Yosxul insanlar

Abonelik
Parçayı oku
Okundu olarak işaretle
Satın Aldıktan Sonra Kitap Nasıl Okunur
  • Sadece Litres Olarak Okuma “Oku!”
Yazı tipi:Aa'dan küçükDaha fazla Aa

6-cı məktub – 25 aprel

Çox hörmətli

Makar Alekseyeviç!

Bu gün ögey bacım Saşanı gördüm! Dəhşət! O, deyəsən öləcək, yazıq! Qulağıma çatıb ki, Anna Fyodorovna mənim haqqımda soruşur. O, deyəsən məni təqib etməkdən əl çəkməyəcək. O deyir ki, məni bağışlamaq istəyir, keçmişdə olanları unudub yanıma gəlmək istəyir. Deyir, guya siz mənim qohumum deyilsiniz, o mənə daha yaxındır və sizin mənim işlərimə qarışmağa haqqınız yoxdur, mənim sizin himayənizdə yaşamağım da düzgün deyil. Deyir, mən onun duz-çörəyini unutmuşam, guya o anamla məni acından ölməyə qoymayıb, anamla mənə iki il yarım çörək verib, bundan əlavə borcumuzu da bağışlayıb. Yazıq anam bilsəydi ki, onlar mənim başıma nə oyun açıblar… Eybi yox, Tanrı hamısını görür!.. Bir də deyir ki, mən öz axmaqlığım ucbatından xoşbəxtliyimi saxlaya bilməmişəm, o öz əlləriylə mənə xoşbəxtlik verib, başqa heç nəyin günahkarı deyil və hər şeyi mən özüm korlamışam. Kimdir günahkar, aman tanrı! Deyir, Bıkov haqlıdır və… daha yazmaq istəmirəm! Bu yalana qulaq asmaq da olmur, Makar Alekseyeviç! Başıma nələr gələcəyini bilmirəm. Titrəyirəm, ağlayıram, sızıldayıram; bu məktubu iki saata yazmışam. Düşünürdüm ki, o heç olmasa öz günahını boynuna alar, indi isə belə! Tanrı xətrinə, Makar Alekseyeviç, narahat olmayın, yeganə dostum! Fedora hər şeyi şişirdir, mən xəstə deyiləm. Sadəcə dünən Volkovoya, anamın qəbrinin üstünə gedəndə bir az soyuq olub. Nə üçün siz mənimlə gəlmədiniz? Elə çox istəyirdim ki, siz də gedəsiniz. Ah, yazıq anam, qəbirdən durub mənə etdiklərini görsəydin, bilsəydin!..

V.D.

7-ci məktub – 20 may

Əzizim Varenka!

Sizə bir az üzüm göndərirəm, anam; xəstəlik vaxtı xeyirlidir, deyirlər, bir də həkimlər deyir ki, susuzluğu yatırtmağa kömək edir. Gül də istəyirdiniz, anam; sizə gül də göndərirəm. İştahınız yerindədirmi, əzizim? Əsas odur. Çox şükür ki, hər şey keçdi və bədbəxtliyimiz də sona çatmaqdadır. Tanrıya şükür edək! Amma kitab tapa bilməmişəm. Deyirlər, bir yaxşı kitab var, dili də gözəldir, üslubu da; mən özüm oxumamışam, amma burda hamı tərifləyir. Birini sifariş vermişəm; söz veriblər ki, gətirəcəklər. Bəs siz onu oxuyacaqsınızmı? Bu mövzuda bir az dəymədüşərsiniz, zövqünüzcə bir şey tapmaq çətindir. Sizi tanıyıram, sizin şeirdən xoşunuz gəlir, şeir də taparam, nə lazımdırsa hamısını taparam; məndə şeir yazılmış dəftər də var.

Mən yaxşıyam. Siz, anam, məndən nigaran qalmayın, xahiş edirəm. Fedora sizə məndən nə deyibsə, hamısı yalandır; siz yalan danışdığını o qeybətçinin üzünə vurun!.. Təzə iş formamı satıb eləməmişəm. Həm də nə üçün satım axı? Deyirlər mənə gümüş pulla qırx rubl mükafat verəcəklər, nə üçün satım? Siz, anam, narahat olmayın; Fedora şişirdir, ona inanmaq lazım deyil. Yaşayacağıq, əzizim! Təki siz sağalın, mələyim mənim, sağalın, mən qocanı üzməyin. Kim deyir ki, arıqlamışam? İftiradır, ağ yalandır! Sap-sağlamam, özüm də elə kökəlmişəm ki, hərdən utanıram da; bircə siz sağalaydınız! Hə, sağ olun, əzizim; barmaqlarınızı öpürəm.

Sizin əbədi dostunuz Makar Devuşkin.

P.S. Ah, həyatım, o nədir yazmısınız? Sizə tez-tez gələ bilmərəm axı. Bu necə ola bilər? Sizdən soruşuram. Bəlkə gecə düşəndən sonra gəlim? İlin bu vaxtı gecələr də aydınlıq olur. Siz huşsuz halda yatanda yanınızdan ayrılmamışdım; burdakı işləri necə yoluna qoyduğumu özüm də bilmirəm; sonra daha gəlmədim, hamı maraqlanmağa, sual verməyə başlamışdı. Burda onsuz da nələrsə danışmağa başlayıblar. Terezaya inanıram, çərənçi deyil, amma anam, bir özünüz düşünün, burdakılar bizim haqqımızda öyrənsələr necə olacaq? Sonra nə fikirləşərlər, nə deyərlər? Siz hələlik öz qeydinizə qalın, sağalın, ondan sonra hardasa başqa yerdə görüş təyin edərik.

8-ci məktub – 1 iyun

Dəyərli Makar Alekseyeviç!

Sizin mənə etdiklərinizin, bəslədiyiniz sevginin əvəzini elə qaytarmaq istəyirəm ki, bir bilsəniz; buna görə də bayaqdan komodda eşələnib köhnə dəftərimi tapdım və onu indi sizə göndərirəm. Onu həyatımın xoşbəxt günlərində yazmağa başlamışdım. Siz tez-tez keçmiş həyatımla, əvvəllər necə yaşadığımla, anamla, Pokrovskiylə, Anna Fyodorovnanın yanında yaşadığım dönəmlə və düçar olduğum bədbəxtliklə bağlı soruşurdunuz və həyatımın bəzi anlarını qələmə aldığım bu dəftəri elə həvəslə oxumaq istədiyinizi bildirirdiniz ki, onu sizə göndərməklə sizi sevindirəcəyimə şübhəm yoxdur. Bu dəftəri oxuyanda kədərlənirəm. Mənə elə gəlir ki, bu dəftərdəki axırıncı sətiri yazandan sonra iki dəfə qocalmışam. Xatirələr ayrı-ayrı vaxtlarda yazılıb. Sağ olun, Makar Alekseyeviç! İndi çox darıxıram və yuxusuzluqdan əziyyət çəkirəm. Sağalmaq istəyirəm!

I

Atam öləndə on dörd yaşım vardı. Uşaqlığım həyatımın ən xoşbəxt dövrü olub. Həyatım çox uzaq əyalət şəhərində başlayıb. Atam T. quberniyasında knyaz P.-un işlər müdiri idi. Biz knyazın kəndlərindən birində yaşayırdıq. Uşaqlıqda çox dəcəl idim; bütün günü çöldə, zəmidə, həyətdə qaçırdım, heç kim qayğıma qalmırdı. Atam bütün günü iş görürdü, anam təsərrüfatla məşğul olurdu, mənə heç nə öyrətmirdilər və mən bundan razı idim. Səhər açılan kimi üz tuturdum çölə, heç nədən qorxum yox idi, – birdən azaram, yıxılıb əzilərəm, paltarım cırılar, – heç nə olmaz.

