Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Azadlıq Haqqında», sayfa 3

Yazı tipi:

I
Düşüncə və Müzakirə Azadlığına Dair

Mətbuat azadlığının pozulmuş və despot hökumətə qarşı təminatlardan biri olaraq müdafiə olunması ehtiyacının olduğu dövrün geridə qaldığına ümid edirəm. Mənfəətləri xalqın mənfəətləri ilə eyni olmayan bir qanunverici və ya icraedici orqanın düşüncələrini diktə etməsinə yaxud icazə verdikləri hər hansı bir təlim və ya müzakirəyə qarşı müxaliflik etmək üçün indi artıq heç bir səbəb göstərməyə ehtiyac yoxdur. Bununla birlikdə, mövzunun bu istiqaməti bizdən əvvəlki fikir adamları tərəfindən o qədər sıx və müvəffəqiyyətli bir şəkildə işlənmişdir ki, mövzunun üzərində təkrar dayanmağa ehtiyac qalmır. Mətbuat məsələsində hər nə qədər ingilis qanunu bu gün Tüdorlar dövründəki qədər əmr quludursa da, qiyam qorxusunun nazirlər ilə hakimləri həmişəki dürüst davranış tərzlərindən uzaqlaşdırdığı bəzi keçici çaxnaşma dövrləri istisna olmaqla, o qanunun siyasi müzakirə əleyhinə həqiqətən tətbiq olunması təhlükəsi azdır.7

Ümumi bir ifadəylə desək, konstitusiya ilə idarə olunan ölkələrdə, xalqa qarşı tam mənasıyla məsul olsun və ya olmasın hökumətin düşüncəni nəzarət altına almağa tez-tez cəhd edəcəyindən qorxmağa ehtiyac yoxdur. Bu halda hökumətin xalq ilə tamamilə fikir birliyində olduğunu və onların fikirləriylə zidd olmadıqca fiziki gücdən istifadə etməyi düşünmədiyini fərz edə bilərik. Lakin mən xalqın istər birbaşa, istər hökumətləri vasitəsilə təzyiq etmə haqqını rədd edirəm. Təzyiq özlüyündə qeyri-qanunidir. Buna ən yaxşı hökumətin də ən pis hökumətdən daha artıq haqqı yoxdur. Təzyiq ictimai fikirlə razılığa gəlindiyi halda istifadə edildiyi zaman, ictimaiyyətin fikrinə baxmayaraq istifadə edildiyi zamankı qədər, hətta bəlkə ondan daha zərərlidir. Əgər bir nəfər xaric bütün insanlar eyni düşüncədə olsalar və tək bircə nəfər fərqli düşüncədə olsa, necə bu şəxsin bütün insanları susdurmağa haqqı yoxdursa, eyni şəkildə bütün insanların da bu şəxsi susdurmağa haqları yoxdur. Bir düşüncə sahibindən başqası üçün heç bir dəyəri olmayan xüsusi bir şey olsaydı və o düşüncədən faydalanmaqdan məhrum olunmaq sadəcə xüsusi bir zərər təşkil etsəydi, zərərə məruz qalma məsələsində yalnız «bir neçə adam» ilə «bir çox adam» arasında fərq ola bilərdi. Bir düşüncənin susdurulması insan irqinə qarşı, başqa cür desək, yaşayan nəslə olduğu kimi gələcək nəsillərə qarşı da quldurluqdur. Bu, yalnız o düşüncəyə qoşulanlara qarşı deyil, eyni zamanda o düşüncəyə qoşulmayanlara qarşı da bir soyğunçuluq mənasını verir. Əgər düşüncə doğrudursa, insanlar yanlış olanı doğru olan ilə dəyişdirmə imkanından məhrum edilirlər. Əgər səhvdirsə, o zaman da onlar az qala eyni dərəcədə böyük bir faydanı, yəni həqiqətin səhvən vurulması nəticəsində daha açıq və dəqiq şəkildə başa düşülməsini və daha canlı bir təsir yaratması fürsətini əldən qaçırmış olarlar.

Hər birinin ona qarşılıq verən fərqli bir müzakirəsi olan bu iki tezisdən ayrı-ayrı bəhs etmək lazımdır. Boğmağa cəhd etdiyimiz düşüncənin səhv bir düşüncə olduğundan heç bir zaman əmin ola bilmərik. Əmin olsaq belə onu boğmaq yenə də bir pislik olar.

Birinci fərziyyə: siyasi qüvvə tərəfindən ortadan qaldırılmağa çalışılan düşüncə doğru ola bilər. Onu ortadan qaldırmaq istəyənlər təbii olaraq onun doğruluğunu inkar edirlər. Lakin bunu bilək ki, onlar hər zaman doğru deyillər. Onların mövzunu bütün bəşəriyyət adından bitirməyə və digər insanları mühakimə imkanlarından məhrum etməyə heç bir haqları yoxdur. Bir düşüncənin dinlənməsini siyasi qüvvə sahibi səhv tapdığı üçün rədd etmək onun gözündəki doğrunu mütləq düzgünlük kimi qəbul etmək mənasına gəlir. Hər müzakirəni susdurma cəhdi əslində bir yanılmazlıq iddiasıdır. Müzakirəni susdurma cəhdinə pis baxmağımız və bunu göstərməyimiz adi dəlillərə əsaslanılmaqla günahlandırıla bilər; unudulmamalıdır ki, dəlillərimizin adi olması dəyərindən heç bir şey itirmir.

Sağlam fikirli bəşəriyyət üçün təəssüf ediləcək bir şeydir ki, praktik mühakimənin yanıla biləcək olması nəzəriyyədə daim qəbul edildiyi halda insanlar bunu praktik həyatlarında çox göstərmirlər. Hər fərd özünün də yanıla biləcəyini çox yaxşı bildiyi halda, çox az adam öz səhvlərinə qarşı tədbir görməyi lazımlı bilir. Olduqca əmin olduqları bir fikrin səhv nümunələrdən birini yarada biləcəyi ehtimalını çox az adam qəbul edir. Mütləqiyyətçi rəhbərlər yaxud sərhədsiz itaət görməyə alışmış olanlar vərdiş etdikləri üçün demək olar ki, hər mövzuda öz düşüncələrinə qarşı böyük bir inam hissi duyurlar. Düşüncələrinə bəzən qarşı çıxılan, yanıldıqları vaxt səhvlərini düzəltmə vərdişindən tamamilə məhrum olmayan daha xoşbəxt mövqeli insanlarsa eyni hüdudsuz etibarı ətraflarında olan və düşüncələrini mənimsəyən şəxslərə (ya da alışqan olduqları üçün məsləhətləşərək boyun əydikləri şəxslərə) qarşı göstərirlər. Çünki insan ümumiyyətlə, öz mühakiməsinə nə qədər az inanırsa, bir o qədər artıq «bütün dünya”nın yanılmazlığı qanununa vərdiş etdiyi üçün inanır. Dünya isə həmin şəxsin üzvü olduğu bir kəsimdən ibarətdir. Öz partiyası, öz məzhəbi, öz kilsəsi, öz ictimai sinfi kimi. Əgər «dünya» bir kimsə üçün öz ölkəsi, öz dövrü qədər geniş bir mənanı ifadə edirsə, bu adama liberal ya da genişdüşüncəli şəxs deyilə bilər. Digər dövrün, ölkənin, məzhəbin, kilsənin, sinif və partiyaların bir zamanlar öz düşüncəsinin tam əksini düşünmüş olduqlarını, hətta indi də düşünməkdə olduqlarını bilsə də, həmin şəxsin kollektiv avtoritetə qarşı inamı yenə də sarsılmır. İnsan digər dünyaların qarşısında iştirak etmə haqlılığının məsuliyyətini bağlı olduğu cəmiyyətin çiyinlərinə yükləyir. Saysız dünyalar içində özünün bel bağladığı dünyanı tamamilə bir təsadüfün təyin etmiş olduğuna və özünü məsələn, Londonda bir anqlikan keşişi elan edənlərin asanlıqla Pekində bir buddist ya da Konfutsi rahibi də ola biləcəyinə əsla diqqət yetirməz. Heç bir dəlil tələb etməyəcək qədər açıq və dəqiq olaraq bilinməlidir ki, fərdlər qədər dövrlər də hər zaman doğru olmur. Hər dövrün əsas hesab etdiyi əsas düşüncələrin bir çoxunu sonrakı dövrlər təkcə səhv deyil, eyni zamanda axmaq fikirlər kimi qəbul etmişdir. Bir zamanlar hər kəs tərəfindən qəbul edilən bir çox düşüncə indiki vaxtda necə qəbul olunmursa, indi hamı üçün uyğun olan düşüncələri də gələcək dövrlərin qəbul etməyəcəyi şübhəsizdir.

