Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Hekayələr», sayfa 2

Yazı tipi:

LİT-LİTİN ƏRƏ GETMƏSİ

Con Foks viskinin, demək olar ki, bütün ilboyu bərk olduğu, donduğu, ona görə də ondan press-papye12 kimi istifadə etmək mümkün olan yerə gəlib çıxanda uşaqlıqdan həyata açıq gözlə baxmayan başqa macəra axtaranlardan fərqli olaraq idealların, illüziyaların əsiri olub qalmadı. Uzaq Qərbdə anadan olub böyüyən Con Foksun ağlı iti olmasa da, o, sağlamdüşüncəli, işgüzar, qoçaq adam idi, hər şeyə açıq gözlə baxırdı. Bu da onun Kanadada yeni sahədə müvəffəqiyyət qazanmasını təmin edirdi. O, Hudzon körfəzi şirkətinin adi xidmətçisi kimi bələdçilərlə birlikdə avar çəkir, hər cür işdən yapışırdı, odur ki irəli tez çəkildi. “Mələklər” istehkamındakı ticarətə başçılıq etməyə başladı.

Con Foks hər şeyə adi gözlə baxırdı, ona görə də yerli tayfadan olan bir qızı aldı; bu ər-arvadlıq sözün əsl mənasında uğurlu oldu. Çünki o, başqa, iradcıl kişilərdən deyildi; belələri işləyə bilmir, axırdan-axıra öz həyatlarını cəhənnəm əzabına döndərirdilər. O, taleyindən çox razı idi, şirkətə canla-başla qulluq edirdi, bir neçə müddətdən sonra sayılan işçilərdən biri oldu. Arvadı öləndə qadının tayfası onun cəsədini götürüb yerli qayda-qanunla ağac başında dəmir yeşikdə basdırdı.

Arvadı Foks üçün iki oğlan doğmuşdu. Şirkət onun vəzifəsini artıranda o da oğulları ilə uzaqlara, Şimal-Qərbin ucu-bucağı görünməyən ərazisinə – Günah Qayasına yollandı. Orda onu dəri alveri kimi mühüm sahədə yeni vəzifə gözləyirdi. O, burda bir neçə ay tənha qaldı və yeknəsəq həyatdan darıxdı. Açıq-aydın nifrətlə bir o qədər də gözəlliyi olmayan hindu qızlarına baxır, daim ana nəvazişi və qayğısı görməyən oğlanlarının dərdini çəkirdi. Birdən o, Lit-Liti gördü.

– Lit-Lit… Sizə necə deyim, Lit-Litdir də… – qızı təsvir eləmək üçün baş keşikçi Aleksandr Mak Linə bundan artıq söz tapıb deyə bilmədi.

Mak Lin sözün əsl mənasında şotland idi, onun, Con Foks demişkən, ağzından süd iyi gəlirdi, ona görə də hindu qadınları almaq fikrini heç yaxına belə qoymurdu. İşlər müdiri öz ölməz ruhunu məhv etmək fikrinə düşsəydi, Mak Lin narazı qalmazdı, çünki Mak Lin qorxurdu ki, özü Lit-Litin gözəlliyi qarşısında davam gətirməyib ruhunu məhv edər.

Şotlandın sərt qəlbi Lit-Litin qəlbə od salan baxışları qarşısında az qala əriyəcəkdi. Lit-Lit mütənasib bədənli, çevik qız idi, üzünün ifadəsi olmayan, ağır tərpənən, süst, başqa hindu qadınlara heç bənzəmirdi. Uşaqlıqdan bir yerdə otura bilmədiyinə, kəpənək kimi ora-bura uçub qonduğuna görə, adama uyuşan, şən, qayğısız, kəlməbaşı qəhqəhə çəkib güldüyünə, ora-bura qaçdığına, atılıb-düşdüyünə görə ona Lit-Lit deyirdilər.

Lit-Lit yerli tayfanın şöhrətli başçısı Snitşeynin və metis qadının qızı idi. Con Foks bir dəfə yayda sözarası evlənməkdən danışmaqdan ötrü ona baş çəkdi. Onlar tayfa başçısı ilə ağcaqanadları qovlamaq üçün viqvamın13 qabağında qalanmış ocağın qırağında oturmuşdular; tələsmədən toydan başqa, Şimal diyarına aid olan hər şeydən danışırdılar. Con Foks ancaq toydan danışmaq üçün gəlmişdi; Snitşeyn bunu bilirdi, Con Foks da onun bildiyini bilirdi, buna baxmayaraq onlar xüsusən toydan söz salmayıb möhkəm susdular. Bu, hindular arasında çox məharətlə danışıq aparmaq bacarığı sayılırdı. Əslində isə bu, adicə sadəlövhlük idi.

Saatlar ötürdü, Foksla Snitşeyn isə trubka dalınca trubka çəkir, özlərini bir-birinə sadəlövh göstərirdilər.

Günün günortaçağı Mak Lin və o biri keşikçi Mak Teyviş gəlib-keçdilər. Onlar çaya gedirdilər, özlərini laqeyd göstərdilər. Bir saatdan sonra onlar qayıdanda Foksla Snitşeyn şirkətin xəzlə dəyişmək üçün verdiyi barıtın və bekonun14 miqdarı barədə nəzakətlə mübahisə edirdilər. Bu ara faktoriyanın işlər müdirinin nəyə gəldiyini başa düşən Lit-Lit viqvamın arxa divarının altından sürünüb keçdi. Giriş qapısının ağzını örtən dərinin qırağını qaldırdı və arasından ocağın qırağında oturub mübahisə eləyənlərə tamaşa etməyə başladı. Qızın yanaqları pörtmüşdü, gözləri alışıb-yanırdı, qəlbi iftixar hissi ilə aşıb-daşırdı, axı işlər müdirinin özü onu seçmişdi (Şimal diyarlarında o, Allahdan sonra birinci adam sayılırdı) – Lit-Litin qəlbini qadın marağı bürümüşdü, ona yaxşıca baxmağa, tamaşa etməyə tələsirdi. Günəşin şüalarından, düşərgə ocaqlarının istisindən, yağmurlu havadan kişinin sifətinin rəngi qızın atasının üzü rəngdə, qıpqırmızı bürünc rəngindəydi, onunla yanaşı duranda Lit-Lit ağ görünürdü. Bu, qızın xoşuna gəlirdi, sevinirdi ki, Foks belə cüssəli, qüvvətlidir, qızı təkcə onun iri, qara saqqalı bir qədər qorxudurdu, o, çox qeyri-adi idi.

Lit-Lit çox cavan idi, kişilərin necəliyindən heç baş açmırdı. Qız günəşin cənuba çəkilib üfüqün arxasında yox olmasını, günün göydə daha çox olmasını, gecənin, nəhayət, onun qarşısında geri çəkilməsini on yeddi dəfə görmüşdü. Bütün bu illər ərzində Snitşeyn qızını möhkəm qorumuşdu, onun pərəstişkarlarını yaxına qoymamışdı. Onu almaq istəyən gənc oçvuların təkliflərinə nifrətlə qulaq asıb hamısını rədd etmişdi, sanki qızın, doğrudan da, misli-bərabəri yox idi. Qoca tayfa başçısının tamahı cuşa gəlmişdi. Lit-Lit onun sərvəti idi. Özü də elə sərvəti idi ki, o bundan ancaq xırda-xuruş faizlər əldə etməklə kifayətlənməyib, ardı-arası kəsilməz çoxlu qazanc əldə etmək istəyirdi.

Lit-Lit hindu qəsəbəsində sanki monastırda böyümüşdü, indi o, narahatlıqla, qız marağı ilə onu aparmağa gələn kişiyə, bilmədiyi şeyləri ona öyrədəcək ərinə, başının ağasına, sözü onun üçün qanun olana, ömrünün axırınadək ona istiqamət verəcək, ona ağalıq edəcək adama tamaşa eləyirdi.

Yanaqları pörtmüş, gələcək qəribə taleyi barədə həyəcanlı fikirlərə dalan qız viqvamdan boylanırdı, ancaq vaxt ötürdü, işlər müdiri ilə atası toydan başqa hər şey barədə lovğa-lovğa danışırdılar. Qızın qanı qaraldı. Axşam düşürdü. Günəş get-gedə lap aşağı enirdi, işlər müdirinin getməyə hazırlaşdığı hiss olunurdu. Budur, dönüb getmək istəyir. Lit-Litin ürəyi düşdü, çünki kişi ayaq saxlayıb çiyni üstündən dedi:

– Hə, Snitşeyn, mənə alt paltarımı yuyan, üst-başımı yamayan arvad lazımdır.

Snitşeyn burnunun altında nəsə mızıldandı və dişsiz qarını – Vanidanini təklif elədi.

Foks etiraz etdi:

– Yox-yox! Mən qulluqçu deyil, arvad almaq istəyirəm. Son vaxtlar bu barədə fikirləşirəm, indi birdən ağlıma bir şey gəldi, bəlkə, sənin elə bir adamın oldu?

Snitşeyni möhkəm maraq hissi bürüdü, işlər müdiri ona yaxınlaşdı ki, işarası guya gözlənilmədən ortaya çıxmış məsələni müzakirə edə.

Snitşeyn təklif elədi:

– Katunu al.

İşlər müdiri etiraz etdi:

– Çolaqdır.

– Laskanı necə?

– O, itpaçadır. Ayaq üstündə olanda qıçları arasından sənin ən böyük köpəyin Kips asanlıqla keçə bilər.

Snitşeyn halını pozmadan təklifini elədi:

– Sinatini necə, alarsan?

Con Foks özünü yalandan qəzəbli göstərib qışqırdı:

– Bircə bu çatmırdı. Mən qoca-zadam məgər, qarılarını mənə vermək istəyirsən? Dişsiz qocayam? Topalam, koram? Ya da elə kasıbam ki, yer üzündə heç bir gözəl qız üzümə baxmaz?! Bilirsən mən kiməm? Mən işlər müdiriyəm, dövlətliyəm, qüdrətliyəm, güclüyəm, hakimiyyət əlimdədir, mənim bir sözümlə adamların canına üşütmə düşür, sözümdən çıxmağa cürət etmirlər.

Bütün bu sözlər Snitşeynin ürəyinə yağ kimi yayıldı, ancaq üzü sirli və müəmmalı idi. O, istər-istəməz işlər müdirini məcbur etdi ki, ilk addımı atsın. Snitşeynin çox sadə quruluşlu beyninə bir dəfəyə ancaq bir fikir hakim kəsilirdi, ürəyində tutduğunu Con Foksdan daha inadla əldə etmək istəyirdi. Con Foks nə qədər sadə olsa da, bir o qədər mürəkkəb idi, onun ağlında eyni zamanda bir neçə ideya dolaşırdı, bu da ona tayfa başçısı kimi bir şeyi inadla, hökmən əldə etməkdə mane olurdu.

Snitşeyn tayfa qadınlarının adını bir-birinin dalınca çəkirdi, Con Foks o dəqiqə bunları rədd edirdi, ona yaramadıqlarını deyirdi. Nəhayət, bütün bunlar onun zəhləsini tökdü, təzədən evinə yola düşmək istədi. Snitşeyn altdan-altdan ona göz qoyurdu, ancaq Foks axırda ayaq saxlayıb dedi:

– Gör nə deyirəm. Biz ikimiz də Lit-Liti yaddan çıxarmışıq. Bəlkə, o mənə yaradı?

Snitşeynin qaşqabağı açılmadı, ancaq ürəyində sevincinin hədd-hüdudu yox idi. Bax buna varam! Bir dəqiqə də ötsəydi, o özü Lit-Litin adını çəkəcəkdi, ancaq işlər müdiri özü ilk addım atdı.

İşlər müdiri ucadan ürəyindən keçənləri deyirdi:

– Hə, nə olar ki? Bunu bir yolla yoxlamaq olar, sınaqdan keçirək. Hə, demək belə, – o, səsini ucaltdı, – Lit-Lit üçün on yorğan, üç funtluq da əla tütün verrəm.

Ancaq Snitşeyn başını buladı, bu, açıq-aydın o demək idi ki, yer üzünün bütün yorğanları, tənbəkisi gözəllik mücəssəməsi olan Lit-Litin yerini verməz. Foks, nəhayət, ondan nə istədiyini tələb edəndə tayfa başçısı soyuqqanlılıqla bildirdi ki, ona beş yüz yorğan, on tüfəng, əlli funtluq tənbəki, iyirmi parça qumaş, on butulka rom, şarmanka verəcək, bundan başqa da işlər müdirinin iltifatını qazanacaq və ocağının başında yeri olacaqdır.

Foksu sanki iflic vurdu, ona görə də yorğanların sayı tez iki yüzə endirildi, onun dalınca da tayfa başçısı ocağın qırağında yer istəməkdən boyun qaçırdı, – ağdərili kişilərlə bu yerin qızları evlənə, bu, görünməmiş iş idi. Onlar daha üç saat sövdələşdilər, sonda razılığa gəldilər. Snitşeyn Lit-Lit üçün yüz yorğan, beş funtluq tənbəki, üç tüfəng, bir butulka rom alacaqdı. Həm də, şübhəsiz ki, işlər müdirinin iltifatını qazanacaqdı: Con Foksun fikrincə, o, on yorğan, bir tüfəngi qıza görə artıq verirdi. Gecəyarıdan ötəndə Foks evə qayıdanda təəssüflə fikrindən keçirdi ki, Snitşeyn ona kələk gəldi.

Yorulmuş, ancaq əldə etdiyi qələbədən sevincək olan Snitşeyn uzanmağa hazırlaşırdı ki, viqvamdan yavaşca sürünüb çıxmaq istəyən Lit-Liti gördü.

O, nəsihətverici şəkildə mızıldandı:

– Sən özün gördün, özün eşitdin. İndi görürsən ki, atan müdriklərin müdrikidir. Sənin üçün ən sərfəli ər tapmışam. Mənə qulaq as, nə deyirəmsə, onu elə, mən get deyəndə gedər, qayıt deyəndə qayıdarsan. Beləcə, biz bu ağ axmağı soyarıq, boyu uzundur, ağlı az.

Ertəsi gün ticarət işləri dayandırılmışdı. İşlər müdiri səhər yeməyindən əvvəl Mak Lini və Mak Teyvişi sevindirərək bir butulka viski açdı, itlərə iki pay yemək verdi, ən yaxşı mokasinləri geyinib gəzdi. Faktoriyanın yaxınlığında potlaça15 möhkəm hazırlıq görülürdü. Con Foks Lit-Liti almasını indiyədək görünməmiş potlaçla qeyd etmək istəyirdi ki, adaxlının əliaçıqlığı gəlinin gözəlliyindən geri qalmasın. Axşama yaxın bütün tayfa qonaqlığa gəldi. Kişilər, qadınlar, uşaqlar və itlər doyunca yedilər, əliaçıq kişi heç kəsin – nə yol azıb gələn yolçuların, nə də tayfasından geri qalan ovçuların xətrinə dəymədi. Saqqallı ər indicə gözünün yaşını tökəcək, fağırlaşan Lit-Litə təzə çit paltar, zəngin naxışlı mokasin verdi, onun qaralığından göyəçalan saçları üstünə al-əlvan ipək yaylıq örtdü, boğazına qıpqırmızı şərf bağladı, üstəlik də bürünc sırğa, üzüklər, bir ovuc par-par parıldayan bəzək şeyləri, ucuz saat bağışladı.

Snitşeyn hədiyyələr paylananda özünü güclə saxladı, ən axırda bir dəqiqə vaxt tapıb qızını bir qırağa çəkdi.

O, burnu altında mızıldandı:

– Bu gecə yox, sabah gecə də yox, gecələrin birində çayın qırağına gəlib qarğa kimi qarıldayacağam, sən də yekəpər, axmaq ərinin yatağından qalxıb mənim yanıma gələrsən. – Lit-Litin yeni gözəl həyatdan ayrılmalı olacağını eşidəndə sifətinin uzandığını görüb tələsik əlavə etdi: – Qorxma. Sən qaçıb gələn kimi yekəpər və sadəlövh ərin ah-ufla viqvamıma qaçıb gələcək, sonrası isə səndən asılıdır; var gücünlə şikayətlənərsən ki, ondan xoşun gəlmir, ürəyindən deyil, işlər müdirinin arvadı olmaq sənin düşündüyündən çətin imiş, qoy ərin yazıq, kasıb, qoca atana əlavə yorğanlar, tənbəki və başqa mallar versin. Belə ki, möhkəm yadında saxla, gecə çay sahilində qarğa kimi qarıldayacağam.

Lit-Lit başını tərpətdi, bilirdi ki, atanın sözünə qulaq asmamaq olmaz, bir də o, qızından nə tələb edirdi ki, deyirdi Foksdan bir müddət ayrılsın, Lit-Lit onun yanına qayıdanda əvvəlkindən xoşbəxt olacaqdır. Qız qonaqlara qarışdı, gecəyarıdan keçəndə Foks xüsusilə yaşlı hindu qadınlar dəridən-qabıqdan çıxıb zarafatlaşanda və hay-küy salanda Lit-Liti çağırıb qalaçaya apardı.

Lit-Lit faktoriyada ən nüfuzlu adamın arvadı olmağın nə qədər sərfəli olduğunu tez başa düşdü, belə güzəran yatsaydı, yuxusuna da girməzdi. İndi o, odun, su daşımırdı, deyingən tayfa qocalarına qulluq eləmirdi. İlk dəfə idi ki, səhər yeməyi hazır olunca yataqda uzanıb nazlana bilərdi. Yataq da ki nə yataq: təmiz, yumşaq, rahat; o, ömründə belə yorğan-döşəkdə yatmamışdı. Bəs yeməyinə nə deyirsiniz! Yediyi ağ çörək, peçenye, buğda unundan kökə idi. Gündə üç dəfə, hər gün, özü də ki ürəyin istədiyi qədər. Belə bolluğa adam alışa bilmir. Bundan başqa, Foks xeyirxah da olurdu. Bir arvadı ölmüşdü, evi idarə etməyi yaxşı bacarırdı, arvadın cilovunu da hərdənbir, özü də ciddi şəkildə çəkə bilirdi.

O, toyun ertəsi günü süfrə arxasında oturanda dedi:

– Lit-Lit burda xanımdır. Nə dedi, o da olmalıdır, başa düşdünüz?

Mak Lin və Mak Teyviş başa düşdülər. Onlar bunu da bilirdilər ki, işlər müdirinin əli ağırdır.

Lit-Lit vəziyyətindən sui-istifadə eləməyə tələsmirdi. O, ərinə qulluq etdiyi kimi, onun böyüyən oğlanlarının nazını çəkdi, yorulmadan onların qeydinə qaldı, bununla bərabər, əri onu müəyyən dərəcədə sərbəst buraxdığı kimi, o da onları sərbəst buraxırdı. Oğlanlar təzə analarını hamıya, hər gördüklərinə tərifləyirdilər. Mak Linlə Mak Teyviş də dil boğaza qoymurdular, Foks da ailə həyatının gözəlliklərindən, cavan arvadının məziyyətlərindən, özünün razılığından o qədər danışdı ki, bütün bunlar Günah Qayasının sakinləri və ətrafında yaşayanların dilində dolaşmağa başladı.

Gələcək saysız-hesabsız, qurtarmaq bilməyən qazancların eşqinə düşən, gecələr yuxusu ərşə çəkilən Snitşeyn qərara aldı ki, hərəkətə gəlmək vaxtı çatıb. Toyun onuncu gecəsi Lit-Liti qarğa qarıltısı yuxudan elədi. Qız başa düşdü ki, Snitşeyn onu sahildə gözləyir. Xoşbəxt həyata başı qarışdığından o, atası ilə şərtləşdiklərini unutmuşdu, indi onun canına uşaqlıqda olduğu kimi qorxu düşmüşdü. Lit-Lit tir-tir əsərək yorğan-döşəkdə xeyli uzanıb qaldı, getmək də istəmirdi, qalmağa da qorxurdu. Axırdan-axıra Foksun mehribanlığı, həm də dəmir kimi əzələləri, dördkünc çənəsi ona cürət verdi. Atasının sözünü qulaqardına vurdu, Foks da bu gecə nə kimi qələbə əldə etdiyindən xəbər tutmadı.

Səhəri Lit-Lit qorxu içində yatağından qalxdı, evdə yır-yığış edəndə atasının bu dəqiqə gəlib çıxacağını fikrinə gətirəndə diksinirdi. Vaxt ötüb-keçdi, qız get-gedə sakitləşdi. Foks Mak Lini, Mak Teyvişi diqqətsizlik üstündə ucadan danlayırdı, onun səsi qıza cəsarət verdi. Lit-Lit bütün günü çalışdı ki, ərinin yanında olsun, onun iri anbarda nəhəng mal bağlamalarını qu tükündən hazırlanmış balışlar kimi çətinlik çəkmədən qaldırıb ordan-bura atdığını görəndə tamamilə bu qərara gəldi ki, atasına qulaq asmasın. Bundan başqa, o, ilk dəfə idi ki, anbarı görürdü – Günah Qayası bir neçə xırda faktoriyanın bazası idi.

Lit-Liti bura yığılmış saysız-hesabsız var-dövlət mat qoydu. O bu var-dövlətə tamaşa edir, atasının miskin viqvamı gözləri önünə gəlirdi. Onun bütün tərəddüdləri yoxa çıxdı. Öz qərarını yoxlamaq üçün oğulluğundan soruşdu:

– Atan yaxşı adamdır?

Oğlan cavab verdi ki, yer üzündə ondan yaxşısı yoxdur.

Bu gecə də qarğa təzədən qarıldadı. Ertəsi gecə onun qarıltısı lap ucadan, aravermədən eşidildi. Foks yuxudan oyandı, yorğan-döşəyində narahat-narahat çevrilib söydü:

– Lənətə gəlmiş qarğaya bax!

Lit-Liti gülmək tutdu, ehmalca üzünü yastığa yapışdırdı.

Snitşeyn səhər tezdən günəş doğanda kabus kimi faktoriyaya gəlib çıxdı, onu Vanidani ilə birlikdə mətbəxə səhər yeməyinə çağırdılar. Qoca isə yeməyi qadınla bölüşməkdən qətiyyətlə boyun qaçırdı, bir azdan qızğın alver gedən dükanda kürəkəninin başının üstünü kəsdirdi. Dedi ki, qızı tayı-bərabəri olmayan bir incidir. Deməli, ona yenə tənbəki, yorğanlar, üstəlik, ən vacibi – tüfənglər düşür… Onu, sadəcə, aldadıblar. Lit-Litə görə az şey veriblər. İndi o gəlib ki, insafla işi yoluna qoysun. Ancaq Con Foksun nə artıq adyalları, nə də insafı var idi.

Snitşeyn xəbər verdi ki, üç yerə ayrılan yolun ağzında missionerə rast gəldi, o dedi ki, Allah-taala belə nikahları təqdir eləmir, atanın borcu qızını qaytarıb evinə aparmaqdır.

Snitşeyn sözünü axıra çatdırdı.

– Mən indi əsl xristianam, istəyim budur ki, qızım Lit-Litin göylərdə yeri olsun.

İşlər müdirinin qayınatasına cavabı qısa, aydın oldu: onu cəhənnəmə yollamadı, ona bu yolda ilk addımlarını atmaqda kömək edərək boynunun dalından tutub çölə atdı, qapını çəkdi.

Snitşeyn evin ətrafında dövrə vurub mətbəxdən qonaq otağına keçdi, orda Lit-Litin üstünə düşdü.

O, qızına qəzəbli bir nəzər salıb sözünə başladı:

– Mən səni çağıranda, görünür, yuxun bərk imiş.

– Yox, mən yatmamışdım, hər şeyi eşidirdim. – Qızın ürəyi bərk döyünürdü, qorxudan sıxılırdı, buna baxmayaraq qətiyyətlə sözünə davam etdi: – Keçən gecə də yatmamışdım, çağırdığını eşidirdim, ondan qabaqkı gecə də.

Böyük səadətinin əlindən alınacağından qorxan Lit-Lit qadınların hüquq və mövqelərindən ilhamla nitq söylədi. Bu, altmış üçüncü paraleldən şimalda “yeni qadının” ilk çıxışı idi. Ancaq Lit-Lit nahaq yerə canfəşanlıq edirdi: Snitşeyn hələ də orta əsrlər cəhalətindən ayılmamışdı.

Qız nəfəsini dərmək üçün sözünü kəsəndə isə o, təhdidlə dedi:

– Bu gün mən yenə qarğa kimi qarıldayacağam.

Bu vaxt Con Foks içəri girib qayınatasına eşik qapısını göstərdi.

Bu gecə qarğa həmişəkindən inadla qarıldadı. Oyaq yatan Lit-Lit qarıltını eşidib gülümsünürdü. Con Foks narahat-narahat qurcalanırdı. Sonra o, yuxudan ayılıb daha çox qurcalandı. Mızıldandı, fısıldadı, alçaqdan o ki var söyüş söydü. Nəhayət, yatağından qalxdı, əlhavasına qonaq otağına keçdi, başısoyuq Mak Teyvişin yaddan çıxarıb qoyduğu və içinə xırda qırma doldurulmuş tüfəngi qapıb çölə çıxdı.

Foks oğrun-oğrun faktoriyadan çıxıb tələsik çaya tərəf yollandı. Qarıltı səsi daha gəlmirdi, Foks hündür otların arasında sərələnib gözləməyə başladı. Gündüzün bürküsündən sonra ətrafda ürəklərə yayılan sərinlik vardı. Gecə Foksu yırğalayıb yatırtdı, o, əlini başının altına qoyub əvvəlcə mürgü vurdu, sonra isə dərin yuxuya getdi.

Ondan əlli yard16 aralıda gecənin sakitliyindən xumarlanan Snitşeyn də başını dizlərinin üstünə qoyub yatırdı. Bir saatdan sonra o, yuxudan ayıldı, başını yuxarı qaldırmadan sakitliyi xırıltılı boğazdan gələn qarıltısı ilə pozdu.

Foks yuxudan mədəni adamlar kimi ayılmadı, vəhşi kimi sürətlə oyandı. Tutqun gecə işığında otların arasında nə isə tünd bir şey gördü, tüfəngi qaldırıb nişan aldı. Qarğa təzədən qarıldadı, o, tətiyi basdı. Cırcıramaların cırıltısı, kəkliklərin qaqqıltısı bir anlığa kəsildi, qarğanın qarıltısı ürküdül- müş sükut içində bilmərrə kəsildi.

Con Foks özünü irəli atdı, qurbanını qucaqladı. Əlləri cod, pırtlaşıq saçlara toxundu, ulduzların işığında o, tanış sifəti gördü. O, əlli yardlıq məsafədən qırmanın necə yayıldığını bilirdi, başa düşdü ki, Snitşeynin çiyinlərində, kürəyində sağ-salamat yer yoxdur. Snitşeyn Con Foksun bunu bildiyini anlasa da, bu haqda ağzını açıb bir söz demədi.

Foks soruşdu:

– Burda nə eləyirsən? İndi sənin yatan vaxtındır.

Qırma dərisini göynətsə də, Snitşeyn heç özünü sındırmadı, qaşqabaqla cavab verdi:

– Yatmaq hardan yadıma düşür?! Mən qızım Lit-Litə yas tuturam, qızım yaşasa da, ölüdür, birbaş gedib ağ adamın cəhənnəminə düşəcək.

Con Foks sərt şəkildə dönüb dedi:

– Bundan sonra qızına o biri sahildə yas tut. Elə et ki, səsi faktoriyada eşidilməsin, yoxsa elə bərkdən ağlayırsan ki, yatmağa qoymursan.

Snitşeyn etiraz etdi:

– Ürəyim parçalanır. Gecəm-gündüzüm qapqaradır.

Con Foks sancdı:

– Qarğa kimi qaradır.

Snitşeynin razılaşmaqdan başqa çarəsi qalmadı:

– Hə, qarğa kimi qaradır.

O vaxtdan bəri qarğa qarıltısı eşidilmir, Lit-Lit gündən-günə daha yaraşıqlı, daha mötəbər olur, özü də çox xoşbəxtdir. Con Foksun birinci arvadından olan oğlanlarının bacıları dünyaya gəlib. Qoca Snitşeyn daha faktoriyada görünmür, o, nazik qoca səsi ilə yer üzündəki bütün nanəcib uşaqları, eləcə də öz qızı Lit-Liti lənətləyir. Tayfa başçısı oturub-durub deyir ki, onu aldadıblar, çünki hətta Con Foks da Lit-Lit üçün on yorğan və bir tüfəng artıq verdiyini daha iddia etmir.

Tərcümə edəni: Rəna Şıxəmirova

YADDAN ÇIXMAYAN ADAM

La Perl içini çəkə-çəkə qarın üstüylə qaçırdı. O, tövşüyə-tövşüyə öz taleyinə, Alyaskaya, Nom şəhərinə, qumara və bir də indicə bıçaqla vurub öldürdüyü adama lənət oxuyurdu. Barmaqlarındakı insan qanı artıq soyumuşdu. Amma o dəhşətli mənzərə hələ də gözləri qarşısından getmirdi: stolun küncündən yapışan adamın yavaş-yavaş döşəməyə yıxılması, ətrafa səpələnən fişkalar17, dağılmış kartlar, içəridəki- lərin qorxudan tir-tir əsməsi, xəzinədarların çaşqın-çaşqın baxması, dəmir pulların ölü sükutu, camaatın təlaşı və nəhayət, köməyə çağıran dəhşətli, tükürpədici bağırtı. Məhz bu bağırtı onu aradan çıxmağa məcbur etdi və bundan sonra bütün şəhər ayağa qalxıb bir-birinə dəydi.

“Şeytanlar cəhənnəm zəncirini qırdılar!” – deyə o, istehza ilə güldü, gecənin zülmətində gözdən itib sahilə doğru qaçdı.

Qapılar taybatay açıldı. İçəridən gələn işıq seli ətrafı bürüdü. Adamlar otaqlardan, çadırlardan, rəqs salonlarından çıxıb qatili qovmağa başladılar. Camaatın hay-küyü, itlərin hürüşməsi onu var gücüylə qaçmağa məcbur edirdi. Arxadan gələn səslər yavaş-yavaş azalırdı. Yəqin ki, təqib edənlər axtarışlarının boşa çıxdığını görüb əsəbiləşmişdilər. Amma kiminsə kölgəsi xəlvətcə və inadla onu izləyirdi. Geriyə boylandı. Həmin kölgə göründü. Kölgə gah ağ örpəyə bürünmüş açıq düzəndə tutqun qaraltıya dönür, gah da qarlı havanın qalın duman yorğanı içində əriyib yox olurdu. Elə bil kölgə hardansa yaxın bir yerdən çıxmış və düz onun dalınca yüyürmüşdü. La Perl astaca donquldandı. Səsində yorulub əldən düşmüş heysizlik vardı. Buna baxmayaraq o, buz dolanbacların daha dərinliklərinə, qızılaxtaranların qazdığı quyulara tərəf yüyürdü. Birdən yerə basdırılmış yöndəmsiz payalara və bir yığın kəndirə ilişib yıxıldı, rəng-ruyu qaçdı. O, sıra ilə düzülmüş və buz bağlamış ağac parçalarının üstünə düşmüşdü. Başı gicəlləndi, ürəyi guppultuyla döyünməyə başladı. Nəfəsi də təngiyirdi. Az sonra ona elə gəldi ki, nəhayət, təqibdən canı qurtarıb. Yavaş-yavaş yoluna davam etdi. Amma gecənin qaranlığında həmin tanış kölgə yenə də göründü. La Perl dərhal yerindən götürüldü. Qəflətən beyninə bir fikir girdi: bu onun xofunu azaltdı. Ona, qumar oyunu oynayan bir adama, kölgənin qətiyyəti, inadkarlığı sərsəm bir işarə kimi göründü. Ona elə gəldi ki, dilsiz-ağızsız bu kölgəni tale özü göndərib. Məğlubiyyət və ya qələbələrə xitam vermək üçün son oyununu gözləyir. La Perl işıq ucu görünən anlara çox nadir hallarda inanırdı. Bu vaxt ağıl və idrak zamanı qabaqlayır, öz çərçivəsindən çıxıb əbədiyyət üzərində dalğalanır və öz gələcəyini təsadüfün açdığı səhifələrdə oxuyur. Şübhəsiz, indi yalnız bu anların vaxtıydı. Buna görə də o, sahildən uzaqlaşdı. Ağ örpəyə bürünmüş adda-budda meşə zolağına tərəf qaçdı. Yaxınlaşan və lap aydın görünən kölgə onu daha qorxutmadı. Amma taqətdən düşmüşdü. Talada dayandı və qəfil geri döndü. Sağ əlindəki əlcək sürüşüb yerə düşdü. Ulduzların solğun işığında tapançası parıldadı.

– Atmayın, mən silahsızam… – deyə kölgə danışdı.

La Perlin dizləri əsməyə başladı. Hiss etdi ki, hətta topuqları da titrəyir. Əlbəttə, əgər “Eldorado” restoranının dəmir oturacaqlarından birində əyləşən və bu hadisəni öz gözləri ilə görən Uri Bramın tapançası üstündə olsaydı, bəlkə də, həmin gecə hər şey başqa cür olacaqdı; yoxsa ona nə düşmüşdü ki, özünə bab olmayan bir adamın dalınca bu qədər yolu qaçsın. Amma nə fərqi var, ya elə, ya belə?!

Bram bir də təkrar etdi:

– Atma, görürsən ki, mən əliyalınam.

– Bəs onda məni niyə təqib edirsən? – deyə qumarbaz tapançanı aşağı saldı. Uri Bram çiyinlərini çəkdi.

– Bunun nə dəxli var, istəyirəm ki, mənimlə gedəsən.

– Hara?

– Bax, düşərgənin o başındakı komaya. Mənimkidi.

La Perl yerindən tərpənmədi və ürəyində bütün gözəgörünməz qüvvələri şahidliyə çağırdı. Yalnız və yalnız ona görə ki, gəlib Uri Bramın sərsəmliyinə tamaşa etsinlər, doyunca gülsünlər. Nəhayət, soruşdu:

– Axı sən kimsən? Məni nə hesab edirsən, elə bilirsən tələyə düşəcəyəm? Ay-hay…

– Bura bax, mən Uri Bramam, komam isə ordadı, düşərgənin o başında. Səni tanımıram, amma sən canlı bir adamın bağırsaqlarını tökdün, əllərin hələ də qanlıdı. Sən qatil- sən və hamı səni axtarır. Gizlənməyə də yerin yoxdu. Mənim isə komam var, heç olmasa…

– Yaşamaq istəyirsənsə, səsini kəs! – deyə La Perl onun sözünü ağzında qoydu. – Yoxsa sənin də işini bitirərəm. Xəbərsiz-ətərsiz. Vallah, öldürərəm səni! Koma-zad qulağıma girmir. Görmürsən bütün şəhər məni təqib edir? Onlar məni yerin deşiyindən də olsa tapıb çıxararlar. Burdan əkilmək istəyirəm. Əclaflar! Ax… şeytan deyir, qayıt geri, get bir-ikisinin də bağırsaqlarını tök yerə! Görüm onları lənətə gəlsin. Vallah, qarşıma çıxanın qarnını yırtacağam, köpək uşağı! Həyat bəs nədir? Budur da – murdar bir oyundu. Onsuz da bezmişəm bu həyatdan…

Birdən onu vahimə basdı, qorxudan səsini kəsdi. Yalqızlığını hiss etdi. Uri Brama da elə bu lazım idi. Dərhal vəziyyətdən istifadə etməyə çalışdı. Bu adamın elə də qeyri-adi nitqi yox idi və o, ömründə indiki kimi uzun danışmamışdı. Yalnız bircə dəfə uzun danışacaqdı, vəssalam. Onu da burda yox, başqa yerdə.

– Elə isə gedək mənim komama. İnan, səni elə gizlədərəm ki, heç kəsin ağlına gəlməz. Yemək də çoxdu, nə qədər istəyirsən. Yoxsa aradan çıxa bilməzsən. Nə kirşən var, nə də sursatın. Dəniz də buz bağlayıb. Yəqin ki, bu xəbər yaxınlıqdakı Anvik şəhərinə səndən qabaq gedib çatacaq. Özün bil, başqa yolun yoxdur. Bir az gözləyərsən, ara sakitləşər. Bir aydan sonra, bəlkə də, daha tez çıxıb gedərsən. Baş qarışacaq, heç səni yada salan olmayacaq. Sən lap camaatın içində gizlənəcəksən, heç kəs burda olduğundan şübhələnməyəcək. Qorxma, mən ədalətli adamam və ədalət haqqında öz mülahizələrim var. Səni ələ vermək niyyətim yoxdur. Mən axı onlar kimi düşünmürəm. Öz ağlıma nə gəlib!

Uri qatilin cibindən kitab çıxardığını gördü və susdu. Göy qübbəsinin şimal-şərq tərəfindən düşən ayın sarımtıl işığında La Perl Uri Bramı papağını çıxarmağa və müqəddəs kitaba and içməyə məcbur etdi. Bram müqəddəs andı heç vaxt pozmamışdı. Pozmadı da…

Qumarbaz qapının kandarında bir an ayaq saxladı. Qəflətən onu xilas etmək istəyən adamdan şübhələnməyə başladı. Bu adamın qəribə hərəkətləri qatili şübhələndirmişdi.

Şamın tutqun işığında otağa göz gəzdirdi. Onlardan başqa kimsə yox idi. Ev sahibi qəhvə hazırlayana qədər o, cəld siqaret bükdü. Otağın istisi onun əzələlərini boşaltdı. O, laqeyd halda stula yayxanıb siqaretin əyri-üyrü tüstü burumları arasından ev sahibini diqqətlə süzdü. Bu, güclü bir adam sifətiydi və bu gücün arxasında sonsuz insan səbri gizlənmişdi. Yəqin ki, o bu gücü boş yerə sərf etməzdi. Sifətindəki dərin qırışlar çapıqları xatırladırdı. Görkəminə diqqətlə baxan adamlar bu sifətdə xeyirxahlıq, yaxud üzüyolalıq əlaməti görməzdilər. Qalın qaşlarının altından boz gözlərinin soyuq baxışları adamı üşüdürdü. Çuxura düşmüş yanaqlarının dik sümükləri sifətini daha da eybəcərləşdirmişdi. Çənəsinin quruluşu bu adamın kor-koranə sərtliyindən, ərköyünlüyündən xəbər verirdi. Alnı geniş deyildi və bu onun yeri gələndə amansız olduğunu göstərirdi. Səsində, sifətindəki bütün cizgilərdə – burnunda, dodaqlarında və alnındakı qırışlarda kobudluq vardı. Yalnız ömrü boyu tək yaşamış insanlar belə ola bilərdilər. Bu adam heç vaxt özgə sözü ilə oturub-durmamış, heç kəsdən kömək ummamışdı. Uzun, qaranlıq gecələrdə beynindəki fikirlərlə mübarizə aparanda da gündüzlər üz-gözündə gecəki düşüncələrdən əsər-əlamət görməzdin. Dünyagörüşü dar olsa da, məqsədi həmişə aydın idi. Təbiətcə yüngülxasiyyətli La Perl bu adamdan heç cür baş aça bilmirdi. Düzü, baş açmağa heç halı da yox idi. Əgər Uri oxuyub şənlənsəydi, yaxud ah çəkib kədərlənsəydi, bəlkə də, onu asanlıqla başa düşə bilərdi. Hətta La Perl onun “tapmaca cizgilərini” də açar və nə yuvanın quşu olduğunu söyləyərdi.

– Mister, mənə kömək edin, – deyə Uri əmr etdi. – Gərək çağırılmamış qonaqları da qarşılamağa hazır olaq.

Yalnız bundan sonra La Perl özünü ev sahibinə təqdim etdi və dərhal işə girişdi. Urinin yatağı komanın uzaq küncündə, divarın dibindəydi. Bu, yöndəmsiz şalbanlardan düzəldilmiş taxt idi. Üstünə saman döşənmişdi. Taxtın divar tərəfindən Uri şalbanların üçünü söküb uclarını mişarladı. Təzədən onu yerinə elə qoydu ki, küncdə boş yer qalsın. La Perl anbardan bir-iki kisə un gətirdi. Onları taxtın altına itələdi. Uri bunların üstünə iki kisə də sərdi, üstünə də saman döşəyib adyalla örtdü. La Perl bu “yataq”da yatmalı idi. Urinin öz taxtı başdan-ayağa dəri ilə örtülmüşdü və kənardan baxanda heç kəsin ağlına gəlməzdi ki, bu taxtın altında adam gizlənib.

Bir neçə həftə ərzində hökumət orqanları gərgin axtarışlar apardı. Şəhərdə ev qalmadı, hamısını ələk-vələk elədilər. Amma qatili tapa bilmədilər. Doğrusu, Uri Bramın komasına heç kəs bir elə əhəmiyyət vermədi. Kimin ağlına gələrdi ki, Con Randolfun qatili məhz bu komada gizlənib.

Axtarışlara çoxdan son qoyulmuşdu. La Perl bütün günü komada var-gəl edir, elə hey kartları düzür, həddindən artıq siqaret çəkirdi. O, sabit adam deyildi. Şən, zarafatcıl söhbətləri xoşlasa da, tez bir zamanda Urinin qaradinməzliyinə alışdı. Uri ilə söhbət, adətən, çox qısa olurdu. Ya təqibçilərdən, ya da yolların vəziyyətindən, yaxud da itlərin qiymətindən qısaca danışardılar.

La Perl kartda udmağın yollarını tapmağa möhkəm girişmişdi. Bütün günü kartları qarışdırıb paylayırdı. Müxtəlif əməliyyatları, öyrəndiyi fırıldaqları qeyd edirdi. Hər dəfə təzə bir fənd axtarıb tapırdı. Nəhayət, bu məşğuliyyət də onu təngə gətirdi. Başını stolun üstünə qoyub şəhərin səs-küylü qumarxanalarını yada saldı. Xəyalında qumar otaqlarında kart paylayan oyunçuların coşqunluğu, gözətçilərin növbə ilə oyunlara acgözlüklə tamaşa etməsi, diyirlənən ruletka şarı canlandı. Belə anlarda o öz yalqızlığını daha çox hiss edir, uğursuzluğu haqqında düşünürdü. Çox vaxt hərəkətsiz halda oturub gözlərini bir nöqtəyə zilləyirdi. Bəzən içində coşan amansızlıq onun hiddətli ehtiraslarını daha da qızışdırırdı. Həyat çox vaxt onunla sərt rəftar etmişdi, buna görə də həyatı sevmirdi. “Həyat çirkin bir oyundur” deyərək öz taleyindən gileylənirdi.

– Bəxtim yoxdur, əlim heç vaxt gətirməyib. Mən doğulandan məni aldadıblar, hətta ana südündə də aldanmışam. Guya mənim ayağım anama düşməyib, ona uğursuzluq gətirmişəm. Onun məğlubiyyətlərinə mən səbəb olmuşam. Məgər mənim günahım var? Axı niyə anam mənə həmişə uduzulmuş kartlar kimi baxıb?! Axı mən niyə bu şəhərə gəldim, hardan aglıma gəldi bu şəhər? Lap donuz kimi yaşayıram. Elə bil hər şey mənə qarşı yönəlib. O gün az qala bankı udacaqdım. Ömrümdə bu qədər pul görməmişdim. Elə buna görə də Con Randolf kart atdı və eyni vaxtda fişkaları qabağa itələdi. Əcəb eləyib öldürdüm onu! Qoy cəhənnəm olsun! Heç olmasa mənə də bir dəfə bəxtimi sınamağa imkan verəydi. O bilirdi ki, mən bankı udacağam. Axı mən niyə son anda özümü ələ ala bilmədim, niyə?

12.Press-papye – yazını qurulamaq üçün alət
13.Viqvam – Şimali Amerika hindularının ağac qabığından, göndən, dəridən tikdikləri koma
14.Bekon – hisəverilmiş və duzlanmış donuz budu
15.Potlaç – һәdiyyә paylanan qonaqlıq
16.Yard – 81 sm-ə bərabər ingilis uzunluq ölçüsü
17.Fişka – müxtəlif qumar oyunlarında işlənən daş, marka
₺35
Yaş sınırı:
12+
Litres'teki yayın tarihi:
07 ekim 2022
ISBN:
9789952241754
Telif hakkı:
Altun Kitab
Metin
Ortalama puan 3,6, 5 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 2 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 5, 1 oylamaya göre