Kitabı oku: «Xatirələrim»

Yazı tipi:

"Xatirə Ədəbiyyatı" silsiləsindən 14-cü kitab

© Əliağa Şıxlinski / Xatirələrim

© "XAN" nəşriyyatı / Bakı / 2022 / 308 səh

Üz qabığının müəllifi / Teymur Fərzi

Qeyd və izahlar Şəmistan Nəzirlinindir

* * *

Əlirğr Şıxlinski


Müqəddimə

Bu maraqlı "Xatirələrim" in müəllifi, keçmiş rus ordusu general-leytenantı Əliağa Şıxlinskinin adı böyük şöhrət və yüksək nüfuz qazanmışdır. Bu ad yalnız rus topçuları arasında deyil, həm də rus ordusunun geniş dairələrində, 1914-1918-ci illərdəki I Dünya Müharibəsi, 1904-1905-ci illərdəki Rus-Yapon Müharibəsi və xüsusilə Port-Artur epopeyası iştirakçıları arasında son dərəcə geniş hörmət və dərin məhəbbət tapmışdır. Əliağanın özü isə bilavasitə bu epopeyanın qəhrəmanı idi.

Əliağanın adı köhnə rus topçularının yeganə sağ qalan nümayəndəsi kimi mənim üçün olduqca əziz və qiymətlidir; mən ona həmişə səmimi hörmət və məhəbbət bəsləmiş, onunla 1906-1917-ci illərdə keçmiş Topçu zabitləri məktəbində və topçu general-müfəttişi nəzdində birlikdə işləmişəm.

Əliağa Şıxlinski öz doğma topçuluq sənətimizə həmişə faydalı olmağa səmimiyyət və məhəbbətlə can atan, bütün varlığını, bilik və qüvvəsini onun inkişafına, mükəmməlləşməsinə, döyüş hazırlığına və bu sahənin fəaliyyətində məharət qazanmasına həsr etmiş rus topçularının ən parlaq nümayəndələrindən biri idi. Bundan başqa, Əliağa yalnız topçuluqdakı yeni müvəffəqiyyətlərdən xəbərdar olmaq üçün deyil, həm də irəlini görmək – həmişə qabaqda olmaq üçün topçuluğun taktika və texnika sahəsindəki nailiyyətlərini yorulmadan, ciddi və diqqətlə izləyərdi. O, irəlidə getmək arzusuna həyatının son günlərinə qədər sadiq qalmışdır. Əliağa ölümündən bir az əvvəl deyib yazdırdığı "Xatir ələrim" də göstərir ki, "indi bu qədər taqətsiz olmasaydım, qulaqlarım və gözlərim gücdən düşüb, ürəyim də zəifləməsəydi, mən "İrəli! Daim irəli!" – şüarı altında işləyə bilərdim".

Təbiət Əliağaya böyük bir ağıl, hərbi məharət istedadı, mərdlik, nəcib sifətlər, vətənin müdafiəsi üçün çox faydalı olan müstəsna bir qabiliyyət vermişdi.

Əliağanın "Xatirələrim" də yazdığı kimi, keçmiş olduğu təlim – xidmətin parlaq bir yol olduğunu, özü dediyi kimi, onun "gəhgir bir at kimi irəli atılmasına" baxmayaraq, ali akademik hərbi təhsil görmədiyi halda, "akademiyasız da həyatda öz mövqeyini tapdığını" təsdiq etməyi özümə borc bilirəm. O, köhnə rus topçuları içərisində rus ordusu həyatında ən yüksək yerlərdən birini tuturdu.

Hərbi işə bəslədiyi məhəbbət, göstərdiyi fədakarlıq, topçuluğu dərindən bilmək, xüsusilə bu sahədə yaradıcılıq istedadı – bütün bunlar Əliağa Şıxlinskiyə xidmət sahəsində sürətlə irəliləməyə və köhnə rus ordusunun topçu komandirləri arasında görkəmli yer tutmağa imkan vermişdi. Əliağa nizami hazırlığın məsul rəhbəri və topçuluğun şanlı, görkəmli komandiri idi. Əliağanın yetişdirdiyi və onu özlərinə nümunə bilən rus topçuları 1914-1917-ci illərdə Avstriya-Almaniya qoşunları ilə döyüşlərdə misilsiz topçuluq məharəti, böyük mərdlik və igidlik göstərmişdilər.

Əliağa Şıxlinski vəfat etdi. O, bizim şanlı Qızıl Ordu topçuları sırasında yoxdur, lakin köhnə rus ordusunun döyüş ənənələrində onun yaratmış olduğu böyük işlərin hamısı yaşayır və yaşayacaqdır. Bu ənənələrin ən yaxşı cəhətlərini bizim şanlı sovet topçuları mənimsəmiş və ona sadiq olmuşlar. Rus topçularının keçmiş qəhrəmanlıqlarından ruhlanan topçularımız alman faşizmi barbarlarına qarşı Böyük Vətən Müharibəsi günlərində düşməni amansız hala məhv edib, öz atəşlərilə vətənimizin şərəf və istiqlaliyyətini qorumaqda şanlı Qızıl Orduya böyük yardım göstərirlər.

Əliağa Şıxlinskinin "Xatirələrim"i müəllifin qısa müqəddiməsindən, yeddi fəsil və bir neçə sətir nəticələrdən ibarətdir. Fəsillər bunlardır:

1) Ailə və məktəb;

2) Zabitlik xidmətinin ilk on üç ili;

3) Uzaq Şərqdə xidmətim və Çin səfəri;

4) Rus-Yapon Müharibəsində iştirakım;

5) Yapon müharibəsindən I Dünya Müharibəsinə qədər;

6) I Dünya Müharibəsində iştirakım;

7) Azərbaycanda xidmətim.

Əliağa Şıxlinski igidliyi ilə məşhur qədim bir nəsildəndir. Əliağa, Şıxlinskilər içərisində qoçaqlığı ilə böyük ad-san qazanan, elmlərə o qədər də əhəmiyyət verməyən, lakin savadlı bir adam olan az torpaqlı mülkədar İsmayıl-ağa Əliqazax oğlu Şıxlinskinin ailəsində doğulmuşdur. Əliağa Şıxlinskiyə babalarından rəşadət və igidlik kimi sifətlər miras qalmışdır. O, bütün nəsli içərisində Avropa üsulu ilə ümumi təhsil görmüş ilk adam olmuşdur. Əliağa ömür boyu təhsilini müstəqil surətdə artırmağa və təkmilləşdirməyə çalışmışdır. O, 1863-cü ildə anadan olmuş və səksən il ömür sürmüşdür.

Əliağa Tiflisdə gimnaziyaya girdiyi ilk gündən elmləri mənimsəməkdə böyük səy göstərmiş, ikiillik kursu yeddi ay ərzində başa çatdıran yeganə şagird olmuşdur. Hətta o, 1876-cı ildə daxil olduğu kadet korpusunu 1883-cü ildə qurtarıncaya qədər birinciliyi əldən verməmişdir. Peterburqda Mixaylov topçuluq məktəbində Əliağa dərslərdə müvəffəqiyyətinə görə ilk üç əlaçı şagirddən biri olaraq diqqəti cəlb etmişdir. Bu məktəbdə Əliağa o zamanın məşhur professorları mexanik Kirpiçev, texnoloq Qodolin, ballistik Mayevski, kimyaçı Fyodorov, fizik Usov və başqalarının şagirdi olmaq kimi bir xoşbəxtliyə qovuşmuş və onların sayəsində geniş məlumat əldə etmişdir. Əliağa öz topçuluq təhsilini daha da mükəmməlləşdirmək üçün ehtimal nəzəriyyəsinin topçuluqda tətbiqi kursunu müstəqil surətdə məşhur professor N. A. Zabudskinin qeydləri üzrə öyrənmişdir. Öz ümumi hərbi təhsil səviyyəsini yüksəltmək məqsədilə o, baş qərargah və hərbi-mühəndis akademiyalarında professor Kuropatkinin, professor Draqomirovun və Kyuyinin Rus-Osmanlı Müharibəsində general Skobelevin dəstələrinin, rus topçuluğunda altıdüymə səhra toplarının tətbiqi, qala qarnizonunun miqdarı və sair məsələlərə dair mühazirələrini dinləmişdir.