Bu tezisə qarşı irəli sürüləcək etiraz ehtimal ki, belə bir forma ala bilər: Cəmiyyətin avtoritetləri üçün «səhvin yayılmasının önünə keçməkdən» daha böyük bir yanılmazlıq fərziyyəsi ola bilməz. Başqa cür desək, cəmiyyət avtoritetlərinin səhv olduğunu fərz etdikləri bir şeyin yayılmasının qarşısını almağa cəhd etməsi əslində ən böyük yanılmazlıq iddiasıdır. İnsanlara istifadə etmələri üçün mühakimə gücü verilmişdir. Bu mühakimənin səhv şəkildə istifadə edilməsi ehtimalı olduğu üçün onu heç istifadə etməyinmi deyəcəyik? Onların zərərli saydıqları şeyi qadağan etmələri qüsursuz olduqlarını iddia etmək deyil, əksinə vicdani qənaətlərinə görə davranma vəzifəsini (yanılsalar da) yerinə yetirmələri deməkdir. Düşün-cələrimizin səhv olması ehtimalı olduğu üçün bu düşüncələrə görə hərəkət etməkdən imtina etsək, bütün mənfəətlərimizi üzüstə buraxar və bütün vəzifələrimizi gerilətmiş olarıq. Hər davranışa tətbiq olunan bir etiraz hər hansı xüsusi bir davranışa qarşı heç də möhkəm bir etiraz olmaya bilər. Əllərindən gələn ən doğru düşüncələri diqqətli bir şəkildə əldə etmək, doğru olduqlarına yaxşıca əmin olmadıqca da bunları başqalarına əsla zorla qəbul etdirməmək hökumətlərin və fərdlərin vəzifəsidir. Bu cür mühakimə yürüdənlər sözlərinə belə davam edə bilərlər: “Lakin onların bundan əmin olmalarına baxmayaraq, öz düşüncələrinə görə hərəkətə keçməkdən çəkinmələri və bəşəriyyətin yaxşılığı üçün bu dünyada ya da o biri dünyada təhlükəli olduğuna ürəkdən inandıqları təlimlərin ətrafa hüdudsuz şəkildə yayılmasına icazə vermələri artıq insaf deyil, qorxaqlıq olar. Eyni səhvi etməməyimiz üçün ehtiyatlı olmağımız tapşırıla bilər. Ancaq hökumətlər və millətlər siyasi gücün istifadə edilməsi üçün əlverişli məsələlərin olduğu inkar edilməyən digər məsələlərdə də səhv etmişlər, pis vergilər qoymuşlar, haqsız müharibələr aparmışlar. Belə olduğu üçün heç vergi qoymamağımız və hansı cür təhrik qarşısında qalırıqsa qalaq, heç döyüşməməyimiz nə dərəcədə doğrudur? İnsanlarla hökumətlər əllərindən gəldiyi qədər yaxşı hərəkət etməlidirlər. Mütləq qətilik axtarışında deyilik, insan həyatının məqsədləri üçün yetərli təminat axtarırıq. Şəxsən öz davranışımıza bələdçi olması üçün fikrimizin doğru olduğunu fərz edə bilərik, hətta fərz etməliyik. Pis insanların səhv və zərərli saydığımız düşüncələri yayaraq cəmiyyəti pis yola çəkmələrinə mane olduğumuz zaman da əslində bundan başqa bir şey fərz etmiş olmarıq.”

Cavab verirəm: bu daha çox şey fərz etməkdir. Bir düşüncənin ona hər cür etiraz imkanı varkən mənasızlığı ortaya qoyulmadığına görə doğru olduğunu fərz etmək ilə onun rədd edilməsinə izin verməmək məqsədilə doğruluğunu fərz etmək arasında böyük bir fərq vardır. Hərəkətə keçirmək üçün bir düşüncənin doğru olduğunu fərz etməyimizi haqlı edən əsas şərt başqalarının bizim fikrimizin əksini deməsi və fikrimizdəki səhvi sübut etməsi məsələlərində tam azadlığa sahib olmalarıdır. Bundan başqa heç bir şəraitdə bəşəri xüsusiyyətləri olan bir varlığın əlində haqlı olduğuna dair məqbul hər hansı bir təminat yoxdur.

