Kitabı oku: «Azərbaycan Yeniləşmə Hərəkatı – XIX əsr»

Yazı tipi:

Azərbaycan istiqlal savaşının ideoloqu və onun “Azərbaycanda yeniləşmə hərəkatı” əsəri

Konkret, bəlkə də vazkeçilməz bir missiyanı yerinə yetirmək üçün dünyaya gələn insanlar bəzən unudulmalıdır ki, onların min bir əzab-əziyyətə tab gətirib icra etdikləri çox əhəmiyyətli işlər “yerisin”, daşıdıqları mənanı daha geniş kontekst və “ərazidə” gerçəkləşdirə bilsinlər. Həmin şəxsiyyətlərin unudulmağından giley və təlaşla danışan insanlar qəlblərinin dərinliklərində şübhəsiz ki, bu həqiqəti – unudulmağın millətə, milli ideologiya və prinsiplərə xidmət etdiyini sezir və hiss edirlər, ancaq bu sezmə anidən keçir, sızıltıya çevrilir, yenə də bu insanın layiq olmadığı halda illərlə, bəzən on illər boyunca unudulmasından şikayətlər səslənir. Ancaq həqiqət, həqiqi olan, həm də millət üçün dəyəri olan nəsnələr bir gün gəlib yerini tutur. Və bu hadisədə heç bir gecikmə qeydə alınmır. Burada əsas amil missiyanın gerçəkləşməsinin gecikməməsidir. Əks təqdirdə böyük bir işin, deyək ki, milli azadlıq və istiqlal savaşının tərkibində çox mühüm şeylər çatışmaz və bu, gələcəyin inşasında qəliz problemlərin yaranmasına meydan aça bilər. Bu missiyanı daşıyan, onu istənilən zorunluğa baxmadan icra edən şəxslər şübhəsiz ki, amal, ideal uğrunda canlarını bir göz qırpmadan fəda etmiş şəhidlərdir. Böyük şəxsiyyət Hüseyn Baykaranın bütün kitabları izah təriqli “ön söz”lərlə açılır. Bu girişdən öncə isə müəllif qeydi gəlir: “BU ƏSƏRİMİ ADLARI MƏLUM OLAN VƏ OLMAYAN, BİR HİSSƏSİ YOLDAŞLARIM OLAN AZƏRBAYCAN AZADLIQ MÜBARİZƏSİNİN ƏZİZ ŞƏHİDLƏRİNƏ HƏSR EDİRƏM !…“1

1904-cü ildə Şuşada anadan olmuş Qara Hüseynbəyli (Hüseyn Baykara) Bakı Dövlət Universitetinin tarix fakültəsində oxuyarkən tələbələr qarşısında Azərbaycanın müstəqilliyini müdafiə edən çıxışlarına görə izləndiyini hiss etmiş, əvvəlcə İrana, ordansa Türkiyəyə keçmiş, Ankara Universitetinin hüquq fakültəsini bitirmiş və bundan sonra (Türkiyə həyatı nəzərdə tutulur) həyatının hər bir anını doğma yurdu Azərbaycanı qətrə-qətrə öyrənməyə, əsarət altında olan yurdunda sovetlər tərəfindən icad edilən dürlü-dürlü saxta ideyaların gerçək olmadığını göstərmək üçün həqiqətləri yazmağa həsr etmişdi.

Hüseyn Baykaranın ilk monoqrafik əsərindən sonuncu tezisinə, məqaləsinə qədər bütün yazılarını oxusaq bir cəhətin dominant təşkil etdiyinin şahidi olarıq: o, Azərbaycanda milli istiqlal savaşının tarixini yazmış, ideyaların milli ideologiya bazasında tədriclə necə formalaşması prosesini izləmiş, bu savaşda təkamülün morfologiyasını açıq-aydın şəkildə və analitik yöndə izah etməyə çalışmışdır. Bu sahədə onun xidmətləri əvəzsizdir, başqa heç bir ictimai-siyasi xadim onun qədər ardıcıl şəkildə ideoloji baxışları zamanın və dövrün, o dövrlərdə baş verən qlobal hadisələrin süzgəcindən keçirib təhlil edə bilməmişdir. Bu əvəzsiz xidmətin əhəmiyyəti bir neçə cəhətlə izah edilə bilər: 1) H. Baykara sadəcə tarix, xronologiya yazmırdı, o, ideyaların tarixini yazır, onlar arasındakı keçidlərin məntiqini araşdırırdı; 2) H. Baykara Azərbaycanşünaslıq sahəsində mövcud olan boşluqları doldurur, mövcud və getdikcə daha böyük ərazini zəbt edən yanlışlıqları aradan qaldırırdı və 3) H. Baykara o dövr üçün Azərbaycanın yaxın tarixində baş verən hadisələrin əsl mahiyyətini, həmin dövrdə meydana çıxmış şəxsiyyətlərin gördükləri işin siyasi-ideoloji və mədəni mahiyyətini tam fərqli müstəvidə açmağa çalışırdı. O, bir tərəfdən istiqlal mücadiləsinin bütün təməl prinsiplərini, onun iqtisadi, siyasi və mədəni köklərini bir-biri ilə sıx əlaqədə öyrənir, təhlillər aparır, digər tərəfdən isə bu əsasda əldə edilən nəticələrin rəsmi, artıq oturuşmuş qənaətlərə qarşı ziddiyyət təşkil etdiyini, mübarizənin bitmədiyini, əksinə istiqlal ideyasının özülünün daha da möhkəmlənməsinə xidmət etdiyinin sübutuna çevrilirdi.

Bu mənada Hüseyn Baykaranın “Azərbaycanda yeniləşmə hərəkatı (XIX əsr)” adlı ilk əsərinin (1966) böyük əhəmiyyəti var. Əvvəla, belə bir ştrixi qeyd etmək zəruridir: bir araşdırıcı və alim kimi Hüseyn Baykaranın təfəkküründə hadisələrə ən müxtəlif bucaqlardan baxmaq özəlliyi var. Onun yanaşmasının analitikliyini şərtləndirən bu ştrix eyni zamanda konkret məsələ və ya problemin köklərinin “uzandığı” məsafəni də aydın fonda göstərə bilirdi. Müəllifin məsələyə yanaşma prinsipi janrın da sərhədlərinin genişlənməsinə, janryaradıcı komponentlərin yenilənməsinə və orijinal mənalar kəsb etməsinə səbəb olurdu. Diqqət edin: “Azərbaycanın oyanışı, yenilənməsi və şəxsiyyətləri haqqında oçerki yazmağa başlayarkən məni ən çox düşündürən məsələ Çar Rusiyasının işğalından əvvəl xanlıqlar dövründə Azərbaycanın mədəni, siyasi və iqtisadi vəziyyətinin nə qədər inkişaf etmiş olması idi. Buna görə də kitabda ən çox bu mövzuya yer verdim. Bəzi zümrələr belə hesab edirlər ki, Azərbaycanın hal-hazırki mədəniyyəti, incəsənəti rusların əsəridir.“

Müəllifin incə müşahidə nəticəsində tutduğu bu cəhət zamanla daha da dolğunlaşır, çünki H. Baykara istənilən hadisəni qlobal müstəvidə nəzərdən keçirməyə hazırlığı olan bir mütəxəssis idi. Baxın: “Halbuki, ruslar Azərbaycanı işğal etdikləri dövrdə nəinki bugünkü Qərb düşüncəsində, hətta o dövrün Qərb düşüncəsinə görə də mədəni millət hesab edilmirdilər. I Pyotrun hakimiyyətindən sonra Rusiyada yalnız hərb sahəsində qərbləşmə özünü göstərirdi. Şərqdə qazandıqları qələbələri də məhz buna borcludurlar. Rusiyada quldarlıq 1861-ci ildə II Aleksandrın fərmanı ilə ləğv edilmişdi. Öz vətəndaşları ilə qul kimi davranan rejim necə mədəni ola bilər, ya da necə mədəni hesab oluna bilər? Xüsusilə də Çar Rusiyası rejimi dözülməz despotik və zülmkar rejim idi. Bu səbəbdən də Avropa ilə müqayisə ediləcək heç bir tərəfi yox idi. Qədim köklərə sahib barbar slavyanların adətlərini rus qiyamı ilə XX əsrə gətirən rusların mədəniyyətlərinin səviyyələri hətta bu gün də münaqişə mövzusudur…”

Müəllif nəzərdən keçirdiyi zaman kəsimini bu geniş həcmli monoqrafik oçerkində tarixi metod əsasında öyrənir, bu hadisələri oxuculara dərinlərdən gələn kökləri ilə birlikdə təqdim edir, nəticədə isə oxucunun bildikləri ilə, ona sovet rejimində sırınan ideyalarla bu kitabın əsaslı və mükəmməl analiz əsasında təlqin etdiyi ideyalar arasında çox sözlü, çox ifadəli oppozisiya yaranıb-formalaşır. Məqsəd təkcə Azərbaycan torpaqlarını işğal edən işğalçını tənqid etməkdən, onun bu işğala don geyindirən saxta və ziyanlı fikirlərini alt-üst etməkdən ibarət olmayıb, həm də XX əsrin əvvəllərində inşa edilən milli dövlətin yaranmasını şərtləndirən amilləri bütün detalları ilə göstərməkdən ibarətdir.

Bütün bu deyilənlər, xüsusən “Azərbaycanda yeniləşmə hərəkatı” kitabının hiss etdirdiyi mətnaltı gerçəklər Hüseyn Baykaranın alim və ictimai xadim kimi şəxsiyyətini səciyyələndirən özəllikləri də nişan verir. Onun hiss-həyəcan dolu mətnləri bütün struktur boyu analitik təfəkkürün diktəsi ilə idarə olunur. Bayaq qeyd etdiyimiz kimi, bütün bu cəhətlər oçerk janrına bir yenilik gətirir, onu təsvirçilikdən çıxarıb ən müxtəlif analitik və fikir istiqamətlərinə qoşur. Bu mətnlərdə onun vaxtilə, deyək ki, 1927-ci ildə Universitetdə tələbələr qarşısında etdiyi çıxışların alovu ilə bərabər böyük və nadir zəkası mütləq iştirak edirdi. O, təpədən dırnağa qədər azərbaycançı idi, öyrənib əxz etdiyi hər bir bilgi, informasiya, elmi baxış və incələmələri həmin eşqin mənbəyinə – doğma yurdun müstəqillik savaşına çox asanlıqla yönəldə bilirdi. Hüseyn Baykara adı bi-zim nəzərimizdə dünyanın bütün sərgilərini dolaşıb yad mədəniyyətlərin daşıyıcılarını heyrətləndirən xalça butasına assosiasiya edilir. Xalça butası çox gözəldir, çünki ən gözəl hiss və duyğuların ifadəsidir, belə olduğu üçün də insan qəlbinin bütün künc-bucaqlarını işıqlandıran bir əsərdir; xalça butası həm də insan zəkasının ən mükəmməl məhsuludur, o qədər orijinal və millidir ki, yad mədəniyyətlərin daşıyıcıları buna baxıb ancaq heyrətlənə bilərlər, onu təkrar edə bilməzlər!

Hüseyn Baykara adı çəkilən əsərində XIX əsri (Axundzadə əsrini-!) bütün cəhətləri ilə nəzərdən keçirir və hər şeydən əvvəl həmin böyük zaman çərəyini müxtəlif fraqmentlərə bölməklə. XIX əsrin birinci və ikinci yarısı onun tərəfindən ayrı-ayrı və fərqli kateqoriyalar kontekstində təhlil edilir. Birini “oyanış”, digərini “yenilənmə” kimi səciyyələndirməklə iqtisadi göstəricilərdən tutmuş, qaçaqçılıq hərəkatı, xalqın folkloru, onun mədəni dəyərlərini yaradan şəxsiyyətlərinin yaradıcılıqlarını, ən əsası isə XX əsrin əvvəllərində yaranan milli dövlətçilik idealına göstərdikləri xidmətləri təhlil süzgəcindən keçirir. Bu həqiqəti müəllifin özü daha əsaslı şəkildə ifadə edir: “28 may 1918-ci ildə elan edilən Azərbaycanın İstiqlal Bəyannaməsi heç də təsadüfi bir əsər deyil və ya hər hansı bir şəxsin əsəri də deyil. Bu böyük tarixi hadisənin səbəbləri bu oçerkdə də izah etməyə çalışdığımız kimi Azərbaycan tarixindəki ən əsas hadisələrə əsaslanır. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Azərbaycanın istiqlal hərəkatı tarixin problemi olmuşdur. Hal-hazırda da bu problem qalmaqdadır. Bu məsələni yenə də tarix həll edəcək.”

