Kitabı oku: «Hekayələr», sayfa 2
Çiskin
O, dirsəkliyi sürtülmüş kreslonu pəncərənin qabağına çəkdi. Qalın yun şalı kəmər yerinə qədər dartıb, dizlərini möhkəm bürüdü. Otağa qaranlıq çöksə də, işığı yandırmadı. Gözünü pəncərəyə zillədi. Pəncərənin nəfəsliyi açıq idi. Çisələyirdi. Arxa tərəfdəki qırmızı işıqlar yaş yollarda közərirdi. Səkilərin yaxası boyu cərgələnən ağacların yarpaqlarını narın damlalar döyəcləyirdi. Onların yeknəsəq tappıltısı qarşıdakı bağçanın xəzəl xışıltılarına qarışıb otağa dolurdu. İçərini nəm yarpaqların rütubəti bürüyürdü.
Qoca gözünü pəncərə şüşələrinə qonmuş çisəkdən çəkmirdi. O, narın su zərrələrinin birləşərək gilələndiyini və bu damlaların süzülüb şüşədə zolaq-zolaq izlər buraxdığını müşahidə etməkdən son vaxtlar doymurdu. Elə bil ki, bağçadakı ağacların yarpaqlarını yuyub təmizləyən çiskinli yağışın asta şırıltısı onu sakitləşdirirdi. Qoca belə hallarda saatlarla oturub az qala pəncərədən içəri dolan yarpaqların ucunda gilələnmiş damlalara, onun yuyub təmizlədiyi zolaqlara, qırov kimi hər yerə qonmuş ağımsov su zərrələrinə baxdıqca bədənində bir sərinlik, əsəblərində insanı mürgülədən bir sakitlik duyurdu.
O yorulmuşdu. Əlli ildən çox ali məktəblərdə mühazirə oxuyan, elmi konfranslar, müzakirələr keçirən, cild-cild əsərlərin müəllifi olan bu qoca alim axır illər guşənişin olmuşdu. Bədəninin giziltiləri artmış, ayaqları hərəkətdən qalmışdı. O hiss etmişdi ki, daha əvvəlki maraqla dərs deyə bilmir. Tez-tez dayanıb nəfəsini dərir, adəti xilafına, mühazirə zamanı stul çəkib oturmalı olur. Onun dərsi getdikcə maraqsızlaşırdı. “Hər şeyin məqamını bilmək, ölçü hissini itirməmək ən böyük qabiliyyətdir. Vaxtında səhnədən getməyi bacarmaq, xatirələrdə çağlayan şəlalə kimi yaşamaq hünər istəyir”. Bu sözləri professor dəfələrlə təkrar etmiş, sürünənlərlə barışmadığını hamıya bildirmişdi. Bəs indi? Bəs özü?
O, ərizə verdi. Təqaüdə çıxdı. İlk aylar onun yanına məsləhətə gələnlər, göstəriş alanlar çox oldu. Ancaq tədricən astanadakı ayaq səsləri, telefon zəngləri azaldı, gedib-gələnlər seyrəldi, bir ildən sonra isə tamam kəsildi. Balacalıqdan övladı kimi yanında saxladığı bacınəvəsi də onu tərk etdi. Qoca tək qaldı. İlk anlar o, buna sevindi. Tam sakitlik içində oturub kitabları qabağına tökdü, gecə-gündüz yazıb-pozdu, elə bildi ki, bu məşğələ onu usandırmayacaq, kitablar onu yormayacaq. Bir-iki ay da keçdi. Qoca dəhşətlə hiss etdi ki, bunlar hamısı təsəllidir. Yalqızlıq onu sıxır, evə, qəlbinə getdikcə ağır bir kədər qonur. Fikrini dağıtmaq üçün tez-tez həyətdəki bağçaya endi, əsasına söykənə-söykənə dəniz kənarına yollandı, bir küncdə oturub saatlarla ləpələrə tamaşa etdi. Bu da çox sürmədi. Ayaqlarının sızıltısı artdı, yeriməyi çətinləşdi, nəhayət, evdən bayıra çıxmağa ehtiyat etdi…
Evdəki əşyalar: tavana qədər ucalan kitab rəfləri, küncdəki iri yazı stolu, döşəməni başdan-başa bürüyən naxışlı qədim çilçıraq qaranlığa qarışıb əriyirdi. Arabir maşınların işığı pəncərədə parıldayır, gah divarın bir hissəsində, gah tavanda, gah da kitab rəflərində sürünüb ötürdü. Bu işıq zolaqları bəzən qocanın sifətində sarımtıl iz buraxırdı. Onun oturuşundan, alnındakı qırışların sıxlaşmasından, gözlərinin uzaq məsafə və zaman arxasında nə isə axtarırmış kimi sakit və dalğın dayanmasından hiss olunurdu ki, yorulmuşdur, səksən ildən artıq ömür sürən bu ixtiyar alim qəlbən, ruhən sakitlik və dinclik arayır.
Qoca azacıq tərpəndi. Əlini uzadıb yanındakı yemək stolunun üstündən qatıq qabını götürdü. İndi yadına düşdü ki, nahar eləməyib. Əslinə baxsan, son zamanlar qatıqdan başqa, bir şey yemirdi. Həkimlərin məsləhəti belə idi: səhər qatıq, günorta qatıq, yatmazdan əvvəl yenə qatıq.
Kreslonu geri çəkdi. Titrək əllərini stolun üstündə gəzdirdi. Nə isə xışıltı ilə yerə səpələndi. Qoca kreslodan qalxdı. Əlini dizinə söykəyib azacıq əyildi. Gəbənin üstünə dağılmış kağızları yığışdırdı və birdən xatırladı ki, onun əlindəkilər puldur. Qat-qat, qalaq-qalaq pullar yerə səpələnmişdi. Qolları yanına düşdü. Taqətsiz halda kresloya çökdü. Xışmaladığı pulları stolun üstünə atdı. Onun dodaqlarında qürur qarışıq acı və istehzalı bir təbəssüm oynadı. Sifətini təəssüf xatırladan, lakin peşmançılıqdan çox dünyanın qəribə işlərinə meydan oxuyan bir ifadə bürüdü.
Düz bir saat əvvəl, qaranlıq qarışmazdan xeyli qabaq, ona pul gətirmişdilər. Külli miqdarda, gözləmədiyi halda. Ona demişdilər ki, sizin haradasa, haçansa kitabınız çap olunub. Böyük tirajla. Əsərin adını da dedilər, özünü də göstərdilər. Professor kitabı götürüb laqeydcəsinə baxdı. Pullara toxunmadı. O, bu əsəri çoxdan yazmışdı, lap çoxdan. Az qala müəllifliyini belə unutmuşdu.
Yağış yenə çisələyirdi. Təkərlər şırıldayırdı.
Qapı tərəfdəki iki kəfkirli böyük saat danqıldadı. Dalğa-dalğa otağa yayılan bu səs qocanı diksindirdi. O, nə isə xatırlayıb cəld kreslodan durdu. Pəncərəyə yaxınlaşıb ön taxtaya dirsəkləndi. Boynunu irəli uzadıb bağçaya boylandı. Düz bir həftə idi ki, bir cüt gənc, qaranlıq qarışan kimi, qocanın pəncərəsi önündəki bağçaya gələr, divara tərəf çəkilib, ağacların kölgəsindəki balaca skamyada oturar, baş-başa verib gecədən xeyli keçənə qədər astadan pıçıldaşardılar. Qocanın gecə vaxtı alaqaranlıq kölgəliklərə çəkilib qucaqlaşan gənclərdən xoşu gəlməzdi. Onların gah xısıltılı gülüşləri, gah da həyasız səslərini eşidəndə pəncərəni örtüb otağın dərinliklərinə çəkilərdi. Ancaq bu uşaqlardan xoşu gəlirdi. Onlar sakitcə gələr, sakitcə oturar, gecədən xeyli keçəndən sonra sakitcə də durub gedərdilər. Onların ayaqlarının altındakı yarpaqların xışıltısı eşidilməz olduqdan sonra qoca rahatca yerinə uzanardı. Ancaq bu gün narahat idi. Yağışdan, çisəkdən qorxurdu. Aradan 60 il keçməsinə baxmayaraq yağış, çiskin onu yaman qorxudurdu…
O, Kazan Universitetində oxuyurdu. Fəlsəfə ilə maraqlanırdı, hərdənbir şeir də yazırdı. Eşitmişdi ki, qədim yunan yazıçılarından biri öz əsərlərini yazanda ucqar bir mağaraya çəkilərmiş. Roma natiqləri çıxış etməzdən əvvəl dəniz kənarına gələr, bütün gecə səhərə qədər, üzünü sulara tutub öz-özünə danışar, sonsuz dənizi insan dəryası, hirsli ləpələri isə natiqin sehri ilə çalxalanan izdiham sanarmış. Onlara oxşamağa çalışırdı. Dərsdən sonra, ya da imtahanqabağı yoldaşlarından ayrılır, təkliyə, xəlvətə çəkilirdi. Volqanın sahilinə qaçıb, gözdən uzaq bir yer tapırdı. Oxuyurdu, danışırdı, uca bir yerə çıxıb sinəsini qabardır, üzünü axar sulara tutub şeir oxuyur, qədim natiqlərin nitqlərindən latınca parçalar söyləyirdi. O, hamını sehrləmək, boğuq-boğuq fit verən gəmilərin səsini batırmaq, çarxlarını dayandırmaq, göyərtədəki adamların diqqətini cəlb etmək, onlara öz nitqini söyləmək istəyirdi. O istəyirdi ki, hamı – sahildəki izdiham da, çay kənarına görüşə gələnlər də, uzaq səfərə hazırlaşanlar da, sahilə yan alan gəmiləri körpüdə qarşılayanlar da onu dinləsinlər, ona qulaq assınlar. Bəzən göyərtədən sahilə əl edirdilər, şlyapalar havada yellənirdi. Ona elə gəlirdi ki, səsi gəmidəkilərə çatıb, dinləyicilər onu alqışlayırlar. Daha da coşurdu, əl-qol atırdı. Ancaq bir dəfə…
Qız boynunu büküb altdan yuxarı ona baxırdı. Sarı saçını ortadan ayırıb iri hörük hörmüşdü. Əynində uzun boynunu və qollarını örtən, yaxası işləməli gimnaziya paltarı vardı. Müşəmbəli ağ önlüyünün qatı sınmamışdı. Uzunboğaz, dikdaban çəkmələrinin qaytanı çarpazlarda səliqə ilə çarpazlanmışdı. Qız kitablarını sinəsinə sıxmışdı. Oğlan özünü itirdi. Əli havada qaldı, gözü qızda. Bilmədi, sözünü bitirsin, yoxsa yarıda kəssin. Qız gülümsündü. Əlindəki çiçəyi qayanın üstündə heykəl kimi dayanan oğlana atdı. Qaça-qaça uzaqlaşdı. Haradasa, qayanın o tərəfində qızlar gülüşdü…
Bir həftə görünmədi. Utandığından o tərəflərə hərlənmədi. Ancaq yarı canı Volqanın sahilində qaldı. Gecələr gözünə yuxu getmədi. Yataqxana yoldaşları sakitləşəndən sonra yerində çöyrükdü, gözünü tavana zillədi, pəncərədən boylandı. Hara baxdısa, sarışın qız gözünün önündə dayandı, boynunu əyib altdan yuxarı ona baxdı, gülümsündü, əlindəki çiçəyi yuxarı, qayanın üstünə atdı. Görəsən, doğrudanmı qızın onun şeir oxumasından xoşu gəlmişdi? Yoxsa öz gözəl nitqi ilə dünyanı əsir etmək istəyən gənci elə ilk addımdan adi bir qız ələ salırdı? Bəlkə, bu bir həqiqət idi? Bəlkə, qız, doğrudan da, onun nitqinə aşiq olmuşdu? Bəlkə, bunların hamısı boş xəyal, qəlbində yeni hisslər yaranan bir gəncin təxəyyülündə baş qaldıran arzular, istəklər uydurması idi? Bəlkə, bəlkə…
O dözmədi. Cəsarətini topladı, hürkə-hürkə, ehtiyatla, ətrafına boylana-boylana sahilə getdi. Dikdirə çıxanda gözlərinə inanmadı. Qız dizlərini qucaqlayıb oturmuşdu. Baxışlarını axar sulara zilləmişdi.
Heç nə soruşmadılar. Qız onun qızarmış qulaqlarına baxdı, o da qızın bədənini kip tutan donunun titrəyən sinəsinə. Gülümsədilər. Köhnə tanışlar kimi əl verdilər. Adlarını dedilər:
– Ləbibə.
– Daniyal.