Bir də, məncə bütün ömrümü kənddə yaşamalı olsaydım çox xoşbəxt olardım. Bununla bərabər uşaq ikən doğma yerlərdən ayrılmalı oldum. On iki yaşım olanda Peterburqa köçdük. Ah, köçməyimizi xatırlayanda elə kədərlənirəm ki! Sevdiyim yerlərlə, adamlarla vidalaşanda ağlayırdım. Yadımdadır ki, göz yaşı içində atamın boynuna sarılıb, bir az da olsa kənddə qalmağımızı xahiş elədim. Atam üstümə qışqırdı, anam ağladı; dedi ki, vəziyyət getməyimizi tələb edir. Qoca knyaz P. ölmüşdü. Varisləri atamı işdən çıxartmışdılar. Peterburqda kimlərinsə dövriyyəsində atamın bir az pulu var idi. Öz imkanlarını bərpa etmək üçün Peterburqa gəlməyi lazım bilmişdi. Bunu sonralar anamdan öyrəndim. Biz Peterburqa köçdük və atam ölənə qədər eyni evdə yaşadıq. Təzə həyata öyrəşmək mənim üçün çox çətin oldu! Biz Peterburqa payızda gəlmişdik. Kənddən çıxanda günəş isti şüalarını səpələyirdi; kənd işləri yekunlaşırdı; xırmanlarda qalaqlanmış taxıla quşlar daraşmışdı; kənddə həyat şən idi; şəhərdə isə bizi yağış, ayaz, sırtıq payız havası və çoxlu hirsli, narazı, yad adam qarşıladı. Birtəhər yerləşdik. Atam bütün günü evdə olmurdu, anamınsa vaxtı yox idi, məni tamamilə unutmuşdular. Təzə evimizdəki birinci səhəri yuxudan çətinliklə durdum. Pəncərələrimiz hansısa sarı hasara baxırdı. Küçə palçıqlı və çirkli idi. Tək-tək adam keçirdi, hamısı da elə büzüşmüşdülər ki, elə bil üşüyürdülər.

Evdəsə bütün günüm darıxmaqla keçirdi. Qohumumuz və tanışımız demək olar ki, yox idi. Anna Fyodorovna ilə atam yola getmirdi; atam ona borclu idi. Evə tez-tez kimlərsə iş üçün gəlirdi. Adətən mübahisə edirdilər, qışqırırdılar. Hər belə görüşdən sonra atam hirslənirdi; gün uzunu otağın içində gəzişirdi, heç kiminlə heç nə danışmırdı. Belə vaxtlarda anam danışmağa cəsarət etmirdi, sakitcə otururdu. Mən bir küncə qısılıb kitab oxuyurdum, – tərpənməyə də qorxurdum.

Peterburqa gələndən üç ay sonra məni pansiona verdilər. Orda əvvəl-əvvəl çox darıxırdım! Hər şey elə quru, xoşagəlməz idi ki, – mürəbbiyələr qaşqabaqlı, qızlar şəbədəçi, mənsə vəhşi. Çox ciddi yer idi. Hər şey saatbasaat ölçülüb, ümumi stol, darıxdırıcı müəllimlər – bütün bunlar əvvəl-əvvəl məni incidirdi. Orda heç yata da bilmirdim. Olurdu ki, bütün gecəni ağlayırdım, uzun, darıxdırıcı, soyuq gecəni ancaq ağlayırdım. Axşamlar hamı oturub dərs oxuyanda mən evimizi, anamı, atamı, qoca dayəmi, dayənin nağıllarını xatırlayırdım… kədərlənirdim! Belə hallarda evdəki hər şeyi dəqiqliklə xatırlayırsan. Düşünürsən ki, bu saat evdə olsaydım çox yaxşı olardı! Balaca otağımızda, samovarın yanında oturardım, hamı yanımda olardı; hər şey isti, tanış, yaxşı olardı. Anamı möhkəm-möhkəm qucaqlayardım. Düşünürsən, düşünürsən, bir də görürsən ki, gözyaşların yaxana tökülür. İşdir səhərə dərsini öyrənməsən, onda vay halına! Çox darıxırdım. Əvvəl-əvvəl bütün qızlar mənə lağ edirdilər, hirsləndirirdilər, dərs danışanda fikrimi yayındırırdılar, sırayla nahara və ya çay içməyə gedəndə çimdikləyirdilər, mürəbbiyələrə məndən şikayət edirdilər. Hərdən şənbə axşamı dayəm dalımca gəlirdi, onda bərk sevinirdim. Elə kandardaca dayəmin boynuna sarılırdım. O məni geyindirir, hazırlayır, mənsə eləcə danışıram, danışıram. Sevinclə evə gəlirəm, uzun illərin həsrətlisi kimi bizimkiləri qucaqlayıram. Söhbət başlayır, hamıyla əhval tutursan, gülürsən, qaçırsan, tullanırsan. Atayla fəlsəfədən, müəllimlərdən, fransız dili dərsindən, Lomondun qrammatikasından ciddi-ciddi danışırsan. Hamı şəndir, razıdır. İndi də o dəqiqələri xatırlayanda sevinirəm. Bütün gücümlə oxuyub atamın xoşuna gəlməyə çalışırdım. Görürdüm ki, o olan-qalanını mənə verir, özüsə çabalayır. Günü-gündən o daha da qarabaq, hirsli olurdu. Xasiyyəti getdikcə korlanırdı; işləri yolunda deyildi, xirtdəyəcən borc yığılmışdı. Anam atamı hirsləndirməmək üçün ağlamağa da qorxurdu; o da yavaş-yavaş xəstələnirdi, arıqlayırdı, möhkəm öskürürdü. Hərdən pansiondan gəlirdim, onlarınsa kefi yoxdur, anam ağlayır, atam hirslidir. Sonra atam deyinməyə başlayır ki, mən onları sevindirmək üçün heç nə etmirəm, mənim üçün o qədər pul xərcləyirlər, amma mən hələ də fransızca danışa bilmirəm; bir sözlə, bütün bədbəxtliklərin səbəbkarı anamla mən olurduq. Anamı necə incitmək olardı axı? Ona baxanda ürəyim parçalanırdı; yanaqları sallanmışdı, gözlərinin altı torbalanmışdı, rəngi bozarmışdı. Hər şey mənim başımda çatlayırdı. Həmişə boş şeylərdən başlayırdı, sonrasa getdikcə böyüyürdü, hətta çox vaxt nə olduğunu özüm də anlamırdım. Fransız dili, mən axmağam, mənə görə axırıncı pullarını küçəyə atıblar, boş-boşuna pansiona gedirəm, Lomondun qrammatikası yaxşı qrammatikadır, amma Zapolskinin qrammatikası daha yaxşıdır, mən ürəksiz, hissiyyatsız adamam… – bir sözlə, hər şeyə görə mən cavab verməli olurdum. Atam bunu məni sevmədiyinə görə etmirdi; yox, o məni də, anamı da qəlbən sevirdi. Amma xasiyyəti belə idi.

 

Atam o qədər fikir çəkirdi ki, axır vaxtlar birtəhər olmuşdu, özünü heç qorumurdu, birdən özünü soyuğa verdi və xəstələndi, çox az əziyyət çəkdi və qəfildən öldü, biz hətta necə olduğunu dərk etmədik. Anam onsuz da axır vaxtlar özündə deyildi, mən qorxurdum ki, başına hava gələr. Atam ölən kimi borclular dəstəylə üstümüzə gəlməyə başladılar, elə bil yerdən çıxdılar. Nəyimiz vardısa hamısını verdik. Bura köçəndən yarım il sonra atamın Peterburq tərəfdə aldığı evi də satdıq. Bilmirəm, borclular öz aralarında necə razılaşdılar, amma biz heç nəsiz qaldıq. Anam xəstə idi, ac idik, pulumuz yox idi, məhvə doğru gedirdik. O vaxt on dörd yaşım təzə tamam olmuşdu. Elə bu vaxt Anna Fyodorovna bizə gəldi. O elə hey hansısa qohumluqdan danışırdı. Anam deyirdi ki, qohumuq, amma uzaq qohum. Atam sağ olan vaxt o bizə gəlməmişdi. Bizdə olanda ağladı, halımıza acıdığını bildirdi, sonra dedi ki, atam özü günahkar imiş, bacarmayacağı işlərə girişibmiş. Sonra bizimlə barışmaq istədiyini dedi, anamsa heç vaxt ona qarşı kin saxlamadığını bildirəndə onun gözləri yaşardı, anamla kilsəyə gedib atam üçün dua oxutdurdu. Bundan sonra anamla barışdı.

Anna Fyodorovna uzun giriş edəndən sonra kasıblığımızı, köməksizliyimizi, çarəsizliyimizi vurğulayıb bizi, öz təbiriylə desək, evində yaşamağa dəvət etdi. Anam təşəkkür etdi, xeyli düşündü, qərara gələ bilmədi; amma başqa çarə olmadığı üçün razılaşdı və Anna Fyodorovnaya dedi ki, onun təklifini minnətdarlıqla qəbul edirik. Peterburq tərəfdən Vasilyevski adasına köçdüyümüz səhəri xatırlayıram. Aydın, soyuq və quru payız səhəri idi. Anam ağlayırdı; mən hədsiz dərəcədə kədərli idim; sinəm parçalanırdı, adını bilmədiyim hiss ruhumu didirdi… Çətin vaxtlar idi.

