Kitabı oku: «Məmməd Arazlı günlərim»
Gülxanım Fətəliqızı
Məmməd Arazlı
günlərim
“Xatirə Ədəbiyyatı” silsiləsindən 57-ci kitab
MÜƏLLİFDƏN
Xatirələr yumağını aç – yeri,
Ürəyimin sevda yeri – boş yeri.1
Tanınmış yaradıcı adamların şəxsi həyatı və yaradıcılıq bioqrafiyası xalq üçün həmişə maraqlı olub. Məmməd Araz da geniş oxucu dairəsinin diqqət mərkəzində olan bu qəbil sənətkarlardan idi. Pərəstişkarları hələ sağlığında səmimi bir həvəslə şairin həyatına maraq göstərir və müxtəlif səpkidə söhbətlər yayırdılar. Bu maraq ən çox da xalqın bütün təbəqələri tərəfindən sevilən, əsl sənətkar kimi qəbul edilən şairin vaxtsız xəstələnməsi ilə əlaqədar idi. Məmmədsevərlər onun sağalmaz xəstəliyə necə tutulduğu barədə həqiqəti bilmək istəyirdilər. Məmməd ömrünün 71-ci ilində dünyasını dəyişəndən sonra keçdiyi həyat yoluna qədirbilən oxucuları tərəfindən marağın daha da artdığının şahidi oldum. Həyatımın bir hissəsi olan bu qeydlər həmin marağın QİSMƏN ödənməsinə yönəlib.
Dünyada səsim var, bir dünya tutmaz,
Qoyma məndən sonra qala dünyanı…
P.S. Bu yazımda məqsədim kimisə günahlandırmaq, pisləmək deyil. Olan olub, keçən keçib. Onların çoxu indi haqq dünyasındadır. Elə Məmmədin özü də. Lakin Məmmədin keçdiyi həyatı, xəstəliklə bağlı çəkdiyi əzabları, sağlamlığına təsir edən hadisələri yazımda əks etdirməyə bilməzdim. Bu gələcəyin tarixidir və Məmməd Araz da tarixdə öz yerini tutan şəxsiyyətlərdəndir. Hələ bütün hadisələri yumşaldılmış formada yazmışam, oxuyub inciyənlərdən qabaqcadan üzr istəyirəm.
QÜRUB ÇAĞI…
İki dünya ayrı düşür öz dünyasından,
Qəribədir, bu dünyanın xəbəri yoxdur.
Qürub çağı… Qəribə bənzəri var, ömrün qürub çağı ilə təbiətdə təkrar olunan qürub çağının… Amma fərqi bənzərindən daha çoxdur, təbiətdə hər axşam təkrar olunur, həyatda isə… Alatoran həyatdan neçə səhifə qaldığını heç kim təsəvvür etmir və ya təsəvvür etmək istəmir.
Günəşin batmasına baxmağı xoşlardı. Qırmızı kürə şəfəqlərinin əl-ayağını yığıb batmağa hazırlaşanda o da çevrilib otağa girər, dərindən ah çəkib həsrətlə bir də üfüqə boylanardı. Kənardan baxardım. Ürəyindən nə keçdiyini bilməzdim. Onunla bərabər mən də kövrələrdim… Deyərdi, “Gülxanım, burda alatoran olanda, yəqin ki, kənddəki evimizin balkonundan görünən dağların başı az da olsa, işıqlı qalar. Sanki bitmək üzrə olan insan ömrünün lap son ümidi kimi…”
Ömrünün qürub çağı, yazmışdı:
Bu torpağa səpilməyə dən kimi acam,
Bu torpağın dan yerində dəfn olunaydım.
Ömrünün qürub çağı… Yaşadığı həyata tez-tez boylandığı, qəlb süzgəcindən keçirdiyi çağı…
Yaşadığımız evin həyətində onu tez-tez gəzdirərdim. Bir dəfə ayaq saxlayıb üzümə baxdı:
– Gülxanım, ən xoşbəxt günlərimizdir.
– Hansı mənada? – soruşdum.
– Hə, bir səhər yuxudan ayılıb görək ki, ikimizdən birimiz yoxuq…
Niyə belə kövrəlmişdi, görəsən?
Qismətə inanıram…
Tələbə vaxtı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanını oxuyanda Qətibənin gənc İlyasa (Nizamiyə) dediyi – aşağıda qeyd etdiyim – bu sözləri özümdən asılı olmayaraq həmişə təkrarlardım: “… O nəfis şeirlərin ilhamını məndən alsın. Sənin ilham dənizindən çıxan nadir incilər mənim boynumdan asılsın. Sənin bütün Şərqdə qazana biləcəyin şöhrətin şəriki olmaq istərdim…”
Görəsən, niyə bu sözlər beynimdə həmişə özünə yer tapmışdı? Bilmirəm…
Qəribə müqayisədir… Romantika…
47 il bir yerdə ömür sürmüşük. Mənalı günlərimiz də olub, adi günlərimiz də. Xırda umu-küsülər də olub, barışmalar da… Ancaq bir-birimizin əlindən möhkəm yapışaraq ömrümüzün qürubuna doğru irəliləmişik…
… 2004-cü ilin 1 dekabrında, günorta saat 2-yə 15 dəqiqə qalmış əbədi yuxuya getdi. Yazmışdı:
Yazda ölüm asan olur,
Saxla məni yaza, Allah!
Payızda öldü…
Onu həmişəlik itirdiyimə inanmıram. Mahnıda deyildiyi kimi:
“… Bilirəm ki, hara getsəm,
Yenə məni izləyir(sən),
O küçənin döngəsində,
O ağacın kölgəsində,
Yenə məni gözləyir(sən)…”
Axşamlar mənə elə gəlir ki, qapını açacağam. “… Bağışla, əzizim, səni bu vaxta qədər tək qoydum…” – deyəcək…
Acı xatirəyə, həzin gileyə
Sakit olmağıma güman gətirmə. (Qabil)
Yazmışdı:
Hardasa qab yuyan, ev yığışdıran,
Yetim qocalığın qorxudur məni.
Və xoşladığım misralarından bəzilərini ürəyimdə təkrarlamaqla təsəlli tapıram.
Necə yaşayaq ki, dünyada, gülüm,
Kimsədən olmasın umacağımız,
Bizim öz evimiz, öz ocağımız,
Perikən bir eşqi ovuda bilsin…
Yanan bir qəzəbi oyuda bilsin…
Məmməd yazmışdı…
“… Dərin qaranlıq bir gecədən ən uzaq dağ döşündə gecəni qarsa, göyü yalaya-yalaya yanan bir ocağı müşahidə etmisinizmi? Qərib yolçu, uzaq mənzil kəsən səyyah üçün o tək ocaq ən yaxın həmdəmdir; gecə yolçusunu məqsədə səsləyən yeganə işıqdır.
ŞAİR əbədi ocaq, əbədi bələdçi, əbədi ağsaqqal deməkdir. Məncə, şair, ƏSL şair həmişə işıqdır. O, kədərləndirib kövrəldəndə də, qəzəbləndirib yerdən üzündə də, nakam bir məhəbbətin tərcümeyi-halını danışanda da… İŞIQ olmayan sənət ildırımın ağzından qopsa belə, insanlara lazım deyil…”
“Şair, məncə, əsl şair həmişə işıqdır” deyən bu şairin həyatına ötəri nəzər salaq…
Qəribədir ki, Məmməd ölən və dəfn edilən günlərdə ətrafda bütün göyərçinlər şüşəbəndimizin kənarına qonmuşdu. Bunu hamı müşahidə etmiş, təəccübünü gizlətməmişdi. Nə əvvəllər, nə də sonralar belə hadisə olmuşdu. Bir səhv iş o oldu ki, o səhnəni çəkib götürmədilər.
BİR QƏDƏR ÖZÜM HAQQINDA
Yelləmi, selləmi keçdi ötən gün,
O, bəlkə, ötəri şimşək səsiydi…
Uşaqlığımı yaşadığım dövrdə ailələrin bir qismi qız uşaqlarını oxutmazdı. Atam ziyalı olduğu üçün ailənin savadlı olmasına xüsusi önəm verərmiş. Deyərmiş ki, tarixi, ədəbiyyatı bilmək, onlarla maraqlanmaq bütün ixtisas sahiblərinin borcudur.
Üzünü görmədiyim atam Fətəli Moskvada təhsil alıb. Əvvəl müəllim, sonra hərbçi kimi çalışıb. Rayonumuzda tanınmış ziyalılardan sayılırmış. Mətbuatda ilk dəfə Xınalıq dili haqqında yazan müəllif olub. İlk orden alanların arasındaymış. Çox cavan yaşında rəhmətə gedib.
Biz – bacı və qardaşlarım institutu qurtarana qədər atama görə fərdi təqaüd almışıq, dövlət tərəfindən bizə çoxlu güzəştlər edilib.
Anam evdar qadın olsa da, oxumağımıza ciddi nəzarət edərdi. Müəllim ailəsi olmuşuq. Bibim coğrafiya, qardaşım tarix, böyük bacım ibtidai sinif, ortancıl bacım və mən ədəbiyyat ixtisası üzrə müəllim işləmişik.
Evin sonbeşiyi olmuşam.
Gəncliyim atından nə zaman yenib,
Elə doluxsundum uşaq sayağı…
Qubalı qızıyam. Orta məktəbi bitirib Bakıda ali təhsil almaq arzusundaydım. Lakin anamın təkidi ilə Quba İkiillik Müəllimlər İnstitutunun Ədəbiyyat fakültəsinə daxil oldum. Oranı fərqlənmə diplomu ilə bitirib ADU-ya daxil daxil olmaq arzusu ilə Bakıya gəldim. İki il iş stajım olmadığına görə sənədlərimi qəbul etmədilər. Onda atamın dostu İsmayıl Əfəndiyevə (APİ-də işləyirdi) müraciət etdim. İsmayıl müəllim mənə Xarici Dillər İnstitutuna daxil olmağı təklif etdi:
– Gəl sənə kömək edim, xarici dillərdən birini seç, orada oxu. Xarici dillərə bu saat ehtiyac çoxdur. Savadlı qızsan, orada qalıb müəllim də işləyərsən.
Qorxdum, xarici dil keçməmişdik. Sonralar peşman olsam da, gec idi. Atdığım səhv addımın acısını çəkə-çəkə APİ-nin qiyabi şöbəsinə daxil oldum. O vaxtın qərarına görə, İkiillik Müəllimlər İnstitutunu bitirənləri qiyabi şöbənin 3-cü kursuna qəbul edirdilər.
1956-cı ilin yayını başa vurub kəndimizə qayıtdım. Mənimlə bir qrupda oxuyanların, demək olar ki, hamısı yaşlı kişi və qadınlar idi. Yaşca ən kiçiyi mən idim. Məmmədin böyük qardaşı İbrahim, əmisi oğlu Aşurla bir qrupda oxuyurduq. Onları qrup yoldaşı kimi tanıyırdım. Məmmədin onların yanına gəlib-getdiyini, məni xoşlayıb izlədiyini sonralar bildim.
Dəmir yolu vağzalının yanında, keçmiş Kamo küçəsində kəndimizin qızları ilə birlikdə mənzil kirayələmişdik. APİ-yə yaxın olduğu üçün dərsə piyada gedib-gəlirdik.
1957-ci ilin yayında təsadüfən orta məktəbdə bir yerdə oxuduğum sinif yoldaşlarımla rastlaşdım. Onların yanında arıq, qarayanız, uzun saçlarını arxaya daramış, bakenbardlı bir oğlan vardı. Qalın bığları da diqqət çəkirdi. Uşaqlardan biri:
– Yaxın dostumdur, yaxşı şairdir, – Məmməd İbrahibovdur, – dedi.
Məmməd dilləndi:
– Mənə elə gəlir, bu qızı görmüşəm, qardaşımla bir qrupdadırlar, hətta adını da bilirəm, Gül və xanım. Bu sözlərə bir o qədər də əhəmiyyət vermədim. Uşaqlar məni də özləri ilə dəniz kənarına gəzməyə dəvət etdilər:
– Elə dənizə yaxın yerdəyik, sən də bizimlə gəl, bir az gəzişək, müəllimlərimizi, sinif yoldaşlarımızı yada salaq, – dedilər.
Razılaşdım. Gəzişdiyimiz vaxt “Azərbaycan” jurnalında çap olunmuş şeirlərdən xoşuma gələnləri əzbərdən dedim. Heç bilmirdim ki, bu şeirlərdən bir neçəsi Məmmədindir. Çünki şeiri oxuyanda müəllifinə fikir verməz, bəyəndiyimi əzbərləyərdim. Sonralar bildim ki, bu, Məmmədin xoşuna gəlibmiş. Elə fikirləşməyin ki, şeiri, şairi xoşlayırdım, yox, sadəcə, biz gənclər oxumağa üstünlük verirdik.