Əl-ələ tutub üzüaşağı, sahilə qədər qaçdılar. Oğlana elə gəldi ki, bu saat hər yeri ayaqyalın keçə bilər, qızı qolları üstünə alıb, geniş Volqanın ləpələri ilə addımlayar, istəsə, lap səmada qapaqlanmış ağ bulud laylarının qoynuna qalxıb sonsuzluqlara qədər baş alıb gedər. O istəyirdi ki, çayyuxarı üzən gəmilər dayansın, lap sahilə yan alıb onların önündə dursun, onları göyərtəyə, sonra da bərli-bəzəkli kayuta dəvət etsinlər. Birlikdə aylarla Volqaboyu yol getsinlər, gecələr göyərtənin arxa tərəfində məhəccərə söykənib qoşa dayansınlar, pərlərin köpükləndirdiyi sulara, ləpələrin qoynunda yırğalanan aya, suların sinəsində uzanan işıq zolaqlarının gümüşü pullarına tamaşa etsinlər. Sahildə mürgüləyən meşələrə, kəndlərə, yaşıl çəmənlərə baxmaqdan doymasınlar. Deyəsən, qız da eyni halı keçirirdi. Balaca, zərif əllərini oğlanın əlindən çəkmirdi…
Qoca pəncərədən bir az geri çəkildi, görünmə-sindən ehtiyat etdi. Qız gəlmişdi. Ağacın kölgəsində dayanaraq, narahatlıqla ətrafa boylanırdı. Tez-tez qolundakı saatına baxırdı. Həyəcanlanmışdı. Narın damlalar yenə də yeknəsəqliklə şırıldayırdı. Oğlan gecikirdi. Qız gah ağacların kölgəsində daldalanır, gah da aşkara çıxıb yollara boylanırdı. Bəlkə, getmək istəyirdi? Qoca az qala pəncərədən əyilib qızın qolundan yapışmaq, onu oğlan gələnə qədər saxlamaq: “Getmə, gözlə, bəlkə, səbəbi var? Sevən adam görüşə səbəbsiz gecikməz, bunu bilirsinizmi, ay qızlar?” ‒ deyə pıçıldamaq istədi. Axı o da 60 il bundan qabaq belə bir çiskinli havada görüşə gecikmişdi!..
Onun pulu yox idi. Sevdiyi qızı bir yana aparmaq, ona bir hədiyyə almaq, nəyəsə qonaq etmək bir yana dursun, görüş yerinə getmək üçün konkaya minməyə belə pulu yox idi, beş-on qəpiyin əlində əsir qalmışdı. Çox vurnuxmuş, ümidi gələn yoldaşlarından borc istəmiş, verən olmamışdı. Bəlkə, onların da pulu yox idi? Tələbələrin cibinin boş anları azmı olur?! O, piyada getmək, qaça-qaça özünü qıza yetirmək, küçələri kəsəsinə addımlayıb konkalardan, faytonlardan sürətlə gedib Ləbibənin yanında olmağı arzulasa da, başa düşmüşdü ki, gecikib.
Yağış çisələyirdi. Daş döşəməli küçələr islanmışdı. Novçalardan axan sular şırıldayırdı. Daniyal darıxdı, ağzı üstə çarpayıya yıxılıb yastığı didişdirdi…
Birdən otaqda ayaq səsləri eşidildi. Addımlar yaxınlaşdı və onun çiyninə toxundular. Çevrilib başı üstündə dayanan tələbə yoldaşına baxdı. Bu onların sinfində oxuyan ən sakit, ən kasıb və ən qaradinməz tələbə idi. O, eynəyinin altından sakitcə baxırdı. Bu baxışlar o qədər qayğıkeş, ürəkaçıqlığı və canıyananlıqla dolu idi ki, Daniyal susa bilmədi. Ondan kömək almaq üçün yox, yüngülləşmək, ürəyini boşaltmaq üçün dərdini açdı. Eynəkli oğlan gülümsündü, əlini cibinə salıb üç manat çıxardı. Sakitcə yoldaşına uzatdı. Daniyal əvvəlcə tərpənmədi, mat-mat yoldaşına baxdı və birdən pulu qapıb bayıra cumdu, pillələri üç-üç, beş-beş atılıb küçəyə çıxdı. Dayanacaqdan uzaqlaşan konkanın arxasınca özünü yetirib ayaqlığa atıldı. Arxada dayanmadı, məsafəni qısaldacaqmış kimi adamları yara-yara qabağa keçdi, konkanın dayanacağa çatmasını gözləyə bilmədi, dözümsüzlük edib yerə atıldı, qaça-qaça özünü görüş yerinə yetirdi.
Ləbibə getməmişdi. Yağışın altında gözləmişdi. Daniyal sevindi, əlini uzadıb görüşmək istədi. Qızın soyuq baxışı onu tərpənməyə qoymadı. Dayandılar. Dinmədilər. Birdən Ləbibə dabanı üstə fırlanıb geri döndü. Daniyalın çağırışını eşitmədi, onun dediklərinə qulaq asmadı. Çiskinli havada, köhnə şəhərin dar küçələrində, döngələrdən birində görünməz oldu, əbədi yoxa çıxdı…
Qız bir də saata baxdı. Qoca onun getməsini görmək, gecikmiş oğlanın həyəcanlarının şahidi olmamaq üçün pəncərədən geri çəkildi. Qatıq qabını götürüb qaşıqladı. Ancaq səbri çatmadı. Əyilib oğruncasına pəncərədən boylandı. Birdən onun sifəti işıqlandı. Oğlan gəlmişdi. Həmişəki kimi divar tərəfdə, pəncərənin altındakı balaca skamyada, ağacların alaqaranlıq kölgəsində durmuşdular. Çisələyirdi. Damlalar irilənib yarpaqlardan süzülürdü. Onlar yağışdan qorunmaq üçün sıx yarpaqların altına çəkilmək istədilər. Quru yer tapmadılar. Ayaqlarının altındakı yarpaqlar xışıldadı. İri damlalar xəzəldə tappıldadı, ancaq onlar getmədilər. Küncə qısılıb plaşı başlarına saldılar. Damlalar plaşı döyəclədi.
Qoca bədəninin giziltisini unudaraq pəncərəni azacıq araladı. Çiskinli havada, islaq yarpaqların arasından uzaq ulduzlar kimi tutqun görünən işıqlara baxdı. Sakitcə nəfəs alıb kresloda oturdu, şalı dizlərinə çəkdi…
Maşınların təkərləri yaş yollarda şırıldayırdı. Çiskinli yağışın narın səpələntisi ağacların yarpaqlarında yeknəsəqliklə səslənirdi. Pəncərənin nəfəsliyindən içəri nəmli hava dolurdu. Bayırda xəzan yarpaqları, içəridə isə stolun üstünə və döşəməyə səpələnmiş pullar xışıldayırdı.
İclasçı
Bəhlul ağ brezent ayaqqabısını diş tozu ilə silib daha da ağartdı. Yaxası və qollarının ağzı işləməli ağ köynəyini geyindi. Nazik kəmərini üstdən bağlayıb köynəyin qırçınlarını yanlara sığadı. Yuxarıdakı düyməni bağlamadı. Yaxası açıq qaldı. Evdən çıxmazdan əvvəl güzgü qabağında dayanıb gur, qara saçını geri daradı. Teli qıvrılıb aralandı və qaşının üstə düşdü. Həmişəki kimi, bu gün də təzə qəzet almaq üçün asta addımlarla qəsəbənin mərkəzindəki meydançaya doğru yollandı.
İkimərtəbəli, başabaş uzun eyvanlı mehmanxananın qarşısındakı qəzet köşkünün yanına yenə də adamlar toplaşmışdılar. Onlar adətləri üzrə bir saat əvvəl buraya yığılır, faytonla vağzala, qatarı qarşılayıb qəzet gətirməyə gedən poçt işçisini gözləyirdilər. Fayton küçənin başında görünən kimi, növbəyə dayanırdılar. Qəzetsatan isə qəsdən köşkün qapısını yarım saat da gec açır, adamların növbəyə dayanmasından ləzzət alırdı.
Fayton hələ görünmürdü. Adamlar bikarçılıqdan darıxır, vaxtilə hansı bəyinsə evi olan mehmanxananın göy dirəkli, göy məhəccərli eyvanında oturan qonaqlara altdan-yuxarı gözaltı baxır, öz aralarında nəsə pıçıldaşıb gülüşür, qəribə, məzəli zarafatlar edirdilər. Görünür, bu istidə xeyli gözləməli olacaqdılar.
Bəhlul kənara çəkildi. İri cökə ağacının gövdəsinə söykənərək cibindən balaca bir şeir kitabı çıxardı. Yenicə oxumağa başlamışdı ki, onun qarşısında dayandılar.
‒ Bağışlayın, bu saat işiniz yoxdur ki?
‒ Yox. Necə bəyəm?
‒ Sizi hakim çağırır.
‒ Kim?
‒ Sudya10.
‒ Mənim sudya ilə nə işim var?
‒ Bilmirəm, gedək, özündən soruşarsınız.
Bəhlul kitabı örtdü. Bir anın içində on doqquz illik həyatının bütün cığırlarını dolaşdı, ötən illərə gedib, geri qayıtdı və məhkəməlik bir işə rast gəlmədi.
Kiçik qapıdan içəri keçdilər. Bəhlul dəsmal çıxarıb tərini sildi və içəri sərin olsun deyə pəncərəsinin taxtaları örtülmüş alaqaranlıq otağın küncünə doğru baxdı. Stolun arxasında oturan adam Bəhlulun heç nə görmədiyini başa düşdü və taxtaları araladı. Dərhal üstü qırmızı örtüklü stol, iri mürəkkəbqabı, bir az bəridəki çaydan, stəkan-nəlbəki və söhbət edən iki adam günün zolağında yerdən çıxmış kimi peyda oldu. Bəhlul oturanın birini tanıdı. Yaxın məktəblərdən birində ədəbiyyat müəllimi idi. O birisini isə ilk dəfə görürdü.
Hakim ayağa durdu. Bəhlula əl verdi və çəkib yanında oturtdu. Çaydandan armudu stəkana çay süzdü.
‒ Əvvəlcə bir stəkan çay iç, susuzluğun kəssin, sonra sənə zəhmət verəcəyəm.
Bəhlul sakitləşdi və stəkanı qabağına çəkdi.
‒ Yəqin ki, yay tətilinə gəlibsiniz?
‒ Bəli.
‒ Lap yaxşı. Demək, boş vaxtınız var.
‒ Var. Necə bəyəm?
‒ Bilirsinizmi, ‒ hakim səsinə bir az da mehribanlıq verdi, ‒ bu gün bir cinayət işinə baxmalıyıq. Ancaq iclasçımızın biri xəstələnib. Mən də məhkəmənin işini təxirə salmaq istəmirəm. Xahiş edirəm, iclasçı olun.
Bəhlul stəkanı nəlbəkiyə qoyub mat-mat hakimin üzünə baxdı.
‒ İclasçı nə deməkdir?
Hakimdən qabaq Yunis müəllim dilləndi:
‒ İştirak edərsən, görərsən. Bir də, bilirsən, nə var, gərək həyatı öyrənəsən. Eşitmişəm, yazı-pozun da var. Demək, belə işlər sənə daha çox lazımdır. Maraqlı bir prosesin şahidi olacaqsan. Gedək, yoldaş hakim, bunu tanıyıram, yaxşı oğlandır, sözümdən çıxmaz.
Yunis müəllim Bəhlulun əvəzindən razılıq verdi və onu dillənməyə qoymadı.
Bəhlul ayağa durdu, qabağa düşüb qapını açmaq istədi. Hakim onu saxladı və başa saldı ki, gözləmək lazımdır. Bayaq onu çağıran oğlan irəli keçdi. Yunis müəllimin üst-başını düzəltdiyini görüb, Bəhlul da özünü səliqəyə saldı, köynəyinin yaxasını düymələdi. Oğlanın ötkəm səsi eşidildi:
‒ Qalxın, məhkəmə gəlir!
Bəhlul açıq qapıdan boylandı. Hamının, müəlliminin ayağına qalxan11 şagirdlər kimi, yerindən durduğunu gördü. Hakim qabaqca, iclasçılar dalca səhnəyə oxşar yerə çıxdılar. Sədr ortada oturdu, iclasçılar sağ və sol yanda. Camaat da əyləşdi.
Bəhlul birinci dəfə belə yerə düşdüyündən döyükür, iclas salonunda oturanları bir-bir gözdən keçirirdi. O ayırd edə bilmirdi ki, müqəssir kimdir, şahid kim? Vəkil harada oturur, ittihamçı harada? Ona elə gəlirdi ki, sinif otağındadır, oturanlar tələbələrdir, özləri də imtahan götürməyə hazırlaşan komissiya.
Hakim qovluğu açdı, üzünü yan tərəfə, milis işçisindən bir az bəridə oturanlardan birinə tutdu.
‒ Müttəhim, siz məhkəmə heyətinə etiraz etmirsiniz ki?
‒ Yox.
Tanış səs Bəhlulu diksindirdi. Təəccüblə gah hakimin üzünə baxdı, gah da müqəssirin. Nəsə demək istədi. Hakim bunu sezmədi və ikinci müqəssiri qaldırdı:
‒ Siz necə?
‒ Razıyam.
Beləliklə, sorğu-suallar başlandı.
Bəhlul çaşıb qalmışdı. Oğurluqda ittiham edilənlər onun keçmiş məktəb yoldaşları idi. Pedaqoji texnikumu bir yerdə bitirmişdilər. Teymur ozaman riyaziyyatı gözəl bilməsi ilə hamını heyran qoymuşdu. Hələ birinci kursdan riyaziyyatçı kimi məşhurlaşmışdı. Onun sorağı şəhər onillik məktəbinə və başqa texnikumlara da gedib çıxmışdı. Ən çətin məsələləri həll etmək üçün ona gətirirdilər. Tənəffüslərdə məktəbin tələbələri gizlicə ona baxar: “Cəbrin allahıdır”, ‒ deyə pıçıldaşar, sir-sifətdən yöndəmsiz olan bu oğlanı barmaqla göstərərdilər. Elə Mirzənin özü, heç onun kimi ədəbiyyatçı vardımı?! Bayramlarda, ya da ədəbi gecələrdə səhnəyə çıxıb şeir oxuyanda milçək uçsaydı, vızıltısı eşidilərdi. Heç kəs, lap ən yaxşı ədəbiyyat müəllimləri belə İblisin monoloqunu onun kimi deyə bilmirdilər. Rayon teatr truppası neçə dəfə onu Aydını oynamağa çağırmışdı. O, Elxan rolunda səhnəyə çıxıb: “Bu əllər, bu ayaqlar, bu kəllələr, bu sümüklər, bunlar, bunlar da deyir “la ilahə illəllah”! Yalnız mən… yüz iyirmi dörd min vicdan bayquşunun yaratdığı süni, yapma, əski qullar dünyasına qarşı üz-üzə durub ucadan deyirəm: yoxdur Allah, mənəm Allah!” ‒ deyəndə elə bil tamaşaçılar nəfəs almaqdan da qorxurdular. Bəhlul inana bilmirdi ki, yalana, hiyləyə, vicdansızlıq və əyriliyə qarşı üsyan edib, böyük arzularla yaşayanlar belə bir cinayət çirkabına yuvarlansınlar. Mirzə gör necə də qızarmışdı, necə də puçur-puçur tər tökürdü. Teymur xəcalətindən başını qaldırıb adamların üzünə baxa bilmirdi. Bəhlul inana bilmirdi ki, bunlar bir otaqda kirayə qaldıqları üçüncü müəllim yoldaşlarının velosipedini və gəbəsini oğurlasınlar. Yox, burada nəsə bir dolaşıqlıq var. Bəlkə, bu işi təşkil ediblər? Bəlkə, bunların hamısı küncdə büzüşüb oturan, özünü fağır göstərən çarıqlı yurist12 ev sahibinin qurğusudur?
İclas gedir, zahiri görkəmindən sadəlövh görünən hakim birdən elə incə, elə gözlənilməz suallar verirdi ki, şahid dolaşır, müqəssir çaşıb qalır, ya da ağıla gəlməyən hadisələri dəqiqliyi ilə danışmalı olurdu. Bəhlula bəzən elə gəlirdi ki, Teymur da, Mirzə də bu saat hər şeyi boynuna alacaq: “Müqəssir bizik!” ‒ deyəcəkdilər. Ancaq sual-cavab hər dəfə gözlənilməz istiqamət alırdı. İstintaqın, məhkəmə prosesinin nə qəribə, nə incə və maraqlı gedişi varmış!.. Arada hərdənbir iclasçı Yunis müəllim də işə qarışırdı, müqəssirlərə köntöy suallar verir, onları dolaşdırmağa çalışırdı. Ancaq hakim nəzakət qaydalarını pozmadan, onun yersiz və istintaqi13 cəhətdən savadsız suallarını rədd edir və iclası yenidən öz istiqamətinə yönəldirdi.
Bəhlul Yunisi yaxşı tanıyırdı. Bir zəngin əvvəlində sinfə gəlib tapşırıq verən, bir də dərsin sonunda görünüb: “Ədəbi qiraət dərsi ədəblə oturub oxumaqdır”, ‒ deyən bu müəllim indi əjdahaya dönmüşdü. Az qalırdı, camaatı sualların altında itirsin. Hakim isə təmkinini pozmadan düyünləri açırdı.
İclas qurtardı. Məhkəmə hökm çıxarmağa getdi.
Hakim otağa keçən kimi, dərindən nəfəs alıb tərini sildi. Katib yenicə dəmlənmiş çaydan stolun üstünə qoydu. Hakim armudu stəkanda hərəyə bir stəkan çay verdi. Yunis dərhal çayını içdi. Bəhlul isə gözünü üzü qaysaqlanmış çaya zilləyib susdu.
Hakim dalbadal iki stəkan çay içdi. Qovluğu qabağına qoydu və qələmi götürdü:
‒ Zənnimcə, müəllimləri şərə salıblar.
Yunis stəkanı şappıltı ilə nəlbəkiyə qoydu:
‒ Səhv edirsiniz, yoldaş sudya.
‒ İşin gedişi göstərdi ki, onlar cinayət baş verəndə, yəni istirahət günü öz kəndlərində olublar.
‒ Bu, sübut deyil, səhər gedib axşam qayıda bilərdilər.
‒ Qırx kilometr yolu bir gündə piyada gedib qayıtmaq?! Yəni 80 kilometr yolu…
‒ Olar. Mən onları yaxşı tanıyıram.
‒ Haradan tanıyırsınız?
‒ Bura bax, yoldaş sudya, ədaləti tapdalayıb müqəssirə yan basmaq Sovet hüquqşünasına yaraşmaz. Mən sovet müəllimi adını ləkələyənlərə cəza veril-məsini tələb edirəm.
‒ Əsəbiləşməyin. Hökm çıxaranda gərək soyuqqanlı olasan. Bir də axı, ev sahibi özü boynuna aldı ki…
‒ Siz onu çaşdırdınız.
Yunis papiros yandırdı. Kibriti şaqqıltı ilə stolun üstünə atdı. Otağı göyümsov tüstü bürüdü:
‒ Əgər belə etsəniz, mən qol çəkməyəcəyəm!
‒ Onda işimizi pozmuş olarsınız.
Bəhlul sakitcə söhbətə qulaq asır və Yunisin dediklərini təəccüblə dinləyirdi. Onun ürəyinə dammışdı ki, hakim haqlıdır, ancaq özünün nə kimi imtiyaza malik olduğunu bilmədiyindən susurdu. Yunis “qol çəkməyəcəyəm!” deyəndə başa düşdü ki, iclasçıdan çox şey asılıdır.
‒ Əgər Yunisin qərəzli fikrinə qulaq assanız, mən çıxıb gedəcəyəm.
Yunis Bəhluldan bu cavabı gözləmədiyindən diksindi və daha da sərtləşdi:
‒ Şura müəllimi adını…
‒ Şura müəlliminə böhtan atmaq, məncə, daha böyük cinayətdir. Hakim bilməsə də, özünə yaxşı məlumdur ki, niyə onların əleyhinə gedirsən.
‒ Mənim qərəzliyim var?
‒ Var! Onlar gərək sənin iclasçılığına etiraz edəydilər.
Yunis başa düşdü ki, Bəhlul keçən il rayon qəzetində Mirzənin onun haqqında çap etdirdiyi şeiri nəzərdə tutur. Bir az da höcət etsə, hər şey açılacaq.
‒ Mən nə deyirəm, istəyirəm, günaha batmayaq.
‒ Əlbəttə!
Hər şeyə yenidən baxdılar, müqəssirlərin, şahidlərin cavablarını bir də nəzərdən keçirdilər və əsl müqəssirin ev sahibi olduğunu yəqinləşdirdilər.
Yenə “məhkəmə gəlir!” dedilər, yenə camaat ayağa durdu, elə ayaq üstündə hökm oxundu. Zaldan alqış səsi eşidildi. Ev sahibi boynunu büküb məhkəmədən aman dilədi, hər şeyi qaytaracağına söz verdi.
…Rayon adamları yenə qəzet növbəsində dayanırdılar. Cavanlar yenə gözaltı mehmanxananın eyvanına baxırdılar. Ancaq Bəhlul bir daha görünmədi. O, qonaqlıqlardan vaxt tapıb meydançaya gələ bilmirdi. Hər axşam bir evə, hər gün bir məclisə çağırırdılar. Ona ömründə bu qədər hörmət olmamışdı, bəlkə, bundan sonra da heç olmayacaqdı.
Ücretsiz ön izlemeyi tamamladınız.