Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Postmodernizm», sayfa 3

Yazı tipi:

Qısacası, əsaslardan nəticə çıxarsaq, özlərini postmodernçi olaraq görən sənətkarlar və sənət tənqidçiləri, modernizmə ya da başqa sözlə modern sənət anlayışına qarşı iki əsas tənqidi fikri yönləndirirlər. Birinci, tənqid hədəfi, sənət əsərinin missiyasının olmasıdır, mövcud şəraiti tənqid edərək çıxış yolu axtarması yaxud yol göstərməsi və keçmişdən ayrılıb yenisini qurması tələbinin olmasıdır. Postmodern sayılan tənqidlərə görə belə sənət yaxud estetika anlayışı sənətin sahəsini məhdudlaşdıracaq və daraldacaqdır. Postmodern tənqidçilər, modern sənətin mütləq irəliyə, yəni gələcəyə tərəf baxmasının bir zəruriyyət yaratdığı fikrindədirlər. Halbuki, onlara görə belə bir məcburiyyət mənasızdır və sənət keçmişə qayıdaraq, keçmişi əks etdirərək də ictimai yaşantılara müraciət edə bilər.

Postmodern sənətkarların modern sənət anlayışında ikinci tənqid hədəfləri modern sənətin elitarlığı, başqa sözlə desək, məhdud sayda insana aid olması olmuşdur. Postmodern sənətkarlar üçün sənət estetikası populist bir çərçivədə olmalıdır, kütlənin zövqü ilə sənət əsərinin estetik dəyəri arasında, buna görə həqiqi bir tənasüblük vardır. Modern sənət anlayışının, missiyası olmayan, kütlənin xoşuna gələn sənət əsərlərini aşağılayan münasibəti səhvdir və mənasızdır. Onsuz da son dərəcə qarışıq və dinamik həqiqətləri sənət əsərləri vasitəsi ilə əks etdirmək imkansızdır. Postmodern cərəyanında da sənətkar tam azadlıq içərisində həyatı əks etdirəcəkdir və müasir cəmiyyətdə həyat kütləviləşibsə, o zaman sənət əsərinin estetik dəyərini də kütlənin zövqü müəyyən edəcəkdir. Kütləviləşən həyatın təsviri, postmodernlərə görə, təqlid sənətini də əhatə edəcəkdir. Buna görə, modern sənətkarlar kimi, təqlidi sənətdən uzaqlaşdırmaq doğru deyildir. Sənət həyatı əks etdirdiyi üçün təqlidi qəbul edəcək və eyni zamanda dinamik olduğuna görə sənət estetikası üçün bir müvəqqətilik mövcud olacaqdır.

Burada ortaya çıxan bir problemə qısaca nəzər salmaq lazımdır. Postmodern sənət anlayışı sənətkarın tamamən azad olaraq yaratmasının vacib olduğunu vurğulayır. Bu səbəbdən, missiyaya malik olmaq, bu missiyaya görə insanlara nəsə çatdırmaq sənətkarın azadlığını məhdudlaşdırmamalıdır. Həyatı olduğu kimi təsvir etmək, həyat haqqında suallar verməmək ya da həyatı tənqid etməmək görəsən azadlığın keçilməz şərtidirmi; yoxsa həyatı, yaşadığı sistemi araşdırmadan əks etdirməyə çalışmaq sənətkarın azadlığının gələcəkdə marjinallaşması ilə nəticələnəcək? Burada postmodern sənət anlayışı əhəmiyyətli bir paradoksla qarşılaşır.

Göründüyü kimi, özünü postmodern sənət tərəfdarı sayanlar, moderin sənətin missiya düşüncəsinə, keçmişi məhvə yönəlməsinə, orijinallıq nəzəriyyəsinə və elitarlığına qarşıdırlar. Postmodern sənət anlayışı buna görə hansısa ictimai tənqid iddiası güdməyəcək, estetik standartlarını populizm və eklektizm üzərində quracaq. Sənət əsərində missiya olmayacaqdır, çünki artıq həyatın missiyası yoxdur. Bunun əksinə təqlid və populizm olacaqdır. Bu yanaşma, zamanı ön plana çıxaran modern sənətə qarşıdır. Modern sənətin zamanı önə çıxarması, yəni köhnəni məhv edib yenini qurması üçün heç olmasa eyhamlar verməsi, bir tarixi mərhələni əhatə etdiyini göstərir. Halbuki, postmodern sənət anlayışında tarixilikdən söhbət gedə bilməz; köhnənin dağılıb gedəcəyi, onun yerinə yenisinin gələcəyi, bu gələnin nizamı və s. düşüncələr postmodern sənət anlayışında, mənasız olduğu üçün yer almır. Bunun əksinə olaraq postmodern sənət üçün məkan, yer ön plandadır. Başqa sözlə postmodern sənət anlayışı içində tarixin axını, inkişaf və bunun qloballığı yoxdur; hətta istənilən qloballıq iddası mənasız olduğu üçün imtina edilməkdədir. Postmodern sənət estetikası üçün bu anda və burada standartı əsas götürülür. Şübhəsiz bu yanaşma yəni qloballığın imtinası bir tərəfdən Qərb eqosentrizmindən imtina və bir növ üçüncü dünyaçılığın ön plana çıxması deməkdir. Bu məqam postmodern sənətin dolayısıyla da olsa humanizm prinsipi ilə əlaqələndirilməsinə imkan yaradır.

Postmodernist sənətin ilk və ciddi şəkildə əks olunduğu sahələrdən biri memarlıqdır. Bildiyimiz kimi modernizm, memarlıq sahəsinə də ciddi təsir etmişdir. Frank Lloyd Rayd, Le Korbuzye, Nervi kimi beynəlxalq səviyyədə məşhur olmuş memarlar modern memarlığın ən öndə gələn nümayəndələrindən sayılırlar. Modern memarlıq anlayışı və bu memarlığa aid estetika, əsasən praktikliyə əsaslanmışdır. Memarlıq əsəri nə dərəcədə funksionaldırsa o qədər də uğurlu və gözəldir. Məsələn, Fransız memarı Le Korbuzyeyə görə memarlıqda rasionallığın, estetikanın mənası son dərəcə sadə və çılpaqdır, ona görə binalar, içində insanların yaşadığı maşınlar olaraq qəbul olunmalıdır və hər maşın kimi binanın da bir məqsədi və funksiyası vardır. O zaman binanın forması və istifadə olunan tikinti materialları bu funksiyaya uyğun olacaqdır.

