Kitabı oku: «Altunsaç»
Kitab Çərkəz Qurbanlının əziz xatirəsinə ithaf olunur
ÖNSÖZ
MÜƏMMALI ƏSƏD BƏY VƏ SİVİLİZASİONLAR SAVAŞI
öncə müəllif haqqında
Əsəd Bəy … Həm də Leo Noissumbaum, Qurban Səid. Parlaq, istedadlı, eyni zamanda faciəli şəxsiyyət. Həyat və yaradıcılıq yolu bugün də müxtəlif ölkələrdə kütləvi informasiya vasitələrinin və oxucuların diqqət və ehtiramını qazanmış insan, keşməkeşli tale. İnternetdə latın qrafikasında Essad Bey adı ilə öz saydları, informasiya qaynağı var ki, bu da azərbaycanlı yazıçının, Bakı yetirməsinin dünya şöhrətindən xəbər verir.
Yazıçı və publisist, tarixçi və politoloq kimi hələ sağlığında Qərbdə və ABŞ-da məşhur idi. Əsərləri böyük tirajlarla alman, ingilis, fransız, italyan, türk, rus və polyak dillərində, çox dillərdə də təkrar-təkrar çap olunmuşdur, ümumiyyətlə dünyanın on yeddi dilinə tərcümə edilmişdir.
Yeri gəlmişkən, ən az çap olunduğu dil ana dili, Azərbaycan dilidir ki, buna da səbəb romanlarından birinin, «Əli və Nino»nun ətrafında son dövrlər irəli sürülən müxtəlif versiyalardır. Təbii ki, bu versiyalar müəyyən mənada yerli naşirlərin Əsəd Bəy yaradıcılığına olan marağının üstünə soyuq su çiləmişdir. Adının, daha doğrusu, tarixi şəraitlərin təzyiqi altında «uğursuz» qəbul etdiyi təxəllüslərin «açılışı» da əsərlərinin müəlliflik hüququ ilə bağlı bir çox məsələləri dolaşdırmışdır.
Amma məsələlərə aydınlıq gətirmək lazımdır: Azərbaycan mühacirət ədəbiyyatının ən parlaq nümayəndələrindən biri olaraq o, Azərbaycanı tərk edib ilk dəfə Avropaya düşəndə artıq müəmmalı şəxsiyyətlərdən biri idi. Avropada əvvəlcə Almaniyada, sonra isə Avstriya və İtaliyada yaşamış, elə İtaliyada da vəfat edib Neapol yaxınlığındakı Pozitano şəhərində dəfn edilmişdir. Haqqında film çəkən alman kinomatoqrafçılarının mülahizələrinə görə mərhumun ərəbcə yazılı baş daşı qibləyə doğru qoyulmamışdır ki, bu da, təsdiqlənərsə, müsəlman adətincə dəfnin müvəqqətiliyinə, Əsəd Bəy nəşinin, çox güman ki, doğma vətənə dönməsinə bir vəsiyyət kimi qəbul olunmalıdır.
Publisist kimi bolşevik sistemini qamçılayan Əsəd Bəy sovet dövründə bizə bəlli olmamış və yalnız Azərbaycan Respublikası öz müstəqilliyini qazandıqdan sonra vətənin-də tanınmış, özü və yaradıcılığı haqqındakı faktların kasadlığı, bir neçə təxəllüsə malik olması üzündən mübahisə, hətta nifaq obyektinə çevrilmişdir.
Məhəmməd Əsəd Bəy – bu, yazıçının Pozitanodakı baş daşına ərəb əlifbası ilə həkk edilmiş tam və dolğun adıdır. Adın altında əlavə olaraq müsəlman ənənəsi ilə bir cümlə də yazılmışdır: «Allah ona qəni-qəni rəhmət eləsin».
Özünün yazdığına görə Əsəd Bəy 20 oktyabr 1905-ci ildə anası Sürixdən Bakıya dönərkən Ukrayna ilə Rusiya arasındakı çöldə qatarda dünyaya göz açmışdır. «Əksər adamlar doğulduğu evi, yaxud ən azı yeri göstərə bilirlər. Bu yeri, daha doğrusu, bu evi sonralar qocalıqda məsum xəyallara dalmaq üçün ziyarət edirlər. Dediyim xəyallara dalmaq üçün mən gərək sürət qatarının vaqonunu ziyarət edəm. Mən rus dəmiryolçularının ilk tətili zamanı Avropa ilə Asiya arasında yerləşən rus çölünün tam ortasında, anam Sürixdən, rus inqilabçılarının iqamətgahından ailəmin yaşadığı Bakıya gələrkən doğulmuşam. Doğulduğum gün çar, ruslara konstitusiya vəd edən manifestini imzalamışdı. »
Valideynləri barədə çox az məlumat var, olanlar da ziddiyyətlidir. Yazıçının ömür yolunun müəyyən anlarını onun özü haqqında yazdığı tərcümeyi-halı və romanları verir: atası namuslu bir müsəlmandır, evində hərəmxanası (əsərlərində Əsəd Bəy bu sözü evin qadın bölməsi, qadın guşəsi mənasında işlədir) var, müəllifin yazdığı kimi, tam romantik bir şəraitdə atasının-çar jandarmalarının əlindən qurtardığı qız, Əsəd Bəyin gələcək anası bu evə düşür. Milliyyətcə rus, yaxud xristianlaşmış yəhudi olan bu qadın, Əsəd Bəy hələ kiçik yaşlarında ikən dünyasını dəyişir, uşağın tərbiyəsi ilə birbaşa atası və alman dayə məşğul olur.
Bakıdakı inqilabi hadisələrlə bağlı Şaumyan daşnak-bolşevik hökuməti dövründə Əsəd Bəy atası ilə bir müddət Türküstan və İranı gəzib-dolaşır, Azərbaycanda Xalq Cümhuriyyəti qurulandan sonra Bakıya qayıdır, Cümhuriyyətin süqutundan sonra isə Gürcüstana, bolşeviklər bu ölkəni zəbt etdikdə isə Türkiyəyə, oradan da Almaniyaya gedir. Hələ körpəlikdən rus və alman dillərinə mükəmməl yiyələnmiş gəncə təhsilini və yaradıcılıq fəaliyyətini davam etdirmək üçün geniş imkanlar açılır.
Həyatının bu dövrü onun Əsəd Bəy təxəllüsü ilə çap etdirdiyi ilk avtobioqrafik romanı «Şərqdə neft və qan»da və ikinci bədii romanı «Altunsaç»da müəyyən mənada təsvir edilir. Həmin əsərlər avtobioqrafik anları tam aydınlığı ilə ehtiva edir: o dövrdə Türküstan və İranda, eləcə də Azərbaycan və Gürcüstanda baş verən olayların, həmin məkanlarda gəzib-dolaşdığı coğrafi ərazilərin, Berlin Universitetindəki təhsilin, Berlinin 20-ci illərdəki ictimai mühitinin, şəhərin durumunun, küçə və evlərin, idarələrin, müxtəlif peşələrdən olan insanların, mühacirlik mühitinin, qarşılıqlı münasibətlərin və reallıqların, sonralar çalışdığı Yaxın Şərq və Afrika arealının dəqiq və gerçək təsviri. Başlıcası da mühacirət həyatı, romanın qəhrəmanının, zadəgan ailədən olub Türkiyə sultanının devrilməsindən sonra İstanbulu tərk edərək atası ilə birlikdə Almaniyaya köçmüş türk qızının həyatı. Bu qovqun və didərginlərin taleyi çox məqamlarda Əsəd Bəyin və atasının həyat və taleyini xatırladır.
Atası ilə bərabər qərar tutduqları Berlində Şərqə, Qafqaza hərtərəfli bələdliyi ilə Əsəd Bəy onu əhatə edənlərə yaxşı təsir bağışladı, şərqli insan kimi seçildi, buna uyğun da şərq libası geydi, İran, Rusiya, ərəb dünyası da daxil olmaqla şərq ölkələrinin tarixinin və islamın bilicisi kimi ad çıxartdı.
Ancaq bununla yanaşı, ayrı-ayrı insanlar tərəfindən öz şəxsiyyətinə qarşı inamsız münasibətləri duyan Əsəd Bəy artıq 20-ci illərdə anladı ki, onun «ekzotik» keçmişi və «bolşevik Rusiya»sından gəlməsi faktı mənfi nəticələr verə bilər, çünki Almaniyanın xəfiyyə xidməti Rusiya və Qafqazdan olan bu qəbilli mühacirlərə şübhə ilə yanaşırdı və buna əsası da vardı.
Belə bir şəraitdə, təbii ki, təkcə zahiri görkəmi ilə yerli mühitə uyğunlaşmaq, yəni şərq qiyafəsini Avropa kostyumuna, köynək və qalstukuna dəyişdirmək yox (1937-ci ildə nəşr olunmuş birinci bədii romanı «Əli və Nino»nun üz qabığında o məhz bu görkəmdədir), həm də «sənədləşməni» dəyişdirmək tələbatı ortaya çıxdı: Məhəmməd Əsəd Bəy dönüb Leo Noissumbaum oldu ki, «gözəçarpmaz» bir insan kimi minlərlə Berlinlinin axınında ərisin. Müxtəlif güman və versiyalar irəli sürmək olar ki, niyə o, Leo Noissumbaum adının üstündə qərar tutub: uşaq yaşlarında itirdiyi anasının, yoxsa mühacirətdə də onunla olmuş alman dayəsi Aliliçkanın soy adımı?! Yaxud eyni adın bütün dillərdə və məqamlarda müxtəlif variyasiyasımı?!.. Beləki «Leo Noissimbaum»dakı Leo da, «Əssəd Bəy»dəki Əsəd də, «Altunsaç» romanının italyan dilinə tərcüməsinə yazılmış önsözdə atasının İbrahim Bəy Şirvanşir olduğunu deyəndə də bu şəxsin adının Aslan Şir Əsəd Leo, yaxud Lev olduğunu görürük. Əslində o, eyni məna daşıyan adı müxtəlif dillərdə variyasiya edərək özünə təxəllüs seçmişdir. Təkcə Qurban Səid təxəllüsü istisna olmaqla.
Yeri gəlmişkən, yeni «Avropa» («yəhudi») adı Berlinin kübar ailələrinin, özəlliklə də baron Rolf fon Bodmershofun qapılarını onun üzünə açır. O, rus mühacirlərinin dairəsinə daxil olur, məşhur kinorejissor Mayk Nikolsun atası Pavel Peşkovskinin evinə gedib-gəlir, Vladimir Nabokovun bacısı Yelena Nabokova ilə yaxınlıq edir. Lakin 1933-cü ildə Hitlerin hakimiyyətə gəlişi ilə Almaniyada yəhudilərin sıxışdırılması şəraitində ona, şərqli, qafqazlı mühacir kimi onun şəxsiyyətinə, «şübhəli» soyadına qarşı münasibət dəyişir.
«Yəhudi» soyadının seçilməsi və ari nəzəriyyəsi baxımından Əsəd Bəyin Leo Noissumbaumun «şübhəli» keçmişi öz işini görür: Əsəd Bəy qonşu Avstriyaya, Vyanaya köçmək məcburiyyətində qalır ki, burada da nisbi təhlükəsizlik qazanır və ilhaqdan (Avstriyanın Almaniyaya birləşdirilməsindən) sonra İtaliyaya köçür.
«Əli və Nino»nun ingilis nəşrinə yazdığı önsözdə Əsəd Bəyi «dahi» adlandıran məşhur ingilis yazıçısı Con Ueynin göstərdiyi kimi, Mussolininin İtaliyada qurduğu faşist rejiminin Almaniyadakı rejimdən heç də yaxşı olmadığını nəzərə alsaq, bu köçkünlük onun üçün o qədər də uğurlu olmamışdır…
Gerçəkliklərin tez-tez dəyişdiyi, totalitar rejimlərin Avropada bir-birinin ardınca yarandığı, Avropanın oxucu bazarı Əsəd Bəy kitablarının üzünə bağlandığı şəraitdə onun yeni bir manevrə əl atmaqdan ayrı çarəsi qalmadı. Bu səbəblərdən də Əsəd Bəy– baronessa Elfride Erenfels fon Bodmershof yaradıcılıq tandemi yarandı. Əsəd Bəyin tanışı Rolfun ikinci arvadı baronessa yazıçı ilə razılaşma əsasında onun mənafelərini müdafiə etməyə girişdi, faktiki olaraq öz «ari» adı ilə onu Almaniya polisinin mümkün qısnamalarından qorudu. Qurban Səid adının arxasında iki adamın: baronessa və Əsəd Bəyin gizləndiyi təxəllüsün qanuni daşıyıcısı da məhz Elfride Erenfels fon Bodmershofdur.
Beləcə 30-cu illərin ikinci yarısı üçün Üçüncü Reyxin Kitab Müəlliflərinin Siyahısında belə bir qeydə rast gəlinir: Qurban Səid baronessa Elfride Erenfels fon Bodmershofun təxəllüsüdür.
Əsəd Bəylə sıxı (onları yaxından tanıyanların güman etdiyi kimi intim) tellərlə bağlı olan Elfride fon Erenfels, yaxud Qurban Səid Azərbaycanın, Türkiyənin, Qafqazın, Rusiyanın və əvvəllər olduğu yerlərin həyatını, adət-ənənələrini, mədəniyyət və tarixini parlaq və dəqiq boyalarla tərənnüm edən Əsəd Bəyin yalnız nəşr maraqlarını müdafiə etmişdir. Əsəd Bəylə yazışmalardan göründüyü kimi, baronessa onun qonorarlarını Almaniya nəşrlərindən alıb tənha və xəstə yazıçıya göndərmişdir.
Burada onlar məxfiliyi qorumuşlar. Məsələn, «Nyu-Yorker» jurnalında (oktyabr 1999) Əsəd Bəy haqqında iri həcmli məqalə çap etdirmiş Tom Raysin əldə etdiyi dörd məktubda bu barədə maraqlı məlumatlar var. Həmin məktubları Əsəd Bəy özünün son didərginlik yurdu İtaliyadan, Pozitanodan baronessa Elfridenin əri baron Rolf fon Bodmershofa yazmışdır.
Birinci məktubun tarixi 21 iyul 1938-ci ildir. Burada Əsəd Bəy baron Rolfu onu yoluxmağa, tənhalığını və didərginliyini geniş ictimaiyyətə çatdırmağa çağırır. Sonra yazır: «Yuqoslaviyadakı Amerikan Ekspressin Afina bürosunun xətti ilə xanım Qurban Səidin adından 200 dollar aldım» («Xanım Qurban Səid» adı altında Elfride nəzərdə tutulur).
Növbəti məktubda Əsəd Bəy Qurban Səid adına üçüncü şəxsdə toxunur ki, bu da pul vəsaitlərinin sərhəddən keçirilməsi üçün onun gizli ad olduğundan xəbər verir: «Belqradda, Qeza Kon nəşriyyatında … Qurban Səid üçün əlavə 150 dollar saxlanılıb. Qurban Səid bu pulu yolüstü götürə bilərmi? Və onunla kim hansı yolla əlaqə saxlaya bilər? … Bu barədə mənə yaz və, mümkünsə, təcili bildir görüm, Qurban Səid nəşriyyatla əlaqə saxlayıbmı».
Bununla bağlı Tom Rays yazır: «Bu barədə heç nə bilmədən Elfride fon Bodmershof hər ehtimala qarşı nəşriyyata gedib… Əsəd Bəyin bu və digər məktublarında həmişə məyusluq duyulur; aydın görünür ki, Qurban Səid uydurma bir addır ki, Əsəd (Əsəd Bəy müəlliflər), necə deyərlər, onun arxasında gizlənib və bu yolla əsərlərinə çatan qonorarları almaqda davam edə bilib».
Həmin illərdə yəhudi müəlliflər öz keçmişlərini gizlətmək məcburiyyətində qalmışdılar; əksəriyyəti yəhudilərdən ibarət Avstriya naşirləri Hitlerin 1933-cü ildə hakimiyyətə gəlişi ilə çətin vəziyyətə düşmüşdülər. Alman dilində çap edən üç kitab bazarı vardı: Almaniya, Avstriya, İsveçrə. Alman bazarı bunların ən irisi idi. Ona görə də Almaniyada satıla bilməyən kitabı buraxmaq sərfəli deyildi. Hətta Avstriya müstəqil olanda da nəşriyyatlar öz kitablarını nasist senzurasına təqdim etməliydilər ki, alman oxucusunun əksəriyyətinə çıxış tapsınlar.
Belə bir şəraitdə, dəqiq deyilsə, Avstriyanın ilhaqından bir il öncə, yəni 1937-ci ilin aprelində «Əli və Nino» romanının Qurban Səid təxəllüsü ilə nəşri üçün müqavilə imzalanmışdır və bununla alman bazarına yol açılmışdır.
Senzuranı azdırmaq məqsədilə Hollandiya və İsveç kimi üçüncü ölkələrdə qondarma nəşriyyatlar, baş nəşriyyatların yamsılayıcıları açılmışdı və kitablar indi bir ölkədə çap edilir, digərində cildlənir, sonra da Reyxə çatana qədər sərhədlər aşmalı olurdu. Məsələn, «Əli və Nino»nu çap edən «Tal» nəşriyyatı belə bir hiyləyə əl atmışdı. Problemin həlli üçün digər yol müəlliflərin öz adlarını, daha doğrusu, təxəllüslərini gizlətməsi idi. «Sonralar Romada italyan faşist siyasi polisinin fayllarında– Tom Rays yazır– mən belə bir məktuba rast gəldim ki, 1937-ci ildə Əsədin gizli addan istifadə etməyə xüsusi səbəbi olub. Vyanadakı italyan çuğulunun öz romalı rəisinə göndərdiyi məktub Əsəd Bəyin həmin yay məruz qaldığı gizli güdmənin tipik nümunəsidir. Məktuba imza 8 iyulda atılıb: ‘Əlahəzrət, məlumat verməyi özümə şərəf sayıram ki, Əsəd Bəyin Leo Noissumbaum təxəllüsü ilə nəşr olunması (seçmə bizimkidir–müəlliflər) Almaniyada yasaqlanıb. Bu səbəbdən də o, əsərlərini yeni ad altında ölkəyə keçirməyə cəhd göstərmişdir. Lakin kələyinin üstü açılmış və Əsəd Bəy öz məqsədinə çatmamışdır.’
Bu, Əsədin Qurban Səid adı altında həqiqi adını gizlətməsini sübut etməsə də, səbəbin nə olduğunu açıq göstərir.
Bir şey aydındır: «Əli və Nino»nun müəllifi dəyişkən zamanla birgə dəyişirdi. O, dünyanın çeşidli mərhələlərini və durumunu yaşamışdır: feodal-mülkədarlıqdan (Qafqazda, Azərbaycanda) kommunist-proletar, oradan da Avropa burjua demokratiyasına qədər. Sonradan isə Almaniyada faşist rejimi, o rejim ki, onu Avstriya və İtaliyada da dinc qoymadı. Özünün çətinliklərinə və spesifikasına malik yarımfeodal Rusiya gerçəkliyindən o, üstünə yeni sınaqlar ələmiş Avropa gerçəkliyinə düşmüşdü. Onu adını, imicini, bəzən də vətəndaşlığını dəyişməyə vadar edən səbəb də elə budur.
Əsəd Bəyin (Qurban Səidin) həyat və yaradıcılıq yolunun işıqlandırılmasına yazıçının «çoxüzlülüyünü», onun Avropa ölkələrində yeni həyat şərtlərinə uyğunlaşma cəhdini yaradan bu atmosferin ortaya qoyulması yardımçı ola bilər. Aşkar görünür ki, o öz adı və imici ilə necə oynayır, dünyada baş qaldıran ideya və siyasi sistemlərə necə həssaslıq göstərir, özünün işıq üzü görən kimi populyarlaşmış tarixi-publisistik əsərlərində, elə 1929-cu ildə çap olunmuş ilk romanı «Şərqdə neft və qan»dan başlayaraq, dünyanın taleyi üçün vacib olan hadisə və proseslərə necə reaksiya verir.
Növbəti 12 ildə o, 14 tarixi və 2 bədii roman buraxdırmışdır ki, onlar da 70 il sonra yenə diqqət mərkəzində dururlar, çünki, Tom Raysin yazdığı kimi, Əsəd Bəy «hətta neftin bazarlaşmasının quru mexanizmindən elə söhbət açır ki, elə bil bu, «Minbir Gecə» nağılıdır».
Təsəvvürümüzdə insan, yazıçı mühacir və Azərbaycanda, Almaniyada, İtaliyada … mövcud siyasi rejimlərin qurbanı Əsəd Bəyin portreti canlanır. O, 20-ci illərin əvvəllərində publikanı özünün «ekzotik» qafqazlı libası ilə (papaqda, yaxud qiymətli daş-qaşla bəzədilmiş çalmada) heyrətə salaraq hamının diqqətini özünə çəkirdi.
Kitablarının Almaniya və ABŞ-da sarsıdıcı uğuru şovinist və nasist biçimli alman şərhçilərinin ona olan münasibətinə təsir etməyə bilməzdi. Almaniyada hələ atası ilə Berlində yaşayarkən yazıçı qınamalara məruz qalırdı və, təəssüf ki, bu qınamalarda onun azərbaycanlı həmvətənləri də az rol oynamırdı.
1935-ci ildə gəmi ilə ABŞ-a gələndə artıq o, çar «İkinci Nikolay» kitabının müəllifi kimi məşhurlaşmışdı. «Tayms» qəzeti bu münasibətlə yazırdı: «Çarın bioqrafı burdadır: Əsəd Bəy bəyan edir ki, hökmdar başa düşülmədi». Onun «Stalin» romanı haqqında Amerikanın aylıq jurnalı «Autluk» yazırdı: «Onun, ‘Stalin'ini tapmaq olmur. Stalinin həyatını oxumaq Çikaqo qanqsterinin həyatından olan hadisələr barədə oxumağa bənzəyir və ruhuna görə ondan bir o qədər də seçilmir».
1933-cü ildə Əsəd Bəyin növbəti romanı «Rusiya yol ayrıcında» işıq üzü görəndə «Tayms» yeni bir məqalə ilə çıxış etdi: «Kitab Rusiyanı bizə qəddarlığın hökmranlığında göstərir. Əsəd Bəy icbari cənnətdən söz açır … Bolşeviklər yeni din tapmaq təşnəsidirlər və qaçınmaz ölümə gedən qullara çevrilirlər, Əsəd Bəy belə deyir».
Həmin illərdə alman jurnal və qəzetlərində tam əks səciyyəli yazılara rast gəlinir. Həmin yazıların faşist və antisemit təmayüllü müəllifləri yazıçını hakimiyyət dairələrinin gözündən salmağa çalışırdılar…
Əsəd Bəyin ömür yolunun səhifələri saysız maraqlı faktlarla zəngindir, bunlar onun həyatının, yaradıcılıq axtarışlarının və problemlərinin gözlənilməz anlarından xəbər verir. Onlardan bir neçəsini göstərmək yerinə düşərdi:
1933-cü il. Əsəd Bəy Alman Yazıçılarının İmperiya İttifaqının və İmperiya Ədəbi Palatasının üzvü olur. Bu, Üçün-cü Reyxdə əsərlərini çap etdirmək üçün ona çox vacib idi. Ancaq «yəhudi» soyadına görə qınamalar başlayanda o həmin təşkilatlarda üzvlüyünü dayandırıb Vyanaya köçmək məcburiyyətində qalır…
1936-cı ildən başlayaraq Əsəd Bəy İtaliyaya gedir, çünki Mussolininin şəxsi bioqrafı olmaq istəyir. İtalyanlarla əlaqəsini möhkəmlədir, Mussolinin ətrafında özünə nüfuzlu və imkanlı arxa tapır Covanni Centalonu.
Neapol diyarşünası Karl Nayt Fransada çıxan «Pyccкая мысль» qəzetinin müxbiri ilə söhbətində xatırlayır ki, İtaliyadakı, eləcə də Almaniyadakı faşist diktaturası rejimində yazıçının «yəhudi keçmişi» onun həyatını təhlükə qarşısında qoyurdu.
«Bir dəfə yerli prefekturaya Amerikadan bir məktub daxil oldu (məktubu və digər sənədləri Əsəd Bəy barədə yazılmış bələdiyyə dosyesində özüm görmüşəm). Onun keçmiş qisasçı amerikan arvadı bildirirdi ki, Əsəd Bəy heç də, özünü qələmə verdiyi kimi, azərbaycanlı deyil, yəhudidir. Burda, təbii ki, əl-ayağa düşdülər, istintaqa başladılar. Amma keçmişini gizlətmək Noissimbauma müyəssər oldu. Üstəlik polisə Mussolinini dəstəklədiyi məqaləsini göstərdi, burada o yazırdı ki, siyasətdə faşizm dində islama bənzəyir. İndi onu qınamaq asandır, amma həmin illər söhbət ölüm-qalımdan gedirdi … Məsələn, alman yəhudisi Martin Vulfu Pozitanodan konslagerə göndərdilər. 1942-ci ildə dünyasını dəyişən Noissimbaumu müsəlman adətincə dəfn etdilər. Pozitano qəbiristanlığına gələnləri onun ərəb yazılı və islamda kişi qəbri üçün səciyyəvi olan çalmalı qəbri həmişə heyrətə gətirir» («Pyccкая мысль», 10-16 fevral, 2000-ci il).
Belə ağır, dəyişkən siyasi mühitdə Əsəd Bəy «manevr etmək», təhlükədən qaçmaq məcburiyyətindəydi, bu da onun həyatına çoxlu ziddiyyətlər və müəmmalar qatmışdır ki, onlar da mamır kimi yazıçının tərcümeyi-halına ilişib günümüzə qədər gəlmişdir.
Əsəd Bəy viza almağa nail olub İtaliyanın koloniyası Liviyaya yola düşür və burda faşist-müstəmləkəçi İtalo Valbonun ərəbcə-italyanca tərcüməçisi işləyir. Ordan onu kontinentə göndərirlər və artıq 1938-ci ildə İtaliyanın gizli xidmət orqanları yazıçının irqi mənsubiyyətini araşdırmağa çalışır…
30-cu illərin ortalarında Əsəd Bəy tez-tez səyahət edir: Şimali Afrikaya, bütün Avropada mühazirələr oxumağa, üç dəfə ABŞ-a. Onun himayədarı jurnalist-yazıçı Corc Silvester Vyerek ABŞ-da işləyən nasist agenti idi. Üçüncü Reyxin təbliği məqsədilə Əsəd Bəyin mühazirə səfərlərini də o təşkil edirdi. Məhz həmin illərdə Əsəd Bəy özünü ABŞ vətəndaşı kimi qələmə verərək amerikalı olmağa çalışır.
… Gəmiyə pul toplayana qədər onun ABŞ-a getmək icazəsinin vaxtı bitir və Əsəd Bəy italyan himayədarı Covani Centaloya özünün irqi mənsubiyyətini yoxlatdırmaqda yardımçı olmağı xahiş edir. «Sizdən pul alan kimi Florensiyaya gedəcəm, qoy antropoloq orda elmi cəhətdən təsdiqləsin ki, mən əslində hansı irqə mənsubam», deyə məktubunda yazır. Maraqlıdır, yəhudi kökənli olmadığına əmin olmayan bir şəxs belə riskli addım atardımı?!
Ömrünün sonlarına yaxın yazıçı ağır xəstəliyə tutulur. Doktor Vito Fiorentinonun Covano Centaloya yazdığı məktubdakı diaqnozu belədir: «Əsəd Bəy bərk naxoşdur və Raynoud xəstəliyinə tutulub. Buna qarşı hazırda elmə heç bir ilac məlum deyil. Bu xəstəlik ağır formalarında qanqrenaya çevrilir və 1939-cu ilin əvvəlində Neapol hospitalında Əsədin sol ayağının bir neçə barmağını kəsmişlər»…
Maddi üzüntülər keçirən ABŞ vətəndaşı Əsəd Bəyə yardım xahişi ilə İtaliya Xarici İşlər Nazirliyinin Romadakı amerikan səfirliyinə müraciətinə Əsəd Bəyin ABŞ vətəndaşı olmaması ilə əsaslandırılmış imtina cavabı gəlir.
Bütün bu keşməkeşli yolda Əsəd Bəyin bir qayğısı da atası olur. Vaxtilə götürülmüş Leo Noissimbaum təxəllüsü onu bir kabus kimi izləyir və atasını da məşəqqətlərə düçar edir. O, İtaliyadan Elfrideyə «Xanım Qurban Səidə» yalvarır ki, Vyanaya gedib qoca, tənha atasını gestapodan qorumağa cəhd göstərsin…
Əsəd Bəyin yenə Qurban Səid təxəllüsü ilə çıxmalı olan üçüncü romanı tamamlanmamış qaldı. Romanın adı «Sevgidən baş tapmayan kişi»dir. Altı qeyd dəftərindən ibarət əlyazmanı Əsəd Bəy frau Moqle ona Pozitanoda baş çəkərkən həmin qadına verib.
Əsəd Bəyin Qurban Səidin həyat epizodlarını və faktlarını əks etdirən həmin səhifələr maraqlı bir filmin əsasını təşkil edə bilərdi, zira burda hər şey vardır: qəhrəman şəxsiyyəti, epoxal olaylar, tarix, onun görkəmli nümayəndələri və yaradıcıları, böyük yazıçı və publisistin acınacaqlı taleyi…
70-ci illərin əvvəllərində «Əli və Nino» romanı ilk dəfə Məcid Musazadə tərəfindən alman dilindən Azərbaycan dilinə tərcümə edilib tam şəkildə «Azadlıq» radiostansiyasında oxunanda əsərin müəllifi Qurban Səid haqqında rus dilində veriliş təşkil edildi və verilişin müəllifi və aparıcısı Mark Slonim söhbətinə belə başladı:
«Son aylarda Amerika Birləşmiş Ştatlarında ‘Əli və Nino’ böyük uğur qazandı. Bunu təkcə milyonlarla üzvü olan və hər ay ən yaxşı kitabı seçən klub müəyyənləşdirmədi, kitabı ucuz qiymətlə yüz minlərlə nüsxədə buraxdılar və onun Hollivudda ekranlaşdırılması qərara alındı. ‘Əli və Nino’nun tarixi və onun müəllifi ingilis-amerikan mətbuatında müəmmalar obyektinə çevrildi. ‘Əli və Nino’ ilk dəfə 1937-ci ildə Vyanada almanca Qurban Səid müəllifliyi ilə çap olunmuşdu, lakin hitlerizm və müharibənin cövlan etdiyi illərdə ondan sükutla yan ötüb əsəri tezliklə unutdular» (“Azadlıq” radiostansiyasının 19-22. 06. 1972-ci il tarixli verilişinin 525 saylı stenoqramı).
1970-1995-ci illərdə «Əli və Nino» romanı Nyu-Yorkun və Londonun müxtəlif ingilis dilli nəşriyyatlarında beş dəfə çap olunmuşdur. Romanın populyarlaşması məhz ingilis dilindəki birinci nəşrindən sonra başlayır (Nyu-York, Rendem Haus nəşriyyatı, 1971) və onun Qafqazda, Qafqazın «şərq» regionlarından biri olan Azərbaycanda baş verən önəmli tarixi, siyasi və sosial prosesləri obyektiv və realist əks etdirən müəllifinə maraq artır.
Bir məsələni də nəzərə almaq lazımdır ki, fədalıq anlamını ehtiva edən Qurban Səid təxəllüsü zəmanənin siyasi və sosial kataklizmalarının qurbanı olan insanın həyat və taleyinə işarədir. Və bu adın seçilməsi heç də təsadüfi deyil, ən azı ona görə ki, bu, müəllifin Avropadakı, Almaniyadakı həyat şəraitində seçə biləcəyi «şərqli» adıdır, «qərbli» adı yox. O, «qərbli» adı da seçə bilərdi, amma seçmədi. Seçmədi ona görə ki, bu təxəllüslə yazılmış romanlar Şərq gerçəkliyini, şərq mentalitetini, şərqli insanın dünyabaxışını əks etdirirlər. Seçmədi ona görə ki, Əsəd Bəy azərbaycanlı olduğunu, ruhunun Azərbaycanla bağlılığını gizlətmək istəmədi.
"Altunsaç” romanı və onun baş qəhrəmanı barədə
Qurban Səidin 1938-ci ildə qot əlifbası ilə Avstriyada nəşr olunmuş bu əsərinin adı orijinalda „Das Mädchen vom Goldenen Horn“dur (hərfən: «Qızıl Buynuzdan qız»). Əsərin baş qəhrəmanının adı Asiyadehdir (almanca oxunuşu: Aziadeh). Tərcümənin ilk mərhələsində tərcüməçi onu «Qızıl Buynuzdan qız» kimi çevirmişdi, lakin İstanbulun «Halic» adı ilə tanınan dəniz çevrəsinə Avropada verilmiş «Qızıl Buynuzdan qız» adı azərbaycanlı oxucuya tanış olmadığı üçün və türkcədə işlənən «Halic» (azərbaycanca «Həlic») də tam anlaşıq yaratmadığına görə əsər «Mərmərəli qız» adı ilə ilkin variantda tərcümə edildi və ondan müəyyən parçalar «Xəzər» və «Tərcüman» dərgilərində elə həmin adda ilk işıq üzü gördü.
Ancaq sonrakı mərhələdə əsərin adının «Altunsaç» kimi çevrilməsinə üstünlük verildi. Buna səbəb romanın italyan dilinə müəllifli tərcüməsində orijinalın adının «Altunsaç» getməsi oldu.
Dərgi variantında əsərin baş qəhrəmanının adı Asiadeh getmişdir (bundan sonra isə Asiyadeh). Müəllifin bu adı seçməsinin səbəbi indiyə qədər heç bir qaynaqda göstərilməmişdir və bizə elə gəlir ki, Qurban Səid onu heç də təsadüfi seçməmişdir, əksinə, baş qəhrəmana Asiyadeh adını qoymaqla dilçilikdə, eləcə də ədəbiyyatşünaslıqda geniş yayılmış «danışan ad» ədəbi «fəndindən» bacarıqla yarınmışdır.
Bəllidir ki, bədii əsərlərdə bəzən adlar danışır, yəni ad müəyyən məna daşıyır və o, obrazın xarakteri barədə oxucuya ilkin işarə verir. Bu cür danışan adlara biz Azərbaycan ədəbiyyatında bir qayda olaraq satirik əsərlərdə və komediyalarda (Bərbərzadə, Maral, Zülümov) rast gəliriksə, Avropa ədəbiyyatında, o cümlədən alman dilli ədəbiyyatda belə fəndə ciddi romanlarda da tez-tez təsadüf olunur. Məsələn, Hans Falladanın «Təklər təklənər ölər» romanında çuğul obrazının adı Klebs («Tutqal, Yapışqan»), xeyirxahlıq timsalı olan qəhrəmanın adı Fromdur («Mömin, Saleh»).
Məhz Qurban Səid də əsərinin baş qəhrəmanına Asiyadeh adı verərkən müəyyən məqsəd güdmüşdür. O, Azərbaycan dilinin sözdüzəltmə modelindən məharətlə yarınaraq «Asiya» xüsusi ismindən və «deh» şəkilçisindən «cavabdeh» sözünün qəlibi ilə yeni bir xüsusi isim yaratmışdır: Asiyadeh, yəni Asiyanın təmsilçisi, Asiyanın daşıyıcısı. Zira alman dilində «Asiya» qitəsinin adı «Asien» (deyimi: Azien), «asiyalı» məfhumunu bildirən söz isə, Asiafdır (deyimi: aziat).
Baş qəhrəmana müəllifin Asiyadeh adını verməsini biz təsadüfi saymırıq ona görə ki, Asiyadeh bütün əsər boyu Asiyanın təmsilçisi, daşıyıcısı kimi çıxış edir, bu mədəniyyətin, bu mentalitetin uğurları ilə öyünür, uğursuzluqlarına məyus olur, göz yaşı axıdır.
Bayaqdan Sarayevoda hamının paşa qızı kimi matahlandırdığı Asiyadeh dərviş Əliqulunun sağalışından sonra birdən-birə adi bir qadına çevrilir, ona ərinə layiq olmaq tövsiyə olunur. Asiyadeh mehmanxanaya dönüb göz yaşları axıdır, lakin onun ağlayışı özünün matahdan düşməsinə, indiyə qədərki kimi hər dəfə məclisin başına çəkilməməsinə, diqqət mərkəzində qalmamasına deyil, Qoca Şərqədir, çünki «Qoca Şərq ölmüşdü».
