Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Biletsiz sərnişin»

Yazı tipi:

“Anam tək uşaq şeirləri yox, sevgi şeirləri də yazırdı. Onun atama həsr etdiyi məhəbbət şeirləri olduqca maraqlı və gözəl idi. Düşünürəm ki, anam lirik şeirlər yazan şairə ola bilərdi. Amma o məhz uşaq ədəbiyyatını seçdi. Uşaq ədəbiyyatında olan boşluq onu çox narahat edirdi. İstəyirdi ki, o, təkcə uşaq şairəsi kimi tanınsın. Şeirlər yaza-yaza həm də uşaq həkimi vəzifəsində çalışırdı. Çünki uşaqlara olan sevgisi sonsuz idi. Lakin 45-50 yaşlarında təqaüdə çıxaraq sırf poeziya ilə məşğul olmağa başladı. Daha həkim işləmədi. Bəlkə də sənətini həddindən artıq sevdiyindən irəli gəlirdi ki, o, səhhətində problem olsa da, yaradıcılığına fasilə vermirdi. Anam 85 yaşında dünyasını dəyişdi. Bu gün anam həyatda olmasa da unudulmur, xalqının, onu sevən azyaşlıların, sənət yoldaşlarının qəlbində əbədi yaşayır.”

– Gülər Abdullabəyova,
filologiya üzrə fəlsəfə doktoru, professor

Nəsillərə ismarlanan şeir

Dünyanın bir çox sənət adamları ixtisasca həkim olublar. Onlar insanın fiziki sağlamlığı ilə məşğul ola-ola eyni zamanda insan psixologiyası ilə daha yaxından tanışlıq əldə etmiş, insanın fiziki sağlamlığı üçün onun mənəvi sağlamlığının çox vacib şərt olduğu qənaətinə gəlmişlər. XX əsr uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, uşaq şeirinin banilərindən biri, şair və dramaturq Xanımana Əlibəyli (20 aprel, 1920 – 7 may, 2007) ixtisasca həkim idi. Bəlkə də həkimlik ona insanın mənəvi aləminə, ağrı və acılarına, sevinc və kədərinə daha yaxından bələd olma imkanı yaratdı və o, uşaq qəlbinə mənəvi rahatlıq gətirən şeirlər yazmağa başladı. O hələ, tibb fakultəsini bitirib Masallıda həkim işləyərkən bu işə intixab etmiş, ikinci dünya müharibəsinin qanlı qadalı illərində ilk şeirləri mətbuatda görünmüşdür. 1955-ci ildə çap olunmuş “Balaca həkim” adlı ilk şeir kitabı ilə uşaq şairi kimi ədəbiyyat tarixinə daxil olur. Yaradıcılığının ilk mərhələsindən etibarən, o uşaq ədəbiyyatının görkəmli simalarından – Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Abdulla Şaiq, Mikayıl Rzaquluzadə, Mirvarid Dilbazi kimi sənətkarların ən yaxşı ənənələrini yeni tarixi dövrdə – XX əsrin II yarısında davam etdirdi.

X.Əlibəylinin zəngin və əlvan yaradıcılığı həmişə Azərbaycan ziyalılarının və ədəbi tənqidin fikrinin diqqət mərkəzində olmuşdur. Xanımana Əlibəyli təqribən 70 il (1938-2007) əlinə qələm almış, müqəddəs ədəbiyyat sahəsində xidmət göstərmiş, ana qəlbinin ən dəruni hisslərini qətrə-qətrə şeirə çevirərək, uşaqlara ərməğan etmişdir. Bu dövrdə onun 30-dan artıq kitabı və onlarla pyesi uşaq ədəbiyyatının fonduna daxil olmuşdur.

Uşaq qəlbinə ilk yol, ana laylasından başlayır. Bizim laylalarımız ana südü kimi təmiz və halaldır. Ana səsi kimi şirin nəğmələrdir. Yalnız bu səviyyədə şeirlərlə uşaq qəlbinə yol tapmaq olar. Uşaq ürəkdən deyilmiş, əsas poetik yükü səmimiyyətdən ibarət olan yalan bilməyən şeiri eyni səmimiyyətlə də qəbul edir. Ona görə də uşaq şairi olmaq, uşağın psixologiyasını və mənəvi aləmini, onun sərhədsiz xəyallarla dolu romantik dünyasını şeirə gətirmək çox çətindir. Bu baxımdan Xanımana Əlibəyli uşaq poeziyamızın həssas nəğməkarıdır. Onun “Yağış yağır” və “Günəşim” şeiri bəstələnməmiş nəğmə qədər sadə, səmimi və mənalıdır.

