Kitabı oku: «Kataloniyanı Xatırlarkən», sayfa 3
III
Səngər həyatında beş şey çox vacibdir: odun, yemək, tütün, şam və düşmən. Qışda, Saraqosa cəbhəsində onlar öz əhəmiyyətini məhz sadaladığım ardıcıllıqla büruzə verirdi. Düşmən axırıncı yerdə gəlirdi. Gecə döyüşlərinin mümkünlüyü istisna olunarsa, ümumən heç kimin fikrini məşğul emirdi. Düşmən bizim təsəvvürümüzdə nadir hallarda əl-ayağını tərpədən uzaqdakı qara böcəklərdən başqa bir şey deyildi. Qarşı-qarşıya dayanmış iki ordunun düşündürən əsas məsələ necə qızınmaq idi.
Yeri gəlmişkən, İspaniyada qaldığım müddətdə çox az döyüş gördüyümü boynuma almalıyam. Yanvar ayından maya qədər Araqon cəbhəsində oldum, lakin yanvardan martın sonunadək Teruel döyüşünü nəzərə almasaq, tam əminliklə heç bir mühüm hadisənin baş vermədiyini demək olar. Mart ayında Xueskuda ağır döyüşlər gedirdi. Amma həmin hərbi əməliyyatlarda iştirakım çox cüzi olmuşdu. Sonra, iyun ayında Xueskuya uğursuz hücum həyata keçirildi. Nəticədə bir günün içində bir neçə min nəfər öldürüldü. Ondan əvvəl yaralanmışdım. Bu səbəbdən də, müharibənin dəhşətləri sayılacaq sarsıntılar məndən yan keçmişdi. Təyyarələr heç vaxt olduğum yerin yaxınlığına bomba atmamışdılar. Mərmilər həmişə məndən əlli addım kənarda partlamışdı. Yalnız bir dəfə əlbəyaxa döyüşə girmişdim. (Amma bu bir dəfədə yəqin ki, bir neçə dəfənin dəhşətlərini yaşamışdım). Əlbəttə, döyüşçülərin əksəriyyəti kimi mən də tez-tez pulemyot atəşi altına düşürdüm. Lakin atəş bir qayda olaraq uzaq məsafədən açılırdı. Əgər əvvəlcədən ehtiyat tədbirləri görmüşdünüzsə, hətta Xuesko altındakı döyüşlər də sən deyən qorxulu deyildi.
Burada, Saraqosanı əhatə edən təpələrdə bizi ən çox sıxan günlərin yeknəsəqliyi və mövqe müharibəsinin narahatlıqları idi. Həyatımız şəhərdəki kontor xidmətçilərinin günləri kimi heç bir mühüm hadisə baş vermədən sıxıntılı ahənglə keçirdi. Hər şey bir-birini təkrarlayırdı: qarovul, patrul, səngər qazmaq, səngər qazmaq, partul, qarovul… Təpələrin üstündə faşist, yaxud komunist inanclarından asılı olmayaraq bayraqlarının ətrafına yığışan bir dəstə cındır geyimli, his-pas basmış adam əslində ideyanın təntənəsindən daha çox harada, necə qızınmaq haqqında düşünürdü. Günlər və gecələr biri-birini əvəz edirdi. İki təpənin arasındakı dərədən şığıyıb keçən güllələr məqsədsiz və hədəfsiz atılırdı. Onlar nadir hallarda insan bədəninə gedib çatırdılar.
Bəzən soyuq qış mənzərələrindən gözümü çəkmədən baş verənlərin əbəsliyi haqqında fikirləşirdim. Belə müharibələr həmişə heç-heçə qurtarır. Daha əvvəllər, oktyabr ayında mövqe tutduğumuz təpələr uğrunda amansız döyüşlər gedirdi. Sonra isə əsgər, silah, ən başlıcası isə artilleriya çatışmazlığı ucbatından iri miqyaslı hərbi əməliyyatlara son qoyuldu. Hər iki ordu səngərə çəkildi, ilkin döyüşlərdə ala bildikləri təpələrdə möhkəmlənməyə başladı. Bizdən sağ tərtəfdə P.O.U.M.-un kiçik dəstəsi dayanmışdı, sol tərəfdəki yüksəklikdə isə P.S.U.C.-un mövqeyi yerləşirdi. Onun qarşısında faşist postlarının səpələndiyi zirvə ucalırdı. Cəbhə xətti deyilən ayırıcı hüdud irəliyə və geriyə doğru elə ilanvari yollarla burulub gedirdi ki, əgər hər mövqenin üzərində bayraq ucalmasaydı, kimi harada dayandığından baş çıxarmaq müşkülə çevrilərdi. P.O.U.M. ilə P.S.U.C8. qırmızı bayraq asmışdılar. Anarxistlər ya özlərinin qırmızı-qara, ya da respublikaçıların qırmızı-sarı-al bayraqları altında vuruşurdular. Heyrət doğuran mənzərə idi. Əsgərlər əllərində bayraq zirvəni tutmuşdular, dörd tərəfi isə iylənmiş konserv bankaları və insan nəcisi ilə murdarlamışdılar. Bizdən sağ tərəfdə təpə silsiləsi cənub-qərbə burularaq düz Xueskoya qədər uzanıb gedən, çay yataqlarının damar kimi doğradığı geniş bir düzənliyə açılırdı. Uzaqdan baxanda düzənliyin ortasında oyun zərlərini xatırladan kublar nəzərə çarpırdı. Bura faşistlərin əlindəki Robres şəhəri idi. Çox vaxt səhərlər və bütün vadi duman içində görünməz olurdu. Vadi üzərində isə yastı görünüşlü yaşıl təpələr ucalırdı. Bütün bunlar ətrafımızda açılan mənzərəni fotoneqativə bənzədirdi. Xueskonun arxasında hər gün yağan qarın üzərində yeni naxışların açdığı çoxlu belə təpələr vardı. Göz işlədikcə uzaqlarda Pireneyin qarı heç zaman əriməyən nəhəng zirvələri ucalırdı. Aşağıda, vadidə isə hər şey ölü və çılpaq görünürdü. Qarşı tərəfdəki təpələr fil dərisi kimi boz və qırışmış idi. Bomboş göy üzündə quşlar demək olar ki, heç vaxt gözə dəymirdilər. Səmasında bu qədər az quş olan başqa ölkə gördüyümü ağlıma gətirə bilmirdim. Doğrudur, hərdən sığırçına bənzəyən quşlar görürdük. Bəzən gecələr qəfil səs-küylə havaya qalxan və keşikçi əsgərləri diksindirən kəklik qatarına təsadüf olunurdu. Nadir hallarda isə səmanın ənginliklərində cövlan edən, bizim güllələri sanki nifrət dolu laqeydliklə süzən tək-tük qartal görürdük.
