Kitabı oku: «Colan Türkmanları», sayfa 2
SURİYA TÜRKMANLARININ TARİXİNƏ QISA BİR BAXIŞ
Rəsmi qaynaqlarda bugünkü Suriya ərazisi 185,180 kvadrat kilometr, əhalisi 23,6 milyon (2010) olan bir Müsəlman Ərəb ölkəsi kimi tanınır. Ölkə Doğudan İraq, Batıdan Ağ dəniz, Güneydən İordaniya və Quzeydən Türkiyə ilə sərhəd-dir. İsrail ölkənin bir hissəsini işğal etdiyindən indi Colan təpəliklərində İsraillə də sərhədi vardır. İnzibati cəhətdən 14 vilayətə – quberniyaya (muhafazaya) bölünür. Ölkənin baş-kəndi orta yüzillərdə Şam adlandırılan, avropalıların Damas-cus dedikləri Dəməşq şəhəridir.
Orta Doğuda yerləşən Suriya Müsəlman Ərəb ölkəsi kimi tanınsa da, qədim mədəniyyət beşiyi olan bu ölkədə Xristianlığa, Buddizmə inananlar, fərqli məzhəblərə, o sıradan qədim inanclara tapınanlar da yaşayır. İnanclarına görə Nusayrilərə (ya da Ərəb Ələvilərinə)1, Şiələrə, Sünnilərə, Durzilərə2, Xristianlara bölünən ölkə əhalisinin 7 faizini Nusayrilər təşkil edir. Qaynaqların yazdığına görə, ölkə əhalisinin 70 faizə yaxınını Sünnilər təşkil etsə də, hakimiyyətdə Nusayrilərdir (Maden Fahri, 2014:21). Ölkədəki Xristianlar da öz aralarında Ortodokslara, Protestantlara, Kəldanilərə-Suryanilərə, Marinlilərə və b. ayrılırlar (Kılınçkaya Derviş, 2014:27).
Çoxmillətli Suriyanın böyük şəhərləri Dəməşq, Hələb, Humus, Hama ve Lazkiyədir.
Dünya sivilizasiyasının beşiklərindən biri sayılan bu bö-lgə 18-ci yüzillikdən çökməyə başlamışdır.
Sənayesini, iqtisadiyyatını sürətlə inkişaf etdirən, işğal altına aldığı xalqların maddi və mənəvi sərvətlərini müxtəlif vasitələrlə mənimsəyən Avropa az bir zamanda elmdə və texnikada böyük uğurlara imza atmış oldu. “Üçüncü dünya ölkələri” adlandırılan ölkələrdə yaşayanlar da avropalılardan öyrənməyə, daha çox da onları yamsılamağa çalışdılar.
Dünya mədəniyyət tarixini araşdıran avropalı araşdırıcılar düşünürdülər ki, sivilizasiyanın beşiyi Yunan mədəniyyətidir. Ona görə də, tarixşünaslıq elmini Roma və Yunan mədəniyyəti əsasında qurdular. Sonraki gediş isə bu nəzəriyyənin yanlışlığını ortaya qoydu. Nəinki Asiyada və Afrikada, hətta 16 yüzildə işğal edilmiş Amerika qitəsindəki maddi mədəniyyət nümunələri də insan oğlunun Roma və Yunan mədəniyyətindən minillər öncə gəlişmiş yüksək toplum həyatı yaşaması, yazıdan istifadə etməsi, papirus və gil lövhələrdə kitablar yaratması ilə bağlı danılmaz bilgilər ortaya qoydu. Şumerlərin (Sumer) gil üzərində yaratdıqları kitabələri araşdıran Samuel N.Kramer kitabını “Tarix Şumerdən başlayır” adlandırdı.
Günümüzdə texnika və texnologiyanın sürətlə inkişaf etməsinə baxmayaraq, mədəniyyət tariximiz hələ də gərəyincə öyrənilməmişdir. Onun qaranlıq səhifələri çoxdur. 20-ci yüzilliyin ortalarınadək tarixçilər Türkləri miladdan sonraki yüzilliklərdə Avropada görünən vəhşi, dağıdıcı, barbar bir xalq kimi tanıdırdılar. Sonralar isə Türklərin Avropada, Qafqazda, Yaxın və Orta Doğuda miladdan çox-çox öncə məskunlaşdıqları, qonşu xalqların mədəniyyətlərinin inkişafına güclü təsir göstərdikləri haqqında nəzəriyyələr ortaya çıxdı.
Türklərin tarixi, yayılma sahələri vb. ilə bağlı yanaşımlar üzərində dayanmadan Colan Türkmanlarının durumuna aydınlıq gətirmək üçün indiki Suriya dövləti ərazisində Türklərin yerləşməsinə və yaşamına qısa bir nəzər salaq.
Bugünkü Suriya torpaqları miladdan öncə bölgədəki kiçik dövlət ittifaqlarının, sonralar Assuriyanın, Yeni Babil padşahlığının, Əhəmənilərin, Makedoniyalı İskəndərin yaratdığı nəhəng imperiyanın, Selevkilər dövlətinin və Romanın tərkibində olub. Miladdan sonra isə Bizansın əyalətinə çevrilən indiki Suriyaya 633-cü ildə İslam orduları yürüş etdi. Bu yürüşlər 640-cı ildə bölgənin tam işğalı ilə başa çatdı. 661-ci ildə Müaviyə özünü xəlifə elan edərək xilafətin paytaxtını Dəməşqə (Şam) köçürür, bununla da Dəməşq şəhəri Əməvilər xilafətinin mədəni və siyasi mərkəzinə çevrilir. Abbasilər xilafəti dövründə isə bölgədə iqtisadi-siyasi çöküş başlayır (ASE, 1986:83).
SURİYADA TÜRKLƏRİN HAKİMİYYƏTİ
Miladdan bu yana Suriyada Türklərin qurduğu ilk hökumət Tulunilər adlanır. Abbasilər xilafətinin Misirdəki valisi, ordu komandiri, mənşəcə Oğuz Türkü olan Əhməd ibn Tulun Misiri, Suriyanı, Fələstini, Livanı, Süğüru (Xilafətin Bizansla sərhəd əyalətləri) və b. bölgələri birləşdirərək Xilafətdən asılı olmayan Tulunilər dövlətini yaradır. O, Fustat şəhəri yaxınlığında ölkənin yeni paytaxtı-Qatai şəhərini saldırmış, geniş quruculuq işləri aparmışdır. (ASE, 1986:370). 868-ci ildə yaradılan bu dövləti 884-cü ilədək Əhməd ibn Tulun idarə edir. O, vergiləri azaldır, islahatlar həyata keçirir. Nəticədə, ölkədə əmin-əmanlıq yaranır, qanunlara ciddi əməl edilir, əhalinin güzaranı yaxşılaşır, geniş quruculuq işləri başlayır.
Əhməd ibn Tulundan sonra 884-895-ci illərdə oğlu Xumaraveyh, nəvələri Ceyş 895-896-cı illərdə, Harun 896-904-cü illərdə, Şeyban ibn Əhməd 904-905-ci illərdə hakimiyyətdə olurlar. (ASE, 1986:370). Bu sulalənin hakimiyyəti illərində xeyli Qıpçaq Türkü Misirdə və Suriyada yerləşir.
Əmin Abid 1929-cu ildə “Dan yıldızı” jurnalında (Sayı: 5(29), səh. 30-32; Sayı: 8(32), səh. 28-29) çap etdirdiyi “Türk el ədəbiyyatina elmi bir baxış – “Oğuznamə” məqaləsində yazır: “Azərbaycanlıların feodalizm dövründən əvvəl malik olduqları xalq ədəbiyyatı namına tapa bildiyim ən əski əsər “Oğuznamə”dir. Oğuznamə indiki vəziyyətə görə, Azərbaycan ədəbiyyatının ilk əsəri deməkdir.
“Oğuznamə” haqqında ilk məlumat öyrənə bildiyimiz mənbə Misir və Şamda hökümdarlıq etmiş olan feodallardan Məlik Nəsrəddin Muhəmməd ibn Kalavunun (cilüsi(doğumu-Ə.Ş.) 1293, vəfatı 1340) saray məmurlarından Əbu Bəkir Abdullah ibn Aybək əd- Dəvadarinin əsəridir. Dəvadari 13-cü yüzilliyə qədər keçən vaqiələr haqqında, “Dürərüt-tican…” adlı bir tarix kitabı yazmışdır. Bu kitabın bir nüsxəsini İstanbulda İbrahim paşa kitabxanasının əlyazmaları qismində görmüş və tədqiq etmişəm (Kitabxana nomrə 913).
Bu kitabın Türklərə aid qismində müəllif həm Qıpçaqlara, həm də Oğuzlara aid izahat verərək “Oğuznamə”dən də bəhs edir: “Əski Türklər arasında iki kitab var. Bunlardan birisi “Ulu Xan Ata Bitiqçi” deyilən kitabdır ki, bunun mənası “Böyük Xan Ata kitabı” deməkdir. Bu kitab ilə Moğullar və Qıpçaqlar iftixar edirlər və onlarda bu kitab çox hörmətlə tutulmaqdadır. Bu kitab Moğulların yaranışı və başlanğıcından bəhs edir. Moğul və Qıpçaqların “Ulu Xan Ata Bitiqçi” kitabı olduğu kimi, o biri Türklərin də “Oğuznamə” adlı kitabları vardır. Bu kitab Türklərin arasında çox məşhurdur. Mənim hər iki kitab haqqında bilgim vardır. Bu isə Türk xalqının tarixini çox gözəl bildiyimi göstərdiyindən bu xalq haqqında verdiyim məlumatın doğruluğunu təsdiq üçün kafidir!”.
Bu izahatdan sonra Əbu Bəkir Abdullah Dəvadarinin girişdiyi təfsilatdan anlayırıq ki, o, “Oğuznamə”nin Türkcə əslini görməmişdir. Onun gördüyü “Oğuznamə”nin Ərəbcəyə olan tərcüməsidir. Bu nüsxəni nə münasibətlə görməyə müvəffəq olduğunu Dəvadari bu sətirlərlə nəql edir ki, bizim ədəbiyyat tariximizin bir qismi üçün qiymətli bir vəsiqədir.
…Hicri təqvimi ilə 709-cu il tarixində (miladi ilə 1308-ci ilə təsadüf edir – Ə.A.) atam Şərq vilayətinin valisi idi ki, bu vilayətin də mərkəzi Bilbayisk (Yeni şəkili Bəlbisdir. Qahirə çivarındadır – Ə.A.) idi. Burada bir gün bir məclisdə Tatarlar haqqında bir neçə alimlə münaqişədə bulundum. Münaqişədən sonra yoldaşlarımdan Əminəddin əl Həməvi mənə bir kitab göstərdi və bu nüsxənin həmin yeganə nüsxə olduğunu və onun Əmin Bədrəddin Bəysəri tərəfindən özünə verildiyini əlavə eylədi.
Əsər nəqşli və yaldızlı (minyatürlü) idi. Yazısını Ali ibn Halal əl Bəvval adında xəttatın bir şagirdi yazmışdır. Kitabın kağızı Bağdad şəhərində yapılmış ipəkdəndi; cildi isə sarı rəngli ipəkdən işlənmişdi, kitabın altundan ayrıca bir qapağı da vardır.
Yoldaşlarım Mənsur əl Abbas Həməvi və şair Cəmaləddin ibn Zeytun ilə birlikdə oturub, əsəri gözdən keçirdik. Dördümüzün oxuya bildiyimiz parçaları mən kopya etdim. Silinmiş qismləri çox olduğundan bir taqım yerlərini oxuya bilmədik; bu yerlər bizim üçün məchul qaldı.
Kitabdakı izahatdan anladıq ki, Cəbrail ibn Bəxtişu tərəfindən tərcümə olunmuşdur. Abbası xəlifələrindən və Cəfəri Bərməki ilə Harun ər-Rəşid, Muhəmməd əl-Əmin və Məmunun sarayında sıra ilə xəlifə doktorluğu yapan Cəbrail ibn Bəxtişun əlavəsinə görə, “Oğuznamə” əvvəlcə Türkcədən Farscaya tərcümə edilmiş və sonralar özü tərəfindən hicri təqvimi ilə 211-ci il tarixində (miladi ilə 826-cı il) Farscadan Ərəbcəyə tərcümə olunmuşdur.
Bu Farsca nüsxənin isə məşhur Əbu Müslüm Xorasaninin xəzinəsindən qalma şeylərdən olduğunu yenə mütərcim söyləyir. Əbu Müslümün özü də, kəndisinin Boxtu xan sülaləsindən olduğunu və bu əsəri miras olaraq aldığını söyləmişdir” (Abid Əmin, 1930:48-52, sayı 3).
“Kitab-i Dədə Qorqud” haqqında Azərbaycanda ilk dəyərli bilgilər verən, maraqlı araşdırmalar aparan Əmin Abidin qeydindən də aydın görünür ki, Misir və Suriyada yerləşən Qıpçaqlar-Tatarlar güclü bir Türklük şüuruna sahib imişlər. Onlar öz tarixləri ilə bağlı kitabları oxuyur, müzakirə edir, araşdırır və üzünü köçürüb gələcək nəsillər üçün saxlayır-mışlar.
Tulunilər sülaləsi və onların qurduqları hökumət haqqında Əbülfəz Əliyev (Elçibəy) 1969-cu ildə “Tulunilər dövləti (868-905)” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. Sonralar bu dissertasiya kitab halında Türkiyədə və Azərbaycanda nəşr edilib. Bu araşdırmada Tulunulərdən ətraflı danışılsa da, onların dövlət qurduqları ərazidə Türklərin necə yerləşdirildiyindən, haralarda məskunlaşmalarından geniş söhbət açılmamışdır.