Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Muhammed. Son peyğəmbər», sayfa 5

Yazı tipi:

Və qoca, Muhəmmədə (s.ə.) baş endirdi, onu öpüb xeyir-dua verdi.

– Mən Allahın Rəsuluyam, Muhəmməd (s.ə.) dedi.

İndi o, Kəəbənin həyətində təkcə dayanmışdı. Saysız bütlər gözlərini ona zilləmişdi, onun dörd yanında boğazlarından bər-bəzək asılmış lal illahlar durmuşdu. Kahinlər, tacirlər, sarvanlar, bütün Məkkə şəhəri, ayıq, dinsiz, böyük ölkə bütövlükdə ona qarşı dayanmışdı. O, tək-tənha idi, gözəgörünməz Allahın rəsulu idi ki, indi Onu bəyan etməliydi. Üçyüz altmış illaha, rəqibinin gücünə və qüvvəsinə, başından yağdırılacaq kinayə və hərcayılığa qarşı onun yeganə silahı vur-tut bir görüntü, sönməz, ciddi gözlərin xatirəsi və dünyanı lərzəyə gətirəcək qısa, yaddaşdan silinməyən bir Ayə oldu:

Söylə, təkdir Allah, əbədi pak,

Törətməyib O Özü, törənməyib Özü də.

BAŞLANĞIC

Ya Bürünmüş, qalx ayağa, söylə və Rəbbini həmd et.

Quran, Surə 24 43

Muhəmməd (s.ə.) nazilliyə inandı. Görüntü çox aydın, eşitdiyi sözlər çox unudulmazdı. Onlar haqqın açarı idi. Haqq özü isə hələlik gizlindəydi. Onun dəqiq cizgiləri yoxuydu, yalnız eyhamla deyilmişdi. Bunu söyləmiş Ruh hələlik öz sözünü bitirməmişdi.

Muhəmməd (s.ə.) gözləyirdi. Gecəli-gündüzlü o, Məkkənin çılpaq ətrafına dolaşırdı, Ruhun ilk kərə gözünə göründüyü yeri axtarırdı, unudulmaz Ayəni təkrar edib möcüzə gözləyirdi. Bircə anlığa açılmış dar yarıqdan odünyaya baxış atmışdı. Kimə belə şey nəsib olursa, başqaları kimi yaşamaqdan həmişəlik əl götürür. Çoxdandır, yarıq yenidən onun üzünə bağlanmışdı, möcüzələr yox olmuşdu. Peyğəmbər (s.ə.) sidq-ürəklə onların qayıdışını gözləyirdi. Lakin möcüzələr gəlmək bilmirdilər və Peyğəmbər (s.ə.) yenidən şübhələr içində qovruldu, yenidən çıxış yolu aradı və tapmadı. Odünyaya atdığı baxışı xatırladı, fəqət bilə bilmədi ki, ona hakim kəsilən hansı qüvvədir. Şübhələndi ki, cinlər, yaman ruhlar, şəyatinlər onun ağlını oğurlamışlar.

Və mübtəla olduğu iztiraba, məyusluğa, mənəvi ağrılara son qoymaq üçün Məkkə ətrafındakı qayalardan birinə qalxmaq və cinlərin daraşdığı canını uçuruma atmaq qərarına gəldi.

– Həmişəlik dinclik tapmaq və bütün mənəvi iztirablardan xilas olmaq istəyirdim, sonralar o belə deyərdi.

Və dinclik tapmaq üçün Peyğəmbər (s.ə.) uçurumun qırağına gəldi, ayağının altındakı boşluğa baxdı, qabağa əyildi və xırda daşların ayağının altından qaçıb dərinliyə yuvarlanmasına tamaşa etdi. Əbədi dinclikdən onu bircə addım ayırırdı. Bu vaxt qəflətən qulağına lap asta, amma aydın qavranıla bilən bir səs gəldi. Muhəmməd (s.ə.) bitili ağac kimi qayanın kənarında donub-qaldı. Baxışı üfüqü aradı və göy üzündə, düz başının üstündə Onu, o Sözəgəlməzi gördü.

Sözəgəlməz yaxınlaşdı. Uçurumun qırağında dayanaraq Muhəmməd (s.ə.) qayanın başında həyatının ikinci vəhyini, məşhur «Əz-Zuha» («Aydınlıq») Surəsini qəbul etdi. Bu Surənin ayələri ərəbcə qənirsiz gözəldir. Yalnız onlar Peyğəmbərə (s.ə.) onun peyğəmbərliyi barədə aydınlıq gətirdi.

«And olsun səhərin aydınlığına və qovuşan gecəyə», Muhəmməd (s.ə.) eşitdi, «Mən səni fəqir sayıb seçmədimmi? Şaşqın sayıb yol göstərmədimmi? Ehtiyaclı bilib doyurmadımmı? Rəbbin heç vaxt səni yalqız qoymaz, çünki sən Onun sözünün haqq olduğunu bəyan etməlisən» (93, 6 – 11)44.

Bu vaxt Peyğəmbər (s.ə.) uçurumun qırağında diz çöküb Rəbbisinə dua etdi və qayadan endi. İndi o, həmişəlik dinclik tapmışdı. Peyğəmbərliyi ona aşkar olmuşdu.

Quranın vəhyləri beləcə başladı, iyirmiüç il dalbadal, son məqama, Peyğəmbərin (s.ə.) ölüm gününə qədər. İndi Muhəmmədə (s.ə.) dinclik gəlmişdi, o öz vəzifəsini dəqiq bilirdi, qarşısında dümdüz bir yol vardı.

Bəs bu yol açıq idimi? Həmin yolun üstündə illahlar və bütlər, kral səltənətləri və cahil tayfalar dururdu. Bu yolu dünya imperiyaları kəsirdilər. Tacirlər, kahinlər, sehrbazlar, alimlər və cəngavərlər – güc dünyasının hamısı aydınlığa aparan bu yolu bağlayırdı. Yeganə, qənirsiz gözəl bir ayəyə qulaq asaraq, bənzərsiz kəlama əməl edərək cahil Ərəbistanın səhra şəhəri Məkkədən həmin aləmə qarşı savad görməmiş sadə bir tacir baş qaldırdı.

Muhəmməd (s.ə.) tacir idi, bütün ömrü boyu mal alıb-mal satmış, sərvət artırmış, karvanlar yola vermiş və tanımadığı tacirlərlə mübahisələr aparmışdı. Yeni imanın peyğəmbəri üçün bu, çox gözəl bir önyaşam idi. Peyğəmbərə (s.ə.) məntiqi düşüncə və soyuq başla götür-qoy başarısını bəxş edən də məhz bu önyaşam olmuşdu. Muhəmməddən (s.ə.) öncə çoxlu peyğəmbər gəlib-getmişdi, onlar da onun kimi imanın gücünə mübtəla olmuşdular. Onun kimi onlar da qorxmadan iztirab yolunu tutmuşdular, uduzmuşdular, udmuşdular. Lakin heç biri dünya səltənəti, dövlət qura bilməmişdi. Bunun üçün mübtəlalı bir tacirə, praktiki tacir həyatının zəngin təcrübəsini peyğəmbərin, yeni dünyanın rəhbərinin görüntülü varlığına qatan bir insana ehtiyac duyulurdu.

Muhəmməd (s.ə.) öz daxili dincliyini beləcə tapandan, öz missiyasına əmin olandan sonra yenidən keçmiş varlığına döndü. Yenidən öz evində qaldı, Kəəbəyə getdi, səliqəli geyindi və həmin qabaqkı coşqunluğunu və səmimiyyətini göstərdi. Zahirən o təzədən Məkkənin imkanlı tacirinin həyatını sürdü. Muhəmmədin (s.ə.) təmtəraqlı həyata qayıdışını məkkəlilər yaxşı qarşıladılar. Onun tövbə ayları aşkarca arxada qalmışdı. Bunu xeyli təmkinlə qəbul etdilər, çünki hərdən hörmətli tacirlərin də sidq-ürəkdən mübtəla olduğu tutmalara Məkkədə vərdişkar idilər. Bu, xəstəlik və qızdırma kimi keçərli sayılırdı. Muhəmməd sağalmışdı. Məkkədə belə düşünürdülər. Amma heç kəs bilmirdi ki, səssiz ərəb gecələrində Muhəmmədin (s.ə.) evində Ulu Mələk Cəbrail peyda olur, onda da sakit, şən tacir ağzı köpüklənə-köpüklənə yerə yıxılır, yeni imanın vəhylərini qəbul edir və getdikcə bu imanın ən sərt peyğəmbərinə çevrilir.

Vəhylərini, imanını, içində inkişaf edən daxili aləmin hamısını Peyğəmbər (s.ə.) öz həmvətənlərindən gizlədirdi. O özünü rəsul, Allahın elçisi yox, nəbi, oyadıcı peyğəmbər, yeni imanın yayıcısı sayırdı. Peyğəmbər (s.ə.) öz yoluna – yeni imanı bəyan etməyə çox ehtiyatla qədəm qoydu.

Peyğəmbər (s.ə.) vəziyyəti dəyərləndirməyi bacarırdı. Yeni təlimi heyrətlənmiş və şəkkak camaata bəyan etmək üçün o, Kəəbənin həyətinə tək, məsləkdaşsız, müşayiətsiz girmək istəmədi. Yeni təlimlə camaat içinə çıxmazdan öncə möhkəm bir zəmin yaradılmalıydı, Peyğəmbərin (s.ə.) gələcək mübarizəsini sözdə və əməldə dəstəkləməyi bacaran və istəyən, onun sözlərinə kəlməsiz əməl edəcək tərəfdaşlar dairəsi yaranmalıydı.

Muhəmməd (s.ə.) uyğarlı gələcək məsləkdaşlarını aramağa başladı. Amma o, ehtiyatlı, ayıq düşünən, yüz ölçüb-bir biçən və hər şeyi hesablayan adam olduğuna görə öz tərəfdarlarını əvvəlcə ailəsinin dar çərçivəsində aradı.

İslama ilk iman gətirən arvadı Xədicə oldu. Düşünüb-daşınmadan, götürqoy etmədən o, ərinin dinini qəbul etdi. Müdrik əmioğlusu Varakanın sözlərinə, ərinə gələn vəhylərə inandı. Muhəmməd (s.ə.) ona ibadəti öyrətdi və həmin namazla ikinci dindarı qazanmış oldu. Bir dəfə o, Xədicə ilə öz otağında namaz qılanda Əbu Talibin onyaşlı oğlu Əli içəri girdi. Namazın əzəmətli mərasimi, əmisi oğlunun avazlı səsi uşağın xoşuna gəldi, buna görə də xalçanın üstünə əyildi, Quran ayələrini təkrarladı və onu xəlifə tacına, Misirin, Suriyanın, Fələstinin, İranın, Mesopotamiyanın və Şimali Afrikanın hökmdarı taxtına aparan yolu tutdu. Ailənin üçüncü üzvü də tezliklə ev sahibinin təliminə qoşuldu. Bu, bir vaxt Xədicənin ona bağışladığı, Muhəmmədin (s.ə.) də ona azadlıq verdiyi və Əli kimi oğulluğa götürdüyü Zeyd adlı qul oldu. Sonralar Zeydin əsl atası, adlı-sanlı və zəngin bir ərəb tapılanda Zeyd atalığının evini qoyubgetməkdən boyun qaçırdı. O, islamın ilk yetkin kişisi oldu və Peyğəmbərin (s.ə.) qulluğunda durmasına, bir igid kimi qabağında heç kəsin çöp sala bilməməsinə baxmayaraq yeni təlimin sadiq, dönməz təəssübkeşinə çevrildi.

