Kitabı oku: «Martin İden», sayfa 2
7
Rufla tanış olduğu vaxtdan bir həftə keçmişdi, amma hələ də onlara getməyə cəsarət etmirdi. Nəsə bir yanlışlığa yol verməkdən qorxurdu. Məsləhətləşməyə kimsə yox idi; əvvəlki yoldaşlarından uzaqlaşmış, əvvəlki vərdişlərindən əl çəkmişdi. Təzə dostları isə yox idi, ona yalnız kitablar qalmışdı. Martin o qədər oxuyurdu ki, adi insan gözləri buna tab gətirməzdi.
İndi o çox dəyişmişdi. Ancaq hazırlığının olmaması ona maneçilik törədirdi. Bir gün antik ədəbiyyata, sabah fəlsəfəyə, o biri gün iqtisadiyyata aid kitaba girişirdi. Martinin başı şişmişdi. Anlamadığı sözlərin, terminlərin mənasını öyrənmək üçün saatlarla kitabxanada otururdu.
Yeganə təsəllisi poeziya idi. Hər misrasını anladığı sadə şairləri vəcdlə oxuyurdu. O, gözəlliyi sevirdi, poeziyada isə gözəllik istənilən qədərdi. Musiqi kimi poeziya da ona güclü təsir bağışlayırdı. Yaddaşı hələ tərtəmiz idi, şeirləri asanlıqla əzbərləyirdi. Martin get-gedə poeziyaya daha dərindən, ürəkdən bağlanırdı.
Kitabxanaya çox gəldiyinə görə masa arxasında oturan adam artıq Martini tanıyır, ona xoş üz göstərirdi. Bir dəfə Martin bu dostcasına münasibətdən istifadə edib ona yaxınlaşdı.
– Bağışlayın, sizdən bir şey soruşmaq olarmı? – kitabxanaçı gülümsəyib başını tərpətdi. – Tutaq ki, gənc bir ledi ilə tanış olmusunuz, o da sizi evinə dəvət eləyib. Nə müddətdən sonra bunu etmək olar?
– Məncə, nə vaxt istəsəniz.
– Sözün düzü, məsələ başqa cürdür. – Martin hiss elədi ki, həyəcandan köynəyi tərləyərək kürəyinə yapışıb. – Bilirsiniz, mən adi matrosam, kübar cəmiyyətə elə də öyrəşməmişəm. Həmin qız mənim kimi deyil, universitetdə oxuyur…
Kitabxanaçı gülümsəyərək dedi:
– Məsləhət görürəm, qıza zəng vurub nə vaxt gəlməyi özündən soruşasınız.
– Doğru deyirsiniz, heç ağlıma gəlməmişdi.
Martin kitablarını yığışdırıb tələsik qapıya tərəf getdi. Problem həll olunmuşdu.
Verdiyi kitabları qaytarmaq bəhanəsilə Rufa zəng etdi.
– Nə vaxt istəyirsiniz, gəlin, – Ruf sakitcə cavab verdi.
Martini qapıda özü qarşıladı. Onun ütülənmiş şalvarı, hərəkətlərindəki yaxşılığa doğru dəyişiklik qızın gözündən qaçmadı. Rufun əlini sıxarkən yenə ürək çırpıntısı duydu. O qızardığı halda, Ruf öz həyəcanını büruzə vermədi.
Qonaq otağında əvvəlcə kitablardan danışdılar. Ruf Martinə necə kömək etmək haqqında düşünür, ona qarşı mehribanlıq, şəfqət duyurdu. Qəlbində sevgi doğulduğu ağlına belə gəlmirdi.
Lakin Martin Rufu sevdiyini və ömründə belə bir sevgi yaşamadığını bilirdi. O, gözəl olan hər şeyi, eləcə də poeziyanı sevirdi. İndi məhəbbət lirikasının qapıları qarşısında taybatay açılmışdı.
