Kitabı oku: «Sonuncu dərviş»
Kənan Hacı
Keçmişin və gələcəyin xəyalı
Gerçək roman
Giriş
Yaddaş insanın ən qiymətli sərvətidir. Yaddaşın yoxdursa, keçmişin də yoxdur, o keçmiş ki, insan məhz onun sayəsində həyatı öyrənir, təcrübə qazanır, kamilləşir. Yaddaş insan ömrünü kompakt şəkildə onun beynində saxlayır, insan istədiyi vaxt onu kino lenti kimi geriyə fırladıb xatırladığı fraqmentlərə yenidən nəzər sala bilir. İnsanın evolyusiyası, təkamül prosesi də keçmişin üzərində inkişaf edir. Yaddaş həm də maddə ilə anlayış arasındakı vəhdətdən doğan həqiqətlər toplusudur. Əslində, heç nə bizim yaddaşımızdakı kimi deyil. Keçmişdə baş vermiş hansısa bir hadisənin üzərindən vaxt keçdikcə o hadisə də köhnə şəkillər kimi saralır, rəngləri itir, təfərrüatlar seyrəlir, sonda solğun, pozuq bir kadra çevrilir və sən onu yüz il əvvəlin kino lenti kimi bir az maraqla, bir az da həyəcanla izləyirsən.
Keçmişlə bağlı xatirələri yazıya köçürərkən hiss edirsən ki, beynin qeyri-ixtiyari hadisələri redaktə edir. Tam səmimi olmağa çalışırsan: bəzən alınır, bəzən yox. Nələrisə təfərrüatı ilə yazmaq özünüzü öz yumruğunuzla yerə yıxmaq deməkdir. Özünüzə qarşı qəddar olursunuz, amma yenə də tam səmimi ola bilmirsiniz. Zamanın dəyişdiyi hadisələr yenidən, bu dəfə sizin əlinizlə təhrifə uğrayır. Yanlış anlaşılmaqdan qorxursunuz. Beləliklə, eqomuz xatirələrimizin qatı düşməninə çevrilir. Öz düşüncələrini dəstəkləmək üçün uydurduqları hekayələrin arxasında gizlənən yazıçılar gerçəyin üzünə dik baxa bilmirlər. İş xatirə, anı yazmağa gələndə mütləq gerçək hadisələrin onlara toxunan tərəflərini ixtisar edirlər və ya detaldan yan keçirlər. Halbuki, hadisənin mahiyyəti məhz o detalda gizlənir. Keçmişin insana utanc gətirən məqamları yazmadıqca yazıçıya iztirab verir, yazdıqda isə onun əleyhinə işləyir. Bəs nə etməli? Keçmişi tərəfindən rahatlığı pozulan insanların bu keçmişdən xilas olmasının yeganə yolu səmimi etiraflardır.
Bəzən hansısa hadisənin təfərrüatlarını xatırlamaqda çətinlik çəkirdim, o anda təxəyyülü köməyə çağırırdım. Bu anda gerçəyin təhrif olunduğunu anlayırdım, amma gerçəyi tam ifadə etmək mümkünsüzdürsə, başqa yol qalmır. Bəzən bu hadisələrin hansının gerçək, hansının uydurma olduğunu ayırd etməkdə çətinlik çəkirdim. Uzaq keçmişdə qalmış hadisənin bəzi məqamlarını dəqiqləşdirmək üçün yaxın qohumlardan biriylə söhbət etdim, qəribədir, o, həmin hadisəni mənim yadımda qalandan tamamilə fərqli formada xatırladı və onun dediklərinin dəqiq olduğunu əminliklə vurğuladı. Görəsən, mənim yaddaşımda o əhvalat niyə başqa biçimdə qalıbmış? Yoxsa zaman bizdən xəbərsiz hadisələri kollaj edir? Çox vaxt söhbət əsnasında keçmişlə bağlı əhvalatları xatırlayanda adları, məkanları belə qarışıq salırıq, hətta mübahisə etməkdən belə çəkinmirik. Bəlkə, elə qarşı tərəf də hansısa məqamda yanlışa yol verir?
Hə, yaddaş olduqca mürəkkəb mexanizmdir. Kompüter yaddaşının tutumu olduğu kimi, insan yaddaşının da ölçüsü var. Alimlər müəyyən edib ki, beynin sağ və sol yarısı quş qanadına bənzəyir. Sağ hissə məlumatı həkk edir, sol hissə isə xəyal gücü və romantik əlaqələr üçün istifadə olunur. Demək, yaddaş qutusu insan beyninin sağ yarımkürəsində yerləşir. Çox qəribədir ki, biz yaddaş qutusuna yığılan keçmişi beynin sol yarımkürəsində yerləşən xəyalın gücüylə yenidən canlandıra bilirik. Biz informasiya əsrində yaşayırıq və yaddaşımız həddən artıq yüklənmiş vəziyyətdədir. Beynimiz hər gün onlarla informasiya qəbul edir və sözsüz ki, yaddaş bu informasiyaları özündə saxlaya bilmir. Deyilənə görə, Avropa alimləri müasir texnologiyaların köməyi ilə insan yaddaşının yaxşılaşmasına şərait yaradan yeni proqram hazırlayıblar. Əslində, zəifləyən insan yaddaşı deyil, gün ərzində sel kimi axıb gələn informasiyanı yaddaşa təzyiq göstərməkdədir. Texnologiya nə qədər inkişaf etsə də, insanın təbii yaranışına hansısa detalı əlavə edə bilməz. Texnologiya yalnız robot yarada bilir, robotunsa yaddaşı olmur.
Bu kitab hansı zərurətdən yarandı? Söz və rəsm yaddaşı maddiləşdirən yeganə üsullardır. Biz keçmişi yalnız sözlər və rəsmlər, şəkillər, filmlər vasitəsilə “geri” qaytara bilirik. Beynimizin labirintlərində dolaşırıq, unudulmayan xatirələr bizi keçmişə doğru sürükləyir. Cəmi bircə görüntü keçmişin sərt qabığını parçalayır və içindən çoxdan unutduğunuz adamlar, cizgiləri itməkdə olan küçələr çıxır. Yaddaşımızın bizi keçmişə daşıyan gücü bəzən zəifləyir, hansısa hadisəylə bağlı ən vacib detalı unuduruq. Bir müddət keçəndən sonra qatarda və ya avtobusda gedərkən, yaxud sakit bir guşədə kitab oxuyarkən qəfildən həmin təfərrüatı xatırlayırsınız. Gördüyünüz bir adam, bir məkan, oxuduğunuz kitabdan hansısa söz, fikir sizə ipucu verir. Yaddaşınızın itirdiyiniz guşəsi işıqlanır və siz hər şeyi aydınlığı ilə xatırlayırsınız. Yaşı 70-80 civarında olan bir ixtiyarın yaddaşında iki-üç xatirə qalır ki, qarşısına çıxan hər kəsə o hadisələri danışır. O hadisələr o qədər təkrar danışılır ki, bayatlaşır. Qoca ağzını açanda hansı hadisəni danışacağını artıq bilirsən. Mexaniki şəkildə təkrarlanan bu bir ovuc xatirə ixtiyar adamın qos-qoca ömründən qalan yeganə mirasdır. Keçmişindən bir-iki boyat xatirə qalan qocalar o hadisələri təsbeh kimi bütün günü o üz-bu üzə çevirirlər. Belə insanlarla tez-tez qarşılaşırıq və hər dəfə əli həyatdan, keçmişdən üzülməkdə olan, ölümün soyuq nəfəsi üz-gözündə dolaşan ixtiyar insanları görəndə həyatın amansızlığı, etibarsızlığı, ömrün faniliyi içimi üşüdür…
Yaddaş sözlər vasitəsilə mənim yaşadığım, gördüyüm tarixi fiksə edir. Təkcə mənim yox, həm də Bakının dünəni və bu gününün tarixini…
Bu gün həm də gələcəyin tarixidir, gələcək həm də keçmişə görə var olacaq. Bu günümüzə keçmişin sayəsində gəlib çıxmışıq. Həm də insanın həmişə keçmişə ehtiyacı var, o, keçmişindən heç də asanlıqla qopmur. Zaman bizi keçmişdən ayırsa da xəyal bizi həmişə geriyə qaytarır. Fantaziyamız itirilmiş zamanı yaddaşımızda bərpa edə bilir. Yazılan kitablar da bizi keçmişə aparan “sehrli xalat” misalındadır. Bu baxımdan, yəqin ki, yazdıqlarımızda bir fayda var. Hər halda, yazılan qalır.
Həyatım boyunca rastlaşdığım ən maraqlı adamlar, taleyimdə iz buraxmış insanlar, başıma gələn qəzavü-qədərin inanılmaz oyunları bu kitabda öz əksini tapıb. Həm yaşadıqlarımı, həm də yaşamaq istədiklərimi yazmışam. Bu kitab taleyimin kitabıdır.
Tut ağacının altından görünən Bakı
Sovet dövründə Bakı çoxmillətli şəhər olub, müxtəlif millətlərin nümayəndələri bu şəhərdə əmniyyət içində yaşayıblar və şəhərin ruhuna ekzotik elementlər əlavə ediblər. İndi Bakı meqapolis şəhərə çevrilib, amma mən köhnə Bakı üçün çox darıxıram və bu nostalji son dərəcə təbiidir. Çünki mənim uşaqlığım Bakı kəndində keçib, o kəndin dənizi, çay daşından hörülmüş alçaq hasarları, həsir oturacaqları, yelləncəkləri, qumsallıq, əncir, üzüm bağları üçün burnumun ucu göynəyir. Ən çox da məhləmizdəki qollu-budaqlı, iri tut ağacı tez-tez yuxularıma gəlir. Hər dəfə Aygün Bəylərin ifasında “Tut ağacı” mahnısı səslənəndə uşaqlığım kino lenti kimi gözümün önündən keçir. Xatırladım ki, o mahnının klipi bizim kənddə, Buzovnada çəkilib.
Yadıma gəlir, sübhün alatoranında yuxudan oyanıb tut ağacının başına çıxırdım, acqarına doyunca tut yeyib aşağı enirdim. İndinin özündə də o ağacın gövdəsindəki ayaq yerlərini xatırlayıram, o yerlərə ayağını qoyub çox rahatlıqla ağacın kəlləsinə çıxmaq olurdu. Tut ağacı mənim üçün bizim kəndin simvoludur, bu ağac haqqında ayrıca bir hekayə də yazmışam, “Fironun dəftəri” romanında onunla bağlı geniş təsvirlər var. Yay gecələrində məhəllə camaatı o ağacın altına yığılırdı, samovar qaynadırdılar, nərd atırdılar, söhbət gecədən keçənə qədər uzanırdı. Bu ağacın altında o qədər maraqlı əhvalatlar baş verirdi ki, hər biri bir hekayənin mövzusudur.
O tut ağacının altı mənim üçün dünyanın ən işıqlı parçası olaraq qalır, harda olsam da o ağacın işığı mənim içimdədir. O retrospektiv məkanda namaz qılan qocalara bənzəyən kirli neft mancanaqları da, qumlu sahil də, sahildəki yorğun gəmi də, tut ağacı da bir bütöv halındadır. Sanki ağ-qara ekranda köhnə filmi seyr edirsən. Zaman məni o məkandan uzaqlaşdırdıqca həmin görüntülər rəngsiz bir hüzn yaradır. Bu məkanın mənim üçün ayrıca bir geoloji qatı var, bura sanki Anubisin keşik çəkdiyi yeraltı labirintdir və Mark Tvenin Tom Soyyeri kimi heç bu labirintdən çıxmaq istəmirsən.
Mən Bakını idealizə etmək fikrindən uzağam və hermetik düşüncəyə malik bir insan deyiləm. Bu gün ölkənin baş kəndi olan Bakının bütün bəşəri dəyərləri özündə birləşdirməsi, Şərqlə Qərbin sintezini yaradan zahiri görünüşü dünya mədəniyyətinin bir parçası olmaq baxımından çox sevindiricidir. Amma biz dünənimizin, keçmişimizin də üzünə pərdə çəkməli deyilik. Köhnə Bakı indi “Sovetski”, “Zavağzalnı” deyilən yerlərin dar küçələrinə, bir az da İçərişəhərin daş döşənmiş yollarına sığınıb. Qara Şəhər də daha Ağ şəhərə çevrilib. Nəinki şəhərdə, heç kəndin özündə də daha uzundimdik kepka qoyan kişilərə rast gəlməzsən. Tarix Bakının kəndlərində sanki son günlərini yaşayır.
Bu yazıda Bakının unudulmuş keçmişinə bir addım da olsa yaxınlaşmaq istədim. O keçmişdə mənim ömrümün bir parçası qalıb və hələ də qos-qoca zamana öc verməyən qədim-qayım tut ağacı qalıb. Günü sabah gedəcəm kəndə və gecəni o tut ağacının altında keçirəcəm. Mən kənddən çıxandan o məhlədə çoxu dünyasını dəyişib, amma Kamil əmi qalır, Qasıməli dayı yaşayır, Sahib, Azad, Əziz, Rafiq, Ələkbər yenə yay axşamlarında o ağacın altına yığılırlar. Amma bilirəm, tut ağacı məndən küsüb, budaqlarına əlim çatmayacaq…
Bakının serenadası
Əvvəllər mən Bakını çox sevirdim. Şərq və Qərb dəyərlərinin toqquşduğu bu polifonik məkana sevgimin kökü Xəzər dənizindən su içir, desəm, yanılmaram. “Xəzərin qucağında yatıb dincələn” Bakının qarışqa kimi qaynaşan insanları ilk baxışda adamda elə təəssürat yaradır ki, şəhər özü tənbəl, yatağan olsa da, sakinləri işgüzar, çalışqan, kəl kimi dözümlü və sağlamdırlar.
Tofiq Quliyevin “Bakı haqqında mahnı”sını heç vaxt sonacan dinləyə bilmirəm. Mənə elə gəlir ki, bu mahnı Bakının yuxudan ayılıb özünə kənardan baxmasına mane olur.
Bakının dünyanın bütün ziddiyyətlərini özündə birləşdirən bir nöqtəsi var. Bura “Zavağzalnı” deyirlər. Keçmiş əyyamlarda erməni lotuları burada yerləşən kafedə donuz kababı çəkərdilər. İndi o kafenin yerində “Şuşa” restoranı tikiblər, kababçılar da özümüzünkülərdir. İldə-ayda bir Şuşa yadlarına düşə, ya düşməyə… Biz itirdiyimiz torpaqların adlarını Bakıda şadlıq saraylarına vermişik, içində düd deyincə yeyib-içib köpüklü sağlıqlar demişik, “Yanıq Kərəmi”yə qol götürüb oynamışıq və… qusub- batırmışıq oraları…
Vağzalın üstündəki “Qarabağ” mehmanxanasının da axırına çıxdıq. Bu yer indi axşamlar vahimə doğurur və buranın hüznlü proyeksiyası çoxlarına Qarabağın özündən daha maraqlı görünür. Bakını göydələnlərlə fəth etmək istəyirlər. Bir vaxtlar Bakının yaraşığı olan “Xruşşovka”lara elə bu səbəbdən ölüm hökmü kəsildi.
