Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Qırmızı batıq»

Yazı tipi:

I
QIRMIZI BATIQ

“Mən burda ikən məni axtar. Mən burda olduğuma görə məni tanı. Mən burdayam! Və bəlkə də heç burda da deyiləm!”

“Ölülərin nəğməsi”

“Külək! Bəzən səngiyir, bəzən də daim hərəkətdədir. Külək hardansa harasa həmişə tələsir və heç vaxt bir yerdə dayanmır. Onun yol yoldaşları müxtəlif ətirlər, kəpənəklər və cırcıramalardır və bəzən də bir dəstə qaratoyuq olur. Külək çıxıb getdikdən sonra isə bağda toxunduğu hərəkət edə biləcək hər şey hələ uzun müddət də silkələnməyə davam edir”.

Bu sehrli və heyrətamiz cümləni on ildən çox yaşı olan dəftərçədə gördüm. Heç vaxt bu cümləni yazılarımda istifadə etməmişəm, lakin nəhayət ki, illər sonra bu cümlələrin vaxtının yetişdiyini düşünürəm. Bilirəm ki, bu cümlə tamamilə metafordur. Məzar daşlarına işlənən, ya da dəfn mərasimində deyilən cümlələrə bənzəyir. Külək bu cümlələrdə bir insanın həyatını təmsil edir.

“Mövcud olub heç nəyə toxunmayan heç nə yoxdur”

Həftələrdir ki, hər yeri duman kəfən kimi bürüyüb. O duman ki, kilsələrə və qalalara soxulub orada nəzərəçarpmayacaq dərəcədə rütubət yaradır. Elə bil dumandan başqa heç nə hərəkət eləmir. İndi ilin boz səhərlərin adi hal olduğu vaxtlarındayıq – 1981-də yanvarın axırı və fevralın əvvəli – demək olar ki, qışı yarılamışıq.

Bu ərəfələrdə anam qəflətən dünyasını dəyişdi. O, on il çox da yaşaya bilərdi, lakin bəlkə də on il tez də ölə bilərdi. Yanvarın 27-də onun döşəmədəki cansız bədənini çərşənbə axşamının səhəri çoxdandır yaşadığı qocalar evində tapmışdılar.

Həmin yerin necə bir yer olduğundan və onun orada necə yaşadığından xəbərim yoxdur. Onu axırıncı dəfə nə vaxt gördüyümü də xatırlamıram. O, ola bilsin ki, divandan yıxılmışdı. Bəlkə də cansız bədəni divanın qarşısındakı xalçanın üzərində yatırmış. Lakin onun evinin necə bir yer olduğundan xəbərsizəm. Amma böyük ehtimal ki, anamın divanı və xalçası var idi.

Onlar anamın cansız bədənini tapanda artıq o, soyuq və ağbəniz cansız bir varlığa çevrilmişdi. Böyük ehtimal ki, elə yanvarın 26-sı axşam ölmüşdü. Faktiki olaraq evindəki televizor sönülü olduğundan güman edilir ki, o, ya axşam verilişləri başlamadan, ya da axşam verilişləri bitdikdən sonra dünyasını dəyişmişdi. Lakin otağının işığı bütün gecə yanılı olsa da, bu, heç kəsin diqqətini o qədər də çəkməyib. Səhər onu tapdıqları zaman bir əlində sendviç, ağzında isə sendviçdən dişlədiyi loxma qalıbmış. Sendviçlə bağlı məsələ anamın ölümündən bir qədər sonra gənc tibb bacılarının məlumat sızdırmağından sonra məlum oldu. Rəhbərlik qorxmuşdu ki, əgər anamın yaxınları sendviçlə bağlı məsələni bilsələr, elə fikirləşərlər ki, qocalar evi onları ac saxlayır və xanım Brouwers-in ölüm səbəbi aclıq imiş.

Beləliklə, anamın nəvə-nəticəsinə onun ölümü haqqında danışanda onun pendirli sendviç yeyərkən dünyasını dəyişdiyini nəql edəcəyik. Lakin çörəyin ağ, ya da qara olması, ya da pendirin növü haqqında heç bir məlumatım yoxdur.

“O, kimsəsiz və tənha ölmüşdü”

Anam ərindən 17 il daha çox yaşadı. Kişinin portreti televizorun üstündə idi. Bu məlumatı əvvəl yaşadığı evdə onu arada-sırada ziyarət etdiyimdən bilirəm. O, hətta ən böyük oğlundan da çox yaşamışdı. Böyük oğlu ABŞ-da hardasa bir təyyarə qəzasında dünyasını dəyişmişdi.

Beləliklə, Brouwers ailəsində hər kəs bir-bir dünyadan köçür. Evimizi ölüm qara buludlar kimi alıb. Gərək tələsim.

Son illərdə anam arada-sırada mənə zəng edərdi. Lakin mən telefona cavab verər-verməz, “Səhv düşmüşəm” deyib dəstəyi asardı. Dünyada milyonlarla ana var, lakin onlardan sadəcə biri mənimdir. Mən onu səsindən və İndoneziya ləhcəsindən tanıyırdım. Mən onun ölüm xəbərini telefon vasitəsilə öyrəndim. Bu zəng məni dumanlı şəhərdə gəzintimdən qopardı. İndikindən altı, ya da yeddi yaş daha gənc olardım. Sevgilimin həmin vaxtlarda dediyi sözlər xatirimdədir “Bethelemdəki tövlə, Nazaretdəki ev…” Zəng çalındı, telefon idi.

Qonaq otağının pəncərəsinin qarşısında çılpaq dayanıb bir əlim telefonda, digər əlimsə penisimdə (mən penisimə Liza adını vermişdim) idi. Duman pəncərə şüşəsinin qarşısını tutsa da, görüntünü elə yaxşı bilirdim ki, uzaqdakı meşə xəttinin başlanğıcını gözlərimi zilləyərək görə bilirdim. Mən öz xəyalımda özümü o meşədə gölün kənarında təsəvvür edirdim. Düşünürdüm ki, görəsən, dünən axşam anam sonuncu dəfə maraqlı nəyə baxıb televizorda.

Anam Parkinson xəstəliyindən əziyyət çəkirdi. O, televizora baxarkən əlləri və başı əsir, ağzı açılır və dili çöldə qalırdı. Bu, çox acınacaqlı mənzərə idi. Anamı heç vaxt belə görməmişdim, çünki onu belə görmək istəmirdim. Artıq bu haqda düşünmək istəmirdim və ona görə də yazmaq qərarına gəldim. Heç nə hiss eləmirdim.

Onu sağkən maşında harasa aparmamışdım deyə indi onun ölü bədənini maşında daşımaq mənə ağır gəlirdi. Bir neçə gün sonra onun kremasiyasına da qatılmadım.

Qocalar evinin zirzəmisindəki tabutda uzanan anam ən gözəl paltarını geyinmişdi. Paltarı mənə dəqiq və detallı şəkildə izah etmişdilər, mavi və çəhrayı-bönəvşəyi rənglərin çalarlarında üzərində gülü xatırlatmayan kölgə kimi kiçik bir bej var imiş.

Tabutda anam eynək taxırmış. Mən anamı eynəklə təsəvvür edə bilmirəm, çünki mən heç vaxt onu eynəklə görməmişəm. Tabut içində əlləri sinəsi üzərində olan anam çox dinc görünür təsəvvürümdə. Bəzi ailə üzvləri onun əlində balaca qızılgül buketi tutmağını istəsə də, başqa ailə üzvləri buna razı olmamışdı. Anamın ölümü və kremasiyası günlərinin arasında rəflərimdə olduğunu düşündüyüm bir kitab axtarsam da, onu tapa bilməmişdim. Son günlərdə kitablarımı tez-tez itirməyə başlamışdım. Bu, adətən, keçmişə nifrət etməyimlə bağlı idi. Sentimental olmadığım üçün keçmişə nifrət edirdim. Axtardığım kitab Leonard Roggeveenin “Danny goes on a trip”1 adlı əsəri idi.

Mən anamı mənə verdiyi ən yaxşı şeylə xatırlamaq istəyirdim. Müharibədən, şərqi hindular və yapon kemplərindən bəhs edirdi. Bu kitabı anam mənə 5 yaşım tamam olanda hədiyyə etmişdi. Öz masamda oturaraq məndən kilometrlərlə uzaqda külə çevrilən anamı doğru bildiyim tərzdə şərəfləndirmək, bu kitabdan onun üçün ucadan bir şeylər oxumaq istərdim.

Hamı onun haqqında tabut yanında deyir ki, anam hər zaman cəsur olub. Çünki anam hər zaman gülərüz, cəsur və xoş insan idi. Onlar mən bu dünyadan köçəndə haqqımda belə şeylər deyə bilməyəcəklər. Mən nə anam kimi optimist, nə də onun kimi gülərüzəm. Əgər bir şeyə gülsəm, deməli, həqiqətən gülməli nəsə baş verib. Mən onun kimi cəsur da deyildim. Anamın əksinə, mən qorxağam. Hər xırda şey məni təhdid edə bilir. Bu elə bir qorxudur ki, bəzən özüm özümü tanıya bilmirəm.

Stress və gərginliyə qarşı qəbul etdiyim dərmanların poetik bir adı var: “Seresta Forte”. Apteklərin bu dərmanları elədir ki, dərmanlar insanda yaranan gərginliyi aradan qaldırdıqdan sonra insan dərmanın yaratdığı yeni gərginliklə baş-başa qalır. Və beləliklə, siz bu gərginlikdən asılı vəziyyətə düşür və bu çıxılmaz labirintin içində qalırsınız. Gəlin dua edək!

Bir əlim telefonu qulağımda tutarkən, digər əlim də penisimdə ikən tamamilə çılpaq halda düşündüm: nə qədər iyrənc səslənsə də, 41 il əvvəl doğulanda və ilk dəfə anamı görəndə də, indi anamın ölüm xəbərini eşidəndə də çılpaq idim.

Məni əsmə tutdu. Bu, sadəcə soyuqla, anamın ölümü ilə bağlı deyildi. Həyatımda anamdan da çox sevdiyim insanların ölümünə şahid olmuşam. Bu əsmənin səbəbi yenə stress idi. Pəncərə yanındakı kresloda oturdum. Pəncərənin qarşısındakı plastik dərman qutularını götürdüm. “Seresta Forte” sizi stresdən uzaqlaşdırır”. Beyniniz dumanlanır və tamamilə sakitləşir. Yuxulu bir vəziyyətə düşürsünüz ki, bir neçə dəqiqədən sonra nəsə düşünmək mümkün olmur, yəqin ki, bunu körpə vaxtlarımızda çox yaşamışıq.

Eyni zamanda əlli həb də ata bilər və onları mədəyə bir butulka gin ilə ötürə bilərsiniz. Lakin “The sunken”2 əsərinin yazıçısı Axterhoekdə, Eqzeldəki evində ölü olaraq tapıldı söhbətləri də labüddür.

Əllərim əsdiyi üçün dərmanları ətrafa dağıtdım. Lakin bir neçə həbi budlarımı tələsik bir-birinə sıxmaqla – onlardan bəziləri cinsiyyət orqanımın üzərinə düşmüşdü – yenidən qutuya qoya bildim. Digər bütün həblər xalçanın, qırmızı kafelin üzərinə və müxtəlif yerlərə dağıldı. Bir ovuc həb yox, sadəcə bir həb götürüb mətbəxə keçdim ki, onu gin yerinə su ilə içim. Hələ vaxtım-vədəm yetişməmiş anamla görüşmək niyyətim yoxdur.

Bir qədər sonra qonaq otağındakı pəncərə önündə dayanırdım. Yavaş-yavaş sakitləşir, laqeydləşirdim. Pəncərədən aşağı baxanda gözüm ordan mənə diqqətlə baxan adama sataşdı. Mən də onu süzməyə başladım. Bir-birimizlə bu baxış yarışını dayandıranda onun saçlarında ilişib qalan həblər məni gülümsəməyə sövq etdi. Bu, bir xəyal idi. İkimiz də müxtəlif ardıcıllıqda geriyə addım atmağa başladıq. Və sonunda o, duman içərisində itib-batdı.

İndikindən altı, ya da yeddi yaş gənc olanda bir meşədə azdığım xatirimdədir. Həyatımı daima həyata nifrət, yaşamağa həvəssiz və yarısərxoş halda yaşamışam. Bir yay axşamı qəsəbələrdən birinin kafesində Liza ilə tanış oldum, ya da o mənimlə tanış oldu. Onun intellektual və istiqanlı üzü vardı. Hər hərəkətində xışıldayan pastel rəngli paltarlar geyinmişdi. Bir saat keçməmiş mən yatmaq təklif elədim, ya da o, təklif elədi. Həmin illərin ən önəmli sözləri idi. Belə ki, həsrətin, ağrıların bu yolla tarazlığını qoruyurdular. Onunla iki, ya da üç gün qaldım. Sağollaşıb qayıtdıqdan sonra onun adını, bayraqlarla və yaşıllıqlarla, çiçəklər, xalçalar və yol kənarındakı ziyarətgahlarla bəzədilmiş qəsəbə haqqında artıq hər şeyi unutmuşdum. Mən özümə sığınacaq tapmışdım və növbəti gün arvadım qızımızı dünyaya gətirdi. Güzgüyə baxdım və stress içindəki özümü tanıya bilmədim. Saçlarımın ağardığının fərqinə vardım. Bütün hazırlıqlar və ssenari qaydasındadır. Yəqin, anamın əri kimi, bir gün mənim də portret kimi baxdığım günlər o qədər də uzaq deyil. Həyatımın ikinci hissəsi yaxınlaşırdı və bu hissədə mən əzilə və məhv ola bilərdim.

Anamın ölümündən bir ay əvvəl Kristmas ərəfəsində Liza ilə tanış olmuşdum. Və həmin qəsəbəyə bir gün bir də qayıtdım. Yenidən Liza ilə görüşdüm, ya da o mənimlə görüşdü. Biz bir əyləncə məclisində yeyib-içib və deyib-gülən insanlarla dolu otaqda yenidən rastlaşdıq. İkimiz də bir-birimizi eyni anda gördük. Liza mənə tərəf gəlməyə başladı və hər şey ağlımda film kimi canlandı; Liza gülümsəyir. Liza evində pəncərənin yanında dayanıb, o, saat dükanının üstündəki evdə yaşayır. Bütün bu xırda detallar altı-yeddi il sonra Lizanı mənə tam xatırlatdı.

Üzümdə gülümsəmə yaransa da, peşmançılığın məni vurduğu an da elə bu idi. Həmin illərdə çox vecsiz və boşluq içində idim, çünki mən olduğum kimi idim. Biz ikimiz də böyümüşük, lakin o, məndən daha gəncdir. Paltarının xışıltısı və onun səsi…

Mənimlə son görüşümüzdən sonra məşhur olduğumu dedi. Təsdiq etdim. “Zınqırovun hardadır?” deyib güldü. Həyatımın necə getdiyini soruşdu və cavab olaraq boş, mənasız olduğunu dedim. Bəs sən?

Mən?

Hələ də məktəbdə dərs deyirsən? Bəli, o, hələ də məktəbdə müəllim idi.

Həyatımızda dəyişiklik yox idi. Lakin bu, tamamilə düz deyil, çünki mən eyni bədəndə yaşasam da, artıq eyni adam deyildim.

Kiçik zınqırov?

Mən Liza ilə o vaxt görüşəndə şalvarımın sağ ayağında zınqırov taxırdım. Bu mənim Danny-dən aldığım özənti idi.

Mən artıq o insan deyiləm. O şalvarlar artıq nə əynimə, nə də adıma sığışa bilər. Biz çox şey demədik, lakin bu aydın idi ki, ikimiz də eyni şeyi fikirləşirdik. Ki biz illər əvvəl ikimiz də nəsə deyib, əl-ələ verib məclisdən çıxa bilərdik…

Lakin həyatımdakı dramalardan artıq bezmişəm.

Bir dəfə müsahibədə demişdim. İki adamın bir-biri üçün ən gözəl arzusu bir-birinə aşiq olmamaqdır. Lakin mövcud olub heç nəyə toxunmayan heç nə yoxdur.

Anamın öldüyü günlərdə ehtiras və kədərlə Liza və anamı düşünürdüm. Biri üçün kədərlənir, digərini isə sevirdim. Bu hisslər ikisi bir arada çox şövqsüz olur. Onların hər ikisini düşünmək mənə əzab verirdi.

Məni tək buraxın! Mən heç nə hiss etmirəm və heç nə hiss etmək istəmirəm.

Dumanda əllərim əsərək yazıram. Ölüm məni qorxutmur. Həyat da məni qorxutmur. Qoy mən də tək ölüm. Fərqi nədir axı?!

Həmin günlərdə evimin səssizliyini pozmaq üçün telefon dəstəyini qulağıma tutar və bacardığım qədər yüksək səslə qurbağa səsləri çıxarardım – qurr, qurr…

II

Valideynlərimi, demək olar ki, tanımamışdım, bunu artıq qeyd etmişəm, uğursuz həyatımın artıq son akkordları vurul-maqdadır, tezliklə mənimki də bitəcək. İcazə verin əslində olduğumdan daha abırsız, əlbəttə, eyni zamanda daha sentimental görünməyim. Amma onda ən azından anamı tanıyırdım – həmin müharibə illərində mənə oxumağı öyrətdiyi yerdə, yapon düşərgəsində.

Düşərgənin adı Tcidenq idi. Bura çox qorxulan, bədnam, pis ad çıxarmış yapon komandirinin, kapitan Keniçi Sonenin düşərgəsi idi, 1946-cı ildə o, müharibə cinayətlərinə görə edam edildi. Xatırlayıram onu. Şəxsən o, anamı mahmızlı çəkməsi ilə vuranda buna şahidlik etmişəm.

“O, kraliça kimi idi”. “Anamı ölü kimi halsız uzananadək döyürdülər”. “Anam ən gözəl qadın idi, onda artıq onu sevməyi dayandırmışdım”. Nə yazmışamsa, yazmışam. “Anam öləndə onun dəfn mərasimində iştirak etməyəcəm”.

Tcidenqdəki qadın düşərgəsində on yaşa kimi balaca oğlanlar da yerləşdirilmişdi və mən orada nənəm, anam, bacımla birgə yaşayırdım. Bura keçilməz hasarlarla, keşikçi qülləsi və tikanlı məftillərlə qapadılmışdı. Cəmi bir neçə kvadratmetrlik xətkeşlə ölçülmüş kərpic evlərdə avropalı qadınlar öz uşaqları ilə birgə yaşayırdı. Onlar buranı, zərurət olardısa, öz qanları bahasına belə qorumağa hazır idilər. Həmin evlərin hətta pəncərə altlıqlarında, qapı kandarında, pilləkənin hər bir pilləsində, verandada, dəhlizdə belə yaşayış vardı. Həmin evlərin havasında belə insanlar yaşayırdı: həməki olan hər kəs köhnəlmiş, geyilib cındırı çıxmış paltarlar sərilmiş zivələrin arasında yaşayırdı.

Həmin evlərdən birində, Citarumveq 7-də biz təxminən on başqa insanla bərabər mətbəxdə yaşayırdıq, evimiz tək mətbəxdən ibarət idi. Anam nənəmin üzərində, düzsəthli iş görmə yerində yatırdı. Bacımla mən aşağıda, kabinin içində – nənəm içərini yuxarı və aşağı hissə olmaqla iki yerə bölən rəfdə, bacımla mən isə onun aşağısında, döşəmənin üzərində yatırdıq.

Aclıq, xəstəlik, əzab-əziyyət və bu qəbildən olan başqa zülmlər yoldaşımız idi.

Bu tip yapon düşərgələrinin unudulmaq təhdidi var, çünki oranın sakinləri olanlar bu barədə susmağa üstünlük verir, səssizliyini pozanlar isə bunu çox gec – kin-küdurəti, qəzəbi öləziyəndən, ya yumşalandan sonra edirlər. Və bu insanlar artıq “mülayim ölüm” sayıla biləcək ölümlə həyatlarına son veriblər.

Həmin cəhənnəmi yaşayanlar yapon düşərgələri haqqında ya məhəbbətlə, ya nostalji hissləri ilə danışır. Başqasını mən eşitməmişəm. Bu da ona rəvac verir ki, bu barədə məlumatsız, yad adamda belə bir təəssürat yaranır: “Əşşi, o qədər də pis ola bilməzdi”. Yapon düşərgələri haqqında yazılan çox az sayda ədəbiyyat var, onların da çoxu yazıçıların göz yaşları və pafosdan qorxduqları üçün əsas etibarı ilə hadisələri olduqlarından kiçik göstərməkdən ibarətdir.

Çox təəssüf, mən də belə düşərgə əhvalatı yaza bilmirəm, hərçənd mən də Tcidenq təcrübəsi yaşamışam. Belə pafosla özümü qırışdırmıram və göz yaşlarımdan utanıram, amma o günlərdə yalnız öz hayında olan həyat dolu bir yeniyetmə idim. Heç vaxt ac qalmazdım (Çünki comərd olan anam onun payını da yeməyim üçün mənə verərdi). Heç zaman xəstələnmədim, heç zaman əziyyət çəkmədim. Hərçənd həmin düşərgələrdə ölümün nə olduğunu gözəl bilirdim, eyni zamanda, başqa-başqa şeylər də öyrənmişdim. Amma çətin bu barədə danışmaq üçün haqqım olduğunu iddia edə biləm. Bunları burada başqa səbəbdən qeyd edirəm, gəlin deyək, musiqili ahəngi səbəbindən yazıram.

“Zülm və müqavimət, Niderland müharibə dövründə” adlı dördcildliyin çox qısa bir bölümü başdan-ayağa “Yaponiyanın İndoneziya işğalına” həsr edilib. Bu bölümün müəllifi D. M. G. Koçdur.

Oxuyuram: Tcidenqdəki bədnam düşərgədə on minlərlə qadın təcrid edilmişdi, onların arasında general-qubernatorun arvadı və qızı da vardı.

Sözügedən general-qubernatorun triptix adı vardı: A. W. L. Idi Conkeer Tyarda van Starkenbor Stakover.

Anamın adı Henriyetta Mariya Elizabet van Maaren idi və o, Jerom Brouversin anası idi, o da həmçinin Tcidenqdəki həmin düşərgəyə yerləşdirilmişdi. Bir neçə il sonra ordan azad edildikdə ora girən həmin qadın deyildi.

Həmin vaxt anamın otuz beş-otuz yeddi yaşı olardı, on iki il yarımdan çox idi ki ərdə idi, üç oğlu və bir qızı vardı.

Əri həmin vaxtlar Yaponiyada müharibə əsiri idi, iki böyük oğlunun yaşı onu keçmişdi, onlar Yavada hardasa kişilər üçün nəzərdə tutulan düşərgədə idilər (Bu, sonradan məlum oldu, bütün bu zaman ərzində anam ərinin və övladlarının harada olduğunu, hətta onların sağ olub-olmadığını da bilmirdi).

Nənəmin – anamın anası, böyük bəstəkar Van Maarenin arvadı – sağlıq durumu yaxşı deyildi. Sonlara doğru onu yalnız mətbəx rəfində arıq, rəngi sarımtıl, hər keçən gün səpgiləri daha da artan, eyni zamanda bədəni soyuyan halda – hərçənd günəş çöldə yandırıb-yaxırdı və isti içəriyə də vururdu – xatırlayıram. Gecələri bədənini isti saxlamaq üçün bacımla mən növbə ilə onunla yatmalı olurduq, amma sona kimi dözə bilmədi, o da, bəstəkar əri kimi, yapon düşərgəsində öldü.

Qəfildən anam yeganə qızını da itirir, bacım dizenteriya xəstəliyinə yoluxmuşdu, sonra da başqalarını yoluxdurma riski olduğu üçün onu düşərgə hospitalı deyilən yerə aparmışdılar. Həmin yerə daxil olan hər kəsin oradan diridən çox ölü çıxmaq şansı vardı (Bacım yaxşılaşdı, 1945-ci ildə, onun səkkiz yaşı olanda dörd yaşında geyindiyi paltar hələ də əyninə olurdu).

Məni də anamın yanından ayırdılar, yaxud belə deyək, onu məndən ayırdılar. Necə ki, o, mənim sahib olduğum son şey idi, mən də onun hələ də sahib olduğu son şey idim.

Amma ikimizin də ən son sahib olduğumuz şey bizim həyatımız idi. Yəqin, bu, anam üçün az əhəmiyyətli nəsnə idi, mən isə həyatın nə olduğunu öyrənmək üçün kifayət qədər yaşamamışdım.

Yaponların Tcidenq düşərgəsində istifadə etdiklər psixoloji işgəncə texnikaları arasında müntəzəm, amma gözlənilməz reydlər də vardı. Bu reydlər vaxtı əslində qadın düşərgəsinə məxsus olmayan bütün oğlan uşaqları analarından ayrılıb həmin evdən aparılırdı. İçlərində mənim də olduğum bu balaca oğlanlar uzun sıralara düzülür və düşərgədən bəzən günlərlə yol gedərək harasa başqa yerə aparılırdı. Həmin ərəfədə isə o qadınlar arasında oğlancığazların ya güllələndiyi, ya da yaşı ondan aşağı oğlanlar üçün nəzərdə tutulan, “uşaq karvanı olan” hansısa İndoneziya arxipelağının adasına dəniz yolu ilə aparıldıqları ilə bağlı şayiələr dolaşırdı.

Bu ekspedisiyalar haqqında heç nə xatırlamıram, xatırladığım sadəcə biz oğlanları işlətdikləri idi. İşimiz ya alaq otlarını təmizləmək, ya harasa daş düzməkdən, yaxud, odun yığmaqdan, taxtabiti tutmaqdan ibarət olurdu. Başqa sözlə, biz “uşaq işləri” görməli olurduq. Amma bir yapon əsgərinin dizinin üstündə oturduğum, onun siqaretindən bir qullab almağa mənə icazə verməsi də yadımdadır.

Dəqiq yadımda qalan məni anamdan kal meyvəni budağından dartıb qoparanda ağacın üzərindəki bütün yarpaqlar narahatlıqla xışıldayır ha, elə ayırmaqlarıdır.

Məşhur babama məxsus köhnə topi qoyurdum başıma (Kişilərin geyindiyi ənənəvi İndoneziya baş geyimi). Onun baş geyimi ilə bəzənib Tcidenq boyunca təntənə ilə addımlayırdım.

Əgər düşərgədə gəzərkən bir yaponla qarşılaşsan, bu zaman hörmətlə dayanıb ona təzim etməli idin. Bu məcburi hörmətə mən özümünkünü də əlavə etmişdim: mübaliğəli əda ilə topimi başımdan çıxarır və qalın səslə: “Tabe, tuan” (malay dilində: “Salam, cənab”) deyirdim. Əgər bunu anamın əlini tutarkən edirdimsə, onda əsgər keçəndə başımı onunla birgə tozlu yollara doğru təzim edirdim. Bu zaman o, qəzəblə qolumu çəkərdi, yaxud, mərasim bitən kimi başıma birini ilişdirərdi və topim başımdan uçub düşərdi.

Anama uzaq məsafədən mənim qayıdan uşaqların arasında olduğumu deyən məhz bu topi idi, analarından ayrılan başqa oğlanların başları arasında yellənən bu topi! Mən heç zaman qayıdan uşaqların arasında olmamışam. Hər zaman xaotik durumlarda, yürüşlərdə, “çıx düzül” çağırışlarında, mənim arasında itdiyim sıxışan izdihamda olduğumda belə anam məni papağımdan görüb tanıyardı.

Anamla mən bir-birimizi yenidən tapdığımızda hətta anam üçün papağımı yenidən çıxartmışdım: “Tabe, nynonya”. Anamı yenidən tampaqda heç zaman uğursuz olmamışam, yalnız biri mənim anam olan minlərlə ananın içində belə anamı tapardım.

Atdığım hər addımda anamla aramızda məsafə böyüyürdü və sonda anam qeyb oldu. Oğlanların cərgəsi küçəni buruldu, düşərgəni tərk etdi və məşğul küçələr bağlandı, amma anam qeyb olmazdan öncə ona yelləmək üçün papağımı çıxartdım. Xudahafiz, əziz ana!

Anamla mən məhz həmin tarixdən bəri – indi artıq, demək olar ki, 40 il – bir-birimizlə görüşüb xudahafizləşərkən ayrılığımızı malay dilində olan xüsusi bir vidalaşma sözü ilə möhürləyirdik. Uşaq vaxtı çevrilib bir daha anama baxar, papağımı çıxarardım, anam isə mənim uşaqları itələdiyim, özümün sıxışdırıldığım, ona “Ketemu lagi!” (malay dilində: “Səni sevirəm, xoşbəxt, ol, bəxtəvər ol”) qışqırdığım anlarda arxada, yol kənarında qalardı.

“Ketemu lagi” sözlərini dayəmiz İtihdən eşitmişdim. Anam onu və onun kiçik övladlarını düşərgəyə götürəcək yük maşınının içində yox olduğunda İtih hönkürtü ilə ağlayaraq bu sözləri deyib anamın önündə bizimlə vidalaşmışdı.

Mən bu sözləri anama qışqırdığımda onun üzündə təəccüb ifadəsi yarandı. Bu sözlər bir uşağın ağzından çıxa bilmək üçün son dərəcə təntənəli, son dərəcə arsız səslənirdi. Amma sonra anam gülmüşdü, mən də həyatımın qalan hissəsində bilmişdim ki, anama “ketemu lagi” desəm, güləcək.

Bu sözlər “xudahafiz”dən daha çox şey deməkdir. Bu sözlərin mənası “gedəcəyin yerdə xoşbəxt, bəxtəvər olasan”dır.

Bu sözlər onun ölümünə kimi bir-birimizə yüzlərlə dəfə “xudahafiz” dediyimiz anamla mənim aramda müqəddəs, ayrılıq anlamını verən koda çevrildi, çünki biz hər ikimiz nadir hallarda dayanan külək kimi idik, hər zaman hardansa harasa əsirdik. Və son bir neçə dəfəyə kimi bir-birimizə “xudahafiz” dediyimiz hər bir halda biz gülərdik. Axır vaxtlar yalnız gülərdik, amma sadəcə gözlərimizlə gülərdik, hərçənd bircə dəfə hönkürüb ağlasaydıq, bu, bizə daha çox uyğun gələrdi.

1.“Denni gəzintiyə çıxır” – red.
2.“Batan”, yoxsa “Qürub” – red.

Ücretsiz ön izlemeyi tamamladınız.

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
20 ekim 2022
Tercüman:
Telif hakkı:
Alatoran yayınları / Алаторан
Metin
Ortalama puan 0, 0 oylamaya göre