Oxucuya ilkində Berlin Universitetinin türkologiya fakültəsinin tələbəsi kimi təqdim olunan alagöz, altunsaç Asiyadeh öncə türk və Turan dünyasını araşdırır və onu təmsil edir. Sonra Avstriyalı həkim Hassaya vurulur, ona ərə gedir və ailə həyatında, dünyabaxışında Asiyanın qoruyucusuna çevrilir. Hətta sevdiyi kişi gülə-gülə ona «Ay körpə türk ledisi, Qara Mustafa Vyananı almış olsaydı, yaxud San Stefano barışı başqa cür qurtarsaydı, mənim də adım İbrahim bəy Hasanoviç olardı və çalma gəzdirərdim. Ancaq Qara Mustafa Vyananı tutmayıb, ona görə də mən gözəlcə bir avstriyalı olmuşam, adım da Aleksandr Hassadır» dedikdə Asiyadeh başını qaldırır, qanının yanaqlarına, qulaqlarına, gözlərinə, dodaqlarına və alnına vurduğunu hiss edir, ayağa sıçrayıb qumda çılpaq uzanmış və onun dünyasını lağa qoyan bu adamın sifətinə ilişdirmək, qaçıb burdan uzaqlaşmaq arzusu ilə yanır.
Roman ümumiyyətlə Avropa Asiya, Avropa Şərq sivilizasionlarının toqquşması, qarşıdurması üzərində qurulub. Bu baxımdan da XX yüzilin 30-cu illərində işıq üzü görmüş bu əsər sivilizasionlar «savaşına» ilk nümunə sayıla bilər. Bu savaşın bir qütbündə Asiyanın və ümumiyyətlə Şərqin əsas daşıyıcısı Asiyadeh, müəllif özü, Asiyadehin atası Ahmed Paşa Anbari, sultan oğlu vəliəhəd Əbdülkərim (Con Roland) və qovqun asiyalılar durursa, digər qütbü öz təkəbbürü, içinəqapılışı ilə bütün Avropa və onun təmsilçiləri avropalaşmış Hassa, həmkarları digər həkimlər, Marion və onun əxlaqı, Avropa qadınlarının «azad sevgi» mentaliteti yaradır.
Müəllif Şərqin və Asiyanın ilkinliyini elə ilk fəsillərdən oxucusuna damla-damla təlqin edir. Əsəri türk dillərinin müqayisəli araşdırması ilə açan yazıçı sanki dünya sivilizasionunun türklərdən baş alıb gəldiyinə qapalı bir eyham vurur, 1945-ci ildə akademik Nikolay Yakovleviç Marrın «Dünya sivilizasionunu, o cümlədən Qafqazdakı erməni və gürcü sivilizasionlarını türk sivilizasionundan qıraqda təsəvvür etmək mümkünsüzdür» fikrini bir növ bədii yöndən həll etməyə çalışır.
Asiyadeh ruhən, qəlbən asiyalıdır, çünki onun xəmiri Asiya mentalitetindən, Şərq əxlaqından, Turan bahadırlığından, fars poetikasından və islam gələnəklərindən yoğrulmuşdur. Odur ki, o, içində yaşadığı Avropaya uyuşa bilmir, burda dinclik, təskinlik tapmır, dövrəsi onu məngənə kimi sıxır. Onun həyata baxışı öz mühitinə elə dərin köklənmişdir ki, aldığı yüksək təhsil, gördüyü nümunəvi tərbiyə, içində yetkinləşdiyi Avropa onu ilkinliyindən bir an belə qopara bilmir, həyatın bütün sahələrində əsərin qəhrəmanını ziddiyyətlərə, toqquşmalara sürükləyir. Roman da məhz elə bu ziddiyyətlərin, çəkişmələrin, baxış toqquşmalarının üzərində qurulmuşdur.
Olaya baxış savaşı
Hassanın və dostlarının timsalında bütün Batıstanın Doğustana münasibəti mənfidir. Qərb təfəkkürü Şərqdə heç nəyi dəyərləndirmir. Qərblinin qəlibləşmiş baxışında Şərq, Asiya, ümumilikdə qeyri-avropalı olan hər şey vəhşilikdir, cahillikdir. Şərqdə qadın məktəbi rolunu oynayan hərəmxana (Qurban Səiddə də bu termin Avropanın «qadınlar odası» kimi təqdim olunur), Asiya insanlarının torpağa bağlılığı, itaəti, dözümlülüyü Qərb dünyası üçün «cılxa barbarlıqdır». Buna görə də Şərqi o, geriqalmış, ölüb-getməkdə olan, tarixin arxivinə verilmiş bir məkan hesab edir: «Şərq … natəmiz mənzillər, geriqalmış adətlər. Hələ getdikcə də sıxışdırılıb çıxarılacaq. Yüz ildən sonra Şərq yalnız coğrafi məfhum kimi qalacaq». Bu, Qərbin baxışıdır. Maraqlıdır ki, bu baxışa Asiyadeh yox, Qurban Səid özü cavab verir: «Oho, deyib Asiyadeh bıçağı oynatdı».
Asiyaya nifrət qərblidə o şəkildə formalaşdırılmışdır ki, Hassa öz soyunu bəyənmir, boşnakları asiyalaşdırılmış türklər sayır və bunu həqarət hesab edir: «Demək olar, elə türklərdir. Axı türklər ölkəni sömürüb asiyalaşdırmışlar». Asiyadeh də onu cavabsız qoymur: «Yazıq Hassa, türklər onlara yaxılan qaradan çox-çox ağdır. Biz bu ölkəni heç zaman sömürməmişik. Ölkə özü bizi çağırıb. Özü də üç kərə: Birinci Mehmetin, İkinci Muradın və İkinci Mehmetin sultanlığında. Ölkə vətəndaş savaşından paran-parça olmuşdu və padşah Tvertko sultana yalvarmışdı ki, burda qayda-qanun yaratsın. Sonralar o, sultanlığın ən mömin və ən sadiq əyaləti oldu. Ölkəni sivilləşdirmək üçün biz əslində hər şeyi etmişik, lakin ölkə sivilləşmək istəməyib» .
Qərblidə Şərqə və Asiyaya olumsuz münasibət və təsəvvürləri oyadan qərblinin tərbiyə aldığı mühitdir, oxuduğu kitablardır, təhsil gördüyü məktəbdir: «Hər kəs bilir ki, türklər hər cür tərəqqinin əleyhinə olublar. Bunu mən hələ məktəbdə oxumuşam» .
Baxışlar savaşını biz hətta həyatın zahiri əlamətlərini görüb dəyərləndirməkdə müşahidə edirik. Asiyalı Asiyadeh təbiətə baxıb ondakı gözəlliyi axtarır, avropalı Hassa isə çirkinliyi: «Bax, deyib (Asiyadeh müəlliflər) səslədi. Bax. O, məscidlərə, müəzzinlərin dalğalanan paltarına, qızara-qızara çıxan günəşə işarə etdi və sanki səsi yengi məstliyindən tutulmuşdu. –Bilirsən?–deyib vadini göstərdi». «Nəyi? – Hassa soruşdu, çünki o, cır-cındır içindəki uşaqları, balaca kasıb evləri, dağ yamacındakı arıq keçiləri görürdü».
Şərqin gözəllik anlayışına Qərb biganəliklə yanaşır. Məscid və minarələri görən Asiyadeh «Necə də gözəldir. Dünyada bundan gözəl heç nə ola bilməz. Bunun hamısını Peyğəmbərin ümməti qurub yaratmışdır» deyib sevincdən göz yaşı axıdır, qərbli Hassa isə balaca fotoaparatı ilə nağılvari vadinin şəklini çəkir.
Olayı dəyərləndirməkdə, ona qiymət verməkdə baxışlar savaşı daha qabarıq cizgilərlə verilir. Bektaşi təriqətinin dərvişi Əliqulunu ölümün pəncəsindən almış Hassanı Sarayevoda hamı ehtiramla qarşılayır, əmizadələri onun şöhrəti kölgəsində məst olurlar, arvadı Asiyadeh onu qəhrəman sayır, o isə bütün bunlara öz mentalitetinin prizmasından baxır, hətta həyat yoldaşının nə demək istədiyini düz-əməlli anlamır: «Hassa,– dedi. Sən qəhrəmansan. Səni lap çox sevəcəm. –Elədir, –Hassa mürgülü dilləndi,– asiyalıların əlindən çıxmaq asan deyildi» (səh. 130).
Asiyalının yerdən oturmasına avropalı ağız büzür, Avropa mədəniyyətinə yiyələnən insana «Asiyanın pozğun libasını əynindən çıxarmış» adam kimi baxır, odur ki, onun fikrincə yerdən oturmaq və yerdə çörək yemək dərin mədəniyyətsizliyin əlamətidir. Asiyalı üçün isə yer insanın ayrılmalı olmadığı bu üzdəki vətənidir, odur ki, insan yerdən baş qaldırdığına görə onu rədd etməməlidir, tərsinə, xəlq olunduğu bir ovuc torpağı öz mənəvi çabasına qatmalıdır. Şərq təmsilçilərindən biri olan Con Rolandın fikrincə «Şərqin insanı özünün yerə bağlılığını duyur və yarandığı torpağın qarşısında məmnuniyyətlə mütilik edir».
Arxitektura baxımından məscidlərin yatıq kümbəzləri də avropalıya xoş gəlmir. Bunun müqabilində o, qotik üsluba üstünlük verir, çünki onun fikrincə bu üslubla insan yerdən baş qaldırıb göylərə can atır və bu canatma ilə heyvan olmağın tərkini qılır. Şərqli üçün isə məscid «Asiyanın daşlaşmış ruhudur». Asiyalı Con Roland avropalılara şərq dərsi keçir: «Sayı bilinməyən yad gözlər məscidləri görmüşlər, lakin heç bir kafir bu evin rəmzini qavramaq iqtidarında olmamışdır. Heç kim qübbənin, kubik özül binanın, dördkünc ara qurğunun və minarənin alov simvolu ideyasını başa düşməmişdir».
Avropalı Asiyanın rəssamlığını da bəyənmir, «rəssamlığınızda hər hansı canlı təsvir yoxdur. Qəmli dünya, şəkilsiz dünya», deyib Asiyanı primitivlikdə ittiham edir və həmin an da tutarlı bir zərbə alır: «Haqlısız. Asiya axirət dünyasına tuşlanıb. Avropa isə bu dünyaya. Ona görə də Avropaya canlı təsvirlər, canlı varlıqlar lazımdır. Asiya son ifadəsini fiqural şeylərdən, əşyalardan istifadə etmədən axtarır. İnsansal və heyvansal cismani formalardan yan keçmədən şeylərin platonik ideyasını yaratmalı olan birbaşa forma simvolu canlının və, deməli, ötərgi olanın təsvirindən imtina edir» .
Vətən və vətənpərvərlik anlayışlarına münasibətdə də baxış bucaqları müxtəlifdir, ona görə də ziddiyyət yaranır, münaqişə törəyir və burdan da yenə asiyalı qalib çıxır, ya da yazıçı onu qalib çıxarır. Avropalı üçün vətən içində yaşadığı məmləkətdirsə, asiyalı üçün o, tam başqa bir aləmdir: «Vətən! Nə qədərki o səninlədir, zahiri varlıqla daxili şüur arasında heç bir ziddiyyət yoxdur. Vətən içində çimməyə vərdiş etdiyin çimoda, yaxud həmişə getdiyin qəhvəxana deyil. Vətən vətən torpağından birdəfəlik yaranmış mənəvi qurumdur. O həmişə burdadır, həmişə insanın içindədir. İnsan nə qədərki yaşayır, vətənin əsiridir, fərqi yoxdur, harda yaşayır-yaşasın. Vətəni və qəlbini yalnız o kəslər itirir ki, heç vaxt onlara sahib olmamışlar».
Sənətin qayəsi məsələsində Avropa ilə Asiya, Doğu ilə Batı arasında kəskin ayrıntıları Qurban Səid öz qəhrəmanlarının dilində belə açır:
«Hər bir insan Ölümsüz Yaradanı içində gəzdirən ölümlü övladdır. Sənətin amacı Yaradanın görünməz ruhunu duyula və görünə bilənlə ifadə etməkdir. Əgər insan övladdan yapışıb Yaradanı tərənnüm etməkdən başqa heç nəyə müyəssər olmursa, onun sənəti səthi və mənasızdır. Əgər o, Yaradanı ancaq mücərrəd ideyalarla tərənnüm etməyə can atırsa, onda sənət əsəri yox, metafizika yaradır. İçimizdə yaşayan, sözlə ifadələnən ölməzlik magiyadır. Söz materiyaya məhrəm olmalıdır, Adəm Həvvaya məhrəm olduğu kimi» (səh. 158). «Doğuya xas olan şeylərdə Yaradan üstündür, Batıya xas olanlarda isə yaradılan. Sənətçinin çabası hər bir olayda Yaradanı aramağa yönəlməlidir».
Bu konsepsiyadan da Yaradanı ancaq mücərrəd ideyalarla tərənnüm etdiyinə görə Batı sənətdə metafizika yaradır və bunun bir səbəbini də yazıçı Batı sözünün gücsüzlüyündə görür: «Avropa dilləri sözün içində yaşayan gücü get-gedə itirirlər. Texnikanın bir ünsürünə, xalis anlaşıq təmrininə, ünsiyyətin neytral, axtalanmış vasitəsinə çevrilirlər. Biz şərqlilər daha çox canlıyıq, hələ ki sözün gücünü hiss edirik və Doğu ilə Batı arasındakı ayrıntı da elə budur» .
Düşüncənin özündəki, düşüncə tərzindəki ayrıntıları, fərqli cəhətləri qeyd etməmək olmazdı. Romanda bu məsələ də kəskin qoyulur və Şərqlə Qərb, Avropa ilə Asiya düşüncə fərqlərinin açılmasına müəyyən cəhdlər göstərilir: «Batı düşünüşündə fərdiçilik, şəxsiçilik üstünlük təşkil edir. Bizdə (Asiyada, Şərqdə, Doğuda isə belə bir duyum ki, tamla ayrılmaz şəkildə bağlıyıq. Batı böyük kainatdan üzülüşmüşdür, onunla Universum arasındakı bağ qırılmışdır. Öz təşəxxüsü ilə Batının köçərilərə, qorunmaq üçün yörəsində xəndək qazan köçərilərə çevrilmək qorxusu var. Doğu isə ikicinslidir, kainatla təmasda yaşayıb hərəkət edir» .
Mentalitetlər savaşı
Sivilizasionlar savaşında mentalitetlərin uyuşmaması romanda ana xətti təşkil edir və özünü hər sahədə göstərir. Təbii ki, kiçik bir «Ön söz»də biz bu uyuşmazlıqların hamısını əhatə edə bilməyəcəyik. Odur ki, onları başlıca qruplar şəklində sadalamağı lazım bilirik.
Mentalitet uyuşmazlığı özünü öncə ailəyə, qadına, sevgiyə münasibətdə göstərir.
Məsələn, avropalaşmış Hassa sevdiyi Asiyadehdən bütün avropalılar kimi sevgi etirafını, Şərqdə saxta sevginin nişanəsi sayılan «Səni sevirəm» kəlməsini eşitmək istəyir, ancaq bu zaman asiyalı qızın gözlərində şimşək çaxır, sonra bu gözlərə qaranlıq çökür və o, qəzəblənib Şərqin, Asiyanın sevgi estetikasını qərbliyə başa salır: «Yad qadınla sevgi haqqında danışmazlar. Ona bu cür dana gözləri ilə baxmazlar. Sevgi məsələsində bizim də təcrübəmiz var, amma bizimki lal sevgidir, sevgidən əllər, gözlər, toy gecəsi üzdən sürüşüb düşən duvaq danışar».
Ailə və namusa münasibətdə Şərqlə Qərbin baxış bucaqları çox parlaq boyalarla təsvir olunur. Şərq insanı ailənin başlıca funksiyasını nəslin artırılmasında, uşaqlarda görür, qərbli isə ailəyə seksual təminat və əyləncə yuvası kimi baxır, uşaq qayğısından azad! Asiyadeh Hassadan arvadını boşadığını eşidəndə onun ilk reaksiyası qadının sonsuzluğuna olur: «Başa düşürəm, arvadın uşağı olmayıb, Siz də boşamısınız». Hassanı heyrət götürür, o, Asiyadehi başa düşmür, çünki uşaq həm ona, həm də keçmiş arvadı Mariona bir çəpərdir: «Uşaq?! Necə yəni uşaq? Marion heç uşaq istəmirdi.». Cavab Asiyadehi heyrətləndirir, çünki onun baxışında qadın məhz bunun üçün yaranıb: «Uşaq istəmirdi?! Bəs o buna yaranmayıbmı?»
Əsərin kulminasiyasının başlanğıcını da uşaq məsələsi təşkil edir. Ailəsinə bağlanıb qalmaq üçün Asiyadeh ərindən uşaq tələb edir, Hassa isə şəxsi rahatlığı hər şeydən üstün tutur. Buna dözməyən Asiyadeh ilk dəfə ərinin üzünə qayıdır: «Ancaq mən sənin aşnan deyiləm…, hər şeydən öncə arvadınam».
Ərin arvadını boşama səbəbinin ikincisini Asiyadeh qadının xəyanətində axtarır və bu xəyanətin cəzasını qətldə görür. Hassanın arvadının başqasına qoşulub getdiyini eşidəndə deyir: «Aha, Siz də onların izinə düşüb hər ikisini öldürdünüz. O vaxtdan məhkəmədən və qan düşmənlərinizin əlindən xaricdə gizlənirsiniz». Asiyalı üçün paradoksdur ki, Asiyadehin kişinin qətlə qadir olmasını düşünməsi az qala Hassanı təhqir edir.
Qərbli üçün yad qadına məhrəmlik göstərmək nəzakət əlamətidirsə, şərqli bunu faciyəyə çevirir, namusuna təcavüz sayır. Odur ki, asiyalı qadın ərinin dostunun özünə qarşı belə bir cəhdinə görə ərindən dostunu qətlə yetirməsini tələb edir. Əsərdə Hassanın həmkarı və dostu Kurts Asiyadehi ələ keçirmək arzusu ilə qovrulur. Bunun üçün evində qonaqlıq düzəldir, otaqlardan birində qadına təcavüz cəhdində bulunur. Asiyadeh dişi canavar kimi onun üstünə atılıb dişləri ilə kişinin qulağını qoparır və təkidlə ərindən Kurtsu öldürməsini tələb edir. Avropalı ər isə, rəqibi öldürmək bir yana qalsın, ona yanımcıllıq göstərir: «Əsəb həkimlərinin sarğıdan nə başı çıxır, gətir mən sarıyım… Sənə haqq olur. Nə işin var, başqasının arvadına sataşırsan» və axırda Asiyadehin «Sən onu öldürmədin, Hassa?!» tənəsinə irad tutur: «Şərab içərkən sənə məhrəmlik göstərməyi ürəyindən keçirən hər kişini öldürsəydim, onda mən kütlə qatili olardım ki. Biz sivil avropalıyıq əvvəl-axır».
Amma Asiyadehin namusunu çəkməkdə hələlik heç bir təhəddüdü olmayan şərqli Əbdülkərim, türk Əbdülkərim avropalı kişinin türk arvadının namusunu qorumağı bacarır. Asiyadehin «Həzrəti Dövlətiniz! Burdakı bu kişi, məni öz evinə çəkib zor işlətmək istədi, ərim yan otaqda ola-ola». kəlməsi ilə Əbdülkərimin gözləri vəhşicəsinə qığılcımlanır, dodaqları səyriyir, yumruğu düyünlənib qəfil bir zərbə ilə Kurtsun sifətinə çırpılır, zərbə təkrar olunur, bir-birini əvəz edir və Əbdülkərim «ay işığına qərq olmuş soyuq qarın üstündə gecə ovuna çıxmış amansız yalquzağa bənzəyir».
Yaxud başqa bir epizod. Qonaqlığa gedərkən Asiyadeh onun arxasınca baxan kişilərin nəzərlərini bir qadın intuisiyası ilə duyub bu baxışların onun kürəyini çimçəşdirdiyini və ona baxarkən kişilərin sanki onu öpmək istədiklərini söyləyir. Əri isə bunun cavabında «Bəlkə elə gerçəkdən də istəyirlər» deyir. Ərin bu cür cavabı asiyalı qadını haldan çıxarır və o, hirslə dillənir: «Sus! Adam arvadına belə sözlər deməz».
Avropa qadınlarının «azad sevgisi», rəsmi ailə qurmadan kişi ilə qadının ər-arvad kimi yaşaması Asiya təmsilçisinin baxışında özünə yer tapa bilmir. İlk dəfə Hassanın dostları ilə məclisdə iştirak edən Asiyadeh qadınlarla ünsiyyət qurmaq üçün onların ailə və uşaqları ilə maraqlanır və hər dəfə də gizli təbəssümlə qarşılanır. Nəhayət qadınlardan biri onu «başa salır»: «Evlənmədən də iş tutmaq olar. Elə deyil?». Qurban Səid buna Asiyadehin daxili nitqi ilə cavab verir: «Belə şeylər olur, amma uşaq doğmaq niyyəti olmadan iş tutmaq mümkünsüzdür. Tam mümkünsüzdür. Boya-başa çatmış adamlar bunu bilməliydilər axı».
Bunu təkcə Qurban Səid demir, Ahmed Paşa da öz qızına elə bu səpkidə öyüd-nəsihət verir «Qadının bircə vəzifəsi var: kişiyə qulluq göstərmək və uşaq bəsləmək … Kişinin ən böyük zinəti namuslu qadındır, bunu Peyğəmbərimiz buyurmuşdur. Sən mənim başımı aşağı etməzsən. Əgər üstünə ləkə düşsə, onda qayıt yanıma, səni öz əllərimlə öldürüm. İstəmərəm, bunu bir kafir etsin».
Ən maraqlı cəhətlərdən biri də budur ki, qadınla kəbinsiz yaşayıb birgə ömür sürməyi adi həyat norması sayan Qərb insanı başqasının ikinci ailə qurmasına, ikinci dəfə qanuni və normal evlənməsinə kəc baxır, onu gah «səddumlu», gah da «pozğun» adlandırır: «Həkimlər arasında hər cümə axşamı deyəcəklər ki, Anqora pişiyi ilə ailə qurmuşam. Yaxın dostlarım məni pozğun adlandırıb paxıllıqdan partlayacaqlar».
Mentalitetlər savaşında qarşıdurmanı yaradan nə etnik kökənlik, nə irq, nə də dini ayrıntıdır. Şərq mühitində forma-laşıb Asiya mentalitetinə yiyələnmiş yunan və xristian Sem Doos da Avropa mentalitetini qəbul etmir, avropalı kişiləri başdanxarab sayır. Digər zahiri əlamətlərdə özünü Şərq mədəniyyətindən tam uzaq saymasına, Avropanın bir parçası olduğunu dəfələrlə vurğulamasına baxmayaraq Əbdülkərimlə Asiyadeh arasında araçılıq edən Sem Doos arvadını tanımadığı yad kişilərlə çölə ötürən Hassanı içində ittiham edir: «Avropadakı kişilər başdanxarab imişlər. Allah da başdanxarabları cəzalandırır və ağıllılara yardımçı olur. Altunsaç bir qadın, gözəl bir qadın, bu da tanımadığı iki kişi ilə onu çölə ötürür. Başdanxarabdır. Vicdan əzabı çəkməyə dəyməz».
Mentalitetlər savaşında qələbə çələngini Qurban Səid Asiya təmsilçisi Asiyadehə verir və Qərb sivilizasionunun daşıyıcısı Hassanın dilindən etiraf kəlməsini alır: «Əsl bar-bar bizik və başımız yalnız təbabətdən çıxır!» .
Sonra bu savaşa o, Asiyadehin iç düşüncələri ilə yekun vurur: «…bəlkə də ümumiyyətlə pis və yaxşı dünya yoxdur. Hər dünya öz insanlarını xoşbəxt edə bilərdi. Lakin dünyaların hamısı başqa-başqa idi, zamanın ilkin başlanğıcından bir-birindən ayrı, kəndi özümlülüyündə möhkəm və qoparılması mümkün olmayan dərin köklərlə», odur ki, onların qovuşması, vəhdətləşməsi çox ağrılı və çətin bir prosesdir, çünki «bu iki dünyanın arasında, salınması heç cür mümkün olmayan dar körpü» vardır.
Bir daha müəllif haqqında
Ədəbiyyat tarixində Qurban Səidin kimliyi barədə gedən mübahisələr hələ də səngimək bilmir və çox güman ki, bu, uzun müddət beləcə davam edəcəkdir ta o vaxta qədər ki, sifarişli «tənqidçilər» höcətliyin daşını ətəklərindən yerə töküb elmi və tarixi faktaturaya söykənəcəklər. Əlində heç bir sübut və dəlili olmayan, dırnaqarası elmi mülahizələrini faktlar üzərində deyil, gümanlar əsasında quran və Azərbaycan dilinin modallıq sahəsinin dominant və periferiyalarından geninə-boluna yarınan bəzi alimlərimiz sosializm-realizmin pəncərəsindən boylanaraq hər cür canfəşanlıqla Qurban Səidin Yusif Vəzir Çəmənzəminli olduğunu sübut etməyə çalışırlar və belələrini qəti başa düşmək olmur ona görə ki, onlar faktiki olaraq nə Əsəd Bəyin, nə də Qurban Səidin bir əsərini belə oxumayıblar.
Əsəd Bəy Qurban Səid eyniyyəti barədə Çərkəz Qurbanlı «Allahu Əkbər», «Son Peyğəmbər» və «Şərqdə neft və qan» romanlarına yazdığı ön sözlərdə və axırıncı əsər üçün son sözdə düşüncələrinin və faktlarının müəyyən məqamlarını açıqlamağa çalışmışdır və qəribədir ki, həmişə də payına əsassız ittiham və böhtanlar düşmüşdür. Sosializm-realizmçilər Əsəd Bəyi qəbul etmirlər və etmək istəmirlər ona görə ki, bu böyük sənətkar «İkinci Nikolay» əsərində həmin cərəyanın babası Lenini dəli, şizofrinik adlandırır, «Stalin» romanında isə Anostas Mikoyanın homoseksual olduğunu deyir.
İndi isə tutarlı saydığımız növbəti faktları bir daha opponentlərimizin nəzərinə çatdırmağı özümüzə borc bilirik.
«Altunsaç» romanı tarixi olaylarla zəngin bədii əsərdir. Romanda üzləşdiyimiz tarixi qaynaqların bir qismi Mə-həmməd Əsəd Bəyin digər tarixi romanlarında özünə ye-tərincə yer tapır. Beləki 1930-cu ildə Əsəd Bəy təxəllüsü ilə çapdan çıxmış «Qafqazın on iki sirri» romanının üç fəsli, az qala heç bir dəyişikliyə uğramadan Qurban Səid təxəllüsü ilə 1937-ci ildə işıq üzü görmüş «Əli və Nino» romanına «köçmüşdür». Lakin biz müxtəlif əsərlərdə təkrarlanan epizodlardan bilə-bilə yan ötüb burada digər fakt və mənbələrə istinad edirik. Bu fakt və mənbələr Şərqin tarixi ilə ciddi və ardıcıl məşğul olan bir sənətkarın qələmindən çıxa bilərdi və qərb ədəbiyyatçılarına o da bəllidir ki, məhz Əsəd Bəy Şərqin tarixi ilə ciddi məşğul olan bir sənətkardır.
Əsərdə Asiyadeh, Con Roland (Əbdülkərim) Qurban Səidin (Əsəd Bəyin) «dilləridir». Onların ağzı ilə o, türk və Şərq tarixinə baxışını ortaya qoymuşdur.
Romanda bir neçə tarixi qaynaqlara: «Orxon-Yenisey Abidələri»nə, «Kudatku Bilik» («Surlaşdıran Bilik») kitabına, «İkinci Yüzil Uyğur Etikası»na, Üsəma ibn Münğidin «Öyüd Kitabı»na müraciət edilir:
«…Və çin xalqı hökm verdi:
Türkləri qazıyıb ataq. Türk xalqı olmasın daha.
Ancaq bu vaxt türklərin Göyü, Müqəddəs Yeri və Mü-qəddəs Suyu dilə gəldilər:
–Türk xalqı məhv olmasın, qorunub-qalsın bizə.
Göylər Atam bunu deyib İlteres Xanın saçlarından yapışdı, onu bütün xalqın başı üstünə qaldırdı və Xan atam dedi…
Qardaşım Gültəkinin on altı yaşı vardı və görün o, nələr etdi! Hörüklülər xalqına qarşı döyüşə girib onu yendi. Döyüşə atıldı və vuran əli əlli min qoşunun sərkərdəsi yağı Onq Tutuqa zərbə endirdi» («Orxon-Yenisey Abidələri»ndən).
«Sənə təklif olunan gəldi-gedərdir, qalan yalnız surlaşdıran bilikdir. Dünyada olan hər şey tükənir və yoxa çıxır. Yalnız yazılan qalır. Digərləri isə axıb gedir… Təkcə ilanlar qabıq qoyurlar ki, canları çiçəklənib qocalsın. Biz insanlar ilanlara bənzəmirik. Biz canımızı eynimizdən çıxarıb dərimizi saxlayırıq» («Kudatku Bilik» kitabından).
«Həmd olsun Rəbbimizə və Yaradana! Frankların həyatına dərin müdaxilə edən hər kəs Allahı həmd edib şükür oxuyacaq ki, onu müsəlman yaratmışdır. Zira o, frankların simasında bütün heyvanlar kimi bircə ləyaqətə döyüş meydanında azman cəsarətə malik heyvanları görəcək.
Franklar nə namus, nə də qısqanclıq tanıyırlar. Olur ki, bir nəfər frank arvadını yanına alıb yolla gedir. Digər bir frank onlara rast gəlir, başqasının arvadının əlindən tutub onu qırağa çəkir və söhbətə başlayır. Ər isə söhbət qurtarana kimi dayanıb gözləyir. Əgər söhbət çox çəkirsə, o, qadını yad kişinin yanında qoyub yoluna davam edir» («Öyüd Kitabı»ndan).
Romanda «Suaheli Qrammatikası»nın, «Ortaçağ Fars Dilinə Giriş» kitablarının adları çəkilir, xalçaçılıq və miniatür sənətkarlığında Şərqin çeşidli məktəbləri və onların üslubları təhlil olunur, Əsəd Bəyin digər tarixi romanlarında rast gəldiyimiz türk sultanlarından Böyük Orxan Bəyin, Vəhdəddinin, Əbdülhəmidin, Mehmet Rəşidin, Sultan Muradın, baş vəzir Qara Mustafanın obraz səciyyələri və xarakterləri açılır, Bektaşi təriqətinin və yanıçarların acı taleyi «Allahu Əkbər» romanında olduğu kimi burda da özünə yer tapır.
Əsəd Bəyin araşdırıcıları alman, ingilis, italyan dilləri ilə yanaşı onun türk, rus, ərəb, fars, urdu dillərində də sərbəst danışdığını qeyd edir, hətta türk və rus dillərində də əsərlərinin olduğunu söyləyirlər. Türk dilini (hətta dillərini) elmi səviyyədə bilməsini və digər dillərə bələdliyini onun bu əsərində aşkar görmək mümkündür. Əsərdə Asiyadehin ərəb və fars dillərini mükəmməl bilməsinə işarə, çox güman ki, Əsəd Bəyin öz ömür yolundan bir parçanın təsviridir.
Bunlardan əlavə, müəllif əsərdə oxucusunun əlindən tutub onu Əsəd Bəyin gəzdiyi dünyanın səyahətinə çıxarır və bütün coğrafi məkanları optik dəqiqliklə təsvir edir. Oxucu özünü Adriatik dənizi sahillərində, Afrikada, Almaniyada, Amerika Birləşmiş Ştatlarında, Avstriyada, Ərəbistanda, İsveçrədə, İtaliyada, Rumelidə, Türkiyədə hiss edir.
Romanda gedən coğrafi adların tam olmayan mənzərəsi:
Afrika və Ərəbistan: Akra, Berberlər Sahili, Bu-Sabat vadisi, Cəbəl dağları, Cərabub, Dəməşq, Edessa, Eynülfras qaynağı, Eynülfras hoteli, Əl-Əhram, Əl-Hambra məscidi, Əl-Kəbirə camisi, Fəs, Havay, Həsən minarəsi (Rabat), İqat, Kasablanka, Leptis Maqna, Liviya, Meditarenn hoteli, Misir, Misurata vadisi, Müqəddəs Siddi Əbdəssəlamın qəbri, Mursuq vadisi, Nəblus vadisi, Qadames, Qaramanlı məscidi (Tripol), Qiralda məscidi (Sevillada), Rif, Sevilla, Siliten oazisi, Sudan, Şplendid Palast hoteli (Rabat), Timbuktu (Sudan), Tir, Tquta qəsri, Tunis Saxarası və s.
Almaniya: Admiral Sarayı, Barberina barı, Berlin Uni-versiteti (Əsəd Bəyin təhsil aldığı ocaq), Brandenburq Dar-vazası, Doretee küçəsi, Dövlət Kitabxanası, «Eden» hoteli, Fridrix küçəsi, Fridrixştrase vağzalı, Hardenberq küçəsi, Kant küçəsi, Kayzer Vilhelm Xatirəsi kilsəsi, Kayzer Xiyabanı, Knezebek küçəsi, Kronprins Sarayı, Kurfürst Bəndi, Lindenştrase, Luis Ferdinand küçəsi, Luize küçəsi, Qrünevald, Rempinski meyxanası, Rupenhorn gölü, Şarlottenbürqer küçəsi, «Şərq» restoranı, Şpree çayı, Ştölpxen gölü, Tannesin küçəsi, Uland küçəsi, Vittenberq meydanı və s.
Amerika (Əsəd Bəyin üç dəfə olduğu ölkə): «Nyu-York, Barbison Platsa Hoteli, Beşinci Avenyu küçəsi, Birinci Küçə, Bouveri fahişəxanası, Çeyfs Naşnl Bank, Hadson, İmpayr Steyts Byuldinq (bina), Manhattan adası, Mərkəzi Park, Nyu-York Sənətkarlar Məhəlləsi, Qrinviç Billeyc, Sahil Yolu, Vaşinqton Skver meydanı, meydanın ortasındakı miskin Zəfər Tağı, Voll Strit qəbiristanlığı.
Avstriya (Əsəd Bəyin beş ilə yaxın yaşadığı ölkə): Bazar Meydanı, Dairəvi Kafe, Dairəvi Küçə, Herrenqasse, Kobensl, Məryəm Qəsri, Mirabel bağı, Panhans hoteli, Prater, Qras, Qrinsinq, Ratuşa məhəlləsi, Stefan meydanı, Tirol, Tulbinq zirvəsi, Vəba Sütunu, Xəndəkyanı küçəsi, Zaltsburq, Zaltskammerqut, Zemmerinq, Züdban-Hotel.
İsveçrə: (Əsəd Bəyin bir neçə dəfə səfər etdiyi və müalicə olunduğu ölkə); Sant Morits, Arosan, Çuqqen hoteli.
İtaliya: (Mussolini haqqında yazdığı tarixi romanla bağlı Əsəd Bəyin bir neçə dəfə olduğu ölkə): Markus meydanı, Ostiya limanı, Neapol körfəzi.
Rumeli: Çarska Camisi (Sarayevo), Çetinye, Dunay, Knyaz Mixail küçəsi, Kotor, Lovsen, Monteneqro dağları, Requsa, Russki Çar kafesi, Sava çayı, Srbski Krali mehmanxanası, Terapiya meydanı (Belqrad).
Türkiyə: Ağ Meydan, Aya Sofiya, Babi Səadət, Bayraqdar Eyyub Məscidi, Cıdır Meydanı, Əski Saray, Fənər, Göy Məscid, Qalata, Qızıl Buynuz, Qrand Revü de Pera (İstan-bulda küçə), Rum Alaqapısı, Tatavla, Tatlı Su, Sivas, Sulluca (Amasiyada kənd), Ulduz Köşkü.
Əsərlərdə gedən coğrafi məkanla bağlı bir məsələni də qeyd etmək yerinə düşərdi. Ümumiyyətlə Əsəd Bəy yaradıcılığında coğrafi məkanların təsviri xüsusi araşdırma obyekti ola bilər, zira yazıçı gördüyü yerin sözlü peyzajını çəkməkdə mahir bir ustad təsiri bağışlayır. Ancaq o yerdə ki özü olmayıb, həmin məkanları sadalamaqla, adını tutub keçməklə kifayətlənir. Məsələn, «Ağ Rusiya» əsərində hadisələrin cərəyan etdiyi Don, Kuban, Ukrayna, Sibir ərazilərinin yalnız adı tutulduğu, peyzaj təsviri təkcə «qarlı, buzlu çöllər, boş, kimsəsiz steplər» kəlmələri ilə məhdudlaşdığı halda, «ağ əməlin» Türküstan cərəyanının söyləmində müəllif öz stixiyasına qapılaraq Buxaranı, Səmərqəndi incəliklərinə qədər təsvir etməyə başlayır.
Bu dəlillərlə yanaşı onu da qeyd etməyi lazım bilirik ki, Əsəd Bəy təxəllüsü ilə çap olunmuş «Allahu Əkbər» tarixi romanı ilə Qurban Səid təxəllüsü ilə çapdan çıxmuş «Altunsaç» romanı arasındakı yaxınlıq hər iki əsərdə təsvir olunan tarixi hadisələrin oxşarlığında, hətta bəzən təkrarlanmasında açıq-aydın görünməkdədir.
Polemikanı uzatmadan Azərbaycan oxucusunu Əsəd Bəy Qurban Səid əsərləri ilə baş-başa buraxıb kimin haqlı və kimin haqsız olması barədə hökm çıxarmağı ayıq oxucuların öhdəsinə veririk.
ÇƏRKƏZ QURBANLİ, filol. elm. nam., dos.HƏSƏN QULİYEV, filol. elm. dok., prof.
BİRİNCİ FƏSİL
– Bəs bu «i», froylayn Anbari?
Asiyadeh başını qaldırdı. Ala gözlərindən qayğı və ciddilik yağırdı.
– Bu «i»?–Qız alçaq və həlim səslə təkrarladı. Xeyli susub qəti və inamlı dilləndi. Bu «i» yakut feli sifətinin şəkilçisidir, qırğız variantı «barisi» kimi.
Banq uzun, əyri burnunu həyəcanla qırışdırdı. Polad sağanaqlı eynəyin arxasından bərələn gözləri müdrik yarasa gözlərinə bənzəyirdi. Astadan və ümidsizcəsinə burnunu çəkdi.
– Mən bunu,– deyib sümüklü barmağını masaya döyəclədi, –yakut «barisi»ndəki bu «i»ni mən mənsubiyyət şəkilçisi sayıram. «Bari» toparlılıq deməkdir və tanış yakut «a» formasının əvəzində hesab etdiyimiz «i» forması, çox güman ki, palatalizasiya1 nəticəsində yaranmışdır. İsmin qədim kökü necə idi?
– «Bar», yəni «var olan», – Asiyadeh dedi.
– Elədir,– Banq qayğılı və düşkün dilləndi. «Var olan» və o, başqa isimlər kimi hallana bilər. Kumık dilində də kök eyzən «bari»dir. Balkar və qaraçay dillərində isə, tərsinə, «barisin»dir. Amma bununla belə, yakut fermasındakı «a»nın yoxa çıxmasının izsiz qalmasını izah edə bilmirəm.
Balaca otaq köhnə, saralmış kağız iyi verirdi. Dördkünc masa hündür pəncərənin yanında dayanmışdı. Banq qayğılı-qayğılı lüğəti vərəqləyirdi və masanın qırağında tatar Rəhmətulla, macar Surmai və çinşünas Qöts əyləşmişdilər. Asiyadeh özünün zərif dırnaqlarına baxdı və çinşünas Qöts bu müəmmalı formanı donuq monqol instrumental halından2 çıxış edərək açıqlamağı irəli sürdü.
– Hələ cavanlığımda, – Banq ciddi dilləndi, – mən də hər şeyi donuq monqol instrumentalı ilə açmağa çalışırdım. Cəsarət gəncliyin üstünlüyüdür.
Banqın altmış yaşı vardı, çinşünasın qırx beş. Birdən Asiyadeh boğazında bərk qaşınma duydu. Saralmış lüğətin şirintəhər iyi, mancur və monqol hərflərinin buğumlu quyrumları, donuq dillərin yad formaları tanınmaz, yağısal, az qala dondurucu idi. O, dərindən köks ötürdü və zəng çalındı. Banq qəlyanını yandırdı, türk dillərinin müqayisəli araşdırması üzrə seminarın başa çatdığına bir işarə kimi. Onun sümüklü barmağı uyğur qrammatikasının saralmış vərəqlərinə incə bir sığal çəkdi və kişi quru-quru dilləndi:
– Gələn dəfə manixe3 himnləri4 əsasında inkar fellərinin quruluşunu müzakirə edəcəyik.
Sözlərində vəd, eyni zamanda xəbərdarlıq səsləndi. Böyük Tomsen5 Kopenhagendə rəhmətə gedəndən bəri filologiya onun üçün dəyərdən düşmüşdü. Gənclər heç nə anlamırdılar və hər şeyi donuq instrumental halla izah edirdilər.
Dinləyicilərin dördü də dinmədən təzim etdi. Asiyadeh şərq dilləri seminariyasının enli pilləkəninə üz tutdu. Otaqlardan saqqallı misirşünaslar, ömürlərini assur həkki yazılarının tədqiqinə həsr etmək niyyətində olan qaynar və coşqun gənclər çıxırdılar. Ərəb dili sinfinin bağlı qapısı arxasında Lebid qəzəlinin hıçqırtılı boğaz səsləri hələ də donub uyuyurdu və bu an dosentin yekun səsi eşidildi:
Fel şəklindəki sondüşümə6 klassik nümunə.
Asiyadeh pilləkənlə aşağı endi. Yumru dirsəyini ağır çöl qapısına dirədi və əli ilə dəri qovluq-çantanı bərk-bərk özünə sıxdı. Qapı açıldı. Bayırda, dar Dorotee küçəsinə payız yarpağı tökülmüşdü. Asiyadeh qısa, iti addımlarla küçəni burulub universitetin həyətinə girdi. Həyətdəki şumal ağaclar sanki elmi biliyin ağırlığından bellərini əymişdilər. Asiyadeh başını qaldırdı. Berlinin tutqun payız səmasını, auditoriyaların kölgəli pəncərələrini və universitetin girəcəyindəki qızılı yazını gördü… Qoltuqlarında ağır qovluq-çantalar olan tələbələr nazik, bozumtul paltoda onun yanından ötüb keçirdilər. Onlar başqa, yad, qapalı dünyanın insanları idilər: həkimlər, hüquqşünaslar, iqtisadçılar.
Asiyadeh universitetin işıqsız dəhlizinə daxil oldu. Azman saat ondan on dəqiqə keçmişi göstərirdi. Dəhliz vurnuxan insanlarla dolu idi. Asiyadeh fakültənin Qara Lövhəsinin yanında ayaq saxladı və rektorluğun tələbələrə yönəlmiş adi məlumatlarını darıxa-darıxa, dalğın-dalğın oxumağa başladı:
«Qotik üslubun erkən tarixi haqqında prof. dr. Hastinqin mühazirəsi bu semestr təxirə düşür». «Kimya dərsliyi tapılıb, Pedeldən götürməli». «Prof. dr. Zaks tələbə oğlan və qızları pulsuz müalicə etməyə hazır olduğunu bildirib. Hər gün üçdən beşə qədər. Daxili xəstəliklər klinikası».
Elanlar semestrin başlanğıcından asılmışdılar və yerlərini dəyişməmişdilər. Kağızın qıraqları qədim Qahirə və Lahor nəşrləri kimi solmuşdu. Asiyadeh dəri çantasından balaca bir qeyd kitabçası çıxartdı. Çantanı qolunun üstünə uzadıb sağdan sola axan incə yazılarla qeydlər apardı: «Larinqoloji klinika. Luize küçəsi 2, 9-dan 1-ə qədər».
Qeyd kitabçasını yerinə qoyub Lindenştraseyə çıxan ön həyətə doğru yeridi. Böyük Fridrixin7 əzəmətli ayaqüstü görkəmi və Kronprins Sarayının8 klassik cizgiləri gözlərindən yayınmadı. Lap uzaqlarda payız səhərinin tutqun toranlığından Brandenburq Darvazasının kariatidləri9 baş qaldırırdı.
Asiyadeh sağa buruldu. Louis Ferdinand10 küçəsindən keçib Dövlət Kitabxanasının həyətinə daxil oldu. Mərmər pilləkənlə üzüyuxarı qalxıb kitabxananın ucsuz-bucaqsız dəhlizində dayandı. Qarşısında böyük, dəyirmi oxu zalına açılan giriş qapısı vardı. Solda kataloqların uzun dəhlizləri baş alıb gedirdi. Sağdakı balaca qapı uzunsov «Şərq Oxu Zalı»na, Berlin qəraiblərinin və nadir alimlərin sığınacağına aparırdı. Asiyadeh içəri keçib kitab tərəyinə doğru yeridi, «Radlovun Müqayisəli Lüğəti»ni götürüb uzun, enli masalardan birinin arxasına əyləşdi.
Oxu zalından kitab kifinin iyi, foliant11 və müdriklik qoxusu gəlirdi…Asiyadeh kitabı açdı. Başını əyib yüngülcə düyünlənmiş alnını qırışlandırdı. Həlim sözlərin həniri onun qulağını oxşadı və qızın dumanlı baxışları qara uyğur hieroqlifinin arxasında duran səhra cəngavərlərinin, köçəri gecə düşərgələrinin və Anadolu təpələrinin solğun bozumtulluğunu gördü. Əli isə bu arada yazırdı:
«Uç! («son»)12 sözünün etimologiyası. 'Uç' səsdəyişmə qanununa görə Abakan dialektində 'us' olur. Qaraçay dilində iki forma təmsil olunur: ‘utu' və ‘udu'. Soyan dilində də eyni ilə 'udu'dur… ».
Duruxdu. Sayan dilindən qəti təsəvvürü yox idi. Bilmirdi ki, formasını aşkarladığı bu dil haçan və harda danışılıb. Ona elə gəldi ki, bu sözdə böyük bir çayın şırıltısını eşitdi və əllərindəki harpunla13 iri, yağlı nərə balığını mamırlı sahilə sürüyən mülayim, qıyıqgöz insanları təsəvvüründə canlandırdı. Kişilərin enli almacıq sümükləri vardı, dərilərinin rəngi tutqun idi və əyinlərinə xəz geymişdilər. Çayın hər iki sahilində onlar iri nərə balıqlarını ovlayır və bu zaman «udu» {«uç» «son») deyə ulu türk sözünün Soyan formasını qışqırırdılar. Asiyadeh çantasını açdı və oradan dördkünc balaca bir güzgü çıxartdı. Güzgünü arxadan lüğətin üz qabıqlarının arasına qoyub oğrun-oğrun, hürkək-hürkək bu balaca şüşənin üzünə baxdı: orada qızarttaq qaytan dodaq, ağımsov oval sifət və tutaş kirpikli ala gözlər gördü. Onun başala barmağı uzunsov qaşlara toxundu və yumşaq, ağımsov, buğdayı dəriyə sığal çəkdi. Bu sifətdə adsız çayın sahillərindəki iri almacıq sümüklü qıyıqgöz köçərilərdən əsər-əlamət yox idi. Asiyadeh köksünü ötürdü. Haçansa Turan çöllərindən qalxıb Anadolunun boz düzənliklərini dolduran güclü ulularından onu on min illər ayırırdı. Bu minillər ərzində qıyıq gözlər, buğdayı dəri və sərt, enli almacıq sümükləri itib-getmişdi. Bu minillər ərzində imperatorluqlar, şəhərlər və səsdəyişmələr yaranmışdı. Bu minillər ərzində ululardan biri imperatorluğun paytaxtı İstanbulu zəbt etmiş, digərləri isə xəlifəliyin başkəndi Bağdadı itirmişdi. Qalan yalnız oval xırda sifət, intizarlı ala gözlər və itirilmiş imperiyanın, İstanbulun şirin sularının, Bosforda girişində ağ lövhə vurulmuş mərmər həyətli, incə sütunlu evin ağrılı xatirələri idi.
Asiyadeh qızlıq həyası ilə qızarmışdı. Güzgünü qırağa qoyub hürkək-hürkək yörəsinə baxındı. Əyilmiş kürəklər, daz başlar və saysız-hesabsız eynəkli gözlərin qarov baxışını gördü. Oxu zalının əzəmətli sükunətində hərdən-hərdən çəkinəcəkli pıçıltılar səslənirdi:
«’Elementa persica’nı mənə ötürə bilərsinizmi?». «Amhari lüğətində çap səhvi! Nə deyərsiz buna?». «Sizcə bu əlavənin inkarı varmı?».
Saralmış vərəqlər həzin-həzin xışıldayırdı. Köhnə nəşrlərin iyi gəlirdi. Kitab rəfləri hirsli, qalibanə əjdahaların diş düzümünə bənzəyirdi. Yan masada quruyub qaxaca dönmüş solğun dərili batıqyanaq bir qız-filoloq əyləşib ciddi-cəhdlə Haqq Həmidin «Tariq»ini14 tərcümə edirdi. O, lüğətin üz qabığının arasındakı güzgüyə baxıb gözlərini etinasızlıqla çıpçıldatdı və balaca bir vərəqə bunları yazdı: Horrible dictu! Cosmetica speculumque in Colloquium! Vərəqi Asiyadehə ötürdü və Asiyadeh arxa üzündə barışdırıcı bir cümlə yazdı: Nun cosmeticae sed influenca. «Xəstəyəm. Bayıra çıxın, ‘Tariq’i Sizə tərcümə edim».
Yerindən qalxıb lüğəti örtdü və iri dəhlizə yollandı. Batıqyanaq qız-filoloq onun arxasınca getdi. Sonra hər ikisi dəhlizdəki soyuq mərmər oturacağa əyləşdi və bu zaman «Tariq» Asiyadehin dizləri üstündə idi. Şaqraq şeirlərdən bomboz ispan qayalıqları baş qaldırırdı və sərkərdə Tariq gecəyarısı lopaların səyriyən işığında Cəbəlüttariq boğazını keçib ayağını boz qayanın üstünə qoydu, ispan məmləkətini xəlifəliyə tabe etdirəcəyinə and içdi. Filoloq-qız diksinib köksünü ötürdü. Ona böyük bir haqsızlıq kimi göründü ki, hər türk çocuğu türkcəni bilir, halbuki çalışqan bir filoloq onu əzab-əziyyətlə öyrənməli olur.
–Xəstəyəm,– deyib Asiyadeh «Tariq»i bir qırağa qoydu. Mərmər döşəmənin plitələrinə həkk olunmuş qara qartala fikirli-fikirli nəzər salıb ayağa durdu. Getməliyəm, arkadaş. Sağollaşdı, nədənsiz-filansız yaxşı əhvali-ruhiyyə ilə çıxış qapısına doğru götürüldü.
Qovluq-çantanı qoltuğuna sıxıb səsli-küylü Fridrix küçəsi ilə gedirdi. Berlinin üstünə narın payız yağışı ələnirdi. Fridrixştrase vağzalının ətrafında qəzet köşkləri qarauldakı əsgərlər kimi dayanmışdılar. Asiyadeh nazik yağmur plaşının yaxalığını qaldırmışdı. Onun incə ayaqları tutqun çiskində Admiral Sarayı ətrafında taqqıltı salmışdı. Yanından bir maşın şütüyüb keçdi və sulu palçığı qırağa sıçratdı. Asiyadehin corabına bozumtul ləkələr düşdü. O, yoluna davam etdi. Qurğuşuna bənzər Şpree çayına nisgilli bir göylük çökmüşdü. Asiyadeh körpüdə ayaq saxladı və baxışları vağzalın dəmir məhəccərinə sataşdı. Hardasa yuxarıda qatar taqqıldayırdı. Payız yağışından bərq vuran enli Fridrix küçəsi qızın qarşısında uzanıb gedirdi. Bu şəhər özünün islanmış nəmli küçələrinin klassik düzlüyü ilə gözəl görünürdü, amma yad idi. Asiyadeh bu yad havanı dərindən içinə çəkdi və ötüb gedənlərin solğun sifətinə nəzər saldı. Onun romantik düşüncəsi qırxılmış uzunsov üzlərdə Afrika sahillərinə hünərvər səfərlərə çıxmış sualtı qayıqların kapitanlarını sezdi və sərt mavi gözlərdə o, Flandernin15 döyüş meydanlarının, Rusiyanın qarlı çöllərinin və Ərəbistanın qaynar qumluğunun nisgilli xatirələrini gördü.
Ucu-bucağı görünməyən Luize küçəsinə yetişdi. Evlər qızarttaqlaşdı; qəlin yun əlcəkli bir kişi tində şabalıd satırdı. Mavi, dərin gözləri vardı və Asiyadeh düşündü ki, naməlum aləmin xəsis sərtliyi ilə dolu bu gözləri iki insan kayzer16 Fridrix və yazıçı Klayst17 yaratmışlar. Bu an şabalıd alverçisi hayxırıb tüpürdü və Asiyadeh çimçənib üzünü yana çevirdi. Qız udqundu və boğazında şiddətli ağrılar duydu. Kişilərə bel bərkitmək olmazdı, yazıçı Klayst isə çoxdan dünyasını dəyişmişdi.
Asiyadeh küçənin nəm asfaltı ilə yeyin-yeyin addımlayırdı. Yağışın bir damlası arxadan onun boynuna düşüb ağır-ağır kürəyi uzunu diyirləndi. Qovluq-çantanı qoltuğuna daha bərk sıxdı və qabaqda, küçənin sol tərəfində Birxaunun heykəlini gördü. Ətraf ağır-ağır təbabət donuna büründü. Dükanların görüklərində18 yarğı mişarları, diş həkimi alətləri və ümumi patalogiyaya aid dərsliklər vardı. Asiyadeh görüklərin birinin qarşısında ayaq saxlayıb çəkinə-çəkinə zərif çiyinlərini düzəltdi. Nazik sümüklü bir skelet şüşə arxasından ona diş ağardırdı. Qız ölü Birxau ilə skeletin arasında pərçimlənmişdi və dükanın güzgüsündə özünün allanmış yanaqlardan və ürkək gözlərdən ibarət incə sifətini görürdü. Solda Şaritenin19 qırmızı hasarı ucalırdı. Tənha ağacların çılpaq budaqları və göy-ağ zolaqlı paltar geymiş xəstələr onun gözündən yayınmadı. Yoluna davam etdi, başını qabağa əymiş və zərif çiyinlərini dikəltmişdi. Daha heç soyuq da deyildi və astarına qədər islanmış yağmur plaşı rezin qoxuyurdu.
«Qatar Yannoviç Körpüsündə dayanmır», qəmli-qəmli düşündü, çünki bu, almanca öyrəndiyi ilk cümlə idi və Berlinin əzəmətli daş cah-cəlalında özünü yalqız, kimsəsiz hiss edəndə tez-tez bunu xatırlayırdı. Başını qaldırıb xəstəxananın giriş qapısına qalxan üç pillə gördü. Yuxarı qalxdı. Gövdəli bir şəfqət bacısı onun adını soruşub xəstəlik kitabçasını irəli uzatdı. Asiyadeh güzgünün qabağına keçib xırda, dəyirmi şlyapasını başından aldı, ucları tamam islanmış və açılıb boynunun ardına tökülmüş qızılı, yumşaq saçlarına baxdı. Daranıb diqqətlə dırnaqlarını gözdən keçirdi, xəstəlik kitabçasını çantasına qoyub alatoran, iri ordinator odasına daxil oldu.
–Concha bulosa,– deyib doktor Hassa alətləri cama tulladı. Xəstə ürkək baxışlarla onun işarəsini süzüb röntgen otağında gözdən itdi.– Empiem20 də ola bilər, – Hassa mızıldanıb bu gümanını xəstəlik tarixçəsinə yazdı.
Sonra əllərini yumağa getdi. Yolda yaşam haqqında düşündü və şəffaf su onun əllərinə tökülüb əlüzyuyanda itəndə başını bulayıb özünə için-için acıdı. – Rəzil insanam,– deyib alnını qırışdırdı. Bir günortaya üç adenoid çoxdan da çoxdur. Üstəlik biri də narkozla. Bəs o iki parasentez?!21 İkincisi tamam yersiz idi. Qulaq pərdəsi öz-özünə dağıla bilərdi. Xəstə də sinirlənmişdi ha!
Doktor Hassa əllərini qurulayıb rinosklerom22 haqqında düşündü. Rinosklerom ağrılı yeriydi. Rinoskleromu tələbələrə göstərmək istəyirdi. O isə görsənmək istəmirdi. Çox höcət, yaşlı, cingənə bir qadın bu xəstəliyə tutulmuşdu və deyirdi ki, təcrübə dovşanı olmaq fikri yoxdur. Acınacaqlısı o idi ki, hər xəstəliyin bir xəstəsi vardı. Əslində isə köməkçisinə acığı tutmuşdu. Köməkçisi psixoanalizçi olmaq və Vyanaya getmək istədiyini bildirmişdi. Orda o, tağlı polipotomu ərklə şüşə masanın üstünə ata bilərdi. Arzusunu da haçan bildirsə yaxşıdır? Düz kişinin xəstələri yoluxduğu məqamda! Kişi də heç nə demədi, ancaq hirsindən qanının qırmızılığı üzünə vurdu. Hassa hələ köməkçiləri və çağdaş gigiena barədə onların təsəvvürləri üçün də cavabdehdir.
Qalpağı masanın üstünə, işlətməzdən qabaq, Hassa mızıldandı. Köməkçiyə bədən xəsarəti yetirmək də yasaqdır. Cib yaylığını çıxarıb reflektorun sərt rezinini ona bükdü. Bu zaman acıqlı-acıqlı gözlərini qırpdı və anladı ki, əhvalının korlanmasına nə rinosklerom, nə də ki köməkçi suçludur. Suç Ştölpxen gölünə getməyə mane olan havadadır. Məhz dünən orda bir sarışın vardı, yəqin o bugün də…, ancaq bu barədə yetər. Suç havada və Ştölpxen gölündə idi, heç də onda deyildi ki, Marion bütün yayı Fritslə birlikdə Zaltskammerqut şəhərində keçirib. Ümumiyyətlə Marionun ona nə dəxli vardı? Və rinosklerom sadəcə olaraq göstəriləcək, istəsə də, istəməsə də; biz elə məhz bunun üçün universitet klinikası deyilikmi?!
Doktor Hassa ciddi bir görkəm aldı və iri ordinator odasına girdi. Divarlara sonsuz sıralarla müayinə kətilləri düzülmüşdü. Hərəsinin yanında bir elektrik çırağı, bir ədəd alət masası və bir neçə cam. Xəstələr əlindən boş kətil yox idi və insanların üz-gözündən biganəlik, eyni zamanda gərginlik yağırdı. Doktor Mossitski sol küncdə boğaz güzgüsünü qapadı və sağdan üçüncü kətildə doktor Mani səsləndi:
– Şəfqət bacısı, qulaq üçün damcıqabı!
Doktor Hassanın müayinə kətilində qaynar alagözlü, nadir biçimli altunsaç bir qız əyləşmişdi. Doktor Hassa qızın qənşərində alçaq kətilə əyləşib onu diqqətlə gözdən keçirdi. Qız gülümsədi və nadir biçimli qüssəli gözlərində qəfil bir qığılcım oynadı. Barmağı ilə Hassanın yuxarı tuşlanmış reflektoruna işarə edib yabançı bir səslə dilləndi:
– Müqəddəs nura bənzəyir.
Hassa güldü. Həyat gerçəkdən də maraqlı imiş və Marionun doğrudan da ona isti-soyuğu yox idi. O, qızın müəmmalı ala gözlərinə baxıb ani olaraq beynindən keçirdi: Çox güman ki, rhinitis vasomatoria23, uzun müalicə tələb edir. Elə bu düşüncədən ayılıb onu əsassız saydı və sanki suçlu-suçlu soruşdu:
–Adınız?
–Asiyadeh Anbari.
– Sənətiniz?
–Tələbə.
– Belə de, həmkarıq ki,– Hassa səmimi dilləndi, Siz də təbibsiz?
– Xeyr, filoloq,– qız dedi.
Hassa reflektorunu düzəltdi.
– Onda Sizi bura gətirən nədir? Hə, boğaz ağrısı. Sol əli istər-istəməz skalpeli aradı. – Germanistsiz?
– Xeyr, –Asiyadeh ciddi dilləndi, – türkoloq.
– Nə, nə?
– Müqayisəli türk dilçiliyi.
– Allahım, bundan özünüzə bir şey gözləyirsiz?
– Heç nə,– qız acıqlı dillənib ağzını geniş açdı.
Hassa öz vəzifəsini ağır-ağır, səliqəli və hərtərəfli yerinə yetirirdi. Və bu zaman onun düşüncələri peşəsəl və şəxsi olmaqla iki yerə haçalanırdı. Peşə baxımından kəsdirirdi: Rinoskopik durum– anterior et poste rior nəzərə çarpacaq heç nə. Sol qulaq pərdəsinin yüngül qızartısı, ancaq toxunanda ağrı duyulmur. Otitis media’nın başlanğıc mərhələsi. Xalis yerli infeksion. Sonrakı müalicədə anamnezi24 nəzərə almaq lazımdır.
Şəxsi olaraq düşünürdü: müqayisəli türk dilçiliyi! Ala gözlərə baxmayaraq belə şey də olurmuş. Soyadı Anbaridir. Bu adı haçansa eşitmişəm. Heç iyirmi yaşı olmaz, amma bu gur, pilə saçları …
Sonra reflektoru çıxartdı, kətili geri çəkib işgüzarcasına dilləndi:
–Tonsillitis. Angina folikularis’in başlanğıc mərhələsi.
– Danışdığımız dildə «boğaz iltihabı»,– qız güldü və doktor Hassa latın dilindən əl götürməyi kəsdirdi.
– Elədir,– dedi,– mütləq yatağa. Bu da qarqara üçün resept. Heç bir kompres, ancaq avtoya minib evə getmək. Xərciniz çox çıxmaz, amma doğrudan da, niyə türkologiya? Bu, insanın əlini hara çatdırar axı?
– Məni ki maraqlandırır,– qız çox sadə cavab verdi və gözlərinin çılğınlığı sifətinə yayıldı. Bilirsiz, o qədər qəribə, nadir sözlər var ki! Hər söz də nağara zərbəsi kimi səslənir.
– Qızdırırsınız,– Hassa dedi,– nağara zərbəsi də burdandır. Soyadınızı eşitmişəm. Bir Anbari vardı, haçansa Bosnanın valisi olmuşdu.
– Bəli, –qız dedi,– babamdır.
Asiyadeh yerindən qalxdı və barmaqları bir anlığa Hassanın əlinin içində itdi.
– Bir də sağalanda gələrsiniz … Təkrar müayinəni nəzərdə tuturam.
Asiyadeh kirpiklərini qaldırdı. Doktorun buğdayı dərisi, arxaya daranmış qara saçları və çox enli kürəkləri vardı. O, sirli sualtı qayıq kapitanlarından, yaxud adsız çayın sahilindəki pələ-pütür balıqçılardan tamam seçilirdi. Qız tələsik baş endirib çıxacağa doğru yeridi.
Fridrixştrase vağzalında ayaq saxlayıb olanları bir də beynindən keçirdi. Həkim avto söhbəti salmışdı. Qız dodaqlarını büzüb qərarlaşdırdı ki, bədxərclik etsin. Başını dik tutub vağzaldan ötdü və Unter der Linden istiqamətinə yol aldı. Orada avtobusa mindi, yumşaq dəri oturacaqlardan birinə çöküb məmnun-məmnun düşündü ki, avto beləcə yupyumşaq diyirlənib gedən avtobusun adi kiçiltmə formasıdır.
–Uland küçəsinə qədər, –üzünü konduktora tutub xırda pulu ona uzatdı.
İKİNCİ FƏSİL
Otaq qaranlıq idi. Yerdən tikilmişdi və pəncərələrinin hər ikisi həyətə açılırdı. Ortalıqda müşəmbə örtüklü masa və üç stul vardı.. Tavandan başaşağı uzun şnura bərkidilmiş çılpaq bir çıraq asılmışdı. Divarlara doğru yan-yana bir çarpayı və bir divan əzik-üzük divar kağızlarına söykəli durmuşdu. Yalnız nisbətən boş divarlarda bir dolab dayanmışdı ki, onun qapısını da qatlanmış qəzetin köməyi ilə örtmüşdülər. Bunun yanından bir neçə saralmış şəkil asılmışdı. Ahmed Paşa Anbari masanın qırağında əyləşib baxışlarını saralıb-solmuş divar kağızlarının salamat nümunələrinə dikmişdi.
– Xəstələnmişəm,– deyib Asiyadeh stula əyləşdi. Ahmed Paşa başını qaldırdı. Onun xırdaca gözləri qorxu içində irəli baxdı. Asiyadeh əsnəyib incə qollarını gərdi. Ahmed Paşa ayağa durub yatağı düzəltdi və Asiyadeh paltarını sivirib çıxartdı. Çarpayının qırağında oturub «a» ilə bitən yakut sonluğundan və onun boğazına baxmış yad kişidən titrətmə içində, sayıqlaya-sayıqlaya danışmağa başladı.
Ahmed Paşanın gözlərinə dəhşət doldu:
– Təkbaşına həkimə getmisən?
–Bəli, ata.
– Soyunmalı oldun?
– Xeyr, ata, vallah yox.
Çox etinasız səsləndi. Asiyadeh gözlərini yumdu və əzaları qurğuşun kimi ağırlaşdı. Ahmed Paşanın ləngərli addım səslərini və gümüş pulların cingiltisini eşitdi.
– Limonla çay, – Ahmed Paşa hardasa qapı arxasından pıçıldadı.
Asiyadehin kirpikləri titrəyirdi. Yarıaralı göz qapaqlarının altından o, divardakı saralmış şəkillərə baxdı. Bu şəkillərdə Ahmed Paşa zərli parad paltarı geymişdi, üstdən sallama xəncər bağlamışdı, başına şərəf nişanəsi fəs qoymuşdu, əlində isə parıltılı dəri əlcək vardı. Asiyadeh dərindən nəfəs aldı və birdən-birə köksündə Qalata körpüsünün tozunu, haçansa Bosfor sahilindəki otağının taxçasında quruyan xurmanın qoxusunu duydu. Uzaqdan dərin bir mızıltı eşidildi. Ahmed Paşa Berlin odasının tozlu xalçası üstündə diz çökmüşdü və alnı döşəməyə dəyirdi. O, içinə qapanıb astadan namaz qılırdı. Asiyadehin gözlərində günəşin böyük, yumru kürəsi və İstanbul qapılarındakı Konstantinin qədim divarları canlandı. Yanıçar Həsən divara dırmaşıb qədim istehkamın başı üstündən Osman soyunun sancağını dalğalandırdı. Asiyadeh dodağını dişlədi. Rum Alaqapısında Mixail Palioloq vuruşurdu və Fateh Mehmet cəsədlər üstündən Aya Sofiyaya daxil olub qanlı əlini Bizans sütunlarına basdı. Asiyadeh də əlini qaldırıb ağzına tutdu. Nəfəsi nəm idi və od tutub yanırdı, o, ucadan, var gücü ilə dilləndi:
– Boksa.
– Nə var, Asiyadeh, – Ahmed Paşa qızın başı üstünə əyilmişdi.
– Cağatay «boqus»unun («boğazının») Karakas yönlük halı, qız cavab verdi. Ahmed Paşa qayğılı-qayğılı baxıb kürkünü onun üstünə atdı.
Sonra namazını sürdürdü və Asiyadeh qarışıq ayıq röyada əsgərlərin arasında cümə namazına gedən Sultan Vəhdəddinin şux çiyinlərini gördü. Tatlı Suda balaca qayıqlar çevrə vururdu və qəzetlər Qafqazdakı uğurlardan, almanların qələbələrindən və Osmanlı Səltənətini gözləyən böyük gələcəkdən xəbər verirdilər.
Kimsə onun saçını dartışdırdı. Qız gözünü açıb əlində stəkan tutmuş Ahmed Paşanı gördü. Acı maye ilə qarqara edib çox ciddi dedi:
– «Qarqara» səs təqlididir, hər şey səslərin tarixi ilə açılmalıdır.
Sonra balınca quylandı. Arxası üstdə uzanmışdı, yanaqları allanmışdı, gözləri də qapanmışdı. Xəyalında səhralar, çöllər, çılğın cəngavərlər və Bosfor sarayının başı üstündəki Aypara canlandı. Sonra üzünü divara çevirib uzun-uzadı, acı-acı ağladı. Zərif çiyinləri atılıb-düşürdü və sifətinə axan göz yaşlarını o, əlinin arxası ilə silirdi. Hər şey yağı generalın İstanbulu tutduğu və bütün müqəddəs Osman soyunu ölkədən çıxartdığı gün oldu. O vaxt Ahmed Paşa bir ər ədası ilə xəncərini küncə atıb qonaq evinin kiçik pavilyonunda göz yaşı axıtdı. Evdəkilərin hamısı bilirdi ki, ağlayır və hamı da pavilyonun astanasında dayanıb susurdu. Sonra atası Asiyadehi çağırtdırdı və qız içəri girdi. Paşa yerdən oturmuşdu, paltarı əskiyə dönmüşdü.
– Sultan qovulub,– deyib kişi üzünü qırağa çevirdi. Özün bilirsən, o mənim dostum və hökmdarım idi. Bu şəhər mənim üçün yadlaşdı. Köçürük.
Sonra hər ikisi pavilyonun pəncərəsinə yanaşıb uzun müddət Bosforun çəpəki dalğalarına, əzəmətli camilərin minarələrinə və uzaqdakı boz təpələrə baxdı ki, həmin təpələrin arxasından haçansa Osmanlı dəstələri Avropaya yürüşə qalxmışdılar.
– Berlinə gedirik,– Ahmed Paşa dedi. Almanlar bizim dostumuzdur.
Asiyadeh göz yaşlarını sildi. Otağa qaranlıq çökmüşdü. Divandan Ahmed Paşanın hənirtisi gəlirdi. Qız çarpayıda dirsəklənib geniş açılmış gözləri ilə uzaqlara baxırdı. O, İstanbul, köhnə evləri və vətənin yumşaq və mülayim havası üçün qəribsədi. Xilafət paytaxtının minarələrini bir əlçatarda duydu və lal bir qorxu onu çulğadı. Hər şey yox olmuşdu, hər şey itmişdi. Qalan yalnız doğma dilin incə səslənişi və haçansa Osman yurdunu göylərə qaldırmış həmin gələnəklər idi.
«Babam Bosnada vali olub», Asiyadeh beynindən keçirdi və həkimin dizinin öz buduna toxunduğu birdən yadına düşdü. Gözlərini yumdu və onun qara, azca qıyqacı biçimli gözlərini gördü. «A» deyin söyləyən həkimin başında müqəddəs bir nur yanırdı.
«’A’ yakut variantıdır. Mən isə Osmanlıyam. Yiyəlik halında biz ’İ’ deyirik.” – Asiyadeh vüqarla cavab verib yuxuya getdi. Və bu zaman əli döşəyin altına sürüşüb sevgi ilə özünün bərkimiş budunu sığalladı.
Qız yatırdı, Ahmed Paşa isə gözlərini yumub çarpayıya uzanmışdı, lakin oyaq idi. İmperatorluğu qorumaq üçün əsgər getmiş və bir daha geri dönməmiş hər iki oğlunu gözləri önünə gətirmişdi. Sultan oğullarından biri ilə ailə qurmalı olan və indi yad hieroqliflərin dəryasında çabalayan altunsaç qızını düşünürdü. İçərisində yüz mark olan və Anbari ocağının bütün var-yoxu sayılan pul kisəsini, eyni zamanda qürbətdə oturub İstanbulun mülayim havası üçün qəribsəyən sultanı xəyalından keçirirdi.
Dan yeri sökülürdü, Ahmed Paşa çay qoydu və Asiyadeh yuxudan ayılıb çarpayıda oturdu, gümrah və inamla dilləndi:
–Tamam-kamal sağalmışam, əlahəzrət.
* * *
Knezebek küçəsindəki «Vatan» kafesi siqaret tüstüsü və quyruq kababının iyi ilə dolmuşdu. Qəhvəxananın yiyəsi görünməmiş mürşidlik şərəfinə yetişmiş və buna görə də vətənini tərk etməli olmuş eynəkli bir hind professoru idi. Onun baş süfrəçisinin adı Smaraqd idi, uzun burnu vardı və Buxara əmiri sanını daşıyırdı. Balaca masaların başında misirli tələbələr, suriyalı siyasətçilər və qacarlar sülaləsinin şahzadələri əyləşmişdilər. Onlar quyruq kababı yeyir və xırda fincanlardan ətirli qəhvə içirdilər. Qəhvəçi Kürdüstan dağlarında qaçaqçılıq etmiş enlikürək, sıx çatmaqaş bir kişi idi. On səkkiz cür qəhvə hazırlamağın yolunu bilirdi, ancaq öz bacarığını başlıca olaraq prinslərin, valilərin və tayfa başçılarının qarşısında nümayiş etdirirdi.
Ahmed Paşa Anbari küncdəki masanın arxasında əyləşib buğlanan qəhvənin üzünə baxırdı. Yan masada çərkəz Orxan bəy müəmmalı Əhmədiyyə təriqətinin yastıburun müridi ilə nərd oynayırdı.
– Bilirsiz, əlahəzrət, – deyib qəhvəxana sahibi paşanın qarşısında baş əydi. Bilirsinizmi ki, Rəfi Paşa artıq Yəməndən yola düşüb? Orda o, yerli imamın hakimiyyətinə generallar və dövlət xadimləri arayır.
– Mənim Yəmənlik halım yoxdur, – Ahmed Paşa dedi.
– Düz buyurursuz, – sahib etinasız dilləndi, yəmənlilər kafirdir.
O, piştaxtanın arxasında gözdən itib fincanlarını cingildətdi. Çərkəz nərddə uddu, siqaret yandırıb yan masadakı gombul suriyalıya nəzər saldı.
– Ayıbdır, – suriyalı dedi, – Allaha inanan zər atmaz.
Çərkəz ikrahla siqaretini sümürüb üzünü qırağa çevirdi.
Arıqlıqdan əllərinin sümüyü çıxmış dazbaş bir kişi içəri girdi, Anbarinin masası yanında ayaq saxlayıb əlini sinəsinə, dodağına və alnına toxundurdu.
– Tanrı Sizlərə yar olsun, əlahəzrət. Çoxdandır görüş-mürük.
Paşa başı ilə təsdiqlədi.
– İstanbuldan gəlirsiz, rəis bəy?
– Bəli, əlahəzrət. Sakariyada yaralandım, indi də gömrükdəyəm. Biz axırıncı dəfə mən deputat, Siz də əmniyyət naziri olanda görüşmüşdük. O vaxt məni həbs etmək istəyirdiniz.
– Heyf ki, qaçıb qurtara bildiniz, rəis. Vatan naşıldır?
– Çiçəklənir və Qızıl Buynuza günəş saçır. Məhsul yaxşı oldu, qışda Ankara bölgəsinə güclü qar düşmüşdü. Geri qayıtmanız gərəkdir, əlahəzrət. Hökumətə bir əfvnamə göndərin.
– Təşəkkürlər. Xalça alverinə qatılmaq fikrindəyəm. Heç kimin əfvinə ehtiyac duymuram.
Qonaq getdi və Anbarinin gözlərinə qəm çökdü. Onun yadına ödənilməmiş ev kirayəsi, onu Levant25 kələkbazı sayan ev yiyəsi, Əfqanıstana qaçan və ona pul göndərəcəyini vəd edən əmioğlusu Qiyasim, düşmən tərəfə keçib onun məktublarını cavabsız qoyan digər əmioğlusu Mustafa və yuxa yağmur plaşında Berlin küçələrində vurnuxub xəstələnmiş altunsaç Asiyadeh düşdü. Sonra o, bir neçə qullab vurdu və Smaraqd pulları yığıb onun masasına əyləşdi.
– Çox pis, əlahəzrət, həm soyuq, həm də kasıbçılıq,– Smaraqd bunu özünün güclə anlaşılan ləhcəsində söylədi. –Buxarada müharibə. Mən yenidən əmir. –Güldü, ancaq gözlərindən qəm çəkilmədi.
Küncdə bir iranlı əyləşmişdi, əlini sol qulağının dibinə qoyub astadan və uzada-uzada bir bayatı başladı. Hindistanlı piştaxtanın arxasında oturub Əhmədiyyə təriqətinin müridi ilə haqq olan Allahdan söhbət salmışdı. Onlar qızğın mübahisə edirdilər. Ahmed Paşa başını aşağı salıb düşünürdü ki, xam avropalı topluçuların məsləhətçisi və bir mütəxəssis kimi gerçəkdən də xalça işinə girişə bilər. Kişi köksünü ötürdü və sol sinəsində yüngül bir ağrı duydu. Bu ağrını o, on illər öncə ərəb savaşından yadigar gətirdiyi müharibə yarasının son xatirələri kimi əzizləyirdi.
Qonşu masadakı çərkəz bir hava mızıldanıb dalğın-dalğın gülümsədi.
– «Şərq» restoranında pianoçu olmaq istərdim, əlahəzrət, –yarıtəsdiq, yarısual dilləndi. Çünki ulularının ərən peşəsi, qaçaqçılıq və savaş, indi onun üçün əlçatmaz olmuşdu. Dədə-babası haçansa bir dəstə igidlə Osmanlı sarayına gəlmiş və o, hökmranlıq və əmr vermək üçün doğulmuşdu. Lakin keçmiş qaranlıq və alacalı idi, göylərə sovrulan səhra qumunun sütunları arxasında olduğu kimi. Hazırkı çağ isə Berlinin daş döşəmələrinə sərilmişdi və çərkəzin əlindən yalnız iki şey gəlirdi: əmr vermək və zümzümə etmək. Əmr vermək açıq-aşkar dəbdən çıxmışdı.
Qovqun Qacar şahzadələrinin oturduğu masanın arxasında həzin bir pıçıltı başladı:
– Sürgünlük çörəyi acı olur,– kimsə dilləndi.
– Yox, bir başqası cavab verdi.– Acı nədir ki?! Sürgünlük ölkəsi sürgünlər üçün heç çörək də yetirmir.
Ahmed Paşa yerindən qalxdı. Qəhvəxananı tərk edib başını aşağı saldı, yad şəhərin küçələri ilə ağır-ağır addımladı. Evlər alınmaz yad qalalara bənzəyirdi. İnsanlar tələsə-tələsə ötüb keçirdilər, boz kabuslar kimi. Paşa səsli-küylü şəhərlə dinmədən irəliləyir və onun səs-küyünü eşitmirdi.
«Hələ kartof da alasıyam», düşündü. «Üstəlik pomidor da. Qarışdıraram bir-birinə. Yaxşı bir horra alınar».
Vittenberq meydanında ayaq saxladı. Böyük mağazanın girəcəyinə çəpəki günəş saçaqları səpilmişdi. Parıldayan ipək corablı yabançı qadınlar paşanın gözündən yayınmadı. Asiyadehin ipək corabı yox idi. Qadınlar etinasız, boş baxışlarla yanından ötüb gedirdi. Birdən paşa addımlarını yeyinlətdi və yan küçələrdən birinə buruldu. Gün altında qaralıb-yanmış koppuşyanaq, kök bir kişi Tauensin küçəsi ilə yeriyirdi. Ahmed Paşa şaşqın, yorğun gözlərini kişidən çəkdi. Çox acınacaqlı idi ki, sultanlığın naziri yan küçəyə burulmalı olmuşdu. Çünki varlı həmyerlisinə onun əlli mark borcu vardı. Əlbəyaxa olmaq, özünü kiminsə üstünə atmaq və savaşmaq kimi ağrılı bir istək onu çulğadı. Könlündən qaranlıq bir küçə və qəfildən ona toxunacaq yad bir kişi keçdi ki, acığını onun üstünə töküb kişini şillələsin. Lakin küçələr işıqlı idi, insanlar da heç kəsə toxunmadan qəflətən kənara çəkilirdilər. Ahmed Paşa kartof, pomidor və turp aldı. Sonra qapısı üstündə «Yalnız kübarlar üçün giriş» sözləri yazılmış yaşıl təmiz fasadlı qosqoca dördqatlı evə doğru yollandı. Öz evinə girmək üçün bu kübar alaqapıdan imtina edib baş girişin mərmər cah-cəlalı yanında qaralan balaca qapıya yönəldi. Çəlimsiz ağaclar bitirən dördkünc həyətdən keçib getdi və mənzilinin sınıq-salxaq dəstəyi qarşısında ayaq saxladı. Qapını açdı, olacağa bitişik dəhlizə daxil oldu. Asiyadeh divanda oturmuşdu, sapı dişinin arasında tutub aludəliklə corab gözəyirdi. Qarşısındakı kətilin üstündə açıq bir kitab vardı və o, anlaşılmaz, yabançı kəlmələr mızıldayırdı. Ahmed Paşa pomidorla kartofu masanın üstünə boşaltdı. Asiyadeh torpaq iyi verən qonur yumrulara qarışmış qırmızı kürəcikləri gördü və ləzzətdən, coşqunluqdan, izaha gəlməyən surluluq"’ duyğusundan əllərini bir-birinə vurdu.26
ÜÇÜNCÜ FƏSİL
Tələbə yeməkxanası əyalət vağzalının gözləmə zalına bənzəyirdi. Örtüksüz uzun masaların arxasında tələbələr sıx sıralarda əyləşmişdilər və toyuğabənzər kişinin akrobat məharəti ilə süfrəyə düzdüyü xörəkləri ağına-bozuna bax-madan tələsə-tələsə yeyirdilər. Solda, bufetin yuxarı başında qara bir lövhə asılmışdı, üstündə tabaşirlə yeməklərin siyahısı yazılmışdı. Qiymətlərin ucuzluğu və yemək adlarının təmtəraqlı səslənişi ilə siyahı adamı çaşbaş salırdı.
Asiyadeh yeməklərin sırasını diqqətlə gözdən keçirdi və Köniqsberq frikadelini, yoxsa şaftalı plombirini seçməkdə xeyli çətinlik çəkdi. Nəhayət aclıq tamsınış arzusunu yendi, Asiyadeh süfrəçiyə iyirmi beş pfenniq uzadıb turşməzə iy verən bir iri nimçə ət dolması götürdü. Nimçəni ustufla masanın yanına gətirib əyləşdi və turşməzə iyi acgözlüklə içinə çəkdi.
– Deyəsən sağalmısız, froylayn Anbari?! – Qız başını qaldırdı. Doktor Hassa qənşərində dayanıb onun boşqabına baxırdı.
– Həkimlər haçandan tələbə yeməkxanasına gəlirlər?– Asiyadeh soruşdu və, axır ki, nə türk, nə də türkoloq olan bir nəfərlə danışdığına çox sevindi.
– Müştərisiz həkim elə tələbə kimi bir şeydir, – deyib Hassa masaya əyləşdi. Siz türksünüz, elə deyilmi? Bilməzdim ki, altunsaç türk olurmuş.
Asiyadeh heyrətlə ona baxdı. Deməli, İstanbul sultan qızlarının mavi gözlərinin Tibetdən Balkana qədər məşhur olduğunu bilməyən insanlarda varmış.
– Hərdən olur,– qız saya dillənib buğlanan dolmanı çəngəllə qurdaladı. –Siz də alman deyilsiniz, elədir?
– Hardan bilirsiniz?
Asiyadeh razı-razı gülümsədi.
– Əslinə qalsa, mən yalnız türkoloqam, amma ləhcələrdən başım çıxır. Birdə ki … Hassa alman adı deyil.
Həkim qarşısındakı pivədən bir qurtum alıb qıyqacı biçimli qara gözləri ilə Asiyadehi süzdü. Onun baxışları qızın bədəninin uşaqsal cizgilərini və dodaqlarının yumşaq qatlarını yalayıb keçdi. Qızın azca kölgəli ala gözlərini gördükdə xəyalında sirli, çadralı qadınlar, mərmər fəvvarəli hərəmxanalar və uğurlu cərrahi müdaxilə yolu ilə Asiya xalqları arasında önəmli, lakin dumanlı bir rol oynayan məkrli qulamlar haqqında tutqun təsəvvürlər baş qaldırdı. O, qəfildən içində «Min bir Gecə» nağıllarından ucalan bir uşağı sinəsinə sıxmaq arzusu duydu və dizləri masanın altında ehtiyatla qızın incə buduna toxundu. Asiyalı uşaq ona kəc-kəc baxıb dedi:
– Dinc durmasanız, ağzımı açıb «a» deyəcəm. Onda olacam xəstəniz və həkimlik etikası duyğularınızın coşmasına imkan verməyəcək.
Uşaq aşkarca daha uşaq deyildi, yaxud çox ağıllı uşaq idi. Hassa tələsik parçını boşaltdı.
– Mən avstriyalıyam,– mərhəmliklə bildirdi. – Vyana ilə tanışlığınız var?
Kayzer paytaxtının adının çəkilməsi Asiyadehə heç bir təsir göstərmədi. O, ətin son tikəsini ağzına aparıb boşalmış nimçəyə azca qəmli bir nəzər saldı və cəhəngləri ikrahla aşağı dartıldı.
– Qara Mustafa haqqında eşitmisiz? Sultan Süleyman dövründə Vyanaya basqı yapanı? Belə, o mənim ulu babam olub. Qalib gəlsəydi, bəlkə də mən Sizi özümün can həkimim etmişdim.
Amma heç də belə deyildi. Əzəmətli Qara Mustafanın Anbari soyu ilə heç bir qohumluğu yox idi. Ancaq bu xəbər Vyanalıya lazımi təsirini göstərdi.
– Ürəkdən təşəkkürlər, prinses,– Hassa ədəblə dilləndi.– İzin verirsinizmi, Sizə «prinses»lə müraciət edim?
– Xeyr,– qız cavab verdi.– Mənə prinses deməyin.
Asiyadeh qəmlənib heç vaxt üzünü görmədiyi sultan oğlu Əbdülkərimi xatırladı, bu oğlan onun gələcək əri olmalıydı. Əbdülkərim Amerikaya getmişdi. O çağdan ondan bir xəbər eşidən olmamışdı. Yəqin hardasa süfrəçilik edirdi.
Qızın çöhrəsindəki nisgil doktor Hassanın gözündən yayınmadı. O özünü bufetə salıb qaymaqlı-şokoladlı bir bişi gətirdi. Asiyadeh onu mərhəmətlə süzüb bişini yedi. Ağ, yapışqan kütlə onun dodaqlarına yayıldı və o, sivrilənmiş dili ilə dodaqlarını yaladı.
– Mən Vyanalıyam, – Hassa vurğu ilə dedi, çünki qarşı-sındakı yabançı qıza bu deyimin heç bir təsir göstərmədiyi ona yaman toxunmuşdu. Doktorluğumu Vyanada qazanmışam, sonra biliyimi artırmaq amacı ilə bir semestr Parisdə, birini də Londonda keçirmişəm. Bu semestrin axırına kimi də Berlindəyəm, sonra birdəfəlik Vyanada oturaqlaşacam.
Bu da təmiz gerçəklik deyildi, təmiz gerçəklik Hassanın qəlbinin dərinliklərinə elə hopmuşdu ki, onu qəflətən dartıb işığa çıxarmağın heç anlamı da yox idi. Çünki həqiqətən anlamsız idi ki, sınaqlardan çıxmış Vyanalı həkim dünyanı dolaşır və çeşidli xəstəxanalarda qastrol tamaşaları göstərirdi. Asiyadeh bu barədə sorğu etsəydi, doktor Hassanın elmi çabasından və bilimsəl maraqlarından xəbər tutardı. Hətta bəlkə qızı məlumatlandırardı ki, Berlinə başlıca olaraq burun-boğaz plastikasının yeni başarılarını araşdırmaq üçün gəlmişdir. Ancaq, yəqin ki, Marionla qalmaqalının və bütün yayı Zaltskammerqutda birgə … Amma bunun qəti yeri deyildi. Fritsin üstündən sükutla keçəcəkdi. Axı bunun heç kəsə dəxli yoxdur və çoxdan ötüb-keçmiş bir olaydır. Başını əyib gülümsəyə-gülümsəyə üstdən aşağı Asiyadehə baxdı.
– Hə, – Hassanın danışıqlarına məhəl qoymadan Asiyadeh dedi. Artıq dörd ildir Berlindəyəm. İstanbulu çöküşdən sonra tərk etdik. Həyat qəribədir. O vaxt mənim on beş yaşım vardı və çadrada gəzirdim. Əvvəllər burda təkbaşına və çadrasız küçəyə çıxmağa adət edə bilmirdim. İndi ürəyimcədir. Amma hər halda biabırçılıqdır. Vətəndə musiqi təhsili almışam, dilləri öyrənmişəm. İndi də ipə-sapa yatmaz ulularımın dillərini öyrənirəm. Bilirsiz, məni vətənə bağlayan da budur. Hər halda başa düşürsüz, deyilmi?
–Hə, – Hassa dedi. – Bir semestrdən sonra Vyanada oturaqlaşacam. Operada. Müğənniləri müalicə edəcəm.
Bir müddət beləcə danışıb hərə öz havasını çaldı və hər biri də nəyinsə üstündən susub keçdi. Hassa Marion adlı Vyanalı bir qadının varlığının, Asiyadeh isə belə bir olayın üstündən sükutla keçdi ki, bu gün səhər tezdən tanımadığı bir kişi poçtalyon mundirində otağın qapısını döyüb «poçt» deyə səslənmişdi. Bu yad kişi Ahmed Paşaya solğun möhürlü bir məktub vermiş və Ahmed Paşa zərfi açanda içərisində əlvan bəzəkli min əfqan rupisini və əmioğlusu Qiyasimin salamlarını görmüşdü. Gülərüz bank məmuru başını yırğalayıb pullara baxmış, mərkəzə telefon açmış və Ahmed Paşaya yeddi yüz qırx alman markı ödəmişdi ki, bununla da Asiyadeh təhsil pulunu vermiş və Köniqsberq frikadelini yemişdi. Ancaq bu, doktor Hassaya dəxli olmayan bir incəlik idi.
– İlkindi üstü nə işiniz var?– Hassa qəflətən soruşdu.
– Osman realiləri. Əlyazmaların tədqiqi. Anadolu təri-qətləri.
– Önəmli bir şeydir?! Məncə … Bəlkə bu gün ən sonuncu isti payız günüdür və Sizə də təmiz hava gərəkdir. Gəlin mənimlə Ştölpxen Gölünə gedək. Bunu Sizə həkim kimi deyirəm.
Asiyadeh onun düzbucaqlı alnına və təbəssümlü qaytan dodaqlarına baxdı. Yadına onun yolunu gözləyən Qızılbaşlar sülaləsi və müqəddəs Sarı Saltıq Dədə düşdü. Qızın istiliyi üzünə vurdu.
– Gedək Ştölpxen Gölünə, –çox arxayın cavab verdi və Hassa bilmədi ki, Asiyadeh ömründə birinci dəfədir, yad kişinin dəvətini qəbul edir.
Hər ikisi qalxıb çölə çıxdı. Asiyadeh inamlı addımlarla avtobus dayanacağına yollandı.
–Hara,– Hassa səsini qaldırıb onun qolundan yapışdı. Qızı yan küçəyə gətirib arxa dövlət nişanında iri, ağ «A» yazılmış arabanın qapısını onun qarşısında açdı. –Avstriya, –fəxrlə dedi və səssiz heyrətdən Asiyadehin ağzı açıla qaldı. Heç vaxt inanmazdı ki, belə adi peşəli bir adamın maşın almağa gücü çatar. Avropa doğrudan da möcüzələr ölkəsiymiş.
***
Sahil təpəsinin yamacında quma uzanmışdılar. Asiyadehin gövdəsi sezilmədən titrəyirdi. Qız yolüstü Hassanın ona aldığı yaşıl çimərgə paltarına baxırdı və hazırkı çağ ona qatqarışıq və fantastik görünürdü. Buğdayı barmaqları ilə qumu eşələyir və əynindəki bayadera paltarından xəcalət çəkirdi.
Berlində keçirdiyi dörd ildə tanıdığı yer universitet, şəhərin küçələri, bir də kafelər olmuşdu. İndiyə qədər çimərgənin nə olduğunu görməmişdi və avropalı kişi və qadınların yarıçılpaq, bir-birinə sarmaşaraq sifətlərini quzey günəşinin həlim saçaqlarına verdiyi yerlər haqqında tam dumanlı təsəvvürü vardı. Çimərgə instruktoru onu dar, balaca bir odaya aparanda, açarı və geyçimi ona verib qapını örtəndə dəhşətdən qızın gözləri bərələ qaldı.
Bu dar, qaranlıq odadan su və duz iyi gəlirdi. Asiyadeh özünü hinkir-minkir ayağında Tanrının üz döndərdiyi sursuz insanlar kimi hiss edirdi. Ensiz, taxta oturacağa əyləşib bundan sonra üyələrini örtməli olan bu xırdaca yun parçasını umudsuzcasına dənətlədi. Dodaqları büzülmüşdü və uyğur şəkilçiləri ilə Kiçik Asiya sülalələrinin tanış dünyasından ötrü qızın burnunun ucu göynədi. Sonra ayaqqabısını çıxarıb corablarını soyundu və ağır-ağır tərpənməyə başladı. Bu onu azca sakitləşdirdi. Gözlərini yumub paltarı əynindən atdı və çimərgə paltarını geydi. Sonra milçəklərin bulaşdırdığı balaca divar güzgüsünə baxıb yerində dondu. Özlərinin də xəbəri olmadan yumru döşlərin çılpaqlanıb trikotun enli kəsiyindən çölə pırtmasını gördü. Şaşqınlıqla oturacağa əyləşib imdadsız-imdadsız ağladı. Yox, bu görkəmdə gerçəkdən də çölə çıxa bilməzdi, lap Berlinin bütün qadınları bu sayaq gəzib-dolaşsalar da. Bayırdakı çılpaq, mətin ayaqların şappıltısını eşidib qorxu içində çiyinlərini çəkdi. Odanın yarıqaranlığında hürküdülüb küncə qısnanmış quşa bənzəyirdi. Axır ki, qapının arasından başını çölə çıxarıb çimərgə inspektorunu əli ilə yanına çağırdı. Qadını kabinəyə salıb utancaq təbəssümlü gözləri ilə onu süzdü və qorxa-qorxa soruşdu:
– Sizcə mən bu qiyafədə çölə çıxa bilərəmmi? Mənə elə gəlir… Güzgüdə elə pis görünürəm ki!
– Yox, – çimərgə inspektoru köksünün dərinliyindən cavab qaytardı. – Belə heç cür çıxa bilməzsiniz. Paltarın dalını qabağına geyinmisiniz.
Geyçimi əyninə dəyişdirməkdə qadın Asiyadehə kömək etdi və başını bulaya-bulaya ondan aralandı.
Asiyadeh çimərgəyə cəhənnəm qapısından keçən suçlu kimi daxil oldu. Əlləri qıclaşıb bədəninə yapışmışdı və o, gözlərini yumdu. Başı gicəlləndi. Çılpaq qadın kürəkləri və tük basmış sinəli kişilər gözləri önündən çəkilmirdi.
– Bismillah, –pıçıldadı və ölüm diksintisi ilə gözlərini açdı. Tanımadığı-bilmədiyi bir kişi qarşısında dayanıb üzünə gülümsəyirdi. Asiyadeh günəşdən qaralmış bir cüt dümdüz qıç və bir-birindən aralanmış ayaq barmaqları gördü. Qız gözlərini qaldırıb geyçimə qədər onun qıçlarını süzdü. Özünü toplayıb gözlərini daha geniş açılmağa məcbur etdi. Trikotla örtülü tarım çəkilmiş bir qarın, qara qıvrım tüklü qaralmış enli sinə və dərinin altında səyriyən əzələli tüksüz qollar gördü. Birinci kərə idi ki, tanımadığı, az qala çılpaq bir kişi görürdü və bu halın özü həyəcanlandırıcı idi.
«Yolumu azmışam», kədərli düşündü və özünü zorlayıb Hassanın sifətinə baxdı. Hassa heç nə anlamadan heyranlıqla gülümsədi. Sonra onu bayaqkı yerlərinə apardı. Asiyadeh özünü quma atdı və bilmədi ki, öncə bədəninin hansı hissəsini qumlayıb gizlətsin.
– Üzmək istəyirsiz? – Hassa soruşdu.
– Xeyr, soyuqdur,– deyib Asiyadeh özünün üzə bilmədiyini və haçansa üzə bilən bir adamı görmədiyini ondan gizlətdi.
Hassa asta-asta sıçrayış taxtasına doğru getdi və Asiyadeh köklü əsas olmadan böyüklərin şappıltı ilə suya atılmasına təəccüblə tamaşa etdi. Qız çimərgədə hürkək-hürkək ətrafına baxındı. Çılpaq bədənlər gözlərini qamaşdırdı. Gördü ki, kişi və qadınlar böyük və əsassız cəfa ilə necə suda o üz-bu üzə çapalayırlar, ya da yorğun ilbizlər kimi hərəkətsiz və pəndəm-pəndəm günə sərilmişlər. Kağız qırıntıları və yemək qalıqları çimərgəni basmışdı və kök bir qadın sarımtıl kütlə ilə burnunu yağlayırdı. Asiyadeh qalxıb oturdu, yuxarı qatladığı dizini qolları ilə qucaqladı və utancaqlığının çəkildiyini hiss etdi. Yüngül bir ürək bulantısı ağır-ağır içində baş qaldırdı. İnsanlar eyni erotik heyvanxananın canlılarına bənzəyirdilər. Hamısı da tüklü idi, meymunsayağı tüklü. Ayaqları, sinələri, qolları. Hətta qadınların da qoltuğunun altında tüklər vardı. Hər xırdaca tükü ağrılı bir qayğı ilə dartıb çıxartdığı öz bədəni, atasının və qardaşlarının şümşad, tüksüz dərisi Asiyadehin yadına düşdü. İçinə səssiz bir nifrət doldu. Baxışlarını yarıçılpaq bədənlərdən çəkib göylərə baxdı. Geniş, pənbə buludlar qəribə cizgilənmişdilər və səma hərdən professor Banqın burnuna, hərdən də Roma imperiyasının ən çox şaxələndiyi çağlardakı xəritəsinə bənzəyirdi. Soyuq su damcısı kürəyinə sıçrayanda Asiyadeh diksindi. Doktor Hassa suyu süzələnən şıltaq pudel kimi onun yanında dayanmışdı. Asiyadehin böyründə yerə çökdü və pəmbə üst dodağı ilə köməksiz bir uşaq təsiri bağışlayan bu qəribə qıza səssiz bir heyranlıqla tamaşa etdi.
– Bura, necə, xoşunuza gəlirmi? – Hassa soruşdu.
– Təşəkkürlər, yaxşıdır. İlk dəfədir, Ştölpxen Gölündəyəm.
– Adətən bəs harda çimirsiniz?
– Rupenhornda,– Asiyadeh yalan danışıb məsum-məsum irəli baxdı.
– Birazdan hər ikisi ağzıüstə üz-üzə uzanmışdılar və barmaqları ilə qumu eşələyirdilər.
– Hərəmxanada böyümüsüz, Asiyadeh? – Əsl hərəmxana gözəlini Ştölpxen Gölünə gətirə bildiyinə görə Hassa yenə də yava-yava soruşdu.
Asiyadeh başı ilə təsdiqlədi. Söylədi ki, hərəmxana pis deyil, elə bir yerdir ki, kişilər oraya girə bilməzlər, qadınlar da təkbaşına qalırlar. Doktor Hassa tam anlaya bilmədi. O, dəqiq bilmək istəyirdi ki, hərəmxana nə olan şeydir.
– Xacələriniz çox idimi?
– Səkkiz nəfər. Çox sadiq insanlardı. Biri mənim müəllimim idi.
Hassa özünə yer tapa bilmirdi və bir siqaret yandırdı.
– Tfu,– dedi. Bu ki cılxa barbarlıqdır. Atanızın da üç yüz arvadı olub, elədir?
– Tək biri. –Asiyadeh qürurla və incik cavab verdi.
İndiyə qədər tanıdığı kişilər ürək edib onun yanında hərəmxana barədə söhbət salmazdılar. Ancaq Hassa həkimdi. Burda məsələ başqa cür idi. Qız alnını düyünlədi və onun uşaqsayağı üst dodağı qabağa yığıldı.
– Sizə hərəmxana barbar görünür,– hirslə dilləndi, – mənə də Sizin adınız.
Bu cümlənin təsiri Asiyadehin gözlədiyindən də güclü alındı. Doktor Hassa dikəlib matdım-matdım ona baxdı.
– Necə yəni adım? – aşkar pərtliklə kəkələdi.
– Çünki onda adlıqdan heç əsər-əlamət yoxdur.– Asiyadeh coşqun dilləndi. Hessen məmləkəti var, bir də hass sözü. Hassa yad-yabançıdır və almanca deyil. Sondakı «a»nın heç bir anlamı yoxdur.
Hassa yenidən qarnı üstə uzandı, gülər gözlərlə ona baxıb yüngülcə qəhqəhə çəkdi. Allaha şükür ki, qızın Vyanalı tanışı yox idi və Marionla qalmaqaldan, Hassanın adı ilə bağlı rüsvayçılıqdan heç nə bilmirdi. Filoloqlar əcəb məxluqlarmış.
– «Hassa» rəsmi qəbul olunmuş kiçiltmə formasıdır. –Kişi dilləndi. Əvvəllər soyadımız Hasanoviç olub. Kökümüz əslində Bosnanın Sarayevo şəhərindəndir. İlhaqdan qabaq Vyanaya köçmüşük. Mən özüm Vyanada doğulmuşam.
İndi də Asiyadeh dikəldi. Kefi durulmuş halda həkimə baxdı.
– Sarayevodan? –soruşdu. –Hasanoviç? Üzr istəyirəm … «viç» sonluğu bizdəki «oğlu» deməkdir. Kök «Hasan» olmalıdır.
– Tamamilə doğrudur.– Hassa həlim dilləndi. – Ulu babam, görünür, Hasan olub.
–Axı Hasan …– Asiyadeh sözə başlayıb özünün kəşfinə təəccüblənərək susdu.
– Nə olub ki?– Hassa heyrətləndi.
– Məncə, – Asiyadeh kəkələdi. Məncə, Bosna 1911-ci ilə qədər rəsmən Türkiyənin tərkibində olub və Hasan müsəlman adıdır. Peyğəmbərin nəvələrindən birinin adı da Hasan olub.
Bu qəribə qızın haralara işarə vurduğunu Hassa axır ki anladı.
– Bəli,– dedi. – Əlbəttə. Əslinə baxsan, biz boşnaklarıq, yəni türk işğalından sonra islamı qəbul etmiş serblərik. Gərək ki, Sarayevoda yaşayan bir neçə qohumum da var. Yadıma düşür ki, türklərin zamanında Bosnada hələ mülklərimiz də vardı. Amma bu, çoxdanın sözüdür.
Asiyadeh bir ovuc qum götürüb barmaqları arasında ələdi. Qısa üst dodağı titrədi.
– Onda Siz də müsəlman olmalısınız, hə?
Hassanı gülmək tutdu. Qarnı üstə uzandı və bədəni silkələndi. Gözləri balacalaşdı və o, bardaş qurub oturdu.
– Ay körpə türk ledisi, – deyib güldü. Qara Mustafa Vyananı almış olsaydı, yaxud San Stefano barışı başqa cür qurtarsaydı, mənim də adım İbrahim bəy Hasanoviç olardı və çalma gəzdirərdim. Ancaq Qara Mustafa Vyananı tutmayıb, ona görə də mən gözəlcə bir avstriyalı olmuşam, adım da Aleksandr Hassadır. Vyanaya bələdçiliyiniz var? Günəş üzümlüklərin arxasında batanda, bağlarda nəğmələr səslənəndə … Vyanadan gözəl heç nə ola bilməz.
O susub şişkin-şişkin Asiyadehə baxdı. Asiyadeh başını qaldırdı, qanının yanaqlarına, qulaqlarına, gözlərinə, dodaqlarına və alnına vurduğunu hiss etdi. Ayağa sıçrayıb qumda çılpaq uzanmış və onun dünyasını lağa qoyan bu adamın sifətinə ilişdirmək, qaçıb burdan uzaqlaşmaq arzusu ilə yandı və darvazaları önündə qocaman sultanlığın hökmranlığı bitən şəhərdən daha heç nə eşitmək istəmədi. Sonra bu kişinin uşaqsal-sadəlövh gözlərini, onun razı təbəssümünü və cəlbedici tutqun məsum baxışlarını gördü. Qızı sonsuz bir nisgil çulğadı. O, gözlərini yumub çöküşü Vyana darvazalarının ağzından başlayan dağılmış sultanlığı düşündü.
– İstiləndiniz, Asiyadeh? – Hassa qayğılı soruşdu.
– Xeyr, tərsinə, soyuqdur. Deyəsən, tam sağalmamışam. Payızdır axı. Gözünü zilləyib pərt-pərt qabağa baxdı və gözlərinə tam qaranlıq çökdü.
Hassa birdən-birə əl-ayağa düşdü. Xalatı qızın çiyninə saldı və isti qəhvə gətirdi. Asiyadehin quruyub buza dönmüş əllərini ovcunun içinə alıb ovuşdurdu və payızda çimərgədə insanın canına daraşan saysız-hesabsız bakteriyaların adını sadalamağa başladı. Streptokoklara27 çatanda qızın qorxudan əyilmiş sifətini gördü və eyni sıra ilə müxtəlif antitoksinlərin28 adını çəkdi. Bu zaman o özünü tam rahat hiss elədi, Asiyadehin yanağını sığalladı və heç cür aşkar olmadı ki, bunu o, profilaktik, yoxsa erotik baxımdan edir. Hassa nəhayət evə dönmək təklifini irəli sürdü.
Asiyadeh ayağa qalxdı. Yanaqları od tutub yanırdı. Doktor Hassa ilk kişi idi ki, onu sığallamışdı, amma bu da heç kəsə dəxli olmayan bir detal idi. O, kabinəyə qaçdı, əynindəki trikotu nifrətlə küncə tullayıb geyindi. Çölə çıxıb vüqarla, əlçatmaz bir görkəmlə arabanın yanında dayandı; bu vaxt Hassa motorla əlləşirdi.
Onlar tozlu asfaltla şütüyürdülər. Avtomobillər düdüldəyib ötürdülər və Hassa avtobusların, qaçayaqçıların29 və taksi sürücülərinin arasında qıvrıla-qıvrıla irəliləyirdi. Hərdənbir də xəstəxanadakı işi haqqında və bu gün apardığı və cəmi səkkiz dəqiqə çəkən çağdaş septum rezeksiondan30 danışırdı. Vyanadakı böyük Hayek də bundan tez bacara bilməzdi. Həm də özü tamponlamalı olub ki, bu da, səsinin ifadəsinə görə hökm yeridilsə, həddən artıq ağırlaşdırıcı bir haldir. Asiyadeh arabanın arxa oturacağına söykənmişdi. Üz-gözündən diqqət kəsilmiş həmsöhbətə oxşayırdı, ancaq Hassanın sözlərinə qulaq asmırdı. Yolun qırağına nəzər salıb yaşamın hər anında Bulrix xörək duzundan istifadəyə çağıran və ya əllərini umudsuz-umudsuz göylərə qaldırıb bütün dünyaya «Ulştayn kitabı qaldı elində, nəyim var mənim Ştölpxen gölündə» cümləsi ilə dərddən gileyli gombul bir kişinin təsvirini canlandıran lövhələrə baxırdı.
Zərdüştlük, Roma bütçülüyü, xristianlıq və islam tərəfindən təqiblərə məruz qalmış, 8-ci yüzildən Uyğur xaqanlığının aparıcı dini olmuşdur.
Ücretsiz ön izlemeyi tamamladınız.