Kitabı oku: «Uzaqdasan, soyuqdur», sayfa 3
ciyərim bu qədər tez parçalanmazdı,
gecələr sərxoş olub yatmazdım vağzallarda,
çıxmazdım adamlıqdan,
içimdəki bu boşluq olmasaydı…
İçimdəki dopdolu boşluğu
tək səninlə bölüşəndə
şərab kimi dumanlandırır beynimi kədər,
boğazımda qaynayır qəhər,
boğuluram bu boşluğun içində,
tez ol, boşalt içimi,
dolum yenə adamla,
baş qoyub yatım sevdiyim qızla,
daha nakam sevgilərdən yazmayım,
o qızın gül qoxuyan bədənindən,
incə nəfəsindən,
balınca dağılmış ipək saçlarından,
islaq dodaqlarından danışım…
sözlə səs arasında soyuqdan donmayım,
bir kreslo küncündə
ümidlərimi dizimtək qatlayıb mürgüləməyim…
Yorğanın soyuq bədəni
isitmir bu boşluğu,
tez ol, boşalt içimi,
dolub-daşım həyatla…
Arzuların qanadından
atılmışam ümid adlı boşluğa,
açılmır paraşütüm,
hər tərəf ayrılıqdı,
hər tərəf göz yaşıdı,
mən hansı səmtə düşüm?!..
Təbəssümümü
parklarda skamyaların altında gizləmişdim,
onun böyrümdəki boşluğu
addımlarıyla dolduracağı gün üçün…
boşluqlarda dincəlir yorğun ürəyim,
o, yoxdu,
sən də yoxsan,
açılmır paraşütüm,
hara düşüm,
hara düşüm?!…
***
Bu ömrün içində azıb arzular,
sən niyə arzudan uzaq düşmüsən?
Mən də ki… görürsən,
ya yaşamağa ya ölməyə yer gəzirəm,
bir vaxtlar bir ömrün sağ əli idin,
indi sağ əlim yoxdu,
sol əlin gücü çatmır
ömür yükünü çəkməyə…
şəkilli nağıl kitabıdı sanki fotoalbomlar,
mən sənə qıydım, sən insaflı ol,
cırma o şəkilləri,
bir gün yumulsa gözlərim,
gözlərimi açıq saxlar o şəkillər,
yarpaq kimi yaşıl qalar,
saralmaz o şəkillər,
yol kimi heç vaxt daralmaz, bitməz,
səninlə sevinər, gülər,
ağlayar o şəkillər…
əlində bir gün qalmasa,
qayıt o xoşbəxt günlərə,
salam ver o şəkillərə,
salamını alar gözlərim,
həmişə yanında qalar gözlərim,
“ala gözə qara torpaq
dolunca gözlərəm səni!..”
***
Sənin qorxun
neçə bal gücündədi?
yaman silkələndi sinəmdə ürək,
ipisti duyğularım
səpələndi eyvandan
bu qırmızı şəhərin
çinarları üstünə,
içimdə səninçün bir ev tikirdim,
pilləkənləri da inamdan idi,
ev uçdu, pilləkan salamat qaldı…
qolumu var gücüylə sıxır zaman,
damarlarım partlayacaq,
baxışlarınsa zamanla həmahəng…
saxlamaq olmur,
vaxt kimi keçirsən ömürdən…
əllərimin yolunu kəsir baxışların,
istəyim tavandakı lampatək sozalır,
möhnət çoxaldıqca möhlət azalır,
burax, külək ayaqqabılı girsin evə,
tərəddüdlərini lazımsız əşyalartək bük,
ver aparsın,
Vaxt kimi keçmə,
Baxt kimi gəl!…
***
Gecədir,
siqaret tüstüsü
dalğalanır başım üstə
məğlubiyyətin ağ bayrağı kimi,
bu gecə də sənsiz keçdi…
Çayım soyuq,
üzüm tüklü,
köynəyim kirli,
külqabım kötüklə dolu,
yatağım dağınıqdı…
qapını açıq qoyub yatıram,
səhərəcən sızıldayır
soyuq divarların kimsəsizliyinə…
Gecədir,
yuxumda həyatını sabahlara bağlamış
yorğun bir qoca görürəm,
istəyirəm deyəm ki,
sabah olmayacaq, qoca…
dilim tutulur,
yuxumu yastığımın altında boğuram,
bu gecə də sənsiz keçdi…
Gecədir,
durub cibimdəki pulumu sayıram,
növbəti maaşacan yaşamaq olar,
deyə düşünürəm,
yaxşı ki, ümid də pul kimi tükənmir,
yaşamaq olar birtəhər
sən gəlib çıxanacan,
bu gecə də sənsiz keçdi…
Dan yeri kimi sökülür
bu zülmətin faniliyi,
bu səhər də sənsiz açılır…
Milyon il əvvəl
Gecənin gec vədəsində
öz səsimə oyanıram,
görürəm ki, it kimi zingildəyir
ömrümün darvazası,
nə girən var, nə çıxan…
Görürəm ki, külqabıda
qara qələm tüstüləyir,
siçanın payına şərik çıxan qarışqalar
qurumuş qara çörəyin çuxurlarında
alpinist kimi gəzir,
bir cüt ayaqqabı
hələ də keşik çəkir
yalqızlığa…
bu ömrün də son abzası
ayrılıqla tamamlanır;
milyon il əvvəlki kimi…
***
sən də keçdin həyatın tərəfinə,
həyat kimi amansız oldun,
həyat kimi yeriklədin qanıma,
həyat kimi qəsdimə durdun,
arzuların gözündən vurdun,
ümidlərin dizindən…
amma yenə
həyatı sevdiyim kimi
səni sevdim!..
***
Ayrılıq təkrarlanır,
mən kədərin təkrarıyam,
sən həsrətin üfüqüsən,
məni bahardan alıb
payıza satır illər,
vaxtdan xəbərin yoxdu…
sevirik, amma ayrıyıq,
eyni səhvləri edirik,
sevgi də tarix kimi təkrarlanır…
Ücretsiz ön izlemeyi tamamladınız.