Kitabı oku: «Hekayələr», sayfa 2
– Yaxşı, mən gedim.
Baxışlarında elə bir ifadə vardı ki, sanki dillə deyə bilmədikləri gözlərinə hopmuşdu.
– Sizi də söhbətə tutdum, – bu sözü deyəndə artıq qapının ağzında idi, gülümsəyib gözdən itdi.
Bax cənab Skelmersdeylin hər kəsi maraqlandıran Pərilər ölkəsindəki əhvalatı belə olmuşdu.
MÖCÜZƏ YARADAN
Bu verginin anadangəlmə olması çox şübhəlidir. Şəxsən mən hesab edirəm ki, bu onda sonradan, həm də qəfildən yaranıb. Axı bu adam otuz yaşına qədər ən qatı skeptiklərdən olub və heç bir möcüzəyə də inanmayıb!
Yeri gəlmişkən qeyd edim ki, o, bəstəboy, qəhvəyigözlü, kürən, pırtlaşıqsaçlı bir adamdır. Bundan başqa, ucunu yuxarı burduğu bığ da saxlayır, üstəlik, sifəti çillidir. Onun adı Corc Makuirter Foderingey idi (bu ad qətiyyən möcüzə yarada bilən adama uyğun gəlmir), Homşottun idarəsində klerk8 vəzifəsində çalışırdı.
Bu adamın işi-gücü dost-tanış arasında oturub höcətləşmək, hər vəchlə haqlı olduğunu sübut etmək idi. Elə onun qeyri-adi qabiliyyəti də dünyada möcüzə olmadığını qəti surətdə bəyan etdiyi zaman ortaya çıxmışdı.
Mübahisə “Uzun əjdaha” barında baş vermişdi. Mister Foderingeylə söz güləşdirən Toddi Bimiş adlı cənab bütün faktları təkcə bir ifadə ilə təkzib edirdi: “Sizə elə gəlir!” – bu da onu tamamilə özündən çıxarırdı.
Bu iki centlmendən başqa, barda üstü toza bulaşmış velosipedçi, “Əjdaha”nın sahibi Koks və bufetçi qadın, olduqca nəcib və dolubədənli miss Meybric də var idilər. Bu xanım arxası Foderingeyə tərəf dayanaraq stəkanları yuyurdu. Yerdə qalanlar isə maraqla mübahisə edənləri izləyir, onların öz fikrini necə sübut etmələri cəhdinə əylənirdilər.
Mister Bimişin seçdiyi mübahisə üsulundan cin atına minən mister Foderingey fikrini isbatlamaq üçün bəlağətini işə salmışdı.
– Qulaq asın, cənab Bimiş, – deyirdi. – Əvvəlcə gəlin aydınlaşdıraq ki, möcüzə nə deməkdir. Bu, təbiət qanunları, iradənin gücü ilə uyğun gəlməyən bir şeydir və nə qədər cəhd edirsən et, mövcudluğu mümkün deyil.
– Bu sizə elə gəlir! – cənab Bimiş qalibsayağı öz fikrini bildirirdi.
Cənab Foderingey üzünü bayaqdan bəri sakit oturmuş velosipedçiyə tutdu, o da öskürə-öskürə, tərəddüdlə Bimişə baxaraq bu fikirlə razı olduğunu bildirdi. Barın sahibi, ümumiyyətlə, münasibət bildirməkdən imtina etdi. Ancaq Foderingey yenidən Bimişə tərəf çevriləndə o, gözlənilmədən bəzi düzəlişlər edərək möcüzənin bu cür tərifi ilə razılaşdı.
– Məsələn, – Foderingey daha da ruhlanaraq dedi, – möcüzə bax bu olardı: bu lampa tərsinə çevrilərsə, təbiət qanunlarına uyğun olaraq yana bilməz, elə deyilmi, Bimiş?
– Sizə elə gəlir ki, yana bilməz, – Bimiş qeyri-ixtiyari cavab verdi.
– Bəs sizə necə gəlir? – Foderingey qəzəblə çığırdı. – Deməli, sizə elə gəlir ki…
– Hə, – Bimiş könülsüz halda razılaşdı, – yana bilməz.
– Əla! – Foderingey davam etdi. – Tutaq ki, kimsə gəlir, lap elə deyək ki mən, ortada dayanır və bütün iradəsini toplayaraq lampaya mənim deyəcəyimi deyir: “Tərsinə çevril, ancaq düşüb qırılma, yanmağa davam et!” və “Oy!”
Bax burda “Oy!” deyə heyrətlənmək üçün səbəb vardı: hər kəsin gözünün önündə mümkünsüz, inanılmaz bir şey baş verdi. Lampa tərsinə çevrilib havada asılı qaldı və piltəsi aşağıya doğru yanmağına davam elədi. Bu fakt elə bardakı lampanın özünün mövcudluğu qədər danılmaz və şəksiz idi.
Cənab Foderingey şəhadət barmağını lampaya tərəf tutaraq yerində donub-qalmış, qaçılmaz fəlakəti gözləyən adam kimi qaşları çatılmışdı. Lampaya daha yaxın oturmuş velosipedçi yerindən sıçrayıb kənara atıldı. Onunla bərabər digərləri də oturduqları yerdən dik qalxdılar. Miss Meybric çevrilib zingiltili səs çıxartdı.
Təxminən üç saniyə lampa havada asılı qalaraq işıq saçmağa davam elədi. Sonra Foderingey əzabverici həyəcanla zarıyıb dedi:
– Daha onu saxlamaq gücündə deyiləm!
Bunu deyib daldalı çəkildi; çevrilmiş lampanın piltəsi söndü, yerə düşüb çilik-çilik oldu. Xoşbəxtlikdən lampanın kiçik çəni metaldan idi, yoxsa yanğın baş verə bilərdi.
Sükutu ilk pozan cənab Koks oldu. Danışığındakı artıq ifadələri çıxarsaq, onun fikri ondan ibarət idi ki, Foderingey axmaq adamdır. Amma Foderingey elə bir vəziyyətdə idi ki, belə bir mütləq bəyanata etiraz etmədi. O, baş verən hadisənin təsirindən hələ də karıxıb qalmışdı. Digərləri də danışmağa başladılar, amma nə hadisənin mahiyyətinə, nə də Foderingeyin buradakı qüdrətinə aydınlıq gətirə bilmədilər. Ümumi fikir cənab Koksun fikri ilə üst-üstə düşürdü, hətta daha ağır səslənirdi. Hamı Foderingeyi axmaq hiylədə günahlandırır, bununla da sübut etməyə çalışırdı ki, o, düşüncəsiz hərəkətləri ilə ətrafdakıların dincliyini pozaraq onları təhlükə qarşısında qoyub.
Cənab Foderingey elə mat qalmış və özünü itirmişdi ki, bardakılar ona deyəndə ki çıxıb evinə getsin, heç bir etiraz etmədən onlarla razılaşdı.
O, ayaqları dolaşa-dolaşa, həyəcandan pul kimi qızarmış, pencəyinin yaxası əzilmiş vəziyyətdə, gözləri, qulaqları alışıb-yanaraq evinə gedirdi. Yolda qabağına çıxan küçə fənərlərinin hər birinə narahatlıqla gözucu baxırdı. Çerçrou küçəsindəki evinin kiçik yataq otağında, nəhayət, fikirlərini toplayıb özünü ələ ala bildi. Hadisəni yenidən xatırlayıb özü-özündən soruşdu:
“Axı, əslində, nə baş vermişdi?!”
O artıq pencəyini soyunub, ayaqqabısını çıxarıb çarpayının kənarında oturmuşdu. Əlini cibinə salaraq on yeddinci dəfə idi ki bu sözü təkrarlayırdı: “Mən axı o lənətə gəlmiş lampanın çevrilməsini istəmirdim!”
Bu zaman, barda əmr verərkən, əslində, şüuraltı tələbinin yerinə yetirilməsini arzuladığını xatırladı. Sonra lampanı havada görəndə hiss edirdi ki, necə olursa-olsun onu bu vəziyyətdə saxlayan da elə özü olmalıdır. Əgər cənab Foderingey məntiqi düşüncə qabiliyyətinə malik olsaydı, sözsüz ki, “şüuraltı istək” fikri ətrafında xeyli baş sındırardı, çünki bu fikir iradə qüvvəsinin çox mürəkkəb problemlərini əhatə edir. Amma Foderingeyin belə mücərrəd fərziyyələrə meyli olmadığından bu məntiq ona qaranlıq qaldı; ona görə də onu qeyd-şərtsiz qəbul etdi. Sonra da buna söykənib – etiraf etməliyəm ki, heç bir məntiqə sığınmadan – qəlbindən keçirdiklərini təcrübədə yoxlamaq qərarına gəldi. Qəti hərəkətlə əlini şama uzadıb fikrini cəmlədi, axmaqlıq etdiyini anlasa da, əmrini verdi:
– Qalx!
Elə həmin anda onun olan-qalan şübhələri də yoxa çıxdı: şam qalxıb bir anlıq havada asılı qaldı, sonra onun çaşqın “Ah!” iniltisinin ardınca şappıltı ilə dolabçanın üstünə düşərək közərən fitilini nəzərə almasaq, Foderingeyi qaranlıqda qoydu.
Bir müddət cənab Foderingey tərpənmədən qaranlıqda oturdu.
– Deməli, belə də olub!.. – nəhayət, dodağının altında mızıldandı. – Axı nə baş verir, onu anlamıram?!
Dərindən ah çəkib kibrit tapmaq ümidi ilə ciblərini eşələdi. Orada əlinə bir şey keçmədiyindən qalxıb dolabçanı qarışdırmağa başladı.
– Heç olmasa, bir dənəsini tapa bilsəydim!.. – deyə düşündü.
Pencəyinin ciblərini qurdaladı, orda da bir şey yox idi və birdən ağlına gəldi ki, bu möcüzəni kibritlə də həyata keçirmək olar. Qaranlıqda ovcunu irəli uzadıb üz-gözünü turşudaraq dilləndi:
– Qoy əlimdə kibrit qutusu olsun!
Ovcuna nəsə yumşaq bir əşya düşdü və onu ovcunda sıxdı – kibrit qutusu idi! Bir neçə uğursuz cəhddən sonra, nəhayət, kibrit çöpünü alışdırıb bunun hər hansı sehrli bir şey deyil, adi təhlükəsiz kibrit olduğuna arxayınlaşdı. Kibrit çöpünü atarkən dərhal ağlına gəldi ki, əmr eləsə, o da öz-özünə yana bilər. Əmr etdi və dolabçanın üzərinə qoyulmuş salfet kağızının üstündəki kibrit çöpü alışdı. Tələsik çöpü götürəndə o söndü. Xüsusi qabiliyyətinin bitib-tükənməz olduğunu anlayıb əlhavasına şamı taparaq qəndilə yerləşdirdi.
– Tez yan görüm! – deyə əmr etdi, o anda şam alışdı, zəif işıqda az əvvəl kibritin salfet kağızına saldığı yanıq izini gördü.
Bir müddət Foderingey gah yanıq izinə, gah da şama baxdı, sonra gözlərini qaldıranda özünün güzgüdəki əksinə tamaşa elədi. Bir neçə saniyə güzgünün vasitəsilə səssiz-səmirsiz, qəlbində öz ruhu ilə danışdı. Nəhayət, üzünü öz əksinə tutub ucadan soruşdu:
– Hə, möcüzə ilə bağlı indi nə deyəcəksən?
Foderingeyin bundan sonrakı düşüncələri gərgin olsa da, çox qeyri-müəyyən xarakter daşıyırdı. Anladığı qədəri ilə təkcə arzulamağı və əmr etməyi bəs edirdi ki, dərhal istəyi yerinə yetsin. Baş verənlərdən sonra riskə getmək istəmirdi və ən zərərsiz təcrübələr etməyə qərar verdi. Kağız vərəqini havada uçmağa, stəkandakı suyu çəhrayı rəngə, sonra da yaşıla boyanmağa vadar etdi. Sonra o, ilbiz yaratdı, tez də fikrindən daşınıb onu məhv etdi. Bundan başqa, özü üçün yeni diş fırçası düzəltdi. Gecəyarısı düşəndə o belə bir nəticəyə gəldi ki, görünür, onun iradə qüdrəti çox güclüdür ki, belə bir fövqəltəbii qüvvəyə malikdir. Əlbəttə, əvvəlcə buna şübhə ilə yanaşmışdı, amma indi tam əmin idi. İlk anlardakı qorxu və çaşqınlıq artıq yerini məğrurluğa vermişdi – öz fərqliliyi və müstəsna qüvvəsinin mümkün faydalarının dərki dumanlı hissiyyatını aydınlatmışdı.
Qəflətən düşüncələrdən ayrılıb fikir verdi ki, kilsə qülləsindəki saat gecə saat biri vurur. Öz möcüzə yaratma qüvvəsinin köməyi ilə sabah idarəyə getməkdən canını qurtara biləcəyi fikri ağlına gəlmədiyinə görə yatağa girmək üçün tez paltarını soyunmağa başladı. Elə köynəyini çıxarırdı ki, ağlına parlaq fikir gəldi.
– Qoy mən yatağımda uzanım! – deməyi ilə dərhal yataqda uzandığını gördü.
– Həm də soyunmuş halda… – dərhal əmrində düzəliş etdi və həmin an yorğan-döşəyin soyuqluğunu duydu. Tələsik əlavə etdi:
– Əynimdə gecə köynəyi olsun! Yox, bu deyil, yaxşı, yumşaq, ən zərif yundan olsun! Ah! – ləzzətlə içini çəkdi, – İndi isə şirin yuxuya dalmaq istəyirəm…
Həmişəki vaxtında oyandı; səhər yeməyi zamanı çox fikirli idi: dünən baş verənlər ona parlaq yuxu kimi gəlirdi. Bunu yoxlamaq üçün bir neçə zərərsiz təcrübəni sınaqdan keçirmək niyyətinə düşdü; məsələn: səhər yeməyində üç yumurta yedi; onlardan ikisi ev sahibəsinin hazırladığı, bir az qalıb köhnəlmiş, üçüncüsü isə möcüzə yolu ilə süfrəsində peyda olmuş əla qaz yumurtası idi.
Foderingey səylə gizləməyə çalışsa da, olduqca həyəcanlı şəkildə idarəyə tələsdi. Üçüncü yumurtanın qabıqlarını isə bir də axşam evə qayıdanda, o da ev sahibəsi naməlum qabıqlar haqqında danışdığı üçün xatırladı. İşdə isə bütün günü özündə aşkar etdiyi möcüzəvi xüsusiyyətləri ona başını aşağı salıb işləməyə imkan vermədi, amma buna görə onu danlayan da olmadı, belə ki, iş saatının bitməsinə on dəqiqə qalmış, möcüzənin köməyi ilə bütün işini yerinə yetirdi.
Axşamayaxın heyrətini dərin sevinc hissi əvəzlədi. Düzdür, “Uzun əjdaha” barından qovulduğu anı xatırlamaq əvvəlki kimi yenə də xoşagəlməz təəssürat yaradırdı. Üstəlik, bu hadisənin çox şişirdilmiş hekayəti iş yoldaşlarının da qulağına çatmış və onların lağlağısına səbəb olmuşdu.
Cənab Foderingey belə bir nəticəyə gəldi ki, kövrək, sına bilən əşyalara əmr edib qaldıranda ehtiyatlı olmaq lazımdır, digər əşyalarla isə istədiyi kimi davranmağa fövqəl qabiliyyəti ona imkan yaradırdı. Xüsusilə bəzi əşyalar yaradaraq öz əmlakını artırmaq qərarına gəldi. Bir cüt brilyant qol düyməsi yaratdı, amma cənab oğul Homşot şöbəyə yaxınlaşdığı üçün tez də yaratdığını yoxa çıxarmalı oldu. Oğul Homşotun brilyantı haradan əldə etdiyi ilə maraqlanacağından ehtiyatlandı. O, yaxşı anlayırdı ki, öz bacarığından ehtiyat və diqqətlə istifadə etməlidir. Hər halda, bu onun üçün velosiped sürməyi öyrənməkdən daha asan idi – baxmayaraq ki bu işin də öhdəsindən artıq gəlmişdi. Bəlkə də, “Uzun əjdaha” barında soyuq qarşılanacağına görə yox, məhz bu ideyalarını həyata keçirmək istəyi onda şam yeməyindən sonra qaz istehsalı zavodunun xəlvəti guşələrinin birinə çəkilərək sakitcə müxtəlif möcüzə yaratmağı məşq eləmək fikrini oyatdı.
Görünür, cənab Foderingeyin təcrübələri öz orijinallığı ilə seçilmirdi; hər halda, onun qeyri-adi qabiliyyətini nəzərə almasaq, ən adi insanlardan biri idi. O, Musa peyğəmbərin əsa ilə yaratdığı möcüzəni xatırlayıb eynisini həyata keçirmək istədi, ancaq gecə olduğundan qaranlıqda əsanın ilana necə çevrilməyini izləmək mümkün olmayacağını düşünüb fikrindən daşındı. Sonra o, bir dəfə konsert salonunda proqramdan oxuduğu “Tanqeyzer” operasındakı9 möcüzəni yada saldı; bunun çox maraqlı və ziyansız olduğunu düşündü: o öz çəliyini (yüksəkkeyfiyyətli palma ağacından düzəldilmişdi) yol kənarındakı otluğa sancdı, sonra da bu quru çubuğa çiçəklənməyi əmr etdi. Həmin anda hava təzə qızılgüllərin ətri ilə doldu. Foderingey kibrit alışdırıb əmin oldu ki, operadakı möcüzəni təkrarlaya bilib. Onun həddi-hüdudu olmayan sevincini yaxınlaşan ayaq səsləri pozdu. Möcüzə yaratmaq qabiliyyətinin vaxtından qabaq ortaya çıxacağından ehtiyatlanan Foderingey çiçəklənmiş çəliyinə tez geri çəkilməyi əmr etdi. Əslində, “əvvəlki vəziyyətinə qayıt” deyə əmr etməliydi, amma tələsdiyindən dili dolaşdı, buna görə də çəlik göz qırpımında geriyə tərəf yoxa çıxdı. Yaxınlaşan adamın isə tezliklə yağlı söyüş dolu əsəbi səsi eşidildi:
– Tikanlı budaqları kimə tolazlayırsan, axmaq! Ayağımı tamam cızıq-cızıq elədi.
– Bağışlayın, – deyə Foderingey sözə başlamaq istəsə də, izahatının vəziyyəti tamam korlayacağını nəzərə alıb susdu. Çaşqın və əsəbi halda bığlarını didişdirməyə başladı.
Ona yaxınlaşan adam İmmerinqdə asayişi qoruyan üç polisdən biri olan cənab Uinç idi.
– Nədi, çubuq tullamaq xoşuna gəlir? – polis soruşdu. – A! Bu ki sizsiniz! “Uzun əjdaha”da lampanı siz sındırmısınız?
– Yox, elə deyil! – Foderingey tərəddüdlə cavab verdi.
– Elə isə çubuğu niyə tolazlayırdınız?
– Elə-belə, birdən ağlıma gəldi! – Foderingey ucadan dilləndi.
– Elədir ki var! Axı o, tikanlıdır! Nə məqsədlə atırdınız, hə?
Foderingey karıxmış halda dayanıb necə cavab verəcəyini aydınlaşdırırdı. Onun susqunluğu, görünür, cənab Uinçi əsəbiləşdirdi.
– Bilirsiniz ki, sizin bu hərəkətiniz polisə hücum hesab edilir, cavan oğlan? Ağzımda polis deyirəm…
– Qulaq asın, cənab Uinç, – pərt olmuş Foderingey sıxıla-sıxıla dedi. – Çox təəssüf edirəm. Məsələ bundadır ki…
– Hə!
Cənab Foderingey heç cür yalan uydura bilmədiyindən həqiqəti deməyə qərar verdi.
– Mən möcüzə yaradırdım. – O bunu adi bir şeymiş kimi laqeyd şəkildə deməyə çalışsa da, buna müvəffəq ola bilmədi.
– Möcüzə… yaradırdın?! Bu nə cəfəngiyatdır? Möcüzə yaradırmış… Adamın gülməyi gəlir! Siz heç bir möcüzənin mövcudluğunu qəbul etməyən adam deyilsiniz?! Yoxsa yenə də axmaq hoqqalara əl atmısınız! Görün nə deyirəm…
Ancaq Foderingey cənab Uinçin nə dediyinə qulaq asmalı olmadı. Başa düşmüşdü ki, qiymətli sirrini deməklə özünü ələ verib. Qəzəb ona güc verdi. O, polisə tərəf addımlayıb hiddətlə bağırdı:
– Bu qədər dözdüm, yetər! İndi sizə axmaq hoqqanı göstərərəm! İtil cəhənnəmə! Haydı!
Bunu deyən kimi polis yox oldu, o, tək qaldı.
Foderingey başqa heç bir möcüzə eləmədi, hətta çiçəklənmiş çəliyinin də hara yoxa çıxması onu maraqlandırmadı. Qorxmuş və kirimiş halda evə qayıdıb birbaşa yataq otağına keçdi.
– İlahi! – deyə mızıldandı. – Necə də güclü qabiliyyətdir! Hər şeyə qadirdir! Mən heç də bunu istəmirdim… Maraqlıdır, görəsən, cəhənnəm necə olur?..
Çəkmələrini çıxarmaq üçün yataqda oturdu, elə bu an ağlına yaxşı bir fikir gəldi, o, polisi San-Fransiskoya yolladı, sonra da hadisələri öz təbii axarına buraxıb qəmgin halda yatağına uzandı. Gecə yuxusuna qəzəbli Uinç girmişdi.
Ertəsi gün Foderingey iki maraqlı xəbər eşitdi: birincisi – cənab ata Homşotun Laddaborou-roud küçəsindəki evinin qarşısında kimsə gözəl qızılgül kolu əkmişdi, ikincisi – yoxa çıxmış polis Uinçin cəsədini tapmaq üçün Roudinqin dəyirmanının yanınadək, bütün çayboyu axtarışa hazırlıq gedirdi.
Bütün günü Foderingey fikirli olduğundan bəzi xırda-para möcüzələri nəzərə almasaq, elə bir əhəmiyyətli xariqə yaratmadı. Bununla belə, Uinçlə bağlı bir neçə kiçik sərəncamı oldu, bundan başqa, narahat fikirlərin arı sürüsü kimi başında uğuldamasına baxmayaraq, möcüzənin köməyi ilə gündəlik öhdəliyini də nöqsansız yerinə yetirdi. Onun adətdən kənar dalğınlığı və ruh düşkünlüyü ətrafdakılar tərəfindən də aydın sezildiyindən zarafat hədəfinə çevrilmişdi. O isə ancaq Uinç barəsində fikirləşirdi.
Bazar axşamı o, kilsəyə yollandı; müəmmalı, mistik hadisələrlə maraqlanan cənab Meydiq elə bil qəsdən “qanundankənar əməllər” haqqında moizə oxuyurdu. Foderingey kilsəyə həvəslə gələn adamlardan deyildi, amma onun hekayənin əvvəlində qeyd etdiyim möhkəm şəkkaklığı artıq əhəmiyyətli dərəcədə sarsılmışdı. Moizənin mətni onun son günlərdə aşkar olunmuş qabiliyyətini tamamilə yeni şəkildə işıqlandırdığından belə qərara gəldi ki, cənab Meydiq işini qurtarandan sonra məsləhət almaq üçün ona yaxınlaşsın. Bu qərara gələndə özü də məəttəl qaldı ki, niyə indiyəcən bu barədə fikirləşməyib.
Arıq, əsəbi, uzun boğazı və uzun barmaqları olan cənab Meydiq dinə biganə qaldığı bütün şəhərə məlum olan bu cavan oğlanın onunla təklikdə danışmaq üçün icazə istəməsindən açıq-aşkar məmnun oldu. Ona görə də işini bitirər-bitirməz Foderingeyi otağına gətirdi (onun evi kilsəyə bitişik idi). Qonağına rahat oturmağa yer göstərib özü də çırtıltı ilə yanan buxarının qabağında dayanıb ziyarətinin səbəbini soruşdu. Bu vəziyyətdə onun ayaqlarının divara düşmüş kölgəsi nəhəng Rodos heykəlinə10 bənzəyirdi.
Foderingey əvvəlcə karıxıb qaldı, sözə necə başlayacağını bilmirdi, bir neçə anlıq “Çətin ki mənə inanasınız, cənab Meydiq” və bu səpkili ifadələrlə mızıldandı. Sonra cəsarətini toplayıb ondan möcüzələr barəsində nə düşündüyünü soruşdu. Elə cənab Meydiq də çaşqın halda “Bilirsinizmi…” – deyə-deyə qalanda Foderingey onun sözünü yarıda qoyub dedi:
– Məncə, siz inanmazsınız ki, ən adi insan, məsələn, elə qarşınızda əyləşmiş mənim kimi biri öz daxili qabiliyyəti, iradəsinin qüdrəti hesabına istənilən xariqəni yaratsın.
– Bu, mümkün olan şeydir, – Meydiq dilləndi, – Bəlkə də, buna bənzər hadisələr mümkündür…
– Əgər sizə aid hansısa bir əşyadan istifadə etməyimə icazə versəniz, bunu əyani olaraq sizə göstərə bilərəm, – Foderingey dedi. – Bax elə götürək stolun üstündəki o tütün bankasını… Onu nəyəsə döndərməyim möcüzə hesab oluna bilərmi? Bircə dəqiqə, cənab Meydiq, – deyə qaşlarını çatıb barmağını bankaya tuşlayaraq əmr verdi.
– Bənövşə qoyulmuş güldana çevril!
Tütün bankası əmri itaətlə yerinə yetirdi. Bunu görcək cənab Meydiq içini çəkərək gah möcüzə yaradana, gah da güldana baxa-baxa yerindəcə donub-qaldı. Matı-qutu qurumuşdu. Nəhayət, özünü ələ alıb stolun üstünə əyilərək bənövşələri iylədi. Onlar sanki indicə dərilmişdi; çox gözəl görünürdülər. Sonra çevrilib yenidən gözlərini sehrbaza zillədi.
– Bunu necə etdiniz? – deyə soruşdu.
Foderingey bığlarını dartışdırıb:
– Sadəcə, əmr etdim və budur! Mən də bunu bilmək istəyirəm: bu nədir, möcüzə, yoxsa qara magiya? Ya da tamamilə başqa bir şeydir? Mənə nə olub, necə fikirləşirsiniz? Bax elə bu barədə sizinlə danışmaq istəyirdim.
– Baş verənlər olduqca qeyri-adidir!
– Bir həftə bundan qabaq mən özüm də belə bacarığa malik olduğumu bilmirdim. Yəqin ki, mənim qüdrətimin qəribə xüsusiyyətləri var, bundan artıq heç nə bilmirəm.
– Siz elə bircə bunu etməyə qadirsiniz? Başqa heç nə edə bilmirsiniz?
– Nə danışırsınız?! Nə qədər deyirsiniz möcüzə yaradım! – Foderingey ucadan dedi. – Ürəyiniz nə istəyirsə…
Bunu deyib fikrə getdi, nə vaxtsa şahidi olduğu fokusu yadına saldı.
– Bax budur! – o, əlini uzatdı. – Balıqla doldur! Yox, belə yox… Su dolu şəffaf akvarium ol, içində də qızılbalıqlar üzsün! Belə daha yaxşıdır. Görürsünüzmü, cənab Meydiq?
– Heyrətamizdir, inanılmazdır! Ya da siz qeyri-adisiniz! Amma nə bilim…
– Bu güldanı nəyə desəniz çevirə bilərəm, – Foderingey dedi. – Nəyə desəniz… Baxın: tez göyərçinə çevril!
Dərhal göyümtül bir göyərçin pırıltı ilə otaq boyunca uçmağa başladı və hər dəfə yanından ötdükcə cənab Meydiqi aşağı əyilməyə vadar etdi.
– Yerində don! – Foderingey əmr verməyi ilə göyərçin havada donub-qaldı. – Mən onu yenidən çiçək dolu güldana çevirə bilərəm, – deyərək göyərçini stolun üstünə qoyub bu möcüzəni də həyata keçirdi.
– Yəqin, bir azdan qəlyan çəkmək istəyəcəksiniz, – deməklə güldanı yenidən ilkin vəziyyətinə – tütün bankasına döndərdi.
Cənab Meydiq dinməzcə istənilən bəlağətli nitqdən qüdrətli olan sonuncu çevrilməni də izlədi. Təəccübündən böyümüş gözləri ilə Foderingeyə baxaraq ehtiyatla tütün bankasını qaldırdı, diqqətlə onu gözdən keçirib yenə də yerinə qoydu.
– Hm… Belə! – yalnız bunu deyə bildi.
– Düşünürəm ki, indi niyə bura gəldiyimi izah etmək asan olar… – deyərək Foderingey “Uzun əjdaha” barından başlayaraq son günlərdə baş vermiş qəribə hadisələri qatma-qarışıq halda danışmağa başladı. Gah ordan, gah burdan söz salır, arada polis işçisi Uinçin başına gələnlərdən danışır və dinləyicini daha da çaş-baş salırdı. Danışarkən cənab Meydiqin heyrətindən yaranmış məğrurluğu yoxa çıxdı və o, yenidən hamının tanıdığı adi Foderingey oldu. Cənab Meydiq isə əlində tütün bankasını sıxaraq diqqətlə qulaq asır, üzünün ifadəsi getdikcə dəyişilirdi. Foderingey üçüncü yumurta ilə bağlı möcüzəsinə çatanda keşiş titrəyən əlini qaldıraraq onun sözünü kəsdi.
– Bu, mümkündür! – deyə ucadan bildirdi. – Ehtimal oluna bilər. Əlbəttə, heyrətamizdir, ancaq bəzi müəmmalı halları izah etməyə imkan verir. Möcüzə yaratmaq qabiliyyəti bir vergidir; dahilik və ya öngörücülük kimi xüsusi haldır. İndiyədək bu çox nadir hallarda, istisna insanlarda rast gəlinib. Amma hazırkı vəziyyətdə… Məni həmişə Məhəmməd peyğəmbərin, hind yoqlarının və xanım Blavatskayanın11 yaratdığı möcüzələr heyrətə gətirib. İndi hər şey aydın oldu. Əlbəttə, bu, xüsusi vergidir! Bütün bunlar necə də mükəmməl şəkildə dahi mütəfəkkirimizin mülahizələrini təsdiqləyir, – cənab Meydiq səsini qısdı, – əlahəzrət Arqayl hersoqunu12 nəzərdə tuturam. Burada biz adi təbiət qanunlarından daha dərin sirlərə nüfuz edirik. Belə… Davam edin… buyurun!
Foderingey bu dəfə cənab Uinçlə bağlı xoşagəlməz hadisəni danışdı, amma az əvvəlki ehtiram dolu heyrətini və qorxusunu unutmuş keşiş tez-tez təəccüblü nidalar və hərəkətlərlə onun sözünü kəsirdi.
– Bax elə məni də ən çox narahat edən budur, – Foderingey davam elədi, – elə məhz bu məsələ ilə bağlı sizdən məsləhət almaq istərdim. Uinç indi San-Fransiskodadır, dəqiq harasında olduğunu bilməsəm də, orada olduğuna əminəm. Nəticədə hər ikimiz – o da, mən də çətin vəziyyətə düşmüşük. Başa düşürsünüz, ona, əlbəttə ki, nə baş verdiyini anlamaq çox çətindir! Aydındır ki, o qorxub və hirsindən dəliyə dönüb; mənimlə tezliklə hesablaşmağa can atır. Əminəm ki, bütün bu vaxt ərzində o, San-Fransiskodan çıxıb bura qayıtmağa cəhd edir, mənsə yadıma düşdükcə hər iki-üç saatdan bir onu geri yollayıram. Əlbəttə, polis nə olduğunu dərk eləmir və sözsüz ki, bu onu daha da hiddətləndirir. Nəzərə alsaq ki hər dəfə geri qayıtmaq üçün bilet alır, onda nə qədər pul xərclədiyini də təxmin etmək çətin olmaz. Mən onun üçün əlimdən gələni etmişəm, amma ona da özünü mənim yerimə qoymaq və məni anlamaq asan deyil. Bir də onu fikirləşirəm ki, əgər cəhənnəm bizim təsəvvür etdiyimiz kimi bir yerdirsə, onda gərək polisi ordan çıxarıb San-Fransiskoya göndərəndə pal-paltarı yanmış olsun!.. Belə olduğu halda onu bu görkəmdə görən San-Fransisko polisi yazığı həbsxanaya basa bilər. Ona görə də tez əmr verdim ki, Uinçin əynində təzə kostyum olsun. İndi özünüz görürsünüz mən necə dolaşıb qalmışam?
Cənab Meydiq üz-gözünü turşutdu.
– Hə, başa düşürəm. Çox müşkül bir vəziyyətdir. Necə çıxış yolu tapa bilərdiniz?.. – o, bir neçə ala-yarımçıq, heç bir nəticəyə varmayan ifadə işlədib sonra da onu daha çox maraqlandıran mətləbə keçdi. – Gəlin bir müddətlik Uinç barəsində unudaq və daha geniş məsələni müzakirə edək. Düşünmürəm ki, sizin qabiliyyətiniz qara magiya və ya buna bənzər bir şeydir. Onu da ağlım kəsmir ki, cənab Foderingey, sizin bu bacarığınızda nəsə cinayət əməli olsun, əlbəttə, əgər bəzi mühüm faktları məndən gizlətmirsinizsə… Yox, bu, möcüzədir, özü də xalis möcüzədir! Hətta deyərdim ki, yüksək dərəcəli xariqədir!
O, əl-qolunu ölçə-ölçə xalçanın üstündə gəzişməyə başladı. Foderingey isə qayğılı halda stolun arxasında oturub əlini yanağına dayadı.
– Heç bilmirəm Uinçlə neyləyim, – deyə mızıldandı.
– Sizin verginiz möcüzələr yaradır. Bu qüdrətli verginiz mütləq Uinçin məsələsini həll etməyə sizə kömək edəcək, – deyərək Meydiq əlavə etdi. – Əziz cənab, siz ki tamamilə istisna insansınız! Əlinizdə heyrətamiz imkanlar var! Elə az əvvəl etdiklərinizi götürək. Başqa məsələlərdə də… istəsəniz çox şey edə bilərsiniz.
– Bəli, mən artıq bəzi şeylər düşünmüşəm, – Foderingey dedi. – Amma hər şey də istədiyin kimi alınmır axı! Yadınızdadırmı, bu balıq necə əmələ gəldi? Nə bu, nə də o qabdan çıxdı. Odur ki bir kimsə ilə məsləhətləşməyə ehtiyacım var…
– Tamamilə təqdirəlayiq qərardır! – cənab Meydiq yenə onun sözünü ağzında qoydu. – Lap yaxşı düşünmüsünüz, alqışlanmalı qərardır!
Bir anlıq susub Foderingeyə baxdı.
– Mahiyyətcə sizin bacarığınız sərhədsizdir. Gəlin sizin gücünüzü yoxlayaq, görək doğrudanmı düşündüyümüz qədər qüdrətlidir?
Beləliklə, bəlkə də, inanılmaz görünəcək, amma 1896-cı il 10 noyabr – bir bazar günündə kilsənin arxasına bitişik evin otağında cənab Meydiq tərəfindən ruhlandırılmış və qızışdırılmış Foderingey möcüzələr yaratmağa başladı. Oxuculardan xahiş edirik ki, tarixə diqqət yetirsinlər. Siz, əlbəttə, etiraz edə bilərsiniz ki, bu hekayətin bəzi detalları həqiqətəuyğun deyil; düşünürsünüz ki, əgər bütün bunlar doğrudan da baş veribsə, onda bu barədə bir il bundan qabaq qəzetlərdə yazardılar. Xüsusilə də oxuculara hekayətin sonrasında deyilənlər inanılmaz görünəcək; fərz etsək ki, əgər bu, həqiqətən də, baş verib, onda oxucular gərək etiraf etsinlər ki, təxminən bir ildən də çox müddət əvvəl onlar özləri tamamilə qeyri-adi şəraitdə, zorakı ölümlə dünyasını dəyişiblər. Möcüzənin özü elə inanılmaz şey deməkdir də!.. Yoxsa o, möcüzə olmazdı ki! Belə çıxır ki, hekayətin doğruluğuna inanmayan oxucunun özü həqiqətdə ölüb gedib ki, bütün bu baş verənlərdən xəbərsizdir. Hadisələrin sonrakı şərhindən bu hər sağlam məntiqli oxucu üçün aydın və aşkar olacaq. Amma indi hekayənin sonuna gəlmək hələ tezdir, elə təzəcə ortasına gəlib çatmışıq.
Cənab Foderingey əvvəlcə ürək eləməyib xırda möcüzələr yaradırdı: elə teosofların möcüzələri kimi seyrək olan müxtəlif mənasız oyuncaqlar və qablarla necə gəldi hoqqalar çıxardırdı. Bu arada isə Foderingeyin müttəfiqi ona ehtiram dolu qorxu ilə tamaşa edirdi. Əslində, Foderingey polis Uinçin məsələsini yoluna qoymağa üstünlük verirdi, amma hər dəfə cənab Meydiq onu fikrindən yayındırırdı. Elə ki müttəfiqlər saysız-hesabsız belə boş-boş məişət möcüzələri fikirləşib yaratdılar, öz güclərinə olan inamları artdı, təxəyyülləri coşdu və daha da cəsarətli xariqələrə həvəsləndilər.
İlk belə əhəmiyyətli möcüzələrdən biri getdikcə artan aclıq hissi və cənab Meydiqin təsərrüfat müdirəsi, missis Minçin tənbəlliyindən irəli gəldi. Keşişin Foderingeyi dəvət etdiyi şam yeməyi, sözsüz ki, başdansovdu hazırlanmışdı və bu da iki çalışqan möcüzəkara çox dadsız-duzsuz gəldi. Elə süfrə arxasında cənab Meydiq xidmətçisinin çatışmazlığından təəssüflə, hətta əsəbiliklə gileylənəndə Foderingeyin ağlına gəldi ki, yeni bir möcüzəyə ehtiyac yaranıb.
– Cənab Meydiq, mənim tərəfimdən kobudluq hesab etməzsiniz ki, əgər mən…
– Əziz Foderingey, əlbəttə ki yox! Mənim, sadəcə, ağlıma gəlməmişdi…
Cənab Foderingey böyük bir jest elədi.
– Nə sifariş verəcəyik? – elə bir tonda dedi ki, qarşısındakı çəkinmədən, özünü heç bir şeydən məhrum etmədən istəklərini bildirsin.
Cənab Meydiqin arzusuna uyğun olaraq şam yeməyinin menyusu əsaslı şəkildə gözdən keçirildi.
– Mənə gəlincə, – Foderingey Meydiqin seçdiyi yeməklərə nəzər salıb dedi, – mən bir parç porter13 və yağda qızardılmış pendirli çörəyə üstünlük verərdim. Elə bunu da sifariş verəcəyəm. Burqund yeməkləri damaq dadıma uyğun deyil.
Elə həmin anda onun əmri ilə süfrədə bir parç porter və yağda qızardılmış pendirli çörək peyda oldu. Onlar süfrə arxasında yaradılacaq cürbəcür möcüzələrdən danışaraq (Foderingey bunu xoş təəccüblə qeyd edirdi) xeyli müddət oturdular.
– Yeri gəlmişkən, cənab Meydiq, mən, hər halda, evlə bağlı sizə kömək edə bilərəm…
– Nə demək istədiyinizi elə də yaxşı anlamadım, – Meydiq möcüzəvi şəkildə masada peyda olmuş köhnə burqund şərabından qədəhinə süzə-süzə dedi.
Cənab Foderingey hansısa görünməz bir boşluqdan ikinci porsiya qızardılmış pendirli çörək götürüb yeməyə girişdi.
– Güman edirəm ki, – deyə sözə başladı, – missis Minçin çatışmazlıqlarını düzəltmək üçün möcüzə edə bilərəm, – bir-birinə toqquşan qədəhlərin cingiltisi eşidildi. Meydiq qədəhini masanın üzərinə qoydu. Üzündə şübhə ifadəsi sezilirdi.
– O, kiminsə onun işinə qarışmasını xoşlamır. Bundan başqa, indi saat on ikidir, yəqin ki, artıq yuxuya gedib. Ümumiyyətlə götürəndə buna dəyərmi?..
Cənab Foderingey bu etirazı bir daha götür-qoy elədi.
– Niyə də onun yatmasından istifadə etməyək?
Əvvəlcə cənab Meydiq razılaşmadı, axırda yola gəldi. Onda Foderingey lazımi göstərişlərini verdi və süfrə yoldaşları əvvəlki dincliklə olmasa da, yenidən şam yeməyinə girişdilər. Cənab Meydiq öz təsərrüfat müdirəsinin xasiyyətində görmək istədiyi faydalı dəyişiklikləri elə nikbinliklə sadalamağa başladı ki, hətta bu, şam yeməyini bitirmiş Foderingeyə belə işgəncəli və coşqun göründü. Elə bu an yuxarı mərtəbədə nəsə qeyri-müəyyən bir hay-küy eşidildi. Onların sual dolu baxışları bir-birinə toqquşdu və Meydiq tələsik yuxarı qaçdı. Foderingey Meydiqin öz xidmətçisini necə hayladığını, sonra da ehtiyatlı addımlarla pilləkənləri qalxdığını eşitdi. Bir neçə dəqiqədən sonra keşiş yüngül yerişlə otağa qayıtdı, onun üzü işıq saçırdı.
– Təəccüblüdür, – deyə ucadan dedi, – həm də təsirlidir! Yüksək dərəcədə təsirlidir!
Buxarının qabağındakı xalçanın üzərində var-gəl etməyə başladı.
– Peşmançılıq, ən təsirli peşmançılıq… Qapının deşiyindən baxırdım… Zavallı! Həqiqətən də, heyrətamiz dəyişiklikdir! O artıq oyanıb. Güman ki, dərhal yerindən qalxıb, bilərəkdən oyanıb ki, sandıqçada gizlədilmiş konyak şüşəsini sındırsın. Sonra da bunu etiraf etdi! Axı bu fakt onu göstərir ki… bu bizim qarşımızda görünməmiş imkanlar açır. Əgər biz hətta belə bir qadında dəyişiklik etməyə nail olduqsa…
– İmkanlarımız, görünür, sərhədsizdir, – Foderingey qeyd etdi. – O ki qaldı cənab Uinçə…
– Şübhəsiz ki, imkanlar sərhədsizdir, – Meydiq xalçanın üstündə gəzişə-gəzişə polisin məsələsinə əhəmiyyət verməyib ağlına gələn heyrətamiz planları Foderingeyin qarşısında sadalamağa başladı. Bu planların necə olursa-olsun bizim hekayətin mahiyyəti ilə birbaşa əlaqəsi yoxdur. Bunu demək kifayətdir ki, bütün bu planlar sonsuz xeyirxahlıq aşılayırdı. Bu qəbildən olan xeyirxahlığı yeməkdən sonra toxqarına yaxşılıqlar sırasına qatmaq lazımdır. Onu da qeyd etmək lazımdır ki, polis Uinçin problemi elə həll edilməmiş də qaldı. Sadalanan planların nə dərəcədə dərinə getdiyini dəqiqləşdirməyə ehtiyac yoxdur. İstənilən halda heyrətamiz dəyişikliklər baş verdi.
Ücretsiz ön izlemeyi tamamladınız.