Kitabı oku: «Laokoon, Laokoon… yaxud bir romanın «gerçək» yazılma tarixçəsi»
Sən hər dəfə kitab oxuyanda, ağaclar sevinir və ölümdən sonrakı həyata inanırlar…
Müəllifin digər kitabları
♦ Yarımçıq əlyazma
♦ Sehrbazlar dərəsi
♦ Unutmağa kimsə yox…
♦ Sirlərin sərgüzəşti
♦ Laokoon… laokoon… yaxud bir romanın “gerçək” yazılma tarixçəsi
Kamal Abdulla. Laokoon, Laokoon… yaxud bir romanın “gerçək” yazılma tarixçəsi. Roman.
Bakı, “Köhlən” nəşriyyatı, 2021.
© Köhlən Nəşriyyatı / 2021
İSBN: 978-9952-8411-8-3
Ön söz
Umberto Eko (Yazıçı, filosof, ədəbiyyatşünas, İtaliya): “Yarımçıq əlyazma” romanı cəlbedicidir, amma onu çimərlikdə oxumaq olmaz.
Franko Kardini (Filosof, ədəbiyyatşünas, İtaliya): “Sehrbazlar dərəsi” əsərini birinci səhifədən sonuncu səhifəyə qədər dayanmadan oxudum. Romanı oxuduqdan sonra bütün gecəni nə gözümü, nə də ruhumu kitabdan ayıra bilmədim. Bu roman sanki hər birimizin dəruni avtobioqrafiyasıdır.
Kamal Abdulla bizə xatırladır ki, həqiqətin mürəkkəb, anlaşılmaz olması onun ustalıqla gizlədilməsi zərurətindən və ya bizim onu qavramamağımızdan irəli gəlmir. Bu onunla izah oluna bilər ki, həqiqət ya yoxdur, ya çoxdur.
Maks Statkeyeviç (Ədəbiyyatşünas, professor, ABŞ): Kamal Abdulla yazını və sirri bir araya gətirərkən insan məhkumluğunun xüsusi təyinatı haqqında fikri inkişaf etdirir.
Anastasiya Yermakova (Tənqidçi, Rusiya): Müasir ədəbiyyatda görkəmli Azərbaycan yazıçısı Kamal Abdullanın öz məxsusi yeri var. Onun nəsri təkrarolunmaz kaloritlidir.
Lüdmila Lavrova (Tənqidçi, tərcüməçi, mədəniyyətşünas, Rusiya): Fikrimcə Kamal Abdulla bu kitabda, dеmək оlar, imkansız, təsəvvürə gəlməyən bir iş görüb: о, sözlərin köməyi ilə yaradıcı təхəyyülü ətə-sümüyə bürüyərək еlə bir gеrçəklik həddinə çatdırıb, еlə məqama yеtişib ki, bu zaman artıq sən özün illüziyaya, başqalarının yuхusundakı хəyala, bəlkə də, haçansa kiminsə gördüyü yuхuya çеvrilirsən və bu yuхu haqqında rоman yazırsan.
Lev Anniskiy (Ədəbiyyatşünas, filosof, Rusiya): Məsələ Dədə Qоrqud əlyazmasının həqiqi və ya saхta оlub-оlmamasında dеyil. Оnsuz da ilğımdır. Bəlkə də, mətndəki buraхılmış yеrlər təsadüfi səciyyə daşıyır, ya da, оla bilsin, izi itirmək üçün düşünülmüş məqsədli dоlaşıqlıqdır… Оdur ki, mətndəki “bоşluqlar” və süjеtdəki “yırtıqlar” yalnız təhkiyənin zəruri “ilmə”lər və “stоp-kadr”larla təmin еdilməsini şərtləndirmir. Bunlar, еyni zamanda, mistik məna daşıyır və bu mənanı mütləq tariхi həqiqətlə əlaqələndirməyə еhtiyac yохdur. Çünki bеlə bir həqiqət yохdur. Nə о zamanlar mövcud оlub, nə də indi. Yalnız ilahi çalğı alətinin tarıma çəkilmiş simləri üzərində kəndirbazın оyunu var.
Anar (Yazıçı, tənqidçi, ədəbiyyatşünas): Kamal Abdulla elə şəxsiyyətlərdəndir ki, olduğu hər yerdə, gördüyü hər işdə başı uca olub. Yazıçı kimi də, alim kimi də Azərbaycan ədəbiyyatında çox önəmli yer tutan ədiblərimizdəndir.
İsa Həbibbəyli (Ədəbiyyatşünas, akademik): Kamal Abdullada elmilik və bədiilik o qədər vəhdətdədir ki, burada paralellik nəzərə çarpmır. O, təmkinli bir lokomotiv kimi paralel dəmiryol xətlərinin üzərində ədəbi-ictimai və elmi fikri irəliyə apara bilir.
Arif Acaloğlu (Ədəbiyyatşünas, filosof, tərcüməçi, Türkiyə): Kamal Abdullanın romanları yenidir, illərdir Azərbaycan oxucusuna roman adına yedirilənlərdən fərqli olaraq gerçəkdən romandır.
Klod Aliber (Ədəbiyyatşünas, professor, Fransa): Kamal Abdullanın “Yarımçıq əlyazma” kimi gözəl mətni Azərbaycan millətinin öz kimliyinə dərindən qayıdış zamanı ilə üst-üstə düşür.
Sudha Svarnakar (Ədəbiyyatşünas, professor, Braziliya): Kamal Abdulla “Yarımçıq əlyazma” romanında insanları, arzuları, insan dramlarını təqdim edir, banlar isə dillərin, adətlərin və inancların fərqliliyinə dəlalət edir, eyni zamanda, mədəniyyəti zəngin olan bir cəmiyyətin mif və əfsanələri ilə tanış oluruq.
* * *
Aqşin Yenisey (Şair, tənqidçi): Oğuzların igidlik dastanı “Kitabi-Dədə Qorqud”u postmodernist təftişin divanına çəkən Kamal Abdullanın əlyazması Ankaraya gəlib çıxmış “Bir romanın gerçək yazılma tarixçəsi” romanının ana ideyası da budur: mətnə inanmaq! Amma eyni zamanda ondakı semantik pauzalardan şübhələnmək! Romanın sujetini arxasınca dartıb aparan Vaqif obrazının “sonsuz lüğət” kimi inandığı mətn millətimizin arxeoloji anatomiyasını təsvir və təfsir edən “Kitabi Dədə Qorqud” dastanıdır.
…Heç bir mətn yalnız doğrulardan ibarət deyil, hətta ilahi mətnlər də. Mətnə inanmaq oradakı yalanlara da inanmaqdır; göz yummaq yox, məhz inanmaqdır. Bu, fövqəlbəşər möminlik məqamıdır. Kamal Abdullanın yazıcı qəhrəmanı Beyrəyə inandığı qədər Yalıncığa (yalançılığa) da inanır, çünki inandığı qədim mətndə, “…hamı bir-birinə inanırdı. Orda hətta Yalançı oğlu Yalançıya da inanırlar. Şöklü Məliyə də inanırlar. Təpəgözə də inanırlar. Orda Laokoona da inanardılar”.
Ramiz Rövşən (Şair, filosof, ədəbiyyatşünas): Köhnə dostum Kamalın bu yeni romanı (onun öz sözüylə desək, “romanabənzər”i), məncə, təxminən iyirmi il bundan əvvəl məşhur “Yarımçıq əlyazma” ilə başlayan romanlar silsiləsinin son, yekun kitabıdır. Hətta yazının adı da bunu deyir: “Laokoon, Laokoon… yaxud bir romanın “gerçək” yazılma tarixçəsi”. Söhbət hansı romandan gedir? Təbii ki, “Yarımçıq əlyazma”dan. Deməli, bu sonuncu roman birinci romanın yazılma tarixçəsidir. Və beləliklə, çevrə qapanır. Bütün tanış kodları, zahiri oxşarlıqlarıyla bərabər, bu iki roman bir-birindən çox fərqlənir. Əgər “Yarımçıq əlyazma”da bu gün, yəni gerçək zaman sadəcə çərçivə rolunu oynayırdısa və romanın az qala bütün toxumaları “Dədə Qorqud” dastanındakı müxtəlif motivlərlə, eləcə də Şah İsmayıl haqqında (“Çaldıran döyüşü” də daxil olmaqla) kitablardan bildiyimiz müxtəlif tarixi məlumatlarla bağlı bir çox gözlənilməz, paradoksal təxminlərdən, ehtimallardan, fərziyyələrdən hörülmüşdüsə, bu yeni romanda “Dədə Qorqud” motivləri, demək olar ki, sadəcə haşiyə şəklindədir, romanın əsas məzmunu isə aralarında böyük yaş və maraq fərqi olan iki nəfərin, Vaqiflə Firəngizin sevgi hekayətindən ibarətdir.
Vaqif müəllim Firəngizi də özü kimi “Dədə Qorqud”a yoluxdurmaq, “kitab”la “xəstələndirmək” arzusundadı. Və Firəngizin yuxuları onun bu arzusunun get-gedə gerçəyə çevrildiyini göstərməkdədi. Amma bircə gün həkim işləməsə də, hər halda, peşəsi həkimlik olan bu qızın bu “kitab xəstəliyindən” qurtulacağına da ümid eləmək olar. Çünki Vaqif müəllimdən fərqli olaraq, Firəngiz üçün yəqin Banuçiçəklə Basat arasında keçmişdə hansısa sevgi münasibətinin olub-olmadığını bilməkdən daha çox onun özüylə Vaqif müəllim arasındakı sevgi münasibətinin gələcəkdə necə olacağını bilmək maraqlıdır. Yəqin elə Vaqif müəllimin özünün də bir müddət “Kitabi Dədə Qorqud”dan, “Kitab”ın da Vaqif müəllimdən “dincəlmək” vaxtıdır.
…Enerji adlarda yox, adların sahiblərində olur. Bu da var ki, adların bir çoxu arxetip xarakteri daşıyır. Yəni alt qatında müəyyən “informasiya bankı” yerləşir. Bu mənada Vaqif adı, məncə, təsadüf deyil. Vaqif adının özünün belə, xalq arasında artıq enerjisi var. “Hər oxuyan Mola Pənah olmaz”, – deyirlər və Vaqif adı da bir vaxtlar böyük şairin çox bilikli olduğuna görə verilib. Kamal da bu adı yəqin ki, obraza təsadüfən verməyib. Firəngiz də bir gözəl qız adıdır. Adların insan taleyinə təsiri çox olur. Qıztamam, Kifayət kimi adlar hətta, dünya gözəli olsalar belə, o qızlarda bir diskomfort hissi yaradır. Amma sovet ədəbiyyatına məxsus bir ənənə, yəni müsbət qəhrəmana qanadlı, mənfi qəhrəmana isə tikanlı, bəzən hətta alçaldıcı adlar vermək ənənəsi çoxdan arxada qalıb. Çünki adlar obrazı deyil, obraz adı yaşadır.
Tehran Əlişanoğlu (Ədəbiyyatşünas, tənqidçi): Sözsüz ki, Kamal Abdulla özünün “Bermud üçbucağı” adlandırdığı “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox” romanları ilə ədəbiyyatımıza yeni roman tipi gətirmişdir. Müasir tematikada yazdığı son iki: “Sirlərin sərgüzəşti” və “Laokoon, Laokoon… yaxud bir romanın “gerçək” yazılma tarixçəsi” romanlarını yazıçının “Bermud üçbucağı”nı daha da dərinləşdirmək, əlavələr, şərhlər yazmaq, oxucunu daha da sirlər aləminə çəkmək cəhdi kimi dəyərləndirirəm. “Laokoon…”da özü işarə verir: “bir romanın “gerçək” yazılma tarixçəsi”; və baxıb-görürük ki, söhbət “Yarımçıq əlyazma”nın ərsəyə gəlməsindən gedir. Əlbəttə, düşünmürəm ki, bu roman “Yarımçıq əlyazma”ya aparan yeganə yolu göstərir; olsa-olsa “tarixçə” yazıçının təklif etdiyi versiyadır və bu ətrafda oxucunu “Bermud üçbucağı”nın daha da dərinlərinə çəkmək üsuludur. Prinsipcə, “Laokoon…” müasir sevgi romanı kimi də maraqla qarşılana bilər; Vaqif adlı bir alim-yazıçının Firəngiz adlı bir xanımla psixoloji çalarlarla zəngin münasibətləri üzərində qurulmuş sevgi romanı. Amma yazıçı sadəcə belletristika nümunəsi ilə kifayətlənməyib, oxucunu qəhrəmanı Vaqifin antika ilə çulğalaşmış alim və yazıçı dünyasına şərik etmək niyyəti güdür; çünki özünü də bu sirli-sehrli dünya çox məşğul edir…
Məncə, Kamal Abdulla Laokoon motivini heç də təsadüfən romana kodlardan biri kimi daxil etməyib. Bu, sadəcə Vaqifin dərk etməyə çalışdığı və Dədə Qorqud dünyasında da paradiqmlərini axtardığı düyün nöqtəsi deyil, həm də Kamal Abdullanın sənət görüşlərini ifadə etməyə çalışdığı düşüncə məqamıdır. Lessinqin məşhur “Laokoon, yaxud təsviri sənətlə poeziyanın sərhədləri” əsərindən də bilirik ki, bu antik mif hər dövrdə sənətin izahı, sənət görüşlərinin ifadəsinə bir vəsilə olubdur.
Kamal Abdullanın romana daxil etdiyi “tanış və yad sonsuz lüğət” anlayışı və bu ətrafda düşüncələri, mənimcə, dahiyanədir; həm yazıçının öz nəsr texnikasını, ifadə mükəmməlliyini dərk etməyə açar olur, həm də ümumən müasir yazı düşüncəsinin həyat materialını qapsamaqda nə qədər intəhasızlığı qarşısında heyrətləndirə bilir. “Sonsuz lüğət” müasir dünya təfəkkürünə modernist-strukturalistlərin daxil etdiyi Yazı anlayışı kimi, yaxud poststrukturalist-postmodernistlərin gətirdiyi Mətn anlayışı kimi bütöv bir düşüncə platformasına rəvac verir. Amma məsələ belədir ki, Kamal Abdulla, adətən, bu qəbildən olan “paralel dünyalar”, “möhtəşəm ahəng” və burada “sonsuz lüğət” kimi “sirlərin sərgüzəştləri” haqqında birbaşa elmi nəzəriyyələr kimi deyil, yazıçı qələmi vasitəsilə düşündürməyə üstünlük verir. Bu istiqamətdə “Laokoon…” da çox produktivdir; yazıçı-alim Vaqifin düşüncələri oxucunu bir-birini izləyən və tamamlayan çox belə fikir püskürmələrinə şərik edir…
Azər Turan (Ədəbiyyatşünas, tənqidçi): Məncə, yunan mifolojisi ilə türk mifolojisinin bir mətndə tətbiqi bizim ədəbiyyatımızda ilk dəfə baş verir. Və Kamal Abdulla hazır mifoloji mətni “Laokoon, Laokoon…”nun hansısa hissəsinə passaj şəklində daxil etmir. Mif günlük həyatımızı, romandakı personajların düşüncə dünyasını, həyata baxışını, yaşam tərzini Laokoonu saran ilanlar kimi sarır. Laokoon mifi də, Troya atı da, sevgi də Dədə Qorqud motivləri ilə eyni zamanın məhvərinə gətirilib. Vaqif də, Firəngiz də bu motivlərin bir hissəsini təşkil edir və ikisi də həmin məhvərdədirlər. Bu romanla Kamal Abdulla, məncə, öz yaradıcılıq kredosunu da ifadə etməkdədir. Yalnız tanış sonsuz lüğətdə (bəlkə də, yaddaşın alt qatında) var olan sevimli qəhrəmanları pyedestaldan aşağı, hamının yanına düşürmək Kamal Abdullanın kredosu olub. Özü demişkən, bu, çox təhlükəli idi. Amma Kamal Abdulla bunu öz elmi və bədii yaradıcılığı ilə paralel şəkildə gerçəkləşdirdi. Nəyi və necə? Modern sənət tariximizdə rəssam Mircavadla başlanmış “İlkin qata eniş” motivinin işlənməsi ədəbiyyatımızda bu romanın adı ilə assosiasiya edəcək. Kamal Abdullanın ilkin qata eniş cəhdi bu səbəbdən də mənə Mircavadı xatırlatdı. Dediyim kimi, rəssamlıqda bunu ilk dəfə hətta düşüncələrini paralel dünyalara pərvazlandıran, hətta Antik Yunan sənəti, renessans, hətta Tailand və Birma bütləri, Tuva balballarının fani əzəməti, Acanta və Tibet kahinlərinin yaratdığı ikonalardan, hətta eskimos sənətinin ruhlar aləmi ilə irtibatından, hətta şamanizmdən və nəhayət, yaşadığı zamandan sərf-nəzər edib fikrən tarixin və kosmosun ötəsinə – ilkinliyə sıçrayan Mircavad etmişdi, ədəbiyatımızda isə bu missiyanı Kamal Abdulla yerinə yetirir. Mircavadı anlamamışdılar. O isə tanış və yad sonsuz lüğətin bütün sözlərini əzbər bilirdi, bu lüğətin sözləri ilə sadə həqiqətləri kətana köçürmək istəyirdi: “Qədim əcdadlarmız bizə iki, bəzən yeddi, doqquzdan da çox dünyadan xəbər verib gediblər – fiziki və metafizik dünya. Ancaq mənim rəsmlərimi başa düşmək istəmirlər. Ən dəhşətlisi də budur ki, istəmirlər! İnsanlar xəstədir, onlara pəhriz yeməyi, incəsənət horrası lazımdır ki, boğazdan rahat keçsin. Onlar özləri özlərini başa düşmürlər, dünyanı necə başa düşsünlər?” Bir halda ki, onların tanış sonsuz lüğətləri yoxdu, doğrudan da, dünyanı necə başa düşsünlər. O zaman Micavadı suçladılar, sonra öydülər, ya da indi də Kamal Abdullanı suçlayırlar, yaxud öyürlər… bunlar “təfərrüat”dır. Əsas olan ilkin qata enişi təmin etməkdir.
Kamal Abdulla bunun cavabını Dədə Qorqud mətnlərində axtarır. Mənim yadıma İbn Fədlanın “Səyahətnamə”sində qədim türklər barədə verilmiş belə bir informasiya düşür: “Erkəklər və qadınlar bərabər çaya girib çırılçılpaq yuyunarlar, bir-birindən qaçmazlar”. Bu necə ola bilirmiş? Bunun cavabını dolayısı ilə Kramerin “Tarix Şumerdən başlar” kitabında tapa bilərik. “Çox şükür, modern tarixçilər Şumer şairlərini tərbiyəsiz hesab etmirlər”. Çünki ilkin təəssüratlarla yaşayan və sevən, şeyləri ilkin adı və mənası ilə adlandırıb yazan Şumer şairləri ilə bizi üç sivilizasiya ayırır… İlkinlik qatı hələlik üç mərhələsini bildiyimiz sivilizasiyanın dərinliyində, yaxud fövqündədir. Kamal Abdulla isə semantik işarələrə söykənib, belə demək mümkünsə, Dədə Qorqud sivilizasiyasında sevginin və qısqanclığın təzahür şəklini axtarır. Təkcə qısqanclıq deyil. Casus axtarışı da bu qəbildəndir. Kamal Abdulla elmin susduğu yerlərə yazıçı fəhmi ilə baş vurur. Dədə Qorqud dünyasını evbəev gəzir… Casusu dünyaya gətirən ananı axtarır və tapır. Ulissin sorağıyla Beyrəyin qapısını döyür.
Vaqif Nəsib (Yazıçı, tənqidçi): Romanı (romanabənzər deyil) olduqca bənzərsiz üslubda yazılmış psixoloji əsər hesab edirəm. Uzaq əsrlərin Laokoon xəstəliyinə tutulmuş bu günün bir Troya atlısının Firəngiz adlı bir qıza qarşı etinasızlıq mücadiləsi dünən və bu gün mənzərələriylə röya və çin şəkildə davam edir. Oxucusunu öz maraq məcrasına salıb, mübahisəli Troya atının tərkində bu günlərə kimi gətirib çıxarır. Əsər tarixi və müasir əsərləriylə nəsr meydanımızda at oynatmış bir müəllif qələmindən çıxmış. Ona görə əvvəlindən axırına kimi hər şey yazıçı səviyyəsiylə, yüksək peşəkarlıqla həllini tapmışdır.
Bu əsərdə maraqlı olan həm də nədir?.. Məsələ bundadır ki, ilk baxışdan qəliz görünən, az qala, oxucunu ürküdə bilən Laokoon adı çox keçmədən öz mənasını aydınlığına çıxarır. Etinasızlıq rəmzi olduğunun hayını-harayını salır. Elə hər şey də buradan başlayır. Əsər məcrasını, yunan, Troya abidələrinin yanından alıb, bu günlərlə, onun gerçəkləriylə bədii cənginə başlayır. Qəhrəmanı, yeni əsəri üzərində işləyən Vaqif ilişib qaldığı Laokoon kəlməsindən, həm də gerçək həyatındakı etinasızlığından özünün xilasına çalışır.
Elnarə Akimova (Ədəbiyyatşünas, tənqidçi): E.Lenort XIX əsrdə qədim karel-fin nəğmə və rəvayətlərini epos modelində uyğunlaşdırıb epik mətnin bütövlüyünü yaratmışdı. “Kalevala” adlanan bu epos arxaik folklor formalarının birləşməsindən yarandı əslində. Fin oxucusu, fin insanı da “Kalevala” qəhrəmanlarının, orada söylənən hadisələrin gerçək varlığına inandı. Niyə? Çünki bu eposla xalq öz qutsal dəyərlərinə qayıtdı. Hər bir xalqın öz keçmişi, yaddaşı, qəhrəmanlıq tarixi ilə ünsiyyət yaratmağın yolu epos estetikasından keçir. Epos xalqın təşəkkül tarixi ilə bağlıdır, millətə özgüvənlik ruhunu, mifik keçmişlə bağlantı əminliyini təlqin edir. Bu mənada, Kamal Abdulla mətnlərinin daim bir predmeti olub: Yazıya, yaddaşa inam! Həm də burada söhbət hansısa folklor formalarının məcmusundan deyil, dünya dastan yaradıcılığının nadir nümunələrindən sayılan, oğuz bahadırlarının savaş salnaməsi olan “Kitabi-Dədə Qorqud” eposundan gedir.
…Əslində, Vaqif də əsərdə Laokoondur. Kitabla bağlı beynindən keçən fikirlər, qaranlıq boşluqların yaratdığı gərginlik, bunları kimləsə bölüşmək ehtiyacı və inanılmamaq qorxusu! Firəngizin ona inanması onda öz fikirlərini yəqinləşdirmək üçün gərək olur. Ona inanılmağı istəyir: “Vaqifin Firəngizdən bunu eşitməyə ehtiyacı vardı: “sənin sevdiklərini mən də sevdim. Mənim çiyinlərimdə pudluq daşlar var idi. İndi yoxdular. Onlar hara yox oldular?! Mən çəkisizəm. Mən azadam. Mənə elə gəlir ki, uçmaq istəsəm, uça bilərəm. Sən də mənimlə uça bilərsənmi”?!
Yazıçı Kitabdakı qaranlıq boşluqlara diqqət yönəldir: Təpəgözün özünü öldürməsini sui-qəsd, yaxud öz canına qıyması kimi mənalanması, Qısqanclıq – Banuçiçək-Basat məsələsi, Casus – Kafisin casusu. Kamal Abdulla manerasına sadiq qalaraq, yenə də oxucunu özünəməxsus ədəbiyyat dünyasının labirintinə salır. Mizanları istədiyi kimi qurur, müxtəlif passajlarda improvizələr edir. Faktiki olaraq, reallıqla mifoloji arasında sərhəd götürülür, bədii obrazla real şəxsin iç-içə keçdiyinin şahidi oluruq. Əsərdəki casus bölümü bunun sübutudur.
Əsərdə qəhrəmanın iki həyatı paralel şəkildə yaşanır. Yazıçı bu iki həyatı o qədər dərinlikdə mətnə tətbiq edə bilir ki, heç biri kölgə rolunu oynamır. Vaqifin anası, qardaşı ilə münasibətləri, sevgi həyatı, iş həyatı – hər biri əsərdə periferiya olmayıb, mərkəzçi status daşıyır. Eyni zamanda onun Kitab sevgisi, ona addım-addım yaxınlaşmaq, çözmək məramı da həmçinin. Yazıçı qəhrəmanın təkliyini tez-tez mərkəzə gətirir. İş prosesində olsa belə, içindəki yazı ilə baş-başa qalmış vəziyyətdədir. Hətta dəniz kənarında sevdiyi qadınla birlikdə keçirdiyi zamanın ürəkaçıcı olmaması, daha çox evə – düşüncələri ilə tək qalmağa, özünəqapanmağa can atması onun daxili aləminin sıxıntısını, mənəvi diskomfortunu maddiləşdirir.
Maral Yaqubova (Ədəbiyyatşünas, tənqidçi): Hər hansı bir müəllifin daha əvvəl yazdığı bir mətni, onun yazılma tarixçəsini başqa bir mətndə mövzuya çevirməsi ədəbiyyatımız üçün ilkdir. Fikirdən sözə, sözdən fikrə, poetik enerjidən dilə, dildən poetik enerjiyə gedən yollar nə vaxt üst-üstə düşür? Müəllif fikirdən sözə gedərkən özündən əvvəlkilərin getdiyi yolla gedəndə oxucu da artıq çoxdan hamıya məlum bu tapdanmış yolla sözdən fikrə qayıdır, ədəbiyyatsızlaşma başlayır. Müəllif fikirdən sözə yeni yollar salanda, yolları özü axtarıb tapanda, oxucusuna da sözdən fikrə aparan yollar yaratmaq şansı və imkanı verəndə hər şey dəyişir, ədəbiyyat yaranır. Oxucunu hermenevtik dolanbaclarda azdırmaq, labirintə salmaq, təhkiyə meşələrində gəzintiyə çıxarmaq, bir sözlə, ədəbiyyatı dilin qrammatik həbsxanasından xilas etmək hər mətnin işi deyil. “Laokoon, Laokoon… yaxud bir romanın “gerçək” yazılma tarixçəsi”nin oxucusu bilməlidir ki, Vaqif sirləri eləcəsinə açmağa gəlməyib, “oyun”u qaydalarına görə oynamalı!
Ədəbiyyatı həvəskarlıqdan bir-iki pillə yuxarıda dayanıb oxuyanların mətnə ünvanladığı suallar fərqli olur, onların mətni dəlik-deşik edərcəsinə təftiş etmək, söküb-yığmaq, mətni astar-üz etmək kimi “zalımca” vərdişləri var, ona görə zalımca deyirəm ki, bu “zülm”ə tab gətirməyən mətnləri əvvəlcədən bəlli aqibət gözləyir: yox olmaq! Bir mətni bu qədər təftiş etmənin məqsədi və niyyəti nə ola bilər, nəyi axtarıb tapmaq istəyirik? Yüzlərlə cavabın dönüb dolaşıb gəldiyi yer birdir: ədəbiyyat necə yaranır, oxuduğumuz mətnin arxasındakı böyük enerjini görmək, bəli, məhz görmək istəyirik. Bir mətn necə yazılır, bir mətn necə formalaşır, necə ərsəyə gəlir, təxəyyülün, bilginin, yaddaşın, həyat hadisələrinin, təəssüratların iştirak nisbəti necədir? “Laokoon, Laokoon….yaxud bir romanın “gerçək” yazılma tarixçəsi” romanında Vaqif hər şeyi etiraf edir: “Sanki sadə bir şey idi. O, öz sözünü başqasının, özü də reallıqda olmayan bir başqasının adından bu mətnə salmışdı…..Yad sonsuz lüğətdən gələnlər əvvəl-əvvəl ad şəklində, sonra söz şəklində, sonra da ideyalar, fikirlər şəklində bahar seli kimi gəlməyə başladılar və yavaş-yavaş onun tanış sonsuz lüğətlə yazılmış mətnlərinə dolub bu mətnləri onun özü üçün də bəzən tanınmaz etdilər.” Kamal Abdulla haqqında oxucuya məlum olan bilgilər, oxucunun təxmin etdiyi bilgilər və oxucunun heç bilmədiyi bilgilər (anılar və təəssüratlar) mətndə birləşir, Vaqif həm tanışdır (Kamal Abdullanın sözlərini “özününküləşdirir”, özünü bilərəkdən ifşa edir), həm də yaddır (təğyiri-libasdır, bu dəfə oxucu deyil, yazıçıdır, “Yarımçıq əlyazma”nın fiktiv müəllifidir). Kamal Abdullanın növbəti avatarı – ədəbiyyatın uydurma-qurma Vaqifi biz oxucularla “Yarımçıq əlyazma”nı ortaya çıxaran poetik enerjinin heç də sadə olmayan mətnləşmə yolçuluğunun hələ beyində yazılan mərhələsini paylaşır.
Mətanət Vahid (Ədəbiyyatşünas, tənqidçi): Kamal Abdullanın bütün mətnlərinə xas ümumi bir cəhət var: o, sözün içində gizli olan cövhəri görür, duyur və öz yazdıqları ilə artıq var olanı üzə çıxaran sərraf kimi hiss etdirir. Dastanda yazılmayanların oxunmalı və yazılmalı olduğuna inanan Vaqifin məqsədi Kitabın bətnində var olanı “kəşf etmək”, onlar əsasında uydurula bilənlərlə mətni tamamlamaqdır. Belədə o, bilərəkdən və ya bilməyərəkdən Dastanın ikinci müəllifliyinə iddia etmiş olur.
Kamal müəllimin bu romanını onun bütün yaradıcılığından müstəqil şəkildə də oxuya bilərik. Amma nə olur olsun, onun bu romanı da dünya ədəbiyyatı ilə olduğu kimi, elə özünün elmi və bədii yaradıcılığı ilə də intertekstualdır – bu, Kamal Abdullanın yaradıcılıq stixiyasıdır. Məsələn, romanda Firəngizin Dastana inanmasıyla bağlı etirafı mənə bir neçə il öncə müəllifin “Kitabi-Dədə Qorqud” poetikasına giriş” kitabının nəticə hissəsində oxuduğum fikirləri xatırlatdı: həmin abzas qulaqlarımda bu romanın özəti kimi səsləndi. Yəni biz nə qədər tanış “sonsuz lüğət”dən qaçmağa çalışırıqsa, yenə onun təsiri üzərimizdə izini qoyur. Yaddaşımızı itirmədən onlardan qaçmaq mümkün deyil. Lakin bütün tanış bilgiləri mütləq doğru hesab edə bilərikmi?! Bizi içinə çəkən sözlər, süjetlər “Troya atı” da ola bilər – qurama, saxta, aldadıcı…
Qismət (Şair, tənqidçi): …məncə, interdisiplinar eranın yazıçısı Kamal Abdullanın mətnini sənət növləri arasında kateqorik sərhədlər qoymaq istəyən Lessinqin dekonstruksiyası kimi də oxumaq olar.
…Kamal Abdulla bu romanıyla, əslində, riskə gedib. Çünki məşhur "Yarımçıq əlyazma" nın yazılma prosesindən bəhs edən bu yeni roman əvvəl yazılan əsərin kölgəsində qala bilərdi. Ancaq o, bu romanı müstəqil əsər statusuna qaldırıb, məncə, əgər "Bir romanın "gerçək" tarixçəsi" əsəri "Yarımçıq əlyazma" dan əvvəl yazılsaydı da, biz bu əsəri yenə maraqla oxuyardıq.
Nargis (Yazıçı, tənqidçi): Romanda postmodernizmin əsas elementlərindən böyük ustalıqla istifadə olunub. Bu kontekstdə roman “Kitabi-Dədə Qorqud” dastanı və “Yarımçıq əlyazma” romanı ilə intertekstual əlaqədədir. Romanda yazar labirint effekti yaratmağı bacarıb. Bu aspektdən tez-tez real həyatdan dastana, oradan da postmodern romana keçidlər mövcuddur.
…Laokoon, Laokoon… yaxud bir romanın “gerçək” yazılma tarixçəsi” adlı romanda hər şey bir-birilə paralellik və vəhdət içərisindədir. Romanın labirintlərində gəzişdikcə sanki “Yarımçıq əlyazma”nın səhifələri ilə qarşılaşırdım. Bu səhifələr notlarla, maraqlı fikirlərlə, romanın ilk nüsxələrinə göndərmələrlə doludur… Basat Banuçiçəyi sevirdimi? Banuçiçək yalnızca Beyrəyi sevirdi. Bəs kafir qızı? Necə oldu ki, eşqini qəlbinə gömüb taleyi ilə barışdı? Sirr axı haradadır?
Ülvi Babasoy (Ədəbiyyatşünas, tənqidçi): Kamal Abdulla “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox”, “Sirlərin sərgüzəşti”, “Laokoon, Laokoon… yaxud bir romanın "gerçək" yazılma tarixçəsi” romanları ilə beşlik-xəmsə yaratmışdır. “Yarımçıq əlyazma” “özün üçün büt yaratma” deyir. Tabuları dağıtmaqla yanaşı, Azərbaycan ədəbiyyatına fərqli və yeni struktur estetikasını gətirir. Yeni Azərbaycan romanı hərəkatını başladır. Sehrbazlar dərəsi” intiqam hissi ilə yaşama fikrini “new age” (yeni tərz, yeni dəb) üslubla nağıl poetikasının vəhdətində təqdim edir. “Kitabi-Dədə Qorqud” dastanının poetikasına giriş” əsərindəki nəzəri-metodoloji gəzişmələr, sayrışmalar və mətn konsepsiyası “Sehrbazlar dərəsi” romanında praktiki əhəmiyyət daşıyır. Mətnin enerjisi tezisi “Sehrbazlar dərəsi” romanı ilə səsləşir. Kamal Abdulla “Unutmağa kimsə yox” romanında bir dünya ilə kifayətlənmir. “Sirlərin sərgüzəşti” romanında arxetip və arxefaktlar yeni üslub və görkəmdə üzə çıxırlar. “Laokoon, Laokoon… yaxud bir romanın “gerçək” yazılma tarixçəsi” romanı metatekstual ədəbiyyat hadisəsidir. Kamal Abdullanın yaratmış olduğu mənt dünyasının – beşliyin tarixi və mifoloji yaddaşı “Laokoon, Laokoon… yaxud bir romanın “gerçək” yazılma tarixçəsi” romanı ilə qapanır. Bodliyarın “hiperreallıq” adlandırdığı çağın roman konsepsiyası əyaniləşir.
Laokoon… Laokoon…
yaxud bir romanın “gerçək” yazılma tarixçəsi
Tanış və yad sonsuz lüğət
Heç zaman etmədiyi, hətta edə biləcəyini ağlına belə gətirmədiyi bir işin “peşinə” düşdüyünün fərqində idi. Qələmi ələ alıb səhifə-səhifə uydurma uydurmaq, özü də elə uydurmaq ki, mətnin ən uzaq hissələri bir-birini təkzib etməsin, bir-birilə həmahəng şəkildə qaynayıb-qarışsın – ona elə gəlirdi ki, bu iş ömründə onun işi ola bilməz və o, ağlını itirib belə bir işə girişsə də öhdəsindən heç vədə gəlmək iqtidarında olmayacaq.
Sonralar, çox sonralar bu nəhəng iş bitəndən sonra, bu əməli-müşkil ilə savaşıb arxasını yerə vurandan sonra Vaqifin beyni sanki aydınlığa qovuşdu. O, nəhayət, belə bir adi həqiqətə inandı ki, hər adam yer üzünə öz əlahiddə missiyasını yerinə yetirmək üçün gəlir və bu mənada onun – Vaqifin missiyası məhz qələmi əlinə alıb yazmaq, yazmaqdır. Və bunu bir daha anlayandan sonra o, yazdığı mətnin içinə girməyə başladı. Onun diqqətini sözlərin məkanı, sözlərin sözlərlə dərindəki münasibəti, şəkilçilərlə sözlərin özünəməxsus dialoqu, sözlərin qəribsəmiş kimi qalmış tanış mənası çəkdi. Bütün bunların artıq mətnin ümumi mənası ilə elə bir əlaqəsi yox idi. Bunun daha çox mətnin oxunarkən fikir verilmədiyi qeyri-tanış səthi ilə əlaqəsi var idi. Bu səthin öz “dil”i var idi. Orada gizli olsa da, müəyyən proseslər gedirdi: söz, bəzən oxunuşda bu bilinməsə də, yanındakı sözü tanımırdı, ondan uzaqlaşmaq, onu unutmaq istəyirdi… Uzlaşmalar çətinliklə bir-birinə uyğun gəlirdi. Bu, təlatümlü dənizin dibindəki səssiz ahənglə müqayisə edilə bilərdi, amma buna əksinə müqayisə demək daha düzgün olardı. Mətnin dibində rüzgar qopur, üzdə isə hər şey sakit, rahat…
Mətnin üzdə olan dünyası hələ ki, onu qane edirdi. Bu dünyanın təlatümdən uzaq quruluşu onun üçün daha maraqlı idi, dərinə enmək üçün xüsusi həvəs gərək öz-özünə yarana idi, o isə hələ yaranmamışdı. Yazmağa girişdiyi haman əməli-müşkilin, o fantom əsərin birinci cümləsi ilə sonuncu cümləsi arasında yer tutan və onun özünün “sonsuz lüğət” adlandırdığı mürəkkəb və nəhayətsiz çoxluğun içindən çıxıb gələn tanış sözlər, ifadələr, şəkilçilər, köməkçi sözlər, hətta durğu işarələri o istədiyi an itaətkar bir şəkildə mətn içində öz yerlərini dinməz-söyləməz tuturdular – eynən nizam-intizamlı əskərlər kimi. Bu mənzərə bəzən çox gözəl bir sahmanla başa çatırdı. Bəzən onun özü buna mat qalırdı. Amma qəribə olan bu deyildi. Qəribə olan o idi ki, Vaqif bütün bu əməldən gözlədiyi ləzzət dərəcəsini almırdı. Niyə belə idi – bu, aydın deyildi. Əsl ləzzət hissi – o gözəl və böyük an sonra gəlirdi. Yazı prosesinin əsl ləzzəti gözlənilməz bir yerdə “gizlənmişdi”. Bu ləzzət son nöqtəni qoyandan sonra ortaya çıxırdı. Bu zaman o artıq ona tanış mətnlə işləməyə başlayırdı. Bu zaman o tanış mətnə yad mətn kimi baxmağa çalışırdı. Mətndən bir müddət uzaqlaşır, onu “unudur”, sonra yenidən sözləri kənardan seyr edir, nəyisə dəyişir, tanış sözlər mətni tərk edir, başqa tanış sözlər mətnə daxil edilirdi. Mətnlə işləmək çox zövqlü bir iş idi. Əsl ləzzət hissini də Vaqif bu zaman almışdı. O bu ləzzət hissini əvvəllər keçirdiyi heç bir hissə dəyişməzdi.
Yazıb bitirdiyi romanın əlyazmasını birinci dəfə oxumağa başlarkən özündən xəbərsiz dodaqlarına təbəssüm qonmuşdu. Əgər yer üzünə öləndən sonra dəfələrlə gəlmək ideyası həqiqətə uyğundursa, deməli, o, əvvəlki həyatında redaktor olub. Bu işi bəyənmişdi. Amma bir müddətdən sonra fikir verib gördü ki, mətnlə işlərkən qəribə hallar baş verir. Əvvəl ehtiyatla, sonra həvəslə, daha sonra haman o ləzzətlə artıq hazır mətni redaktə edib dəyişdirdiyi təzə şəkilçilər, sözlər, cümlələr, durğu işarələri, o gördü ki, mətn içində özlərini sanki birtəhər hiss edirlər. Hər biri, elə bil ki, əvvəlki mətnə münasibətdə, Qazi Bürhanəddin demişkən, “qədd tutub” durur, köhnə əhatədə özlərini yad ünsür kimi aparır, köhnə mətnin içində heç cür əriyə bilmirdilər. Redaktədən sonrakı ünsürlər sanki ona məlum tanış “sonsuz lüğət”in içindən çıxmamışdılar.
Vaqifin qəlbini qəribə bir şübhə hissi bürüməyə başlayırdı. Bəlkə bu dəyişmələrlə gələn yeni sözlər, ifadələr və sairə onun yaxşı tanıdığı, bildiyi, əsəri yazarkən külli-ixtiyar sahibi kimi içinə girib istədiyini götürdüyü haman tanış sonsuz lüğətin hissəcikləri deyil?! Bu hissəciklər bəlkə başqa, ona tanış olmayan, tamam başqa sonsuz lüğətə məxsus idilər?! Ona yad olan sonsuz lüğətə?! Belə ola bilərdimi?! Əgər belə olsa idi, o zaman onun taleyində neçə sonsuz lüğətin mövcudluğu mümkün idi?! Doğrudanmı, görəsən, onun tanıdığı sonsuz lüğət yeganə deyil, ona paralel başqa sonsuz lüğətlər də var?! Dəyişmələrin axı limiti ola bilməzdi, dəyişmələr axı sonsuza məhkum idi. Belə olan təqdirdə lüğətlər də məntiqlə sonsuz olmalı idilər. Və “sonsuz lüğət” adından da göründüyü kimi özünü doğruldurdu.
Sonsuz lüğətlərin içində itib batmaq ehtimalı Vaqifi qorxutmurdu. O, bir sonsuz lüğəti o biri ilə əvəzləməyə şövqlə davam edirdi. Onu qorxudan başqa şey idi. O biri, başqa “sonsuz lüğət”in müdaxiləsi mətnin onun tərəfindən əvvəlcədən nəzərdə tutulmuş ideologiyasını dəyişə bilməzmiydi?! Bu sualın cavabını o bilmirdi, amma ona təkidlə cavab axtarmaqdan da usanmırdı.
Bu yazdığı mətn digərlərinə bənzəməyəcəkdi. Özü özünü bu əlçatmaz xülyaya inandırmaq istəyirdi. İnandırdıqca inandıra bilmirdi. Amma istəyirdi. Beynində bütün buna qədər yazdıqları bir-birinə qarışır, bir-birini məhv etməklə məşğul olur, nəhayətdə anlaşılan o olurdu ki, tutalım, təsvir etdiyi o qızın surəti həm tanıdığı heç kiminki deyil, həm də onların hamısının cəmidir. Özünə təskinlik verməkdən isə bir şey çıxmırdı. “Hər adam ömrü boyu bir kitab yazır” – bunu kim söyləmişdi, Vaqifin yadında deyildi. Bəlkə də özünün sözləri idi – indi xatırlaya bilməyəcəkdi. Deyəsən, o, özünün ən çox qorxduğu bir xəstəlik zonasına girirdi: başqalarının dedikləri ilə öz dediklərini artıq bir-birindən ayıra bilmirdi. Özümü deyib bunu, ya bir başqa yerdən oxuyub – çox zaman onun özü üçün belə bu incə sərhəd xəttini ayırmaq asan olmurdu.
Bundan daha qorxulu başqa bir zona var idi, sanki bunun davamı idi. Başqalarının dediklərini özününkü saymaq zonası. Allahına şükür edirdi ki, o, bu həddə hələ çatmayıb. Vaqifin həddi, sadəcə, bu deyilənlərin bir-birinə qarışmış həddi idi. Əgər onun özü bunu qətiyyən bilmədən, bu isə əlbəttə ki, bilərəkdən ömründə ola bilməzdi, hiss etmədən başqalarının fikrini öz adından vermək həddinə gəlib çıxsaydı, bu hədd hardansa gəlsəydi və onu tapsaydı, daha ayaqlarını uzadıb rahatca ölməyi arzulamaq olardı. Necə deyərlər, “həyatdan ayrılmağın tam min cür üsulu var və insanlıq onlardan yalnız biri ilə – ölümlə tanışdır”. Nə qədər çalışdı, bunun da özünün, ya başqasının fikri olduğunu xatırlaya bilmədi.
Hər şey isə sanki çox adi bir məsələ ilə başlamışdı. O, ilk dəfə bu qəribə sadəliyi həyata keçirəndə ona gülməli gəlmişdi ki, bu qorxulu məqamı indiyənədək heç kim sezməyib və həqiqəti su üzünə çıxara bilməyib. Yaxud çıxarmaq istəməyib. Sanki sadə bir şey idi. O, öz sözünü başqasının, özü də reallıqda olmayan bir başqasının adından bu mətnə salmışdı. Bu ad, elə bil, başqa, yad bir sonsuz lüğətin içindən gəlib bizim tanış “sonsuz lüğət”dəki adların sırasında şəstlə dayanmışdı. Əsl casus kimi onu bizimkilərdən ayırmaq mümkün deyildi. İlk dəfə ona son dərəcə ağır gələn bu iş get-gedə asanlaşdı. Onun sevimli məşğələsinə döndü. Yad “sonsuz lüğət”dən gələnlər əvvəl-əvvəl ad şəklində, sonra söz şəklində, sonra da ideyalar, fikirlər şəklində bahar seli kimi gəlməyə başladılar və yavaş-yavaş onun tanış sonsuz lüğətlə yazılmış mətnlərinə dolub bu mətnləri onun özü üçün də bəzən tanınmaz etdilər. Bağdadilər, Təbrizilər, Dərdəçarələr, Hacı Mir Həsən ağa Səyyahlar, daha kimlər bu həyatda olmamışdılar, amma onun mətnində onlar artıq var idilər və onların varlığına inananlar da var idi. Bu, qəribə və maraqlı bir oyun idi.
Bu oyun ona Troya qalasının qapısı ağzına dikilmiş nəhəng taxta atla olan oyunu xatırladırdı. Troyalılar on il davam edən qanlı müharibədən sonra bir səhər ayılıb İlion qalası önündə yunanların buraxıb getdiyi nəhəng bir at gördülər. Onlar güman etdilər ki, yunanlar uzun müharibədən bezərək gəmilərinə minib öz şəhərlərinə geri dönməzdən əvvəl bu nəhəng taxta atı Troyaya hədiyyə kimi qoyub gediblər. Troyalılar atı içəri çəkib aparmaq, ya da aparmamaq üstündə qızğın mübahisələr etməyə başladılar. Orda bir saçları dağınığ kahin var idi. O, bu atın ətrafına fırlanıb canfəşanlıq edir və hədiyyəni qəbul etməmələri üçün troyalılara yalvarırdı. Bu, Apollon məbədinin kahini Laokoon idi. Amma ona inanan yox idi. Laokoon inamsızlıq simvolu olmuşdu. Yalvarışı baş tutmayanda və troyalılar bu ağlı çaşmış qocaya heç bir fikir verməyib atı kəndirlərlə bağlayıb qalanın divarlarından içəri çəkib keçirəndə Laokoon son ümidlə əlindəki nizəni atın taxta bədəninə sərasər vuraraq onda deşiklər açmağa çalışdı. Bu zaman…
…ona elə gəlirdi ki, mətni ilə bağlı bu qaranlıq və naməlum işləri gördüyü və “heç nələr”i mətninə daxil etdiyi üçün bu prosesin özü sonunda onu gətirib belə bir qəribə unutqanlıq zonasının içinə salmışdır. Həyatda hər şeyi gözəl anlayan, başa düşən Vaqif öz mətninin içində artıq çaş-baş qalmağa başlamışdı. Anlamadığı məqamlar get-gedə artır, çoxalırdı. Buna belə də demək olardı: hansısa sonsuz lüğət ondan öz intiqamını almağa başlamışdı. Ona elə gəlirdi ki, bu, tanış “sonsuz lüğət”dir. Tanış sonsuz lüğət qəribə bir təkidlə onu yad sonsuz lüğətə doğru itələyirdi, onun ənginliklərində batmağa sövq edirdi.
“Xətircəm gedin, Vaqif müəllim”
…di gəl ki, bu axşam da əvvəlcədən nəzərdə tutduğu kimi hərəkət edə bilməyəcəkdi. Axşam üçün artıq razılaşdırdığı planı dəyişməli idi. Əvvəlcədən nəzərdə tutulmayan bir görüşü heç cür buraxa bilməzdi.
Firəngizin sözünü yerə salmaq, bunun üçün lap elə yüz dənə olsa da bəhanə uydurmaq, əslində, sui-qəsd kimi bir şeydir.
Qəzetdən intervü üçün gələnləri xeyriyyə işləri üzrə müavini Qüdrət müəllimin yanına göndərməyi qərara aldı. Qüdrət müəllimi yanına çağırdı. Özünü işinin peşəkarı sayan Qüdrət müəllim yaşda Vaqifdən böyük idi, amma özünü bəzən uşaq kimi aparırdı. Qüdrət müəllim Vaqifi dinləyib üzdə göstərməsə də, ürəyində bərk sevindi. Əlindəki dəftəri açıb ona təkrar-təkrar deyilənləri bir əmr kimi yazmağa hazır şəkildə durdu.
– Vaqif müəllim, hansı məsələlərin üstündə xüsusi dayanmamı istərdiz? – Qüdrət müəllimin səsi quru çıxdı, o, bütün vücudu ilə peşəkar ciddilik tərzi aldı. Sanki hansısa dünya problemini həll etməyə gedəcəkdi.
– Çox da özünü həlak eləmə, bir az yumşaq ol. Gedişata baxarsan. Bunlar bizdən xeyli yazıblar. İşimizi ümumi şəkildə bilirlər. Bu hissəni onlara burax. Sən son proyektdən danış. Avropadakı türk təşkilatları ilə əlaqəmiz onlar üçün çox maraqlı olmalıdır. Türk qardaşlarımızın bizə göndərdikləri dərmanlar, bu dərmanların cəbhə bölgəsində birbaşa əsgərlərə paylanması. Məncə, bunların üzərində dayansan, yaxşı olar.
– Dərmanların qruplaşdırılması üçün yaradılan komissiyalar, sizin bir dəstə adamla cəbhə bölgəsinə getməniz… Dərmanları özünüzün bir-bir əsgərlərə verməniz… – Qüdrət müəllimin özündənarxayınlığı səsinə də sirayət etdi.
– Hə. Daha o tərəfini də deyərsən ki, biz nə üçün dil və tibb komissiyaları yaratdıq.
– Hansı tərəfi deyirsiz? – Qüdrət müəllim çox səmimi şəkildə söhbətin nədən getdiyini başa düşməyib bir anlıq çaşdı.
– Qüdrət, biz niyə alman dili mütəxəssislərini Universitetdən bura çağırdıq? Niyə hər dərmanın adını bizim həkimlər komissiyamızın üzvləri üçün bir-bir aydınlaşdırdıq? On gün gəlib burda iş gördü adamlar… Niyə??
Qüdrət susub qaldı. Vaqif düşündü: “Doğrudanmı, o boyda həngamənin bu adama heç bir dəxli olmadı?!”
Vaqifin ürəyi qısıldı, yenə də Qüdrət müəllimə sadə bir məsələni balaca uşaq kimi izah etmək, necə deyərlər, çeynəyib-çeynəyib ağzına qoymaq lazım gəlirdi.
Cavab hələ də gəlmirdi.
“Bu adam mənim axırıma çıxacaq…”
– Bunu axı mən dəfələrlə demişəm. Onun üçün ki, alman dərmanları, Qüdrət, Almaniya bazarı üçündür. Yəni, onların daxili ehtiyacı üçün. Bu dərmanların adı beynəlxalq standartlara uyğun deyil. Bizim həkimlər o adları bilmirlər. Onlar üçün o adları tərcümə etmək lazım idi. Yüz dəfə danışmışıq axı bunu…Yadından çıxıb? – Vaqif müəllimin səsi codlaşdı.
– Aydındı, Vaqif müəllim, aydındı. Narahat olmayın, aydındı. Burda nə var ki… “Mən özüm yüz dəfə səndən də yaxşı intervü vermişəm. Məni öyrədənə bax…”
Vaqif anladı ki, daha bundan o tərəfə Qüdrət müəllimə təsir edib intervüyə hazırlaşdırmaq mümkün olmayacaq. Qüdrət bir nöqtəni beyninə yanışdırdısa, o nöqtəni o beyindən çıxarmaq asan məsələ deyil.
Vaqif narazı bir halda söhbətin bitməsi işarəsini verdi. Qüdrət müəllim dərhal dəftər-qələmini götürüb nədənsə işgüzar bir qaş-qabaq içində, Vaqifə elə gəldi ki, üzərinə düşən məsuliyyətin ağırlığını beynində götür-qoy edə-edə, əslində isə, Vaqifi ürəyində yamanlaya-yamanlaya cabinetdən çıxdı.
Gec idi, Firəngiz ilə görüş vaxtına az qalırdı. Vaqif müəllimin ürəyinin dərinliyindən bir nigarançılıq boylanmaqdaydı. Diplomatını əlinə alıb otağından çıxarkən bir gözü telefonda, köməkçisi Rüxsarəyə belə dedi:
– Gözdə-qulaqda olun, Qüdrət intervü verəndə yanında bir adam olsun. Buna mənim inamım yoxdu. Heç olmasa Nəmidə… Ehtiyac olsa, cavablara düzəliş eləsin.
– Oldu, Vaqif müəllim, siz xətircəm gedin. Biz həll edərik. – Rüxsarə onu arxayın etdi.
İntervü alanlar bir saatdan sonra gəlməli idilər. Vaqif Rüxsarənin sözlərinə baxmayaraq işdən nigaran getdi.
Bənövşəyi şarf
İşdən çıxan kimi Vaqifə elə gəldi ki, o tamam başqa bir dünyaya düşdü. Asudə nəfəs aldı. Xeyli yüngülləşdi. Bu başqa dünya ona nələr verəcəkdi, Vaqif bunu hələ bilmirdi, amma ümid eləyirdi ki, istədiklərini bu yeni və başqa dünyadan ala biləcək.
Küçələrdə maşınların sayı gözlənilməyən dərəcədə az idi.
…Vaqif görüş yerinə çatanda maşının yan pəncərəsindən baxıb gördü ki, Firəngiz artıq rəngbərəng kuklalar kimi bəzənmiş qəzet kioskunun yanında durub onu gözləyir. Qızın ətrafı qəribə səslər ahəngini içinə yığmışdı. Vaqifin sevdiyi bənövşəyi şarf qızın boynunda idi. Maşın düz bənövşəyi şarfın yanında dayandı.
– Salam. – Firəngiz maşının qapısını açıb içəriyə, onun yanına elə cəld keçdi ki, daha doğrusu, elə cəld özünü qabaq oturacağa atdı ki, elə bil, buna cavab olaraq maşının dayanması ilə yerindən tərpənməsi az qala eyni vaxtda baş verdi. Yerini rahatlaya-rahatlaya Firəngiz şarfı, nədənsə, boynundan açıb arxaya çevrilmədən arxa oturacağa atdı. “Belə…”
Aeroport yoluna qədər heç biri dinmədi. “…Bu adam heç birsöz demədi. Elə bil, üç gün deyil, bir saatdır ayrılmışıq…”.
“Şarfı bilə-bilə arxaya atdı. Bilir ki, bu şarf mənim xoşuma gəlir, onunçün belə edir…”
Daha heç biri heç nə barədə düşünmədi. Aralarındakı sükut az qala haray çəkməyə başladı. Elə ki, aeroport yoluna çıxdılar və maşınların gediş-gəlişi tək-tük oldu, Vaqif üzünü Firəngiz tərəfə döndərmədən yenə də irəli baxa-baxa, bir qədər zarafatvari şəkildə, bir qədər də saymazyana:
– Hə, nədi susmusan? Nə vacib işin varmış? – deyə bu lal sükutun daha da uzanmaması üçün soruşdu.
Vaqif səsinə şuxluq verməyə çalışdı. Firəngiz tezinciyən idi. Qızın bugünkü halı isə, Vaqif hiss edirdi ki, ən azından, qorxuludur. Hələ telefonla danışdıqları vaxt Vaqifin dalağı sancmışdı. “Vaqulya, səninlə vacib, özü də çox vacib işim var…” – deyən Firəngizin səsindən duyulurdu ki, Vaqif hansısa qurulmuş bir plana qurban gedir. Bəzən Firəngizin heç bir işi olmadığı vaxt da özündən nəsə uydurub onu zorla görüşə çıxarmağı vardı. Öz istəyinə o, hər şeyi qurban verə bilərdi. Vaqifin işini-gücünü, halını, yorğunluğunu, vacib görüşlərini saymaza alardı. “Bu da belə bir plan olmasın?!”
Firəngizdən səs çıxmırdı. “Ölsəm də, danışmaram”.
Yenə bir qədər sükut içində yol getdilər. Təzə maşın sürəti yağ kimi canına çəkirdi. Vaqif bir müddət ləzzətlə maşından gələn ahəngdar motor səsini dinlədi. Maşın ki təzə idi, onun ən kiçik müdaxiləsinə belə anında cavab verirdi. Hətta ona hərdən elə gəlirdi ki, maşın onun təkcə əl, ya ayaq hərəkətini deyil, fikirlərini də oxuya bilir. Sözəbaxan bir uşaq kimi nə istəsə onu da yerinə yetirir. Təzə maşın balaca uşaq kimi olur. Köhnələndə, yəni uşaq böyüyəndə, maşın kimi o da sözə baxmaya bilər.
– Saat 10-da evdə olmalıyam. – Handan hana Firəngizin səsi çox uzaqdan, nəhayət ki, təşrif buyurub gəldi. Bu, daha çox bir pıçıltı idi.
“O zaman bağa nəyə gedirik?!” Vaqif bu axşamkı görüşlə bağlı müxtəlif variantları beynindən keçirməyə başladı. “Hara getsək…” – nə qədər düşündüsə ağlına maraqlı heç nə gəlmədi.
Yenə bir qədər sükut içində yol getdilər. Birdən Vaqifin, elə bil, beyni işıqlandı:
– Elə isə gedək dəniz qırağına, bir az hava alaq. Gör bir nə gözəl havadı. Nə deyirsən?
– Bax da… – Bu dəfə qızın səsi əməlli-başlı incik çıxdı.
– Çay içəkmi bizim yerdə? O vacib dediyin iş nə idi, nigaran qaldım…
– Çay içmək pis olmazdı. Aslanın yanını demirsən?! Ora gözəl yerdi… – Firəngiz bir balaca ara verib Vaqifin o biri sualına belə bir laübali cavab verdi. – Səni görmək istədim. Bu vacib ola bilməz?!
Əlbəttə, bu dəfə də hər şey Vaqifin təsəvvür etdiyi kimi idi. Bu görüşün vacibliyi adi şıltaq idi, vəssəlam. “Hayıf o intervüdən. Qüdrət onun içinə… qoysun, sən də bax”. Vaqifin qanı qaralsa da bu, bir azdan maşının şüşələrini yalayan sərin payız mehi kimi uçub getdi. Maşın dəniz kənarına yaxınlaşdıqca onun da əhvalı düzəlməyə başladı. “İş həmişə var, bu gözəl hava isə…”
Vaqifin getmək üçün nəzərdə tutduğu “sevimli yer”i Bilgəh sanatoriyasını ötüb keçdikdən dərhal sonra, dənizə tərəf başlayan kəskin enişin dibində yerləşən “Şəbəkə” adlı restoran idi. Bu restoran Bilgəhdə düz dənizin qırağında tikilmişdi. Gözəl yer idi. Kəskin eniş şəbəkə kimi burula-burula səni “yalançı” (psevdo) çin üslubunda tikilmiş bu restoranın qabaq qapısına qədər gətirirdi. Restoranın arxa tərəfindəki balkondan isə düz dənizin qırağına qədər piyada getmək olurdu. Stollardan bəzisini restoranın içindən çıxarıb dənizin lap kənarına gətirib qoymuşdular. Yemək yeyən üçün yeməyi bura gətirirdilər, çay içən üçün çayı. İstəsəydin, ayaqqabını çıxara bilərdin və dənizin ləpələri hərdən ayaqlarını yalayacaqdı… Şairlər deyən kimi, dənizin məşum, ləpələrin romantik pıçıltısı buranı sevgililərin sevimli yerinə çevirmişdi. Burda onların da bəyənib-seçdikləri yer var idi. Bu yer qumların arasında itib batmış qoca bir qayalığın yeganə iri gözünün bərəldiyi bir az kənar yer idi. Stollarını bu bərəlmiş gözün yanına qoydurardılar. “Şəbəkə”yə tez-tez getmələrinin əsas səbəbi isə Vaqifin orada işləyən dostu Aslan idi. Aslan “bufetçik” idi, restoranın “canı” devin canı quşda olan kimi onun əlində idi, çox şeyi o idarə edirdi. Aslanın «Şəbəkə»də olması Vaqifə münasib idi – bu, istənilən an gərginləşə biləcək söhbətin mülayimləşməsi, hər hansı münaqişənin zarafat üslubuna keçməsi demək idi.
… Vaqif və Firəngiz hələ Aeroport yolunda olarkən “Şəbəkə”də onların düz dəniz qırağında quma batmış qayalığın bərəlmiş yeganə gözünün yanındakı sevimli stollarının arxasından iki nəfər – yaşlı kişi və gənc qadın ayağa qalxdılar və xörəkpaylayan oğlana yediklərinin pulunu ödəyib tələsmədən, bir-birinə qısıla-qısıla çıxışa doğru yönəldilər. Kənardan baxan onları bir adam kimi görərdi. Stol boşaldı və xörəkpaylayan oğlan stolun üstünü təmizləməyə, qab-qaşığı, şüşələri, stəkan-badələri yığışdırmağa başladı…
– Sən məni, doğrudan, sevmirsən? – Maşın aeroport yolunun enişinə, şəhərə doğru gedəndə isə yoxuşuna çatanda qaşqabağını tökmüş Firəngiz maşının qabaq şüşəsindən təsəvvür etmədiyi uzaqlara baxa-baxa sükutu pozdu. Aşağıda sol tərəfdə aeroportun enmə zolaqlarına bir-birinin dalınca uçub enən təyyarələr gözə dəyməyə başladı. Maşın sürətini artırdı.
Ünsiyyətdə olan iki adam arasında “sevirsən, sevmirsən…” sorğu-sualından daha gözəl, daha ləzzətli və daha maraqlı heç nə ola bilməz. İllah da ki, bu sorğu-sual bir-birini sevən iki adam arasında olsun.
– Allahdan qorx. – Vaqif məsələni zarafat məcrasına salmaqdan hələ də ümidini kəsməmişdi. O, özünü ilıq bir mübahisənin içində hiss elədi. Kefi bir az düzəldi.
– Sən məni… – Firəngiz “Allah” sözündən həqiqətənmi qorxdu, ya da qorxan kimi oldu, amma nə oldusa, sözünü tamamlamadı. Ya da ola bilər ki, tamamlamaq istəmədi.
– Sən sözlü adammışsan ki… Belə bir… axmaq sözü sənə kim dedi? Quşlar xəbər gətirdi?!
– Heç kim. Quşların bura dəxli yoxdu. Onları qatma söhbətə. Mövzunu çaşdırma. Mən özüm bu fikrə gəlmişəm. Sən məni sevmirsən. Onun üçün də sənin cavabına mənim ehtiyacım yoxdur.
– Həəə, quşların da məsələyə dəxli yoxdusa, deməli, məsələ, həqiqətən, qəlizdi. Çox mürəkkəb problemdi. Müxtəlif tarixi rəqəmlərə baş vurmaq lazım gələcək. Razısan mənimlə?!
Bu, Vaqifin dostu Rizvanın iki kəlmədən bir yeri gəldi-gəlmədi işlətdiyi və yaxın dostların söz lüğətinə daxil olmuş ifadə idi. “Ay Rizvan, oyunun olsun, yaxşı söz salmısan mənim ağzıma. Razısan mənimlə?!”
– Bəlkə bu məsələni biz çay içə-içə təhlil edək? Məsələn, kiçik bir dəyirmi masa formatında… Nə deyirsən? Razısan mənimlə? – Vaqif bir daha Rizvanı təkrar etdi.
– Sən nə danışırsan?! Təhlilə ehtiyac-filan yoxdu. Razı deyiləm səninlə. Yox bir, dəyirmi masa… Ələ salmısan məni? Məni evə apar. Evə istəyirəm. Əlbəttə, əgər qaçırmaq fikrin yoxdusa… “Heç vaxt inanmaram ki, bu adam məni götürüb qaçırsın. Elə bircə bu qalmışdı. Bu olsa-olsa hansısa başqa bir dünyada ola bilər…”
Maşın aeroportu sürətlə arxada qoydu. Vaqif artıq hər şeyi anlamışdı. Bir halda ki, mövzu əvvəlcədən müəyyənləşib, deməli, məsələ o düşündüyündən daha qəlizdir. Ona görə də dərhal qərara aldı ki, qızın sözlərinə heç bir fikir verməsin. Ümid “Şəbəkə”yə və Aslana qalırdı.
Firəngiz maşının aeroport döngəsində şəhərə tərəf, yəni evə tərəf geri dönmədiyini sanki görmədi və özünü o yerə qoymadı. “Deməli, qaçırır…” Firəngizin yan pəncərəyə dikilib qalmış gözlərinin içinə ilıq bir təbəssüm doldu, dodaqları qaçdı.
Payızın ortaları olsa da, əsasən, yay restoranı kimi tanınan “Şəbəkə”nin hələ də gur vaxtı idi. Aslan bufetin piştaxtasının arxasında onları uzaqdan görüb xörəkpaylayanlardan birini tez yanına çağırdı, Vaqifə əl elədi, “siz gedin oturun, mən sonra sizə yaxınlaşaram…” Vaqif və Firəngiz restoranın içinə girmədən onları girəcəkdə qarşılayan xörəkpaylayan oğlanın dalınca gedib dəniz ləpəsinin adamın ayağına toxunmağına lap az qalan bir yerində haman quma batmış qoca qayalığın bərəlmiş gözünün yanında təzəcə təmizlənmiş stolun arxasına keçib oturdular.
Xörəkpaylayan oğlan onları köhnə müştəri kimi salamladı:
– Xoş gəlmisiz. Həmişə siz gələsiz… Təzə balığımız var.
– Sağ ol. Bizə hələlik çay gətir… – Vaqif ona baxmadan dedi.
Vaqif yerini rahatladı və elə bil, ancaq indi, dənizin mehi ona dəydikdə hiss elədi ki, necə yorulub. Yorulmaq yalnız hər hansı bir fiziki iş görməklə üzə çıxmır. Zehni əməyin də nəticəsində yorula bilərsən. Elə bircə Qüdrət müəllim yetər ki, onunla gün ərzində ünsiyyətdə olan adamın başının üstünü yorğunluq dənizdəki 9-cu val kimi alsın. Bura isə Allah, Allah necə də sakit, necə də həzindir. Bu ki bir başqa, tamam başqa dünyadır. Payız mehi adamı az qala bihuş edir, dənizin səsi ahəstə-ahəstə “sən axı yazıqsan, sənə niyə bu qədər zülm edirlər?!” pıçıldayır. 9-cu valın ən uzaq hənirtisi belə buralarda eşidilmir. Dünya burada gözəl dünyadır. Tütçev deyən kimi təsadüfi cizgilərini silsən bu dünyanı ancaq sevmək olar. Ondan ancaq ləzzət almaq olar. “Şəbəkə” ətrafındakı dünyanın heç bir təsadüfi cizgisi yoxdur. O, bütöv və …laldır.
“Vaxt vardı, Tütçev də mənim üçün tanış olmayan “sonsuz lüğət”in bir qəribə, sirli parçası idi. İndi isə necə də tanış və doğmadır…” Bütün cizgilər əsas və aparıcıdır. Bütün cizgilər adamı onun sevdiklərinə gətirir – anasına, qardaşına, Firəngizə… Bir də, əlbəttə ki, Kitaba.
Kitab onun, yaxınları belə deyir, Vaqifin əbədi məhəbbətidir. Məqalə məqalə dalınca. Esse esse dalınca, şeir şeir dalınca yazıldı. Özü də səbəbini bilmirdi ki, niyə bunu edir. Bu yazılanları Kitabmı ona yazdırır, yoxsa o özü bu şəkildə Kitaba addım-addım yaxınlaşır, öz izzəti-hörmətini bu şəkildə bildirmək istəyir?!
Kitab bir qəliz və müşkil məsələ idi. Onun içinə girmək – çalışıb heç kimin görmədiyini, demədiyini ortaya qoymaq demək idi. Bunu etmək əgər mümkün deyilsə, bu işə başlamağın özü mənasızdır. Sadəcə, deyilənləri başqa şəkildə, tanış sonsuz lüğətin registri vasitəsilə dəyişmək o deməkdir ki, sən heç nə etməmisən. Nə isə etmək – tamam başqa vasitələrdən istifadə etmək deməkdir. Nə isə etmək yad sonsuz lüğətin ölçüləri ilə Kitaba yanaşmaqdır.
“Bu necə olur ki, dənizin ahəstə-ahəstə layla deyən anlaşılmaz səsini başa düşmək olur, Qüdrətin qışqırtı dolu səsini-sözünü —yox. Qüdrətin səsi hərdən bilinmirdi ki, hansı sözləri tələffüz edir, deyir… deyir…” Belə çıxır ki, Qüdrət də bir başqa tanış olmayan, yad sonsuz lüğətin alətidir?! O zaman, həqiqətən, sonsuz lüğətlərin özü də sonsuzdur.
Birdən-birə Vaqifin əməlli-başlı yatmağı gəldi. Ayıb olmasaydı, elə buradaca, qumun üstünə bir adyal atıb üstünə uzanardı. Əvvəlcə sağa-sola ağnayardı. Sonra başını yerin təkinə girmiş qayanın gözünün üstünə qoyub bu qumlara əsir olmuş qayanın yanında daş kimi düşüb qalardı. Yorğunluğu ancaq belə çıxa bilərdi. Bəlkə də çıxmazdı. Çünki bu yorğunluq saatların, günlərin yorğunluğu deyildi, ayların, illərin, minillərin yorğunluğu idi. Bu yorğunluq nəhayət, Qüdrətin, Atakişinin, Nəmidənin, Rüxsarənin yorğunluğu idi. Sonsuz sayda tanış olan sonsuz lüğətlərin yorğunluğu idi.
– Sən, yəni, indi mənə deyəcəksən ki, guya məni sevirsən? – Firəngiz fürsəti fövtə vermədi, elə masa arxasına oturan kimi maşındakı söhbətə qayıtdı. O öz qadın fəhmi ilə hiss eləmişdi ki, bayaqkı söhbətin təzəliyi itməkdə, unudulmaqdadı. – Üç gündür məni axtarmırsan… Gün ərzində bir dəfə mənə zəng eləməmisən. Xəbərin yoxdu, ölmüşəm, qalmışam… eh… bezmişəm mən. Belə də münasibət olar?! Mən heç nə başa düşmürəm.
“Hər şey təzədən?! Niyə axı, ay Allah?! Heç olmasa sevdiyim insanla beynim niyə dincələ bilmir?! Niyə bu şəraiti sən mənə yaratmırsan?!”
Bəlkə də bu söhbəti hərləyib-fırlayıb məzəyə çevirmək olardı. Bəzən elə belə də olurdu. Aslan vaxtında yetişirdi. Amma bu səfər Firəngizin çox tutqun olsa da, həm də çox, diqqətli bir halı vardı. Sözünün hərlədilməsinə, ya da fırladılmasına izin verən adama Firəngiz bu axşam heç oxşamırdı. “Bir tərəfdən baxanda, bəlkə də haqlıdı. Ata nəvazişi – yox, bir dostu, rəfiqəsi – yox. Bu adam nəvaziş axtarır. Səhərdən axşama qədər anasının yanında. Öldürsən də atasına zəng eləməz. Aslan lazımdı, Aslan!..”
Firəngizin atası Sovet İttifaqı adlanan ölkə dağılandan sonra Moskvaya köçüb orada yaşayırdı. Qəşəng dostları, biznesi vardı. Əvvəllər Firəngiz ilə anasını da yaşamağa yanına çağırardı, indi daha çağırmır. Amma onların dolanışığını getdiyi gündən bu günəcən əməlli-başlı təmin edir. Atasının Firəngizdən ötrü ürəyi gedirdi. Ən böyük arzusu Firəngizlə öz yeni ailəsini, iki balaca uşağını tanış eləmək idi. Yeni arvadı həkim idi. Onu da buna razı salmışdı. Amma Firəngiz də yerinə düşdü, düşmədi, baxmazdı, tərslik eləməyi bacarırdı. Bu günəcən atasını da, onun təzə ailəsini də yaxına buraxmamışdı. Demək olmaz ki, anasının təsiri ilə belə edirdi. Artıq özü də bilmirdi ki, niyə belə edir. Görmək istəmirdi, vəssəlam. Vaqifə də bu barədə hər hansı söhbəti salmağı qadağan eləmişdi.
Ücretsiz ön izlemeyi tamamladınız.