Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Şeytan», sayfa 3

Yazı tipi:

VII

Günləri bu qayda ilə keçirdi: adəti üzrə Yevgeni tezdən durur, təsərrüfata, zavoda baş çəkməyə gedirdi, arabir tarlaya da çıxırdı. Saat on üçün qəhvə içməyə gəlirdi. Qəhvəni Marya Pavlovna, Yevgeninin onlarda yaşayan dayısı və Liza ilə bir yerdə eyvanda içirdilər. Qəhvə süfrəsi arxasında bəzən çox canlı keçən söhbətdən sonra nahara qədər hərə öz işiylə məşğul olurdu. Saat ikidə nahar eləyirdilər. Və sonra bir yerdə gəzişir, ya da faytonla gəzməyə çıxırdılar. Axşam, Yevgeni kantordan qayıdandan sonra çay içirdilər. Bəzən Yevgeni hündürdən kitab oxuyur, Liza isə iş görürdü, ya da musiqiylə məşğul olurdular, evdə qonaq olanda isə söhbət eləyirdilər. İşiylə bağlı bir yerə gedəndə Yevgeni evə məktub yazır və hər gün arvadından məktub alırdı. Bəzən belə səfərlərdə Liza onu müşayiət edirdi və onda vaxtları çox şən keçirdi. Ad günündə evlərinə çoxlu qonaq toplaşırdı və Lizanın səliqə-sahmanının hamının xoşuna gəldiyini görəndə Yevgeni sevinir, xoşnud olurdu. Hamının onun cavan arvadına baxıb fərəhləndiyini görəndə Yevgeni onu daha çox sevirdi. Hər şey gözəldi. Liza hamiləliyi də yaxşı keçirirdi və onların hər ikisi çəkinə-çəkinə də olsa, uşağı necə tərbiyə eləyəcəklərindən söhbət açırdılar. Tərbiyə vasitələri və üsullarını Yevgeni müəyyənləşdirirdi, Liza isə itaətkarcasına onun iradəsini yerinə yetirməyə hazır olduğunu bildirirdi. Yevgeni çoxlu tibbi kitab oxuyur və gələcək uşağını elmi əsaslarla böyütmək istəyirdi. Liza isə, şübhəsiz hər şeylə razılaşır, hazırlıq görür, müxtəlif bələklər tikir, yürük düzəldirdi. Evliliklərinin ikinci ili və ikinci baharı belə başladı.

VIII

Bu, troitsa bayramından bir gün əvvəl oldu: Liza hamiləliyin beşinci ayında idi və özünü qorusa da, deyib-gülməyindən, qıvraqlığından əl çəkmirdi. Həm Yevgeninin, həm də Lizanın anası onu qorumaq bəhanəsi ilə onlarla bir yerdə qalır, öcəşmələri ilə Lizanı narahat edirdilər. Yevgeninin başı möhkəmcə təsərrüfata qarışmışdı, xeyli genişləndirdiyi çuğundur sahələrinin becərilməsi ilə məşğul idi.

Troitsa bayramı ərəfəsində çoxdan bəri əməlli əl gəzdirilməmiş evi yerli-dibli yığışdırmağı qərara aldı və qulluqçulara kömək üçün iki arvad çağırtdırdı ki, pəncərələri, döşəmələri yusunlar, mebellərin, xalçaların tozunu alıb, çexollarını taxsınlar. Arvadlar tezdən gəlib, ocağın üstünə su qoydular və işə başladılar. Onlardan biri Stepanida idi. O, balaca oğlunu təzəcə süddən ayırmışdı və son vaxtlar gəzməyə başladığı kontorçudan xahiş eləmişdi ki, ağanın evinə işləməyə onu göndərsin, çünki Yevgeninin arvadını yaxından görmək istəyirdi. Stepanida əvvəlki kimi tək yaşayırdı və əvvəlki işdəklərindən qalmırdı; meşədən odun oğurlayıb gətirəndə onu tutmuş qoca Danila ilə, sonra ağa ilə gəzdiyi kimi, indi cavan kontorçu ilə gəzirdi. Ağa barədə heç düşünmürdü. də. Fikirləşirdi ki, «indi onun arvadı var. Amma ağanın arvadına baxmaq, ev-eşiyini görmək pis olmazdı, deyirlər yaxşı səliqəsi var».

Yevgeni onu axırıncı dəfə elə o vaxt, kilsədən qayıdanda, qucağı körpəli görmüşdü. Körpəsi olduğundan günəmuzd işə çıxmırdı, Yevgeni isə kəndin içində az-az olduğundan rast gəlməmişdi ona. həmin səhər Yevgeni lap tezdən, saat beşdə durub, fosforit səpiləcək herikə qoyulmuş tarlaya yola düşmüşdü. Evdən çıxanda arvadlar hələ içəri girməmişdilər, ocağın yanında vurnuxurdular.

Yevgeni şən və razı halda evə qayıtdı, möhkəm acmışdı. Darvazanın ağzında atdan düşdü, yüyəni bağbana verdi. Səhərdən bəri ağlından çıxmayan sözü ürəyində təkrar eləyə-eləyə evə sarı addımlayır, yolun qırağındakı hündür otları qırmancla qılınc kimi çalırdı. Təkrar elədiyi söz isə bu idi: «Fosforitlər özünü doğruldacaq», – di gəl, harada, kimin qarşısında doğruldacaq – bunu bilmir, heç fikirləşmirdi də bu haqda.

Çəmənlikdə xalçanı çırpırdılar. Mebel də həyətə çıxarılmışdı.

«Vay nənə! Liza nə böyük yır-yığışa başlayıb! Fosforitlər özünü doğruldacaq. Ev sahibəsi belə olar. Əsl sahibə! Bəli, sahibə, – öz-özünə dedi və o saat da ağ paltar geymiş, sevincdən alışıb yanan Lizanı təsəvvüründə canlandırdı; ona baxanda Lizanın üzündə həmişə belə fərəh olurdu. – Hə, çəkmələri dəyişmək lazımdır, yoxsa fosforitlər özünü doğruldar, yəni peyin iyi verir çəkmələrim, mənim qəşəng sahibəciyimə bu vaxtında pis iy ziyandır. Vəziyyəti niyə belə olub? Çünki onun bətnində balaca İrtenev yavaş-yavaş boy atır, – fikirləşdi. – Bəli, fosforitlər özünü doğruldacaq». Və öz fikirlərinə gülümsəyib otağının qapısını itələdi.

Amma qapıya əməlli güc gəlməmişdi ki, öz-özünə açıldı və o, ətəklərini tumanının lifəsinə taxmış, qolları çırmalı, əlində vedrə olan bir arvadla burun-buruna toqquşdu. Yevgeni kənara çəkildi ki, arvada yol versin, arvadsa əlinin arxa tərəfiylə dala əyilmiş yaylığını düzəldib dedi:

– Keç, keç, siz keçməsəz, mən… – Yevgeni dilləndi və birdən onu tanıyıb dayandı.

O, gözləriylə gülümsünüb, şuxluqla Yevgeniyə baxdı. Və tumanının ətəklərini dartıb, qapıdan çıxdı.

«Bu nə həngamədir? Nədir bu?.. Ola bilməz», – Stepanidanı öz evində görməsindən narahat olan Yevgeni dilxor-dilxor fikirləşdi. Onu burda görməsindən narazı olsa da, qüvvətli yalın ayaqlarını atdıqca titrəyən bədənindən, əllərindən, çiyinlərindən, köynəyinin qəşəng qırçınlarından, ətəkləri ağ baldırlarından xeyli yuxarı lifəyə taxılmış qırmızı tumanından gözlərini ayıra bilmirdi.

«Bu nədi, niyə baxıram ona, – fikirləşib gözlərini yumdu ki, onu görməsin. – Hə, nə isə, içəri keçib, o biri çəkmələri götürmək lazımdır». Və otağına keçmək üçün geri döndü; amma heç beş addım da atmamışdı ki, heç özü də bilmədən, elə bil kiminsə əmriylə onu bir də görmək üçün dönüb, geriyə boylandı. Stepanida dəhlizin döngəsinə çatmışdı və bu vaxt o da bir anlığa Yevgeniyə tərəf döndü.

«Ah, mən neyləyirəm, – o, daxilən öz üstünə qışqırdı. – Fikirləşər ki, unutmamışam onu. Yəqin artıq fikirləşib də».

O, döşəməsi hələ də yaş olan otağına adladı. O biri qadın, arıq, qoca arvad hələ içəridəydi, döşəməni yuyurdu. Yevgeni barmaqlarının ucunda yerdəki çirkli suyun üstündən adlayıb, divara tərəf getdi ki, çəkmələrini götürsün, bu vaxt qarı da otaqdan çıxdı.

«Bu getdi, indi Stepanida təkcə qayıdacaq bura», – elə bil qəlbində kimsə, başqa bir adam danışmağa başladı. «İlahi, mən nə fikirləşirəm, nə eləyirəm!» O, çəkmələri qapıb, dəhlizə yüyürdü, orda ayağına geyib təmizlədi və eyvana çıxdı. Anası ilə qayınanası artıq burdaydılar, qabaqlarında qəhvə oturmuşdular. Liza isə çox güman onu gözləyirmiş, eyvana onunla bir vaxtda, o biri qapıdan daxil oldu.

«İlahi, məni belə təmiz, namuslu, günahsız sayan Liza bilsəydi!» – öz-özünə dedi.

Liza onu həmişəki kimi, sevinclə qarşıladı. Amma bu dəfə o, Yevgeniyə daha solğun, saralmış, uzun və zəif göründü.

IX

Qəhvə süfrəsi arxasında, əvvəllər də tez-tez olduğu kimi, heç bir məntiqi əlaqəsi olmayan qadın söhbəti gedirdi, amma bu söhbət qırılmırdı, deməli, görünür nə iləsə bağlanırdı.

Xanımlar öcəşirdilər bir-biriylə, Liza isə məharətlə manevr eləyirdi.

– Təəssüf ki, sən qayıdana kimi otağını yuyub-yığışdıra bilmədik, – o, ərinə müraciət elədi. – Elə istəyirəm ki, evi tez sahmana salam.

– Məndən sonra yata bildinmi heç?

– Hə, yatdım, özümü yaxşı hiss eləyirəm.

– Belə dözülməz istidə, pəncərələri də ki, üzü günəşə olan evdə onun vəziyyətində olan qadının halı necə ola bilər, – Lizanın anası, Varvara Alekseyevna sözə qarışdı. – Özü də pəncərələrin jalüzü və markizi yoxdur. Bizim pəncərələrin hamısı markizlidi.

– Nə danışırsız, saat ondan sonra otaq kölgə olur.

– Elə titrətmə-qızdırma da ondandı da. Rütubətdəndi. – Varvara Alekseyevna elə indicə dediyinin tam əksini söylədiyinin fərqinə varmadan dedi. – Mənim həkimim həmişə deyirdi ki, xəstənin xarakterini bilmədən, heç vaxt xəstəliyi müəyyən etmək olmaz. Onun sözlərinə inanmamaq olmaz, çünki ən məşhur həkimdir, biz yüz manat veririk ona rəhmətlik ərim həkimlərə inanmasa da, mənnən yana heç nəyini əsirgəmirdi.

– Kişi pulunu arvadından necə əsirgəyə bilər ki, arvadının və uşağının həyatı bəlkə də bundan…

– Bəli, arvadın öz pulu olsa, ərindən asılı olmaya bilər. Yaxşı arvad ərinə qulaq asmalı, ona itaət eləməlidir, – Varvara Alekseyevna cavab verdi, – di gəl, Liza xəstəlikdən qalxdığı üçün hələ çox zəifdir.

– Yox, anacan, mən özümü çox gözəl hiss eləyirəm. Bu nədi, pörtülmüş gavalı verməyiblər hələ sizə?

– Mənə lazım deyil. Mən çiyini də yeyə bilərəm.

– Mən Varvara Alekseyevnaya təklif elədim, istəmədi, – Marya Pavlovna elə bil özünü safa çıxarmaq üçün dedi.

– Lazım deyil, nə isə ürəyim istəmir bu gün, – Varvara Alekseyevna söhbəti kəsməklə, özünü güzəştə getmiş kimi göstərib, Yevgeniyə müraciət elədi. – Hə, necə oldu, fosforitləri səpə bildiniz?

Liza gavalı dalınca qaçdı.

– Dedim ki, istəmirəm, lazım deyil.

– Liza! Liza! Yavaş tərpən, – Marya Pavlovna qışqırdı. – Belə cəld hərəkətlər zərərdir ona.

– Qəlbi narahat deyilsə, heç bir zərəri olmaz. – Varvara Alekseyevna heç bir səbəb olmadığını bilə-bilə, nəyəsə eyham vururmuş kimi dilləndi.

Liza gavalı götürüb qayıtdı. Yevgeni qəhvəsini içə-içə, qaşqabaqlı halda qulaq asırdı. O belə söhbətlərə alışmışdı, di gəl bu söhbətlərin mənasızlığı bu gün onu yaman hirsləndirirdi. Bir az bundan əvvəlki hadisə ilə əlaqədar qəlbində baş qaldırmış təbəddülat barədə fikirləşmək istəyirdi, bu vağ-vuğ isə mane olurdu ona. Qəhvə içəndən sonra Varvara Alekseyevna kefi pozulmuş haldaca qalxıb getdi. Süfrə arxasında Liza, Marya Pavlovna və bir də Yevgeni qaldı. Onlar açıq, səmimi söhbət eləyirdilər. Lakin Liza məhəbbətin gücündən doğan həssaslıqla hiss elədi ki, Yevgeni nədənsə əzab çəkir və soruşdu ki, bəlkə nəsə xoşagəlməz bir şey olub. Yevgeni bu sualı gözləmədiyindən, bir qədər tutuldu, sonra dedi ki, heç nə olmayıb. Və bu cavab Lizanı düşünməyə daha çox məcbur elədi. Onun nədənsə əzab çəkdiyinə Liza şübhə eləmirdi, südün içinə düşmüş milçəyə biganə halda baxan ərini necə aydın görürdüsə, bunu da aydınca görürdü.

X

Səhər yeməyindən sonra dağılışdılar. Adəti üzrə Yevgeni öz kabinetinə yollandı, kabinetinə keçəndən sonra nə oxuya, nə də yaza bildi, oturub papirosu papirosa caladı. Evlənəndən bəri artıq can qurtardığını fikirləşdiyi bu murdar hissin yenidən baş qaldırması onu dəhşətli dərəcədə kədərləndirmişdi. O vaxtdan bəri onda nə tanıdığı həmin qadına qarşı, arvadından savayı heç bir qadına qarşı belə bir hiss oyanmamışdı. Bu hissdən azad olduğuna görə qəlbində dəfələrlə sevinmişdi və budur, son dərəcə əhəmiyyətsiz görünən bir təsadüf açıb göstərdi ki, demə azad olmayıbmış bu hissdən. İndi ona əzab verən heç də təzədən bu hissə tabe olması, həmin qadını arzulaması deyildi, – bu haqda heç fikirləşmək də istəmirdi, – onda bu hissin tamamilə məhv olmaması və ona qarşı sayıq olmaq zərurətinin meydana çıxması idi: Bu hissi boğub məhv eləyəcəyinə qəlbində tamamilə əmin idi.

O bir məktuba cavab yazmalı və bir sənəd düzəltməli idi. Yazı masasının arxasına keçib işə başladı. İşini qurtardı, ayağa qalxıb tövləyə getmək istəyəndə, bayaqdan onu narahat edən şeyləri unutmuşdu. Bədbəxtlikdən – bədbəxt təsadüfdənmi və ya qəsdənmi artırmaya çıxanda, döngədən yenə həmin qırmızı tuman və qırmızı yaylıq göründü və əllərini yellədib, ləngər vura-vura onun yanından ötüb keçdi. Nəinki ötüb keçdi, az qala oynaya-oynaya onun yanından qaçıb, o biri qadına çatdırdı özünü.

Və yenə də günəşli gün, gicitkən kolları, Danilanın qarovulxanasının dalındakı ağcaqayının, kölgəsində dişi ilə yarpaqları didişdirə-didişdirə onu gözləyən Stepanidanın gülümsər üzü onun təsəvvüründə canlandı.

«Yox, belə qoymaq olmaz bunu», – öz-özünə fikirləşib, arvadların gözdən itməsini gözlədi, sonra kantora yollandı. Nahar vaxtı çatmışdı və o, prikazçiki kantorda görəcəyinə ümid edirdi. Elə də oldu. Prikazçik yuxudan təzəcə durmuşdu. O, kantorun ortasında dayanıb gərnəşir, nə barədəsə ona məlumat verən malabaxana əsnəyə-əsnəyə qulaq asırdı.

– Vasili Nikolayeviç!

– Nə buyurursuz?

– Sözüm var sizinlə.

– Nə buyurursuz?

– Söhbətinizi qurtarın, sonra.

– Bəs gətirməyəcəksən? – Vasili Nikolayeviç malabaxandan soruşdu.

– Ağırdı, Vasili Nikolayeviç.

– Nədir ki? – Yevgeni soruşdu.

– İnək çöldə doğub. Yaxşı, zərər yoxdu, bu saat deyərəm, atları qoşarlar. Nikolaya de. Lısuxanı qoşun.

Malabaxan getdi.

– Bilirsinizmi, – qızardığını hiss eləyən Yevgeni sözə başladı – Bilirsiniz, Vasili Nikolayeviç. Subay vaxtlarımda burda mənim bəzi günahlarım olub… Bəlkə də eşitmisiz…

Vasili Nikolayeviç gözləri ilə gülür və görünür, ağasına yazığı gəlirdi. O dedi:

– Stepaşka barədə deyirsiz?

– Hə də. Hə, məsələ belədir. Rica eləyirəm, rica eləyirəm sizdən, onu bir də bizim evə işə göndərməyin. Başa düşürsünüz də, pis təsir eləyir mənə…

– Hə, görünür kantorçu Vanya göndərib onu.

– Rica eləyirəm… Hə, doğrudan, bu gün fosforitin qalanını səpəcəklərmi? – Yevgeni pərtliyini gizlətmək üçün soruşdu.

– Bəli, indi gedirəm ora.

Söhbət bununla da qurtardı. Və Yevgeni fikirləşdi ki, onu görmədən bir il necə yaşamışdısa, bundan sonra da yəqin belə olacaq və sakitləşdi. «Bundan başqa, Vasili kantorçu İvana, İvan da ona deyər, o da başa düşər ki, mən istəmirəm», – Yevgeni fikirləşir və sevinirdi ki, onun üçün çətin olsa da, özünü ələ alıb, danışa bildi Vasili ilə. «Bəli, hər şey, hər şey o şübhədən, o biabırçılıqdan yaxşıdır». O, fikrən elədiyi həmin cinayət barədə düşünəndə belə sarsılırdı.

XI

Həyaya üstün gəlib, Vasili Nikolayeviçlə o barədə danışmaq üçün göstərdiyi mənəvi səylər Yevgenini sakitləşdirdi. Ona elə gəlirdi ki, daha hər şey qurtardı. Liza isə o saat hiss elədi ki, o daha əzab çəkmir, sakitləşib. Həmişəkindən şəndir. «Yəqin analarımızın öcəşməsi kədərləndirirmiş onu. Doğrudan da, ağırdır, belə həssas və nəcib insan olan Yevgeni üçün bu qeyri-səmimi, ədavətli eyhamlar çox ağırdır», – Liza fikirləşirdi.

Ertəsi gün Troitsa bayramı idi. Hava gözəl idi və adəti üzrə çələng hörmək üçün meşəyə yollanan arvadlar ağanın evinin qabağına toplaşdılar və oxuyub-oynamağa başladılar. Gözəl, bəzəkli paltar geyib, çətir götürmüş Marya Pavlovna və Varvara Alekseyevna artırmaya çıxıb, arvadlara yaxınlaşdılar. Yevgeninin pozğunluqdan və əyyaşlıqdan şişib lalıxlamış dayısı da onlarla bir yerdə idi.

