Kitabı oku: «İfritə»

Yazı tipi:

Tərcümə edən: Əsgər Ağayev


© KitabKlubu.org, 2014

© Azərnəşr, 1965

Proloq

Möhtəşəm Tur şəhərinin bir para sakinləri bu kitab müəllifinin qədimləri, eyni zamanda bizim bəxtiyar ölkəmizdə baş vermiş qəribə hadisələri və məhəbbət macəralarını böyük şövqlə öyrəndiyini eşidib qərara gəldilər ki, Tura aid olan hər şey müəllifə məlum olmalıdır və bir dəfə xeyli içdikdən sonra belə sualla ona müraciət etdilər: o etimologiyanın bilicisi kimi Tur şəhərinin küçələrindən birinin nə səbəbə «Qızmar» adlandırıldığını müəyyən edibdi? Bu sualla da onlar az maraq doğurmadılar. Buna cavab olaraq müəllif təəccüb edib bildirdi ki, Turun köhnə sakinləri yuxarıda adı çəkilən küçədə yerləşmiş saysız-hesabsız monastırları unuda bilərdilər; bu monastırların divarları rahiblərin və rahibələrin ciddi pəhrizlərindən uzun müddət elə qızırdı ki, abırlı bir qadın bu divarların yaxınlığında axşam gəzintisinə çıxırkən addımını yavaşıdardısa çox çəkmədən hamilə olardı. Miskin bir zadəgan bilikli adam olması ilə öyünmək üçün dedi ki, şəhərin bütün fahişəxanaları vaxtı ilə həmin yerdə cəmləşmişdi. Başqa birisi elmin dolanbac yollarından bəhs etdi, qədimdə olub-keçənləri bu günkü yeniliklərlə bağlayaraq dilavərcəsinə, lakin anlaşılmaz tərzdə danışmağa başladı: hansı sözlərin – haradan yarandığını və onları necə işlətmək lazım gəldiyini izah edirdi, o, felləri bir-bir dişlərinə vururdu, qədim dilləri – yəhudi, xaldey, misir, yunan, latın dillərini kimyagər kimi şərh edirdi. Nə üçünsə Tur şəhərinin bünövrəsini qoymuş Turnusu da bu məsələyə qarışdırıb əlavə etdi ki, əkər chauld (qızmar) sözündən iki, H və İ, hərflərini atsan «quyruq» mənasını verən cauda sözü əmələ gələr; bundan da o çıxar ki, bu işə kiminsə quyruğu qarışmışdır; Turun xanımlarının bu müdriklikdən anladıqları da elə yalnız quyruq oldu.

Bir qoca isə bildirdi ki, keçmiş gözəl günlərdə bu küçənin yerində, qaynar çeşmə varmış və onun ulu babaları buradan su içərmiş. Bir sözlə, milçəyin milçəklə qovuşmasına lazım olduğundan da az müddətdə bir yığın etimoloji izahatları bir-birinin üstünə qaladılar, bu izahatlar içərisində həqiqəti aşkara çıxarmaq katolik rahibin pırtlaşıq saqqalında biti axtarıb tapmaqdan daha çətin idi. Çox-çox monastırları gəzib dolaşmış, yuxusuz gecələrdə ona işıq saçan lampada az yağ yandırmamış, xeyli qədim kitabları köhnəltmiş, Tur şəhərinin tarixinə dair isə əkinçinin avqust ayında zəmidən yığdığı sünbüldən çox məlumat – qədim əl yazıları, aktlar, protokollar, tədqiqatlar – toplamış sısqa, podaqra xəstəliyindən ikiqat olmuş bir qoca alim isə küncdə dinmədən əyləşərək birdən istehza ilə gülümsündü və aydınca dedi: «Boş şeydir! Onun bu nidasını eşidən müəllif başa düşdü ki, bu qocaya doğru-dürüst bir tarix məlumdur və oxucunu bu tarixlə sevindirmək olar.

Doğrudan da ertəsi günü podaqra xəstəliyinə mübtəla olan qoca müəllifə dedi:

– «İxtiyarsız günah» adlandırdığınız poemanızla siz mənim hörmətimi həmişəlik qazanmısınız, çünki bu poemada hər şey başdan ayağa həqiqətdir, bu isə, mənim anladığıma görə belə materiallarda ən qiymətli keyfiyyətdir. Lakin mən görürəm ki, messir Bryuin de la Roş-Korbonun döndərib xaçpərəst etdiyi mavr qadının macərası sizə məlum deyil. Bu macəra mənə məlumdur və əgər «Qızmar küçə adının izahı və həmçinin misirli rahibənin taleyi sizi maraqlandırırsa onda mən baş keşişin arxivindən götürdüyüm qədim sənədlərdən ibarət maraqlı bir məlumatı sizə təqdim edərəm. Bu sənədləri götürdüyüm kitabxana, bizlərdən səhərə qədər başımızın sağ qalacağına axşamdan heç kəsin zamin ola bilməyəcəyi günlərdə bir qədər xəsarət görmüşdür. Ümidvaram ki, siz tamamilə məmnun olarsınız, elə deyilmi?

– Əlbəttə, – deyə müəllif cavab verdi.

Beləliklə, müəllif qədim sənədləri səylə toplayan adamdan, istifadə üçün, toz basmış bir neçə gözəl perqament aldı; demə bunlar kilsə məhkəməsinin qədim protokolları imiş; müəllif bunları asanlıqla fransız dilinə tərcümə etdi; o belə hesab etdi ki, uzaq keçmişin sadədilliyini açıb göstərən orta əsr məhkəmə işinin dürüst bərpası dedikcə maraqlı olar. Beləliklə də, diqqət edin! Müəllif dilin bütün hiyləgər müdrikliklərini anlaya bilmədiyindən öz fərasətinə görə şərh etdiyi sənədlər bax, bu qaydada düzülmüşdü.

Birinci fəsil
İFRİTƏ KİMDİR

In nomine Patris, et Filii, et Spiritus Sancti.

Amen1.

Miladın min iki yüz yetmiş birinci ilində biz, baş cəza verən və ruhani işləri üzrə hakim – bu işə Tur şəhərindəki müqəddəs Movrikiya kilsəsi yanında olan ruhanilər heyətinin üzvləri tərəfindən dəvət olunmuş – Jerom Kornil şəhər sakinlərinin şikayət və gileylərini başımızın sahibi arxiyepiskop Jean de Monsoroya təqdim etməli idik; onların ərizələri bu şikayət və gileylərə tikiləcəkdir. Bir para adlı-sanlı şəxslər, həmçinin şəhər sakinləri və rəiyyət bütün yeparxiyadan gəlib şübhələndiklərini bildirmişlər ki, arvad cildinə girərək xaçpərəstləri yoldan çıxaran iblis azğınlıqlar törədir. Həmin iblis hal-hazırda kapitula yanındakı zindana salınmışdır. Bu şikayətlərin doğru olmasına inanmaq üçün hər bir şahidin ifadəsini iblisə bildirməyi və ona verilən ittihamlar haqqında ondan soruşmaq, onu contra daemonios2 qanunları əsasında mühakimə etmək məqsədilə biz bu il dekabrın 11-də bazar ertəsi, gündüz ibadətindən sonra həmin istintaqa başladıq.

Protokol yazmaq və tərtib etmək üçün biz çox elmli adam olan rubrikator Qilom Turnebuşu kapituldan dəvət etmişik.

İfadə vermək üçün bizim yanımıza birinci olaraq Jean, Tortebra və ya Fırıldaqçı adlanan bir Tur sakini gəldi; hökumət idarələrinin icazəsi ilə o, körpünün yanındakı meydanda «Hacıleylək» adlı mehmanxana saxlayır. Tortebra müqəddəs incilə əl basıb vicdanının pak olmasına and içdi ki, öz qulaqları ilə eşitmədiyi, öz gözlərilə görmədikləri haqqında bir kəlmə də danışmayacaq, odur ki, aşağıdakıları dedi:

– Şəhadət verirəm ki, təqribən iki il bundan əvvəl İvan günündə, Bayram tonqalları yandırılan zaman zahirindən kral xidmətində olan və müqəddəs torpaqdan qayıdırkən bizdə əylənmiş tanımadığım bir zadəgan kapitulun icazəsi ilə Sent-Etyen çölü adlanan yerin yanında mənim tikdirdiyim evi kirayə etmək arzusunda olduğunu bildirdi. Bu evi üç bezant3 təmiz qızıla ona doqquz il müddətinə kirayə verdim.

Həmin cəngavər dediyim evə bir qız köçürtdü; qız üzdən gözəldi, sarasinlər və ya mərakeşlilər kimi bizə yad olan paltar geyinmişdi. O, qızı hamıdan gizlədirdi və bir oxun qət etdiyi məsafədə evin yanına heç kəsi buraxmırdı. Bununla belə mən görə bildim ki, qızın başı alabəzək lələklərlə bəzənmişdir, dərisinin rəngi qeyri-təbii dərəcədə gözəldir, gözləri isə elə yanırdı ki, təsvir etməyə boyun olmuram və bu fikirdəyəm ki, bu gözlərdən cəhənnəm alovu saçılırdı.

Mərhum cəngavər qızın yaşadığı mənzilə burnunu soxmağa cəsarət edən hər adamı ölümlə təhdid etdiyi üçün mən bərk hürküyə düşüb, öz evimi tərk etdim və qadınlar arasında tayı-bərabərini görmədiyim bu qədər cazibədar əcnəbi qızın bəlkə də iblis olmasından qorxduğumdan şübhələrimi bu günə kimi də saxlamışam.

Hər cür rütbədən olan bir çox adamlar cəngavərin artıq öldüyünə, bizim vilayətimizdə həmişəlik qalmaq istəyən qadın cildli qızın yalnız caduları, sehrləri, əfsunlaşmış dərmanları və iblislərə məxsus sairə tilsimlərinin gücü sayəsində ayaq üstə dura bildiyinə şübhə etmədiklərindən bildirirəm ki, o cəngavərə həmişə rast gələndə rənginin pasxa şamı kimi ağappaq olduğunu görürdüm. “Hacıleyləkdə” yaşayan adamlar isə bilirlər ki, həmin cəngavər gəldiyinin doqquzuncu günü dəfn edildi. Mehtərin dediyinə görə onun mərhum ağası düz yeddi gün evdən eşiyə çıxmadan mərakeşli qızla bərk mazaqlaşmışdı və ölüm yatağında bunları etiraf edərkən bizi dəhşətə gətirmişdi.

Belə olduqda deyirdilər ki, guya bu iblis qadın həmin cəngavəri uzun saçları ilə özünə bağlayıbmış, guya bu saçların yandırıcı xüsusiyyətləri varmış, cəhənnəm odu, məhəbbət odu şəklində xaçpərəstləri bürüyür, ruh bədəndən çıxıb birbaş iblisin əlinə keçməyincə onlar coşqun ehtirasa qapılırlar. Mənsə təsdiq edirəm ki, belə bir şey görməmişəm, gördüyüm ancaq bu olmuşdur ki, mərhum cəngavər taqətdən düşmüşdü, sapsarı saralmışdı, barmağını da tərpədə bilmirdi. Buna baxmayaraq ruhani atanın öyüd-nəsihətlərinə qulaq asmayıb öz aşnasının yanına can atırdı. Adamlar deyirdilər ki, o, müqəddəs torpaqda vuruşmuş kavaler de Byueldir və şayiələrə görə Asiya ölkəsində, Dəməşq və ya başqa bir yerdə onu sehrləmiş həmin iblisə rast gəlmişdir.

Nə olursa olsun, mülkümü icarəyə verirkən bağlanmış müqavilənin şərtlərinə əsasən evi naməlum qızın ixtiyarında qoydum. Cəngavər vəfat etdikdən sonra dediyim əcnəbi qızdan mənim mülkümdə qalıb qalmamaq istədiyini soruşmağı qərara aldım. Dərisi qara, yarıçılpaq və ağ gözləri olan qəribə bir adamın müşayiəti ilə məni böyük çətinliklə nəhayət qızın yanına buraxdılar. Mərakeşli qızı bu zaman mən par-par yanan qızıl və qaş-daş içində parlaq işığa qərq olmuş halda gördüm; əynində nazik paltar Asiya xalısının üstündə uzanmışdı, yanında qəlbini bu qızın üzündən məhv etmiş başqa bir zadəgan uzanmışdı. Ona baxmağa mənim cəsarətim çatmadı, çünki onun yalnız səsindən bədənim soyuyub başım gicəldisə və qəlbim ona can atdısa, onda gözləri bir anda məni ona təslim olmağa vadar edərdi. Mən ağlımı itirib, allahdan, eləcə də cəhənnəmdən qorxaraq öz mülkümdən qaçdım, iblis kimi od saçan bu qaraşın müsəlmanı görmək, adamın ürəyini parçalayan səsini eşitmək insanı məhv edirdi. Hələ adi qadınların ayaqlarından çox-çox kiçik olan ayaqlarını demirəm. Cəhənnəm əzablarından qorxduğum üçün o gündəndir ki, öz mülkümə daha ayaq basmıram. Mən hamısını dedim.

Bir həbəşi və ya nubiyelini biz dediyimiz Tortebraya göstərdik, o başdan ayağa qədər qapqara idi, bütün xaçpərəstlərə bəxş olunmuş kişilik əlamətindən tamamilə məhrum idi. Dəfələrlə işgəncə edilmiş və hətta bədəninə dağ basılmış bu həbəş bərkdən inildəsə də inadla susduğundan müəyyən edildi ki, o bizim ölkənin dilini bilmir. Dediyimiz Tortebra bildirdi ki, bütpərəst həbəş onun evində iblislə bir yerdə yaşayıb sehrbazlıqda ona kömək edirdi.

Böyük katolik dininə ürəkdən etiqad edən həmin Tortebra bildirdi ki, daha heç şeydən xəbəri yoxdur və başqalarından eşitdiklərini deyir, bunlar özgələrinə də məlumdur, öz gözlərilə görmədiyi üçün yalnız eşitdiklərinə şəhadət verir.

Bizim çağırışımızla ikinci olaraq Sent-Etyenin yaxınlığındakı fermada günəmuzd işləyən Boşboğaz ləqəbli Matvey gəldi; müqəddəs incilə and içib, ancaq düzünü deyəcəyini bildirən bu adam etiraf etdi ki, əcnəbi qızın pəncərələrində həmişə parlaq işıq görmüş və gündüz də, gecə də, bayramlarda da, pəhrizdə də, müqəddəs həftədə də onun evindən ədəbsiz iblis qəhqəhələri eşitmişdir, sanki orada saysız-hesabsız camaat kef edirdi. O bildirdi ki, evin pəncərələrində qışın ortasında çiçək açan çoxlu hər növ bitki, xüsusilə şaxtalar zamanı çoxlu qızılgül və başqa güllər görmüşdür, bunlarım açması üçün xeyli isti lazım olduğundan belə çıxır ki, bu işdə sehrikar əli var. Bununla belə o heç də təəccüb etməmişdir, çünki əcnəbi qızın özündən od çıxır, çünki axşam üstü qız onun evinin divarı boyu gəzinirkən səhərisi ləklərdə tərəvəz vaxtından əvvəl yetişirdi. Dəfələrlə elə olmuşdur ki, qızın təkcə paltarlarının təmasından meyvələr şirələnməyə başlayırdı və onlar lazım olduğundan iki dəfə tez yetişirdi. Boşboğaz sözünü bununla bitirdi ki, onun heç bir şeydən xəbəri yoxdur. Çünki o sübh tezdən işə gedir və toyuqlar tara çıxanda yatır.

Sonra günəmuzdçu Boşboğazın arvadı istintaq edildi və and içdikdən sonra bu iş barəsində ona məlum olanların hamısını danışdı. O, əcnəbi qızı tərifləməyə başlayıb dedi ki, qız gəldikdən sonra əri guya onunla yaxşı rəftar edir və ətrafına məhəbbət saçan bu mehriban xanımın sayəsində hər şey günəş kimi işıq verir. Qadın bundan savayı çox çərən-pərən danışdı ki, onları da burada misal gətirmək niyyətində deyilik. Yuxarıda adı çəkilmiş naməlum afrikalı Boşboğaza və eləcə də onun arvadına göstərildi, afrikalını evin yanındakı bağda dəfələrlə gördüklərindən onu tanıdılar və onların fikrincə afrikalı cadugərin nökəridir.

Üçüncü olaraq messir Harduen Y., senyor de Mailye gəldi; biz ona ehtiramla müraciət edib xahiş etdik ki, onun ifadələrini müqəddəs kilsəyə təqdim etmək üçün baş vermiş əhvalatı izah etsin, o buna razılıq cavabı verdi və igid cəngavərlər kimi and içdi ki, yalnız öz gözlərilə gördüklərini danışacaqdır. O, belə bir ifadə verdi ki, haqqında söhbət gedən iblisi birinci dəfə səlib-əhmər (xaç yürüşü) zamanı Dəməşq şəhərində görmüşdür; bu qıza sahib olmaq üçün təkbətək vuruşmuş mərhum cəngavər de Byuelə bu şəhərdə rast gəlmişdir, çünki bu qız və ya bu iblis o zaman özü sarışın olsa da onu Turendan gətirmiş missir Jofrua IV de la Roş-Pozeyə mənsub idi; Fransanın cəngavərləri buna, həmçinin qızın çox danışıqlara, hətta əhl-səliblərin düşərgəsində qanlı savaşlara səbəb olmuş gözəlliyinə bərk təəccüb etmişdilər. Yürüş zamanı bu qız bir çox adamların ölümünə səbəb olmuşdur, çünki de la Roş-Poze bu gözəl qadını onun əlindən almaq istəyən çox-çox əhl-səlibin leşini yerdə qoymuşdu, axı qızı xəlvətcə ələ keçirmiş cəngavərlərin dediyinə görə onun insana bəxş etdiyi nəvaziş və həzləri bu kimi başqa nəvaziş və həzlərlə müqayisə etmək mümkün deyil. Lakin cəngavər de Byuel axırda Cofrua de la Roş-Pozeni öldürüb insanları məhv edən bu qıza sahib oldu. Byuel onu monastırda və ya sarasinlilərin adəti üzrə hərəmxanada gizlətdi. Buna qədər kef məclislərində bir çoxları qızı görmüş və dənizin o tayındakı dillərdə – ərəbcə də, yunanca da, latınca da, mərakeş dilində da, xaçpərəstlərin içərisində təkcə fransız ləhcəsini bilənlərin hamısından yaxşı fransızca da danışdığını eşitmişdilər, buna görə də belə bir şayiə yayılmışdı ki, ona bu bilikləri verən iblisdir.

Adını çəkdiyimiz cəngavər Harduen etiraf etdi ki, müqəddəs torpaqda iblisə ona görə tamah salmamışdır ki, ya qorxmuş, ya ona laqeyd qalmış və ya arada başqa bir səbəb olmuşdur; o özünün müvəffəqiyyətini bununla izah edir ki, cibində İsa peyğəmbərin xaçından bir parça ağac gəzdirmişdir. Bundan əlavə Yunanıstan torpağında doğulmuş əsilzadə bir xanım da ona kömək etmişdir: bu xanım səhərlər də, axşamlar da onu gücdən salaraq bu təhlükədən qurtarmışdır, çünki onu hər şeydən məhrum edərək nə ürəyində, nə də başqa yerlərində özgələrinə bir şey qoymurdu.

Həmin cəngavər şəhadət vermişdir ki, Sent-Etyen çölündə Tortebranın evində yaşayan qadın doğrudan da Suriyadan gəlmiş sarasinlidir. Buna o, yeddinci günü hüzuruna gəldiyi cəngavər de Kruamar tərəfindən kef məclisinə dəvət olunduğu zaman inanmışdı və onun anası xanım de Kruamarın dediklərinə görə həmin qız onun oğlunu iliyinə qədər iflas etmiş, qızın nəvazişlərindən onun həyat qüvvələri tükənmiş və səfeh-səfeh şıltaqlıqlarından pul kisəsi boşalmışdır.

Bundan sonra biz cəngavər Hardueni ağıllı, bilikli, hörmətli bir ər kimi sorğu-suala tutduq; dediyimiz qadın haqqında onun nə fikirdə olduğunu soruşub onu vicdanla danışmağa vadar etdik, çünki söhbət xristian dininə və allahın ədalətinə düşmən olan laməzhəb bir hadisə haqqında gedir. O belə cavab verdi:

Yürüş zamanı digər əhl-səliblər ona bildirdilər ki, guya bu şeytan onunla olan hər bir kəs üçün bakirədir, guya Mammon özü qızın ürəyinə girib onun bakirəliyini hər bir yeni aşna üçün təzədən düzəldir. bundan başqa kişilərin sərxoş halda dedikləri çoxlu uydurmalar danışırdılar ki, bunlardan incilin heç beşdə birini də tərtib edə bilməzsən. Lakin bir şey doğrudur ki, artıq qocaldığım üçün həzz ala bilmədiyim halda baron de Kruamar tərəfindən dəvət olunduğum axırıncı axşam yeməyi zamanı birdən-birə özümü cavan hiss etdim. İblisin səsi qulaqlarıma çatdığından daha tez qəlbimə işləyib bütün varlığımda elə bir ehtiras alovu alışdırdı ki, az qaldı ürəyim partlasın. Əgər Kipr şərabı imdadına çatmasa idi, iblisin – ev sahibəsinin alov saçan nəzərlərini görməmək, onun yolunda özümü məhv etməmək üçün şərab içib sərxoş olmasaydım, yıxılıb stolun altına düşməsəydim bu ilahi qadının nəvazişlərindən heç olmazsa bircə dəfə həzz almaqdan ötrü gənc Kruamarı öldürərdim. Bundan sonra öz çirkin niyyətlərimi təmizləmək üçün tez kilsəyə gedib etiraf etdim. Allahın məsləhətilə arvadımdan tutyanı – İsa peyğəmbərin taxta xaçından bir parçanı aldım və öz malikanəmdən bir daha bayıra çıxmadım, lakin məndəki xristian dəyanətinə baxmayaraq, iblisin səsi həmişə qulağımda səslənir, səhərlər isə onun alov saçan sinəsi xatirəmdə canlanırdı. Mərakeşli qızın alov saçan görkəmi onun kimi əprimiş qocanı cavan bir oğlana döndərib son həyat qüvvələrindən məhrum edə biləcəyindən bu cəngavər harduen məhəbbət əfsunlarının hökmdarını onun yanında istintaqa çağırmamağı xahiş edir, çünki o qız iblis olmasa da atamız allah ona kişilərin üzərində anlaşılmaz bir hakimiyyət vermişdir. Bundan sonra cəngavər verdiyi ifadələri protokolda oxuyub dərisi qara afrikalının həmin xanımın nökəri və pajı olduğunu etiraf edib getdi.

Dördüncü olaraq biz yəhudi Salamon əl Ratşildi yanımıza çağırdıq; kapitulun və bizim arxiyepiskopun adından and içib yəhudini inandırdıq ki, onu qızmar dəmirlə, nə də başqa şeylərlə işgəncə etməyəcəyik öz ticarət işləri üçün səfərə hazırlaşdığından onu daha narahat etməyib ikinci dəfə çağırmayacağıq. İfadə verdikdən sonra o arxayın çıxıb gedə bilər.

Həmin yəhudi Salamon əl Ratşildin məzhəbi və şəxsiyyəti nə qədər murdar olsa da dediyimiz ifritənin əxlaqsızlığına aid olan hər şeyi ondan öyrənib bilmək məqsədilə biz ona qulaq asdıq. Salamon xristian kilsəsinə mənsub olmadığından və xilaskarımızın (tricidotuz Salvatopinter nos) axıdılmış qanı onu bizdən ayırdığından onu heç bir an da vadar etmədik.

Müqəddəs kilsənin və kralın qərarına əsasən başına nə üçün araqçın qoymadan və kaftanında ürəyinin üstünə tikilən sarı təkər olmadan gəldiyini soruşduqda Salamon əl Ratşhild bizim kralın icazəsini bunun Turen və Puatu seneşalı tərəfindən təsdiq edildiyini göstərdi. Bundan sonra yuxarıda adını çəkdiyimiz yəhudi göstərdi ki, o, mehmanxana sahibi Tortebranın evində yaşayan xanıma böyük məbləğdə mal satmışdır. O, bu xanıma bir neçə qol budağı olan gözəl naxışlı qızıl, şamdanlar, qızıl suyuna salınmış bir neçə gümüş nimçə, Zümrüd və yaqutla bəzədilmiş piyalə satmışdır. Şərqdən ona çoxlu qəşəng parçalar, İran xa1ıları, ipək mallar və zərif kətanlar gətirilmişdir. Bir sözlə bu şeylər o qədər gözəldi ki, xristian aləminin heç bir kraliçası bundan yaxşı ləl-cavahirat və ev əşyası ilə öyünə bilməz. O, üç yüz türk lirəsi qiymətinə bu xanıma Hindistandan çiçəklər, tutuquşları, lələklər, ədviyyat, Yunanıstandan şərablar və brilliantlar əldə etmişdir.

Cadu etmək üçün lazım olan şeyləri, məsələn: adətən cadugərlərim istifadə etdikləri yeni doğulmuş körpə qanı, qara kitablar və başqa bu kimi şeyləri ona verib vermədiyini soruşduqda ondan cərimə alınacağından qorxmadan ifadə verə biləcəyi haqqında onu xəbərdar etdiyimiz üçün əl Ratşild özünün iuda dininə and içdi ki, belə şeylərlə heç zaman alver etməmişdir. Ratşildin dediyinə görə o çox böyük ticarət etdiyi üçün bu cür xırda-para şeylərlə məşğul olmur, çünki o bir sıra xeyli varlı şəxslərə məsələn: markiz de Monferə, İngiltərə kralına, Kipr və Yerusəlim kralına, qraf Provanskiyə, adlı-sanlı venetsiyalılara və Almaniyanın bir çox knyazlarına ləl-cavahirat satır. Onun ticarət gəmiləri sultanın müdafiəsi altında Misirə gedib oradan parça-parça qızıl və gümüş gətirir, buna görə də Tur şəhərinin sikkə evinə gediş-gəlişi var. Bununla birlikdə o bildirdi ki, haqqında söhbət gedən xanımı çox namuslu bir adam və ali bir qadın hesab edir. Lakin o misilsiz dərəcədə gözəl və qəşəngdir. Bu qadının divanə olduğu haqqındakı şayiələri sərsəmlərin uydurması hesab edir. Yəhudi göstərdi ki, bu xanımın füsünkar dərəcədə gözəl olduğunu eşidər-eşitməz onun xəyalından min şey keçdi, ona valeh oldu və təsadüfən dul qaldığı gün onun xidmətində olduğunu bildirib qəbul edildi. O gecədən sonra özünü uzun müddət əzgin hiss etsə da – onun yanından guya diri qayıtmaq olmaz, kimyagərin putasında əriyən qurğuşun kimi əriyərsən – deyə başqalarının təsdiq etdiklərini duymadı.

Bu bəyanatdan sonra mühafizə fərmanına əsasən dediyimiz Salamonun çıxıb getməsinə icazə verildi; hərçənd ki, onun verdiyi ifadələrdən iblislə yaxın olduğu aydındı, çünki mərhəmətli xaçpərəstlərin məhv olduqları yerdən o sağ-salamat çıxmağı bacarmışdı. əl Ratşild adını çəkdiyimiz iblis haqqında kilsənin kapituluna aşağıdakı sazişi təklif etdi: o xanım diri-diri tonqalda yandırılmağa məhkum edilərsə, o, Salamon qızı azad edib qurtarmaq üçün o qədər pul verməyə hazırdır ki, bu məbləğə indi tikilməkdə olan müqəddəs Mavrikiya kilsəsinin ən hündür qülləsini tikib başa vurmaq olar.

Vaxtı gəldikdə bunu kapitulun kilsəsində müzakirə etmək üçün həmin saziş protokola yazılmışdır.

Salamon əl Ratşild gedirkən yaşadığı yeri göstərmək istəməyib dedi ki, kapitulun qərarını Turun yəhudilər icmasından olan Tovi Natan adlı birisi ona xəbər verər. Yəhudi getməzdən əvvəl afrikalı ona göstərildi: o, afrikalının iblisin pajı olduğunu etiraf edib bildirdi ki, sarasinlilərdə qadınların üstündə göz olmağı tapşırdıqları nökərləri axtalamaq bir adətdir və tarixçilər bu qədim adətə işarə edirlər: misal üçün Konstantinopol sərkərdəsi Narsesi və bir çox başqalarını götürün.

Ertəsi günü günorta duasından sonra beşinci şahid – çox nəcabətli qadın alan de Kruamar bizim yanımıza gəldi. Adını çəkdiyimiz qadın müqəddəs dinə and içib incilə əl basaraq ağlaya-ağlaya dedi ki, qadın cinsindən olan iblisə ağlasığmaz dərəcədə ehtiras üzündən ölmüş böyük oğlunu basdırmışdır. İyirmi üç yaşlı bu gənc zadəgan çox sağlam, qüvvətli və rəhmətlik atası kimi saqqalı idi. Əzəmətli olmasına baxmayaraq, camaat içərisində deyildiyi kimi Qızmar küçədə yaşayan iblisin verdiyi əziyyətlər nəticəsində üç aydan sonra sap-sarı saralıb çöpə döndü; anasının isə heç bir sözünə qulaq asmadı. Son günlərində miskin, qurumuş bir soxulcana dönmüşdü ki, bu kimilərini də çalışqan ev sahibələri çox vaxt mənzillərini süpürərkən tapırlar. Buna baxmayaraq, ayaq üstə durmağa nə qədər ki, taqəti vardı o, məlunun yanına gedib axırıncı qüvvəsini və axırıncı qızılını ona verirdi. Yorğan-döşəyə düşüb ölümünü gözlədikdə ağzına gələn nifrini yağdırır, bacılarını, qardaşını və doğma anasını danlayır, ruhanini lağa qoyub qəhqəhə çəkirdi; o allahdan üz döndərdi, peşmançılıq çəkmədən ölməyi arzu etdi, onun nökərləri bundan çox məyus oldular və öz ağalarının ruhunu cəhənnəm odundan xilas etmək üçün hər il kilsədə iki ölü ibadəti nəzir elədilər. Onu dualanmış torpaqda dəfn etmək hüququ üçün isə de Kruamarlar ailəsi boyun olmuşdur ki, əkalimi-səlasə bayramında kilsənin ehtiyacı üçün yüz il müddətində kapitula şam ianə etsin. Mərhumun anası sözünün axırında bildirdi ki, adını çəkdiyimiz baron de Kruamara son təsəlli vermək üçün gəlmiş çox möhtərəm qardaş Lyudovik Ponun, Marmustyer rahibinin hüzurunda deyilmiş söyüşlərdən əlavə oğlundan onu məhv etmiş iblis haqqında başqa heç bir söz eşitməmişdir. Çox nəcabətli xanım bunu deyib dərin hüznlə getdi.

Bizim çağırışımızla altıncı olaraq Çömçə ləqəbli qabyuyan Jaketta gəldi; o, evlərə gedib qab-qacaq yuyur və hal-hazırda balıqçılar məhəlləsində yaşayır. Özünün doğru hesab etmədiyi heç bir şey danışmayacağına müqəddəs dinə and içərək aşağıdakı1arı dedi. İblis ancaq kişi xeylağına zərər yetirdiyi üçün bir dəfə ondan qorxmadan iblisin mətbəxinə gedibmiş. Qabyuyan, qadın cildinə girmiş iblisi sərbəst olaraq nəzərdən keçirə bilmişdir. İblis qəşəng geyinib cəngavərlərlə birlikdə adi qadın kimi bağı gəzir, onlarla laqqırtı vurub gülürmüş. Qabyuyan, Turenin və Puatun mərhum seneşalı Bryun, qraf de la Roş-Korbon tərəfindən döndərilib xaçpərəst edilmiş və Eqrinol kilsəsinin monastırına verilmiş mərakeşli qızı tanımışdır. Küçəyə atılmış bu mərakeşli qız İsa peyğəmbərin pak anası müqəddəs Məryəmin heykəli dibində tapılmışdır. Görünür uşaqkən onu qaraçılar oğurlayıbmış. O zaman Turendə iğtişaş baş verdiyindən bu qızın qeydinə qalmaq heç kəsin yadına düşmürmüş; mərhum senaşal və onun arvadı bu qızı mütləq tonqalda yandırılıb kabab olmaqdan xilas etdikləri zaman on iki yaşı varmış; onlar qızı xristian edib cəhənnəmin bu övladına kirvə olublarmış. O zaman Çömçə monastırda paltaryuyan işlədiyindən belə təsdiq edir: həmin qaraçı qız monastıra daxil olduqdan iyirmi ay sonra buradan elə məharətlə qaçmışdı ki, bunun necə baş verdiyini heç kəs anlaya bilməmişdi. Belə olduqda bu qərara gəliblər ki, qız iblisin köməyi ilə göyə uçub gedibdir, çünki bütün axtarışlara baxmayaraq monastırın binasında qızın necə qaçdığını göstərən heç bir iz tapılmamışdı və hər şey yerində qalmışdı.

Həmin afrikalı, qabyuyana göstərildi. Qabyuyan bildirdi ki, afrikalıya tamaşa etmək ürəyindən keçsə də onu üzdən görməmişdir, çünki afrikalı, mərakeşli qızın eyş-işrətə dalaraq onlarla oynaşını məhv etdiyi binanın keşiyini çəkirdi.

İfadə vermək üçün yeddinci olaraq biz həbsxanadan messir Bridorenin iyirmi yaşlı oğlu Hyuq dyu Funu çağırdıq; nəcib atası müvafiq girov qoyduqdan sonra oğlunu ona zaminə ver. Hyuq dyu Fu kilsənin ədalət məhkəməsinin qərarına qarşı çıxmağa çəsarət edərək haqqında danışılan iblisi həbsdən qaçırmaq niyyətilə özü kimi bir neçə yaramaz gənclə cinayət başında tutulmuşdu. Bu gəncin cavab vermək istəməsinə baxmayaraq, biz adını çəkdiyimiz Hyuq dyu Fuya cinsi əlaqədə olduğuna şübhə etmədiyimiz iblis haqqında bildiyi hər şeyə tam səmimiyyətlə şahadət verməsini əmr edib dedik ki, söhbət onun və adını çəkdiyimiz iblisin xilasından gedir; belə olduqda o and içib dedi:

– And içirəm qəlbimin xilaskarına və əlimin altındakı incilə ki, iblis sandığınız qadını mən həqiqi mələk hesab edirəm, bədənində, daha çox isə qəlbində heç bir qüsuru olmayan bir qadın hesab edirəm. O tamamilə namuslu həyat sürür, ecazkar dərəcədə gözəldir və sevməkdə mahirdir. O heç kəsə ziyan toxundurmur, əksinə, səxavətlidir, yoxsullara və bədbəxtlərə kömək edir. Bildirirəm ki, mənim dostum cəngavər Kruamarın cənazəsi üstündə, isti göz yaşları axıtmış, bədəndən çox zəif olan gəncləri məhəbbətin verdiyi nəşələrə yaxın buraxmayacağına həmin gün müqəddəs Məryəmə and içdiyi üçün məni cinsi həzlərdən daima və böyük bir mətanətlə məhrum etmiş, məni özünün hökmdarı sanaraq yalnız onun qəlbinə sahib olmağıma icazə vermişdir. Ürəyini nəvazişlə mənə bağışladıqdan sonra mənim odlu hisslərimin qarşısını alaraq tək-tənha yaşamağa başladı, mənsə, demək olar ki, bütün günlərimi onun evində keçirərək onu görməklə, onun səsini eşitməklə özümü xoşbəxt sanırdım. Onun udduğu havadan mən də udaraq, hər şeyə nur saçan gözlərinin işığının tamaşasına dalaraq, bu məşğələmdən cənnət mələklərinin duyduğu sevinclərdən daha çox sevinərək məst olurdum. Onu, qəlbimin həmişəlik gözəli seçib, mənim sevimli göyərçinim, arvadım, yeganə dostum olacağı günün intizarı ilə bədbəxt, ağılsız mən, ondan hətta gələcək nəşələrin rəhnini belə görmədim, əksinə, ondan saysız-hesabsız xeyirxah nəsihətlər eşitdim: o mənə mərhəmətin bir cəngavər şöhrətini necə qazanmaq, necə qüvvətli və gözəl olmaq, allahdan başqa heç kəsdən qorxmamaq, qadınlara hörmət etmək, yalnız bir qadına xidmət etmək və bu qadının şərəfinə başqalarını da sevmək yollarını göstərdi; mən çətin vuruşmalarda bərkiyib möhkəmləndikdə və əgər mən onu əvvəlki kimi sevərəmsə, yalnız onda mənim olacaqdır, çünki yalnız məni sevir və heç şeyə baxmayaraq məni gözləyir.

1.Atamız, oğlumuz və müqəddəs ruhun naminə. Amin. (lat.)
2.İblis əleyhinə (lat.)
3.Cəlib Əhmər dövründə Avropada hər yerdə işlənən Bizans qızıl sikkəsi.

Ücretsiz ön izlemeyi tamamladınız.

₺33,18
₺66,37
−50%
Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
29 ekim 2022
Hacim:
81 s. 2 illüstrasyon
ISBN:
978-9952-8450-1-1
Telif hakkı:
JekaPrint
İndirme biçimi:

Benzer kitaplar