Kitabı oku: «Xatirələrim»

Yazı tipi:

"Xatirə Ədəbiyyatı" silsiləsindən 17-ci kitab

© Hacağa Abasov / Xatirələrim

© "XAN" nəşriyyatı / Bakı / 2022 / 128 səh

Üz qabığının dizayneri / Teymur Fərzi

* * *

Hrcrgr Rbrsov (1906-1907-ci illər)


Qocaman teatr xadiminin xatirələri

Azərbaycan SSR xalq artisti, sovet incəsənəti və teatrının inkişafında diqqətəlayiq xidmətləri olan Hacağa Mütəllib oğlu Abasovun oxuculara təqdim etdiyimiz xatirələri hadisələrlə zəngin olan böyük bir həyatın kiçik bir parçasıdır.

1888-ci ildə adi bir müəllim ailəsində anadan olan Hacağa Abasov hələ 12–13 yaşlarından teatra həvəslənmiş, dram dərnəklərində çalışaraq get-gedə bu sahədə böyük istedad sahibi olduğunu göstərmişdi. Xüsusilə 1905-ci il inqilabından sonra Azərbaycanda teatr sənəti də müəllimlik və mühərrirlik kimi xalqa xidmət etməyin ən əlverişli sahələrindən birinə çevrilmişdi. Hacağa Abasovu da teatra cəlb edən sadəcə gənclik həvəsi deyil, bəlkə teatrın oynadığı tərbiyəvi rol, kütlələrin gözünü açan, onlarda insanlıq ləyaqətinə hörmət, köhnəliyə, cəhalətə və zülmə nifrət oyadan misilsiz bir məktəb olması idi. Teatra sonsuz məhəbbət sahəsində Hacağa az bir zamanda istedadlı bir aktyor kimi şöhrət qazanmışdı.

İlk dəfə M.F.Axundovun "Molla İbrahim Xəlil kimyəgər" komediyasında Molla İbrahim Xəlil rolunda oynayıb müvəffəqiyyət qazanması qocaman aktyorun çox yaxşı yadındadır. Daha sonra o, klassik dramaturgiyamızın bir sıra görkəmli əsərlərində, dram, opera və operettalarda xarakter rollarda çıxış edib, misilsiz aktyorluq məharəti göstərmişdi. Hacağa Abasovun çox müvəffəqiyyətlə oynadığı rollardan biri də C.Məmmədquluzadənin "Ölülər" komediyasındakı Şeyx Nəsrullah rolu idi. Bu rolu aktyor böyük bir məharətlə, özünəməxsus bir yaradıcılıq üsulu ilə ifa etmiş və uzun zaman yadda qalan bir surət yaratmağa müvəffəq olmuşdu.

Hacağa Abasov sadəcə bir aktyor deyil, həm də incəsənət sahəsində gözəl bir təşkilatçı, fəal ictimai xadim idi. Onun bu bacarığını hələ inqilabdan əvvəl N.Nərimanov və M.Əzizbəyov yüksək qiymətləndirmişdilər. Bu görkəmli inqilab xadimlərinin göstərişi ilə Hacağa Abasov fəhlələr arasında işləmiş, onlarda teatra həvəs oyatmış və beləliklə də zəhmətkeşlərin ictimai-bədii tərbiyəsində müəyyən rol oynamışdı. O zaman "Balaxanı dram dərnəyi" ndə, "Nicat" maarif cəmiyyətinin dərnəklərində fəal iştirak edən Abasov bir tərəfdən fəhlələrin mədəni tələblərini ödəməyə, teatr sənəti vasitəsi ilə zəhmətkeşlərin köhnəlikdən, mövhumat qalıqlarından azad olmasına çalışmış, digər tərəfdən isə sənət adamlarının fəhlə həyatına yaxınlaşmasına, onunla qaynayıb qarışmasına müvəffəq olmuşdu.

Söz yox ki, belə bir fəaliyyət sosialist inqilabından əvvəlki şəraitdə, xüsusən irtica illərində çox ağır və təhlükəli idi. Abasov da başqa mütərəqqi adamlarımız kimi hər addımda kapitalistlərin və mürtəce ruhanilərin müqavimətinə rast gəlirdi. Lakin Abasov öz işinin xalq üçün, zəhmətkeşlər üçün faydalı olduğunu dərindən dərk edərək, ruhdan düşmürdü.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Hacağa Abasovun yaradıcılıq fəaliyyəti xeyli genişləndi. O, sovet teatrının tərəqqisi və inkişafı yolunda daha böyük həvəslə çalışmağa başladı. Gənc sovet respublikasında mədəniyyət və maarif ocaqlarının qapıları zəhmətkeş xalq kütlələrinin üzünə geniş açıldığı bir zamanda Hacağa yeni həvəs və enerji ilə işə girişdi.

1921-ci il noyabr ayının 13-də işə başlayan Azərbaycan "Tənqid-Təbliğ" teatrının banisi və direktoru Hacağa Abasov olmuşdur. Bu, bütün Şərqdə elə yeni, orijinal və demokratik bir teatr idi ki, xalq kütlələri ilə ən sadə dildə danışır, onların ürəklərindən xəbər verir və istismar dünyasının bütün rəzalətlərinə qarşı amansız atəş açırdı. Sovet hökumətinin köməyi ilə Abasov qısa müddətdə həmin teatr üçün nəinki bir aktyor kollektivi, hətta qüvvətli müəlliflər kollektivi də təşkil etmiş, görkəmli dramaturqları teatrın ətrafına cəlb edərək zəngin bir repertuar da yaratmışdı.

Hacağa Abasov nəinki Azərbaycanda "Tənqid-Təbliğ" teatrının banisi və onun başçısı olmuşdur, hətta teatrın yaradıcılıq fəaliyyətində mahir bir rejissor, aktyor və həm də dramaturq kimi fəaliyyət göstərmişdir. Abasov həqiqi bir səhnə fədaisi kimi xalqa xidmət etməkdən doymayan, teatrın böyük tərbiyəvi rolunu təcrübədə görüb ruhlanan sənətkarlardan olmuşdur.