Əliağa topçuluq məktəbini 1886-cı ildə mükafatla bitirərək, o zaman Qafqazda olan 39-cu topçu briqadasına podporuçik rütbəsilə xidmətə təyin edilmişdir.

General Əliağanın rus topçuluğunda, xüsusilə Rus-Yapon və Dünya müharibələrində iştirak etməsinə dair xatirələri Sovet İttifaqının geniş oxucu kütləsi üçün çox maraqlıdır. Müəllifin həmyerliləri öz Əliağa Şıxlinskisi ilə haqlı olaraq iftixar edə bilərlər. Bu xatirələr təkcə azərbaycanlılar üçün deyil, eyni zamanda Qızıl Ordunun bütün zabit heyət və ilk növbədə, topçular üçün olduqca ibrətlidir.

Əliağanın topçuluqda keçdiyi şanlı xidmət yolu Qızıl Ordunun topçuları və bütün hərbi xidmətçiləri üçün bir örnək olmalıdır; bu yolun tarixilə tanışlığın həm tərbiyəvi, həm də hərbi təhsil baxımından böyük əhəmiyyəti vardır.

Port-Artur1 epopeyasına aid xatirələri oxuduqda, qala müdafiəçilərinin qəhrəmanlıq və rəşadətlərindən insanın qəlbi qürur hissilə coşur. Bu müdafiəçilər arasında müəllifin özü ilk üç nəfərdən (Kondratenko, Şıxlinski, Qobyato) biri idi. Port-Arturun müdafiəçisi olmaq etibarilə Əliağamn qəhrəmanlığı öz vətəninin şərəf və azadlığını müdafiə edən hər bir şəxs üçün əsas nümunədir. Əliağa döyüşdə ağır yaralansa da, əsgəri vəzifəsinə axıra qədər sadiq qalır. O, yalnız onu əvəz etməyə gələn podporuçik Mixaylova hansı topu hansı tərəfə atəş açdığına, hər top üçün süni hədəf nöqtəsinin harada olduğuna, bucaq ölçənin vəziyyətinə və sairəyə dair ətraflı göstəriş verdikdən sonra mövqeyini tərk edir; yaponların mərmilərindən, "dolu kimi yağan" tüfəng və pulemyot gülləsindən böyük tələfat vermək, patron azlığından düşmən toplarının atəşinə məruz qalmaq və Stesselin Port-Arturu yaponlara təslim etmək qərarı nəticəsində əsgərlər arasında əmələ gələn "ruh düşkünlüyünü" aradan qaldırıb onlara ürək-dirək vermək üçün Əliağa düşmənin şiddətli atəşi altında toplara bir-bir baş çəkir, əsgərlərlə zarafat edir; ona vətənə qayıtmaq icazəsi verilirsə də, ancaq o, yaponlara qarşı müharibədə iştirak etməyəcəyinə dair dilindən kağız verməkdən imtina edir, yaponlarla yenə müharibə etmək üçün Əliağa Mancuriya ordusuna təyin olunmasına çalışır və i.a.

Yapon müharibəsi qurtardıqdan sonra Əliağa topçu zabitlərin atəş məktəbi kursuna göndərilir və xidmət kitabçasında qeyd edilir. Lakin xəstələnib iki ay dərslərdən qaldığına baxmayaraq o, məktəbi "əla bitirir, müvəffəqiyyətlərinə görə padşahın iltifatına nail olur". Hərtərəfli hərbi biliyə malik, təcrübəli nizam-döyüşçü topçu Əliağa topçu zabitləri məktəbinə illər uzunu rəhbərlik edir. Dünya müharibəsindən əvvəl (1915-ci ildə) iki il məktəbin rəis müavini vəzifəsində çalışır, halbuki, qanuna görə, bu vəzifələrə yalnız topçu akademiyasını bitirmiş və bir ildən az olmayaraq batareya komandiri olmuş qərargah zabitləri (podpolkovnik və polkovniklər) təyin edilirdi; Əliağa isə akademiya bitirməmiş və batareyaya komandirlik etməmişdi. 1905-ci ildən 1914-cü ilə kimi olan dövrdə mən hər il topçu general-müfəttişi taktika dərsləri vermək və qrupların təcrübi atışlarına taktika cəhətindən rəhbərlik etmək üçün topçu zabitləri məktəbinə göndərilirdim. Onun işilə yaxşı tanış olduğuma görə təsdiq edə bilərəm ki, Əliağa Şıxlinski məktəbin ali akademik topçuluq təhsili görmüş bütün ştatlı rəhbərləri arasında ən görkəmlisi və ən istedadlısı idi.

Əliağa müstəsna dərəcədə qabiliyyətli bir topçu olduğu üçün polkovnik rütbəsi aldıqdan dörd il sonra, 1912-ci ildə general-mayor rütbəsinə qaldırıldı, bu isə mövcud qaydalardan kənar bir işdi; qaydaya görə, polkovnikin rütbəsində qalmaq müddəti 10 il idi, yalnız müstəsna hallarda, o da çox zaman himayəçiliklə, görkəmli polkovniklərə altı-səkkiz ildən sonra general rütbəsi verilərdi.

I Dünya Müharibəsinin lap əvvəlində – 1914-cü ilin avqustunda Ə.Şıxlinski almanların paytaxta hücum üçün Baltik sahillərinə qoşun çıxarmaları ehtimalına qarşı Petroqradın topçu müdafiəsi rəisi edilmişdi. Əliağanm təklifinə görə, mən könüllü məsləhətçi oluruq müdafiə xəttinin təyini zamanı onunla bərabər gedirdim. Onu isə o zaman Sveaborq qalasının qurudan müdafiə xəttinin təyini üçün Finlandiyaya göndərmişdilər. Hər iki məsuliyyətli vəzifəni Əliağa öz bilik və yorulmaz səyi sayəsində ən qısa bir müddətdə yerinə yetirmişdi. Bundan başqa, onun təşəbbüsü ilə paytaxtın ətrafında təyyarələrə qarşı müdafiə xətti təşkil edilmiş, burada Rozenberq sistemli xüsusi tipdə platformalar üzərində 1900-cü il nümunəli üçdüymə toplar qurulmuşdu.

Əliağa 1915-ci ilin yanvarında ağır topların şəxsi heyətinin döyüş hazırlığına rəhbərlik etmək üçün Şimal-Qərb cəbhəsi qərargahına çağırılmışdı. O vaxtdan başlamış Rusiya cəbhəsində dünya müharibəsi qurtarana qədər Əliağa döyüşən orduların topçuluq işlərində məsul vəzifələrdə – Şimal-Qərb cəbhəsi baş komandiri nəzdində və 1915-ci ilin noyabrından ali baş komandanı (o zaman II Nikolay özü idi) nəzdində topçu tapşırıq generalı, Qərb cəbhəsi topçu müfəttişi olmuşdur. Nəhayət, 1917-ci ilin sentyabrında Əliağa 10-cu ordunun komandanı təyin edildi. O, yalnız topçuluqda deyil, eyni zamanda ümum-qoşun baş komandanlığı xətti üzrə də yüksək vəzifə tutmağa qabil və layiq görüldü.

Əliağa Ali Baş komandanı nəzdində topçu tapşırıq generalı vəzifəsində çalışarkən Ali Baş komandan qərargah rəisi general M. V. Alekseyevin bir çox məsuliyyətli tapşırıqlarını yerinə yetirmişdir, o cümlədən köhnə sistemli qala toplarından ağır topçu hissələrinin təşkili Əliağa Şıxlinskinin təşəbbüsü ilə başlanmışdı. Çox vaxt o, öz arzusuna görə səhra topçu general müfəttişinin tapşırıqları üzrə işlərdi ki, bu idarənin də rəisi mən idim. Əliağa ilə birlikdə yorulmadan ciddi-cəhd ilə çalışardıq. Biz əsasən toplardan döyüşdə istifadə məsələləri ilə məşğul olardıq. Lakin Əliağa nizam və təcrübəli bir döyüş adamı olmaq etibarilə həmişə bilavasitə qoşunların yanında, ön xətlərdə, döyüş meydanlarında olmağa, topçuları hazırlamaq, topların döyüş əməliyyatını müşahidə və onlara rəhbərlik etməyə can atardı. O, cürbəcür göstəriş, təlimat, cədvəllər və s. (1910-cu il nümunəli altı düymə toplar batareyasının işinə dair təlimat, topların qonşu qoşun hissələrilə onların arasındakı bitişmə yerlərini müdafiə üçün qarşılıqlı əməliyyatın təşkilinə aid göstərişlər, maneə atəşi aparılmasına dair təlimat, topların rəqəm məlumatına dair cədvəllər və s.) tərtibi üzərində də az iş görməmişdir. O, topçulara təyyarələrin qarşılıqlı əməliyyat təlimi məktəbini təşkil etmiş, 1916-cı ildə Krevo yaxınlıqlarında alman mövqelərinin yarılması əməliyyatını, Qərb cəbhəsinin 10-cu ordu cəbhəsində 1917-ci il iyul əməliyyatının və s. topçuluq cəhətindən hazırlanmasına rəhbərlik işində bilavasitə iştirak etmişdir. Əliağa Şıxlinskini həmişə ön mövqelərdə görmək olardı, o, topçu hissələrinin yerlərini yoxlayır, topları daha düzgün yerləşdirmək üçün göstərişlər verir, onların döyüş əməliyyatını izləyir və onlara rəhbərlik edirdi.

Su ilə dolu səngərləri gəzməsi, rütubətli yerlərdə dolaşması nəticəsində Əliağa şiddətli şəkildə xəstələnir. O, xəstələndiyinə görə ehtiyata keçirilməsini və müalicə üçün Qafqaza göndərilməsini xahiş edir. Əliağa yazır: "İndiki vəziyyətdə mən vəzifəmi vicdanla yerinə yetirə bilmərəm, vicdan isə mənim həmişə cəbhədə, əsgərlər arasında olmağımı tələb edir". O, 1917-ci il noyabr ayının sonlarında Qafqaza gedir, onun ehtiyata keçirilməsi əmri isə həmin il dekabrın 2(15)-də verilir.

İnqilabdan sonra Əliağa sözsüz olaraq üsyan etmiş xalq tərəfinə keçir. Biz onunla bir çox cəhətdən həmrəy idik; Sovet hakimiyyətini qəbul edərkən mənim kimi, Əliağanın da rəhbər tutduğu vətəndaşlıq borcu ideyasının: "İçərisindən çıxdığım xalqıma və onun özü üçün seçmiş olduğu hökumətə həmişə sədaqətlə xidmət etmişəm, edirəm və edəcəyəm" qənaətindən ibarət olduğunu söyləsəm, zənnimcə, yanılmaram.

Əliağa Şıxlinski içərisindən çıxdığı Azərbaycan xalqına bütün varlığı ilə sadiq olub, onu sonsuz dərəcədə sevib, eyni zamanda bütün Rusiyanın və bütün Sovetlər ölkəsinin də qızğın bir vətənpərvəri kimi həmişə vətən yolunda canından keçməyə hazır idi. O, hər vaxt millətçilik təəssübündən tamamilə uzaq olub, öz yoldaşlarına və əməkdaşları olan əsgər və zabitlərə, milliyyət və din fərqinə baxmayaraq, eyni münasibət bəslərdi. O, çar hökumətinin rus sektantlarını və yəhudiləri ordu sıralarında xidmət etməyə layiq bilməyib, hərbi xidmət əvəzinə pul ilə vergi almaq istədiyi zaman onları necə müdafiə etdiyini xatırlayır.

Əliağa çox tələbkar və zabitəli bir komandir olmaqla bərabər, həm də ədalətli, xeyirxah, özünə tabe olanların qeydinə qalan bir adam idi. Onlar Əliağaya hörmət edər və onu son dərəcə sevərdilər. Mən ümumi yoldaşlarımızdan və Ə.Şıxlinskiyə tabe olanlardan elə bir adam tanımıram ki, onun barəsində pis fikir söyləmiş olsun. Onunla əsgərlər arasında "qalın divar" yox idi. O, heç bir zaman onların insanlıq heysiyyətini alçaltmaz, zabitlərdən heç birinə də belə etməyə icazə verməzdi. O, əsgərlərlə açıq və mehriban ürəklə rəftar edərdi. Onlardan çoxu xidmətdən çıxıb getdikdən sonra öz vətənlərindən ona təşəkkür məktubları yazardılar. Döyüş zamanı o, öz əsgərləri üçün rəşadət və qəhrəmanlıq nümunəsi olardı, çətin döyüş şəraitində onlara ürək-dirək verib ruhlandırmağı bacarardı.

Şəxsi həyatında Əliağa sonsuz məhəbbətlə arvadını sevən sədaqətli bir ər idi. Onun övladı yox idi. İçki və qumara nifrət edərdi, heç vaxt spirtli içki içməzdi, pul ilə kart və sair oyun oynamazdı. O, çox mehriban və qonaq-pərəst bir adam idi, yoldaşlarını tez-tez ləzzətli plova qonaq edər, bunu da həmişə özü bişirərdi.

Əliağa heç zaman mənsəb dalınca düşməmişdir, onun heç bir himayəçisi olmamışdı. Xidmətdə irəli getmək üçün o, heç bir intriqaya əl atmamışdı: mənsəb özü onun ayağına gəlmiş və əgər köhnə ordunun topçulu-ğunda yüksək vəzifə qazanmışsa, bu cəhətdən o, tamamilə özünə borcludur.

Əliağa "Xatirələrim" də deyir ki, mən öz keçmişimə sakit bir vicdanla nəzər salır və müasirlərimin gözlərinə cürətlə baxıram. Bu, doğrudan da, belədir.

Oktyabr inqilabından sonra 1918-ci ildən həyatının son günlərinə – 1943-cü ilin avqust ayına qədər Əliağa Şıxlinski pozulmuş səhhətinin imkan verdiyi dərəcədə öz vətəni olan Azərbaycanda işləmişdir. Bu müddətdən iki ili – 1920-1922-ci illərdə o, Moskvada Qızıl Ordunun Topçuluq Müfəttişi İdarəsində Topçuluq nizamnaməsi komissiyası heyətində çalışmış, həmçinin, Ali Topçuluq Məktəbində ordu topçu müfəttişləri də daxil olmaqla baş komanda heyəti şöbəsində dərs vermişdir. Əsrin təxminən dörddə birini təşkil edən bu müddətdə Əliağa, ümumiyyətlə, Qızıl Ordu kadrları və xüsusilə topçular yetişdirmək, bunların inkişaf və təhsili işində çox fayda vermişdir. O, müxtəlif hərbi məsələlərə, başlıca olaraq topçuluğa dair bir çox məruzələr etmişdir. Əliağamn sədr müavini olduğu Bakı qarnizonu hərbi-elmi cəmiyyətində etdiyi aşağıdakı məruzələr xüsusilə maraqlıdır:

1) "Gələcək müharibələrdə toplar";

2) "Polk topları haqqında";

3) "Topçuların piyada və suvarilərlə qarşılıqlı əməliyyatı";

4) "Topların dağlıq yerlərdə əməliyyatı".

Əliağamn 1924-cü ildə Styopin diviziyası topçuları üçün etdiyi "Dağlıq yerlərdə top atəşinin xüsusiyyətlərinə dair" məruzəsi topçulardan ötrü olduqca maraqlıdır. Bütün bu məruzələri Qızıl Ordu topçuları üçün çap etmək faydalı olardı.

Əliağa Şıxlinski taktika sahəsində dərin nəzəri və əməli bilikli sayca çox olmayan rus topçularından biri olub, bu məlumatı təcrübədə, xüsusilə döyüş təcrübəsində tətbiq etmək sahəsində nadir bir istedada malik idi.

Müharibədə vəziyyət son dərəcədə dəyişkən olub, döyüş taktikası çoxməchullu bir tənlik halını alır ki, bunu bir çox yolla həll etmək olar. Belə məsələni düzgün həll etmək üçün vəziyyəti müəyyənləşdirmək məharəti tələb olunur. Yalnız bilik kifayət deyil, "yalnız şablon deyil, yaradıcılıq da lazımdır. Bizim topçular isə bunu başa düşmürdülər". Əliağa öz "Xatirələrim" də belə yazmışdır. Keçmiş topçu zabitləri məktəbində uzun illər boyu taktika dərsini apardığım zaman döyüşdə topçulardan müvəffəqiyyətlə istifadə edə bilmək üçün taktika məharətinin də, atəş məharətindən artıq olmasa da, onun qədər zəruri olduğuna köhnə topçuları asanlıqla inandıra bilmirdim. Topçu zabitləri məktəbinin rəhbərləri arasında Əliağa bu cəhətdən mənim ən sədaqətli məsləkdaşım idi və döyüş meydanlarında məharətli döyüş əməliyyatı keçirən rus topçuları üzərində onun haqqı böyükdür.

Ə.Şıxlinski məktəbdə öz kursantlarından taktikanı yaxşı bilməyi tələb edir, onlarda bunu təcrübədə həyata keçirmək bacarığını inkişaf etdirir, həmişə topçu atəşinin taktika ilə nəinki əlaqədar, tamamilə ondan asılı olduğunu təkidlə söyləyirdi. O, xüsusilə göstərirdi ki, topçu atəşi taktikanın qarşıya qoyduğu məsələni həll etmək deməkdir və atəşin mənası da, qoşunların döyüş müvəffəqiyyəti də topçu atəşinin bu məsələni düzgün həll etməsindən asılıdır. Bu xüsusda Əliağa belə deyir: "Topçu atəşi nə qədər sərrast olursa-olsun, döyüşün müəyyən mərhələ-sindəki taktik vəziyyətlə əlaqədar deyilsə, onun heç bir qiyməti yoxdur". O, "Topların da piyada ilə birgə və ya onun ardınca hücuma keçməsini" və ümumi qoşun komandirinin ön qoşun hissələrinin toqquşması barəsində ilk məlumat alındıqdan sonra deyil, "ön xəttə mümkün qədər tez getməsini" tələb edirdi. O, "Xatir ələrim" də yeri gələndə bu sözləri də yazdırmışdır: "Mən özüm həmişə piyadanın düşmən keşikçilərilə atışması başlar-başlamaz, ön xəttə gedərdim və mənim köhnə dostum, indi hərbi elmlər doktoru, professor Yevgeni Zaxaroviç Barsukov həddindən artıq cəldlik göstərdiyimə görə, həmişə məni qınardı". Yadıma gəlir ki, mən "həmişə" deyil, arabir Əliağanı mənim fikrimcə artıq olan qızğınlıqdan, "daima irəli can atmaq" ehtirasından çəkindirməyə çalışardım. Bircə dəfə onu məzəmmət etmişəm ki, o da özü xatırladığı kimi, taktika məqsədilə açılan praktik atəş vaxtı onun kəşfiyyatçılarla birlikdə təpədə (Luqa şəhəri yanındakı təlim meydanında "Şıxlinski təpəsi") hədəflərlə işarə edilmiş düşmən mövqelərinə yaxın olan müşahidə məntəqəsinə çaparaq öz kursantlarının şrapnel atəşi altına düşdüyü zaman olmuşdur.

Topçu zabitləri məktəbində olduğu zaman Əliağa kursantlar üçün müxtəlif məsələlərə dair bir çox konspekt, təlimat və s. tərtib etmişdir (öz mühazirələrinin sadə konspektini, topçu manevrlərinin təşkilinə, topların öz qoşunlarının başı üzərindən atəş açması, polk və batalyon toplarına dair təlimatlar, hava hədəflərinə atəş açmaq qaydaları və s.).

1914–1918-ci illərdəki dünya müharibəsi zamanı Ə.Şıxlinski son dərəcə çox iş görmüşdür: onun hərbi və xü-susilə döyüş meydanlarında səmərəli, olduqca faydalı, fə-dakaranə fəaliyyəti müharibə tarixi səhifələrində qeyd ediləcəkdir. Əliağa Şıxlinskinin 1917-ci ildə qərb cəbhəsi topçu müfəttişi sifətilə 10-cu rus ordusu cəbhəsində iyul əməliyyatı hazırlanmasına və həyata keçirilməsinə topçuluq cəhətindən rəhbərlik etdiyi zaman verdiyi sərəncamlardan burada misallar göstərəcəyəm:

Əliağa göstərirdi:

a) "piyada öz qüdrətli köməkçisi (yəni toplar) ilə hər cür əlaqə saxlamalıdır, bunsuz toplar ona kömək edə bilməz, möhkəm əlaqə yalnız qarşılıqlı surətdə işləməklə əldə edilə bilər, bu isə döyüşdə piyadaya çox böyük kömək edər və topçuları döyüşdən sonra onlara edilən çox da yerli olmayan məzəmmətlərdən qurtarar";

b) "batareya, divizion və topçu qruplarının ön hissələri də daxil olmaqla piyada ilə əlaqəsini möhkəmləndirməli";

c) "artıq hər bir diviziyada qərarlaşdırılmış olan topların irəli çəkilməsi planını kiçik piyada rəislərinə xəbər verərək, topların keçəcəyi rayonları onlara bildirməli";

ç) "topların əməliyyat planında döyüş əməliyyatının müxtəlif mərhələlərində batareyaların bir-birinin ardınca görəcəyi işlər və onların qəti vəzifələri, gecə açılacaq topçu atəşinin mahiyyəti və məqsədləri göstərilməli, düşmən toplarına qarşı qrupları qüvvətləndirəcək dağıdıcı batareyalar ayrılmalı, həmçinin əvvəlcə müşahidəçilərlə rabitə-çilərin, sonra isə irəliləyən piyadanı himayə edəcək batareyaların irəli çəkilməsi qaydaları göstərilməlidir";

d) "düşmən toplarına qarşı qrupların topları öz vəzifələrini ifa etməkdən azad olduqları vaxtlarda düşmən istehkamlarını dağıtmaqda iştirak etməli və onların müşahidə məntəqələrindən görünən hədəfləri məhv etməlidir";

e) "dağıdıcı toplar düşmənin bütün mövqe xəttinə deyil, yalnız müəyyən məntəqələrə atəş açmalıdır" və i. a.

Əliağa Şıxlinski göstərirdi ki, topçu hazırlığı müddətini qısaltmaq üçün atəşin sürətini deyil, topların sayını artırmaq lazımdır, çünki top çox atıldıqca çox tez də xarab olar.

1917-ci ilin 30 iyulunda Şıxlinski 10-cu ordu topçu müfəttişinə yazmışdı ki, hücuma atəş hazırlığı və hücum günlərində həm əməliyyatdan çox əvvəl, həm də əməliyyat zamanı mən zərbəçi korpusların qərargahlarını, müşahidə məntəqələrini gəzib topların hazırlıq işləri, əməliyyat planları və döyüş fəaliyyətilə yerində tanış oldum. Mən hər bir yerdə yorulmadan səmərəli iş aparıldığını, hərəkatın diqqətlə düşünülmüş planının tərtib edildiyini və onun məharətlə yerinə yetirildiyini gördüm… Toplar 10-cu ordunun son əməliyyatında görkəmli rol oynamışdır. Onun gözəl hazırlıq işləri parlaq müvəffəqiyyətlər qazandı və əgər düşmən üzərində tam qələbə ilə nəticələnmədisə, bunun səbəbi qətiyyən topçulardan asılı deyildi.

Qərb cəbhəsinin baş komandanı Əliağa Şıxlinski rəhbərliyi altındakı 10-cu ordu topçularının əməliyyatı haqqında belə yazmışdı:

"Topçu hazırlığı başlandı, müharibənin üç ili ərzində mən topçuların bu qədər gözəl bir əməliyyatını görməmişdim. Qoşunların ruhu yüksəlməyə başladı. Hətta topçulara çox böyük tələblər verən piyada da razı qalmışdı. 38-ci korpusda piyada topçu hazırlığını tamamilə bitirmiş hesab edib, hətta onu davam etdirmək təklifindən əl çəkdi… Hissələr hücuma keçdilər, onlar batareyalarına çatdılar, düşmən toplarının nişangahlarını götürüb gətirdilər…"

Əliağa Şıxlinskinin "Xatirələrim" i son dərəcə maraqlı və ibrətlidir. Bunu böyük vətənimizin geniş oxucu dairələrinə tövsiyə etməli, Qızıl Ordunun komanda heyəti onunla tanış olmalı, topçular isə onu öyrənməlidirlər.

Əliağanın aldığı hərbi tərbiyə, təhsil, rus ordusunda xidməti, şanlı döyüş fəaliyyəti və keçdiyi yol elə bir həyat nümunəsidir ki, öz Vətəninin şərəf və namusu, azadlıq və istiqlaliyyətini qorumaq kimi müqəddəs bir vəzifəyə layiq olmaq istəyən hər bir kəs ondan nümunə götürməlidir.

Yevgeni Barsukov,
Dövlət mükafatı laureatı, general-mayor, hərb elmləri doktoru, professor
Moskva, noyabr 1943-cü il

Xatirələrim

Mən, ümumiyyətlə, xatirat yazmağa mənfi münasibət bəslədiyim üçün heç vaxt xatirat yazmaq fikrində olmamışam. Xatiratı, adətən böyük dövlət adamları və siyasi xadimlər yazırlar ki, öz iş və əməllərini haqlı göstərsinlər. Onlar öz xatiratlarını, söz yox, birtərəfli və müəyyən məqsəd üçün yazır, bütün müvəffəqiyyətləri öz adlarına çıxıb, uğursuzluqların səbəbini isə düşmənlərinin üzərinə atırlar. Xatiratın ikinci növü də var ki, bunları, həyatlarını ibrətli hesab edərək öz nəslinə öyüd vermək istəyən adamlar yazarlar. Mənim belə bir niyyətim də olmamış və heç bir qeyd-filan aparmamışam. Lakin 1942-ci ilin axırlarında SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı mənə xatiratımı yazmağı tapşırdı. Belə ali bir müəssisənin tapşırığından boyun qaçırmağa özümü haqlı bilmədiyim üçün tərcümeyi-halımı hafizəmdə canlandırmağa çalışdım.

Mən xatiratımda öz bacarıq və nailiyyətlərimi nə şişirtməyə, nə də bunların qiymətini əskiltməyə çalışmamışam: mənim keçdiyim xidmət yolu bir çox cəhətdən qiymətli və maraqlıdır. Lazım gəldikdə, mənim haqqımda səlahiyyətli şəxslərin fikirlərini olduğu kimi ifadə etməyə çalışmışam.

Artıq çox qoçalmışam. Gözlərim pis görür, öz xatirələrimi bir-bir söyləyib başqasına yazdırmağa məcburam. Bəzi hadisələr, bəlkə də, çox mühüm hadisələr, ola bilsin ki, gözümdən qaçmış olsun, lakin onların təhrifinə yol verməmişəm.

I fəsil
Ailə və məktəb

Mən 1863-cü il martın 3-də Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzası Qazaxlı kəndində anadan olmuşam. Kiçik bir mülkədar olan atam İsmayıl Ağa Əli Qazax oğlu Şıxlinski, əsli 1537-ci ildən başlayan igid bir nəslə mənsub idi. Bizim ulu babamız Ağdolaq Məmməd ağa Qazax qəzasına Şamxordan köçüb gəlmişdi. Onun iki oğlu var idi: böyük oğlu Şıxı – çox ağıllı və sakit, kiçiyi Əli Qazax2 – çox igid, amma dəlisov bir adam idi. Mən Əli Qazaxın nəslindənəm. Böyük oğul olan Şıxlının övladları sonralar Kür axarından 30 verst yuxarıda, Tiflis yaxınlığında məskən salaraq, burada üç kənd yiyəsi oldular: bunlara Şıxlı deyə, ümumi bir ad verilmişdi. Kiçik oğlu Əli Qazaxın övladları isə indiyədək öz köhnə yerlərində yaşayırlar. Böyük oğlundan olan övladlar Şıxızadə familiyasını aldılar, kiçik oğlundan olan bizim nəsil isə Əli Qazax oğlu familiyasını qəbul etdi. Azərbaycan könüllü surətdə, Rusiya tərkibinə daxil olduqdan sonra bütün yerlilər özləri üçün rus familiyalarına bənzəyən familiyalar qəbul etməyə başladıqda, bizim nəslin hər iki qolu Şıxlinski familiyasını qəbul etdi.

Anam Şah Yəmən xanım (Qayıbova) Azərbaycanın məşhur şairi Molla Vəli Vidadinin nəvəsidir. Atam yalnız qəzada deyil, bütün quberniyada məşhur bir adam idi. Bütün uşaqları (on bir uşağı var idi ki, onun da on birincisi mən idim) ona böyük hörmət bəslərdilər, bununla belə, çox ağıllı və son dərəcə sakit və mülayim bir qadın olan anamız ailənin əsl başçısı idi, bunu hamımız yaxşı bilirdik. Atamız çox tündməcaz bir adam idi, anamız isə onu həmişə sakit edə bilirdi. O dövrdə, yəni ərin yumruğu Azərbaycan qadınının başı üstündən əskik olmadığı bir dövrdə mənim anam əri ilə keçirdiyi qırx beş illik ömürdə ondan bir kəlmə belə ağır söz eşitməmişdi. Atamın yaxın qohumları anama çox böyük hörmət bəslər-dilər.

Şıxlinskilərin nəslindən o zamana görə bir çox alimlər yetişmişdir. Onların arasında şairlər də olmuşdur ki, bunların ən yaxşısı Salik təxəllüslü Kazımağa3 idi. Savadla arası olmayan bizim nəsil isə öz cəngavərliyi, tündmə-cazlığı ilə tanınırdı. Qəzada bizi "Dəli qazaxlı" adlandırırdılar. Əli Qazax oğlu nəsli içərisində birinci savadlı adam mənim atam idi. Şıxlinskilər nəslində Avropa üsulu ilə tam təhsilli birinci adam isə mən olmuşam.

Atam rus dilini bilməzdi. Məndən 25 yaş böyük olan qardaşım çar konvoyuna4 göndərildi. Atamdan aldığı pulları o, o biri konvoyçular kimi kefə deyil, oxumağa sərf edərdi. O, özünə müəllim tutub rus dilini öyrəndi: üç ildən sonra o zamankı asan proqramlar üzrə zabitliyə imtahan verdi və süvari korneti5 adını aldı. Halbuki, onun yoldaşları ancaq bir ildən sonra milis praporşiki6ola bilmişdilər. Məndən 22 yaş böyük olan ikinci qardaşım az savadlı olub, rusca pis danışırdı. O biri qardaşlarım isə uşaqkən ölmüşdülər.

Mənim barəmdə atamın fikri daha geniş idi. Onun niyyəti mənə Avropa üsulunda təhsil, həm də mütləq, hərbi təhsil vermək idi. Bu məqsədlə məni Tiflisə, anamın əmisi oğlu Mirzə Hüseyn Qayıbovun7 (doktor Bahadur Qayıbovun8 atasıdır) yanına göndərdi. Ata-anam həmişə kənddə yaşadıqlarına görə, mən tamamilə Mirzə Hüseynin himayəsinə keçdim və sonrakı tərbiyəm bütünlüklə onun əlində oldu. Bu adamın nəsihətləri və örnək ola biləcək şəxsi həyatı mənə o qədər böyük təsir bağışlamış və mənim xasiyyət və dünyagörüşümdə o qədər dərin iz buraxmışdır ki, mən hər cəhətdən diqqətəlayiq olan bu şəxsiyyət barəsində qısa da olsa, məlumat verməyi lazım bilirəm.

Mirzə Hüseyn Qayıbov 1830-cu ildə Qazax rayonunun Salahlı kəndində Yusif Qayıb oğlu adlı yoxsul bir kişinin ailəsində anadan olmuşdur. Altı yaşında ata-anadan yetim qalan Yusifi əmisi İbrahim Əfəndi Qayıb oğlu öz himayəsinə götürür. 17 yaşına çatdıqda o, balaca uşaqlara dərs verməkdə öz müəlliminin köməkçilərindən biri olur. Zaqafqaziya müftiliyinə yeni təyin olunmuş Məhəmməd Əfəndi Müftizadə (Vidadov)9, təftiş üçün Qazax qəzasına gəldiyi zaman, Hüseyndən dərs alan uşaqların müvəffəqiyyətləri onun diqqətini cəlb edir. Müftinin himayəsi altında Tiflisdə rus-tatar məktəbi açıldıqda, o, Hüseyni bu məktəbdə Şərq dillərindən dərs deməyə çağırır. Hüseyn Tiflisə gəlir və burada biliyini artırıb, tez bir zamanda fars və ərəb dillərini eləcə də bütün fars ədəbiyyatını və ərəb dilində yazılmış elmi kitabları dərindən öyrənir. Onun rus dili müəllimi Baş qərargahın kapitanı Nikolay Qriqoryeviç Stoletov10 idi. Stoletov özü isə şagirdindən Azərbay-can dili öyrənirdi. Bu bir-birinə dərs vermə üsulu istəni-lən nəticəni verirdi. Mirzə Hüseyn rus dilini, N. Q. Stoletov isə Azərbaycan dilini mükəmməl öyrənmişdilər. 1908-ci ildə mən Sarskoye Seloda olduğum zaman piyada generalı, Hərbi Şuranın üzvü N. Q. Stoletovla görüşdükdə, o hər dəfə mənimlə saf Azərbaycan dilində danışırdı.

Yetmişinci illərdə Zaqafqaziya müftisi yanında "Zaqafqaziya sünni məzhəbi idarəsi" adlı bir müəssisə təsis edilmişdi. Mirzə Hüseyn Qayıbov bu müəssisənin katibi təyin olundu. Bu vəzifə ruhani vəzifə deyildi. Bu ondan anlaşılır ki, şiə məzhəbi idarəsində olan eyni vəzifəni Kostin familiyalı bir rus daşıyırdı. Hər cür şəriət işləri bu idarədən gəlib keçdiyindən, Mirzə Hüseyn Qayıbov şəriəti incədən-incəyə öyrənmiş və bu qərara gəlmişdi ki, şəriəti bir çox cəhətdən təhrif və ona bir çox şeylər əlavə etmişlər.

1879-cu ildə Qori şəhərindəki Zaqafqaziya müəllimlər seminariyasında11 müsəlman (Azərbaycan) şöbəsi təsis edildi və Mirzə Hüseyn burada Şərq dilləri müəllimliyinə dəvət olundu. 1881-ci ildə Zaqafqaziya müftisi vəzifəsinə seçildi. Bu vəzifəni qəbul edərkən o demişdi ki, "Mən heç bir vaxt ruhani olmamışam və heç bir vaxt dini ayin icra etməmişəm və bundan sonra da etməyəcəyəm, lakin mə-nə təklif edilən vəzifəni qəbul edirəm, çünki bu vəzifədə xalqıma daha böyük fayda verə biləcəyimi güman edi-rəm". O, öz xalqının nicatını Avropa maarifi və mədə-niyyətində görürdü. Xalq kütlələrini mədəniyyətsizlik səviyyəsində saxlayan mürtəcelər elm və mədəniyyət sa-hibi olmaq istəyənlərə mane olurdular. Buna baxmaya-raq, təhsil arzusunda olan yüzlərlə gənc Hüseyn Əfəndi Qayıbovun köməyi ilə öz arzularına nail ola bilmişdi.

Hüseyn Əfəndi, xüsusən müsəlman qadınlarının təhsil alması, onların azad edilməsi və çadralarının atılması uğrunda mübarizə edirdi. O, sübut edirdi ki, şəriət bunların heç birini qadağan etməmişdir. Bu cəhətdən birinci olaraq o, özü nümunə göstərdi: cavan və çox gözəl bir qızla evlənib, onu çadraya bürümədi və kişilərdən gizlətmədi, əksinə olaraq kişilərlə bir yerdə "Müsəlman cəmiyyəti-xeyriyyəsi" ndə iştirak etməsinə icazə verdi. Öz oğlanlarına ali təhsil verdi, hər iki qızını isə Zaqafqaziya Nücabə Qızlar institutuna qoydu. Həmin institutu onlar yüksək mükafatla bitirdilər. Müftinin böyük qızı, mənim arvadım, institutu 1889-cu ildə bitirmişdi: bu elə bir dövr idi ki, müsəlmanların gözüaçıqları belə, çox nadir hallarda öz qızlarını rus məktəblərinə verirdilər.

O, millətçilik zehniyyətlərindən tamamilə uzaq idi. Öz xalqını sevməklə bərabər, başqa xalqlara qarşı əsla kin və ədavət bəsləməzdi. Etiqadlı bir müsəlman olmaqla yanaşı, başqa dinlərə də ehtiram edərdi: rus, gürcü və erməni ruhaniləri arasında dostları az deyildi.

Mirzə Hüseyn Qayıbov, Mirzə Fətəli Axundovun çox yaxın dostu idi. O, ərəbcə kitab və təzkirələri oxumaqda Mirzə Fətəliyə kömək edərdi, çünki ərəbcəni o, Mirzə Fətəlidən daha yaxşı bilirdi. Ədəbiyyatı çox sevdiyindən "Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuə" tərtib etmişdir.

Tiflisə çatan günün sabahısı Mirzə Hüseyn məni o zaman çox məşhur olan Ter-Akopovun xüsusi gimnaziyasına apardı və gimnaziyanın direktoru Semyon İliç Monastırsevə təqdim edərək gimnaziyaya qəbul edilməyimi ondan xahiş etdi. Direktorun mənim haqqımda, "Nə bilir?" sualına, "Əlifbanı bilir, birtəhər sayır. Rusca iyirmi-otuz söz bilir, amma onları cümlə şəklinə salmağı bacarmır" – deyə cavab verdi. Direktor mənim üzümə (on iki yaşım olduğuna baxmayaraq, bədəncə çox iri uşaqdım) diqqətlə baxaraq dedi:

– Bəs, onu biz harada oturdaq?

Mirzə Hüseyn cavab verdi:

– Harada istərsiniz oturdunuz, iki aydan sonra o, bütün yoldaşlarını ötüb keçəcəkdir.

Onda direktor mənə Azərbaycan dilində cürbəcür suallar verməyə başladı. Onun bütün suallarına mən çox cəld cavab verdim, sonra o mənə şifahi məsələlər verməyə başladı və bunları getdikcə çətinləşdirərək üçhədli rəqəmlərə çatdırdı. Hesabı hərçənd heç kəs mənə öyrətməmişdi, amma buna baxmayaraq, bu məsələləri mən çox tez və düzgün həll etdim. Direktor bunu gördükdə söylədi:

– Onu üçüncü sinifdə oturdarıq.

Bu gimnaziyanın hazırlıq sinfi dörd şöbədən ibarət idi. Dördüncü şöbədə 6–7 yaşlı uşaqlar oxuyur və orada bir il dərsə davam edir, o biri şöbələrin də hər birində uşaqlar bir il oxuyurdular. 1875-ci il noyabrın 17-də mən üçüncü şöbəyə girdim və yoldaşlarımın sinifdə və sinif-dənkənar danışıqlarına diqqətlə qulaq asmağa, bunun sayəsində də tez bir zamanda ruscanı başa düşməyə başladım. İki həftədən sonra ilk dəfə olaraq məndən dərsimi soruşdular, üç həftə keçəndən sonra, dekabrın 23-də uşaqları qış tətilinə buraxarkən, iclas salonunda təntənəli bir şəraitdə direktor elan etdi ki, əla oxuduğuna görə Şıxlinski ikinci şöbəyə keçirilir.

İyun ayında ümumi imtahanlar vaxtı mən təqdirnamə ilə hazırlıq sinfinin yuxarı şöbəsinə keçirildim. Beləliklə, mən rus dilini bilən şagirdlərin iki il ərzində keçdikləri yolu böyük bir müvəffəqiyyətlə yeddi ayın içində keçdim.

1876-cı ilin avqust ayında Tiflis hərbi gimnaziyasının birinci sinfinə girmək üçün imtahan verib, dərslər başlanana kimi kəndimizə getdim. Burada qıçımı sındırdım, buna görə də dərslərə gecikdim. Sentyabrın 1-nə kimi bütün yoldaşlarım yığışmışdılar, mən isə ancaq oktyabrın 11-də sinfə girdim. Oktyabrın 31-də birinci semestrin qiymətləri elan edildikdə sinifdə birinci yeri tutdum: kursu bitirincəyə qədər həmişə birinci oldum. Lakin mən adi birincilərdən, yəni dinc, sakit, çalışqan, həmişə əlində kitab olan, yoldaşlarının lağa qoyub "əzbərçi" adını verdikləri şagirdlərdən deyildim. Əvvəl bütün siniflərdəki şagirdlərin hamısından güclü idim, ikincisi, bədəncə çox iri olmağıma baxmayaraq, çox qıvraq və çevik olub qaçmaqda və hoppanmaqda da birinci idim: alt dodağım hündürlüyündə çəkilmiş ipin üstündən tramplinsiz atdanırdım. Nə gimnaziyada, nə də sonralar məktəbdə, Vladimir Karqanovdan başqa heç kəs belə hündürlükdən mənim kimi atdana bilməzdi.

Axşam məşğələlərində mən öz dərslərimi bir saata, saat yarıma hazırlayar, qalan vaxtımı isə geridə qalan yoldaşlara kömək etmək üçün sərf edərdim. Onlar üçün çətin olan məsələləri həll edər, qrammatika, xüsusən əcnəbi dillər qrammatikası qaydalarını onlara başa salar, lakin dəftərimin üzünü köçürməyə heç bir vaxt ixtiyar verməzdim.

Mənim üzügülər olmağım və yoldaşlarıma qarşı olan münasibətim onları daha da mənə yaxınlaşdırırdı. Onlar mənə yalnız dostluq hissi deyil, habelə hörmət də bəslər və rəyimlə hesablaşardılar.

Mən yeddinci sinifdə oxuyarkən, ancaq buraxılış imtahanlarını verdim. Bir sinifdən o birinə keçdikdə isə illik imtahanları adətən verməzdim. Hər il mayın əvvəlində mən dərsdən buraxılar və ata-anamla yaylağa gedərdim. Kadet korpusu12 adını almış gimnaziyanı 1883-cü ildə həm də bütün dərslərdən tam 12 bal almaqla bitirdim (o zaman hərbi məktəblərdə on iki ballıq üsulla qiymət verilirdi).

1883-cü il sentyabrın 1-də Peterburqdakı Mixaylov topçuluq məktəbinə daxil oldum. Buraya bütün kadet korpuslarından ən yaxşı, ən seçilmiş tələbələr toplanmışdı, lakin buna baxmayaraq, burada da ilin birinci yarısında birinci oldum. Sonralar isə başım paytaxt həyatına, teatr, konsert və başqa əyləncələrə qızışdığı üçün dərslərimə o qədər də vaxt ayıra bilmədim. Lakin bununla belə yenə də birincilər sırasında qalmaqda davam edirdim. Gimnaziyada olduğu kimi, burada da öz çevikliyim və diribaşlığımla başqalarından ayrılaraq, özümü yaxşı bir idmançı və at minicisi kimi göstərdim.

Məktəbimizin müəllimləri o zamanın məşhur şəxsləri idilər. Buna görə də, onların haqqında bir neçə kəlmə danışmaq istəyirəm. Akademiya və məktəb siniflərinin müfəttişi professor Lev Lvoviç Kirpiçev idi. O, gözəl bir kitab yazmışdı. Bu kitab elə bir dildə yazılmışdı ki, ən küt adam belə mexanikanı, ballistikanı və topçuluğun ümumi kursunu bu kitabdan özbaşına öyrənə bilərdi. Buna görə də, o, sinifdə mühazirə oxumayıb, laboratoriya-kompleks üsulu ilə dərs deyərdi.

Dərslərin birində Kirpiçev bizə söyləmişdi ki, indiki Rusiya torpağında ilk rəsədxana Pulkovda deyil, Səmərqənddə təsis edilmişdir və bu rəsədxananın banisi Teymurləngin nəvəsi böyük alim Uluğbəy13 olmuşdur. Professor şagirdləri lövhəyə çağırdıqda, çalışardı ki, verdiyi sualların cavabını şagirdlər özləri tapsınlar; məsələn, Avropada birinci olaraq cib saatının harada çıxdığı sualına bütün şagirdlər, "Cenevrədə" – deyə cavab verirdilər. Müəllimimiz isə başa saldı ki, Avropada ilk dəfə cib saatından Böyük Karl istifadə etmişdir. Ona isə bu saatı Bağdad xəlifəsi Harun-Ər-Rəşid14 bəxşiş göndərmişdir.