Təqdim edilən əsərin birinci fəslində (“Xanlıqlar dövründə Azərbaycanda vəziyyət”) müəllif Rus çarlığının Azərbaycan torpaqlarını işğal etməyə başladığı dövrdə iki hadisəni xatırlayır və bu önəmli hadisələrdən çıxış edərək, bilxassə A.A.Kasparinin “Fəth edilən Qafqaz” əsərinə istinad edərək mövcud siyasi durumu təhlil edir. İstinad edilən müəllifin də təsdiqlədiyi kimi, 1796-cı ildə baş vermiş basqın nəticəsində “rusların qalib olduqları halda məğluba çevrilmələri sonralar fransızların Rusiyadan qaçmasına oxşayır.” Dirəniş, tarix boyunca qazanılan dəyərləri qorumaq əzmi general Zubovun ordusunun ağır itkilər verməsinə səbəb olmuşdu. İkinci hadisə isə 1804-cü ildə rusların Gəncə xanlığını işğal etməsi ilə bağlıdır. “ …Hücum edən qüvvə olaraq ruslar da böyük itkilər vermişdilər. Ən əsas üç generalını da məhz bu yürüşlərdə itirmişdilər. General Sisianov Bakıda, Kotlyerevski Lənkəranda, Gulyakov isə Zaqatalada öldürülmüşdü. “Və nəhayət, 1828-ci ildə İran və Rusiya arasında imzalanan Türkmənçay sülh müqaviləsi…

Müəllif baş verən dəhşətli və qlobal hadisələrin fonunda onların hansı niyyətlərə xidmət etdiyini elə rus siyasətçi və tarixçilərinin öz məxəzlərinə dayanaraq izah edir. “…Azərbaycanın dünya var olduqca yaşayacaq əfsanəvi qəhrəmanı Cavad xan verdiyi sözün üstündə durdu. Sisianov Gəncə qalası divarları üstündə onu ölü tapdı. Beləliklə də Kasparinin dediyi kimi, İran və Hindistana gedən yollar ruslar üçün açılmış oldu. Kaspari deyirdi ki, Gəncə işğal olunmayınca bu mümkün olmayacaqdı.”

Müəllifin üslubunun bütün əsərlərindən görünən, ancaq birinci olduğu üçün bu geniş həcmli oçerkdə daha önəmli şəkildə nəzərə çarpan bir xüsusiyyətini nəzərə çarpdırmaq lazımdır; belə ki, müəllif müxtəlif hadisələri, faktları, onlar arasındakı əlaqələri şərh edərkən həmin dövrün və milli şüurun səciyyəsini parlaq şəkildə əks etdirən ricətlər edir, daha önəmlisi isə bunu Azərbaycana kənar baxışla izah etməyə çalışır. Kənar baxış bu əsəri oxuyan oxucunun bütün hiss və həyəcanlarını “görməyə” qabildir. Gəncənin işğalından bəhs edərkən bu qanlı hadisənin xalqın duyğu və həyəcanlarından keçib bədiiləşmiş nümunələrindən də vaz keçmir, əksinə hadisələrin bütün dramatizminin bədii lövhələrdə necə əks edildiyini son dərəcə lakonik tərzdə təqdim edir. Başqa bir nümunə. Müəllifin şəhadətinə görə, XIX əsrin ortalarında Bəhailik təriqətinə mənsub Qəzvin hakiminin qızı Tahirə Gürretüleyn Nəsrəddin şahın əmri ilə diri-diri yandırılır. Ona nəsihət edilir: Məzhəbini tərk et, şah səni bağışlar. Azərbaycanlı şairənin cavabı gecikmir:

 
Mən demərəm kim sən səməndər ol da ya pərvanə ol,
Çünki yanmaq niyyətimdir, dönmə gəl mərdanə ol…
 

Yaxud: “…Rəhmətlik general İsmayıl Berkok “Tarixdə Qafqaz” adlı əsərində qafqazlıların sosial-psixoloji xarakterinə misal kimi Lermantovun “Mıtsıri” poemasından bir hissəni türk dilinə tərcümə edərək göstərmişdir. “Mıtsıri” poemasında Qafqaz dağlıları ilə ruslar arasında gedən döyüşlərdə 5-6 yaşlarında əsir götürülən bir uşağın keşiş kimi yetişməsi üçün Gürcüstanda yerləşən “Mıtsıri” monastrına verilməsidən bəhs olunur.” Poemadan məlum olduğu kimi, bu uşaq vaxt gəlir dörd divar arasında sıxılmağa başlayır və dağları, qayaları yerindən oynadan fırtınalı bir gündə monastrdan qaçır. Meşədə kaftar ilə qarşılaşır və onunla boğuşmağa başlayır. Kaftarı boğub öldürməyi bacarsa da özü də ölümcül vəziyyətdə yaralanır. “…Meşədə ölümlə qarşı-qarşı dayanan bu kiçik uşağı tapırlar və monastra geri gətirirlər. Lermantov ölüm ayağında olan bu uşağı danışdırmağa başlayır. “Mən bu monastrda olduğum müddətdə vətənimi, vətənimin gözəlliklərini, millətimi, millətimin məğrur, mübariz simasını düşünmüşəm. Bu düşüncə məni yandırıb yaxan bir alov kimi idi. Bu düşüncə məni insanın ruhunu boğan, dualarla dolu havasız monastrdan mübarizəli və möcüzəli həyata çağırırdı. Göz yaşları töküb, dərd çəkməkdənsə vətənim olan tanımadığım o müqəddəs torpaqları öpməyə and içdim.”

Rus işğalından sonra Azərbaycanda şərait təbii ki, büsbütün dəyişir və bu kardinal dəyişmələrə paralel şəkildə qaçaqçılıq hərəkatı alovlanır. İqtisadi cəhətdən iki sistemin qarşı-qarşıya gəlməsi, kapitalizmin ilk rüşeymlərinin görünməsi və Azərbaycanda az sayda olsa da kapitalist müəssisələrinin yaranması onu öz məhvərindən ayırır, hansı məqamlardasa işğalçı siyasətin güddüyü hədəflər xalqın xeyrinə işləyirdi. Yəni, kimsə, hansı siyasi doktrinanın gücünə olursa-olsun başqa bir xalqı diz çökdürüb ona hər şeyi qəbul etdirmək gücünə malik deyildir. Bir tərəfdən boğulan, ağzı qapanan mənbə digər tərəfdə bütün gücü ilə püskürə bilər. Müəllif bütün bu ziqzaqlı, qəliz tarixi şəraitin gətirdiyi ziddiyyətləri o dövrdə mədəni vəziyyətlə yanaşı, paralel müstəvidə araşdırır və yuxarıda təsbit edilən cəhət – gücün, enerjinin boğulduğu anda başqa bir müstəvidə əyaniləşməsi ideyası öz təsdiqini tapır. Müəllif Azərbaycan mədəniyyətinin o dövrdə inkişafının bütün parametrlərini dolğun şəkildə verə bilmək üçün həm həmin dövrün mədəni simasını yaradan şəxsiyyətlərin bioqrafiyasını, həm də ən səciyyəvi əsərlərini təhlil edir. Vaqif, Vidadi, Mirzə Kazım bəy, Zərdabi, Zakir, Bakıxanov, Axundzadə və başqa şəxsiyyətləri məhz XIX əsrin yenilənmə kontekstində araşdırmaqla əsas ideyasını (xalq öz kökündən aldığı enerjini, çınqını nə olur-olsun özünəməxsus tərzdə müxtəlif dönəmlərdə əyaniləşdirir və yoluna işğalçılıq kimi maneələr çıxdıqda belə bu təməl niyyətini daha böyük istək və ehtirasla ifadə edir) təsbit etməyə çalışır. Hüseyn Baykaranın bir alim kimi tarixi hadisələrə baxışında bir mühüm amili nəzərə çarpdırmaq həm də Azərbaycan mühacirətşünaslığı üçün önəmlidir. O, adı çəkilən şəxsiyyət və mədəni hadisələri xalqın taleyi, daşıdıqları missiya, bu missiyanın əyaniləşən qənaətlərinin tarixin və mədəniyyətin sonrakı inkişafında hansı cəhətlərlə qovuşub millətin azadlıq ideyalarının püxtələşməsinə stimul verdiyini bir tam şəklində götürür. Hüseyn Baykara bütün mövcud faktları diqqətdə saxlamaqla, onlardan hansısa birini unutmamaqla əslində ideyaların inkişaf stixiyasını təhlil edir. Hansı dövrdəsə, deyək ki, XVIII əsrdə, yaxud XIX əsrin birinci yarısında hansısa ədəbi şəxsiyyətin deyək ki, “millət” və bu qəbildən olan sözləri işlədib-işlətməməsi şərt deyil, əsas olan ümmətdən millətə inkişaf yolunda bu şəxsiyyətlərin xalqın dilində nələr yaratması, dünya elmi və mədəni irsi ilə hansı kontekstdə səsləşib-səsləşməməsidir. Çünki ana dilində yazılan hər bir bədii əsər, bu dilin sərhədləri daxilində reallaşan hər bir mədəni hadisə o xalqı yaşadan, həyatını fırtınalardan keçirən böyük bir enerji mənbəyidir. Bu mənada Hüseyn Baykara haqlı olaraq məhz Qasım bəy Zakiri Azərbaycanın oyanış dövrünün ilk şairi adlandırır və onu İtalyan intibahı dövrünün nadir şəxsiyyəti – Petrarka ilə müqayisə edir. Diqqət edin: “…Zakir dövrünün şairləri arasında “Vətən”kəliməsini ən çox işlədən Azərbaycan şairidir. Buna görə də İtalyanın intibah dövrü şairi Petrarkadan heç bir fərqi yoxdu. Onu Azərbaycanın oyanış dövrü şairi adlandırmağımızın səbəblərindən biri də məhz budur. O, vətəni Azərbaycanı digər ölkələrdən üstün tutmuş və sevmişdir. Şeirlərindən birində Azərbaycanın Hicaz, Nişapur və İraqdan üstün olduğunu qeyd edir:

Axtarmaq ilə mövsümü gülzar ələ düşməz…

“Azərbaycanı”

“Hicazə”, “Nişapura” onu eyləmə həmtay,

Həm mülkü “İraqa.”

Kitabın ən mühüm fəsillərindən biri XIX əsrin ikinci yarısına həsr edilən bölümdür. Bu zaman çərəyinə aid etdiyi “yenilənmə” anlayışı yazıda “intibah” və “islahat” sözləri ilə əvəz edilir. Burada Axundzadə və Zərdabi haqqında deyilən fikirlər, səsləndirilən ideyalar bu dövr və şəxsiyyətlər haqqında sovet dövründə aparılan tədqiqatlardan həm fərqlənir, həm də müəyyən məqamlarda səsləşir. Axundzadənin fəaliyyəti və irsinin bu şəkildə araşdırılması onun masştabını dəqiq nişan verir. “Bu böyük şəxsiyyətin səyləri Azərbaycan sərhədlərini aşdığı üçün o şərq intibahçısı hesab oluna bilər.” Baykaranın bu fikrini incələsək, belə bir nəticəyə gəlmək olar ki, M.F.Axundzadə yaradıcılığı eyni zamanda həm Qərb, həm də Şərq kontekstində öyrənilməlidir. Onu təkcə Qərb ədəbiyyatının janr və formalarını milli ədəbiyyata gətirən şəxs kimi səciyyələndirmək kifayət deyil, Axundzadə öz yaradıcılığı və fəaliyyətində ən fərqli təfəkkür tiplərini birləşdirmiş, nəticədə Azərbaycan türkcəsində bu dilin bütün tarixini əhatələyən, yığdığı bütün enerjini ifadə edən əsərlər yaratmışdır.

Yuxarıda Hüseyn Baykaranın düşüncəsinin orijinallığını nəzərə çarpdırmaq üçün “buta” kəlməsini işlətdik. Təsadüfi deyildi bu. Yada bir mif mətni düşür. Hüseyn Baykaranın uşaqlığından, körpəliyindən ölümünə qədərki yolu apaydın göstərir.

…Meşə. Külək qəribə simfoniya yaradıb. Ən böyük (başqalarının gördüklərindən böyük…-) ağacın altında durub gözlərini yumubsan. Heç nə görmürsən. Ancaq kimsə görür bu mənzərəni. Gələcəkdə. Çünki uşaqlıqda gördüyümüz şeylər sonralar bir-bir, kadr-kadr ekrana gəlir, ta ölənə qədər. Nə olur-olsun bu tamaşaya, ən azından onun bizdən bəhs edən bir fraqmentinə hökmən baxırıq. Yarpaqlar ayaqları bağlı quşlar kimi səmanın qoynuna (dərinliyinə…-) əsir, göydəki quşlar anidən dayanıb buludların ətəklərindən tökülən yarpaqlara qoşulub uçur. Gözlərini yum, sevdiyin ağacın ruhunu görəcəksən…

Qədim mif mətnində belə deyilir.

Bura gözəllər gözəli Şuşadır.

Millət körpə qığıltısından başlayır, poetik təfəkkürə ən yaxın elə uşağın düşüncəsidir. Zaman o zaman idi ki, bütün millətlər oyanmış, nəyi varsa ovcunun içinə toplayıb dünyaya göstərmək şövqünə tutulmuşdu. Bu şövq, bu həvəs hər deyəndə gəlmir, gələndə insanların ürəklərindən, ruhundan keçib nələrisə yavaşca tərpədir, qollar çırmanır, əllər yadırğadığı işə elə başlayır ki, sanki arada min illərin yuxusu olmayıbmış. Xalça toxuyan sənətçinin əllərini göz önünə gətirin. Butalar, ornamentlər.... barmaqların sürəti toxucunun gözlərini, baxışlarını bir nöqtədə saxlayır. O sürət, o təşnəlik barmaqları hiss edilmədən adamdan ayırıb dünyanın bütün qurşaqlarından keçirir, qarış-qarış, dünyadakı ən gözəl boyaların hərəsindən bir əlçim götürüb xalçanın – mətnin qəlbinə ilmələyir. Buta arxetipi. Qədimlərdən gələn düşüncənin stilizə olunmuş təsviri. Buta yalnız seçilmişlərə verilir, seçilmiş, yalnız sənin üçün ayrılmış dərd yükü. Bu insanların əzmkeşliyi, təkbaşına “bir institut qədər iş görməsi” başqalarında olmur. Bir işi, bir tapşırığı, bir missiyanı tam fərqli, üstün formada yerinə yetirmək üçün. Ömrünün son günlərində Hüseyn Baykara əlinə qələm alıb həmin sehrli butanın bir naxışını varağa həkk etmişdi: sabaha inanıram!

 
Düşmənlərimə müjdə, bən qəlbimdən xəstəyəm,
Sonsuz həsrətlərimlə bir dəvamlı yasdayam.
Bəni burada sanmayın, bən hər gün Qafqazdayam…
Siz canımı gömərsiniz, canım bu ana yurda,
Qəlbimin güllərini göndərin doğma yurda.
Sovursunlar Qafqazın o coşğun rüzgarına,
Bən umutsuz ölmədim eyimsərəm yarına…
 
Cavanşir YUSİFLİ,
Filologiya elmləri doktoru, professor
Bakı, 2018

ÖN SÖZ

Azərbaycanın oyanışı, yenilənməsi və şəxsiyyətləri haqqında oçerki yazmağa başlayarkən məni ən çox düşündürən məsələ Çar Rusiyasının işğalından əvvəl xanlıqlar dövründə Azərbaycanın mədəni, siyasi və iqtisadi vəziyyətinin hansı səviyyədə olması idi. Buna görə də kitabda ən çox bu mövzuya yer verdim. Bəzi zümrələr belə hesab edirlər ki, Azərbaycanın hal-hazırki mədəniyyəti, incəsənəti rusların əsəridir. Halbuki, ruslar Azərbaycanı işğal etdikləri dövrdə nəinki buğunkü, hətta o dövrün Qərb düşüncəsinə görə də mədəni millət hesab edilmirdilər. I Pyotrun hakimiyyətindən sonra Rusiyada yalnız hərb sahəsində qərbləşmə meylləri özünü göstərirdi. Şərqdə qazandıqları qələbələri də məhz buna borcludurlar. Rusiyada quldarlıq 1861-ci ildə II Aleksandrın fərmanı ilə ləğv edilmişdi. Öz vətəndaşları ilə qul kimi davranan rejim necə mədəni ola bilər və yaxud mədəni hesab olunmalıdırmı? Xüsusilə də Çar Rusiyası rejimi dözülməz dərəcədə despotik və zülmkar idi. Bu səbəbdən də Avropa ilə müqayisə ediləcək heç bir tərəfi yox idi.

Qədim köklərə sahib barbar slavyanların adətlərini rus qiyamı ilə XX əsrə gətirən rusların mədənəniyyətlərinin səviyyələri hətta bu gün də mübahisə mövzusudur. Azərbaycanı oyanışa və yeniliyə çağıran şəxslərin həyat və yaradıcılıqları, xidmətləri indiyə kimi bəzi yazıçılarımız tərəfindən müxtəlif jurnal və broşuralarda xronoloji şəkildə dərc olunmuşdur. Mən bu oçerklə Azərbaycanın oyanışı, yeniləşməsi və şəxsiyyətlərini; sosial, iqtisadi və siyasi şərtləri ilə birlikdə bir metodik halda tarixi ardıcıllıqla göstərməyə çalışmışam. Bu metodla tədqiqat apararkən Azərbaycanda “oyanış” və “yenilənmə” çağlarının ayrı-ayrı tarixi cərəyan olduğu məlum olur. Birinci “oyanış” dövrü XIX əsrin birinci yarısını, ikinci “yeniləşmə” dövrü XIX əsrin ikinci yarısını əhatə edir. Hər iki dövrün sosial və iqtisadi şərtləri sözsüz ki, fərqlidir. Avropada da “intibah” və “islahat” dövrləri fərqli əsrlərdə olmuşdur. Avropada bu proses üç əsr çəkmişdir.

Bu oçerk oxunduğu zaman aydın olacaq ki, Azərbaycan xalqının öz milli şüurunu dərk edərək müstəqil millət kimi bir dövlət halında yaşamağa başlamasının kökündə tarixin dərinliklərində sağlam təməllərinin olması dayanır. 28 may 1918-ci ildə elan edilən Azərbaycanın İstiqlal Bəyannaməsi heç də təsadüfi bir əsər deyil və ya hər hansı bir şəxsin əsəri də deyil. Bu böyük tarixi hadisənin səbəbləri bu oçerkdə də izah etməyə çalışdığımız kimi, Azərbaycan tarixinin çox önəmli hadisələrinə əsaslanır. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Azərbaycanın istiqlal hərəkatı tarixin bir problemi olmuşdur. Hazırda da problem qalmaqdadır və bu məsələni yenə də tarix həll edəcəkdir.

Bu oçerkin tam və qüsursuz olduğunu iddia etməkdən uzağam. Qüsurlarımın bağışlanacağına və yanlışların xoş niyyətimin göz önünə alınaraq göstəriləcəyinə ümid edirəm.

Hüseyn Baykara
Ankara, 1966

XANLIQLAR DÖVRÜNDƏ AZƏRBAYCANDA VƏZİYYƏT

Rusiya və Azərbaycan arasındakı münasibətlərin tarixi çox qədimdir. Bu münasibətlərin tarixini sıralamaqdan uzağıq. Rus çarlığının Azərbaycan torpaqlarının işğalına başladığı illərdə baş vermiş iki hadisə isə çox mühüm tarixi hadisədir. Sözügedən hadisələrdən birincisi 1796-cı ildə, digəri isə XIX əsrin əvvəllərində baş vermişdir. 1796-cı ildə rusların Azərbaycana yürüşü böyük fəlakətlərə gətirib çıxardı. Rus ordusu böyük qüvvə ilə Azərbaycana hücum etdi. İlk hücumda Qazıqumuq, Dərbənd, Bakı, Şirvan xanlığını işğal edən rus süvariləri Mil düzü, Muğan çölü və İran sərhədləri yaxınlığındakı Gilan ərazisinə qədər irəlilədilər. İşğal edilmiş xanlıqların bəziləri asılılığı qəbul edirmiş kimi görünməyə çalışsalar da, bəziləri döyüşü daha uyğun bildikləri nöqtəyə qədər aparmışdılar. Bu üzdən ruslar əsas qüvvələri geri çəkərək yerdə qalanlarını müxtəlif ərazilərdə paylaşdırdılar. Bunu fürsət hesab edən xanlar öz aralarında razılığa gələrək hücuma keçdilər və rus ordusunu darmadağın etdilər. A.A. Kaspari bu hadisəni belə xatırladır: “Rusların geri çəkilməsi, qalib olduqları yerdə məğlubiyyətə uğramaları sonralar fransızların Rusiyadan qaçmasına bənzəyir. Tədricən geri çəkilmək üçün heç bir planı olmayan Rus ordusu ac, üstü-başı dağınıq, çaşqın, nizamsız vəziyyətdə qaçırdılar. Bu qaçışdan yararlanan dağlılar da bir tərəfdən onlara saldırır, əsgərləri məhv edirdilər. Ruslar çox ağır itkilər vermişdilər. Baş komandir və Qafqaz naibi olan general Graf Valerian Zubov Rusiyaya geri qayıtmış və Kurlyandiyada Polis nəzarəti altında olan idarəyə məmur təyin edilmişdi. (A.A. Kaspari “Fəth edilən Qafqaz” Peterburq 1904, s. 252-253)

Rusların bundan sonra Azərbaycana yenidən yürüşləri 1804-cü ildən Gəncə xanlığının işğalı ilə başlayır. Bu dəfəki döyüşlərdə ruslar ciddi müqavimətlə qarşılaşmış, böyük itkilər vermişdilər. Ən əsası, üç generalını da məhz bu yürüşlərdə itirmişdilər. General Sisianov Bakıda, Kotlyerevski Lənkəranda, Gulyakov isə Zaqatalada öldürülmüşdür. 1828-ci ildə İran və Rusiya arasında imzalanan Türkmənçay sülh müqaviləsi ilə etnik bir birlik olan Azərbaycan ikiyə parçalamış, biri İran Azərbaycanı, digəri Qafqaz Azərbaycanı adlandırılmağa başlamışdır.

Rus istilasından öncə Azərbaycanda xanlıqların siyasi rejimi feodalizm, dərəbəylik şəklində idi. İdarə etmə haqqı yalnız xana məxsus idi. Polisiye işləri xanın təyin etdiyi naiblər tərəfindən icra olunurdu. Əsgəri işlər “Çapar” adlanan seçilmiş şəxslər tərəfindən yerinə yetirilirdi. Yolların üstündə yerləşən asayiş idarələrinə “Çaparxana” deyilirdi. Eyni zamanda xanlığın təhlükəsizliyinin təmin olunması və poçt işlərinin görülməsi məsələsinə də çaparlar baxırdılar. Xanlıqların özlərinə məxsus vergi sistemləri mövcud idi. Bu vergi kəndlərdən məhsul, şəhərlərdən isə nağd pul şəklində alınırdı. Hər bir xanlığın mis və gümüş sikkəsi ilə mizan və ölçüsü var idi. Bir xanlıq daxilində bütün xanlıq sikkəsi istifadə edilə bilərdi. Həm mülki, həm də idarəetmə sistemləri şəriət və adətlərə görə təşkil olunurdu. Ədalət işləri (Haqqı qəza) şəriətə əsaslanan məhkəmə ilə tənzimlənirdi. Bu məhkəmələr həqiqətən də ədalət rəmzləri idilər. Bunu təsdiqləyən hadisə kimi, rus işğalından sonra Gəncə xristianlarının şikayətlərinin rahatlıqla Gəncə məhkəməsinə ünvanladıqlarını göstərə bilərik. Qazıları xan özü təyin edirdi. Məhkəmə hökmləri xanlıq tərəfindən ya icra edilir, ya da rədd olunurdu. Ölüm cəzası xanın səlahiyyətləri daxilində idi.

Cinayət və kiçik günahlara bəylər, naiblər və xanlar cəza təyin edirdilər. Xanın hökuməti icra etdiyi yer “Divanxana” adlanırdı. Ordu sülh dövründə xana aid süvari dəstədən və bəylərin evlərindəki tüfəngçilərdən, döyüş zamanı isə naib və bəylər vasitəsi ilə əhali arasından seçilən könüllülərdən və şəriət rəhbərlərinin süvari dəstələrindən ibarət idi. Baş komandir xanın özü idi. Müharibə elan etmək, sülhə razı olmaq xanın səlahiyyətlərində idi.