Modern memarlığa qarşı çıxan postmodern memarlıq anlayışına görə funksionallığa tərif verilə bilmədiyinə görə mənasını itirmişdir. Əgər binalar, insanların içində yaşadığı avtomobillərdirsə bu avtomobillərin də hər yerdə eyni olması lazımdır. Bununla yanaşı funksionallığın qlobal tərifini vermək asan deyildir; belə bir tərif üçün hər şeydən əvvəl hamı tərəfindən qəbul edilən nəzəriyyə, yaxud düşüncə sisteminə ehtiyac var. Bu isə postmodern ifadəsi üçün imkansızdır, qlobal həqiqət yoxdur; həqiqət zaman və məkan anlayışları ilə məhduddur. Eyni yerdə, eyni zamanda belə birisinin doğru qəbul etdiyini başqası yanlış qəbul edə bilər. Əgər qlobal həqiqət qeyri-mümkündürsə bu mümkünsüzlük qarşısında memarlıq anlayışı və estetikası necə funksonallığa bağlana bilər? Beləcə postmodern memarlıq anlayışı, modern memarlığı təməldən inkar edir. Postmodern memarlığa görə memar əsərini kütlənin də zövqünə uyğun formada müəyyən etməkdə sərbəstdir. Bu sərbəstlik şübhəsiz ki, memarlıq əsərinin əmtəələşməsi baş verir, yaxud o, bazar mexanizması ilə məhdudlaşdırılmışdır. Amma bu məsələ, postmodern yanaşma üçün ciddi problem daşımır. Önəmli məqam, kütlənin zövqü və bazarın şərtləridir. Məsələn, XX əsrin sonlarında Qotik kafedrallarını yenidən inşa etmək, yaxud memarlığın müəyyən elementlərini saxlayıb başqa bir memarlıq üslubunda tikilən binaya əlavə etmək estetika baxımında heç bir problem yaratmır. Məsələn, bir tikili müasir dəmir-beton texnikası ilə mənzilə çevrilə bilər və binanın bir tərəfinə orta əsrlər qülləsi əlavə oluna bilər. Əgər söhbət kütləvi zövqdən gedirsə, memarlıqda estetika yaradıcılığı vardır demək. Eyni formada dəmir-beton texnikasından istifadə edərək Memar Sinanın məscidlərini yenidən eynilə inşa etmək estetik baxımdan aşağılanmaz, buna qarşı çıxmaz. Halbuki postmodern memarlıq, bəzi memarlar tərəfindən təmbəlliyin, cəhalətin və çatışmazlığın ifadəsi kimi qəbul olunur. Bunun əksinə olaraq, yuxarıda da qeyd edildiyi kimi modern sənət və estetika anlayışnda orijinallıq yaradıcılığın standartıdır və təqlid qəbul edilmir. Postmodern sənətkarlar isə qətiyyən təqlidə qarşı deyillər və estetik standart olaraq kütlənin zövqünü əsas götürürlər. Nümunə üçün, yaxın tarixdə İstanbulda bərpa edilən Çırağan Sarayında sözü keçən təqlidə tez-tez rast gəlinir. Osmanlı borokko memarlığının seçilmiş nümunələrindən olan sarayın iç dekorasiyasında, bəlkə çox bahalı olduğundan bəlkə də statik problemlər yaratdığına görə mərmər sütunların əvəzinə mərmərin təqlidi gips sütunlardan istifadə olunmuşdur. Bu, şübhəsiz ki, modern sənət estetikası tərəfindən biabırçı bir vəziyyətdir. Postmodern sənət üçün isə estetik yaradıcılıqdır, müxtəlif rənglərlə boyanmış, mərmərə oxşar sütunlar əksəriyyət tərəfindən bəyəniləcəkdir.

Sənət aləmində meydana çıxan modernizm/postmodernizm qarşıdurması 7-ci sənət adlandırılan kinoda da öz əksini tapmışdır. Modern kinonun, İkinci Dünya Müharibəsindən sonra, xüsusilə Avropada böyük bir hadisə olduğu vurğulana bilər. Məsələn, məşhur İtalyan kinorejissoru Antonioni, kinoda modernizmin ən tipik nümayəndələrindən biri sayılır. Həqiqətən də Antonioninin hər biri bir şah əsər olan Gecə, Cinayəti gördüm, Zabrinski Nöqtəsi filmlərində sənətkarın proqnozlaşdırdığı missiya, ictimai qınaq və yeniliyi qurma elementləri çox aydın təsvir olunmuşdur. Anlaşılmazlıq, sinifli cəmiyyətin fərd üzərindəki təzyiqi və s. mövzular Antonioninin filmlərinin əsas mövzularıdır. Başqa sözlə, Antonioni sadəcə iki saatlıq seyr və xoş zaman keçirmək üçün kino çəkməmiş, izləyicini düşündürməyi və bu düşündürmənin təsirinin film bitdikdən sonra da davam etməsinə çalışmaqdadır. Əcəba Antonioni, Fellini, De Sika, Bertoluçu və digər modern böyük kino ustadlarının əhəmiyyətli qisminin İtalyan olması təsadüfdürmü?

Sözsüz, İtalyan kinosunun köklü bir ənənəsi vardır. Amma bununla bərabər İtaliyanın XX əsrin ictimai və siyasi tarixinin də modernist kinonun yaranması üçün çox uyğun bir şəraitə malik olması da qeyd oluna bilər. Sosi-oekonomik şərtlər və bunlara bağlı olaraq yüksələn siyasi hərəkatlar, yaşanan uzun və əzablı faşizm erası sözü gedən tarixi şəraitin xüsusiyyətləri arasındadır. Eyni şəkildə daha çox Fransa kinosunda önə çıxan yeni dalğa-nın, Fransanın mövcud şəraitinin və sənət təcrübələrinin təsiri altında yarandığı diqqəti çəkir. Yeni dalğa axını içində diqqətə layiq filmlərdə də insan çarəsizliyi və bu kimi halların kəskin tənqid olunması əsas mövzunu təşkil edir.

Bunun əksinə postmodern kino adamları, məsələn David Linç, film izləmə müddətində izləyicilərinə xoş zaman keçirdən kino çəkməyi təqdir edir. Postmodern kino anlayışında, film bitəndən sonra izləyicidə filmlə bağlı bir iz qalmaması problem yaratmır. Bütün dünyada və Türkiyədə də həftələrlə izləyicilərə təqdim olunan “Gözəlçə” yaxud “Vəhşi Qəlblər” adlı filmlər postmodern kinonun tipik nümunələri arasındadırlar. Məsələn, “Gözəlçə” filmi xoş bir nağılı anladır, bu hekayənin reallaşa biləcəyi izləyicinin ağlına belə gəlmir. Vəhşi Qəlblərdə isə heç bir açıqlama yaxud hansısa mövqedə olmadan cəmiyyətdəki seks, zorakılıq kimi hadisələr əks olunmuşdur. Yenə postmodern kinonun tipik nümunələrindən olan “Mavi Vilvet” filmində qəhrəman fərqli iki dünya arasında gedib gəlir və zaman anlayışı itmişdir, digər tərəfdən də yenə cəmiyyətdəki zorakılıq, narkotika və s. kimi hadisələr hərhansı bir mühakimə mövzusu olmadan əks olunmağa çalışılmışdır.

Postmodern kino adamları, məsələn, seks yaxud zorakılıq kimi hadisələrin bugünkü həyatın əsas elementlərindən olduğunu irəli sürərək bunları sənətin obyektləri kimi istifadə edirlər. Bu doğrudur, seks və zorakılıq gündəlik həyatın əsas hadisələri arasındadır. Amma bu məqamda modern sənət ilə postmodern baxış arasında əhəmiyyətli dərəcədə üst-üstə düşən və düşməyən nüanslar var. Postmodern sənətkar, məsələn, seks yaxud zorakılıq hadisəsinin hansısa tənqidə hədəf olmasını və yenidənqurulmasını deyil, sadəcə sənət obyekti olaraq götürüb əks etdirməsini düşünür. Məsələn, Entoni Bördjessin Qurulan Portağal adlı kitabı postmodern sənət anlayışını əks etdirməkdədir. Yazıçı bu kitabında şiddəti, sənət obyekti kimi istifadə etmişdir. Bu kitabı ekrana gətirən və XX əsrin tanınmış rejissorlarından olar Stenli Kubrik filmdə modernizm və postmodernizmin arasında qalmağa çalışdığı diqqəti çəkir. Dr Strangelove yaxud Kosmik Odisey kimi ən yaxşı modern filimlərin rejissoru olan Kubrik bu filmdə, bir tərəfdən diqqətli şəkildə kitabı izləməkdə, digər tərəfdən də şiddət haqda tənqidi yanaşmanı da filmə əlavə etməkdədir. Məsələn, filmdə Bethovenin yüksəklərə qaldırılması, maariflənməyə yaxud modernləşməyə doğru müsbət bir istiqamət kimi də başa düşülə bilər.

G.G.Markez, Kurt Vonnegut, Günter Qrass, Con Faulz, E. L. Doktoroy kimi bütün məşhur yazıçılar ədəbiyyat sahəsində postmodern sənət anlayışının təmsilçiləri sayılırlar. İncəsənət sahəsində Uorhol, Kifer, Bazelitz kimi rəssamlar, musiqidə Cage, Hollovey, Lori Anderson kimi musiqiçilər də postmodern sənətkarlar olaraq dəyərləndirilir. Postmodern yazıçılar tarixdən yayınmamaq, yaxud reallıqdan uzaqlaşmamaq, oxucunu düşündürmək və ona nələrisə çatdırmaq kimi standartlarla məhdudlaşmırlar. Postmodern yazarlar, ümumiyyətlə, oxucunun duyğularını oyatmağın əhəmiyyətli olduğu fikrini irəli sürürlər. Həyata məna qatmaq və bununla bağlı bir ismarıc vermək, mümkünsüz sayıldığına görə postmodern estetika üçün əhəmiyyət daşımır. Postmodern sənət və estetika anlayışını ən aydın şəkildə simvollaşdıra bilən nümunələrdən biri, bütün dünyaya yayımlanan MTV pop musiqi kanalıdır. Məlum olduğu kimi bu kanalda davamlı olaraq musiqi klipləri göstərilir. Kliplərin hansısa ismarıc verməsi hətta mənalı olmasından söhbət gedə bilməz. Tamaşaçı sürətlə dəyişən görüntülərə bir məna verə bilmir, lakin rəng, hərəkət və musiqi onu əyləndirir.

Göründüyü kimi postmodern qavramı, sənət sahəsində yeni bir anlayış və estetika standartı kimi istifadə olunmağa başlanmışdır. Bəs bu necə meydana gəlmişdir? Postmodern sənətkarlar bu suala tam və aydın cavab verə bilməməklə yanaşı ictimai dəyişikliyin və bu şəraitdə meydana gələn yeni həyat tərzlərinin müəyyənedici olduğu ilə izah etməyə çalışırlar. Postmodern nəzəriyyəçilərin bir qismi də, bu yeni həyat tərzini texnologiyanın inkişafına bağlı olaraq dəqiq və təfsilatlı şəkildə nəzarət altında saxlanmış mərhələ olduğunu bildirirlər. Bu mərhələdə, fərd davamlı olaraq görüntü atəşinə tutulur, bu görüntü atəşi altında isə ictimai sistem fərdin nəyi edə biləcəyini, nəyi edə bilməyəcəyini, nəyi bəyənəcəyini, nəyi bəyənə bilməyəcəyini qəti şəkildə müəyyənləşdirilir. Bu səbəbdən də yeni həyat tərzinin hakim olduğu mərhələ, eyni zamanda tarixin sonu kimi də qəbul edilir. Bu mərhələdə, media, reklamçılıq və s. virtual sistemlər həyatın reallıqlarının yerini almışdır. Fərdin nəyi, nə zaman və necə edəcəyi ona müəyyən olunmuş şəkildə verilir. Bu çərçivədə postmodern sənət estetikası anlayışının əhəmiyyətli şəkildə, qloballaşma kimi bilinən yenidənqurma prosesinin təsiri altında qaldığı söylənə bilər. Qloballaşma fərd üçün beynəlxalq bir nəzarət və idarəetmə prosesinin meydana çıxmasına imkan yaratmış və bu prosesi tamamlayan bir dialektikada “fərqli ola bilmək” şəxsiyyətin formalaşması kimi davam edir.

Nə yeyəcəyi, nə geyinəcəyi, nəyi istehlak edəcəyi, nə oxuyacağı, nəyə baxacağı virtual olaraq müəyyənləşən fərdlərdən ibarət kütlə yaxud cəmiyyət üçün sənətin bir missiyaya malik olması, nəyisə tənqid edib çökdürməsi və doğru bildiyi yeninin necə qurulacağını müəyyən etməyə çalışması mənasız olaraq qəbul edilmişdir. Bu, modern sənət anlayışının iflas olduğunun elanı olaraq da başa düşülə bilər. Postmodern sənət anlayışı, bir tərəfdən keçmişdən ayrılmışdır amma hansısa tənqid və yenidənqurmanı qəbul etmir. Belə olduqda sənət, təkrar, tənqid və yapışdırma kimi üsulları ön plana çıxarır, estetika standartları bunlara görə müəyyən olunur. Postmodern sənət estetikasının xüsusiyyətləri aşağıdakı kimi sıralanır:

a. Estetika standartlarında artıq cəmiyyət yox, sənətkarın şüuru müəyyən edicidir və ön plandadır;

b. Missiya və çatdırılmadan imtina edilir və onun yerini montaj tutur;

c. Gerçək, açıq tərəfli olaraq qavranılır və gerçəyi əks etdirmək əvəzinə qeyri-müəyyənlik və qərarsızlıq əsas götürülür;

ç. Fərdin inteqrasiya olunmuş şəxsiyyəti, stabilliyi bir tərəfə atılmış, humanizm dəyərlərindən və struktuallıqdan uzaqlaşmış şəxsiyyət həlledici rol oynayır;

d. Elitar sənətlə populyar sənət arasındakı fərq aradan qalxarkən təqlid və yapışdırma sənət əsərlərinin istehsalında ön plana keçməkdədir.

Modern sənət anlayışında ənənə, keçmişi tərifləyən düşüncədən imtina etməkdədir. Məlum olduğu kimi modern sənət və ona aid estetika anlayışı əsasən maariflənmə fəlsəfəsinə əsaslanır, başqa sözlə ağıl və elm həlledici rola malik qəbul olunur. Ağıl və elmin təməli üzərində insanı azadlaşdıracaq şəkildə bu günü və gələcəyi qurmaq əsasdır. Bunun nəticəsi olaraq, modern sənət anlayışında hətta yaxın keçmiş də tənqid olunaraq imtina ediləcəkdir. Postmodern qavramında əhəmiyyətli yerə sahib olan fikir adamlarından biri Hans Georq Qadamer isə sənət yaradıcılığında ənənələrə sahib çıxır, estetika standartının keçmişdə yaxud ənənələrdə axtarılmadığının vacib olduğunu vurğulayır. Ona görə də gözəlliyin standartları ən asan şəkildə keçmiş tarixdə mümkündür. Çünki tarix indiki zamanda yazılır və bu yazıda keçmişin nailiyyətlərinin, ucalığının, həyəcanının ifadəsi ön plana çıxmalı və beləliklə “gözəl” anlayışı ilə eyniləşmiş bir ənənə formalaşmalıdır. Qadamerə görə modern sənət anlayışının, davamlı azadlaşmanı qüvvədə saxlaması üçün ənənədən imtina etməsinin heç bir təsiri yoxdur, əksinə keçmişin və ənənənin indiki zamanda şərh olunması sənətkara qeyri-məhdud sayda imkanlar yaradır. Sənətkar, bu son dərəcə zəngin imkanlar içində sənət estetikasını keçmişi yenidən qurmaqla təməlləndirə bilər.

Qısaca ifadə edərək demək olar ki, modernizm anlayışının semantikası içərisində tamamlanmış, formalaşmış bir maariflənmə prosesi vardır. Bu çərçivədə modernizm sözü 250-300 illik bir tarixi dövrü, bu dövrə aid düşüncə formalarını özündə ehtiva edir. Modernizm yaxud, deyildiyi kimi Maariflənmə prosesi, bəlkə də hər şeydən çox ağıla və elmə sonsuz güvən ifadə edir. Xüsusi olaraq “Maariflənmə prosesi” XVII və xüsusilə də XVIII əsrlərdə Qərbi Avropada özünü göstərən, hakim mövqeyə gələn hərtərəfli düşüncə hərəkatının adıdır. Bu hərəkatın kökündə, insan düşüncəsinin dini doqmatizmin müəyyən etdiyi sərhədləri dağıtmaq və ondan kənara çıxaraq ağılla mühakimə etmək və elm yoluyla həqiqətin qavrana biləcəyi durmuşdur. Başqa sözlə, ağıla güvənmək və elmə əsaslanmaq Maariflənmə hərəkatının motorudur. Mühakimə və elm insanın həm özü, həm də özündən kənar kainat ilə bağlı həqiqətləri olduğu kimi qura biləcəyinin başlanğıcıdır.

Maariflənmə prosesi, insan və cəmiyyət həqiqətinin mühakimə və elm vasitəsilə qavranıb, düşüncədə təkrar formalaşa biləcəyini proqnozlaşdırır. İnsan və cəmiyyətlə bağlı bilginin qlobal olması, reallığın fərdi ya da lokal tərəflərini elmdən kənarda tutması demək deyil. Bununla bərabər Maariflənmə prosesi üçün ağıl və elm ilə qavranıla bilən bir həqiqət vardır. Bu bütün insanlara, bütün cəmiyyətlərə aid həqiqətdir. Bildiyimiz kimi Maariflənmə dövrünün böyük fikir adamları elmdən başqa əxlaq və hüquq normalarının da qlobal olduğunu bildirmişlər. İnsan və cəmiyyət həqiqətlərinin qloballığını, yəni hər insan və cəmiyyət üçün qüvvəsi olan həqiqətləri aşkar edəcək vasitələri, mühakimə və elm olaraq müəyyən etmişlər. Bu o deməkdir ki, Maariflənmə düşüncəsinə görə həyatı, elmə uyğun olaraq, elm vasitəsi ilə yenidən qurmaq lazımdır.

Maariflənmə düşüncəsinin digər əhəmiyyətli elementi gələcəyə doğru inkişaf kimi müəyyən edilmişdir. İnsanın durmadan irəliyə getməsini təmin edən dəyişkən amil elmdir, çünki elm dinamik bir proses olaraq daima inkişaf edir, hər gün elm xəzinəsinə yeniləri əlavə olunur. İnsan övladı, ağlından istifadə edərək durmadan elm xəzinəsini genişlətməkdə və beləliklə ortaya doğru inkişaf prosesi qoymaqdadır. Həyatı ya da cəmiyyəti, elm və mühakimə səviyyəsində yenidən qurmaqdan söhbət gedərsə, elmin dayanmadan inkişafı eyni zamanda cəmiyyətin də dayanmadan inkişafı deməkdir. Pozitivizm adlandırılan bu cərəyan Maariflənmə dövrünün və düşüncəsinin əsas-larındandır. Məsələn, Maariflənmə dövrünün liberalizm, Marksizim kimi böyük düşüncə və bilgi paradiqmaları sözü gedən pozitivist fəlsəfənin təməl pioneri kimi qəbul edilməkdədir.

Postmodern sənət anlayışının modern sənət anlayışına yönəltdiyi tənqidin tədricən dominant vəziyyətə gəlməsi bəzi sənət tənqidçilərini modernizmi müdafiə etməyə yönləndirmişdir. Bu tənqidçilər yaxud nəzəriyyəçilər modern sənət anlayışının getdikcə marjinallaşmasını “sənətin ölümü” olaraq dəyərləndirirlər (Artur Danto, 1984). Modern sənət anlayış və estetikasının hökmranlığını itirməsi sənət ilə reallıq arasındakı bağın tamamilə qopması kimi izah olunur. Sənət tarixi, estetika baxımından yaradıcılıq qabiliyyəti yüksək olan fərdlərin içində olduqları şəraiti necə ifadə etdiklərini əks etdirir. XX əsrin son tarixi mərhələsində, sənətin reallığı virtual olaraq əks etməsi sona çatmış, sənət əsəri ilə reallıq arasındakı bütün əlaqələr qırılmışdır. Dantoya görə bu sənətin ölümüdür. Başqa sözlə, bir çox sənət nəzəriyyəçilərinə görə sənətin ölümü də tarixidir. Məsələn, burjuaziyanın zəifləyib tarixi iddialarından imtina etməsi fəhlə sinfinin özünə güvəni itirib bir şəxsiyyət erroziyasına məruz qalması kimi tarixi hadisələr, sənət anlayışını əsaslı şəkildə dəyişdirmişdir. Əgər ideologiyaların çöküşü, fərdin bütün istehlak xüsusiyyətlərinin media nəzarəti, pozitivizmin çöküşü kimi hadisələr yeni dünya nizamını müəyyən etmişlərsə, sənətin bunun təsirinə məruz qalmaması mümkün deyil. Bu təsir yaxud postmodern sənət anlayışının tədricən dominant olması sənətin ölümü kimi dəyərləndirilir.

Maariflənmə dövrü, dini dogmatizmin ya da paradiqmanın çökdüyü dövrdür və elm, Maariflənmə dövründə hər cür legitimliyin mənbəyi olmuşdur. Başqa sözlə, ancaq elmlə, məntiqlə qurulan cəmiyyət, cəmiyyətin quruluşu və siyasəti legitim sayıla biləcək, yenə sadəcə elmlə və məntiq yolu ilə qeyri legitimlik müəyyən oluna biləcəkdi. Qısası, elm bir tərəfdən insan övladının ucalmasını təmin edəcək, digər tərəfdən də onu mühakimə edəcəkdi. Buna görə də yeganə və hərtərəfli legitimlik standartı elm və məntiq olacaqdı. Bildiyimiz kimi bu cərçivədə Maariflənmə düşüncəsi müəyyən bir tarixi dövr ərzində meydana çıxmış və daha sonrakı inkişaf yoluna töhfəsini vermişdir. Bu tarixi hadisəni qısa şəkildə kapitalizm adlandırmaq olar. Kapitalizm ilə bərabər gələn milli cəmiyyət, milli-modern-dövlət, təbii hüquq, təbii haqq və azadlıqlar, sənaye inqilabı və s. kimi qeyd olunan yeniliklər Maariflənmə düşüncəsinin ətrafında baş vermişdir. Başqa sözlə, Maariflənmə dövrünün və bu dövrə aid düşüncə prosesinin aydın bir sosioekonomik və sosiyal-siyasi təməl olduğu deyilə bilər. Həm düşüncə sferasında, həm də cəmiyyətin reallığı çərçivəsində ortaya çıxan yeniliklər və hadisələr ümumən modernləşmə anlayışı ilə ifadə edilir. Sənət estetikası sahəsində ortaya çıxan modern – postmodern qarşıdurmasının düşüncə siferasına da təsir etməməsi mümkünsüzdür. Qeyd etmək lazımdır ki, postmodernizm, elm və fəlsəfə anlayışından cəmiyyət və siyasət nəzəriyyəsinə qədər hər sahəyə öz təsirini göstərmişdir.

Ücretsiz ön izlemeyi tamamladınız.

₺104,95
Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
27 ekim 2022
ISBN:
978-9953-8066-10-1
Tercüman:
Telif hakkı:
Alatoran yayınları / Алаторан
Metin
Ortalama puan 5, 4 oylamaya göre
Metin
Ortalama puan 2, 1 oylamaya göre
Metin
Ortalama puan 2,6, 5 oylamaya göre
Metin
Ortalama puan 4,8, 6 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 1, 1 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre