Sadece Litres'te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Sirli ada», sayfa 2

Yazı tipi:

Altıncı fəsil

Mühəndis dərin yuxuya getmişdi. Buxarının ortasında onun üçün quru dəniz yosunlarından yataq hazırladılar. Gecə düşdü. Buxarıda külək uğuldayırdı. Mühəndisə soyuq olmasın deyə yoldaşları onun üstünə öz gödəkcələrini örtmüşdülər.

Dənizçi od yandırmaq üçün vasitə axtarırdı. O, iki daşı bir-birinə sürtüb quru yosunu alışdırmaq istədi. Lakin yosun yanmadı. Həmin gecə od əldə etmək səyləri baş tutmadı.

Ertəsi gün, yəni 28 martda mühəndis yuxudan oyandıqda ilk sözləri yenə də “Adadır, yoxsa qitə?” oldu.

– Bilmirik, mister Smit, – deyə dənizçi cavab verdi. – Bunu araşdırmaq lazımdır.

– Bunu araşdırmağı öz boynuma götürərəm. Amma əvvəlcə yemək yesəm, yaxşı olar. Bəs odunuz var?

– Artıq sönüb…

– Eybi yox, kibrit düzəldərik.

Dənizçi buna inanmasa da, mübahisə etmədi. Mühəndis Herbertin verdiyi balıqqulağı və dəniz yosununu yeyib:

– Dünən siz məni gətirəndə uca bir dağ gördüm. Düz görmüşəm? – deyə soruşdu.

– Bəli, – Gedeon Spilet cavab verdi.

– Çox gözəl. Buranın necə bir yer olduğunu sabah o dağın başına çıxdıqdan sonra biləcəyik.

– Siz dağa çıxa biləcəksiniz? – deyə Herbert soruşdu.

– Bu, Penkrofla nə ovlayacağınızdan asılı olacaq.

– Biz əliboş qayıtmarıq. Amma ovu bişirə biləcəyimə əmin olmaq istərdim…

– Əsas odur ki, siz ovu gətirəsiniz, Penkrof, – mühəndis onun sözünü kəsdi.

Nab, Herbert və Penkrof ov üçün meşəyə yollandılar. Onlar Topun və dəyənəyin köməyi ilə qabana bənzəyən iri bir heyvan ovlayıb geri qayıtdılar. Onlar hələ Buxarıya çatmamış qayalardan göyə qalxan tüstünü gördülər.

Oraya çatan kimi Penkrof:

– Odu kim yandırdı? – deyə təəccüb içində soruşdu.

– Günəş! – Gedeon Spilet cavab verdi.

– Şüşəniz vardı? – deyə Herbert sual verdi.

– Budur, – deyə Smit özünün və Spiletin saatından çıxarılmış şüşələrdən düzəltdiyi cihazı göstərdi. Quru yosunu bu şüşə vasitəsilə yandırmaq mümkün olmuşdu.

Dənizçi ilə Nab ocaqda qaban ətini qızartdılar. Buxarının sakinləri axşam yeməyindən sonra yuxuya getdilər.

29 martda onlar adanı tədqiq etmək üçün buxarını tərk edib saat doqquza yaxın meşənin qərb kənarına çatdılar. Dağ onların qarşısında idi. Onun ətəyindəki çıxıntılar yuxarı çıxmaq üçün təbii bir yol təşkil edirdi. Smitlə yoldaşları birinci çıxıntıya çıxmağa başladılar. Çıxıntı yavaş-yavaş ucalıb dağın birinci mərtəbəsinə çatırdı.

Tədqiqatçılar birinci mərtəbənin meydançasına çatanda hava qaralırdı. Penkrofla Nab qayanın arasında ocaq qaladılar. Onlar gecələmək üçün yer hazırlayan vaxt Herbertlə mühəndis ətrafı öyrənməyə getdilər.

İyirmi dəqiqə getdikdən sonra Smitlə Herbertin qarşısına bir divar çıxdı. Onu keçmək mümkün deyildi. Smit geri qayıtmaq istəyəndə birdən qayada geniş bir çat gördü. Mühəndislə Herbert bu çat içi ilə yavaş-yavaş yuxarı qalxmağa başladılar. Onlar axşam saat səkkizdə dağın ən yüksək nöqtəsinə çatdılar. Sayres Smit təzə Ayın işığında üfüqü gözdən keçirib:

– Bura adadır, – dedi.

Yeddinci fəsil

Ertəsi gün mühəndis adanı bir daha gözdən keçirmək üçün dağın başına çıxmağı təklif edərək dedi:

– Bəlkə də, bütün ömrümüzü burada keçirməli olacağıq. Adanın qitədən nə dərəcədə uzaq olduğunu öyrənməliyik.

Səyyahlar saat səkkizə yaxın dağın başına çatdılar. Spilet mühəndisin xahişi ilə adanın konturlarını öz qeyd dəftərinə çəkdi. Adanın cənubu qalın meşə ilə örtülmüşdü, şimal hissə daşlıq və qumluq idi, dağ və şərq sahili arasında isə ağaclarla əhatə olunmuş bir göl vardı.

İndi adada yaşayış olub-olmadığını müəyyən etmək lazım idi. Onlar adanı bu hündürlükdən gözdən keçirdikdə burada nə insan, nə də yaşayış əlaməti gördülər.

Smitlə yoldaşları adanın sahəsini təyin edib sahil xəttinin uzunluğunu hesabladılar, meşə, çay, düzənlik və yaylaqların yerini xəritəyə köçürdülər. Adanın tədqiqatı bitdi.

Dağdan enməmiş Smit yoldaşlarına dedi:

– Dostlar, təsadüf bizi bu torpaq parçasına atıb. Biz, bəlkə də, burada uzun zaman yaşamalı olacağıq.

– Gəlin qəzaya uğradığımızı deyil, adaya məskunlaşmağa gəldiyimizi düşünək, – deyə Penkrof təklif etdi.

– Mənə elə gəlir ki, bu adaya, dağlara, çaylara, meşələrə ad qoymaq lazımdır, – deyə Smit gülümsəyərək dedi.

– İndi yaşadığımız yeri “Buxarı” adlandıraq. Qalan yerlərə isə öz adlarımızı verək, – dənizçi təklif etdi.

– Mən vətəni xatırladan adları daha üstün tutardım, – Gedeon Spilet dilləndi.

– Sizinlə razıyam, – mühəndis dedi. – Böyük körfəzi “İttifaq limanı”, ondan cənubda yerləşən körfəzi “Vaşinqton limanı”, bu dağı “Franklin dağı”, gölü “Qrant gölü” adlandıraq. Bu adlar bizə Amerikanı xatırladacaq.

Smitin təklifini hamı bəyəndi. Jurnalist bu adları xəritədə qeyd etdi. Daha sonra Buxarının yanındakı çaya “Razılıq çayı”, şarın onları atdığı adacığa “Qurtuluş adası”, Buxarının yanındakı yaylağa “Uzaq görünüşlü yaylaq” adı verdilər. Ada isə Smitin təklifi ilə “Linkoln adası” adlandırıldı.

Onların ağlına da gəlməzdi ki, Abraham Linkoln3 cəmi altmış gündən sonra Vaşinqtonda qətlə yetiriləcək.

Səkkizinci fəsil

Tədqiqatçılar gecələdikləri yerə enəndə Spiletlə Smit saatlarını yoxlamaq qərarına gəldilər. Smit günəşin yüksəkliyinə baxıb əqrəbləri saat doqquza çəkdi.

Mühəndis Qrant gölünə yaxından baxmaq istədiyin-dən yoldaşlarına Buxarıya başqa yolla qayıtmağı təklif etdi. O, yolboyu susaraq gah mineral parçası, gah ağac budağı yığmaq üçün tez-tez yoldan kənara çıxırdı.

Birdən öndə gedən Herbert irəlidə tüstü çıxdığını xəbər verdi.

Mühəndis yoldaşlarına yerlərindən tərpənməməyi işarə edib qayaların arasında yox oldu. Birdən onun yoldaşlarını çağıran səsi eşidildi. Smit yoldaşlarına tüstünün əmələ gəlməsinə orada olan kükürdün səbəb olduğunu dedi.

Yolçular yola davam edib meşəyə çatdılar. Buradan şirin sulu çay axırdı. Gölün yanında yaşayış üçün Buxarıdan daha münasib bir yer tapılsaydı, çox yaxşı olardı.

Birdən meşənin içindən kəskin və yüksək bir xor səsi gəldi. Nab ilə Herbert səsin gəldiyi yerə qaçdılar. Bu, dağ qırqovullarının səsi idi. Bir neçə dəyənək zərbəsi ilə bu quşlardan ovlamaq mümkün oldu.

Yolçular yollarına davam edib gölün qərb sahilinə çatdılar. Sahilində su quşları yuva salmış gölün suyu şəffaf və şirin idi. Göldə bol balıq olduğu hiss olunurdu.

– Burada məskən sala bilərik, – Smit dedi.

Artıq saat beş idi. Yolçular ac olduqları üçün Buxarıya qayıtdılar. Nahardan sonra Sayres Smit yoldaşlarını çağırıb yoldan topladığı mədən nümunələrini göstərdi:

– Bu, dəmir külçəsidir, bu, gil, bu, əhəng, bu isə daş kömürdür. Gələcəkdə biz bunlardan istifadə edə bilərik.

Yoldaşları Smitdən nə edəcəklərini soruşduqda o, ocaqxana tikməyin vacib olduğunu dedi.

– Ocaqxana nəyimizə lazımdır? – Penkrof soruşdu.

– Gil qablar düzəltmək üçün.

– Bəs ocaqxananı nədən tikəcəyik?

– Kərpicdən.

– Bəs kərpici haradan götürək?

– Gildən. Gil yatağında emalatxana quracağıq. Biz orada işləyəcəyik. Nab isə ovla məşğul olacaq.

– Silah olmadan necə ov edəcək? – jurnalist soruşdu.

– Heç olmasa, bir bıçağımız olsaydı, ondan ox-kaman düzəldərdim! – deyə Penkrof ah çəkdi.

Mühəndis Topun xaltasını çıxarıb sındırdı və Penkrofa müraciətlə dedi:

– Bu da iki bıçaq.

Sonra o, yoldaşlarına Qrant gölünün qərb sahilinə – gili tapdığı yerə getməyi təklif etdi.

Yolda səyyahlar “Bərəkət” ağacı adlanan və davamlı lifləri olan bir bitki tapdılar. Penkrof bu ağacın budaqlarından gözəl bir yay və oxlar düzəltdi.

Onlar Smitin dediyi yerə çatdıqda oranın torpağının, doğrudan da, kərpic üçün istifadə olunan gildən ibarət olduğunu gördülər. Onlar o saat işə başladılar: gili isladır, onu ayaqları və əlləri ilə yoğurub bərabər parçalara bölürdülər.

Jurnalistlə Herbert yay çəkməyi tezliklə öyrəndilər. Odur ki fəhlələrin ov quşu ehtiyatları bol, yeməkləri dadlı və doydurucu olurdu.

6 apreldə mühəndis və yoldaşları kərpic bişirmək üçün talaya yığışdılar. Qalaq-qalaq yığılmış kərpiclər təbii ocaq təşkil edirdi. Kərpiclərin bişirilməsi iki gün davam etdi və uğurla nəticələndi. Nabla Penkrof Smitin göstərişi ilə xeyli əhəng daşı yığdılar. Odda yandırılan daşlardan əhəng əmələ gəlirdi. Artıq onların kifayət qədər əhəng məhlulu və kərpici vardı. Bundan sonra ada sakinləri ocaqxana tikməyə başladılar. Beş gün sonra ocaqxana daş kömürlə dolduruldu. Kələ-kötür olsa da, xörək bişirmək üçün bir neçə saxsı qab hazırlandı.

15 apreldə ada sakinləri hazırladıqları saxsı qabları Buxarıya gətirdilər. Nab quş ətindən şorba, donuz ayağından xaş hazırladı. Həmin gün onlar əməlli-başlı şam etdilər.

Ertəsi gün Sayres Smit adanın harada yerləşdiyini hesablamağa başladı və Linkoln adasının yerləşdiyi meridianla Vaşinqtonun yerləşdiyi meridian arasında beş saat fərq olduğunu müəyyən etdi. Adanın yaşayış olan yerlərdən olduqca uzaqda olması məlum oldu.

Doqquzuncu fəsil

Növbəti mərhələdə Linkoln adasının sakinləri çəkic, mişar, balta, rəndə və başqa alətlər düzəltməli idilər. Bunun üçün dəmir külçələrini əritmək lazımdı. Mühəndisin adanın şimal-qərbində tapdığı dəmir külçəsi yatağının yaxınlığında daş kömür ocaqları vardı. Smitə dəmir külçələrini əridərkən ocaqxanaya yel vurmaq üçün körük lazım idi və o, körüyü suiti dərisindən hazırlamaq istəyirdi. Səyyahlar suiti ovlamaq üçün boğazın sahilinə yığışıb suitilərin quruya çıxmasını gözlədilər və onlardan ikisini dəyənəklə öldürə bildilər.

Smit əritmə işini dəmir külçələrin çıxdığı yerdə görmək istədiyi üçün işi bitirənə qədər orada yaşamaqqərarına gələn adalılar 20 aprel tarixində meşənin kənarında ağac budaqlarından koma düzəldib üstünü sarmaşıqla örtdülər.

Səyyahlar yığdıqları külçələri parçalayıb başqa qarışıqları ondan ayırdılar. Sonra külçələrlə kömürü bir-birinin üzərinə yığdılar. Kömür yandıqda və körüklə hava üfürüldükdə külçədən təmiz dəmir alınırdı. Nəhayət, əritmə işi uğurla başa çatdı.

Ada sakinləri külli miqdarda dəmir əldə edib ling, kəlbətin, külüng, bel, maşa düzəltdilər. Başqa alətləri düzəltmək üçün polad lazım idi. Poladı isə ya çuqundan karbonu çıxartmaqla, ya da dəmirə lazımınca karbon əlavə etməklə əldə edirlər. Mühəndis ikinci üsulu seçdi. Səyyahlar alınmış poladdan bir neçə balta, rəndə və polad lövhələr düzəltdilər. Polad lövhələrdən mişar, bel, mıx və başqa alətlər əldə etmək olardı.

Nəhayət, 5 may tarixində dəmirçilik işini başa vuran ada sakinləri Buxarıya qayıtdılar.

Onuncu fəsil

May ayı olsa da, işi ehtiyatlı tutub qış üçün sığınacaq məsələsini həll etmək lazım idi. Bu məsələni müzakirə edərkən Penkrof təklif etdi:

– Gəlin Qrant gölünün sahilində bir ev tikək. Bu qədər işi bacarmışıq. Bənnalıq da edərik.

– Məncə, təbiət tərəfindən yaradılmış sığınacaq əməyimizə xeyli qənaət edər və daha təhlükəsiz olar, – deyə Smit ona etiraz etdi və yoldaşlarına ərazini bir daha araşdırmağı təklif etdi.

Onlar yola düşüb adanın hələ tanış olmadıqları hissəsi ilə ehtiyatla gedirdilər. Gölün şərq sahilinə çatanda Topun həyəcanlandığı hiss olundu. İrəli-geri qaçaraq hürən itin suya cumduğunu görən mühəndis ona geri dönməyi əmr etdi. Top yiyəsinin çağırışına itaət edərək sahilə qayıtsa da, rahat dayana bilmir, sanki suyun dərinliyində hansısa canlının olduğunu hiss edir və bu səbəbdən narahatlıq keçirərək atılıb-düşürdü. Gölün artıq suyunun axdığı yeri tapa bilməyən səyyahlar yarım saat sonra yaylağa çatdılar.

– Nə üçün suyun sızdığı yeri tapmaq istəyirsiniz, Say-res? – jurnalist soruşdu.

– Bir halda ki suyun yerin səthi ilə axmasının şahidi olmuruq, deməli, o, qayaların altı ilə axır. Əgər biz suyun axınını dəyişə bilsək, bəlkə də, əvvəlki axının əmələ gətirdiyi yeraltı mağarada məskən sala bildik.

Ada sakinləri Buxarıya qayıtmaq istəyəndə Top yenidən suya atıldı. Tezliklə suyun dərin olmayan yerindən iri bir heyvan başı göründü. Konusvari başı, iri gözləri və qalın, gödək bığları olan heyvan iti suyun altına çəkdi. Herbert o dəqiqə bu heyvanı tanıyaraq onun lamantin4 olduğunu söylədi. Hamı Topun tələf olduğunu düşünsə də, birdən it yenə suyun üzündə görünərək üzüb sahilə çıxdı. Onun bədənində bir cırmaq yeri də yox idi. Lakin suyun altında hələ də döyüşün getdiyi hiss olunurdu. Bir azdan su al qana boyandı və lamantinin cəsədi suyun üzünə çıxdı. Onun boynunda sanki iti bıçaqla vurulmuş böyük bir yara vardı.

Bu cür yaranı hansı heyvanın vura biləcəyini anlamayan səyyahlar çaşqın vəziyyətdə Buxarıya qayıtdılar.

Ertəsi gün mühəndislə jurnalist lamantinin öldüyü yerə getdilər. Smit gölün kənarında dayanıb dünən baş verənlər haqda düşünürdü. Hadisəni yada salanda adama elə gəlirdi ki, qüvvətli bir əl iti suyun üzünə atmış və daha sonra sudakı heyvanı xəncərlə öldürmüşdü.

– Burada qəribə bir şey var. Amma mənim də okean sahilindən mağaraya necə gəlib çıxdığım bir müəmmadır. Ehtimal ki, gec-tez biz bu sirləri açacağıq, – deyə Smit diqqətlə suya baxdı və su axınının gölün cənubunda yox olduğunu müşahidə etdikdən sonra qulağını yerə dayayıb dedi:

– Spilet, gölün suyu qranitin çatından axıb gedir. İndi bu çatı tapmaq və ondan öz məqsədlərimiz üçün istifadə etmək lazımdır.

O, ağacdan uzun budaq kəsib suya saldı və xeyli əlləşdikdən sonra suyun dibində geniş bir dəlik tapdı. Bu dəlik su axan yerin başlanğıcı idi.

Mühəndis jurnalistə qranit divarı partladıb suyun istiqamətini dəyişdirmək istədiyini bildirdi və Buxarıya döndükdə layihəsini digər yoldaşlarına da izah etdi. Yoldaşları Smitin rəhbərliyi ilə nazik çubuqlardan toxunmuş səbəti sürüyə-sürüyə kükürd süxurları yatağına getdilər və bütün günlərini Buxarıya süxur daşımağa sərf etdilər. Smit kükürdlü dəmiri tərkibindəki başqa maddələrdən ayırıb ondan kükürd turşusu əldə etmək niyyətində idi.

Ertəsi gün, yəni mayın səkkizində mühəndis istehsala başladı. Meydançaya odun, onun üstünə isə kükürdlü süxurlar yığılıb yandırıldı. Kükürd turşusunun alınması üçün on-on iki gün vaxt lazım idi. Bu müddət ərzində Sayres Smit boş durmayıb sabun hazırladı, yoldaşlarına xüsusi kərpic soba tikdirdi, azot turşusu əldə etdi. Bu işlər, demək olar ki, kükürd turşusunun alınması ilə bir vaxtda – 18 mayda başa çatdı. Nəhayət, Sayres Smit partlayıcı maddə hazırlamağa nail oldu.

21 mayda ada sakinləri qranit divarı partlatdılar. Divarda geniş bir yarıq əmələ gəldi və su axını bu yarıqdan köpüklənə-köpüklənə axaraq istiqamətini dəyişdi. Bu dəlik böyük bir şəhərin kanalizasiya tunelini xatırladırdı. Nabla Penkrof külüngdən istifadə etməklə dar dəliyi genişləndirdilər.

Adalılar məşəl yandırıb tunelə daxil oldular. Bir qədər getdikdən sonra Top daha irəliyə qaçaraq hürdü. Onlar bir azdan Topuna yanına çatdılar. Burada tunel geniş bir mağaraya çevrilirdi. Mağara boş olsa da, Top hələ də hürürdü.

Mühəndis Topa irəli getməyi əmr etdi. İt mağaranın o biri başına qaçıb daha bərkdən hürməyə başladı. Burada bir quyu vardı. Smit quyuya yanan bir budaq ataraq onun düşmə müddəti əsasında quyunun dərinliyini hesabladı və:

– Bu da bizim evimiz, – dedi.

– Axı burada hansısa bir canlı vardı. Top, yəqin ki, onu görmüşdü, – deyə Spilet etiraz etdi.

– Həmin canlı öz yerini artıq bizə verib.

İndi ada sakinlərinin əlində böyük bir mağara var idi. Yalnız iki məsələni həll etmək qalırdı: birincisi, mağaranı işıqlandırmaq, ikincisi isə xarici dünya ilə əlaqə yaratmaq.

Səyyahlar iki saat çalışdıqdan sonra mağaranın dənizə çıxan yan divarında külüng vasitəsilə dəlik açmağa nail oldular. Parlaq gün işığı bu dəlikdən mağaraya keçərək onu yaxşıca işıqlandırırdı. İlk baxışda dar mağara kimi görünən yer, əslində, gözəl bir saray imiş. Bu sarayın yeni sakinləri onu “Qranit saray” adlandırdılar.

Ertəsi gün Smitlə yoldaşları mağaranı mənzilə çevirməyə başladılar. Mühəndis mağaranın sol hissəsini beş otaq və bir dəhlizə bölmək, bu otaqları divarda açılacaq beş pəncərə ilə işıqlandırmaq istəyirdi. Həmin divarda qapının da açılması planlaşdırılmışdı. Mağaranın pilləkəni olduğundan Penkrof nə üçün qapı açılacağını anlaya bilmirdi.

– Bu pilləkənlə başqaları da asanlıqla içəri keçə bilər. Məncə, bu yolu bağlamasaq, daha yaxşı olar. Özümüz isə saraya ip nərdivanla düşərik. Onu başqalarının gör-məməsi üçün istənilən zaman yığışdırmaq olar.


– Bu qədər ehtiyatlı olmağa nə ehtiyac var ki? – Penkrof soruşdu. – İndiyə qədər adada heç bir qorxulu heyvana və ya yerli əhaliyə rast gəlməmişik.

– Biz adanın yalnız cüzi bir hissəsi ilə tanış olmuşuq. Həm də adaya kənardan da düşmən gələ bilər. Hər ehtimala qarşı hazır olmaq lazımdır.

Penkrof mühəndislə razılaşmalı oldu. O, qamış çubuqlardan möhkəm nərdivan toxudu. Smitin başçılığı ilə düzəldilən sadə kran vasitəsilə ağır əşyaları yeni mənzilə qaldırmaq mümkün oldu. Bundan sonra kərpiclə arakəsmələr hörülərək saray bir neçə otaq və anbarlara bölündü. Mətbəxdə ocaq quruldu, baca hazırlandı. Mühəndis saraya şirin su da çəkdi. Sonra isə pəncərələri möhkəm qapılarla təchiz etdi. Adalılar yeni evlərini tərifləməkdən doymurdular. Onların, həqiqətən də, zəhmətlərinin bəhrəsi ilə öyünməyə haqları vardı.

On birinci fəsil

Ekvatordan cənubda yerləşdiyi üçün adada qış fəsli iyun ayında başladı. Qışın ilk əlamətləri güclü yağış və külək idi. Amma Qranit sarayın sakinləri mənzillərinə arxayın ola bilərdilər. Onlar iyun ayını müxtəlif ev işlərinə sərf etsələr də, bu işlər ova getməyə mane olmurdu. Odur ki sarayın ərzaq anbarı həmişə dolu idi. Nab isə ərzaq xarab olmasın deyə bütün vaxtını ət duzlamağa sərf edir, konservlər hazırlayırdı.

Lakin ada sakinlərinin əyinlərindəkindən başqa paltarları yox idi. Bu paltarlar onları qışın soyuğundan qoruya bilməzdi. Kimsəsiz adada paltar tapmaq isə mümkünsüzdü.

Qışın gəlişi ilə gecələr uzandığı üçün sarayın işıqlandırılma məsələsi həll edilməli idi. Buna görə də 5 iyunda səyyahlar beş-altı suiti ovlayaraq saraya xeyli miqdarda piy və suiti dərisi gətirdilər. Piydən şam, dərildənsə möhkəm ayaqqabı əldə etmək olardı.

Şam istehsalı çox asan oldu. Piydən hazırlanmış şamlar yöndəmsiz olsalar da, yararlı idilər.

İyun ayında saray sakinləri saç və saqqallarını kəsmək üçün bir cüt qayçı və ev əşyaları hazırlamaq üçün əl mişarı da düzəltdilər. Mişarın köməyi ilə masa, şkaf, rəflər və çarpayı çərçivəsi hazırlandı.

Smitlə yoldaşları hətta şəkər, çay və duz da əldə edə bilmişdilər. Onların təkcə çörəyi yox idi.

Bir dəfə hamı istirahət edən vaxt Herbert:

– Mister Smit, taxıl dəni tapmışam! – deyə qışqırdı.

Herbert cibinin dəliyindən pencəyinin astarı arasına düşmüş yeganə buğda dənini çıxarıb yoldaşlarına göstərdi. O, Riçmondda göyərçin saxlayırdı və onlara verdiyi dənlərdən biri təsadüfən cibində qalmışdı.

– Bir dənlə nə etmək olar?! – dənizçi gülümsəyərək dedi.

– Çörək bişirmək, – deyə Sayres Smit cavab verdi.

O, dəni Herbertdən alıb baxdı və saflığına əmin olduqdan sonra Penkrofdan soruşdu:

– Siz heç bir dəndən neçə sünbül bitdiyini bilirsiniz?

– Yəqin, bir sünbül.

– On sünbül, Penkrof! Bəs bir sünbüldə neçə dən var?

– Bilmirəm.

– Orta hesabla səksən. Deməli, bu dəni əkib əvvəl səkkiz yüz, ikinci dəfə altı yüz qırx min, üçüncü dəfə beş yüz on iki milyon, dördüncü dəfə isə dörd yüz milyard dən əldə edə bilərik.

Bu söhbət 20 iyunda baş tutmuş, elə həmin gün də “səpin” işi tamamlanmışdı.

3.Abraham Linkoln – ABŞ‐ın 16‐cı prezidenti (1861‐1865). ABŞ‐ın iki hissəyə parçalanması və vətəndaş müharibəsi dövründə ölkəyə rəhbərlik etmiş, ABŞ‐da quldarlığın ləğvini təmin etmişdir.
4.Lamantin – dəniz ayısı

Ücretsiz ön izlemeyi tamamladınız.

Metin, ses formatı mevcut
4,3
7 puan
₺31,33
₺48,20
−35%
Yaş sınırı:
6+
Litres'teki yayın tarihi:
07 ekim 2022
Hacim:
106 s. 11 illüstrasyon
ISBN:
9789952241679
Telif hakkı:
Altun Kitab / Алтын Китаб
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 4 на основе 2 оценок
Metin
Средний рейтинг 4,5 на основе 4 оценок
Metin
Средний рейтинг 4,8 на основе 9 оценок
Metin
Средний рейтинг 4 на основе 2 оценок
Ses
Средний рейтинг 4,6 на основе 5 оценок
Metin
Средний рейтинг 5 на основе 4 оценок
Ses
Средний рейтинг 4,7 на основе 12 оценок
Metin
Средний рейтинг 5 на основе 2 оценок
Metin
Средний рейтинг 2 на основе 2 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок