Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Gonbul», sayfa 3

Yazı tipi:

Səhərin bu ürəksıxan hüznlü işığında sərnişinlər bir-birini maraqla süzməyə başladılar. Qran-Pon küçəsindən olan məşhur şərab alverçisi «Luazo» soyadlı ər-arvad karetin baş tərəfində, ən yaxşı yerdə qabaq-qabağa oturub mürgüləyirdilər. Keçmiş nökər Luazo iflasa uğramış ağasının var-dövlətini ələ keçirmiş və bununla da çoxlu qazanc toplaya bilmişdi. O, ən zibil şərabı əyalət taciri ərinə lap ucuz qiymətə sırımaqda ad çıxarmış və beləliklə də, dost-tanışların arasında ən usta kələkbaz kimi, əsl mənada bic və kefcil normandiyalı kimi məşhurlaşmışdı.

Onun kələkbazlığı haqqında söhbət o qədər geniş yayılmışdı ki, bir dəfə prefektura idarəsində, axşam qonaqlığında öz təmsil və şeirləri ilə, həmçinin hazırcavablığı ilə lovğalanan, bir sözlə, əyalətin məşhur şairi kimi tanınmış cənab Turnel, darıxdıqlarından mürgüləyən xanımlara təklif etmişdi ki, gəlin, «Quş uçdu»4 oyunu oynayaq. Bu zarafat ildırım sürəti ilə prefektin qonaq otağına, oradan da şəhərə, bütün evlərə yayıldı və düz bir ay bütün əyalət sakinləri gülməkdən qırıldılar.

Bundan başqa, Luazo cürbəcür məzəli əhvalatları ilə, həmçinin bəzən yerinə düşən, bəzən də mənasız görünən zarafatları ilə də şöhrət qazanmışdı. Onun haqqında kim söhbət eləsə, axırda:

– Nə deyirsiniz deyin, Luazo, hər halda, tayı-bərabəri olmayan misilsiz adamdır, – deyərdi.

O gödəkboylu idi. Adama elə gəlirdi ki, onun bədəni iri, dəyirmi qarından və bir də onun üstünə yapışdırılmış gicgahlarına dən düşən qırmızı sifətdən ibarətdir.

Luazo özlərinin ticarət evlərini məzəli hərəkətləri ilə şənləndirirdisə, onun ucaboy, cüssəli, yoğun səsli, sərt təbiətli və qətiyyətli arvadı evin bütün səliqə-sahmanını öz əlinə almışdı.

Onların yanında özünün cəmiyyətdəki yüksək mövqeyi və şəxsi ləyaqətinin üstünlüyü ilə lovğalanan fabrikant cənab Karre-Lamadon oturmuşdu. Onun üç iplik fabriki vardı və pambıq-parça istehsal edən sənaye sahəsində xüsusi mövqe tutmuşdu. Həm də fəxri legionun zabiti və Baş şuranın üzvü idi. İmperiya dövründə, özünün dediyi kimi, ədəb və nəzakət qaydalarını gözləyə-gözləyə, xeyirxahlıq naminə müxalifətə başçılıq edirdi ki, sonradan mübarizə apardığı quruluşa tərəfdar çıxsın və bununla da çoxlu mənfəət əldə etsin. Bu, onun yeganə məqsədi idi.

Öz ərindən xeyli kiçik olan xanım Karre-Lamadon Ruan hərbi qarnizonuna işləməyə göndərilən, mərifətli ailələrdən çıxmış cavan zabitlərin yeganə təsəllisi olan bir qadın idi.

Bu balacaboy, zərif, qəşəng qadın xəz paltosuna bürünərək əri ilə üzbəüz oturmuşdu və məyus baxışlarla karetin yoxsul görkəminə tamaşa edirdi.

Onlarla yanaşı Normandiyanın ən məşhur və qədim kübar nəslinə mənsub olan qraf Yuber de Brevil öz zövcəsi ilə oturmuşdu. Yaşa dolmuş, boylu-buxunlu bu qraf cürbəcür paltarlar geyinərək, özünün təbiətən kral IV Henrixə oxşadığını daha da nəzərə çarpdırmağa çalışırdı, çünki dədə-babalarının iftixarla söylədiklərinə görə de Brevil soyadlı bir xanım kral IV Henrixdən uşağa qalmış, bundan sonra onun əri qraf rütbəsi və qubernator vəzifəsi almışdı.

Baş şurada cənab Karre-Lamadonun həmkarı olan qraf Yuber departamentdə orleançılar partiyasını təmsil edirdi. Onun birdən-birə miyanə dolanan nantlı gəmi sahibinin qızı ilə evlənməsi indi də sirr olaraq qalır. Ancaq qrafinya özünü vüqarla aparmağı, hamıdan yaxşı qonaq qəbul etməyi bacardığına görə və vaxtilə Lui-Filippin oğlanlarından birinin aşnası kimi məşhurlaşdığı üçün əsilzadələr ona hörmət edirdilər və onun evi bütün departamentdə qədim nəzakət və ədəb qaydalarını saxlayan yeganə ev hesab olunurdu, oraya düşmək isə çox çətin idi. Deyilənə görə, Brevillərin ancaq yatırımdan ibarət olan var-dövləti onlara ildə beş yüz min livr gəlir gətirirdi.

Bu altı nəfər özlərinin cəmiyyətdə yüksək mövqe tutduqlarından, dinə sadiq, namuslu, hörmətli, nüfuzlu və varlı-hallı adamlar olmalarından razı halda karetin yuxarı başında əyləşmişdilər.

Qəribə təsadüf nəticəsində qadınlar bir tərəfdə cərgə ilə oturmuşdular və qrafinyanın yanında uzun təsbehlərini çevirən və tez-tez «Pater», «Ave»5 deyə dodaqaltı dua oxuyan iki rahibə oturmuşdu. Onların biri yaşlı və çopur idi. Elə bil, tüfəngi düz üzünə tuşlayıb saçma doldurmuşdular. Üz-gözündən üzgünlük yağan o biri rahibənin sifəti gözəl olsa da, vərəmliyə oxşayırdı. Hər şeyi udan, fanatiklər və əzabkeşlər yetirən din, görünür, bu qıza da əzab verib iztirablar çəkdirirdi.

İçəridəkilərin hamısının diqqəti rahibələrlə qabaq-qənşər oturan kişi ilə arvadda idi.

Kişi hamının yaxşı tanıdığı və hörmətli adamların canına qorxu salan demokrat Kornyude idi. Düz iyirmi ildən artıq idi ki, bütün demokratik qəhvəxanaları dolaşır və özünün uzun, kürən saqqalını içdiyi pivələrlə isladırdı. O, vaxtilə şirniyyat satan atasından qalan külli var-dövləti öz dostları və tanışları ilə çoxdan göyə sovurmuşdu, indi isə böyük səbirsizliklə respublika quruluşunun yaranmasını gözləyirdi ki, inqilab yolunda düzəltdiyi içki məclislərinin və verdiyi şərab nəzirlərinin əvəzində layiq olduğu yerlərdən birini tutsun. Sentyabrın dördündə6 kiminsə zarafatına inanaraq özünü prefekt vəzifəsinə təyin olunmuş hesab etdi və istədi ki, öz vəzifəsini yerinə yetirməyə başlasın, prefektura əməkdaşlarından işdə qalan yeganə adam – katib ona tabe olmaqdan imtina etdi və Kornyude məcbur oldu ki, dinməz-söyləməz çıxıb getsin. Ümumən sakit, heç kəsə zərəri dəyməyən, lütfkar adam olan Kornyude var qüvvəsini sərf edib şəhərin müdafiəsini təşkil etmək istədi. Onun başçılığı ilə çöllərdə xəndəklər qazdılar, qonşu meşədəki körpə ağacları doğradılar, yollarda pusquya durdular və bütün gördüyü bu işlərdən razı qalan Kornyude düşmən yaxınlaşan kimi tələsik şəhərə qayıtdı. İndi o belə zənn edirdi ki, Havrda da xəndəklər qazmaqla ölkəyə daha çox xeyir verəcəkdir.

Qadın isə «yüngül, əxlaqsız arvadlardan» biri idi və vaxtından əvvəl kökəlib yumrulandığı üçün ona «Gonbul» deyirdilər. O, balacaboy, yupyumru, piy içində batmış cavan bir qadın idi. Ağ, yumşaq, totuq barmaqları ortasından iplə boğulmuş sosiska kimi buğumlardan nazilirdi. Dərisi şəffaf və tarım idi. Yupyumru döşləri sinəsini qabardır və paltarlarının altından dikəlirdi. O qədər təravətli və gözəgəlimli idi ki, ehtirasları coşdururdu və kişilər ondan gözlərini çəkə bilmirdilər, az qalırdılar ki, gözləri ilə yesinlər. Yanaqları alma kimi qıpqırmızı idi, sifəti açılmaqda olan qırmızı pion çiçəyinin qönçəsinə bənzəyirdi. İri, qara, məftunedici, canalan gözləri vardı. Bu gözləri uzun, sıx, qara kirpiklər çəpərləmişdi və haşiyədən gözləri daha tünd görünürdü. Balaca ağzı, nəm dodaqları, inci kimi parlaq dişləri vardı. Elə bil, Allah dodaqlarını yalnız öpüş üçün yaratmışdı.

4.Fransızca “L’oiseau vole” (“quş uçur”), “Loiseau vole” “Luazo oğurlayır” kimi də səslənir.
5.Katolik dini duaları: “İlahi ata”, “Ya həzrəti-Məryəm”.
6.4 sentyabr 1870-ci il – İkinci imperiyanın devrilməsi və Üçüncü respublikanın elan edilməsi günü

Ücretsiz ön izlemeyi tamamladınız.

₺33,41

Türler ve etiketler

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
29 ekim 2022
ISBN:
978-9952-9450-0-1
Telif hakkı:
JekaPrint
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 5, 3 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre