Kitabı oku: «Yer üzündə axırıncı gecə», sayfa 2
Mirzə keçib çarpayıda oturdu. Dəftəri açıb yazmağa başladı. Haçandı yazmaq istədiyi şeirdi, misra-misra, bənd-bənd kağızın üstünə tökülürdü. Yazdı, yazdı, dəftər doldu. Axırıncı iki bəndi yaşıl dəftərüzünün içəri tərəfinə yazdı. Qurtarandan sonra dəftərin üzünə iri, aydın xətlə “Sərçə poeması” sərlövhəsini qeyd etdi…
Səhər həmişəkindən gec durdu. Yerində dikəlib pəncərədən baxdı, daha qar yağmırdı. Ölüşkün qış günəşi zəif-zəif parıldayırdı. Əl atıb dəftəri götürdü. Şeiri görəndə rahatlandı. Yuxuda görməyibmiş, doğrudan yazıbmış. Şeiri iki dəfə başdan-ayağa oxudu. Əslində şeir yox, poema. İstədiyindən daha yaxşı alınmşdı. Dəftəri şkafın gözünə, kitabının qalan nüsxələriylə əlyazmalarının yanına qoydu.
Gecə Nabat onun yerini salmağa gedəndə dedi:
– Dəftər qoyma. Elə o stulu da götür içəridən.
Beş-on saniyə sonra yavaş-yavaş, az qala pıçıltıyla əlavə elədi:
– Daha şeir yazmayacağam.
16 sentyabr 2016
Qanadlarım ağrıyır
…ki,
sənin qanadların qırılmaq istəmirdi.
Hədiyyə Şəfaqət
Hərdən elə bilirdi quşdu. Uçmaq istəyirdi, uça bilmirdi…
Püstəxanım talvarın altında oturmuşdu. Alaqapının balaca gözü aralandı.
– Pistə… Ay Pistə…
Püstəxanım səsi eşitmədi, qocaldıqca qulağı ağırlaşmışdı. Qapı bir az da aralandı, Süriyə başını içəri soxdu.
– Ay Pistə…
Gördü Püstəxanım oturub, içəri girdi. Alçaqdan danışa-danışa yaxına gəldi. Öz aləmində Püstəxanımla əhval tuturdu. Püstəxanımın fikri uzaqlardaydı, Süriyə yanına çatanda başını qaldırıb onu gördü.
– Ay Süryə, xoş gəlmisən.
Süriyənin əlində bir salxım şirəyi üzüm vardı. Bayaq alçaqdan verdiyi sualı indi bərkdən verdi.
– Pistə, neynirsən, necəsən?
Püstəxanım əllərini açıb başını yellətdi.
– Mənəm də… Oturmuşam.
Sonra ayağına söykətdiyi əsasını əlinə götürüb ayağa durdu.
– Gəl gedək içəri.
– Yox, tələsirəm. Ay Pistə, bax gör abqora çəkmək olar?
Püstəxanım gözlərini qıyıb salxıma baxdı.
– Həri, şirəyə dolur. Əsil vaxtıdı.
– Bildir baş qarışıq oldu, imkan olmadı sıxmağa. Qışda bir gilə abqora tapa bilmədim. Heç olmasa bu il əlim yerdə qalmasın.
Süriyə əlini sağ ol mənasında yellədib yenə dodaqaltı Püstəxanımla sağollaşa-sağollaşa qapıya tərəf getdi.
– Ay Süryə, heç olmasa içəri keçəydin.
– Yox e, tələsirəm ay Pistə. Gələn səfər…
Püstəxanım Süriyənin dalıyca gəlib qapını yaxşı bağlayıb-bağlamadığını yoxladı. Sonra qapının poçt deşiyindən bayıra baxdı. Alaqapı köhnəydi, üst-üstə rənglənib ağırlaşmışdı, altı çürüyüb yerə oturmuşdu, on-onbeş ildi böyük tayları açılmırdı. Hardasa qırx il qabaq köhnə evi böyüdəndə qapını da təzələmişdilər, taxta qapını çıxartıb yerinə bu dəmiri qoydurmuşdular. Qapının içəri tərəfində poçt yeşiyi vardı. Hər gün poçtalyon abunə yazıldıqları qəzeti-jurnalı gətirib bu deşikdən yeşiyə buraxırdı. Doxsanıncı illərdə bu ənənə yığışdı, daha qəzetə-filana abunə yazılmırdılar, poçtalyon da gəlmirdi. Onda Püstəxanımın kiçik oğlu poçt yeşiyini çıxartdı, amma deşiyi qaynaqlamadılar. O vaxtdan Püstəxanım bekar olanda çıxıb dayanırdı bu deşiyin qabağında, kəndin içinə baxırdı. Qapıdan aralanmamış Nərgiz gəldi. Nərgizin bir az aralıda pal-paltar dükanı vardı. Amma adı pal-paltar dükanıydı, ələ keçən hər şeyi satırdı Nərgiz. Dükanın ayaqyolusu olmadığı üçün subaşına Püstəxanımgilə gəlirdi. Vaxt keçdikcə doğmalaşmışdılar, qızı kimi olmuşdu. Bir də görürdün çiməndə gəlib kürəyini kisələyirdi Püstəxanımın, azarlayanda iynələrini də o vururdu.
Nərgiz salamlaşıb subaşına keçdi. Çıxıb əllərini yudu, təzədən qayıdıb talvarın altındakı stulda oturan Püstəxanımın yanına gəldi.
– Püstə xala, necəsən?
– Babatam…
– Nəsə lazımdı?
– Yoox, yox. Heç nə.
– Yaxşı onda, dükan təkdi, gedim. Bir azdan yenə gələrəm.
Nərgiz qapıya çatanda Püstəxanım səslədi onu.
– Ay Nərgiz, o uzun corablardan varındı?
– Hə, var. Gətirərəm indi.
Püstəxanım il uzunu eyni uzunboğaz, qəhvəyi corablardan geyinirdi. Nərgiz becid-becid gedib iki cüt corab gətirdi.
– Gəl pulunu verim.
– Püstə xala, keçən dəfə çox vermişdin. Lazım deyil.
Püstəxanım ancaq lazım olandan-olana nəsə alırdı. Hamısını da Nərgizə tapşırırdı. Nərgiz bilirdi onun nə istədiyini, nə geyindiyini. Amma heç vaxt da pul almırdı. Çox vaxt aldadırdı Püstəxanımı. Ya deyirdi keçən dəfə çox vermisən, ya deyirdi gələn dəfə verərsən. Püstəxanım da inanırdı ona. Qocaldıqca huşu gedirdi, hər şey yadından çıxırdı onun.
Nərgiz getdi.
Püstəxanım əsasını ev qapısının kandarında söykədib evə girdi, heç vaxt əsayla evə girmirdi. Corablardan bir cütünü çarpayısının üstünə qoydu, o biri cütünü apardı içəri otaqda şifonerə qoysun. Şifonerin orta gözündə bir cüt də bu corabdan varmış. İndi görürdü. Dodaqaltı qocalığının dalıyca deyinib şifoneri bağladı.
Keçib televizoru yandırıb çarpayıda oturdu. Əvvəllər bekar olanda otururdu evdə, eynəyini gözünə salıb atasıyçün, anasıyçün, əriyçün yasin oxuyurdu. Axır vaxtlar gözləri lap korlanmışdı, heç eynəklə də oxuya bilmirdi. İdarəedicini götürüb televizorun səsini qaldırdı. Xəbərləri verirdilər. Amma onun fikri başqa yerdəydi, diktorun dediyini eşitmirdi…
Gözlərini açanda gördü ki, nəvəsi televizoru söndürür. Bu ən kiçik nəvəsiydi, böyük oğlunun sonbeşiyi. Gündə neçə dəfə gəlib başa çıxırdı.
– Hə, haçan gəlmisən?
– İndi gəldim. Gördüm yatmısan, televizoru söndürdüm.
– Huş aparıb məni.
Gözlərini qıyıb stolun üstündəki balaca saata baxdı, günortanı keçmişdi.
– Nənə, bir şey lazımdı?
– Aptekə get. Ürək dərmanımla qarınişdətmə dərmanım qurtarıb.
Uzun illərdi bütün dava-dərmanını bu nəvəsi alırdı. Heç adlarını da demirdi, nəvəsi hamısını əzbərə bilirdi. Nəvəsi süfrənin küncünü qaldırıb pul götürdü, çıxdı. Beş-on dəqiqəyə qayıtdı. Dərmanları stolun üstünə qoydu. Cibindən pulun qalığını çıxartıb nənəsinə göstərdi.