Həmişə olduğu kimi rəngbərəng paltarlar geymiş cavan arvadların və qızların dəstəsi şənliyin mərkəzi idi, ətrafında isə ondan qopub ayrılmış planetlər və peyklər kimi onun həndəvərində fırlanan kiçik dəstələr vardı. Bunlar ya sətin paltarlarını xışıldada-xışıldada oynayan qızların, ya ora-bura qaçışan, bir-birini qovan balaca oğlanların, ya göy və qara kaftan, qırmızı köynək geyib, başlarına kartuz qoymuş tum çırtlayan cavan oğlanların dəstələri, ya da həyət adamları və ya şənlənənlərə uzaqdan tamaşa eləyən kənar adamlar idi. Hər iki xanım mərkəzdəki dəstəyə yaxınlaşdı, onların da ardınca mavi enliqol paltar geyib, saçlarına şənlənən qadınlar təki rəngbərəng lentlər bağlamış Liza gəldi.

Yevgeni çölə çıxmaq istəmirdi, amma evdə gizlənmək də gülməli görünə bilərdi. O da, damağında papiros artırmaya çıxdı və oğlanlarla, mujiklərlə salamlaşıb, onlardan biri ilə söhbət eləməyə başladı. Arvadlar isə öz işlərində idilər, ağızlarına güc verib, oyun havası çalır, çəpik vura-vura oynayırdılar.

– Xanım çağırır sizi, – uşaqlardan biri Lizanın səsini eşitməyən Yevgeniyə yaxınlaşıb dedi. Liza onu oynayan arvadlara və onun xüsusilə xoşuna gələn cavan bir qadına baxmağa çağırırdı. Həmin qadın Stepaşa idi. O, sarı sarafan, iplik məxmərdən canlıq geymişdi, yanaqları alışıb yanırdı. Görünür, qəşəng oynayırmış, Yevgeninin bundan xəbəri yox idi.

– Hə, hə, – o, pensnesini çıxarıb, yenidən taxdı. Ürəyində isə fikirləşirdi ki, «canımı qurtara bilməyəcəyəm bundan».

Yevgeni baxa bilmirdi, çünki onun qəşəngliyindən qorxurdu və gözucu baxdığından Stepanida ona daha gözəl görünürdü. Bundan başqa, gözlərinin parıltısından hiss eləyirdi ki, Stepanida da onu görüb. O, ləyaqət xatirinə bir qədər də dayandı və gördü ki, Varvara Alekseyevna Stepanidanı yanına çağırdı, saxta bir təbəssümlə ona «əzizim» deyib, söhbət eləməyə başladı. Yevgeni bundan istifadə edib getdi, evə qayıtdı. Stepanidanı görməmək üçün evə adladı, lakin ikinci mərtəbəyə qalxan kimi heç özü də bilmədən pəncərəyə yaxınlaşdı və nə qədər ki, qadınlar ordaydılar, o da pəncərənin qabağından çəkilmədi, Stepanidaya tamaşa eləyib, ləzzət aldı.

Heç kəs görməsin deyə pəncərənin qabağından qaçdı, sonra balkona adladı, papiros yandırdı, guya gəzişirmiş kimi bağa keçdi, Stepanidanın getdiyi tərəfə yollandı. Heç iki addım atmamışdı ki, ağacların arasında Stepanidanın sarı sarafanını, qırmızı yaylığını gördü. O başqa bir qadınla gedirdi. «Görəsən hara gedirlər?».

Və birdən güclü bir şəhvət baş qaldırdı daxilində, elə bil yandırdı onu bu hiss, sanki ürəyini ələ alıb sıxdılar. Yevgeni elə bil yad bir qüvvənin təkidilə onun dalınca getdi.

– Yevgeni İvanıç, Yevgeni İvanıç! Lütf edin, – arxadan səs eşidib döndü, onun üçün quyu qazan qoca Samoxin idi. Yevgeni elə bil ayıldı, Samoxinə tərəf getdi. Onunla söhbət eləyə-eləyə bir balaca yana çevrilib gördü ki, Stepanida ilə yanındakı qadın aşağıya, quyuya tərəf endilər, bəlkə də quyu bəhanə idi, bir az orda qalıb, oxumaqda olan arvadlara tərəf qaçdılar.

Ücretsiz ön izlemeyi tamamladınız.

₺51,55