Kitabı oku: «KAPİTAL. Siyasi iqtisadın tənqidi», sayfa 12
Bu nəticə özlüyündə təəccüblü deyildir. Bir funt ipliyin dəyəri 1 şillinq 6 pensdir, buna görə bizim kapitalist əmtəə bazarında 10 funt ipliyə 15 şillinq verməli idi. İstər o özü üçün bazardan hazır ev alsın, istərsə bu evi özü tikdirsin, bu əməliyyatların heç biri ev əldə etmək üçün sərf olunan pulun miqdarını artırmaz.
Vulqar siyasi iqtisaddan az-çox başı çıxan kapitalist, bəlkə də, deyər ki, mən pulumu avans edərkən ondan daha artıq miqdar pul düzəltmək niyyətində idim. Lakin axı cəhənnəmə gedən yol da yaxşı niyyətlərlə döşənmişdir və kapitalistin də heç bir şey istehsal etmədən pul əldə etmək niyyəti ola bilərdi. O hədə-qorxu gəlməyə başlayır. Deyir ki, məni ikinci dəfə aldada bilməzlər. Gələcəkdə əmtəə istehsalı ilə məşğul olmaq əvəzinə bunları bazardan hazır alacaqdır. Lakin onun bütün kapitalist qardaşları da lap belə etsələr, – onda bazarda əmtəəni haradan tapacaqdır? Pulun özünü isə yeyə bilməz. O öyüd-nəsihət verməyə başlayır. Deyir ki, onun imtinası nəzərə alınmalıdır. O öz 15 şillinqini xərcləyib dağıda bilərdi. Amma bunu məhsuldar şəkildə istehlak etmiş və bundan iplik hazırlamışdır. Lakin axı o indi vicdan əzabı çəkmək əvəzinə iplik sahibi olmuşdur. Dəfinə yığan şəxs roluna girmək ona əsla yaraşmaz, axı belə bir şəxs zahidliyin nə ilə nəticələnəcəyini bizə nümayiş etdirmişdir. Bundan əlavə, yoxa sorğu-sual da yoxdur. Onun tərk-dünyalığı nə qədər xidmət göstərmiş olsa da, bu tərk-dünyalıq müqabilində ona ayrıca haqq verilməsi üçün heç bir şey hasil olmur, çünki prosesdən çıxan məhsulun dəyəri ancaq bu prosesə qoyulan əmtəə dəyərlərinin məcmusuna bərabərdir. Bəlkə də kapitalist bununla təsəlli tapardı ki, yaxşılıq özü yaxşılığın əcridir. Lakin bunun əvəzində kapitalist daha çox zəhlə tökməyə başlayır. İplik ona gərək deyildir. Bunu satmaq üçün istehsal etmişdir. Nə olar, qoy satsın, yaxud daha sadəsi budur ki, gələcəkdə ancaq öz istehlakı üçün şeylər istehsal etsin – onun ev həkimi Mak-Kullox ifrat istehsal epidemiyasına qarşı sınanmış dərman olaraq bu resepti artıq bir dəfə ona yazmışdı. Lakin kapitalist dirənib şaxa qalxır. Məgər fəhlə əmtəələri təkcə öz əlləri ilə yaradırmı, məgər o, əmtəələri heçdən yaradırmı? Bəs fəhlə öz əməyini yalnız kapitalistin verdiyi materialda və bunun vasitəsi ilə təcəssüm etdirmirmi? Həm də cəmiyyətin ən çox hissəsi belə lütlərdən ibarət olduğuna görə, məgər kapitalist öz istehsal vasitələri, öz pambığı və öz iyləri ilə cəmiyyətə və yaşayış vasitələri ilə də təchiz etdiyi fəhlənin özünə hədsiz bir xidmət göstərməmişmi? Onun bu xidmətini nəzərə almaq lazım deyildirmi? Bəs fəhlə də öz tərəfindən pambığı və iyləri ipliyə çevirməklə ona xidmət göstərməmişmi? Bundan əlavə, burada məsələ heç də xidmətdə deyildir141. Xidmət bu və ya başqa bir istehlak dəyərinin – istər əmtəənin, istərsə əməyin faydalı təsirindən başqa bir şey deyildir142. Lakin burada qarşımızda mübadilə dəyəri durur. Kapitalist fəhləyə 3 şillinqlik dəyər vermişdir. Fəhlə də bunun tam ekvivalenti olan 3 şillinqlik dəyəri pambığa əlavə edib ona qaytarmış, dəyər əvəzində dəyər vermişdir. İndicə öz kapitalı ilə lovğalanan dostumuz birdən-birə özünü dinməz-danışmaz fəhləsinin yerinə qoyur. Deyir ki, məgər mən özüm işləməmişəm? Məgər əyiriciyə nəzarət etmək və göz yetirmək kimi bir əmək sərf etməmişənmi? Məgər mənim bu əməyim də dəyər yaratmırmı? Lakin bu zaman onun nəzarətçisi və müəssisə müdiri təəccüblə çiyinlərini atır. Lakin o şən bir təbəssümlə artıq yenidən öz əvvəlki halını alır. O bütün öz şikayətləri ilə bizi sadəcə ələ salırmış. Bütün bunların bir quruş dəyəri yoxdur. O bütün bu və başqa bu kimi boş kələklərlə və mənasız hiylələrlə məşğul olmağı siyasi iqtisad professorlarının öhdəsinə buraxır ki, onlar da elə məhz bunun üçün muzd alırlar. O özü isə iş adamıdır, öz işinə dəxli olmayan hallarda nə danışdığını bəzən ölçüb-biçməsə do, öz işi dairəsində nə etdiyini həmişə bilir.
Məsələyə daha yaxından nəzər yetirək. İş qüvvəsinin gündəlik dəyəri 3 şillinq idi, çünki bu dəyərin özündə iş gününün yarısı maddiləşmişdir, yəni iş qüvvəsini istehsal etmək üçün hər gün lazım olan yaşayış vasitələri yarım iş günü dəyərindədir, Lakin iş qüvvəsində olan keçmiş əməklə bu iş qüvvəsinin icra edə biləcəyi canlı əmək, iş qüvvəsini hifz etmək üçün hər gün çəkilən xərc ilə bu qüvvənin hər gün sərf edilməsi iki tamamilə müxtəlif kəmiyyətdir. Birincisi iş qüvvəsinin mübadilə dəyərini müəyyən edir, ikincisi isə onun istehlak dəyəridir. Fəhlənin 24 saat ərzində yaşaya bilməsi üçün yarım iş gününün kifayət olması heç də fəhlənin bütün günü işləməsinə mane olmur. Deməli, iş qüvvəsinin dəyəri ilə iş qüvvəsinin istehlakı prosesində yaranan dəyər iki müxtəlif kəmiyyətdir. Kapitalist iş qüvvəsini satın alarkən bu dəyər fərqini nəzərdə tutmuşdu. İş qüvvəsinin faydalı xassəsi, onun iplik və ya çəkmə istehsal etmək qabiliyyəti ancaq conditio sine qua non [labüd şərt] idi, çünki dəyər yaratmaq üçün əməyi faydalı şəkildə sərf etmək lazımdır. Lakin bu əmtəənin spesifik istehlak dəyərinə malik olmasının, onun dəyər mənbəyi, həm də özünün malik olduğundan artıq bir dəyərin mənbəyi olmaq xassəsinin həlledici əhəmiyyəti var idi. Kapitalistin bu əmtəədən gözlədiyi spesifik xidmət də bundan ibarətdir. Kapitalist də bu halda əmtəə mübadiləsinin əbədi qanunlarına uyğun hərəkət edir. Doğrudan da, hər bir başqa əmtəə satıcısı kimi, iş qüvvəsinin satıcısı da bu iş qüvvəsinin mübadilə dəyərini reallaşdırır və onun istehlak dəyərini özgəninkiləşdirir. O, iş qüvvəsinin istehlak dəyərini vermədən onun mübadilə dəyərini əldə edə bilməz. Satılmış yağın istehlak dəyəri yağ satıcısına məxsus olmadığı kimi iş qüvvəsinin istehlak dəyəri də, əməyin özü də onun satıcısına məxsus deyildir. Pul sahibi iş qüvvəsinin bir günlük dəyərini ödəmişdir. buna görə də o, iş qüvvəsini bir gün ərzində istehlak etmək hüququna malikdir, bir günlük əmək onun malıdır. İş qüvvəsinin gündəlik xərcinin dəyəri ancaq yarım iş gününə bərabər olduğu halda, iş qüvvəsi bütün günü fəaliyyətdə olub işləyə bilirsə və buna görə də iş qüvvəsini bir gün istehlak etmək vasitəsi ilə yaradılan dəyər onun özünün bir günlük dəyərindən ikiqat artıqdırsa, bu hal ancaq alıcı üçün xüsusi bir xoşbəxtlik olub, satıcı barəsində heç də haqsızlıq deyildir.
Bizim kapitalist məhz onu gülümsəməyə məcbur edən bu qəribə hadisənin baş verəcəyini qabaqcadan bilirdi. Buna görə də fəhlə emalatxanada nəinki altı saatlıq, hətta on iki saatlıq əmək prosesi üçün lazım olan istehsal vasitələri tapır. 10 funt pambıq 6 iş saatını canına çəkib 10 funt ipliyə çevrilirdisə, 20 funt pambıq 12 iş saatını canına çəkib 20 funt ipliyə çevrilir. Uzadılmış əmək prosesinin məhsulunu nəzərdən keçirək. Bu 20 funt iplikdə indi 5 iş günü maddiləşmişdir: bundan 4 iş günü istehlak edilən miqdar pambıq və iylərdə maddiləşmiş, 1 iş gününü isə əyirmə prosesində pambıq öz canına çəkmişdir. Lakin o iş gününün pul ifadəsi 30 şillinq və ya 1 funt sterlinq 10 şillinqdir. Deməli, bu məbləğ 20 funt ipliyin qiymətidir. Bir funt iplik yenə əvvəlki kimi 1 şillinq 6 pens dəyərindədir. Lakin prosesə buraxılan əmtəələrin dəyərləri məbləği 27 şillinq idi. İpliyin dəyəri isə 30 şillinqdir. Məhsulun dəyəri onun istehsalı üçün avans edilən dəyərə nisbətən 1/9 artmış oldu. Beləliklə, 27 şillinq dönüb 30 şillinq oldu, 3 şillinq izafi dəyər verdi. Nəhayət, fokus baş tutdu. Pul kapitala çevrildi.
Problemin bütün şərtlərinə əməl edilmiş və əmtəə mübadiləsinin qanunları əsla pozulmamışdır. Ekvivalent ekvivalentə mübadilə edilmişdir. Alıcı olan kapitalist aldığı hər bir əmtəənin – pambığın, iylərin, iş qüvvəsinin – əvəzini dəyərinə görə ödəmişdir. Sonra o, hər bir başqa əmtəə alıcısının etdiyini etmişdir. O bunların istehlak dəyərini istehlak etmişdir. Eyni zamanda əmtəə istehsalı prosesi olan iş qüvvəsi istehlakı prosesi 30 şillinq dəyərində məhsul, 20 funt iplik vermişdir. Əvvəllər əmtəə alan kapitalist indi bazara qayıdır və əmtəə satır. O, bir funt ipliyi 1 şillinq 6 pensə satır, dəyərindən nə bir quruş baha, nə də bir quruş ucuz satmır. Bununla belə, o, tədavüldən, əvvəlcə oraya buraxdığına nisbətən 3 şillinq artıq götürür. Bütün bu proses, onun pulunun kapitala çevrilməsi tədavül dairəsində və bu dairədən kənarda baş verir. Ona görə tədavül vasitəsi ilə baş verir ki, bu proses əmtəə bazarında iş qüvvəsi almaqla əlaqədardır. Ona görə tədavüldən kənarda baş verir ki, tədavül dəyərin artması prosesini ancaq hazırlayır, proses isə ancaq istehsal dairəsində baş verir. Beləliklə, «tout pour le mieux dans le meilleur des mondes possibles».
Kapitalist pulu yeni məhsulun maddi ünsürləri və ya əmək prosesinin amilləri olan əmtəələrə çevirməklə, cansız bir cisim olan əmtəələrə canlı iş qüvvəsini əlavə etməklə, dəyəri – keçmişdə sərf olunmuş, maddiləşmiş, cansız əməyi – kapitala çevirir, onu öz-özünə artan bir dəyər edir, «sanki onu bürüyən eşq ehtirasının təsiri altında» «işləməyə» başlayan canlı bir əjdahaya döndərir.
İndi biz dəyərin yaranması prosesi ilə dəyərin artması prosesini müqayisə etsək, məlum olar ki dəyərin artması prosesi dəyər yaranması prosesinin müəyyən nöqtədən sonra davam etdirilməsindən başqa bir şey deyildir. Dəyər yaranması prosesi ancaq, iş qüvvəsinin kapital tərəfindən ödənilmiş dəyərinin yeni bir ekvivalentlə əvəz olunduğu nöqtəyə qədər davam edirsə, bu, sadəcə dəyər yaranması prosesi olur. Dəyər yaranması prosesi bu nöqtədən o yana davam etdikdə isə, o, dəyərin artması prosesi olur.
Sonra, biz dəyər yaranması prosesini əmək prosesi ilə müqayisə etsək, görərik ki, əmək prosesi istehlak dəyərləri istehsal edən faydalı əməkdən ibarətdir. Burada hərəkət keyfiyyət cəhətdən, öz xüsusi xarakteri, məqsəd və məzmunu cəhətdən nəzərdən keçirilir. Dəyər yaranması prosesində eyni əmək prosesi ancaq kəmiyyət cəhətdən təmsil olunur. Burada məsələ ancaq, əməyə öz əməliyyatı üçün tələb olunan vaxt üzərində və ya ancaq, iş qüvvəsinin məhsuldar sərf edildiyi müddət üzərindədir. Əmək prosesinə daxil olan əmtəələrin də əhəmiyyəti artıq burada məqsədəuyğun fəaliyyət göstərən iş qüvvəsinin öz funksiyasına görə müəyyənləşmiş, maddi amilləri olmaqdan ibarət deyildir. Bunlar ancaq maddiləşmiş əməyin müəyyən miqdarları kimi hesaba alınır. Buna görə də əmək istər istehsal vasitələrində təcəssüm etsin, istərsə iş qüvvəsi vasitəsi ilə əlavə edilsin, ancaq vaxtın miqdarına görə hesaba alınır. O filan qədər saat, gün və i. a. təşkil edir.
Lakin bu əmək ancaq o zaman nəzərə alınır ki, istehlak dəyərinin istehsalına sərf edilən vaxt ictimai zəruri vaxt olsun. Bu bir sıra müxtəlif cəhətləri əhatə edir. İş qüvvəsi normal şəraitdə fəaliyyət göstərməlidir. Əyirmə maşını əyirmə işində cəmiyyətin hakim əmək vasitəsidirsə, fəhləyə qədim cəhrə vermək olmaz. O, hər dəqiqə qırılan tör-töküntü deyil, normal keyfiyyətli pambıq almalıdır. Yoxsa fəhlə hər iki halda bir funt iplik istehsal etmək üçün ictimai zəruri vaxtdan artıq iş vaxtı sərf etməli olardı, bu artıq vaxt isə dəyər və ya pul yaratmazdı. Lakin əməyin maddi amillərinin normal xarakteri fəhlədən deyil, kapitalistdən asılıdır. Başqa bir şərt də iş qüvvəsinin özünün normal xarakteridir. İş qüvvəsi tətbiq olunduğu peşədə qərarlaşmış orta məharət, hazırlıq və cəldlik dərəcəsinə malik olmalıdır. Lakin bizim kapitalist əmək bazarından normal keyfiyyətli iş qüvvəsi satın almışdır. Bu qüvvə adi orta gərginlik dərəcəsi ilə, cəmiyyətdə adi intensivlik dərəcəsi ilə sərf olunmalıdır. Kapitalist buna qızğın göz yetirdiyi kimi, ona da göz qoyur ki, bir dəqiqə də hədər yerə, əməksiz sərf olunmasın. O, iş qüvvəsini müəyyən müddətə satın almışdır. O özünə çatası şeyi əldə etmək istəyir. O istəmir ki, onun malını oğurlasınlar. Nəhayət – bu barədə də həmin cənabın öz code penal-ı [cinayət məcəlləsi] vardır – xam material və əmək vasitələri məqsədəuyğun olmayan şəkildə işlədilməməlidir, çünki ağılsız sərf edilən material və əmək vasitələri gərəksiz xərclənən bir miqdar maddiləşmiş əməkdir, deməli, məhsul dəyərinin əmələ gəlməsində hesaba alınmır və iştirak etmir143.
Beləliklə, hələ əvvəl, əmtəə təhlil edilərkən istehlak dəyəri yaradan əməklə dəyər yaradan eyni əmək arasında aşkara çıxarılan fərq indi istehsal prosesinin müxtəlif cəhətləri arasındakı fərq kimi meydana çıxır.
Əmək prosesi ilə dəyər yaranması prosesinin vəhdəti olmaq etibarı ilə istehsal prosesi əmtəə istehsalı prosesidir; əmək prosesi ilə dəyərin artması prosesinin vəhdəti olmaq etibarı ilə istehsal prosesi kapitalist istehsal prosesidir, əmtəə istehsalının kapitalist formasıdır.
Artıq əvvəl qeyd etmişdik ki, kapitalistin mənimsədiyi əmək istər sadə əmək olsun, istər orta ictimai əmək olsun, istərsə daha mürəkkəb əmək, daha yüksək xüsusi çəkiyə malik əmək olsun, – dəyərin artması prosesi üçün bunun əsla fərqi yoxdur. Orta ictimai əməyə nisbətən daha yüksək, daha mürəkkəb əmək əhəmiyyətinə malik olan əmək elə bir iş qüvvəsinin təzahürüdür ki, onun əmələ gəlməsi sadə iş qüvvəsinə nisbətən daha yüksək xərc tələb edir, onun istehsalı daha çox iş vaxtına başa gəlir və buna görə də onun daha yüksək dəyəri olur. Bu qüvvənin dəyəri yüksəkdirsə, onda o həmçinin daha yüksək əməkdə təzahür edir və buna görə də bərabər vaxt ərzində nisbətən daha yüksək dəyərlərdə maddiləşir. Lakin əyirici əməyinin dərəcəsi ilə zərgər əməyinin dərəcəsi arasında nə kimi fərq olsa da, zərgər fəhləsinin ancaq öz iş qüvvəsinin dəyərini ödədiyi əmək hissəsi onun izafi dəyər yaratdığı əlavə əmək hissəsindən keyfiyyətcə heç bir şeylə fərqlənmir. Hər iki halda izafi dəyər ancaq əməyin miqdarca artığından, eyni əmək prosesinin: bir halda iplik istehsalı prosesinin, digər halda isə zərgər istehsalı prosesinin daha artıq davam etməsindən əmələ gəlir144.
Digər tərəfdən, dəyər əmələ gəldiyi hər bir prosesdə yüksək əmək həmişə orta ictimai əməyə, məsələn, bir günlük yüksək əmək x günlük sadə əməyə müncər edilməlidir145. Deməli, kapitalın işlətdiyi fəhlənin sadə, orta ictimai əmək sərf etdiyini fərz etsək, lüzumsuz əməliyyata yol vermərik və təhlili sadələşdirərik.
ALTINCI FƏSİL
SABİT KAPİTAL VƏ DƏYİŞƏN KAPİTAL
Əmək prosesinin müxtəlif amilləri məhsul dəyərinin yaradılmasında müxtəlif şəkildə iştirak edir.
Əməyin konkret məzmunu, məqsədi və texniki xarakteri necə olursa olsun, fəhlə əmək cisminə müəyyən miqdar əmək əlavə etməklə ona yeni dəyər əlavə etmiş olur digər tərəfdən, istehlak edilmiş istehsal vasitələrinin dəyərlərini biz yenidən məhsul dəyərinin tərkib hissələri şəklində görürük, məsələn pambığın və iylərin dəyərini ipliyin dəyərində görürük. Deməli, istehsal vasitələrinin dəyəri məhsulun üzərinə keçərək itmir. Həm də istehsal vasitələri məhsula çevrildiyi zaman, əmək prosesində keçir. əmək vasitəsi ilə keçir. Lakin necə?
Fəhlə eyni zaman ərzində iki dəfə işləmir: bir dəfə öz əməyi ilə pambığa dəyər əlavə etmək üçün, bir dəfə də pambığın köhnə dəyərini saxlamaq üçün və ya, başqa sözlə desək, emal etdiyi pambığın və işlətdiyi iylərin dəyərini məhsulun, ipliyin üzərinə keçirmək üçün işləmir. Fəhlə köhnə dəyəri ona sadəcə olaraq yeni dəyər əlavə etmək yolu ilə saxlayır. Lakin əmək cisminə yeni dəyər əlavə edilməsi və məhsuldakı köhnə dəyərlərin saxlanılması fəhlənin eyni zaman ərzində iki dəfə işləmədiyi halda, bu zaman ərzində əldə etdiyi iki tamamilə müxtəlif nəticədən ibarət olduğuna görə, nəticənin belə ikili olması, yəqin ki, ancaq fəhlənin öz əməyinin ikili xarakteri ilə izah edilə bilər. Əmək eyni zaman ərzində, bir xassəsi sayəsində dəyər yaratmalı, digər xassəsi sayəsində isə dəyəri hifz etməli və ya keçirməlidir.
Hər bir fəhlə iş vaxtını, buna görə dəyəri də necə əlavə edir? Həmişə ancaq öz məhsuldar əməyinin spesifik formasında. İş vaxtını əyirici ancaq əyirməklə, toxucu ancaq toxumaqla, dəmirçi ancaq dəmiri döyməklə əlavə edir. Əməyi, buna görə yeni dəyəri də onların ümumiyyətlə əlavə etdikləri məqsədəuyğun forma sayəsində, əyirmək, toxumaq, dəmir döymək sayəsində istehsal vasitələri–pambıq və iy, iplik və toxuma dəzgahı, dəmir və zindan–məhsul yaratmaq, yeni istehlak dəyəri yaratmaq ünsürləri olur.146 Bu istehsal vasitələrinin istehlak dəyərinin köhnə forması yox olur, amma yalnız onun üçün yox olur ki, yeni bir istehlak dəyəri formasında meydana gəlsin. Lakin hələ dəyər yaranması prosesi nəzərdən keçirilərkən məlum oldu ki, istehlak dəyəri yeni istehlak dəyərinin istehsalı üçün məqsədəuyğun istehlak olunduğuna görə, istifadə edilmiş istehlak dəyərini yaratmaq üçün lazım olan iş vaxtı yeni istehlak dəyəri yaratmaq üçün lazım olan iş vaxtının bir hissəsidir, yəni istehlak edilmiş istehsal vasitələrindən yeni məhsul üzərinə keçirilən iş vaxtıdır. Deməli, fəhlə istehlak edilmiş istehsal vasitələrinin dəyərlərini hifz edərkən və ya bu dəyərləri məhsul dəyərinin tərkib hissəsi olaraq məhsulun üzərinə keçirərkən bunu ümumiyyətlə öz əməyini əlavə etmək vasitəsi ilə etmir, əlavə olunan bu əməyin xüsusi faydalı xarakterdə, spesifik məhsuldar formada olması sayəsində edir. Bu cür məqsədəuyğun məhsuldar fəaliyyətdən–əyirməkdən, toxumaqdan, dəmir döyməkdən–ibarət olan əmək istehsal vasitələrinə toxunan kimi bu ölgün vasitələri canlandırır; əmək bu istehsal vasitələrinə ruh verməklə, onları əmək prosesinin amillərinə çevirir və onlarla birləşib məhsul şəklinə düşür.
Fəhlənin spesifik məhsuldar əməyi əyirməkdən ibarət olmasaydı, pambığı ipliyə çevirə bilməzdi, deməli, pambığın və iylərin dəyərini də ipliyin üzərinə keçirməzdi. Əksinə, elə həmin fəhlə öz peşəsini dəyişdirib xarrat olarsa, yenə əvvəlki kimi öz iş günü vasitəsi ilə müvafiq materiala dəyər əlavə edəcəkdir. Deməli, fəhlənin öz əməyi vasitəsi ilə dəyər əlavə etməsinə səbəb onun əməyinin əyirici əməyindən və ya xarrat əməyindən ibarət olması deyil, bu əməyin abstrakt əmək, ümumiyyətlə ictimai əmək olmasıdır, həm də fəhlənin müəyyən miqdar dəyər əlavə etməsinə səbəb onun əməyinin xüsusi faydalı məzmuna malik olması deyil, bu əməyin müəyyən müddət ərzində davam etməsidir. Beləliklə, öz abstrakt ümumi xassəsinə görə, insan iş qüvvəsinin sərfi olmaq etibarı ilə əyirici əməyi pambığın və iylərin dəyərinə yeni dəyər əlavə edir, öz konkret, xüsusi, faydalı xassəsinə görə, əyirmə prosesi olmaq etibarı ilə isə əyirici əməyi bu istehsal vasitələrinin dəyərini məhsulun üzərinə keçirir və beləliklə, bunların dəyərini məhsulda saxlayır. Buradan da eyni zaman ərzində sərf edilən əməyin verdiyi nəticənin ikili olması irəli gəlir.
Əməyin sadəcə miqdarca əlavə olunması yolu ilə yeni dəyər əlavə olunur, əlavə olunan əməyin xüsusi keyfiyyəti nəticəsində isə istehsal vasitələrinin köhnə dəyərləri məhsulda saxlanılır. Eyni əməyin öz ikili xarakterinin nəticəsi olaraq həmin əməyin bu ikicəhətli təsiri müxtəlif hadisələrdə əyani surətdə meydana çıxır.
Fərz edək ki, hər hansı bir ixtira əyiriciyə əvvəllər 36 saatda əyirilən qədər pambığı 6 saatda əyirməyə imkan verir. (Məqsədəuyğun faydalı məhsuldar fəaliyyət olmaq etibarı ilə onun əməyi öz qüvvəsini altı qat artırmış olur. Onun verdiyi məhsul altı qat artmış olur: 6 funt əvəzində 36 funt iplik olur. Lakin indi bu 36 funt pambıq əvvəllər 6 funtun öz canına çəkdiyi qədər iş vaxtını öz canına çəkir. Bu 36 funt pambığa əvvəlki metodlar şəraitində olduğuna nisbətən altı dəfə az yeni əmək əlavə edilir, buna görə də keçmişdə əlavə olunan dəyərin ancaq altıda bir hissəsi əlavə olunur. Digər tərəfdən, indi məhsulda, 36 funt iplikdə pambığın altı qat artıq dəyəri vardır. Bu 6 saatlıq əyirmə ərzində xam materialın altı dəfə artıq dəyəri saxlanıb məhsulun üzərinə keçirilmişdir, hərçənd, eyni miqdar xam materiala indi altı dəfə az yeni dəyər əlavə olunur. Bu hal əməyin eyni bir bölünməz prosesi əsnasında dəyərləri saxlamağa səbəb olan xassəsinin onun dəyər yaratmasına səbəb olan xassəsindən nə qədər əhəmiyyətli surətdə fərqləndiyini göstərir. Əyirmə əməliyyatı zamanı məlum miqdar pambığın payına düşən zəruri iş vaxtı nə qədər çox olursa, pambığa əlavə olunan yeni dəyər də bir o qədər çox olur, lakin məlum miqdar iş vaxtı ərzində nə qədər çox miqdarda pambıq əyirilirsə, məhsulda saxlanılan köhnə dəyər də bir o qədər çox olur.
Əksinə, fərz edək ki, əyirici əməyinin məhsuldarlığı dəyişməz qalmışdır, deməli, bir funt pambığı ipliyə çevirmək üçün əyiriciyə əvvəlki qədər vaxt lazımdır. Lakin tutaq ki, pambığın özünün mübadilə dəyəri dəyişilmişdir, tutaq ki, onun qiyməti altı dəfə artmış və ya azalmışdır. Hər iki halda əyirici məlum miqdar pambığa eyni miqdar iş vaxtı, deməli, eyni dəyəri əlavə etməkdə davam edir və hər iki halda məlum vaxt ərzində yenə də eyni miqdar iplik istehsal edir. Lakin onun pambıqdan ipliyə, məhsula keçirdiyi dəyər əvvəlkinə nisbətən bir halda altı dəfə az, digər halda altı dəfə çox olur. Əmək vasitələri bahalansa və ya ucuzlaşsa, lakin əmək prosesində yenə əvvəlki kimi eyni xidməti göstərsə, bu halda da eynilə yuxarıdakı nəticə alınar.
Əyirmə prosesinin texniki şəraiti dəyişməz qalırsa, habelə müvafiq istehsal vasitələrinin dəyərində heç bir dəyişiklik baş vermirsə, əyirici eyni iş vaxtı ərzində əvvəlki kimi eyni miqdar xam material və əvvəlki kimi eyni dəyərə malik olan maşın istehlak edəcəkdir?. Onun məhsulda saxladığı dəyər bu halda onun əlavə etdiyi yeni dəyərlə düz mütənasibdır. O, iki həftə ərzində məhsula bir həftədə əlavə etdiyindən ikiqat artıq əmək, deməli, ikiqat artıq dəyər əlavə edir və eyni zamanda ikiqat artıq dəyər təmsil edən ikiqat artıq material istehlak edir və ikiqat artıq dəyər təmsil edən ikiqat artıq maşın aşındırır; beləliklə o, iki həftənin məhsulunda bir həftənin məhsulunda saxladığından ikiqat artıq dəyər saxlamış olur. Dəyişilməz qalan məlum istehsal şəraitində fəhlə məhsula nə qədər çox dəyər əlavə edirsə, bir o qədər çox dəyər saxlamış olur; lakin onun daha çox dəyər saxlamasına səbəb daha çox dəyər əlavə etməsi deyil, bu dəyəri dəyişilməz qalan və onun öz əməyindən asılı olmayan şəraitdə əlavə etməsidir.
Əlbəttə, müəyyən nisbi mənada demək olar ki, fəhlə əlavə etdiyi yeni dəyərlə eyni proporsiyada həmişə köhnə dəyərləri saxlayır. Pambığın dəyəri hər necə dəyişilirsə dəyişilsin, istər bahalanıb 1 şillinqdən 2 şillinqə qalxsın, istərsə 6 pens ucuzlaşsın, fəhlə bir saatın məhsulunda iki saatın məhsulundakına nisbətən həmişə ikiqat az pambıq dəyərini saxlayır. Sonra, onun öz əməyinin məhsuldarlığı dəyişilirsə, bu məhsuldarlıq yüksəlir və ya aşağı düşürsə, fəhlə, məsələn, bir iş saatında əvvəlkindən çox və ya az pambıq əyirər və buna müvafiq olaraq bir iş saatının məhsulunda çox və ya az pambıq dəyərini saxlayar. Lakin bütün bunlarla bərabər fəhlə iki iş saatında bir iş saatındakından ikiqat artıq dəyər saxlayar.
Dəyər nişanında dəyərin xalis simvolik ifadəsini bir kənara qoysaq, dəyər ancaq bu və ya başqa bir istehlak dəyərində, bu və ya başqa bir şeydə mövcuddur. (İş qüvvəsinin ancaq meydandakı varlığı kimi nəzərdən keçirilən insan özü təbiət cismidir, şeydir, hərçənd canlı, şüurlu bir şeydir, əmək özü isə bu iş qüvvəsinin maddi təzahürüdür.) Buna görə də istehlak dəyəri itib getdikdə, dəyər də itib gedir. İstehsal vasitələri isə öz istehlak dəyəri ilə bir zamanda öz dəyərini də itirmir, çünki əmək prosesi nəticəsində onlar öz istehlak dəyərinin ilkin formasını həqiqətdə ancaq ona görə itirir ki, sonra məhsulda başqa bir istehlak dəyəri forması alsın. Lakin müəyyən bir istehlak dəyəri şəklində mövcud olmaq dəyər üçün nə qədər mühüm olsa da, əmtəə metamorfozunun göstərdiyi kimi, hansı istehlak dəyərində mövcud olmağın dəyər üçün fərqi yoxdur. Buradan belə bir nəticə çıxır ki, əmək prosesində istehsal vasitələri öz müstəqil istehlak dəyəri ilə bərabər öz mübadilə dəyərini də nə dərəcədə itirirsə, istehsal vasitələrindən də məhsula ancaq o dərəcədə dəyər keçir. Onlar ancaq, istehsal vasitələri olmaq etibarı ilə itirdikləri dəyəri məhsula verir. Lakin bu cəhətdən əmək prosesinin müxtəlif maddi amilləri müxtəlif vəziyyətdədir.
Maşının ocağında yandırılan kömür, habelə təkərin oxunu yağlamaq üçün işlədilən yağ və i. a. Heç bir iz qoymadan yox olub gedir. Boyaqlar və başqa yardımçı materiallar yox olur, lakin məhsulun xassələrində təzahür edir. Xam material məhsulun substansiyasını təşkil edir, lakin öz formasını dəyişdirir. Deməli, xam material və yardımçı maddələr istehlak dəyərləri halında əmək prosesinə girərkən malik olduqları müstəqil formanı itirir. Əsil əmək vasitələri məsələsi başqa cürdür. Cihaz, maşın, fabrik binası, çəllək və i. a. əmək prosesində ancaq o vaxta qədər xidmət edə bilir ki, öz ilk formalarını saxlamış olsun, əmək prosesinə sabah da dünənki formada daxil ola bilsin. Əmək vasitələri yaşadıqları müddətdə, yəni əmək prosesi müddətində məhsula nisbətlə özlərinin müstəqil formasını hifz etdikləri kimi, öləndən sonra da bu formanı hifz edirlər. Maşınlar, alətlər, emalatxanalar və i. a. Hansı məhsulların yaradılmasına kömək etmişlərsə, həmin maşınların, alətlərin və emalatxanaların cəsədləri bu məhsullardan ayrılıqda yenə əvvəlki kimi yaşamaqda davam edir. İndi biz belə bir əmək vasitəsinin emalatxanaya daxil olduğu gündən tullantılar arasına atıldığı günədək xidmət etdiyi bütün dövrü nəzərdən keçirsək, görərik ki, bu dövr ərzində əmək vasitəsinin istehlak dəyərini əmək tamamilə istehlak etmiş, buna görə də onun mübadilə dəyəri tamamilə məhsula keçmişdir Məsələn, bir əyirmə maşınının ömrü 10 ildə başa çatmışsa, onun bütün dəyəri on illik əmək prosesi ərzində 10 ilin məhsuluna keçmişdir. Deməli, əmək vasitəsinin yaşadığı dövr onun köməyi ilə çox və ya az miqdarda daim yenidən təkrarlanan əmək proseslərini əhatə edir. Əmək vasitələri məsələsi də insan kimidir. Hər gün insanın ömrü 24 saat azalır. Lakin insanın alnına onun ömründən neçə gün keçdiyi yazılmamışdır. Buna baxmayaraq, həyat sığortası cəmiyyətləri insan ömrünün orta müddətindən çox dürüst və daha əhəmiyyətlisi budur ki, çox faydalı nəticələr çıxara bilir. Əmək vasitələri məsələsi də belədir. Təcrübədən məlumdur ki, müəyyən bir əmək vasitəsi, məsələn müəyyən növ maşın orta hesabla neçə müddət ömür sürə bilər. Fərz edək ki, həmin maşın əmək prosesində öz istehlak dəyərini ancaq 6 gün saxlayır. Bu halda maşın hər iş günündə öz istehlak dəyərinin orta hesabla 1/6 hissəsini itirir və buna görə də bir günlük məhsula öz dəyərinin 1/6 hissəsini verir. Bütün əmək vasitələrinin aşınması, məsələn onların hər gün öz istehlak dəyərini nə qədər itirməsi və buna müvafiq olaraq gündə öz dəyərinin nə qədərini məhsula keçirməsi bu üsulla hesablanır.
Buradan tamamilə aydın görünür ki, istehsal vasitəsi heç zaman məhsulun üzərinə əmək prosesində öz istehlak dəyərinin məhv edilməsi nəticəsində itirdiyindən artıq bir dəyər keçirmir. İstehsal vasitəsinin dəyəri olmasaydı və buna görə də onun itiriləsi bir şeyi olmasaydı, yəni o özü insan əməyinin məhsulu olmasaydı, məhsula heç bir dəyər keçirə bilməzdi. O, mübadilə dəyəri yaradılmasında iştirak etmədən, istehlak dəyəri yaradılmasına xidmət edərdi. İnsanın yardımı olmadan təbiətin verdiyi bütün istehsal vasitələri: torpaq, külək və su, mədənlərdəki dəmir, əl dəyməmiş meşələrdəki ağac və i. a. belədir.
Burada qarşımıza başqa bir maraqlı hadisə çıxır. Tutaq ki, bir maşının dəyəri, məsələn, 1 000 funt sterlinqdir və bu maşın 1 000 gündə işlənib köhnəlir. Bu halda maşının dəyərinin 1/1000 hissəsi hər gün onun özündən onun gündəlik məhsulu üzərinə keçir. Eyni zamanda maşının həyat gücü getdikcə azalmaqda olsa da, bütün maşın əmək prosesində fəaliyyət göstərməkdə davam edir. Beləliklə, məlum olur ki, əmək prosesinin məlum bir amili, məlum bir istehsal vasitəsi əmək prosesində bütünlüklə, dəyərin yaranması prosesində isə ancaq qismən iştirak edir. Əmək prosesi ilə dəyərin yaranması prosesi arasındakı fərq burada onların maddi amillərində elə əks olunur ki, eyni bir istehsal vasitəsi müəyyən istehsal prosesinə əmək prosesi ünsürü kimi bütünlüklə daxil olur, dəyər yaradan ünsür kimi isə ancaq hissə-hissə daxil olur.147
Digər tərəfdən, istehsal vasitəsi, əksinə, əmək prosesinə ancaq qismən daxil olsa da, dəyər yaradılması prosesinə bütünlüklə daxil ola bilər. Fərz edək ki, əyirmə zamanı 115 funt pambıqdan gündə 15 funt puça çıxır, bu, iplik deyil, ancaq devil's dust verir [toza çıxır]. Lakin bu 15 funt itki normaldırsa, pambığın orta emalı şəraitində bu itki labüddürsə, iplik ünsürü təşkil etməyən bu 15 funt pambığın dəyəri də, iplik maddəsini təşkil edən 100 funt pambığın dəyəri kimi, ipliyin dəyərinə daxil olur. 100 funt iplik istehsal etmək üçün 15 funt pambığın istehlak dəyərini toza çevirmək lazım gəlir. Deməli, bu pambığın puç olması iplik istehsalı üçün şərtdir. Məhz buna görə də həmin pambıq öz dəyərini ipliyə verir. Bu, əmək prosesinin bütün tullantılarına aiddir, hər halda ona görə aiddir ki, bu tullantılar bir daha yeni istehsal vasitələri yaratmır, buna görə də yenidən müstəqil istehlak dəyərləri yaratmır. Məsələn, Mançesterin böyük maşınqayırma fabriklərində nəhəng maşınlar işləyərkən alınan yonqar şəklində dağlar qədər yığılan dəmir tullantıları görmək olar; axşamlar bu tullantılar fabrikdən böyük arabalarla dəmirəridən zavoda göndərilir, ertəsi gün isə bu yonqar parça dəmir şəklində yenə fabrikə qaytarılır.
Əmək prosesi zamanı istehsal vasitələri ancaq, öz köhnə istehlak dəyərləri formasında mövcud olan dəyərini itirdiklərinə görə, yeni formalı məhsula dəyər keçirirlər. Yəqin ki, əmək prosesində istehsal vasitələrinin itirə biləcəyi dəyərin ən yüksək həddi əmək prosesinə girərkən malik olduqları ilkin dəyər kəmiyyətindən və ya onların özünü istehsal etmək üçün lazım gələn iş vaxtından artıq ola bilməz. Buna görə də istehsal vasitələri heç zaman məhsulun üzərinə xidmət etdikləri əmək prosesindən asılı olmayaraq malik olduqlarından artıq bir dəyər əlavə edə bilməz. Müəyyən bir əmək materialı, müəyyən bir maşın, müəyyən bir istehsal vasitəsi nə qədər faydalı olursa-olsun, onun dəyəri 150 funt sterlinqdirsə və ya, məsələn 500 iş gününə bərabərdirsə, yaradılmasına xidmət etdiyi məhsula heç zaman 150 funt sterlinqdən artıq bir dəyər əlavə edə bilməz. Bunların dəyəri bunların bir istehsal vasitəsi kimi daxil olduqları əmək prosesi ilə deyil, bunların bir məhsul kimi çıxdıqları əmək prosesi ilə müəyyən olunur. Əmək prosesində bunlar ancaq bir istehlak dəyəri kimi, faydalı xassələrə malik olan bir şey kimi xidmət edirlər, buna görə də bunlar prosesə girərkən dəyərə malik olmasaydılar, məhsula heç bir dəyər keçirməzdilər.148
Məhsuldar əmək istehsal vasitələrini yeni məhsul yaradılması ünsürlərinə çevirdiyi halda, onların dəyəri bir növ ruh kimi köçür. Bu dəyər istehlak edilmiş bədəndən yeni yaradılan bədənə köçür. Lakin ruhun belə köçməsi sanki gerçək əməyin arxasında baş verir. Fəhlə köhnə dəyərləri hifz etmədən yeni əmək əlavə edə bilməz, deməli, yeni dəyər də yarada bilməz, çünki o hər dəfə əməyi müəyyən bir faydalı formada əlavə etməlidir, məhsulları yeni məhsulun istehsal vasitələrinə çevirmədən və bununla da onların dəyərlərini yeni məhsula keçirmədən isə fəhlə əməyi faydalı formada əlavə edə bilməz. Deməli, dəyər əlavə etmək yolu ilə dəyəri hifz etmək fəaliyyətdə təzahür edən iş qüvvəsinin–canlı əməyin təbii xassəsidir, elə bir təbiət vergisidir ki, fəhlə üçün heç bir əhəmiyyəti olmadığı halda, kapitalist üçün çox faydalıdır, yəni onun mövcud kapital dəyərinin hifz olunmasını təmin edir149. Nə qədər ki, iş yaxşı gedir, kapitalistin mənfəət əldə etməyə o qədər başı qarışır ki, macal tapıb əməyin bu müftə vergisini görə bilmir. Əmək prosesindəki məcburi fasilələr, yəni böhranlar baş verdikdə, kapitalist bunu görür və hətta yaxından hiss edir150.
"C-b Rikardo çorab maşınının istehsalı üçün sərf edilən maşınqayırma əməyinin bir hissəsi barəsində deyir ki, bu əmək hissəsi, məsələn, bir cüt corabın dəyərində vardır. Halbuki çorabın hər cütünü istehsal edən bütün əməyə… maşınqayıranın əməyinin bir hissəsi deyil, hamısı daxildir; ona görə ki, bir maşın çoxlu corab hazırlayırsa da, maşının bütün hissələri iştirak etmədən bu corabların bir cütü də hazırlana bilməz". Həddən artıq təkəbbürlü "wiseacre" ["əllamə"] olan müəllif öz dolaşıq fikrində və bununla bərabər öz mübahisəsində ancaq o mənada haqlıdır ki, nə Rikardo, nə də ondan əvvəlki və sonrakı iqtisadçılardan heç biri əməyin iki cəhəti arasında ciddi bir hədd qoymamışdır, buna görə də dəyərin yaranmasında bu iki cəhətin oynadığı müxtəlif rolu təhlil etməmişdir.
Ücretsiz ön izlemeyi tamamladınız.