– Köpegoğlu, qoy ora. Alladacaqsan bəyəm məni?
Nəvəsi sağollaşıb getdi.
Püstəxanım durub ürək dərmanından birini içdi. Nəsə ürəyi sancmağa başlamışdı. İstədi həyətə çıxsın. Telefon zəng çaldı. Bacısıydı, kiçik bacısı. Beş-on kəlmə hal-əhval tutub sağollaşdılar.
Çıxıb həyətdə oturdu. Az keçmiş talvardan üstünə çöp düşdü, başını qaldırdı görsün nədi belə. Düz o oturan yerin üstündə, meynə çubuqlarının arasında çöl göyərçinləri yuva qurmuşdu. Bu göyərçinlərə kənddə poçt göyərçini deyirdilər. Lap balaca olanda kimsə demişdi ki, bu göyərçinlər dava vaxtı kara gəlir, onlarla məktub göndərirlər. Deyəsən, atası demişdi bunu. Göyərçinlərdən biri yuvanın yanında oturmuşdu, dimdiyində çöp vardı.
Gün əyilənəcən həyətdə oturdu. Arada Nərgiz iki dəfə də gəldi, axşamüstü də nəvəsi gəldi. Tək bu nəvəsiydi gəlib ona dəyən. Böyük oğlunun o biri uşaqları işləyirdilər, vaxtları olmurdu. Kiçik oğlunun uşaqlarısa aylardı qapısını açmırdılar…
Şər qarışanda həyətin işığını yandırdı, alaqapını daldan bağlayıb evə girdi. Günortadan qalma xörəklə bir fal çörək yedi. Keçib yerində uzandı. İllərdi ki tək yaşayırdı. İki oğlu vardı, heç birinin yanına getmirdi. Deyirdi ki, bu həyətə gəlin gəlmişəm, bu həyətdə də ölmək istəyirəm.
Arvad gecə-gündüz tək idi.
Vaxt keçdikcən arvadın ağlı qarışmağa başlayırdı. Ən əvvəl huşsuzluğu başladı. Uşaqlıqda, cavanlıqda elədiyi, gördüyü şeylər hamısı yadındaydı. Amma təzə şeylər yadından çıxırdı. Sonra ölənlər gözünə görünməyə başladı. Amma arvad bilmirdi ki, bunları yuxuda görür, ya doğrudan. Bir-iki həftə qabaq da durub öz ata həyətinə getmişdi. Səhərə yaxın yuxuda atasını görmüşdü, anasını görmüşdü, görmüşdü ki, qardaş-bacıları hamısı balacadılar, həyətdə oynayırlar, qəribsəmişdi həyətçün. Durub getmişdi ora. Həmin həyətdə indi qardaşı uşaqları yaşayır… İndi də gözünü yuman kimi ölənlər gəlib sıraya düzüldü qabağında. Sonra talvarda yuva quran poçt göyərçinini gördü. Çöp də dimdiyindəydi, dayanıb Püstəxanıma baxırdı. “Mən də sizdənəm”, Püstəxanım dedi, “amma uça bilmirəm. Qanadlarım ağrıyır…”
Bilmirdi az yatdı, ya çox. Bir də gördü ki, otağın qapısı açıldı, rəhmətlik əri Rəhim girdi içəri.
– Ay Püstə, – dedi, – dalınca gəlmişəm. Dur gedək.
Püstəxanım heç nə demədi. Durub şifonerdən təzə paltarını götürüb geyindi, bayaq Nərgizin gətirdiyi corabı ayağına keçirtdi, təzə yaylığını da başına bağlayıb hazır dayandı. Rəhim bayaqdan dayanıb onu gözləyirdi. Heç sağlığında belə hövsələli deyildi. Rəhim qabaqda, Püstə də dalıyca evdən çıxdılar…
Səhər nəvəsi gələndə gördü ki, qapı qıfıllıdır. Evə xəbər elədi, əmisigildən soruşdular. Qohum-qonşuya zəng elədilər. Arvad heç yerdə yox idi. Aləm dəydi bir-birinə. Gəzmədikləri yer qalmadı. Axırda arvadın meyitini qonşu kəndin şorundan tapdılar. Yaylığı yolda açılıb düşmüşdü. Qapıdan asdığı qıfılın açarısa corabının boğazındaydı…
İyul, 2016