– Sizdən bir məsləhət almaq istəyirəm, – Martin tərəddüdlə dedi. – Mən kitablar haqqında danışmağı bacarmıram. Bu haqda çox baş sındırmışam. Bəlkə, lap əvvəldən başlamağım yaxşı olar? Uşaq yaşlarımdan işləməyə məcbur olmuşam. İndi isə kitabxanaya gedəndə, əvvəllər lazım olan kitabları oxumadığımı görürəm. Bilirsiniz, sizin evdə olan kitabları fermada, gəmidə tapmaq olmur. Özümü öymədən deyə bilərəm ki, heç də oturub-durduğum adamlar kimi deyiləm. Demirəm ki başqa matroslardan yaxşıyam, amma kitabları həmişə sevmişəm. İstərdim ətrafımda kitablar, tablolar, hər cür qəşəng şeylər olsun; adamlar sakit danışsın, təmiz geyinsin, fikirləri saf, aydın olsun. Mənim ömür boyu nəfəs aldığım havaya isə mətbəx iyi, spirt qoxusu, söyüş, mənzil kirayəsi haqqında söz-söhbətlər qarışıb. Siz ananızı öpmək üçün ayağa qalxanda mənə o qədər gözəl təsir etdi ki… Axı həyat təkcə sərxoşluqdan, dava-dalaşdan, ağır işdən ibarət deyil. İndi qarşımda bir sual durur: nədən başlamalıyam? Mən işdən qorxmuram. Gecə-gündüz çalışacağam. Bəlkə, cavab tapmaq üçün nahaq yerə sizə müraciət edirəm?
Ruf dərhal cavab vermədi. Bu qədər gücün əks olunduğu gözləri o heç vaxt görməmişdi. Bu gözlərin yiyəsi hər şeyi bacarar – Rufun gəldiyi qənaət belə idi.
– Özünüz bilirsiniz ki, təhsiliniz çatışmır. Gərək lap əvvəldən başlayasınız. Məktəbi bitirib universitet kursu keçəsiniz.
– Bunun üçün pul lazımdır, – Martin onun sözünü kəsdi.
– Hə, bunu fikirləşməmişdim. Qohumalarınızdan kimsə kömək edə bilməzmi?
– Ata-anam ölüb, iki bacım var: biri ərdədir, o biri də, yəqin, bu yaxınlarda ərə gedəcək. Mən bir yığın qardaşın ən kiçiyiyəm. Hamısı xoşbəxt həyat sorağı ilə dünyaya səpələnib. Böyük qardaşım Hindistanda ölüb. İkisi Cənubi Afrikadadır: biri balina ovlayan gəmidə işləyir, o biri səyyar sirkdə akrobatdır. Mən də on bir yaşımdan – anam öləndən bəri öz əlimin zəhmətiylə dolanıram. Deməli, yenə özümə güvənməliyəm. Yalnız nədən başlamalı olduğumu bilmək istəyirəm.
– Hər şeydən əvvəl, gərək danışığınıza fikir verəsiniz; çox vaxt nə dediyinizi başa düşmək olmur.
Martinin alnına muncuq-muncuq tər gəldi.
– Bilirəm, bəzən ağzımdan kobud sözlər çıxır…
– Sizin üçün qrammatikadan başlamaq daha yaxşı olar. İndi sizə dərslik gətirərəm.
Ruf qrammatika dərsliyini gətirib, stulunu onun yaxınına çəkdi. Martin əyilib kitaba baxmaq istəyəndə qızın saçları onun üzünə toxundu. Ürəyi şiddətlə döyündü. Onları ayıran uçurumun üzərindən bir anlıq körpü salındı. O, bütün varlığını sızladan təmasa yol verməmək üçün ehtiyatla başını kənara çəkdi, lakin qız heç nə sezmədi.
8
Bir neçə həftə keçdi, Martin hələ də qrammatikanı öyrənir, nəzakət qaydaları haqqında kitabı oxuyurdu. Əvvəlki dost-tanışlarından tamamilə uzaqlaşmışdı. Bu həftələr ərzində Rufla altı dəfə görüşmüşdü və hər görüş onu həvəsə gətirir, biliyini, dünyagörüşünü artırmağa çalışırdı. Ruf onun danışıq dilini, tələffüzünü düzəldir, hesabdan məşğələ keçirdi. Ancaq onların söhbəti tədris məşğələləriylə məhdudlaşmırdı; Martinin təzəcə oxuduğu şeirlərdən, yaradıcılığını öyrənməyə başladığı hansısa şairdən danışırdılar. Qız sevimli misralarını oxuyanda Martin özünü xoşbəxt hiss edir, hədsiz zövq alırdı.
Martinin oxuduğunu, eşitdiklərini tez qavraması Rufu sevindirir, oxuduğu şeiri necə yozması bəzən qızı heyrətləndirirdi. Bu gözlənilməz yanaşmanın, yozumun həyatdan gəldiyini, həyata söykəndiyini qız anlamırdı. Onu da başa düşmürdü ki, insan könlü ilə əylənmək təhlükəlidir. Martinə marağı artdıqca onun həyat tərzini dəyişməyi də bir o qədər şiddətlə arzu edirdi.
– Lap mister Betleri götürün, – bir gün Ruf dedi.– Əvvəllər heç nədə uğur qazana bilməyib. Atası bankda kassir işləyirmiş, ancaq bir müddət sonra Arizonada vərəmdən ölür. O vaxtdan Çarlz Betler tək qalır. Atası Avstraliyada anadan olduğundan Kaliforniyada qohumları yox idi. Mister Betler mənə deyirdi ki, mətbəədə işə girəndə ilk vaxtlar həftədə üç dollar qazanırmış. İndi gəliri ildə otuz min dollardır. O bunu necə əldə edib? Cavanların sevdiyi əyləncələrə uymayıb. Necə olur-olsun, hər həftə geriyə bir qədər pul atmağa qərar verib, bu qaydaya əməl edib. Gündüzlər işləyib, işdən sonra da axşam məktəbində oxuyub. Sonra axşam kurslarına gedib. On yeddi yaşında mətbəədə mürəttib olub, yaxşı maaş alıb. Ancaq bununla da kifayətlənməyib. Vəkil olmağı qərara alıb. Atamın kontorunda həftədə dörd dollara kuryerlik etməyə başlayıb. Hətta dörd dollardan da kənara pul ayırmağı bacarıb.
– Yəqin, çox korluq çəkib, – Martin dedi, – həftədə dörd dollarla çox əl-qol aça bilməzsən. Mən həftədə mənzilə və yeməyə beş dollar verirəm. Ancaq yenə düz-əməlli dolana bilmirəm.
– O, pilətədə özünə yemək hazırlayırmış. Lakin görün indi nələri var!
– Sizin mister Betler, məncə, həyatdan daha ləzzət ala bilmir. İllərlə yemək-içmək sarıdan o qədər korluq çəkib ki, indi mədəsi xarab olub. Bir də, yəqin, qoca yapalaq kimi acıqlı və qaraqabaqdır. Otuz min dollar da ona sevinc bəxş etmir, ətrafındakılar deyib-güləndə xoşu gəlmir. Düzdür?
Ruf gülümsədi.
– O, təbiətən qaradinməz adamdır.
– Həftədə üç-dörd dollara dolanan adam belə də olmalıdır. Gündüzlər işlə, gecələr oxu, əylənmə, gəzməyə çıxma… Bilirsiniz, mənim ona yazığım gəlir. O, cavan olub, başa düşməyib ki, həmin otuz minə görə bütün həyatını özündən oğurlayıb.
– Heç nəyə baxmayaraq, o, böyük adamdır. Həyat sübut edir ki, inadkar və iradəli adamlar öz tay-tuşlarından çox yüksəklərə qalxa bilirlər.
Qızın dedikləri onun həyat və gözəllik anlayışına uyğun gəlmirdi. Martin düşünürdü ki, mister Betler bu məhrumiyyət və məşəqqətlərə qadına məhəbbət naminə dözsəydi, yenə onu anlamaq olardı.
9
Martin dəniz səfərindən qayıdıb səbirsizliklə Kaliforniyaya çatmaq istəyirdi. O, səkkiz ay əvvəl bütün pulunu xərcləyib Solomon adalarında basdırılmış xəzinəni axtarmağa gedən gəmiyə işə girmişdi. Uzun və əbəs axtarışlardan sonra təşəbbüs baş tutmadı. Avstraliyada gəminin heyətilə haqq-hesabı çürütdülər, Martin isə San-Fransiskoya gedən gəmiyə işə girdi. Bu səkkiz ayda o, nəinki lazımınca pul qazanmış, hətta öz məşğələlərinə də vaxt tapmışdı.
O, indi matrosların danışığındakı səhvləri sezir, ürəyində onlara düzəliş verirdi. Qrammatikanı bitirəndən sonra lüğətə keçdi. Gündə iyirmi söz öyrənməyi qarşısına məqsəd qoymuşdu.
Martin norveçli kapitanda təsadüfən Şekspirin külliyyatını gördü. Təbii ki, kapitan bu kitabları bir dəfə də olsun vərəqləməmişdi. Martin isə kapitanın alt paltarlarını yumağa razılıq verib, bu kitablardan istifadə etməyə icazə aldı. O, xoşuna gələn ayrı-ayrı parçaları asanlıqla yadında saxlayırdı.