Ərazinin mülkiyyət haqqı da xana məxsus idi. Bu ərazilər rəiyyətin istifadəsinə verilmişdi. Həmin torpaqlar idarə etmək üçün bəylərə verildiyindən rəiyyət üzvlərindən vergi almaq işi də məhz onlara tapşırılırdı. Lakin bu torpaqlar xanın icazəsi olmadan bəyin oğluna miras kimi keçə bilməzdi. Bəy bu torpaqları sata bilməzdi. Bəy sadəcə öz torpağı hesab olunan ərazinin məhsulunu istifadə edə bilərdi. Bu torpaqlarda isə əhalinin işlədilməsi mükəlləfiyyət hesab olunurdu. Azərbaycan xanlıqlarındakı rəiyyətlə Rusiyadakı, Gürcüstandakı rəiyyət eyni deyildi. Azərbaycan kəndlisi əkib-biçdiyi məhsulun sahibi özü idi. Halbuki Rusiyada 1862-ci ilə qədər “mujik” adlanan rus kəndlisi əsir hesab olunurdu və öküz, inək kimi satılırdı. Rusların bu ictimai geriliyi Azərbaycanı işğal etdikdən sonra bizim ərazidə də tətbiq olunmağa başladı. Hərbi gücü çıxmaq şərti ilə rus idarəetmə sisteminin xanlıqlardan üstün tərəfi yox idi. Rus müstəmləkəçiliyini tədqiq edən İvanenkonun fikirlərinə əsasən deyə bilərik ki, rus idarəsinin qədim xanlıqlardan fərqi Rusiyada yalnız kişilərin deyil, həm də qadınların qırmancla döyülməsidir. (Məmməd Əmin Rəsulzadə, “Türk İslam ensiklopediyası”, c. 45, 1942, s. 719-720)

Avropadakı feodalizm dövrü, kilsənin toplumun istər mənəvi, istərsə də maddi varlığına mütləq şəkildə hakim olduğu dövrdür. Hər növ cəmiyyət hadisəsində katolik kilsəsinin damğası var idi. Azərbaycanda xanlıqlar dövründə islam dininin əsas din olduğunun şahidi oluruq, bununla yanaşı katolik kilsəsinin təsirinin olmadığını da görürük. Hətta mədəniyyət sahəsini araşdırarkən belə, qatı dindarlığın olmadığı qənaətinə gəlirik. Xanlıqlar dövrünün sosial özəlliyi xalqın öz arasındakı münasibətlərinin torpaqla bağlı olmasıdır. Sənət əl sənəti idi. Ticarət isə əkinçilik və heyvandarlıq məhsulları ilə, əldə hazırlanmış sənətkarlıq nümunələrinin alış-satışı və ya bəzən mübadiləsi nəticəsində yaranırdı. Xan və bəyin xalq üzərindəki təsiri Dvoryaninin (saraydakı rus mülkədarı) və ya Avropalı bir feodalın “mujik” və ya kölə adı verilən “servaj” üzərindəki təsirindən qat-qat daha yüngül mahiyyət daşıyırdı. Bu xalqın lehinə idi. Çünki bəy torpaq üzərində mülkiyyət hüququna sahib deyildi. Buna görə də kəndliyə yaxşı davranmağa məcbur idi. Digər tərəfdən torpaq mülkiyyətinə sahib olan xan torpağı birbaşa idarə etmirdi. Bu vəziyyət isə kəndlini xanın və bəyin ağır təzyiqlərindən qoruyurdu. Bu mövzu barəsində mühacirət həyatında material yoxluğu üzündən məlumat əldə etmək çox çətindir. Firidun bəy Köçərli şair Zakirin həyatından bəhs edərkən deyir ki: ”Zakirin sənəti mülkədarlıq və maldarlıq olduğu üçün vaxtını özünəməxsus şəkildə Xıdırıstan kəndində əkinçilər və köçərilər arasında keçirirdi. Yay-qış demədən hər zaman onların yanında olan Zakir özünü “tərəkəmələşmiş” hiss edirdi. Onların ehtiyacını, sevincini, kədərini də özününki hesab edirdi. Son dövrə qədər bizim bəylərin hamısı belə davranırdılar. İndi bəylər də, mülkədarlar da başqa cür dolanmağa başlayıblar. Öz halal qəsblərini darğalara və nökərlərə verərək şəhərə köçüblər. Günlərini bazarda, meydanda, çayxanada, klublarda boş-bekar keçirirlər. (Azərbaycan Ədəbiyyatı Tarixi Materialları, c. I, ikinci hissə, s. 448, Bakı, Azərnəşr-1925)

Xanlıqlar dövründə kəndlərdə xanın torpaqlarını idarə edən bəylər rus çarının fərmanı ilə idarə etdikləri torpağın sahibinə çevrildilər. Bununla da xanlıqlar dövründəki kəndli-bəy münasibətləri aradan qalxmış oldu və rusların idarəetmə sisteminin tətbiqinə başlandı. Torpaq üzərində mülkiyyət haqqına sahib olan bəylər artıq kəndli ilə pis davranmağa başladılar, kəndlərdəki əraziləri cahil darğa və qullara verərək özləri şəhərlərə köçdülər. Kəndlilər üzərindəki təzyiqləri isə artmış oldu. Rusların Azərbaycana gətirdikləri yeni mədəniyyətə bir nümunə… Bəyləri öz tərəflərinə çəkməklə çar Rusiyası bununla da özünə yerlərdə dayaq yaratmağa çalışırdı. Bu səbəblə də bəyi mal sahibi edərək mənfəət qazandırmağı zəruri hesab edirdilər. Belə olduqda Firidun bəy Köçərlinin yuxarıda dediyi kimi bəylər artıq “kəndlilərin sevincini öz sevincləri, qara günlərini isə öz pis günləri” kimi görmədilər.

1862-ci ilə qədər Rusiyada qul kimi yaşayan mujikin ürək ağrıdan durumunu anlamaq üçün o dövrün qəzetlərində tez-tez oxunan yüzlərlə elandan birini nümunə olaraq veririk: “Köhnəlmiş bir araba ilə iki gənc qız satılır. Gənc və sağlam olan qızlar hətta toxuculuğu da bilirlər. Təcrübə üçün baxmaq mümkündür.” (Mirzə Bala, “Azərbaycan Milli Hərəkatı, Berlin, 1938, s. 24)

QAFQAZ VƏ AZƏRBAYCANIN “QARA BƏXTİ” VƏ XALQIN SOSİAL-PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ

Tanrı təbiət, coğrafiya və tarix baxımından Qafqazı və Azərbaycanı keçid yolu üzərində yaradıb. Altay dağları, Qaraqorum çölü, Ural dağları, Sibir, Rus çölləri ilə Türküstan ovalıqlarından qopan türklər, monqollar, ruslar və başqa imperatorlar həmişə bu keçiddən keçərək cənuba doğru axın ediblər. Ardı-arası kəsilməyən və hələ də davam edən qanlı, çətin mübarizələr, axınlar Qafqaz xalqlarında eləcə də Azərbaycan xalqında xüsusi və ortaq sosial psixologiyanın meydana gəlməsinə və toplum xarakterinin formalaşmasına səbəb oldu. Qafqazlı hərəkətli, mübariz, çalışqan, cəsurdur, onlarda sərkərdə ruhu var. Professor Sosıyev “Azərbaycan tarixinin qısa oçerki” adlı əsərində qeyd edir: “Bu ölkə tarix boyu daim şəhidlər vermişdir. Tarix boyunca iztirab çəkən xalq yaxın-uzaq qonşuları tərəfindən fasiləsiz hücumlara məruz qalmışdır. Feodal idarəetmə sistemi ilə xalq arasında daim toqquşmalar, davalar olmuşdur.

İstanbul Universitetinin professoru İsmayıl Hikmət Ertaylan Bakı Universitetində (indiki Bakı Dövlət Universiteti) olarkən yazdığı və Azərnəşr tərəfindən 1928-ci ildə çap edilən 2 cildlik “Azərbaycan Ədəbiyyatı Tarixi” adlı əsərinin ön sözündə qeyd edir: “Azərbaycanın çox qədim və zəngin tarixə sahib olduğu məlumdur. Bu qədim və eyni zamanda zəngin ölkə müxtəlif irqlərə mənsub insanlar üçün uzun müddət bir keçid, düşərgə rolunu oynamışdır. İnsan axını, ictimai cərəyanlar (axınlar) məhz bu torpaqlarda qaynayıb-qarışmış, müxtəlif irqlərə məxsus birliklər burada tapışmış, qüvvətlənmiş, ayrı bir kütlə halında toplum yaratmış hökumətlər sürmüş, xəyallar bəsləmiş və dinlər yaratmışdır.” (İ. Hikmət Ertaylan, “Azərbaycan Ədəbiyyatı Tarixi” , c. I, s. 5).

Beləliklə, qafqazlılar və Azərbaycan türkləri strateji yollar kəsimində yerləşən vətənlərinə hər dəfə hücum edən işğalçı qüvvələrə qarşı mübarizə etmiş, onlarla ölüm-qalım savaşı aparmış, bəzən də məğlub olmuşlar. Ölkənin və xalqın azadlığı uğrunda heç bir mübarizədən çəkinməyən qafqazlılar bəzən də məhv olma təhlükəsi ilə qarşı-qarşıya dayanmışlar. Lakin məğlubiyyəti qəbul etməyən bu cəsur xalq ağır şərtlər daxilində yeni həyat qurmaq üçün daim çabalayıb çalışmışlar. Heç vaxt talelərindən şikayət etməmişlər. Allahın yazdığı bəxtdən razı yaşamışlar. Süqut etməyi, yenidən dövlət yaratmağı təbii tarix hadisəsi kimi qəbul etmişlər. Güc və taqətlərinin bitdiyini hiss etdikdə belə mübarizliklərini itirməmiş, psixoloji cəhətdən güclü olmağa çalışmışlar. Sırf bu xüsusiyyətlərinə görə bu günə kimi çox itkilər vermələrinə baxmayaraq azadlıq mübarizəsini davam etdirmiş və hələ də davam etdirirlər.

Azərbaycan tarixinə nəzər yetirərkən məhz bu mövzu barəsində nümunələr göstərməyi vacib hesab edirik. Cavad xan Gəncəni üstün mövqedəki rus ordusuna qarşı qorumuş, əfsanəvi qəhrəman kimi şəhid olmuşdur. Bu şanlı səhifə ilə bağlı bir az ətraflı yazaq. Bu tarixi döyüş Azərbaycan xalqının müstəqillik üçün hər zaman ölümü göz önünə aldıqlarının örnəyi və simvoludur. Əhvalatı A.A.Kasparinin dili ilə danışaq. “Gəncə xanlığı Rusiya və İran arasında Rusiyanın yolu üzərində yerləşirdi. Xəzər dənizi sahilindəki xanlıqlar Gəncə xanlığının təsiri altında idi. İranı zəiflətmək üçün Gəncənin müstəqilliyinə son qoymaq lazım idi. Gəncə xanı Cavad xan Ağa Məhəmməd Şah Qacar Tiflisə hücum edərkən onunla ittifaq yaratmışdı. Tiflisin Ağa Məhəmməd Şah Qacar tərəfindən yağmalanmasında yaxından iştirak etmişdi. Məhz bu səbəbdən 1804-cü ilin dekabr ayında gürcü əsilli “müdhiş knyaz” ləqəbli Sisianov Gəncə qalasının qarşısına gəldi. Cavad xana məktub göndərərək qalanın təslim olmasını istədi. Cavad xanın cavabı belə oldu: “Görünür ki, taleyin səni Peterburqdan bura qədər sürükləyib gətirib. Amma sən onun acı yumruğunu dadacaqsan.” Sisianov xanın məğrur cavabına qarşılıq olaraq qalanı mühasirəyə alaraq təklifini qəbul etmədikcə mühasirəni dağıtmayacağını bildirdi. Amma hansı səbəbdənsə dekabr ayında hücum etmədi, hücum etməyə cəsarəti çatmadı. Xan generala cavab məktubunda belə yazırdı: “Rusların topları arşın baxımından uzun olsa belə, unutma ki, mənim toplarım 4 arşındır.” Eyni zamanda xan məktubda “Necə ola bilir ki, rus türkdən daha cəsur olsun?” deyə soruşurdu. Sisianov isə “Mən sənin qalanı alacağam və sənə ölüm gətirəcəyəm” cavabını verdi. Xan cavab məktubunda “Əgər tale bu pis oyunu oynasa, sən məni qala divarı üstündə ölü tapacaqsan” yazırdı. Bir aylıq məktublaşmalardan sonra 3 yanvar bayram gecəsində qaranlıq, soyuq bir havada ruslar qalaya hücum etdilər. Hücum bölüklərinə general mayor Portnyagin və polkovnik Karyagin rəhbərlik edirdi. Topların duelindən sonra Gəncə qalasında açılan dəlikdən general Portnyagin böyük qüvvə ilə hücum etdi. Cavad xan ruslarla mübarizəyə hazır idi və onları məğlubiyyətə uğratmağı planlaşdırmışdı. Qalaya hücum edən rusların yolları qaladakı məşəllərlə işıqlandırılmışdı. Rus qüvvələri “ura” deyərək hücuma keçdilər. Qalanın mərkəzində gəncəlilərin onlar üçün hazırladıqları canlı sədlə toqquşdular. Döyüş başlandı. Xan Portnyaginin hücumunu ağır məğlubiyyətə uğratmağı bacardı. Portnyagin qüvvələrini toplayaraq ikinci dəfə hücuma keçdi. İkinci hücum da rusların ağır məğlubiyyəti ilə yekunlaşdı. Səhər şəfəqi türklərin qalibiyyət sevinci və nərələri ilə vəhdət təşkil edirdi. İlk hücum Qarabağ qapısından olmuşdu. Bu cəbhədə məğlub olan ruslar indi də Tiflis qapısından gecə qaranlığında qala divarlarına nərdivan dayayaraq hücuma keçdilər. Xan bu cəbhədən hücum gözləmirdi. Dərhal hərəkətə keçən xan düşməni qapıda qarşılamaq istədi və istəyinə çatdı da. Qalaya çıxan ilk rus əsgər və zabitlərini öldürdü. Bu tərəfdən ard-arda Portyaginin qüvvələri ilə yanaşı polkovnik Karyagin və podpolkovnik Simanoviç və Lisanoviçin qüvvələri də hücuma keçdilər. Çox çətin və qanlı döyüş gedirdi. Bir dəfə general Portnyagini şəxsən ələ keçirməyə çalışan Cavad xan ətrafındakı zabit və əsgərləri yox etdi, lakin yenə də onu tuta bilmədi. Podpolkovnik Simanoviç və qüvvələri Portnyagini Cavad xanın əlindən xilas edə bildilər. Qalanın iki bürcü rusların əlində idi. Xanın qüvvələri getdikcə azalmağa başlamışdı, topların mərmisi bitmişdi. Lakin buna baxmayaraq xan təəccüb yaradacaq cəsarətlə, qəhrəmancasına əlində qılınc döyüşə davam edirdi. Xan geri çəkilən qüvvəsi ilə birlikdə gedə bilərdi. Lakin o, geri çəkilmirdi. Həmin vaxt “Eğer” bölüyü rəhbəri Kolovskiy ilə birlikdə xana hücum etdi və xan öldürüldü. Xana köməyə gələn əsgərləri Kolovskiy və bölüyünü məhv etsələr də xan artıq dünyasını dəyişmişdi. Xanın ölüm xəbərini eşidən Gəncə qüvvələrinin döyüş ruhu sarsıldı. Beləliklə, döyüş rusların qələbəsi ilə sona çatdı. Döyüşlər şəhərin içinə doğru gedirdi. Gəncəlilər artıq ev-ev mübarizə aparırdılar. Buna görə də ağır itkilər verdilər.” Rus tarixçisi Gəncə döyüşü haqqında bunları qeyd etmişdir.

Belə aydın olur ki, Sisianovun Gəncə qapısı qarşısında 40 gün gözləyərək hücuma keçməməsi heç də təsadüfi deyildi. Hücumun yubadılmasında səbəb həmin bölgəyə əməlli-başlı bələd olmaq və eyni zamanda kənardan Cavad xana kömək edəcək xanları cəsusları vasitəsiylə satın almaqdan ibarət idi. Kasparinin verdiyi və eləcə də rus hərb tarixi ilə bağlı məlumatlardan da aydın olur ki, Sisianov bu hərbi hiylədən istifadə etmişdi. Portnyagin qüvvələri ilə birlikdə qalaya Tiflis qapısından hücum edərkən həmin cəbhəni tamamilə boş görüblər. Cavad xan kimi cəsur və böyük ağla sahib əsgərin belə bir ölüm-qalım savaşında Tiflis qapısı kimi strateji əhəmiyyətli qapını müdafiəsiz qoyması ağla gəlməyən bir haldır. Aydın olur ki, Tiflis qapısı ətrafındakı müdafiə qüvvələri, xana köməyə gəlmiş digər xanlar və hətta Cavad xanın oğlu Uğurlu xan belə geri çəkilmişdilər. Sisianovun Gəncə qapısı qarşısında 40 gün gözləməsinin səbəbi də Cavad xana qarşı mübarizədə qələbə qazanmaq üçün hərbi hiylə tapmaq və tətbiq etmək imiş.

Azərbaycanın dünya durduqca əfsanəvi qəhrəmanı olaraq qalan Cavad xan verdiyi sözün üstündə durdu. Sisianov Gəncə qalası divarları üstündə onu ölü tapdı. Beləliklə də Kasparinin dediyi kimi, İran və Hindistana gedən yollar ruslar üçün açılmış oldu. Kaspari deyirdi ki, Gəncə işğal olunmayana qədər bu mümkün olmayacaqdı.”

Cavad xan Azərbaycan xalqının düşüncəsində hələ də dastan qəhrəmanı kimi yaşayır. Şair Həsən Gəncəli Gəncə döyüşünün bəzi səhnələrini lirik təsvir etmişdir.

 
Bayraqları bürc üstündə qurdular,
Qoca, uşaq hamısını qırdılar.
O zaman ki, Cavad xanı vurdular,
Sanasan qırıldı beli Gəncənin…
 

Şair Əbdürrəhman Ağa Dilbazoğlu da rusların Gəncədə törətdikləri qətliamı, zülmü belə təsvir edirdi:

 
Bir olmaz müsibət dövran eylədi
Rus Gəncə şəhrini viran eylədi.
 

Şair Dilbazoğlu Cavad xanın böyük bir şəxsiyyət olduğunu öz beytində belə göstərirdi:

 
Gəncə şəhərində Cavad xan kim, nə əyyam var idi,
Sahibi-lütfü ədalət, sadiqül iqrar idi.
 

Rus tarixçisi Kaspari ilə Azərbaycanın Cavad xan dastanını yazan şairlərin verdikləri məlumatlar eynilik təşkil edir.

 
Ta bir ay, qırx gün keçincə anda möhkəm durdular
Subhü şam dava qılıb küffara tigi vurdular.
 

Rusların hücumu başlamadan əvvəl qala üzərindən atılan ox və tüfənglə savaş başlamışdı.

 
Bir gecə yol tapdılar ruslar aşdı qaladan
Su yerinə ol zaman qan axırdı qaladan
Ol uğurlu Xan ilə xanlar qaçdı qaladan…
Bildi ayrı düşdüyün ferzendi xoş-dildardan…
 
 
Qaldı tənha Cavad xan gör necə ad eylədi
İki bürcün saldatın2 çox qırdı bərbad eylədi.
 

Cavad xan oğlu Hüseynqulu ağanın şəhadətini görməmək üçün onu qalanın başqa bürcünün müdafiəsinə göndərmişdi. Şair bu hadisəni belə təsvir edir:

 
Ol Hüseynqulu ağa kim, gәldi Xanın yanına,
Layiq idi hәr hünәrlәr şövkәtinә, şanına,
İstәdi qanın qata ol dәmdә Xanın qanına,
Qoymadı Xan göndәrib, bir qeyri bürc
meydanına,
Yәni onun vәhşәtin mәn görmәyim didardәn.
 

Qəhrəman oğlu Hüseynqulu ağa da Gəncənin müstəqilliyi, istiqlalı üçün qalanın başqa bürcündə döyüşdə şəhid olmuş, şairin də dediyi kimi, qanını atasının qanına qatmışdır.

***

Qarabağ xanı İbrahimxəlil xanın 1796-cı ildə ilk dəfə Qarabağa-Şuşa qalasına hücum edən İranın əfsanəvi hökmdarı Ağa Məhəmməd şah Qacarın hücumuna qarşı Şuşa qalasının müdafiəsinə qalxması və verilən çətin və qanlı döyüşlərdən sonra şahın məğlubiyyəti qəbul edərək geri çəkilməsi də Azərbaycan qəhrəmanlığının örnək səhifəsidir. Döyüş müddətində şah ilə xan arasında yaranan yazılı dialoq çox maraqlıdır. Şah xanın kefini pozmaq üçün beyt yazır və xana göndərir:

 
Ze mencinige felek seng-i fitne mibared
To eblehane girefti miyane şişe gerar…
(tərcüməsi: Fitnə-fələkiylə göydən daş yağdırırkən, sən axmaq kimi şüşələrin arasında oturursan…)
 

Həmin vaxt xanın müşaviri olaraq hər işdə onun yanında olan şair Molla Pənah Vaqif o dəqiqə İran əsgərinin gətirdiyi təzkirənin arxasına bu beyti yazaraq şaha geri göndərir:

 
Ger nigehdare men anest ke men midanem
Şişera der beğele seng nigeh midared…
(tərcüməsi: O qoruyucudur ki, mən bunu bilirəm, şüşəni daşlar arasında taxtındaymış kimi qoruyar…)
 

Azad və müstəqil yaşamağa olan iman burda da, Cavad xanda olduğu kimi açıq görünür. Bu dəfə məğlubiyyəti qəbul edən Şah Qacar ordusunu geri çəkərək Gürcüstana hücum edir və Tiflisin altını üstünə çevirir. 1897-ci ildə ikinci dəfə şah Şuşaya hücum etsə belə məğlubiyyətə uğrayır və başı kəsilərək ayaqlar altına atılır. Bu haqda Vaqif haqqında olan bölümdə daha ətraflı danışılacaq.

İran şahı Fətəli şah Şirvan xanı Mustafa xana elçi göndərərək tabe olmağı təklif etmişdir. Lakin Mustafa xanın şaha cavabı sərt olmuşdur. Xan elçiyə:

“Padişahına de ki, padişahlıq qılıncı məndə də var”. Xan qul olmaq yerinə mübarizəni və məğlubiyyəti qəbul etmişdir. Şəki xanı Hacı Çələbi xanın Hindistanı fəth edən Nadir şaha qarşı Şəki qalasını müdafiə etməsi də ayrı bir dastandır. Çələbi xan eyni zamanda ruslarla da ağır döyüşlər aparmışdı. (Firidun bəy Köçərli, Azərbaycan Ədəbiyyatı Tarixi materialları).

Qafqaza gələn fatehlərin hər biri tarixin dərinliklərində yox olmuşlar. Qırmızı Rus İmperializmi də yox olacaq və tarixin qaranlıqlarında boğulacaqdır. Mən buna inanıram. Dünya var olduqca Azərbaycanla birlikdə yaşayacaq Gəncəli şair Nizami şeirlərini fars dilində yazsa belə ruhən tamamilə türk oğlu türkdür. Nizamidə başqa sufi şairlərdə olduğu kimi hər şeyi qəbul edən dərviş ruhu yoxdur. Qafqazlı türk oğlu olaraq mübarizə aparmağın vacibliyini hökm edirdi. Beləcə Qafqaz xalqlarının əzəli talelərini əks etdirmişdir. “Leyli və Məcnun”da deyir ki:

 
Nə vaxta qədər belə buz kimi donub qalmaq?
Nə vaxta qədər siçan kimi su üstündə ölü durmaq?
Keç, gül kimi yumşaq huyluluqdan…
Bənövşə kimi ikiüzlülükdən sıyrıl…
Yeri gələndə tikanlaşmalı,
Günü gələndə dəlilik etməli.
Tikan kimi mizrağını çiyninə vur,
Güldən çələnglər sənin olsun…
 

Başqa bir yerdə isə Nizami belə deyir:

 
Bu elə bir yerdir ki, ağılsızların qalası,
Həmişə zalımların, vergi deyib yerlər verirlər…
Arslan ürəkli olmayan başa keçməz,
Öküz ürəklilərdə iş olmaz,
Hər qəzaya boyun əymək nə üçün?
Hər cəfaya razı olmaq nə üçün?
Yüksək dağlar kimi arxanı bərk tut,
Sərt ürəklilərə qarşı sərt ol…
 

Budur, Azərbaycanlı şair, filosof və sufinin məsləhətləri…. Sədinin “hər şeyə eyvallah et” fikrinin əksini söyləyir.

XVI əsrin böyük şairi, filosofu, Hürufi təriqətinin qurucularından olan Azərbaycanlı şair Nəsimini Hələbdə diri-diri dərisini soyaraq edam elədikləri zaman, böyük iman sahibi bu zülmə bir dəfə də olsun “ah” demədən dözmüş və bu beytləri söyləmişdir:

 
Canını tərk eylə kim bu yolda canan bulasan
Hər ki, can verdi bu yolda, buldu ol cananəyi.
 
 
Zahidin bir barmağın kəssən dönüb haqdan qaçar
Gör bu miskin aşiqi sərpa soyarlar ağrımaz…
 

Şah İsmayıl Xətai Nəsiminin ölümü haqqında belə yazır:

 
Şah Xətai didarə bax
Mənsur ipin boynuna tax
Nəsimi oldu haqla haqq
Ol üzülən dərisidir.
 

XIX əsrin ortalarında Bəhailik təriqətinə mənsub olan Qəzvin hakiminin qızı Azərbaycanlı şairə Gürretüleyn Tahirə Nəsrəddin şahın əmri ilə diri-diri yandırılaraq edama məhkum ediləcəkdi. Edam günü şahın adamları şairə Tahirəyə nəsihət edirdilər: “Məzhəbini tərk eləsən şah da səni bağışlayar.” Tahirə bu nəsihətlərə verdiyi cavabla ölümü qəbul etdiyini bəyan etdi:

 
“Mən demərəm kim sən səməndər ol da ya pərvanə ol,
Çünki yanmaq niyyətimdir, dönmə gəl mərdanə ol…”
 

Rəhmətlik general İsmayıl Berkok “Tarixdə Qafqaz” adlı kapital əsərində qafqazlıların sosial-psixoloji xarakterinə misal kimi Lermantovun “Mıtsiri” poemasından bir hissəni türk dilinə tərcümə edərək göstərmişdir. Poemada Qafqaz dağlıları ilə ruslar arasında gedən döyüşlərdə 5-6 yaşlarında oğlan uşağının əsir götürülüb Gürcüstanda yerləşən “Mıtsiri” monastrına verilərək keşiş kimi yetişməsindən bəhs olunur. Həmin bu uşaq 15-16 yaşlarında olarkən monastrdan sıxılmağa başlayır və ildırımlı, fırtınalı bir gündə rahiblər ibadətlə məşğul ikən buradan qaçır. Qaçarkən meşədə kaftar ilə qarşılaşır və onunla boğuşmağa başlayır. Kaftarı boğub öldürməyi bacarsa da özü də ölümcül vəziyyətdə yaralanır. Meşədə ölümlə qarşı-qarşı dayanan bu kiçik uşağı tapırlar və monastra geri gətirirlər. Lermantov ölüm ayağında olan bu uşağı danışdırmağa başlayır. “Mən bu monastrda olduğum müddətdə vətənimi, vətənimin gözəlliklərini, millətimi, millətimin məğrur, mübariz simasını düşünmüşəm. Bu düşüncə məni yandırıb yaxan bir alov kimi idi. Bu düşüncə məni insanın ruhunu boğan, dualarla dolu havasız monastrdan mübarizəli və möcüzəli həyata çağırırdı sanki. Göz yaşları töküb dərd çəkməkdənsə, vətənim olan tanımadığım o müqəddəs torpaqları öpməyə and içdim.

Mən bu düşüncələrin odu, alovu ilə qaçdım. Əgər elədiklərim günahdırsa, mən günahımın bağışlanmasını istəmirəm. Dünya tayfun və tufana bənzəyən fırtına içərisində boğulduğu zaman və siz də qorxudan səcdəyə qapıldınız sırada mən qaçdım. Fırtına ilə qardaş kimi qucaqlaşdım. Çünki mənim içimdə də həmin fırtına var idi. Həmin an çox xoşbəxt idim. Gözlərimlə buludları izləyir, əllərimlə şimşəkləri tuturdum.

Söyləyin, mənim qanayan və qaynayan qəlbimlə, çöldəki fırtına arasında yaranan dostluğu siz bu ruhsuz divarlar arasında mənə verə bilərdiniz? Qaçırdım, amma hara? Onu mən də bilmirdim. Mənə yol göstərən bir ulduz belə yox idi.

Lakin mənim bu günə kimi ancaq və ancaq dərd çəkən sinəm azadlığın və təbiətin təmiz və təzə havası ilə dolurdu. Bu havanı ciyərlərimə çəkdikcə çox xoşbəxt olurdum, qəlbim sevinclə dolurdu. Saatlarca qaçmışdım. Fırtına dayanmışdı. Bir-birinə qarışan yer və göy bir-birindən yavaş-yavaş ayrılmağa, günəşin solğun görünən şüaları ilə dağların zirvəsi görünməyə başlamışdı. Tam səssiz və hərəkətsiz uzanırdım. Fırtına ilə qabarmış altımdakı azğın dərə, min bir çeşid səs çıxaran sözsüz gurultularla axırdı. Mən bu gurultuların mənasını anlayırdım. Bu gurultu çayın yatağında və ətrafında öz cərəyanını qırmaq istəyən daşlarla olan əzəli mübarizəni ifadə edirdi. Bu isə tamamilə məni və irqimi təsvir edir.

Qaçarkən nə etdiyimi soruşursunuz? Əgər bu günü yaşamasaydım mənim də həyatım sizin sönük həyatınızdan daha qaranlıq və daha kədərli olardı. Heyhat, bütün bu arzularımın gerçəkləşəcəyi bir zamanda mən bu yad məmləkətdə, bu qaranlıq yerlərdə əsir kimi ölməyə məhkum edilirəm.”

Lermantov, əzəli olaraq kabusa çevrilən imperialist millətlərin axınlarının qarşısını kəsmək üçün Qafqazlıların mübarizəsini çox gözəl və şairanə şəkildə çayların yatağında fırtına ilə qabaran sellərin öz cərəyanlarını qırmaq üçün daşlarla apardığı mübarizəyə oxşadır.

Hələb yaxınlığında yerləşən qədim Herapolis şəhərində doğulan və ömrünü elə bu şəhərdə tamamlayan (H. 206-284) məşhur ərəb şairi Bühtüri min ildən daha qədim dövrdə Yusif ibn Mehmet adlı birisini və eləcə də bütün azərbaycanlıları tərifləyir. Bu ərəb şairi öz dövründə Abbasi xəlifələrinin sarayında Bağdadda vacib mövqe tutanlardan biri olmuşdur. Ərəblər onun şeirlərinə “altun zəncirlər” deyirdilər.

Bühtüri bir şeirində belə deyir: “Ey azərbaycanlılar!.. Ey içi və çölü cəsur olan insanlar… Sizin döyüşlərdəki yardımlarınız heç bir zaman də unudulmayacaq. Yaxşılıqlarınızda heç bir pis niyyət yoxdur!

Əlinizdəki qılınclar qısa qalmadı və oxlarınız dəydiyi yerdən geri dönmədi. Və sözləriniz heç bir zaman yalan olmadı. Vəfalı olmaq sizin könlünüzdə və dilinizdə yer tutmuşdur.

Yağılarınızın burunları torpağa sürtünsün. Budur, sizin ulduzunuz yüksəlir. Rüzgarınızın əsməsi gündən-günə artır (qüvvəniz çoxalır). Sizin içinizdən öydüyüm bu soylu kimsə, hamınızın soyluluğunu bizə göstərir.

O şəhərlərdə valilik etdi. Ədalət işığı ilə zülmün qaranlığını yox etdi. Sizə bol-bol ehsanlar verdi və onun sizə heç bir əziyyəti olmadı. Yaxşılıq edənlərə bəxşişlər verdi, pislik edənlərə heç bir şey demədi. (Ord. Prof. M. Şərafəddin: Azərbaycan Yurd bilgisi, 1933, n. 23, s. 369).

Hələb yaxınlığında doğulan böyük bir ərəb şairinin azərbaycanlıları min il əvvəl bu qədər tərifləməsi xalqımız, millətimiz üçün qürurvericidir. Yüz ildən artıq bir vaxtdan bu yana əvvəllər Çar Rusiyasının, yarım əsrdən bəri isə Rus imperializminin yox edici zülmü altında inləyən millətimiz min il əvvəl qəhrəmanlığı ilə seçilən millətdir. Azərbaycanın sosial-psixoloji xarakteri qısaca bundan ibarətdir.

XANLIQLAR DÖVRÜNDƏ AZƏRBAYCANDA İQTİSADİ DURUM

XIX əsrin əvvəllərində rusların Azərbaycanı işğala başladıqları dövrdə sosial baxımdan hansı səviyyədə olduğunu qısaca gördük və Azərbaycanla müqayisə etdik. İndi isə iqtisadi cəhətdən qarşılaşdıraq. Elə düşünürlər ki, Bakı neftini Azərbaycanda ruslar kəşf ediblər. Əslində məsələnin belə olmadığı və zamanında xanlıqların bu sərvətin Azərbaycan üçün iqtisadi cəhətdən əhəmiyyət kəsb etdiyini sənədlərə istinadən verəcəyimiz məlumatlar əsasında göstərəcəyik.

Ruslar Azərbaycanda aqrar sahə ilə bağlı özlərinin bilmədikləri yüksək əkinçilik üsuluna yiyələniblər. Pambıq əkini ilə ipək emalından yetərincə istifadə ediblər. Sulama ilə bağlı yerli “Mir-ab” təşkilatı o zamanlar Rusiya su idarəsi nizamnaməsinin əsasını təşkil etmişdir. İrəvan xanlığındakı sulama təşkilatı rus tarixçilərinin də qəbul etdikləri kimi dövrünün örnək təşkilatı idi. Gəncə ruslar tərəfindən tutulan zaman şəhərdə pəncərə-şüşə emalatxanaları ilə birlikdə 400-ə yaxın ipək fabriki və şəhər kənarındakı Daşkəsən, Bayan və Seyah ərazilərində dəmir mədənləri var idi. (İslam-Türk ensiklopediyası, c. I, n. 45, s. 720- M. Ə. Rəsulzadə)

1.İpəkçilik

XIV və XV əsrlərdə Azərbaycan ipəyi İtaliyada çox məşhur idi. Şəki ipəyinə “Seta Sicchi, Sacchi”, Gəncə ipəyinə isə “Seta Gengia” deyirdilər. İpəyin istehsal olunduğu ölkənin adı ilə tanınması bu mallara etibar edildiyinin göstəricisidir. İtalyan tacir və səyyahı Contarini deyir: “1475-ci ilin dekabrının ilk günündə Şamaxı şəhərinə çatdıq. Bu şəhərdə ipək hazırlayırlar. Bizdə belə yerə “Talamon” deyirlər. Xalqın yaşayışı burada olduqca yüksəkdir.” Bu tarixdən 100 il sonra səyyah Dıjenkinson Azərbaycan ipəkçiliyi haqqında fikirlərini qeyd edir: “Türklər öz yurdlarında ipəkdən müxtəlif çeşidli mallar hazırlayırlar. Bura ipək, pambıq və yun parçaları ilə məşhurdur. Ən çox tanınan, məşhur ipək bölgəsi isə Şamaxı hesab olunur. İstehsal edilən incə ipək sap Rusiyaya göndərilir. Qalın ipdən bel üçün şallar toxunur. İstanbulun Fateh II Mehmet tərəfindən fəthindən sonra İtalyan səyyahlar üçün Azərbaycana gələn yollar bağlandı. Contarini bildirir ki, ipək Təbrizə gətirilir, oradan isə Hələb yolu ilə Avropaya göndərilirdi.

Digər ticarət yolu Astraxandan və Volqa çayı üzərindən keçirdi.

1712-ci ildə Dağıstandan gələn ləzgilərin Şamaxını işğal etdikləri dövrdə Rusiyanın varlı taciri Evreniova məxsus qarət edilən ipəyin dəyəri 170 min rubl idi. Bu rəqəm Şamaxının ipək istehsalı və ticarətinin vəziyyətini açıq şəkildə göstərməyə kifayət edir. 1809-cu ildə rus mənbələrindən əldə edilmiş statistikaya görə, Şirvanda 5007 pud, Qarabağda 4000 pud xam ipək istehsal edilmişdir. (Azərbaycan Yurd Bilgisi- M. A. Əlizadə: Azərbaycan İpək Sənayesi, 1932, n. 10, s. 349-350)

2. Neft

Azərbaycanda neftin ruslar tərəfindən kəşf edilmədiyini rus tarixçisi Kaspari də qeyd edir:

“Abşeron bizim dövrümüzdən bir neçə əsr əvvəl də tanınırdı. B.e.ə. VI əsrdə Bakıda daim od-alov saçan ocaqlar var idi. Minlərlə oda sitayiş edən atəşpərəstlər ibadət etmək üçün bu ərazilərə gəlirdilər. Əslən Şimali Azərbaycanlı olan Zərdüştin Qafqaz ərazisində yaşadığını nəzərə alsaq, Bakının alovlarından ilham alaraq atəşpərəstlik dinini yaratdığı ehtimalının yüksək olduğunu deyə bilərik. Bizim neft (rus neftini nəzərdə tutur) haqqında ilk dəfə tarixi məlumatı ərəb tarixçisi Məsudidən alırıq. Katib Çələbidən isə Bakının ətrafı Daşqala ilə əhatələnən şəhər olduğunu və şəhərin mərkəzində yerləşən bəzi daşların odun kimi yandığını və eyni zamanda 500-ə yaxın quyudan ağ və qara neft çıxdığını öyrənirik.

XIII əsrdə Marko Polo neftin işıqlandırma məqsədi ilə istifadə olunduğunu, dəvələrlə hətta Bağdada kimi aparıldığını, Bakıda neft fontanı vurduğu zaman axan neftlə bir saat ərzində 100 gəminin doldurulmasının mümkünlüyünü yazır. XVIII əsrdə akademik Kempfer Bakını gəzmiş və daha sonra Bakı nefti haqqında geniş məlumatlar vermişdi. Kempferdən sonra akademik Gepvay, Lerhe və Gimelin Abşeron yarımadasını ziyarət etmişlər. Lerhe müşahidələri haqqında yazır: “Mən burada 52 neft quyusu gördüm. Qara nefti daşdan oyulmuş çuxurlara doldurduqdan sonra dəri tuluqlara tökür və arabalarla Bakıya aparırlar. 26 neft quyusu işləkdir. Neftin böyük ticari əhəmiyyəti mövcuddur. Neft quyularının dərinliyi 20 sajen3 olduğu və hər bir quyudan gün ərzində 500 batman neft çıxarıldığı məlumdur. Quyuların dərinliyindən qaynayan neftin uğultulu səsi eşidilir.” Lerhenin verdiyi məlumatlar içərisində ən maraqlısı isə qara neftin xüsusi qurğunun köməkliyi ilə ağ neftə çevrildiyini bildirməsidir. Lerhe bu barədə deyir: “Neft quyudan çıxarılarkən tünd, yanmış qəhvə rəngində olur. Qurğudan keçirildikdən sonra isə açıq sarı rəng alır. Quyudan çıxan neft tez alışmır. Lakin, təmizlənmiş neft tez alışır.” Bütün bu deyilənlərdən belə məlum olur ki, mazutdan kerosin alınması hələ xanlıqlar dövründən 200 il əvvəl də xalqa bəlli idi. Ancaq Lerhe qara neftin ağ neftə çevirən qurğunun iş prinsipi haqqında heç bir məlumat vermir. (A.A. Kaspari “Fəth edilən Qafqaz”, Peterburq 1904, s. 585-586). Bakı nefti haqqında ən çox məlumatı rus tarixçilərinin də bildirdiyi kimi, ərəb tarixçiləri verir. Prof. Ahmet Zeki Velidi ərəb və Osmanlı mənbələrinə istinadən Bakı nefti haqqında qiymətli məlumatlar vermişdir. Həmin məlumatlardan bəzilərinə diqqət edək:

Məsudi Bakı nefti kimi ağ neftin dünyanın heç bir yerində mövcud olmadığını deyir. Yanan neft quyularının alovlarının gecələr uzaq məsafələrdən göründüyünü də qeyd edir. Tarixçi eyni zamanda Xəzər dənizindəki bir adanın üç müxtəlif yerindəki vulkandan da bəhs edir.

İstahri C nüsxəsində (s. 190) Bakıda yaşıl və ağ neftin tapıldığını və Muğanla Bakı arasında balıqların ovlandığı ərazilərin olduğunu bildirir.

Hadudel al-Aləm-in müəllifi Bakıdan danışarkən belə deyir: “Bu şəhər dəniz sahilində bir şəhərdir. Dağlara yaxın yerləşir. Dilemilərin yurduna neft buradan aparılır.”

Yaguti Həməvi Bakı haqqında deyir: “Bakıda böyük neft quyusu var ki, hər gün min dirhəm var- dövlət gətirir. Bu quyu yaxınlığında başqa bir quyudan gecə-gündüz ağ neft axır. Ikinci quyudan da həmin miqdarda sərvət əldə olunur.”

Dərbənd tarixi ilə bağlı ərəb mənbələrindəki qeyddən: “Bakı neftinin varidatı Abbasi xəlifəsi Mənsurun dövründə Dərbənd Haşimilərinə həvalə olunmuşdur” (s. 38)

Həmdullah Bakuyi Şirvan əsərində yazır: “Buradakı neft mədənləri İran vilayətindəki (O dövrdəki Elxanilər dövlətini nəzərdə tutur) ən böyük neft mədənləridir.

XV əsrdə yaşamış Abd-əl-Raşid Salih ibn Nuri əl-Bakuyi adlı alim 1403-cü ildə “Talhis al-Athar fi acayip al-Aktar” adlı əsərində (Paris Milli Ktp. anc. fond. 2246) vətəni olan Bakı haqqında çox az məlumat verərək, qara neftin gün ərzində 200 qatır yükü qədər istehsal olunduğunu yazır.

Bakı XV-XVI əsrlərdə çox inkişaf etmişdi. Şirvan Osmanlıların hakimiyyəti altına keçdikdən sonra Şirvan valisi Özdəmir Osman Paşanın baş təzkirə yazanı Dal Mehmet Asafi Paşa “Şücaətnamə” əsərində Bakı nefti haqqında geniş məlumat verir, eyni zamanda o dövrdəki Azərbaycan iqtisadiyyatını işıqlandırırdı. Asafi Paşanın verdiyi məlumatlara görə, 1583-cü ildə ağ neft quyularından əldə olunan gəlir illik 10 yük sikkə, yəni 10000000 qəpik (2105000 qızıl frank), duz göllərindən illik istehsal 3000 zirzəmi duz, Şil balıq ovunun günlük gəlir 10000 sikkə (5000 qızıl qəpik) idi. Ticarət gəmiləri xüsusi ilə Gilandan gəlib gedirdi. Neftlə parça mübadiləsi mövcud idi. Hər məhsuldan 1/25 damğa (vergi növü) alınırdı. (Prof. Ahmet Zeki Velidi, “Azərbaycan Tarixi, Coğrafiyası”, II, Azərbaycan Yurd Bilgisi, Fevral 1932, n. 2, s. 70-71-72). Asafi Paşanın iqtisadi durumla bağlı şeirini də qeyd edək:

 
“Neçə min yük neft olur hasilləri,
Nəğd on yük sikkə var gəlirləri.
 
 
Ağ neftin mədəni var onda həm,
Ab-veş çah içində qaynar dəmbədəm.
 
 
Var yenə yanında bir duz mədəni,
Doldurur hər il otuz yüz zirzəmini.
 
 
Bend-i mahi var dahi “Şil” namıdır,
Sim zer mahilerinin damıdır.
 
 
Günde on min akçedir ana xərac,
Belə bağlanıb əzəldən ana baç.
 
 
Keçdilər memlu gelür her dem kumaş,
Neft ilə tebdil edib eylər maaş.
 
 
Keşti-i Gilan kesilmez muttasıl,
Hocalar sevdadan olmaz munfasıl.
 
 
Sattığı qalası hep alacadur,
Sanki Misir alacası a`lacadır.
 
 
Hər metaından iyirmi beşdə bir
Alınır tamğa deyü ey binazir”
 

Rus, ərəb və osmanlı mənbələrinə əsasən verdiyimiz məlumatlardan da bəlli olur ki, Azərbaycan rus işğalından çox əvvəl və rus işğalına yaxın dövrlərdə iqtisadi cəhətdən coğrafi çevrəsindəki ölkələrdən daha üstün idi. İpəkçilik, balıqçılıq, duzçuluq, heyvandarlıq, sulama və kənd təsərrüfatı və ən son neft bu ölkədə çox inkişaf etmişdi. Rusların Azərbaycanı işğal etməsi nəticəsində iqtisadiyyat çox gerilədi. Çünki həmin dövrlərdə ruslarda iqtisadi gerilik hökm sürürdü. Hələ neft sahəsindən heç nə anlamırdılar. Azərbaycanı işğala məruz qoyan rusların mədəni səviyyələrinin nə yerdə olduğunu rus tarixçisi Kasparinin fikirləri əsasında öyrənək:

“1813-cü ildə Rusiya və İran arasında imzalanan Gülüstan anlaşmasına görə, Bakı, Dərbənd və Quba Rusiyanın tabeliyinə keçdi. Bu tarixdən sonra neft quyuları xəzinəyə verildi. Xəzinə isə neft quyularına əhəmiyyət vermədi və quyular öz məhsuldarlığını itirdi. Ancaq 1820-ci ildən sonra Gürcüstanda yerləşən rus ali idarəetmə qüvvələri bu quyuları 4 il müddətində icarəyə verdilər. Bundan sonra neft dövlətə ildə 100000 rubl gəlir verməyə başladı. 1825-ci ildən sonra isə bu quyuları dövlət özü idarəetməyə başladı. Nəticədə isə illik gəlirin 76000 rubla endiyi müşahidə olunmuş və yenidən icarəyə verilmişdi. Beləcə 1850-ci ilə qədər bu quyuları bəzən dövlətin özü idarə etmiş, bəzən isə icarə üsuluna üstünlük verilmişdi. Dövlətə isə ildə 4500000 gəlir gəlirdi.

Xanlıqlar dövründə neftdən kerosin hazırlanması qaydası unudulmuşdu. Bu üsul vasitəsi ilə neftin daha çox istifadəyə yararlı və faydalı olduğu, əmtəəyə çevrildiyi heç kimin ağlına gəlməmişdi. Xəzinə ildə 85000 rubl gəlir qazanmaqla fəxr edirdi. Neft istehsalı getdikcə azalırdı. 1825-1850-ci illər arasındakı istehsal miqdarında heç bir artım yox idi. Xəzinə bu gəliri nefti çox bahasına (35-40 qəpik) sataraq əldə etmişdi. Neft bu qədər baha satıldığı üçün heç kəs almaq istəmirdi. Bu vəziyyət 1859-1860-cı illərdə Amerikada fotojen (kerosin) kəşf edilənə qədər davam etdi. 1864-cü ildə Rusiya Amerikadan 189135 pud, 1869-cu ildə 1049472 pud, 1872-ci ildə 1790335 pud kerosin idxal etmişdi. Rusiya neft müqabilində 35 milyon rubl məbləğində pul ödəmişdi. 1874-cü ildə Robert Nobel və qardaşı Ludviq Nobel Bakıya gələnə qədər rus neft sənayesi ibtidai dövrünü yaşadı. (A.A.Kaspari, “Fəth edilən Qafqaz”, s. 586-589).

Bu tablo rusların Azərbaycanı işğal etdikləri dövrdə XVIII əsrin birinci yarısındakı vəziyyəti göstərməyə kifayət edir.

XANLIQLAR DÖVRÜNDƏ AZƏRBAYCANDA MƏDƏNİYYƏT

Ədəbi dil bir millətin sənət yaradıcılığını yazılı şəkildə ifadə etdiyi dildir. Bir millətin söz yaradıcılığını şifahi şəkildə ifadə etdiyi dili də var. Buna “xalq ədəbiyyatı” deyirlər. Xalq ədəbiyyatını təşkil edən nağıllar, nəğmələr, ağılar, məsəllər, tapmacalar və insanı kövrəldən bədii janrlar ağızdan-ağıza, nəsildən-nəslə keçərək dövrümüzə qədər gəlib çıxmışdır. Ədəbi dil sintaksis və qrammatika qaydalarına uyğundur. Xalq ədəbiyyatında yaxud da xalq dialektində bu qaydalara əməl olunmur. Ümumilikdə ədəbiyyat dedikdə həm bir millətin yazılı ədəbiyyatı, həm də şifahi ədəbiyyatı (xalq ədəbiyyatı) nəzərdə tutulur. Ancaq bir millətin ədəbi dili zamanla inkişaf edərək həmin millətin hüquqi dilinə, elmi dilinə, idarəetmə dilinə və ən sonunda dövlət dilinə çevrilir.

Orta əsrlərdə Avropada yalnız kökləri latın olanların deyil, cermenlərin də ədəbi dili latınca idi. Orta əsrlər dövründəki latınca klassik qədim latın dilindən çox fərqlənirdi. Biz türklərdə də vəziyyət belə olmuşdur. İslam dinini qəbul etdikdən sonra fars və ərəb dilləri biz türklərin din, fəlsəfə, ədəbiyyat dili və hətta bəzi əsrlərdə dövlət dili də olmuşdur.

Bu tarixi inkişafın təbii nəticəsi kimi b.e. 870-ci ilində Türküstanda Mavərənnəhrdə doğulan Fərabi (“Seyhun və Ceyhun çayları arasında Mavərənnəhr deyilən ərazidəki Fərab və ya Otrar kəndində doğulub. Atası Məhəmməd, babası Turhan, baba atasının adı Özluğ idi.” Hilmi Ziya Ülken və Kıvamettin Burslan: “Fərabi” Kanaat Kitab evi, İstanbul 1940) və Buxaranın Afşin kəndində doğulan İbn Sina ərəbcə, Gəncəli Nizami, Konyalı Mövlana Cəlaləddin Rumi və Mövlananın ustadı Şəms Təbrizi əsərlərini fars dilində yazmışdır.

Xanlıqlar dövründə Azərbaycan şairlərinin də bu ənənəni davam etdirdiyi açıq müşahidə olunur. Bu dövrdə fars dilində yazmayan şair demək olar ki, yoxdur. Çünki həmin bu dövrdə fars dilində şeir yazmaq şair üçün üstünlük hesab edilirdi. Bununla yanaşı dövrün şairləri fars dili ilə bərabər türk dilində də şeirlər yazmışdılar. Şükürlər olsun ki, bu şeirlər arasında bizə məxsus olan heca vəznində yazılmış şeirlər də var. Beləliklə, şairlər xalqa yaxınlaşmış və onlarla birlikdə ənənəvi mənəvi Azəri türk varlığını, toplumunu formalaşdırmışdılar.

Xanlıqlar dövrü ədib və şairlərindən Qarabağlı Molla Pənah Vaqif və Qazaxlı Molla Vəli Vidadi haqqında danışacağıq. Bu dövrdə hər bir xanlıq daxilində ədəbi məclislər qurulurdu. Mədəniyyət, zövq, anlayış, ədəbi tərz baxımından bir-birindən elə də çox fərqlənmirdilər. Məhz bu səbəblə Vaqif və Vidadi ilə kifayətlənəcəyik. Onu da etiraf etmək lazımdır ki, bu iki şair öz dövrlərində fərqli xüsusiyyətlərə malik olmuş və Azərbaycan xanlıqları ədəbi mühitinə təsir etmişdirlər.

MOLLA PƏNAH VAQİF

Əslən Qazaxlı olan Vaqif Qarabağ xanlığı rus işğalında olmadığı dövrün şairidir. 1797-ci ildə vəfat etmişdir. Ölərkən 80 yaşında olduğu deyilir. Vaqifin həyatı çox əziyyətli keçmiş, sonunda ölümü də ağır olmuşdur. 1772-ci ildə elat (köçəri tayfalara verilən ad) ilə birlikdə Qarabağa köçdüyü rəvayət edilir. Çox kasıb olan kövrək şair dövrünün klassik elmlərini öyrənmişdir. Bütöv sözlü, cəsur, çalışqan şəxsiyyət olduğu həyat və yaradıcılığından da bəlli olur. Kasıb olduğunu satira ilə şeirində əks etdirmişdir:

 
Bayram oldu, heç bilmirəm neyləyim…
Bizim evdə dolu çuval da yoxdur.
Düyüylə yağ hamı çoxdan tükənmiş
Ət heç ələ düşməz, motal da yoxdur.
 
 
Allaha bizmişik naşükür bəndə,
Bir söz desəm, dəxi qoymazlar kəndə.
Xalq batıb noğula, şəkərə, qəndə,
Bizim evdə axta zoğal da yoxdur…
 

Kamal sahibi kimi qısa vaxt ərzində Qarabağda tanınan Vaqifi Qarabağ xanı İbrahim xan öz sarayına çağırmış və onu eşik ağası təyin etmişdi. Molla Pənahın ağlını və idarəsini bəyənən xan çox keçmədən onu vəzir təyin edir. 1796-cı ildə Ağa Məhəmməd şah ilk dəfə Qarabağa hücum edərkən Vaqif də xanın yanında idi. Xanın mənliyini sındırmaq üçün şah Qacarın yazdığı farsca mənzum bir bəndi Vaqifin özünə xas böyük ustalıq və hazırcavablıqla eyni şəkildə dərhal cavablandırdığını əvvəldə qeyd etmişdik. Bu hadisədən sonra şah Vaqifi tanımışdı.

Şah ilk yürüşü zamanı Qarabağ xanı İbrahim xana məğlub olmuş və Şuşa qalasını ala bilməmişdi. Bu döyüşdə məğlub olan şah Tiflisə – Gürcüstana hücum edir. Qarabağ tarixini yazan Mirzə Camal Vəzir Qarabaği bu hadisələri belə təsvir edir:

“Bu döyüşdə mən özüm də xanın yanında idim. Qarabağın müsəlman və erməni əhlindən ibarət bütün qoşun xanın yanında əmrə tabe durmuşdular. Şahın yazdığı kinayəli məktuba İbrahim xanın vəziri Vaqif tərəfindən yazılan cavabı oxuyan Ağa Məhəmməd Şah Qacar qəzəbləndi. Qalaya hücum və hər tərəfi darmadağın etməyi əmr etdi. Amma nə xan, nə də onun əyan və köməkçiləri, cəsur sərkərdələri qorxmadan mübarizəyə hazır olduqlarını nümayiş etdirdilər. Qarabağın atlı və piyada qoşunu gecə-gündüz bilmədən dar yolları kəsib Ağa Məhəmməd şahın ordusu üçün aparılan azuqə karvanını saxlayır, ordudan kənarlaşan ordu mənsublarını əsir alır, xəbər aparıb-gətirən şəxsləri tutaraq öldürür, xanın hüzuruna gətirirdilər. Bir neçə dəfə Ağa Məhəmməd şah qoşunu ilə birlikdə hücuma keçsə də, İbrahim xanın dəstəsi hücumun qarşısını almış və qalanı müdafiə etmişdilər. Ağa Məhəmməd şah isə məğlub olaraq geri çəkilmişdi. (Firidun bəy Köçərli, I cild, I hissə, s. 102-103)

Ağa Məhəmməd şah İranda Qacarlar sülaləsini hakimiyyətə gətirən şəxs idi. Nadir şahın qohumu olan və onun ölümündən sonra hakimiyyəti ələ keçirən Kərim xan tərəfindən xədim edilmişdir. Qısa boylu, arıq, eyni zamanda xəstəyə bənzəyən bu gənc cəsur və ağıllı idi. Kərim xan öldükdən sonra İran taxtı uğrunda gedən mübarizəni qazanmışdı. Bu döyüşlərdə Girmanı ələ keçirərək rəqibini məğlub etdi. Girmanın bütün kişilərinin öldürülməsini və qadınlarının da əsir edilməsini əmr etdi. Belə rəvayət olunur ki, Girmanda öldürülənlərin çıxarılmış 7000 gözünü öz əli ilə saymışdı. Bu qədər qəddar və zalım biri idi. (V.M. Sisoyev “Azərbaycan tarixinin qısa xülasəsi” Bakı 1925, s. 96)

Qarabağ xanı İbrahim xanın məğlub etdiyi şah belə biri idi. Tiflisi yağmaladıqdan sonra İranın Girman və Şiraz bölgələrində üsyan qaldırıldığını öyrəndi və ölkəsinə geri qayıtdı. 1797-ci ildə İbrahim xandan qisas almaq məqsədi ilə Qarabağa geri qayıtdı. Bu dəfə Qarabağda vəziyyət fərqli idi. Quraqlıq bu məhsuldar xanlığı zəiflətmişdi. Tarixçi Vəzir Mirzə Camal bu haqda yazır:

“Buğdanın 8 pudu, yəni 100 kilosu 100 manata idi. Arpa və darının 8 pudu 60 manata güclə satılırdı. Xalq at, eşşək və qatır əti yeyirdi. Əlbəttə ki, belə bir vəziyyətdə döyüşə taqətləri yox idi. Xalq pərən-pərən olmuşdu. Sakinlərin çoxu isə aclıqdan məhv olmuşdu. (Firidun bəy Köçərli, s. 104).

Ağa Məhəmməd şahın ikinci yürüşü zamanı İbrahim xan mübarizənin mənasız və imkansız olduğunu anladı və Car-Beyləqan (Zaqatala) tərəfə çəkildi. Şah Şuşa qalasını müqavimətsiz aldı və özünə layiq şəkildə, qəddarcasına qisas almağa başladı. Çox insanı öldürdü.

Molla Pənah Vaqifi də tutduraraq zindana saldırdı. Axşam olduğu üçün sabah səhər onu edam edəcəkdi. Birinci yürüşündə İbrahim xana yazdığı həcvin cavabını Vaqifin yazdığını bilirdi. Şahın sərkərdələri Molla Pənahı zindana atmazdan əvvəl ona işgəncə etmişdilər. Vaqif qorxmadan öz sözünü deyə bilmişdi. Şahın sərkərdəsi Məhəmməd Hüseyn xana “Mən əgər dustağamsa şahın dustağıyam, sən kimsən ki, məni təhqir edirsən?!” (“Şeb abesten est ta çez ayet seher”-(gecənin sabahı da var)) demişdi.

Xülasə “Sabah şah necə əmr etsə, elə də öldürərsiniz” deyən Vaqifi zindana atdılar. Belə rəvayət olunur ki, Vaqif rəml elmini bilirdi. O gecə zindanda sabaha kimi yatmayıb rəml atmışdı, sağdan-sola, soldan-sağa yazaraq həmin gecə şahın ömrünün sonu olduğunu müəyyən etmişdi. Səhər açılan kimi zindan qarovulçusuna şəhərdən bir xəbər olub-olmadığını xəbər aldı. Lakin, qarovulçu bir şey bilmədiyini dedi. Bir saat sonra Vaqif eyni sualı təkrarlasa da cavab dəyişməmişdi. Üstündən çox keçmədən Ağa Məhəmməd şah Qacarın gecə Şuşalı Abbas və Səfər Əli bəy tərəfindən başının kəsilməsi xəbəri şəhəri bürüdü. Bu xəbəri eşidən xalq zindana hücum etdi və məhbusları azad etdilər. Həmin vaxt Vaqif də azad olundu.

Ehtimal olunur ki, Şuşa qalası ələ keçdikdən xeyli vaxt sonra tutulan Vaqif şaha qarşı sui-qəsd hazırlandığını bilirmiş. Şairliyi, həssaslığı, gələcəyi görmə bacarığı ilə həmin günlərdə belə bir hadisənin baş verəcəyini sezirmiş. Şahın kəsik başı Şuşa bazar meydanında ayaq altına atılaraq top kimi o tərəf, bu tərəfə sürünmüşdü. Bütün bu hadisələrdən ilhamlanan Vaqif bunu Allahın ədalətinin göstəricisi kimi qiymətləndirirdi. O, Qazaxlı həmyerlisi və dostu Molla Vəli Vidadiyə aşağıdakı şeiri göndərmişdir:

 
Ey Vidadi, gәrdişi-dövrani-kәc rәftarә bax!
Ruzigarә qıl tamaşa, karә bax, kirdarә bax!
 
 
Әhli-zülmü necә bәrbad eylәdi bir lәhzәdә,
Hökmi-adil padşahi-qadirü qәhharә bax!
 
 
Sübh söndü şәb ki, xәlqә qiblә idi bir çirağ,
Gecәki iqbalı gör, gündüzdәki idbarә bax!
 
 
Taci-zәrdәn ta ki, ayrıldı dimaği-pürqürur,
Paymal oldu tәpiklәrdә sәri-sәrdarә bax!
 
 
Mәn fәqirә әmr qılmışdı siyasәt etmәyә,
Qurtaran mәzlumu zalımdan o dәm qәffarә bax!…
 

Taleyin qismətinə baxın ki, İranın qəddar şahının əlindən xilas olan Vaqif illərlə xidmət etdiyi Qarabağ xanı İbrahim xanın qardaşı Mehri Əli xanın oğlu Məhəmməd bəy tərəfindən oğlu Əli bəy ilə birlikdə öldürülmüşdür. Bu hadisə barəsində fərqli rəvayətlər mövcuddur. Ancaq mövzudan uzaqlaşmamaq üçün bu rəvayətlərə toxunmayacağıq. Ancaq Məhəmməd bəy haqqında bir neçə faktı qeyd etmək yerinə düşər. Şahın başı kəsildikdən sonra İran əsgərləri təlaşa düşdülər və Qarabağı-Şuşanı tərk edib getdilər. Qarabağ xanlığının idarəsi isə Məhəmməd bəyin əlinə keçdi. O, şahın xəzinəsini talamağa başlamışdı artıq. Digər tərəfdən Vaqifin Qarabağ xanlığının idarəsində İbrahim xanın vəkili olduğu məlumdur. Bu səbəbdən şah öldürüldükdən sonra aralarında anlaşılmazlıqların yarandığı ehtimal olunur. Bu məlumata “Riyazül-aşikeyn” adlı əsərdə qısa şəkildə rast gəlinir: “Bir neçə gün sonra (yəni həbsdən çıxdıqdan bir neçə gün sonra) Məhəmməd bəy Mehrəli bəy oğlu (Ağa Məhəmməd şahın əmri ilə xaqanlıq edirdi) ədavətə görə Molla Pənahı və oğlu Əli bəyi öldürdü. (Məhəmməd ağa Müctəhidzadə “Riyazül-aşikeyn” Dərsəadət 1328, s. 9).

Vaqif ölüm anında belə açıq sözlü, cəsarətli olduğunu nümayiş etdirmişdi. Onları edama apardıqları zaman Əli bəy atasına sual verir: “Ata, bizi hara aparırlar?” Mərhum Molla Pənah isə cavabında “O yerə ki, biz özümüz də ora çox adam göndərmişik.” (“Riyazül-aşikeyn” s. 26).

Buradan aydın olur ki, xanın vəkili Vaqif də bir çoxlarının ölümünə fətva vermişdi. Vaqifi edam etdirən Məhəmməd bəy haqqında çox az məlumatımız var. “Mərhum Məhəmməd bəy isə Rizvan-məkan İbrahim xan Cavanşirin qardaşı Mehrəli bəyin xələfidir. Ağa Məhəmməd şah Şuşa qalasını tutduqdan və İbrahim xan Car-Balakənə qaçdıqdan sonra Məhəmməd bəy Qarabağın pərakəndə olmuş əhalisini başına toplamış və bir müddət hökmranlıq etmişdir. Daha sonra Şəki xanı Məhəmmədhəsən xanın qurduğu tələyə düşərək Qarabağdan Şəkiyə getmiş və oraya çatan kimi Məhəmmədhəsən xan tərəfindən həbs edilmişdi. Məhəmmədhəsən xan onu Şirvan hakimi Mustafa xana təslim etmişdi. Mustafa xan isə onu ədavət səbəbi ilə öldürdü.” (“Riyazül-aşikeyn” s.248). Bu qısa məlumat çox əhəmiyyətli bir məsələni işıqlandırmış olur.

Şəki xanı Məhəmmədhəsən xanın oğlu Səlim xan İbrahim xanın kürəkəni idi. (Sısoyev, s. 100). Deməli, Şah Qacar Şuşada öldürüldükdən sonra Qarabağ xanı İbrahim xan Beyləqandan Şuşaya qayıdana kimi Qarabağın idarəsini qardaşı oğlu Məhəmməd bəy əlinə almışdı. Bu şəxs onsuzda şah tərəfindən də xan təyin olunmuşdu. İbrahim xan Qarabağa geri qayıdıb idarəni əlinə aldıqdan sonra qardaşı oğlunun idarəsi və bəlkə də Vaqifin öldürülməsini bəyənmədiyi üçün Məhəmməd bəyi bəhanə ilə Şəki xanının yanına göndərilib həbs edilməsinə, hətta Şirvan xanına təslim edilərək öldürülməsinə də razı olmuşdu. Şirvan xanı ilə Qarabağ xanı və Vaqif arasındakı dostluqdan sonralar danışacağıq.

1.H.Baykara. Azərbaycan istiqlal mübarizəsi tarixi. 2017.
2.Saldat-əsgər
3.1 sajen- 3 arşın

Ücretsiz ön izlemeyi tamamladınız.

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
29 ekim 2022
Hacim:
234 s. 7 illüstrasyon
ISBN:
978-9952-8210-5-6
Telif hakkı:
JekaPrint
İndirme biçimi:

Benzer kitaplar