Bir neçə gündən sonra “təsadüfən” bir də rastlaşdıq və bu rastlaşma sonradan yaxın tanışlığa çevrildi (Məmməd sonra zarafatla deyirdi ki, özü qəsdən yolunu oralardan salırmış ki, mənimlə rastlaşsın). Qərara gəldik ki, nişanlanaq.
Nişan üzüyünü dükandan tapmaq o vaxtlar problem idi. Zərgərdən almalı olduq. 600 manata dedilər. Məmmədin pulu çatmadığına görə iki yüzünü mən, dörd yüzünü o verdi.
Siyasi iqtisaddan kəsirim və yazı işlərim qaldığı üçün oktyabrda Bakıya gəldim. Məmmədlə qərara gəldik ki, kiçik kompaniya edək, çünki toya gücümüz çatmaz, Məmmədin bir o qədər də pulu yox idi.
Biz ki gələcəyə ümid sarıdan,
Dünyanın ən varlı adamlarıyıq.
Molla və dövlət kəbinimiz Qubada kəsildi. Məmməddən xahiş etdim ki, öz soyadımı saxlamağa icazə versin, soyad dəyişməkdən xoşum gəlməzdi. Məmməd bir az tərəddüddən sonra razılıq verdi, amma ürəyində narazı olduğunu hiss etdim. Sonralar bunu tez-tez biruzə verərdi. Həmişə mənə hirslənəndə istehza ilə “yoldaş Məlikməmmədova” deyərdi.
Beləliklə, 1958-ci ilin 8 noyabrında ailə həyatımızın təməli qoyuldu.
8 noyabrda Qubada möhkəm yağış yağırdı. Küçələr palçıq idi. Məmmədin dostları – İlyas Tapdıq, Sərda Əsəd, Firidun, Daryuşla bərabər tanımadığım qonaqlar da vardı. Evimiz ikimərtəbəlidir. Pilləkən yaş olduğuna görə, Daryuş sürüşüb yıxılmış, əzilməsə də, yaxşıca palçığa bulaşmışdı. Daryuşun yıxılması rəhmətlik Sərdar Əsədə ləzzət eləmişdi. Tez-tez həmin məqamı xatırlayar, “Yadda qalan hadisədir” deyərdi.
Maşına minəndə isə İlyas gülə-gülə dedi:
– Gülxanım, sevin ki, canını bu palçıqdan qurtardıq. Buna sevinmişdim, amma qarşıda məni gözləyən çətinliklərdən xəbərim yox idi. Həyatımı bağladığım, o qədər də tanımadığım bu adamla sonrakı həyatım necə olacaqdı, əgər yanılmışamsa, nə edəcəkdim? Yolda güzgümü sındırmışdılar. Bu da el arasında pis hadisə hesab olunurdu. Amma Məmməd imkan daxilində məni darıxmağa qoymaz, şübhələrimi az da olsa, qovardı. Məmməd o vaxtkı pulla 600 manata keçmiş 1-ci Sverdlovski küçəsində 125 saylı binada birotaqlı ev almışdı. Bu mənzil çox darısqal olmaqla yanaşı, həm də yarızirzəmi idi. Kiçik pəncərəsi həyətə baxırdı (Həmin mənzil indi də yuxuma girir. Yaxınlarda həmin həyətə gedib kənardan otağımıza bir xeyli baxmışam). Otağa çarpayı, stol və divan güclə yerləşirdi. Yaşamağa heç bir şəraiti olmayan bu mənzili Məmmədin anası Cahan xala gəlib-gedənə belə tərifləyirdi:
– Otağın şəraitsizliyinə fikir verməyin, bura padşahlardan böyük adamlar yığışırlar.
BU “PADŞAHLARDAN BÖYÜK ADAMLAR”
KİMLƏR İDİ?
Uzun qış gecələrində söhbətlərimiz ancaq uşaqlıq və gənclik (subaylıq) illəri ilə bağlı olardı. Məmməd bəzən özü də hiss etmədən elə şirin danışardı ki, danışıq dili ilə yazı dili arasında çox fərq hiss etməzdim. Məmmədin söhbətlərindən bəzi məqamlar:
Xatirələrin qəhrəmanlarından biri bu balaca daxmanın “daimi sakini” sayılan Əli Kərim idi. Əlinin yaradıcı adamlara aid belə bir bölgüsü varmış: “darnı” və “bezdarnı”. Çoxunun adı “bezdarnı” siyahısında idi. Rüfət Zəbioğlu Əli Kərimlə bərk dost olsa da, adını “bezdarnı”ların siyahısında görüb ondan inciyərdi. Rüfət tez-tez Əlidən xahiş edərdi:
– Əli, adımı o zəhrimar “qara siyahı”dan poz, xahiş edirəm.
– Olmaz, – deyərdi Əli, – necəsən, elə də yazmışam.
Əli evə gələn kimi qapını içəridən qıfıllardı. Soruşardım:
– Əli, qapını niyə bağlayırsan?
– “Upravdom” görər, bizi qovar, – deyərdi. Əli çox utancaq idi. Ona sataşardım:
– Əli, bəlkə, səninlə dostam deyə, mənim adımı “darnı” siyahısına salmısan? Uşaq kimi and içərdi Əli:
– Yox, Vallah, sən, həqiqətən, layiqsən.
Məmməd sonralar da Əlidən çox hörmətlə danışardı.
Bu kiçik otağın daimi sakinlərindən olan İdris Zamanlı haqqında da gülə-gülə danışardı Məmməd:
– İdris yaman danışqan idi və danışdıqca da tez-tez, “mən ölüm, vur bura”, – deyərdi. Axırda əlimi açıq qoyub deyərdim:
– İdris, mən yatdım, əlim açıqdır, kefin nə qədər istəyir, əlimə vura bilərsən.
Əlbəttə, Məmmədin qonaqları təkcə Əli Kərimlə İdris Zamanlı deyildi. Cabir Novruz, Sərdar Əsəd, İlyas Tapdıq, Tofiq Bayram və başqa adlarını unutduğum gənc şairlər də bəzən yatmağa yer tapmayanda Məmmədin balaca otağına toplaşırdılar (Əlbəttə, bu onların subay vaxtlarına aid idi).
Məmməd bunları təkrar-təkrar danışar, ürəkdən gülərdi.
Məmmədin kiçik qardaşı Əbülfəz gündüz bizimlə olar, gecələr isə yataqxanaya gedərdi. Anası Cahan xala da bizimlə qalırdı.
Xörək bişirməyi bacarmazdım. Ata evində evin kiçiyi olduğuma görə, xörək bişirmək növbəsi mənə çatmamışdı. Xörəyi bildiyim kimi bişirərdim, nə qədər çalışsam da, xörək dadlı alınmazdı. Əbülfəz deyinsə də, Məmməd sakitcə yeyərdi. Düzü, yaşadığımız bütün ilərdə xörəyə müəyyən irad tutduğunu görməmişəm. Bu xasiyyəti həmişə xoşuma gəlib.
Evimizə tanınmış filoloq, rəhmətlik Firidun Hüseynov da tez-tez gələr, uşaqlıqlarından maraqlı söhbətlər edərdi. Onlar Məmmədlə bir kənddən, eyni zamanda uşaqlıq dostu idilər.
Firidunun söhbətlərindən:
– Həmişə cütə gedərdik. Bəzən ikimiz də işin öhdəsindən gələ bilməzdik. Bizi çox vaxt öküzlərin boyunduruğunda oturdardılar. “Rəhbərimiz” kəndin ağsaqqalı Xanış kişi işimizdən razı qalmayanda bizi söyməyə ürəyi gəlməz, acıqlı-acıqlı deyərdi:
– Adə, kəndinizdə “xotuq” (yəni “qoduq”) neçəyədir? Cavab verə bilməzdik, onda bizi qovar, – “əkin yerini tapdalamayın” – əmrini verərdi.
Məmməd də söhbətə qoşular, öz əlavələrini edərdi:
– Biz uşaqlar səhərdən gündoğana, axşamlar günbatana “at çapıb” günəşə yetmək, onu səhərlər dağ başında bir qədər tez qaldırmaq, axşamlar batmağa qoymamaq istəmişik. Amma… Biçin çətin işdir, bunu hamı bilir. Biçilmiş sünbülləri toplayıb dərz bağlayardıq. Hamıdan kiçik olduğum üçün kəndin ağsaqqalı Əliş kişi məni işdən xilas etmək məqsədi ilə tez-tez bulağa göndərərdi. Kənddə ancaq qocalar, qadınlar, bir də uşaqlar qalmışdı. Müharibə, aclıq, ehtiyac və qurumayan göz yaşları… Yay vaxtı gündüzün canüzücü ağır işlərindən, sonra gecələr yer şumlamağa gedən, yorğunluqdan, yuxusuzluqdan mürgüləyib boyunduruqdan dəfələrlə yıxılıb-duran, qoşqu mallarını haylamaqdan səsi batan “kişi uşaqlar”dan biri də mən idim. Bəzən mənə elə gəlir ki, insan uşaq dünyasının xatirə cığırları ilə addımlayarkən çox mühafizəkar olur. O cığırlar, o izlər dəyişməz qalır. Bir də saçının ağaran çağlarında yeni mənzərələr tapmaq çətindir.
Sonralar Məmməd bunları bədii dildə belə təsvir edəcək:
“Kotan cırıldaya-cırıldaya holavara dəm tutur…
Qızıl öküzlər mürgülü kotanı dartır. Arabir qoca macqal: – Yeri, başına dönüm, yeri, – deyir”.
Məmmədin əmisi oğlu Bahadurun söhbətlərindən:
– Müharibədən sonra bərk qıtlıq idi. Ermənistana duz aparar, onu kartofa dəyişib gələrdik. Babamız da bizimlə gələrdi ki, uşaqlara böyüklük etsin. Elə vaxtlar olurdu ki, yağışa düşürdük, səhərə qədər açıq yerdə, yağışın altında bir-birimizə sığınıb yatardıq. Dağın ayazı ola, yağış ola… səhər ayılanda görürdük ki, az qala donmuşuq. Bir dəfə alverimizi edib geri qayıdırdıq, başımız oyuna qarışdı. Bir də gördüm, ulağın belindəki xurcun yoxdur. Məmmədin xurcunu isə yerində idi. Evdə “məhkəmə” olacaqdı. Fürsət axtarırdım ki, Məmmədin də xurcununu it-bat eləyim. Batabata çatanda çayın gur yerində xurcunu itələyib suya saldım. Su güclü olduğuna görə Məmmədin xurcununu tutmaq cəhdi boşa çıxdı. Daha tək deyildim. İkimiz də xurcunsuz idik.
Beləcə, uşaqlıq illərini xatırlayaraq ləzzətlə gülərdilər.
Məmməd həmişə nadincliyindən də ürək dolu danışardı:
– Çox nadinc idim. Uşaqlardan ayrılıb tək qalanda da özümə “əyləncə” tapardım. Bir dəfə yorğanı başıma salıb itimizi qorxutmaq istədim. İt üstümə cumub ayağımı möhkəm dişlədi. Düz bir ay ayağımı yerə basa bilmədim. Görürsən, yeri indi də qalır.
Uşaqlarla qayışqapdı oynayanda isə bu iki dişimi itirdim…
Məmmədin uşaqlığı atası 1945-ci ildə təqsirsiz ləkələnib tutulduqdan sonra daha da çətinləşib. Artıq onlar “xalq düşməni”nin uşaqları idilər. Bütün çətinliklər də buradan başlanırdı. Bu haqda öz əli ilə yazdıqları:
MƏNİM TALEYİMDƏ YAXŞI ADAMLAR
Burada mənim şair taleyimdən söhbət getmir, sadəcə insan taleyinin kiçik bir yarpağını tərpədirəm, o, qırıla da bilərdi. Bu dediklərim şair taleyinin nə əvvəli, nə də sonudur.
Bir vaxtlar anket vərəqlərində təxminən belə məzmunda maddə var idi:
“Ailə üzvlərindən, qohumlarından tutulanı, xaricdə olanı varmı?” Babasının, atasının, bioqrafiyasından xəbəri olmayan ziyalının vəzifəyə təsdiq olunma məqamında “paxırı açılırdı”: Atasının bibinəvəsinin qaynı oğlu nə vaxtsa İranda yaşayıb. Bundan qətiyyən xəbəri olmayan adam sarsaq damğaya məruz qalır, “irəliçəkmə mənfəətindən birdəfəlik məhrum oldu.
Cavan vaxtlarında mənim də atamın “xalq düşməni” fəxri adını gizlətdiyim məqamlar olub. 44 il bundan əvvəlki əhvalatı uşaq yaddaşımdan alıb bu günə gətirməyim çox da asan başa gəlməyib. “Xalq düşməni”nin oğlu kimi “gözükölgəli” yaşamaq istəməmişəm. On il beləcə yarıgizli, yarıaşkar bioqrafiyamın gizlətdiyim kölgəli cəhətlərini indi açıb elan edirəm. Əslində, çox şey itib. Atam həyatda yoxdur. O, bu inamla köçüb getdi ki, “on il havayı yatmağımda sovet hökümətinin günahı yoxdur”. Onun düşməni haradasa Şura hökümətinin gözünə girən naxələf, dinsiz-imansız saxtakardır.
1945-ci ilin avqustunda tutulmuşdu, 1955-ci ilin avqustunda özündən bir neçə il əvvəl bir bəraət və üzrxahlıq kağızı gəldi… özü də Tbilisidən! Oradan niyə? – Bilmirəm.
Atamı 1945-ci ilin avqust ayında günortaya yaxın, payız şumu (əz düzü herik şumu) elədiyi yerdə tutdular. Biz iki hodaq axşam çağına qədər onu gözlədik. Atam qayıtmadı. Dalımızca gələn olmadı. Öküzləri qara şumda ac-susuz, boyunduruq altında qoyub qaçıb gəldik kəndə. Yazıq heyvanları boyunduruqdan kim açdı, kotan-zəncir kimə təhvil verildi, bilmədik. Bir neçə gündən sonra məlum oldu ki, atamı “göyşapqalılar” tutub. Kənd adamları arasında xısınlaşma başladı. İnqilab illərində, kollektivləşmə dövründən, qolçomaqlarla mübarizə təcrübəsindən, ən nəhayət, 1937-ci il tuthatutundan xəbəri olanlar və bütün bu işlərdə “üzəduran ştatında çıxış edənlər” orda-burda ağızlarından qaçırdılar: Basdılar getdi. Bu “ştatlı üzəduran” atamdan bir az əvvəl səksənə yaxın yaşı olan Abdulla bəy adlı bir kişinin üzünə durmuşdu ki, Molotova Molotov deyib.
Bir həftədən sonra məlum oldu ki, biz “xalq düşməni”nin övladlarıyıq, ehtiyatlı olmaq lazımdır. Bizim ailə “qara siyahı”ya düşdü. Bir qədər geriyə qayıdıb demək istəyirəm ki, atamdan təxminən bir ay əvvəl bizim kənddən qaranlıq gecələrin birində yeddi zəhmətkeşi, yeddi biçinçini, yeddi əkinçini heç bir günahı olmayan yeddi “günahkar”ı ailəsi ilə birlikdə o vaxt markasını bilmədiyim üstüörtülü maşınlara yığıb apardılar. Altı aydan sonra Sibirdən kağızları gəldi. Adamlar çox ayıq idilər, konkret ünvana, qohum-qardaşa, qonşuya gələn məktublara yiyə duran olmurdu! Bu “yazıq” “boynubükük” məktubları poçtalyon oxuyub kəndə yaydı. Sonralar bildik ki, atamın vəzifəsi bir kənd ağsaqqalı kimi bircə kəlmə demək imiş, daha doğrusu, hazır ifadəyə qol çəkməliymiş ki: bu adamlardan belə iş gözləmək olar. Bunlar faşist Almaniyasının qalib gələcəyinə inana bilərdilər. “Ya bu mətnə qol çəkməlisən, ya da 10 ili kürəyinə yapışdırırıq”. İstintaq aparanın axırıncı sözü bu olub. Fiziki əzabdan, sorğu-sualdan, eyni kəlməni yüz dəfə çeynəməkdən bezən qoca atam çox qətiyyətlə deyib: “10 ilimi ver! Mən ağsaqqal çağımda böhtan deyə bilmərəm”.
O vaxt elə bilirdim ki, insanlar hamısı bir işləyirsə, deməli, bir gülür, bir sevinir, bir düşünürlər… İnsan adlanan şəxs ancaq yaxşıdır. Yer əkənə, yer suvarana, toxum səpənə necə pis demək olar?
Əmlakımız müsadirə olunan gün “səhnə qəhrəmanları”nın üz-üzə gəldiyi gün idi. Bu səhnəni kimsə yazmışdı, kim isə həyatda təsəvvürə gəlməyəcək dərəcədə gərgin tamaşa yaratmışdı. Heç vaxt belə əsər görməmişdim, yəqin, görməyəcəkdim. Tamaşanın “baş rejissoru” – rayon mərkəzindən gəlmiş qaraqabaq adam “açılış elan elədi”, özü də ilk təklifi irəli sürdü: atdan başlayın, at ailə başçısınındır, məhbusundur, deməli, kolxoza çatır. Komissiya üzvləri pıçıldaşıb nə isə qərara gələ bilmədilər. Fərməşdəki yorğan-döşəyi, ayaq altdakı xalça-palaza sayan kişi əl saxlayıb “baş rejisssora” qətiyyətlə dedi: – At indən belə ailənin başçısı olacaq böyük oğula – qonşu kənddə müəllim işləyən İbrahim yoldaşa çatacaq, kolxoz idarə heyətində dəqiq məlumat var ki, at onun puluna alınıb. “Baş rejissor” dərinə getmədi, açıq etiraz eləmədi.
Mal-qara (deyəsən, iki inəyimiz vardı), qoyun-keçi, at və eşşəyimiz çölə – naxıra, sürüyə buraxılmamışdı; həyətə əyilən ağac budaqlarını, çəpərə dırmaşan sarmaşıqları, gicitkən kollarını gəmirə-gəmirə komissiyanın qərarını səbirsizliklə gözləyirdilər. İndi hadisələrin üstündən illər adladığı bir vaxtda vicdanla deməliyəm ki, müsadirə komissiyası yetimlərin xeyrinə bölgü apardı. Guya bütün əmlakın yeddidə birini məhbusa “verib” oradaca müsadirə elədilər. Atamın payına bir dana, bir dəst yorğan döşək, bir də divardan asılı kərənti və oraq düşdü. Kimsə vəzifəsini tezcə yerinə yetirdi – dananın boğazına ip salıb fermaya apardı. Yorğan-döşəyi anam səliqə ilə yığıb eyvana – məhəccərin üstünə qoydu. Kim apardı, hara apardı – daha bunlar yadımda deyil. Mənim vəzifəm bu oldu ki, səhərdən bəri ac-acına qalan, “nümayişə hazır mal-heyvanı örüşə çıxarım”.
Açığı, müsadirə tamaşasını uzatmağa, dəqiq təsvir etməyə gücüm çatmır, yaş məni boğur, həyəcanımı idarə eləyə bilmirəm. Yaxşı yadımdadır ki, əhvalatdan sonra bizə və sürgün olunmuşların kənddə qalmış qohum-əqrəbalarına müəyyən dərəcədə münasibət aydınlaşmağa başladı. Artıq “professional xalq düşmənləri” idik. Bizə fermada işləmək, xırmanda taxıl döymək, toxum səpmək və bənzər təsərrüfat işlərində əmək haqqı qazanmaq rayon mərkəzindən gələn təlimatlara əsasən (yəqin ki, göstəriş şifahi idi) qadağan olunurdu. Bəs necə eləməli? Çörək qazanmaq lazımdır. Uşaq dünyamda yaxşılar, pislər seçildi. Pislər suyumuzu kəsir, otumuzu gözgörəsi biçib aparır, üstəlik, itimizə daş atır, toyuq-cücəmizi perikdirməkdən zövq alırdılar. Bizim dinməyə haqqımız yoxdu. Atamız xalq düşməni idi. Onda Dadaş əmilər, Abbas, Əli kişilər döşlərini irəli verdilər. Dadaş əmi kolxoz sədrinin özünə demişdi ki , “İnfilin oğlunu mənə köməkçi ver” (O vaxt taxılbiçən maşınlar yox idi, bu işi qadınlar görürdülər). Qadınlar – bir dəstədə 5-6, bəzən də 10-12 qadın yetişmiş zəmini biçib tökür, bir kişi də biçilmiş taxıldan dərz bağlayıb taya vururdu. Bu biçinçi qadınlar (cavan gəlinlər, qızlar) elə sürətlə işləyirdilər ki, bir kişi onlarla ayaqlaşa bilmirdi. Onda köməkçiyə ehtiyac olurdu. Bağçıların əmək haqqı yaxşı idi. Ancaq 12 yaşlı uşaq üçün çox ağır işdi. Bütün günü ikiqat vəziyyətdə işləməyə fiziki qüvvəm çatmırdı. Qadınlarn gözü qabağında “kişilik qürur”nu sındırmaq da olmazdı. Hərdən yavaşca deyərdim: “Dadaş əmi, vay belim”. Dadaş əmi tez səhəngləri yoxlardı. Bay, su qızıb ki, – deyərdi, – səhəngi boşaldıb mənə verərdi, yüyür bulağa, yavaşca qulağıma deyərdi, “tələsmə, bulaq üstündə bir az otur, dincini al”. Yaxşılar yaxşılıq edərdi, amma özlərini gözə soxmazdılar. Onlar insan taleyinin keşiyində durmağı vəzifələrinə daxil xidmət sananlardı. Yaxşılar birinci əl uzadarlar, əldən tutanlar, həmişə zamanı çiynində aparanlardı.
Yaxşılar hərəsi bir cürə yaxşı,
Hər zaman yaxşını yetirə bilmir.
Nadanlar külüngü, pislər yağışı,
Yaxşının yerini itirə bilmir.
Yaxşılar sırasında bizim üçün yaxşıların yaxşısı nənəm idi. Kiçik oğlunu müharibədə itirmişdi, ortancıl oğlunu da xəbərsiz-ətərsiz aparmışdılar. Ona heç cür “xalq düşməni” sözünü xırdalayıb başa salmaq olmurdu. Nənəm deyirdi:
– Mənim ocağımda haram tikə bişməyib. Oğlum niyə qonum-qonşuya düşmən olmalıdı? Bizimlə qoynu-qoltuğu dolu açıq-aşkar əlaqəsi olan bu ipək qarı oğlunun bəraət alıb qayıtdığı günü görmədi, onillik həsrətə hamımız dözdük, bircə nənəm dözmədi.
Bioqrafiyamda bu məsələni gizlətmişəm. Deyə bilməmişəm, deməyə utanmışam ki, atam “xalq düşməni”dir. Pis adamlar baxışları ilə yanıq verən əda ilə bu “günahı başıma çırpıblar, yaxşı adamlar sifətimdən bu xəcalət əlamətini çox incəliklə – araya başqa söz qatmaqla, söhbətin axarını hansı ikinci dərəcəli səmtə dəyişiblər…
Qış günləri evdə eşitdiyim cəhrə səsi, bayatı yanğısı, holavar zümzüməsinin həzin musiqisi idi.
Şaxtalı günlərdə soyuq siniflərdə dərs öyrəndiyim, aylı gecələrdə kəndin sakit həyatına “daş atdığım” günlər az olmayıb. Müharibənin son illərini yaxşı xatırlayıram. Kəndimizdə orta məktəb bağlandığına görə, 7-ci sinifdən sonra iki il məktəbdən qaldım.
Belə bir şeirim var: “ Komsomola keçdiyim gün”. Bu hadisəni çox təmtəraqlı ifadələrlə, olmayan şəkildə təsvir etməyə çalışmışam. İndi yaşımın bu vaxtında,belə etiraf mümkünsə, özüm-özümdən üzr istəyərdim. Komsomola keçdiyim günün ağrı-acısı sevincindən – həzzindən çox olub, xeyli çox.
… Orta məktəbdə 1-ci sinifdən 10-cu sinfə qədər əlaçı olmuşam. Bir dəstə uşağı komsomola keçirmək üçün kənd məktəbindən rayon mərkəzinə gətirdilər. Nümayəndə heyətinə məktəb partiya təşkilatının katibi rəhbərlik edirdi. Qəbul mərasimi rayon komsomol komitəsi birinci katibinin otağında gedirdi. Yaxşı yadımdadır, katib komsomola keçənlərin adını oxuyur, adı çəkilən ayağa durur, katib “etiraz yoxdur ki?” sualını verir, razılığı, narazılığı gözləmədən öz sualına “yoxdur” – deyib xoşbəxt uşaqları təbrik edirdi. Mənim adımı çəkəndə otağa çox dərin sükut çökdü. Hiss elədim ki, büro üzvləri arasında vəziyyətimə şərik olanlar da var, baş sağlığı verənlər də. Kimsə sükutu pozdu: “Atası xalq düşmənidir. Deyə bilmərəm onun günahı nədən ibarətdir”. Partiya təşkilatının katibi icazə almadan ayağa durdu: “ Yoldaş Stalin deyib ki, oğul atanın, ata oğulun, qardaş qardaşın günahına cavabdeh deyil”. Bu sözün dərininə gedən olmadı: Yoldaş Stalin bu sözü nə vaxt deyib, harda yazılıb?
Bayaqdan bəri ayaq üstə olan mən başıma yağan suallara ağlaya-ağlaya cavab verirdim. Birinci katib ayağa durdu və qəti şəkildə dedi: “ Sovet dövründə doğulmuş uşaqdı, özü də əlaçıdı, suallara yaxşı cavab verdi. Təklif var – keçirilsin!”
Sonralar öyrəndim ki, göz yaşımdan kövrələn bu yaxşı adam o vaxt Şahbuz rayon komsomol komitəsinin birinci katibi İbrahim Səfərov olub.
(Vərəqin arxasında yazılıb: “yazan qalmasa da, yazılan qalır”).
İLLƏR, TEZ ÖTDÜ İLLƏR…
(“Dünya sənin, dünya mənim…” kitabındakı bioqrafiyasına əlavə kimi bu sözlər də yazılmışdı)
“7-ci sinifdən sonra iki il məktəbdən qaldım. Çöl işləri, əkib-biçmək, yer belləmək, qoyun-quzu otarmaq, çörək qazanmaq daha vacib idi. 9-10-cu sinifləri Kənd Şahbuzda oxudum.
Məktəb partası arxasında oturan kimi bütün unutduqlarım bərpa olundu. Ağıl pəncərəmi yenidən günəşə açdım. Yer üzündə Nizami, Füzuli, Mirzə Fətəli varmış, Mirzə Cəlil, Sabir doğub, yola salıbmış bu dünya…
Orta məktəbi 50-ci ildə bitirib gön çarığı, iplik corabı çıxartdım. Ayağım ayaqqabı gördü; o zaman çox dəbdə olan göy sətindən gödək qollu yay pəncəyi tikdirdim. 1950-ci ilin avqust ayında Bakıya gəldim. Sənədlərimi universitetin Filologiya fakültəsinə verdim. Bütün fənlərdən “5” qiyməti aldım. Axırda rus dilindən yazdığım inşadan kəsildim. Bu uğursuz təsadüf məni universitetə girməyə qoymadı. Sənədlərimi APİ-nin Coğrafiya fakültəsinə verdim və qəbul olundum. Tələbə yoldaşlarımın bir neçə nəfəri istisna olmaqla, demək olar, hamısı uçduqları yuvaya – öz doğma rayon və kəndlərinə qayıtdılar. O zamandan 30 ildən artıq vaxt keçib. Çoxu baba olub. Bəziləri ilə tez-tez, bəziləri ilə isə nadir hallarda görüşürəm. Saç-saqqal ağarsa da, 50-ci illəri gənclik hərarəti ilə xatırlayır, kövrəlir, “bu necə yuxu idi – yozulmamış qaldı, bu necə ömür idi – bir an kimi keçdi”, – təəssüfü ilə keçmişə qayıtmaq istəyirəm…”
Məmmədin təyinatını öz rayonlarına – Şahbuza, oradanda ata ocağına – Nurs kəndinə vermişdilər.
1954-cü ilin payızından 1955-ci ilin yayına qədər kəndlərində təkcə coğrafiya yox, yuxarı siniflərdə kimya və astronomiya fənlərini də şagirdlərə tədris etməli olub.
Özü bu haqda mənə belə demişdi: “Nə qədər haray saldım ki, mən kimyagər deyiləm, – direktor – ədəbiyyat müəllimim olmuş Vəliyyədin Əliyev məhəl qoymadı: “Sən Bakıdan təzə gəlmisən, qara şəhəri görməmiş olmazsan”, – deyə əmrimi verdi. Şeir yazmaq həvəsinin necə yarandığını özü də hiss etməyibmiş. Ancaq söhbətlərinin birində qeyd etmişdi ki, oxuduğu kənd Şahbuzun məktəb kitabxanasında S.Vurğunun “İstiqbal təranəsi” adlı şeirlər kitabını almış, kənd Şahbuzla öz kəndləri arasındakı yolda istirahət edərkən kitabı açıb oxumuş və qarşılaşdığı ilk şeir “Dilcan dərəsi” olubmuş:
Yenə səni gördüm, Dilcan dərəsi…
Və həmin misranın təsiri ilə “Yenə səni gördüm, Nursu dərəsi” misrası beynində həkk olunubmuş.
Danışırdı ki…
“İlk şeirim həmin şeirin təsiri ilə yarandı. O şeirdə heç bir yenilik etməmişdim. Ancaq məsələ bu idi ki, şeir yazmışdım, ilk şeir:
Yenə səni gördüm, Nursu dərəsi…”
Məmməd kənddə müəllim işlədiyi vaxtlar da yaradıcılığından qalmır, yazdığı şeirləri mərkəzi mətbuata göndərirdi. “Azərbaycan” jurnalının işçisi Böyükağa Qasımovun cavab məktubu indi də arxivində durur. Məktubun məzmunu belədir:
Məmməd, salam!
Məktubunu və şeirlərini alıb oxuduq. “Palıd”, “Adın yox, diplomun qalır dünyada”, “Qocanın vəsiyyəti” adlı şeirlərini çap üçün bəyəndik. O birilər qaldı. Üç şeiri yaxın nömrələrin birində mütləq çap edəcəyik. İşlərin necədir? Təzə nə yazırsan? Nə vaxt gəlirsən?
Hələlik, sağ ol!
Təzə şeirlərini gözləyirik. Müvəffəqiyyətlər arzu edirəm.
Böyükağa
18.1V.1955-ci il
Bakı
Təhsil aldığı illərdə hazırda görkəmli akademik olan Budaq Budaqovla yaxın dost olmuşdular. Budaq 1956-cı ildə elmi axtarışlar aparmaq məqsədilə Quba-Qusar zonasına ekspedisiya təşkil etmiş, orada kollektor işləmək üçün Məmmədi də dəvət etmişdi. Budağın söhbətlərindən:
“… İş ortağımın qapısı açıldı, içəri qarayanız bir oğlan daxil oldu. 23 yaşlı bu cavan oğlan ekspedisiyada iştirak etmək istəyirdi:
– Deməli, Siz Məmməd İbrahimovsunuz. Müəllimin Məmməd Zülfüqarov yaxşı şair olacağınızı inamla deyir. Məncə, M.Zülfüqarov təcrübəli müəllim olduğu üçün səhv etməz. Amma onu da nəzərinizə çatdırım ki, Azərbaycanın ən yüksək zirvələrində müasir buzlaqları və qədim buzlaşmanı öyrənəcəyik. Bu çətin işə dözə biləcəksənmi?
Məmmədin cavabı çox qısa oldu:
– Mən Şabbuz rayonunda, dağlar qoynunda böyümüşəm. Salvartı dağı, Batabat dağları, Kükü dağları bizim oylağımızdır. Dağlardan çox qorxmuram. Məni dağlar özünə möhkəm bağlayıb.
Budaq söhbətində bunu da qeyd etmişdi ki, 1956-cı ilin iyul ayının ilk günlərinin birində Quba tərəfə yola düşdük. Siyəzənə çatmışdıq, maşını saxlatmış Məmməd yolun kənarında dayanmış, sir-sifəti, kirpikləri tozdan ağarmış bir qarabala ilə qucaqlaşıb görüşdü. Məni onunla tanış etdi. Bu cavan Cavid Novruz idi. Xızıdan, Upa kəndindən gəlib Bakıya gedirdi.
Məmməd həmin vaxt Şahdağın zirvəsinə yaxın yerdən xeyli balıqqulağı tapmışdı və bu balıqqulağı tədqiq edənlər Qafqazın yaşının daha qədim olduğu qərarına gəlmişdilər.
Şeirlərdən “Ləzəli qız”, “Şah dağı”, “Bulaq başında”, “Yeddi bulaq əfsanəsi” həmin dövr təəssüratlarının məhsuludur.
“Bulaq başında” şeirinin yaranması isə məzəli bir əhvalatla bağlıdır. Məmməd bu haqda belə demişdi:
– Çoxdan idi şəhər həyatından ayrılmışdım. Darıxırdım. Düşərgəmiz bulağa yaxın idi. Qızlar bulaqdan su aparırdılar, özləri də yaman qəşəng idilər; ağbəniz, qırmızıyanaq. Bir qızı güclə dilə tutmuşdum ki, qardaşı qəfildən peyda oldu və qıza bərk təpindi. “Pərizada” rədifli şeir də yazmaq istəyirdim, ancaq Böyükağa məni qabaqladı, təkrar olmasın deyə yazmadım.
Bəli, uzun qış gecələrində söhbətlərimiz də yaradıcılıqdan, yazıçılarla oxucuların görüşlərindən olardı.
Tofiq Mütəllibov belə görüşlərdən biri haqqında yazmışdı:
“APİ-nin akt zalında görkəmli şair və yazıçılarla görüş keçirildi. Görüşdə gənc qələm sahibləri də şeirlərini oxuyurdu. Məmməd də şeirlərini oxuyanda birdən çaşdı, şeirin misraları yadından çıxdı. Zalda oturan tələbələrdən biri şeirin adını dedi, sonra bütün zal həmin tələbəyə qoşuldu. Məmməd heyrətdən donub qalmışdı. Yazıçı Mehdi Hüseyn yerindən qalxdı. Məmmədə işarəylə dedi: – “Bax, əsl istedad budur, bu gəncin böyük gələcəyi var…”
Bakıya qayıtdıqdan sonra universitetin Jurnalistika fakültəsində də oxumuş, lakin təhsilini davam etdirməmişdi. Hətta 44 saylı məktəbin binasından yerləşən gecə məktəbində müəllim də işləmişdi.
Hələ ki günlərimiz pis keçmirdi. Bir-birimizin “əlindən tutub” öz aləmimizdə yaxşı günlərə doğru irəliləyirdik…
Tələbəliyim davam edirdi. Qış sessiyasında bir kurs işim yazılmamış qalmışdı. Mövzu Balzakın “Qobsek” əsərinin təhlili idi. Onu yazmağı Məmmədə həvalə etmişdim. Məmməd əsərin təhlilini elə gözəl vermişdi ki, bu, Hidayət müəllimin çox xoşuna gəlmişdi. Mənə dedi:
– Qubalı qız, kurs işini oxudum, çox gözəl təhlil eləmisən. Yazını müəllim yoldaşlarıma da göstərmişəm, demişəm ki, qiyabiçilər içində gör necə savadlıları var. Gələn seminarda çıxış edəcəksən. Yaman yerdə axşamlamışdım. Əhvalatı axşam Məmmədə danışdım.
– Müəllim deyir, çıxış et də.
– Bacarmaram, mənim vəzifəm sənin yazdığını köçürmək olub, yadımda heç nə qalmayıb.
– Onda müəllimə düzünü de.
Səhərisi gün elə də etdim:
– Hidayət müəllim, kurs işini mən yazmamışam, mənim vəzifəm yalnız köçürmək olub, əsas müəllifi isə Məmməddir. Ona görə də çıxış edə bilməyəcəyəm.
– Vay səni, qubalı qız, görüm səni yanasan, mən də hey səni tərifləyirəm.
Hidayət müəllim Məmmədi tanıyırdı, xeyli deyindi.
Qarşıdan yay gəlirdi. Şəraitsizlik bizi sıxırdı. Məmməd axşamlar iş yerində qalır, yaradıcılıqla məşğul olurdu. “Üç oğul anası” poemasının bəzi fəsillərini belə şəraitdə yazmışdı.
Artıq Məmmədin imzası hörmətlə qarşılanırdı. O vaxtlar şairlərin pyes və ya nəsrə keçmələri dəbdə idi. Yaxşı qonorar da alırdılar. Sözüm onda yox… Məmməd də Hüseyn Ərəblinski haqqında material toplayırdı. Fikirlərini, süjet xəttini mənə danışmışdı. Maraqlı idi. Yazmaq istəyirdi, hətta bir neçə vərəq də qaralamışdı, amma sonra yazmadı. Səbəbini soruşduqda: “İstədiyim kimi alınmır”, – dedi.
Əlyazmalarını yığıb qaydaya salanda mənə məlum oldu ki, məktəb həyatına aid poema da yazmaq istəyirmiş. Görünür, poemanın məzmununu müəllim işlədiyi vaxtlar fikirləşibmiş. Müxtəlif parçalar arxivdə durur. Əlimə düşən vaxtı parçalarını oxudum, xoşuma gəldi. Savalan və Salvartı dağlarının adlarını da ilk dəfə oradan öyrəndim. Etibar əsərin baş qəhramanı olmalı imiş. Şəraitsizlik əlindən bu əsər də yarımçıq qalmışdı. Arxivdə xeyli qəzəlləri vardı. Nədənsə çapa vermirdi. Belə bir söz də dedi ki, “İstəmədi” rədifli qəzəlini aktrisa Nəcibə Məlikovanın xahişi ilə yazıb…
Yayda Bakının istisindən qaçıb öz kəndimizə gəldik. Anamın yanında bir az rahatlaşdım. Hələ kənddə Məmməd böyük bacımın yoldaşına “Ay bacanaq” adlı şeir də yazmışdı:
Yenə gəldim yoluxmağa,
Dostu, yarı, ay bacanaq.
Nə sirdir ki, düşməz yolun,
Bizə sarı, ay bacanaq.
Səni yıxdı “Yeklər”, “Dülər”…
Zər ustaya “şeş-beş” verər.
Uduzmusan, bəri göndər
Toyuqları, ay bacanaq.
Bir həftə var axtarıram,
Vədəsindən qaçmaz adam.
Yüz toyuq kəssə, barışmam
Təbriz qarı, ay bacanaq.
Sədan gəlir divar üstən,
Buludlara yazıb qəsdən.
Çimdirərəm yağışla mən
Daş-divarı, ay bacanaq.
Eşib qara bığlarını
Deyərsən, bəs çıxar hanı?
Gəzirəm Əmirsoltanı,
Barı-barı, ay bacanaq.
Bir də girişmə oyuna,
Özün zər at, özün oyna.
Göndərrəm çolpa toyuna
Qırğıları, ay bacanaq.
M.İbrahimov
59-cu ilin avqust ayında Məmməd dedi ki, Moskvada oxumaq üçün evlənməmişdən qabaq ərizə veribmiş, indi cavabı gəlib. Onu İkiillik Ali Ədəbiyyat Kursuna qəbul ediblər və mütləq getməlidir. Çox təəccübləndim; əvvəla boyluydum, sonrası da işləmirdim, ev yox, ehtiyac çox. Hər şey bir yana, ən pisi bu idi ki, Bakıda qeydiyyatda deyildim.
Bilmirəm, yerimdə başqası necə hərəkət edərdi… Mən susdum, gördüm ki, etiraz etsəm də, əhəmiyyəti yoxdur, gedəcək. Beləcə, o, Moskvaya – SSRİ Yazıçılar İttifaqının nəzdindəki M.Qorki adına İkiillik Ali Ədəbiyyat kursuna getdi, mən də yenə anama sığındım.
“… Sənə demişdik ki, tanımadığın adama getmə…” – ifadəli baxışlarla mənə baxan bacılarımın, anamın, qohumların gözlərindən bu sözləri oxusam da, özümü o yerə qoymur, Məmməddən tez-tez məktub alsam da, cavab yazmırdım. Çox güzəştlərə getmişdim, daha belə də deməmişdim. Məktublarında Məmmədin də darıxdığını hiss edib yumşalardım.
Qızcığazım, salamlar!
İkinci məktubu, üçüncü məktubu yazandan sonra səndən cavab aldım. Onsuz da, darıxıram. Sənin darıxmağını eşidəndə də lap bədbin oluram. Sənsiz özümü təsəvvür edə bilmirəm. Sən mənə hamıdan, hər şeydən əzizsən. Dünən Moskva altındakı Qorki kəndinə getmişdik. Məktəbdən apamışdılar. Lenin ömrünün axırlarını orada yaşayıb. Orada da vəfat edib. Yoldaşlardan biri latviyalı arvadını gətirib (o da bizimlə idi). Şəhərdən bir az aralı, ayı 500 manata ev tutublar. Dünən onları görəndə bir az da darıxdım. Bunları yazıram ki, darıxasan. Ayrı vaxtında olsa, bəlkə də, narahat olmazdım. İndi vəziyyətin necədir? Çox yatmırsan ki?
… Sənə danışdığım poemadan xeyli yazmışam:
Mühəndisdir. Araz sahilinə işləməyə gedir. Qatar bir stansiyada dayanır. Həmin stansiyadan o, müharibə vaxtı İrana gedib, bir qızla sevişib (müharibə illəri), qızı bu taya buraxmayıblar. O, qayıdıb qərb döyüşlərinə gedib, müharibə qurtarıb, ali məktəbi bitirib işləməyə gedir. Həmin stansiyada ani fikrə gedir. Bütün süjet o, fikirdə ikən danışılır. (Orijinaldırmı?). Çay axır, ona elə gəlir ki, ürəyini qoparıb Araza atırlar. Ürəyinin dalınca qaçır, görür ürək deyil, həmin sevdiyi qızdır. Əlini ona uzadır. Bu vaxt bir qaranquş şığıyıb qızı aparır. Quşun dalınca qaçır. Sərhədçilər onu saxlayırlar. Elə bilirlər dəli olub. Başına gələni danışır:
Ev tikməyə gəlmişəm,
Könlümdəndir bu səslər!
Öz məhəbbət evimi
Uçurublar, ay əsgər!
Birdən qatar fit verir. Bir sərhədçi deyir:
– Yubanırsan, ay adam.
Hadisə belə bitir. Obrazlı yerlər var.
Bu saat sənin xəyalını qucaqlayıram. Axşam saat 11:45-dir.
Təhsilimlə əlaqədar Bakıya qayıtdım. Bir neçə gün kiçik daxmamızda qaldım. Kurs işlərini yazıb instituta verdim. Kəsirim qalmamışdı. Yazı işləri üçün yeni mövzuları götürüb kəndə qayıtdım. Məmmədin mənə kəndə yazdığı məktubu almamışdım. Bilirdim ki, məktub nəsihətlə dolu olacaq. Kənd camaatı da xısınlaşırdı ki, guya ayrılmışam. Yaman sıxılırdım. İşdən ayrılmağıma peşman olmuşdum. Vaxtilə kənddən getməyim haqqında rayon Maarif Şöbəsinə xəbər belə verməmişdim. İndi necə gedib deyəydim ki, qayıtmışam. Maddi cəhətdən də korluq çəkirdim. Bütün bu dolaşıq işlər əsəblərimə pis təsir edirdi (Əziz oxucu, elə bilməyin ki, bunları giley məqsədilə yazıram, əsla yox, “Bu ömürdü, öz baharı, öz qışı”).
Məmməd hər məktubunda mənə yaradıcılıq hesabatı verirdi:
Məktubunun birində yazırdı:
Dünən yaradıcılıq seminarında “Oxu, moldovan qızı” və “Fəlsəfə müəllimi” adlı iki şeiri oxudum. Sətri tərcüməsini özüm etmişdim. Uşaqların (yazıçı yoldaşların), müəllimlərin bərk xoşuna gəldi. İndi hiss eləyirlər ki, bunların hamısı ilə yarışa bilən bir qarabığlı Azərbaycan şairi də var. Münasibət artır, sətri tərcüməni alıb milli dillərə tərcümə edənlər çoxalır.
Gülüm, bunu arvadın yanında forslanmaq üçün demirəm. Axı səni hər şeydən əvvəl ona görə çox sevirəm ki, mənim şeirimi, ürək döyüntümü bir yoldaş kimi duyursan. Poemadan xeyli yazmışam:
Təbriz, Qafan, Şiraz –
Sönmüş ocaq kimidir.
Sədi, Hafiz qələmi,
İndi mərmilərimdir?
Firdovsinin qəbrini
Qanla yudu, apardı,
Heynə sağ olsa, bu gün
Hitleri parçalardı…
Müharibə vaxtı. İran. Sovet əsgərinin düşüncələri. Qəribə yerlər var. Qurtaran kimi sənə göndərəcəyəm…
Hamıya salam de…
02.10.59
(Məktub ixtisarla verilib)
Kənddə qalırdım. Nə edəcəyimi bilmirdim. Bakıya qayıtsam, şərait yox. Körpə dünyaya gələndən sonra bir otaqda nə edərəm? Kənddə qalmağa qorxurdum. Şəhərdə heç olmasa, həkimlərə yaxın olaram. Bir tərəfdən də Məmməd yazırdı ki, boğazı gəlir tez-tez, qızdırması çox olur. Bu da məni qorxudurdu. Kimsəsiz yer, tək, xəstə, baxanı yox…
“… Bir onu düşünürdüm ki, durum sənə vəsiyyət yazıb-qoyum. Yazım ki, səni tək qoyduğumu bağışla. Bütün şeirlərimi toplayıb çap elətdir. Əgər oğlum olsa, salamat qalsa, Azərbaycan dilini yaxşı öyrət. qulaqlarına çoxlu şeir oxu. Bəlkə, atasının yarımçıq qalmış nəğmələrini oxuya bildi…”
(Bu məktubunu da ixtisarla verirəm)
Tez-tez məktub alsam da, cavab yazmırdım ki, birdən gileylənərəm, Məmməd darıxar. Taleyimi Allahın ixtiyarına buraxmışdım…
1959-cu il noyabrın 9-da qızım oldu. Əvvəl hamıya xas xüsusiyyətlə pərt oldum ki, qızım olub… Sonra… Sonra elə ki, həkim bildirdi, uşaq zəifdir, indi də yaman qorxuya düşdüm ki, balama bir şey olmasın, dözə bilmərəm. Bütün fikrim-zikrim qızımın yanında qalmışdı. Çöldə pişik miyoldayanda da elə bilirdim uşaq ağlayır. Anama şikayətləndim ki, qızımı hələ mənə göstərməyiblər. Anam baş həkimi, baş həkim də uşaq həkimini “tərpətmişdi”. Bundan sonra qızımı mənə verməyə başlamışdılar.
Bir həftə keçəndən sonra məni evə yazdılar. Ən çətin günlərim də bundan sonra başladı, uşaq saxlamağa şərait yox idi. Qızımın adını İradə qoydum. Bu ad o vaxtlar dəbdə idi. Bir az keçəndən sonra təcrübəsizlikdən uşağı xəstələndirdim və təzədən xəstəxanaya düşdüm. Anam kəndə qayıtmışdı.
Məmmədin bütün bunlardan xəbəri yox idi. “Ona yazmayın” – demişdim. Bu arada Məmmədin teleqramları, məktubları ardıcıl gəlirdi. Hayıf ki, onların çoxu qalmayıb.
Dekabrın axırında Məmməd gəldi.
“SEVGİ NƏĞMƏSİ”
Ürəkdə sevinci, qəmi kəşf edən;
İlk səyyah, bəlkə də, nəğmə olubdur.
Artıq “Sevgi nəğməsi” kitabı çap olunub satışa buraxılmış bir həftə içərisində satılmışdı. Kitabı almağa gecikmişdim. Məmməd mağazalardan kitabı tapmamış, ancaq nəşriyyatın müəllifə ayırdığı az miqdarda kitab əlinə düşmüşdü. Sonralar niyə kitabın adı “Sevgi nəğməsi” qoyulub sualını Məmməd belə cavablandırmışdı:
“… İnsan nəğmə ilə birgə doğulub. Hər şey nəğmədir. Ürəkdə sevinci, qəmi kəşf edən nəğmədir. Dərd, ehtiyac üstün gələndə sığındığımız zümzümələr, nəğmələr olur. Laylalarımız, holavarlarımız nəğmə, şeir deyilmi? Xalqın nəğməsi, yoxsa tarixi də yoxdur. Əslində bu, o deməkdir ki, xalqın mənbəyi nəğmə, mənsəbi tarixdir. Bəlkə də, buna görə kitabı “Sevgi nəğməsi adlandırmışam. Nəğmə dildir. Dilsiz danışanları yalnız dilsizlər anlar. Yaşasın bu mübaliğə…”
Sevgi nəğməsi” kitabı haqqında mətbuatda həm şairlər, həm oxucular rəylər dərc etdirirdilər. Şair Xəlil Rza yazırdı:
“… Məmməd İbrahimin “Azərnəşr” tərəfindən buraxılmış “Sevgi nəğməsi” kitabı cəmi 37 şeiri əhatə etsə də, yaradıcılığında əhəmiyyətli hadisədir.
Bir şair kimi Məmməd İbrahimi oxuculara sevdirən nədir?
Fikrimizcə, bu sualın birinci cavabı budur ki, o, şeirlərində həyat həqiqətinə istinad edir, şairi ötəri kiçik hisslər deyil, həyatın və zamanın irəli sürdüyü böyük və ictimai fikirlər, siyasi qayələr, xalqımızın ürəyində yuva salmış arzular düşündürür…”
Məmmədin şair dostu Söhrabın adını eşitmiş, özünü görməmişdim. Tətil vaxtı ailəvi tanış olduq. Söhrab Tahirin keçmiş Semaşka adına xəstəxananın yaxınlığında S.Vurğun küçəsindəki bir binanın 3-cü mərtəbəsində bir otaqlı mənzili vardı. Söhrab həyat yoldaşı Lida xanımla tez-tez görüşərdik. Məmmədlə Söhrab – hər ikisi bizə söz verdi ki, havalar istiləşən kimi, ev tutub bizi də Moskvaya aparacaqlar.
Məmməd Moskvaya qayıtdıqdan sonra yenə hər həftə 3-4 məktub göndərər, hamısında da İradə üçün darıxdığını yazardı.
Məktubların hamısını saxlasaydım, yəqin ki, məktublardan ibarət qalın bir roman alınardı. Əlbəttə, indi təəssüf edirəm, necə deyərlər, müsəlmanın sonrakı ağlı.
Lida ilə Moskvaya bir aylığa getməyi qərarlaşdırmışdıq, özü də onlara xəbər vermədən…
Elə də etdik.
SALAM, MOSKVA!
Lida ilə birlikdə qatara bilet aldıq. Bir neçə gündən sonra Moskvaya çatdıq. Təbii ki, uşaqla bir neçə gün yol getmək çətinlik törədirdi. Bizi qarşılayıb yataqxanaya apardılar. Orada qalmalı olduq. Otaqlar bir nəfərlik idi, yaradıcı adamlar üçün nəzərə alınmışdı. Arakəsmələr nazik taxtadan olduğuna görə bir otaqda danışanda o birində də səs aydın eşidilirdi.
Məmmədin sol tərəfində nanay şairi Andrey qalırdı. İradəni güclə yatırırdım. Bir də görürdüm ki, divara təpik dəyir və ya stol yumruqlanır, qablar cingildəyir, səs-küy yaranırdı. İradə ayılır, kürlük edirdi. Məmmədə vəziyyəti deyəndə cavabı kəsə olurdu:
– Ona nə deyə bilərəm, öz otağında nə istəsə, edə bilər.
Mətbəx ümumi olduğuna görə Andreylə orada rastlaşırdıq. Rus dilini bir o qədər bilmirdim. Ancaq Andreyi birtəhər başa saldım ki, divarı təpikləməsin, stolu yumruqlamasın, uşaq ayılır və ağlayır.
Andrey məndən üzr istədi:
– Bacı, uşaq bizim üçün müqəddəsdir. Xüsusən, onlardan ayrı bu kövrək vaxtımızda. Balacanı yatıranda məni xəbərdar et, heç səsimi də çıxarmaram.
Andreylə razılaşdıq.
Sağ tərəfində isə Fazil adlı bir şair vardı, deyəsən, osetin idi. Bazar günlərində “moskviçkalar” toplaşar, səhərə qədər mahnı oxuyardılar. Fazil mənə xoşladığım rus mahnılarından ibarət val da bağışlamışdı.
Moskvada həkimlərin uşağa olan diqqətcilliyini Bakıda görməmişdim. Yataqxananın yanındakı uşaq poliklinikasına müvəqqəti qeydiyyata düşmüşdük. Həkimlər İradəni xoşladılar. Qucaqlarına alar, dəhlizdə gəzdirərdilər. Şəhərə çıxanda isə qadınlar məndən xahiş edib İradəni qucaqlarına götürər, oynadıb qaytarardılar. Hamı ona “çernıqlaza” (qaragöz) deyərdilər. İradə də yaxşı geyimli “moskviçka”ları xoşlar, onların qucağında özünü rahat hiss edərdi.
Bir ayı başa vurub təyyarə ilə geri qayıtdım. İndi uşaq yatanda imtahanlara hazırlaşırdım.
Dövlət imtahanları başlamışdı. Dörd imtahanım vardı. Təbii ki, uşaqla yaxşı hazırlaşa bilməmişdim. Hazırlaşmasam da, İkiillik Müəllimlər İnstitutunda aldığım bilik köməyimə çatdı. “Marksizm və Leninizmin əsasları” imtahanına rəhmətlik Sərdar Əsəd kömək etdi, qalanlarını isə özüm verdim. Hər imtahanda olanda İradəni Məmməd saxlar, o vaxtlar “26-lar” bağında (indiki “Sahil”) gəzdirərdi.
Sevinirdim, ta ali təhsilliyəm, işləyə bilərəm, amma yaddan çıxarmışdım ki, Bakıda qeydiyyatda deyiləm…
Yay tətili qurtardıqdan sonra yenə də əvvəlki kimi mən kəndə, Məmməd Moskvaya qayıtdı.
Məktublar yenə də qanadlanıb Məmmədin ürək sözlərini mənə çatdırırdı.
Gülxanımcan, salamlar!
… Gələndən bərk soyuq-qar idi. Bu gün yaxşı günlü havadır. Mənə cavab yaz, qızım haqqında məlumat ver. Sabah, ya da o birisi gün balasına paltar göndərəcəyəm. Yaxşı havalarda qızı bayıra çıxarmağı və s. şeyləri unutma. Darıxma, vaxt gəlib çatıb. Gör, sənə necə şeirlər yazmışam?
(ixtisarla)
SƏNDƏN AYRI…
Gözəllər aşiqi az olmamışam,
Hamısı yan keçir indi yanımdan;
Görünür, qızların qəlbindən tamam
Mənə məhəbbəti oğurlamısan.
NECƏ UNUDUM SƏNİ
Baxıram ev-eşik boşdur, elə bil,
Səninlə varım da, yoxum da gedib.
Bir ürəyim deyil, bir canım deyil,
Dincliyim də gedib, yuxum da gedib.
(ikinci şeirini ixtisarla vermişəm)
Şeir beş bənddən ibarətdir. Tam şəkildə kitablarında çap edilib. Məmmədin Moskvada qaldığı ünvan belə idi: Moskva K. 104. Tverskoy bulvar 25.
İkinci ili göndərdiyi məktublar evdən köçəndə itdi.
Həmin ili də yazda bir ay Moskvaya getdim. Bu dəfə İradənin “hörməti” daha da çoxalmışdı. Yataqxanadakı müxtəlif millətlərdən olan yazıçılar bütün boş vaxtlarını, əsasən, İradəyə həsr edir, onu yataqxananın liftində yuxarı-aşağı aparır və gəzməyə çıxarırdılar.
Məmməd hələ 1-ci ili Moskvada olarkən Bakıdakı yazıçı yoldaşları uzun bir siyahı tərtib etmiş, o vaxtlar mətbuat üzrə katib Nazim Hacıyevin görüşünə gedərək ev istəmişdilər. Məmmədin adını isə siyahıya salmağı nədəndə “unutmuşdular”.
Məni bir məclisdə təriflədilər,
Günahkar bir balaca şeirim oldu.
Motsat qığılcımım yox ikən hələ
O gündən mənim də Salyerim oldu.
Siyahıda adları olanların hamısı evlə təmin olunmuşdu. Məmməd 1961-ci ildə təhsilini başa vurub qayıtdı və balaca bir otaqda yaşamaq məcburiyyətində qaldı. O vaxtlar Baksovetin sədri Əliş Lənbəranski idi, ziyalılara çox hörməti vardı. Məmməd rus yazıçısı N.Tixonovun məktubunu da özü ilə Moskvadan gətirmişdi. Məktubda Məmmədin evlə təmin olunması xahiş olunurdu. Məmməd Lənbəranskinin qəbuluna getdi. Tezliklə bizə Musabəyov qəsəbəsinin 5-ci Sallaqxana küçəsindəki 30 saylı binada ikiotaqlı mənzil verildi. Yadımdadır, mənzilin nömrəsi də 30 idi.
Sevinirdik, – ta bizim də “sarayımız”, mətbəximiz, hələ üstəlik, hamamımız vardı. Nə yaxşı imiş adamın özünün bir “küncü” olması. Təbii ki, 30 kv m-lik iç-içə otaqlar yazıçı mənzili deyildi. “Ay Allah, buna da min şükür”, – deyirdim.
Məmməd həvəslənib biz yatandan sonra məhsuldar işləməyə başlamış. Şeirləri dövrü mətbuatda çap olunur, xalq arasında hörməti artırdı. Eyni zamanda paralel olaraq yavaş-yavaş gizli hücumların da özülü qoyulurdu; cəsarətliliyi, açıq fikirliliyi çoxlarının xoşuna gəlmirdi.
Məmmədin poeziya, bədii nəşriyyat və s. haqqında özünəməxsus maraqlı fikirləri var.
Özünün bu haqda qeydlərini olduğu kimi verirəm:
Bu gün televiziya ilə veriliş var. Leonid Leonov! Nədənsə bu yazıçının adı gələndə xəyalıma mübarək geoloji proseslər – vulkan, zəlzələ gəlir. Təbiətin ən nadir əsərlərindən biri – qraniti düşünürəm. Qranit çətin yaranır, lakin ömrü nə qədərdir! Bu yazıçının təfəkkürü də “qranit” yaradır.
Şamillə dərdləşirik. Uzun söhbətlər, ədəbi mübahisələr, gənclik xatirələri…
Mənim sevimli körpəm – poeziya, yenə də sənin taleyini düşünürəm. Axı bizim ədəbiyyatın özülü şeir, mayası şeir, ən yaxın, ən uzaq hədəfi şeir olub. Lakin indi şeirə xor baxanlar var. Nəşriyyaçılar, qəzetçilər oxucu adından danışır. Guya şeir oxunmur. Əslində isə sözün həqiqi mənasında şeir kitabları mağazalarda qalmır. Şeir nəşriyyatçıların cibinə “zərər” edir. Onlar şeiri çap etməyi bacarmırlar. Yoxsa, şeirlə cibləri dolardı. Bir də ki min ildən çox yaşı olan bir sənət incisini cibə qurban vermək olarmı?
Söhrabla Xəlil nəsrə keçməyi tövsiyə edirlər. Tutaq ki, biz öz qəlbimizin ədəbi səsini üzə çıxarmaq üçün bu imkana əl atdıq. Bəs şeiri kim yazmalıdır? Mən onu nəsrə qısqanıram. Şeir qarşımda göz yaşı tökür, saç yolur – “məni atma”, – deyir.
Nizami, Füzuli, Sabir, nə deyirsiniz?
21.XI.62
Köhnə vətən, xatirələr, köhnə yaralar… Yenə sizinlə görüşdüm. Bu gün V.İ.Lenin adına APİ-də gənc şairlərlə görüş oldu. Xəlil hamıdan çox səs aldı. Lakin M.Müşfiqə həsr etdiyi şeirlərdə bəzi ifadələr xoşa gəlməzdir. “Alçaqlar”, “yaltaqlar”, “partiyalı, partiyasızlar” nə bilim nələr… Söyüşlər nəyə gərəkdir? Bunlar səmimi və ilhamla yazılmış şeiri kobudlaşdırır.
Çıxışımda dedim ki, istərdim bu məclis başqa formada keçsin. Yaradıcılıq planlarından danışaq, ürəyimizdən gələn səsləri açıb deyək. Axı min, min iki yüz ildən artıq tarixi olan, bizim ədəbiyyatı üzərində ucaldan bir janra – şeirə xor baxanlar var. Nəşriyyat planlarında ildən-ilə şeirə az yer verilir… Sərdar Əsəd sözümü qəribçiliyə saldı. Guya çapdan gileylənirmişəm. Xeyr, gileylənmirəm… Şeirə daha çox yer verilməsini tələb edirəm. Bunu əsrin gedişi, oxucuların istəyi tələb edir. O ki qaldı şairlərin alimliyə qaçması, bu da xoşa gələn deyil. Sən ya alim kimi düşünməlisən, ya şair kimi. Bilmirəm, bəlkə, səhv edirəm. Lakin çətin ki, institut, məktəb proqramı dairəsində çalışıb həm o tələbi yerinə yetirəsən, həm də şeir yazarsan. Hanı o dahi ki, (yazıçı dahi) həm alimdir (sözün həqiqi mənasında nəzəriyyəçi), həm sənətkar… Nə isə mübahisə etməyə dəyər…
Bu sözlərlə qeydlər qurtarır. Bəlkə də, İradənin özünəməxsus səliqə ilə qeydlərin altından yazdığı “5”-lərə görə qeydlər davam etdirilməyib, bilmədim. Axı Məmməddə belə xüsusiyyət də vardı ki, yaradıcılıq laboratoriyasının hansı sirri açılırdısa, o, daha həmin mövzudan, həmin mövzu ondan “qaçırdı”.
Moskva təhsilini başa vurduqdan sonra 1961-ci ildə “Maarif” Nəşriyyatında redaktor işləməklə bərabər yeni orijinal şeirlər də yazırdı. Elə vaxtlar ourdu ki, ayda bir neçə şeir yazır, bəzən isə, ümumiyyətlə, əlinə qələm götürmürdü. Tibb İnstitutunda Məmmədə görə estetika kafedrası açmışdılar. Orada cəmi bir-iki ay işlədi, davam etdirməməyinin səbəbini də belə açıqladı:
– Eyni sözləri tələbələrə təkrar-təkrar deyə bilmirəm. Özümün-özümdən zəhləm gedir. Bir də ki onda gərək şeir yazmayam, kitabxanaları gəzəm. Bacarmıram.
Ənvər Əlibəyli da televiziyada Məmmədə gənclər haqqında veriliş aparmağı təklif etmişdi. Bir-iki veriliş apardıqdan sonra onu da atdı.
“Bizim nəsil bədbəxt nəsildir. Köhnə nəsil deyir ki, bizimlə dabanqırma gəlirsiniz, nəfəs almağa qoymursunuz. Sonra da cavanlar bizə deyəcək ki, qarşımızda “divarsınız”, qabağa getməyə imkan vermirsiniz”.
Belə bir söhbəti də yadımdadır:
“Əhməd Cəmil Mədəniyyət Nazirliyində işləyəndə “Üç oğul anası” poemasını ona oxudum. Çox diqqətlə qulaq asdı və dedi:
– Məmməd, nə gözəl yazmısan, ananın hisslərini nə gözəl təsvir etmisən – çox gözəl əsərdir”.
Bir neçə ay keçəndən sonra onu “Azərbaycan” jurnalına redaktor qoydular. Poemanı çap etdirmək üçün jurnala apardım. Əsərə o qədər sual işarəsi qoydu ki… artıq o, şair Əhməd Cəmil yox, redaktor Əhməd Cəmil idi”…
Yazıçılar ittifaqında Mehdi Hüseynin sədr olduğu vaxtlar idi. Başqalarına nisbətən obyektiv adam idi. “Azərnəşr”də bədii ədəbiyyat şöbəsində yer boşalmışdı. Mehdi Hüseyn Məmmədi yanına çağırıb onu həmin yerə göndərəcəyini söyləmişdi.
Məmməd xatırlayırdı:
“Mən Mehdi müəllimin yanında idim. Vidadi Babanlı içəri girdi və çox ərklə dedi:
– Mehdi müəllim, nəşriyyatda bədii şöbə yeri var, xahiş edirəm məni ora təyin et, işsizəm.
Mehdi müəllim güldü və cavab verdi:
– Vidadi, ora bu qara oğlan gedəcək. Və əmrimi verdirdi”.
Məmməd 1963-cü ildən nəşriyyatda bədii ədəbiyyat şöbəsinin müdiri işləməyə başladı.
O vaxtlar “Azərnəşr”in direktoru olan Adil müəllim Məmmədə çox sərbəstlik vermişdi. Adil müəllim işgüzar direktor olmaqla bərabər, istedadlı cavan kadrlara qayğı ilə yanaşan adamdı. Məmmədin xatirələrində “yaxşı adamlar” arasında Adil müəllimin xüsusi yeri vardı. Məmmədə ərklə həmişə İnfiloğlu deyərmiş, təqdim etdiyi sənədlərə baxmaz, ona tam etibar edərmiş (təbii ki, Məmmədin təmiz adam olduğunu bildiyinə görə). Sənədlərə qol çəkəndə – “qoy məni öldürsünlər, bir alagöz qız üstə”, – deyib imzalarmış”.
Onu da deyim ki, Məmmədin “Naməlum qəhrəman” adlı şeiri Adil müəllimə həsr olunub.
Bu da Məmmədin söhbətlərindəndir:
“Bir gün nəşriyyatda iclas keçirilirdi. İclasın gur vaxtında Əli Vəliyev içəri girir:
– Adil, qonorarımı niyə vermirsən?
– Əli, axı iclasdır, iclasdan sonra verərik.
– Yox, elə indi ver.
Adil müəllim Ə.Vəliyevin ürəyini sındırmır. İclası yarımçıq qoyub mühasibi çağırır, qonorarın ödənməsi üçün göstəriş verir. Adil müəllim hamıya həssaslıqla yanaşan adamdı”.
Məmməd dörd ilə yaxın nəşriyyatda işlədi. O, şöbə müdiri işləyəndə çox adam bizə yaxınlıq etdi, amma necə yaxınlaşmışdılarsa, elə də getdilər. Həmin illərdə bir çox söhbətin şahidi olmuşam.
Məmməd öz növbəsində müəlliflərin kitablarının nəşrinə kömək edər, hansısa “hörmətə” yol verməzdi. Onda aramızda mübahisə olardı. Məmməd isə qəti cavab verərdi:
– Gülxanım, onların qarşısında gözükölgəli, dili gödək olum? Onda mən şeir yaza bilmərəm.
Daha bir söz deyə bilməzdim…
Gərək ki, 1965-ci ilin mart ayı idi. Məsud Əlioğlu (Əli Vəliyevin oğlu) bizi qonaq çağırdı. Məlum oldu ki, Məmməddən başqa heç kim xanımını gətirməyib. Mən Rəna xanımla mətbəxdə oturdum.
Mehdi Hüseyn, Əli Vəliyev, Mirzə İbrahimov, Məmməd Cəfər, Kamal Talıbzadə, İsmayıl Şıxlı məclisin iştirakçıları idilər. Mətbəxdə oturduğuma görə onların nə danışdıqlarından xəbərim olmadı. Bu arada ora bir nəfər də gəldi. Evə qayıtdıqdan sonra həmişəki kimi Məmmədi sual “atəşinə” tutdum. Çox sualıma cavab vermədi. Bircə sonrakı qonağın İrəvandan gəldiyini dedi. İrəvanlı qonaq deyirmiş ki, ermənilər bizi yaman sıxışdırmağa başlayıblar. Bizi (yəni Ermənistandakı azərbaycanlıları) yandıran odur ki, burda hamı yatıb, bizi Ermənistandan çıxarmağa hazırlaşırlar.
Əli Vəliyevdən qeyri irəvanlı qonağın sözlərinə heç kim reaksiya verməyib. Hətta Mehdi Hüseyn qonağın sözünü kəsərək:
– Oradakı azərbaycanlılar öz işləri ilə məşğul olsunlar, biz öz beynəlmiləlçiliyimizlə fəxr edirik və bu yolla gedirik – deyib (Bu qonaqlıqda gedən söhbətləri gündəliklərimdə geniş yazmışam).
Məmmədi elə o vaxtlardan ziyalıların “qış yuxusu”na getmələri bərk narahat edirdi.
Bu arada Adil müəllimi başqa işə keçirdilər. Onun yerinə Qılman İlkin təyin olundu. Elə birinci həftədə, o, səbəbsiz-filansız Məmmədlə işləmək istəmədiyini bildirdi.
Məmməd:
– Elə mən də səninlə dünəndən işləmək istəmirəm, – deyib ərizəsini yazdı və işdən çıxdı.
1967-ci ildən “Ulduz” jurnalında məsul katib kimi fəaliyyətə başladı. Elə həmin il “Ömür karvanı” kitabı çap olundu.
Dursun Məmmədov adlı bir müəllifin “Ömür karvanı” kitabı haqqındakı məqaləsi, xüsusilə yadımdadır:
“… Bu kitabı oxuyarkən qəlbimiz nəhayətsiz sevinclə dolur. Şeirləri oxuduqca inanırsan ki, şair son dərəcə orijinal poeziya kitabı yaradıb. Kitabda toplanan şeirlərin ruhu, ideyası yenidir. Şair sənət aləmində yeni söz deyir. “Ömür karvanı” şairin mənalı və zəngin ömür kitabıdır. Bu ömür kitabında həyat bütün ziddiyyətləri ilə verilir. Şair o şeirləri poeziyanın materialına çevirir ki, bütün mahiyyətini, daxili qanunauyğunluğu dərk edir. Həyatın müxtəlif rəngləri, nəhayətsiz çalarları var. Kitab bu rənglər qarışığından yaranıbdır desək, səhv etmərik…”
Saxla məni, gözlərində saxla, gülüm,
Məni mənim gözlərimlə ağla, gülüm.
Məmmədin tez-tez boğazı gələrdi. Bir az ağrıları çoxalan kimi tez də “vəsiyyət” edərdi ki, məni kövrəltsin:
“Gülxanım, ölsəm, kitabımı qara cilddə çap etdirərsən. Məni kəndimizdəki səngər təpəsində basdırarsan. Əgər orada basdıra bilməsən, oradan torpaq gətirib qəbrimə səpərsən!”
Mən də öz növbəmdə hay-küylə bizdən aşağı mərtəbədə yaşayan həkim Bikəxanımın yanına qaçardım. O, Məmmədin boğazını Pensilenlə yuyar, xəstənin qızdırması düşərdi. Özü də belə bir qeyd aparmışdı:
“Bərk xəstə idim. Ölümümü gözləyirdim. Bunları düşünürdüm: “Cənub həsrətini özümlə aparacağam”. Qızım familiyamı yaşadacaqmı?
Demək istəyirəm: qızım, ev-eşiyi də, var-dövləti də, vəzifəni də – hər şeyi itirmək olar. Bununla insan alçalmaz. Həyatda həmişə şərəf və mənliyini yüksək saxla!
Ana, torpaq ana! Eşitsən, qəbrin aşılar, sümüklərin danışar. Ana, ana deyib inləyirəm.
Bir də fikrimdən bunu çıxara bilmirəm ki, sənətdə layiqli ad qoyub getmirəm. Bir cildlik əsərlərimi çap edərlər. Cildin üstünə yazarlar:
Məmməd İbrahim, “Bitməmiş nəğmələr!” nə isə, həkimlərə mən lap son ayaqda inanıram.
Veysov, Bikəxanım. Ağrılar azalır, ölüm yaddan çıxır. Yenə arzular, planlar”.
7.1.66
Başqa bir qeydində isə yazır:
Motsartın musiqi istedadı 3-4 yaşında ortaya çıxıb. Enşteyində isə uşaqlıqda xüsusi nəzərə çarpan fitriyyət görünməyib. Bu, qaynar gəncliyində birdən özünü biruzə verib. 26 yaşında nisbilik nəzəriyyəsi ilə dünyaya səs salıb. Biz həmyaşıdların (və ümumiyyətlə) isə nə Motsart yaşında, nə Enşteyn yaşında istedadını görən, ən pisi görmək istəyən var. Bu, sənətimizə nə qədər zərər vurur. Biri gəlib illərlə heç bir çağırışı, bileti olmadan birinci sırada oturur. İstedad arxa cərgədə qalır, əsəbiləşir, bəzən isə küsüb gedir. Bu hallar çox istedadın parlamadan sönməsinə də səbəb olur. Əlbəttə, əsl ədəbiyyat tarix olandan sonra bilinir. Vəzifələr, ordenlər və s… Gedir, qalır bir tədqiqatçı, bir də oxucu. Dünənin adsız şairi bəzən bir nömrəli pasport alır.
Fəqət, əsl sənət əsəri son vaxtlar az yaranır. Az işləyirik, az oxuyuruq, az düşünürük, çox baxırıq, az görürük.
Dünyaya səs salacaq bu günün AZƏRBAYCAN nəğməsi sənin uğrunda.
9.11.66
Bu illər ərzində üç kitabı çap olunmuşdu. Onlara kitab demək olmazdı. Kiçik kitabçalardı. Həcmcə kiçik olmasına baxmayaraq, bu kitabçaların əks-sədası böyük oldu. Qısa vaxtda satışda bircəciyi belə qalmadı… Bu isə…
SALAMAT QAL BU DAĞLARDA, ÜRƏYİM
Məndən kəndimiz də küsübdür, – deyir,
Yoluma göz dikən yollar yorulub…
Məmməd arada Naxçıvandan, öz kəndlərindən elə ürək dolusu danışırdı ki, görmədən, bilmədən o yerlərin vurğunu olmuşdum. Deyərdi, – Salvartı dağlarından, Batabat meşəsindən, Şahbulaq yaylağından o qədər üzüaşağı qanadlanıb bu torpağı sinəmə sıxmaq istəmişəm ki… Deyərdi, – indi hərdən mənə elə gəlir, göz açdığım torpaqda hər çayın, hər bulağın dilini bilirəm; hər daşın, hər qayanın bioqrafiyasına bələdəm. Üçqardaşdan, Kəçəldağdan, Dərələyəz silsiləsindən üzüaşağı – Araza doğru nə qədər “qoşun çəkmişəm”, küləklərlə gizlənpaç, şimşəklərlə çilingağac oynamışam.
Aydın, təmiz cənub gecələrinin göylərinə nə qədər sapand atıb “ulduz endirmişəm”.
İşığı bollaşdı diyarımızın
Ətiri bollaşdı baharımızın
Vüqarı boy atdı vüqarımızın
Dünyaya Naxçıvan dünyası gəldi.
Zülmət yığışdırdı ətəklərini
Fəsillər – qara daş küləklərini.
Dan yeri böyütdü bəbəklərini –
Dünyaya Naxçıvan dünyası gəldi.
Dirəndi dağlara nur qatarımız,
Yeni segah dedi könül tarımız,
Aldı fırçasını bəhruzlarımız,
Dünyaya Naxçıvan dünyası gəldi.
Qəfil təzadların sıçrayış yeri,
Bu yer gah zülmətli olub, gah işıq.
Biz hələ bu yerdə qəfilliklərin
Əsil damarını axtarmamışıq.
(şeir çap olunmayıb)
Bəli, biz hələ bu yerdə qəfilliklərin, əsl damarını axtarmamışıq?
Nəhayət, 1963-cü ilin yayında Naxşıvana gedə bildim. Qatarla getdik. Yolboyu uzanan tikanlı məftilləri, sərhəd boyunca rus əsgərlərini birinci dəfə görürdüm. Mənə bir az qəribə gəlirdi; insan öz torpağında sərbəst gəzə bilməzmiş, hələ evinə – ata-anasının yanına da icazə ilə getməliymiş. Sonralar da Naxçıvana gedəndə o tayı mənə göstərən Məmməd çoxları kimi: İrandır deməzdi, sadəcə, Azərbaycanın cənubudur, – deyərdi.
Sərhədə yaxın dayanacaqlarda rus əsgərləri kupelerə doluşub pasportları yoxlayırdılar. Bizim kupeyə daxil olan əsgəri görəndə Məmməd qəzəbini istehzaya çevirib pasportu tələb edənə rusca dedi:
“Deyəsən, casus axtarırsınız, yaxşı bax, gör bu qadın casusa oxşayır?!”
Əsgər çaşqınlıqla mənə baxdı; qucağımda uşaq, özüm də… Başını aşağı salıb sənədlərimizi yoxlamadan bizə qaytardı və dinməzcə kupedən çıxdı.
Sonralar da hər dəfə Naxçıvana gedəndə Məmmədin o tərəf sahilə necə həsrətlə baxdığının şahidi olmuşam.
Yadıma Məmmədin Moskvadan mənə yazdığı məktubdakı bu sözlər düşdü:
“… Gülxanım, poemanın yazdıqca ağlayıram (söhbət “Araz axır” poemasından gedir). Bizdən qeyri belə dərdə-düyünə düşən ayrı xalq yoxdur. Bütün dərdlərimizi bir gəncin taleyində verməyə çalışıram…”
Hiss edirdim ki, o, indi də ürəyində ağlayır. Nə isə… Naxçıvana çatdıq. Qatar burulub stansiyada dayandı. İradə qatardan düşüb torpağı görəndə sevindi ki, canı qatardan qurtardı. Quba ilə müqayisədə Naxçıvanın təbiəti o qədər də xoşuma gəlmədi, – çılpaq, qırmızı torpaq, boz dağlardan, otsuz düzənliklərdən ibarət Naxçıvan…
Naxçıvandan çıxanda İslam Səfərlinin sevə-sevə təsvir etdiyi Xalxal meşəsini soruşdum:
– Məmməd, bəs İslamın sevimli Xalxal meşəsi hanı?
Şəhərin kənarında, çayın sahilində, kiçik bir zolaq çinarlardan ibarət, əgər demək olarsa, meşə vardı. Məmməd oranı göstərib güldü.
O vaxtlar dəbdə olan “Pobeda” maşını ilə bizi Naxçıvandan Nursa yola saldılar. Nursa çatana qədər bir neçə kəndi keçməli idik.
Şahbuzdan çıxanda Məmməd birinci kəndi göstərdi:
– Bura Kənd Şahbuzdur, 9-10-cu siniflərdə bu kənddə oxumuşam.
Maşınımız Nursun lap yaxınlığındakı Ziyarət təpəsi adlanan yerə qalxa bilmədi. Maşından düşüb təpəni piyada qalxmalı olduq. Maşın isə diki dal-dalı çıxdı. Kəndin içindəki yol daha bərbad idi. Məmmədgilin evi kəndin ən hündür yerində yerləşir.
Qohum-qardaş, bütün kənd camaatı görüşümüzə gəlmişdi. Kənd adamlarının mehribanlığına söz ola bilməzdi. Hamı qonaq aparmağa çalışırdı.
Bir neçə gün istirahət etdikdən sonra Şahbulağa qalxdıq. Burada tamam ayrı mənzərə ilə qarşılaşdım. Yayın qızmar çağında – buz kimi su; barmağımı bircə saniyə belə, suda saxlaya bilməzsən, donar. Bulağın ətrafı baldırğanla dolu. Baldırğanı ilk dəfə orada gördüm. Kimsə göbələk tapıb gətirdi. Közün üstündə bişirilən həmin göbələyin dadı hələ də damağımdadır. Bulaqdan bir az aralıda təbii balaca göl vardı. Zərif dağ çiçəkləri, ətrafa yayılmış qoyun sürüləri ayrı aləm idi. Düzdür, İradəyə heç nə yedirə bilmirdim, ancaq balaca əllərini arxasında düyümləyib ətrafa elə məftunluqla baxırdı ki, kənddə darıxan İradə buralardan ləzzət alırdı.
Camaatdan kənd və kənd ətrafı yer adlarını eşitdikcə mən də fikrimdə Məmmədin onların hansının adını öz şeirlərində çəkdiyini yada salmağa çalışırdım:
Cicmli, Tezxarab, Çuxuryurd, Çadırdaş, Qoyunlu baba, Haçabənd yaylaqları.
Portdan, Şahbulaq, Soyuqbulaq, Qanqallı, Kazım bulağı – bulaqlar.
Məcov göl, Çimov göl, Böyük göl və s. göllər. Toxlu qaya, Üç qardaş, Motal qaya, İmanyurdu, Ağaverdi, Novlu, Çınqıllı, Molla Şərif, Salarxan və s. – qaya və dağ adaları.
Bu qədər adlar hələ kiçik bir kəndin ətrafına aiddi. Bəlkə də, Məmmədin şeir dili elə buna görə zəngindir?
Adama elə gəlirdi ki, ətrafında olan hər şey səninlə danışır, ünsiyyət yaratmağa çalışır. Hansı dildə? – bilmirdim. Bircə onu bilirdim ki, ətrafda yüksələn yarıçılpaq qayalar da, ağaclar da, kollar da sanki insanla danışır: “Ey, bizi qoyub irəliyə getmə, bizimlə söhbət et. Çayın yeknəsəq şırıltısından, küləklərin vıyıltısından yorulmuşuq, ayrı səsə, ünsiyyətə möhtacıq…”
Heyranlıqla ətrafıma baxdığımı görən Məmməd:
– Eh, gülüm. (cavanlıqda, təklikdə mənə “gülüm” deyərdi), bu harasıdır, səni elə yerə aparacağam ki! Sabahsı Şahbuzdan Batabat yoluna çıxdıq. İradə də kürlüyünü buraxıb dağlara baxırdı. Şehdə yuyulmuş dağ çiçəklərinin ətrini, quru yüngül dağ havasını, torpaq ətrini daha çox ciyərlərimizə çəkməyə çalışırdıq.
Batbata çatdıq. Ot hələ çalınmamışdı. Yuxarı tərəflərdə daha gözəl mənzərələr vardı. Güllərin müxtəlif çeşidləri İradəni də özünə cəlb etmişdi. İndi də onu maşına mindirə bilmirik. Oradakı göllər, çaylar, çəmənlər elə bir dünyadır ki, baxmaqdan doymursan.
Məmmədin söhbətləri yadıma düşdü. Danışardı:
“Naxçıvana hər dəfə gedəndə mənə elə gəlirdi, bu yerləri ilk dəfə görürəm. Gözlərimə tanış mənzərələrin, bu yorulmaz yolların, həmişə “yönü bəri baxan” dağların elə rənglərini, elə duruşunu görürəm, özüm-özümə kənardan baxa bilsəm, yəqin, bu torpağa ilk dəfə qədəm qoyan səyyaha bənzədərdim.
Özümə sual verərdim:
Bu “geoloji muzeyin eksponatları artıb, yoxsa azalıb? Onların tərtibatında elə bir yer dəyişikliyi yoxdur ki?”
Yox, deyəsən… bu, həmin o tay-bu tayı özünə qoşub dartan dəli Araz, bu, həmin nəhəng raket kimi göyə tuşlanan İlanlı dağ, həmin boyalı dağlar, indicə nərildəyəcək buludlar. Bəs bu rənglər? Gözün görüb duyduğu, oxuduğu, lakin sözə, rəqəmə çevirməkdə aciz qaldığı təbii boyalar əvvəlki kimi olsaydı, indiyəcən solmazdımı və ya baxışı, gözü yormazdımı?”
Danışardı. Naxçıvanın qədimliyindən danışardı:
– Alimlər deyirlər ki, ictimai-siyasi şərait burada qədimdən elm, mədəniyyətin inkişafına şərait yaradıb.
Səsinə fikrimdən ayrıldım. Məmməd əlini qarşı tərəfə uzadıb acı-acı:
– Buralar artıq Ermənistan torpağı sayılır, – dedi.
“Ermənistan torpağı” sayılan çəmənlikdə kiçik bir bulaq vardı. Su turş dadan təbii qazla çıxırdı. Sudan ləzzətlə içirdik ki, qarşıda mal-qara otaran naxırçı erməni bizə yaxınlaşdı, maraqlandı ki, nə edirik?
Təəccüblə bir-birimizə baxıb:
– Nə edəcəyik ki, su içirik, – cavabını verdik.
Erməni biz sarıdan arxayın olandan sonra naxırçılığının dalınca getdi.
– Kaş, bu adi naxırçının ayıqlığından az da olsa, başbilənlərimizdə olaydı, – Məmməd təəssüflə pıçıldadı.
Torpaqlarımızın necə get-gedə erməni torpağına çevrilməsi haqda bibim Gülyazdan eşitmişdim. Deyərdi ki, Azərbaycan torpaqlarını ermənilərin, gürcülərin, rusların arasında paylayıblar. Hələ mən uşaqkən vaxtilə evimizdə ərəb əlifbası ilə yazılmış çoxlu kitablar vardı. Həyətə yığıb həmin kitabları nəyəsə görə yandırırdılar. Kitablardan ibarət böyük bir taya alınmışdı. Ancaq bu da yadımdadır ki, rus dilində olan kitabları yandırmamışdılar. H.Cavid və Hadinin adını o vaxtlar ancaq bibimin dilindən eşitmişdim.
Naxçıvanda qaldığımız müddətdə yeni-yeni bulaqların da “görüşünə” gedərdik. Rəhmətlik Firidun Hüseynovla Keçili kəndinin kənarındakı “Çınqıllı” bulağına da getmişdik. Qəribə su idi. Yağlı əlini buz kimi soyuq suda yuyurdum, yağı yuyub aparırdı.
Kənddə dilinin əzbəri “Səngər təpəsi”ni də gördüm. Məmmədə zarafatla dedim ki, ta vəsiyyətinə əməl edə bilməyəcəm, çünki artıq orada yaşayış evləri tikilib.
Məmmədgilin evlərinin qarşı tərəfi hündür quzeylikdir. Gecələr ay bədirlənəndə mənə elə gəlirdi ki, qarşı təpəyə qalxsam, əlim aya çatar. Məmməd zarafatından da qalmazdı:
– Hə, necəsən, qalxaq təpəyə, ayı göydən “qoparım” verim sənə, qızıl boyunbağı əvəzinə tax boynuna.
Təbii ki, Şahbulaq, Batabat, Çınqıllı, bizim ən çox sevdiyimiz yerlər idi. Bir də Məmməd hər otu, çiçəyi, bulağı, daşı elə təsvir edirdi ki, torpağın rəngi də, otlar da, çiçəklər də Məmmədin qələmində möcüzəyə dönür, şeirlərinin məna çalarları ürəyindən gələn Məmməd Araz möcüzəsi yaradırdı.
Və biz gələcəkdə də hərdən Naxçıvana gedəcək, hər dəfə də ora mənə Quba kimi doğmalaşacaq…
Qayıtdıq yenidən şəhər həyatına. Bir həftədən sonra əkiz oğlanlarımı itirdim.
Bu, 1963-cü il idi, ağrı-acısını heç vaxt unuda bilmədiyim il.
Sonra Məmməd yazacaqdı:
Uçurub əlimdən əkizlərimi
Ömrün yollarına təkcə çıxmışam.
İşləmədiyimə görə başımı Məmmədin arxivini qaydaya salmaqla qarışdırırdım.
… Qəribədir şeirlərini sahmana salıb oxuduqca o, artıq mənim üçün adi həyat yoldaşından çox, qeyri-adi adam olmuşdu.
Məmməd uzun müddət Cabir Novruzla birgə “Ulduz” jurnalında işlədi. Dost olduqlarına görə sözləri bir olur, jurnal da çox səviyyəli çıxırdı.
Bir müddətdən sonra Yazıçılar İttifaqında vəzifə dəyişiklikləri olmuş, 3-cü katib Nəbi Xəzri televiziyaya keçmişdi. Söhbət gəzirdi ki, Məmmədi İttifaqa 3-cü katib qoyacaqlar, lakin Məmməd bilirdi ki, buna imkan verməyəcəklər. Səbəbi isə o idi ki, M.İbrahimov, T.Elçin, Şıxəli Qurbanov və başqa adlarını bilmədiyim adamlar ayrı namizədi müdafiə edirdilər.
Ücretsiz ön izlemeyi tamamladınız.