Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Gonbul»

Yazı tipi:

Bir neçə gün idi ki, əzilmiş ordunun qalıqları arasıkəsilmədən şəhərin içindən keçib gedirdi. Bu, ordu yox, başıpozuq bir dəstə idi. Əsgərlərin üzünü tük basmışdı. Uzanmış saç-saqqalları kir-pas içindəydi. Paltarları cırılmışdı. Bayraqsız, nizamsız şəkildə, yorğun-arğın halda irəliləyirdilər. Açıq-aşkar görünürdü ki, əziliblər, əldən düşüblər, nə fikirləşməyə taqətləri qalıb, nə də bir iş görməyə. Ayaq üstə güclə dayanırlar, özləri də bilmirlər ki, hara gedirlər. Bir balaca dayansalar, yorğunluqdan yerə səriləcəklər.

Nizami qoşun hissələrindən daha çox dünənə qədər sakit dolanan, indi isə tüfəngin ağırlığından belləri əyilmiş, qaçmağa da, hücuma keçməyə də eyni dərəcədə hazır olan, gah qorxub, gah da ruhlanan silahlı camaat daha çox gözə dəyirdi. Böyük döyüşlərdə əzilmiş diviziyanın qalıqları: qırmızışalvarlı əsgərlər, müxtəlif polklardan qalan piyadalar, qaşqabaqlı topçular, özlərini piyadalara güclə çatdıran süvarilərin – draqunların parıldayan dəbilqələri bu qarmaqarışıqlıq içində gözə dəyirdi.

«Məğlubiyyətin intiqamını alanlar», «Ölüm köməkçiləri», «Məzar vətəndaşları» kimi qəribə qəhrəmanlıq adı daşıyan, lakin görkəmlərindən əməlli-başlı quldura oxşayan könüllü nişançılar dəstəsi də gəlib keçirdi.

Onların dünənə qədər mahud, yaxud taxıl alveri edən, piy və sabun satan, indi təsadüfən – ya pulla, ya da uzun bığlarına görə zabit rütbəsi alıb zərbaftalı paltar geyinmiş, yaraqlı-yasaqlı rəisləri hay-küy salıb planlar müzakirə edir, özlərindən razı halda söyləyirdilər ki, məhv olmaqda olan Fransanın yeganə dayağıdırlar. Əslində isə çox vaxt ipə-sapa yatmayan canilərdən, oğrulardan və pozğunlardan ibarət olan öz əsgərlərindən qorxurdular.

Söz yayılmışdı ki, prussiyalılar Ruana çathaçatdadır.

Son iki ayda yaxındakı meşədə qorxa-qorxa kəşfiyyat aparan, çox vaxt da öz keşikçilərinə atəş açan və kolluqda bir dovşan tərpənib şıqqıltı salan kimi hücuma keçməyə hazırlaşan milli qvardiya indi evlərinə dağılmışdı. Onların bir az əvvəl adamları üç verstlikdən qorxuya salan tüfəngləri, mundirləri, dəhşətli odsaçan silahları birdən-birə yoxa çıxmışdı.

Sen-Sever və Bur-Aşardan adlayıb Pont-Odemerə doğru irəliləyən axırıncı fransız əsgərləri, nəhayət, Sena çayını keçdilər, hamıdan axırda isə general, özünün iki yavəri ilə birlikdə, qoşunun arxası ilə pay-piyada sürünürdü. O, tamamilə ruhdan düşmüşdü və pərən-pərən olmuş bu adamlarla nə edəcəyini bilmirdi. Həmişə qələbə çalmağa vərdiş edən və indi özünün əfsanəvi qoçaqlığına baxmayaraq, birdən-birə dəhşətli məğlubiyyətə uğrayan xalqın vəziyyəti generalı sarsıtmışdı.

Sonra şəhərə sükut çökdü, hamı dinməz-söyləməz, qorxu içində yaxınlaşan düşməni gözlədi. Dükanda, daxıl dalında oturmaqdan piylənmiş və hər cür cəsarəti itirmiş burjualar, ət qızartdıqları şişləri və iri mətbəx bıçaqlarını prussiyalıların silah hesab edib, onlara cəza verəcəklərindən qorxa-qorxa qaliblərin gəlməsini həyəcanla gözlədilər.

Elə bil, şəhərdə həyat ölmüşdü, dükanlar bağlanmışdı, küçələrdən səs-səmir gəlmirdi. Bu məşum sükutdan qorxuya düşən və divar dibi ilə kölgə kimi sürünən tək-tük adamdan başqa gözə heç nə dəymirdi.

Gözləməkdən cana gəlmişdilər, istəyirdilər ki, düşmən tez gəlib çıxsın və intizardan canları qurtarsın.

Fransız qoşunlarının geri çəkilməsindən bir gün sonra axşamüstü, haradansa çapıb gələn bir neçə atlı-ulan şəhərdə göründü. Bir az sonra isə Sen Katrinin döşü ilə qara bir sel axını irəliləməyə başladı. Darnetal və Buaqiyom yolları tərəfdə də iki sel axını göründü. Üç korpusun avanqardı eyni zamanda şəhər bələdiyyə idarəsinin qarşısındakı meydançaya gəldi. Bunların ardınca alman nizami qoşunlarının əsgərləri qonşu küçələrə doluşdular. Əsgərlərin ahəngdar ayaq tappıltılarından küçələr uğuldamağa başladı.

Şəhər ölü sükutuna qərq olmuş və sakinsiz kimi görünürdü, əslində isə qapalı pəncərə taxtalarının arxasından, müharibə qanunlarına görə şəhərin, burada yaşayan insanların və bütün var-dövlətin sahibi hesab olunan fatehləri qorxa-qorxa gizlicə süzürdülər. Küçələrdə, həmin evlərin divarları boyunca isə hərəkət edən alman əsgərlərinə, yerlilərə tanış olmayan «qığıltılı» səslə komandalar verilirdi. Yarımqaranlıq otaqlarda gizlənən obıvatellər1 insan müdrikliyini və qüdrətini aciz qoyan kortəbii fəlakətlər, hər şeyi məhv edən böyük geoloji dağıntılar qarşısında aciz qalan adamlar kimi dəhşətə gəlmişdilər. Belə hisslər hər dəfə yaradılmış qayda-qanunlar devrildikdə, təhlükəsizlik hissi itirildikdə, təbiətin və insanların qanunları ilə qorunan hər şeyin mənasız və qəzəbli qüvvələr qarşısında qaldığı zaman baş qaldırır. Şəhərliləri uçub dağılan evlərin altında dəfn edən zəlzələlər, kəndliləri ölmüş öküzləri və evlərini dam örtüyüylə birlikdə aparan yatağından oynayıb daşan çaylar, ya da təslim olmaq istəməyənlərin hamısını qıran, qalanlarını isə əsir alan, qılıncının şöhrəti naminə hər şeyi talayan, top gurultuları altında hansı bir ilahi qüvvəyəsə iltifat göstərmək istəyən qalib ordu – bütün bu dəhşətli fəlakətlər, göylərin ədalətinə və insan zəkasının qüdrətinə bizə uşaqlıqdan təlqin edilən bütün qədim etiqadları və ümidləri büsbütün yox edir.

Artıq qapıları bir-bir döyürdülər. Kiçik dəstələrlə içəri doluşurdular. Hücumdan sonra zəbtetmə başlayırdı. Məğlub olanların boynuna yeni vəzifə düşürdü: onlar qaliblərə mehribanlıq göstərməli idilər.

Aradan xeyli keçdi. Qorxu canlardan çıxdı və hər şey əvvəlki qaydasına düşdü. Prussiya zabitləri ailələrdə ev sahibləri ilə birlikdə süfrə arxasında oturub, rahatca nahar eləməyə başladılar. Bu zabitlərin bəziləri ədəbli çıxır, nəzakət xatirinə Fransanın məğlubiyyətinə acıyır və belə bir müharibədə iştirak etdiyinə görə əzab çəkdiyini söyləyirdi. Fransızlar almanlara bu cür alicənablıqlarına görə minnətdarlıqlarını bildirirdilər. Bu bir də ona görə edilirdi ki, almanların himayəsinə sığınmaq hər an lazım ola bilərdi.

Zabitlərin qılığına girməklə evə doluşan əsgərlərin sayını da azaltmaq olardı. Bir də asılı olduğun adama toxunmağın nə mənası vardı? Belə hərəkət etmək qoçaqlıq yox, ağılsızlıq olardı. Ruan burjuaları keçmiş zamanlarda, şəhərə şöhrət gətirən müdafiə illərində olduğu kimi, ehtiyatla hərəkət edirdilər. Onlar fransız nəzakət qaydalarına qəti riayət edərək, belə bir qərara gəlmişdilər ki, evin içində xarici qəsbkarlara mehribanlıq göstərmək olar. Ancaq elə etmək lazımdır ki, bu yaxınlıqdan başqaları xəbər tutmasın. Küçədə almanlara üz göstərmirdilər. Amma axşamlar, evdə onlarla şirin-şirin söhbət edirdilər. Bu mehribanlığa alışan almanlar isə axşamlar özlərini buxarının istisinə verərək oturur, gecəyarısına qədər yerlərindən qalxmaq istəmirdilər.

1.Obıvatel – ancaq öz mənafeyini düşünən adam (rus.)

Türler ve etiketler

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
29 ekim 2022
ISBN:
978-9952-9450-0-1
Telif hakkı:
JekaPrint

Bu kitabı okuyanlar şunları da okudu