 
Hələ səhər açılmamış
Şırıltıyla yağır yağış.
Göylər buludları sağır,
Yağış yağır, yağış yağır.
O çəp yağış yağa-yağa,
Bir sərinlik düşər bağa.
Sərv ağacı, söyüd və şam
Hey yuyunar səhər-axşam.
Yorulmadan təbil çalar,
Uzun-uzun navalçalar. (Yağış yağır)
 
***
 
Anam qəşəng geyindi.
Ağ idi onun donu.
Nənəm baxıb sevindi,
“Maral” çağırdı onu.
Yox, qoy anama baxıb,
Gözəl ad fıkirləşim.
Yaxasına gül taxıb,
Ona deyim: “Günəşim!” (Günəşim)
 

Hər bir sənətkarın yaratdığı əsərlər ona övladları qədər doğmadır. Valideyn yaşlandıqca övladının taleyindən nigaran qaldığı kimi, şeirlərinin də taleyi üçün səmimi narahatçılıq keçirir. Xüsusilə uşaq şairləri əmin olmaq istəyirlər ki, hər yeni gələn nəsil, onu özünün müasiri hesab edəcək, ya yox. Bu mənada X.Əlibəylinin ahıl yaşlarında yazdığı “Yalvardım Allaha” şeiri bir növ gələcək nəsillərə ünvanlanmış əminlik məktubudur.

 
Sanki Allah
Bir qarlı qış
Mənə şeir verdi baxşış.
O, qışımı yaz eylədi,
Ömrümü bəyaz eylədi.
Allah onu etdi ətir,
Səpdi aylara, illərə.
Yalvardım: Allahım, yetir
Şeirimi nəsillərə.
 

“Yalvardım Allahım yetir, şeirimi nəsillərə” misraları ilə o öz qəlb yavrusu olan şeirləri Allaha ismarlayır və bu vəsiyyətlə də şeirlərinə bir növ ömür qazandırır.

Şairəyə hamıdan yaxın və doğma olan qızı professor Gülər Abdullabəyova onun yaradıcılıq psixologiyasını sərgiləyən maraqlı fikir söyləyir: “Fəxr edirəm ki, anamın şeirlərini bu gün də uşaqlar sevə-sevə oxuyurlar”, “O, hər gələn uşaqlarla yenidən doğulacaq, müstəqil Azərbaycanın yeni-yeni körpə nəsilləri onun “Dovşanın ad günü”ndə iştirak edəcək”.

İllər ötdükcə bu həqiqət canlı şəkildə öz təsdiqini tapır.

Fidan Nizaməddin qızı Abdurəhmanova
filologiya üzrə fəlsəfə doktoru

Şeirlər

Azərbaycanım mənim

Qurban olum

 
Mən yaşayıram vaqonda,
Dünyanı gəzirəm onda.
Bilgəhə daşıdıq onu,
Yaxşı bəzədik vaqonu.
Elə ki, vaqona cumdum,
Uzanıb, gözümü yumdum.
Yatıram, yuxu görürəm:
Daş daşıyır, ev hörürəm.
Hərdən göyün üzündəyəm,
Hərdən Cıdır düzündəyəm.
Qardaşımla sübh çağında
Olduq İsa bulağında.
Sudan içdim doyunca mən,
Gəzdim dağlar boyunca mən.
Hey Şuşaya düşür yolum,
Vətənimə qurban olum.
 

Azərbaycanım mənim

 
Heyranam hər çağına,
Bağçasına, bağına,
Yıxılım ayağına,
Azərbaycanım mənim.
Buruqlar sanki meşə,
Fontan vurur həmişə,
Dostluğu edib peşə
Azərbaycanım mənim.
Xəzər köpürüb daşır,
Qumlu sahili aşır,
Hərdən neftə qarışır,
Azərbaycanım mənim.
Sənsən Arazım, Kürüm,
Qoynunda həyat sürüm.
Öpüm səni möhürüm,
Azərbaycanım mənim.
Mən səni Kəbə sanım,
Keşiyində dayanım.
Yaşa ciyərim-canım,
Mənim Azərbaycanım.
 

Dirilik suyu

 
Yurduma səhər çağı,
Axdın, Heydər bulağı.
Sən dağlardan gəlirsən,
Uzaqlardan gəlirsən,
Salmayırsan qalmaqal,
Sərin suyun şirin-bal,
Axırsan qışda, yayda,
Qızmar günəşli ayda.
Nə arxsan, nə quyusan,
– Sən dirilik suyusan.
 

Car

 
Zaqatalada bir yer var,
Adı: Car.
Arxasında uca dağlar,
Başı qar.
Göyə dəyir çinar, palıd,
Şabalıd.
Sinəsinə taxıb lalə, bənövşə,
Bu meşə.
Xoş nəfəsi çiçəklərin,
Səpsərin.
Günəş düşüb, batıb zərə
Göy dərə.
Lap uzaqdan gələn o səs,
Nədir bəs?
Cara çalır Zilban çayı,
Laylayı.
 

Girdiman çayı

 
Enəndə Şahdağından,
Yüyürdün birdən-birə.
Oxşadın coşmağından
Babəkə, Cavanşirə.
İnsan böyük torpağı
Sənə edib etibar.
Gəz bu çölləri, bağı,
Qoy bol olsun şirin bar.
Yığaraq bir ətək daş
Qaçma, Girdiman çayı.
Dağdan ax yavaş-yavaş,
A gözəl Şirvan çayı.
 

Allah əmanəti

 
Ey canım-gözüm Şuşa!
Ey şirin sözüm Şuşa!
Dönüm bir qızıl quşa,
– Qoynuna uçum, Şuşa.
Görüm o xoş üzünü,
Gəzim Cıdır düzünü.
Dağdan, təpədən aşım,
Daşaltını dolaşım.
Torpağında çöküm diz,
Ürəyimin ən əziz
Odlu məhəbbətisən,
– Allah əmanətisən.
 

Dənizim Xəzər

 
Xəzər evimizlə durur üzbəüz,
Sulara baxıram mən gecə-gündüz.
Günəş yuxusundan ertədən durur,
Xəzər dənizinə çox bəzək vurur.
Səhərlər girəndə al-əlvan dona,
Sevinclə dayanıb, baxıram ona.
Gecələr edirəm ona tamaşa,
Biz onunla yuxulayırıq baş-başa.
 

Bir türk məzarı

 
Bir türk məzarı var
Şirvan yolunda,
Güllər açıb məzarın sağ-solunda.
Bu məzardan əziz bir igid baxır,
Ölümü adamı yandırıb-yaxır.
Mən sığal vururam məzar daşına,
İstəyirəm hey dolanım başına.
Ermənilər qızışmışdı savaşa,
Xəbər tutdu Mustafa Kamal Paşa.
Köməyə göndərdi türk övladını,
Məhv eləsin erməni cəlladını.
Heyif bu mərd oğul getmişdir bada,
Kaş güllə dəyəydi birbaş cəllada.
 

Bakı küləyi

 
Bakıda axşam, səhər,
Küləklə dolur şəhər.
Küləklər çox-çox olur,
Gah əsir, gah yox olur.
Küləklər gecəyarı
Göyə sovurur qarı.
Çovğunlu, qışlı olur,
Bəzən yağışlı olur.
Külək əsəndə yayda,
Birdən ən isti ayda
Çevrilib sərin yelə,
Əsir belədən-belə.
O sanki bir quş olur,
Miz üstə qonmuş olur.
Əsir yeni əsərin,
Üstündə sərin-sərin.
 

Bir oğlan var

 
Bir oğlan var Muğanda,
Tanıyırsız Elcanı?..
Hər səhər gün doğanda,
Biçir çöldə yoncanı.
Tövlədə ana camış,
Ona dikib gözünü.
Yuxudan oyanmamış,
O yetirir özünü.
Ləklərinə su çəkdi,
Əkdi turpu, xiyarı.
Yollarda çinar əkdi,
Gözəl olsun diyarı.
 

