əlavə etdi ki, məndən əvvəlki dörd şagirdi geriyə – Avropaya, öz vətənlərinə qayıdandan sonra bütün səylərini Şərqdə aldıqları bilikləri yerlərində geniş yaymağa həsr etmişlər. Mənə isə o daha böyük ümid və ehtiram bəsləyirdi.
O vaxt mən elə güman edirdim ki, onun mənə olan pərəstişkarlığı müqəddəs dilləri öyrənməkdə səy və bacarığım, eyni zamanda, onun hər bir dərsinə verdiyim qeyri-adi (yəni böyük) qiyməti olan bir gümüş pulla bağlıdır.
Mirzə Şəfi inana bilmir ki, müqəddəs dilləri bilmədən, adam özünü necə müdrik hesab edib, alim adı ilə dünyanı gəzib dolaşsın.
O, mənim müqəddəs dilləri öyrənmək səyimi və bacarığımı, eyni zamanda, xoşbəxtlikdən onu özümə müəllim seçməkdə üstün cəhətlərimi görüb, bəzi şeylərdə mənə güzəştə gedirdi. O, mənə xeyirxah münasibətini əyani şəkildə sübut etməyə çalışırdı.
– Mən, Mirzə Şəfi, Şərqin tanınmış alimlərindənəm. Deməli, sən məndən sonra ikinci müdrik adam olmalısan. Ancaq sən məni düzgün başa düş. Mənim Ömər əfəndi adlı bir dostum var. O, böyük ağıl və mərifət sahibidir. Bu diyarda onu yazı-pozu işində üçüncü şəxsiyyət hesab etmək olar. Əgər mən ölsəm, sənin müəllimin o olmalıdır. O zaman o birinci, sən isə ikinci müdrik adam olmalısan.
Bu ürək sözlərini deyə-deyə Mirzə Şəfi şəhadət barmağını alnına söykəyib, nüfuzedici nəzərlərlə məni süzür, mən də sükut içində razılıqla başımı tərpədib, onun fikrinə tərəfdar olduğumu bildirirdim.
Gəncəli ustadım, dərin biliyinə şübhə edən hər bir kəsə öz müdrikliyini əyani surətdə göstərirdi. Mən də bir hadisədə bunun şahidi oldum.
Mirzə Şəfinin mühazirələrinə paxıllıq eləyən qələm rəqibləri içərisində ən qəddarı bağdadlı alim Mirzə Yusif idi. O, özünü ona görə bağdadlı adlandırırdı ki, ərəbcə təhsilini orada almışdı. O, iddia edirdi ki, bilikdə Mirzə Şəfidən daha dərin adamdır. Mirzə Şəfini elm adamları arasında ən səviyyəsiz şəxs sayırdı. Onun savadlı yaza bilmədiyini söyləyib, hörmətli müəllimi gözümdən salmağa çalışırdı.
– O, hətta oxumağı bacarmır. Mənə de görüm, yazmağı bacarmayan adam müdrik olarmı? – deyib ara vermədən, cır və qulaqbatırıcı səslə danışırdı.
Onun danışığından heç nə başa düşmək olmurdu. O öz adının gözəlliyindən danışır, peyğəmbər adı ilə bağlı olduğunu deyirdi. Deyirdi ki, “Yusif adını şairlər dönə-dönə ehtiramla vəsf etmişlər”. Canfəşanlıqla sübut etməyə çalışırdı ki, bu ad adi söz deyil, Misir ölkəsində əfsanəyə çevrilmiş Yusifin eynisidir ki, insanlar arasında müdrikliyin timsalıdır. Bu adı daşıyanların özündə də az, ya çox dərəcədə gözəllik, böyüklük və müqəddəslik var. Bax, bu cür özünü tərifləyirdi Yusif!
O, mənə özünün yeni keyfiyyətlərindən danışmaq istəyəndə artırmada möhtərəm müəllimimin ayaq səsləri eşidildi. Mirzə Şəfi ayaqqabılarını qapı arxasında çıxarıb, ayağında əlvan və səliqəli toxunmuş corabla otağa daxil oldu. Qonağım elə güman elədi ki, Mirzə Şəfini qəsdən buraya dəvət etmişəm. Çünki Mirzə Şəfi onu görcək pis vəziyyətə düşmüş Mirzə Yusifi başdan-ayağa kinli nəzərlərlə süzüb, daxili hissini büruzə vermək istədi. Bu vaxt mən onu tez qabaqlayıb, soruşdum:
– Mirzə Şəfi, gəncəli ustad! Mən nələr eşidirəm?! Sən yazmağı, oxumağı bilmədən mənə elm öyrətmək istəyirsən? Bağdadlı ustad Mirzə Yusif səni elm aləmində səriştəsi olmayan adam hesab edir!
