Kitabı oku: «Uzaqdasan, soyuqdur»
KƏNAN HACI
UZAQDASAN, SOYUQDUr
şeirlər
İÇİNDƏKİLƏR
Bütün arzulara yox
Hardasan
Günahlarımın əfvinə
Hava proqnozu
Gəl birlikdə darıxaq
Sevgidi gələn
Uzun sürən xəstəlik
Səni sevdim, bağışla…
Milyon il əvvəl
Payıza təslim olmaq
Ölsəm, bağışla
Saxla gedən qatarı
Yeni il gecəsi tənha qalanlara
Uzunömürlü kədər
Qızılgülün tərifi
Ölümə məhkum insanın son sözü
Bu ev sənin qəbrindi, şair
Şərikli ömür
Dəlixana etüdləri
Ölüdən gələn məktub
Gecədən səhərə bir duyğu marşrutu
Afrodita
Sevginin ev muzeyi
Deyəsən, innən belə fəlakətin başlayır
İstanbuldan üç yarpaq şeir
Göy qübbəsinin altında
Səni gətirən külək
Unut…
Gözəlliyini güzgülər oğurlayan qadınlara…
Boşalmış ətir şüşəsi
Sənsizlik
Pəncərədən daş gəlmir
Yalqızlıq
Sonuncu gündən sonra…
Səndən o yana…
İkimiz də dəli olaq…
Təkcə Sən…
Odla su arasında
Belə Günəş görməmişəm…
Gözlərinin işığını yandır…
Ölüm qatarı
Bu şəhər
Günahdan qorxma
Susmağı unutmaq
Bütün arzulara yox
Heç vaxt mənim olmayacaq
nəsnələri arzulamaqla keçdi ömrüm,
sevdiklərim heç vaxt mənim olmadı,
ilk oxum daşa dəyəndən
yanıq düşmüşəm sevgidən,
arzular zamanın çuxurunda buxarlanıb,
yox olub,
arzuladığım qadınlar çox olub,
onlar da elə arzu olaraq qaldı,
insanı arzu qocaldır,
arzu öldürür,
tüpürdüm bütün arzulara!
Hər gün, hər saat, hər dəqiqə səni arzulamaq
araqdan, tütündən betər parçalayır
ciyərlərimi…
nə gəlirsən, nə gedirsən,
həyatımın ən öldürücü arzusu oldun sən,
sənə görə
tüpürdüm bütün arzulara!
Səni sevən gündən darıxmaq xəstəliyinə tutuldum,
ürəyimin döyüntüsü saniyələri qabaqladı,
yarpaq küləyə boyun əyən kimi
təslim oldum sənə –
yəni ayrılığa…
o gündən
tüpürdüm bütün arzulara!
Sən əzbərimdə olan
ən uzun bir şeirsən,
bir daha yadımdan çıxmazsan yəqin,
noolsun kəsildim bu imtahandan…
axşambazarıdı,
götürün, bütün hislərimi sizə bağışladım
və…
tüpürdüm bütün arzulara!…
Hardasan
Ünvanını tapmayıb
Üstümə qayıdır
Yorğun ümidlərim…
Darıxıram yol ayrıcında,
Vağzallarda,
Ünvanın dəyişib,
Xəbərsiz getmisən…
Hardasan, harda?..
Son dəfə nələrdən danışdıq?
Mən Ondan,
Sən də Ondan,
Özümüz yaddan çıxdıq…
Gözlərin uzaq idi,
əllərin yaxın,
istədim soruşum:
hardasan, harda?!..
Sən də gəlib keçdin ömrümdən,
Ürkək addımlarınla,
Sən də qalmadın…
Kirpiklərini yaylıqtək yelləyib keçdin,
Hardasan, harda?
Yenə ürəyimin səsini
ayaqlarım eşidir,
ümidim sən gələn yola söykənir,
susaraq getməyi
nə tez öyrəndin?
Hardasan, harda?!.
Günahlarımın əfvinə
Bu badəni sənin yoxluğuna qaldırmışam,
günahlarımın əfvinə içirəm –
bağışlamayacağını bilsəm də.
Mən də bu günahı seçdim özümə,
yanımda olsaydın, yenə günaha batardım,
günahsız yaşamaq olmur
bu fani dünyada…
günah həyatın astar üzüdü,
sənin yoxluğuna içirəm…
Orucu pozulmuş adam kimi
“daha keçdi” deyib
bir siqaret də yandırım
sənin yoxluğuna…
İndi ki, sən yoxsan,
nə var günaha batmaqdan asan?…
Xəyalımda səni düşünüb
özgəsinin qoynunda itdim,
sənin yoxluğundan başladı
xəyanətə aparan yollar,
sənin gözlərində batdım günaha,
özgənin qoynunda səni itirdim.
İndi ki, sən yoxsan,
nə var günaha batmaqdan asan?…
İçimdə qara gün üçün saxladığım ümidi
güllələdim bu gecə,
sənin yoxluğuna içdim bu gecə…
***
......
Adını yazmadığım şeirlərdə
yoxluğun uçurum qədər dərin,
Sənə susamışam,
dodağımdakı uçuq sənsizlikdəndi…
Sən yoxsan, darıxıram,
sənsiz zaman tank kimi keçir üstümdən,
özümü tox tuturam,
təbəssüm işarəsiylə
gizləyirəm kədərimi,
sümüklərimin xırçıltısını
batırır təbəssümüm…
adını yazmadığım şeirlərdən
külək kimi əsib keçirsən,
nəfəsin hopur sözlərə,
nəfəsin şeh kimi üzümdə qalır,
adını yazmadığım şeirlərdə
adının boş qalan yerini
nöqtələr əvəz edir
......
Zaman səni mənə uduzdurmasın,
Sən yaşa dünyada,
mən ölüm sənsiz.
Bir dəqiqəlik şeirlə məni yad etsən,
bəsimdi…
bağışla,
adını yazmadım yenə…
***
Sənin soyuqluğun
çıxmır canımdan,
pəncərəmdə çiliklənir Günəş,
bu yaşın soyuğu mənə bəs idi,
sən niyə soyudun sinəmdə birdən?..