İstər düşüncə tarixini, istərsə də insan həyatının alışılmış gedişini göz önünə gətirdikdə bunların hər ikisinin də olduqlarından daha pis vəziyyətdə olmaları nə ilə əlaqələndirilə bilər? Şübhəsiz, bunu insan anlayışının əsas gücüylə əlaqələndirə bilmərik. Çünki öz-özünə aşkar olmayan hər hansı bir məsələdə onu mühakimə edə biləcək qabiliyyətdə olan bir adam varsa, bu qabiliyyətdən məhrum doxsan doqquz adam vardır. Yüzüncü adamın qabiliyyəti də yalnız nisbidir. Çünki keçmişdəki hər dövrün seçmə insanlarının əksəriyyəti indi səhv olduğu məlum olan bir çox düşüncəni mənimsəmişdilər; indi kimsənin təsdiq etməyəcəyi bir çox şeyi etmişlər və ya təsdiq etmişdilər. O halda insanlar arasında ağlabatan, məqbul düşüncələrin və məqbul hərəkət tərzinin əksəriyyət etibarilə üstün gəlməsinin səbəbi nədir? Bəşəriyyətin işləri az qala ümidsiz deyiləcək bir nöqtəyə gəlmədikcə (belə ki, daim gəlmişdir), var olması ehtimal edilən bir üstünlük həqiqətən mövcuddur, bunun səbəbi insandakı zehni və əxlaqi bir varlıq olaraq hörmətə layiq, hər şeyin mənbəyi olan bəşəri beyindir. Yəni, ağla uyğunluğun üstünlük qazanması insan yanılmalarının düzəldilməsinin mümkün olmasından irəli gəlir.

İnsanın öz səhvlərini müzakirə və təcrübə yoluyla təshih etmə qabiliyyəti vardır. Sadəcə təcrübə kifayət etmir. Təcrübənin necə şərh olunacağını göstərmək üçün müzakirə də olmalıdır. Səhv düşüncələr, səhv tətbiqatlar faktın və dəlilin qarşısında yavaş-yavaş təslim olur. Lakin zehin üzərində təsir yaratmaları üçün faktların və dəlillərin insan idrakının önünə sərilməsi lazım gəlir. Mənalarını açıqlamaqla izah edilmədən hər şeyi öz-özünə aydınlaşdıra bilən faktlar çox azdır. O halda bütün gücü və dəyəri səhvi düzəldə bilmə xüsusiyyətinə bağlı olduğuna görə insan mühakiməsinə ancaq səhvləri düzəltmə imkanı davamlı olaraq verildiyi zaman inanıla, etibar edilə bilər. Mühakiməsi həqiqətən inama layiq olan bir şəxsi nümunə olaraq götürək, görəsən, onun mühakiməsi bu hala necə gəlmişdir? Bu adam bu hala düşüncələrinin və hərəkət tərzinin tənqid olunmasına qarşı açıq olduğu üçün gəlmişdir. Çünki ona qarşı deyilə biləcək bütün fikirləri dinləməyi, onlardan mümkün olduğu ölçüdə faydalanmağı və səhv olan şeyin səhvini qəbul etməyi vərdiş halına gətirmişdir. Bu adam bir bəşərin hər hansı bir mövzunu bütünlüklə bilməyə yaxınlaşmasının yolunun ancaq mövzu haqqında fərqli düşüncələrə sahib olanları dinləməkdən və hər zehniyyətdəki insanın mövzu haqqındakı dünyagörüşlərini açıqca ifadə etmələrindən keçdiyini anlamışdır. Müdrik olan hər bir insan müdrikliyini başqa cür əldə etməmişdir; ancaq belə əldə etmişdir. Başqa cür hikmət sahibi olmaq insan zehninin təbiətində yoxdur. Öz düşüncəsini başqalarınkı ilə müqayisə edib düzəltmə və tamamlama vərdişi o düşüncəni tətbiqetmədə inanılacaq və əsaslanılacaq yeganə möhkəm təməldir. Bunu edən insan ona qarşı deyilə biləcək fikirləri, heç olmasa açıqca deyilə bilənləri öyrənmiş və bütün inkar edənlərə qarşı mövqe tutmuşdur. Etiraz və çətinliklərdən qaçmaq əvəzinə onları axtarmış, düşüncəsi üzərinə salına biləcək heç bir işığa da pərdə çəkməmiş olduğunun fərqindədir. Bu səbəblə bu insanın öz mühakiməsinin belə bir əməliyyatdan keçməmiş olan hər hansı bir şəxsin və ya hər hansı bir kütlənin mühakiməsindən daha yaxşı olduğunu düşünməyə haqqı vardır.