Gündüzlər hava dumanlı olanda və gecələr bizimlə faşistlər arasındakı vadini patrullar gəzib-dolaşırdı. Heç kəs belə “gəzintiyə” can atmırdı. Əvvəla, hava soyuq idi, ikincisi də həmişə azmaq qorxusu vardı. Tezliklə istədiyim vaxt patrul xidmətinə gedə biləcəyimi özüm üçün aydınlaşdırdım. Dərin dərələrdə nə bir yol, nə də cığır vardı. Geriyə qayıda bilməkdən ötrü həmişə hansısa nişanələri yadda saxlamaq tələb olunurdu. Aradakı məsafəni düz xətt kimi təsəvvür eləsək, faşist səngərləri bizdən yeddi yüz metr uzaqlıqda yerləşirdi. Lakin onlara çatmaq üçün azı iki kilometr məsafə qət etmək lazım idi. Quş kimi cəh-cəh vuraraq başım üzərindən, amma yaxşı ki, yuxarıdan keçən güllələrin vıyıltısı altında qaranlıq dərələrdə gəzib-dolaşmaq mənə ləzzət verirdi. Dumanlı günlərdə vadini gəzmək daha yaxşı idi. Bəzən bütün günü duman çəkilmirdi. Adətən yuxarıdan, zirvələrin başından asılıb qalırdı. Aşığı, vadi isə işıqlı olurdu. Faşist mövqelərinə yaxınlaşanda ilbiz kimi səssizscəssinə sürünmək lazım idi. Amma xırda kolları qırmadan, yaxud çınqılları xırçıltı ilə ayağın altından sürüşdürmədən yamacla hərəkət etmək mümkün deyildi. Yalnız üçüncü, ya da dördüncü cəhddə faşist mövqeərinin lap yaxınlığına qədər gedib çıxa bildim. Hər tərəfi sıx duman bürümüşdü. Onun sayəsində də sürünə-sürünə özümü tikanlı məftillərə çatdırdım, dayanıb qulaq asmağa başladım. Faşistlər bərkdən danışır və mahnı oxuyurdular. Amma birdən ayaq səslərinin tappıltısından yamacla pusquda durduğum tərəfə endiklərini anladım. Qorxuya düşdüm. Dərhal gözümdə elə bil daha da balacalaşan kolun arxasında gizləndim, tüfəngi ayağa çəkib hazır dayandım. Faşistlər mənə çatmamış başqa səmtə buruldular. Gizləndiyim kolun altında əvvəlki döyüşlərin nişanələrinə rast gəldim. Bunlar bir ovuc boş giliz, güllə deşmiş dəri dəbilqə və yəqin respublikaçılara məxsus qırmızı bayraq idi. Bayrağı özümlə götürdüm. Ancaq bizimkilər hisslərin hər hansı romantik təzahürünə yol vermədən onu cırıb əski kimi istifadə elədilər.
Cəbhə xəttinə çatan kimi mənə kapral, yaxud ispanların dediyi kimi, kabo rütbəsi verdilər. Komandam altında on iki nəfər vardı. Bu vəzifəni, xüsusən də ilk günlər nə isə sərfəli bir iş saymaq mümkün deyildi. Senturion heç bir təlim görməmiş adamlardan, əsasən də 15-18 yaşlı yeniyetməlrdən təşkil olunmuşdu. Könüllülər dəstəsinə hətta 11-12 yaşlı uşaqların qoşulduğu hallar da istisna deyildi. Onlar əsasən faşistləin nəzarəti altındakı ərazilərdən qaçqın düşənlər idi. Könüllü kimi cəbhəyə gəlmək babat qidalanmağın ən asan yolu idi. Adətən, uşaqlardan arxa işlərdə istifadə edirdilər. Lakin bəzən onlar döyüşən hissələrə də gəlib düşürdülər və bu zaman ilk növbədə özümüznkülər üçün qorxunc təhlükə mənbəyinə çevrilirdilər. Belə balaca vəhşilərdən birinin qumbaranı elə-belə, “məzələnmək” üçün öz səngərimizə atması yadıma gəlir. Yaddaşım məni aldatmırsa, Monte Poçeroda on beş yaşından aşağı bir nəfər də yox idi. Amma döyüşçülərin orta yaşı yenə də iyirmiyə çatmırdı. Bu yaşda olan cavanlardan cəbəhdə heç bir xeyir yoxdur. Çünki onlar səngər müharibəsinin zəruri şərti sayılan yuxusuzluğa qətiyyən tab gətirə bilmirlər. Bu səbəbdən də ilk vaxtlar qarovul xidmətini heç cür sahmana sala bilmirdik. Mənim bölməmdəki zavallı uşaqları yalnız ayaqlarından yapışıb səngərdən bayıra sürüməklə yuxudan oyatmaq olurdu. Lakin üzünü yana çevirən kimi təzədən özlərini səngərə salır, ya da adamın iliyinə işləyən soyuğa veclərinə almadan sipərə söykənin bir anın içərisində yenə yuxuya gedirdilər. Xoşbəxtliyimizdən düşmən çox da diribaş deyildi. Elə gecələr olurdu ki, oyuncaq tüfənglərlə silahlanmış iyirmi boyskautun, yaxud əllərində ağır tava tutmuş on iki qızın mövqeyimizi asanlıqla ələ keçirə biləcəklərini düşünürdüm.
Həm haqqında danışdığım, həm də sonrakı dövrlərdə Kataloniya könüllüləri mütəşəkkillik baxımından müharibənin başlanğıc mərhələsindəkindən fərqlənmirdilər. Frankist qiyamının ilk günləriundə bütün həmkarlar ittifaqı təşkilatları və partiyalar könüllü dəstələrini yaratmışdılar. Həmin dəstələrin hər biri əslində öz partiyasına mərkəzi hökumətdən heç də az bağlı olmayan siyasi təşkilat idi. 1937-ci ilin əvvəllərində “qeyri-siyasi” qurum kimi təsəvvür olunan Xalq ordusu qurulanda nəzəri baxımdan bütün partiyaların siyasi qüvvələri onun sıralarında birləşdilər. Lakin bu dəyişikliklər uzun müddət yalnız kağız üzərində qaldı. Yeni Xalq ordusunun birləşmələri Araqon cəbhəsinə yalnız iyun ayında gəldilər. Həmin vaxta qədər isə yerlərdəki xalq könüllüləri hərəkatı heç bir dəyişikliyi yaxın buraxmadan fəaliyyətini davam etdirmişdi. Yeni sistemin əsl mahiyyəti özünü əsgər və zabitlərin sosial bərabərliyində göstərirdi. Generaldan tutmuş sıraviyə qədər hamı eyni maaş alırdı, eyni yeməyi yeyir, eyni paltarı geyinirdi. Tam bərabərlik hissi bütün qarşılıqlı münasibətlərin əsasında dayanırdı. Siz çəkimədən generalın çiynini şasppıldada, yaxud diviziya komandirindən siqaret istəyə bilərdiniz və bir kimsə də bunda nə isə qəribə bir şey görmürdü. İstənilən halda, nəzəri baxımdan hər könüllər dəstəsi aşağıların yuxarılara tabeçiliyi əsasında formalaşan ierarxik şəkildə deyil, tam sərbəst və demokratik prinsiplə qurulmuşdu. Əmrlərin yerinə yetirilməsi ilə bağlı sanki gizli bir razılaşma vardı. Lakin əmr rəisin tabeçiliyində olan şəxsə hökmü, göstərişi kimi deyil, yoldaşın yoldağa xahişi kimi başa düşülürdü. Zabitlər və kiçik komandirlər vardı, amma sözün həqiqi mənasında hərbi rütbələr, paqonlar, ayaqlarını biri-birinə vurub təzim etmə, əli papağın günlüyünə aparıb salamlama yox idi. Könüllü dəstələrin timsalında sinifsiz cəmiyyətin müvəqqəti fəaliyyət modelini yaratmaq istyəyirdilər. Əlbəttə, ideal bərabərlik mümkün olan şey deyildi. Digər tərəfdən, əvvəllər heç vaxt oxşar vəziyyətlə üzləşməmişdim. Ona görə də müharibə şəraitində hamının bərabər olması fikrini heç cür ağlıma gətirə bilmirdim.
Etiraf edim ki, ilk dəfə cəbhədəki vəziyyəti görəndə məni dəhşət bürüdü. Belə ordu müharibədə necə qalib gələ bilərdi? Həmin vaxt hamı bu sualı verirdi. Əslində isə sual yersiz idi. Mövcud şəraitidə könüllülər dəstəsinin indikindən daha yaxşı olması sadəcə mümkün deyildi. Mexanikləşdirilmiş müasir ordu boş yerdə yaranmır. Hökumət dayanıb günün birində nizami ordu formalaşmasını gözləsəydi, Franko heç bir müqavimətlə üzləşmədən sürətlə irəliləyə bilərdi. Sonradan könüllü dəstələri söyüb qaralamaq dəbə çevrildi. Əsas qüsurlarını isə silah və təlim çatışmazlığı ilə deyil, bəhs etdiyim bərabərlik sistemi ilə əlaqələndirməyə başladılar. Əslində isə könüllü dəstələrdəki başıpozuqluq zabitlərin əsgərləri “yoldaş” deyə çağırmalarına görə deyil, bütünlüklə kütləyə xas olan intizamsızlıqla bağlı idi. Demokratik “nizam-intizam” təcrübədə gözlənildiyindən daha möhkəmdir. Fəhlə ordusunda intizamın əsasında sinfi sədaqət hissi dayandığından hər şey könüllülük yolu ilə həyata keçirilir. Burjua ordusunda isə intizam qorxu üzərində bərqərar olur. (Könüllülər dəstəsini əvəz edən Xalq ordusu bu baxımdan silahlı qüvvələrin iki modeli arasında orta mövqe tuturdu). Könüllülər adi ordu üçün səciyyəvi olan kobud münasibət və təhqirlə heç zaman barışmazdılar. Doğrudur, ənənəvi hərbi tənbehlər var idi. Lakin yalnız cox ciddi intizam pozuntuları zamanı tətbiq edilirdi. Əgər döyüşçü əmri yerinə yetirməkdən boyun qaçırırdısa, onu dərhal cəzalandırmırdılar. Əvvəlcə sinfi duyğusunu, yoldaşlıq hissini hərəkətə gətirməyə çalışırdılar. Könüllülərlə ünsiyyət təcrübəsinə malik olmayanlar dərhal “bundan heç bir şey çıxmayacağını” deyirdilər. Real həyatda isə həmişə mütləq “bir şey çıxırdı”. Günlər keçdikcə hətta dəlisovluqda ad qazanmış dəstələrdə də intizam tədricən möhkəmlənirdi. Yanvarda mən yeni könüllülər dəstəsini ortabab əsgərə çevirənə qədər, necə deyərlər, saç-saqqal ağartmalı oldum. May ayında qısa müddətdə leytenantın əvəzinə ingilislərdən və ispanlardan ibarət otuz nəfərlik dəstəyə komandirlik edirdim. Biz artıq bir neçə ay idi ki, cəbhə xəttində idik. Bəlkə buna görə də əmrlərin icrası, yaxud təhlükəli tapşırıq üçün könüllü tapılması elə ciddi çətinlik doğurmurdu. İnqilabi “nizam-intizamın” əsasında sinfi şüurluluq dayanır. Əsgər verilən əmrin nə üçün yerinə yetirilməli olduğunu başa düşür. Təbii ki, bu şüurluluğu tərbiyə etmək üçün də vaxt lazımdır. Kazarmanın həyətində ardı-arası kəsilməyən təlimlər vasitəsi ilə insanı mexaniki canlıya çevirməkdən ötrü də zaman tələb olunur. Könüllülərü məsxərəyə qoyub ələ salan jurnalistlər arxada Xalq ordusunun hissələri hazirlanana qədər cəbhə xəttini məhz onların qoruyub-saxladıqlarını nədənsə unudurlar. Könüllü dəstələr alnız “inqilabi” nizam-intizama sayəsində cəbhədə qalırdı. Mübaliğəsiz demək olar ki, 1937-ci ilin iyununa qədər onları səngərlərdə saxlayan sadəcə sinfi şüur idi. Tək-tük fərariləri güllələmək olardı. Ara-sıra belə hallar baş verirdi. Amma eyni anda minlərlə könüllü cəbhə xəttini tərk etmək qərarına gəlsəydi, onların qarşısını heç bir qüvvə ala bilməzdi. Belə şəraitdə arxasında xüsusi cəza dəstələri dayanmayan nizami ordu mütləq qaçıb dağılardı. Könüllülər isə cəbhəni saxlamışdılar. Üstəlik, hesablarına diqqətəlayiq qələbələr yazmışdılar. Fərarilik hallarına demək olar ki, yol verilməmişdi. P.O.U.M.-da keçirdiyim dörd, yaxud beş ay ərzində mən fərarilərlə bağlı yalnız dörd təsadüf haqqında eşitmişdim. Sonradan döyüş səngərini qoyub qaçan dörd nəfərdən ikisinin casus olduğu aşkara çıxmışdı. İlk vaxtlar könüllülər dəstəsində hökm sürən xaos, özbaşınalıq, əmrin icrası üçün döyüşçünü beş-altı dəqiqə dilə tutmaq zərurəti məni əsəbiləşdirib hövcələdən çıxarırdı. Çünki hələ də ingilis silahlı qüvvələri haqqındakı təsəvvürlərlə yaşayırdım. İspan könüllüləri isə heç bir cəhətdən ingilis ordusunun əsgərlərinə bənzəmirdilər. Lakin əvvəldə də göstərdiyim kimi, şəraiti nəzərə aldıqda, könüllülərin gözlənildiyindən qat-qat yaxşı vuruşduqlarını etiraf etmək lazımdır.
Hələlik isə hamının fikrini məşğul edən yanacaq – odun, odun və yalnız odun idi. Bu aylar ərzində apardığım gündəlikdə elə bir qeyd yoxdur ki, orada odun haqda, daha doğrusu, onun olmaması haqda söz açılmasın. Biz dəniz səviyyəsindən 700-1000 metr yüksəklikdə mövqe tutmuşduq. Necə deyərlər, qışın oğlan çağı idi, təsəvvürə-gəlməz soyuq vardı. Doğrudur, temperatur çox aşağı deyildi, əksər vaxtlar gecələr hətta sıfırdan aşağı düşmürdü, günortalar isə səmada bir saatlığına da olsa, qış günəşi görünürdü. Bəlkə də normal həyat şərtləri daxilində elə də soyuq deyildi. Amma soyuq haqqında təsəvvürün özü gözümüzü qırmışdı, canımıza və qanımıza işləmişdi. Bəzən papaqlarımızı başımızdan alıb atan, saçlarımızı havaya qaldıran ani və güclü külək qopurdu. Bəzən səngərlərdə bir neçə addımlıq məsafədən adamların biri-birini görməsinə imkan verməyən qatı duman çökürdü. Tez-tez yaşız yağırdı. Həyatımızın cəhənnəmə çevrilməsi üçüm on beş dəqiqəlik yağış kifayət idi. Əhəngdaşının üstünü örtmüş nazik torpaq təbəqəsi dərhal sürüşkən palçıq horrasına çevrilirdi. Səngərlər yamacda yerləşdiyindən dəqiqəbaşı sürüşüb yıxılırdıq. Xüsusən qaranlıq gecələrdə iyirmi addım yol keçənə qədər azı beş-altı dəfə yerlə qucaqlaşmalı olurdun. İslanma, palçığa batmaq bir yana qalsın, bu həm də təhlükəli idi. Çünki içərisinə suyun dolması nəticəsində tüfəngin çaxmağı islanıb yararsız hala düşürdü. Yağışdan sonra hələ neçə gün paltarlarımız, ayaqqabılarımız, odeyallarımız, tüfənglərimiz palçıq içərisində olurdu. Mən özümlə daşıya biləcəyim qədər isti paltar götürmüşdüm. Lakin çoxunun əyninə geydiklərindən başqa dəyişməyə heç nəyi yox idi. Yüz nəfərlik qarnizon yalnız on iki şinelin ümidinə qalmışdı. Onları da qarovula çıxanlara verirdilər. Döyüşçülərin çoxunun tək bir odeyalı vardı. Qarşı-şaxtalı gecələrin birində əynimdəki paltarların hamısı adbaad gündəliyimə yazmışdım. Çox maraqlı qeyddir. Çünki insanın üst-üstə nə qədər paltar geyə biləcəyinin sənədli göstəricisidir. Beləliklə sayım: qalın alt köynəyi və uzun alt tuman, flanel köynək, iki sviter, yun pencək, dəri gödəkcə, məxmər şalvar, sarıq, qalın corab, uzunboğaz çəkmə, yağışdan qorunmaq üçün brezent plaş, şarf, içi yunlu dəri əlcək, yun papaq. Amma altdan – üstdən bu cür geyinib qıfıllanmağıma baxmayaraq yenə də külək qabağında qalmış yarpaq kimi titrəyirdim. Doğrudur, gərək təbiət etibarı ilə soyuğa davamsız olduğumu da ayrıca qeyd edim.
Belə şəraitdə hər kəs üçün çörək qədər qiymətli sayılan yaşayış vasitəsi odun idi. Əsas məsələ isə onun yerli-dibli tapılmamasında idi. Səngərimizin qazıldığı təpə hətta ən yaxşı vaxtlarında da bitki örtüyünün zənginliyi ilə öyünə bilməzdi. Burada soyuqdan titrəyən könüllülər dəstəsinin dayandığını göz önünə gətirəndə isə hətta barmaq yoğunluğunda çubuq tapmağın da nə qədər müşkül iş olduğunu göz önünə gətirmək çətin deyildi. Yemək, yuxu və qarovul saatlarından başqa bütün qalan vaxtları mövqe tutduğumuz təpənin arxasındakı vadidə dolaşıb odun, çır-çırpı axtarırdıq. İndi o vaxtları yada salanda balaca bir kolu qoparmaq üçün çəkmələrimin zədələnməsindən də qorxmayıb bıçaq kimi düz, sərt qayalara necə dırmandığıma təəccüblənirəm. Üç əsgər az qala yarım gün ərzində yalnız bir saat qızınmağa imkan verən çırpı yığa bilmişdi. Bitib-tükənmək bilməyən odun axtarışları hamımızı əməlli-başlı botanika mütəxəssisinə çevirmişdi. Yamacda gözümüzə dəyən bütün bitkilər yalnız “istilik vermə” xüsusiyyətinə görə təsnif edilirdi. Bəzi ot və süpürgə kolları sadəcə sobanı yandırmaq işinə yaraya bilərdi. Çünki yanmağı cəmisi bir neçə dəqiqə çəkirdi. Yabanı rozmarin və nazik drok kollarından tonqal alışandan sonra istifadə etmək olurdı. Cırtdan palıd isə (qarağat kolundan da kiçik ağac növü idi) oda davamlı olduğundan yanmaq bilmirdi. Bizim mövqenin sol tərəfində, yamacın yuxarısında əla yanan quru qamış vardı. Lakin onu faşist güllələrinin atəşi altında biçmək lazımdı. Düşmən pulemyotçuları qamışlığa yaxınlaşdığımızı görən kimi gülləyə hayıfları gəlmədən yağış kimi atəş yağdırırdılar. Amma bir qayda olaraq çox yuxarını nişan aldıqlarından güllələr başımızın üstündə quş kimi ötür, bəzən isə bir neçə addımlığımızda vıyıltı ilə torpağa sancılıb əhəngdaşı parçalarını havaya sovururdular. Belə hallarda dərhal yerə uzanıb özünü torpağa sıxmalı idin. Amma heç nəyə baxmadan yenə qamış yığmağa gedirdik. Çünki qızınmaq hər şeydən vacib idi.
Soyuqla müqayisədə digər rahatsızlıqlar çox əhəmiyyətsiz görünürdü. Aydındır ki, həmişə çirk – pas içində gəzirdik. Digər ərzaqlar kimi suyu da qatırlarla Alkuberredən gətirirdilər. Adam başına gündə təxminmən bir litr su düşürdü. Su dediyimiz əslində boz-bulanıq maye idi. Rəngi təzə sağılmış süddən o qədər də seçilmirdi. Onu bizə yalnız içmək üçün verirdilər. Amma mən həmişə yuyunmaqdan ötrü də az qala bir dolu parç su çırpışdıra bilirdim. Bu su ilə bir gün yuyunur, ertəsi gün üzümü qırxırdım. Dediyim işlərin ikisini də eynu gündə görməyə heç vaxt su çatmırdı. Mövqe dəhşətli üfunət iyi verirdi. Balaca barrikadamızın arxasında isə insan nəcisindən ayaq basmağa yer yox idi. Bəzi könüllülər ehtiyaclarını hətta səngərdə rəf edirdilər. Bundan daha iyrənc bir şey təsəvvürə gətirmək mümkün deyil. Xüsusən, gecələr kiminsə nəcisinə batmaq təhlükəsindən hec cür qoruna bilmirsən. Əslinə baxanda, çirk məni heç vaxt o qədər də narahat etmirdi. Düzdür, bu barədə çox danışırlar. Amma bir məsələ də var ki, burun dəsmalı olmadan keçinməyə çox tez öyrəşirsən, bir az əvvəl yuyunduğun kasadan sonra yemək qabı kimi isdtifadə edə bilirsən. İki-üç gündən sonra pal – paltarda yatmaq da ciddi çətinlik törətmir. Gecələr, aydın məsələdir ki, nə paltarı, nə də ayaqqabını soyunmaq mümkündür. Çünki düşmənin hər an baş verə biləcək gözlənilməz həmləsinə hazır olmalısan. Səksən gündə paltarımı yalnız üç dəfə əynimdən çıxarmışdım. Doğrudur, gündüzlər də bir neçə dəfə geyimimi dəyişə bilmişdim. Soyuq olduğundan heç birimizi bit basmamışdı. Səngərdəki siçanlarla siçovulların isə sayı-hesabı yox idi. Bəzən onların bir yerdə yaşamadıqlarını deyirlər. Əslində isə tör-töküntü bol olanda bu yaramaz məxluqlar öz aralarında çox asanlıqla dil tapırlar.
Qalan məsələlərdə vəziyyətimiz pis deyildi. Yemək keyfiyyətli idi. Ürəyimiz istəyən qədər şərab verirdilər. Günə bir qutu siqaret, iki günə isə bir qutu kibrit ayrılmışdı. Hətta gecələr yandırmaq üçün şam da alırdıq. Onlar çox nazik idi, bayram şirnisini bəzəmək üçün istifadə olunan şamlara bənzəyirdi. Hamı hasısa kilsədən oğurlandığını güman edirdi. Hər səngər gündə üç ədəd yeddi santimetrlik şam alırdı. Hər biri təxminən iyirmi dəqiqə yanırdı. O vaxtlar satışda hələ şam tapmaq mümkün idi. Mən özümlə bir neçəsini götürmüşdüm. Şam çatışmazlığını bir müddət sonra daha kəskin şəkildə hiss etməyə başladıq. Adi halda xırda görünən belə şeylərin əhəmiyyətini günün birində onlar yoxa çıxanda daha yaxşı anlayırsan. Məsələn, gecələr həyəcan siqnalı veriləndə, hərə dərhal tüfəngindən yapışıb ayağı altında qalan hər şeyi və hər kəsi tapdalayaraq irəli atılanda, ani şam işığı bəzən insanın həyatını xilas edə bilər. Hər könüllünün əlinin altında mütləq çaxmaq daşı və yarım metrlik sarı fitil olurdu. Tüfəngi çıxmaq şərti ilə bunlar döyüşçünün ən qiymətli müxəlləfatı idi. Çaxmaq daşının üstünlüyü küləkli havalarda da ondan istifadə etməyin mümkünlüyündə idi. Amma tonqal yandırmaq baxımından bir şeyə yaramırdı. Kibrit yerli-dibli yoxa çıxandan sonra tonqal yandırmaq üçün yeganə vasitəmiz barıt idi. Gilizləri açıb barıtını tonqalın altına tökür, çaxmaqdaşının qığılcamı ilə yandırırdıq.
Biz qeyri-adi həyat yaşayırdıq. Qatıldığımız işə müharibə demək mümkün idisə, üstəlik həm də vuruşurduq. Könüllülər uzun müddətli hərəkətsizlikdən şikayətçi idilər. Səs-küy salıb nə üçün hücum əmrinin verilməməsi ilə bağlı izahat tələb edirdilər. Hamı bilirdi ki, düşmən birinci hücuma keçməsə döyüşü hələ çox gözləmək lazım gələcək. Mütəmadi yoxlamalar zamanı Jorj Kopp bizimlə açıq danışırdı. “İştirak etdiyimiz müharibə arabir ölüm hallarının baş verdiyi komik operadan başqa bir şey deyil”– nitqinə adətən bu sözlərlə yekun vururdu. Əslində isə Araqon cəbhəsindəki fəaliyyətsizliyin siyasi səbəbləri vardı. Lakin o zaman hamı kimi mən də məsələdən xəbərsiz idim. Canlı qüvvənin çatışmamasını bir tərəfə buraxsaq hərbi çətinliklərin mövcudluğu da heç kimə sirr deyildi.
Çətinliklər ilk növbədə mövqemizin təbii xüsusiyyətləri ilə bağlı idi. İstər biz, istərsə də faşistlər tərəfdən cəbhə xətti çox güclü təbii maniələrlə qorunurdu. Onları həndəvərinə dolaşıb keçmək mümkün deyildi. Düz üstünə getmək tələb olunurdu. Belə mövqeni düşmən piyadaları üçün əlçatmaz etməkdən ötrü vur-tut bir neçə səngər qazmaq kifayət idi. Yalnız qarşı tərəfin qüvvə baxımından qat-qat üstün olması vəziyyəti dəyişə bilərdi. İki pulemyot və on-on iki döyüşçü düşmənin hətta bütöv batalyonu qarşısında mövqemizi asanlıqla qoruyub saxlaya bilərdi. Qonşu mövqelərdə də təxminən oxşar vəziyyət idi. Təpənin yamacında olduğumuzdan faşist artilleriyası üçün əla hədəf idik. Lakin xoşbəxtlikdən onların top-topxanası yox idi. Eyni sözü özümüz haqda da deyə bilərəm. Bəzən təbii şəraiti gözdən keçirib bir neçə topun vəziyyət necə dəyişəcəyi haqda danışırdıq. Çəkiclə qozu əzən kimi artilleriyanın köməyi ilə də düşmənin səngərlərinin altını üstünə çevirmək mümkün idi. Amma dediyim kimi bizim də topumuz yox idi. Faşistlər bəzən Saraqosadan bir-iki yüngül top gətirib mövqelərimizə bir neçə mərmi atırdılar. Lakin onlar hədəfə çatmadan dərəyə düşüb partlayır, heç bir ziyan vurmurdu. Faşistlər hədəfi düzgün nişan ala bilmədiklərini görüb atəşi dayandırdılar. Artilleriyanın olmadığı, bütün ümidlərin yalnız pulemyota bağlandığı şəraitdə yalnız üç çıxış yolu vardı: ya təhlükəsiz məsafədə, məsələn, təxminən dörd yüz metrlikdə səngər qurub gözləmək, ya açıq yerdə hücuma atılıb özünü düşmən güllələrinin hədəf etmək, ya da vəziyyəti gecə hücumları ilə dəyişdirmək. Amma sonuncu variant da yetərli görünmürdü. Əslində seçimi yalnız intiharla tam fəaliyyətsizlik arasında etmək mümkün idi.
Əlimizin altında heç bir hərbi avadanlığın olmadığını da dediklərimə əlavə etməliyəm. Həmin günlərdə könüllülərin nə qədər pis təchiz edildiklərini təsəvvürə gətirmək üçün yaddaşı çox da gücə salmaq lazım deyildi. Məsələn, samballı bir ingilis məktəbinin hərbi kabinetində bizdə olduğundan daha çox müasir silah tapılardı. O qədər pis silahlanmışdıq ki, bu barədə ayrıca söhbət açmağa dəyər.
Cəbhənin bizim qoruduğumuz hissəsində bütün artilleriya cəmisi dörd minaatandan ibarət idi. Onların da hərəsinə orta hesabla on beş mərmi düşürdü. Minaatanlar çox qiymətli silah sayıldığından onlardan hər təsadüfdə istifadəni ümumiyyətlə rəva görmürdülər, Alkuberredə, hərbi anbarda saxlayırdılar. Təxminən hər əlli döyüşçüyə bir pulemyot düşürdü. Hamısı köhnə markalı idi. Onlardan isə yalnız üç yüz-dörd yüz metr məsafəyə sərrast atəş aşmaq olurdu. Qalan silahımız tüfəng idi. Bu tüfənglərin çoxunun əsl yeri ordu yox, zibil qalaqları olmalı idi. Bizə üç markadan olan tüfəng verilmişdi. Birincisi uzun mauzer idi. İstifadə müddəti iyirmi il əvvəl bitmişdi. Nişangah qurğusunun faydası sınmış spidometrin xeyrindən çox deyildi. Əksəriyyətinin lüləsi pas atmışdı. Sadəcə, hər on tüfəngdən biri işə yararlı sayıla bilərdi. İxtiyarımızdakı ikinci tüfəng markası qısa mauzer, yaxud süvari karabini idi. Bu silah yüngüllüyü və səngər şəraiti baxımından ölçülərinin çox da böyük olmaması ilə döyüşçülər arasında populyarlıq qazanmışdı. Bəzən muşketon da adlandırılan həmin karabinlər nisbətən təzə idilər, görünüşləri daha abırlı təsir bağışlayırdı. Silah kimi isə heç bir şeyə yaramırdılar. Çünki köhnə hissələrdən yığılırdı. Çaxmaqların heç biri tüfəngə uyğun gəlmirdi. İlk beş atəşdən sonra lülələr şişirdi. Nəhayət, senturionumuzda bir neçə ədəd vinçester də vardı. Onlardan atmaq rahat idi. Amma güllələrin hara uçduğunu bir allah bilirdi. Digər tərəfdən, güllə darağı olmadığından hər yeni atəşdən sonra tüfəngi doldurmaq lazım gəlirdi. Sursat çatışmadığından hər yeni döyüşçüyə yalnız əlli patron verilirdi. Onların keyfiyyəti barəsində danışmağa dəyməzdi. İspaniya istehsalı olan patronlar artıq bir dəfə istifadə edilmiş gilizlərə doldurulurdu. Ona görə aradan bir müddət keçəndən sonra ən yaxşı tüfəngin lüləsi də yeyilib sıradan çıxırdı. Meksika patronları daha keyfiyyətli idilər. Biz onları pulemyot üçün saxlayırdıq. Alman istehsalı olan yaxşı sursat isə nadir hallarda ələ düşürdü. Belə sursatı bir qayda olaraq hərbi əsirlərdən, ya da fərarilərdən qənimət kimi qoparırdıq. Gözlənilməz vəziyyətlərlər üçün cibimdə həmişə alman, yaxud Meksika patronları ilə doldurulmuş güllə darağını hazır saxlayırdım. Amma belə vəziyyət yarananda da tüfəngimdən çox az hallarda atəş açırdım. Çünki lülənin yeyiləcəyindən və tam yararsız vəziyyətə düşəcəyindən qorxurdum.
Dəbilqə və süngümüz yox idi. Pistolet və revolverləri də yox kimi saymaq olardı. Hər adama bir qumbara düşürdü. Biz F.A.İ.9 qumbarası adlı dəhşətli bir şeydən istifadə edirdik. Onu müharibənin ilk günlərində anarxistlər hazırlamışdılar. Mills qumbarasının prinsipləri əsasında düzəldilmişdi. Lakin mili şpilka yox, qaytan saxlayırdı. Siz qaytanı çəkirdiniz və əl bombasından mümkün qədər tez xilas olmağa çalışırdınız. Onlara “bitərəf” bomba deyirdik. Çünki o, eyni həvəslə atanın özünü də, hədəfi də öldürürdü. Başqa, quruluşca daha bəsit, lakin həm də daha təhlükəsiz (təbii ki, istifadə edən üçün) qumbaralar da vardı. Yalnız martın sonlarında ilk dəfə adına və təyinatına uyğun həqiqi qumbara görə bildim.
Yalnız silah deyil, müharibə üçün zəruri olan digər şeylər də çatışmırdı. Məsələn, nə xətirəmiz, nə sxemlərimiz vardı. İspaniyanın tam topoqrafik xəritəsi haqda isə danışmağa dəyməzdi. Ərazi ilə bağlı dəqiq məlumatlar yalnız köhnə hərbi xəritələrdə əks olunmuşdu. Hamısı da faşistlərin əlində idi. Bizim nə ölçü cihazlarımız, nə periskopumuz, bir neçə şəxsi binoklu çıxmaq şərti ilə nə səhra binokllarımız, nə siqnal raketlərimiz, nə tikanlı məftilləri kəsmək üçün istehkamçı qayçılarımız, nə xırda təmir üçün alətlərimiz vardı. Hətta tüfəngləri təmizləmək üçün şompol, yaxud bir parça mahud da ərşə çəkilmişdi. İspanlar görünür, heç vaxt silahı sürtüb cilalamaq haqda eşitməmişdilər. İlk dəfə bunu əyani şəkildə könüllülərə göstərəndə xeyli təəccübləndilər. Adətən, tüfəngi təmizləmək lazım gələndə onlar serjantın yanına gedirdilər. Serjandakı uzun və əyri şompol isə lülənin içini təmizləməkdənsə cızıb sıradan çıxarırdı. Aydın məsələdir ki, tüfəng yağı da yox idi. Zeytun yağı ilə silirdilər. Amma bundan ötrü ilk növbədə həmin zeytun yağının özünü tapmaq lazım idi. Müxtəlif vaxtlarda tüfəngimi vazelinlə, əl kremi, hətta donuz piyi ilə təmizlədiyim yadıma gəlir. Nəhayət, lampa və elektrik fanarı da tapılmırdı. Məncə, bütün ərazimizdə bir ədəd də olsun elektrik fanarı yox idi. Barselona həndəvərində isə belə fanarları çətinliklə də olsa, tapmaq olurdu.
Vaxt keçirdi. Təpələrin arasında gurultu salan nizamsız atəşlər altında günü-gündən daha da artan şübhə ilə qatıldığımız səfeh müharibəyə bir az canlılıq, bəlkə də ölüm gətirəcək hadisənin baş verməsni gözləyirdim. Biz əslində düşmənlə deyil, sətəlcəmlə mübarizə aparırdıq. Əgər səngərlər arasındakı məsafə beş yüz metrdən çoxdursa, o zaman güllə payını yalnız axmaq təsadüf nəticəsində ala bilərsən. Yaddaşım məni aldatmırsa, İspaniyada gördüyüm ilk beş yaralı sadəcə özləri özlərini vuranlar olmuşdu. Bunu qəsdən etdikləri iddiasında deyiləm. Hadisə ya təsadüf, ya da ehtiyatsızlıq üzündən baş vermişdi Çünki əslsl təhlükə mənbəyi düşmən atəşi deyil, istifadə müddəti keçmiş tüfənglərimniz idi. Onlardan bəzilərinin qundağı zərblə yerə dəyəndə atəş açmaq kimi yaramaz xəstəlikləri vardı. Bu yolla döyüşçülərimizdən biri əlini yaralamışdı. Bir dəfə axşam üstü, hələ şər qovuşmamış qarovulda dayanan əsgər təxminən iyirmi metrlik məsafədən mənə atəş açdı. Xoşbəxtlikdən güllə aralı keçdi. İspanların sərrast ata bilməmələri dəfələrlə həyatımı qurtarmışdı. Başqa bir gün isə komandiri qabaqcadan niyyətim haqqında xəbərdar edib dumanlı havada kəşfiyyata getmişdim. Geri qayıdanda təsadüfən ayağım kola ilişdi. Qorxuya düşmüş qarovul nəfəri yəqin , faşistlərin hücuma keçdiyini düşünüb var səsi ilə qışqırdı. Komandirin səs gələn tərəfə fasiləsiz yaylım atəşi açmaq əmrini eşitdim. Dərhal üzü üstə yerə uzandım. Güllələr başımın üstündən vıyıltı ilə uçub gedirdi. Heç bir şey ispanı, xüsusən də gənc, təcrübəsiz ispanı odlu silahın təhlükəli oyuncaq olduğuna inandıra bilməz. Yadımdadır ki, həmin hadisədən bir neçə gün sonra pulemyotun arxasında mövqe tutmuş pulemyotçular bölüyünün foto-şəklini çəkirdim.