Belə bir ideya təbii ki, rəhmətlik Xruşşovun öz ağlına gələ bilməzdi. Onun xaricdə görüb bəyəndiyi panellərdən tikilmiş kütləvi beşmərtəbə massivləri sonralar SSRİ-ni də ağuşuna aldı. O vaxtlar bu tipli tikililər Parisin fəhlələr yaşayan məhəllələrində kifayət qədər idi və onların istismar müddəti də çox az idi. Elə Bakının özündə də təzə tikilən bu binalara “vremyanka” deyirdilər. İndi bu binaların da axırı çatıb, tarix geniş ağzını açıb onları udmağa hazırlaşır.
Biz inqilabi romantikanın gerçəkliyin qart sifətinə çırpılan dalğalarında nələr görmədik? M.S.Ordubadinin təsvir etdiyi gizli Bakı hələ də bizim üçün gizli olaraq qalır və yəqin ki, bundan sonra da belə qalacaq. Biz heç bu günümüzün gizli Bakısına, pərdə arxasındakı Bakıya rəhmətlik Ordubadi qədər bələd deyilik.
Bakı sadə insanlarımızın qafasında “can Bakı, can Bakı, can sənə qurban Bakı!” kimi sentimental əhvalda inikas edir. Toy-düyündə girdirmə Bakı arağından vurub keflənəndən sonra ara müğənnilərinə “Bakılı balasıyam” mahnısını sifariş verərək şabaş yarışına çıxmasaq qan düşər.
Tikilən körpülərin güdazına gedən körpülərdən xəbərimiz varmı? Hansı ki, o körpülər bizi uşaqlığımızın Bakısına aparırdı… Hardasa oxumuşdum ki, bu şəhərin işıqlı nəyi varsa, asanlıqla bir-iki çantaya yığıb aparmaq olar. “Bakı küləklər şəhəridir” deyib öyünənlərin ağlına həmişə şübhə ilə yanaşmışam. A balam, bu külək nə matah şey olub sizinçün?!
Müşfiqin “Küləklər”iylə indiki bu sırtıq, üzlü küləklərin nə əlaqəsi var, bilmirəm. Hələ o şeirin alt qatlarında gizlənən mənanı çözələyin, görün, nakam şair nə demək istəyib. Küləklər, bir də yağışlar həmişə Bakının paxırını açıb – töküb, əvəzində gül-bülbül şüərasının şah beytinə çevrilib. Bu da sənə daha bir təzad!
…Qara şəhərin sərhədləri boyunca uzanan genişlikdə sanki dünyanın sonuna yetişirsən. Göydələnlər bizi dünyadan, əsl Bakıdan ayrı salır. Göydələnlərdən yıxılıb ölənlər də şəhiddirlər. Sabah o göydələnlərdə rahat və asudə yaşayanlar binanın tikintisi zamanı əcəl-mayallaq olanları heç vaxt xatırlamayacaqlar amma…
Göydələnlərin kölgəsi altında yaşayan cırtdanlar bizik – o göydələnlərə tramvay pəncərəsindən, yastı-yapalaq damlardan boylananlar… O nəhəng kölgələrin altında boğulan, əzilən küçələr həm də bizim keçmişimizin bir parçasıdır.
Uşaqlıqda mən Bakını çox sevirdim… Yayda sırtıq ağcaqanadları, qışda isə canavar ağızlı küləklərilə zəhləmi töksə belə uşaqsayağı xoşbəxtlik içində bu şəhərdə yaşamağımdan qürur duyurdum. Bu sevginin izləri köhnə qəlpə yarasının sızıltısı kimi hərdən məni yatmağa qoymur…
Şeyxi güllələdilər…
Azərbaycan Ali Məhkəməsinin cinayət işləri üzrə Məhkəmə Kollegiyası Axundov Molla Kamiyab Fətulla oğlunun ittiham edilməsi barədə işə 5 noyabr 1959-cu ildə yenidən baxmışdır. Axund Molla Kamiyab Fətulla oğlu haqqında Azərbaycan XDİK üçlüyünün 1937-ci il 31 dekabr tarixli qərarı ləğv edilmiş və onun barəsindəki işin icrası ittihamnamə sübut olunmadığı üçün xətm olunmuşdur.
Axund Molla Kamiyab Fətulla oğlu həmin işə əsasən, ölümündən sonra bəraət almışdır.
Azərbaycan Ali Məhkəməsi sədrinin müavini: S. M. İmanov, 2 dekabr, 1959-cu il.
Bir də oxuyuram bu bəraət kağızını… bir də… bir də… Məşum 37-ci il inkvizisiyası bir daha yaddaşın nifrət qatını oyadır. Bir dəstə canavar sürüsünün qanlı dişləriylə üyüdülən bütöv bir ziyalı nəslinin nəhəng boşluğunda min cür hoqqalar çıxaran, qondarma ideologiyalar yapan ütülənmiş “ideoloqlar” həmin nəslə mənsub olan adların dilə gətirilməsini belə yasaq etdi, onların yaddaşlardan, düşüncələrdən silinməsini hökm etdi.
Axund Molla Kamiyab Fətulla oğlu da o məhv edilmiş nəslə mənsub din xadimlərindəndir. Əslən içərişəhərli olan Kamiyab 1870-ci ildə anadan olub. Hələ erkən yaşlarında atası onun təhsilinin qayğısına qalmış, 1890-cı ildə ruhani təhsili almaq üçün onu İrana göndərmişdir. Kamiyab əvvəlcə Qum, sonra isə Məşhəd şəhərlərində mükəmməl dini təhsil almış, islamın fəlsəfəsinə dərindən bələd olmuşdur.
Kamiyab İrana təhsil almağa getmişdi. Amma bilmirdi ki, orada onu gözəl bir qismət gözləyir. Nə idi bu qismət?..
Xoş bir təsadüf Kamiyabı Təbrizdə Şimali Azərbaycanın məşhur xalq xanəndəsi, qarabağlı Keçəçi oğlu Məhəmmədlə rastlaşdırır. Kamiyabın yaşının az olmağına baxmayaraq eloğlular bir-birlərinə tez isnişirlər. Kamiyab hətta vətəndən uzaqda özünə məhrəm bir insan tapdığına ürəyində sevinirdi. Bir gün Keçəçi oğlu Məhəmməd təbrizli dostunun ziyafətinə gedərkən Kamiyabı da özü ilə aparır. Və bu məclisdə… Kamiyabın gözü ev sahibinin qızı Zəhraya düşür. Ləziz Təbriz yeməklərinə gözünün ucuyla da baxmır. O, Zəhraya bir könüldən min könülə vurulur. Dərdini Keçəçi oğluna deyir, o da dost kimi toy edib qızı Kamiyaba alır.
Kamiyab İrandan vətənə artıq püxtələşmiş sakral düşüncəsiylə birgə öz könül həmdəmini də gətirir.
Deyilənlərə görə, Kamiyab incə qəlbə malik həssas adam imiş. Bəlkə, də elə muğam dünyasına məhrəmliyi o incə qəlbin mənəvi ehtiyaclarını ödəməkdən ötrü imiş. Hələ İranda olarkən Keçəçi oğlundan, sonra isə İranın məşhur xalq xanəndəsi Əbülhəsən xan İqbal Azərdən muğamın sirlərini öyrənir. Sonralar Bakıda yaşadığı illərdə həm sənətkarlar, həm ruhanilər arasında, el içində onu Mirzə Kamiyab deyə çağırır, sayğısını uca tuturmuşlar.
Mirzə Kamiyabın İçərişəhərin Saray döngəsindəki 20 nömrəli ikimərtəbəli mülkündə dövrün məşhur xanəndələri Cabbar Qaryağdıoğlunu, Seyid Şuşinskini və başqalarını tez-tez görmək olardı. Muğamın atişləməz gedişlərinə bələd olan Mirzə Kamiyab öz məsləhətlərini, bilgilərini bu cavan xanəndələrdən heç vədə əsirgəməzmiş.
Söyləyirlər ki, Kamiyab azan verərkən, mərsiyə oxuyarkən onun qüvvətli, sağlam səsi Bakının bir neçə qıraq kəndinə yayılarmış. Onun yanıqlı səsi qəm, kədər selabına dönüb dinləyənlərin ürəyinə axarmış. “Zəminxarə”, “Humayun” üstündə oxuduğu qəsidələr dünyanın faniliyindən, gərdişi-dövranın vəfasızlığından bəhs edir, dinləyicini sarsıdırmış.
O, həm də peşəkar din xadimi idi. Məşhur din xadimi Şeyx Qəni ilə məhrəmanə münasibətləri olub. Onu da qeyd etməyi vacib sayırıq ki, Axund Mirzə Kamiyab islamı elmi-nəzəri cəhətdən mənimsəmiş, bu dinin elmi əsaslarını tədqiq etmiş, savadsız, fırıldaqçı mollalardan həmişə şikayətlənmişdir.
Əlsiz-ayaqsızlara, kasıb-füqəraya əl tutar, ianələr edərmiş. Xasiyyətcə mülayim, ucaboy, enlikürək adam imiş, əyninə arxalıq çuxa geyər, başına araxçın qoyarmış. Onun həyat yolunu araşdırarkən bir maraqlı faktla da qarşılaşdıq: sən demə, Axund Mirzə Kamiyab el içində mahir xalq təbibi kimi də tanınırmış. Yüzlərlə xəstə onun əlindən şəfa tapıb. O, insan bədəninə yoluxmuş müxtəlif mərəzləri çöl çiçəkləri ilə, təbii bitkilərlə zərərsizləşdirər, xəstəni sağaldarmış. Bu da onun zəngin biliyindən irəli gəlirdi. Anam danışırdı ki, bir gün Ağa (anamın atası Mircavad ağanı kənd içində ehtiram əlaməti olaraq “Ağa” deyə çağırırdılar, övladları da ona bu cür müraciət edirdilər. –K.H) möhkəm azarlamışdı, fikirləşdik ki, adicə soyuqdəymədir, keçib gedəcək, amma kişinin vəziyyəti günbəgün ağırlaşırdı, qızdırma onu tamam haldan salmışdı. Murtuza dayın gəlib atamızı bu vəziyyətdə görüncə dedi ki, kişini sağaltsa Mirzə sağaldacaq. Mirzəni gedib evindən gətirdilər, alicənab bir adam idi, danışanda heç kəsin üzünə baxmırdı. Biz onda uşaq idik, bacılarımla pıçıldaşırdıq ki, bu kişi həkimdən çox mollaya oxşayır. İraq olsun, qardaşım atamın üstünə molla gətirib-nədi? Mirzə danışdıqca biz qulaq asırdıq, gördük ki, o, heç də molla deyənləri demir, cürbəcür bitkilərdən hazırlanan məlhəmlər haqda təmkinlə izahat verir, onların faydaları haqqında danışır. Mirzə dediklərini bir kağız parçasına yazıb qardaşıma verdi və tapşırdı ki, dediklərimə mütləq əməl edin. İkicə günə kişi sapsağlam olub ayağa qalxacaq. Biz onun yazdığı bitkiləri əldə edib məlhəm hazırladıq və atam o dərmanları qəbul etməyə başladı. Hiss edirdik ki, Ağa Mirzənin dediklərinə sidq-ürəkdən inanıb. Doğrudan da səhərisi günü Ağanın qızdırması düşdü, iştahası açıldı. İkinci gün isə artıq yerindən qalxıb oturmuşdu. Anam o vaxt bu əhvalatı danışanda mən Mirzənin kimliyi haqqında heç nə bilmirdim. Anam bircə onu deyirdi ki, Mirzə olduqca savadlı adam idi, 37-də tutub apardılar, o gedən oldu. Ağa həmişə onun haqqında yana-yana danışırdı, deyirdi heyif Mirzədən, onun elmi, zəkası bu millətə hələ çox lazım idi. Anamın dediyinə görə Ağa sağalandan sonra Mirzəylə müntəzəm dostluq əlaqələrində olub, ondan oxumaq üçün dini, fəlsəfi kitablar alarmış. Repressiyanın tüğyan elədiyi günlərin birində Mirzə qoltuğunda qalın parçaya bükülmüş beş-altı kitab gətirib Ağaya verir ki, sən etibarlı adamsan, bu kitablar qoy bir müddət səndə qalsın. Ağa o kitabları alıb evin çardağında gizlədir. Bu, Mirzənin Ağayla sonuncu görüşü olur. Bir neçə gündən sonra eşidirlər ki, Mirzəni həbs ediblər. Ağa isə həmin kitabları ömrünün sonuna qədər qoruyub saxlayır. Anam xatırlayır ki, həmin kitablardan biri qara cilddə idi, bu, Hüseyn Cavidin “İblis” əsəriydi. Anamın Mirzə deyə xatırladığı adam Axund Mirzə Kamiyab idi.
Mirzə Kamiyab günün birinci yarısında İçərişəhərin Məhəmmədyar məscidində, ikinci yarısında “Gileylər” məscidində rövzə edərmiş. Tez-tez Təzə Pir məscidinə, Göy məscidə (Hacı Əjdər məscidi) dəvət olunarmış. Hələ bəxtiyar günlər idi, qara yellər əsməmişdi, azad düşüncə sahiblərinə sədəmə toxunmamışdı…
Qara yel 1929-cu ildə əsdi. Bu yel məscidləri, mədrəsələri burulğan kimi içində batırdı. Saysız-hesabsız din xadimləri bu burulğanda boğuldu. Əlli yaşlı Axund Kamiyab din xadimi kimi həbs edilib Sibirə sürgün olundu.
1934-cü ildə Sibirdən Bakıya qayıdan Axundu şəhərə buraxmırlar. Onu həbs edən zaman İçərişəhərdəki mülkünü və Buzovnadakı bağını əlindən almışdılar. (Onun 1937-ci ildə müsadirə edilən mülkü indi Uşaq bağçası kimi fəaliyyət göstərir.) Şəhərdə qalmağa yeri də yox idi. Onu Qubaya sürgün edirlər. Kamiyab Qubanın Nüvədi kəndində kolxoz bağında bağban işləməyə başlayır. Ömrünün iki ilini də doğma mühitdən kənarda keçirir.
Kamiaybı bu dəfə həmişəlik məhv etmək üçün 1936-cı ildə onun Bakıya gəlişinə imkan yaradırlar. Zavallı Axund şəhərin keçmiş Dağlıq küçəsində kasıb mənzil kirayələyir və… Heç o mənzildə könül rahatlığıyla yaşamağa belə macal tapmır.
Müdhiş 37-ci il özünü yetirir. Düşünən beyinlərin sür-sümüyü ilə qızdırılmış sobanın tutkeşindən ucalan fəryad tüstüsü ölkədə harın küləklər kimi qırmancını sağa-sola çırpan hökm sahiblərinin iştahasını günbəgün artırır… “Troyka”nın tiyəsindən qan daman dəhrəsi şaq-şaq şaqqıldayır.
“Troyka”nın günahsız qurbanlarından biri də Axund Mirzə Kamiyab idi. Onu bir gecədə həbs edirlər. Cəmi on dəqiqəlik məhkəmə öz qəti və dəyişilməz hökmünü verir: Güllələnsin!
Ertəsi gün o, qətlə yetirilir. Axund Mirzə Kamiyab Azərbaycan səhnəsinin fədailərindən olan Xalq artisti Sidqi Ruhullanın böyük qardaşı idi…
Kitab kimi müqəddəs adam
“Filankəs universal biliyə malik adamdır”. Bu ifadə də bir çox deyimlər kimi həddən ziyadə istismara məruz qalıb, yanlış ünvanlara yönləndiyindən ucuzlaşıb. Az qala, nağara döyəcləyən zərb ustasının da kürəyinə ərklə “universal adam” ifadəsini şappıldadırlar. Bir də universal olmaq boynunun borcu olan adamlar var. Yəni onlar elə bir sahədə çalışırlar ki, bütün sahələr haqda bilgiyə malik olmaqdan başqa çarələri yoxdur. Ensiklopediyada çalışan adamların üzərinə çox ağır bir yük düşür. Onların beynində elmin bütün sahələri üçün bilik rəfləri var. Onlar konkret bir sahənin mütəxəssisi deyillər, ensiklopedistdirlər və sözün əsl mənasında universal biliyə malik insanlardırlar.
Gənclik illərimdə tale məni belə böyük insanlardan biriylə üzləşdirdi və o insan mənim gələcək ömür yolumun müəyyənləşməsində həlledici rol oynadı. Rəhimağa İmaməliyev. Bu ad indiki nəslə Bəlkə, də heç nə demir. O, naşirlik sənətinin fədailərindən idi. Mərhum xalq şairi Rəsul Rza ilə birlikdə Azərbaycan Sovet Ensiklopediyasının 1-ci cildini nəşrə hazırlayanlardan biri idi. Azərbaycan ədəbiyyatında, jurnalistikasında çox böyük xidmətləri olmuşdu. Ən peşəkar naşirlərdən idi. Azərbaycan müstəqilliyini qazandıqdan sonra “Boz Oğuz” nəşriyyatını yaratdı və bu nəşriyyat Azərbaycan klassiklərinin o vaxta qədər nəşr olunmayan əsərlərini arxivlərdən çıxarıb kitab halında nəşr etdirdi. Rəhimağa müəllim təkbaşına bir institutun görməli olduğu işi öz çiyninə götürdü; irihəcmli “İslam ensiklopediyası”nı hazırlayıb kitab halında çap etdirdi. Bu fundamental əsər ağır, üzücü zəhmət bahasına başa gəldi. Məşədi Azər Buzovnalının, Haşım bəy Saqibin, Məhəmmədismayıl Asinin, Qumri Dərbəndinin zəngin irsi ilk dəfə onun inadkar, yorulmaz fəaliyyəti nəticəsində kitab kimi işıq üzü gördü. Azərbaycanın böyük şairləri Səməd Mənsurun, Almaz İldırımın uzun illər qadağan olunmuş əsərləri ilk dəfə kitab şəklində məhz Rəhimağa müəllimin təşəbbüsü ilə nəşr edildi. Şərqşünas alim İlham Cəfəroğlunun, musiqişünas Ağabala Əliyevin, sənətşünaslıq doktoru, professor Rafiq İmraninin, ilahiyyatçı, şair-araşdırmaçı Hacı Soltan Əlizadənin, qocaman jurnalist Hacı Hacıyevin dəyərli kitabları ilk dəfə “Boz Oğuz” nəşriyyatında işıq üzü gördü. Onun nəşr etdiyi kitabların adlarını sadalasaq, uzun bir siyahı alınar. Məncə, adlarını çəkdiyim müəlliflər və onların kitabları Azərbaycanın ictimai fikir tarixində, ədəbi düşüncəsinin formalaşmasında müstəsna rol oynadı. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, millətimizin uzun illər gizli qalan mənəvi sərvəti bu nəşriyyat vasitəsilə yenidən öz sahibinə qaytarıldı.
“Yaddaş kartı” sənədli romanımda bu dəyərli insanla ilk tanışlığımız haqda yazmışam:
“Onunla tanışlığımız “Abşeron meyxanaları” kitabından başladı. Buzovnanın Mədəniyyət sarayında həmin kitabın təqdimat mərasimi keçirilirdi. Zal ağzınadək dolu idi, meyxananın təzəcə “palatka”lardan səhnələrə ayaq açdığı dövr idi. Meyxana andeqraundluqdan çıxıb elitar çevrələrdə özünə müəyyən qədər tərəfdarlar toplamışdı. …Tədbiri kitabın tərtibçisi Rəhimağa İmaməliyev aparırdı. Səlist, rəvan və bəlağətli çıxışı buzovnalıların diqqətini cəlb etmişdi, hamı diqqətlə onu dinləyirdi. O, meyxananın təşəkkül tarixindən danışıb klassik şairlərdən sitatlar gətirirdi. Hiss olunurdu ki, Bakı ədəbi mühitini dərindən bilir. Sonra cavan meyxanaçılar səhnəyə çıxıb meyxana deməyə başladılar.
… Tədbirin sonunda Rəhimağa müəllimə yaxınlaşıb tanışlıq verdim və dedim ki, mən də ara-sıra şeirlər yazıram. Kimliyimlə maraqlandı, dedim ki, Murtuza müəllimin bacısı oğluyam. Onun adını çəkən kimi kişinin gözləri parladı: “Pah! Allah Murtuza müəllimə rəhmət eləsin! Orta məktəbdə coğrafiyadan mənə dərs deyib. Günü sabah şeirlərini də götür, gəl yanıma.”
Rəhimağa müəllim “Boz Oğuz” nəşriyyatına rəhbərlik edirdi, həmin nəşriyyat onun Buzovnadakı ikimərtəbəli evində yerləşirdi. Alababat şeirlərimi seçərək bir qovluğa yığdım və qovluğu da qoltuğuma vurub Rəhimağa müəllimgilə yollandım. Aşağıdan bir xeyli ev yiyəsini hayladım, pilləkanın başında bir xanım göründü (sonradan bildim ki, bu xanım Rəhimağa müəllimin ömür-gün yoldaşı Validə xanımdır) və Rəhimağa müəllimin yanına gəldiyimi bilib “Qalx yuxarı” dedi.
Tanışlığımız belə başladı. Onun gənc bir oğlana göstərdiyi hörmət məni əməlli-başlı heyrətə gətirmişdi. Şeirlərimi oxuyarkən gözüm Validə xanımın üzündəki məmnun ifadəni yaxaladı və bir az ürəkləndim. Rəhimağa müəllim əlini çiynimə qoyub soruşdu:
– Bala, bəs sən indiyəcən hardaydın?
Namüəyyənliklə çiynimi çəkdim. Təhsilimlə maraqlandı.
– Sənin istedadına şübhə yeri qalmır. Zənnim heç vaxt məni aldatmayıb, yaza bilərsən. Jurnalist olmaq istəyirsən?
Başımı qaldırıb üzünə baxdım. Cavab gözləyən baxışları ürəyimi oxumuşdu. Çiynimə qoyduğu əlin qətiyyəti içimə sirayət etdi və beləcə, həmin anlarda taleyim həll olundu. Mən jurnalist sənətini tərcih etdim.
Aradan on beş il keçib. (Bu sətirləri 2010-ci ildə yazmışdım – müəllif) Zərrə qədər peşman deyiləm. Rəhimağa müəllimin köməkliyi ilə Azərbaycan Jurnalistlər Birliyinin Jurnalist Sənətkarlığı İnstitutunu bitirdim. Birliyin sədri, qocaman jurnalist Hacı Hacıyevlə sıx ünsiyyətimiz yarandı. O vaxt Hacı müəllimin “İstiqlalımızın əzablı yolu” kitabı “Boz Oğuz” nəşriyyatında çapa hazırlanırdı, bəzi düzəlişlər, əlavələr etmək üçün bir neçə dəfə Rəhimağa müəllimdən xahiş etmişdi ki, kitabın əlyazmasını ona göndərsin. Kitabının əlyazmasını o, yalnız mənə etibar edirdi. Kabinetində kim olmasından asılı olmayaraq dərhal məni qəbul edərdi.
Vəfatından bir qədər əvvəl “28 may” metrosunun perronunda rastlaşdıq, qocalmışdı, ağır-ağır yeriyirdi. Qolundan tutub eskalatora qalxmağına kömək etdim. Günahkarcasına üzümə baxıb titrək səslə:
– Görürsən də, qocalıq mənə necə dov gəlir?.. – dedi.
Qəhərləndim. Əlbəttə, təsəlliyə bənzər bir-iki söz dedim. Ancaq… deyəsən, heç eşitmədi. Öz dünyasındaydı.
1995-ci ilin iyun ayında mətbuatımızın yaranmasının 120 illiyi ilə əlaqədar Jurnalistlər Birliyində tədbir keçirilməsi nəzərdə tutulurdu. Rəhimağa müəllim mənə dedi ki, sən də hazırlaş, mənimlə gedəcəksən. İlk dəfəydi ki, belə mötəbər tədbirdə iştirak edirdim. Təbii, həyəcanlıydım. Tədbirin rəsmi hissəsindən sonra ayaqüstü boğazımızı “yaşlamalı” olduq. Təsəvvür edin, mən araq dolu badəmi kimlərin badəsi ilə toqquşdururdum?! Sabiq baş nazir Rəhim Hüseynovun, o vaxt Aztv-nin sədri vəzifəsində çalışan rəhmətlik Babək Hüseynoğlunun, Azərtacın direktoru Şamil Şahməmmədovun, Qulu Məhərrəmlinin! Hər gün efirdə gördüyüm tanınmış simalarla gözlənilmədən bir masa arxasında badə toqquşdurmaq hələ heç bir qəzetdə bircə yazısı belə çap olunmamış mənim kimi jurnalist olmaq istəyən gənc üçün göydəndüşmə idi. Gəlib evdə danışdım ki, mən bilirsiniz kimlərlə araq içmişəm? Uzun müddət inanmadılar.
Beləcə, çətin, gecəsi-gündüzü bilinməyən, eyni zamanda maraqlı, maraqlı olduğu qədər də təhlükəli olan jurnalistika mənim həyatıma daxil oldu.
Həyatımın o dövrü haqqında düşünərkən yaddaşımda dərin iz buraxmış bir sıra işıqlı insanları da xatırlayıram. Onlardan biri də dünyadan vaxtsız getmiş rəssam dostum Arif Məmmədlidir. Arif müəllim Jurnalistlər Birliyində çalışırdı, elə orda da tanış olmuşduq. Gülərüz, həlim xasiyyətli bir insan idi. Çox tez bir-birimizə isnişdik. Belə tezliklə dil tapmağımızda yerli olmağımızın da xüsusi rolu vardı: o mərdəkanlı, mən buzovnalı. Arif müəllim rəssamlıq sənətiylə bağlı müxtəlif izmləri, klassikanı və modernist cərəyanları mükəmməl bilirdi. Geniş erudisiyası, güclü məntiqi vardı, intellektual söhbətlərdə özünü suda balıq kimi hiss edirdi. Mənə rəssamlıq sənətini o sevdirib. Onun Rembrant, Van Qoq, Pikasso haqqında necə ehtirasla, şövqlə danışdığını görəydiniz!..
Hacı müəllimin bir köməkçisi vardı – Əlövsət Məmmədov. Rəhimağa müəllim ondan mənim iş məsələmlə bağlı xahiş etmişdi. Onun köməkliyi ilə “İki sahil” qəzetinə işə düzəldim və Arif müəllimlə əlaqəm kəsildi. Aradan bir neçə il keçəndən sonra təsadüfən eşitdim ki, Arif müəllim rəhmətə gedib. Çox sarsıldım. O, jurnalistikada qazandığım ilk dostlarımdan idi. Onunla saatlarla rəssamlıqdan danışırdıq, daha doğrusu, o danışırdı, mən dinləyirdim, sanki o müəllim idi, mən isə şagird. Bu söhbətlərin nəticəsi o oldu ki, yenicə işə başladığım qəzetdən mənə reportaj yazmağı tapşıranda rəssam Cəfər Talıboğlunun Buzovna Mədəniyyət sarayında yerləşən emalatxanasına üz tutdum.
Olduqca maraqlı müsahib olan Cəfər mənə 70-ci illərdə çap olunmuş “Qobustan” toplusunun bir neçə sayını bağışladı və oradan rəssamlığa aid yazıları oxumağı məsləhət gördü. İlk dəfə idi ki, rəssam emalatxanası görürdüm, mənə elə gəldi ki, bir-birimizi anlaya bildik. İlk reportajımı həmin bu emalatxanadan hazırladım və “Sənətə “gəmi”ylə gələn rəssam” adlı ilk yazım “İki sahil”in 18 avqust tarixli sayında dərc edildi. Həmin gün qəzeti aparıb Rəhimağa müəllimin stolunun üstünə qoydum. “Təbrik edirəm!” – dedi və süfrəyə “Napoleon” konyakı gəldi.
İlıq bir avqust axşamı idi, həyətdə sıx ağacların altında qoyulmuş masanın arxasında ancaq ikimiz idik. Rəhimağa müəllim mənə çox oxumağı tövsiyyə edirdi, daim öz üzərimdə işləməyi tapşırırdı, Ensiklopediyada çalışdığı illərdən, jurnalist həyatının maraqlı məqamlarından danışırdı. Jurnalistin həyatında ekstremal vəziyyətlər çox olur, belə hallara hər zaman hazır olmaq üçün peşəkarlığı artırmaq lazımdır. Bu peşə yarımçıqlığı, ortabablığı sevmir, fədakarlığı xoşlayır. O, danışdıqca danışırdı. Olduqca enerjili adamdı və ikinci mərtəbədəki otağının işığı gecə yarıdan keçənədək yanılı olurdu. Fasiləsiz olaraq on səkkiz saat yazı masasının arxasında oturan Rəhimağa müəllimə ancaq iki şey lazımdı – tünd çay, bir də siqaret.
O, mənə yaradıcılığın şirin əzablarından danışırdı, yuxusuz gecələrindən söz açırdı. Jurnalistikanın yol işarələrini öyrədirdi. Bir vaxt ayıldım ki, gecə yarıdan keçib. Konyak şüşəsi isə boşalmışdı”. (“Yaddaş kartı”, 2013, “Hədəf” nəşriyyatı, səh – 126-131)
Hər dəfə qəzetdə yazım çıxanda gətirib ona göstərirdim. Sevinirdi, tövsiyyələrini, iradlarını bildirirdi. Dəyişməyən bir tövsiyyəsi vardı: “Özündə mütaliə vərdişi yarat, çoxlu kitablar oxu, dünya klassiklərini dönə-dönə oxu”. Rəhimağa müəllimin olduqca zəngin kitabxanası vardı. O kitabların üstündə necə əsirdi, İlahi! Mən ondan həm də kitaba münasibəti öyrəndim. Kitabın vərəqlərini qatlamaq olmaz, onunla səliqəsizcəsinə davranmaq olmaz. Çünki kitab insana münasibəti öyrədir, insanlarla ünsiyyət qurmağı öyrədir, insanı kamilləşdirir, onu şəxsiyyət olaraq formalaşdırır. İnsanlar kitablar vasitəsilə öz sirrini oxucuya aşkar edir. Hər bir yazar öncə yaxşı oxucu olmağı bacarmalıdır. Yaxşı oxucu həm də kitabla insan kimi rəftar edəndir. Dünyasını çoxdan dəyişmiş yazıçılar kitab rəflərində bir-birinin yanında bir sıraya düzülüblər. Onlar hələ də yaşayır və bizimlə birlikdə nəfəs alırlar. İstədiyimiz zamanda onlarla –ayrılmaz dostlarla həmsöhbət ola bilirik, onlardan dəyərli məsləhətlər ala bilirik.
Rəhimağa müəllim mənə əsl dostun kim olduğunu göstərdi. O, böyük müəllim idi. Mən zəhmətin nə demək olduğunu onun timsalında öyrəndim. Çox vaxt evə gec qayıdırdım. Gecənin bir yarısı onların qapısı önündən keçəndə baxırdım ki, hələ də pəncərəsində işıq yanır. Gecədən sübh açılıncaya qədər işləyirdi, tərcümələr edir, redaktəylə məşğul olur, mütaliə edirdi. Bir dəfə redaksiyadan rus dilində irihəcmli bir mətni (təxminən 50-60 səhifəlik) bizim dilə çevirmək üçün mənə verdilər və tapşırdılar ki, mətn sabaha hazır olmalıdır. Gərgin iş rejimində çalışırdım, mətbuat konfrasından çıxıb müsahibəyə qaçırdım, ordan reportaj hazırlamaq üçün başqa bir yerə gedirdim. Yorulsam da gördüyüm işdən zövq alırdım. Redaktor mətni mənə verəndə imtina edə bilmədim. Yolda mətni nəzərdən keçirdim və gördüm ki, yazı başdan-başa fəlsəfi terminlərlə yüklənib və çox qəliz dildə yazılıb. İşin öhdəsindən gələ bilməyəcəyimi düşünəndə təşviş hissi məni bürüdü. Səhər redaktora nə cavab verəcəyəm?
Kəndə çatanda hava qaralmışdı. Rəhimağa müəllimgilin qapısından keçəndə bir anlıq ayaq saxladım, həmişə olduğu kimi pəncərəsində işıq yanırdı. Düşdüyüm vəziyyətdən məni çıxara biləcək yeganə insan o idi. Gəlişimə sevindi. Üzbəüz oturub çay içirdik. Tərəddüd içindəydim, bilmirdim vəziyyəti ona necə izah edim. Sövq-təbii narahatlığımı hiss elədi.
– Niyə belə narahatsan? Nəsə bir problem-zad yaranmayıb ki?
Çəkinə-çəkinə rus dilindəki mətni ona göstərdim və dedim ki, bu mətni təcili bizim dilə çevirməliyəm, redaksiyanın tapşırığıdır. Əvvəl elə bildim yüngül mətndir, amma indi baxıram ki, çevirməyə çətinlik çəkəcəyəm, elmi məqalədir. Yazını alıb eynəyini taxdı, xeyli vərəqlədi. Uzun sükutdan sonra dedi:
– Çayını iç, keçək mənim otağıma.
Sanki çiynimdən ağır bir yük götürüldü, həm də xəcalət hissi keçirirdim, gecə vaxtı onun rahatlığını pozduğum üçün özümü lənətləyirdim ki, axı bacarmadığın işi niyə boynuna götürürsən, ay səfeh?
Rəhimağa müəllimin iş otağına keçdik. Qarşıma bir qom kağız qoydu və o, rus dilində olan mətni ürəyində oxuyub bizim dildə mənə diktə etməyə başladı. İş bitəndə gecə yarıdan keçmişdi, qələm tutmaqdan barmaqlarım ağrıyırdı. Eynəyinin altından baxım gülümsədi:
– Yorulmusan deyəsən.
Özümü sındırmadım:
– Yox, Rəhimağa müəllim. Amma sizdən dönə-dönə üzr istəyirəm. Çox böyük əziyyət verdim sizə.
Tövrünü pozmadan ayağa qalxdı.
– Gəl indi xoruzquyruğu bir çay içək. Yadında saxla, bizim işimiz əziyyətli işdir. Ömrümüz belə əziyyətlər içində keçir. Gördüyün işdən zövq ala bilmirsənsə, onda bu əziyyət on qat ağırlaşır.
Mənim heyrətimə səbəb olan başqa məqam idi. Rəhimağa müəllim mətnin tərcüməsində bir dəfə də “ilişmədi”, səlis, rəvan şəkildə cümlələri bizim dildə diktə edirdi. O, cümlələri beynində redaktə edə-edə deyirdi və mətni yenidən oxuyanda heç bir düzəlişə ehtiyac qalmadı. Bu, əsl Sizif əməyi idi.
Klassik şairlərin əsərlərini çapa hazırlayanda mətnləri dönə-dönə oxuyurduq, kitabda bircə səhv belə getməməliydi. Bəzən mən hədsiz dərəcədə mürəkkəb dildə yazılmış qəzəllərin, qəsidələrin oxunuşunda çətinlik çəkirdim. Qumrinin, Azərin, Asinin qəliz ərəb-fars izafətləriylə dolu qəzəllərinin, poemalarının korrektəsi belə korrektordan zəngin bilik tələb edir. Rəhimağa müəllim hər sözün mənasını səbrlə izah edirdi. Zəhmət üstəgəl hövsələ, səbr. Qələm adamı üçün ən vacib olan bu iki şərti özündə tərbiyə etmədən hansısa uğura nail olmaq mümkünsüzdür. Bu həqiqətlərə onun sayəsində yetişdim.
Rəsul Rza haqqında həmişə böyük ehtiramla danışırdı. Deyirdi “o, kişi adam idi”. Uzun illər Azərbaycan Ensiklopediyasında çalışmışdı. Onu ensiklopediyaya Rəsul Rza gətirmişdi. Zəngin eridusiyasını, iti zəkasını, intellektini görmüşdü və onu özünə çiyindaş seçmişvi və yanılmamışdı. Ora ilə bağlı zəngin xatirələri vardı. Bəzilərini mənə danışmışdı. Zənnimcə, xatirələrini də yazırdı. Rəhimağa müəllimin vəfalı ömür-gün yoldaşı Validə xanım da Ensiklopediya məktəbi keçib. Bu gün də həmin məbəddə çalışır. O, Rəhimağa müəllimin həm ömür yoldaşı idi, həm iş yoldaşı, həmkarı idi, həm də məsləkdaşı idi. Bu gün də onun zəngin irsini məhz Validə xanım qoruyur.
Rəhimağa müəllimlə son görüşümüzü xatırlayıram. İnsult keçirmişdi, yazan əli, sağ əli tutulmuşdu. Onun ziyarətinə getdim, yataqda idi. Məni görüb doluxsundu. Rəhimağa müəllim, yataq sizə heç yaraşmır, tezliklə sağalın, dedim. Gözlərinin dərinliyində ona xas olmayan bir kədər gördüm. Həmişəki şövq, entuziazm onu tərk etmişdi, çarəsizliyin bir parçası kimi yatağa uzanmışdı. Sol əliylə yorğanın üzərində hərəkətsiz qalmış sağ əlini qaldırıb buraxdı, əl sinəsinə düşdü. Zəif səslə “görürsən də” dedi. İçimdən bir gizilti keçdi, qəhər boğazıma dirəndi, bunu qətiyyən ona hiss etdirməməliydim. Özümü ələ almağa çalışdım. Amma əbəs yerə. İti baxışlarından heç nə yayınmırdı. “Yaxşı ki, gəldin. Səni görməyimə şad oldum” dedi. “Borcumuzdur, Rəhimağa müəllim, siz mənim ustadımsınız. Amma özünüzü üzməyin, tezliklə sağalacaqsınız. Buna əminəm” dedim. Xəfifcə gülümsədi.
Ağlıma gəlməzdi ki, bu görüş onunla sonuncu görüşümüzdür. Sağalacağına bütün varlığımla inanırdım. Həyat eşqiylə dolu ürək belə asanlıqla ölümə təslim ola bilməzdi.
Qısa müddətdən sonra hərbi xidmətə yollandım. Naxçıvanda xidmət edirdim və hər həftə anamdan məktublar alırdım. Bir gün bir məktub aldım. Anam yazırdı ki, oğlum, Rəhimağa müəllim dünyasını dəyişdi. Bu qara xəbərin məni uzaq bir yerdə haqlayacağına hazır deyildim. Xəstə olduğunu bildiyimdən səksəkə içində idim. Amma heç cür o məşum fikri özümə, şüuruma yaxın buraxmırdım, amma sən demə, qorxu hissi altşüurda özünə yer edibmiş. Bakıya gəlməyim mümkünsüz idi. Anama yazdığım məktubdan bu cümlələr xatirimdədir: “Mən elə bilirdim Rəhimağa müəllim kimi insanlar heç vaxt ölməz. Axı mən niyə onun son günündə yanında ola bilmədim, onun tabutuna çiyin verə bilmədim?! Ruhumu parçalayan tənhalıq içində bir az da tənha qaldım”. Ən böyük dostumu, müəllimimi itirmişdim. Tale onunla vidalaşmaq haqqımı əlimdən almışdı… Taleyimə qarşı çox qəzəbliydim.
Hərbi xidmətdən qayıdan günün səhəri onun məzarını ziyarət etdim. Mənə mənəvi atalıq etmiş bu böyük insanın ruhuyla həmsöhbət oldum. Xeyli yüngülləşdim.
Bu gün ölkədə müxtəlif nəşriyyatlar fəaliyyət göstərir. Çoxlu kitablar nəşr olunur. Amma ötən əsrin 90-cı illərində özəl nəşriyyat yaratmaq, unudulmuş klassiklərin əsərlərini, ensiklopedik kitablar nəşr etmək böyük fədakarlıq, əzm, iradə tələb edirdi. “Boz Oğuz” nəşriyyatı bir çox ilklərə imza atdı. Bu kitablar Azərbaycan mədəniyyəti, ədəbiyyatı, elmi üçün son dərəcə faydalı kitablar idi. Zaman ötdükcə həmin kitabların bizim üçün əhəmiyyəti daha da artmış olur. Ən dəhşətlisi odur ki, google axtarış sistemində Azərbaycan mətbuatı, kitabşünaslığı, mədəniyyəti və ədəbiyyatı üçün bu qədər dəyərli işlər görmüş bir alim, qələm adamı haqqında heç bir məlumat yoxdur. Biz niyə bu qədər unutqanıq? Rəhimağa İmaməliyevin həyatı və fəaliyyəti, yaradıcılığı geniş bir tədqiqat mövzusudur. O, publisistikaya bir kübarlıq gətirmişdi, zənginlik gətirmişdi. Axıcı, rəvan yazı tərzi vardı. Rəhimağa müəllimin xəttini yüz yazının içindən seçmək olurdu. Son dərəcə gözəl xətti vardı, yazı yazmaqdan da, hərflərin bir-birinin yanında düzülməsindən də estetik zövq alırdı. Həmişə deyirdi ki, qələm adamının xətti gözəl olmalıdır. O, Azərbaycanda naşirlik sənətinin öncüllərindən idi, kitabçılıq sahəsinin yaradıcılarından idi. Azərbaycan Ensiklopediyasının yaranmasında, inkişafında ölçüyəgəlməz xidmətləri olan bir ziyalı idi. Gördüyü işlərin müqabilində heç kəsdən heç nə ummayan bir insan idi. Validə xanım danışır ki, bir gün onun arxivini araşdıranda qarşıma bir qovluq çıxdı, qovluğun üstünə yazılmışdı ki, “Özüm üçün yazdığım qəzəllər”. Xeyli sayda qəzəlləri, şeirləri varmış.
Bu yazını müəllimimə vəfa borcu kimi yazdım. Könül istərdi ki, onun yarımçıq qalan işləri tamamlansın, fəaliyyətini əhatəli şəkildə əks etdirən bir kitab çap olunsun. Paradoksa baxın: Həyatını kitaba həsr etmiş bir insan haqda əlimizdə bircə kitab belə yoxdur. Sözsüz, onun müəllifi olduğu kitablar var. Hərçənd o kitablar da çox çətinliklə tapılır. Amma onun xatirəsini yaşatmaq üçün bir kitab yazılmalıdır. Hələ ki, onu tanıyan insanlar, onunla əməkdaşlıq etmiş, dostluq etmiş insanların çoxu həyatdadır. Onların hər birinin yaddaşında Rəhimağa müəllimlə bağlı xeyli xatirələr var. O xatirələri xilas etmək lazımdır.
Hər dəfə yeni kitabım çıxanda, yeni uğurlara imza atanda onun məmnun təbəssümü gözlərim önündə canlanır. Hər təzə yazıya başlayanda xeyir-duamı ondan alıram. Mənim yaddaşımda o, həmişə diridir və bütün uğurlarımda onun danılmaz payı var.
Səsin səfiri
Təbiət hələ ki, mürgü döyürdü… Seyidin yuxusu ərşə çəkilmişdi, sübh alaçatıdan qalxıb eyvana çıxmışdı və fikirli-fikirli qəlyanını tüstülədirdi. Axşamkı ifanın sədası hələ də qulaqlarında gümüldənirdi. Bu səs onu öz gəncliyinə qaytarmışdı, xəyalın iti qanadları onu Cıdır düzünə, bülbüllərin cəh-cəhiylə süslənmiş İsa bulağına aparıb çıxarmışdı; şaqraq zəngulələrdən bihuş olmuş bülbüllər özlərini Seyidin qavalına çırpırdılar…
– Ağa, deyəsən, gecəni narahat yatmısan. – Mövsüm kişinin səsi onu xəyaldan ayırdı. Köksünü ötürüb əlini qocanın çiyninə qoydu:
– Mənim yuxumu qaçıran sənin oğlundu, Mövsüm kişi!
Mövsüm kişi əvvəlcə heç nə başa düşmədi, – Nəriman neyniyib ki, ay Ağa? – deyə narahatlıqla soruşdu.
Seyid gülümsündü:
– Daha neyləyəcək? Axşam bir oxumaq oxudu, yoxumdan var oldum. Öz cavanlığımı xatırladım…
* * *
Nərimanın bəxti onda gətirdi ki, ömrünün həlledici məqamında başını qaldırıb Seyid Şuşinski kimi nəhəng bir dağla rastlaşdı, bu dağın ucalığından, əzəmətindən bir anlıq başı gicəllənsə də, özünü toparlayıb o dağdan qopan ilahi səsləri içinə hopdurmağa başladı; xoşbəxtlikdən o dağ da öz sirlərini ondan əsirgəmədi, çünki bu çəlimsiz oğlanda öz keçmişini görmüşdü və istəyirdi ki, gələcəyini də ona etibar etsin.
Atası Nərimanı özüylə birlikdə kolxoza aparır, bəzi yüngül işləri ona tapşırırdı ki, uşaq erkən yaşlarından zəhmətə alışsın. Sonra fikirləşdi ki, onu sənət məktəbinə qoysa yaxşıdır. Nəriman xarratlıq sinfini bitirib Dəmir yolu deposunda işləməyə başlayır. Sən demə, tale ona başqa bir sürpriz hazırlayırmış, onun həyatının axarı muğam ladı üstündə köklənmişdi. Özü isə bütün bunlardan xəbərsizdi.
Nəriman uşaq yaşlarından muğamın sehrinə düşmüşdü, Seyidin, Zülfünün, Xanın vallarını alıb saatlarla qulaq asır, bu xalları, zəngulələri yaddaşına yazırdı, xəlvətə düşəndə özü də zümzümə edir, öz səsi özünə xoş gəlirdi. Bilirdi ki, oxumaq üçün səsi var, intəhası bu səsi aşkara çıxarmaq üçün yüngülcə təkana ehtiyac vardı, bu təkan olmasaydı, onun səsi bulaq kimi soğulacaq, axırda quruyacaqdı.
Bir gün Mövsüm kişinin dostlarından biri Nərimana deyir ki, ay oğul, sənin ki, belə səsin var, niyə bu səsin nazını çəkmirsən? Seyid Şuşinski var ha, bax, o mənim dostumdur, kişiylə salaməleykümüz var, gəl, səni onunla tanış edim, bir səsinə qulaq assın.
Nəriman sevincdən uçundu, həyəcan içndə Ağayla, gələcək ustadıyla görüşü xəyalında təsəvvür elədi. Tezliklə bu görüş reallaşdı və Seyid Şuşinski Nərimanın səsində istedad işartısı görüb onu Asəf Zeynallı adına Musiqi texnikumuna dəvət etdi.
Həmin vaxtdan Nəriman müntəzəm olaraq Seyidin dərslərində iştirak etməyə başlayır. Muğamın gizlinclərini öyrənməklə yanaşı muğamı tədris etmə metodlarını da mənimsəyir ki, bu da gələcəkdə onun müəllimlik fəaliyyətində çox əhəmiyyətli rol oynayır.
Həmin illərdə Ağa ilə Mövsüm kişinin də dostluğu möhkəmlənir. Ustad xanəndə tez-tez şəhərdən Buzovnaya, Mövsüm kişigilə qonaq gəlir. Bu dostluq o qədər dərinləşir ki, Mövsüm kişi öz həyətində onun üçün xüsusi olaraq iki otaqlı ev tikdirir.
Yeri gəlmişkən, bu günlərdə gözəl yazıçımız Seyran Səxavətin xanəndə Süleyman Abdulayev haqqında yazdığı “Bəhanə” romanını oxuyurdum, orada Seyid Şuşinskinin obrazı yüksək sənətkarlıqla işlənib, bu əsər son yüz ilin muğam mənzərəsini bütün təfərrüatları, ayrıntıları ilə oxucunun gözü önündə canlandırır.
O vaxtlar Seyid Basin küçəsində yaşayırmış. Həmin əsərdə belə bir məqam var ki, gənc Süleyman Seyidi əlimyandıda axtarırmış, axırda üz tutur xanəndənin evinə, qapını Qulam açır (Qulam Ağanın xidmətçisi idi.– K. H) və Seyidin evdə olmadığını deyir. Süleyman soruşur ki, səncə o, hara getmiş olar? Qulam deyir: “Nəriman gəlmişdi, onnan getdi… Gəlsə nə deyim?”
Çox istərdim ki, muğam sənətilə məşğul olanlar – gənc xanəndələr, musiqiçilər bu romanı oxusunlar. Əsəri oxuyub başa çatdırandan sonra ürəyimdə belə bir hiss baş qaldırdı ki, kaş Nəriman müəllim haqqında belə bir bədii əsər yazmaq mənə qismət olaydı. Hələ ki, bu fikir arzu olaraq qalır.
Nəriman Seyidin sinfində təhsil almaqla yanaşı dövlət konsertlərində də iştirak edir, el məclislərində oxuyurdu. Onu da qeyd edək ki, o vaxtlar toylarda mikrofon olmurdu, Nərimanın zil səsi ona toylarda oxumağa böyük imkanlar verirdi.
Nəriman Əliyev 1960-cı ildə texnikumu bitirir və onu təyinatla Azərbaycan Dövlət Filarmoniyasına göndərirlər. 1963-cü ildə xanəndə Zülfü Adıgözəlov dünyasını dəyişir və bu vaxt Əhməd Bakıxanov Nərimanı 12 saylı musiqi məktəbinin axşam şöbəsindəki muğam sinfinə, Zülfünün yerinə dərs deməyə dəvət edir. Seyiddən öyrəndikləri bu dəfə onun karına gəlir, tələbələrə muğam, xalq mahnı və təsniflərini məhz onun kimi öyrətməyə başlayır.
Seyid Şuşinski ömrünün son illərinə qədər Mövsüm kişinin evində qonaq olub. 1965-ci ilin qorabişirən avqust ayında Seyidin ürəyi birdən-birə doğulub boya-başa çatdığı Ağdam torpağı üçün möhkəm darıxmağa başlayır. Bəlkə, də ömürdən çox az möhlət qaldığını sövq-təbii hiss etdiyindən doğulduğu torpağa qayıdır və cəmi ikicə aydan sonra cismini bu torpağa əmanət edir…
Amma getməmişdən əvvəl bir axşam Mövsüm kişiylə halallaşmağı qərara alır. Bu iki dostun arasında dünyanın ən məhrəm, ən səmimi, ən isti söhbəti başlayır və bu söhbət əsnasında Seyid dostunu Nəriman sarıdan da arxayın edir: “Günü sabah gedib Azər müəllimə (o zaman A.Zeynallı adına texnikumun direktoru idi, – K.H) deyəcəyəm, mənim sinfimə dərs deməyə Nərimanı götürsün. Bu, həm də mənim vəsiyyətimdir. Ondan yaxşı müəllim olacaq.”
Zaman Ustadın dediklərini təsdiqlədi. Bu gün Azərbaycan muğamının aparıcı simaları olan Canəli Əkbərov, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Alim Qasımov, Mələkxanım Əyyubova, Nəzakət Teymurova, Teyyub Aslanov,Gülyaz, Gülyanaq Məmmədova bacıları və onlarla muğam ifaçıları muğamın əlifbasını məhz ondan öyrəniblər.
Nəriman Əliyev pedaqoji işlə yanaşı ifaçılıq fəaliyyətini də davam etdirirdi. Onun muğam, təsnif və xalq mahnılarından ibarət 7 valı: – “Bayatı-Şiraz”, “Çahargah”, “Rahab”, “Şur”, “Rast”, “Bayatı-kürd”, “Humayun” valları buraxılıb. Televiziyanın qızıl fondunda onun ifasında “Mahur-hindi” muğamı və 6 təsnif yazılmış lenti qorunub saxlanılır.
Bu yazının ərsəyə gəlməsində mərhum xanəndənin bacısı oğlu, tanınmış tarzən Murtuz Əsədullayevin çox böyük köməyi oldu. Çoxdandı ki, Nəriman müəllim haqqında nəsə yazmaq istəsəm də, müxtəlif səbəblərdən yazı alınmırdı. Bu günlərdə istəyimi Murtuz müəllimə bildirəndə və ondan Nəriman müəllimlə bağlı faktların toplanmasında mənə kömək etməsini xahiş edəndə həvəslə razılaşdı.
Murtuz müəllim dayısı haqqında böyük məhəbbətlə danışır:
“15 yaşım vardı, bir gün dayım mənim tar çalmağımı gördü və təəccüblə “bu eynilə Əhmədxanın xallarını vurur ki!..” söylədi. Mən də “Kürd-şahnaz”ı çalırdım, dayımın bu sözü məndə özünəinam hissi yaratdı və taleyimi ifaçılıq sənətinə bağladım. Sonralar onun tələbələrini tarda müşayiət edirdim. O, tələbələrlə işləməkdən yorulmurdu, çox tələbkar idi, muğamı gənc ifaçılara zərgər dəqiqliyi ilə öyrədirdi.
Mən onu kənd toylarında da müşayiət edirdim, təsəvvür edin, bir toyda 10-12 dəstgah oxuyurdu. Son vaxtlar səhhətində problemlər yaranmışdı, dərs zamanı ona deyirdim ki, çox ucadan oxuma, sənə olmaz, deyirdi, sən nə danışırsan, muğam xalqın sərvətidir, onu gərək olduğu kimi gələcək nəslə çatdırasan. Mərhum tarzən, həm də mənim müəllimim olmuş Kamil Əhmədov danışırdı ki, Nəriman Seyidin ən çox sevdiyi tələbələrindən idi. Mən muğamın bütün sirlərini dayımdan öyrənmişəm.”
Murtuz müəllim bir də onu deyir ki, “rəhmətlik həmişə mənə deyirdi, elə ifa elə ki, tar əlində muma dönsün, öz çalğın özünə xoş gəlsin, bir də, heç vaxt heç kəsi yamsılama. İndiyəcən onun məsləhətinə əməl edirəm.”
Mənim atamın toyunda Nəriman müəllim oxuyub, atam rəhmətlik onun heyranı idi. Bu heyranlıq mənə də keçmişdi. Məni kəndimizdəki musiqi məktəbinin qarmon sinfinə qoymuşdular, bir gün Nəriman müəllim bizə gəlmişdi, dedi ki, hə, bala, gətir qarmonunu görək nə bilirsən. Bir-iki oyun havası dınqıldatdım, Nəriman müəllim üzünü anama tutub dedi ki, bunu nahaq qarmon sinfinə qoymusunuz, gərək skripkaçılığa qoyardınız.
Niyə belə dedi, bilmirəm, amma sonralar mənim qarmona həvəsim öləzidi. Yazı-pozu həvəsi məni jurnalistikaya gətirdi və bir gün Nəriman müəllimlə rastlaşanda mənə dedi ki, sənin Məşədi Azər haqqında yazını oxudum, mənə ləzzət verdi, sən özünü bu sahədə tapdın!
* * *
… Nədənsə şirin yuxu gözündən perik düşmüşdü, eyvanda oturub aram-aram qəlyanını tüstülədirdi. Təbiət nəfəsini içinə çəkib susmuşdu, uzaqdan dənizin həzin, qulağa dinclik gətirən pıçıltısı eşidilirdi. “Qırx il nə tez ötüşdü, ay dadibidad! Elə bil ki, dünəndi, düz qırx il bundan əvvəl Seyid bax, elə burdaca dayanıb fikirli-fikirli qəlyanını tüstülədirdi… Onun çəkdiyi tütün bu tütündən deyildi, ətri adamı bihuş edirdi. Atama dediyi sözlər indi də qulağımda cingildəyir: “…Axşam bir oxumaq oxudu, yoxumdan var oldum. Öz cavanlığımı xatırladım…”
… Çiyninə qonan yumşaq əldən diksinib geri çevrildi; Seyid idi, nüfuzedici baxışları yenə uzaqları ölçürdü. Cəld ayağa qalxmaq istədi, Seyidin əli çiynindən basdı: “Yol gəlmisən, bir hovur dincini al, onsuz da səsin o tayda qalıb. Qırx ildi sənin səsinə qulaq asıram, ruhum dincəlir…”
Ruhları qovuşdu…
* * *
Buzovnaya gedən marşrut avtobusunda yerimi tutdum və fikirləşdim ki, işə bax, otuz ildən çox yaşadığım bir kəndə indi qonaq kimi gedirəm. Amma şəhər məni deyəsən bir az müdrikləşdirib. Hər adddımımda öz- özümə deyirəm ki, özünü yığışdır, bura səninçün Buzovna deyil!
Bu dəfə özümü bir az da toparladım, çünki elə bir insanın ziyarətinə gedirdim ki, bu insanla, bu qadınla görüşüb söhbətləşmək, xatirələrə körpü salmaq, həyatının daha xoşbəxt, daha işıqlı çağlarına səyahət etmək elə də asan bir iş deyildi.
Kimdir bu qadın? Bu qadın ustad xanəndə Nəriman Əliyevin həyat yoldaşı Xalidə xanımdır. Xalidə xanım mənim uşaq yaddaşımda – illərin uzaqlığında qalmışdı və bu uzaqlıq qədər də mənə yaxın olan bir məsafədəydi. Orta məktəb illərinin fotolarında Xalidə xanımın daha gənc, daha şux, təravətli, məsud çağları hələ də vaxta biganə qalaraq özü haqqında çox şeylər danışır. Bu xanım mənim həndəsə müəllimim olub, mən onun Bəlkə, də ən zəif şagirdi olmuşam. Ümumiyyətlə, mən sonralar da, elə indinin özündə də həyatın cəbri və həndəsəsi qarşısında 2 qiymətə layiq bir şagird olaraq qalmışam.
İndi bu zəif şagird öz müəllimini sorğu-suala tuta biləcəkdimi? Açığı, içimdə bir az həyəcan da vardı. Həm də axı aradan uzun illər keçmişdi…
* * *
“Əli ayağı” ziyarətgahına aparan yolda çox dəyərli şəxsiyyyətlərimizin də ünvanı var ki, biz hərdən vaxt tapıb bu ünvanlara da baş çəkməli, onları da ziyarət etməyi özümüzə borc bilməliyik. Müqəddəs ziyarətgaha aparan yolun iki yüz addımlığından sağa burulub dəmir qapı ilə üzbəüz gəlirsən və bundan sonra… artıq xatirələr danışır, qalaq-qalaq şəkillər danışır, yaddaşda oyanan Səs danışır…
… Xalidə xanımın həyatında çox böyük itgilər olub-cavan qardaşını, gənc yaşda oğlunu, kürəkənini və nəhayət həyat yoldaşını itirib; saçları qar kimi dümağdı, – itgilər öz işini görüb… Bir-birindən ağır itgilər… O, bir qadının çəkə bilməyəcəyi ağrılar yaşayıb, bir qadının çiyni üçün olduqca ağır bir yükü daşıyası olub. Həmişə üzündə gördüyümüz təbəssümə elə bil xal düşüb, gözlərinin dərinliyində yuva salmış kədəri sezməmək mümkün deyil… Bu itgilər haqqında danışmaq yaraya duz tökmək kimidi, amma danışmamaq da mümkün deyil.
Yaddaşının itiliyinə heyrətlənirəm. 1989-cu ilin payızında yaxın bir qohumumuzun toy məclisində Nəriman müəllim “Mahur-hindi” muğamını oxumuşdu və mən o ifanı maqnitofon lentinə yazmışdım. Söhbət əsnasında qəfildən o məqamı xatırladı:
– Yadımdadır ki, sən onun ifasını lentə yazırdın.
Nəriman müəllimin həmin muğamda oxuduğu qəzəl və vurduğu xallar eynilə, olduğu kimi yaddaşımda səslənməyə başladı:
Bəlayi-eşqdən zövq almayanlar bərkəmal olmaz,
Bu eşqi duymayan kəs layiqi-bəzmi vüsal olmaz.
Pərisən, hurisən, ya bir mələksən, bilməzəm billah,
Pəridə, huridə, ya bir mələkdə bu camal olmaz.
…Qələm çəkmək gərək əfsaneyi – Məcnuni-Leylayə,
Ki, Məcnun Azərə, Leyla sənə hərgiz misal olmaz.
Xalidə xanımdan soruşdum ki, xatirələrinizi yazırsınızmı? Gülüb dedi ki, yox, vallah, amma bilirsən yaddaşımda nə qədər xatirələr var!.. Danışır ki, o vaxt İranda Dilkeş xanım adlı məşhur bir xanəndə olub, Seyid Nərimana demişdi ki, əgər oğlun olsa, adını Sarəng, qızın olsa, Dilkeş qoyarsan. O, həm də “Rast” muğamına “Dilkeş” şöbəsini əlavə etmişdi. Belə oldu ki, 1965-ci ilin 1 sentyabrında qızımız dünyaya gəldi və Nəriman ustadının vəsiyyətinə əməl edərək qızın adını Dilkeş qoydu. İndi Dilkeş xanım Buzovnada 4 saylı İncəsənət məktəbində fortepiano ixtisasından dərs deyir.
Xanəndə kiçik qızına da “Bayatı-Şiraz” muğamının şöbəsi olan “Dilrüba” adını qoymuşdur.
Xalidə xanım mərhum xanəndənin arxivini səylə qoruyub saxlayır, bu arxiv bizim muğam tariximizin bir parçasıdır, bu arxiv dil açsa, nələr danışa bilər!.. Ona kifayət qədər ithaf şeirləri yazılıb və Xalidə xanım danışır ki, bu şeirləri oxuyarkən bir şeir diqqətimi çəkdi, müəllif yazır ki, “səninlə fəxr edir səndən dərs alan!” Biz dərs aldığımız insanlarla fəxr etməyi bacarmalıyıq, ona görə bacarmalıyıq, yazıram ki, əksər hallarda biz nəinki onlarla fəxr etməyi, onları ümumiyyətlə, xatırlamağı belə bacarmırıq.
Xatırlamaq, yad etmək də mənəviyyatdan, əxlaqdan, vicdandan irəli gələn bir haldır. Abbas Səhhət ona görə “Yad et məni!” deyərək hayqırırdı ki, öz qövmünün biganəliyinə bələd idi, unutqanlığından hali idi, sonrakı nəslin yaddaşına çox da güvənmirdi. Millətimizin başına nə bəla gəlibsə, unutqanlığının ucbatından gəlib, biz keçmişimizi çox tez unuduruq, el üçün yananları yaddaşımızdan amansızlıqla silə bilirik. Sonra da tarix bizi eyni amansızlıqla cəzalandırır.
Nəriman müəllim millətimiz üçün böyük bir xanəndələr ordusu yetişdirib, bu gün o xanəndələr yoxdursa, demək, Azərbaycan muğamı da yoxdur. O vaxt texniki imkanlar çox aşağı olduğundan hamı canlı oxuyurdu və canlı oxumaq da xanəndədən məharət tələb edirdi. Ustad xanəndənin səsini el məclislərində çox sınağa çəkmişdilər, bu səs artıq durulub saflaşmışdı, sanki boğazdan deyil, hansısa bulağın gözündən axırdı. Bu səs çoxları üçün əvəzsiz qaynaq idi: Canəli Əkbərov üçün, Alim Qasımov üçün, Ağaxan Abdullayev üçün, Gülyaz, Gülyanaq Məmmədova bacıları üçün, onlarla muğam ifaçısı üçün…
Buzovna kəndinin axundu, ilahiyyat alimi Hacı Soltan Ustad Nərimana poeziyanın səmavi dilində bir qəzəl qoşub:
Aləmdə qoyub namını xanəndə Nəriman,
Seyyid kimi dünyadə gəzər zində Nəriman.
Ustadlıq edib xeyli müğənnilərə bişək,
Qoymazlar olar ki, ola şərməndə Nəriman.
Seyyiddən alıb musiqinin incə məqamın,
Gənc nəslimizi qoymadı daməndə Nəriman.
…”Segah” ilə ağlatdı bizi ahu-nəvası,
Əl atdı “Humayun”da da çox fəndə Nəriman.
Onun “Segah”ının ahu-nəvası çoxlarını dili yanana qədər dilləndirəcək, ürəkləri bu səsin istisindən soyumayacaq… “Humayun” sükutu öz qapısınacan qovub heydən salacaq… “Mahur-hindi” sanki onun səsinin boyuna biçilib, bu muğam sanki həyatının da ritminə uyğun gəlirdi. Hər dəfə onun ifasında bu muğama qulaq asanda Nəriman müəllimin həyat yolunun müxtəlif mərhələləri gözümün önündən keçir.
O, sadə, olduqca sadə bir həyat tərzi keçirib, yəqin ki, bu onun xarakterindən irəli gələn bir hal idi. Tələbələrinin səsi-sorağı az qala hər gün televiziya ekranlarından eşidilsə də özü efirə çıxmaq, səsini yazdırmaq haqqında düşünmək istəməyib. Elə buna görə ustadların ustadı olsa da adı çox vaxt kölgədə qalıb. Amma o, heç vəchlə kölgədə qalmağa layiq bir sənətkar deyildi.
Xalidə xanım deyir ki, bir neçə il bundan öncə Nəriman müəllimin həyat yolu barəsində “Aztelefilm”in istehsalı olan sənədli film çəkilib, Muğam Teatrında xatirə gecəsi keçirilib. Bu il isə yubileylə əlaqədar olaraq daha geniş tədbirlərin keçirilməsinə ehtiyac var.
* * *
İnsanlar “Əli ayağı” ziyarətgahına gəlib nəzir-niyazlarını verir, ürəklərinin mətləbini diləyir, həmdü-sənalar edib eşiyə çıxırdılar və yerin təkindən axan müqəddəs sudan üz-gözlərinə vurub bir-iki qurtum da içirdilər ki, ürəklərinin yanğısını söndürsünlər, sonra da tez-tələsik maşınlarına oturub gedirdilər iş-güclərinin dalınca. Bəs niyə gözləri önündə mavi xalı kimi sərilmiş dənizi görmürdülər, onun əbədi uğultusunu eşitmirdilər?..
… Dənizin üzü göyərmişdi, üfüqdə qaraltı vardı, deyəsən qar yağacaqdı. Mən hələ də həyatın amansızlığı haqqında düşünürdüm…
Amma onun səsi bu dünyaya məxsus deyildi, İlahi səs idi. Xalidə xanımı bu qədər itgilərin müqabilində ayaqda saxlayan, ağrının, əzabın qarşısında yenilməyə qoymayan da o Səs idi!..
Yaşı Sözdən də qədim olan Səsin əbədi Səfiriylə hələ çox görüşəcəyik!..
Üçüncü günün üçüncü itkisi
Ən rahat, qorxusuz yoldasan indi,
dünyanın ən təmiz, ağ donundasan.
Bircə Allah bilir hardasan indi;
ömrün əvvəlində, ya sonundasan.
Gedər əsə-əsə bu qara tabut,
qorxma, səni yolda salıb itirməz.
Yüz il bar gətirsə bu qara tabut,
bir də səndən gözəl meyvə bitirməz.
Ramiz Rövşən
“Bütün qara xəbərlər gecə saatlarında gəlir…” Bu misranı yazan cavan şairin özü gecə saatlarında qəfil qəzaya tuş oldu… Elə bu xəbər də məni bir payız axşamının şirin vədəsində yaxaladı. Ötən axşam yuxumu qarışdırmışdım və bütün günü səksəkə içində idim, nəsə xoşagəlməz bir vaqeə ilə üzləşəcəyimi hiss etmişdim. Amma bu cür insafsız və amansız xəbərə heç hazır deyildim. Heç…
Həmin gün bir yaxın dostun toy məclisində iştirak etməliydim, həmişə can-başla toya hazırlaşsam da bu dəfə əhvalım səbəbsiz-filansız pərişan idi və hətta bir ara fikrimdən keçirdim ki, Bəlkə, heç toya getməyim, başqa vaxt xəcalətindən çıxaram… Amma belə olmadı, toya gedəsi oldum.
Allah, heç elə bil toyda deyildim, həmişə toylarda özünü suda balıq kimi hiss edən mən biçarəyə görəsən nə olmuşdu? Özümü son dərəcə narahat hiss edirdim. Hamı tanış üzlər idi, amma mənə elə gəlirdi, yad bir mərasimdəyəm. Nəhayət, həyat yoldaşım İlhamə xanımın telefon zəngi bütün bu daxili vurnuxmaya son qoydu… Sən demə, mən bütün günü bu zəngin ağırlığı altında sıxılmışam…
Və qəfil ölüm xəbəri!.. Həyatımın üçüncü böyük itgisi! Atamın və anamın vəfatından sonra Dilşad xanım mənə həm ana, həm bacı oldu, məni təkliyin əjdaha kimi açılan ağzından xilas etdi. Doğmalar, yaxınlar, özümə arxa bilib güvəndiyim insanlar kürəyimə bıçaq saplayanda, arxamdakı dağlar uçanda O, öz zərif çiyinlərini irəli verib məni yıxılmağa qoymadı.
Neçə vaxtdan bəriydi ki, xəstə yatırdı. Tanış qorxu hissi məni içəridən didirdi, ürəyimi ovub tökürdü. Onu qəfildən itirəcəyimdən elə qorxurdum ki… Tez-tez zəng vurub qızı Gülnarə xanımdan əhvalını soruşurdum, o da deyirdi, gördüyün kimidi, yaddaşını itirib, yeriyə bilmir… Artıq dərmanlar da aciz idi, xəstəlik sürətlə inkişaf edib öz işini görmüşdü. Özü isə inanırdı ki, sağalıb ayağa qalxacaq. Mən də onun qədər inanırdım, çünki bu qadın başdan-başa həyat eşqiylə dolu idi, danışığıyla, ədasıyla, oturuşu-duruşuyla, zahiri yaraşığı ilə ətrafına ancaq işıq səpələyirdi. Hətta bir yeri ağrıyanda da cazibədarlığına, lətafətli görkəminə xal düşməsinə yol verməzdi.
Yaşı yetmişi ötsə də qocalıq hələ ki, ona qalib gələ bilməmişdi. Amma ölüm güclü çıxdı… Çünki ölüm Allah əmridir, “çıxmaq olmaz əmrdən!”
Qadın cazibədarlığı, məlahətli qadın işvəsi bütün yaş dövrlərində onun həmdəmi oldi. Qadınlıq ləyaqəti heç vaxt onu tərk etmədi. Baxmayaraq ki, şəxsi həyatında müəyyən uğursuzluqlar olub, amma o, daxili müvazinətini bir an da olsun itirməyib. Çünki o, ziyalı ailəsində böyümüşdü, atası Murtuza müəllim, vəfatından əlli ildən çox vaxt keçməsinə baxmayaraq, bu gün də Buzovna kəndində minnətdar duyğularla anılır.
Atası sadə kənd müəllimi idi, amma Mirzə İbrahimov, Seyid Şuşinski, Seyid Cəfər Pişəvəri kimi dövrünün tanınmış şəxsiyyətləri onunla dostluq münasibətləri qurub. Bu dostluğun canlı şahidləri olan kənd ağsaqqallarından bəziləri rəhmətə getsə də, bəziləri hələ də yaşayır.
Dilşad xanım saf bir mühitdə böyüyüb tərbiyə almışdı və əlbəttə ki, onun yaşadığı ömür də çoxlarına nümunə olmalıydı.O, nə az, nə çox, düz 47 il gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olub, yüzlərlə, minlərlə insanın müəllimi olub. Bütün gücünü, qüvvəsini, gəncliyini, sağlamlığını uşaqların maariflənməsinə sərf edib. Heç vaxt bezməyib, usanmayıb, bəxtdən, taledən gileylənməyib.
O, son dərəcə qürurlu insan idi, qürurlu olduğu qədər də həssas idi. Hardasa, kimdəsə özünə qarşı azacıq soyuqluq görsə, qətiyyən sınmaz, iradəsini səfərbər edərdi. Axı o, seyid qızıydı, buna görə də çoxlarında olmayan bir çox xüsusiyyətlərə, üstünlüklərə malik idi. Ömrünün son günlərində Allahla söhbətlər edirmiş. Qızı nə qədər qulaq kəsilsə də, bu söhbətlərin məzmunu haqda bir şey öyrənə bilmirmiş. Çox gizlicə, xəlvətcə, xısın-xısın danışırmış.
Görəsən nə barədə danışırmış? Əfsuslar olsun ki, bu pünhan söhbətlər həmişəlik bizim üçün sirr olaraq qalacaq. Bəlkə, də kənardan bu söhbətlərə müdaxilə etməyə Allahın rizası olmayıb. Bəlkə, də yox, yəqin belədir.
21 oktyabr. Ömrümün ən ağır, məşəqqətli axşamlarından biri. Acı xəbər köz kimi ürəyimi qarsaladı, yaxşı ki, qaranlıq idi, göz yaşlarımı görən yox idi. Mənə doğma olan qapının ağzına çatanacan heç cür toxtaya bilmədim, tezcənə mətbəxə keçib bir siqaret yandırdım. Aysel işığı yandırmaq istədi, qoymadım. Ürəyim az qala ağzımdan çıxacaqdı, xısın-xısın ağlamağa başladım. Həmin bu mətbəxdə nə qədər mənə çay süzmüşdü, yemək qoymuşdu, isti, məhrəm ana-bala söhbətləri eləmişdik… Doğrudanmı, bu çaydana, fincana, boşqablara daha onun pambıq kimi yumşaq əlləri toxunmayacaq?.. Doğrudanmı daha heç bir vaxt bu qapının arxasından onun mehriban, yumşaq səsini eşitməyəcəm?..
Onu son mənzilə yola salarkən mən həm də öz gəncliyimlə əbədi olaraq vidalaşdım. Onun dəfn olunduğu torpaq mənə bir az da doğmalaşdı, şirinləşdi. “Daha mənə bu dünyada, nə qaldı ölümdən əziz?..”
Dilşad xanım elə bir insan idi ki, mütləq gecənin bir aləmində yuxuda, ya da axşamacan ağrısını dişinə sıxıb mətbəxdə stulda oturanda ürəyinin başında gəzdirdiyi doğmaları ilə mehriban-mehriban söhbətləşəcək, gözəl günləri yada salıb kövrələcək, hətta göz yaşı da axıdacaqdı. O, məhəbbətinə, sevgisinə hörmət qoymağı da bacarırdı. Ömrünün sonuna qədər kübarlığını, xanım-xatınlığını qoruyub saxladı.
Haqsızlıqlarla üzləşən vaxtları da az olmadı, amma ona pislik edənləri hər dəfə öz yaxşılığı ilə utandırdı. Onun özünəməxsus həyat fəlsəfəsi vardı və sonadək bu həyat fəlsəfəsinə sadiq qaldı. Gənc yaşında ikən həyat yoldaşını itirib bircə övladıyla bərabər amansız həyatla üzbəüz qalmışdı. Amma büdrəməyə ixtiyarı yox idi, atasının təmiz adını qorumalıydı. Müəllim işləyə-işləyə özünə ev aldı, qızını min-bir əziyyətlə böyütdü, onu oxutdu, ali təhsil verdi. Köməksiz, ərsiz qadın üçün bütün bunlara nail olmaq asan deyildi. Bunun üçün iradə, qətiyyət, dözüm tələb olunurdu ki, bu da hər qadının işi deyildi. Onun fiziki-mənəvi dözümünə həmişə qibtə etmişəm. İradə və həyat eşqi hər zaman Dilşad xanımın dadına yetib.
Bu dəfə də onu darda qoymadı, sonuncu dəfə… Ölümü öz içində yetişdirdi, onun gəlişini də mərdliklə qarşıladı. Qızına üçüncü gün öləcəyini deyib. Dediyi düz çıxdı… Üçüncü gün səssizcə Əzrayıla təslim olub gözlərini yumdu… Cümə axşamı torpağa qovuşdu…
Amma bir həqiqət də var ki, mən bu ölümə heç vaxt inanmayacağam!..
Çiynimizdəki yük
Mirzə Ağabəyli… Üzünün cizgilərində qədim müdrikliklə sadəlövh uşaq təbəssümünün qovuşduğu əhli-vücud.
Tərs-avand dünyanın əzablarına qısılıb mistik hücrəsinə çəkilən abid.
Çalxanan zamanın dolaşıq labirintlərində yürüyən, saatını əbədiyyət vaxtıyla quran, xaos içində çeşidlənən görüntülərin harmoniyasını həssaslıqla duyan tərki-dünya bir dərviş.
Tanrının çiyninə qoyduğu yükü, boyuna biçdiyi missiyanı daşımaqdan qürur duyan, Adil İsgəndərov məktəbi keçmiş aktyor.
Onun haqqında düşünəndə ağlıma gələn ilk fikirlər bunlar oldu. Mirzə Ağabəyli kinoda da, teatrda da yaddaqalan obrazlar yaradıb. Amma ona tamaşaçı sevgisi qazandıran Rövşən Almuradlının çəkdiyi “Yük” filmindəki Ağa Musa Nağıyev obrazı oldu. Hər dəfə bu filmə baxanda çiynimdəki yük yadıma düşür. Bu yükdən hər insanın çiynində var, amma hamı o yükü daşıya bilmir. Filmdə Mirzə Ağabəyli bu yükü insana xatırladır, insan dünyaya gələndən bu yüklə birgə doğulur…
Vaxt vardı ki, Mirzə öz halal ömrünü yaşamağa vaxt tapmırdı. 90-cı illərin burulğanında o da çoxları kimi sənətdən aralı düşmüşdü. İtən vaxtına sahib çıxa bilmirdi, sanki özgə adamın vaxtını yaşayırdı. Bu, onun teatrdan, kinodan uzaq düşdüyü vaxtlar idi. İstedadın da vaxtından gedirdi. Buzovnada bir çörək dükanı açmışdı, çörəyi elə çörəkdən çıxırdı. Balalarını çörək satmaqla dolandırırdı. “Yük” filmi bir neçə xarici ölkədə nümayiş etdirilsə də Azərbaycanda hələ də ekranlara çıxmamışdı. Enerji ilə dopdolu günləri yola verə bilməyən aktyor qapalı orbit kimi özünə çəkilmişdi.
Amma qəfildən hər şey dəyişdi. Mirzə sənətə qayıtdı. “Ovsunçu”, “Hökmdarın taleyi” filmlərində yaddaqalan obrazlar yaratdı. Sənətkar 1982-ci ildən Akademik Teatrda çalışır və bu illər ərzində teatrın səhnəsində də az rollar oynamayıb. “Evləri köndələn yar”, “Mənim günahım”, “Ömrün yolları”, “Adı sənin, dadı mənim”, “Yollar görüşəndə” televiziya tamaşalarında müxtəlif obrazlar yaradıb.
Bir dəfə yazmışdım ki, Mirzə oxumamış bir kitabdır, bu kitabın səhifələrində oynamadığı rolların taleləri qovuşur, açılmamış dünyanın yelləri əsir. Zaman gəldi, nəhayət ki, həmin kitab vərəqləndi, oxundu.
Mirzə ilə tez-tez görüşürük. Sənət haqqında çox az danışırıq. Amma dəfələrlə ondan yazmaq istədiyimi özünə demişəm. Hər dəfə də gülümsəyib deyir ki, sən mənim haqqımda hər şeyi bilirsən, yaz da. Onun sevimli bir sözü var: “artistlik yaxşı şeydi, həyatda yox, səhnədə”. Onu həyatda heç vaxt artistlik edən görməmişəm. Bir neçə il bundan əvvəl Həcc ziyarətinə gedən aktyor dini inanclara son dərəcə bağlıdır və atası Qasım kişi kimi halallığı sevən insandır.
Mirzə danışır ki, 2008-ci ildə Akademik Teatr Tatarıstana qastrol səfərinə getməli idi. “Mesenant” tamaşası təqdim olunmalıydı. Ağa Musa Nağıyev obrazını oynayan mərhum sənətkarımız Yaşar Nuri xəstələndiyi üçün məni dəvət etməli oldular. Çox az bir vaxt qalmışdı. Tamaşanın rejissoru Bəhram Osmanov mənimlə məşq elədi və bu obraz mənə çox yaxın olduğundan rolun öhdəsindən gələ bildim. Kazanda nümayiş etdirilən tamaşada Ağa Musa Nağıyev rolunu oynadım. O vaxt teatrın direktoru Maqbet Bünyadov idi. O, mənə dedi ki, sən qayıt teatra, bura sənin doğma yerindir. Mən 2009-cu ildə yenidən teatra qayıtdım. Elə həmin ilin avqustunda mənə “Respublikanın əməkdar artisti” fəxri adlı verildi.
Mirzə Ağabəylinin necə aktyor olduğu oynadığı rollardan bəllidir. Adil İsgəndərov kimi nəhəng sənətkarın sinfində təhsil alıb pis aktyor olmaq qeyri-mümkündür. Mən heç kinoşünas da deyiləm ki, onun teatr və kino yaradıcılığından yazım.
Biz Mirzə ilə uzun illərdir ki, dostuq və kənddə yaşayanda həmişə evə çörəyi onun dükanından almışam. Son bir neçə ili kənddən aralı düşmüşəm və hər dəfə də yolum kəndə düşəndə mütləq Mirzənin dükanına baş çəkirəm. Özü olmasa da satıcı qızdan onu soruşuram. Təxminən bir ay bundan öncə kənddən zəng vurub dedilər ki, dayın oğlu rəhmətə gedib, başılovlu şəhərdən çıxdım. Şəhərə qayıdanda çox gec idi, gecəydi. Yolustü Mirzənin çörək dükanına baş çəkdim. Kənd camaatı bilir, onun dükanı çox vaxt gecədən xeyli keçənə qədər açıq olur. Eşidəndə ki, Mirzə dükandadı, yaxınlıqda yaşayan dostlar onun başına toplaşır. Mirzənin sözü-söhbəti bir ayrı aləmdir.
Xoşbəxtlikdən Mirzə dükandaydı, uşaqlıqdan tanıdığım tanış simalardan bir-iki nəfər də yanındaydı. Mirzə dükana gələn qonşularına çay da ikram edir. Bir az dərdləşdik, təzə çıxan kitabımı ona bağışladım. İki çörək almışdım, şəhərə çatanda maşının içinə baxdım ki, çörəklər yoxdu, dükanda qalmışdı.
Daha başqa yerdən çörək almadım. Halal adamın əlindən aldığın çörəyin dadı heç nəyi əvəz eləmir…
Mirzə, sağlıq olsun, bu dəfə səninlə ancaq sənətdən danışacağıq. Mütləq bir şəkil də çəkdirərik. Neçə illərin dostuyuq, hələ səninlə bir şəklimiz də yoxdur.
Şah tutun budağında çiçəkləyən “Segah”
Həmişə belədi… Birinci cümlə adamın amanını qırır, əhədini kəsir. Bilmirsən hardan başlayasan, ipin ucu heç cür ələ gəlmir.
Elə bilirdim onun haqqında yazmaq asan olacaq. Axı uşaqlıqdan onun çalğısını dinləmişəm, kəndimizdə onsuz bir toy şənliyi keçməzdi. Elə indi də belədir, hamı onu övladının xeyir işində toy mağarının yuxarı başında görmək istəyir. Valideynlərim efirdə Firuzu görən kimi tez dizlərini qatlayıb huş-guşla onu dinləyiblər. Rəhmətlik atam həmişə deyərdi ki, zalım balası, tarı elə cingildədir, mizrabı simə elə çəkir ki, ağlın başından oynayır.
Görəsən o, tarın dilini hansı muğamla açıb? Tarın ürəyinə hansı dəstgahla yol tapa bilib?
… Söz vaxtına çəkər. Ağacların matah vaxtı, kölgəliyin sərin əyyamında budaqdan asılmış köhnə radioda diktorun səsi hamımızı yerindən elədi, qulaqlar şəkləndi: “Segah”. Tarda ifa edir Firuz Əliyev.
Atamın gər səsi məni ayağa qaldırdı: -A bala, o priyomnikin səsini artır!
Anam başını aşağı salıb lobya təmizləyirdi. Şah tutun qalın kölgəsində xumarlanan kənd uşağı ilk dəfəydi ki, beləcə, muğamın sehrinə düşürdü… Tarın cingiltili səsi məni çox uzaqlara çəkib aparmışdı, arada bir xoflandım, ay Allah, yolu-rizi də tanımıram, mən indi geriyə necə qayıdacağam?
O səs məni necə uzaqlara aparmışdısa, eləcə gətirib şah tutun qalın kölgəsində buraxıb getdi. Başımı qaldırıb gördüm ki, anam içini çəkə-çəkə səssizcə ağlayır.
– Ay ma, bayaqdan məni axtarırdın? Qorxma, gəlib çıxdım, burdayam.
Anam gözünün yaşını əlinin arxasıyla silərək heyrətlə mənə baxıb – hara getmişdin bəgəm? – deyə soruşdu. Balaca uşağın ağlına gələn cavaba bax: – Ay ma, deyəsən, sən də uzaqlardaydın?! – Bu, elə anamın verdiyi sualın cavabıydı.
– Məni “Segah” aparmışdı.-dedi.
– Elə məni də…
Növbəti cavabım anamı bir az da heyrətləndirdi. – Bu uşaqdan nəsə çıxacaq… – dedi.
Sonralar hər dəfə şah tutun kölgəsinə çəkiləndə anayla balanın o qəribə dialoqu yaddaşımda təkrarlanır və qulaqlarımda Firuzun “Segah”ı səslənir.
O gün kəndə qaçaraq gəlmişdim. Qədim dostum Mirzə Ağabəyli məni görcək salam-kəlamsız birnəfəsə bunları qabırğama döşədi: – Xəbərin var, Firuzun 60 yaşı tamam olur!..
Bu təzə xəbərin iyinə düşüb sərhəd iti kimi köhnə Çimərlik stansiyası tərəfdəki bağına tərəf götürüldüm. Dedilər, şəhərdədi.
Qəzetin nəşrə hazırlandığı bu dar macalda özüylə görüşməyə vaxt tapa bilməsəm də onun haqqında beş-üç kəlmə demək fürsətini qaçırmaq istəmədim.
Tamam ayrı şey yazacaqdım, nəsə alınmadı… Bu yazını da ən çox ona görə yazdım ki, o köhnə xatirəyə güvə düşməsin…
… Bayaqdan mürgü döyən sükut deyəsən asta-asta qımıldanır – Firuz Əliyev tarını kökləyir. Deyəsən “Segah” çalacaq… Köhnə radio ağacın budağında əməllicə çiçəkləyib.
Gedim şah tutun kölgəsində yerimi rahatlayım… Tarın səsi atamı da, anamı da qabağına qatıb bu yurd yerinə gətirəcək.
Gətirəcək, bilirəm…
Həsən bəyin mülkü
Mən birinci sinfə gedəndə valideynlərim evimizi satmışdılar və “aşağı məhəllə” deyilən yerdə köhnə ikimərtəbəli evin ikinci mərtəbəsini kirayələmişdik. Bu evə “Həsən bəyin mülkü” deyirdilər, Həsən bəy kəndin varlı adamlarından olub, sovet höküməti qurulandan sonra bütün bəylər kimi, onun da var-yoxu əlindən alınıb. Çoxsaylı mülklərindən ona qalan elə bu ikimərtəbəli ev olub. Tağlı girişdəki möhkəm taxta qapının üstündə taqqulbab vardı, qapı arxadan rəzəylə bağlanırdı. Qapı və rəzəsi o qədər möhkəm idi ki, hansısa bir oğru bu qapını sındırmaq fikrinə düşsəydi, istəyinə nail ola bilməyəcəkdi. Kənddə bu cür qapısı olan tək-tük həyət tapılardı. Qapının künc-bucağını yaşıl yosun basmışdı.
Həsən bəyin oğlu olmadığından ev qızı Suğra arvadın ümidinə qalmışdı. Biz ora köçəndə artıq qocalmış qadın ömrünün son illərini yaşayırdı və divarlarının suvağı ovulub-tökülməkdə olan köhnə evdə tək-tənha qalırdı. Özünün dediyinə görə, əri lap çoxdan ölmüşdü, Məryəm adında bircə qızı vardı ki, o da ailəsiylə birgə şəhərdə yaşayırdı. Dul qadın hər həftə qızına baş çəkməkdən ötrü şəhərə yollanırdı. Bizim bu evə köçməyimiz onun sönük həyatına bir qədər canlılıq gətirdi. Yaddaşının bir küncündə qalaqlanmış xatirələri gün işığına çıxarmağa fürsət yaranmışdı, onun bu xatirələri oyatmaqdan başqa heç bir məşğuliyyəti yox idi. Onun özü bu gündə olsa da ürəyi keçmişlə döyünürdü, fikirləri keçmişdən qidalanırdı. Hər hansı bir hadisəyə keçmişin nöqteyi-nəzərindən qiymət verirdi, ətrafda baş verən dəyişikliklər onun sabitləşmiş, durğun düşüncələrinə təsir etmək gücündə deyildi. Hər şey onun beynində keçmişdəki kimi qalmışdı, dünyasını çoxdan dəyişmiş, sümüyü sürmə olmuş adamlar haqqında da indiki zamanda danışırdı. Deyəndə ki, ay Suğra xala, filankəs çoxdan rəhmətə gedib, özünü eşitməzliyə vururdu, sözünü qaldığı yerdən davam edirdi. Danışırdı, danışırdı, danışırdı, axırda ah çəkib kiriyirdi. Mən onun dərin qırışlarla dolu saralmış üzünə baxırdım, gözləri bulanıq idi, xatirələr də gözlərini canlandırmaq gücündə deyildi. Bu gözlər yaman çuxura düşmüşdü və ağarmış qalın qaşları bu gözlərin tünd bəbəklərinə kölgə salırdı. O, həyətdə də kölgə kimi görünüb yox olurdu, həmişə də qurumuş dodaqları altında nəsə pıçıldayırdı. Zaman onun belini çoxdan bükmüşdü, qarnı o qədər böyük idi ki, yastığa bənzəyirdi.
Suğra arvadın evində də hər şey keçmişin nişanəsiydi, taqqulbablı qapıdan içəri adlayan kimi sanki 40-cı, 50-ci illərə düşürdün. Həyətdə heç bir həyat nişanəsi gözə dəymirdi, bura sanki dünyanın unudulmuş bir parçası, zamanın zirzəmisi idi. Suğra arvadın aşağı mərtəbədəki otağı otaqdan çox ərzaq anbarını xatırladırdı, burdakı səliqəsizlik adamı heyrətə salırdı. Kəfkiri Allah bilir, nə vaxtdan dayanmış köhnə divar saatının üstünə hörümçək öz torunu çəkmişdi. Bir dəfə anam məni Suğra arvada nəsə demək üçün aşağı yolladı, axşam vaxtı idi, o, adətən, erkən yatırdı, səhər isə sübh tezdən oyanırdı. Balaca taxta qapını döyməmiş araladım və gördüyüm mənzərədən özümü itirdim; Suğra arvad sağ böyrü üstə uzanmışdı, mələfə üstündən azca sürüşdüyündən onun anadangəlmə lüt olduğunu gördüm. Arxası qapıya tərəf olduğundan məni görmədi, qulaqları ağır eşitdiyindən qapının aralandığını da hiss etmədi. Qapını örtmək də yadımdan çıxdı, tez yuxarı mərtəbəyə, anamın yanına qaçdım və gördüyümü anama danışdım.Utandığımdan yanaqlarım od tutub yanırdı. Yadımdadır, anam gülüb dedi ki, hə, o, gecələr lümlüt yatır. Görəsən niyə lüt yatırmış? Hələ də bu suala cavab tapa bilmirəm. Gənc qadını hardasa başa düşmək olar, amma üzərində həyatın son nişanələri qalmış bir qarı yatağa niyə anadangəlmə lüt soyunub girsin ki? Suğra arvadın qırışmış, eybəcər hala düşmüş bədəni aradan otuz ildən çox keçməsinə baxmayaraq hələ də gözlərimin önündən çəkilmir. Yeddi yaşım vardı və mən ilk dəfə idi ki, lüt qadın bədəni görürdüm…
Evin ikinci mərtəbəsi yaman gündəydi, yadımdadır, anam tozlu döşəməni, bucaqlarında hörümçəyin nəhəng tor toxuduğu kirli tavanı silib-təmizləməkdən ötrü iki-üç gün yaş əsgilərlə əlləşməli oldu. Yazıq qadın, güclü və sağlam olmağına baxmayaraq, axırda lap heydən düşmüşdü. Evin hər küncü nəmişlik qoxuyurdu. Yaxşı ki, üzü yaza doğruydu, yoxsa bizim üçün ikiqat çətin olardı. Həyət böyük idi, atam düşündü ki, buranı əkib-becərmək yaxşı olar. Beləliklə, bütöv həyəti bellə işlədi, balaca olmağıma baxmayaraq, mən də həyətin daş-kəsəyini, ot-ələfini təmizləməkdə ona kömək edirdim. Sonra atam həyətdə qoyunlar üçün pəyə tikdi və beş-altı qoyun alıb ora buraxdı. Mal-heyvan olan həyətə mütləq it lazım idi, kişi hardansa yaxşı bir it də alıb gətirdi və pəyəyə yaxın yerdə daşdan balaca yuva tikib iti ora zəncirlədi. O iti “toplan” deyə çağırırdım, bütün günü itlə oynayırdım. Amma bir səhər yuxudan ayılanda anam dedi ki, itə nəsə veriblər, bayaq yem verməyə gedəndə gördüm ölüb. Elə bil dünya başıma uçdu, yerimdən sıçrayıb həyətə cumdum, itin cəsədi yuvanın qabağında idi, ağzı açıq idi, cəhəngində qan qurumuşdu. Yerə çöküb hönkür-hönkür ağlamağa başladım. Anam məni heç cür ovuda bilmirdi. Atam deyirdi ki, iti zəhərləyiblər, özü də bilirəm bu kimin işidir, mənə sataşırlar. Qatlama bıçağı döşəyinin altından çıxarıb şalvarının arxa cibinə qoyanda anam qabağını kəsib yalvarmağa başladı. Bizi bədbəxt eləmə, – dedi, – qoy cəhənnəm olsun! Allah onun bəlasını verəcək. Bu yazıda mən həmin adamın adını çəkmirəm, çünki həmin adam da artıq dünyasını dəyişib. Amma atam hansısa toyda onunla üzbəüz gələndə sözünü ona demişdi və sifətinə bir şapalaq ilişdirmişdi.
Bir gün atam dedi ki, hinduşkalardan biri yoxdu, bütün həyəti gəzdik, hinduşka tapılmadı. Həyətin başındakı hasar çox alçaq idi və bu hind toyuğu da çox güman ki, bu alçaq hasardan qonşunun həyətinə adlamış ola bilərdi. Qonşuluqda yaşayanlar iki qoca ər-arvaddan ibarət idi. Əziz kişi uzun, caydaq kişi idi, başına həmişə kepka qoyurdu, siqareti müştüyə keçirib çəkirdi. Danışığı qüsurlu idi, sözlər ağzından güclə çıxırdı, arvadının adı da yadımdadır, Gülbibi. Gülbibi xalanın da bir gözü şüşədən idi, hansısa hadisə nəticəsində gözünün bir tayı şikəst olmuşdu. Danışıqlarından bilirdim ki, yerli adam deyillər.Bizimlə də təzə-təzə isnişirdilər. Atam hasardan Əziz kişini hayladı, Əziz kişi əlinin gözünün üstünə günlük edib “gəldim, başına dönüm” dedi. Atam dedi ki, Bəlkə, bizim hinduşka sizin həyətə keçib, bir baxardın. Əziz kişi o dəqiqə cavab verdi ki, ola bilməz, keçsəydi mən görərdim, ay qonşu. Atam qayıtdı ki, ay kişi, bir bax da. Əziz kişinin dayandığı yerdə qarğıdalı adam boyundan idi, toyuq orda olsaydı belə görmək mümkün deyildi. Əziz kişi deyəsən həyəti axtarmaq fikrində deyildi, eləcə yoxdu, bizim həyətdə hinduşka yoxdur, deyirdi. Qəfildən qocanın ayağının altında bir pırıltı qopdu, kişi özünü itirdi: Bay, bbbburda imiş kiii.
Sonra anam deyirdi ki, kopoyoğlu, hinduşkanın dalına keçmək istəyirmiş. Bir ayağı burda, bir ayağı gorda, tutduğu işə bax. O əhvalatdan sonra daha nə özü, nə də arvadı utandıqlarından hasara yaxınlaşmırdılar.
Gecələr qoyunlardan hansısa uzun-uzadı, ara vermədən mələyirdi və aşağıdakı qatda yatan Suğra arvadın yuxusu ərşə çəkilirdi və o, yerindən qalxıb deyinməyə başlayırdı. Biz yuxarıdan onun nə dediyini eşidirdik: “Sovxaya qalsın sizin bu qoyunlarınız! Sabah bu tövləni sökdürməsəm, heç atamın qızı deyiləm! Gündüzlər peyin iyindən həyətdə dolanmaq olmur, gecələr də yatmağa qoymurlar. Qoy bir səhər açılsın…” Səhər açılırdı, birtəhər Suğra arvadın qılığına girib onu sakitləşdirirdik, qoyunun əvəzinə ondan üzr istəyib söz verirdik ki, bu axşam “solo konsert” olmayacaq. Gecə qoyun çər dəymiş öz “vədini” pozurdu və Suğra arvad yenə bizi pəyəni sökdürəcəyi ilə hədələyirdi.
Artıq məhsul bəhər verməyə başlamışdı; keşniş, göy soğan, turp, vəzəri yetişmişdi və anam gün-günortadan axşama kimi dəstə bağlayırdı, atamla mən göy dəstələrini evin qabağındakı balaca hovuzda suya salıb kisələrə basırdıq, müştəri gəlib qapıdaca pulunu verib aparırdı.Atam Neft Daşlarında işləyirdi, bir həftə dənizdə, bir həftə evdə olurdu. Atam evdə olmayan günlərdə yük anamın üzərinə düşürdü, həyət-bacanı suvarmaq, ziyanlıq olmaması üçün əkilmiş məhsula qulluq etmək lazım idi, anam bu işlərin öhdəsindən gəlməyi bacarırdı. Qarşıdan sentyabr gəlirdi, mən birinci sinfə gedəcəkdim. Sənədlərimi məktəbə vermək üçün şəkil çəkdirməliydim. Saçım xeyli uzanmışdı, atam məni əvvəlcə bərbərə apardı. Bərbər həmişəki kimi uşaqlar üçün nəzərdə tutulmuş taxtanı kreslonun qoltuğuna qoydu və mən çıxıb onun üstündə oturdum. Atam bərbərdən xahiş elədi ki, sən Allah, qəşəng düzəlt bunun saçını, bu il məktəbə gedir qırışmal. O vaxt uşaqların saçını “polboks” etdirmək kimi bir dəb çıxmamışdı, bəşəriyyət hələ “inkişafın o həddinə” çox-çox illər sonra gəlib çıxacaqdı. Bərbərxanadan çıxıb fotoqraf Eldargilə gəldik. Eldar kəndin fotoqrafı idi, evləri biz qaldığımız mülkün yaxınlığında idi. Orta boylu, sifətdən taciklərə oxşayan qara bir adam idi. Mənim on bir aylığımda atam onu evə gətirib şəkillərimi çəkdirmişdi. O şəkillərdən birində mən anamın qucağındayam, atam da böyrümüzdə oturub. ”Bir şəklin tarixçəsi” yazımda Eldarı xatırlamışdım və yazmışdım ki, bu şəkil mənim valideynlərimlə ilk və son şəklimdir. İndi onlar həyatda yoxdurlar, bu anı tutub saxlayan fotoqraf da dünyadan köçüb. Onlar indi başqa bir dünyanın sakinidirlər. Amma biz nə vaxtsa yenə görüşəcəyik, amma başqa qiyafədə olacağıq. O anların isə şəklini çəkən olmayacaq. Belə bir yazı yazmışdım, indi düşünürəm ki, Bəlkə, Eldar o biri dünyada da bizim şəklimizi çəkəcək. Nə qədər səfeh fikir olsa da indi, bu anda ağlıma gələn ilk cümlələr bu oldu. Eldar mənim məktəb üçün şəklimi çəkdi, əynimdə ağ-qırmızı damalı bir köynək vardı, göy rəngdə şortik geyinmişdim, anam dərziliyi yaxşı bacarırdı deyə o şortiki də mənim üçün o tikmişdi. Çox təəssüf ki, o şəkil qalmayıb.
Məktəbə getməyimə iki-üç gün qalırdı. Atamla küçə qapısında dayanmışdıq, keçəl Abdullanın kiçik oğlu Ağabalanın aşağı məhəllədən qaçaraq gəldiyini gördük. Ağabala gonbul oğlan idi, bığ yeri təzəcə tərləyirdi, hələ əsgərliyə getməmişdi. Atam soruşdu ki, alə, kopoyoğlu, nolub, hara qaçırsan? Ağabala tövşüyə-tövşüyə sözləri ağzında qırıb-tökdü: – Şi-şirbala əəəmi, Güülbala əmi öldü, durma, gəl!
Gülbala böyük əmim idi. Ağabala kiçik əmimgildən gəlirmiş, atamdan əvvəl birinci onlara xəbər aparıb. Atamın ikiəlli başına qapaz vurduğu və “vaaay!” deyə qışqırması yadımdadır. Gülbala əmimgil “Xan bağı” deyilən yerdə qalırdılar. İndi onu dumanlı şəkildə xatırlayıram. Hündürboy, ağsaç kişi idi, ondan çəkinirdim. Atam böyük qardaşı kimi həmişə onunla məsləhətləşirdi və hesablaşırdı. Onun ölümündən sonra atam özünə qapandı, bütün günü evdə oturub susurdu və “Prima” tüstülədirdi. Əmimin qəbir daşı üçün götürdüyü şəklə baxanda burnunun üstü elə qırışırdı ki, elə bil asqırmaq istəyir. Əmim şəkildə dama-dama köynəkdə, ağ saçları səliqə ilə daranmış vəziyyətdə idi. Qəbrin başdaşına həmin şəkli vurulub. Bir dəfə atamın ağzından bir söz çıxdı: Elə bil atamı ikinci dəfə itirdim…
Həsən bəyin mülkünə köçdüyümüz ilin payızında mən birinci sinfə getdim.
O evdə başqa ailə yaşayır
Kənddəki evimizi bir “ZİL” sürücüsünə satdıq. Yeyib-içən, qumarbaz, şişman bədənli, göygöz kişiydi. Yanaqları həmişə qıpqırmızı olardı. O vaxt – doxsanıncı illərdə “ZİL” şoferləri yaxşı pul qazanırdılar. Kəndin bütün boş sahələri yerli və gəlmə adamlara satılmışdı və bu yerlərdə sürətlə tikinti gedirdi, quma, daşa güclü tələbat vardı. “ZİL”, “Kamaz” şoferlərinin əli pulla oynayırdı. Tikinti aparan adamlar çox vaxt daşın, qumun pulunu şoferə qabaqcadan verirdilər. Şoferin kimisə aldatmasından söhbət gedə bilməzdi, kənddə daş bazarına çıxan şoferlərin hamısını adbaad tanıyırdılar. Onda indikindən fərqli olaraq kənddə hamı bir-birini tanıyırdı. Əlihüseyn kişi ilə qonşu idik, atamla, indi olmasın, dost idi, bir-birləriylə çox şit zarafatları da vardı.
Atam əlində olan-qalan pulu təzə evimizin tikintisinə xərcləmişdi, pulsuz-parasız vaxtlarımız idi. Mən də heç yerdə işləmirdim, “pijon” vaxtlarım idi, ancaq evə ziyan verməklə məşğul idim. Əlihüseyn kişinin böyük oğlu Almaniyada yaşayırdı, deyilənə görə orda hansısa avtomobil şirkətində çalışırdı, kiçik oğlu Ramillə söhbətimiz tuturdu və qısa müddətdən sonra möhkəm dostlaşdıq. Zahirən atasının eyni olan Ramil əhlikef, baməzə oğlan olsa da dəhşətli dərəcədə atasından qorxurdu. Hava qaralandan sonra mütləq evdə olmalıydı, əks halda döyüləcəyi qaçılmaz idi. Rəhmətlik övladlarına qarşı olduqca əzazil idi. Mənim atam da ondan geri qalan deyildi. Rəhmətlik mənim üçün “Jiquli” markalı 011 maşını almışdı, mən də bütün günü kəndin küçələrində avaralanırdım. Həmin günləri xatırlayanda havalanmaq həddinə çatıram. Ən enerjili, sağlam vaxtlarımı necə də boş-boşuna yelə vermişəm. Bu, həmin dövr idi ki, çalışdığım qəzetdə siyasi yazılar yazmaqdan bezmişdim və öz ərizəmlə işdən çıxmışdım. Ədəbiyyat yanğısı məni qəzetçilikdən uzaqlaşdırdı, halbuki qəzetdə çalışdığım cəmi üç il idi. Çoxlu bədii kitablar oxumuşdum və qəfildən nə baş verdi, indi də izah etməkdə çətinlik çəkirəm, mütaliədən, yazı-pozudan tamamilə uzaqlaşdım. “Çəhrayı qan” romanında bu barədə təfsilatıyla yazmışam.
Ücretsiz ön izlemeyi tamamladınız.