Kitabı oku: «Cəhənnəm»

Yazı tipi:

İsa Muğanna

CƏHƏNNƏM

(ƏsƏr)

1. Fantastikasız fantastika

“Cəhənnəm” deyilən doğrudan da varmı, ya yoxdur? Varsa, ömrü onsuz da işgəncələr içində keçən insanı bir daha, özü də daimi əzaba salmağa hansı vicdansız yaradıcıya lazım olub?

Və ya cəhənnəm yoxdursa, bir para adamın dediyi kimi, “insanı bəd əməldən çəkindirmək, qorxutmaq üçün Din uydurmasıdır.

Elə isə bir ağıllı və məntiqi sual da doğur ki, əgər bu “qır qazan”lı, “Odabaşı”lı dəhşət həqiqətən uydurulmuş yalandırsa, “Mif”dirsə artıq iyirmi ikinci əsrə qədəm qoymuş “sivilizasiya”lı bəşəriyyətdə bircə nəfər alim-filan tapılmayıb ki, “Cəhənnəmin doğrudan da varlığını və ya “mif”liyini sübut etsin?! Bu qəbildən sual axtarsan yenə tapılar.

Mən isə, Cəhənnəmin varlığı, yoxluğu və sairə suallar üzərində düşünməkdən canımı çoxdan qurtarmışam və birbaşa deyirəm, var Cəhənnəm! Vaxtilə mərhum Muğannalardan eşitdiyim, sonra özümün, necə deyərlər, öz gözümlə gördüyüm əzab-işgəncə məkanını bütün təfsilatı ilə yazmağa hazıram.

Və yazıram, oxuyun. Şübhə yoxdur ki, Cəhənnəm haqqında həqiqət hamıya lazımdır.

Bünyad bəyin gözlərini əvvəlcə nazik yapışqanlı “leykoplastr”la, sonra qara lentlə niyə bağladılar? Maşında biri sağında, biri solunda ötürüb, neçə saatlıq yolda bir kəlmə də danışmadan gedib sərhədi necə keçdilər? – Bunlar Mazandaran meşəsində məlum oldu. Hadisə də, əslində, elə orada – meşədə başlandı: Bünyad bəy lap çoxdan görmədiyi agenti Qumralın səsini eşitdi:

– İqamətgaha gözü bağlı gətirildiyinə görə bizi bağışla, Bəy. Sənin istəkli “Bakirələr”iyin hamısı, o cümlədən mən, gözübağlı gətirilmişik buraya, getmək lazım gələndə də gözübağlı aparılmışıq. Parisə, Moskvaya İmamımızla görüşməyə aparılanda pəncərəsiz kupelərdə, ya da lap dar arakəsməli təyyarələrdə İmamızın özü ilə birlikdə o yan-bu yana getmişik, hardansa vertolyotla gətirilmişik bu meşə içinə.

İmamımızın məlumatlarını haradan-haraya, kimdən kimə apardığımızı bilməmişik.

Yalnız gecələr İmamımıza qulluq göstərmək lazım gələndə gözlərimiz işıq görüb. İnan! İncimə! Bizim hətta “İmam” kəlməsini dilimizə gətirməyə də ixtiyarımız yox idi, “Sahibimiz” deyirdik “İmam” əvəzinə.

Sahibimizin eyş-işrət iqamətgahı idi bu yeraltı ev. Hərdən vertolyotdan düşəndə bizə deyirdilər: “Moskva altı” meşədəsiniz. Sonra ağaclardan tanıyırdıq, bilirdik ki, yox, Mazandarandayıq. Deyirdilər: “Fransada meşədəsiniz”, tək onda çaşırdıq. Sən daha belə çaşqın yaşamayacaqsan, Bəy. Sahibimiz rəhmətə gedəndən sonra mənə dedilər:

“Bundan sonra qonağın Bünyad bəy olacaq”. Açığı, sevinmədim, Bəy. Çünki səndə çox qəddarlıq görmüşəm. Əmma indi daha “ixtiyar”ın məndədi. Görürsənmi, necə sərbəstəm, hətta gülürəm. Çünki “ispolnitel” mənəm daha, Bəy. Əmma qəddar olmuyacam mən. Əksinə, qulluğunda duracam, açığı, cavanlaşdıracam səni.

Arxadan kiminsə soyuq əli uzanıb, bəyin başının dövrəsindən qara, enli, qalın lenti çıxartdı. Eyni anda yenə Qumralın səsi gəldi:

– İncimə, bəy, incimə. Hara gətirildiyini dedim. Nə üçün gətirildiyini bil: yaxşıca cavanlaşdıracam səni burda ki, yüz on üç yaşdan sonra da işə yarıyasan. Sən yeganə müsafirsən ki, yüz on üç yaşında da kəşfiyyatçısan.

Çünki çox təcrübəli adamsan. Yer üzündə ikinci belə adam yoxdu, ola da bilməz… Sahibimiz səksən yaşında qocaldı.

Çox intizar çəkirdi, heç bilmirdi Moskvada hazırlanır, yoxsa Parisdə. İllər keçirdi, hakimiyyətə gəlməyə şərait yaranmırdı, lap partlayırdı kişi. Bir də, açığı, Bakirələrlə ünsiyyətə dözmədi. Sənə heç altmış, yetmiş yaş da vermək olmaz.

Bu sirri-xudanı açmaq mənə tapşırılıb. Sənin adi, sadə agent kimi tanıdığın bu alim zənən bu yüz on üç – yetmiş yaşlı adamın hissiyyatını qurdalamalıdı bir az. Gəl görək niyə bu qədər şəhvətlisən, gəl. Deyirlər itdə olur belə şəhvət.

– Nə?! Ay qız, sən nə danışırsan! – Bünyad bəy nədənsə qızarıb titrədi.

Qumral isə, əksinə, asta-asta gülüb, əlini qocanın üzünə çəkdi.

– Hirslənmə, Bəy. “İt” kəlməsi sənin bioqrafiyanla bağlıdır. Əmma açmıram o sirri, qorxma…

Türkiyədən Azərbaycana gedən “Boz qurd” batalyonları da “it” deyirdilər sənə, əmma heç incimirdin onlardan, çiyinlərindən düşməyən Kalaşnkov avtomatından qorxurdun, sonra tez-tez qonaqlıq verdin onlara, adını “Bəy” elədilər. O vaxt necə sevindiyin yadındıdımı?

Axı, sən doğrudan da Bəysən. Adın da Bəydi, özün də. Bəlkə elə köhnə bəyliyindədi şəhvətin sirri? Qarayazı meşəsində, Qarasu deyilən yerdə qunduzlara – itlərə arpa yedirdə – yedirdə, hər gün gecə gedirdin Muğanlı kəndinə, hansı Muğanna haradadır, nə işlə məşğuldur, necə öldürmək olar ki, səsi çıxmasın?

Bəy qıza çəpəki baxırdı.

– Sən bunları hardan bilirsən, ay qız?!

– Vaxtı çatanda biləcəksən, Bəy. Tələsmə. Sən, necə deyərlər, ovcumun içindəsən, Bəy. Bakirələrdən hərəsindən bir az-bir az eyş-işrətdən başqa heç nə görməmisən sən bu həyatda. Düzdü? Ömrün kəşfiyyatda keçməyibmi, yazıq Bəyimiz!

Deyirsən bəlkə kəşfiyyatçı həyatının mərhumiyyətləri hərisləşdirib səni, bu sinnində bakirələrlə bir yerdə olmaq keçib könlündən? Sahibimizin canı üçün lap yazığım gəldi sənə. Mənim təklifimdi bu – bakirələrlə birgə olmaq, hüceyrələrini diriltmək. Hə! Elə bilirsən dirilməz? – Qumral elə gülürdü: – Özüm dirildəcəm ölmüş hüceyrələrini! İndiki şəhvətin birə-beş artacaq!

Bayaqkı soyuq əl yenə arxadan uzanıb Bünyad bəyin gözlərinin üstündən ikinci qara, zərif “leykoplastr”ları qopartdı, kandarın arxasındakı qara pərdəni kənara çəkdi və Bəy, Sahibinin iqamətgahını gördü və heyrətdən qurudu.

Sahibinin bu gizlin eyş-işrət iqamətgahı onun – Bünyad bəyin min doqquz yüz iyirmi üçüncü ildə “İran”la “Rusiya” (daha doğrusu, Şimali Azərbaycan) arasında sərhəd bağlananda tərk etməyə məcbur olduğu batin İsmaili iqamətgahının bir hücrəsi idi.

Vaxtilə “verbovat” olunanda bakirələrdən qaradinməzliyi ilə seçilən Qumral indi heyrətli dilli-dilavər, həm də bir növ mədəni və qəribə gənc olmuşdu.

Qumral elə bil onun fikrini duydu.

– Təəccüblənmə, bəy. İyirmi üçüncü ildən indiyə qədər Bakının məscidlərindən, Lənkərandan, Astaradan, Cəfəri müridlərinin əllərilə yığıb göndərdiyin qızıl, bu hücrədə hər şey, olduğu kimi durur, mən özüm də! Bəli! Özüm də! Bunun sirrini də sonra biləcəksən… qızıllardan lap az bir qismi inqilaba xərclənib. İslam inqilabını əslində SSRİ öz xərcinə elədimi?!

Şimali Azərbaycanla Cənubi Azərbaycanın arasını həmişəlik kəsmək, Bakı, Xəzər neftinə sahib olmaq üçün SSRİ qızılı təyyarəylə daşıyırdı. Sahibimiz buradakı qızıldan lap cüzi qismini bakirələrə verirdi, vəssalam. Bakirələrdən hamısı elə məntək kübarlaşmışdı.

Gördüyün kimi, əşyalardan da kübarlıq yağır. Nə istəsən, verəcəm. Sən Sərvinazı Muğanlının o Türmən deyilən yerində tutub o dünyaya göndərmisən. Bəli, bilirəm, Bəy! Bakirələrin səni yaxşıca cavanlaşdıracaqlar. Çünki hamısı bax beləcə məntək cavan, təravətlidirlər.

Niyə? Deyəcəm hər şeyi! Gəl, Bəyim, gəl! Sahibimizin xidmətində olan qızlar kimi, adım elə Bakirədir. Burda türklərimizin içində Qumral olmuşam.

Bünyad bəy içəri keçdi.

Hücrədə hər şey, o cümlədən alçacıq təam stolu, təxtxabın ipəkləri, hətta balınc da tünd qara rəngdə idi. Qumralın qumral üzü, badamı gözləri ən müasir diskoteka lampalarının titrəşən “işıqlarını əks edib içəridən şölələnirdi. Bünyad bəy maşında nə qədər silkələnib əzilsə də, bir necə andaca dirçəlib bu sifətin şöləsinə qapılıb daha heç nəyə diqqət yetirə bilmədi. Ətrafında hər şey dumana büründü.

Qumral elə bil qocanın fikrini oxuyurdu:

– Hə… səndə günah yoxdu, Bəy. Necə ildi o meşədəki “Zversovxoz”da1, itlərini yemləyə-yemləyə zənən üzü görməmisən. Elə ona görə demisən ki, istefaya gedənlərə pul verməyin siz, tovrişşi, mən zənənlərlə işləyəndə dirilirəm.

Qumralın köksdən gələn sehrli səsinin hərarəti qocanı vururdu. Yaxınlaşanda, əzabkeş, üzgün Bəy bu yaxınlıqdan od alıb alışdı. Sinəsi qabarıb – enib dalğalandı. Ağ, ipək saqqallı, zərif üzünün gözəlliyi ilə o qədər də uyuşmayan nəhəng, sümüklü, kobud əlləri Qumralın şabalıdı ipək saçları üzərində titrəyib, zərif, uzun boynuna, çiyinlərinə, sonra gərdəninə endi. Yüz on üç yaşlı quru sümük əllər deyildi daha bu əllər, acıxmış şir pəncələri idi.

Əmma Qumralın silahı daha güclü idi. Bu silah onun müdrik sakitliyi idi.

– Tələsmə, ey səksən pud qızıl sahibi!.. Düz səksən pud qızıl var burda, lap cavanlaşaqsan, Bəy. Əmma qızıl görüb qızıl ilana dönən Bəyimi xəbərdar etməliyəm ki, eyş-işrətlə bahəm Bakirə Qumraldan həm də dərs almağa göndəriblər səni. Bəli! Təəccüblənmə!.. Sonra biləcəksən necə dərsdi bu dərs. SSRİ çekistləri arasında çekist dərsi. İran siyasiləri arasında polis dərsi almısan.

Yadına sal, Peterburqdan Bakıya, ordan da uyezdə göndəriləndən bəri kimlərlə işləməmisən! Artistlər arasında artist Bəyim, mollalar arasında molla Bəyim, inqilabçılar arasında inqilabçı Bəyim ömrünün son illərini meşədə Zversovxozda itlərin arasında yatıb kobudlaşıb, elə yetişən kimi əlini aşağı atır!

Bəlkə zversovxozdakı o zverlərdi səndəki şəhvətin sirri, bəyim? Bayaq da eyham vurdum. Bir az da açıq deyim.

Açıq danışıram. Zversovxozda su itlərini yemləyə-yemləyə murdarlaşmışan!

Saflaşmağa göndəriblər səni bu iyirmi altı yaşlı alim zənən yanına. Təəccüblənmə! “Verbovka” vaxtından çox keçsə də, yaşım artmayıb. Bunun üçün xüsusi şərait var. Vallah, billah, Bəy. Düz iyirmi altı yaşımdayam! Vaxtı çatanda deyəcəm bu nə sirri – xudadı. Hələlik sirlərlə culğalanmalısan sən. Nəhayət, mən bunu da deməliyəm ki, nə Qumralam, nə də Bakirəyəm mən.

Sənin Qumralıyın eyni olan tamam başqa bir zənən dərs deyəcək sənə, Bəyim. Onda özüm kimi adım da dəyişək. Uzaq yoldan gəlmisən. Öz təcrübəmdən bilirəm, maşında beş-altı saat fasiləsiz yol gedən adamın beyninə uğultu düşür, qulaqları tutulur. Çalış dediyimi eşit, bəyim. Təkrar edirəm, nə sahibimizin Bakirəsiyəm mən, nə də sənin Qumralın. Eyni zamanda həm Bakirəyəm, həm də Qumral. Özüm kimi adım da dəyişəcək. Əmma həqiqi adım başqadı. Özüm də başqayam, Bəy. Sən bir yaxşı-yaxşı bax mənə, sənin Qumralıyın kopyası olan tamam başqa zənən deyiləm?!

Bünyad bəy baxıb-baxıb başını bulada və nəhayət dilini tərpədib:

– Yox… sən Qumralsan. Allada bilməzsən məni, – dedi.

Qumral qumrov kimi gincildədi – güldü.

– Sən Qumralı verbovat eləyəndə neçə yaşı vardı onun? On altı? Mən də elə o yaşdaydım o vaxt. Əmma gör neçə il keçib? Hesabladın? – qırx olmalıdı, düzdü? Mən başqayam, Bəy. Xüsusi dərs keçmişəm: siz kimilərə dərs demək, pozğunluğunuzu pozmaq, əxlaq saflığı vermək! Çox çətin işdi bu, Bəy. Əmma bacarıram.

– Köhnə əhvalat olsa da, məntək onlarla Bakirəni verbovat eləyən “master jenskix del” Bünyad bəy bilməlidi ki, biz çoxduq o vaxt. Verbovat günü dedin: “hamınız soyunun, mən soyunuram”. To yest “doloy stıd” Bu bir. İkincisi, “mənim kliçkalarımdan biri “Qızıl ilandı”, ikincisi “Çax-çuxdu (alverçi), üçüncüsü – “hökmdar”. Yəni mənə tabe olmayanı qızıl ilan kimi çalıram, ikinci, alverçi hökmən alladır, üçüncüsü, hökmdarın hərəmi olur. Siz mənim hərəmimsiniz”. Sonra dedin “kliçkalarınızı özünüz deyin. Düzdü?

Unutmusan. Bu, əlbəttə, qocalıq əlamətidi. Əmma eybi yoxdu, bu düzələcək! Yadına salıram. Bundan sonra Furak de mənə. Hind qızı Furak. “Qumral desən, bağımın meyvələrinin hamısı zəhərli olar. “Bakirə” desən, bağımın meyvələri lap zəhri-mar olar. Yəni bədrəftarlıq eləyərəm ha!

Bünyad bəy özünü itirmişdi.

Qapıya tərəf baxıb, bayaqkı, soyuq əli xatırlayıb, barmaqlarını gözlərinin kənarlarında soyuq yapışqanlı yerlərə sürtdü. Ömrünün yarısından çoxunu bir-birindən mürəkkəb kəşfiyyat işlərində keçirmiş, qorxu bilməyən “SSRİ çekisti, İran siyasisi” indi nədənsə üşürgələndi.

– Öldürülməyə gətirilməmişəm mən. Bunu bilirəm. Elə orda da öldürərdilər… Sarsılmışam. Çox qocalmışam. Əmma hələ xeyir verə bilərəm. Beş-altı ay dincəlməyə ehtiyacım var… Sən “Bakirə” mənim agentimsən. İmamımıza xidmət eləyəndə “Qumral” olmusan. Bəs “Furak” kimindir?

Furak, qəribə bir sual verdi:

– Üçüncü dünya müharibəsi neçənci ildə başlanıb, Bəy? İkinci dünya müharibəsi hələ qurtarmamışdı. Stalin Çörçili “Ərəb dünyasının yeni renessansı” ilə qorxudub İsrailə müstəqillik aldı. Bunu təsdiq eləyirsən?

Bəy üzünü turşutdu:

– Məni xatirələrə çəkmə!

Furak, inadla:

– Lazımdı bu söhbət, bəyim! Lazımdı! – dedi.

– Mən sənə lap açıq, lap çılpaq danışmalıyam, bəzi həqiqətləri olduğu kimi deməliyəm. İsrail üç sverxderjavadan (SSRİ-dən, Amerikadan, İngiltərədən) gizlin silah aldı və dərhal Fələstinlə müharibəyə başladı. Sən o vaxtdan Rusiyanın bilavasitə dərsi nəticəsində etnik xəstəliyə tutulmusan, təhlükəli saydığınız “Muğ”ları qırırsan, bəyim. Buna etirazın yoxdu ki?

Bünyad bəy təəccüblə dedi:

– Sahibim də, sən “Qumral və sairələri də Sovetə xidmət eləmirdinizmi?

Furak ciddiləşdi.

– Biz hamımız bilirik ki, Stalin Qretsiyanın köhnə kəşfiyyatçılığından sonra Vatikanın ixtiyarına keçdi. Vatikan isə, bilirsən ki, bütün planetdə Yevreyin kökünü kəsmək üçün dünya müharibələrini biri-birinə çalayır. Düzdü bu?

Bünyad bəy başını endirdi.

– Düzdü. Sonra?

– Biz bunu da bilirik ki, İran inqilabı da “müsəlman” adı altında yaşayan Cənubi Azərbaycan, Şimali Azərbaycan, Əfqanıstan, Pakistan, Hindistan, Orta Asiya və başqa yerlərdə Yevreyi qurmaq üçündü. Düzdü?

Bünyad bəy bir qədər əsəbiləşdi:

– Bu nə söhbətdi?

Furak yenə müəmmalı idi:

– De görüm, Sahibimizin Yevrey olduğunu səndən, məndən başqa bilən var?

Bünyad bəy bir az düşünüb:

– Yoxdur, dedi, – ancaq russkoyazıçnı yevreylərdən bilən var. Yevreylər isə, bu müharibə bizim qələbəmizlə qurtarandan sonra açıq deyə bilərlər ki, üçüncü dünya müharibəsini Vatikan başlasa da, Yevreylər indi Vatikanı əllərinə alıblar. Etnik məsələ çıxıb ortğalığa, bütün planet elə Yevreylərdən ibarətdi. Ümumi çaşqınlıq yaranıb. Köhnə “Midiya” – Bağday, indiki Azərbaycan Vaşinqtonla Moskvanı, Çini, İranı, hamını inandırır ki, planetdə düşmən ayrıılıqlar yaranıb. Məni, görünür, köhnə işçi kimi ruhən rahatlayıb, fikrimi təzələyib, yenidən istifadə eləmək istəyirlər. Bu, deyək ki, aydındı, sən özün danış, düz! Birinci, aydın, sərrast qandır, necə cavan qalmısan? İkinci, təhrif “Muğ” sözü işlətdin, niyə?..

Niyə Bağ demədin? Üçüncüsü, İmamımın Qumralı, mənim agentim, Stalinə, Xruşşova, Brejnevə xidmət eləyibsə, bəs bu Furak nədir?!

Furak gülürdü.

– Səni diriltməyə göndəriblər iqamətgaha, ya yox?

Bünyad bəy köksünü ötürdü.

– Qumral Zversovxozdan gedəndən sonra zənən üzü görməmişəm. Dedilər, inandım ki, doğrudan da “massaj”a göndərirlər. Axırıncı dəfə soruşuram, “Furak” kimdir?

Furak:

– Sahibimizin özü dərs alıb məndən. Bəli! Lap körpə idim o vaxt. On altı yaş! Sahibimiz gəldi, dedi: “Gecələr ilanlar yeyir məni, həşərat qaynaşır canımda. Sabibini xilas elə, “Bakirə balam”. Soyundu, uzandı təxt xaba.

Dedim: “İlanları, həşəratı Axirətdən göndərirlər, ya sahib. Mənə toxunsan, məni də ilana çevirərlər. Qorx məndən”. Yazıq bilirmiş OdAğÜz BağÖdərdən necə göndərirlər bura o canlı işıq ilanları, həşəratı, cin-şəyatinləri. Başına gəlibmiş. Qorxma, sənə elə işgəncə verməzlər OdAğÜzdən, bəyim. Sənin dərsin başqadı… Yazıq sahibimiz qalxdı, geyindi, əllərimdən öpdü, diz çökdü qarşımda. Dedi: “Aşiq oldum sənə, Bakirə balam! Sən birinci zənənsən ki, yaxşılıq elədin, İmam nüfuzundan sui-istifadə eləmək əvəzinə, eşq verdin mənə”.

Yer üzündə xoşbəxtlik üçün işıq bəxş olunub insana, bəyim. O işıqdan – eşqdən xəbəri yoxdu insanın. Ehtirasın sehrinə qapılıb, vəhşi ehtirası eşq zənn eləyir. Aldanır. Yanıb məhv olur. Diqqət yetir, gör nə danışır sənin Bakirən – Qumralın! Bozqurdlar, Cəbhəçilər Arazın şimalında hakim olandan sonra, bilirsən ki, çox dağıntılar eləyiblər orda, millət tamam lütlənib.

Türkiyəyə, buraya axın başlanıb, çörək dalınca gələnlərin arasında bizim “Bakirə”lərlə işləyən ruslar da var. Saçlarını boyayıblar, türkdən seçilmirlər. Sahibimizin canişının tapşırığı ilə əvvəlcə bura – mənim yanıma gəlirlər. O qədər adamın arasında bircə nəfər də ləyaqətli kişi görmədim, Bəy. Təsəvvür eləyə bilməzsən nə qədər əzab çəkmişəm hər birini insan sifətinə salmaq üçün… Sən xoşbəxt adamsan, Bəy. Bu yaşında səni də göndəriblər mənim sərəncamıma. Rütbəcə indi mən səndən böyüyəm, Bəy. Diqqət yetir, deyirəm xoşbəxt adamsan sən.

Əgər məndən dərs almalısansa, demək, hələ də nə isə çox məsuliyyətli, şərəfli işə göndərəcəklər səni… Min doqquz yüz altıncı ildə nə iş görmüsən bu tayda? Lap qədimlərdən “Türkə-EvƏrEyə – Yevreyə düşmən olan Asorulardan ibarət dəstələr toplamısan, İranda dərs demisən, hazırlayıb, silahlandırıb keçirmisən Şimali Azərbaycana, guya Ermənidilər. Erməni – müsəlman davası başlamısan. Sənin həyatın, nümunə¬vi fəaliyyətin haqqında danışırdım mən burda, deyirdim öyrənin o kişinin təcrübəsindən.

Məhz onun işi sayəsində Türkün – “Yevrey”in – EvƏrEyin başı qarışdı milli ədavətə, Rus yeridi doldu Azərbaycana. Yoxsa bu gün biz burda belə sərbəst işləyə bilərdikmi?! Belə bəxtəvərsən sən, Bəy! İndi, necə eləyərlər, bil və agah ol, yüz on üç yaşında ikən yeni-yetmə oğlan eləyəcəm səni. Bəli! Burda eşq yolundasan sən. Keç, yuyun, paltarını dəyiş, dincəl, başlayaq. Nəyə? Eşq dərsinə! – – Qumral qumrova dönüb, cingildəyə – cingildəyə bəyi soyundurub, hücrədən dala açılan qapıdan o yanda ilıq, ləzzətli hovuza itələdi, öz əli ilə çimdirib, öz əli ilə qurulayıb, yumşaq ipək xalat geyindirdi.

Alçacıq, dəyirmi stolun üstündə çay buğlandı.

Qumral elə ötürdü:

– Eşq yolunda tələsməzlər. Nizami deyir: “Elmin yolu tükdən də incədir”. Eşq qışqırmır, sakit, rəvan danışır. Susur, dinləyir. Elmin sozünü kəsmir. Nizami deyir: Mənim eşq bağımda meyvə çoxdu. Meyvənin acısı var, şirini var. Zəhərlisi, zəhərsizi var. Hər bir nemətin dadına baxmalısan”.

Bəy nə yediyini, nə içdiyini bilmirdi. Gözəlliyin sehrindən gözləri dumanlanırdı.

Qumral qolunu Bəyin boynuna doladı. Susuzlaqdan yanan torpaq yağışdan necə yumşalarsa, qocanın qaysaqlı, quru dodaqları da eləcə yumşaldı, titrəyib, Qumralın dodaqlarına yönəldi. Əmma yenə də qəribə, sakit təbəssümlə qarşılaşdı.

– Bir iqlimdən başqa iqlimə düşəndə çox yeyən adamın məcazı pozulur, sonra heç nə yeyə bilmir, Bəyim. O taydan, zversovxozdan gəlmişən sən. Mən istəməzdim ki, Mazandaran meyvəsi Bünyad bəyin məcazını pozsun və Bəyim eşq hücrəsində xəcalətli olsun. Hələlik bu əlim, qolumdur eşq bağının meyvəsi. Nemətini bəyəndinsə, səbr elə, iqlimə alış. Əgər dərsimdən bəhrələnsən, Cənnətə düşəcəksən.

Yumşalmış torpaq həlim yağış çisəyindən necə bəhrələnərsə, Bünyad bəy də elə bəhrələndi: zərif gözəlin şadyanalığından sevinib, qəhqəhə çəkdi.

– Ümidvaram ki, qaçmaram, Bakirə balam! Razıyam səbr eləməyə. Əmma unutma ki, belə işdə qocalar səbirsiz olurlar. İqlimə alışmağım çox çəkəcək?

Qumral bu suala cavab əvəzində tamam başqa sözlər dedi:

– Sən məni tanımırsan, bəyim. Bakirə deyiləm mən, Qumral da deyiləm. Nizami Cəncəvinin yaratdığı Furak adında hind qızıdı bu danışan.

Bünyad bəy diksindi.

Bəy bir qurtum çay içib çeçədi.

– De görüm bu “Furak” kimə xidmət eləyir? Başqalarına işləyirsənsə, bu hovuzda boğaram səni!

Furak sakitcə soruşdu ki:

– Sahibimizin agenti Bəy Buşa xidmət eləyərmi? Daimi nəzarət altında, Buşa xidmət mümkünmü?

Bünyad bəy sözün sonrasını gözlədi.

Furak dedi:

– Heydər Əliyevə satılaram?

Bünyad bəy, qaş-qabaqlı:

– Lazım gələndə çox şey olur, – dedi.

Furak, bir qədər düşüncəli:

– Bu müharibə, bilirsən, etnik məsələ üstündədir, – dedi. – əgər bütün planet EvƏrEy – “Yevrey”, ƏrÜz – “Rus” və sair ÖdƏrlərindən ibarətdisə, bu Odər xalqı özünü niyə tanımır, elə döyüşür? Dildi səbəb, dindi, ya nədi?

Bünyad bəy çaşqınlaşdı.

– Məni deyəsən doğrudan da boş-boşuna göndərməyiblər sənin yanına.

Furak əlini bəyin əlinin üstünə qoyub sığal çəkdi:

– Afərin, Bəy. Lap ilk söhbətdən dəyişirsən. Bilirsən ki, mən Xızıda böyümüşəm. Və bilirəm ki, “Xız” sözü olmayıb. Babalarımız AğÜz olublar. Bağdayın indiki “Qazax” mahalı içində olan, köhnə AğÜz vilayəti hətta Türkiyə ərazisini də əhatə eləyib vaxtı ilə. Düzdü? Sən axı yaxşı bilirsən “Midiya” – Bağday tarixini. De görüm bu tarixi bilən AğÜz (xızı) Odərləri ilə “Yevrey” Odərləri arasında heç bir fərq olmadığını bilən adam, keçmişdə vətəndən tərik düşüb “Türk” adlanan bədbəxtlərimiz keçmişdən niyə ƏrÜz – “Rus”la yola getmir?

Bünyad bəy nədənsə birdən-birə qəmli görünürdü.

– “Rus” EvƏrEy Türkün əleyhinə döyüşməz. Türk özü EvƏrEyi tanımır.

Furak dik qalxdı.

– Bəs sən niyə döyüşürsən, ay yaramaz Bəyim?! Sən qəsdən burda – İranda Bağ adı ilə yox, “Muğ” adı altında yaşayanlarımızı niyə qırmısan?

Bəy qururla:

– Sovet kəşfiyyatçısıyam mən, kommunistəm. Antitürk tərbiyələnmişəm – dedi – Mən kin mücəssəməsiyəm.

Furak yenə duruxub, adi səslə:

– Elə isə, özün de görüm, sənin Qumralın ikən dəyişib Furak olan bu qız kimindir?

Furak sözünü tamamlamaq üçün yenə əlini Bəyin əlinin üstünə sürtdü.

– Dediyim dərs böyük, əxlaqi siyasi dərsdi, incimə. Nizaminin “Xəmsə”sini oxumusan sən. Yadındadımı “həft peykər”də Hind gözəli Furak Bəhrama necə dərs deyir?

Bünyad bəy düşünmədən:

– Nağıl danışır, – dedi. – Bir naməlum şəhərdə naməlum bir qəssabın danışdığı nağılı danışır Furak.

Furak qımışdı.

– Nədi o nağıl?

Bünyad bəy çox könülsüz hüdülədi:

– Padşahla rəiyyətləri yas içindədilər. Səbəbini gizlədirlər. Padşah bir səbətə minir, Simurq quşunun caynağında uçur gedir İrəmə, yəni Cənnətə. Türk qızı Türknazla keyf çəkir, qayıdır, qara geyinir. Sonra məlum olur ki, ölkənin bütün kişiləri elə uçublar İrəmə, qayıdıb qara geyiniblər. Arvadlar ha soruşurlar, padşah kimi, o birilər də heç nə demirlər.

Budur nağıl. Niyə danışdırdın mənə bu nağılı? Qəsdin nədir?!

Furak qımışdı.

– Həft peykər”dən Bəhramı, Furakın nağılını möhkəm saxla yadında, Bəy. Lazım olacaq. Ola bilər ki, sən də qara geyinəsən.

Bünyad bəy haldan hala düşürdü.

– Sən ki. lap adi bir agent idin, sadə bir zənəndin, necə mürəkkəbləşdin belə birdən-birə, Qumral?! Niyə bu qədər gənc qalmısan?! Səbəbi nədi bunun?! Bircə bunu izah elə!

Furak təmkinlə:

– Sənə dedim, “Qumral” desən bağımın meyvələri zəhərli olacaq, Bəy, – dedi. – Gənc qalmağımın sirrini də dərs qurtarandan sonra biləcəksən.

Bünyad bəy daha dözmürdü.

– İçirt zəhərini! Aç sirrini!

Furak dedi:

– Sirrim də İrəmdədi1, zəhərim də, İrəmə uçacaqsan, “Səbət”də yox, işıq gəmisində. Nizami farsca yazırdı, bilirsən ki, “Səbət” yaza bilməzdi. Onun rəmzini anlatmaq üçün kəlməni türkcəyə – OdƏrcəyə çevirməlisən. Ən məşhur “Səbət” sözü, elə “səbət” mənasında anlaşılır. Burda – Azərbaycanda gərək ÖdƏrcəyə çevirəsən: “Səbət” ƏsEvOd (Yaradan evin həqiqəti). Bu dəfəki həqiqət adicə İşıq gəmisidir. ƏsEvOd – SimƏrAğ, belədi gəminin adı.

– Nə?! – Bəyin rəngi dəyişdi – Məəttəl qalmışam, harda, necə belə mürəkkəbləşmisən sən! Dilini qanammıram! Heç qanammıram ey, heç!

Furak dedi:

– “Adi bir agent, sadə bir zənən” kimi görünüb, lazım gələndə əsl üzünü göstərən adi, sadə razvedçikəm, Bünyad bəy! Bu “Xız”ı – AğÜz qızı sənin pişiyini ağaca dırmaşdıracaq bu gün.

– Unut bu münasibətdə dumanlı razvedçik zarafatlarını! İsti xörək ver bir az!

Furak duruxub, birdən güldü:

– İrəmdə mərhum arvadın Sərvinazın məclisində Cənnət təamları yeyəcəksən, “Hökmdar”.

Bünyad bəy heç nə anlamırdı.

– Qurtar dedim bu zarafatları! Nə Cənnət?! Öldürülməyə gətirilməmişəm mən. Sözünü de! Şərtini de! Əmma nəzərə al: Sovetlərdən, Rusdan dönmərəm mən. Antitürk antiyevreyəm! Bəli! Yevrey özü də antisemit ola bilər? EyOd OdƏri, Bağ Oğlu Bağı Kesara satan İudayam! “Sarı inəyə”1 inanıram. SarUnEy EvƏrimə – Avrama yox! Qızıla inanıram, qızıla.

– Qəzəblənmə, Bəyim, mən gəmi barədə danışıram, sözün əsl mənasında işıq gəmisinə minəcəksən. Simurğ quşunun caynağında yox. ƏsEvOd – SimƏrAğ gəmisində uçacaqsan!

Bünyad bəy fikrə getdi, ofuldanıb:

– Əgər bu doğrudan da ciddi söhbətdirsə, onda “gəmi” Buşun təyyarəsidi, Cənnət Amerikadı, mərhum arvadım Sərvinazla huriləri isə, şübhəsiz, məndən ayrılmış Qumralımla birlikdə Buşun agent stüardessalarıdı.

Buşunkusan, ya yox?!

Furak başını buladı.

– Yox, Bəy, yox. Məni, səni ayrılmağa qoymazlar. Furak kliçka deyil, həqiqi adımdı. İnan, bəy! Sahibimizlə kəsdiyim çörəyə and içirəm, açacam sirrimi, hər şeyi biləcəksən. Hələlik həqiqət budu ki, həqiqi işıq gəmisinə minəcəksən. “Neopoznannıy letayuşiy obyekt” deyilən şeyi min yerə yozurlar. Əslində, planetlərarası gəmidi. Çoxdandı bu, Bəy, lap Ulu Bağ ƏsƏl Mənin – “Solomon”un zamanındandı! “Xalça” deyil! “ƏsEvOd -SinƏrAğ” adında işıq gəmisi gözləyir səni. Planetə uçacaqsan! “Həft peykər”də İrəm adlanan planetə! “İrəm” deyil dedim. Əslində Ağdı planetin adı, yəni işıqdı. AğaƏr də deyərmişlər əvvəllər, indi “Ay” deyirlər, Ağ əvəzinə. Bilirsən axı sən bunu. Ölən insanın “Ruh”u – ƏrAğı əvvəlcə oraya gedir. Bilirsən ki, gedib Ağa çatana qədər bədən lazım olan elementlərlə dolur “Ruh” – ƏrAğ, insan lap qısa müddətdə yenidən yaranır! SafAğ Elminin bu adi həqiqətini bilmirsənmi sən?! Mərhum arvadın Sərvinazı görəcəksən, Bəy!

Bünyad bəy yenə üşürgələndi. Sonra qəzəbdən canı alovlandı.

– Bəsdi! Bəsdi! Sözünü de! Qurtar! Nə tələb olunur məndən?!

Furak çox səmimi, köksünü ötürdü.

– Nahaq inanmırsan, Bəy. Çıx, minək maşına, gedək “Həft peykər”dəki o yas içində olan şəhəri də öz gözünlə gör. Sonra “İrəm” planetini də, arvadını da.

Bünyad bəy tamam bezikib qapıya tərəf baxdı.

– Çıxırıq?! İndi?! Çıxırıq?!

Furak ayağa qalxdı.

– Çıxırıq və gedirik ora! – dedi.

Bünyad bəy səfərin məhz Amerikaya səfər olduğuna şübhə etmədən, köksünü ötürüb, qapıya yönəldi. Əmma qara pərdədə oynayan diskoteka işıqlarını görüb, istər-istəməz dönüb, Qumralının gözəl üzündə oynayan işıqları da görəndə ayaq saxlamaya bilmədi.

– Əcəb diriltdin məni! Belə səfər vardısa, bəs “eşq dərsi” – zad nədi?!.. Acından ölürəm!.

Furakın elə bil qocaya yazıbı gəldi.

– Eşq dərsi davam edir, ey əzabkeş Bəyim. Mən vaxtı ilə sənlə çox loru danışardım, Zversovxozun yaxınlağındakı Muğanlı cəmaatı kimi, sadə, loru… İndi tərgitmişəm o danışıq tərzini. Gör necə sözlər deyirəm. “Mən, sən Bünyad bəyə həqiqətən Eşq, əxlaq dərsi demək, səni yeni-yeni sınaqlara hazırlamaq üçün göndərilmişəm. Hardan? Biləcəksən! İnan mənə! İnan ki, cənnətə aparıram səni. Diriləcəksən, ey yazıq “Rus” çekisti, İran siyasisi!

Bünyad bəy indi çox diqqətlə dinləyirdi.

– Yaman dəyişmisən, Qumralım – dedi, – Qarayazı meşəsində, Zversovxozda o murdar qunduz itlərə yem verə – verə planetin siyasətçilərini barmağına dolayan Bünyad bəyi barmağına dolamısan. “Məcazın pozular!”, “Mazandarandan qaçmalı olarsan!”, “bağından” bir dənə də “meyvə” verməmiş Amerikaya aparırsan məni!

Furak, sakit sərtliklə:

– Çıxaq! – dedi.

Mazandaran meşəsinin qaranlığı daha da qatılaşdıran sıxlığında həmin soyuq əl Bünyad bəyin başına torba keçirdi, biləyindən yapışıb maşına basdı.

Aç, susuz üzgün qoca nə qədər yol getdiyini bilmədi. Elə hala düşdü ki, hətta maşından necə düşürüldüyünü də hiss etmədi.

Hündür gil suvaqlı divarlardan, çaylaq daşı ilə döşəli səkilərdən başqa bir həyat əlaməti olmayan darıxdırıcı bir aləmdə, səhərin alatoranında tünd qara geyimli, solğun bənizli, kədərli susqun kişilər, qara çadralı, qəmli, susqun qadınlar göründülər. Bir az o yanda bacaları tüstülənən, zavoda, fabrikaya oxşar uzun bir binaya doğru tələsirdilər.

Bu mənzərə Bünyad bəyə tanış idi. Hardan? “İran” olmağına bura, şübhəsiz, “İran” idi. Bəs adamlarına sifətləri niyə bu qədər dəyişmişdi! Bom-boz üz! Bom-boz saqqal!..

Bünyad bəylə ağ örpəkli Furaka diqqət yetirmədən dərd, ələm içində getdilər.

Bəylə Furak ikinci küçədə də həmin geyimdə, həmin əhvalda adamlarla rastlaşdılar, üçüncü küçədə də.

Furak hərdən nə isə deyirdi.

– “Həft peykər”dəki şəhər, bax, buradı.

Bəy eynilə hücrəsini görəndə olduğu kimi, heyrətdən qurumuşdu. Birdən:

– Bu ki İsfəhandı, ay qız, – dedi.

Furak yanğılı idi.

– Bəli, Bəy. “Həft peykər”dəki o yaslı şəhərdi. Nizaminin təsvirindəki İsfəhanla indikinin fərqi nədi, Bəy? Neftdən gəliri var fundamentalist qəddarların, bəzi mərkəzi şəhərlərdə maşın çoxalıb, zahiri sivilizasiya var.

Öz EvƏrEy qardaşlarına – Türkə münasibət isə əvvəlkindən də pisdi! Qısası, qaragüruh hakimiyyətidi! Din hakimiyyəti! İran Vatikanla “Rus”, Türkiyəylə ərəblərin arasında strateji baza kimi çiçəkləndirir bu qansızları! Mən bilmirəm, sən, dünya görmüş beynəlxalq kəşfiyyatçı necə dözürsən bu zülmə! Ayıldacam səni, Bəy!

Bir az da gedib şəhərdən çıxanda gəmini görəcəksən. O gəmidə uzaqbaşı yarım saata İrəmə uçmaq olar… Hələ bu bədbəxtlərə bax. Bütün ölkə beləcə yas içindədi. Din hakimyyəti anaxronizmdi! Qala bilməz belə!

Bünyad bəy maraqlanmışdı.

– Quruluş dəyişəcək?

Furak qətiyyətlə:

– Xeyr! – dedi. – Din dəyişmir! Əslinə – SafAğ Elminə qayıtmır!

Furak:

– Səbəbini gedib İrəmdə öyrənəcəksən, – dedi.

Bünyad bəy ayaq saxladı:

– Yenə çərənləyirsən, Qumral! Yəni mən doğrudan planetə uçmalıyam?!

Furak ciddi:

– Bu yasın səbəbini öyrənmək üçün bircə yol var, Bəyim. Elm və eşq yolu. Elm və Eşq yolu isə Simurğ quşunun caynağındadı, – dedi.

Bünyad bəy lap təntiyib başını buladı.

– Sən məni öldürəcəksən, ay səbr, dözüm mücəssəməsi! Mən it oğlu min doqquz yüz altıncı ildə Peterburqdan Bakıya gəldiyim gündən razvedçikəm, məndə bu qədər səbr, dözüm yoxdu! Nə möcüzəymişsən!.. Bayaq işıq gəmisi idi, hətta Adı da vardı! İndi Simurğ oldu! Niyə?! Hara aparırsan məni? Təyyarəyə?! Simurğun caynağına?! Kimdi “caynaqlı Simurğ?! Buş?! Putin?! Mən ki, tabeyəm sənə. De qurtar görüm kimdi təzə sahibin?!

Furak dayandı. Və birdən:

– Mən razvedçik deyiləm, Bəy! – dedi.

– Nə?! – Bynyad bəy hətta titrədi.

Furak isə, eyni ciddiyyətlə:

– Bayaq dedim bir alim zənən dərs deyəcək. Yenə deyirəm, mən özüməm alim zənən. Diqqətlə dinlə bu zənəni: “Rus”un, derjavanın Kremli siyasi blokadadı. Corc Buş (İkinci) kimi nəhəng prezident, gizlin EvƏrEy Putinlə birləşiblər, boğurlar, bəy. Əmma özün hələ də podpolni Sovetə, “Rus”a qulluq eləyirsən!

Bünyad bəy, xeyli düşüncəli:

– Bütün dünya Kremli Derjava mərkəzi kimi tanıyır – dedi. – Qorbaçov, Vatikanın himayəsində, gizlin hakimiyyətdədir. Belə olmasaydı, Putin onun başını çoxdan yeyərdi. Kremlin EvƏrEy ocağı olduğunu, bütün planetdə EvƏrEy Ödərlərini, ƏrÜz OdƏrlərini, AğÜz, ÜzAğ, YanÜz\Ağlarını, yəni bütün “Türk” – “Tərik” dünyasını birləşdirmək əzmində olduğunu başqa yerdə dilinə gətirsən, səni o dəqiqə aradan götürərlər, ay bədbəxt zənən… Bildim, sən Buşunkusan! “İran”, “Azərbaycan”, “Ərəb” OdƏrlərini birləşdirmək, bütün planeti vahid dövlətdə birləşdirmək və bunu maksimum gizli saxlamaq dilindən çıxsa, səni səlamət qoyarlarmı?!

Furak:

– Sənə dedim alimdi bu zənən, razvedçik deyil, – dedi. – Simurğ quşu isə əfsanə deyil, həqiqətdi. Öz gözünlə görəcəksən indi.

Bünyad bəy diksindi.

– İndi?!

– Bəli! İndi! Bir sualıma cavab ver, Bəyim. İsfəhanda cəmaatın əhvalını gördün. İnandınmı ki, Nizaminin təsvir etdiyi şəhərlə indiki İranın fərqi yoxdu?

Bünyad bəy səsini qaldırdı:

– Simurğ quşundan danışırdın. Siyasətə keçdin. İndi – “İran!” Niyə belə şaltay-baltay vurursan?!

Furak təmkinli idi.

– Sualıma cavab ver!

Bünyad bəy lap qışqırdı:

– Bəli! Bəli! O “İran”la bugünkü “İran”ın fərqi yalnız zahiri fərqdi! Külli aləmə məlumdu ki, din boğur cəmaatı! Nə demək istəyirsən?!

Furak heyrətli anlaşmazlıqla, birdən gülüb:

– Əmma səni gəncləşdirirdim, – dedi. – lap açığı, sərvətin dindəndi. İrəmdə, cənnətdə sübut olunacaq bu dediyim.

– Nə?! Yenə Cənnət deyirsən?! Bu nə cəfəngiyyatdı?!

Furak qışqırtıya, qəzəbə qəti əhəmiyyət vermirdi.

– Eşq yolu bu Furak adlı alim kimi, arvadın Sərvinaz kimi üca zənənləri öldürüb aparır cənnətə. Sən kimi müdrik insanları isə çox vaxt elə diri-diri aparırlar Cənnətə. Tamam dəyişdirirlər orda insanı. Sonra qaytarıb qoyurlar Yerə. Bu dediklərim həm doğrudu, həm də yalan. Bir şey anladınmı, bəy? Çətin… Sən səbrli ol. Axırda hər şey aydınlaşacaq, Bəy!

Bünyad bəy titrəyirdi:

– Sən məni cana doydurdun, ay zənən! Arvadım Sərvinaz yazığın, bədbəxtin biri idi. Mən kimi əclafın da xətrinə dəymirdi. O, deyək ki, doğrudan da cənnətlikdi. Bəs mən kimi qan içində üzən casusu, sən kimi üzü üzlər görmüşü niyə aparırlar oraya?! Düzünü de görüm nə məna var bu “cənnət” söhbətinin altında?! “Amerikaya gedirik?!”.

Əlimdən xəta çıxar!.. Açıq danış!

Furak hədəyə etinasız, “hm” elədi.

– Mən tamamilə açıq-aydın, kələksiz – filansız deyirəm. Yerdə əfsanə sayılan cənnətdə beynini dəyişdirəcəklər, alim olacaqsan, Bəyim. Qayıdıb başına gələnləri danışacaqsan. Daha doğrusu, başqaları danışdıracaqlar, kitab şəklində çap eləyib yayacaqlar ki, tək sənin bu istəkli “fars”ların yox, bütün bəşəriyyət oxusun, görsün alim-kamil insan olmaq, bəd ehtiras xəstəliklərindən can qurtarıb rahat yaşamaq üçün neyləmək lazımdır?..

EyƏrdə – “Yer”də insan həqiqi sevincdən məhrumdur, Bəy. Mənasız əyləncələrlə, iyrənc seksual oyunlarla başını qarışdırır. “Frəng” – EvƏrÜn kimi qədim, mənən varlı ölkə nə hala düşüb indi, bilmirsənmi? Qrek – Latınlar Avropaya doluşandan sonra pozğun ordu əxlaqı yayıblar EvƏrBağa – “Avropa”ya. Bir ölkədə ki, kişi kişi ilə evlənir, qadın qadınla evlənir, murdar seksə qapılıb, dunya, Kainat haqqında təsəvvürü tamam itiriblər, daha nə qalır orda, Bəy?! Gedək indi, min səbətə, Simurğ quşunun pəncəsində uç cənnətə, alim ol, saflaş, qayıt kamil insanın təbiətini anlat o mənasızlarına, yasa batsınlar.

Bünfad bəy yenə təntimişdi.

– Lap çaşdırdın sən məni, ay AğÜz qızı! Nə möcuzəymişsən sən!

Furak dedi:

– Bu möcuzəli AğÜz qızının əsil möcüzələrini cənnətdə görəcəksən, bəy. Buşun “Cənnət Amerika”sında yox, sözün əsil mənasında cənnətdə!

Bünyad bəy ufuldandı:

– Lap taqətdən saldın məni.

Furak dedi:

– Göyün əmri belədi… Yer adamı deyiləm mən, Bəy. Başqa planetdənəm. Qumralın sifətinə düşmüşəm. Çalış dərk edə bunu!

Simurğ quşu, əlbəttə, əfsanədi. “ƏsEvOd-SimƏrAğ”, “GurOd”, “GurOd SimƏrAğ” və sairə adlarda işıq gəmilərindən biri gözləyir bizi.

Şüurunu alacaqlar indi. Çox asan işdi bu şüuru almaq, şüuru qaytarmaq. Qorxma, Bəy.

Qocanın əhvali dəyişdi. Başı gicəlləndi. Ürəyi sıxıldı.

– Tilsimə bax! – deyib huşunu itirdi. Əmma bu, anlaşılmaz şüursuzluq idi, çünki döşəli qaldığı, heç nə görmədiyi, heç nə hiss etmədiyi halda, Furakın səsini lap aydın eşidirdi: – Yerdə “Ay” dediyimiz Ağ planetindəki “Ay dənizi” planetin dörddə biri həcmindədi, Bəy, dəniz deyil, ordan Ayın içərisinə Günəş işığı düşür. Biz “Yer” – EyƏr planetinin eşiyində yaşayırıq, çünki Yerin daxili bütün Qalaktikamız üçün lazım olan elementlərlə doludu. Yerin daxili bütövdü. “Ay”ın – Ağın Üz qabığı var, daxilində isə yaşayış üçün nə lazımsa, hər şey var. Ağ sakinlərinin safAğ havası, safAğ gölləri, çayları, bulaqları var. Günəş Şimaldan doğur, Cənubda batır. Simal və Cənub qütblərində dağ silsilələri, qar, buz sahələri var. Bunlar ilk məlumatdı sən üçün, Bəy. İndi sənə elə gəlir ki, Ağ planeti elə cənnət deyilən yerdi. Əmma unutma ki, “cənn” və “cəhənn” ərəbin ən təhrif sözlərindəndi. Hələlik bu qədər, bəy. Dərsin davamı məkana çatandan sonra deyiləcək.

2. YenƏ fantastikasız fantastika

Huşsuzduqda nə qədər qaldığını bilmədi. Tamamilə ağrısız, acısız, əvvəlkindən dəfələrlə gümrah bədənlə dikəlib gözlərini açanda ətrafında şeh parıltısı gördü.

Geniş çəmənlikdə idi. Heyrətli dərəcədə enliyarpaq pöhrəliklər, tünd mavi, dayaz sular işıldaşırdı.

Bünyad bəy göz işlədikcə uzanan, sonu üfüqə qovuşan bu çəmənlikdə könül ovlayan qeyri-adi təravət duysa da, tənhalıqdan vahimələnib, ağır-ağır, ehtiyatla ayağa qalxdı və dərhal da çöküb, otların arasında gizlənməli oldu: Pöhrəliyin arxasından. axar su vadisindən bir dəstə ağ geyimli gözəl çıxmışdı. Hamısının və hər birinin sehrli, cazibəli gözəlliyi lap ilk baxışdanca insanı sarsıdan gözəl quzlar!

Bünyad bəy qara çadra səltənətində yaslı şəhəri xatırladı və dərhal başını silkələyib, bədbəxt “Fars”larını unutmağa çalışıb, gözəllərə baxdı.

Azad, sərbəst qızlar onun lap böyründən keçib, yüz addımlıqda, otları sığallı, yastı təpə belində süfrə saldılar. Rəng-bərəng mütəkkə, döşəkcə, büllur qablar, kuzələr düzdülər. Qızlardan ikisi Bünyad bəyin Qarayazı meşəsində, Niyazi sovxozunda, Muğanlı kəndində gördüyü iri çanaxlı sazlara oxşayan sazları köynəkdən çıxarıb, bir azacıq dirinq-dirinq kökləyib, sonra biri-birinə baxıb, eyni anda eyni zərblə təzənələri simlərə vurub çalmağa başladılar. Qalanları içki kuzələrinin dövrələrinə gilas, gilənar, gavalı, alça düzdülər.

Bəy otluqda sinəsi üstə uzanıb tamaşa edirdi. O iki qabaq-qarşı çalan qızlardan o yanda elə bil səmada dayanmış üçüncü bir əli sazlı adam göründü. Yerdə Qarayazı meşəsinin ətəyində və ağ daş hasarları ağarışan Muğanlı kəndində Orduqozdu ləqəbi ilə uzun-uzun illər ərzində cəmaatın gülüş hədəfi olandan sonra çoxdan ölüb getmiş idbar karlik çoban, bir əlində çaxır şüşəsi, o biri əlində şirmayılı saz, – Bunu çalan gəlsin. Bunu çalanı istəyirəm, – deyə-deyə qışqırırdı. Həmin kənddə – Muğanlıda hörmətli bir kişi sayılan Ağ Məmmə adı ilə tanınan “şairfason” zərif, ağsifət bir ziyalı gəlib sazı Orduqozdudan aldı:

– Gicliyin tutmasın yenə: – Əvvəl qoy o hurilərə qulaq asaq, sonra çalarıq – dedi. Sonra hər ikisi hava – üfüq təsiri bağışlayan hündürlükdən – mavi təpə belindən aşağı enib yox oldu.

Bünyad bəy əvvəlki təpəyə, qızlara, süfrəyə baxdı.

Süfrənin başında, təpənin hündür yerində öz zərifliyi ilə qızların hamısından seçilən bir gözəl mütəkkənin üstündə oturmuşdu.

Bəy, günəş, şeh parıltısından qamaşan gözlərini silib bir də baxanda zərif gözəli Qumrala oxşadıb ayağa qalxdı, əmma yenə yerə çökməli oldu. Çünki zərif gözəldən qəribə, heyrətli sözlər eşitdi:

– Şəhvət nəzəri duyuram üzümdə, ay qızlar. Yandırır! Yerdən kimi isə gətiriblər yenə. Axtarın!

Qızlar çəmənə səpələndilər.

Bünyad bəy donub qaldı. Sonra, başının üstünü kəsdirmiş balacaboy alagöz bir gözəlin diqqətli baxışı altında tir-tir əsdi.

– Sərvi?!

Alagöz gülümsündü.

– Mənəm, cənab Bünyad bəy… Yenə görüşəsi olduq.

Bəy min doqquz yüz qırx səkkizinci ildə Göyçə mahalının Ağlar kəndində tanış olub, o vaxt o ərazidən – “Ermənistan”dan köçürülən əhali arasından seçib, sonralar Muğannaların Türmən yatağında “verbovat” elədiyi bu alagöz gözələ-istəkli agentinə və sonrakı arvadına – Sərvinaza bir xeyli tamaşa edəndən sonra, titrəyə – titrəyə əlini uzadıb Sərvinazın alnına dağılmış təravətli saçlarına toxundu.

– Bu niyə ağarmayıb?! Biz ayrılanda sənin əlli üç yaşın vardı!.. O əlli üç bu iki min üçüncü il, necə eləyir? Yüz! Yüz yaşın olmalıdı sənin!

Sərvinatızn boyunun balacalığı onu on beş yaşlı qızcığaza bənzədirdi. Məlahətlə gülüb:

– Sənin isə yüz on üç yaşın olmalıdı indi, – dedi, – Bə sən nə əcəb belə gümrahsan, Bəy. İrəmə təzə gəlmisən, əmma elə indidən ağ saçların qaralır, Bünyad.

Bünyad bəyin canından vic-vicə keçdi.

– Nə İrəm? Bura İrəmdi?!

Sərvinaz lap sakitcə:

– Bəli, Bünyad, bura “İrəm”di ÖdƏrcə Ərimdi, Adı “Ay” deyil.

Bünyad bəy özündə deyildi:

– Başqa planet?!

Sərvinazın zənəxdanları çökəldi.

– Bıy! Hələ təzə başa düşürsən?!

– Mən necə gəldim, bura?!

Sərvinaz dedi:

– Gəmidə gətirblər səni, Bünyad. Qorxma. Yaddaşını verərlər indi. Yerdən çox adamları gətirirlər bizim planetə. Dərs keçirlər. Sonra aparıb qoyurlar Yerə, öz evindən kənara. Gedək, qızlar səni gözləyirlər. Yerdə “Huri” deyirlər bizə. Əslində “huri” deyilik. EyƏrik. Yəni Uca İşıq – öz planetimizin adını daşıyırıq: EyƏr! Sən təzəsən, dilin tutmaz, elə Sərvi de.. Yerdə mənnən bədrəftar idin. Göycə, Dərə Ələyəz, Vedi cəmaatının taleyini sənə tapşırmışdılar. Sağa-sola dağıdırdın milləti – Muğana, Sibirə, Qazaxıstana!.. Kinli deyilik biz, Bünyad. Ağ planeti SafAğ İnsan yetirir burda, qorxma, heç bir pisliyimiz dəymiyəcək. Əksinə…

Gedək!

Qızlar süfrənin ətrafında boy-boya verib, iri-iri yam-yaşıl gözlərini geniş açıb, tamaşa edirdilər.

Təkcə zil qara gözlü zərif gözəl mütəkkənin üstündə əvvəlki kimi rahatca oturub müəmmalı gülürdü.

– Gəl, gəl, Yer oğlu. Nəzərin üzümü yandırdı. Gəl görək özün necə yandırıcaqsan bizi?.. Elə baxma. Qumral deyiləm. İnanmırsan?! Yer dilində Türknazdı mənim adım. Nizaminin “Həft-peykər” dastanının qəhrəmanı Türknaz!

Bünyad bəy tutuldu.

– Yenə oyun açma başıma, Allaha and verirəm! Özün gətirmədinmi məni bura?! Doğrudanmı Aydı-Ağdı bura?! Allatmamısan ki?! Amerika-zad deyil?!

Qızlar qəh-qəhə çəkdilər.

Türknaz isə ciddi idi:

– Sənə mən hələ Yerdə demişəm ki, biz hər cür sifətə düşə bilərik. Sözümə inan, Bəy! Yoxsa ilana dönüb dolanaram boğazına, boğaram!.. Əmma qorxma, ziyankarlıq yaddı bizə. Gəl. Əziz qonağımız ol. Könlündən keçirsə, “hökmdar” ol. Könüldən keçənə yasaq yoxdu İrəmdə – Ağda!

Bünyad bəy tövşüyürdü:

– Amerikadı bura, ya yox!

Bu dəfə Türknaz özü də qımışdı.

– Amerika nədi, a kişi!.. İnan, verbovka-zad olmayacaq. Yerdə dedim axı sənə, dərs alacaqsan, Saflaşacaqsan. Belə lazımdı! “Allah” dediyin ƏlAğ EySarımızın buyruğu belədi!

Bünyad bəy çəmənə, üfüqlərə boylandı.

– Belə çıxır ki, deyilənlər doğrudu?!

– Deyilənlər, yəni nə, Bəy?

Bynyad bəyin gözləri ətrafda idi.

– Axirət varmiş!

Qızlar yenə qəh-qəhə çəkdilər.

Bünyad bəy nisbətən toxtadı.

– Belə çıxır ki, məni doğrudan cənnətə gətiriblər?!

Türknaz:

– Xeyir, Bəy, – dedi. Cəhənnəmdi bura. Həm “Cənn”, həm “Cəhənn”.

Bünyad bəy:

– Yenə dolaşdım, – dedi. – Nizaminin qəhrəmanı niyə cəhənnəmdə olsun?!

– Sənin bu pak Sərvin niyə cəhənnəmdə olmalıdı. İndicə dedim axı, “İrəm” – Ərim – “Ay” – Ağdı. Eyni zamanda cəhənnəmdi. Bir şey başa düşdün?

Bəy əlini cibinə atdı. Yoğun, yarısı yanmış siqarı, “zajiqalka”sı cibində idi. Tez çıxarıb tüstülətdi.

– Siz mənnən belə danışmayın. Mən konkret söhbət adamıyam! İş adamıyam! Buyurun, neyləməliyəm?!

Türknaz ağır-ağır:

– İşin dərsdi! Dərs! – dedi. – Dinlə: İrəm cənnət deyil, bəy, Siz Aran deyənlər, “İrəm” deyirsiniz Ərimə. Ərim – dedim – işığım deməkdi, Bəy. İşığım Ağdır, “Ay” deyil. Bura, türk dilində desək, Ay planetidi. Daha doğrusu, Ay planetinin içərisidi. Yerdə əbləh-əbləh alimlərinizin “lunnoye more” dedikləri yerin şimalından günəş doğur, cənubda batır, demişəm, təkrar eləyirəm, Yerin səthi çaylar, dağlar, düzlər necədisə, bura – Ağın içi də eləcədi, Bəy. Bax gör necə saf diyardı bu Ağ.

Biz özümüz də tər-təmiz, SafAğ insanlarıq, bəy.

Bünyad bəy hiss edirdi ki, deyəsən təslim olur.

– Ay yox, Ağ. Bunu bildim. SafAğ insanlar, bunu çoxdan bilirəm. Bəs bu tərtəmiz insanların bu tərtəmiz, Ağ planetinə niyə cəhənnəm deyirsiniz?

Türknaz eynilə Yerdəki Qumral kimi, sakit təmkinli səslə:

– Bu Türknaz Bəhram Gura dərs deyib min beş yüz səksən il bundan əvvəl. Saflaşdırıb, ucaldıb o “Bəhram” – BağƏrimi! Həqiqi eşq verib o sərvət düşgününə! Sənə də eşq verəcəm. Gəl əyləş yanımda, hökmdarım.

Bünyad bəy sübhə ilə:

– Mənə eşq dərsi vəd edənim Qumralım idi. “Bəhramı yadda saxla” deyən Yerdə, sən burda. Bircə bunu başa sal görüm, niyə sən də onun sözünü deyirsən? Niyə sən də o sifətdəsən axı?! Səsin də eynilə o səsdi axı? Əmma… Türknaz?!

Türknaz:

– Qumral deyildi o, sənə eşq dərsi vəd edən. Furakı tanıyırıq biz, – dedi. – Yeri və yerdəkiləri biz ovçumuzun içi kimi görürük, hökmdarım. Səni hökmdarlığa qəbul eləyirəmsə, Sar deməliyəm sənə, yəni sar – əhatə elə hər şeyi öz hakimiyyətinlə. Əmma Sar olmaq üçün Od Sarı – həqiqət Sarı olmalısan, yəni ən qədim Elmimizə vaqif olmalısan. “Fars” təbiri ilə “hökmdar” deyirəm mən sənə, yəni qəliz danışıb əziyyətə salmaq istəmirəm. Gəl! Yuxarıya buyur, hökmdar! Vaxtilə OdSara “KeSar” deyərdilər Yerdə, Qresiyada, daha belə olmayacaq.

Ay qızlar, çəkin onu bura!

Sərvinaz biləyindən tutub aparıb Bəyi Türknazın yanında oturtdu.

Türknaz dedi:

– Ye, iç. Heç nəyə təəccüblənmə. Heç nəyə! Hurilərimlə birlikdə mən özüm də qulluğundayam. İç, əmma çalış sərxoş olma. Qovarıq ha! Heç nəyin həddini bilməyən İran əhli kimi gedib yasa batarsan!

Bünyad bəy acından ölürdü. Susuzluqdan yanırdı. Büllur qaba kuzədən qəribə, qatı, qırmızı çaxır töküb başına çəkdi. Gavalıdan birini iki bölüb, iki uduma ötürdü, üstündən siqarını tüstülətdi.

Türknaz dedi:

– Mən yenə “hökmdarım” deyirəm, sən heç diqqət yetirmirsən sözümə. Soruşmursan: “Niyə axı hökmdar?” Əvvəlcə bunu izah eləyim sənə. Burada – Ağda insan insanın həm hökmdarıdı, həm də nökəridi, Bəy. Yerdə isə, Yer təbirilə desək, insan eqoistdi. Sənin çox sevdiyin Rusların çox vaxt “bud moyey” deyirlər. “Ya tvoya sluqa” deyirlər də, ona görə belə deyirlər ki, “sluqa”nın istədiyini versinlər.

Bünyad bəy dedi:

– O Qumral mənə o qədər söz deyib ki, lap özümü itirmişəm. Burda da sən…

Türknaz dedi:

– Qumral deyil onun adı, Bakirədi, Bəy. Bakirə də deyil. Furakdı. Furak da deyil, əsl adı EvƏrEy Ağdı.

Bünyad bəy dedi:

Mən bilirəm SafAğ Elmini.

Türknaz razılıqla:

– Bilirsən, – dedi. – Əmma o şərti bilikdi. Sən hələ etnik fərdsən. Hər şeyi guya mənsub olduğun etnosa və şəxsən öz eqoistik istəyinə tabe edirsən. Odur ki, SafAğ Elmi haqqında sənin biliyin, əlbəttə, yarımçıqdı. Əgər dərsimizi mənimsəsən, qəlbən inanacaqsan ki, nəinki ayrılıq yoxdu. “İns”(an) – ÜnƏs – Yaradan Ünəs vahid kökdəndi, tezliklə belə olmalıdı o müharibələr xarabası Yerdə. Burda isə hamı, hamı OdƏrdi, yəni Həqiqət İşığı. Oddan – həqiqətdən kənarda Ər-İşıq yoxdu, Bəy. Varsa, nisbidi, orda insan özü də nisbi insandı, Şüuru, təfəkkürü, cismi, hissiyyatı – hər şeyi nisbidi. Yəni kamil deyil, itirib kamilliyini, heyvanabənzərdi.

Bünyad bəy Türknaza bir də diqqətlə baxıb, əlindəki gavalını süfrəyə çırpdı.

– Əclaf qızı ədlaf! Nə vaxt qurtaracaq sənin bu oyunun?! Orda iqamətgahda “Qumral”, “Furak”, burda Türknaz. Nə demək istəyirsən?! Hara gətirmisən məni?!

Türknaz həlimcə:

– Aya gətirmişik, – dedi – hirslənmə, Bəy. Sənə dedim “İrəm” – Ərim – işığımdı. “Ay” – Ağdı, SafAğdı, tər-təmizdi. Əmma cəhənnəmdi. Yerdə indi iki min üçüncü ildi. Otuz yeddini çıx, eləyir altmış üç, üstə gəl əlli. Necə eləyir? Yüz on üç. İndi tap burda o yüz on üç yaşlı Klaranı, yəni Yerdəki əlli yaşlı Klaranı!

Bünyad bəy qızlara baxar-baxmaz, hər budunda azı üç pud ət, hər döşündə azı beş kilo ət olan dəhşətli kök, əmma eyni zamanda heyrətli təravətli, yaşılgöz, ağ buxaq Klarasını dərhal tanıdı. Və qəribə, gözlənilməz səmimiyyətlə:

– Odu, – dedi.

– Bah! Bah! Lap candan olmusan ki, Klara! Salam! Zdravstvuy, doroqaya! – dedi.

Qızlar qəh-qəhə çəkdilər.

Türknaz əlini bəyin əlinin üstünə qoyub:

– Şəhvətlənmə! – dedi. – Bayaq təpədə gördüyün yazıq kişi Yerdə sənə kitab oxutdurub. Elm verib. Nə deyib? Xatırladıram. Yerdə subasqını törəyib tamam vəhşiləşən vaxtlarında insanın ən başlıca məşğuliyyəti sərvət olub, bəy. “Seks” deyirsiniz. İyrənc sözdü. Türkcədən azmış iyrənc söz! Gecə – – gündüz seksə bağlanan insanın bədənində bütün hüceyrələr ölür, bəy! Xüsusən beyin! Yalnız yemək və yalnız və yalnız seks tələb edir, yəni nə olur: Yəni Ün Əs ölür, “ins” qalır, daha doğrusu, təfəkkür ölür, Nitsşenin dediyi fizioloji fərd qalır, Bəy! Bir vaxt gəlir, fərddə hətta instinkt də kütləşir. Kalaşnikov avtomatını dirəyirsən sinəsinə, deyirsən vururam. Tamam laqeydcə deyir “vur”. Niyə? Çünki o fərd daha ölümü də hiss eləmir. Eyni zamanda, özü öldürəndə öz qatilliyini də hiss eləmir. Həyatın sonu? Bəli! Yerdə bax indi belə bir vəziyyət yaranmaqdadı, bəy. Yeganə ümid dərsədi! Maarifədi! Vay o gündən ki, insana belə halda deyirlər: “Daşa döndü”! “Dədə Qorqud”un axırında hamı daşa döndüyü kimi.

İndi, necə deyərlər, əlif – beyini eşidirsən. Bu vaxtlarda mənim üzümdə kamil cizgilər əmələ gəlir. Çünki Üz – məna deməkdi. Dilim nə danışırsa, üzüm də o mənanı ifadə eləyir. Mən “Furak” – EvƏrAğ kimi danışdım, indi bax gör EvƏrAğa oxşardımı bu Türknaz?

Dinimizdə axmaq bir hədis var. İbrahim peyğəmbərə deyirlər: “Oğlun İsmayılı Allaha qurban kəs, “sədaqətini göstər”. İbrahim oğlunu yıxır üzü qibləyə, bıçağını çıxarır. Bu vaxt göydən səs gəlir. “Ey İbrahim! Daş içində qurd saxlamağı bacaran rəbbin məgər görmürmü sənin sədaqətini?! Yəni OdƏs itib, “daş” deyilir, GurOd itib, “qurd” deyilir. Əmma ƏLAğımız sən təki daş insanın bətnində də elə bir hüceyrə saxlayır, o tək hüceyrədə GurOd qaldığını görür və bütün ömrünü qatilliklə keçirmiş beynəlxalq miqyaslı kəşfiyyatçı Bünyad bəyə dərs deməyi də lazım bilir.

Nə dedim indi mən sənə, hökmdarım?

Dedim “Hökmdar”ım Sar ola bilər, bu şərtlə ki, OdSarı dərk etsin.

Dedim beynindən ayaqlarına qədər şəhvətdən ibarət insan isə Klaranı Mircəfər Bağırovun “postel”inə göndərir ki, Bağırov KQB-nin sədri təyin eləsin onu – Bünyad yoldaşı – Bünyad bəyi. ÜnƏsliyini qoruyan Klara razı olmayanda dəy altında Klaranı boğur, meyidi döşəmənin altında dəfn eləyir!

İndi bir də de ona: “Canalan olmusan!” deyə bilməzsən daha. Çünki ƏlAğımız sənin o “daş” canında cüzi ÖdƏs görüb, sənin rəhbərlərinə təlqin eləyib ki, səni bu qədər insaniləşdirməyə göndərsinlər. İndi o saf, o günahsız Klarada necə günahkarlıq hissi oyandı. İndi Klaraya günahkar kimi baxırsan, Bəy!.. Budur bax, belə adi-adi şeylərdən ibarətdi bizim dərsimiz… Fikrə getmisən! Düzünü de, nə düşünürsən?

Bünyad bəy bir az şərab içib:

– Düzü, deyəsən inandım ki, doğrudan da cəhənnəmdəyəm – dedi. – Siz deyəsən mənə elə belə cəhənnəm əzabı verəcəksiniz.

Klara, gözlənilməz heyranlıqla:

– Afərin, qatil bəyim! Az-çox ağlın qalıbmış! – dedi, – Dünyaya göz açıb az-çox şüurlu həyata qədəm qoyduğun gündən etibarən insanın başına nə oyunlar gətirmisənsə, hamısını bircə-bircə, özü də dönə-dönə xatırladacaqlar, əyani göstərəcəklər, gündə min dəfə ölüb, min dəfə diriləcəksən. Budur, bax, cəhənnəm! Odda-həqiqətdə yana-yana həqiqəti dərk etmək! Və… dərk etsən, cənnətə getmək! Haradı, nə olan şeydi o cənnət, onu da yəqin ki, deyərik sənə.

Bünyad bəy içirdi.

– Bura bax ey! Hər şey düzmüş ki! Mən sənə “sevirəm” dedim, allada bilmədim, budur Odda – həqiqətdə yanmaq. Bəs “qır qazanı” nədi?!

Qızlar gülüşdülər.

– O sizin din xadimlərinizin müdrikliyidi.

– “Qıl körpü” necə, var?!

Dedilər:

– Qıl nədi, a Bəy! Onu bilmək üçün də dərs keçməlisən. “Qıl” da təhrif sözdü axı!

Bünyad bəy duruxub, bir az da içib, mızıldandı:

– Ay… hm, Aya bax ey! Biz də deyirik, yarım ay çıxır, yarım ay batır! Niyə? Nədi bu?

Türknaz qımışırdı:

– Ay Bəy, dedik axı, planetin adı Ağdı. Yerdə təhrif eləyiblər planetin adını, Yarım ay Ağ olur ki, Yerdə ÜnƏslər o işığa baxa-baxa Bağları xatırlasınlar, yarım ay isə görünmür ki, ÜnƏslər Bağlardan ayrılığın zülmətliyi barədə fikirləşsinlər.

Bünyad bəy dodaqlarını büzdü:

– Çatmır bu mənə.

Türknaz ciddiləşdi.

– Yenə əlif-bey deyək buna! Otuz yeddinci ildə Bakıda öz əlinlə öldürdüyün, öz əlinlə dəfn etdiyin Klaranı bu Ay planetində sağ-salamat görürsən, əmma yenə dərk eləmirsən ki, Ağla Ayın fərqi nədi? “Axirət” desəm, başa düşərsən?

Nə deməkdi “Axirət?” Mənası nədi bu sözün? Bilirsən, de, Bəy: belə lazımdır.

Bünyad bəy dedi:

– “Axirət” ərəb sözüdü. Türkcə “axır” sözündən azıb.

Türknaz dedi:

“Axirət” – yəni insanların axırları?

Bünyad bəy dedi:

– Elə çıxır.

Türknaz dedi:

– “Axirət”in axırındakı cəm şəkilçisini atsaq, “Axır”. Bu “Axır”ın əsli ÖdƏrcəsi AğƏrdi. AğƏr-SafAĞ işıq deməkdi. Bunu Yerdə min dəfə deyib sənə Ağ Məmmənin yanında o gördüyün kişi, əmma yenə unudursan ki, Ağdan gedib sənə dərs deyib. Bilirsənmi niyə?.. Qurtum-qurtum şərab içib qızlara baxdıqca xəstə hüceyrələrin sənə gizlin sözlər deyir, a Bəy. Təkrar elə görüm “Ay” adlandırırlan planetin adı niyə Ağdı?

– Demək, Ərəbin “Axirət” dediyi, Türkün “O dünya” dediyi buradı?!

Türknaz qaşlarını çatdı:

– Fəhmsiz “ins”, “Dünya” deyilən OdÜnEydi. “Ey” – uca mənasındadı. Od – Kainatın enerjisidi, həqiqət mənasındadı. Ün də ki, bilirsən, səsdi. OdÜnEy – Uca Ün həqiqətidi.

Böyükdü OdÜnEy, Kainatdı. Nə qədər eşitmisən bunu?!

“Kain” OdÜn sözündən azıb. “At”ını atsan, əvəzində Ey əlavə etsən, OdÜnEy olur..”Axır” – AğƏr bu Ağ “planetindən ibarət deyil, Bəy. Yerdə indi mövcud olan gizlin SafAğ insanlardan başqa, sən kimi təhrif insanların hamısının axırı bu “Axırət”də olmur, çox az faizi Kainata, yəni bütün AğƏr planetlərinə uça bilir.

Bünyad bəy bir ara yenə fikrə getdi.

– Demək, öldürüb gətiriblər məni bura?!

Türknaz bir qədər səbrsiz:

– Siz “ins”lərə dərs deyənlərin səbrləri gərək bu OdÜnEyin özü boyda olsun! A kişi! Sənə necə yüz dəfə şərh olunub ki, öləndə insanın beynindən işıq çıxır. Yerdə “ruh” deyirlər o işığa. Əsli OdƏrcəsi ƏrAğdı. Yəni Saf Ağ İşıq. O “Ruh”– ƏrAğ sürətlə uçub bu “Axır”a – AğƏrə çatana qədər daxilinə elementlər dolur. “Element” də təhrif sözdü, Bəy. Əsli, OdƏrcəsi ƏlMənOddu. Əlimin enerjisi deməkdi. Ana bətnində uşaq doqquz aya əmələ gəlir. “Ruh”un – ƏrAğın daxilində isə insan lap qısa müddətə yaranıb həmən insana çevrilir. Daha doğrusu, həmən insanın xəstə, şəhvətli, idraksız, qatil bədəni əvəzində SafAğ İnsan bədəni əmələ gəlir. Yerdəki bədbəxtlərimizə ha deyirik “Ruh” dediyiniz yoxdu. Axirətdə sizdən ancaq saflığı ilə fərqlənən insanlar var, heç cür dərk edə bilmirlər. Sən hazırlıqlı adamsan, bəy. Dərk etməlisən ki, tək-tək gətirilib aparılanlardan başqa, bu Ağ planetindəkilərdən hamısı ölüb gələnlərdi.

Mərhum arvadın Sərvinaza bax! Niyə baxammırsan?! Mənəm, mən!

Bünyad bəy sıxıldı:

– Yox, baxammıram!

Türknaz sərtləşdi.

– Niyə, Bəy? Sevimli arvadıyın yanında oynaş eləmək istədiyin Klaradan xəcalətləndin?!

Bünyad bəy pərtləşdi:

– Klara! Sərvi! Türknaz… Kimsiniz?! Mən zülm eləmişəm o gözəl, zərif məxluqa! Sərviyə! Daha baxammaram üzünə.

Türknaz qızlarla baxışdı.

– Deyəsən, az-çox ÜnƏs olur. Bir sualıma da cavab ver, Bəy. Sahibimiz səndən “Svyaznoy” istəyəndə niyə məhz məni seçdin? Açığını de, belə lazımdı. Qumral, deyiləm. Diqqətlə bax, Türknazam mən. Soruşuram mən. Soruşuram, niyə məhz məni “svyaznoy” seçdin? Açıq de!

Bünyad bəy:

– Açığı budur ki, Qarayazıya, o sovxoza göndərilən qızların arasında tək səni tutdu gözüm. İstədim tez-tez görüşək.

Türknaz eyni şərtliklə:

– Lap açıq de, Bəyim! Açıq! – dedi.

Bünyad bəy dedi:

– Lap açığı, Sərviyə oxşayırsan sən! Sərvini də boğmuşdum, bilirsən. Elə bil kim isə mənə daimi deyirdi, bunu da arvad elə, soyu bundan, soyu bundan, nəticədə bunu da elə o cür boğ rədd elə başından!

Türknaz Bəyin gözlərinə baxdı:

– Xəstəlikdi bu, ya yox?!

Bəy hirslə:

– Bilmirəm nədi bu, – dedi. – “Svyaznoy”ları çox saxlamaq olmaz! İşlədib, sonra öldürəsən gərək!

Türknaz dedi:

– İndi bir diqqətlə yenə mənə bax!

Bünyad bəy gözücü baxıb üzünü kənara tutdu.

– Hə! Baxdım! Nə olsun?!

Türknaz güldü:

– A kişi, Sərvinazam, mənəm axı! Bir bax: İşıq gəmisində Aydan Yerə gedirəm, Yerdən Aya gəlirəm. İşləyirəm. Dərs deyirəm yoldan azan bədbəxtlərimizə. Bax, bax! Gör heç fərqi varmı “Qumral” adlı “Furak”dan, Sərvinazdan?! Həmişə soruşmurdunmu “Sən niyə bu qədər oxşayırsan, mənim o bədbəxtimə? Budu bədbəxtin Ağ planetində SafAğ Elmi öyrənib, SafAğ İnsan olub, çalışır ki, sən bədbəxt də insan olasan! Üzümə bax, nacins!

Bünyad bəy bu dəfə lap pis üşürgələnib, hətta titrədi.

– Sərvi!.. Bəs bayaq gördüyüm Sərvi hanı?!

– Odur bax! Sənə baxıb gülür! Mən Qumralam!

– Nə?!.. Doğrudan?! Bu nədi belə?! Siz məni dəli elədiniz!

Qızlar şaqqıldaşdılar.

– Dəlinin nəyini dəli eləyək, ay dəli! Görürsənmi, Klara da dəyişdi. Sərvi oldu. Bax mənnən birgə yeddi huri dönüb Sərvi oldu! Gör necə həyat yoldaşını boğmusan öz əlinlə, ay bədbəxt!

Bünyad bəy tir-tir əsirdi:

– Bu nədi belə?! Sifətiniz, boy-buxununuz necə dəyişir?!

Mütəkkənin üstündəki Sərvinaz bəyə şərab süzdü.

– Hər şey aydın olacaq. Biləcəksən hər şeyi. İç!

Bünyad bəyin üzündə yalvarışlı ifadə dondu.

– Ay qız!.. Qurbanın olum, bircə bunu da başa sal.

Sərvi – Qumral gülə-gülə:

– Adam olursan! – dedi. – İşıq əlavə olunur üz – gözümüzə, bədənimizə. Başa düşdün?

– Yox!

Sərvinaz bir qədər deyintili səslə:

– Fikirləş, gör Axirətdən Yerə gedənləri niyə tanıya bilmirlər o xarabada, – dedi. – Baxırıq, görürük cinayətkarsınız hamınız, qatil olmayanlar bətnlərin¬də daha pis qatildirlər! Bilirik ki, pislik elədiyiniz “ölülər”i – üzümüzü görsəniz, “Ruh”unuz – ƏrAğınız məhv olacaq qorxudan, məcbur oluruq sifətimizi dəyişdirək. Çətin deyil bu, SafAğ İşığa bürünüb hər cür sifətdə görünə bilirik. Niyə? Dedim də, sizin “Ruh”unuzu sarsıtmamaq, öldürməmək üçün. Görürsənmi necə müqəddəsik biz, ay murdar cinayətkar?!

Bəy yalvarmağa başladı:

– Öz sifətinizə düşün. Hərə öz sifətinə düşsün.

Qızlardan hansısa dedi:

– Bağımızın meyvəsindən şirinini ver bu bədbəxtə. Zəhərlisini bir yana qoy, zəhərsizindən ver. Yesin, içsin, dirilsin bu ölü!

– Çalın, oynayın, hurilər, əyləndirin bədbəxt hökmdarı!

Saz çalan hurilər iri çanaqlı sazları süfrəyə qoyub, bəm səsli Osmanlı sazlarını köynəkdən çıxarıb çalmağa başladılar. Qalan hurilər balaca-balaca, dövrələri zınqırovlu qavalları başlarının üzərində döyəcləyə-döyəcləyə oynamağa başladılar.

Bünyad bəyin gözü böyür tərəfdə – öz arvadında idi. Sərvinazın zərif dodaqları nar rəngində idi – od kimi gözlərində, yanaqlarında, buxağında işıq qaynayırdı.

Ərinə baxıb, birdən qumrovtək cingildədi:

– Ağın ab-havasındandı mənim gözəlliyim. İşığım sehrləyib səni, könlündən keçir ki, məni öpəsən. Niyə öpmürsən, hökmdarım? Diqqət yetir, Sar demirəm sənə. Sarlar Bağ rütbəsində olurlar. Sən “hökmdarım” anbaan hökmlü olursan.

Heyrətlənmə. Dedim ki, biz insanın beynini görürük, fikrini oxuyuruq.

İçmək istəyirsən. İç! Dirilirsən. İç!

Bünyad bəy büllur qabı doldurub bir də içdi.

Gavalı yeyib, bir də içdi.

Sərvinaz gülürdü.

– Könlündən keçir ki, kəmərimi açasan, – dedi. – Bu bir qədər çətin işdi, hökmdarım.

Gəl açıq danışaq. Sən bu hurilərin guya əri olmusan Yerdə. Əmma məhz hansının? Niyə qarışdırırsan?!

Bünyad bəy dumanlı gözlərini geniş açıb burda qızlara diqqət yetirdi və elə bil indicə gördü ki, qızların gözlərinin hamısı bir biri kimi idi: yaşıl, iri.

Sərvinaz danışırdı:

– Bax, bax, ey insanlıqdan məhrum hökmdarım. Altıncı ildə, Bakının Duma binasında əziz aktyor dostun Rahibin sevgilisi Klaranı verbovat eləmisən ki, Zeynalabdin Tağıyevi, Doktor Nərimanı zəhərləsin. İyirminci ildə Serqo Orconikidze On birinci ordu ilə Bakıya gedəndə hamısı bizim Türklərdən ibarət olan o “Dikaya diviziya”da Nərimanovun katibəsi Fatmanı görüb, istəmisən verbovat eləyəsən. Əsgərlər başa düşüblər iş nə yerdədi, döyüblər səni. Sonra Serqo Orconikidze bronepoyezdə keçirdib səni, ordakı Sestralarla tanış eləyib. Orda, bronepoyezdə bir yevreyka verbovat eləmisən ki, Lenini zəhərləsin. Həmid Sultanovu, Baba Əliyevi zəhərləsin. Sonralar Səməd Vurğuna, Mehdi Hüseynə, sonradan Adıpünhan Muğannaya qədər Türklərimizi zəhərləmək üçün verbovat elədiyin qızlara bax! Görürsənmi? İşıq arxasında idilər, görmürdün sən onları. İndi bax, hamısı burdadı. Bax, görürsənmi?

Ücretsiz ön izlemeyi tamamladınız.

Metin, ses formatı mevcut
₺37,86
₺75,71
−50%