Kitabı oku: «Tom dayının daxması», sayfa 7
Mister Berd ondan soruşdu:
– Sən köləsən?
– Bəli, ser. Mənim ağam Kentukkidə yaşayır.
– O səninlə pis rəftar edirdi?
– Xeyr, ser, o çox yaxşı adamdır.
Deməli, hər şeydə xanım günahkardır?
– Xeyr, ser! Ondan xeyirxahlıqdan başqa bir şey görməmişəm,– o qəti cavab verdi.
– Bəs onda belə bir evdən qaçmağa və öz həyatını təhlükə qarşısında qoymağa səni vadar eləyən nədir?
Qadın diqqətlə missis Berdə baxdı və onun dərin matəm içində olduğu iti nəzərlərindən yayınmadı.
– Xanım, söyləyin, – o birdən danışmağa başladı, – siz başa düşürsünüzmü uşağı itirmək nə deməkdir?
Belə bir sualı heç kim gözləmirdi, o, sağalmamış bir yaranın qaysağını qopartdı, ər-arvad Berdlərin öz körpəcə oğullarını torpağa tapşırdıqları günün üstündən heç bir ay da keçməmişdi.
Mister Berd birdən dönüb pəncərəyə yanaşdı, missis Berdin gözlərindən yaş axdı, lakin o özünü ələ alaraq dedi:
– Sən bunu niyə soruşursan? Axı bizim oğlumuz ölüb.
– Onda siz məni başa düşərsiniz. Mən ikisini itirmişəm, bir-birinin dalınca… onların balaca qəbirləri orda, Kentukkidə qalıb. Bu isə mənim yeganə oğlumdur. Mən onu özümdən bir addım da aralı buraxmıram. O mənim ümid yerim, təsəllimdir. Onu da əlimdən almaq… Cənuba satmaq istəyirdilər! Bir özünüz fikirləşin, xanım! Heç zaman anasından ayrılmamış bir körpəni satmaq olar?! Məgər, bununla barışmaq olar? Məgər belə bir dərdə dözmək olar? Mən biləndə ki, bütün kağızlar imzalanıb və oğlum satılıb, gecə ikən qaçdım. Arxamca məni təqibə başladılar. Onlar lap yaxında idilər – Harrini alan adam və sahibkarımın iki işçisi. Mən sahildən buzun üstünə atıldım və bu tərəfə necə qaçıb keçmişəm indi də ağlıma gətirə bilmirəm… Bircə yadımdadır ki, kimsə əlini mənə uzatdı və sahilə çıxmağıma kömək elədi…
Bütün bunları danışarkən qadın ağlamırdı, göz yaşları çoxdan qurumuşdu. Lakin onu dinləyənlər bu qəmli hekayətə hərə öz bildiyi kimi hay verir, ürəkdən kövrəlib öz münasibətlərini bildirirdilər.
Oğlanların hər ikisi əvvəlcə burun dəsmalını axtararaq, ciblərini eşələdilər, hamıya məlumdur ki, heç vaxt onların cibində dəsmalları olmur, buna görə də analarının dizinə sığındılar, burunlarını və gözlərini donunun ətəyi ilə silərək hönkürtüylə ağladılar. Missis Berd yaylığıyla üzünü örtmüşdü. Dina xala qara yanaqlarından süzülən göz yaşlarını silmədən, sızıldayırdı: “İlahi! Rəhmin gəlsin bizə!” Qoca Kaco isə səylə qol köbəsini gözlərinə sıxaraq ağlagəlməz bir qəribəliklə ağız-gözünü əyişdirmişdi, Dina xalanın ağısına hərdən həyəcanla, qızğınlıqla hay verirdi. Bizim senator hökumət adamı olduğu üçün adi adamlar kimi ağlaya bilməzdi, ona görə də üzünü döndərib gözlərini pəncərəyə zilləməli olmuşdu, tez-tez öskürüb boğazını arıtlayır, bərkdən burnunu silir, gözlüyünü təmizləyirdi. Əgər otaqda başqa bir adam olsaydı, onun hərəkətlərinin səmimiyyətinə çətin ki, inanardı. O, boğazına dirənən qəhəri udub birdən səsləndi:
– Sən necə dedin? Deyirsən ki, sahibkarın mərhəmətli idi?
– Mən həmişə də belə deyəcəyəm! Onların hər ikisi xeyirxahdır, ancaq özünüz fikirləşin, onun böyük borcları vardı, kimdənsə asılı vəziyyətə düşmüşdü və hər şeydə ona tabe olmalıydı. Mən onun xanımla bu barədə söhbətini eşitdim. Xanım mənim tərəfimdə idi, lakin ağa dedi ki, kağızlar artıq imzalanıb və heç nə eləmək mümkün deyil. Onda mən oğlumu da götürüb evdən qaçdım. Mən onsuz yaşaya bilmərəm, o mənim gözümün ağı-qarası yeganə balamdır!
– Bəs sənin ərin yoxdurmu?
– Var, ancaq onun yiyəsi başqa adamdır, – qansız və qəddardır. O, ərimi mənim yanıma buraxmırdı, ona göz verib işıq vermirdi. Cənuba satacağı ilə hədələyirdi. Yəqin ki, mən bir də heç zaman onunla görüşə bilməyəcəyəm.