II

Əvvəllər təzə evə öyrəşə bilmirdik. Anna Fyodorovna Altıncı küçədəki evində yaşayırdı. Evdə beş otaq var idi. Otaqların üçündə Anna Fyodorovna və ögey bacım Saşa yaşayırdı. Saşa yetim idi, atası da, anası da ölmüşdü, Anna Fyodorovnanın yanında tərbiyə alırdı. Bir otaqda biz yaşayırdıq. Axırıncı otaqda isə kasıb tələbə Pokrovski yerləşmişdi. Anna Fyodorovna yaxşı yaşayırdı, təsəvvür etdiyimizdən daha varlı idi; amma onun var-dövləti bir az sirli məsələdir, məşğul olduğu işlər kimi. O həmişə nəyləsə məşğul idi, gündə bir neçə dəfə harasa gedirdi. Amma nəylə məşğul olduğunu, nə iş gördüyünü heç vaxt öyrənə bilmədim. Tanışları çox və müxtəlif idi. Tez-tez qonaqları gəlirdi, cürbəcür adamlar, gəlirdilər, bir az oturub gedirdilər. Qapının zəngi çalınan kimi anam məni otağımıza aparırdı. Anna Fyodorovna buna görə anama hirslənirdi və tez-tez qürurlu olduğumuzu, hətta həddindən çox qürurlu olduğumuzu, üstəlik qürurlanmalı bir şeyimizin olmadığını da vurğulayırdı. O vaxt bu qürur məsələsini anlamırdım; amma indi anlayıram, ən azı təxmin edirəm ki, nə üçün anam Anna Fyodorovnanın evinə köçməyə tərəddüd edirdi. O hirsli qadın idi, bizi çox incidirdi. Bizi nə üçün evinə apardığını indiyə qədər başa düşməmişəm. Əvvəllər o bizə qarşı mehriban idi, sonra isə tamamilə köməksiz olduğumuzu və getməli yerimizin olmadığını görüb əsil simasını göstərdi. Sonralar mənimlə mehribanlaşdı, hətta şübhəli dərəcədə çox mehribanlaşdı. Amma mən də anam kimi dözməyə məcbur idim. Sonra yeri gəldi-gəlmədi xeyirsevərliyindən dəm vurmağa başladı. Bizi başqalarıyla tanış edəndə, xeyirxahlıq üçün evində sığınacaq verdiyi dul qadınla ögey qızı kimi təqdim edirdi. Hər yediyimiz tikəni saymağa başlamışdı, yeməyəndə də bunu qudurğanlığa yozurdu; nə etsək söz tapırdı. Atamın dalınca da danışırdı; guya o başqalarına yarınmaq istəyib, amma əksinə daha da pis vəziyyətə düşüb; sonra da arvadıyla qızını küçələrə salıb, əgər Anna Fyodorovna olmasaymış, biz acından ölüb gedəcəkdik, heç kimin də vecinə olmayacaqdı. Ağzına gələni danışırdı! Qulaq asmağa iyrənirdim artıq. Anam daim ağlayırdı, səhhəti günü-gündən pisləşirdi, ayaq üstündə əriyirdi; bununla bərabər səhərdən axşama qədər işləyirdik, evdə sifarişlə paltar tikirdik; bu da Anna Fyodorovnanın heç xoşuna gəlmirdi, gedib-gəlib deyirdi ki, evim sizin üçün dərzi dükanı deyil. Amma pul qazanmaq lazım idi, paltar almaq lazım idi, vacibatları ödəmək lazım idi, bizim öz pulumuz olmalıydı. Vaxtı çatanda burdan köçmək ümidiylə yaşayırdıq. Amma anam işlədikcə daha çox zəifləyirdi. Xəstəlik onun ömrünü qurd kimi gəmirib ölümünü yaxınlaşdırırdı. Hamısını görürdüm, hiss edirdim, hamısı gözümün qabağında baş verirdi.