İnsanların ən ağıllıları, başqa cür desək, mühakimələrinə inanmağa haqqı ən çox olan kəslər belə, öz mühakimələrinin doğruluğuna tamamilə bel bağlamayaraq gələcək tənqidlərə açıq qapı buraxmaqdadırlar. Belə olduğu təqdirdə adına xalq deyilən, bir neçə ağıllı ilə bir çox ağılsız fərddən meydana gələn kütlənin eyni qaydaya uyğun gəlməsi qaçılmaz olur. Onlardan bunu istəmək ifrat bir tələb sayıla bilər. Roma katolik kilsəsi bir müqəddəsin müqəddəsliyinin rəsmi olaraq tanınma mərasimində belə «Şeytanın vəkili»ni8 qəbul edib onu səbirlə dinləyir. Göründüyü kimi, insanların ən müqəddəsi müqəddəslik mərtəbəsinə şeytanın onun əleyhinə söyləyə biləcəyi hər şey bilinib müzakirə edilənə qədər qəbul edilə bilmir. Əgər Nyutonun fəlsəfəsinin müzakirə edilməsinə izin verilməmiş olsaydı, insanlar onun doğruluğundan bu gün hiss etdikləri qədər tam əmin olmazdılar. Haqlarında ən çox təminata sahib olduğumuz inancların hər kəsi əsassız olduqlarını sübut etməyə dayanmadan dəvət etməkdən başqa bel bağlaya biləcəkləri heç bir qoruyucu şey yoxdur. Əgər meydan oxumağı qəbul edən çıxmasa yaxud çıxsa da səyi nəticəsiz qalsa, bu, qətilikdən xeyli uzaq olmağımız deməkdir. Ancaq belə bir meydan oxuma yoluyla insan ağlının indiki halının uyğun olduğu ölçüdə əldən gələni etmiş, həqiqətin bizə çatmasına imkan verə biləcək olan heç bir şeyə laqeyd yanaşmamış olarıq. Əgər müzakirə meydanı açıq buraxılsa, daha yaxşı həqiqətin mövcud olduğu təqdirdə insan ağlının onu qavraya biləcək vəziyyətə gəldikdə qavrayacağına ümid edə bilər; arada keçəcək zaman ərzində də həqiqətə yaxınlaşmanın öz zamanımızda mümkün olan qədərini əldə etmiş olduğumuza güvənə bilərik. Yanıla bilən bir varlığın əldə edə biləcəyi bax bu qədərdir və onu əldə etməyin yeganə yolu budur.

İnsanların sərbəst müzakirə lehinə olan dəlillərin möh kəmliyini qəbul edib o dəlillərin «hər hadisədə ümumiləşdi-rilməsinə» etiraz etmələri qəribədir. İnsanların şübhəli ola bilməsi ehtimalı olan bütün məsələlərdə mütləq sərbəst müzakirənin olmasını qəbul etməsi, ancaq müəyyən bir prinsip ya da təlimin müzakirəsinin qadağan olunmasının vacibliyini düşündükləri zaman özlərini əsla yanılmayan adam kimi göstərmələri qəribədir. İzin veriləcəyi vəziyyətdə bir mülahizənin qətiliyini qəbul etməyəcək adam varkən və ona bu izin verilmədikdə bir mülahizəni tək tərəfli qəti doğru olaraq elan etməklə özümüzü yaxud bizimlə eyni düşüncədə olanları qətiliyə qərar verən hakimlər, həm də digər tərəfi heç dinləmədən qərar verən hakimlər yerinə qoymuş olarıq.

«İnamdan məhrum, lakin şübhəçilik qarşısında dəhşətə düşmüş» kimi xarakterizə edilən indiki dövrdə (bu dövrün insanları düşüncələrinin doğru olmasından çox, bu düşüncələr olmasa nə edəcəklərini bilmədiklərindən əmindirlər) bir düşüncənin əksəriyyətin təcavüzündən qorunması iddiası, o düşüncənin doğruluğundan çox, onun cəmiyyət üçün əhəmiyyətli olduğu səbəbinə əsaslanır. Səadət üçün lazımlı olduğu deyilməsə də o qədər faydalı olan bəzi inanclar vardır ki, cəmiyyətin digər mənfəətlərinin hər hansı birini qorumaq qədər o düşüncələri qorumağın da hökumətlərin vəzifəsi olduğunu deyirlər. Bu cür zəruri və hökumətlərin tapşırıqlarının sərhədi içinə bu dərəcədə birbaşa girən bir hadisədə hökumətlərə insanların ictimaiyyətin əksəriyyəti tərəfindən təsdiq olunan öz düşüncələri dairəsində iş görmə səlahiyyəti verilə biləcəyi, hətta onların buna məcbur belə edilə biləcəyi iddia edilir. Tez-tez ortaya atılan və daha çox düşünülən bir məsələ də bu etibarlı inancları ancaq pis insanların zəiflətmək istəyə biləcəkləridir. Pis insanlara məhdudiyyət qoymağın və bu kimi insanlara etmək istəyə biləcəkləri şeyləri qadağan etməyin əsla səhv bir şey olmayacağı düşünülür. Bu düşüncə tərzi müzakirəyə sərhəd qoyulmasını haqlı göstərən səbəbi doktrinaların doğruluğu deyil, faydalılığı mövzusuna çevirir. Beləliklə də, düşüncələr arasında yanılmaz hakimlik etmə iddiasının məsuliyyətindən xilas olduğunu sanır.

Lakin özlərini bu yolla qane edənlər özünü yanılmaz göstərməyin yalnız bir nöqtədən digərinə yer dəyişdirmək olduğunu bilmirlər. Bir düşüncənin faydalılığı da özlüyündə bir düşüncə problemidir: Düşüncənin özü qədər etiraz qaldırır, onun qədər müzakirəyə açıq, onun qədər müzakirəyə möhtac bir mövzudur. Mühakimə edilən düşüncə özünü tam müdafiə etmə imkanına sahib olmadıqca, bir düşüncənin səhv olduğuna qərar vermədə olduğu kimi, onun zərərli olduğuna hökm etmək üçün də yenə eyni şeyə ehtiyac vardır. Başqa cür desək, düşüncələr arasında yanılmaz bir hakimə ehtiyac vardır. Ziddiyyətə düşən adam öz düşüncəsinin doğruluğunu iddia etməkdən məhrum edilmiş olmaqla birlikdə faydalılığını yaxud zərərsizliyini iddia etmə məsələsində icazəli hesab edilə biləcəyini demək kafi deyildir. Bir düşüncənin doğruluğu onun faydalılığının bir hissəsidir. Bir mülahizəyə inanılmasının arzu edilən olub-olmadığını anlamaq istədikdə, onun doğru olub-olmadığını qiymətləndirməkdən kənar edilməyimiz mümkündürmü? Həqiqətə zidd olan heç bir düşüncə pis insanların deyil, lakin ən yaxşı insanların düşündüklərinə görə həqiqətən faydalı ola bilməz: Belə insanları faydalı olduğu deyilən, lakin özlərinin səhv olduğuna inandıqları bir təlimi inkar etməklə ittiham olunduqları zaman, bu müdafiəni irəli sürməkdən saxlaya bilərsinizmi? Başqa cür yozulacaq yönü olmayan kimi qəbul edilən düşüncələrin tərəfini saxlayanlar heç bir zaman bu müdafiədən maksimum ölçüdə faydalanmaqdan geri durmazlar. Onların faydalılıq məsələsindən sanki düzgünlük məsələsindən fərqli imiş kimi söz açdıqlarını görə bilməzsiniz. Əksinə hər şeydən əvvəl onların təlimi «həqiqət» olduğu üçündür ki, onun qəbul edilməsi yaxud inanılması bu qədər lazımlı sayılır. Bu qədər həyati bir səbəb bir tərəfdən istifadə edilib o biri tərəfdən istifadə edilə bilmədiyi halda, faydalılıq məsələsinin dürüst müzakirəsinə əsla imkan ola bilməz. Reallıqda qanun ya da ictimaiyyət bir düşüncənin doğruluğunun müzakirə edilməsinə yol verməyincə, onun faydalılığının inkarına qarşı da yenə o qədər az dözümlülük olar. Onların göstərəcəkləri ən böyük dözümlülük sonda o düşüncənin mütləq məcburiliyi ya da onu rədd etmə məsələsində işlədikləri günahı bir az yüngülləşdirməkdən ibarət olar.Öz anlayışımıza görə mühakimə edərək bəzi düşüncələri ifadə etmə imkanını verməməyimizin zərərini təəccüblü bir şəkildə ortaya qoymaq üçün müzakirəni konkret bir nümunə üzərində aparmaq daha yaxşı olacaq. Beləcə, mənim üçün ən az uyğun olan düşüncə azadlığı əleyhdarı olan dəlilin həm düzgünlük, həm də faydalılıq istiqamətlərindən ən güclü sayıldığı nümunələrdən söz açıram. Qarşı çıxılan düşüncənin Tək Tanrıya və axirətə inanma ya da geniş şəkildə qəbul edilən əxlaq təlimlərindən biri olduğunu düşünək. Müzakirəni belə bir zəmində etmək dürüst olmayan bir rəqibə böyük bir üstünlük verər. Çünki o qətiyyətlə belə deyəcək: Qanunun qorumalı olduğunu yetərli dərəcədə qəti saydığımız təlimlər bunlardırmı? Sizin Tək Tanrıya inanma ondan əmin olmanın özünü yanılmaz kimi göstərmə olacağını iddia etdiyiniz düşüncələrdən biridirmi? Lakin mənim özünü yanılmaz göstərmə dediyim şeyin bir təlimdən (bu təlim nə olursa olsun) əmin olma vəziyyəti olmadığını ifadə etməliyəm. O problemi başqaları üçün, həm də onların əleyhinə deyilə biləcək şeyləri eşitmələrinə izin vermədən qərara bağlamağa girişməkdir. Mənim ən müqəddəs düşüncələrim lehinə də olsa, bu iddianı yenə qəbul etməyib tamamilə rədd edirəm. Bir kimsə bir düşüncənin təkcə səhv olmasına deyil, eyni zamanda əxlaqsız və küfr olduğuna dair bir qənaətə sahib olsa belə, o düşüncənin lehinə olan dəlillərin dinlənməsini qadağan etsə, özünü yanılmaz kimi göstərmiş olar. Düşüncəni qeyri-əxlaqi və ya küfr kimi xarakterizə etmək yanılmazlıq iddiasını azaltmaz ya da daha az təhlükəli hala gətirməz. Əksinə bu, digər bütün yanılmazlıq iddialarının ən ölümcülüdür. Bir nəslin insanları sonrakı nəsillərdə heyrət və nifrət oyandıran o qorxunc səhvləri tamamilə bu səbəblərlə işləmişlər. Tarixin unudulmaz hadisələri qanunların ən seçmə insanların başlarını qoparmaq və ən uca təlimləri kökündən çıxarıb atmaq üçün istifadə edildiyi dövrlərdə ortaya çıxmışdır. Qanun yoluyla yox etmə hərəkəti təlimlərə qarşı olmasa da insanlara qarşı ürəkağrıdıcı bir müvəffəqiyyətlə istifadə edilmişdir. Təlimlərdən bəziləri daha sonralar da yaşamağa davam etmişdir. Hətta yaşamağı bacaran bəzi təlimlər bu dəfə öz başlarına gələnlərdən dərs almayıbmış kimi öz əleyhdarlarına qarşı istifadə edilmişdir. Halbuki insanların belə bir şansı olmamışdır.

Dövrünün hakimiyyət sahibləriylə və ictimai fikirlə arasında böyük bir qarşıdurma olan Sokrat adlı bir adamın bir zamanlar yaşadığını insanlara tez-tez xatırlatmaq lazımdır. Fərdin əhəmiyyətli olduğu dövrdə və ölkədə doğulmuş olan bu adam həm onu, həm də o dövrü yaxşı tanıyanlar tərəfindən nəsildən nəslə bizə qədər o dövrün ən fəzilətli insanı olaraq çatdırılmışdır. Bu gün onu bütün sonrakı fəzilət müəllimlərinin başçısı və əsl nümunəsi olaraq tanıyırıq. Üstəlik, onu əxlaq elminin olduğu qədər, digər fəlsəfələrin iki mənbəsini yaradan və i maestri de color che sanno9 kimi tanınan Platonla Aristotelin mənbəyi kimi də tanıyırıq. Sokratı Platonun yüksək ilhamının, Aristotelin isə incə düşünülmüş faydaçılıq fəlsəfəsinin mənbəyi kimi tanıyırıq. İki min ildən bəri şöhrəti hələ də davam etməkdə olan, şöhrəti doğulduğu ölkəni şöhrətləndirən digər bütün insanların şöhrətindən daha çox olan Sokrat o zamandan bəri dünyaya gələn fikir adamlarının müzakirəsiz ən böyük ustadıdır. Bax bu adam əxlaqsızlıq və kafirliklə günahlandırılaraq mühakimə olunduqdan sonra yurddaşları tərəfindən edam edilmişdir. Kafirliyinin səbəbi dövlət tərəfindən tanınmış olan ilahları inkar etməsidir. Çünki Sokratı günahlandıran adam onun ilahlara heç inanmadığını söyləmişdir.10 Əxlaqsızlığının səbəbi isə təlimləri və öyrətdiyi şeylərlə «gəncliyi başdan çıxaran adam» olmasıdır. Özünü hər baxımdan doğru hesab edən məhkəmə onu bu günahlarına görə məhkum etdi. Və bəlkə o zamana qədər insanlığa ən çox yaraşan adamı bir canini göndərirmiş kimi ölümə göndərdi.

7.Bu sətirlərin yenicə yazıldığı vaxt onları şiddətlə yalanlamaq istəyirmiş kimi hökumətin 1858-ci ildə mətbuat əleyhinə təqibatı başladı. Bununla yanaşı ümumi müzakirə azadlığına bu düşüncəsiz müdaxilə məni mətndə bir ifadəni belə dəyişdirməyə sövq etmədiyi kimi, öz ölkəmizdə çaxnaşma anları istisna olmaqla siyasi müzakirə üçün əziyyət və cəza dövrünün artıq keçdiyi barədəki qənaətimi də heç zəiflətməmişdir. Çünki hər şeydən əvvəl bu təqibatda israr edilməyib. İkincisi, bu təqibat, düzünü demək lazımdırsa, heç vaxt siyasi təqibat olmayıb. İstinad edilən təqsir qurumları yaxud hökumətdəkilərin işlərini və ya özlərini tənqidetmə təqsiri deyil, qeyri-əxlaqi doktrina kimi dərk edilən “despot rəhbəri öldürməyin qanunauyğun olduğu” düşüncəsini yayma təqsiri idi.
  Bu hissədəki dəlillərin hər hansı bir dəyəri varsa, nə qədər qeyri-əxlaqi dərk olunursa-olunsun hər hansı bir doktrinanı əxlaqi bir inanc məsələsi olaraq, iddia və müzakirə mövzusu etmə məsələsində tam azadlığın olması lazımdır. Bu baxımdan “despot rəhbəri qətl etmək” doktrinasının bu ünvana layiq olub-olmadığını burada araşdırmaq maraqsız və yersiz olacaq. Təkcə bunu deməklə kifayətlənəcəyəm ki, bu mövzu bütün dövrlərdə əxlaqın bağlanmamış mövzularından biri olmuşdur. Qanunun üstünə çıxaraq özünü qanuni cəza və ya nəzarətin əlinin çatmayacağı bir nöqtəyə qoymuş olan canini yerə sərən bir vətəndaşın hərəkəti bütün millətlərin ən yaxşı və ən ağıllı insanları tərəfindən cinayət deyil, yüksək bir fəzilət sayılmışdır. Və bu hərəkət doğru ya da səhv olsun, adam öldürmə deyil, vətəndaş müharibəsi kimi qiymətləndirilmişdir. Ardından açıq bir hərəkətin gəlməsi və heç olmasa hərəkət ilə təhrik arasında ola biləcək hər hansı bir əlaqənin sübut edilməsi şərtilə bu hərəkətə təhrikin cəzanı vacib edən bir məsələ ola biləcəyini düşünürəm. Bu vəziyyətdə xarici bir hökumət deyil, ancaq hücuma məruz qalan hökumət “öz varlığını qoruma haqqı”ndan istifadə edərək, öz varlığına qarşı yönəldilmiş olan hücumları qanuni şəkildə cəzalandıra bilər.
8.Devils advocate – Roma katolik kilsəsi tərəfindən müqəddəsliyi rəsmi olaraq qəbul və elan edilmək üzrə olan bir ölünün günah, qüsur və qəbahətlərini meydana çıxarmaqla vəzifələndirilmiş adama deyilir (red.)
9.İtalyanca olan bu ifadə “müdriklərin ustadları” mənasını bildirir (red.)
10.“Apologiya”ya baxın.

Ücretsiz ön izlemeyi tamamladınız.

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
27 ekim 2022
ISBN:
978-9953-8066-2-7
Telif hakkı:
Alatoran yayınları / Алаторан
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 5, 1 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 5, 1 oylamaya göre
Ses
Ortalama puan 5, 2 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 3, 2 oylamaya göre