Kənardan baxan fikirləşə bilərdi ki, qadın əriylə ayrılığa tamamilə əhəmiyyətsiz bir şey kimi baxır, – bütün bunları o həyəcansız, sakitliklə danışırdı. Lakin onun iri, qara gözlərində gizlənən dərin iztirab başqa şeylərdən soraq verirdi.
– İndi sən hara gedəcəksən, zavallı? – Missis Berd soruşdu.
– Kanadaya… bircə bilmirəm ki, o hardadır. Burdan çox uzaqdır? – Və qadın sadəlövhlüklə missis Berdə baxdı.
– Talesiz biçarə! – Missis Berd ah çəkdi.
– Yəqin çox uzaqdır?
– Sən təsəvvür eləyəndən də çox-çox uzaqdır, – missis Berd dedi. – Lakin biz çalışarıq sənə kömək edək… Dina, onu öz otağında yatırt, səhər bir şey fikirləşərik. Sənsə, əzizim, narahat olma, rahat yat.
Missis Berd və əri qonaq otağına qayıtdılar. Missis yelləncəyə oturdu, fikirli-fikirli buxarıya baxaraq astaca yırğalanmağa başladı. Mister Berd otaqda o baş-bu başa addımlayır və öz-özünə donquldanırdı:
– Hm! Hm! Belə-belə işlər…
– Nəhayət o, arvadının önündə dayanıb dedi:
– Məsələ belədir, dostum mənim: o bu gecə burdan getməlidir. Bu qul alverçisi sabah tezdən bizdə peyda olacaq. Qadın tək olsaydı, dərd yarı idi, o gedənəcən birtəhər gözləyərdi, uşağı axı, saxlaya bilməzsən! Bir də gördün başını pəncərədən, ya qapıdan çölə çıxartdı – vəssalam. Onları burda tapsalar, mən nə vəziyyətdə qalaram? Xeyr! Onu elə bu gün gecə yola salmaq lazımdır.
– Necə? Bu necə ola bilər, axı? Hara?
– Mən bilirəm hara, – senator fikirli-fikirli çəkmələrinə doğru yönəldi. Çəkmənin bir tayını alayarımçıq geyib ikiəlli dizini qucaqlayaraq dərin fikrə qərq oldu. – Bəli, şübhəsiz ki, bu o qədər də ürəkaçan iş deyil! – O, yenidən çəkmənin boğazından dartıb geyindi, sonra o birisini əlinə alıb, diqqətlə xalçanın naxışlarını nəzərdən keçirməyə başladı. – Kömək eləməksə lazımdır, görüm onları lənətə gəlsin. – ikinci çəkməni geyinmək uzun çəkmədi və senator pəncərəyə yaxınlaşdı.
Missis Berd nəzakətli qadın idi, heç vaxt başqalarını sancmağı, məzəmmətlə “Aha, gördünüz, sizə nə demişdim” söyləməyi özünə rəva bilməzdi! İndi də ərinin fikirlərinin hansı səmtə çevrildiyini başa düşməsinə baxmayaraq, yelləncəkdə oturub təmkinlə susurdu və hökmdarının nə vaxt lütf edib fikirlərini onunla bölüşəcəyini gözləyirdi.
– Bilirsənmi, məsələ nə yerdədir, – nəhayət, mister Berd danışmağa başladı. – Mənim köhnə müştərim Van-Tromp bütün qullarını azadlığa buraxaraq, Kentukkidən köçüb və burdan yeddi mil aralı, çayın yuxarılarında özünə bir malikanə alıb. Malikanə meşənin içindədir və işi olmasa, ora heç kəsin yolu düşmür, bir də ki, onu tapmaq o qədər asan deyil. Orda bu qadın tam təhlükəsizlikdə olacaq. Ancaq dərd burasıdır ki, məndən başqa onu ora heç kəs aparıb çatdıra bilməz.
– Niyə? Bəs Kaco? Axı, o, çox gözəl faytonçudur.
– Hə, doğrudur, lakin çayı iki dəfə dayaz yerdən keçmək lazım gələcək, ikinci keçid çox təhlükəlidir. Mənsə dəfələrlə ordan atla keçmişəm və o yeri yaxşı tanıyıram. Bir sözlə, başqa əlac yoxdur. Qoy Kaco saat on ikiyə yaxın atları hazırlasın – ancaq ehtiyatla, lüzumsuz hay-küy salmasın, – onu özüm aparacağam. Sonra Kaco məni yaxınlıqdakı mehmanxanaya çatdırar, orda saat üçdə Kolumbusa gedən dilicansa çataram, bununla da hər şey ört-basdır edilər, mən də ki, guya evdən düz oraya gəlmişəm. Səhər isə məni iclasda görəcəklər. Ancaq bütün bunlardan sonra mənim əhvalım necə olacaq!.. Di yaxşı, çarəmiz nədir!
– Sən qəlbinin səsinə qulaq asdın, Con, – missis Berd balaca ağ əlini ərinin ovcuna qoydu. – Mən axı, səni sənin özündən yaxşı tanıyıram.
Bu balaca qadının gözlərində yaş damlaları parıldadı və o, həmin anda elə qəşəng idi ki, senator fikirləşdi: “Əgər bu füsunkar varlıq mənə bu qədər heyrandırsa, deməli mən çox ağıllı adamam!” Daha onun gedib minik hazırlığı üçün sərəncam verməkdən ayrı işi qalmadı. Bundan başqa o, qapıya çatıb dayandı, yenidən arvadına yaxınlaşıb tərəddüdlə dilləndi:
– Bilmirəm, sən bu işə necə baxacaqsan. Meri, ancaq siyirmədə bizim… bizim balaca Henrinin xeyli şey-şüyü var, – bunu deyib, mister Berd tələsik döndü və qapını arxasınca çəkib örtdü.
Arvadı yataq otağı ilə yanaşı balaca otağa daxil oldu, daxılın üstündəki şamı yandırdı, mücrüdən açarı çıxarıb yuxarı siyirmənin açar yerinə saldı və fikrə getdi. Həmişə olduğu kimi, analarını dabanbasaraq izləyən hər iki oğlu dinməzcə gözlərini ona zilləmişdilər.
Missis Berd yavaş-yavaş daxılın siyirməsini çəkdi. Orda cürbəcür biçimli balaca gödəkcələr, önlüklər, corab dəstləri, hətta kağıza bükülü geyilib deşilmiş başmaqlar qalaqlanmışdı. Başmaqlarla yanaşı oyuncaq at, arabacıq, fırfıra və top – dəfələrlə ananın göz yaşları ilə islanmış bütün xatirə əşyaları düzülmüşdü. Missis Berd stula əyildi, ovcuyla üzünü qapayıb acı-acı ağladı. Göz yaşları barmaqları arasından süzülür və açıq siyirməyə damcılayırdı. Doyunca ağladıqdan sonra o, başını qaldırdı və tələsik daxıldan ən sadə və ən möhkəm şeyləri seçərək düyünçəyə yığmağa başladı.
– Ana, – böyük oğlan ehtiyatla onun əlinə toxundu: – sən yəni bu şeyləri də vermək istəyirsən?
– Mənin əziz oğullarım, – o, yumşaq, təsirli bir səslə cavab verdi. – Bizim balaca, istəkli Henrimiz, yəqin göylərdən baxır bizə və bu işimizə sevinir. İndiyəcən mən onun əşyalarını, ürəyimdən keçsə də, elə-belə, kimə gəldi verməyə, özümü məcbur edə bilmirdim, indi isə bunları məndən də bədbəxt, talesiz bir qadına bağışlayıram və arzu edirəm bu əşyalar ona xoşbəxtlik gətirsin!
Dünyamızda elə gözəl, saf ürəklər var ki, onların kədəri, ağrısı da başqaları üçün xoşbəxtliyə çevrilir; onların qəbrə gömülmüş, acı göz yaşlarıyla suvarılmış dünyəvi ümidlərindən də sanki bir toxumdan cücərmiş kimi, çilik-çilik olmuş yaralı ürəklərə məlhəm güllər açılıb boy atır. Bu mülayim, zərif vücudlu qadın da belə adamlardan idi. Oturub göz yaşları yanaqlarını yandıra-yandıra, şam işığında talesiz qaçqın qadına uşaq əşyaları, pal-paltarı seçirdi, bu əşyaların hər qarışı, hər çizgisi ona öz unudulmaz ədəbi itkisindən xəbər verirdi.
Missis Berd paltar şkafını açıb, ordan iki-üç don çıxartdı, iş stolunun arxasına keçib iynə, qayçı və üsküklə yaraqlandı. Ərinin məsləhətinə əməl edərək, bu sadə geyimləri açıb təzədən düzəltməyə başladı. İş gecə keçənəcən uzandı və küncdəki qədimi saat gecəyarısını vuranda, o, qapının ağzından yavaş təkər səsləri eşitdi.
– Meri, – deyə plaşını qolunun üstdən aşırmış mister Berd qonaq otağına daxil oldu, – get oyat onu. Getmək vaxtıdır.
Missis Berd tələsik hazırladığı şeyləri balaca çantaya yerləşdirdi və onu faytona qoymağı ərinə tapşırıb, Dina xalanın otağına yollandı.
Bir neçə dəqiqə çəkmədi ki, xilaskarının bağışladığı plaşda, kapora və şala bürünmüş Eliza uşağı da qucağında artırmada göründü. Mister Berd tez onları faytona oturtdu. Missis Berd gedənləri düz qapının ağzınacan ötürdü. Eliza başını pəncərədən çıxarıb eynən ona doğru uzanmış ol kimi qəşəng və zərif əlini yellədi. Gənc ana iri qara gözlərini missis Berddən ayıra bilmirdi, dodaqları titrəyirdi, ancaq o heç nə deyə bilmədi və oturacağa sərilərək əlləri ilə üzünü qapadı. Qapılar çırpıldı və fayton artırmadan uzaqlaşdı.
Bütün son həftə ərzində, işi ancaq doğma ştatının qanunverici orqanını qaçqınlara qarşı, onların havadarlarına və onlarla əlbir olanlara qarşı daha sərt tədbirlər görməməkdə təqsirləndirən vətənpərvər senatorumuzun bir gör özü hansı vəziyyətə gəlib düşmüşdü!
Bizim möhtərəm senator gözəl natiqlik istedadı ilə özünə əbədi şan-şöhrət qazanmış vaşinqtonlu həmkarlarından heç də geri qalmırdı. Əllərini cibinə qoyub, dahiyanə, məğrur bir ədayla oturmuşdu və bir ovuc rəzil qaçqının mənafeyini ştatın yüksək mənafelərindən üstün tutanların sentimental acizliyinə hiddətlənirdi!
O bu səpkili mübahisələrdə şir kimi qorxmaz və cəsarətli idi, öz həqiqətinə və fikrinin düzgünlüyünə özünü də, dinləyicilərini də inandıra bilirdi. Lakin "qaçqın" sözünü yaradan hərflərin arxasında onun üçün heç bir məna gizlənmirdi – bu, olsa-olsa, ondan ötrü, əlində yol ağacı olan çiyni boğçalı adam təsvir edilmiş, altından isə “Sahibkarından qaçıb” sözləri yazılmış kiçicik bir qəzet şəkli idi. Fəqət o, insanın aman diləyən, yalvarışlı baxışından, onun arıq, titrək əllərindən, qüssəylə və ümidsizliklə dolu səsindən əsl kədərin, əzabın təsir gücünü belə yaxından dadıb hiss eləməmişdi. Onun heç ağlına da gəlməzdi ki, bədbəxt bir ana da, bayaq rəhmətlik Henrinin o tanış, hər naxışıyla, cizgisiylə doğma olan balaca papağını verdikləri körpə kimi zavallı və köməksiz bir uşaq da “qaçqın” ola bilər! Və bizim zavallı senatorun da qəlbi, heç şübhəsiz, nə daşdan, nə də poladdan deyildi və onun vətənpərvərliyi, bir azdan hamıya aydın olacaq ki, çox ciddi sınaqlara məruz qaldı. Bir sözlə, Cənub ştatlarından olan qardaşlarımız, gəlin, senatorun bu halını lağa qoyub sevinməyə tələsməyin, çünki, bizə elə gəlir, belə vəziyyətlərdə sizin çoxunuz da məhz onun kimi hərəkət edərdiniz. Biz bilirik Kentukkidə də, Missisipidə də xeyirxah, safürəkli adamlar var, elə adamlar ki, dərdlilər əbəs yerə onlara üz tutmur, əbəs yerə öz əzablarını onlarla bölüşmürlər. Ey bizim xoşəməl qardaşlarımız, bizdən elə əməllər gözləyirsiniz ki, o işlərə heç sizin özünüzün də ürəyiniz gəlməzdi. Məgər bu ədalətlidirmi?
Kim nə deyir desin, hər halda, bizim hörmətli senator siyasi bir günaha batsa da, bu gecənin qəzavü-qədəri, müsibətləri ona öz günahını yumağa imkan verirdi.
Yağışlar başlamışdı. Ohayonun yumşaq, gilli torpağına isə keçilməz palçığa dönmək üçün o qədər də çox rütubət lazım deyildi. Senatorun getdiyi yol keçmiş gözəl zamanlarda “dəmir yolu” adlandırılan bir yol idi.
–“Lütfən, rica edirəm! Bu nə deməkdir axı?” – dəmir yolu dedikdə gözlərinin qabağında rahat və sürətli nəqliyyat vasitəsi canlanan bəzi səyahətçilər soruşacaq.
Elə isə, Şərq ştatlarından olan sadədil dostlarımız, eşidin və agah olun. Qərbin səfalı guşələrində yollara sıra ilə yan-yana tir döşəyir, üstünü torpaqla, simlə – ələ keçən hər şeylə örtürlər. Bu yerlərin xoşbəxt sakinləri belə yolları gediş-gəliş üçün əlverişli sayaraq, tələsik bu yollara çıxırlar. Vaxt keçdikdə yağış torpağı və çimi yuyub aparır, nizamı pozulmuş tirlər baş-ayaq durur, taker izləri və çala-çuxurlar isə yapışqanlı qara palçıqla dolur.
Bizim senator da elə bu yolla səfərə çıxmışdı. O, fürsətdən istifadə edib öz hərəkətinin əxlaq qaydalarına uyğunluğu barədə dərin düşüncələrə qapılmışdı, hal-hazırkı vəziyyətdə bu nə dərəcədə mümkün idi, – demək çətindir, çünki təkərlər tez-tez çala-çuxura düşür, palçığa batır, fayton onları atıb-tutur, senator və uşaqlı qadın ən gözlənilməz vəziyyətlərə düşməli olurdular. Budur, deyəsən, biryolluq ilişdilər! Kaco atları tələsdirir; bir neçə də nəticəsiz təkan, senatorun səbri tükənir… və birdən fayton çaladan çıxır. Sonra isə qabaq təkərlər yenidən çuxura düşür, sərnişinlər qabağa yıxılırlar, şlyapası senatorun qulağına, burnuna keçir və ona elə gəlir ki, onu bir şam kimi örtüklə basıb söndürdülər. Uşaq ağlayır, Kaco coşqun bir nitqlə atlara müraciət edir, atlarsa geri dartınır, qamçının aramsız şaqqıltıları altında yan qayışlara dirənərək gah sağa, gah da sola sıçrayırlar. Daha bir təkan. – Bu dəfə də arxa təkərlər palçığa batıb qalır, senatoru, qadını və uşağı arxa oturacağa tolazlayır. Senatorun dirsəyi qadının kaporuna ilişir, nə üçünsə döşəməyə düşmüş şlyapa qadının ayaqları altında qalır. Lakin budur, bataqlıq arxada qalır və atlar dartınıb dayanırlar. Senator öz baş geyimini axtarır, qadın boynuna sürüşmüş kaporunu düzəldərək, uşağı sakitləşdirir və onlar özlərini toplayıb yeni sınaqlara hazırlaşırlar.
Daha bir neçə dəqiqə keçir: fayton əvvəlki kimi çala-çuxurla irəli cumur, tez-tez gah böyrü üstə əyilir, gah da təməlinədək silkələnib titrəyir. Nəhayət, sərnişinlər bir-birini təbrik edirlər ki, işləri o qədər də pis deyil və birdən daha bir güclü təkan… Onlar öz boyları qədər yuxarı atılıb və qeyri-adi bir sürətlə yenidən oturacağa düşürlər: fayton dayanır, bayırda nəsə əlləşib-vuruşan Kaco kiçik qapını açır.
– Başımıza gələnə baxın, ser! İlişib qaldıq! Heç bilmirəm biz burdan necə çıxacağıq. Şüvül qoymaq lazım gələcək.
Ümidini itirmiş senator ayağını qoyacağı yeri ehtiyatla yoxlayaraq minikdən düşür. Bir ayağı yavaş-yavaş dibsiz dərinliyə gedir, onu çıxartmağa çalışarkən, müvazinətini saxlaya bilmir və palçığın içinə yıxılır. Kaconun köməkliyi ilə ayağa duran senator acınacaqlı bir görkəmə düşüb.
Yaxşı, bu barədə bəsdi daha – axı, oxucumuz da yazıqdı! Qərb ştatlarında səfərdə olmuş adamlar bizim uğursuz, əfəl qəhrəmanımızın halına acıyacaqlar, çünki onlar özləri də gecənin bir aləmində belə maraqlı işlə məşğul olublar: çəpərlərdən payalar sürüyüb gətiriblər və onların köməkliyi ilə zığa-palçığa batıb qalmış faytonu yola çıxarıblar. Gəlin onlardan xahiş edək ki, səssiz-səmirsiz göz yaşları axıda-axıda arxamızca gəlsinlər, görək başımıza daha nələr gəlir.
Və gecədən xeyli keçəndə başdan-ayağa palçıq içində olan fayton çayı dayaz yerdən keçib böyük bir fermanın qapısı ağzında dayandı.
Fermanın sakinlərini oyatmaq üçün xeyli səbir və inadkarlıq lazım gəldi. Nəhayət, hörmətli sahibkar qapını onların üzünə açdı. O, boyu altı futa qədər olan yekəpər, nəhəng bir adam idi, əyninə qırmızı flaneldən köynək geyinmişdi. Neçə gündən bəri daranmamış açıq rəngli pırtlaşıq gur saçları ona xoşagəlməz bir görkəm verirdi. O, əlində şam bir neçə dəqiqə dayandı, gözlərini bərəldərək qaşqabaqla bizim səyahətçiləri süzdü. Senator nə üçün gəldikləri barədə uzun bir izahat verməli oldu və biz də bu fürsətdən istifadə edərək oxucuya həmin adamı təqdim edək.
Con Van-Tromp bir vaxtlar Kentukki ştatının iri plantasiyaçılarından və quldarlarından biri idi. Təbiət ona nəhəng boy-buxun, pəhləvan gücü, bir də çox xeyirxah ürək vermişdi. Quldarlıq quruluşu həm əzilənlər, həm də əzənlər üçün eyni dərəcədə bir rüsvayçılıq idi və bu heç vaxt onun ürəyincə olmamışdı. Nəhayət, Conun ürəyinin bu ağır qandaldan azad olduğu gün yetişdi. O, portmanatını cibinə qoyub Ohayoya getdi, özünə yaxşı, münbit bir torpaq sahəsi aldı, bütün qullarına azadlıq verib, onları ev əşyaları ilə birlikdə arabalara yerləşdirdi və təzə yerə göndərdi. Özünə isə çayın yuxarılarında xəlvət, sakit bir ferma axtarıb tapdı və pak vicdanla orda məskən saldı.
– Siz təqibdən qaçan bədbəxt bir uşaqlı qadına sığınacaq verməyə etiraz eləməzsiniz ki? – Senator eyhamsız zadsız soruşdu.
– Etiraz eləmirəm, – namuslu Con cavab verdi.
– Mən belə də fikirləşirdim, – senator dedi.
– Qoy bircə buralara soxulsunlar, biz onları necə lazımdı qarşılarıq. Mən hazıram! – Mərhəmətli Con güclü çiyinlərini dartdı. – Mənim yeddi oğlum var, hərəsinin boyu altı futdur. Onların da gözü itidir. O qoçaqlara bizim ehtiramımızı çatdırın və deyin ki, biz onları hər dəqiqə qəbul etməyə hazırıq. – O, barmaqlarını gur saçlarında gəzdirib qəhqəhə çəkdi.
Əziyyətdən və yorğunluqdan güclə ayaq üstə dayanan Eliza bərk yuxuya getmiş oğlu da qucağında mətbəxə daxil oldu. Yekəpər, şam ilə onun üzünü işıqlandırdı, rəğbətlə “hm” eləyib, mətbəxlə yanaşı kiçik yataq otağının qapısını açdı. O, Elizanın arxasınca otağa girərək bir şam da yandırıb stolun üstünə qoydu və ancaq bundan sonra dilləndi:
– Gör nə deyirəm, əzizim; sən heç nədən qorxub eləmə, qoy sənin dalınca kim istəyir gəlsin, məni qəflətən yaxalaya bilməzlər! – O, buxarının üstündən asılmış tüfəngləri göstərdi. – Və burda özbaşınalıq etmək fikrinə düşənlər xeyir tapmazlar, bu, mahalda hamıya məlumdur! – Rahatca yat, elə bil ki, anan beşiyini yırğalayır.
– Qənirsiz gözəldir! – senatorla təkbətək qalanda o dilləndi. – Belədi də… Qadın gözəl, ismətli olduğu qədər də başıbəlalıdı. Mən bunu bilirəm.
Senator qısaca Elizanın başına gələnləri ona danışdı.
– Eh! Nə deyəsən? Belə də dərd olar! – Mərhəmətli Conun ürəyi ağrıdı. – Zavallını xallı maral kimi ovlayırlar! Bir də ki, yaxşı anadan başqa şey tələb etmək də olmaz. Allaha and olsun, bu cür biabırçılıqları eşidəndə, ədəbsiz bir söz danışmaqdan özümü güclə saxlayıram. – Con iri, çilli əlləri ilə gözünü sildi. – İnanırsınızmı, ağsaqqal, mən illərlə kilsəyə getmirdim, onların moizələrini dinləyə bilmirdim, guya ki, Bibliya köləliyi təsdiq edir. Özümsə oxumamışam, nə yəhudini, nə yunancanı bilirəm. Bir də ki, keşiş hardaydı, oturub onunla söhbətləşəydim, mübahisə edəydim! Sonralar belə bir keşiş tapdım hər halda, elmdə, kamalda bunlardan heç də geri qalmırdı. – O tamam başqa şeylər nəsihət eləyirdi… Bax elə o vaxtdan da mən bağlandım kilsəyə.
Bunlar danışa-danışa Con qazlı alma şərabının tıxacını çıxardı və onu stola qoydu.
– Qalın burda səhərəcən, – o, açıq ürəklə təklif etdi. – Mən bu saat qarını oyadım, sizə tez yataq hazırlasın.
– Təşəkkür edirəm, dostum, – senator dedi. – Mən dilicansa çatmaq istəyirəm, Kolumbusa getməliyəm.
– Özünüz bilən yaxşıdır, – əgər belədirsə, mən sizi bir az ötürərəm, o biri yolu göstərərəm. Sizin gəldiyiniz yol çox bərbaddır.
Con geyindi və əlində fənər senatorun faytonunun qabağıyla addımlayaraq, onu fermanın arxasından keçən başqa yola çıxartdı. Xeyirxah Conla xudahafizləşən senator ona on dollarlıq kağız pul uzatdı.
– Qadına verərsən, – dedi.
– Yaxşı, – Con da qısa cavab verdi. Onlar bir-birinə əl verib, ayrıldılar.
X FƏSİL
MAL YOLA SALINDI
Tom dayının komasına tutqun, çiskinli bir fevral səhəri boylanır, içəridəki ağır, üzücü kədərdən boğulmuş bənizlər işıqlanırdı. Ocağın qabağındakı balaca stolun üstünə ütü örtüyü sərilmişdi. Stulun söykənəcəyindən elə indicə ütüdən çıxmış iki kobud, lakin tərtəmiz köynək asılmışdı, üçüncüsü Xloya xalanın önündə, stolun üstə sərili idi. O, hər qatı, hər qırışı səylə ütüləyir, tez-tez də bulaq kimi qaynayan, yanaqları boyu süzülən göz yaşlarını silirdi.
Tom dirsəklənib başını əllərinə söykəyərək stolun qırağında oturmuşdu: önündə açıq Bibliya vardı. Ər-arvad susurdular. Obaşdan idi, uşaqlar hələ özlərinin ensiz taxta çarpayılarında bir-birinə qısılaraq yatırdılar.
Öz məzlum xalqının həqiqi oğlu olan Tom bütün varlığıyla ailəsinə bağlıydı, o, stuldan durub səssizcə çarpayıya yanaşdı və uzun müddət uşaqlarına baxdı.
– Son dəfə, – deyə pıçıldadı.
Xloya xala bir söz demədən qəşəng ütülənmiş köynəklə əlləşirdi, sonra birdən ütünü bir tərəfə qoyub stula çökdü və hönkür-hönkür ağladı.
– Allahın iradəsinə tabe olmalı! Bu yerdə necə tabe olasan, axı? Heç olmasa, bilsəydim səni hara aparırlar, necə əllərə düşəcəksən? Missis deyir, iki ildən sonra geri alacağıq. Kərəminə şükür, Allah, məgər ordan geri qayıdırlar! Orda adamlara ölüncəyə qədər əziyyət verirlər! Eşitmişəm mən, o plantasiyalarda onların başına nə oyunlar gətirirlər!
– Allah hər yerdə var, Xloya, o, orda da məni darda qoymaz.
– O hər yerdə var, ancaq hərdənbir onun iradəsiylə çox dəhşətli işlər tutulur, – Xloya xala dedi. – Sən bununla məni ovundurmaq istəyirsən!
– Mən Allahın əlindəyəm, – Tom davam elədi. – Şükür ki, məni satdılar: səni və uşaqları yox. Burda heç kəs sizi incitmir. Mən bütün əzabları tək çəkəcəyəm, Allah isə mənə səbr və dözümdə kömək edər…
İnsan qəlbinin dözümü və gücü o qədərdir ki, o, yaxın adamların əzablarını yüngülləşdirmək naminə öz ağrılarını ram edib gizləyə bilir! Tom çətinliklə danışır, səsi boğazından kəsik-kəsik çıxırdı, lakin yenə də onun hər sözü qətiyyət və əzmkarlıqla dolu idi.
– Hər halda, gəl, sahibkarımızın mərhəmətli işlərini yada salaq, Tom çətinliklə əlavə elədi. Belə bir məqamda bu barədə fikirləşmək, doğrudan da, onun üçün çox çətin idi.
– Sahibkarların mərhəməti! Nəsə, ağalardan sənin dediyin o mərhəməti görmürəm mən! Yox, ədalətsizlikdir bu! Sahibkar niyə səni satdı? – Xloya xala sakitləşmədi. – Axı, sən onun borclarının əvəzini artıqlamasıyla çıxardın. O neçə ildir ki, sənə azadlıq vəd eləyir və indiyəcən də verməyib. Ola bilsin, indi onun vəziyyəti ağırdır, ancaq mən hiss edirəm ki, səninlə belə rəftar etmək düzgün deyil. Məni fikrimdən döndərməyə cəhd eləmə! Kimdi sədaqətli ona, səndən başqa kim idi öz işlərini buraxıb, daha çox onun işinə can yandıran?! Onun xətrinə arvadını, balaca uşaqlarını da unutmuşdun! Bir özün fikirləş! Sən varlığınla ona bağlanmısan, o isə səni satır ki, borclarından çıxsın! Allah bu işə görə onun cəzasını verəcək.
– Xloya, əgər məni sevirsənsə, elə danışma! Bəlkə biz səninlə sonuncu dəfədir bir yerdəyik. Sahibkarı da pis sözlərlə təhqir eləmə, Xloya. Qoca missis onu mənə tapşıranda südəmər körpəydi. Buna görə də təəccüblü deyil ki, mən gecə-gündüz onun haqqında fikirləşirəm, o isə… o isə zavallı Tom barədə nə fikirləşə bilər axı?! Ağalar öyrəşiblər ki, onların nazını çəksinlər. Sən hələ bir bizim sahibkarı başqalarıyla müqayisə elə: kimin yanında mən belə yaxşı yaşaya bilərdim, harda mənimlə bu cür rəftar eləyərdilər? Əgər mister Şelbi, əvvəlcədən bilsəydi ki, işləri belə dolaşacaq, o işi elə oradaca yarımçıq saxlayar, qul satışına qədər gətirib çatdırmazdı. Mən buna möhkəm əminəm.
Xeyr, burda nəsə başqa məsələ var, – Xloya xala ona xas olan ədalətlilik hisslərini rəhbər tutaraq inadla sözünün üstündə durdu. – Bilmirəm, günahkar kimdir, ancaq burda nəsə məsələ başqa cürdür.
– Allahın dərgahına tapın, Xloya. Onun iradəsi olmadan, başımızdan bir tük də özbaşına düşmür.
– Olacağa çarə yoxdur, amma mən bunda da təskinlik tapa bilmirəm, – o, köksünü ötürdü. – Bir də ki, danışmağın xeyri nədir?! İndi piroq hazır olacaq, nahar edərsən… kim bilir, bir də nə vaxt dadlı yeməklər görəcəksən…
Zəncilərin Cənuba satılmalarının onlara necə ağır təsir elədiyini başa düşmək istəyirsinizsə, bu xalqın nə qədər güclü hisslərə malik olduğunu xatırlayın. Zənci doğma yerlərə ürəkdən bağlı olur, o, öz evini, öz ailəsini sevir. Buna onunçün gizli bir sirr olan bütün dəhşətləri də əlavə edin, bir şeyi də əlavə etməyi unutmayın ki, uşaq vaxtlarından onun qəlbini ancaq bir fikir titrədib lərzəyə salır: “Birdən məni Cənuba satarlar!” Onun gözlərində bu, ən dəhşətli cəzadır – çubuqla döyülməkdən də, hər cür işgəncədən də dəhşətli bir cəza. Bizim özümüz bu barədə zəncilərin öz aralarındakı söhbətlərin dəfələrlə şahidi olmuşuq. Onlar təbii bir qorxu hissiylə “hələ heç kəsin qayıtmadığı o biri dünya” hesab etdikləri, “hardasa uzaqlarda, çayın aşağı axarlarındakı” ölüm məkanı yerlər haqqında bir-birinə qorxunc əhvalatlar danışırlar.
Kanadada qaçqın zəncilər arasında yaşayan missioner* bizə danışırdı ki, nə qədər təhlükələrə məruz qalsalar da, çoxları hətta mərhəmətli ağalarını da qoyub qaçırdılar; təki Cənuba satılmasınlar. Özünü də, arvadını da, uşağını da daima izləyən bu aqibətdən dəhşətə gələn qorxaq, quzu kimi həlim zənci cəsarətə gəlir, açlığa və soyuğa tab gətirir, mütləq tutulacağını bilsə də, yenə cəsarətlə işgəncəyə, amansız cəzaya doğru gedirdi.
Stolun üstündən burum-burum buğ qalxırdı – süfrəyə sadə nahar qoyulmuşdu. Missis Şelbi Xloya xalanı ağalıq mətbəxindəki işlərdən azad etmiş, o yazıq isə olan-qalan gücünü də toplayaraq vida ziyafəti hazırlığına başlamışdı: ən yaxşı toyuğu kəsmiş, ərinin çox sevdiyi piroqu hazırlamışdı. Ocağın yanında yalnız ən əlamətdar günlərdə dünya işığına çıxarılan cürbəcür turşu və şoraba bankaları düzülmüşdü.
– Bir bura bax, Pit! – Moz sevindi. – Kefdir bugünkü naharımız!
– Və o, qabdan toyuq tikələrindən birini götürdü.
Xloya xala ona yağlı bir sillə çəkdi.
– Bu nədir axı! Bədbəxt ataları son dəfə evdə nahar edir, bunlarsa öz qarınlarının hayındadırlar!
– Xloya! – Tom onu yüngülcə məzəmmətlədi.
– Daha gücüm qalmayıb! – O, üzünü önlüyü ilə qapayıb çığırdı.
– Lap başımı itirmişəm, özüm də bilmirəm neyləyim!..
Oğlanlar durduqları yerdə donub qalmışdılar, səssizcə gah atalarına, gah da analarına baxırdılar, körpə isə anasının ətəyindən sallanaraq ağlayır, inadla nə isə istəyirdi.
– Yaxşı, yaxşı, qurtardıq! – Xloya xala gözlərini silib qızı qucağına götürdü. – Bir də vurmaram. Stola yaxın oturun. Toyuqların ən yağlısını qızartmışam bu gün! Yeyin, balalarım! Zavallıcığazlar! Bu da analarının onlara payı!
Dəvəti ikinci dəfə təkrar etməyə ehtiyac qalmadı. Oğlanlar lazımi vaxtda özlərini yetirib acgözlüklə yeməyə girişdilər, çünki onların köməyi olmasaydı, nahar bəlkə də toxunulmamış qalacaqdı.
– İndi sənin pal-paltarını yığışdırmaq lazımdır, – tələsik stolu yığışdıran Xloya xala dilləndi. – O, yəqin ki, hər şeyi tələb edəcək. Bu vəhşilər tamahkar olur, tanıyıram onları. Bax, bu küncə flaneli qoyuram, ehtiyat üçün, əgər yel sənə əziyyət versə, geyərsən. Gözlə itirməyəsən: itirdin – heç kəs sənə ayrısını tapmayacaq. Bax, burda köhnə köynəklərdir, üstündən – iki təzəsi. Corabları gecə toxuyub uzatmışam; içinə gözəmək üçün bir top yun sap qoymuşam. Aman Allah! Kim onu çitəyəcək axı! – Və içində qıvrılan kədərə Xloya xalanın daha gücü çatmadı, başını sandıqcanın içində gizlədib gözlərinin yaşını sel kimi axıtdı. – Xəstədirmi, sağlamdırmı – heç kəsin vecinə olmayacaq! Fikirləşəndə başımdan tüstü qalxır! – Adamdan hələ bir itaətkarlıq da tələb edirlər!
Oğlanlar stola düzülmüş yeməklərin axırına çıxıb, indi də, baş vermiş hadisə barədə fikirlərə qərq oldular. Atalarının məyus-məyus oturduğunu, analarının isə ağladığını görüb, onlar da zarıdılar və yumruqlarıyla gözlərini silməyə başladılar. Tom dayı qızını dizləri üstdə oturtdu və ona əylənməsi üçün tam sərbəstlik verdi. Körpə onun üz-gözünü cırmaqlayır, saçlarını yoluşdurur və səbəbi ancaq onun özünə məlum olan bir sevinclə, hay-küylə qəhqəhə çəkirdi.
– Sevin, zavallı, sevin! – Xloya xala dilləndi. – Sənin də dövranın gələr. Bir vaxt sənin ərini də, bəlkə də, elə özünü də satarlar. Oğlanlarımız böyüyər – onların da aqibəti budur. Belə də biz zəncilərin ailə qurub evlənməsi nəyə gərəkmiş?!
Birdən oğlanlardan biri onun sözünü kəsib qışqırdı:
– Xanım bura gəlir!
– Gəlməyindən nə fayda? Onsuz da kömək üçün əlindən bir şey gəlmir, – Xloya xala dedi.
Missis Şelbi daxmaya girdi. Xloya xala qaşqabağını töküb, səssizcə ona stul göstərdi. Missis Şelbi nə stulun, nə də ki, stulun necə verildiyinin fərqinə vardı. Onun sifəti həyəcanlı idi, bənizi ağappaq ağarmışdı.
– Tom, – o dilləndi, – mən gəldim ki… – və birdən dili dolaşdı, nəzərlərini sükuta batmış ailə üzvlərində dolandıraraq stula çökdü və yaylığıyla üzünü bürüyüb hönkürdü.
– Missis, Allah eşqinə! Nə olub axı! – Xloya xala özünü saxlaya bilməyib ağladı, onun arxasınca isə o birilər səs-səsə verdilər.
Bu məzlum adamların incikliyi, əzabları və qəzəbi onların özlərinin və sahiblərinin gözlərindən bulaqtək qaynayıb axan göz yaşları içində beləcə əriyib gedirdi. Qoy dul qadınlara, kimsəsiz binəsiblərə həqarətlə baxanlar biryolluq bilsinlər və agah olsunlar ki, onların saymazyana, soyuqqanlıqla verdikləri bahalı bəxşişlər ürəkdən süzülüb gələn bu göz yaşlarının bir damlasına da dəyməz.
– Dostum, – nəhayət, missis Şelbi danışmağa başladı, mən sənə heç nə verə bilmərəm, – pulu, onsuz da əlindən alacaqlar. Ancaq inan mənə: həmişə mənim nəzərimdə olacaqsan və əlimə imkan düşən kimi səni geri alacağam, o vaxta qədər isə Allahın köməyinə arxalan.
Ücretsiz ön izlemeyi tamamladınız.