Martin geri qayıdanda Rufa Sakit okeanın əzəmətini təsvir edəcəyini düşünürdü. Bu fikir onun qəlbində yaradıcılıq arzusu doğurdu: əsər yazacaq. O, Şekspir kimi şeir də, nəsr də, roman, oçerk, pyes də yazacaq. Bu yol birbaşa Rufun qəlbinə gedir. Axı ədiblər dünyanın nəhəngləridir. İldə otuz min dollar gəliri olan mister Betler hara, bu nəhənglər hara!
Bu fikir Martinin bütün varlığına hakim kəsildi. Yazmaq! Hər şeydən əvvəl dəfinə axtaranların sərgüzəştlərini təsvir edəcək. Rufa heç nə deməyəcək, hekayəni San-Fransiskoda çıxan jurnallardan birinə göndərəcək. Qız onun adını mətbuat səhifələrində görəndə həm sevinəcək, həm də heyrətlənəcək. O daha adi matros kimi dənizlərdə üzməyəcək, böyük əsərlər yazacaq, şöhrətlənəcək, adı dillərdə əzbər olacaq. Bütün bunları da Rufa görə, onun məhəbbətini qazanmaq xatirinə edəcək.
Martin Okləndə cibi pulla dolu qayıdıb, yenə Bernard Higginbotamın evindəki otağa çəkildi və işə başladı. Martin fasiləsiz şəkildə işləyib, üç günə oçerkini bitirdi. Sonra asan oxunsun deyə, iri hərflərlə üzünü köçürdü. Arada yazmağa yeni başlayan müəlliflər üçün qaydalara rast gəlib öyrəndi ki, ən yaxşı jurnallarda kiçik bir sütuna görə on dollar verirlər. Martin əlyazmanın hər sütununu on dollara vurdu – yüz dollar eləyirdi. O düşündü ki, bu, matrosluqdan qat-qat faydalı işdir. Üç günə yüz dollar! Bu qədər pul qazanmaq üçün o gərək üç ay dənizləri sərasər dolaşaydı.
Martin əlyazmasını iri bir zərfə qoyub “San-Fransisko icmalçısı”nın redaktoruna göndərdi. Elə bilirdi ki, redaksiyaya göndərilən yazılar dərhal nəşr edilir. Buna görə də oçerki cümə günü göndərdiyindən, bazar günü çıxacağını gözləyirdi. Başına artıq yeni fikir gəlmişdi: oğlan uşaqları üçün macəra səpkisində povest yazıb “Gəncliyin yol yoldaşı” həftəliyinə göndərsin.
Bir dəfə Martin balina ovlayan gəmidə Arktikaya səfər etmişdi; səfər müddəti üç il nəzərdə tutulsa da, gəmi fəlakətə uğradığından altı aya başa çatmışdı. Təxəyyülü güclü idi, yalnız gördüyü şeylərdən yazmağa üstünlük verirdi. Cümə ertəsi min sözdən ibarət birinci hissəni artıq yazıb qurtarmışdı.
Bazar günü səhər tezdən qəzet alıb bir neçə dəfə diqqətlə nəzərdən keçirdi, sonra büküb yerinə qoydu. Yaxşı ki, yazıçılığı barədə heç kimə deməmişdi. Fikirləşdi ki, yəqin, göndərilən yazıları elə də tez çap etmirlər.
Səhər yeməyindən sonra yenə povestlə məşğul oldu. Şər qarışana qədər yazır, sonra kitabxanaya gedir, kitabxana bağlanana qədər həftəlik və aylıq jurnalların arasında eşələnirdi ki, görsün necə şeirlər, hekayələr, povestlər naşirlərin xoşuna gəlir. Hər gün üç mindən çox söz yazırdı.
Cümə günü axşam povestini yazıb bitirdi. Povestdə iyirmi bir min söz vardı. Demək, dörd yüz iyirmi dollar alacağı vardı. Ömründə əlinə bu qədər pul birdən gəlməmişdi. Hətta bu qədər pulu nəyə və necə xərcləməyi də bilmirdi; geyim-kecimə, qəzet və jurnallara abunə yazılmağa xərcləyəcəyinə qərar verdi. Artıq qalan pula da Hertrudaya xidmətçi tutar, Meriyenə velosiped alar.
Martin qalın əlyazmanı “Gəncliyin yol yoldaşı” redaksiyasına yollayıb, ertəsi gün Rufgilə getdi.
Əvvəldən zəng etdiyi üçün onu Ruf özü qarşıladı. Onun yeni kostyumu Rufun gözündən qaçmadı. Bu dəfə şalvarı əyninə yaxşı oturmuşdu. Bu, Martinin sifarişlə tikdirdiyi ilk kostyum idi. O bu geyimdə daha zərif və boy-buxunlu görünürdü. Bundan başqa, oğlanın əlində kepka əvəzinə yumşaq bir şlyapa vardı.
Rufu daha çox Martinin danışığındakı dəyişiklik sevindirdi. O həm çox sərbəst, həm də dürüst danışırdı. Daha özünü Rufun yanında yad adam kimi hiss etmir, ancaq yenə də çox ehtiyatla tərpənirdi.
Martin qazanmaq və oxumağı davam etdirmək üçün yazmaq planından danışdı. Lakin Ruf buna şübhə ilə yanaşıb onu məyus etdi.
– Bilirsinizimi, ədəbiyyat da sənətdir, – Ruf dedi, – gərək əvvəlcə üç il, bəlkə də, beş il oxuyub-öyrənəsən.
– Yaxşı, nə məsləhət görürsünüz? Amma bir şeyi də nəzərə alın ki, yaza biləcəyimi, həqiqətən, duyuram, – Martin inamla dedi.
– Yazıçı olub-olmayacağınızın dəxli yoxdur, lakin mütləq oxumalısınız. Ona görə əvvəlcə məktəbə getməlisiniz. Onda yazıçılığı da davam etdirə bilərsiniz.
– İstər-istəməz davam etdirməli olacağam.
– Axı nə üçün? – qız narazı halda dedi. Martinin inad etməsi onun xoşuna gəlmədi.
– Çünki bunsuz mümkün olmayacaq. Axı mən yeməliyəm, kitab almalıyam, geyinməliyəm.
– Həmişə bunu unuduram, – qız gülə-gülə dedi, – ancaq sizdə yaxşı cəhətlər çoxdur, mən istərdim ki, bunlar daha da yaxşı olsun.
Ruf orta məktəbə qəbul imtahanlarının bazar ertəsi başlanacağını deyəndə Martin dərhal bildirdi ki, mütləq imtahan verməyə gedəcək.
10
Martin axşam Morzlarda şam yeməyinə qaldı. O çox ehtiyatla, yavaş-yavaş danışır, kobud sözlər işlətməməyə çalışırdı. Martindəki dəyişiklik missis Morzun xoşuna gəldi.
Martin isə həmin vaxt Artur və Normanla bazar günü velosipedlə şəhər kənarına gəzməyə getmək haqqında düşünürdü. Bu gəzintiyə Rufun da gedəcəyi onu həvəsləndirmişdi. Ömründə velosiped sürməmişdi. Söz yox ki, mütləq öyrənməli idi. Buna görə də evə qayıdanda qırx dollara velosiped aldı.
Bazar gününü qəbul imtahanlarına hazırlaşmağa sərf etməyi düşünsə də, mirvari ovu haqqında hekayə onu elə tutdu ki, gününü yaradıcılığa həsr etdi.
Bu bazar da “İcmalçı” onun dəfinəaxtaranlar haqqında hekayəsini nəşr etmədi. Martin buna görə pərt olmadı. Öz xəyalının qanadlarında o qədər yüksəklərə qalxmışdı ki, hətta Higginbotamın bazar günləri münasibətilə hazırlatdığı ləzzətli nahar yeməyinə çağırıldığını da eşitməmişdi.
Bazar ertəsi Martin Oklənd məktəbinə getdi. Ona bildirdilər ki, qrammatikadan başqa, bütün fənlərdən kəsilib. Professor Xiton ona dedi:
– Qrammatikanı çox gözəl bilirsiniz, lakin başqa fənlərdən heç nə bilmirsiniz. Birləşmiş Ştatların tarixinə dair suallara cavablarınız isə biabırçılıqdır. Sizə məsləhət görərdim ki, hələ iki il də ibtidai məktəbdə oxuyasınız. Xoş gəldiniz!
Bu məğlubiyyət Martinə o qədər də toxunmadı. Lakin Ruf bunu biləndə kədərləndi.
– Gördünüzmü, mən haqlı çıxdım, – Ruf dedi, – müəyyən bir sistem üzrə oxumalısınız. Bunun üçün isə yaxşı müəllimləriniz olmalıdır.
– Müəllim yanında oxumaqdansa, hər şeyi təkbaşına daha tez öyrənə bilərəm. Məktəbə getmək əbəs yerə vaxt sərf etmək deməkdir. Mənim isə boş yerə sərf etməyə vaxtım yoxdur!
– Fizika və kimya üçün sizə laboratoriya lazımdır. Təkbaşına heç bir vaxt cəbr-həndəsənin öhdəsindən gələ bilməzsiniz.
– Elə bilməyin ki, öyünürəm. Mənə həmişə elə gəlir ki, hər şeyi asanlıqla öyrənə bilərəm. Özünüz gördünüz ki, qrammatikanın öhdəsindən necə gəldim.
Ruf özü də sezmədən Martinə mehribanlıq göstərirdi. O, ömrünün iyirmi dörd ilini dinc yaşamış, kiməsə bənd olmamış, heç kimə maraq göstərməmişdi. Buna görə də indi hiss etdiklərinin eşq olduğunu anlamırdı.
11
Martin dənizçilik peşəsi, tısbağa ovu, şimal-şərq küləkləri haqqında bir oçerk yazdı. Sonra öz gücünü sınamaq istədi: kiçik hekayə yazmaq arzusuna necə qapıldısa, düz altı dənə hekayə yazıb müxtəlif jurnallara göndərdi.
Martinin baş vurmaq istədiyi bilik sahələri getdikcə artırdı. Hər dəfə Rufgildən çıxanda oxuduğu kitablara tezcə qayıtmaq üçün qaranlıq küçələrdən yüyürüb keçirdi. O, hər gün yalnız beş saat yatır, on doqquz saat işləyirdi.
Pulu artıq qurtarmaq üzrə idi. Qonorardan isə xəbər yoxdu. “Gəncliyin yol yoldaşı”na göndərdiyi əlyazmaları bir ay sonra geri qaytardılar. “San-Fransisko icmalçısı”ndan iki həftə cavab gözlədikdən sonra özü onlara məktub yazdı. Növbəti məktubuna da cavab gəlmədi. Beşinci həftənin sonunda izahatsız-filansız əlyazması poçtla geri qaytarıldı. San-Fransiskonun ən iri qəzetlərinə göndərdiyi başqa əlyazmalar da çox keçmədən geri döndü. Belə olanda Martin əlyazmalarını Şərq ştatlarında çıxan jurnallara göndərdi, ancaq onların da aqibəti eyni oldu. Əlyazmalarının izahsız-filansız geri qaytarılmasının səbəbini anlaya bilmirdi.
Martin lombarddan yazı makinası götürdü. Gündüz yazdıqlarını, o cümlədən, əvvəlki əlyazmalarının da hamısını makinada yazdı. Makinada yazılan əsərlər də geri qaytarılmağa başlayanda Martini heyrət bürüdü. Lakin əlyazmalarını inadla yeni-yeni ünvanlara göndərməyə davam etdi.

Martin hekayələrini Rufa oxumaq istəyirdi, lakin cürəti çatmırdı. Hekayələrdən birinin nəşr olunacağına qədər gözləməyi qərara almışdı. Martin məşğələlərini də davam etdirirdi. Dərslikləri oxuduqca təbiətin və dünyanın sirlərinə bələd olmağa başlayırdı. Arada şeir yazmaq fikrinə düşdü. Dəniz haqqında silsilə şeirlər yazdı. Bu şeirləri “Dəniz nəğmələri” adlandırdı və onları heç hara göndərmədi.
O artıq Rufla az-az görüşürdü. Çünki iyun ayı yaxınlaşırdı və Ruf imtahanlarını verib universitet diplomu almalı idi. Sənətşünaslıq bakalavrı!
Lakin Ruf həftədə bir gününü Martinə həsr edirdi. Həmin gün Morzlarda nahara qalır, nahardan sonra musiqiyə qulaq asırdı. Bu günlər onun üçün əsl bayrama çevrilirdi.
Rufla aralarındakı uçurum daha əvvəlki kimi keçilməz deyildi. O, həyəcanla öz-özünə pıçıldayırdı: “Mən səadətə qovuşacağam! Mən onun sevgilisi olacağam!”
Ücretsiz ön izlemeyi tamamladınız.