Kitabı oku: «Qəzəllər»
SÖZ SƏRRAFI1
Hacı Maili gənc yaşlarımdan tanıyırdım. Ona həmişə böyük hörmətim olub.
Hacı Mail bütün Abşeronun, Bakı kəndlərinin sevimlisi idi. Şirin danışığı, hazırcavablığı, ədəb-ərkanı, duzlu-məzəli söhbətləri ilə hamının qəlbinə yol tapardı.
Cavan olmasına baxmayaraq, Mailə bütün Bakı kəndlərinin toy-büsat mərasimlərində xüsusi hörmətlə yanaşıb daim yuxarı başda oturdar, salamlaşmağa, kəlmə kəsməyə, şuxluq etməyə can atardılar. O da öz növbəsində hamı ilə görüşüb söhbət etməyə, hamıdan hal-əhval tutmağa çalışardı.
Xanəndələr Hacı Maildən hansı dəstgahı dinləmək istədiyini eşitdikdə, onun bu arzusunu böyük məmnuniyyətlə yerinə yetirərdilər. Dəstgahın ifası zamanı Füzulinin, Seyid Əzimin, Racinin, Sərrafın, Səməd Mənsurun, Həsən Səyyarın, Ağadadaş Münirinin, Azərin, Saqibin və Vahidin qəzəlləri ilə yanaşı, Mailin də qəzəlləri oxunardı. Bu da, sözsüz, məclisi daha da rövnəqləndirərdi.
Bildiyiniz kimi, Nardaran Abşeron kəndləri arasında dindarlığı, şeirə-sənətə, xüsusilə muğama vurğunluğu ilə fərqlənir. Mail məhz bu kənddə doğulduğundan uşaqlıqdan İslam dininə, klassik ədəbiyyatımıza, Şərq poeziyasına, ərəb və fars dillərinə böyük maraq göstərərdi.
O, elm, hikmətli sözlər və gözəl şeirlər öyrənmək üçün Abşeronun, eləcə də Azərbaycanın bütün rayon və kəndlərini qarış-qarış gəzər, köhnə savadlı kişilərdən eşitdiklərini öz dəftərçəsinə qeyd edərdi. Qısa müddətdən sonra bu söz inciləri əzbərlənib ayrı-ayrı məclislərdə şövqlə səslənərdi.
Mən Mailin bizim Kürdəxanı kəndinə, dövrünün ən ziyalı adamlarından biri olan Məşədi Hüseynağanın yanına gəlib ondan çoxlu şeir öyrəndiyinin dəfələrlə şahidi olmuşam.
Hacı Mail əsl söz sərrafı, şeir-sənət aşiqi idi. Məclislərdə hamı ona qulaq kəsilər, danışmağı, şeir oxumağı, Füzuli qəzəllərini təhlil etməyi xahiş edərdi. Mail də öz növbəsində poeziyamızın günəşi hesab olunan Füzulinin qəzəllərini elə məharətlə təhlil edərdi ki, hamı, o cümlədən peşəkar ədəbiyyatçılar belə ona heyran qalardılar.
Məlumdur ki, Füzulini təhlil etmək o qədər də asan məsələ deyil. Bunun üçün ərəb və fars dillərini, ana dilini, Qurani-Kərimi, dini, şəriəti, islam tarixini, məzhəbləri, əruzu, qədim Şərq fəlsəfəsini, bütünlükdə Şərq poeziyasını, təbabətini və əsatirini bilmək lazımdır. Əks təqdirdə Füzulini açmaq qeyri-mümkündür.
Hacı Mail bu sahələrin hamısından yaxşı xəbərdar idi. Üstəlik poeziyanı dərindən duyurdu və rəvan təbli şair idi. Bu səbəbdən Füzulini gözəl şərh etməyi bacarırdı.
Cəsarətlə deyə bilərəm ki, ürəfa məclislərində Füzulini Əli Fəhmidən sonra Hacı Mail qədər gözəl aça bilən ikinci şəxsə rast gəlməmişəm.
Rəhmətlik Mail mənimlə söhbətlərində tez-tez deyərdi ki, Füzulinin türk divanındakı bütün qəzəlləri şərh etməyə nail olmuşdur.
Hacı Mailin klassik ədəbiyyatımızın təbliği sahəsində də misilsiz xidmətləri olub. O, Füzulinin türk divanının elmi-tənqidi mətnini hazırlayıb nəşr etdirmiş, “Leyli və Məcnun” əsərinin elmi-tənqidi mətnini redaktə etmiş, Cahanşah Həqiqinin əsərlərini oxuculara çatdırmışdır.
Hacı Mail vaxtı ilə Bakıda məşhur olan “Məcməüş-şüəra” ədəbi məclisini öz Nardarandakı evində bərpa etdirərək onun ilk sədri seçilmişdi. 1994-cü ildə isə “Füzuli” ədəbi məclisinin əsasını qoyub ömrünün sonunadək ona rəhbərlik etmişdi.
O, həm də klassik üslubda, ələlxüsus əruz vəznində yazan bir çox istedadlı gəncin aşkara çıxarılıb şair və sənətkar kimi yetişməsində çox böyük rol oynamışdır. Misal üçün təkcə mərhum Baba Pünhanı göstərmək kifayətdir.
Mail özü də, Füzuli demişkən, “ləbi Hikmət Dayəsi (Allah-təala – V.M.) tərəfindən şeir cəhdi ilə tər qılınmış” püxtə şair idi. Bizə gözəl qəzəllərdən, qəsidələrdən, tərcibəndlərdən, tərkibbəndlərdən, novhələrdən, mürəbbelərdən, müxəmməslərdən, müsəddəslərdən, müsəbbelərdən, müsəmmənlərdən, qitələrdən, təxmislərdən və təzminlərdən ibarət zəngin irs qoyub getmişdir. Təkcə qəzəllərinin sayı mindən artıq idi.
Təəssüf ki, Mailin indiyədək həcmcə çox da böyük olmayan iki kitabı çapdan çıxmışdır ki, bunlar da onun şeirlərinin az bir qismini təşkil edir.
Mailin həm əruz, həm də heca vəznlərində oxunaqlı şeirləri çoxdur. Onlar mövzu baxımından rəngarəngliyi ilə fərqlənir: vətən və millət sevgisi, Allah, Peyğəmbər (s), Əhli-Beyt (ə) eşqi, Kərbəla vaqiəsi, dünyanın faniliyi, zülmə, haqsızlığa nifrət, dostluğa, sədaqətə məhəbbət, doğruluğa, düzgünlüyə dəvət, kin-küdurət, ədalətsizliklə barışmamaq və s.
Mail hələ gənc ikən Azərbaycan oğlu olduğunu, özünü vətənsiz təsəvvür etmədiyini bəyan etmişdi:
Hər kim soruşa gər mənim ünvanımı sizdən,
Ol şəxsə deyin: “Mailin ünvanı vətəndir!”.
O, Azərbaycanı bütöv olaraq sevirdi. Bakı ilə Təbrizi bir-birindən ayırmır, özünü o taylı-bu taylı Azərbaycan oğlu sayır, gec-tez vətənin birləşəcəyinə ürəkdən inanır, bu günü böyük həsrətlə gözləyirdi:
Ağlım söz kəsəndən bu günə kimi,
Dilimdə əzbərdir sözü Təbrizin.
Necə şükr etməyim ulu Tanrıya,
Mənə qismət oldu özü Təbrizin!
…Birləşdi Vyetnam da, Korey, alman da,
Bircə biz qalmışıq yarı o yanda,
Yarısı həsrətlə baxır bu yanda,
Gözlər həsrət gözü bizi Təbrizin…
Hacı Mail Allah-təalanı hər şeydən uca tutur, Rəbbinin məxluqatı gözəl yaratdığını, insanlara səmavi kitablar, peyğəmbərlər göndərib onları doğru yola dəvət etdiyini, xudbinlikdən, mənəm-mənəmlikdən uzaq olub bir-birləri ilə dostluq, ülfət etməyi, mehriban olmağı tövsiyə edirdi. O, insanların öz nəfslərinə uyaraq Allahın tövsiyələrini və buyruqlarını unutduqlarını ürək yanğısı ilə qələmə alırdı:
…“Sən”ü “mən” kəlməsi aləmdə Sənə məxsusdur,
“Sən” üçün əfv elə, ey qadiri-sübhan Rəbbim.
“Biz” sözündən budu məqsəd ki, biz “mən” deməyək,
“Mən” sözü etdi bizi gör nə pərişan, Rəbbim.
“Mən” sözü əzbər olubdur dilimizdə daim,
Cəhl ilə eyləmişik aləmi viran, Rəbbim.
…Zahirən adımız olmuşsa müsəlman, əmma,
Eylərik nəfsimizə dini də qurban, Rəbbim…
Hacı Mail Məhəmməd Peyğəmbəri (s) Allah-təalanın yaratdığı ən gözəl, ən kamil, ən yüksək insan sayır, risalətinin əbədi olduğunu bəyan edir, ariflərin onu könül sultanı saydığını, cahillərin isə anlamadığını bildirirdi:
Ya Mühəmməd! Ya Nəbi! Ey bir adı Xeyrül-bəşər,
Olmasaydın dərk qılmazdı şərü xeyrin bəşər.
Ol ki, arifdir, bilir yetməz sənə kim, bir nəbi,
Ol ki, cahildir, səni dərk eyləməz, cəhl eyləyər.
Şair müttəqilərin imamı Əli əleyhissəlamı isə irfan dəryası, Allahın şiri, din uğrunda bir çox vuruşun qəhrəmanı, səxavət kanı, ən çətin şəri məsələləri həll edə biləcək kimsə, igidlik, müdriklik rəmzi kimi vəsf edirdi:
Əhli-irfanə, könül, bir ismi-pünhandır Əli,
Kimsə bilməz ki, necə bir əhli-irfandır Əli.
Olmasaydı “Zülfiqar”, əldən gedərdi dinimiz,
“La fəta illa Əli”yə bunca bürhandır Əli.
Bir qəzavat olmayıb keçsin Əlisiz şər’idə,
Düşmənani-müslimə bir şiri-meydandır Əli.
…Yox Peyəmbərdən sora bir kəs Əliyə tay ola,
Batinin gör, zahirən hərçənd insandır Əli!
Hacı Mail bütövlükdə Əhli-Beyti (ə) geniş tərənnüm edir, İmam Hüseyn əleyhissəlamın Allahın dəvətini böyük şövqlə qəbul etdiyini, İlahi imtahandan ləyaqətlə çıxdığını, özünü din, əqidə, amal, azadlıq, İslamın ülviyyəti uğrunda qurban verdiyini vurğulayırdı:
Otursun başda məclisdə Mühəmməd ibni Əbdullah,
Onun yanında əyləşsin, Əliyyül-Mürtəza gəlsin.
Həsən bir yanda əyləşsin, bəzətsin bəzmi-irfanı,
Hüseyn şəm’i-büsat olsun, şəhi-Kərbübəla gəlsin.
Həyavü ismətin kani, əlində qanlı bir köynək,
Şəfaət verməyə məhşər günü Xeyrünnisa gəlsin.
və yaxud:
“Qalu bəla”də tək Hüseyn söylədi Xaliqə “bəla”,
Dərk eləməz “bəla” sözün Kərbübəlayə gəlməyən.
Şair fani dünya malına aludə olanların, düzlükdən, doğruluqdan, halallıqdan uzaqlaşanların halına ürəkdən acıyırdı:
Dünya malına, mülkünə divanə olan çox,
Öz meylini bihudə bu dünyayə salan çox.
Dünya malını heç neçəyə – müftə alan çox,
Düzlük qıt olub, ərşə çıxıb, leyk olan yox.
Hacı Mailin yaradıcılığı ilə yaxından tanış olan hər bir kəs onu ilk növbədə qəzəl şairi kimi tanıyırdı. Mailin qəzəlləri ülvi məhəbbətin tərənnümünə həsr olunmuş əsl poeziya nümunələri idi. O, şeirdə və qəzəldə dahi Füzulini əlçatmaz zirvə, Vahidi isə Ustad hesab edirdi.
İnamla deyə bilərəm ki, Hacı Mail bu gün xanəndələrimizin Füzuli, Hacı Seyid Əzim və Vahiddən sonra ən çox müraciət etdikləri şairlərdən biridir.
Hacı Mail Allahın mömin bəndələrindən idi. O, sovet dönəmində, ateizmin tüğyan etdiyi bir şəraitdə heç kimdən çəkinmədən hər il öz evində Peyğəmbərimizin (s) mövlud gününü böyük təntənə ilə qeyd edər, aşura mərasimləri keçirərdi.
Mövlud günü sözün əsl mənasında Peyğəmbərə (s) layiq bir məclis olardı. Bu məclislərdə Məhəmməd salavatullahın nübüvvətindən, Qurani-Kərimdən, dinimizdən, şəriətimizdən geniş söhbət açılar, Peyğəmbərimizə (s), Əhli-Beytə (ə) həsr olunmuş gözəl şeirlər oxunardı.
Hacı Mail çox maraqlı, təkrarolunmaz bir insan idi. Onunla ünsüyyətdə bulunan hər bir kəs duzlu-məzəli söhbətlərindən doymaq bilməzdi. Sözü həmişə yerində, özü də çox gözəl deyərdi.
Zarafatları bu gün də dostların, onu yaxından tanıyanların dilindən düşmür. Sizi inandırıram ki, əgər bu zarafatları bir yerə toplasaq, çox maraqlı bir kitab əmələ gələr.
Hacı Mail dostluqda və yoldaşlıqda da möhkəm idi. Hamının xeyir-şərində yaxından iştirak edər, gəlişi ilə məclisləri zinətləndirərdi. Azərbaycanın elə bir bölgəsi yoxdur ki, oraya getməmiş olsun.
Bu gün Hacı Mail aramızda yoxdur. O, haqq dünyasında, bərzəx aləmindədir.
Biz Hacı Mailin 80 illik yubileyini onsuz keçiririk.
Hacı Mailə ən böyük ehtiramımız bundan ibarət olar ki, onun bütün əsərlərini küll halında nəşr etdirib geniş oxucu kütləsinə çatdıraq. Bununla da biz, bir tərəfdən, şairin nigaran ruhunu intizardan qurtarmış olarıq, digər tərəfdən isə mailsevərləri bir daha ürəkdən sevindirərik.
Hacı Vasim MƏMMƏDƏLİYEVakademik
HACI MAİL
(Tərcümeyi-hal)
Görkəmli füzulişünas-alim, qəzəlxan-şair, filologiya elmləri namizədi Mail İsmayıl oğlu Əliyev (Hacı Mail) 1935-ci il oktyabr ayının 25-də Bakının Nardaran kəndində dindar bir ailədə dünyaya gəlmişdir. Atası İsmayıl Hacı Məhəmməd Tağı oğlu Nardaranda və ətraf kəndlərdə sayılıb-seçilən, möhtərəm və təqvalı şəxslərdən biri idi. Anası Hüsniyyə xanım o zamanın imkanlı şəxslərindən olan Seyfulla kişinin qızı idi.
Heç bir xüsusi təhsili olmasa da İsmayıl kişi İslam dininin incəliklərinə, klassik Şərq ədəbiyyatına, xüsusən Məhəmməd Füzuli yaradıcılığına dərindən bələd idi. O, öz evində tez-tez dini və ədəbi məclislər təşkil edər, o dövrün söz və irfan əhlini bu məclislərə dəvət edərdi. Məhəmməd Peyğəmbərin (s) mövlud gününü və İmamlarımızın (ə) təvəllüd və vəfat günlərini vaxtlı-vaxtında qeyd edərdi (Sonralar bu ənənəni Hacı Mail öz evində davam etdirirdi). Bu məclislərdə dini mövzuda söhbətlərlə yanaşı, klassik ədəbiyyatımızın görkəmli nümayəndələrinin yaradıcılıq- larına da müraciət olunar, Nizami, Füzuli, Nəsimi, Seyid Əzim və digər böyük sənətkarların əsərlərində işlənən çətin anlaşılan beytlər şərh olunardı. Yaşı az olduğuna görə Maili bu məclislərə buraxmazdılar. Lakin qadağalara baxmayaraq, balaca Mail gizlicə qapının arxasından içəridə gedən söhbətlərə diqqətlə qulaq asardı. Uşaq yaşından Füzuli şeirinin, Füzuli sözünün sehrinə düşən Mailin klassik ədəbiyyata və şeir yazmağa marağı təbii idi.
II Dünya Müharibəsinin qanlı-qadalı illərində Mail Nardaran kəndindəki 130 nömrəli orta məktəbin birinci sinfinə getməyə başlayır. Elm öyrənməyə, hərtərəfli savad almağa hədsiz həvəsi vardı Mailin. Lakin bir tərəfdən müharibənin ağır şərtləri, digər tərəfdən ailənin böyük olması və maddi çətinliklər onun məktəbə davamiyyətini aşağı salırdı.
O vaxtlar Nardaran əhalisinin əksəriyyəti əkinçilik, az bir hissəsi isə balıqçılıqla məşğul olurdu. İsmayıl kişinin də bir qədər əkin sahəsi vardı. Ailənin böyük övladı olan Mail təsərrüfat işlərində atasına köməklik göstərirdi. Bununla belə gənc Mail imkan tapan kimi mütaliə ilə, xüsusən klassik ədəbiyyatı mütaliə etməklə məşğul olardı.
İsmayıl kişinin qulağı ağır eşitdiyinə görə onu müharibəyə aparmamışdılar. Mail özündən yaşca kiçik olan beş qardaşının və dörd bacısının həyatda uğur qazanması üçün əlindən gələni əsirgəmirdi. Buna görə Hacı Mail gənc yaşlarından öz nəslində və kənd camaatı arasında böyük hörmət qazanmışdı.
1951-ci ildə Mail Nardaran məktəbinin yeddinci sinfini bitirir və qonşu qəsəbə Maştağadakı 128 nömrəli orta məktəbin səkkizinci sinfinə getməyə başlayır. O zaman Nardaran məktəbi yeddiillik olduğundan təhsilini davam etdirmək istəyən nardaranlılar Maştağa məktəblərinə oxumağa gedərdilər. Bu məktəbdə dərs deyən Məmməd Nuru oğlu, Seyid Əli müəllim kimi Şərq ədəbiyyatını mükəmməl bilən müəllimlərdən ədəbiyyat dərsləri alan Mail, həmçinin Maştağa ədəbi mühitinin görkəmli nümayəndələri – Məhəmmədəli Şəfayi, Hacı Kazım, Ağahüseyn Əfsun, Seyidağa kimi şairlərlə yaxından tanış olur (Sonralar onlarla dostluq edir). Məktəbdə ədəbiyyat dərnəkləri təşkil edir.
Hacı Mail rəsmi təhsillə yanaşı, o vaxt Nardaranda və ətraf kəndlərdə tanınmış alim, şair və arif Hacı Şeyx Əli “Tuti” təxəllüsdən şəriət və irfan, Paşa Mirzəbağır oğlundan (Hacı Paşa Əzadar) əruz və qafiyə, Zirə kəndində şeyx Əhməddən hüsnxət (qeyd etmək lazımdır ki, Hacı Mailin nəstəliq xəttində gözəl xətti vardı), Binə kəndində Ağa Mövsüm Naseh təxəllüsdən (Nəcəf alimi) hikmət və fəlsəfə, Bakıda əslən iranlı olan Məşədi Lətifdən fars dili və ədəbiyyatı, Abşeronun məşhur muğam bilicilərindən olan Məşədi Səməd, Məşədi Şükürdən muğam dərsləri alır.
Hacı Mail həmçinin Kürdəxanı kəndində klassik ədəbiyyatımızın gözəl bilicilərindən olan Məşədi Hüseynağa, Məşədi Məzahir, Maştağa kəndindən Mir Əbdülqəni ağa, Buzovna kəndindən əslən nardaranlı olan, Nəcəf təhsili almış alimlərdən Məşədi Məzahir, məşhur şərqşünas alimlərdən Əli Fəhmi, professor Əkrəm Cəfər, ustad qəzəlxan Əlağa Vahid və dövrünün digər böyük şəxsiyyətləri ilə gənc olmasına baxmayaraq həm dost olmuş, həm onlardan elm və irfan öyrənmiş, həm də onlarla birlikdə müxtəlif elmi və ədəbi məclislərdə iştirak etmişdi.
1956-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olur. İdmana böyük həvəsi olan Mail boks üzrə müxtəlif yarışlarda iştirak edir. Bir çox yarışların qalibi olur. 1960-cı ildə bu institutda təhsilini başa vurur. 1977-ci ilə kimi müxtəlif vəzifələrdə çalışır.
Hacı Mailin bir şair kimi püxtələşən və məşhurlaşan dövrü 1960-1980-cı illərə təsadüf edir. Onun yazdığı qəzəllər dillərdə əzbər gəzir, hamı tərəfindən sevilir. Xanəndələr el şənliklərində Mailin qəzəllərini ifa edirdilər. Mailin çox gənc yaşlarında yazdığı “Arif olanın sevgili cananı Vətəndir”, “Az elə nazı mənə, məhz budur nöqsanın”, “Nola ol yar məni bircə dəfə yad eləsin”, “Yenə meydan oxuyur qəmzələrin cəlladə”, “Hərdən ol qönçə dodaqlar açılır, xəndə olur” və s. qəzəlləri xalq tərəfindən çox bəyənilirdi. Qeyd etmək lazımdır ki, 60-cı illərdən bu yana Azərbaycan xanəndələrinin Füzuli, Seyid Əzim və Vahiddən sonra qəzəllərinə ən çox müraciət etdikləri şair məhz Hacı Mail olmuşdur.
Hacı Mail 1977-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutuna elmi işçi kimi işə qəbul olunur. Aldığı ali təhsilin başqa sahəyə aid olmasına baxmayaraq, fars və ərəb dillərini bilməsi, klassik Şərq ədəbiyyatına dərindən bələd olması, ərəb əlifbası ilə gözəl xəttə malik olması, əlyazma kitabları üzrə mütəxəssis olması onun bu instituta məmnuniyyətlə qəbul edilməsinə səbəb olur. Akademiya həyatı, elmi mühit Hacı Mailin elmi fəaliyyətinin inkişaf etməsində xüsusi rol oynayır. Burada o, özünə gözəl alim dostlar qazanır: Mərhum akademik Ziya Bünyadov, akademik Həmid Araslı, professor Əkrəm Cəfər (əruzşünas-alim), görkəmli alim professor Rüstəm Əliyev, professor Əbülfəz Rəhimov (mərdəkanlı, mətnşünas-alim) professor Cahangir Qəhrəmanov (Əlyazmalar İnstitutunun sabiq direktoru), akademik Bəkir Nəbiyev, akademik Hacı Vasim Məmmədəliyev və bir çox başqa böyük alim və səmimi insanlarla dostluq onun elmi fəaliyyətində də özünü göstərir. Ömrünün sonuna qədər – yəni, 20 ildən artıq bir dövr ərzində məhsuldar işlədiyi bu institutda Hacı Mail Məhəmməd Füzuli divanının müxtəlif ölkələrdə qorunub-saxlanılan ən qədim nüsxələri üzərində tədqiqat işi aparmış, Füzuli divanının kamil elmi-tənqidi mətnini hazırlamışdı. Lakin uzun müddət əlyazma halında qalan bu kitab, nəhayət, 1996-cı ildə Məhəmməd Füzulinin anadan olmasının 500 illiyi münasibəti ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin sərəncamı ilə çap olunur. Bundan başqa o, həm də Füzuli divanına geniş şərh yazmışdır. Həmin şərhlərin bir qismi mətbuatda dərc olunmuşdur.
Hacı Mailin elmi fəaliyyəti təkcə Füzuli yaradıcılığı ilə məhdudlaşmırdı. O, məşhur Qaraqoyunlu hökmdarlarından olan Cahanşah Həqiqinin əsərlərini çapa hazırlamış (mərhum professor Əbülfəz Rəhimovla birlikdə) və Azərbaycanın tanınmış şairlərinin novhə və mərsiyələrindən ibarət “Dahilərin göz yaşı” adlı kitabını çap etdirmişdi. Redaktorluğu altında bir çox kitablar çap olunmuşdu: “Kişvərinin seçilmiş əsərləri”, Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsərinin elmi tənqidi mətni, “Hacı Şeyx Əli Tutinin şeirləri”, “Füzuliyə təxmislər” və s.
Hacı Mailin şeirləri gənc yaşlarından Azərbaycanın müxtəlif qəzet və dərgilərində çap olunurdu, lakin ilk dəfə kitab şəklində 1986-cı ildə “Yazıçı” nəşriyyatı tərəfindən nəşrə hazırlanan “Qəzəllər” toplusunda 60 qəzəli çap olunmuşdu. 1994-cü ildə isə “Azərbaycan” nəşriyyatında dahi şairimiz Məhəmməd Füzulinin 500 illik yubileyi münasibətilə “Qəzəllər” kitabı buraxılmışdı.
1990-cı ilin yayında Hacı Mail öz evində əsası 1860-cı ildə Bakı şəhərində qoyulmuş, lakin Sovet hökuməti tərəfindən 1924-cü ildə qapanan “Məcməüş-şüəra” ədəbi məclisini bərpa edir. Bu münasibətlə məclisin üzvü mərhum Namiq Şəfayi (maştağalı şair Məhəmmədəli Şəfayinin oğludur) yazır:
…Yığılıb gəldi bütün şairlər,
Məsləhət eylədi, tədbir oldu.
Şüəra məclisi, bu ali bina,
Düzəlib, bir daha tə’mir oldu.
Şükrilillah ki, yetişdim kamə,
Mailin döndü evi pir oldu…
Əruz vəznində, sonradan isə hecada və sərbəst vəzndə də yazan şairlər Hacı Mail tərəfindən bu məclisə dəvət olunurdular. “Məcməüş-şüəra”nın fəaliyyəti televiziya ekranlarında işıqlandırılır, ölkə mətbuatında bu haqda məqalələr çap olunurdu. Qonşu İran və Türkiyənin mətbuatında da bu məclis haqqında məlumatlar verilirdi. İran İslam Respublikasında dərc olunan “Füruği-azadi” qəzetinin 1370-ci il 13-14 azər (04-05 dekabr 1991) nömrələrində Əhməd Azəroğlu yazır:
“Bu ədəbi əncümən 20-ci illərə qədər davam etmiş, sonra şura hökuməti iş başına gəldikdə qapandı. O zaman arabir bir para evlərdə gizli şəraitdə cələsələr keçirilirdi. 1923-cü ildə bu gizli cələsələr də həmişəlik tətil oldu.
1990-cı ildə bu məclis təzədən Nardaran şəhrində Hacı Mailin başçılığı ilə hər həftə şənbə günləri mürəttəb təşkil olur və 1991-ci ildə hökumət tərəfindən rəsmiyyətlə tanınmışdır”.
Məşhur qəzəl şairləri: Həkim Qəni, Ələkbər Şahid, Rüstəm Samit, Cəfər Rəmzi, Mirzə Müştaq, Ağaəmi Buzovnalı, Ənvər Nəzərli, Şahin Fazil, Elnarə Buzovnalı, Namiq Şəfayi, Baba Pünhan, Hacı Ələmdar Mahir, Hacı Qəzənfər Talib, Hacı Yaşar Cahid və başqaları bu məclisin daimi iştirakçıları idilər.
Bir müddət sonra məclis Bakıya köçərək Mədəniyyət fondunda fəaliyyətini davam etdirməyə başlayır. Lakin müəyyən səbəblərə görə Hacı Mail öz istəyi ilə məclisin sədrliyindən uzaqlaşır.
1994-cü ildə Hacı Mail “Füzuli ədəbi məclisi” adlı yeni bir şeir məclisi təşkil edir. Ömrünün sonuna kimi, yəni 1999-cu ilə qədər bu məclisə rəhbərlik edir.
1990-cı ildə Hacı Mail Azərbaycan Respublikasından ilk dəfə olaraq Həcc ziyarətinə gedən zəvvarların sırasında Məkkə ziyarətinə gedir. 1991-ci ildə İran İslam Respublikasında rəsmi səfərdə olur. Məşhəd şəhərində İmam Rza (ə)-ın məqbərəsini ziyarət edir. Təbrizdə, Ərdəbildə, Qumda və başqa şəhərlərdə müxtəlif tədbirlərə qatılır. 1994-cü ildə Kərbəlada, Nəcəfdə və İraqın başqa şəhərlərində İmamlarımızın (ə) məzarlarını ziyarət edir. 1996-cı ildə İraqda Məhəmməd Füzulinin 500 illik yubileyi münasibəti ilə keçirilən konfransda Azərbaycandan gedən nümayəndə heyətinin tərkibində olur. Dəfələrlə Türkiyədə, Orta Asyanın bir çox şəhərlərində, Rusiyada keçirilən elmi-dini konfranslarda iştirak edir. Elmi, ədəbi və dini fəaliyyətlərinə görə Azərbaycanın və başqa ölkələrin fəxri adları və təşəkkürnamələri ilə təltif olunur.
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundakı elmi fəaliyyətinə, dahi şairimiz Məhəmməd Füzulinin “Divan”ının elmi-tənqidi mətninə, M. Füzulinin “Leyli və Məcnun” əsərinin tədqiqatçı-alim Ayna Babayeva tərəfindən hazırlanmış elmi-tənqidi mətninin mükəmməl redaktəsinə və s. elmi işlərinə görə 1997-ci ildə Hacı Mailə müdafiəsiz “filologiya elmləri namizədi” (filologiya üzrə fəlsəfə doktoru) elmi dərəcəsi verilir.
1995-ci ildə Hacı Mailin 60 illik yubileyi dövlət tərəfindən qeyd edilir. Vəfatından sonra, 2005-ci ildə 70 illik yubileyi Azərbaycan Respublikası Mədəniyyət nazirliyi tərəfindən Respublika sarayında təntənəli surətdə qeyd olunur. Həmin il “Lider” televiziya kanalı Hacı Mailin həyat və yaradıcılığına həsr olunmuş “Hacı Mail nağılı” filmini çəkir (Rejissor Ələkbər Muradov, ssenari müəllifi Zahir Adiloğlu). Tanınmış jurnalist Zahir Adiloğlu Hacı Mailin xatirəsinə həsr olunmuş “Sonsuz ömrə nöqtə qoyulmaz” adlı kitab çap etdirir. 2006-cı ildə isə “Divan”ı və “Qoşmalar” kitabı nəşr olunur.
Həmçinin Sona Xəyalın 1995-ci ildə çap olunmuş “Mailin ünvanı vətəndir” bədii-publisistik məqalələrdən ibarət kitabını, 2000-ci ildə Ənvər Nəzərlinin eyni adla çap etdirdiyi, sənət dostları tərəfindən Hacı Mailə həsr olunmuş şeirlər toplusunu, 2009-cu ildə muğamşünas-jurnalist Vaqif Əliyevin Hacı Mailin muğam görüşlərinə həsr olunmuş “Muğam aşiqi” kitabını və haqqında yazılmış saysız-hesabsız məqalələri göstərmək olar.
1999-cu ilin əvvəllərində xərçəng xəstəliyinə mübtəla olan Hacı Mail əməliyyat olunmaq üçün İran İslam Respublikasının paytaxtı Tehran şəhərinə yola düşür. Uzun müddət Tehranda müalicə alır. Lakin təəssüflər olsun ki, bütün bu müalicələr və cərrahi müdaxilə heç bir müsbət nəticə vermir. Hacı Mail 1999-cu ilin avqust ayının 22-də Nardarandakı evində vəfat edir və böyük bir izdihamla Nardaran məzarlığında dəfn edilir.
… Hacı Mail ölümünə saatlar qalmış gənc yaşlarında qələmə aldığı – “Arif olanın sevgili cananı Vətəndir” rədifli qəzəlinə cavab olaraq yazır:
“Ey əhli-Vətən, siz mənim ünvanımı bildiz,
Bundan sora bu sevgili ünvan sizin olsun.
Keyfiyyətin axırda bilərsiz bu cəhanın,
Zövqü yox olan mülki-Süleyman sizin olsun.
Yarın qəmi-hicranına çox dözmüşəm, indi
Mən getdim, həmən möhnəti-hicran sizin olsun!…”
Arif olanın sevgili cananı Vətəndir,
Həm namusu, həm qeyrəti, vicdanı Vətəndir.
Hər kəs vətəni sevməsə, insan deyil əsla,
İnsan olanın cismidə həm canı Vətəndir.
Min dərdə düçar olsa da övladi-vətən gər,
Hər çarəsini qılmağa Loğmanı Vətəndir.
Yarın qəmi-hicranına dözməkdə nə vardır,
Ən müşkül olan dəhrdə, hicrani-Vətəndir.
Ölsəm Vətən uğrunda buna fəxr edərəm mən,
Könlüm, nə zaman istəsə, qurbani-Vətəndir.
Hər kəs soruşa gər mənim ünvanımı sizdən,
Ol şəxsə deyin: – Mailin ünvanı vətəndir.
QƏZƏLLƏR
«Könlüm açılır harda, könül, bir qəm olanda…»
Könlüm açılır harda, könül, bir qəm olanda,
İlla ki, o qəm könlüm ilə bahəm olanda.
Gər ağlamaya aşiq özü, dərdi bilinməz,
Gözdə qəmi-aşiq oxunar, göz nəm olanda.
Çox şükr, məni Tanrı əzəl xəlq eləyibdi,
Mən sinli idim, gördüyünüz aləm olanda.
Nə qumru səsi dəymiş idi guşi-cahanə,
Nə bülbülün əfğanı, mənim naləm olanda.
Dünyayə günəş nurunu saçmazdı o vaxtlar,
Həq nuri ilə dəhrdə bir kölgəm olanda.
Dünyadə seçib, axırı aşiqliyi tutdum,
Hər iş keçilir gər tutanı sərsəm olanda.
Mail, sənə bu əhli-cahan vermədi qiymət,
Onda biləcək qədrivi el, sən kəm olanda.
«Dünya dəyişir yar ilə mən həmdəm olanda…»
Dünya dəyişir yar ilə mən həmdəm olanda,
Həm də açıram qəlbim ona bahəm olanda.
Göz yaşı tökür gül üzünə qəlbimi açcaq,
Ruyi görünür, güldə necə şəbnəm olanda.
Öpmək dilədim xalını bir gün, məni qovdu,
Ərz etdi, gələrsən bura əqlin cəm olanda.
Adəm babanı qovmadılar baği-behiştdən?
Səhv etmə, keçilməz, nə olar Adəm olanda.
Xoş gündə bizim yadımıza Tanrı da düşmür,
Amma çağırıb yalvarırıq iş nəm olanda.
Tanrı verəcək ruzimizi məncə o gündən,
Bismillah ilə süfrəmizə əlhəm olanda.
Şairliyi şadlıqda, könül, tapmayıram mən,
İlhamı gəlir Mailin hər gün qəm olanda.
«Dərdü qəm çəkməyə aşiq gərək amadə ola…»
Dərdü qəm çəkməyə aşiq gərək amadə ola,
İstəməz aşiq olan, qüssədən azadə ola.
Mən qəmi-yar ilə dünyayə bu gün sultanəm,
Könlümün var qərəzi, yar üçün üftadə ola.
Mahrulər hamı səndən gərək alsın ibrət,
İstəyirlərsə sənintək hamısı sadə ola.
İstəyir Xızr əgər abi-həyati tapsın,
Ləblərin ondan ötür onda gərək badə ola.
Sənə bənzər gözəli dəhridə tapmaq müşkül,
Nə ki, insan, gözəlim, gərçi pərizadə ola.
Görməyənlər səni fəxr eyləməsin aləmdə,
Məncə onlar buna layiqdü ki, rö’yadə ola.
Yaşadır daima, Mail, səni bu şe’rlərin,
Kaş yarın kimi şe’rin də dəxi sadə ola.
«Hərdən məni yar badi-səbadən xəbər alsa…»
Hərdən məni yar badi-səbadən xəbər alsa,
Qorxmam sora gər üstümü yüz min xətər alsa.
Cananıma can vermək üçün uf demərəm mən,
Axşam verəcəkdir, onu gərçi səhər alsa.
Bir busə alam yardən, ol qədr sevinnəm,
Sanki birisi kəndi verib, bir şəhər alsa.
Əğyarə bica könlünü vermiş yenə ol yar,
Vardır yeri ondan geriyə birtəhər alsa.
Mən ki, o üzü görmüşəm əğyardə, ey dil,
Ondan onu müşküldü əgər yüz nəfər alsa.
Səntək, gözəlim, bir də gözəl bəsləyə bilməz,
Yüz ildə əgər baği-gülüstan bəhər alsa.
Bihudə qəzəllər yazanın yox sayı, Mail,
Gəlsin yanıma hər kəs əgərçi gühər alsa.
«Yumşalır, vallah, fəğanımdan əgərçi daş ola…»
Yumşalır, vallah, fəğanımdan əgərçi daş ola,
Daş ürəkli yar üçün az qaldı könlüm daş ola.
Sirdaşım Məcnunə zülm etdin, mənə rəhm eylə, gəl,
Söylədi fərq eyləməz, Məcnun sənə qardaş ola.
Bir kəsin ki, həmdəmi səhradə olsun vəhşilər,
Söylə, heç layiqmidir, ondan sənə yoldaş ola?
Canımı qurban dedim, gülzarə gəlsə dilbərim,
Bir belə qurban qəbulu gülşən içrə, kaş ola.
Şe’rə gəlməz, yarımın tə’rifi müşküldür, bilin,
Çəkməgə ta əksini acizdü yüz nəqqaş ola.
Şəm’i-ruyin görməyə biganələrdə hal yox,
Gün çıxan dəmdə görən olmuşmu bir xəffaş ola?
Mail, ol dildarə mümkünmü yaxın düşsün yetən?
Yarıma meyl eyləyən kəsdə gərək yüz baş ola.
«Neylərəm bu canı mən, aləmdə o yar olmasa…»
Neylərəm bu canı mən, aləmdə o yar olmasa,
Ya ki, yarım neyləyər gər aşiqi-zar olmasa.
Yüz qəmi-hicranə dözmək xoş gəlir canan üçün,
Yox cahanın ləzzəti, yari-vəfadar olmasa.
Dün səri-kuyindən əğyarı qovubdur dilbərim,
Neyləyək, nöqsanıdır, gər bu ona ar olmasa.
Tə’nələr çəkdim xəlayiqdən səninçün, zövq ilə,
Nə könüldür o könül, dərd ilə bimar olmasa.
Vəslini etsəm tələb cananımın, eyb etməyin,
Kim verər öz kuyini aşiq tələbkar olmasa?
Dişlədim lə’li-ləbin, öpdüm əlavə gül üzün,
Aşiqin nöqsanı olmazdı, tamahkar olmasa.
Maili cananının zülmü qəzəlxan eyləmiş,
Gəlməz ilhamə əgər yari cəfakar olmasa.
«Kimsə irad tuta, eşqidə Fərhadımıza…»
Kimsə irad tuta, eşqidə Fərhadımıza,
Bu elə bir ləkədir hamımızın adımıza.
Hamının məqsədi birdir nə qədər aşiq var,
Belə gündə çağıraq bir-birini dadımıza.
Eşidə Davud əgər naləmizi fəxr eylər,
Əhsənüllah deyər o bizim ustadımıza.
Birinə məqsədimiz olmayıb əsla pislik,
Nə də bir kimsə çıxarmaz bu sözü adımıza.
Bizi azadə ikən ovladı mahir ovçu
Ki, o gündən də əsirik dəxi səyyadımıza.
Eşqdəndir nə qədər ahü fəğan etsək biz,
Kimsə nöqsan tuta bilmir odu fəryadımıza.
Bizə bu fəxr yetər gərçi ölürkən, Mail,
Verə bilsək bu təmiz eşqi biz övladımıza.
«Hər kəs o qönçəvəşin bülbüli-şeydası ola…»
Hər kəs o qönçəvəşin bülbüli-şeydası ola,
Nə olar gündə onun yüz dəfə rüsvası ola?
Belə bir dilbər üçün can verəsən, ləzzəti var,
Bəlkə ondan sora ömrün dəxi mə’nası ola.
Mənə tərk et dedi zahid rəhi-meyxanələri,
Bu onun bəlkə yatandan sora rö’yası ola!
Can fəda etməlidir aşiq olan dilbərinə,
Kuyi-dildardə gər vəsl təmənnası ola.
Mail, eşq əhlinə yersiz sözü, sə’y et, yazma,
Elə söz yaz ki, onun gizli müəmması ola.
«Baxmadın sən, gözəlim, hüsnüvə qurban olana…»
Baxmadın sən, gözəlim, hüsnüvə qurban olana,
Həsrəti-vəslin ilə qəlbi dönüb qan olana.
Bu fələk arif olanlarla müdara etməz,
Hər cür imkanı verər dəhrdə nadan olana.
Bir əlac eyləmədin dərdinə aşiqlərivin,
Bu işin layiqi yox çün adı Loğman olana.
Ey könül, ləng ola aləmdə işin, fikr etmə,
Fələk əvvəl sataşar hər işi səhman olana.
Mənə yüz cövr elədin dinmədim, ey məh, əsla,
Nə deyim mən, gözəlim, könlümüzə can olana.
Səndən heç kimsə deyil razı, fəqət rast oldum,
Həsrətinlə peşəsi möhnəti-hicran olana.
Mailə hər nə qədər cövr eləyirsən, eylə,
Tanrı çox səbr verib məncə qəzəlxan olana.
«Gülşəni-dəhrdə bəslənmiş əgər yüz gül ola…»
Gülşəni-dəhrdə bəslənmiş əgər yüz gül ola,
Sevmərəm mən birini ömrüm, inan, min il ola.
Mən sənin aşiqinəm, qeyrə könüldə yer yox,
Saçıvın ətrini verməz, dəxi yüz sünbül ola.
Vəsli-cananə can atmaz, gözəlim, aşiqlər,
Vəsli-mə’şuqə gərək aşiq üçün müşkül ola.
Sənə gülşəndə, gülüm, mehr salanlar çoxdur,
Aşiqi-mahi-rüxündən biri də bülbül ola.
Özgə bir dilbərə gər meyl eləsəm aləmdə,
Yeri vardır başıma, sonra inan ki, kül ola.
Qəzəlin şə’ni böyükdür arasında xəlqin,
Mail, hərgah onu da sadə deyən bir dil ola.
«Çalış, aləmdə, könül, pis deməsinlər adına…»
Çalış, aləmdə, könül, pis deməsinlər adına,
Yaxşılıq eyləməyin gəlməsə də gər yadına.
Yüz dəfə pislik edibsən, əvəzi pislik olub,
Niyə bir yaxşılığın baxmadın heç vaxt dadına?
Qorxu, pislik və təkəbbür kişiyə xas olmaz,
Bu sifətlər yaramaz bəlkə də, ey dil, qadına.
Sən bu dünyayə gələndə nə idin? Bir fikr et,
Olmusan əhli-qürur, əvvəlini sal yadına.
Keçiribsən ömürü, əllidən ötmüş artıq,
Qismət olsa nə qalıb yetmişinə, həştadına?
Sən nəsihət eləməkdən, bu mənim olmuş işim,
Az qalan ömrünü sən vermə cəhalət badına.
Olmadın heyf ki, bir şairə ustad, Mail,
Barı, rəhmət deyiləydi sən öləndə adına.
«Vəsli xoşdur yarımın, xoşdur mənə hicranı da…»
Vəsli xoşdur yarımın, xoşdur mənə hicranı da,
Könlümü verrəm yolunda, üstəlik bu canı da.
Yar özü salmış məni dərdə, edər həm çarəmi,
Özgələrdən istəməm mən dərdimə dərmanı da.
Kuyi-cananı behişt ilə dəyişsəm, nakəsəm,
Vermərəm bir muyini gər versələr dünyanı da.
Olmasa üzdə həya, əğyarə bənzər ol sifət,
Gör necə sevmək dilər mən sevdiyim cananı da.
Heç rəvadır yarımı əğyar sevsin, mən baxım?
Bir kənarə gər qoyaq insafı da, imanı da.
Eşq hədsiz aşiqi etmiş giriftar mən kimi,
Vamiqi, Məcnunu, Fərhadı və həm Kən’anı da.
Sadəlikdir, doğrudur, Mail, sənətdə ustalıq,
Heç zaman yaddan çıxarma, şe’ri də, mə’nanı da.
«Hər kəsin mənzili bu dəhrdə meyxanə ola…»
Hər kəsin mənzili bu dəhrdə meyxanə ola,
Qəmi-yar ilə əlində dolu peymanə ola.
Qeyrilər tə’nəsinə olmaya əsla səbri,
Həm onun qəmlərinə yar özü biganə ola.
Belə dərdə kim əlac eyləyəcək dünyadə,
Gərək axırda o aşiq dəli-divanə ola.
Leyli-Məcnunə əvəz olmayıb aşiq-mə’şuq,
Kəsmir ağlım yenə də bir belə əfsanə ola.
Düşməsin badə əlindən gərək aşiq olanın,
Zahidin əldə necə təsbehi səddanə ola.
Hər kəs istər bu cahan zülm ilə viran olsun,
Uçsun öz başına, öz xanəsi viranə ola.
Hər nə lazımsa onu əhli-qələmlər yazmış,
Mail, indi nə yazaq, şe’rdə dürdanə ola?
«Dün ki, meyxanədə yarımla qalandan sonra…»
Dün ki, meyxanədə yarımla qalandan sonra,
Rəhm edir halıma o, hali olandan sonra.
Zülmkardır dedi biganə mənə o yarı,
Uymaram bir də ona, mən bu yalandan sonra.
Yaralı könlümə bica yerə məlhəm qoyma,
Çox çətin dirçələ bir qönçə, solandan sonra.
Tar-mar eylədi könlüm evini o dilbər,
Özümə gəlməyirəm mən bu talandan sonra.
Necə mən səbr eləyim, ahü fəğan eyləməyim,
Dilbərim meylini əğyarə salandan sonra.
Yar, hərçənd mənə naz ilə bir lütf etdi,
Səbrimin kasəsi, əlbəttə, dolandan sonra.
Yazdığım şe’rləri topla həvəslə, Mail,
Bəlkə onlar ola lazım qocalandan sonra.
«Sanma gülzardə səntək, gözəlim, bir gül ola…»
Sanma gülzardə səntək, gözəlim, bir gül ola,
Yaxud aləmdə saçıntək açılan sünbül ola.
Bu təravətlə səni kim görə gülzar içrə,
Yox təəccüb yeri, eşqinlə dönüb bülbül ola.
Kuyini sən mənə yüz dəf’ə, gülüm, və’d elədin,
Qorxuram bu yenə əvvəlki kimi müşkül ola.
Səni məndən və özündən elədi axırda,
Görüm, ey kaş, gözünə bunca rəqibin kül ola.
Şairin yazdığı gər xəlqə gərəksə, Mail,
Özü də, tərbiyədə məncə gərək qabil ola.
«Ey dil, yetəcəksən yenə cananə, darıxma…»
Ey dil, yetəcəksən yenə cananə, darıxma,
Hərçənd dönübdür ürəyin qanə, darıxma.
Səbr ilə olur müşkül işin dəhrdə asan,
İşlər düşəcək axırı səhmanə, darıxma.
Bülbül də gülün vəslinə səbr ilə yetişdi,
Fəryad ilə gəlmişdi gülüstanə, darıxma.
Səbr eyləmədim mən də əzəl cövri-nigarə,
Yarım dedi: Döz möhnəti-hicranə, darıxma.
Pərvanə kimi yanmalıdır eşqə hər aşiq,
Eşqin oduna yan dəxi mərdanə, darıxma.
Baxma, sənə, ey məh, əl açıb yalvarırıq biz,
Əl açmamışıq nə şaha, sultanə, darıxma.
Səndən nə gedir Mailə bir yaxşılıq etsən,
Eşqin eləyibdir onu divanə, darıxma.
«Rə’na gözəlin ədası olsa…»
Rə’na gözəlin ədası olsa,
Əxlaqı və həm həyası olsa.
Dünyayə dəyişməm ol nigarı,
İffətdən əgər libası olsa.
Xoş dindirə aşiqin görəndə,
Vardır yeri həm fədası olsa.
Hər cövrünə qatlaşar sevən kəs,
Minnətlə çəkər cəfası olsa.
Canan deyil ol gözəl, nigarım,
Zahid kimi min riyası olsa.
Əfv eyləməyi bilə münasib,
Aşiqlərinin xətası olsa.
Həm Mailə mən deyərdim aşiq,
Məcnun kimi xoş sədası olsa.
«Dərdü qəmimi yarə dedim, bilmədi, əmma…»
Dərdü qəmimi yarə dedim, bilmədi, əmma,
Dərdim fələyi əgdi, o incilmədi əmma.
Ol gün ki, bu dünyayə qədəm qoymuşam, ey dil,
Ondan bəri bir gün də üzüm gülmədi, əmma.
Canan qabağında bükülüb döndü kəmanə
Qəddim, əgilib nakəsə əskilmədi əmma.
Kuyində dünən ağlamışam xeyli, nigarım,
Dəsmalın alıb göz yaşımı silmədi əmma.
Dünya nə veribsə hamını aldı əlimdən,
Bircə tükənib dərdü qəm əskilmədi əmma.
Dözməz bu qədər dərdə dedin axırı Mail,
Bərkdir üzü, vardır nəfəsi, ölmədi əmma.
«Etməsə aşiq əgər canını cananə fəda…»
Etməsə aşiq əgər canını cananə fəda,
Yeri var sonra ola möhnəti-hicranə fəda.
Can ilə sevgili cananə gərək can verəsən,
Niyə lazımdı o can olmasa o canə fəda.
Necə mən fəxr eləyim canımı versəm yarə,
Olur hər gün ona yüz mən kimi divanə fəda.
Sən məni yad eləyib seyri-gülüstan etsən,
Olaram hər qədəmində o gülüstanə fəda.
Şəm’in əfsanəsi bir böylə deyilməz əsla,
Olmasa şö’ləsinə eşqdə pərvanə fəda.
Məqsədin bilmədim aləmdə nədir, billahi,
Ey olan şövqlə bu mülki-Süleymanə fəda.
Mailin yazdığı şe’ri cırıb atdın qəsdən,
Sənə bir şe’r nədir, yüz belə dürdanə fəda.
«Həqiqət üstünə, ey dil, çəkib pərdə, hicab olma…»
Həqiqət üstünə, ey dil, çəkib pərdə, hicab olma,
Günəş nurini gizlətmə xəlayiqdən, səhab olma.
Cahan gülzarına sə’y et, olub bülbül, nəvalər qıl,
Vəlakin gülşəni-dəhrə girib, mişkin qürab olma.
Çalış insanlığa səndən xətalar yetməsin əsla,
Bu növ’i ad qazan daim, nə kim, əhli-əzab olma.
Cahan varı cahanındır, nə ki, cəm’ eyləyən şəxsin,
Xəyali-mali-dünyayə düşüb, qəlbi kəbab olma.
Yetişsin təşnələr kamə, ləbindən abi-cür’əylə,
Çalış, səhradə ümmid qıran, seyli-sərab olma.
Şərab içsən, “təhur”undan çalış, meylin qəbul etsin,
Vəli meyxanədə sən maili-qeyri-şərab olma.
Nəsihət şe’rə ziynətdir, çalış yer ver ona, Mail,
Nəsihət etmədən köçmə, dönüb əhli-türab olma.
«Aşiq oldur dəhrdə ancaq hesabı eşq ola…»
Aşiq oldur dəhrdə ancaq hesabı eşq ola,
Qeyri möhnət çəkməyə, dərdi, əzabı eşq ola.
Yanmasın bir qeyri ətəşdə dili-sədparəsi,
Yansa da ancaq cahanda, qoy, kəbabi-eşq ola.
Həsrəti-canan ilə qoy, müttəsil zar ağlasın,
Ta tökülsün göz yaşı, lakin, gülabi-eşq ola.
Pərdədən çıxsın gülüm, rüxsar açıb aşiqlərə,
Mən ona bir söz deməm, hərgah hicabı eşq ola.
Görməsə cananını aşiq yanarmı atəşə?
Görmədim bir yerdə mən eşqi, qiyabi eşq ola.
Ey soran: “Məcnun neçün çöldə atəşdən yanmadı”?
Söylə, mümkünmü yana aşiq? Sərabı eşq ola.
Şe’rivi xeyli zamandır gözlərik həsrətlə biz,
Durma, bir göstər hünər, Mail, səvabı eşq ola.
«Aşiq əgər öz eşqi ilə olmasa rüsva…»
Aşiq əgər öz eşqi ilə olmasa rüsva,
Layiq deyil aşiq adı məncə ona əsla.
Aşiq adını dəhrdə hər kəs ala bilməz,
El cümlə bilir ki, necə müşküldü bu sevda.
Tab eyləməz hər kimsə bu sevdayə cahanda,
Aşiq olanın qismətidir şurişü qovğa.
Hər əsrdə bir kəs qəbul eylər belə adı,
Fərhad ilə Şirin və ya Vamiqü Əzra.
Aşiq olanın vəslə yetişməz əli, məncə,
Həsrətlə gərək can verə hər aşiqi-şeyda.
Aşiq adı əlqissə ki, Mail, böyük addır,
O ad bizə qismət ola, ya olmaya, aya?
«Ey bülbüli-şuridə, dəxi xarə inanma…»
Ey bülbüli-şuridə, dəxi xarə inanma,
Həsrət qoyacaqdır səni didarə, inanma.
Ey dil, həvəsi-yar ilə qan eyləmə bağrım,
Səndən çevirib üz, dönüb əğyarə, inanma.
Nə sərvətinə, nə özünə uyma cahanın,
Ancaq günüvü eylər olar qarə, inanma.
Dünya hələlik xoş dolanır rə’yinə nisbət,
Bir gün dönəcək, sən belə rəftarə, inanma.
Sabit gecəsi-gündüzü olmubdu bu dəhrin,
Çox dövrü olan günbədi-dəvvarə, inanma.
Kəsb eyləyəsən bir gün üçün əmri-məaşı,
Bəsdir bu qədər, artıq olan varə, inanma.
Mail sözünə olma inamsız, qulaq as, gəl,
Şair sözüdür, fəhm elə, əş’arə inanma.
«Könül hərdən olur şadan, olur hərdən pərişan da…»
Könül hərdən olur şadan, olur hərdən pərişan da,
Olur avarə Məcnuntək, olur dildarə mehman da.
Necə bu dövri-dünyadə gecə-gündüz olur mütləq,
Olur ay gərçi bir günlük, olur həm mahi-taban da.
Odur əhvali-aşiq də ona bənzər hekayətdir,
Olur ki, şən olur aşiq, olur hərdən peşiman da.
Olur aşiq edir cür’ət, deyir dərdini dildarə,
Olur hərdən büküb qəddin, durur biçarə bir yanda.
Nəsə aşiqlərin dərdi, əlacı olmayan dərddir,
Qalıb aciz bu dərd üçün Ərəstun ilə, Loğman da.
Qaçıb səhrayə Məcnun ki, qəmi-eşqə əlac etsin,
Əvəzində olub məşhur, vühuşat da, biyaban da.
Səba ol yardən, Mail, gətirmir bir xəbər əsla,
Əgər canın kimi ondan qalıbsansa nigaran da.
«Deyirəm öz-özümə, gör necə dünya dəyişib…»
Deyirəm öz-özümə, gör necə dünya dəyişib,
Yerin hüsnü dəyişib, ərşi-müəlla dəyişib.
Dəyişib büsbütün öz çöhrəsini səhni-çəmən,
Qalmıb əvvəlki səsi, bülbüli-şeyda dəyişib.
İndi Məcnunları da başqalaşıb dünyanın,
Dağda Şirin dəyişib, dəştdə Leyla dəyişib.
Nə sözün ləzzəti qalmış, nə deyilmiş şe’rin,
Ya bilənlər azalıb, ya da ki, mə’na dəyişib.
Dağılıb cahil əliylə bu gözəl dünyamız,
Kimsə yoxdur, eləyə ta onu bərpa, dəyişib.
Bircə yarımdı dəyişməz qalan aləmlərdən,
Leyk, məndə neçə yol eşqlə sevda dəyişib.
Könlünü vermədi bica yerə Mail o gülə,
Meyl salmazdı, görə ol güli-rə’na dəyişib.
«Aşiqin bəstəri-qəmdə yenə biçarə düşüb…»
Aşiqin bəstəri-qəmdə yenə biçarə düşüb,
Bağrımın başına eşqinlə sənin yarə düşüb.
Gül üzündə o qara xalı görənlər dedilər,
Ləbinin küncünə hardansa onun, qarə düşüb.
Az edib nazını incitmə mənim könlümü sən,
Sənin eşqinlə o yazıq neçə yol darə düşüb.
Neçə aşiqləri qovdun, gözəlim, kuyindən,
Biri Məcnundu, vətəndən dəxi əvvarə düşüb.
Yanıram eşqivə, hərçənd xəbər tutmursan,
Sanki pərvanə könül şö’leyi-odlarə düşüb.
Qeyrilər dərdinə yüz çarə edirsən hər gün,
Demədin aşiqivə yadıma bir çarə düşüb.
Çıxıb öz dərdi yadından yenə də Mailimin,
Qeyrilər dərdini çəkmək tək o bimarə düşüb.
«Aşiqin ruzisi əvvəldə, könül, qəm yazılıb…»
Aşiqin ruzisi əvvəldə, könül, qəm yazılıb,
Qəlbi möhnətli, özü dərdli, gözü nəm yazılıb.
Bunlar azdır elə bil, bir də ki, yarın cövrü,
Üstəlik, öldürə aşiqləri çəm-xəm yazılıb.
Hər həkim xəstəyə bir nüsxə yazar, rəsmdü bu,
Mənim əhvalım üçün nüsxə bir aləm yazılıb.
Ərşi-ə’ladə yazılmaz, çəkə hər kəs nalə,
Oraya bircə mənim ah ilə naləm yazılıb.
Ki, mələklər oxudur, hərdən onu, zövq alsın,
Yarə çatmır, görünür, bəlkə bir az bəm yazılıb.
Adəm övladı hamı cənnətə getməz, yəqin,
Baxma ki, ilkin o mülkə özü Adəm yazılıb.
Mail, heç aşiqə yoxdursa əlac aləmdə,
Tək mənim ölmək ilə, eşqdə çarəm yazılıb.
«Yar üçün çəkmiş könül, bir öylə möhnət qalmayıb…»
Yar üçün çəkmiş könül, bir öylə möhnət qalmayıb,
Qəddimi bükmüş bu möhnət, məndə taqət qalmayıb.
Qorxuram bir söz desəm, qəlbim yana atəşlərə,
Yarımın qəlbində əvvəlki məhəbbət qalmayıb.
Uyma dünyada, könül, göz çaşdıran ziynətlərə,
Çün cahanda daimi bir zibü ziynət qalmayıb.
Fitneyi-əğyarə uydu axır ol məhparə də,
Ol səbəbdən indi onda zərrə hörmət qalmayıb.
Vermərəm mən zülfüvün bir muyini dünyayə, bil,
Səndə isə aşiqə, səd heyf, rəğbət qalmayıb.
Sən könül mülkünü viran eyləyibsən, tərs baxıb,
İndi ol mülkü dəxi tə’mirə hacət qalmayıb.
Yaxşısı, Mail, budur, tərk etmə gəl, şairliyi,
Sən demə şairliyə, ya şe’rə hörmət qalmayıb.
«Bizə dünyadə fəqət sevdiyimiz yar qalıb…»
Bizə dünyadə fəqət sevdiyimiz yar qalıb,
Bir də biçarə könüldür, o da bimar qalıb.
Qəmi-cananı cahandan uca tutduq daim,
Getdi əldən dəmi-dünya, qəmi-dildar qalıb.
Şanələr çəkdi bizim qəlbimizə hər şanə,
Şükrilillah, bizə bir türreyi-tərrar qalıb.
Sən bir əğyarə bax, o yarı yenə sevmədədir,
Nə abır böylə adamlarda, nə də ar qalıb.
Ey müalic, qəmi-hicranı çıxartma təndən,
Mənə xoşdur bədənimdə belə azar qalıb.
Dilbərim, zülm eləyirsən yenə biçarələrə,
Səndə əvvəlki kimi zülmlü rəftar qalıb.
Zülmi-canan səni bu halə salıbdır, Mail,
Çox təəccübdü ki, səndə təbi-əş’ar qalıb.
«Hər kəs ol yarilə həmməclis olub içsə şərab…»
Hər kəs ol yarilə həmməclis olub içsə şərab,
Xoşdur o aşiqə ondan sora hər cövrü əzab.
Səni əğyar ilə gördüm gəzişən gülşəndə,
Cigərim yandı həsəddən, gözəlim, oldu kəbab.
Hüsnünə aşiq olub yatmamışam bir gecə mən,
Barı rö’yadə görərdim səni tutsa məni xab.
Badəni ləblərinə bənzədibən çox içdim,
Vermədi ləblərivin nəş’əsini badeyi-nab.
Məni biganə dünən tutdu, abırdan saldı,
Mənsə o əbləhə verdim yenə susmaqla cavab.
Səndən özgə gözəli sevməmişəm ömrümdə,
Gülün öz ətri hara, ya ki, hara ətri-gülab?
Bu qədər şe’rilə Mail səni ki, vəsf etmiş,
Belə getsə, düzələr, axırı bir yaxşı kitab.
«Gözəlim, saçlarına çin deyilib…»
Gözəlim, saçlarına çin deyilib,
Ətrinə ənbəri-mişkin deyilib.
Ona zəncir deyib bə’ziləri,
Ram olan kimsəyə miskin deyilib.
Silsilə söylənilib həlqəsinə,
Gəh pərişan, gəhi əzgin deyilib.
Gəh qəra, gəh siyəh adlanılıb,
Mişkdən gah də rəngin deyilib.
Ona meyl eyləyənin çarəsi yox,
Çarəsi doğrudu, təmkin deyilib.
Qurtara bilməz özün damından,
Aşiqin canı ola min, deyilib.
Maili şikvə edən görməmişəm,
Niyə bəs şe’rinə bədbin deyilib?
«Məcnunə bərabər hələ divanə görünmüb…»
Məcnunə bərabər hələ divanə görünmüb,
Əfsanəsi tək dəhrdə əfsanə görünmüb.
Şəm’i-rüxi-dildarə yanandan sora Məcnun,
Qeyb olmuş o gündən daha pərvanə, görünmüb.
Viranə olan könlümü görsən, deyəcəksən,
Viranələr içrə belə viranə görünmüb.
Peymanə görüb ləblərivi sındı həsəddən,
Dərk etdi ləbin şəkldə peymanə görünmüb.
Eşq əhli çox olmuşsa da eşq içrə mənim tək,
Tab eyləyən hər möhnətü hicranə görünmüb.
Divanə deyir xəlq keçün Məcnuna, bilməm,
Aşiqlər içində belə fərzanə görünmüb.
Dürdanə misali neçə əş’arıvı gördüm,
Mail, arasında belə dürdanə görünmüb.
«Zülfüni tökdi yenə naz ilə ol mah üzünə…»
Zülfüni tökdi yenə naz ilə ol mah üzünə,
Qaldı həsrət elə bil bunca gəda, şah üzünə.
Üzünü pərdələməkdə o məhin var səbəbi,
Baxa bilməz çün onun cahilü gümrah, üzünə.
Turi-Sinadə onu istədi görsün Musa,
Baxdı, kur oldu fəqət, zərrəcə hərgah, üzünə.
Sən özün təqsirini əfv elə öz lütfin ilə,
Çün üzü qarə gəlir həşrdə, billah, üzünə.
Mailin təqsiri vardır, o səbəbdən görünür,
Gəh dikib gözlərini daməninə, gah üzünə.
«Hər xəta eyləsə aşiq, gərək ol yar keçə…»
Hər xəta eyləsə aşiq, gərək ol yar keçə,
Sinədən ta ki, nə var nalə ilə zar keçə.
Kuyi-dildarı elə hifz edirəm sübhü məsa,
Qoymaram ki, oraya bir dəfə əğyar keçə.
O qədər ağlamışam, hər tərəfim su basmış,
Çox çətin, bu küçədən bir də o dildar keçə.
Ah qılmaqla nə hasil elədin əldə, könül,
Pəhləvan meydanına sanma ki, bimar keçə.
Könlümü qarə edib zülfi-siyahı yarın,
Vay o gündən, əlimə türreyi-tərrar keçə.
Varlının artsa da varı, o, onu bildirməz,
Əl’aman, görməmişin dəstinə bir var keçə.
Özlüyündə bəyənib fəxr eləmə, Mail, sən,
Yrəfa məclisinə çün gərək əş’ar keçə.
«Nə ola, olmaya dünyadə xəyanət kişidə…»
Nə ola, olmaya dünyadə xəyanət kişidə,
Necə xoşdur ki, ola təkcə dəyanət kişidə.
Çevirib arxanı xatircəm olaydın ondan,
Kişilik, mərdlik ola ta ki, əmanət kişidə.
Özgənin qanına fitvadan uzaq durmaqla,
Ola hər işdə gərəg həqqü ədalət kişidə.
Qəflətən çıxsa da aləmdə əlindən bir iş,
Sifətində görünə, barı, xəcalət kişidə.
Vay o gündən, kişi öz eybini dərk eyləməsin,
Yaxşılıq ummagilən eylə xəyanət kişidə.
Kişi ol şəxsdi ki, yaxşılıq etmək bacara,
Tutmağa əldən Əli tək ola adət kişidə.
Kişilik adına layiq nə ki var, saydım mən,
Hamısı olmalıdır əsli nəcabət kişidə.
Kişi fəxr etməməli heç nəyə, Mail, deyirəm,
Təmiz addır sayılan təkcə şərafət, kişidə.
«Məcnun ki, gəzir dəştdə Leyla həvəsində…»
Məcnun ki, gəzir dəştdə Leyla həvəsində,
Dildarı sevib olmadı dünya həvəsində.
Məcnun dözür ancaq qəmi-cananə cahanda,
Olmaz ona bənzər biri qovğa həvəsində.
Bülbül həvəs eylər güli-gülzarə yetişsin,
Gül olmadı bir bülbüli-şeyda həvəsində.
Şahanəliyi atdı Züleyxa, yetə yarə,
Yusif ki, bulunmaz o Züleyxa həvəsində.
Dəryayi-qəmi-eşqdə çox naqqa balıq var,
Olma, nola, Yunis kimi dərya həvəsində.
Keçmirsə həyatım bu gün, əlbəttə, xoş, əmma
Könlüm ümidin üzmədi fərda həvəsində.
Şairliyi tərk etməyə meyl etdisə Mail,
İlhamə gəlibdir yenə Mövla həvəsində.
«Sevdiyim dilbər hələ əvvəlki canandır yenə…»
Sevdiyim dilbər hələ əvvəlki canandır yenə,
Çəkdiyim qəm, içdiyim qan, vəslim hicrandır yenə.
Mən dodağın dişlərəm, yarım mənim qanım tökər,
Qanlılıq bitməz, tükənməz qanə hey qandır yenə.
Cümlə millətlər tapıb haqqın yolun dövran sürər,
Bircə islah olmayan ancaq müsəlmandır yenə.
Dün rəqibi kuyinə bir də buraxmış dilbərim,
İndi bu işdən özü yazıq peşimandır yenə.
Eşq mülkündə məni satmaq dilər qardaşlarım,
Yusif ol Yusifdü, bazar isə Kən’andır yenə.
Çox kitablar istədi Qur’anı ötsün, olmadı,
Hökm onun hökmüdür, fərmanı fərmandır yenə.
Səd çəkildi, qoymadı çoxlar əruzi yazmağa,
Gəl qabaq, ey şairim, azadə meydandır yenə.
Gəl, gözəl əş’ar yaz, ilhamə gəlsin millətim,
Qaldı hər şey arxada, dövri-qəzəlxandır yenə.
Maili canan ilə gülşəndə görmüşdür biri,
Doğrudur bu söylənən, yainki böhtandır yenə.
«İlk qədəm basdım bu gün ol nazlı yarın şəhrinə…»
İlk qədəm basdım bu gün ol nazlı yarın şəhrinə,
Qismətimdə var imiş gəlmək nigarın şəhrinə.
San gəlin tək hər tərəf ağ örpəyə yaşmaqlanıb,
Bənzər aşiq gözləyən bir gülüzarın şəhrinə.
Saibin, Qətran kimi ustad olan şairlərin,
Daməni-madərdə qəmli qəmküsarın şəhrinə.
“Təb salandır” mə’niyi-Təbriz leykən, əksinə,
Atlanıb təb’im mənim girdikdə yarın şəhrinə.
Dəfn olub misli-xəzinə Şəhriyar bu torpağa,
Zair oldum qəbrinə, girdim məzarın şəhrinə.
Heyf kim, görmək nəsibim olmadı ustadımı,
Leyk ağlar çeşmimi sürtdüm qübarın şəhrinə.
Vahidə qismət deyilmiş Təbrizə, Mail, gələ,
Şükr mən gəldim yetişdim Şəhriyarın şəhrinə.
«Çıxıb gülzarə ol dilbər, yenə məstanə-məstanə…»
Çıxıb gülzarə ol dilbər, yenə məstanə-məstanə,
Düşüb ardıyca aşiqlər budur, divanə-divanə.
O gündən kim könül verdim o nazlı can alan yarə,
Olubdur könlümün mülkü əcəb qəmxanə-qəmxanə.
Əgər biz tərki-mey qılsaq, nədən bəs zövq alaq, ey dil?
Xəyali-yar ilə hərdən içək peymanə-peymanə.
Məni hər kəs nigarımdan cüda saldı bu aləmdə,
Olaydı xanəsi, ya Rəb, onun viranə-viranə.
Dedim ol yarə: – Ey dilbər, şikayət eyləməm səndən,
Məni bu halə salmışdır, inan, biganə-biganə.
Ümidi-xəlq olan kimsə gedib yatmaz gecə-gündüz,
Bizə, Mail, şe’rlər yaz, ola dürdanə-dürdanə.
«Əhd elədik eşqdə, sevgili canan ilə…»
Əhd elədik eşqdə, sevgili canan ilə,
Eşqinə sadiq qalaq bir-birinin can ilə.
Ayrılığa, möhnətə, dərdə, qəmə son qoyaq,
Bir-birini imtəhan, etməyək əfğan ilə.
Bircə bəsimdir mənim, car çəkibən dəhrdə,
Yar məni asmasın, zülfi-pərişan ilə.
Yerlə göyün ziynəti, məncə bəşərdir yəqin,
Fəxr eləyir kainat, xilqəti-insan ilə.
Azərbaycandadır, aşiqə yalnız nicat,
Aşiq olanlar burda, ömr edir ad-san ilə.
Yurdumuzun qüdrəti bəllidi aləmlərə,
Mail, onu tarixə yazdıq, odur qan ilə.
«Hüsnünə şövqilə mən, ey məh, giriftarəm yenə…»
Hüsnünə şövqilə mən, ey məh, giriftarəm yenə,
Qəm yatağında səninlə zarü bimarəm yenə.
Yoxdur halımdan olan hali, budur halım mənim,
Bikəsü biçarəvü bihəmdəmi-yarəm yenə.
Dəmbədəm qəm-qüssədir, bunca bu qəmli könlümə,
Dönmərəm leyk eşqdən, əvvəlki tək varəm yenə.
Öz sözümdən qorxmuram, yarın ləbi canbəxşdir,
Ölsəm ol dilbərdədir, hər ləhzədə çarəm, yenə.
Mail, ol canan mənə hər cövr qılsa, razıyam,
Bir vəfasız çıxmasın, onda tələbkarəm, yenə.
«Hər kəs tuta meyxanədə peymanə, mənimlə…»
Hər kəs tuta meyxanədə peymanə, mənimlə,
Ta meyl eləməz rövzeyi-rizvanə, mənimlə.
Cənnət suyuna meyl eləməz zahid, əgərçi
Meyxanədə bir gün ola məstanə mənimlə.
Ol şəm’i-rüxün eşqinə yanmaqda, eşitdim,
Bu fikrə düşüb bəhs edə pərvanə, mənimlə.
Aləm necə aləmdü, baxın, nazlı nigarın,
Zülfündə rəqabət aparır şanə, mənimlə.
Məcnunu salan dillərə, Mail, özü olmub,
Səhrayə düşüb əvvəl o divanə, mənimlə.
«Sevdim səni, ey şux, züleyxalər içində…»
Sevdim səni, ey şux, züleyxalər içində,
Zövqüm bəyənildi, odu rüsvalər içində.
Bir gün üzünü görməsəm, ey məh, dəli ollam,
Gizlətmə onu zülfi-çəlipalar içində.
Eşq əhli gərək yetməyə aləmdə vüsalə,
Ömrü oların keçməli qovğalar içində.
Nisbət sənə olmaz nə Züleyxa, nə də Leyla,
Yox hüsnün ilə bəhs edən, üzralər içində.
Bilməm niyə Məcnunu tutublar mənə həmta,
Kimdir məgər o, aşiqi-şeydalar içində?
Sövdaləri çoxdur bu cahan mülkünün, əmma,
Ancaq gözəli eşqdü, sövdalər içində.
Mail, elə bir zövq veribdir mənə şe’rin,
Zövq əhlini qərq eylədi mə’nalər içində.
«Bir söz demişəm sevgili cananə, gələndə…»
Bir söz demişəm sevgili cananə, gələndə,
Səbrin basa, hicrimdən əgər canə gələndə.
Şirin dilinə özgələrin uymasın heç vaxt,
Qoy rədd eləsin, kuyinə biganə gələndə.
“Dostam”, “sevirəm”, “aşiqinəm” çoxları söylər,
Ancaq az olur fərlisi, meydanə gələndə.
Gülzarə de, mənsiz nə gərək, çıxmasın əsla,
Birgə çıxarıq seyri-gülüstanə, gələndə.
Ya Rəb, görəsən bir də mənə qismət olurmu?
Yarı görüm əldə dolu peymanə, gələndə.
Zülfüylə nigarın çox olub kafir olanlar,
Onlar ayılar, axırı imanə gələndə.
Mail, çox heyf, çıxdı yadımdan mənim axır,
Bir çəkmədim əl zülfi-pərişanə, gələndə.
«O qədər zülm eləyib, ey dil, o məhparə sənə…»
O qədər zülm eləyib, ey dil, o məhparə sənə,
Mümkün olmaz edələr indi dəxi çarə, sənə.
Sən əzəl könlünü vermişdin o dildarə bütöv,
Qaytarıb indi deyirlər onu, yüz parə sənə.
Qaş qara, zülfi-pərişan qara, xal qara,
Necə də gör yaraşır, ey mələyim, qarə sənə.
Qeyrilər saldı gözümdən səni, yüz böhtanla,
Deməmişdimmi qoşulma, gülüm, ağyarə, sənə.
Mailə cövr eləməkdən nə çıxar axırda,
Məncə hörmət eləyir daim o biçarə sənə.
«Ey könül, ölmək üçün eyləmə hərgiz əcələ…»
Ey könül, ölmək üçün eyləmə hərgiz əcələ,
Kimdir aləmdə əli yetməyə axır əcələ?
Birdir övladi-bəşər hər nə vəzifə tutsa,
Necə barmaq ki, şəhadət ola, ya ki çəçələ.
Adəm övladı üçün, Sə’di deyib fəxr ilə söz,
Çevrilib eldə bu söz bəlkə də zərbül-məsələ.
Yaxşı iş gör ki, ömrdən gedir hər bir nəfəsin,
Sonrası gec olacaq, hər nə bilirsən, tez elə.
Boş, quru sözlə ucalmaz yəqin aləmdə kişi,
Qiymət ancaq verilir gördüyü yaxşı əmələ.
Boş, quru və’dələrin olmadayıq qurbanı,
Belə olsa çətin işlər, çətin olsun, düzələ.
Sən çalış mədh elə, Mail, nə gözəllik gördün,
Yoxsa dünyanın işi bunca sığışmaz qəzələ.
«Mən yarımı aləmdə, könül, sadə görəndə…»
Mən yarımı aləmdə, könül, sadə görəndə,
İnkar edirəm, içməyirəm badə görəndə.
Ey məh, saçına meyl eləyirkən, məni aləm,
Divanə hesab etdi bu sövdadə, görəndə.
Vardır o qədər cazibə səndə, gülüm, hər kəs,
Məcnun olacaqdır səni rö’yadə görəndə.
Mən sanmış idim bircə əsirin mənəm, ey şux,
Şükr eyləmişəm Məcnunu səhradə görəndə.
Tənqid olunub şe’r gərək qiymətə minsin,
Mail, oxu bir şe’rivi ustadə, görəndə.
«Versən mənə, ey mahliqa, bunca icazə…»
Versən mənə, ey mahliqa, bunca icazə,
Verrəm bu şirin canımı eşqində güdazə.
Bənzətməsə mehrabə kəman qaşıvı zahid,
Getməz, bilirəm, məscidə bir gün də nəmazə.
Dün istədim, ey gül, sənə bir namə yazım mən,
Bir kimsə fəqət olmadı ki, dərdimi yazə.
Hər gün mənə ol qəmzələrindən elə ehsan,
Cismimdə əgər istəyəsən, can ola tazə.
Arzum budu dünyadə fəqət, nazlı nigarım,
Sərhəd qoyasan ta bu qədər işvəvü nazə.
Məcnun ilə dün bəhs elədi, doğrudu Mail,
Aşiq nə gərək eşqidə öz yolunu azə?
«Bir adət mütləqa olsun, gərək hər nazlı dilbərdə…»
Bir adət mütləqa olsun, gərək hər nazlı dilbərdə,
Mənim də yarıma adət, məni salmaqdı yüz dərdə.
Əgər ölsəydim əğyarə, cahanda sirr verməzdim,
Məni baş əydirən sənsən, nigarım, çünki namərdə.
Şeş atsan, xanə tutsan da, sevinmə, bir qədər gözlə,
Bu məşhur bir məsəldir ki, çün olmaz e’tibar zərdə.
Gözəlsən, yox sözüm, amma bunu bir kimsə bilmirdi,
Səni məşhur edən ancaq, mənim eşqimdü hər yerdə.
Deyirlər Mailin vardır gözəl, mə’nalı əş’arı,
Əgər varsa, niyə əzbər dolanmaz, söylə, dillərdə?
«İstəsən keçmiyə ömrün, gozəlim, qəflət ilə…»
İstəsən keçmiyə ömrün, gozəlim, qəflət ilə.
Kəs tamam ülfətivi şöhrət ilə, dövlət ilə.
Əməlin yaxşılıq olsun nə qədər can sağdır,
Ta öləndən sonra adın çəkilə rəhmət ilə.
Sənə pislik edə bir kimsə, ona yaxşılıq et,
Rəsmdir, insana hörmət olunar hörmət ilə.
Zalımın zalımı ol, olma fəqirə zalim,
Aç səxa süfrəsini hamıya sən, minnət ilə.
Sənə bir kimsə zəhər söz desə, can söylə ona,
Bir acı kəlməni mümkünmü yemək, şərbət ilə?
Təkcə nahəqq olana söyləmə heç vaxt, “amin”,
Amma heç bir sözü, qorxma, deyinən cür’ət ilə.
Xalq ümid bağladı, Mail, sənə, heyfa yatdın,
Bilməyirsən dəxi ömrün də keçir sür’ət ilə?
«Gələ indi bizə kaş, yar səhərdən-səhərə…»
Gələ indi bizə kaş, yar səhərdən-səhərə,
Özgə bir aləmi kim var, səhərdən-səhərə.
Nə ki, könlümdə olan dərdü qəmi bir növ’i,
Eyləyəydim ona izhar, səhərdən-səhərə.
Səhərin başqa lətafətliyi var aləmdə,
Canlanır səhneyi-gülzar, səhərdən-səhərə.
Xar əlindən gül üçün bülbülü-biçarə, həmən,
Həm çəkər naləvü hüzzar, səhərdən-səhərə.
Xalq arasında misal var ki: “Gözəllər nəsli
Kim olur inceyi-rəftar, səhərdən-səhərə”.
Hər nə kim, niskili, ya dərdü qəmi olsa idi,
Ərz edərdi mənə dildar, səhərdən-səhərə.
Maila! Bu qəzəli kim oxuyur, zövqə yetir,
Yaranır çün belə əş’ar, səhərdən-səhərə.
«Verdim öz könlümü bir qönçə-güli-rə’nayə…»
Verdim öz könlümü bir qönçə-güli-rə’nayə,
Bilmədi qədrim, o da saldı məni səhrayə.
Aləmi-eşqdə Məcnunə kim eylər irad?
Bivəfalıq sözü layiqdi yenə Leylayə.
Vəslinə meyl edəni hər günüm olmuş nalə,
Göz yaşımsa tökülür seyl kimi dəryayə.
Hər təbibə dedim öz dərdimi ah eyləyibən,
Dedilər, çarəsi yox, kim düşə bu qovğayə.
Hamıdan əl üzüb axırda dedim, yarə deyim,
O da gördüm ki, uyub bağdə bir ədnayə.
Dedilər, əl çək ol gül üzlü sənəmdən, Mail,
Görünür, düşməyib onlar belə bir sövdayə.
«Qəmdən öldüm, demədim dərdi-dilim əğyarə…»
Qəmdən öldüm, demədim dərdi-dilim əğyarə,
Nə rəva aşiq olan yalvara hər biarə.
Küfri-zülfündən əcəb qorxmayım, aya nə edim?
Bu həmən zülfdü Mənsuri çəkibdir darə.
İndi bildim bütün eşq əhlinə zülm etdiyini,
Hansı aşiqdi məgər gəlməyə səndən zarə?
Ay üzündən o qara zülfi kənar etsən əgər,
Bəlkə naşad könül, tapmış ola bir çarə.
Mail, hər yerdə görüb gül, ona mail oldun,
Məsləhətdir dəxi sən getməyəsən gülzarə.
«Məcnun aşiqliyin etdi sübut canı ilə…»
Məcnun aşiqliyin etdi sübut canı ilə,
Pozmadı eşqdə öz əhdini cananı ilə.
Qərəzi tişə çalırkən başına Fərhadın,
Adını tarixə yazmaqdı fəqət qanı ilə.
Görəsən, dilbərimin bəs nə imiş məqsudi?
Ki, əsir etdi məni zülfi-pərişanı ilə.
Bülbülün naləvü fəryadı deyildir bica,
Qanına, aşiq olanlar, gərək əfğanı ilə.
Doğrudur, mən kimi bir aşiq idi Məcnun da,
Ancaq o, fəxr edə bilməz belə dövranı ilə.
Pozmaz öz əhdini aləmdə bizim leylalər,
Yayılıb hər yana şöhrətləri, peymanı ilə.
El sənə hörmət edirsə, nə təəccüb, Mail?
Xalqımın böylədi rəftarı, qəzəlxanı ilə.
«Yüz il ömr eyləsən, ey dil, belə əfsanə dünyadə…»
Yüz il ömr eyləsən, ey dil, belə əfsanə dünyadə,
Qara dinarə dəgməz, olmasan mərdanə dünyadə.
Sözünlə gər işin düz gəlməsə, yox zərrə tə’siri,
Sözü yaxşı əməl eylər, fəqət, dürdanə dünyadə.
Əlindən gəlsə, ev tik sən, nəinki xanə bərbad et,
Yıxılmaqçün tikilmibdir, hələ bir xanə dünyadə.
Bu dünya kim, çəkirsən fikrini, vallah, əbəs işdir,
Yığıb “cəm’” eyləsən hər nə, qalar, viranə dünyadə.
Mey iç, məst ol, cahan fikrin unut bilmərrə, ey arif,
Rəzil işdən uzaqdır, bil, olan məstanə dünyadə.
Pərişan zülfünü yarın anıb cəm’ eylə fikrində,
Qoy etsin, eybi yox, ol saç səni divanə, dünyadə.
Ləbi-cananı Mail tək, dəvayi-dərd bilə hər kəs,
Ki, möhtac olmaz ömründə dəxi loğmanə dünyadə.
«Ey salan könlümü hər dəmdə qəmi-hicranə…»
Ey salan könlümü hər dəmdə qəmi-hicranə,
Qəlbimi şəhri-Mədain tək edən viranə.
Sənə şayəstə deyil bir bu qədər zalimlik,
Zalim olmaq nə gərək sən kimi bir cananə?
Aşiqin könlünü al, qüssədən azad eylə,
Keçməyə sənsiz onun ömrü dəxi əfsanə.
Əl çəkib başına həm rəhm eləməkdən savayı,
Sən onu tuş elədin qəmzə ilə peykanə.
Arizin, sərv boyun, qönçə dəhanın gerçək,
Gəlməsin bəs necə bülbül kimi o, əfğanə?
Səndə bu zülm eləmək olmasa idi hərgah,
Sən kimi gəlməz idi bir də gözəl dövranə.
Bir əlac eyləmədin Mailin haqqında, gülüm,
Neyləsin, çatmır əli, xakə dönən Loğmanə.
«Gül çöhrəvi, ey şux, götürdükcə xəyalə…»
Gül çöhrəvi, ey şux, götürdükcə xəyalə,
Bülbül kimi könlüm eləyir ah ilə nalə.
Yarın üzünün bənzəri var mahi-təmamə,
Ay yetsə də o, yetməyir heç vaxt zəvalə.
Əğyar ilə səndən ötəri mə’rəkə saldım,
Axır işimiz çıxdı dünən cəngü cidalə.
İnsaf deyil, dərdivi ömrüm boyu çəkdim,
Hicrində yanan mən, yetişən özgə, vüsalə.
Aləm elə bir halə düşüb, əqlə baxan yox,
Arif odu, dövlətdə yetə indi vüsalə.
Ol yar sənə verdi səri-kuyini, Mail,
Qol çəkdi, möhür vurdu yazıldıqda qəbalə.
«Ey könül, biganə dostlardan dəyanət gözləmə…»
Ey könül, biganə dostlardan dəyanət gözləmə,
Olduğu tək saxlamaz versən əmanət, gözləmə.
Sanma ki, nadanə versən tərbiyə insan olur,
Zatı yox bir nanəcibdən sən nəcabət gözləmə.
Xalqı gündüz soymağa adət edən bir kimsədən,
Xalqa ehsan eyləyən bir qeyri adət gözləmə.
Nəsli bir şəxsin əgər olmuş dilənçi, pay yığan,
Etsə də, lazım deyil birdən səxavət, gözləmə.
Olmayan namusü arı, özgə arın saxlamaz,
Arsızdan heç zaman arü nəzakət, gözləmə.
Namusü arü dəyanətçün cəsarət olmalı,
Qeyrəti yük dərk edən kəsdən, cəsarət gözləmə.
Verdiyin canı, İlahi, verdi Mail yarına,
Dözmədi hicranə axır, oldu rahət, gözləmə.
«Salmısan könlümü, ey şux, mənim yüz dərdə…»
Salmısan könlümü, ey şux, mənim yüz dərdə,
Eləyirsən hələ bir qeybətimi hər yerdə.
Mən min il sirrimi əğyarə, gülüm, açmazdım,
Məni möhtac elədin, gör, necə bir namərdə.
Bivəfa olmağına qalmadı zərrə şübhə,
Səni əğyar ilə gülşəndə görən dəmlərdə.
Aşikar oldu üzün, zülfi-pərişanından,
Getdi huşum nə də ki, qalmadı ağlım sərdə.
Nuri-rüxsarını çoxlar çalışır pərdələsin,
Çəkə bilməz günəşə kimsə yəqin ki, pərdə.
Güli-rüxsarın üçün eylə bulanmış əşkim,
Fəsli-güldə belə su olmayıb heç Tərtərdə.
El mənim şe’rimi əzbərdən oxursa, Mail,
Saxlaya bilməyirəm mən birini əzbərdə.
«Elə ki, zülfünü göstərmədi canan gözümə…»
Elə ki, zülfünü göstərmədi canan gözümə,
Görünür gündüzü çərxin şəbi-hicran gözümə.
Ağlamaqdan gözümün yaşı əgər qurtarsa,
Cigərim mərhəmət eylər o zaman qan gözümə.
Verməsəm yar üçün öz gözlərimi qurban mən,
Batsın ol vəqtə, qoy, navəki-müjgan gözümə.
Ağlamaqdır gözümü aləmə məşhur eləyən,
O səbəbdən deyilir dideyi-giryan, gözümə.
Ağlamaqdan gözümün qarəsi zay olmaz idi,
Çəkdi mil axırı, gör, həsrəti-xuban gözümə.
Seyri-gülzarə çıxanda elə ki, yar olmur,
Görünür səhni-çəmən birbaşa viran gözümə.
Yardəndir gözümün çarəsi, Mail, ancaq,
Yoxsa nə dəhr qılır çarə, nə Loğman gözümə.
«Çəksən, gözəlim, şanə əgər bir də tel üstə…»
Çəksən, gözəlim, şanə əgər bir də tel üstə,
Vardı nə qədər dərdü qəmim, bir də gəl üstə.
Aşiqlərinə rəhm edəsən, ey güli-rə’na,
Onlar da səni saxlayacaq, yəqin, əl üstə.
Eşq əhli səninçün çəkişir bir-birisiylə,
Olmaz bu çəkişmə, gözəlim, hər gözəl üstə.
Nərgis dediyimçün gözünə küsmüsən, ey məh,
Gör, sən mənə neylərdin hələ pis əməl üstə.
Yığdın yenə biganələri dövrənə, ey şux,
İl təhvil olur bəlkə bu il üşdü gəl üstə.
Gül üstdə bahar vaxtı könül cəh-cəh edərdi,
Qışdır, gəzişir indi tökülmüş xəzəl üstə.
Bir başqa şe’r yazmağa da meyl elə, Mail,
Sən ömrünü sərf eyləmisən tək qəzəl üstə.
«Könül, ömrə, cahanə, dövlətə, gəl, e’tibar etmə…»
Könül, ömrə, cahanə, dövlətə, gəl, e’tibar etmə,
Ki, qalmaz heç biri daim, odur ki, iftixar etmə.
Nə ömrün zövqünü bir kəs görübdür, dari-dünyadə,
Nə dünya kimsəyə qalmış, özünə onu yar etmə.
Əgər dövlət də qalsaydı, qalardı onda Qarunə,
Vəfası olmayanlarçün gözünü intizar etmə.
Deyilmişsə bu sözlər gər, yenə təkrarə hacət var,
Nəsihət olsa da acı, özündən gəl, kənar etmə.
Nigari-nazəninlərlə, həyatı xoş keçirt, əmma,
Bu üç şeydən uzaqlaş, onları qəlbə nigar etmə.
Vətəndən çıxmamaq nöqsan deyil, söylüb böyük ustad,
Vətəndə sakin ol, sən əzmi-bir mülkü diyar etmə.
Ki, bir də möhkəm ol, Mail, qəmi-cananə dözməkdə,
Çalış hər dərdini gizlət, yetənçün aşikar etmə.
«Qəddin kimi bir sərv görünmüb, çəmən içrə…»
Qəddin kimi bir sərv görünmüb, çəmən içrə,
Lə’lin kimi bir lə’l tapılmaz Ədən içrə.
Gördüm yenə ətrafını biganələr almış,
Sandım gül isən, bitmisən amma tikən içrə.
Keyfiyyəti-lə’li-ləbini özgə nə bilsin,
Şəhdin ləzzəti mə’lum olur bir dəhən içrə.
Hər kim səni bu hüsnilə görsə, sevəcəkdir,
Amma ki, mənim tək çətin olsun sevən içrə.
Saf eşqimizə çatlasa da bağrı rəqibin,
Çoxlar alacaq ibrəti bizdən Vətən içrə.
Hər aşiqinəm söyləyənə, meylini salma,
Axtarma sədaqət, gözəlim, hər ötən içrə.
Sübhə kimi qan-yaş tökübən ağlamışam mən,
Kim görsə, sanar Maili gülgun kəfən içrə.
«Vardır belə bir nüsxə ki, Loğman xəbərində…»
Vardır belə bir nüsxə ki, Loğman xəbərində,
Aşiq gərək heç gəzməyə dərman xəbərində.
Hər kəs gərək öz əslinə vaxtında qayıtsın,
Vardır belə bir ayə də Qur’an xəbərində.
Yoxdı nə cahan nə bu fələk, mahilə xurşid,
Mən onda gəzirdim hələ canan xəbərində.
Me’mari-cahan gördü mənim yarımı sonra,
Oldu o zamandan məhi-taban xəbərində.
İcad elədi yarıma oxşar ayı, Tanrı,
Zə’f aldı onun ayını, nöqsan xəbərində.
Xəlq oldu günəş, bəlkə ötə nuri-nigarı,
Axşam özünə tapdı şəbistan xəbərində.
Can tazələnir vəsl sözündən vəli, Mail,
Can tapşırıram kəlmeyi-hicran xəbərində.
«Ey çəkən eşqdən əl dəhrdə əğyarə görə…»
Ey çəkən eşqdən əl dəhrdə əğyarə görə,
Bilmədin cövrü çəfa olmalıdır, yarə görə?
Olmayıb gülşəni-dünyadə tikansız bir gül,
Gül sevən, gülşəni tərk etməməli xarə görə.
Qeydinə sən ki, qalırsan bu canın, getməlidir,
Yaxşısı sərf et onu sən, yenə dildarə görə.
Darə, Mənsur çəkilməklə tanındı hərgiz,
Kim tanırdı onu, gər qorxsa idi darə görə?
Saldı xaç boynuna Sən’an Xumar eşqi ilə,
O, da mə’ruf olub, əlbəttə ki, zünnarə görə.
İstədim abi-ləbindən, dedim: – Ey məh, yanıram,
Söylədin, su yaramaz yansa da bimarə görə.
Yox elə bir hünərin el səni, Mail, saysın,
Sənə nə hörmət olursa, o da əş’arə görə.
«Eşq meydanında Məcnun tək könül təkdir yenə…»
Eşq meydanında Məcnun tək könül təkdir yenə,
Qayəsi ya qalib olmaq, ya da ölməkdir, yenə.
Bir diyarın əhlidir, dönməz sözündən, ölsə də,
Bu diyari-Azəri, ol mülki-Babəkdir yenə.
Məhrəm etmiş dilbərim öz kuyinə nadanları,
Ahuvəş əvvəlki tək, bizdənsə ürkəkdir yenə.
Söz verib mehman edə, bir gün bizi öz kuyinə,
Şəkkimiz əvvəlki tək ol və’də bişəkdir, yenə.
Yar kuyində yanar ahım, sirişkim kim görə,
Fəsli-qışda gözlənilməz əbrü şimşəkdir yenə.
Məsləkimdən dönmərəm, gər bənd-bəndim kəssələr,
Könlümü məşhur edən hər yan bu məsləkdir yenə.
Maili gülşəndə gördüm, tazə bir dilbərlə mən,
Tazə yarı, tazə eşqi çox mübarəkdir yenə.
«Məclisi-eyşin nə zövqü, gərçi canan gəlməsə…»
Məclisi-eyşin nə zövqü, gərçi canan gəlməsə?
Etməyə aşiqləri hüsnüylə heyran, gəlməsə.
Gəlməsə canan əgər, saqi qədəh doldurmasın,
Və’də vermiş, sındırıb əhd ilə peyman, gəlməsə.
Bülbülü gülzardən heç nə qaçırtmaz dəhrdə,
Taki, güllər solduran fəsli-zimistan gəlməsə.
Ahulər cövlan edər dəşti-Xütəndə naz ilə,
Ta ora zülfi-siyəh ol nazlı canan gəlməsə.
Küfr dünyanı basıb məhv eyləyər, ey dustlər,
Qeyrətə, tainki, bu yatmış müsəlman gəlməsə.
Küfr ilə iman həmişə üz-üzə durmuş, fəqət,
Küfr məğlub olmalı, hərgah şeytan gəlməsə.
Məhv olub çoxdan gedərdi dəhrdə Mail, bilin,
Yazdığı şe’rü qəzəldən cisminə can gəlməsə.
«Yar lütf eyləyibən etsə bir imdad bizə…»
Yar lütf eyləyibən etsə bir imdad bizə,
Sanki dünyanı bağışlar o pərizad bizə.
Biz ki, Məcnun qədər eşq nədir, bilmirdik,
Eşqi təlqin eləmiş o, evi bərbad bizə.
Eşq mülkün bu qədər sə’y ilə ki, hifz edirik,
Çünki, bu mülk verilmiş həmi abad bizə.
Qəmli aşiq görüb əhvalımızı qan ağlar,
Gülər, əlbəttə ki, qəmsiz, ürəyi şad bizə.
Harda şirinləb olan dilbəri gördük, sevirik,
Öyrədib bu ədəbi eşqdə Fərhad bizə.
Bu cahan mülkünə bel bağlamadıq əvvəldən,
Nə cahan lazım olubdur, nə quru ad bizə.
Xoş ötən bülbülüyük, ölkəmizin biz, Mail,
Yad olub qəlbi yaxan naləvü fəryad bizə.
«Nələr yox sevgili canan əlində…»
Nələr yox sevgili canan əlində?
Cəfa, möhnət, fəraq, hicran əlində.
Birindən can ala, müşkül deyildir,
Birinə can verə, asan əlində.
Əgər dərdə sala şayəd birini,
Tapılmaz çarəsi Loğman əlində.
Əgər bir dərdlinin olsa təbibi,
Mühəyyadır onun dərman, əlində.
Nəsə ram olmayır bu dərdli könlüm,
Gəzir hər yan tutubdur can əlində.
Gəzir Mail, nədən tapmır nigarın,
Hələ vardır, deyir ünvan əlində.
«Rast oldum o gün sevgili cananə çəməndə…»
Rast oldum o gün sevgili cananə çəməndə,
Döndü ürəyim vəsli ilə qanə çəməndə.
Gördüm qoşulub ol güli-xəndanı rəqibə,
Bir yerdə çıxıb seyri-gülüstanə çəməndə.
Biganələrə naz eləyir, əldə qızılgül,
Otlar ayağın öpsə, gəlir canə çəməndə.
Mən çıxmış idim gülşənə ta könlüm açılsın,
Gəldim təzədən naləvü əfğanə çəməndə.
Cəm’ oldu mənim başıma eşq əhli tamamən,
İlk dəf’ə görüb mən kimi divanə, çəməndə.
Çox hali-pərişan çəməni tərk elədim mən,
Gəldi başıma bir belə əfsanə, çəməndə.
Seyri-çəməni tərk eləmək Mailə olmaz,
İlhamı gəlir çünki qəzəlxanə, çəməndə.
«İşdi gər bir də düşə, zülfi-pərişan əlimə…»
İşdi gər bir də düşə, zülfi-pərişan əlimə,
San keçər səltənəti-aləmi-imkan əlimə.
Onu bir də buraxam, kafərəm aləmdə, bilin,
Çünki hər dəm düşə bilməz belə iman əlimə.
Yarı təzvir ilə əğyar ayırmış məndən,
Gör ona neyləyərəm keçsə o nadan əlimə?
Yaxşılıq etməyə vermiş bu əli Tanrı mənə,
Verməmiş qüvvəni ev yıxmağa Sübhan, əlimə.
Aşiqin dərdinə dərman ləbisə cananın,
Nə isə, keçmədi aləmdə bu dərman əlimə.
Bu qabarlı əli bihudə hesab eyləməyin,
Göz tikib zəhmət üçün şah ilə sultan əlimə.
Şe’r meydanını, ey Mailə hər gün dar edən,
Keçəcək axırı hər növ’ ilə meydan əlimə.
«Az toxun, naz ilə, ey şux, dili-pürxunə…»
Az toxun, naz ilə, ey şux, dili-pürxunə,
Dönmüş onsuz o, sənin eşqin ilə Məcnunə.
Dedim əğyarə, uzaqlaş daha dildarımdan,
Nə qədər gər deyəsən, tə’siri yox məl’unə.
Deyirəm yarə, özün onda uzaqlaş ondan,
O da bir başqa səyaq ilə salır qanunə.
İndi ki, hər ikisi rəng gəlirlər sənə bəs,
Nə düşübdür, deyinən, onda səni-məftunə?
Qəmi-yar, tə’neyi-əğyar bizi məhv etdi,
Ömrdən qırx ili verdik başa biz hər gunə.
Mə’rifət olmasa bir kəsdə nə lazım birdən,
Dövləti çatsa da vəz’i ilə əgər Qarunə.
Şe’rivin qafiyəsi, vəzni gəlir düz, Mail,
İndi gəl, diqqət elə, onda olan məzmunə.
«Ey könül, dözməyirəm möhnəti-hicranə yenə…»
Ey könül, dözməyirəm möhnəti-hicranə yenə,
Lalə tək bağrım odur döndü bu gün, qanə yenə.
Mənə ancaq bu qərib yerdə qalır, səbr eləyim,
İnşaəllah yetərəm sevgili cananə yenə.
Ruyini görsəm onun, bu mənə bir cənnətdir,
Ah kim, tapmaya yol kuyinə biganə yenə.
Vəsli-cananə yetən aşiq, ölərmi söylə?
Əgər ol yarə yetəm, mən yetərəm canə yenə.
İlə bənzər gecəsi, gündüzü qürbət çəkənin,
Leyk, Mail dözər, əlbəttə, bu hicranə yenə.
«Gəlməsin eşqü məhəbbət dedim, asan sənə…»
Gəlməsin eşqü məhəbbət dedim, asan sənə,
Gördün, ey dil, nələr etdi odu canan sənə?
Atdı canan səni getdi, qoşulub əğyarə,
Oldu axırda ənisin dili-viran sənə.
Şanələrdən nə çəkirsən, onu mən öyrəndim,
Bilmədim neylədi bir zülfi-pərişan sənə?
Ömrüvi zay eləmə bir belə məhrulər üçün,
Vaxt olar öyrədəcək hər şeyi dövran sənə.
Salacaq könlüvü bir dərdə gözəllər eşqi,
Çarə etməz o zaman bəlkə də Loğman sənə.
Boş yerə ömrüvü, Mail, çalışıb sərf etmə,
Sanma hər vaxt olur bir belə imkan sənə.
«Çəməndə zülmüvə mən dözmüşəm mətanət ilə…»
Çəməndə zülmüvə mən dözmüşəm mətanət ilə,
Ki, baxmayım üzüvə sonra yüz xəcalət ilə.
Cahanda aşiq adı hər kəsə nəsib olmur,
Alınmaz aşiq adı zur ilə, rəqabət ilə.
Bu adı Məcnun əzəl aldı verdi Fərhadə,
Mənə bu ad çatıb sonradan nəcabət ilə.
Görün nə halə salıb könlümü vüsal eşqi,
Məni məzəmmət edir hər görən bu halət ilə.
Cahanda aşiq olan cövrə, zülmə dözməlidir,
Nəinki keçsə günü hər zaman fəraqət ilə.
O nazlı dilbərə mən dərdimi bəyan etdim,
Odur ki, fəxr edirəm, etdiyim cəsarət ilə.
Sən indi şe’rin üçün qüssə-qəm yemə, Mail,
Zəmanədə baxılır, şe’rə də ədalət ilə.
«Doğrudur, fürsət verib qəmdən bu gün dövran bizə…»
Doğrudur, fürsət verib qəmdən bu gün dövran bizə,
Olmadı əmma o məh bu eyşdə mehman bizə.
Qanə dönmüş badəmiz cananəsiz, ey dil, bu gün,
Od vurub aləm bilir bu atəşi-hicran bizə.
Yarsız mey içməyi ariflərin nöqsan olur,
Badeyi-gülgunimiz olmuş odur ki, qan bizə.
Səhni-gülzarı təsəvvür etmirəm dildarsız,
Olsa idi yarımız, yəqin, gəlirdi can bizə.
Gün gələr canan ilə gülzarə gəllik birgə biz,
Tutmasın arif olanlar bu günü nöqsan bizə.
Çarəsiz bir dərd imiş məclis olanda yarsız,
Bilməsin, ta gülməsin hər nakəsü nadan bizə.
Qismət olsa bu yerə Mail gələrmi yarsız?
Barı, bu işdə kömək olsa əgər Sübhan bizə.
«Yar oldu bizə, yarə o gün yar dedikdə…»
Yar oldu bizə, yarə o gün yar dedikdə,
Dərk etdi o dəm dərdi-dili-zar, dedikdə.
Əğyarə könül verdiyini sordum o məhdən,
Bilmərrə bunu eylədi inkar, dedikdə.
Gül adını çəkdikdə, ötür bülbüli-şeyda,
Fəryadə gəlir işdi çaşıb xar dedikdə.
Dünyadə nə dərd olsa, onun çarəsi vardır,
Yox çarəsi bir aşiqi-bimar dedikdə.
Cananı açıb, tökdü o gün səhni-çəməndə,
“Oldum qəmivə yaxşı giriftar” dedikdə.
Bica demirəm dərdimi ol sevgili yarə,
Bu işdə mənim bir qərəzim var, dedikdə.
Mail, qəmi-cananə yana gərçi bu könlüm,
Bəsdir mənə bir kəlmə, “vəfadar” dedikdə.
«Gündə bir növ’ ilə ol şux gəlir rəng bizə…»
Gündə bir növ’ ilə ol şux gəlir rəng bizə,
Şivəvü-naz ilə dünyanı edir təng bizə.
Sanki az atmış idi tə’nə oxun biganə,
Əldə o yar da tutmuş ki, ata, səng bizə.
Biz əgər nəfsimiz ilə bacarıb cəng etsək,
Başqasıyla nə gərək eyləməyə cəng bizə.
Hərəmiz eşqdə bir yanə gərək çəkməməli,
Deməsinlər odu ki, baliqü xərçəng bizə.
İstədik ki, ola eşq əhli hamı bir rəngdə,
Axtarıb tapmadıq aləmdə bir həmrəng bizə.
İstədik ayineyi-qəlbdə cananı görək,
Mane’ oldu o zaman güzgüdəki jəng bizə.
Səri-muyindən o məh versə əgər bir neçə tel,
Mailin qəddi-xəmindən düzələr çəng bizə.
«Gözəllər eşqinə düşdün, könül, vəfa umma…»
Gözəllər eşqinə düşdün, könül, vəfa umma,
Diyari-səltənəti-yardən, səfa umma.
Vəfalı könlünü vermə vəfası olmayana,
Əgərçi versən ona, sonra sən şəfa umma.
Tutubdu tiği-cəfa əldə yar, qan töksün,
Şəhadətin yada sal, ömrüvə bəqa umma.
Fənayə meyl eləsən, əzmi-kuyi-yar eylə,
Fənadən özgə orda, qeyri bir səva umma.
Səni gözəllər əgər dərdə salsa, səbr eylə,
Bicadı, sonra Ərəstundən dəva umma.
Mail, edərsə tə’n sənə, gər bu yolda biganə,
Unut bu tə’nələri, olsa şəxs gəda, umma.
«Məclisi-mey qızışar, yar gələndən sonra…»
Məclisi-mey qızışar, yar gələndən sonra,
Məclis əhli güləcəkdir, o güləndən sonra.
İki-bir indi hələ qeybətə məşğul olunub,
Susacaqlar, bunu canan biləndən sonra.
Gizləmə saçların içrə o günəş ruyini sən,
Qəribin pis dəmidir gün əyiləndən sonra.
Aydın oldu mənə, əğyarə onun yox meyli,
Güzgüsündən könülün, cənki siləndən sonra.
Geçməmiş arxı nə mə’nası, edə qürrə biri,
Qürrə eylə o zaman – arx keçiləndən sonra.
Çox da mən canımı qurban demişəm yarımçün,
Yetəcək şöhrətə, qurban kəsiləndən sonra.
Sənə barmaq arası baxsa da dostlar, Mail,
Yad edərlər səni hörmətlə öləndən sonra.
«Vəslin ümmidi üçün keçsə günüm möhnət ilə…»
Vəslin ümmidi üçün keçsə günüm möhnət ilə,
Razıyam mən buna, ey mahliqa, minnət ilə.
Neçə müddətdü yenə mahi-rüxindən uzağam,
Sanki ömrüm, elə bil, keçdi mənim qürbət ilə,
Qoyma biganələri kuyinə bir yol tapsın,
Mən səni bəsləmişəm qönçə kimi, zəhmət ilə.
Nə qədər tə’neyi-əğyarə dözüm, ey dilbər?
Nə qədər ömr keçirdim, gözəlim, töhmət ilə?
Lə’li-nabından ötür badəni tərk eyləmişəm,
Onda fərq qoymaz idim zəhrə, yəqin şərbət ilə.
Baği-rizvan dönüb əfsanəyə ruyin görcək,
Hansı cahil dəyişər, ruyini yüz cənnət ilə?
Ömrüvü yaxşılığa sərf elə, gəl, Mail, sən,
Sonra el yad eləsin, barı, səni rəhmət ilə.
«Tanrı versin nə qədər dövlətü mal, istəyənə…»
Tanrı versin nə qədər dövlətü mal, istəyənə,
Simü zər arzu edib cahü cəlal istəyənə.
Mənə versin qəmini dilbərimin, ləzzət alım,
Dərdi ancaq verəsən, dərdü məlal istəyənə.
Neylirəm vəslini yarın, sevirəm hicranın,
Mənə hicran qəmi ver, vəsli vüsal istəyənə.
Arizində, gözəlim, xalıvı gördüm ancaq,
Qismət olmaz, bilirəm, məncə, bu xal, istəyənə.
Bədnəzərdən çalışıb arizini gizlət sən,
Həzər et, eyləmə gəl, ərzi-camal istəyənə.
Hüsnüvün qədrini bil, qoyma düşə qiymətdən,
Tanrı verməz belə bir arizi-al, istəyənə.
Təb’inin qədrini, Mail, sən özün bilməmisən,
Nə gedim indi deyim, səndə kəmal istəyənə.
«Fəxr edir aşiq olanlar hərə cananı ilə…»
Fəxr edir aşiq olanlar hərə cananı ilə,
Ya ki, cananına bəxş eylədiyi canı ilə.
Bir mənim könlümə bax, aləmi-eşq içrə bu gün,
O da fəxr eyləyir öz naləvü əfğanı ilə.
Ey uyan mülki-cahanə, nə görübsən onda,
Bax, nə rəftar elədi, gör, o Süleymanı ilə.
Bax Mühəmməd kimi bir şəxsə nə qəsd eylədi o,
O ki, fəth eylədi aləmləri Qur’anı ilə.
Eylədi xanənişin Ali-Əli övladın,
Ağladı cümlə bəşər atəşi-hicranı ilə.
Bu cahan kimsəyə aləmdə vəfa eyləmədi,
Səni nakam edəcək, bir dəfə dövranı ilə.
Mail, o kəsləri bir kəs unudarmı, söylə?
Aləmi-lövhə yaza adını öz qanı ilə.
«Çatmayır eylədiyim ahü nəva cananə…»
Çatmayır eylədiyim ahü nəva cananə,
Yoxsa bir rəhmə gələr çatsa səda, cananə.
Canfədalıqdı məni rütbədə aşiq eləyən,
Olmasaydım nə idim, yoxsa fəda, cananə.
Hər nə qəm gəlsə mənim canıma gəlsin, ya Rəb,
Gəlməsin zərrəcə də dərdü bəla cananə.
Olmuram rahət, əgər ağrısa canı yarın,
Ola, ey kaş, bu can nəqdi dəva cananə.
Mən onun aşiqiyəm dəhri-fəna durduqca,
Şahdır yar mənə, mən də gəda, cananə.
Bu gülər üzdə çətin dilbəri-rə’na olsun,
Çəkir həsrət ozü də dəhri-fəna cananə.
Yar sağalsa, səni qurban kəsərəm, Mail, mən,
Mənzil olsun o zaman Turü Mina, cananə.
«Dün istədim ərz etməyə dərdim çəmən içrə…»
Dün istədim ərz etməyə dərdim çəmən içrə,
Söz qaldı, deyə bilmədim ancaq, dəhən içrə.
Nardır, gözəlim, ya lumudur tər sinən üstə,
Gizlətmisən əmma oları pirəhən içrə.
Kimsə dişinə lə’l dedi, bə’zisi gövhər,
Ancaq bilirəm, yox belə dürr, Yəmən içrə.
Zülfün günümü qarə edibsə, mənə xoşdur,
Hər möhnətə mən qatlaşaram, bil Vətən içrə.
Aşiq sənə çoxdur, gözəlim, itmiş hesabı,
Mail kimi yox sadiqi, bil ki, sevən içrə.
«Eşqdə aşiq əgər hər cövrü möhnət çəkməsə…»
Eşqdə aşiq əgər hər cövrü möhnət çəkməsə,
Vəsli-cananı üçün aləmdə minnət çəkməsə.
Aşiqi-kamil deyil zənnim budur eşqində o,
Tə’neyi-əğyardən bihədd töhmət çəkməsə.
Məncə, bilməz bu Vətən gülzarının qədrin o kəs,
Bircə gün heç olmasa, ömründə qürbət çəkməsə.
Kəsbi-ruzi olsa zəhmətlə, verər zövqü səfa,
Zövqsüzdür ruzisi, gər kişi zəhmət çəkməsə.
Bildi ki, Fərhad vüsalə yetməyi müşkül olur,
Bisütun içrə əgər Şirinə surət çəkməsə.
Bircə gün də tərk edib yarım məni getməz, bilin,
Sübhədək ta etdiyim bihudə söhbət çəkməsə.
Doğrudur, Mail, sənə şair deyib el fəxr edir,
Bu adın üstündən ariflər əgər xət çəkməsə.
«Hər kəs ol yarə əgər bunca cəfakar desə…»
Hər kəs ol yarə əgər bunca cəfakar desə,
Eybdir sonra ona sevgili dildar desə.
Mənə çıx get desə canan, gedərəm kuyindən,
Bir qədəm atmaram ancaq bunu əğyar desə.
Yarıma eyb tutub eybi olan bir nakəs,
Barı ki, eybi ola, etmərəm inkar desə.
Cövri-canandan əgər zarə gələ bir aşiq,
Dərdini dilbərinə sonra yeri var, desə.
Ehtiyac alsa əgər hər kişini aləmdə,
Eybi yox qeyrisinə dərdini naçar desə.
Zulfü cananı öpəndən günüm olmuş qarə,
Yenə əl çəkməyirəm, el mənə biar desə.
Qəzəlin ləzzəti tək ləhceyi-xanəndədədir,
Mail, hərçənd onu birgə kaman, tar desə.
«Vermərəm canımı hər yoldan ötən yarə görə…»
Vermərəm canımı hər yoldan ötən yarə görə,
Verrəm ancaq canımı sən kimi dildarə görə.
Vaxt olur ki, səni, ey məh, salacaq hörmətdən,
Seyri-gülzarə bica çıxma sən əğyarə görə.
Niyyəti fitnə-fəsaddır, çalışır şər salsın,
İstəyir ki, gününü aşiqivin qarə görə.
Dilbərim, gün gələcək, bil ki, cavab verməlisən,
Saçlarından darayıb atdığın hər tarə görə.
Çünki onlar, mələyim, riştəsidir canımızın,
Hərəsi can kimidir aşiqi-bimarə görə.
Bülbülü atəşi-hicranə yaxıb, yandırdı,
Odu ki, düşdü nüfuzdan gül, özü xarə görə.
El sənə hörmət edir şe’rlərinçün, Mail,
Yoxsa kim hörmət edər dövlətə, ya varə görə?
«Dün şövqlə getdim yenə mən kuyi-nigarə…»
Dün şövqlə getdim yenə mən kuyi-nigarə,
Bəlkə edə yarım qəmi-hicranıma çarə.
Gördü ki, əlif qəddimi eşqiylə bükülmüş,
Oldur, məni-biçarəyə bir etdi nəzarə.
Sordu: – Səni bu halə salan kimdi? – Dedim: Sən,
Əfv eylə – dedi, bilməmişəm, mən üzü qarə.
Eşqinlə dedim dözmüşəm hər möhnətə, ey məh,
Ancaq demədim dərdimi mən qeyrə, kənarə.
Əğyarı qapından dəxi qov, olmaya mane’,
Bəsdir ona sən eyləyəsən bircə işarə.
Yarım məni əfv eylədi, mən nazlı nigarı,
Son qoyduq o gündən dəxi biz naləvü zarə.
Bir təb’ gəlib, yar qəmiylə mənə, Mail,
Bu təb’ çətin bir də gələ qəlbə dübarə.
«Ey könül, həmsöhbət olmaqdansa bir nadan ilə…»
Ey könül, həmsöhbət olmaqdansa bir nadan ilə,
Get, çürüt öz ömrünü sən, sevgili canan ilə.
Etməsə saziş əgər dövran səninlə bir zaman,
Saziş eylə sən, çalış, ol vaxtidə dövran ilə.
Səndən ali kəslərə qul olmasan da, hörmət et,
Qətrələr bəhs eyləməz heç bir zaman ümman ilə.
Elmdən, sən’ətdən hərçənd uzaqsan, yox sözüm,
Bəs necə fəxr eyləyirsən bu quru dükkan ilə?!
Bilməsə insanların xeyriylə şərrin bir nəfər,
Fərqi ol şəxsin nədir aləmdə bəs heyvan ilə?
Atmışam dünya qəmin başdan, heyf, çox heyf, gec,
Könlüm indi məşq edir bir gözləri ceyran ilə.
Əqliviz başdan gedər yarın görəndə Mailin,
Hüsndə bəhs eyləyir yarı məhi-taban ilə.
Ücretsiz ön izlemeyi tamamladınız.