Kitabı oku: «Zaman maşını»
1. İxtiraçı
Zaman Səyyahı (gəlin onu belə adlandıraq) bizə ağlasığmaz şeylər danışırdı. Onun boz gözləri işıq saçırdı, solğun bənizisə indi daha canlı görünürdü. Buxarıda alov şölələnirdi, zanbaqşəkilli gümüşü elektrik lampalarının zərif işığı qədəhlərimizdə oynaşırdı. Onun öz ixtirası olan stulda oturmaq çox xoş idi. Otaqda sakit və könülaçan ab-hava vardı. Zaman Səyyahı şəhadət barmağını yuxarı qaldırıb nitqinə başladı:
– Mənə diqqətlə qulaq asın. Hamının adi qəbul etdiyi bir neçə təsəvvürü təkzib edəsi olacam; məsələn, məktəbdə keçdiyiniz həndəsənin təməl daşı səhv üzərində qurulub…
– Bu ağlasığmaz ehtimalınızı sübut edə biləcəyinizi düşünürsünüz? – mübahisə azarkeşi kürən Filbi söylədi.
– Bir az səbirli olun. Tutarlı əsaslarım var. Sizi razı salmağın çətin olduğunu bilirəm. Amma bu dəfə güzəştə getməli olacaqsınız. Şübhəsiz ki, hamınız həqiqətdə riyazi xəttin mövcud olmadığını bilirsiniz. Yəqin, riyazi müstəvinin xəyali olduğunu da xatırlayırsınız. Bunların hamısı mücərrəddir.
– Haqlısınız, – Psixoloq təsdiqlədi.
– Amma eyni məntiqlə yalnız uzunluq, en və hündürlükdən ibarət kub da gerçəkdə mövcud deyil…
– Bununla heç razılaşmıram, – Filbi bəyan etdi. – Bərk cisimlər mövcuddur. Bütün mövcud maddələrsə…
– Çoxları bu fikirdədir. Amma bir dəqiqə aman verin. Zaman xaricində kub mövcud ola bilərmi?
– Anlamadım, – Filbi söylədi.
– Bir an belə mövcud olmayan kubu həqiqi adlandırmaq olarmı?
Filbi fikrə getdi.
– Burdan belə nəticəyə gəlmək olar ki, – Zaman Səyyahı davam etdi, – hər həqiqi cismin dörd ölçüsü – uzunluğu, eni, hündürlüyü və yaşama davamlılığı olmalıdır. Lakin nədənsə bu faktı nəzərə almırıq. Amma yenə də üçünü fəza, dördüncüsünü Zaman adlandırdığımız dörd ölçü var. Hərçənd üç ölçünü sonuncusuna qarşı qoymaq fikri də mövcuddur. Amma bunun da səbəbi gün kimi aydındır: bizim şüurumuz həyatımızın başlanğıcından ta sonunadək Zamanın bircə istiqamətində, yəni irəli hərəkət edir.
– Bu ki, – ağzındakı siqarı cidd-cəhdlə lampa alovunda yandırmağa çalışan Çox Cavan Adam dilləndi, – hamıya məlumdur.
– Çox gözəl, lakin onu tamamilə nəzərdən qaçırırlar ki, – Zaman Səyyahı şən səslə söylədi, – Zamanın özü elə Dördüncü Ölçüdür, lakin nədənsə bu ölçüdən dəm vuranlar onun məğzinə varmırlar. Bu, sadəcə, Zamana fərqli bucaq altında baxışdır. Onunla digər ölçülər arasında yeganə fərq şüurumuzun Zaman boyu hərəkət etməsidir. Bəzi axmaqlar bu fikri düzgün çözmürlər. Yəqin ki, hamınız onların Dördüncü Ölçüyə qarşı etirazlarının kökündə nəyin dayandığını bilirsiniz.
– Mən bilmirəm, – Əyalət Meri dilləndi.
– Hər şey çox sadədir. Riyaziyyatçılarımızın düşündüyü kimi, fəza üç ölçüyə malikdir. Onlara görə, uzunluq, en və hündürlük bir-birinə düz bucaq altında yerləşib. Lakin bəziləri Dördölçülü Həndəsə yaratmağa cəhd etdi. Hələ bir ay öncə professor Saymon Nyukom bu məsələni Nyu-York Riyaziyyat Cəmiyyətinə açıqladı. Bilirsiniz ki, yalnız iki ölçüyə malik düz səthdə üçölçülü cismin cizgisini cızmaq olar. Ehtimal olunur ki, eynilə üçölçülü nümunənin köməyi ilə əşyanı dörd ölçüdə təsvir etmək mümkündür. Anladınız?
– Deyəsən, – Əyalət Meri mızıldandı.
– Beləcə, sizlərə bir vaxtlar Dördölçülü Həndəsə ilə necə məşğul olduğumdan söhbət aça bilərəm. Bəzi nəticələrim yetərincə maraqlıdır; məsələn, bu, birində səkkiz, digərində on beş, üçüncüsündə on yeddi, dördün- cüsündə iyirmi üç yaşlı və s. adamın təsvirləridir. Bunların hamısı, yəqin ki, dördölçülü varlığın üçölçülü təsviridir. – Söylədiklərini həzm etməyimiz üçün bizə aza- cıq vaxt verən Zaman Səyyahı nitqinə davam etdi: – Alimlər yaxşı bilirlər ki, Zaman, sadəcə, Fəzanın xüsusi növüdür. Bu sadə diaqrama nəzər salın. Barmağımı gəzdirdiyim xətt barometrin titrəyişini əks etdirir. Dünən bax bu hündürlükdə dayanıb, axşamsa düşüb, bu gün səhər yenidən qalxaraq bax bu yerə çatıb. Şübhəsiz, civə bu xətti ümumi qəbul olunmuş fəza ölçülərinin heç birindən keçirməyib. Amma bu da məlumdur ki, onun titrəyişləri məhz bizim xətlə qeyd olunub. Belə çıxır ki, xətt Dördüncü Ölçüdən – Zamandan keçib.
– Amma, – nəzərlərini buxarıdakı kömürlərə dikən Həkim söylədi, – əgər, həqiqətən də, Zaman Fəzanın Dördüncü Ölçüsüdürsə, niyə indiyədək ona nəsə fərqli bir şey kimi yanaşıblar və biz digər ölçülər kimi, niyə Zamanla da rahat hərəkət edə bilmirik?
Zaman Səyyahı gülümsündü.
– Siz adamların Fəzada rahat hərəkət edəcəyinə belə əminsiniz? Doğrudur, biz sərbəst şəkildə sağa-sola, irəli-geri gedə bilirik. Bəs yuxarı necə? Axı cazibə qüvvəsi buna mane olur.
– Niyə ki? – Həkim qeyd etdi. – Bəs aerostatlar?
– Amma aerostatlaradək insanlar ən yaxşı halda ya yöndəmsiz şəkildə hoppanıblar, ya da harasa dırmaşmağa cəhd ediblər.
– Amma hər halda, azacıq da olsa, yuxarı-aşağı gedə bilirik, – Həkim təslim olmadı.
– Yuxarıya nisbətən aşağıya qat-qat asan!
– Amma Zamanla hərəkət etmək mümkün deyil, siz indiki andan heç yerə gedə bilməzsiniz.
– Əzizim, bax burda səhv edirsiniz. Biz həmişə indiki andan uzaq düşürük. Bizim ölçüsü olmayan fikirlərimiz Zamanın sayəsində ta beşikdən düz qəbrədək müntəzəm sürətlə irəliləyir.
– Məsələ də bundadır ki, – Psixoloq müdaxilə etdi, – Fəzanın bütün istiqamətlərində rahat hərəkət etdiyimiz halda, Zamanla belə sərbəst irəliləyə bilmərik!
– İxtiramın məğzi də elə məhz budur. Siz kökündən yanılırsınız. Mən əgər hansısa olayı parlaq xatırlayıramsa, xəyallarımda onun baş verdiyi Zamana qayıdıram və sanki indiki anda mövcud deyiləm. Bir anlıq keçmişə sıçrayıram. Əlbəttə, hansısa vəhşi, ya heyvan bir an belə yerdən altı fut1* hündürlükdə havadan sallana bilmədiyi kimi, biz də keçmişdə qala bilmərik. Müqayisədə sivil insan vəhşidən üstün olmaq kimi bir imkana malikdir. O, cazibə qüvvəsinin ziddinə olaraq hava şarında yuxarı qalxır. Bəs onda niyə biz eyni uğurla Zamanda ilişib qala, ya da arzu elədiyimiz istiqamətdə hərəkət edə bilmərik?
– Axı bu, mümkün deyil… – Filbi etiraz etmək istədi.
– Niyə? – Zaman Səyyahı soruşdu.
– Bu, sağlam düşüncənin əksinədir, – Filbi cavab verdi.
– Hansı düşüncənin? – Zaman Səyyahı əl çəkmədi.
– Əlbəttə, siz ağa qara deyə bilərsiniz, – Filbi təslim olmadı, – amma məni buna inandırmağa çalışmayın.
– Ola bilər, – Zaman Səyyahı söylədi. – Amma bu məsələyə Dördölçülü Həndəsə nöqteyi-nəzərindən baxmağa çalışın. Hələ çox-çox əvvəllər Zaman Maşını yaratmaq barədə qarışıq xülyalarım vardı…
– Zamanda səyahət etmək üçün? – Çox Cavan Oğlan onun sözünü kəsdi.
– Fəzanı və Zamanı idarə edənin arzusuna uyğun olaraq onların bütün istiqamətləri ilə sərbəst hərəkət etmək üçün.
Filbi qəhqəhə çəkdi və heç nə demədi.
– Mən təcrübəmlə bunun təsdiqinə nail oldum, – Zaman Səyyahı halını pozmadı.
– Bu, tarixçinin lap xoşuna gələrdi, – Psixoloq qeyd etdi. – Məsələn, keçmişə yollanıb Hastinqs döyüşünün məşhur təsvirinin dürüstlüyünü yoxlaya bilərdi!
– Bəs siz hər iki tərəfdən hücuma məruz qalacağınızdan qorxmazdınız? – Həkim dedi. – Əcdadlarımız tarixi səhvləri o qədər də xoşlamırdılar.
– Homer, ya Platonun özündən yunan dilini öyrənmək olardı, – Çox Cavan Oğlan dilləndi.
– Bu halda, əlbəttə ki, imtahandan kəsilərdiniz. Alman alimləri qədim yunan dilini elə tanınmaz hala gətiriblər ki!..
– Onda, ən yaxşısı, gələcəyə yollanmaqdır! – Çox Cavan Oğlan ucadan söylədi. – Pullarını faizlə banka qoya bilərsən!
– Birdən ordakı cəmiyyətdə faiz hesabına varlanan banklar mövcud olmasa necə? – onun sözünü kəsdim.
– Çox əcaib nəzəriyyə oldu!.. – Psixoloq özünü saxlaya bilmədi.
– Hə, əvvəllər mənə də elə gəlirdi, lakin indi…
– İndi bunu təcrübənizlə sübuta yetirmisiniz! – onun fikrini havada tutdum, – və siz bunu əyani surətdə…
– Əyani sübutu tələb edirəm! – mühakimələrdən bezən Filbi çığırdı.
– Səbrimiz tükəndi, öz təcrübənizi nümayiş etdirin, – Psixoloq həyəcanlandı, – hərçənd bu, cəfəngiyatdır.
Zaman Səyyahı gülümsəyərək nöbvə ilə hamımızı süzdü. Sonra elə həmin istehzalı təbəssümlə otağı tərk etdi. Sonu laboratoriyaya aparan uzun dəhliz boyu onun uzaqlaşan addım səslərini eşitdik. Psixoloq bizə baxdı:
– Görəsən, niyə ora getdi?
– Yəqin, bizə fokus göstərəcək, – Həkim dedi.
Filbi Barslemdə rastlaşdığı gözbağlayıcı haqda təzəcə söhbətə başlamışdı ki, otağa qayıdan Zaman Səyyahı onu yarımçıq qoydu.
2. Zaman Maşını
O, əlində masaüstü saatdan bir az böyük olan parlaq metal əşya tutmuşdu. Bu əşya fil sümüyündən və büllur kimi şəffaf hansısa maddədən düzəldilmişdi. Bundan sonra baş verən ağlasığmaz olayları təsvir etmək üçün diqqətli olmağa çalışacam. Ev sahibi otaq boyu düzülmüş səkkizbucaqlı kiçik masalardan birini buxarıya yaxınlaşdırdı. Özü də bunu elə etdi ki, onun iki ayağı buxarının önündəki xalçanın üstünə düşdü. O öz aparatını bu masanın üzərinə qoydu. Sonra stulu çəkib oturdu. Masada aparatdan savayı ətrafı parlaq işıqlandıran qapaqlı lampa da vardı. Ümumiyyətlə, otaq yetərincə işıqlı idi. Mən alçaq kürsüyə oturub onu ocağa elə yaxınlaşdırdım ki, düz buxarı ilə Zaman Səyyahının arasında qaldım. Filbi yerini arxada rahatladı və baş verənləri onun çiynindən seyr etməyi qərarlaşdırdı. Həkim və Əyalət Meri sağdan, Psixoloqsa soldan müşahidə etmək istədi. Çox Cavan Oğlan Psixoloqun arxasında dayandı. Bu şəraitdə hətta ən fəndgir hiylə ilə belə bizləri aldatmaq ağlasığmaz olardı.
Zaman Səyyahı aparatı əlinə götürdü.
– Bu kiçik mexanizm, sadəcə, modeldir, – masaya dirsəklənən Zaman Səyyahı söylədi. Zaman Maşınını onun nümunəsi ilə düzəldirəm. Aparatın qeyri-adi görünüşə malik olduğunu, yəqin ki, hiss edirsiniz; məsələn, bu lövhəciyin qəribə səthi var, sanki o qədər də həqiqi deyil.
O, barmağı ilə modelin hissələrindən birinə işarə etdi.
– Bax burda balaca ağ bir ling var, burada isə başqası.
Həkim stuldan qalxıb modeli nəzərdən keçirməyə başladı.
– Çox maraqlıdır, – söylədi.
– Onun üzərində iki il çalışmışam, – biz hamımız modeli seyr edəndən sonra Zaman Səyyahı dilləndi və əlavə etdi: – Əgər bu lingi dartsam, maşın gələcəyə sürüşməyə başlayacaq. İkinci ling isə keçmişə aparır. Bu da Zaman Səyyahının oturacağı yəhərdir. İndi lingi basacam – və maşın işə düşəcək. O yoxa çıxacaq, yəni gələcəyə gedəcək. Masaya da diqqətlə baxın və bunun fokus olmadığına əmin olun. Modelin yəhərində oturmaq mümkün olmadığından onsuz da onu itirmək məcburiyyətində qalacam. Amma bunun əvəzində fırıldaqçı adını qazanmaq da istəməzdim.
Ortaya birdəqiqəlik sükut çökdü. Psixoloq sanki nəsə demək istədi, amma fikrini dəyişdi. Zaman Səyyahı barmağını lingə tərəf uzatdı.
– Yox, – birdən söylədi. – Siz əlinizi uzadın. – O, Psixoloqa tərəf çevrilib dirsəyindən tutdu və şəhadət barmağını lingə toxundurmasını xahiş etdi.
Beləcə, Psixoloq Zaman Maşınının modelini sonsuz səyahətə göndərdi. Biz hamımız lingin necə çevrildiyini gördük. Mən burda heç bir yalan olmadığına özüm kimi əminəm. Havada nəsə titrədi, lampanın işığı göz vurdu. Buxarının üstündə olan şamlardan biri söndü. Model yırğalandı, dumanlandı, bir an gözümüzə kölgə kimi göründü və sonra yoxa çıxdı. Masanın üstündə yalnız lampa vardı. Bir dəqiqə hamı donub-qaldı. Sonra Filbi “Lənət şeytana!” söylədi. Təəccübdən gözləri bərələn Psixoloq masanın altına baxdı. Zaman Səyyahı onun bu hərəkətini qəhqəhə ilə qarşıladı.
Biz matdım-matdım bir-birimizə baxdıq.
– Siz, həqiqətən də, ixtiranızın Zaman boyu səyahətə yollandığına inanırsınız? – Həkim dilləndi.
– Zərrə qədər də şübhə etmirəm, – o, əlindəki tənbəki çubuğundan bir qullab alıb Psixoloqa baxdı. – Üstəlik, onu da deyim ki, artıq böyük maşınım belə, de- mək olar ki, hazırdır… Bax orda. – Zaman Səyyahı barmağını laboratoriyasına tərəf uzatdı. – Tam hazır olan kimi sizi səyahətə dəvət edəcəm.
– Siz bu maşının gələcəyə yollandığını söyləyirsiniz? – Filbi soruşdu.
– Keçmişə, ya gələcəyə – dəqiq bilmirəm.
– Dayanın, – Psixoloq cuşa gəldi. – Əgər o, həqiqətən də, harasa yollanıbsa, bu, mütləq keçmiş olmalıdır.
– Niyə? – Zaman Səyyahı soruşdu.
– Ona görə ki əgər o, Fəzada hərəkət etməsəydi və gələcəyə yollansaydı, həmişə bizimlə qalardı: axı biz də ora səyahət edirik!
– Amma əgər o, keçmişə yollansaydı, – mən əlavə etdim, – biz onu ötən cümə axşamı burda olarkən, ya da ondan əvvəlki həftə görə bilərdik! Geriyə saydığım günlərin sayını istənilən qədər artırmaq olar!
– Maraqlı etirazdır! – Əyalət Meri qeyd etdi və qərəz dolu baxışlarını Zaman Səyyahına dikdi.
– Heç də yox, – Zaman Səyyahı dedi və bu dəfə Psixoloqa müraciət etdi: – Siz özünüz bunu rahat izah edə bilərsiniz.
– Əlbəttə, – Psixoloq bizə anlatmağa çalışdı. – Psixoloji nöqteyi-nəzərdən izah çox sadədir. Biz havada uçan güllə tək eynilə bu maşının hərəkətini də görə bilmərik. Əgər maşın gələcəyə doğru bizdən yüz dəfə sürətlə hərəkət edirsə, əgər biz saniyəni ötüb-keçə bildiyimiz vaxtda o, rahatlıqla dəqiqəni arxada qoya bilirsə, əlbəttə, maşını görmək qeyri-mümkündür. – O, əlini az əvvəl aparatın dayandığı yerə sürtdü. – Anlayırsınız?
– Bu gün baş verənlərə inanmaq istərdim, – Həkim cavab verdi, – amma gəlin sabahacan gözləyək. Necə deyərlər, axşamın xeyrindənsə səhərin şəri yaxşıdır.
– Zaman Maşınına baxmaq istəmirsiniz ki? – Zaman Səyyahı soruşdu.
Sonra o, lampanı götürüb bizi uzun dəhlizin sonunda yerləşən laboratoriyasına apardı. Lampanın sayrışan işığını, onun irəlidə görünən iri başını, divarlarda oynayan kölgələrimizi yaxşı xatırlayıram. Biz hələ də baş verənlərə şübhə ilə yanaşa-yanaşa laboratoriyadakı maşını diqqətlə seyr etdik. Onun bəzi hissələri nikeldən, digərləri fil sümüyündən və hətta dağ büllurundan düzəldilmişdi.
– Onun Zaman Maşını olduğuna heç inanmağım gəlmir, – Həkim söylədi. – Yoxsa ötən Milad bayramında bizə nümayiş etdirdiyiniz kabus kimi bu da növbəti fokusunuzdur?
– Bu maşınla, – əlindəki lampanı yuxarı qaldıran Zaman Səyyahı dedi, – Zamanı tədqiq etmək niyyətindəyəm. Anlayırsınız? Tam ciddi sözümdür.
Onun bu sözlərinə necə münasibət bəsləyəcəyimizi bilmirdik. Həkimin arxasından boylananda baxışlarım Filbinin nəzərləri ilə toqquşdu. O, çoxmənalı şəkildə mənə göz vurdu.
3. Zaman Səyyahı qayıdır
Zənnimcə, o vaxt bizlərdən heç biri Zaman Maşınına inanmamışdı. Zaman Səyyahı elə həddən artıq ağıllı adamlardan idi ki, ona kor-koranə inanmaq səfehlik olardı. Əgər həmin modeli bizə Filbi göstərsəydi və onun sayəsində Zamanda səyahət etməyin mümkün olduğunu söyləsəydi, biz eşitdiklərimizə daha çox etibar edərdik. Filbini hətta ən sadəlövh insan belə anlaya bilərdi. Amma Zaman Səyyahı çox qəribə idi və biz ona inanmaqda çətinlik çəkirdik. Ağlı başında olan adam Zaman Səyyahının zarafat xətrinə də olsa onu ələ salacağından çəkinirdi. Yəqin, elə bu səbəbdəndir ki, növbəti həftə heç birimiz Zamanda səyahət barədə bir kəl- mə belə kəsmədik, hərçənd hamımızı maraq bürümüşdü.
Növbəti cümə axşamı yenidən Riçmonda yollandım və qonaq otağında dörd-beş tanışımla rastlaşdım.
Həkim bir əlində kağız, digərində saat buxarının qarşısında dayanmışdı. Ətrafa boylandım: Zaman Səyyahı gözümə dəymədi.
– Səkkizin yarısıdır, – Həkim dilləndi. – Zənnimcə, masa arxasına əyləşmək vaxtıdır.
– Bəs ev sahibi haradadır? – mən soruşdum.
– Bax, əlimdə tutduğum bu kağızda o bizdən saat yeddidə masa arxasında əyləşməyi xahiş edir. Yazdığına görə, özü gecikə bilər. Burada deyilir ki, gələndə hər şeyi izah edəcək.
– Heç şam yeməyi ab-havasının pozulmasını istəməzdim, – məşhur bir qəzetin Redaktoru dilləndi.
Həkim zəngi çaldı.
Biz süfrə arxasına əyləşdik. Bu dəfə masa arxasında ötəndəfəki qonaqlardan yalnız Həkim, Psixoloq və mən oturmuşduq. Əvəzində yeni qonaqlar təşrif buyurmuşdu. Bunlar az əvvəl adını çəkdiyim Redaktor və o qədər də yaxından tanımadığım bir Jurnalist idi. Hamı şam edə-edə ev sahibinin indi harada olması barədə mülahizələr yürüdürdü. Mən zarafata salıb onun Zamana səyahət etdiyini söylədim. Redaktor məsələnin təfsilatına varmaq istədi və Psixoloq ötən həftə baş verənlər haqda uzun-uzadı söhbət etdi. Elə düz söhbətin ortasında otağın qapısı yavaşca aralandı və mən onu gördüm.
– Oh! – ucadan səsləndim. – Nəhayət ki! – Qapı taybatay açıldı və biz Zaman Səyyahının içəri girməsinin şahidi olduq.
– Aman Allah, sizə nə olub? – Həkimlə mən eyni vaxtda çığırdıq.
Masa arxasında oturanların hamısı qapıya tərəf çevrildi.
Zaman Səyyahının üst-başı toz içindəydi, saçları pırtlaşıq və çirkliydi. Bənizi də ağarmışdı, çənəsində dərin yara vardı, gözlərindən məyusluq və yorğunluq yağırdı. O, bir dəqiqə qapının ağzında dayandı, sonra axsaya-axsaya içəri keçdi. Biz hamımız sakitcə ona baxır və nə deyəcəyini gözləyirdik.
Zaman Səyyahı bir kəlmə kəsmədən ayaqlarını sürüyə-sürüyə masaya yaxınlaşdı və əli ilə şampan şüşəsinə işarə etdi. Redaktor ona şampan şərabı süzdü. Zaman Səyyahı qədəhi birbaşa başına çəkdi və sanki bir az yüngülləşdi. O, masa arxasında oturanlara ötəri nəzər saldı və üzündə həmişəki təbəssümü oynadı.
– Nə baş verib? – Həkim soruşdu.
– Narahat olmayın, – Səyyah dili topuq vura-vura söylədi. – Hər şey qaydasındadır. Gedim vanna qəbul edim, paltarımı da dəyişim. Sonra gəlib sizə başıma gələnləri danışaram… Yalnız mənə bir tikə qoyun əti saxlayın. Elə istəyirəm ki, dilimə ət yeməyi dəysin!
O, əlindəki qədəhi masaya qoyub qapıya tərəf yönəldi. Mən yenidən onun axsadığına və ayağını sürüdüyünə fikir verdim. Zaman Səyyahının ayağında cırıq- cırıq olmuş və qana bulaşmış corablardan savayı heç nə yox idi. Qapı örtüldü. Onun ardınca getmək istədim, lakin Zaman Səyyahının artıq təlaş xoşlamadığını xatırlayıb fikrimdən daşındım.
– Məşhur alim özünü qəribə aparır, – qəzet dilində danışmağı xoşlayan Redaktor dilləndi.
– Görəsən, nə baş verib? – Jurnalist soruşdu. – Olmaya, bu dəfə avara rolunu oynayır? Heç nə anlamadım.
Psixoloqla bir-birimizə baxdıq və onun nəzərlərindən anladım ki, o da mənimlə eyni şeyi düşünür. Mən Zaman içində səyahət və indi ayağını çəkən Səyyah haqqında düşündüm. Deyəsən, onun axsadığını məndən savayı sezən olmamışdı. Az əvvəl qarşılaşdığı mənzərənin təsirindən ilk özünə gələn Həkim oldu. O, zəng çaldı və xidmətçiyə növbəti xörəyi gətirməsini tapşırdı. Zaman Səyyahı yemək vaxtı qulluqçunun otaqda olmasını heç xoşlamırdı. Burnunun altında mızıldanan Redaktor çəngəl-bıçağa əl atdı. Beləcə, hamı təzədən yeməyə başladı. Marağını heç cür gizlədə bilməyən Redaktor dilləndi:
– Görəsən, dostumuz öz büdcəsini dilənçilik hesabına artırmır ki?
– Onun halının Zaman Maşını ilə bir əlaqəsi olduğuna əminəm, – mən az əvvəl Psixoloqun yarımçıq qalan söhbətini davam etdirə-etdirə ötən həftə gördüklərimizdən danışdım. Yeni qonaqların eşitdiklərinə şübhə ilə yanaşdıqları üzlərindən bəlli idi. Redaktor hətta etiraz etməyə başladı.
– Bu, cəfəngiyatdır!
Bu da azmış kimi, hətta ələ saldı:
– Məgər Gələcəkdə paltar şotkası yoxdur ki, üst-başı belə toz içindədir?
Jurnalist də eşitdiklərinə heç cür inanmaq istəmirdi. O da Redaktora qoşulmağa hazırlaşırdı ki, Zaman Səyyahı yenidən otağa qayıtdı. İndi onun əynində səliqəli kostyum vardı.
– Eşidirsiniz, – Redaktor şən səslə dedi, – bu zarafatcıllar sizin gələn həftənin ortasına səyahət etdiyinizi söyləyirlər!.. Sərgüzəştlərinizdən bir az bizə də danışmaq istəmirsiniz ki? Buna görə sizə nə qədər qonorar verək?
Zaman Səyyahı deyilənləri qulaqardına vurub masaya yaxınlaşdı.
– Hanı mənim qoyun ətim? – soruşdu. – Çəngəli yenidən qızardılmış ətə batırmaq necə böyük xoşbəxtlikdir!
– Mövzunu dəyişməyin! – Redaktor qışqırdı.
– Lənət şeytana! – Zaman Səyyahı ucadan səsləndi. – Acından ölürəm. Kəmərimin altını bərkitməmiş heç nə danışan deyiləm. Çox sağ olun. Zəhmət olmasa, duzu da verin.
– Yalnız bircə söz, – dedim. – Siz Zamanda səyahət etmisiniz?
– Hə, – Səyyah əti ləzzətlə çeynəyə-çeynəyə söylədi.
– Hər sətrə bir şillinq2 verməyə hazıram! – Redaktor dilləndi.
Zaman Səyyahı yenə əhvalını pozmayıb yeməyə davam etdi. Nahar mənə çox uzun gəldi. Sual verməkdən özümü güclə saxlayırdım. Jurnalist otağa çökən gərginliyi azaltmaq məqsədilə lətifə danışmağa cəhd etdi. Həkim gözlərini qıyıb elə hey Zaman Səyyahına baxırdı. O isə heç nə baş verməyibmiş kimi qarşısındakı yeməyi xüsusi iştahla yeyirdi. Səyyah, nəhayət, boşqabını bir kənara çəkib masa arxasında əyləşənləri növbə ilə süzdü.
– Hamınızdan üzr istəyirəm, – o dedi. – Acından ölürdüm. Başıma gələnlərsə çox maraqlıdır.
O, qutudan siqar götürüb ağzına yaxınlaşdırdı.
– Gəlin o biri otağa keçib yerimizi rahatlayaq. Hekayətimə çirkli boşqablarla dolu süfrə arxasında oturub uzun-uzadı qulaq asmaq ürəyinizcə olmayacaq.
Sonra o bizi siqaret çəkmək üçün nəzərdə tutulmuş qonşu otağa apardı.
– Bugünkü qonaqlara Maşın haqda nəsə söyləmisinizmi? – kresloya yayxanan Zaman Səyyahı üç yeni qonağa işarə ilə məndən soruşdu.
– Amma bu, inanılmazdır, – Redaktor özünü saxlaya bilmədi.
– Bu gün mübahisə etmək iqtidarında deyiləm. Yalnız danışa bilərəm. İstəyirsiniz, başıma gələnləri sizlərə nağıl edim. Amma bir xahişim var, sözümü kəsməyin. Bilirəm, söyləyəcəklərim sizə inandırıcı gəlməyəcək. Qoy olsun! Amma deyəcəklərimin hamısı əvvəlindən sonunadək həqiqətdir… Bu gün gündüz saat dörddə adəti üzrə öz laboratoriyamda idim və həmin andan etibarən… üç saata səkkiz gün yaşadım… Hələ heç bir insanın yaşamadığı səkkiz gün! Çox yorulmuşam, lakin başıma gələnləri danışmamış yatan deyiləm. Yalnız onda gözümə yuxu gedər. Bircə sözümü kəsməyin! Razısınız?
– Razıyam, – Redaktor söylədi.
Biz hamımız xorla təkrar etdik:
– Razıyıq!
Beləcə, Zaman Səyyahı son üç saatda yaşadıqlarını nağıl etməyə başladı.
Ücretsiz ön izlemeyi tamamladınız.