Onun "Tənqid-Təbliğ" teatrı üçün yazdığı pyeslər ("İnqilab şərarələri", "Rur macərası", "Sabirin məhkəməsi" və sair) öz ideyası və təbliği mahiyyəti ilə diqqəti cəlb edən əsərlər idi.

"Tənqid-Təbliğ" teatrı Azərbaycanda sovet teatrının yaranması və inkişafı tarixində çox maraqlı hadisələrdən biridir. Onun tarixi və tədqiqi ilə teatrşünaslarımız xüsusi məşğul olmalıdır. Bu teatrın bəzi tamaşaları şəxsən mənim də yadımdadır. Gənc yaşlarımda mən də hərdən oraya gedər, işıqlar sönəndən sonra tamaşaçıların gurultulu alqışları altında iki aktyorun pərdənin qabağına çıxmasına və üz-üzə duraraq satirik kupletlər deməsinə tamaşa edərdim. Bu aktyorlardan biri Hacağa Abasov, ikincisi isə Mirzağa Əliyev idi. Onlar hər gün tamaşadan əvvəlki çıxışlarına "Hacı Mirzə" adı vermişdir. Günün ən vacib məsələlərinə həsr edilən satirik kupletlər sanki səhnədə göstəriləcək tamaşalara bir müqəddimə idi. Çox maraqlıdır ki, teatrın foyesi də ümumi ahəngə, üsluba müvafiq olaraq satirik-təbliği bir məzmunda tərtib edilirdi. Divarlara din, mövhumat, gerilik və köhnəlik əleyhinə çevrilmiş böyük və rəngli karikaturalar vurulmuşdu. Bütün bu şəkillər teatrın qapısından içəri girən kimi tamaşaçını müəyyən bir istiqamətdə hazırlayır, ona hərtərəfli təsir bağışlamağa kömək edirdi.

"Tənqid-Təbliğ" teatrından sonra Hacağa Abasov 1923-cü ildən 1929-cu ilədək Azərbaycan Dövlət Dram Teatrının direktoru vəzifəsində çalışmış, Azərkinoda bir sıra filmlərdə (xüsusən "Hacı Qara" filmində) çıxış etmiş, respublikada teatr-kino mədəniyyətinin inkişafında fəal rol oynamışdır. Hacağa Abasovun təşkilatçılıq bacarığına arxayın olan partiya və hökumət onun rəhbərliyi altında respublikanın uzaq rayonlarına, qonşu respublikalara, Sovet Dağıstanına teatr briqadaları göndərir və bu barədə ona lazımi köməklik edirdi.

Hacağa Abasov Azərbaycan mədəniyyəti və incəsənəti aləmində bir çox maraqlı və əhəmiyyətli hadisələrin bilavasitə iştirakçısı və canlı şahididir. Bu gün də yaşının ötməsinə baxmayaraq Abasov incəsənət məsələləri ilə, xüsusən teatr və musiqi məsələləri ilə yaxından maraqlanır, öz məsləhətləri, xatirələri və məqalələri ilə gənc incəsənət xadimlərinə yaxından və məmnuniyyətlə kömək edir.

Hacağa Abasovun həyat kitabında çox-çox mənalı və maraqlı səhifələr vardır. Azərbaycan teatr kollektivləri ilə birlikdə İranın bir çox şəhərlərinə qastrola getməsi, burada dövrün görkəmli adamları ilə görüşməsi, H.Ərəblinski, H.Sarabski, Ü.Hacıbəyov, M.A.Əliyev kimi məşhur incəsənət xadimləri, bir sıra tanınmış rus teatr adamları ilə əməkdaşlıq etməsi, böyük rus ədibi Lev Nikolayeviç Tolstoyun yaşadığı "Yasnaya Polyana" ya gedib məşhur "Hərb və sülh"ün müəllifi ilə görüşməsi, görkəmli inqilabçı və dövlət rəhbərləri olan N.Nərimanov, S.M.Kirov, Q.Musabəyov, R.Axundov və başqalarından göstəriş alaraq işləməsi – bu zəngin həyat kitabının parlaq səhifələridir. Bu nöqteyi-nəzərdən Hacağa Abasovun xatirələri çox qiymətlidir.

Biz əminik ki, qocaman incəsənət xadiminin xatirələri oxucularımızı sevindirəcək, onları Azərbaycan teatrının və mədəniyyətinin keçdiyi yollarla tanış edəcək, teatrımızın tarixini öyrənənlərə əməli kömək edəcəkdir.

M.Arif

Keçmiş Bakı haqqında

Teatrımızın keçmişi, onun inkişaf edərək bugünkü səviyyəyə çatması üçün böyük qayğı göstərən şəxslər, "Tənqid-Təbliğ" teatrı, respublikamızda ilk teatr texnikumu barədə də yadımda qalan bir para xatirələrdən danışmazdan əvvəl, daha doğrusu, əsil mətləbə keçməmiş istərdim ki, gənclərimizə keçmiş Bakı haqqında danışım. Onlar indiki Bakını görürlər. Qoy Bakının keçmişini də təsəvvürlərində canlandırsınlar, onu sosialist Bakısı ilə müqayisə etsinlər.

Keçmişdə Bakının əhalisi azərbaycanlı, erməni, rus və az miqdarda başqa millətlərdən ibarət idi. Mən Bakı əhalisinin cəmi 300 min olduğu vaxtı görmüşəm. Əhalinin əksəriyyətini xırda alverçi, zavod, fabrik, mədən və dəmiryol fəhlələri, dülgər, malakeş, qəssab və sairələri təşkil edirdi. Burada Musa Nağıyev, Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov, Hacı Hacağa Dadaşov, onun qardaşı Hacı Şirəli Dadaşov, Ambarsum Məlikov və qeyriləri kimi milyonçular yaşayırdı. Bunların böyük evləri, fabrikləri, neft quyuları və paroxodları var idi. Bundan başqa onlar şəhərdə 3–4 mərtəbəli binalar tikdirərək bir hissəsində özləri yaşayır, bir hissəsini isə baha qiymətə kirayəyə verirdilər. Fəhlələr və zəhmətkeşlər birmərtəbəli evlərdə və zirzəmilərdə yaşayıb, ağır günlər keçirirdilər. Varlılar xırda alverçilərə müamilə ilə pul buraxaraq İrandan mal gətirir və qazancına da şərik olaraq satdırırdılar. Bundan başqa İran tacirləri hər gün Bakıya bir neçə paroxod müxtəlif yeməli və geyməli şeylər gətirib satırdılar. Paroxod sahiblərinin kontur və dükanları dənizkənarı küçədə (indiki Neftçilər prospektində) yerləşirdi.