Muhəmmədin (s.ə.) indi üç məsləkdaşı vardı. Onların üçü də onun ailəsindən gəlirdi, həmin ailənin ən yaxın üzvləri idilər. Bununla Məkkə camaatına çətin nüfuz etmək olardı. Muhəmməd (s.ə.) öz fəaliyyət dairəsini tədricən genişləndirməyə başladı.

Məkkənin aparıcı soyları arasında o, addım-addım özünə yeni tərəfdaşlar arayırdı, dini maraqlarını müşahidə etdiyi insanlara baş çəkirdi, onlarla uzun-uzadı, ehtiyatla söhbətləşirdi, sonsuz qayğılarını, bəhanə və şübhələrini alt-üst edirdi, tacir mal üçün sövdələşdiyi kimi onlarla danışıqlar aparırdı və yalnız uğura tam əmin olandan sonra ürəyini açırdı. Yeni tapınanları məntiqin yolu ilə yeni imanın vacibliyinə inandırandan sonra əqli sübuta, Allah kəlamına, Qurana əl atırdı.

Muhəmməd (s.ə.) püxtələşmiş təbliğatçı idi, bu vəzifəni o, Xədicənin işlər müdiri kimi də yerinə yetirmişdi. İndi həmin peşə onun köməyinə gəlirdi. Get-gedə ətrafına imanlıların kiçik bir icması toplaşdı. Muhəmmədin (s.ə.) arxasınca gedənlər təkcə qullar, dilənçilər və nökərlər deyildi və onlar ona görə getmirdilər ki, Muhəmməd (s.ə.) insanların Allah qarşısında bərabərliyini Ərəbistanda ilk dəfə söyləyir, öz adamlarını məsləhət və pulla dəstəkləyirdi, onların arasında həm də Muhəmmədin (s.ə.) özü kimi dini şübhələrin əlində həlak olmuş, zəngin dolanışıqdan qaçıb-qurtulmaq istəyən adlı-sanlı məkkəli ailələrin üzvləri də vardı. Bu sırada həmçinin gənc, varlı, təşəbbüskar insanlar da tapılırdı ki, Peyğəmbərin (s.ə.) tutduğu yol onlara azadlıq yolu kimi görünürdü.

Muhəmmədin (s.ə.) ən böyük uduşu heç də dilətutma bacarığı və məntiqi şərhlərlə şərtlənmirdi.

– Mən, Peyğəmbər (s.ə.) deyirdi, Əbu Bəkr, Doğrucul, istisna olmaqla əvvəlcədən tərəddüd, götür–qoy və etiraz bildirməyən heç kəsi islama çağırmamışam. Əbu Bəkrdə nə şəkk, nə də tərəddüd vardı.

Əbu Bəkr adı ilə tanınan Abdulla ibn Əbu Kühaf bir işə tənqidsiz girişən kişilərdən deyildi. O, miyanə bir soydan idi və kasıbçılıq içində böyümüşdü. Özünün zəhməti nəticəsində böyük var-dövlətə və bundan da böyük şöhrətə yetişmişdi. Anadangəlmə xalq adamı idi, Məkkənin mürəkkəb qohumluq münasibətlərinə yaxşı bələddi və zarafatcıl olayların söyləmçisi, şən, gülərüz insan kimi hər yanda sevilə-sevilə qarşılanırdı. Xasiyyəti qranit kimi sərt idi, daxilən isə şübhələrdən əzab çəkən bir çox başqalarına bənzəyirdi, əksər zarafatcıllar kimi düşüncəli niskilliyə, götür-qoya və zikrə meyllənirdi. Dünyəvi nemətlərdən kiminsə ona bir şey verə bilmədiyi bu zəngin bankir islamı qəbul etdi və uzun haqq yoluna qədəm qoydu, şəkk-şübhə etmədən, uşaq öz anasına doğru yeridiyi kimi. Muhəmmədin (s.ə.) bütün məsləkdaşları arasında bu yava lətifələr söyləmçisi, bu hərcayı tacir ən sadiqi, ən fədakarıydı. Çünki Peyğəmbər (s.ə.) yeganə adam idi ki, Əbu Bəkr bütün ömrü boyu onu ciddi qəbul edirdi. Peyğəmbərin (s.ə.) irsinə sahib çıxmaq, Allahın Rəsulunun (s.ə.) ilk davamçısı, islamın ilk xəlifəsi olmaq ona nəsib oldu.

Muhəmmədin (s.ə.) işə girişdiyi ehtiyatkarlığın astar üzü də vardı. Nazilliyin ilk ili ona yalnız səkkiz məsləkdaş gətirdi. Onlar Peyğəmbərin (s.ə.) evində yığışıb möminliklə ibadət edirdilər. Lakin bu hələ Muhəmmədin (s.ə.) fəth etmək istədiyi dünya deyildi. Ona görə də Peyğəmbər (s.ə.) bir addım da qabağa getməyi və fəaliyyət sahəsini genişləndirməyi qət etdi. Təbii ki, onun yanındakı yığıncaqlar, səkkiz məsləkdaşın ibadətləri, Peyğəmbərin (s.ə.) yeni möminlər qazanmaq cəhdləri bütün çabalara baxmayaraq xarici aləmdən gizlədilə bilməzdi. Şəhərdə asta-asta danışırdılar ki, Muhəmmədin (s.ə.) evində hansısa yığıncaqlar keçirilir, o, hansısa yeni bir təlimi təmsil edir və özünə tərəfdaşlar toplayır.

Bu şayiələrə diqqət yetirən olmadı. Bəlkə Muhəmməd yəhudi, yaxud xristian təriqətçisi olmuşdur, burda belə şeylərə dözürdülər və saysız allahlara vərdişkar idilər.

Bir gün Muhəmməd (s.ə.) Haşim və Müttəlib soylarının bütün üzvlərini evinə çağırdı. Qohumlar gəldilər, bəlkə o ümidlə ki, Muhəmməd onlara hansısa bir iş təklif etmək istəyir, bəlkə də onun gizli yığıncaqlarından az-çox bir şey öyrənmək umudu ilə. Onları qoyun ətinə və dəvə südünə qonaq etdilər. Məclisin sonunda Muhəmməd (s.ə.) ayağa durub özünün yeni imanının ana cizgisini açıqladı və qohumlarını islama dəvət etdi.

– Sizlərdən kim təklifimin ağırlığını bölüşmək istəyir? – Ucadan müraciət etdi.

Cavab əzablı bir susqu oldu.

Qohumlar heyrətlə bir-birilərinə baxdılar. Bu işdən nə baş tapılsın? Zarafatmı idi, ciddimi? İlk müsəlman gənc Əli ayağa sıçradı, ümumi həyəcanda açıq-aşkar islama tapındı. Muhəmməd (s.ə.) də oğlanın başını sığallayıb dedi:

– Qardaşıma, vəzirimə, vəlimə baxın.

Nə o özü, nə də Əli ağıllarına gətirmədilər ki, bu bir-iki səmimi söz haçansa islamda dönüş nöqtəsi olacaq, Muhəmmədin (s.ə.) ölümündən cəmi bir neçə il keçmiş imanlılar dünyasını iki düşərgəyə ayıracaq. İki tərəfə ki, onlar bugünə qədər də bir-birinə qarşı mübarizə aparmağı yerə qoymayıblar: sünnilərə və şiələrə.

Muhəmməd (s.ə.) həmin anlar gərginlik içində cavab gözləyirdi. Nəhayət qohumlar arasından əmisi Əbdülüzza yerindən sıçradı ki, onun oğlu Ütbə də Muhəmmədin (s.ə.) qızını almışdı. Əbdülüzza sayılan adamlardan idi, arvadı kübar əməvi soyundandı və bu da kişinin düşüncə tərzini müəyyənləşdirirdi.

– Rədd ol! – O, hirslə qışqırdı. – Hardandır bu ağılsızlıq?

Qardaşı oğlunu cəzalandırmaq üçün o, daşa yönəldi. Bundan sonra qohumlar arasında elə qarışıqlıq və səs-küy qopdu ki, Muhəmməd (s.ə.) sözünü sürdürə bilmədi.

Məclis pozuldu. Bunun müqabilində əmisi Əbdülüzza Muhəmməddən (s.ə.) Əbu Ləhəb, Cəhənnəm Odunun Atası ayamasını qazandı və arvadı ilə birlikdə islamın ən qatı düşməninə çevrildi. Elə həmin gün Əbu Ləhəb oğlunu məcbur etdi ki, Muhəmmədin (s.ə.) qızı Ruqiyyəni rüsvayçılıqla atası evinə göndərsin. Bu təhqir qohumlar arasındakı sınığa möhür vurdu. Muhəmməd (s.ə.) və Ruqiyyə üçün bu boşanma bir xoşbəxtlik oldu, çünki haşimi tayfasının davası aşkarlaşanda Məkkənin ən gözəl gənci, əməvi nəslindən Osman ibn Əffan Muhəmmədin (s.ə.) yanına gəldi. Çoxdandır o, Ruqiyyənin həsrətində idi. İndi isə vəziyyətdən istifadə etdi. İslama keçib istəklisinə çatdı. Təbii ki, o heç təsəvvür də etməzdi ki, bu həddən ziyadə yüngül addımı onu haçansa dünya səltənətinin hökmdarı, islamın üçüncü xəlifəsi edəcəkdir.

Muhəmməd (s.ə.) üç il nəbilik, sakit vaizlik elədi. İcmasının vur-tut iyirmi üzvü vardı. Bu vaxt tez-tez olduğu kimi Ulu Mələk Cəbrail Peyğəmbərə (s.ə.) görünüb buyurdu:

– İrəli çıx, yeni imanı dünyaya bəyan et.

Adi, sakit gecələrdən biri idi, Muhəmməd (s.ə.) evində oturub Ulu Mələk Cəbraillə danışırdı. Dünyada heç kəs bilmirdi ki, həmin gecə yeni dünya tarixinin təkəri fırlanır, köhnə dünyanın oxu laxlamağa başlayır, yeni tarixi epoxa girir.

Danışırlar ki, həmin gecə Bizans şəhərində donuzbaş bir oğlan doğulmuşdu, bütün kilsələrin üstündəki xaçlar əsməyə başlamışdı, enli Nil çayından iki qorxunc fiqur baş qaldırıb dəhşətlə ətrafa boylanmışdı. Ertəsi gün Günəşin yalnız üçdəbiri görünmüşdü. Qanlı nizələr aysız səmadan yer üzünə bərq vurmuşdu, yer oynamışdı və Bizans kralı qorxunc bir yuxu görmüşdü.

Muhəmməd (s.ə.) özünü dünya xalqlarına göstərməyi həmin gecə qət etdi. Bu, nazilliyin dördüncü ilinin başlanğıcı idi.

QURU SƏRMƏSTLİK

Dünyada yeganə bir yol var ki, onu Səndən başqa heç kim gedə bilməz; onun hara getdiyini soruşma, yolu tut da, get.

Nitçe45

Muhəmmədin (s.ə.) alayuxulu görüntüdə aldığı, insanlığa yaydığı və bu insanlığı ram etdiyi imanın adı islamdır. İslam sözünü çoxları tərcümə etməyə çalışıb. Lakin bu heç kimə müyəssər olmayıb. Deyirlər ki, islam Allaha fəda deməkdir və bununla da fıloloji və məzmun baxımından sözün mahiyyətini dərk etmirlər. İslam salm felindən, yaxud salamadandır ki, bu da borcun yerinə yetirilməsindən sonra dinclik, rahat varlıq deməkdir. Felköklü isim kimi islam barış, qorunuş, qurtuluş anlamındadır. Muhəmmədin (s.ə.) dilində o, yüksək dinclik, ilahi möminliyə cəhd mənasında işlədilirdi. Filologiyası bu qədər.

Bəs islam nədir?

Muhəmmədin (s.ə.) bəyan etdiyi iman səhranın qumu kimi quru və çəkicidir. Yer üzündə onun kimi aydın iman yoxdur, eləsi də yoxdur ki, o, eyni zamanda dini, dünyabaxışını və hüququ özündə cəmləşdirmiş olsun. Zira islam hər şeyi əhatə edir.

Hira dağında mürgülü saysız zikrlər zamanı Muhəmməd (s.ə.) yeganə bir ehkam tapdı və bu onu yerindən oynatdı. Tapdı ki, dünyanın bütün xalqları zəmanələrin lap ilkindən yalnız bir haqqa yiyələniblər, çox vaxt həmin haqqı Allahdan qəbul ediblər, lakin onu miskin dünyəvi dolanışıqda unudublar, ona əhəmiyyət verməyiblər və nahaqla qarışdırıblar. İlkin, təmiz və yeganə haqqın öyrənilməsi islam deməkdir. Muhəmməd (s.ə.) din yaradıcısı deyildi, o, yeni haqq tapmaq istəmirdi, yalnız köhnəni yeni cilada dirçəltmək istəyirdi. O, islahatçı idi və təbliğ etdiyi islam onun üçün yalnız dünyanın ulu imanının dirçəlişi idi.

Minillər, milyonillər boyunca dünyada yalnız bir haqq olub. Onu insanlığa Qavranılmaz, Görünməz – Allah göndərirdi. Dünyanın varlığından bu yana bütün xalqların və mədəniyyətlərin, bütün zamanların və səltənətlərin içindən peyğəmbərlərin, salehlərin sonsuz sırası keçib gəlir ki, Allah da onlara əzəli haqqı yaymağı buyururdu. Peyğəmbər nə müqəddəsdir, nə möcüzə törədicisidir, nə də mübtəlalı, o da adi insandır ki, Allah onun dili ilə insanlığa müraciət edir.

Peyğəmbərlərin sırası sonsuzdur, onlar bütün dillərdə bütün ümmətlərə yaymışlar. Onların elçiliyi isə çox vaxt, bütün zamanlarda, eyni olmuşdur: Allahın yeganə, dəyişməz kəlamı. Peyğəmbərlərə gələn vəhylər bir-birindən tük qədər də fərqlənmir. Amma insanlıq çox nadir hallarda peyğəmbərin sözünə əməl edirdi. Əksər peyğəmbərlər tanınmadılar, əzildilər, şərlənib qovuldular. Yalnız çox nadir hallarda insanlıq peyğəmbər sözü qarşısında baş əydi, çox nadir halda inanaraq Allah kəlamını qəbul etdi. Peyğəmbər dünyasını dəyişən kimi də insan onun təliminin mahiyyətini, Allah kəlamını unutdu. Təkcə iman qaldı, fəqət arada unudulmuş, silinib getmiş əzəli təlimin qırıntıları həmin imanda ot tayasındakı qızıl qırıntıları kimi səpələnib yaşadı. Beləcə dinlər arasındakı ayrıntılar meydana gəldi. Çünki hər din öz peyğəmbərinin sözlərinə söykənir, baxmayaraq hamısı eyni şeyi söyləyirdi: Allah kəlamını.

Peyğəmbərlərə inam islamın köşə daşıdır, ana ehkamıdır ki, təlimin bütün binası da onun üzərində qurulur.

Dünyaya gələn peyğəmbərlər arasında ən görkəmliləri İbrahim, Musa və İsadır. Xalqlar onların sözlərini qulaqlarında saxlayıblar.

Muhəmmədə (s.ə.) görə dünya xalqları iki hissəyə bölünür: yazı xalqlarına və yazı almamış xalqlara. Yazı xalqları yəhudilər və xristianlardır. Musanın və Məsihin sözləri ilə onlar Allahın öz mərhəmətində göndərdiyi haqqı qəbul etmişlər. Bu peyğəmbərlərin sözləri vaxtında qeydə götürülmədiyinə görə əzəli vəhdətdən təriqət və cərəyanlar yarandılar ki, onların da hər birisi haqqın bir hissəsinə yiyələnir, bütöv haqqı isə danır. Lakin hər halda Muhəmmədə (s.ə.) görə yəhudilik, xristianlıq və islam oxşardırlar.

Bütün sözlər unudulduğuna və yanlış təfsir edildiyinə görə Allah sonuncu kərə insanlığa peyğəmbər göndərdi ki, o da qədim zamanların peyğəmbərlərinin yaydıqlarının hamısını bir dəfə də təkrarlamalı, bütün dinləri öz ilkin vəhdətinə və paklığına qaytarmalıydı ki, bununla Allahın vahid səltənətini yer üzündə bərqərar etsin. Peyğəmbərlərin uzun sırasındakı bu sonuncusu, peyğəmbərliyin son möhürü Muhəmməddir, Allahın Rəsuludur (s.ə.). Buna görə də onun dinində qədim dünyaya, qədim dinlərə tanış olmayan bir şey yoxdur. Buna görə də islam öz ehkamında xristianlıq və yəhudiliklə üst-üstə düşən hər şeyin altını cızır. Axı Musa da, İsa da xalis imandan başqa ayrı şeyi təbliğ etmirdilər.

Kolumb yeni qitəni kəşf etdiyini bilmədiyi kimi, Muhəmməd (s.ə.) də bilmirdi ki, o, həyata yeni bir din gətirmişdir. Ölüm gününə qədər təkrarlayırdı ki, islam insanlığa yeni heç nə gətirmək istəmir.

Bəs islamın heyrətamiz, ayıq, müsbət binası necə yarandı? Hira dağında Peyğəmbər (s.ə.) Allahdan haqqı yaymaq buyruğunu aldı. İyirmiüç il Ulu Mələk Cəbrail müntəzəm olaraq ona göründü, səmavi haqqın hamısını, bütün Quranı ardıcıl şəkildə ona öyrətdi. Və Quran həmin an qeydə götürüldüyünə görə Allahın unudulmamış və təhrif olunmamış qəti sözüdür.

Quranın möcüzəsi şəkkak düşüncə dünyası üçün həmişə bir bilməcə olaraq qalır. Ömründə bircə beyt yazmamış, heç vaxt sərbəst nitq istedadı olmamış savadsız, sadə bir insan birdən-birə – məzmununu tamam qırağa qoyaq – dil, estetika baxımından füsünkar bir əsər söyləyir. Quran bugünün özünə qədər, xalis zahiri baxımdan, ərəb dilinin əlçatmaz zirvəsidir. Onun ayələrinin bayıldıcı gözəlliyi bütün ərəblər üçün, eləcə də Muhəmmədin (s.ə.) özü üçün kitabın ilahi qaynağının parlaq sübutudur.

Ərəblər şair xalq, ədəbiyyat biliciləri idilər. Onlar şer aləmində yaşayırdılar və bütün dost da, düşmən də Quran ayələrinin ağlı heyran qoyan gözəlliyini qəbul etmək məcburiyyətində qaldı. Həm də arxitektonika46 baxımından məntiqi düzümün füsünkar əsəri olan kitabın surə adlanan yüz ondörd fəsli var. Bu surələrin ayələri elə bir dünyadır ki, üçyüz milyon insanın həyatı bugün də öz əksini orda tapır.

Hələ Muhəmmədin (s.ə.) sağlığında Quranı yamsılamaq cəhdləri olmuşdu. Lakin onların hamısı acınacaqlı şəkildə daşlara çırpılmışdı. Şeiriyyətcə Quranın nə öncülü olmuşdur, nə də sonculu var.

Ərəb dünyası üçün də səciyyəvidir ki, islam öncə öz ilahi ilkinliyinin estetik sübutundan yapışmışdır. Kim qafiyəli sözün ustasıdırsa, səhralarda o, ağalıq edə bilər və yeni imanın qüdrəti və yayılması öncə Quranın füsünkar gözəlliyinə minnətdar olmalıdır. İfadənin gücü, sözün ovsunu, həmin ayələrin polad ritmi başqa bir dildə verilə bilməz. Amma Peyğəmbər (s.ə.) şair təbiətli ərəb xalqının içində ayələri əzbər söyləyəndə ondan ovsunlu bir sehr ucalırdı, çünki ərəb xalqında sözün ovsunu yaşayırdı. Quranın ehtiva etdiyi ovsunlu gücdən Muhəmməd (s.ə.) xəbərdar idi. Bunu da bilirdi ki, Quran onun bacarığının məhsulu deyil. Quranda insanlığa Muhəmməd (s.ə.) yox, Allah müraciət edir. Mən Quranda həmişə Allahdır, Sən də Muhəmməd (s.ə.). Tədricən, iyirmiüç il ərzində Quran Peyğəmbərə (s.ə.) açıqlandı. Amma hər surə müəyyən bir hadisə, müəyyən bir məsələ ilə münasibətdə çatdırıldı və Peyğəmbərə (s.ə.) əzab verən sualların cavabını ehtiva edir.

Bəs Quran necə nazil oldu? Allahla Onun Peyğəmbəri (s.ə.) arasında vasitəçi Ulu Mələk Cəbrail idi. Qəflətən, xəbər vermədən o, Peyğəmbərə (s.ə.) görünürdü. Hərdən yad səyyah sifətində, hərdən cavan oğlan kimi, hərdən də yalnız Peyğəmbərin (s.ə.) özünə anlaqlı olan səs təki. Mələk, Peyğəmbərə (s.ə.) səs kimi gələndə, Muhəmməd (s.ə.) ilk dəfə füsünkar ayələri dinləyəndə Peyğəmbəri (s.ə.) çulğayan həyəcan sarsıntılarla keçirdi. Onun sifəti solğunlaşır, alnına puçur-puçur tər gəlirdi. Dodağından yad, əlaqəsiz səslər qopurdu. Belə halda üzü şimşək kimi olurdu, heç kəs ona baxmağa ürək eləmirdi. Hərdən o, yerə çökürdü, bədəni titrəyirdi, ağzı köpüklənirdi, hərdən də körpə qulun kimi qışqırırdı. Sonra asta-asta sakitləşirdi, bəzən yuxuya gedirdi, oyanırdı və dünyaya heyrətləndirici yeni bir ayə bəyan edirdi. Ancaq Cəbrail heç vaxt Peyğəmbərə (s.ə.) öz donunda görünmürdü. Çünki Muhəmməd (s.ə.) yalnız insan idi və mələyin simasına dözə bilməzdi. Cəmi bircə dəfə Peyğəmbər (s.ə.) xahiş etdi ki, Ulu Mələk özünün həqiqi simasını ona göstərsin. Cəbrail bu xahişi yerinə yetirdi və Muhəmməd (s.ə.) ildırım vurmuş kimi dərin bayıltıya daldı. Mələyin siması ölümlü üçün qorxunc və dözülməzdir.

İyirmiüç il Muhəmməd (s.ə.) sərməst ekstazda yaşadı; görüntülərlə əhatə olunaraq o, ayələri yaydı və onların ilahi gözəlliyinə özü də məftun oldu. Düşünə bilərdilər ki, onun təlimi özünü əhatə edən görüntülər kimi fantastik və həyəcanlıdır. Lakin ərəb peyğəmbər doğulduğu torpağın qədim durumunu təcəssüm etdirirdi. Səhranın fantastik fata morqanası47 burda aydın, quru hava ilə birləşmişdi. Fantastik görüntülər islam adlı quru, aydın, ayıq bir əsər yaradırdı.

İslama fantastika yaddır, o, məntiqi düzümə malikdir və tacirin haqq-hesab kitabı kimi apaydındır. Onun çox az prinsipləri var, lakin onlar insan və Allah arasındakı, eləcə də insanların öz arasındakı münasibətləri tənzimləyir, zira islam təkcə din deyil, həm də sosial təlimdir. Xülyalı, alayuxulu görüntülərdə Muhəmməd (s.ə.) ayıq, rasional və bununla yanaşı özünün dəqiq rasionalist sadəliyində heyrancıl bir təlimi qəbul etmişdi. «tnsan gərək tək olan Allaha inansın, digər insanlara yaxşı olsun, öz ehtiraslarını cilovlasın, din düşmənlərini yensin və ölümündən sonra əməllərinin dəyərləndirilməsinə inansın». Bütün təlim bu bircə cümlədə ehtiva edilmişdir.

Tanrı – vahid, hər yanda var olan Allah Muhəmmədə (s.ə.) görə elə bir varlıqdır ki, Onu heç vaxt təsvir və təsəvvür etmək olmaz. Allahı təsvir və təfsir etmək istəməyin özü günahdır. O kəslər əbədi lənətə düçardırlar ki, Allahı şəkildə, daşda, yaxud sözdə təsvir etməyə can atırlar. Allah nur, alov, dəniz kimidir – əbədi dəyişkən, heç vaxt qavranılmayan; kim Allahı qavramaq, təsvir etmək istəyirsə, bununla öz imanının kəmliyini göstərir. Allahı hər hansı formada göstərmək kimi ən adi cəhd də dəf edilməlidir. Bütün peyğəmbərlər Allahın təsvirini yasaqlamışlar, fəqət Onu qavramaq meyli insanda çox güclüdür. İnsan adamın, yaxud heyvanın şəklini çəkir, digər insanlar bu şəklə sitayiş edib düşünürlər ki, o, Allahdır. Buna görə də islam bütün zamanlarda canlı varlıqların şəkildə və daşda təsvirini qadağan edir ki, insan şəkil və bütləri ilahiləşdirmək tovlantısına uymasın. «Allah qavranılmazdır, O, insanlara bənzəməz. Lənət o kəslərə ki, Ona insaniliyi aid edirlər, çünki Allahın başlıca əlaməti fövqəlinsanilikdir. Söylə: Təkdir Allah, əbədi pak. Törətməmiş O Özü, törənməmiş Özü də» (112, 1 – 4)48. Bu əlamət ən böyük sədd idi ki, Peyğəmbər (s.ə.) bilərəkdən oçağkı xristianlıqdan onunla ayrılırdı. İsa Allahın rəhm etdiyi peyğəmbər, bəlkə hətta günahsız peyğəmbər idi; lənət o kəslərə ki, ona Allahın oğlu deyirlər, Təkə oğul bəxş etmək istəyirlər. Məsih peyğəmbərdir, islam hədisi hətta deyir ki, Muhəmməddən (s.ə.) də günahsız olan bu peyğəmbər çarmıxa çəkilməyib, əksinə, çarmıxdan azad edilib, göylərə çəkilib. Çarmıxa çəkilən xəyalət olub. Amma İsa peyğəmbər də başqaları kimi yalnız insan idi, Muhəmməd (s.ə.) kimi, Musa peyğəmbər kimi, ilahiliyi bəyan edən bir insan ki, onun sözləri rəzil insanlar tərəfindən korlanıb, düzgün qavranılmayıb, unudulub. Muhəmməd (s.ə.) həmin sözləri insanlığın yaddaşına qaytarmaq istəyirdi.

Muhəmmədin (s.ə.) təlimində çox az mərasim təxsisatları var və onlar əslində dindarlar arasında nizam-intizamın qorunub-saxlanılmasına xidmət edir. İslama hierarxiya, rahiblik, kahinlik yaddır. İnsan Allaha üz tutursa, ona vasitəçi lazım deyil. Məbəd və ibadət yığıncaqları artıqdır. Hər yerdə evdə, yolda təkbaşına, yaxud başqaları ilə birlikdə insan öz Allahına ibadət edə bilər. Əgər namaz qılan çoxdursa, hər kəs önnamazçı, imam ola bilər. Ona görə də islamda təqdis yoxdur, insanların sanlılara və sansızlara bölünməsi yoxdur. Vəhdət, dindarların birgəliyinin əlaməti kimi yalnız namaz yönərgələnmişdir. Müsəlmanların birgəliyi ən azı dini icma deyil. O, ilk növbədə dövlətin özəyidir ki, bu da islamı digər dünya dinlərindən ayırır. İcmanın üzvü olmaq ilk öncə sosial borcdur. «Allaha ibadət et, kölələrə, yetimlərə və fəqirlərə yaxşı ol, sədəqə ver», Quranın 76-cı Surəsində49 belə buyurulur. «İmanın sərt yoxuşunu qalxmaqmı istəyirsən?», bir başqa gözəl Surədə deyilir, «onda kölələri azad et, acları doyur, rəhmdil və yardımsal ol. Lənət o möminlərə ki, sədəqə vermirlər, o xeyriyyəçilərə ki, verdiklərini alanlara gizlində söyürlər, yaxud o kəslərə ki, pul xərcləyib sədəqə paylayırlar ki, başqaları onlara həsəd aparsın. Onlar üstündə heç nə bitirməyən qaya kimidirlər» (Müq. et: 90, 11-20)50.

Xeyriyyəçiliyi islam aydın müəyyənləşmiş, dəqiq hüdudlanmış dini borc səviyyəsinə qaldırdı. İyirmidən artıq dəvəsi olan hər müsəlman ildə öz gəlirinin ikiyarım faizini paylaşmalıdır, yaxud onu elə yerə verməlidir ki, həmin pul ordan paylansın. Bu vergiləri alası şəxslər dəqiq müəyyənləşdirilirdi. Bunlar kasıblar, ehtiyac içində olanlar, azadlıqlarını satın almaq istəyən kölələr, borcunu ödəyə bilməyən borclular, həmçinin səyyahlar və şəhərdəki qəriblər idi. Dini cəhətdən özülü qoyulmuş bu sosial hökmün şərq dünyası üçün əhəmiyyəti bugün əks istiqamətdə təsirə malik hal kimi heç cür qavranıla bilməz. Bu, əslinə qalsa, din və dünyabaxışı yönündən birləşmiş ümumi dünyanın ictimai təminatının ilk cəhdi idi.

Ümumiyyətlə sosial hökmlər islamda üstünlük təşkil edir. Zira peyğəmbər olmaq qədim zamanlarda sosial islahatçının və qarşısına hansısa bir məqsəd qoymuş partiya liderinin vəzifələri ilə üst-üstə düşürdü. Bugünün özündə də islam ilahi hökmə söykənən sosial sistemdir. İslamın bəyan etdiyi sosial çevrilişlər Ərəbistan üçün misilsiz idi. İslam minillərdən bəri mövcud olmuş tayfa birliyini dağıtmaq istəyirdi. «Ey iman gətirənlər», 4-cü Surənin 134-cü Ayəsində buyurulur, «haqqı və ədaləti tutun, hətta haqq qohumlarınızın əleyhinə olsa belə. Allah sizə daha yaxındır, nəinki bütün insanlar»51.

Quran qohumluğun qan bağını qırırsa da, insanın təbiətlə yeni qohumluğunu qurur. Bir çox digər dini sistemlərin əksinə olaraq Quran heyvanın ruhunu qəbul edir və bütün canlılara mərhəməti dini hökm səviyyəsinə qaldırır. «Heyvanlara yaxşı baxsanız, onları yemləyib sulasanız, mükafata çatarsınız, çünki yer və göy üzündə elə heyvan yoxdur ki, Allahın hüzuruna dönməsin».

Yüksək idealizm islamda xalis təcrübi zəka ilə birləşib. Muhəmməd (s.ə.) coşqun bir praktik idi – nadir, ancaq çox vaxt səmərəli bir təzahür. O, insanlığı etik baxımdan ucaltmaq istəyirdi və bunun üçün həddən artıq praktiki yollardan bəhrələnə bilirdi. Zira – bu bir daha vurğulanmalıdır – dünyanın ən gənc dini olan islamın bünövrəsini tacir, özü də ərəb taciri qoymuşdu. Ərəb irqinin anadangəlmə ayıqlığı tacirin praktik ağlı ilə, gerçək imkanları görmək və onlardan istifadə etmək bacarığı ilə birləşərək bir din yaratdı ki, o da özünün işgüzar aydınlığı, hər hansı mistikanı inkar etməsi ilə hər şeyi arxada qoydu.

Lakin məhz islamın etik önəmi ərəb dünyası üçün yüksək dəyərə malikdir. Yalnız Muhəmməd (s.ə.) Ərəbistanda günah məfhumunu icad etdi ki, Ərəbistan ondan qabaq belə bir anlayış tanımırdı. Ərəb olan kəs bilirdi ki, ziyan nədir və zərərin ödənilməsini tələb etməyi ustalıqla bacarırdı. Bundan əlavə, hələ günahın da olduğunu o yalnız Muhəmməddən (s.ə.) öyrəndi. Muhəmmədin (s.ə.) irəli sürdüyü tələblər çox cüzi idi. İslamın üç zahiri əlaməti namaz, oruc və sədəqə idi. Namaz ilk növbədə intizamın forması və təmrini idi.

43.Azərbaycancaya tərcümədə belə bir ayəyə rast gəlinmədi. Çox güman ki, bu, həmin Surənin 54-cü Ayəsidir ki, orda buyurulur: «De ki, ‘Allaha itaət edin’».
44.Göstərilən ayələr azərbaycancaya tərcümədə fərqli səslənişdədir.
45.Nitçe – Fridrix Vilhelm Nitçe (1844-1900). Görkəmli alman filosofu
46.Arxitektonika – sənət əsərinin ana xəttinin, quruluşunun və mətn düzümünün toplusu.
47.Fata morqana – uzaq əşya və təbiətlərin müxtəlif temperaturlu hava təbəqələrinin müxtəlif sınma gücünə söykənən hava əksi; hava əksi ilə yaranan aldadıcı görünüş.
48.Azərbaycancaya tərcümə ilə uyğunluq çox azdır.
49.Azərbaycan dilinə tərcüməsində 76-cı Surədə həmin Ayəyə rast gəlinmədi.
50.Azərbaycancaya tərcümədə 11-17-ci Ayələr.
51.Bu azərbaycancaya tərcümədə həmin Surənin 135-ci Ayəsinə uyğundur, fəqət ondan əsaslı şəkildə fərqlənir.