Xəzri

 
Xəzər onun dənizidir,
Ağ dalğalar ləpələri.
Ayağının bir izidir
Sahildə qum təpələri.
Tapp… çırpıldı qapı-baca,
Qumlar yağa-yağa gəldi.
Salam verib hər ağaca
Xəzri səhər bağa gəldi.
Toyuq-cücə hinə qaçdı
Görüb xəzri küləyini.
O bir yelpinc kimi açdı
Ağ xoruzun lələyini.
Dəniz iyi evə doldu,
O gətirdi ətirini.
Yol ağzında tutub yoldu
Söyüdlərin çətirini.
Çəkə-çəkə al narları,
Heyvalarla barışdırdı.
Ağaclarda o barları
Bir-birinə qarışdırdı.
Üzümlükdə gəzdi külək,
Meynələri ləpələdi.
Çiçəklikdə ətək-ətək
Gül tozunu səpələdi.
İzlərini silə-silə,
Axşam döndü o, sahilə;
Qumlar üstə söykənərək
Şirin-şirin yatdı külək.
 

Gilavar, gəl!

 
Ay dəniz, bu nə səsdir?
Dalğalar, daha bəsdir,
Gah qalxıb, gah endiniz,
Coşub-köpükləndiniz.
Ah, bir gilavar gələ,
Çoxdandır düşmür ələ.
Mən bağda səhər çağı,
Silkələdim budağı.
Var gücümlə bağırdım,
Gilavarı çağırdım:
“Mən anamın ilkiyəm
Elə bilmə tülküyəm,
Nə dələ, nə dovşanam,
Sözəbaxan oğlanam,
Xəzri, yat, gilavar, gəl!
Xəzri, yat, gilavar, gəl!”
Dəniz olsun düpbədüz,
Axşamacan suda üz…
 

Xəzərəm

 
Xəzərəm ay, Xəzərəm,
Mən Bakını bəzərəm.
Üzümlü bağlarını
Sahil boyu gəzərəm.
Körpünü bol saldılar,
Sinəmə yol saldılar,
Çinar-çinar buruqlar.
Boynuma qol saldılar.
 

Gözəl Pirşağı

 
Odur, bax gəlib maşın,
Uşaqlar, hazırlaşın!
Gözləyir səhər çağı
Sizi gözəl Pirşağı.
Bağçanız köçür bağa.
Dovşan! Çanaqlı bağa!
Orda da var yuvanız.
Qoy dəyişsin havanız.
Bildi ki, bağa gedir,
Sarı bülbül oxudu
Maşına yığdı Nadir
Bəslədiyi noxudu.
Gördü hamıdan qabaq
Oturub xallı pişik,
Ətrafına oyuncaq
Yığılıb yeşik-yeşik…
Odur, onlar çatdılar
Bağda qum təpəsinə.
Səslərini qatdılar
Ləpələrin səsinə.
 

Çərpələng

 
Uç, mənim çərpələngim,
Quyruğu rəngbərəngim!
Çox fırlananda dəydin
Quşların qanadına.
Sən günəşə baş əydin,
Qalxdın göyün qatına.
Mən olaydım çərpələng,
Göylərin qatındakı.
Görəydim, necə qəşəng
Görünür ordan Bakı.
 

Allahu Əkbər!

 
Mavi rəngli göylərin qucağında
Təzəpir nurlanır səhər çağında.
Göyərçinlər oyanır təzə-təzə,
Gah göyə uçurlar, gah da günbəzə.
Dolanırlar Təzəpirin başına,
Heyran-heyran yaşıl günbəz daşına.
Elə bil verirlər dünyaya xəbər:
Ya Allahu Əkbər, Allahu Əkbər!
 

Qoşa bulaq

 
Doğulmuşdu göy dağlarda
Bir yaz çağı əkiz qardaş.
Bəslənməyib qucaqlarda,
Ayaq açdı yavaş-yavaş.
Birdən axdı coşa-coşa,
Dayanmadı çöl-çəməndə
Şirin nəğmə qoşa-qoşa,
Gəlib çatdı Hacıkəndə.
Səs salaraq dağa, daşa,
Tarlalara axıb gedir.
Yol ötənlər cüt qardaşa,
Heyran-heyran baxıb gedir.
 

Şəlalə

 
Hacıkəndə gedən yolda
– Qayalıqdan bir az solda
Xoş nəğməli şəlalə var,
Heyran qalıb ona dağlar.
Kiçik bir qız ötəndə yol
Ona dedi: – Bir rahat ol!
Yorularsan dur, şəlalə.
Belə dedi gur şəlalə:
– Ay qız, mənə demə dayan!
Qarşı dağda şırıldayan
Şəlaləylə yarışırıq,
Coşqun çaya qarışırıq.
 

Ağənnə

 
Bir zaman Bədalanda
Ağənnə ana vardı.
Cəbhə üçün eyvanda
O, corab toxuyardı.
İşləyirdi cəhrəsi
Kənddə hamı yatanda.
Gecəquşunun səsi
Meşələrdə batanda.
Əvvəl darayıb yunu
O, salardı cəhrəyə.
Ana altı oğlunu
Göndərmişdi cəbhəyə.
Corab salanda yola
O, qalama-qalama.
Birdən dedi:
– Nə ola biri düşə balama.
Qoy düşsün kimə düşür.
O da balamdır mənim.
Səngərlərdə döyüşür,
Qalib gəlsin Vətənim.
 

Kür qırağında

 
Biz gəldik Sabirabada,
Bir ilk bahar düşdü yada.
O qış oxşayırdı yaza,
Qovuşmuşdu Kür Araza.
Bu yerdə bollu məhsul var,
Gəzib, dolaşdıq hər yanı.
Qoçaq məktəbli uşaqlar,
Becərib bağı, bostanı.
Bərələrdə üzüb çayı.
Seyr elədik biz o tayı.
Gəzdik çiçəkli Surrada.
Bağ-bağatlı Qruzmada.
Biz gələndə daha qışdı,
Pambıq çoxdan yığılmışdı.
Büllur kimi axırdı su.
İşlədikcə su qurğusu.
Zəhmət sevir orda ellər,
Günəş çıxıb, qızıl tellər
Düşüb suya səhərçağı,
Nə gözəldir Kür qırağı!..
 

Maralgöl

 
Bir Maralgöl var Gəncədə
– Uca dağlar qoynunda.
Damcılardan mirvari var
Cərgə-cərgə boynunda.
Şax buynuzlu gözəl maral
İstədi ki, yuyuna.
O diz çökdü sahilində,
O baş əydi suyuna.
Gölün parlaq güzgüsündə
Maral baxdı özünə.
Sularının mavi rəngi
Düşdü onun gözünə.
 

Pambıqçı günəş

 
Geniş Muğan düzündə
Günəş düşdü tarlaya.
Parladı yer üzündə
Ağ pambıq taya-taya.
O, nə gəzməyə dağa,
Nə də ki, çaya düşdü.
Səhər pambıq yığmağa,
Günəş tarlaya düşdü.
Oxşadı narın-narın,
Pambığın tellərini.
O, isitdi qızların,
Yorulmaz əllərini.
 

Salamat qal

 
Mən Qara dənizə çatdım,
Gün batanda, axşam vaxtı.
Sularına güllər atdım,
Ceyran kimi dönüb baxdı.
Dedim: – Qızılgülləri al,
Mən heyranam hər çağına!
Qara dəniz, salamat qal,
Nə sözün var qonağına?
Bürünərək parlaq zərə,
Durub, xeyli baxdı gendən.
Dedi: – Bacım, göy Xəzərə
Çoxlu salam yetir məndən.
 

Gəlim Murov tərəfə

 
Yayın isti çağında,
Göy təmiz, hava açıq.
Uca Murov dağında
Qurulmuşdu alaçıq.
Dost olmuşdum əzəldən,
Sürüdə bir kəl ilə,
Ona otdan, xəzəldən,
Yedirirdim əl ilə.
Gedən vaxtı örüşə
Alaçığa salıb baş,
O, mənimlə görüşə
Gələrdi yavaş-yavaş.
Nəsə dedi elə bil,
Görüşəndə son dəfə.
Yəqin tapşırdı hər il
Gəlim Murov tərəfə.