Sadece Litres'te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «On beş yaşlı kapitan», sayfa 2

Yazı tipi:

VI fəsil
Üfüqdə balina

Dinqo gəminin qəhrəmanına çevrilmişdi. Hamı onun qeyri-adi bacarığından danışırdı. İtə heyran olanlar arasında yalnız Neqoro yox idi. Dik Send hiss edirdi ki, kub əhvalatından sonra Neqoro ilə Dinqo arasındakı gərginlik daha da artıb. Bu işdə, həqiqətən də, nəsə bir qəribəlik vardı.

Fevralın 10-da gəmini yerindən tərpətməyən üzücü sakit hava küləkli hava ilə əvəz olundu. Ancaq hələ kapitan Qulun arzu etdiyi şimal-qərb küləyi əsmirdi. Görünür, bir neçə gün də gözləmək lazım gələcəkdi.

İndi “Səyyah”ın heyətinin işi, sadəcə, dənizi müşahidə etməkdən ibarət idi.

Günorta göyərtədə gəzən xanım Ueldon dənizin səthinin qəfildən qızardığını gördü. Sanki suya qan tökülmüşdü. Ancaq bu qəribə qırmızı rəng get-gedə hər tərəfi bürüyürdü.

Xanım Ueldon Ceklə oynayan Dik Sendə müraciət etdi:

– Dik, bax gör dənizin rəngi nə qəribə oldu? Görəsən, bu nədir belə? Yəqin, dənizotudur?

– Xeyr, xanım Ueldon. Bu rəngi dənizə, adətən, böyük dəniz məməlilərinə yem olan saysız-hesabsız balaca xərçəngkimilər verir. Balıqçılar onları “balina yemi” adlandırırlar.

– Elə balacadırlar ki, onlara dəniz həşəratları da demək olar! Benedikt əmioğlu! Bura gəlin.

Benedikt kapitan Qulla eyni vaxtda kayutdan çıxdı.

– Baxın, Benedikt əmioğlu! Dənizdəki böyük qırmızı ləkəni görürsünüz?

– Aha! – deyə kapitan Qul Benediktdən əvvəl dilləndi. – Balina yemləri! Onları öyrənməyiniz üçün yaxşı fürsətdir, cənab Benedikt!

– Boş şeydir! – deyə entomoloq cavab verdi. – Unutmayın ki, mən həşəratları – əsasən də altıayaqlı həşəratları öyrənirəm.

– Deməli, xərçənglər sizi maraqlandırmır, cənab Benedikt? Ancaq balina olsaydınız, onlara qarşı belə laqeyd qala bilməzdiniz!

Bu vaxt növbətçi matrosun səsi eşidildi:

– Üfüqdə balina görünür – sol bort tərəfdə!

Kapitan Qul deyilən tərəfə boylanaraq:

– Balina! – deyə qışqırdı. Sonra gəminin burnuna qaçdı. Xanım Ueldon, Cek, Dik Send və Benedikt də onun ardınca getdilər.

Həqiqətən, dörd mil aralıda dənizin bir yeri elə bil qaynayırdı. Təcrübəli balina ovçusu yanılmış ola bilməzdi: qırmızı dalğaların arasında nəhəng dəniz məməlisi hərəkət edirdi. Ancaq aradakı məsafə heyvanın növünü müəyyənləşdirməyə imkan vermirdi.

Kapitan Qul və “Səyyah”ın bütün heyəti acgözlüklə məməlini izləyirdi. Birdən kapitan Qul:

– Bu, əsl balina deyil! – deyə qışqırdı. – Əsl balinaların yaratdığı fontanlar daha hündür və daha nazik olur. Dik, sən nə deyirsən?

– Mənə elə gəlir ki, bu, zolaqlı balinadır. Suyu havaya çox böyük təzyiqlə sovurur.

– Düz deyirsən, Dik. Orada – dənizin qırmızı hissəsində zolaqlı balina var.

– Nə yaxşı! – deyə balaca Cek qışqırdı.

– Elədir, balaca! Özü də sakitcə yeməyini yeyir, ovçuların onu izlədiklərindən isə xəbərsizdir!

– Əla! – deyə bosman qışqırdı. – Altı dənə bu cür balina tutsaq, anbarımızı doldura bilərik.

– Elədir, altı dənə bəs edər, – deyə kapitan Qul ah çəkdi.

– İki yüz çəlləyimiz boşdur, – deyə bosman əlavə etdi. – Bu balinanı tuta bilsək, yüzə qədər çəlləyi piylə doldura bilərik…

– Haqlısınız, – deyə Dik Send də söhbətə qoşuldu, – amma bu qədər böyük bir balinaya hücum etmək asan iş deyil.

– Düzdür. Çox çətindir. Ancaq risk etməyə dəyər.

VII fəsil
Ova hazırlıq

“Səyyah”da bir adi, üç balinaovlayan qayıq vardı. Ancaq gəminin heyətində matros az idi. Odur ki kapitan balinanı ovlamaq üçün yalnız bir qayıq göndərə bilərdi. Balinaovlayan qayığı idarə etmək üçün yalnız təcrübəli matroslar tələb olunurdu. Ona görə də o, işə qoşulmağa hazır olan zəncilərin köməyindən imtina etmişdi. Digər tərəfdən kapitan hər ehtimala qarşı gəmidə, heç olmasa, bir təcrübəli matros qoymadan onu tərk edə bilməzdi.

Qayıqda güclü adamlara ehtiyac olduğundan Qul gəmini Dik Sendə tapşırdı. Dik Send ovda iştirak etməyi çox istəyirdi. Amma onu da başa düşürdü ki, təcrübəli balina ovçularının getməsi daha faydalıdır. Gəmidə isə kapitan Qulu yalnız o əvəz edə bilər. Odur ki gənc matros gəmidə qalmağa etiraz etmədi.

Beləliklə, “Səyyah”ın heyəti ova hazırlaşmağa başladı. Zolaqlı balina “Səyyah”dan beş mil aralıda üzürdü. Hava ov üçün əlverişli idi, külək əsmirdi. Bosman Qovik qayığa iki nizə, bir neçə itiuclu mizraq, elastik və möhkəm kəndir qoydu. Matroslar da qayıqdakı yerlərini tutdular.

Kapitan Qul “Səyyah”da hər şeyin qaydasında olduğuna əmin olduqdan sonra Dik Sendi yanına çağırdı:

– Dik, səni gəmidə tək qoyuram. Çox uzağa üzəcəyimiz təqdirdə, ola bilər ki, “Səyyah”ın yanımıza gəlməsinə ehtiyac olsun. Onda Tom və yoldaşları sənə yelkəni açmaqda kömək edərlər.

– Kapitan Qul, – deyə Tom dilləndi, – mister Dik bizə güvənə bilər.

– Əmr edin! Əmr edin! – deyə Bat qışqırdı.

– Bir də ki, nə olursa olsun, gəmini tərk etmə!

– Oldu, kapitan!

– Çox uzaqlaşsaq və “Səyyah”ın bizə yaxınlaşmağına ehtiyac olsa, bayraqla sizə işarə edəcəyəm.

– Arxayın olun, kapitan. Gözümü qayıqdan çəkmərəm.

– Əla, oğlum. İndi səndən soyuqqanlılıq və cəsarət tələb olunur! Unutma ki, sən artıq kapitan köməkçisisən. Hər adama bu yaşda bu adı daşımaq qismət olmur.

Zolaqlı balina hələ də dənizin qırmızı hissəsində üzürdü. Kapitan Qul qayığın burnundakı yerini tutdu. “Səyyah”ın sərnişinləri ova tamaşa etmək üçün gəminin burnuna toplaşmışdılar.

Qayıq “Səyyah”dan bir neçə yüz fut uzaqlaşmışdı. Birdən Dinqo yazıq-yazıq ulamağa başladı. Xanım Ueldon diksindi:

– Sus, Dinqo! Ayıb olsun! Dostları ova belə yola salarlar?

İt susdu. O, yavaş-yavaş yaxınlaşıb xanım Ueldonun əlini yalamağa başladı.

– Dinqo boş yerə ulamaz, – deyə Tom pıçıldadı. – Pis əlamətdir!.. Pis əlamətdir!

Birdən it tüklərini qabardaraq qəzəblə nərildədi. Xanım Ueldon arxaya baxdı. Neqoro kayutundan çıxmışdı. Görünür, o da ov prosesinə tamaşa etmək istəyirdi.

Dinqo qəzəblə özünü müdafiə etməyə çalışan aşpazın üstünə atıldı. Sonra isə onun boğazını dişləməyə çalışdı.

– Dinqo, geriyə! – deyə Dik qışqıraraq irəli atıldı. Xanım Ueldon da iti sakitləşdirməyə çalışırdı. Dinqo axırda könülsüz şəkildə aşpazdan əl çəkdi.

Neqoro heç nə deməsə də, rəngi ağappaq olmuşdu. O, kayutuna qayıtdı.

– Herkules! – deyə Dik Send nəhəng zənciyə müraciət etdi. – Aşpaza nəzarət etməyi sənə tapşırıram.

– Oldu.

Xanım Ueldonla Dik Send yenidən gəmidən sürətlə uzaqlaşan qayığa baxmağa başladılar.

O artıq ucsuz-bucaqsız dənizdə balaca bir nöqtə kimi görünürdü.

VIII fəsil
Zolaqlı balina

Kapitan Qul zolaqlı balina ovunun çətin iş olduğunu yaxşı bilirdi. Odur ki bütün təhlükəsizlik tədbirlərini görmüşdü.

Qayıq balinanın olduğu qırmızı sahəyə yaxınlaşdı. Qayığı idarə edən bosman Qovik sol tərəfdən balinaya yaxınlaşmağa, eyni zamanda onun güclü quyruğundan bir qədər uzaq olmağa çalışırdı. Məməli quyruğunu zərbə ilə endirsəydi, qayığı darmadağın edə bilərdi.

Kapitan Qul əlində nizə ilə qayığın burnunda gözləyirdi. Nizənin iti olmayan ucuna kəndir bağlanmışdı. Kapitan:

– Hazır ol, – deyə pıçıldadı. – Yaxınlaş!

Bosman əmri yerinə yetirdi. Artıq balina ilə qayıq arasında cəmi on fut1 məsafə vardı.

Heyvan tərpənmirdi.

– Tərpənmir! Qəribədir! – deyə kapitan Qul fikirləşdi. – Çətin ki yatmış olsun… Yox, burada nəsə var!

Bosman da Qulla eyni fikirdə idi. Ancaq götür-qoy eləməyə vaxt yox idi – hərəkətə keçmək vaxtı çatmışdı.


Kapitan Qul nizənin ortasından tutaraq var gücü ilə balinaya atdı və dərhal qışqırdı:

– Geriyə! Geriyə!

Matroslar qayığı yaralanmış balinadan qorumaq üçün geriyə doğru sürdülər.

Elə bu vaxt Qovik:

– Bala! – deyə qışqırdı.

Yaralı balina çapalayıb yanı üstə çevriləndə qayıqdakı hər kəs onun balasını gördü.

Kapitan Qul bilirdi ki, balinanın balası varsa, ov daha da təhlükəli keçəcək. Çünki dişi balina həm özünü, həm də balasını qorumaq üçün ikiqat qəzəblə müdafiə olunacaqdı.

Ancaq balina gözlənilənin əksinə olaraq qayığa hücum etmədi. O, suya baş vuraraq sürətlə uzaqlaşmağa başladı. Balası da anasının hərəkətini təkrar etdi.

Uğurlu başlanğıcdan sonra bu cür ovdan imtina etmək düzgün olmazdı. Odur ki matroslar heyvanı izləməyə başladılar. Kapitan Qul gözünü ovundan çəkmə- dən eyni sözləri təkrarlayırdı:

– Diqqətli ol, Qovik! Diqqətli ol!

Bosman onsuz da ehtiyatla hərəkət edirdi. Balina isə nə dayanır, nə də sürətini azaldırdı. Kapitan Qul ikinci və üçüncü ehtiyat kəndirləri də nizəyə bərkidilmiş kəndirə əlavə etməli oldu.

Heyvan durmadan irəliləyirdi. Görünür, nizə onun həyati əhəmiyyətli orqanlarını zədələyə bilməmişdi. Kəndirin getdikcə aşağıya doğru əyilməsindən görünürdü ki, balina suyun dərinliklərinə doğru üzür.

– Deyəsən, kəndirin hamısını işlətməli olacağıq! – deyə kapitan Qul qışqırdı.

– Bizi “Səyyah”dan uzaqlaşdırır, – deyə bosman əlavə etdi.

– Hər halda, nəfəs almaq üçün üzə çıxacaq. Axı balina balıq deyil. İnsan kimi ona da hava lazımdır.

– Sürətlə üzmək üçün nəfəsini saxlayır, – deyə matroslardan biri gülə-gülə dilləndi.

Kəndir əvvəlki sürətlə dartılmaqda davam edirdi. Bir azdan üçüncü kəndirə dördüncü, ona isə beşinci kəndir qoşuldu.

Beşinci kəndirin yarısı suya girdikdən sonra dartılma yavaşıdı.

– Ura! – deyə kapitan Qul qışqırdı. – Kəndir boşalır – deməli, balina yorulub!

Bu vaxt qayıq “Səyyah”dan beş mil aralıda idi.

Kapitan Qul bayrağı qaldırdı. Bununla o, yaxınlaşması üçün gəmiyə işarə edirdi. Bir dəqiqə sonra “Səyyah”ın yelkəni açıldı. Amma külək zəif əsirdi. Odur ki gəminin qayığa çatması asan olmayacaqdı.

Kapitan Qulun gözlədiyi kimi, qəfildən balina nəfəs almaq üçün üzə çıxdı. Yaralı məməli bir müddət hərəkətsiz halda suyun üzündə dayandı. O özündən geri qalan balasını gözlədi.

Kapitanın əmri ilə qayıq yenidən balinaya yaxınlaşdırıldı. Artıq matroslardan ikisi də mizraqlarla silahlanmışdı.

– Diqqət! – deyə kapitan Qul qışqırdı. – Düz nişan alın, uşaqlar! Hazırsan, Qovik?

– Hazıram, kapitan! Ancaq bu cür qaçışdan sonra balinanın birdən-birə sakitləşməsi məni narahat edir!

– Bu mənə də şübhəli gəlir.

– Ehtiyatlı olmaq lazımdır.

– Bəli. Ancaq ovu da qoyub qaçmaq olmaz! İrəli!

Qayıq yerində fırlanan balinaya yaxınlaşdı. Balası yanında deyildi və bəlkə də, heyvan onu axtarırdı.

Qəfildən heyvan quyruq üzgəcini yelləyərək birdən-birə otuz fut irəli atıldı.

– Ehtiyatlı olun! – deyə kapitan Qul qışqırdı. – O, sürət yığır, indi üzərimizə atılacaq. Döndər, Qovik! Döndər!

Həqiqətən, balina qayığa tərəf dönərək üzgəclərini suya çırpıb qayığın üzərinə atıldı.

Bosman qayığı kənara çəkib balinanın zərbəsindən yayındıra bildi. Kapitan Qul və əlində mizraq olan iki matros fürsətdən istifadə edərək silahlarını işə saldılar.

Balina dayanıb havaya iki qanlı fontan püskürdükdən sonra yenidən qayığın üzərinə atıldı. Ancaq Qovik bu dəfə də zərbədən yayınmağa müvəffəq oldu.

Balina qayığın yanında olanda ona üç dərin yara da vuruldu. Heyvanın quyruğu suya elə zərblə çırpıldı ki, nəhəng dalğa əmələ gəldi. Qayıq az qala batacaqdı. O, yarıya qədər su ilə doldu.

– Vedrə! Vedrə! – deyə kapitan Qul qışqırmağa başladı.

Matroslar sürətlə qayıqdakı suyu boşaltmağa başladılar. Kapitan Qul isə kəndiri kəsdi: ağrı çəkən heyvan artıq qaçmaq fikrində deyildi. O, üçüncü dəfə qayığa tərəf döndü. Bu dəfə qayıq suyun təsiri ilə ağırlaşdığından zərbədən qurtulmaq çətin olacaqdı.

Artıq özünümüdafiə haqqında fikirləşmək lazım idi.

Qovik üçüncü zərbənin qarşısını ala bilmədi, sadəcə, onu zəiflətməyə müvəffəq oldu. Balina bu dəfə qayığa nəhəng kürək üzgəci ilə zərbə endirmişdi. Bosman təkanın təsirindən kürəyi üstə yıxıldı. Ayaq üstə güclə dayanan kapitan:

– Qovik! Qovik! – deyə qışqırdı.

– Buradayam, kapitan, – deyə bosman ayağa qalxdı.

O, birdən avarın ortadan bölündüyünü görüb başı ilə onu Qula göstərdi.

– O birini götür.

– Oldu.

Elə bu vaxt su elə bil qaynamağa başladı. Balinanın balası yaxınlıqda idi. Onu görən dişi balina balasına tərəf üzməyə başladı.

Kapitan Qul bayrağı ikinci dəfə yellədi.

Ancaq Dik Send hələ birinci işarədən sonra əlindən gələni eləmişdi. Yelkən qaldırılsa da, “Səyyah”ın sürəti az idi. Dik, hər ehtimala qarşı, dənizə yedək ipi ilə gəmiyə bağlanmış bir qayıq da saldı.

Elə bu vaxt balina yenidən hücuma keçdi. Bosman qayığı döndərmək istəsə də, bacarmadı.

Öləcəklərini başa düşən matroslar ayağa qalxıb qışqırmağa başladılar. Balinanın güclü quyruq zərbəsi qayığı havaya qaldırdı. Qayıq üç yerə bölünərək balinanın yaratdığı burulğana düşdü.

Zavallı matroslar ağır yaralansalar da, qayığın parçalarından yapışa bilərdilər. “Səyyah”dan görünürdü ki, kapitan bosmana taxta parçasından tutmaqda kömək edir… Ancaq balina qəzəblə quyruğunu suya çırpmaqda davam edirdi.

Bir neçə dəqiqə ərzində burulğandan, su damcılarından və köpükdən başqa heç nə görünmədi. Dik Send zəncilərlə birlikdə qayığa minsə də, onlar hadisə yerinə çatanda orada canlı heç nə yox idi. Qandan qızarmış suyun üzündə ancaq taxta parçaları üzürdü.

IX fəsil
Kapitan Send

“Səyyah”ın sərnişinləri qorxunc faciəni görüb dəhşətə gəldilər. Kapitan Qulla beş matrosun ölümü hamını sarsıtmışdı. Onlar çarəsiz qalan yoldaşlarına vaxtında çatıb kömək belə edə bilməmişdilər. Okean onları udmuşdu…

Dik Send uzun müddət hərəkətsiz vəziyyətdə göyərtədə dayandı. O, əllərini sinəsində çarpazlayaraq atası qədər sevdiyi kapitan Qulu udmuş sulara baxırdı.

Sonra gənc matros üfüqü nəzərdən keçirməyə başladı. O, kömək istəyə, ən azı, xanım Ueldonu əmanət edə biləcəyi bir gəmi görəcəyinə ümid bəsləyirdi.

Özü “Səyyah”ı tərk etməyəcəkdi. Əsla! İlk növbədə gəmini ən yaxın limana çatdırmağa çalışacaqdı.

Okean bomboş idi. Dik Send yaxşı bilirdi ki, “Səyyah” ticarət gəmilərinin keçdiyi yollardan kənardadır. Onu da yaxşı bilirdi ki, vəziyyətləri təhlükəlidir. Odur ki durmadan çarə axtarır, nəzərlərini göyə dikir və ürəyində Tanrıdan kömək diləyirdi.

Birdən fəlakətdən sonra harasa yox olmuş Neqoro göyərtəyə çıxdı. O, baş verən hadisələri bir kəlmə demədən, heç bir hərəkət etmədən diqqətlə izləmişdi. Baş vermiş faciəyə necə laqeyd münasibət bəslədiyini görmək çətin deyildi.

Aşpaz yavaş-yavaş yaxınlaşıb Dik Senddən üç addım aralıda dayandı.

– Mənimlə danışmaq istəyirsiniz? – deyə Dik Send soruşdu.

– Yox, – deyə aşpaz soyuq tərzdə cavab verdi. – Kapitan Qul və yaxud bosman Qoviklə danışmaq istərdim.

– Axı bilirsiniz ki, onlar həlak oldular! – deyə Dik qışqırdı.

– İndi gəmiyə kim başçılıq edir?

– Mən!

– Siz?! On beş yaşlı kapitan!

– Bəli, on beş yaşlı kapitan!

– Bəli, “Səyyah”ın kapitanı var, – deyə xanım Ueldon söhbətə qarışdı. – O, hamını özünə tabe edə bilər.

Neqoro təzim edərək istehza ilə bir neçə anlaşılmaz söz dedi. Sonra mətbəxə getdi.

Dik Send hiss edirdi ki, üzərinə düşən məsuliyyət nə qədər ağır olsa da, bundan boyun qaçıra bilməz. O, yoldaşlarına dedi ki, onlar yeni kapitanlarına güvənə bilərlər.

– Sağ ol, Dik! – deyə xanım Ueldon dilləndi. – Kapitan Qul da, gəminin heyəti də artıq yoxdur. Gəminin taleyi indi səndən asılıdır. Mən inanıram ki, sən gəmini də, bizim hamımızı da xilas edəcəksən!

– Bəli, xanım Ueldon, Tanrının köməyi ilə buna nail olmağa çalışacağam.

– Tomla yoldaşları yaxşı insanlardır. Onlara etibar edə bilərsən.

– Bilirəm. Onlara işi öyrətsəm, gəmini birlikdə idarə edə bilərik.

– İndi harada olduğumuzu bilirsən?

– Bunu öyrənmək asandır. Dünən kapitan Qul xəritədə işarələmişdi.

– Gəmini lazımi istiqamətə döndərə bilərsən?

– Ümid edirəm ki, bacararam. Şərqə tərəf getməyə çalışacağam.

– Ancaq nəzərə al ki, baş verənlərdən sonra nəzərdə tutduğumuz limana yox, Amerikanın ən yaxınlıqdakı limanına getməliyik!

– Haqlısınız, xanım Ueldon. Narahat olmayın, sizi təhlükəsiz bir yerə çatdıracağam!

Dik öz gəmisinə güvənən təcrübəli dənizçi kimi danışırdı. O, olduqları yeri müəyyən etmək üçün kapitan Qulun kayutundan xəritəni gətirdi. “Səyyah”ın hazırda harada olduğunu müəyyənləşdirdi.

Xanım Ueldon xəritənin üzərinə əyilərək diqqətlə okeanın sağ tərəfindəki torpaq sahəsinə baxmağa başladı. Bura Cənubi Amerika materiki idi. Xəritə üzərində “Səyyah” torpaq sahəsinə yaxın görünürdü. Amma Dik aradakı məsafənin çox böyük olduğunu bilirdi.

Hərəkətə keçmək vaxtı çatmışdı. Getdikcə güclənən şimal-qərb küləyindən istifadə etmək lazım idi. Havanın buludlu olmasından görünürdü ki, külək tezliklə sakitləşməyəcək.

Dik Send Tomla yoldaşlarını çağırdı:

– Dostlar! “Səyyah”da sizdən başqa işçi yoxdur. Sizin köməyiniz olmadan heç nə edə bilmərəm. Dənizçi olmasanız da, bacarıqlı insanlarsınız. Köməyinizi əsirgəməsəniz, “Səyyah”ı idarə edə bilərik. Hamımızın xilası bundan asılıdır.

Tom dilləndi:

– Kapitan Dik, mən və yoldaşlarım həvəslə sizin matroslarınız olarıq. Sizin rəhbərliyiniz altında beş nəfərin görə biləcəyi hər işi görməyə hazırıq!

– Ancaq çox ehtiyatlı olmalıyıq. Risk edərək boş yerə bütün yelkənləri qaldırmayacağam. Yavaş-yavaş, ancaq ehtiyatla getmək daha yaxşı olar. Sükan arxasında gücüm çatdığı qədər mən özüm olacağam. Lakin istirahət edərkən bir nəfər məni əvəz etməlidir. Tom, sizi öyrədim, bəlkə?

– Mən hazıram, kapitan Dik.

– Hə, dostlar! İşə başlayırıq!

1.Fut – ingilis ölçü sistemində 30,48 sm-ə bərabər uzunluq vahidi

Ücretsiz ön izlemeyi tamamladınız.

₺48,38
Yaş sınırı:
6+
Litres'teki yayın tarihi:
07 ekim 2022
Hacim:
96 s. 11 illüstrasyon
ISBN:
9789952241839
Telif hakkı:
Altun Kitab / Алтын Китаб
Metin
Средний рейтинг 5 на основе 1 оценок
Ses
Средний рейтинг 0 на основе 0 оценок
Ses
Средний рейтинг 0 на основе 0 оценок
Ses
Средний рейтинг 5 на основе 1 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 5 на основе 2 оценок
Metin, ses formatı mevcut
Средний рейтинг 5 на основе 1 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 5 на основе 2 оценок
Ses
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок