Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Biletsiz sərnişin», sayfa 2

Yazı tipi:

Neftçala balıqçıları

 
Mavi Kür sahilində,
Bir şəhər var – Neftçala.
Bir-birilə qovuşur,
Orada ana, bala.
Xəzər öz qucağını,
Açır istəkli Kürə.
Ona bax, necə gəlir
O yüyürə-yüyürə!
Balıqçılar sevinir,
Torları yığa-yığa.
Şamayını, kütümü,
Tullayırlar qayığa.
Nə sularda bir səs-küy,
Nə bir qalmaqal olur.
Bu zaman balıqçılar,
Balıq kimi lal olur.
 

Xızı dağları

 
Gəldi sevimli yayım…
Ən isti çağlarında.
Gəzdirir məni dayım
Xızının dağlarında.
Dağın başında durub,
Baxdım kəndə uzaqdan.
Gördüm ki, dəstə vurub,
Qızlar gəlir bulaqdan.
Bir sürü qoyun-quzu,
Otlayırdı o tayda.
Çəpişi dayım qızı
Sulayır Ataçayda.
Birdən baxdım hər yana,
Görmədim kəndimizi.
Bürüdü ağ dumana,
Xızı dağları bizi.
 

Yadigar

 
Xeyli keçmişdi yaydan,
Biz keçirdik Göyçaydan.
Yanında böyük daşın
Dayandı birdən maşın.
Gördüm üzüaşağı
Qaçır oğlan uşağı.
Elə ki, bizə çatdı,
Səbətini uzatdı.
Dedi: – Göyçay narıdır,
Bağımızın barıdır.
Gətirdim sizə sovqat.
– Niyə oldun narahat,
Zəhmət çəkdin, çox sağ ol!
Oğlan dedi: – Yaxşı yol!
Hamıya verdi ləzzət,
O dadlı gülöyşə nar.
Səbət dolu mərifət
Qaldı bizə yadigar.
 

Qayıqda nəğmə

 
Çıxmışıq Xəzərdə üzməyə biz də:
Mən, atam, balaca bacım Nəsimə.
Nəğmə oxuyuram mavi dənizdə,
Ləpələr səs verir mənim səsimə.
Dedim ki, atacan, yavaş çək avar,
Oxudum, səsimi qaldırdım zilə.
Gördüm ki, xəzriyə dönüb giləvar.
Quş kimi uçurdur onu sahilə.
 

Lənkəran torpağında

 
Lənkəran torpağında
Becəriblər limonu,
Həyətyanı bağında
Sən də əkərsən onu.
Çay yaxşıca dəm alsın,
Bir dilim sal çayına.
Saxla tumunu qalsın
Gələn bahar ayına.
Bir də gördün boy atıb
Limon verib ağacın.
Suyuna şəkər qatıb
İçər balaca bacın.
 

Bir tunel

 
Çox sevirəm Bilgəhin dənizini,
Bağa köçürük ildə.
Tanıyıram suitinin, qağayının izini.
Dolaşıram sahildə.
Qayalar var yanağı çopur-çopur,
Balıqçılarla dolu.
Bir də gördün şiddətli külək qopur,
Tozanaq tutur yolu.
Çox görmüşəm küləyin hücumunu,
Qılınc kimi kəsib yel!
Daşımışam sahillərin qumunu!
Qazımışam bir tunel.
 

Parovoz

 
O, yollarda yaşayır,
Basır onu tüstü, toz.
Bakıdan neft daşıyır
Şəhərlərə parovoz.
Bağırır: puf-puf, puf-puf,
Nə yaman istidir, uf!
Gümüş rəngli buxardır
Onun isti nəfəsi,
Qəribə fiti vardır,
Aləmi basır səsi.
Qışda çöldə yaşayır,
– Var odu, hərarəti,
İftixarla daşıyır
O qiymətli sərvəti.
 

Bayramın mübarək, oğul!

 
Dağ üstünə axşam çökür,
Üz tutdum baş xiyabana.
Ağlayırdı hönkür-hönkür,
Hardasa bir dərdli ana:
“Qara gözlü, qələm qaşlı,
Hanı sənin xoş söhbətin?
Anan qalıb gözü yaşlı,
Caynağında müsibətin.
Səni məhv olasan, cəllad,
Necə qıydın balalara?!
Mən nə edim?
Yoxdur imdad,
Ömrüm, günüm oldu qara.
Mən, sənə bayram axşamı
Gətirmişəm nabat, noğul.
Yandırdım xonçada şamı,
Bayramın mübarək, oğul!”
Bəs ucalan o nə səsdir,
Oxşamır fəryada, aha?..
Oğul deyir: “Ana bəsdir,
Axşamdır, get evə daha.
Lap arxayın olaram mən,
Göz yaşını silsən, ana.
İnciyib küsərəm səndən,
Məni ölmüş bilsən, ana”.
 

Gedim davaya

 
– Ana, icazə ver gedim davaya,
Daş ataram düşmənə topa-topa.
– Oğul, aç pəncərəni, bax havaya,
Göydən yerə qar yağır lopa-lopa.
– Ana, mən qorxmuram, şaxta-qar nədir?
– Bu davada neyləyər sənin daşın?
– Bəs dərdimin yaraları göynədir.
– Bu il tamam olacaqdır beş yaşın.
– Ana, gedim silahları yağlayım,
Ana, gedim yaraları bağlayım.
– Oğul, dava kişilərin işidir,
– Bəs deyirdin mənim oğlum kişidir…
 

Laçın

 
Mənə əl eləyir uca Kirs dağı,
Dağdan aşan gur Şahnabad bulağı,
Məni salamlayır o gözəl Laçın.
Ermənilər, yurdumuzdan tez qaçın!
Bir gün sizə ölüm elan olacaq,
Bütün həyatınız talan olacaq!
 

Quran

 
Quran, bütün kitabların tacıdır,
O dünyada hər dərdin əlacıdır.
Kim getsə Quranın saldığı yolu,
Açılar yollarda qanadı, qolu.
Quran ən müqəddəs, əziz kitabdır,
Quranı oxumaq böyük savabdır.
 

Bayrağım

 
Ay-ulduzlu bayrağı var bu uca dövlətimin,
Sanki od-ocağı var qəhrəman millətimin.
O parlayan rəngi al, şəhidlərin al qanı,
Bu dünyaya işıq sal, şəfəqləndir hər yanı!
Sən dalğalan, keçsin şən bu həyatda hər çağın,
Səni çox sevirəm mən, ay-ulduzlu bayrağım!
 

Ciyərimiz-canımız

 
Türklərsiz keçməsin heç bir anımız,
Türklərdir lap ciyərimiz-canımız.
Türklər yaşasa da, bizdən uzaqda,
Köməyə gəlirlər hər dar ayaqda.
Ürəyimiz türklərlə çox sevindi,
İki dövlət bir millətik biz indi.
Bunu Heydər Əliyev etdi elan,
Yaşayacaq dostluğumuz hər zaman.
 

Əsgər qardaşım

 
Kənd işıqları yandı,
Yaşıl rəngli bir maşın
Qapımızda dayandı.
Gördüm uca, qaraşın,
Bir oğlan yerə düşdü,
O, mənimlə görüşdü.
Boynuna sarılmışam,
Əsgərlikdən bu axşam
Gəlib qardaşım Sadıq,
Biz evdə hamı şadıq.
 

Təbiət hadisələri

Günəş olaram

 
Qışda şaxtada, buzda
Günəş çimir hovuzda.
Bərk istisində yayın
Çimir suyunda çayın.
Odur ki, par-par yanır,
Hər tərəf işıqlanır.
Qoy gətirim ləyəni,
Su tök yuyundur məni.
Ay ana, böyüyəndə
Günəş olaram mən də.
 

Yağış yağır

 
Hələ səhər açılmamış
Şırıltıyla yağır yağış.
Göylər buludları sağır,
Yağış yağır, yağış yağır.
O çəp yağış yağa-yağa,
Bir sərinlik düşər bağa.
Sərv ağacı, söyüd və şam
Hey yuyunar səhər-axşam.
Yorulmadan təbil çalar,
Uzun-uzun navalçalar.
 

Günəşim

 
Anam qəşəng geyindi.
Ağ idi onun donu.
Nənəm baxıb sevindi,
“Maral” çağırdı onu.
Yox, qoy anama baxıb,
Gözəl ad fıkirləşim.
Yaxasına gül taxıb,
Ona deyim: “Günəşim!”
 

Liman

 
Limana bax, limana,
Bürünüb ağ dumana.
O gizlədib aləmi,
Hanı o qədər gəmi?
Baxırsan sola, sağa,
Hər yan bürünüb ağa.
Ağarıb səhər ertə
Dor ağacı, göyərtə.
Kimsə tullandı bəri,
Atdı suya lövbəri.
Daşınır sahilə yük,
Üzərində ağ örtük.
Qaynayır körpüdə iş,
Dayanmır gediş-gəliş.
Üzür dumanda sahil,
Yelkənlər də elə bil
İlişib gümüş tora,
Vurnuxur bura, ora.
Gəl, sən də bax limana,
Bürünüb ağ dumana.
 

Qar yağanda

 
Ağ qar yağır başıma,
Kirpiyimə, qaşıma.
Kim qarda gəzər,
Qar onu bəzər.
Qar qonur hər ağaca,
Ağarır həyət-baca.
Qar yağa-yağa,
Büründüm ağa.
İndi başımı açım,
Ağarsın qara saçım.
Gəzim hər yanı,
Bütün dünyanı!
Çağırdı bacım Gözəl:
– Şaxta baba, evə gəl.
 

Meşələrin səsi

 
Ağacların öz səsi var,
Pəstdən və zil nəğməsi var,
Pəstən nəğmə gözəl olur,
Hərdən gecə külək dolur
Meşə adlı o mənzilə,
Nəğmələri qalxır zilə.
 

Dayan, yay!

 
– Nə tez köçünü tutdun,
Nə tez bizi unutdun?
Gözlərində gur işıq,
Biz səndən doymamışıq.
Hanı o xoş çağların?..
Yanında uşaqların
Çimərdin çayda, göldə,
Gəzərdin düzdə, çöldə.
Toplayardıq çiçək, gül,
Qal bizimlə sevin, gül!
– Uşaqlar, darıxmayın,
Bitdi fəsili yayın.
Hər vaxtın var bir sonu.
Əynində qızıl donu
Ardınca şən qız gəlir,
Bir gözəl payız gəlir.
 

Gözəl ev-eşik

 
Toplamışam çınqıl, daş,
Torpaq da, gil də.
Ev tikim yavaş-yavaş,
Qumlu sahildə.
Bu mənim otlaqlarım,
Bu da it damı.
Hardadır qonaqlarım?
Qoy gəlsin hamı.
Mənim yaşıl bağımda
Danışaq, gülək.
Səslənsin qulağımda
Bir sərin külək.
Dalğalar coşa-coşa
Çalsın qaytağı.
Oynayaq qoşa-qoşa
Biz səhər çağı.
Günəş düşüb eyvana,
Gözəl ev-eşik…
Burdan qaçmaz heç yana,
Nə it, nə pişik.
Gözəl ev-eşik.
 

Külək və söyüd

 
– Söyüd, gəldim öyrənim
Mənimlə dost olursan?..
– Yox, olmuram, sən mənim
Saçlarımı yolursan.
 

Sən çıxma, mən çıxaram

 
Bir qız var Günay adlı,
Evlərinin gülüdür.
Bəlkə də zər qanadlı,
Bir incə bülbülüdür.
Gəldi qımıltı səsi,
Yuxusundan ayılır.
Səhərlər şən nəğməsi
Ürəklərə yayılır.
O, evdə nənəsinə
Kömək edir hər işdə.
Nənənin həvəsinə
Kəsdi xəngəl, əriştə.
Günayın otağına
Qızıl günəş süzüldü.
Onun al yanağına
Kirpikləri düzüldü.
Nənəsi dedi:
– Bala, gün çıxıb, düşüb yola.
Gündüzlər günə taysan,
Gecələr nurlu aysan.
Nağıldakı gözəl tək,
Telinə düz gül, çiçək.
Günə de ki, sən çıxma
– Mən çıxaram.
Aya de ki, sən çıxma
– Mən çıxaram.
 

Özü tapar

 
Mən yuxuda gördüm gecə
Cırtdan əjdahanı boğur.
Mən yuxuda gördüm necə
Üfüqlərdə günəş doğur.
Dedi küpəgirən qarı:
– Məni nağıllardan apar!
Mən yüyürdüm evə sarı,
Dedim yolu özü tapar.
 

Aya baxın!

 
Aya baxın, uzaqdan
Elə bil ki, yemişdir.
Qoy dərim onu tağdan,
İriləşib dəymişdir.
Ay göy, böyükdür barın,
Tutmaz mənim zənbilim.
Paylayım ulduzların
Hərəsinə bir dilim.
 

Sehrli nərdivan

 
– Mindir məni, ay ana,
Qaldırıcı krana.
Oradan dırmaşaram
Sehirli nərdivana.
Hopp… Düz düşərəm aya,
Hər tərəfim dağ, qaya.
Ay daşları yığaram
Sənubərə, Humaya.
Qaranlıq düşər, axşam
Hər tərəfdə yanar şam.
Evimizə dönərəm
Görsəm ki, darıxmışam.
 

Raketim

 
Bax, dan yeri sökülür,
Raketim uçur Aya.
Ağ buludlar tökülür
Üstümə taya-taya.
Kimsə durdu yolumda,
Qoymadı keçim Aya.
Tullanır sağ-solumda,
Oxşayır əjdahaya.
Parıldadı qılıncım,
Dayanmaq olmaz daha.
Doğrandı xıncım-xıncım
Yeddi başlı əjdaha.
Qapı açıldı tay-tay,
Girdim Ayın içinə.
Gördüm bura gəlib yay,
Başlayıblar biçinə.
Bir sürü qanadlı at
Dəydi mənim gözümə.
Yüyürərək o saat
Bir at tutdum özümə.
Başına sünbül hördüm,
Minib çapdım o atı.
Heyf, yuxuda gördüm
Bu yaxşı əhvalatı.
 

Qar deyir

 
Çox gəzmişəm vətənin
Dağlarını, düzünü.
Süsənin, yasəmənin
Görməmişəm üzünü.
Ağaclar olub yalın
Mən gəzəndə bağları.
Bürümüşəm ağ, qalın
Yorğana budaqları.
Görməmişəm laləni,
O da tanımır məni.
Mən gələndə qış olur,
Çiçəklər yatmış olur.
 

Mayak

 
Buludlarda ay batır,
Ulduzlar bir-bir yatır.
O zümrüd gözlü mayak
Dəryada qalır oyaq.
Birdən qopsa fırtına,
Külək girməsə qına,
Gəmini alsa duman,
Mayaka gəlir güman.
Odur köməyə çatan,
Onu sevir kapitan.
 

Evimiz

 
Neftçilər prospektində,
“Azərneft”dən yuxarı;
Evimiz durur tində,
Baxır dənizə sarı.
Laylay deyir göy dəniz,
Eşidirik səsini.
Sakit axşamlarda biz
Duyuruq nəfəsini.
Başlayıb gecə sahil
Göy dənizlə söhbətə.
Biz gəmidə elə bil
Çıxmışıq səyahətə.
 

Tıq-tıq

 
Tıq-tıq… döyüldü qapı,
Kimsə gecikib əlbət.
Salacaq tappatapı,
Alacaq indi töhmət.
Sinifdə idi hamı,
İlqar gecikmir daha.
Deyir: – Axşam çantamı
Rahlayıram sabaha.
Müəllim dedi yerdən:
– Buyur, sinfə görək!..
Qapı açıldı birdən,
İçəri girdi külək.
Uşaqlar bərk küy salıb,
Birdən-birə gülüşdü.
Külək məəttəl qalıb,
Pəncərədən sürüşdü.
 

Rəssam Günəş

 
Rəssam Günəş ertə durdu,
Təbiətə min rəng vurdu.
Fırçasını çəkdi dağa,
Göy dənizə, yaşıl bağa,
Gah soluna, gah sağına,
Uşaqların yanağına.
Günəş gözəl bir rəssamdır,
Hər tərəfə rəngi çatdı.
Elə ki, gördü axşamdır,
Dağ dalına enib yatdı.
 

Nağaraçı

 
Nağaramı vurum-vurum,
Dum-ba-du-rum, dum-ba-du-rum.
Ağacların göy budağı
Oyanaydı səhər çağı.
Nağaramı vurum-vurum,
Dum-ba-du-rum, dum-ba-du-rum.
Göbələklər əl-qol atar,
Yallı gedər qatar-qatar.
Nağaramı vurum-vurum,
Dum-ba-du-rum, dum-ba-du-rum.
Uşaqlar çıxar küçəyə,
Şap-şup salar gölməçəyə.
Yay yağışı – mənim adım,
Kimi deyirsiz oynadım.
Nağaramı vurum-vurum,
Dum-ba-du-rum, dum-ba-du-rum.
 

Dalğalar və dəniz nağılı

 
Uşaqlar, bir nağıl var,
Onu söyləyim sizə.
Necə qaçır dalğalar
Sahilə və dənizə.
Sanki onlar uşaqdır,
İməkləməyə başlar.
Sahildəsə yumşaqdır
Hər cürə rəngli daşlar.
Guya ki, o daş, o qum,
Hamısı “şirniyyat”dır;
Ləzzətli rahat-lokum,
Şokalad və nabatdır.
Onlar cumur sahilə,
“Şirniyyat”ı yalayır.
Yığıb onu əlilə,
Ətəyinə qalayır.
Dəniz çağırır: gəlin!
Ananızla dincəlin.
Qoynumda saldım yeri…
Dalğalar dönür geri,
Quş kimi qanad açır
Yenə sahilə qaçır.
Yalayır “şirniyyat”ı,
Belə keçir həyatı…
Bu şeirdə, uşaqlar,
Mən nağıl etdim sizə
Niyə cumur dalğalar
Sahilə və dənizə,
Sahilə və dənizə.
 

Göydəki ulduz nədir?

 
– Quq-quluquu! – dedi xoruz,
Sarı darıdır ulduz.
Hər gecə Sənəm qarı
Səpir göylərə darı.
Səsləyim beçələri,
Toyuğu, cücələri.
Qoy yesinlər dənləri,
Yağlansın bədənləri.
Qok, qok, qok, qok…
Göydə görüb ulduzu,
– Yemlikdir! – dedi quzu.
Yaşıl zəmidə bitib,
Otun içində itib.
Deyim çoban əmiyə,
Qoysun bizi zəmiyə.
Mə, mə, mə, mə..
Gülərək dedi Nadir:
– Ulduzlar mirvaridir.
Göydə quş kimi süzüb
Qalxaram ulduzlara.
Onları sapa düzüb
Paylayaram qızlara.
 

Əks-səda

 
Mən onu səsləyərək,
Meşədə gəzirəm tək.
Əks-səda danışır,
Lap tutur məni gülmək.
Çağırdım: – Tez gəl bura,
Meşə boyanıb nura.
Çığırdı: Ura! Ura!
Mən dedim əks-sədaya:
– Sonra gedərik çaya.
O dedi: – Aya! Aya!
Meşədə xeyli müddət
Etdik onunla söhbət.
Əks-səda mənimlə
Aya uçacaq, əlbət.
 

Gün çıxır

 
Gün çıxır ay, gün çıxır,
O, seyrə hər gün çıxır.
Dolaşır bağça-bağı,
İsidir hər uşağı.
Bütün şəhərə, kəndə,
Otağa aynabəndə
Gün düşüb, ay gün düşüb,
Buludlar sürgün düşüb.
 

Külək

 
Axşamacan çalırsan
Teleqraf tellərini.
Sən necə səs salırsan?..
Görmürəm əllərini.
Gah olursan qızıl quş,
Gah dönürsən kəhərə.
Sənin adın qoyulmuş,
Bizim doğma şəhərə.
 

Kölgə

 
Görürsənmi kölgəni…
Aparır haçan dedim
Bağda gəzməyə məni?
Yolda mən badam yedim,
O da yedi badamı.
Kölgə səssiz-səmirsiz
Ötürür hər adamı.
 

Xalçaçı nənə

 
Görüb neçə bahar, qış,
Ağ saçları hamardır.
Üzü-gözü qırışmış,
Əli damar-damardır.
O, həm xalça toxuyur,
Həm də nəğmə oxuyur.
Odur sapları eşib,
Bir-birinə calayır.
Günəş xananı deşib,
Əllərini yalayır.
 

Şəkilli kitab

 
Şəkillərlə doludur
Rəngli kitabın içi.
Baxın: bu kənd yoludur,
Gedir yolla biçinçi.
Bu əkilən darıdır,
Sünbülü sapsarıdır.
Buğdadır taya-taya,
Günəş yol salır çaya.
Bu körpəyə baxsana,
Quzu kimi mələyir.
Ağac altında ana,
Onu açıb-bələyir.
Çöldə güllərə bax sən:
Yaşıl, qırmızı, abı.
Lap çox istəyirəm mən
Belə rəngli kitabı.
Mənəm bu balaca qız,
Güldən başlıq toxudum.
Kitabımı yazısız
Gördüz necə oxudum?
 

Dalğalar

 
Eşidirsizmi küyü?
Dənizdir, ləpələnir.
Hərdənbir duzlu suyu
Daşlara səpələnir.
Dalğalar, göy çəməndə
Quzulardır elə bil.
Dəniz ləpələnəndə
Nəğməylə doldu sahil.
Sevinib dedi Eldar:
– Nə yaxşı səsiniz var,
Oxuyaq, ay dalğalar!
Qaya üstündən aşıb,
Oturdu bir daş üstə.
Dalğalar yaxınlaşıb,
Ona dedi: – “Baş üstə!”
 

Ücretsiz ön izlemeyi tamamladınız.