Böyük şəhərdə yalnız bir şəhər bağı və bir də indiki Xəqani küçəsi ilə Karqanov küçəsinin kəsişdiyi "Malakan bağı" deyilən bağ var idi. Şəhərdə ikiatlı konka işləyirdi, başqa nəqliyyat isə ancaq faytonlardan ibarət idi. İran hökumətinin zülmündən – Ərdəbil, Astara, Təbriz və Miyanadan qaçıb gələnlər hamballıq edirdilər. Varlılar və avaralar şəhər idarəsi tərəfindən açılmış klublarda qumar oynamaq və şərab içməklə əylənirdilər.

Oğul evləndirəndə və yaxud qız ərə verəndə varlı varlının oğluna qız verər və yaxud varlıdan qız alardı. Kasıbın qızı və yaxud oğlu nə qədər gözəl olsaydı, varlı özünün nəslini onun nəslinə calamazdı. Əgər varlı məscidə, toya və ya bir məclisə getsəydi, lazım idi ki, o, məclisin yuxarı başında özünə layiq yerdə otursun. O məclisdə başqa bir adam cürət edib danışa bilməzdi. Varlılar qoçu saxlayırdılar. Bu qoçular varlıların köməyi ilə qubernator və yaxud qradonaçalnikdən qismən icazə alıb tüfəng, tapança, xəncər gəzdirir, varlılar bir yana getdikdə silahlı sürətdə fəxrlə onun dalınca gedirdilər. Bunların ən güclüləri Kərbəlayı Abdulla Zərbəliyev, Hacıbala Babayev, Teymurbəy Aşurbəyov, Əlihüseyn Babayev və başqaları idi. O zaman Bakıdan Sabunçuya adi qatarla gedirdilər. Bu qoçular çox vaxt ədavət etdikləri adamlarla vaqonlarda tapança və tüfənglə atışardılar. Xülasə, nizam-intizam barəsində bunu demək kifayətdir ki, hərc-mərclik, hoqqabazlıq, dəllallıq və qoçuluq edənlərin işləri yaxşı gedirdi. Molla və axundların dostları ancaq varlılar idi ki, onlar da bir iş düşəndə öz ciblərinin xatirinə din və şəriəti istədikləri kimi təbir edir, Allahın və peyğəmbərin adından cürbəcür fırıldaqlar uydururdular. Əgər varlı oğul evləndirirdisə və yaxud qız ərə verirdisə, molla qızın yaşı düşüb-düşmədiyinə, onun könlü olub-olmadığına baxmaz, bir dəst xələtini və pulunu alıb kəbin kəsərdi.

İrandan bizə tez-tez "qonaq" gələn dərvişlər, falçılar, mollalar şəriət adı ilə əhalini soyur, varlanır və öz yerlərinə qayıdırdılar.

Şəhərdəki gimnaziya və realni məktəblərin şagirdləri ildə yüz əlli manat təhsil haqqı verirdilər. Odur ki, orada ancaq varlıların uşaqları oxuya bilirdi. Kasıbların uşaqları üçün isə üçillik "rus-tatar" və yaxud altı sinifli şəhər məktəbləri var idi. Realni məktəblərə və gimnaziyalara ancaq çox yalvar-yaxardan sonra bəzi varlıların hesabına beş-on nəfər kasıb balası daxil ola bilirdi. O da bu şərtlə ki, həmin kasıb oxuyub qurtardıqdan sonra qulluq edib varlının ona çəkdiyi xərci hissə-hissə özünə qaytarsın.

Bakıda cəmi üç qiraətxana var idi.

Neft mədənlərində işləyən fəhlələr alçaq birmərtəbəli evlərdə yaşayır və çox az maaş alırdılar. Abşeronun ən səfalı bağlı-bağatlı yerləri Bakı milyonçularının əlində idi. Onların bağlarında olan malikanələrinə tamaşa etməyə belə icazə verilməzdi.

Polis məmurları şəhər əhli ilə kefləri istəyən qaydada rəftar edərdilər. Bakıda olan inzibati idarələr səkkiz məntəqədən ibarət idi. Hər məntəqədə baş rəis olardı. Ona pristav deyərdilər. Qumarbazlıq, sərxoşluq, dəllallıq, rüşvətxorluq çox yayılmışdı. Çar hökuməti tərəfindən bir çox fahişəxanalar açılmışdı. Bunlar polis məmurları tərəfindən mühafizə olunurdu.

Hələ Bakıda su kəməri olmadığı vaxtlarda varlılar Şüvəlandan araba ilə su gətirdir, kasıblar isə sudan da korluq çəkirdilər.

Bakıda cəmi bir dənə Mixaylovski xəstəxanası və Qaraşəhərdə neftçilərin xərci ilə tikilmiş başqa bir xəstəxana var idi. Uşaq təbibi tapmaq çox çətin idi. Odur ki, şəhərdə uşaq ölümü çox olurdu.

Keçmişdə Nikolayev adına (indiki Kommunist) küçədə şəhər bələdiyyə idarəsi, dəniz kənarında – indiki təbiblər evində isə qubernatorun idarəsi yerləşirdi. Telefon xətti, telefon aparatları kontorlardan başqa tək-tək evlərdə qoyulmuşdu.

Şəhərdə ancaq "İslamiyyə", "İskəndəriyyə", "Köhnə Avropa" və milyonçu Musa Nağıyev tikdirən "Yeni Avropa" mehmanxanaları var idi.

Hər üç ildə bir dəfə Bakı şəhər bələdiyyə idarəsinə "qlasnı" seçkisi olardı. Evi və alveri olmayan "qlasnı" (deputat) seçilməzdi. Ona görə Dumanın əksər "qlasnıları varlılardan ibarət idi. Cəmi "qlasnılar" həştad nəfər idi. Şəhər bələdiyyə idarəsi rəisinin üç müavini olardı. Bizim bələdiyyə idarəsi rəisi ildə iyirmi min, onun köməkçiləri isə ildə on min manat maaş alardılar.

Bakı bələdiyyə idarəsinə Kursk şəhərindən Nikolay Vasilyeviç Rayevski adlı bir nəfər rəis seçilmişdi. Ona ildə iyirmi min manat maaş təyin olunmuşdu. O, çalışırdı ki, həmvətənlərini də Bakı şəhərinə gətirsin.

Bir dəfə Dumanın iclaslarından birində o, Kurskdan Smirnov familiyalı bir hesabdarın Bakıya çağırılmasını, ona ikiotaqlı mənzil, telefon, fayton və şəhər ətrafında ayrıca yer verilməsini təklif edir. "Qlasnılar" bu təklifə razı olurlar. Smirnov gəlib işə başlayır. Bundan sonra Rayevski yuxarıdakı şərtlərlə Kurskdan Vasilyev familiyalı həkim gətirdir. Sonra şəhər üçün də bir bağban gətirilməsini təklif edəndə "qlasmlar" dan İsrafil Hacıyev Rayevskidən icazə istəyib deyir:

– Cənab Rayevski, sizdən acizanə xahiş etmək istəyirəm: budur üç ay olur ki, bizim Tiflisdə olan Şeyxəlislam vəfat edibdir. Əgər mümkün isə yazıb bizə Kurskdan bir Şeyxəlislam gətirdəsiniz. – Bu sözdən sonra böyük gülüşmə düşür, Rayevski özü də gülür.

İnqilabdan əvvəl şəhərin fırıldaqçıları müxtəlif yollarla camaatın var-yoxunu əllərindən alırdılar. Dua yazmaq, cinləri oyatmaq, uşağı olmayan arvadlara uşaq duası yazmaq geniş surətdə yayılmışdı.

Mən 1888-ci ilin fevral ayında Bakıda – belə bir mühitdə anadan olmuşam. Atam Mütəllib Abasqulu oğlu kənd müəllimi olub, anam Ayna xanım Məhəmməd Səlim qızı isə ev işlərindən başqa dəzgah qurub bafta toxumaqla da məşğul olardı. Uşaqlıqda atam məni aparıb mərkəzi poçt idarəsinin rəisi Sinilnikovun ailəsinə tapşırmışdı. 5 il tamam orada qalandan sonra mən rusca danışmağı öyrəndim. Sonra məni İçərişəhərdə Şah məscidinin yanında olan Mahmudbəy Mahmudbəyovun məktəbinə qəbul etdilər. Rus dilini bildiyim üçün oxuyanlar arasında birinci şagird hesab olunurdum. 3 il ərzində "Rus-tatar" məktəbini bitirdikdən sonra məni Şamaxı yolunda Kalantarovun evində olan 6 sinifli məktəbə qəbul etdilər. Həmin məktəbdə Soltanməcid Əfəndiyevlə bir skamyada oturub dərslərə davam edirdim. Məktəbin müdiri şamaxılı müəllim Həbibbəy Mahmudbəyov idi. Şükürbəy Əfəndiyev, Əli İsgəndər Cəfərov, Süleymanbəy Əbdürrəhmanbəyov, Mehdibəy Hacıbababəyov, Trequlov və başqaları həmin məktəbdə dərs verirdilər. Bizim 6-cı sinif müəllimi şəkili Süleymanbəy Əbdürrəhmanbəyov idi. Onun rusca dərs aparmaqda böyük qüdrəti var idi. Məktəb siniflərinin birində səhnə var idi. Orada mən təzəcə rejissorluğa iqdam etmiş Hüseyn Xələfovla tanış oldum.

Səhnə Qəhrəmanı

Hüseynin atası Bakı dövlətlilərinin paroxodlarında muzdurluq edirdi. Camaat arasında ona Pişgah Məhəmməd deyirdilər. Çox kasıb bir adam idi. Vaxtsız vəfat etdiyindən Hüseyn lap uşaq ikən yetim qalmışdı. Onun dayısı Hacı Ağakərim çox varlı olmasına baxmayaraq Hüseyngilə heç bir kömək etmirdi. Anası Pəri, oğlunu S.M.Qənizadənin müdir olduğu "Rus-tatar" məktəbində oxutmuşdu. Sonralar realni məktəbdə oxuyub rus dilini yaxşı öyrənmişdi. Hələ uşaqlıqdan teatrı sevən Hüseyn tez-tez rus teatrına gedib, orada oynanılan əsərlərə tamaşa edirdi. Hətta məni, Əbülfət Vəliyevi və Sarabskini də özü ilə aparıb sözsüz rollarda çıxış etməyə həvəsləndirirdi. O zaman sözsüz rol ifaçılarına 50 qəpik pul verirdilər. O çox sevdiyi Qoqol, Puşkin və Dostayevskinin əsərlərindən monoloqlar söyləyirdi. Uşaq ikən "Kaspi" qəzetində çalışar, ayda aldığı on yeddi manatla anasını və özünü güclə saxlayırdı.

"Nadir şah"ı hazırlamaq üçün Peterburqdan Aleksandr Aleksandroviç İvanov, Moskvadan isə Petrosyan Bakıya dəvət olunmuşdu. Onlarla Ərəblinski arasında tezliklə səmimi dostluq yarandı. Ərəblinskinin görkəmli bir aktyor kimi yetişməsində hər iki rejissorun böyük köməyi olmuşdu.

1904-cü ildə Xələfovun rəhbərliyi ilə mən birinci dəfə Molla İbrahim Xəlil rolunda səhnəyə çıxmışam. Həmin tamaşanın məşqi artist Cahangir Zeynalovun evində gedirdi. Məndən başqa Əbülfət Vəliyev, Mirmahmud Kazımovski, Rüstəm Kazımov, Məmmədhaşım Əliyev, müəllimlərdən Rəsul Tahirov, Süleyman Sani Axundov, Bədəlbəy Bədəlbəyov da həmin məşqdə iştirak edirdi. Tamaşanın əl ilə yazılmış afişalarından birinə mənim Molla İbrahim Xəlil rolunda şəklim də çəkilmişdi. Tamaşanın ikinci günü on nəfərə qədər molla və dindar indiki Bir may küçəsi ilə Hüsü Hacıyev küçələrinin tinində məni pis sözlərlə təhqir edib döydülər. Polis məmurları məni onların əlindən alıb xəstəxanaya apardılar. İki aya qədər xəstəxanada yatdım.

Sonralar H.Ərəblinski, H.Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük", "Pəhləvanam-zəmanə", "Müsibəti-Fəxrəddin", Ə.Haqverdiyevin "Dağılan tifaq", "Ağa Məhəmməd şah Qacar", xüsusilə böyük dramaturqumuz M. F. Axundov "Hacı Qara", "Lənkəran xanının vəziri", N. Nərimanov "Nadir şah", "Dilin bəlası", "Bahadır və Sona" və başqa başqa əsərlərdə bizimlə birlikdə baş rollarda oynayar və çox vaxt isə həmin tamaşalarda bizə rejissorluq edərdi. Biz Cahangir Zeynalovun evində "Yağışdan çıxdıq, yağmura düşdük" əsərini ilk dəfə tamaşa hazırlayanda bizim rejissorumuz Ərəblinski idi.

Yadıma düşmüşkən bir məsələni də demək istəyirəm: Hüseyn "Ərəblinski" familiyasını sonradan götürmüşdür. Biz tez-tez Dərbənd və başqa şəhərlərə qastrola gedirdik. Bir dəfə Dərbənd qastrolu zamanı orada yaşayan general Ərəblinski bizi öz malikanəsinə qonaq çağırdı. Malikanə Dərbəndin yaxınlığında, indiki Ərəblinski stansiyasında idi. Qonaqlıq zamanı Hüseyn "Ərəblinski" ni səhnə ləqəbi kimi qəbul etdi və sonralar bu adla məşhur oldu.

Hüseyn səhnəmizdə Nadir şah, Ağa Məhəmməd şah Qacar, Xlestakov, Otello, Əhməd Şamxal, Əlmənsur, Fərhad, Ağabala kimi rolları özünəməxsus bir ustalıqla oynamış və böyük şöhrət qazanmışdı. O oynadığı rolun bütün xarakterini, koloritini dərindən öyrənərdi və bunu tamaşaçıya çox gözəl çatdırardı.

İstər "Dursunəli ballıbadı" kimi kiçik əsərdə Ağa Cəfəri, istərsə də bütün dünyada məşhur olan "Otello" da Otello rolunu elə oynayırdı ki, görənlər hər iki ifaya heyran qalırdı. İnsan inana bilmirdi ki, bu rolları oynayan aktyor, yəni Ərəblinski heç də "Axşam səbri xeyir olar" əsərində Ağa Cavadı oynayan şəxsdir. Burada bir misal çəkmək istəyirəm. Rus səhnəsində N. V. Qoqolun "Müfəttiş"indəki Xlestakov çox məşhur və məsul roldur. Bu rolu çox artistlər oynayıblar. Onların çoxu da məhz bu rolla şöhrət qazanmışlar. Səhv etmirəmsə, 1907-ci ildə biz "Müfəttiş" oynadıq. Hüseyn birinci dəfə Xlestakovu, mən isə Osip rolunu oynayırdım. Tamaşaya azərbaycanlılardan başqa teatr sənətinə qiymət verən rus və başqa xalqların nümayəndələri də gəlmişdilər. Hamı bizim N. V. Qoqolu necə başa düşdüyümüzü, onun yaratmış olduğu surətləri səhnədə necə canlandıracağımızı görmək istəyirdi. Tamaşa zamanı alqış səslərinin ardı-arası kəsilmirdi. Bir gün sonra "Kaspi" qəzetində resenziya çıxdı. Orada yazılmışdı ki, N. V. Qoqol öz sağlığında altı aktyorun Xlestakov rolundakı çıxışına tamaşa etmiş və heç birindən razı qalmamışdı. Əgər Qoqol sağ olsaydı və dünən gecə Bakıda müsəlmanların oynadığı "Müfəttişə"ə baxıb Ərəblinskinin Xlestakovu necə ifa etdiyini görsəydi, bu böyük aktyordan razı qalardı.

Bununla mən onu demək istəyirəm ki, H.Ərəblinski üçün rolun böyük-kiçiyi yox idi.

H.Ərəblinski həmişə böyük rus aktyorları ilə dostluq və yaxınlıq edərdi. Bakıya gələn rus aktyorlarını görmək, onların oyunlarına baxmaq onun birinci arzusu olardı. Bizi də özü ilə belə tamaşalara aparar, onlardan öyrənməyi məsləhət görərdi. Mən Şalyapinlə şəxsən Ərəblinskinin vasitəsi ilə tanış olmuşam.

O, Moskva Bədaye Akademik Teatrının gözəl aktyoru Kaçalovla da dost idi və bir neçə monoloqu da ondan öyrənmişdi. Ərəblinski konsert, müsamirə və məclislərdə "Hamlet" dən və başqa klassik dramlardan məharətlə, ustalıqla monoloqlar söyləyirdi. Onun monoloqlarına qulaq asanlar heyran qalırdılar. Öz sənətinin aşiqi olan bu mahir aktyor qabiliyyətli oyunları ilə tamaşaçıları məftun edirdi.

Polonskinin truppasında Pyotr Krayedski adlı bir komik var idi. Bu adam həm yaxşı aktyor, həm də savadlı, məlumatlı bir teatrşünas idi. Aktyorluq sənəti haqqında faydalı məsləhətlər verərdi. Ərəblinski məni də onunla tanış etmişdi. Krayedski komik aktyorun xüsusiyyətləri haqqında bizimlə söhbət aparardı, mühazirə oxuyardı, komik rolun oynanılması üsullarını öyrədərdi.

Azərbaycanlı aktyorlardan kino-filmlərdə birinci oynayan Ərəblinski olmuşdu. 1916-cı ildə Bakıda çəkilmiş "Neft və milyonlar səltənətində" filmdə Lütfəlibəy rolunu çox məharətlə oynamışdı.

H.Ərəblinski səhnəyə o qədər vurulmuşdu, səhnəyə o qədər aşiq idi ki, hətta söhbət zamanı and içmək lazım gələndə o: "and olsun səhnəyə" deyərdi. Onun üçün səhnədən başqa and, səhnədən müqəddəs bir şey yox idi. Teatr, səhnə Ərəblinski üçün həyatın mənası demək idi. Məşq üçün onun evinə yığışdığımız zaman Hüseyn bizə böyük aktyorlardan, dramaturqlardan, rəssamlardan danışardı.

Gənc aktyorlara daim qayğı göstərən bu sənət vurğunu, həm də sədaqətli və mehriban bir yoldaş idi.

Yaxşı yadımdadır, 1918-ci ildə bir gün Hüseyn Ərəblinskinin anası Pəri xala bizim evimizə gəlib anama dedi:

– Məni Hüseyn göndərib ki, Hacağanı onun yanına çağırım.

Anam məni yuxudan oyadıb bunu xəbər verdi. Bir saat keçməmiş mən Ərəblinskinin evində oldum. O xeyli qəmgin və fikirli oturmuşdu. Səbəbini soruşduqda başına gələn əhvalatı belə nəql etdi:

– Hacağa, – dedi – qəmli olmağımın səbəbi budur ki, keçən gün "Şəms" restoranına gedib yemək istədim. Hacı Aslan Məcidov kababçılıqdan bir az pul qazanıb, özü də ancaq kassada oturur. Oğlu Əliheydər isə restoranı idarə edir.

Hacı Aslan soyuqqanlıqla mənə baxıb dedi ki, Əliheydər, dünəndən qalmış tavakababından qızdırıb bu artistə ver. Bu söz mənim əhvalımı pisləşdirdi, evə ac gəldim. Hacağa, indi mənim qəmli olmağımın səbəbini bildin? Əgər bir vaxt "qiyamət günü" deyilən əhvalat baş versə nə olacaq? Dünyada ömür keçirib gedən peyğəmbərlər gələcəklər məhşərə. Qeybdən səs gələcək: "Ya Musa, sənə inanan kəsləri çək qabağa" – Bu vaxt məhşər əhli görəcək ki, Edisson öz ixtiraları ilə, məşhur musiqi ustadı Rubinşteyn öz musiqi aləti ilə, professor Akinşeviç öz cərrah bıçağı ilə gəlib bir yanda dayanacaq; sonradan əmr olunacaq: "Ya İsa, çək gəlsin sənə inananları". Bu vaxt görəcəklər ki, Puşkin, Qoqol, Lev Nikolayeviç Tolstoy öz kitabları ilə, sonra Belinski öz əsərləri ilə gəldilər. Əlbəttə, bu təklif Məhəmmədə də ediləcəkdir. Bu zaman məhşər əhli görəcək ki, qovurmacı Əbdüləli, onun dalınca kababçı Hacı Aslan Məcidov gəlib Məhəmmədin hüzurunda duracaqlar. Məhşər əhli qəhqəhə çəkib gülüşəcək, Məhəmmədin ümmətinə əcəb afərin deyəcək… Görəsən, Hacağa, elə bir dövr gələcəkmi ki, bizim bu yazıq xalqın fikrinə, istedadına, onun incəsənətinə qiymət versin?..

H.Ərəblinskini ölüm bizim əlimizdən çox tez aldı. Onun mənalı, zəngin həyatı, istedadı, səhnə fəaliyyəti qatilin bir gülləsi ilə əbədi susdu. Müsavat hökuməti caniyə cəza tələb edən yüzlərlə şikayət ərizəsini cavabsız qoydu. Qatilə ağdan-qaraya söz demədi.

Bu sadə, təvazökar yoldaşı və böyük səhnə xadimini dəfn edən zaman Bakının bütün ziyalıları, sənət dostları olan zəhmətkeşləri yas paltarı geymişdilər, dəfn mərasimi böyük izdihama çevrilmişdi. Ü.Hacıbəyov, N.Vəzirov, Ə.Haqverdiyev, A.M.Şərifzadə, C. Cabbarlı; başqa xalqlardan Abelyan, Tosqunyan, Amiraqo, Axmeteli kimi bir çox səhnə aşiqləri gözüyaşlı halda mərhumun cənazəsini əlləri üstündə qəbiristana apardılar. Onun qəbri başında nitq deyənləri ağlamaq boğurdu.

Əfsuslar olsun ki, H.Ərəblinski Sovet hökumətini, onun sənətə, sənətkara verdiyi yüksək qiyməti görə bilmədi.

Maarifpərvər Dramaturq

1906-cı il may ayının 6-da Bakı Duması binasında, məktəblər şöbəsində müəllim Həbibbəy Mahmudbəyov məni Nəcəfbəy Vəzirovla tanış etdi. O zaman Nəcəfbəy həmin şöbənin müdiri idi və yavaş-yavaş Bakı kəndlərində məktəblər açdırmağa başlamışdı. O mənim aktyor, atamın isə maştağalı olmasını öyrənərək 1906-cı ilin avqust ayında məni özü ilə Maştağaya apardı. Camaatı yığıb belə bir söhbət etdi.

– Qardaşlar, mən yazıçıyam, özüm də qarabağlıyam. Burada mənim kimsəm yoxdur. Bu kənd Bakı kəndlərinin hamısından böyükdür, əhalisi çoxdur. Lazımdır ki, siz oğlan və qızlarınıza tərbiyə verəsiniz. Gərək siz özünüz məktəbə kömək edəsiniz. Məktəb bu kəndə işıq saçar. Bu kənddən alim adamlar yetişər və kəndiniz abad olar.

O vaxt mollalardan biri Nəcəfbəyə belə cavab verdi:

– A kişi, bizə məktəb vacib deyil, biz qızlarımızı məktəbə qoymarıq. Kəndimiz onsuz da işıqlıdır, məktəbin işığını istəmirik.

Bu əsnada Maştağa kəndində bağı olan şəhər Dumasının rəisi İratski gəlib məclisə çıxdı. Kənd əhli ona böyük ehtiram bəsləyirdi. İratski dedi:

– Həzərat, siz bu kişini tanımırsınız. Bu alim və yazıçı bir şəxsdir. Biz bunu dumanın məktəblər şöbəsinə qoymuşuq ki, sizin balalarınız üçün məktəblər açsın. Əgər siz razı olmasanız onda biz Pirşağıda məktəb açarıq. Əgər məktəb baş tutsa, mən sizi bir il vergidən azad etdirərəm.

Kənd əhli bunu eşidən kimi mollanı sakit edib, hamı birsəslə məktəb üçün əl qaldırdılar və Nəcəfbəydən çox razı qaldıqlarını bildirdilər. Beləliklə Maştağada birinci məktəb 1906-cı ildə Dövlət oğlu Məmmədin evində açıldı.

Mən get-gedə Nəcəfbəylə yaxından dost oldum. O, Bakıda Zeynalabdin Tağıyevin mətbəəsində çap olunmuş pyeslərindən birini mənə bağışlamışdı. Onun "Yağışdan çıxdıq, yağmura düşdük" əsərində mayor Xudaverdibəyov rolunu mən, Aşıq Vəli rolunu isə Mirzağa Əliyev oynamışdı. O vaxt səhnədə ustad rejissor olmadığı üçün məşğələlərə Nəcəfbəy özü rəhbərlik edirdi.

"Pəhləvanam-zəmanə" əsəri Balaxanı dərnəyində oynayan zaman tamaşaya gələn fəhlələr Nəcəfbəyi səhnəyə dəvət etdilər. Tamaşaçılar ona çiçək bağışladılar. Sonra Xanlar Səfərəliyev aktyorları fəhlələrin yataqxanasına aparıb çay verdi. Biz fəhlələrlə söhbət edərkən onlardan Muxtar Cəbiyev qolunu Nəcəfbəyin boynuna salaraq dedi ki, qorxmayın, fəhlə sinfi sizin arxanızda möhkəm duracaq, belə əsərlərdən çox yazın. Siz güman etməyin ki, varlılar və qoçular bizi qorxudub yolumuzdan çıxara bilərlər. Vaxtilə avamlıq da məhv olub gedəcək. Mən ümumi fəhlələr adından sizi və aktyorları təbrik edirəm.

Məclis qurtarmamışdı ki, mədənlərdən növbədən qayıdan üç yüzə qədər fəhlə "Pəhləvanani-zəmanə"nin təzədən göstərilməsini xahiş etdilər.

Gecə saat bir olduğu üçün aktyorların arasında narazılıq hiss olundu. Lakin Xanlar xahiş edib bizi razı saldı və biz əsəri ikinci dəfə tamaşaya qoyduq. Səhər saat beşdə aktyorlar Nəcəfbəy Vəzirovla şəhərə yola düşdülər.

Müəllim Həbibbəy Mahmudbəyov, Əbdürrəhimbəy Haqverdiyev, Süleyman Sani Axundov, Abdulla Şaiq və mən tez-tez Nəcəfbəyin evinə yığışıb gördüklərimizdən, eşitdiklərimizdən şirin söhbətlər edərdik.

Nəcəfbəy, "İvan Qroznı"nı tərcümə edib teatr kitabxanasına vermişdi. Nəcəfbəy Vəzirov mehriban və şirindil olduğu üçün teatrda aktyorlar və xidmətçilər arasında böyük hörmətə malik idi.

Söz ustadının hüzurunda

Məktəbdə oxuyanda atam ana dilimizi yaxşı bilməklə bərabər, rus dilini də öyrənməyi tövsiyə edərdi. Mən mərkəzi poçt idarəsinin rəisi Sinilnikovun evində olarkən onun uşaqlarının əlindən A.S.Puşkinin, L.N.Tolstoyun kitabları yerə düşməzdi. Mən də yavaş-yavaş bu kitabları mütaliə etməyə başladım. Məndə o vaxt L.N.Tolstoyun əsərlərinə xüsusi maraq oyandı. Etiraf etməliyəm ki, həyatı və rus dilini öyrənməkdə bu kitablar mənim üçün bir məktəb oldu.

Sonra həvəskarların verdiyi tamaşalarda iştirak etdiyim zaman, Cahangir Zeynalovun təşəbbüsü ilə L.N.Tolstoyun "Əvvəlinci şərabçı" əsəri Bakıda ilk dəfə tamaşaya qoyuldu. Tamaşada mən də iştirak edirdim. Tolstoyun əsərlərini oxuduqca ona rəğbətim daha da artırdı. Məndə onun əsərlərini ana dilimizə tərcümə etmək həvəsi oyandı. İstəyirdim ki, onun əsərlərini bizim xalq da oxusun. Bu həvəs və arzu ilə onun "Allah haqqı bilsə də tez bəyan etməz" hekayəsini ana dilimizə çevirdim və "Dəbistan" jurnalına apardım. Tərcüməni bəyəndilər və 1906-cı ildə jurnalın 16-cı nömrəsində çap etdilər. O qədər sevindim ki, elə bil dünyanı mənə bağışladılar.

1906-cı ilin sonunda təhsilimi artırmaq üçün Petrovski-Port şəhərinə getdim. Burada ali pedaqoji məktəbdə oxumaqla, tez-tez Dağıstana gələn Cahangir Zeynalov və Hüseynqulu Sarabski ilə bərabər səhnə fəaliyyətimi də davam etdirirdim. Əbdürrəhimbəy Haqverdiyev və Nəcəfbəy Vəzirovun pyeslərini Petrovski-Port, Buynaksk və bir çox şəhər və aullarda tamaşaya qoyardıq.

Petrovski-Portda ədəbiyyat müəllimi Əli Qasımovla tanış oldum və get-gedə onunla dostlaşdım. Məlum oldu ki, o da mənim kimi L.Tolstoya pərəstiş edənlərdəndir, hətta onunla məktublaşır da. Əli müəllim Tolstoyun "Allah haqqı bilsə də tez bəyan etməz" əsərini Azərbaycan dilinə tərcümə etdiyimi də ona yazmışdı. Əli Qasımov dedi ki, Tolstoyla şəxsən görüşmək istəyirəm və ona məktub yazıb xahiş edəcəyəm ki, Yasnaya Polyanaya – onun yanına gəlməyə icazə versin.

Sonra Əli Qasımov mənim də onunla getmək istəyib istəmədiyimi soruşdu.

– Əli qardaş, – dedim – canla-başla gedərəm, təki Lev Tolstoy xahişinizi qəbul etsin.

Yaxşı yadımdadır, 1907-ci ilin aprel ayında L.Tolstoyun şəxsi katibi Çeritkovun imzası ilə Əli müəllimə bir məktub və yol xərci olaraq yüz əlli manat pul gəldi. Məktubda yazılmışdı ki, Lev Nikolayeviç ona qonaq getməyimizə məmnuniyyətlə razıdır. Bu xəbər məni o qədər sevindirdi ki, gecə səhərə kimi gözümə yuxu getmədi. Özözümə sual verirdim ki, dahi söz ustadının hüzurunda özümü necə aparacağam, onunla necə danışacağam.

1907-ci il aprelin 14-də Əli Qasımovla Yasnaya Polyanaya – Lev Nikolayeviçin malikanəsinə getdik. Yaz günü idi, Əli qabaqda, mən də onun arxasınca pilləkənlə yuxarı mərtəbəyə qalxdıq. Müşayiətçi bizi geniş bir otağa apardı. İcazə aldıqdan sonra ədibin iş otağına daxil olub salam verdik. Şəkillərdə gördüyüm ağsaqqallı adam başını yuxarı qaldırıb, bizə baxdı, gözlərini qıyaraq gülümsündü, köhnə tanış kimi bizim salamımızı aldı. Bu əsnada onun arvadı Sofiya Andreyevna otağa daxil oldu. Tolstoy bizi nişan verərək dedi:

– Sofiya Andreyevna, mənim Qafqazlı müsafirlərə artıq dərəcədə ehtiramım var. Sən bilirsən ki, keçmişdə Kazan darülfunununda oxuyan vaxt mənə Şərq dillərindən təlim verən qafqazlı şərqşünas professor Mirzə Kazımbəy olmuşdur. Qonaqlarımıza hörmət və ehtiram etmək lazımdır.

Sofiya Andreyevna dedi ki, qonaqlara ayrıca mənzil düzəltmişəm.

Yol gəlib, yorulduğumuz üçün Lev Nikolayeviç bizimlə çox söhbət etmədi. Axşam görüşərik – deyib bağa gəzməyə getdi. Arvadı Sofiya Andreyevnanın tapşırığı ilə bizi yaraşıqlı, rahat bir otağa apardılar. Yeyib-içdikdən sonra bir qədər yatıb dincəldik.

Axşam Lev Nikolayeviç bizi şama dəvət etdi. Biz həyəcanlı halda onun yanına getdik. Ədib bizi səmimi, açıqürəklə qarşıladı. Söhbət zamanı mənim rus dilində sərbəst danışmağım onun çox xoşuna gəldi. Biz ona əsərlərinin Azərbaycan ziyalıları arasında böyük rəğbət qazandığını, sevilə-sevilə oxunduğunu söylədikdə gülümsünüb razılığını bildirdi. O, Qafqaz xalqlarının həyatı, məişəti ilə maraqlandığı üçün bizə də bu barədə tez-tez suallar verirdi. Lev Nikolayeviç Şərq ədəbiyyatından söhbət açdı, Sədi və Hafizin yaradıcılığından danışdı. M.F.Axundovu xatırladı. Söhbət zamanı Şərq dillərindən söz düşdükdə Lev Nikolayeviç bizə fikrini izah etdi ki, mən Kazan Darülfunununda Şərq dillərini öyrənən zaman yoldaşlarımdan biri mənə dedi ki, sənə ərəb dili nə verə bilər, fransız, ingilis dillərini öyrən, o daha çox faydalı olar. Mən ona cavab verdim ki, fransız və ingilislər də vaxtı ilə çox şeyi ərəblərdən öyrənmişlər və bir də ərəb dili çox zəngin dildir. Ərəb dilində olan kitablarda böyük və mənalı sözlər var ki, onları bilmək mənə və sənə çox fayda verə bilər. Bu sözləri Şərq dilləri müəllimi eşidib məndən çox razı qalmışdı.

Biz üç gün Yasnaya Polyanada Lev Nikolayeviç Tolstoyun qonağı olduq. Çertikov bu müddətdə bizi kəndin görməli yerləri ilə tanış etdi. Kənd camaatı Lev Nikolayeviçi çox sevir, ona böyük hörmət bəsləyirdilər və onu özlərinə ata hesab edirdilər.

Biz yola düşəndə Lev Nikolayeviç Tolstoy "Hərb və sülh" əsərinin bir nüsxəsini Əli müəllimə, bir nüsxəsini də mənə bağışladı. O, hər iki kitaba öz əli ilə belə yazmışdı: "Yadigar üçün. Lev Nikolayeviç Tolstoy".

Biz böyük ədiblə görüşüb yola düşdük.

O vaxtdan xeyli keçmişdir. Lakin indi də böyük ədibin surəti gözümün qabağında, səsi qulağımda, məhəbbəti qəlbimdə yaşamaqdadır.

Ücretsiz ön izlemeyi tamamladınız.

₺66,95
₺133,90
−50%