Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «İfritə», sayfa 3

Yazı tipi:

Cadu etmək üçün lazım olan şeyləri, məsələn: adətən cadugərlərim istifadə etdikləri yeni doğulmuş körpə qanı, qara kitablar və başqa bu kimi şeyləri ona verib vermədiyini soruşduqda ondan cərimə alınacağından qorxmadan ifadə verə biləcəyi haqqında onu xəbərdar etdiyimiz üçün əl Ratşild özünün iuda dininə and içdi ki, belə şeylərlə heç zaman alver etməmişdir. Ratşildin dediyinə görə o çox böyük ticarət etdiyi üçün bu cür xırda-para şeylərlə məşğul olmur, çünki o bir sıra xeyli varlı şəxslərə məsələn: markiz de Monferə, İngiltərə kralına, Kipr və Yerusəlim kralına, qraf Provanskiyə, adlı-sanlı venetsiyalılara və Almaniyanın bir çox knyazlarına ləl-cavahirat satır. Onun ticarət gəmiləri sultanın müdafiəsi altında Misirə gedib oradan parça-parça qızıl və gümüş gətirir, buna görə də Tur şəhərinin sikkə evinə gediş-gəlişi var. Bununla birlikdə o bildirdi ki, haqqında söhbət gedən xanımı çox namuslu bir adam və ali bir qadın hesab edir. Lakin o misilsiz dərəcədə gözəl və qəşəngdir. Bu qadının divanə olduğu haqqındakı şayiələri sərsəmlərin uydurması hesab edir. Yəhudi göstərdi ki, bu xanımın füsünkar dərəcədə gözəl olduğunu eşidər-eşitməz onun xəyalından min şey keçdi, ona valeh oldu və təsadüfən dul qaldığı gün onun xidmətində olduğunu bildirib qəbul edildi. O gecədən sonra özünü uzun müddət əzgin hiss etsə da – onun yanından guya diri qayıtmaq olmaz, kimyagərin putasında əriyən qurğuşun kimi əriyərsən – deyə başqalarının təsdiq etdiklərini duymadı.

Bu bəyanatdan sonra mühafizə fərmanına əsasən dediyimiz Salamonun çıxıb getməsinə icazə verildi; hərçənd ki, onun verdiyi ifadələrdən iblislə yaxın olduğu aydındı, çünki mərhəmətli xaçpərəstlərin məhv olduqları yerdən o sağ-salamat çıxmağı bacarmışdı. əl Ratşild adını çəkdiyimiz iblis haqqında kilsənin kapituluna aşağıdakı sazişi təklif etdi: o xanım diri-diri tonqalda yandırılmağa məhkum edilərsə, o, Salamon qızı azad edib qurtarmaq üçün o qədər pul verməyə hazırdır ki, bu məbləğə indi tikilməkdə olan müqəddəs Mavrikiya kilsəsinin ən hündür qülləsini tikib başa vurmaq olar.

Vaxtı gəldikdə bunu kapitulun kilsəsində müzakirə etmək üçün həmin saziş protokola yazılmışdır.

Salamon əl Ratşild gedirkən yaşadığı yeri göstərmək istəməyib dedi ki, kapitulun qərarını Turun yəhudilər icmasından olan Tovi Natan adlı birisi ona xəbər verər. Yəhudi getməzdən əvvəl afrikalı ona göstərildi: o, afrikalının iblisin pajı olduğunu etiraf edib bildirdi ki, sarasinlilərdə qadınların üstündə göz olmağı tapşırdıqları nökərləri axtalamaq bir adətdir və tarixçilər bu qədim adətə işarə edirlər: misal üçün Konstantinopol sərkərdəsi Narsesi və bir çox başqalarını götürün.

Ertəsi günü günorta duasından sonra beşinci şahid – çox nəcabətli qadın alan de Kruamar bizim yanımıza gəldi. Adını çəkdiyimiz qadın müqəddəs dinə and içib incilə əl basaraq ağlaya-ağlaya dedi ki, qadın cinsindən olan iblisə ağlasığmaz dərəcədə ehtiras üzündən ölmüş böyük oğlunu basdırmışdır. İyirmi üç yaşlı bu gənc zadəgan çox sağlam, qüvvətli və rəhmətlik atası kimi saqqalı idi. Əzəmətli olmasına baxmayaraq, camaat içərisində deyildiyi kimi Qızmar küçədə yaşayan iblisin verdiyi əziyyətlər nəticəsində üç aydan sonra sap-sarı saralıb çöpə döndü; anasının isə heç bir sözünə qulaq asmadı. Son günlərində miskin, qurumuş bir soxulcana dönmüşdü ki, bu kimilərini də çalışqan ev sahibələri çox vaxt mənzillərini süpürərkən tapırlar. Buna baxmayaraq, ayaq üstə durmağa nə qədər ki, taqəti vardı o, məlunun yanına gedib axırıncı qüvvəsini və axırıncı qızılını ona verirdi. Yorğan-döşəyə düşüb ölümünü gözlədikdə ağzına gələn nifrini yağdırır, bacılarını, qardaşını və doğma anasını danlayır, ruhanini lağa qoyub qəhqəhə çəkirdi; o allahdan üz döndərdi, peşmançılıq çəkmədən ölməyi arzu etdi, onun nökərləri bundan çox məyus oldular və öz ağalarının ruhunu cəhənnəm odundan xilas etmək üçün hər il kilsədə iki ölü ibadəti nəzir elədilər. Onu dualanmış torpaqda dəfn etmək hüququ üçün isə de Kruamarlar ailəsi boyun olmuşdur ki, əkalimi-səlasə bayramında kilsənin ehtiyacı üçün yüz il müddətində kapitula şam ianə etsin. Mərhumun anası sözünün axırında bildirdi ki, adını çəkdiyimiz baron de Kruamara son təsəlli vermək üçün gəlmiş çox möhtərəm qardaş Lyudovik Ponun, Marmustyer rahibinin hüzurunda deyilmiş söyüşlərdən əlavə oğlundan onu məhv etmiş iblis haqqında başqa heç bir söz eşitməmişdir. Çox nəcabətli xanım bunu deyib dərin hüznlə getdi.

Bizim çağırışımızla altıncı olaraq Çömçə ləqəbli qabyuyan Jaketta gəldi; o, evlərə gedib qab-qacaq yuyur və hal-hazırda balıqçılar məhəlləsində yaşayır. Özünün doğru hesab etmədiyi heç bir şey danışmayacağına müqəddəs dinə and içərək aşağıdakı1arı dedi. İblis ancaq kişi xeylağına zərər yetirdiyi üçün bir dəfə ondan qorxmadan iblisin mətbəxinə gedibmiş. Qabyuyan, qadın cildinə girmiş iblisi sərbəst olaraq nəzərdən keçirə bilmişdir. İblis qəşəng geyinib cəngavərlərlə birlikdə adi qadın kimi bağı gəzir, onlarla laqqırtı vurub gülürmüş. Qabyuyan, Turenin və Puatun mərhum seneşalı Bryun, qraf de la Roş-Korbon tərəfindən döndərilib xaçpərəst edilmiş və Eqrinol kilsəsinin monastırına verilmiş mərakeşli qızı tanımışdır. Küçəyə atılmış bu mərakeşli qız İsa peyğəmbərin pak anası müqəddəs Məryəmin heykəli dibində tapılmışdır. Görünür uşaqkən onu qaraçılar oğurlayıbmış. O zaman Turendə iğtişaş baş verdiyindən bu qızın qeydinə qalmaq heç kəsin yadına düşmürmüş; mərhum senaşal və onun arvadı bu qızı mütləq tonqalda yandırılıb kabab olmaqdan xilas etdikləri zaman on iki yaşı varmış; onlar qızı xristian edib cəhənnəmin bu övladına kirvə olublarmış. O zaman Çömçə monastırda paltaryuyan işlədiyindən belə təsdiq edir: həmin qaraçı qız monastıra daxil olduqdan iyirmi ay sonra buradan elə məharətlə qaçmışdı ki, bunun necə baş verdiyini heç kəs anlaya bilməmişdi. Belə olduqda bu qərara gəliblər ki, qız iblisin köməyi ilə göyə uçub gedibdir, çünki bütün axtarışlara baxmayaraq monastırın binasında qızın necə qaçdığını göstərən heç bir iz tapılmamışdı və hər şey yerində qalmışdı.

Həmin afrikalı, qabyuyana göstərildi. Qabyuyan bildirdi ki, afrikalıya tamaşa etmək ürəyindən keçsə də onu üzdən görməmişdir, çünki afrikalı, mərakeşli qızın eyş-işrətə dalaraq onlarla oynaşını məhv etdiyi binanın keşiyini çəkirdi.

İfadə vermək üçün yeddinci olaraq biz həbsxanadan messir Bridorenin iyirmi yaşlı oğlu Hyuq dyu Funu çağırdıq; nəcib atası müvafiq girov qoyduqdan sonra oğlunu ona zaminə ver. Hyuq dyu Fu kilsənin ədalət məhkəməsinin qərarına qarşı çıxmağa çəsarət edərək haqqında danışılan iblisi həbsdən qaçırmaq niyyətilə özü kimi bir neçə yaramaz gənclə cinayət başında tutulmuşdu. Bu gəncin cavab vermək istəməsinə baxmayaraq, biz adını çəkdiyimiz Hyuq dyu Fuya cinsi əlaqədə olduğuna şübhə etmədiyimiz iblis haqqında bildiyi hər şeyə tam səmimiyyətlə şahadət verməsini əmr edib dedik ki, söhbət onun və adını çəkdiyimiz iblisin xilasından gedir; belə olduqda o and içib dedi:

– And içirəm qəlbimin xilaskarına və əlimin altındakı incilə ki, iblis sandığınız qadını mən həqiqi mələk hesab edirəm, bədənində, daha çox isə qəlbində heç bir qüsuru olmayan bir qadın hesab edirəm. O tamamilə namuslu həyat sürür, ecazkar dərəcədə gözəldir və sevməkdə mahirdir. O heç kəsə ziyan toxundurmur, əksinə, səxavətlidir, yoxsullara və bədbəxtlərə kömək edir. Bildirirəm ki, mənim dostum cəngavər Kruamarın cənazəsi üstündə, isti göz yaşları axıtmış, bədəndən çox zəif olan gəncləri məhəbbətin verdiyi nəşələrə yaxın buraxmayacağına həmin gün müqəddəs Məryəmə and içdiyi üçün məni cinsi həzlərdən daima və böyük bir mətanətlə məhrum etmiş, məni özünün hökmdarı sanaraq yalnız onun qəlbinə sahib olmağıma icazə vermişdir. Ürəyini nəvazişlə mənə bağışladıqdan sonra mənim odlu hisslərimin qarşısını alaraq tək-tənha yaşamağa başladı, mənsə, demək olar ki, bütün günlərimi onun evində keçirərək onu görməklə, onun səsini eşitməklə özümü xoşbəxt sanırdım. Onun udduğu havadan mən də udaraq, hər şeyə nur saçan gözlərinin işığının tamaşasına dalaraq, bu məşğələmdən cənnət mələklərinin duyduğu sevinclərdən daha çox sevinərək məst olurdum. Onu, qəlbimin həmişəlik gözəli seçib, mənim sevimli göyərçinim, arvadım, yeganə dostum olacağı günün intizarı ilə bədbəxt, ağılsız mən, ondan hətta gələcək nəşələrin rəhnini belə görmədim, əksinə, ondan saysız-hesabsız xeyirxah nəsihətlər eşitdim: o mənə mərhəmətin bir cəngavər şöhrətini necə qazanmaq, necə qüvvətli və gözəl olmaq, allahdan başqa heç kəsdən qorxmamaq, qadınlara hörmət etmək, yalnız bir qadına xidmət etmək və bu qadının şərəfinə başqalarını da sevmək yollarını göstərdi; mən çətin vuruşmalarda bərkiyib möhkəmləndikdə və əgər mən onu əvvəlki kimi sevərəmsə, yalnız onda mənim olacaqdır, çünki yalnız məni sevir və heç şeyə baxmayaraq məni gözləyir.

Ücretsiz ön izlemeyi tamamladınız.

Metin, ses formatı mevcut
₺37,82
Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
29 ekim 2022
Hacim:
1 s. 2 illüstrasyon
ISBN:
978-9952-8450-1-1
Telif hakkı:
JekaPrint