Bu sözlərdən Mirzə Şəfinin ovqatı təlx oldu. O, əvvəlcə əlini əlinə vurdu, xidmətçimə qəlyan gətirməyi işarə etdi. Mənim xidmətçim həmişə olduğu kimi, ona bir qəlyan gətirdi. Mirzə Şəfi bununla yanaşı, həm də dikdaban ayaqqabısının bir tayını götürdü və rəhmsizliklə onu bağdadlı “müdrik”in başına çırpdı. Mirzə Şəfinin özündən çıxdığını görən bağdadlı “müdrik” tez bayıra qaçmağa fürsət axtardı. Mirzə Şəfi ona imkan verməyib:
– Demək, sən məndən ağıllısan? Deyirsən, mən oxuya bilmirəm? İndi dayan, sənə bir oxumaq öyrədim ki, aləm tamaşana gəlsin! Deyirsən, yəni, mən yaza da bilmirəm? Al, başıbatmış! – deyib, ara vermədən ayaqqabını onun başına endirirdi.
Bağdadlı “müdrik” Mirzə Şəfinin kötəkləri altında ufuldayıb sızıldayaraq, otaqdan artırmaya, oradan da pilləkənlə aşağıya enib gözdən itdi.
Mirzə Şəfi müdriklik mübarizəsində qələbə çalmış, qürurla, mənim gözlədiyimdən də artıq sakitləşmiş vəziyyətdə geri qayıtdı.
Müəllimim mənə söylədi ki, Mirzə Yusif kimi boşboğazların sözlərinə inanmayım, yalnız onun dediklərinə əməl edim.
– Mirzə Yusif kimi çoxları sənin yanına gələcək, ancaq sən onlardan öz ağlınla üz döndərməlisən. Şair deyir ki: “Oxumağı, yazmağı bacarmayan adamların könlündən vəzirlik keçər.” Çünki belə adamların biliyi dayaz, tamahları isə böyük olur. Onlar sənin yanına elm öyrətmək üçün deyil, cibini soymağa gəlirlər.
Mirzə Şəfi sədəf kimi ağ dişlərini göstərib, əlavə etdi:
– İştah diş altında olur.
O, adəti üzrə rahatlanmaq üçün papağını çıxarıb kənara qoydu. Başını ülgüclə tərtəmiz qırxdıranda çox məğrur görünürdü. Bu vaxt ona elə gəlirdi ki, bütün qadınlarda ona məhəbbət, kişilərdə isə ehtiram hissi oyanır.
Hər dəfə o, başını qırxdıranda mən onun ruhunu oxşamaq üçün deyərdim:
– Bu gün necə gözəlsiniz, Mirzə Şəfi!
Dikdaban ayaqqabı əhvalatına baxmayaraq, Mirzə Şəfi bu gecə mənə daha şad görünürdü. Çünki bizim tanışlığımızdan indiyə qədər ilk dəfə idi ki, mənimlə şərab içməyə meyil edirdi. Halbuki, o, həmişə müəyyən bəhanə ilə bundan boyun qaçırardı. O, çox hörmətli adam olduğu üçün, Avropada onun şərab içməsi barəsində danışacağımdan, onun təmiz müəllim adına ləkə gətirə biləcəyimdən ehtiyat edirdi. Ancaq öz hislərini boğa bilmədi, iki-üç qədəh içdikdən sonra, ilhama gəldi. Mirzə Şəfi elə mükəddər, elə söhbətcil bir adama çevrildi ki, heç vaxt onu belə əhvalda görməmişdim. O, məni xumar baxışlarla süzüb dedi:
– Gör, bir Hafiz nə deyib:
Şərab müdrik adamların içkisidir,
O, gözəl əhvali-ruhiyyənin mənbəyidir.1
Onun ətrafında neçə-neçə müqəddəs ruhlar dolanır.
– Əslində, – deyə o, sözünə davam etdi, – şərabın ləzzətini yalnız avam adamlar başa düşməzlər. Biz filosoflara Quran niyə lazımdır? Bizim müdrik şairlərimiz, ağıllı xanəndələrimiz ömürləri boyu şərabı mədh ediblər. İndi bizim cürətimiz çatarmı ki, onların dediklərinə əks gedək?
Mirzə Şəfi bu sözlərlə sübuta yetirmək istəyirdi ki, onun söylədiklərini dünənə şamil etmək olmaz. O, mənə on il bundan əvvəl qatı dindar bir mollaya göndərdiyi şəraba məhəbbətini izah edən bir nəğmə oxudu:
Molla, şərab təmizdir,
Günahdır onu təhqir etmək.
Həqiqəti də axtarsan onda taparsan
Ayaqlarım məni bilərək məscidə gətirməyib,
Sərxoş idim, yolumu azıb gəlmişəm.
Badəni şeir, şeiri isə badə əvəz edirdi. Birdən mənim nəzərlərim təəccüblə ona dikildi. Mirzə dərin fikrə getmişdi. Gözləri bir nöqtəyə dikilib qalmışdı. O, bir an beləcə xəyala daldı. Mən onu xəyaldan ayırmağa qıymadım. O, dərin köks ötürüb, kədərli bir ahənglə aşağıdakı nəğməni oxudu:
Məhəbbətin əzabı belimi əydi,
Kimdən ötrü, soruşma.
Mənə ayrılığın zəhərini verdi,
Kimin əliylə, soruşma.
Mən onun sözünü kəsib:
– Mirzə Şəfi, heç sevmisənmi? – soruşdum. O məni əzablı baxışlarla süzdü və başladı başqa bir nəğmə oxumağa. Mənə elə gəlir ki, nəğmə Hafizin idi:
Məhəbbətin sonu – nəhayəti görünməyən cığırına elə ki ayaq basdın, təsəllini yalnız labüd ölümündə, yoxluğunda taparsan.
O, nəğməni axıra qədər avazla oxudu və üzünü mənə tutub dedi:
– Yox, indi mən sevmirəm, ancaq bircə dəfə aşiq olmuşam. Mənim kimi heç kəs belə vurulmayıb!
Sizə deyim ki, onun məhəbbətinin sirrini öyrənmək üçün bütün səyimi toplamağa cəhd göstərdim. Biz gecədən xeyli keçənə qədər oturduq. Nəzərlərim ona zillənmişdi, diqqətim onda idi.
* * *
– İbrahim xanın qızı Züleyxanı Gəncədə gördüyüm vaxtdan düz on bir il keçmişdir, – deyə Mirzə Şəfi köks ötürüb, sözünə davam etdi. – Mən onun gözəlliyini necə tərif edim ki, səndə aydın təsəvvür yaransın. Heç bilmirəm sənə onun zülmət gecəyə bənzər, lakin ulduzlar kimi parlaq gözlərindənmi, yoxsa zərif qədd-qamətindənmi, qar kimi ağ, incə əllərindənmi, buruq-buruq dolaşıb gərdəninə tökülmüş uzun hörüklərindənmi deyim? Yoxsa Şiraz çiçəkləri kimi ətirli nəfəsindənmi sənə söz açım? Əlbəttə, sənə bunları danışmağımın heç bir mənası yoxdur. Onsuz da bilirəm ki, danışdığım hadisələrin mənasını, incəliyini mənim kimi dərk edə bilməyəcəksən, çünki insan qeyri-adi şeyləri çətin qavraya bilər.
Züleyxanı görmək üçün altı ay həsrətini çəkdim. Nəhayət, mən onu rəfiqələrilə eyvanda oturub, axşamüstü ay işığında kənizlərinin rəqs etmələrinə baxanda görə bildim. Görüşüb danışmağa cürət edə bilməzdim, çünki qızın mənə meyili ola biləcəyinə ümidim yox idi. İnsan günəşə yaxınlaşa bilmədiyi kimi, mən də ona yaxınlaşa bilərdimmi? Gündüzlər ehtiyatla gəzib-dolaşırdım. İbrahim xan bilsəydi ki, mən onun qızına məhəbbət gözüylə baxıram, vəziyyətim pis olardı. Ancaq axşamlar Züleyxanı görməyə can atırdım. Bilirdim ki, İbrahim xan axşam saat səkkizdən sonra ayağını evdən kənara qoymur.
Odur ki, gecələr qəlbimdə alovlanan eşqimi nəğmələrə çevi-rirdim. Hərdən Hafizdən, Camidən də qəzəllər oxuyurdum.
Sərin külək, əs o yerə ki tanışdır oralar sənə.
Ona şirin söz söylə, o söz ki bəllidir sənə.
Kədərli cavab istəməm, o bil, yaddır mənə.
Şəfa versə gətir, etiraf edərsən nə bəllidir sənə!
Əksər hallarda mən öz nəğmələrimi oxuyurdum. Borc alınmış zər-xara ilə bəzənmək nəyimə lazım idi? Kimin nəğmələri mənim nəğmələrim qədər səlis, aydın olar, ürəklərə yol tapa bilər? Mən çox dözməli oldum. Nəhayət, bir xoş gündə qızın diqqətini özümə yönəltməyə qadir oldum. Xoşbəxtlikdən elə təsadüf düşdü ki, İbrahim xan yerli düşmənlərlə vuruşmaq üçün Tiflisə getdi. Xanın evinin yanında sərbəst gəzib-dolaşmaq və nəğmə oxumaq imkanı tapmışdım.
Bir gün İbrahim xanın evinin yaxınlığında Züleyxanı görmək üçün gizlənib onu güdürdüm, güddüyüm yerdə boş-bikar dayanıb nəğmə oxuyurdum. Xanın evində isə heç kəs görünmürdü. Züleyxanı görməməyimdən mütəəssir olub, evə qayıtmaq istəyirdim ki, qəfildən ağ çadraya bürünmüş bir qadın yanımdan ötəndə astadan:
– Mirzə Şəfi, arxamca gəl və məni izlə, – dedi. Həyəcandan ürəyim döyündü. Mən onun sözünə əməl edib, dinməz arxasınca getməyə məcbur oldum. Biz dar döngənin sağ tərəfi ilə addımlayıb, əzgil kolları ilə əhatə olunmuş, yüklü karvanların keçib gedə bilməsi mümkün olmayan dar bir cığıra gəlib çatdıq və dağa sarı qalxıb, xəlvət yerdə dayandıq. Burda bizi heç kim görməzdi. Mən hiss etdim ki, bu qadın Züleyxadan mənə nəsə demək istəyir.
Mirzə Şəfi bir an sözünə ara verdi və şərabdan bir-iki qurtum içib, hekayəsini davam etmək istəyirdi ki, mən onu qabaqlayıb:
– Mənə belə gəldi ki, ağ çadralı qadın Züleyxanın özüdür, – dedim.
O mənim dediyimi könülsüz dinləyib, cavab verdi:
– Günəş yerə enə bilərmi? Əgər Züleyxa gəlmiş olsaydı, mənimlə təklikdə qala bilərdimi? Günəş qüruba ensə, gecə olmazmı, bu da xoşbəxt başlanğıcın sonu deyilmi?
Mirzə Şəfi arada bir qədəh də şərab içib, sanki hiss-lərini sakitləşdirirdi.
– Mənim sadəlövh yol yoldaşım aramıza çökmüş sükutu pozdu, – Mirzə Şəfi sözünü davam etdirdi. – Mənim adım Fatmadır, – dedi. – Züleyxanın sirdaşıyam. Xanım səni bir neçə dəfə görüb. Onun çox xoşuna gəlirsən. Sənin səsini eşitcək o şad olur, nəğmələrin isə onu valeh edir. Məni sənin yanına göndərən də odur. Səni sevindirmək üçün deyirəm ki, sevginə əmin ola bilərsən. Məhəbbətin yolunda əziyyət çəkdiyinə görə sənə ürəkdən yanıram. Mənə inana bilərsən.
– Demək, Züleyxa yazıq qullarından birinin məhəbbətinə öz qəlbilə cavab vermişdir? – deyə sevindiyimdən özümü saxlaya bilməyib, ucadan səsləndim. Sanki yer, göy mənim idi. Bu geniş səmada uçmağa qanad axtarırdım. Deməli, möhnətin qəlbimi neştərləyən tikanı sevincimin qarşısında parçalanmışdır? Allaha min şükür olsun! Onun mərhəməti nə qədər böyük, gördüyü işlər necə də qəribə olurmuş! Mən onun yolunda nə iş görmüşəm ki, öz mərhəmətini Züleyxamın əli ilə qəlbimə yağdırır?! İlham çeşməmi gözəllik dənizindən qidalandırır.
– Sən Allahın mərhəmətini, Züleyxanın gözəlliyini tərifləməkdə haqlısan, – deyib, Fatma razılığını bildirdi, – Züleyxa qiymətli bir üzüyün bahalı qaşıdır. O, xoşbəxtliyin, səadətin özüdür. Onun ismət və məsumluğu gözəlliyindən yüksəkdə olmasaydı, sənə razılığını çoxdan bildirərdi. Bir də ki, Züleyxa onu dünyalar qədər sevən atasının qorxusundan, kasıb bir Mirzənin onu sevməsinə heç imkan verməzdi. Lakin sənə bildirim ki, İbrahim xanla səfərə çıxmış avar Əhməd xan Züleyxaya evlənmək istəyir. Züleyxanın atası onların evlənməyinə razıdır. Onlar səfərdən qayıdandan sonra bu məsələni həll edəcəklər. Ona görə tez bir əlac etməlisən ki, onlar səfərdən qayıdana kimi məhəbbətiniz qovuşsun. Molla axşamçağı minarədən azan çəkən zaman evimizin yanındakı bağçaya gələrsən. Mən çalışaram ki, Züleyxanın diqqətini sənə yönəldim. Sən isə onun xoşuna gələn bir nəğmə oxuyarsan. Əgər nəğmən onun xoşuna gəlsə, səni əmin edirəm ki, onun sevgisinə nail olub, bir qönçə alacaqsan.
Fatma çox danışdı. Mən isə bizim söhbətin ən vacib tərəfini sənə söylədim. Fatmanın lütfkarlığının əvəzində mən ona cib saatımı, pul kisəmi, yanımda qiymətli nə vardısa, hamısını bağışladım. Hətta onun sağ yanağındakı ləkəni götürmək üçün dua yazacağımı da bildirdim. Nəhayət, biz müəyyən bir vaxtda görüşmək üçün vədələşib, ayrıldıq.
Mirzə Şəfi şərab dolu qədəhi əlinə götürüb, dərindən nəfəs aldı və söhbətinə ara verdi. Mən bundan istifadə edib, qaranlıq olan yerləri aydınlaşdırmaq məqsədilə soruşdum:
– Mirzə, söylədiyin o “möhnət tikanının” və Fatmanın “qönçə alacaqsan” deməsinin mənası nədir?
– Bəyəm sən o qədər təcrübəsizsən ki, məhəbbəti ifadə edən vasitələri də bilmirsən? Bakirə bir qız tanımadığı kişiyə öz hislərini necə deyə bilər?
Mən dinmədim. Dərslərdə oxuduğu şeirləri qafiyələrilə mənə izah etməkdə böyük istedadı olan Mirzə adəti üzrə hisslərini şeirlərlə ifadə etdi:
Həm inkar, həm də nifrət,
Qəzəb timsalıdır tikan.
Gözəl səni inkar (rədd) etsə,
Demək, verir sənə tikan.
Bir gözəl qız gül qönçəsi
Tullayırsa mənə sarı,
Bəxt üzümə gülür demək,
Ölənəcən sevmək gərək.
Qızılgülü versə o qız,
Ümidlərim hasil olar.
Dilbər mənə qismət olar,
Məhəbbəti qəlbə dolar.
– Mirzə, indi hər şeyi başa düşdüm, söhbətinə davam edə bilərsən, – dedim.
– Mən sevgimizə əməl edib, ertəsi günü Fatma dediyi yerə gəldim, – deyə Mirzə söhbətini davam etdirdi. – Həmin günü mən sevgilimin biganə qala bilməyəcəyini duyub, məhəbbət barədə bir şeir yazdım. Bu şeiri azı iyirmi dəfədən çox öz-özümə oxudum ki, yaxşı səslənməsinə əmin olum. Qızla görüşməzdən əvvəl də hamama gedib, özümü səliqəsahmana salmışdım.
Görüşəcəyimiz gecə sakit və sərin idi. Mən gizləndiyim yerdən Züleyxanı aydın görə bilirdim. O, Fatma ilə bərabər eyvanda dayanıb, çadranı üzündən bir az yana çəkmişdi. Mən də cürətlə qabağa çıxıb, özümü göstərdim. Bilirsənmi belə görüş adamın qəlbinə necə təsir edir? – deyə Mirzə dərin köks ötürdü, mövzudan uzaqlaşmamaq üçün yenidən söhbətinə qayıtmaq istəyirdi ki, mən ona təsəlli verib:
– Ay Mirzə, nə olub bəyəm, maşallah, indi də pis deyilsən, – dedim. – Sən mənə o günü yazdığın şeiri necə oxuma-ğından və bu şeirin Züleyxaya necə təsir etməsindən danış.
– Mən şeiri oxumamışdan əvvəl onun mətnini badam qabığında Züleyxaya töhfə kimi eyvana atdım. Sonra şeiri gözəl bir ahənglə oxudum:
Qamətinin yanında sərvin qiyməti olmaz,
Maralın gözləri də gözlərinə tay olmaz.
Küləklərin gətirdiyi Şirazın ətri
Nəfəsinin ətrilə, gülüm, yarışa bilməz.
Dodaqlarından qopan inci kəlmənin yanında
Heç nədir Hafizin oxuduğu şirin nəğmələr də.
Bülbüllərin su kasası, o qızılgülün butası,
Bənzər rənginə al dodaqlarının sənin.
Günəş nədir, Ay nədir, göydə sayrışan ulduzlar nə?
Onlar camalını seyr edib sayrışırlar göylərdə.
Özüm nəyəm, ürəyim nə, nəğmələrimin mənası nə?
Qüdrətinin quluyam, yaşadıram gözəlliyini nəğmələrimdə.
Mən heyrətimi bildirdim:
– Aman Allah! Necə gözəl nəğmədir! Mirzə, sənin nəğmələrin xəyal dünyasında pərvazlanan pərilərin nəğmələri qədər xoşdur. Kimdir Hafiz sənin yanında? Bir damla su nədir ümmanda?
Gəncəli müdrik dedi:
– Bu hələ başlanğıcıdır. Əsil məhəbbət nəğmələrini bundan sonra oxumalıyam.
Mənim qəlbimdə müqəddəs, səmimi bir duyğu
Yaxınlaşıram, gülüm, sevgimin zirvəsinə.
Oxuyuram, bax, bu nəğməni sirli, arzulu,
Sənə min sözü var, sualı var, söhbəti var.
Qəbul et onu, ya sevinclə, ya da nifrətlə,
Ya mənə tikan bağışla, ya qarşıla gül-çiçəklə.
Ya məni məhv elə, ya da ümid ver qəlbimə,
Gözləyirəm etirafını, gülüm, cavab ver mənə.
– Bəs Züleyxa sənə nə cavab verdi? – deyə soruşdum.
– O gülümsünərək bir qönçə atdı mənə. İlk dəfə onun gözəl üzünü də yaxından orda gördüm. Züleyxanın sevdiyini bildikdən sonra mənim də iztirablarıma və qəmli həyatıma son qoyuldu. İşıqlı dünyaya çıxdım. Onun qəlbini alovlandıran məhəbbətindən zövq aldıqca dəqiqələrim saatlara döndü. Şərəfinə oxuduğum nəğmələrin, onu görmək üçün atdığım addımların sayını kim hesablaya bilər? Bəxtimə səadət günəşi doğmuşdu. Taleyin mənə göstərdiyi iltifat keçmiş maneələri aradan götürmüşdü. Mənim məhəbbətim Gəncədə sirr olaraq qalmadı. Dostlarım, tanışlarım buna sevinirdilər. Əllərindən gələn köməyi etməyə hazır idilər. Bir çoxları da İbrahim xana kin-küdurət bəslədiklərindən, bizim xoşbəxt olmağımızı arzulayırdılar.
Züleyxa məhəbbətinin rəhni olaraq mənə atdığı qönçənin vaxtından altı ay keçmişdi ki, qara bir xəbər məni sarsıtdı. İbrahim xan və Züleyxanın gələcək nişanlısı Əhməd xan hərbi yürüşdən qayıtmışdılar. Bu xəbər məni qorxutsa da, məni qüdrətli qartal qanadlarına mindirib, sarsıntılar içindən yüksək bir zirvəyə qaldırdı. Tezliklə taleyimin hökmü veriləcəyini hiss edib, cürətləndim. Qəlbim isə mənə deyirdi: “Həyatda sənin üçün yeganə varlıq olan Züleyxanı itirsən, kasıb Mirzənin qəlbini dünyada daha heç nə oxşaya bilməz”. Buna görə Züleyxaya qovuşmaq üçün bütün qüvvəmi sərf edirdim. Əhməd xan isə avarların mərkəzi şəhəri olan Xunzaka bir dəstə atlı göndərmişdi ki, qız üçün cehiz və başlıq gətirsinlər. O, kəbin kəsdirib, toy etdikdən sonra Züleyxanı vətəninə aparacaqdı.
Gəncə hərbi yürüşdən qalibiyyətlə qayıtmış hər iki xanın şərəfinə bayramsayağı bəzədilmişdi. Züleyxanın xahişi ilə xanəndələr yarışacaqdılar. Yarışmaq üçün çox yerdən bura xanəndələr dəvət olunmuşdu. Onların hər biri Züleyxanın şərəfinə gözəl mahnı oxumalı idi. Yarışın qalibinə böyük hörmət göstərilirdi. Onun qalib gəldiyi ən görkəmli xanəndənin belə əlindən sazını alıb qırmaq ixtiyarı da vardı. Mən də yarışa dəvət olunmuşdum. Qalib gələcəyimi əvvəldən hiss etmişdim. Ona görə hiss etmişdim ki, mənim ilham mənbəyim şənliyə yığılan xanəndələrin ilhamından güclü idi. Gül olmayan yerdə bülbül necə oxuya bilər? Məhəbbət olmayan yerdə nəğmə də olmaz! Mən özümdə qüdrət hiss edib, taleyimin yüksək zirvəsinə qalxmaq, həyatımda bir dönüş yaratmaq istəyirdim. Mənim istəyim baş tutsaydı, o bizi karvanı ilə Şirvan tərəfə, Şamaxıya qaçırmağa söz vermişdi. Bütün işlər barədə Fatma ilə məsləhətləşmişdik. O, yola götürüləcək bahalı şeyləri qablaşdıracaq və ermənini əvvəlcədən razı salacaqdı. Bayram axşamı biz Züleyxa ilə birlikdə q açmalı idik. Mən gecəyarısı Fatma ilə görüşdüyümüz yerə gəldim. Biz oradan ensiz bir cığırla böyük yola çıxıb, karvanın gəlməsini gözləməli idik. Nəhayət, gözlədiyimiz gün gəlib çatdı. Son vaxtlar heç bilmirdim mənə nə olub. Öz mənzilimdə özümü yad sanırdım. Evin ağ divarlarını, paltar taxçasını, gil döşəməyə salınmış həsiri, pəncərəmə vurulmuş dəmir şəbəkəni elə bil təzəcə görürdüm. Dəqiqələr mənə günlər, saatlar isə illər kimi görünürdü.
Səbirsizliklə taleyim barəsində veriləcək hökmü gözləyirdim. Lakin günortaçağı xoş bir xəbər eşitdim. Akim yanıma gəlib, qonaqları ilə birlikdə İbrahim xanın yeddi atla şəhərdən çıxıb gəzməyə getdiyini və sərkərdələrin silahlanıb onların arxasınca at çaparaq, hərbi oyunda iştirak etdiyini söylədi. Qadınlar isə evdə qalıb xanəndələrin yarışmasına qulaq asmalı idilər. Xanəndələrin yarışına tamaşa etmək üçün şəhər evlərinin damlarına toplaşan qızların al-əlvan paltarlarının sayrışmasında sevincdən parıldayan iri qara gözlərini kaş görəydin! Züleyxanın evinin həyətində böyük bir xalça sərilmişdi. Xalçanın üstündə iki xanəndə əyləşmişdi. Onların birinin əlində saz, o birinin də əlində cəngi var idi. Gəncənin ən gözəl oğlanlarından biri yarışın başlandığını bildirmək üçün gümüş bir sini gətirib, xanəndənin qarşısına qoydu.
– Gümüş sinini onların qarşısına qoymaqda məqsəd nədir, Mirzə? – deyə soruşdum.
– Gör məndən nə soruşursan! Sininin arxasında müğənni öz hislərini gizlədir. Müğənni məhəbbətdən oxuyanda ürəyi sıxılır, rəngi saralır. O halda gözəllərə öz sifətini necə göstərə bilər? İyirmi nəfər müğənni növbə ilə mahnı oxuyurdu.
Mən yaşca kiçik olduğumdan, axırda çıxış etməliydim. Həyəcandan müğənnilərin nə oxuduqlarını sanki eşitmirdim. Ancaq onu bilirdim ki, onların oxuduqları mahnılar mənim oxuyacağım mahnının yanında sönük bir qığılcıma bənzəyəcək. Nəğməmin sözünə və ahənginə özüm də məftun olmuşdum. Qulaq as, oxuyum:
Nə mavi göylərdə uçan mələklərə,
Nə çiçəkli çöllərdə qızılgüllərə,
Nə əbədi günəşin şəfəqlərinə,
İnan, dəyişmərəm Züleyxamı mən.
Mələklərin qəlbində məhəbbət olmaz,
Qızılgül budağı da tikansız olmaz.
Günəş də gecələr itirər nurunu.
Züleyxam itirməz gözəlliyini.
Axtarıb tapmadım heç yanda
O Züleyxama tay cahanda.
Gözəl, tikansız, əbədi eşqin macərasında
Tayını ancaq özündə gördüm Züleyxamın.
Mən mahnını oxuyub qurtaranda qızılgüllər ayağımın altına səpələndi. Mən yarışın qalibi oldum. Qəlbimdə sevincimi Züleyxa ilə bölüşdürürdüm. Yola hazırlaşmaq üçün tələsik evə qaçdım. Hətta qalib gəldiyim müğənninin sazını alıb qırmaq belə yadımdan çıxmışdı. Mən özümü xoşbəxt sanırdım.
Mirzə Şəfinin keçmiş xatirələri sanki cana gəlmişdi. O, söhbətini yarımçıq qoydu və gözlərini bir an uzaqlara dikib, dinməz dayandı. Ona qəlyan gətirdilər. O, qəlyandan bir-iki qullab vurub, tüstüsünü qarşısına üflədi. Görünür, xatirələr Mirzənin qəlbini kövrəltmişdi. O, kefsiz görünürdü. Havaya üflədiyi tüstüdən hərdən sifəti görünməz olurdu. Nəhayət, o öz-özünə danışaraq, qalxıb getməyə hazırlaşanda, yarımçıq qalan xatirəsini tamamlamaq məqsədilə ona bir neçə sual verib, ilk məhəbbətinin taleyini öyrənə bildim.
– Gecəyarısı biz yola çıxmalı idik. Qaçmaq üçün yol tədarükümüzü erməniyə vermişdik. Züleyxa Fatma ilə bir otaqda idi. Başqa qadınların otaqlarından Züleyxanın yatağını hamam otağı ayırırdı. Vədələşdiyimiz vaxt Fatma məni Züleyxanın yataq otağına aparmalı idi. Həmin vaxt qəribə bir hiss qəlbimi bürüdü. Mən qorxudan əsirdim. Ürəyim bərk-bərk döyünürdü. Öz-özümə deyirdim: “Mirzə Şəfi, səndən həddindən artıq cəsarət tələb edən belə bir iş tutmağa necə cürət edirsən? Əl-siratın səni Cənnətə aparan körpüsündən günah dolu addımlarla nə üçün keçirsən? Sənin müdrikliyin Züleyxanın gözəlliyi qarşısında kimə lazımdır?”
Mən Fatma ilə vədələşdiyimiz yerə gəlmişdim ki, “tez ol, Mirzə, – deyə Fatma məni səslədi. – Dalımca gəl, Züleyxa toy paltarında səni gözləyir.” Qorxumdan qıçlarım əsə-əsə Fatmanın arxasınca getdim. Gözəllik pərisi Züleyxanın yataq otağına gəldiyimizi heç kəs görmədi. Züleyxa, su pərisi kimi gözqamaşdıran ağ çadraya bürünüb, utancaq vəziyyətdə əyləşmişdi. Onun yanında sanki nitqim tutulmuşdu.
Ağıllı Fatma dilləndi:
– Xəyala dalmağa vaxtımız yoxdur, tələsməliyik, kənizlər bizi görməsinlər. Sevgilinin əlindən tut, Allahın sizə göstərdiyi yolla getməsini xahiş elə!
Mən Fatmanın əmrini yerinə yetirmək istədim. Züleyxanın əlini əlimə alanda o, geri çəkilib, bizdən başqa heç kəsin eşidə bilməyəcəyi tərzdə narazılığını bildirdi. Fatma onu sakitləşdirdi. “Günəşin parlaqlığına kim şəkk edə bilər? Qızılgülün ətrinə kim şübhə edə bilər? Sənin qızlıq ismətinə kim bir söz deyər? Mənim əzizim, məhəbbətin yolunda özün düşünməlisən, qalx, Allahın sənə göndərdiyi bəndəsilə get!”
Mirzə Şəfi söhbətini davam etdirənəcən mən bəzi məsələləri aydınlaşdırmaq istəyirəm. Qafqaz müsəlmanlarının belə bir adəti var: adaxlıların valideynləri nə qədər yaxın olsalar da, qız qaçırılanda mütləq hay-haray salınır, dava-dalaş olur. Qız, qaçırılanda nə qədər müqavimət göstərib, qışqırbağır salsa, bir o qədər ismətli görünür, hörmətə layiq olur. Əziz oxucum, indi Mirzə Şəfini dinləyək, görək başına gələn hadisə nə ilə nəticələndi.
– Xeyli yalvarışdan sonra ağıllı Fatma Züleyxanı sakitləşdirdi. Mən gəldiyim gizli yolla Züleyxanı aparanda yazıq qız qorxusundan yarpaq kimi əsirdi. Yolda mən onu Fatmaya tapşırdım, özüm isə ehtiyat üçün bir az aralı, arxalarınca getdim. Yolda qorxulu bir hadisə olmadı! Biz ensiz cığırla ilk dəfə Fatma ilə görüşdüyümüz yerə gəlib çıxdıq. Atası evindən çıxarkən Züleyxanın qəlbini bürüyən kədər tezliklə xoş hislərlə əvəz olundu. Biz artıq heç nədən qorxmurduq. Özümüzü xoşbəxt sanırdıq. Həyatımda bir dəfə də olsun günəşin axır vaxtlar olduğu kimi, öz şəfəqlərini üzümə belə parlaqlıqla saçdığını görməmişdim. Buludlar arasında daim gizlənən ay da mənə belə parlaq görünməmişdi. Biz sübh tezdən karvana qoşulduq. Yolda Fatmanın bir hərəkəti bizi təəccübləndirdi. O, Züleyxanın qarşısında diz çöküb, bizim xilaskarımız erməni Akimi sevdiyini bildirdi. Əli övladının o na etiqad etməyən bir şəxsi sevməsi Züleyxanı qəzəbləndirdi. Sonra, o, sakitləşdi, bir söz demədi. Sevginin qədrini sevənlər bilər. Məhəbbət yolçusunun günahından ancaq onlar keçərlər. Bir tərəfdən də Fatmanın Akimi sevməsi əminamanlığımızın rəhni idi. Akim daim bizim təhlükəsizliyimizin qayğısına qalırdı. Qadınlarımız çadralarına elə bürünmüşdülər ki, onları çətin tanımaq olardı. Mən də görkəmimi dəyişib, özümü xalça alveri edən Bakı tacirlərinə bənzətmişdim. Biz yavaş-yavaş Quruqçay küçəsi ilə irəliləyirdik. Akim təhlükəsizliyimiz üçün tədbirlər hazırlamışdı. O, karvandan ayrılıb, küçənin kənarındakı ensiz cığırla addımlayırdı. Gecə vaxtı burada adam tanımaq olmurdu. Züleyxa ata minmişdi. Fatma, Akim və mən piyada gedirdik. Bu qədər ağıllı tədbirlər görülməsəydi, elə ilk dəfədən ələ keçə bilərdik. Biz yola düşəndən bir neçə saat sonra eşitdik ki, Əhməd xan başda olmaqla bizi axtarırlar. Bir neçə vaxtdan sonra bir dəstə atlı bizə yaxınlaşdı. Dəstə başçısı Əhməd xanı o dəqiqə tanıdım. Xoşbəxtlikdən, Gəncədə bir dəfə də olsun onunla üzüzə gəlməmişdim. O da mənə diqqət yetirməmişdi. Yoxsa məni başqa paltarda görüb tanısaydı, şübhələnə bilərdi. Onların gəlişindən mən qorxmadım. O, yanımızdan keçəndə bizə ciddi nəzər yetirib, qadın görmədiyindən, hirslənib iyrənc söyüşlər yağdırdı və tezliklə gözdən itdi. Kasıblıq yaman bəladır. Tapılıb, sonra da itirilmiş xəzinənin qiymətini sonradan bilmək dözülməz haldır. Cənnət bağında boş-bikar avaralanmağın özü də cəhənnəmdə olmaq deməkdir.
Ücretsiz ön izlemeyi tamamladınız.