Müəllimlərimiz arasında məşhur texnologiya professoru Qadolin15, sonralar bütün dünyada şöhrət tapmış ballist general-mayor Mayevski, gözəl kimyaçı general Fyodorov, fizik general Usov və bir çox başqaları da var idi.

Bunların hamısının şəxsən mənə çox böyük təsiri olmuşdur. Onların keçdiyi dərslərin faydasını da görür, bunlardan müəyyən zövq alırdım.

O zaman topçuluq məktəbləri kursuna ehtimal nəzəriyyəsi daxil deyildi, bu elmi ancaq akademiyada keçirdilər, lakin mən üçüncü sinfə keçdiyim zaman orta sinif proqramının ehtimal nəzəriyyəsi və onun top atışına tətbiqi elmini daxil etdilər. Bu elmdən sonralar topçu generalı olan professor Nikolay Aleksandroviç Zabudski16dərs deyirdi. Zabudski bu elmə dair qeydlər tərtib etmiş və bunları litoqrafiya üsulu ilə çap etdirmişdi. Mən öz təhsilimdə nöqsan olmasın deyə, bu qeydləri götürüb ehtimal nəzəriyyəsini öz-özümə öyrəndim.

Məktəbdəki məşğələlərdən başqa mən öz biliyimi artırmaq üçün başqa yerlərdə keçirilən bir sıra mühazirələrə də gedirdim. Məsələn, o zaman gənc general olan Kuropatkinin17 mühəndislər akademiyasının zabitləri üçün oxuduğu "Türkiyə müharibəsində Skobelev18 dəstəsinin əməliyyatı" mövzulu mühazirəsinə qulaq asdım. Sonra mən Baş qərargah rəisi general Draqomirovun19, rus ordusunda yenicə tətbiq olunan səhra topları haqqında və məşhur professor Sezar Kyüinin20 qala qarnizonunun sayı haqqında mühazirələrində və s. oldum. Yeri gəlmişkən deyim ki, Sezar Kyüi, eyni zamanda, məşhur bəstəkar idi. Zabitlər çox vaxt "topçular arasında ən yaxşı musiqiçi və musiqiçilər arasında ən yaxşı topçu" deyə onunla zarafat edərdilər.

Məktəbi mən 1886-cı ildə bitirdim, dərslərdə müvəffəqiyyət qazandığıma görə, pul mükafatı, atçapma yarışında birincilik qazandığıma görə də, qızıl saat aldım. Mən podporuçik rütbəsi alaraq 39-cu topçu briqadasına göndərildim.

II fəsil
Zabitlik xidmətimin birinci on üç ili

Mənim bütün xidmətim əvvəldən axıra kimi əla qiymətlə keçmişdir. Çatışmayan cəhətim ancaq ondan ibarət idi ki, mən akademik təhsil almamışdım. Bunun tamamilə şəxsi mahiyyətli bir səbəbi var. Mən gəhgir at kimi irəli atılaraq, gəncliyə xas olan bir təşəxxüslə: "Mən həyatda öz yerimi akademiyasız da tapa bilərəm" qənaətinə gəlmişdim. Heç xatirimdən çıxmaz, zabit olaraq xidmətə başlayandan on il sonra, 1897-ci ildə 20-ci topçu briqadasının baş hakimi doktor Zelenski mənə belə bir sual verdi:

– Bu cür istedadınız olduğu halda, niyə siz akademiyaya getmədiniz?

Bunun cavabında mən:

– İş belə gətirdi, – deyə cavab verdim.

Bu söhbət əsnasında yanımızda olan general Baumqarten dedi:

– Akademiyanı neyləyir, akademiya onun başıdır.

Doktor onunla razılaşmadı və sözünə davam edərək:

– Buna mənim heç bir şübhəm yoxdur, lakin ola bilər ki, vaxtı gələndə bəzi vəzifələr ancaq akademik təhsili olan zabitlərə verilər; onda başa deyil, kağıza baxarlar və o, kənarda qala bilər, – dedi.

General buna etiraz edərək, cavab verdi:

– O, heç bir vaxt geridə qalmayacaq, həmişə qabaqda gedəcəkdir.

Bu sözlərdən mən xeyli xoşhal oldum və vaxtilə dəliqanlılıqdan söylədiyim sözlərin o qədər də əsassız olmadığını anladım.

Xidmətimin birinci ilində məni təlim komandasına müəllim təyin etdilər və beş ilin ərzində mən hər il feyer-vergerliyə21 yaxşı hazırlanmış adamlar buraxdım. Bundan sonra daha beş il həmin komandanı idarə etdim.

1896-cı ildə briqadanı təftiş edən dairə topçu rəisi general-leytenant Baumqarten (topçuluq məktəbinin keçmiş komandiri) mənim komandamı gözdən keçirərkən, briqada komandiri knyaz Ximşiyevə göstərib dedi:

– Bu zabit çox ağıllı adamdır, onu sənə təqdim edirəm.

Knyaz Ximşiyev cavab verərək dedi:

– Siz onu yunkerlikdə22 görmüşsünüz, biz isə on ildir ki, onun zabitliyini görür və onu lazımınca qiymətləndiririk.

Bu təftişin nəticələri haqqında vermiş olduğu əmrnaməsində rəis təlim komandasını tənqid edərək axırda belə yazırdı: "Göstərilən komandaların əksinə olaraq, 39-cu topçu briqadasının təlim komandası sevindirici bir vəziyyətdədir…"

Sonra o, öz əmrində komandamın başqa komandalara olan bütün üstünlüklərini göstərib, mənə təşəkkür elan edirdi.

1895-ci ildə mənim doğma qardaşım oğlu, cavan zabit23 bizim briqadaya keçdi. Topçu rəisi general-leytenant Parçevski dedi ki, rəislər bu zabit haqqında göstəriş vermək vəzifəsindən azaddırlar, çünki onun üçün əmisi Əliağa Şıxlinski kimi bir örnək vardır.

Bir dəfə korpus komandiri, general, knyaz Amilaxvari öz keçmiş döyüş yoldaşı olan mühəndis Qerşelmanın qızlarına baş çəkmək üçün Bakıya gəlmişdi. Söhbət əsnasında qızlardan biri ona, həmin briqadada onların yaxın tanışı Şıxlinskinin xidmət etdiyini söylədikdə, korpus komandiri, "Əliağanımı deyirsiniz?" – deyə soruşmuşdu. Poruçikin adını necə olubsa, yadında saxladığına təəccüb edən qıza general: "Şıxlinski kimi bir zabiti böyük rəis heç bir vaxt yaddan çıxarmamalı və onu yaxşı tanımalıdır" – deyə söyləmişdi.

Knyaz Amilaxvari bir dəfə cəbhəni gəzərkən mənimlə salamlaşaraq nə üçün öz atımı minmədiyimə təəccüb etdi. Mən ona cavab verdim ki, mənim atım gümüşü, top atları isə qaradır. Buna görə də, mən rəislərin qabağına bu cür atda çıxmağa cəsarət etmədim. Onda knyaz mənə dedi:

– Sizdən xahiş edirəm ki, bütün nümayişlərə, o cümlədən, ali rəislər üçün düzəldilən nümayişlərə mənim əmrimə əsaslanaraq öz gözəl atınızda çıxasınız.

Xidmətimizin birinci ilində qayda belə idi ki, evdə həll etmək və bütün sənədlərlə bərabər korpus topçu rəisinin idarəsinə təqdim edilmək üçün zabitlərə taktiki məsələlər verirdilər. Verdiyim birinci məsələ parlaq surətdə həll edildi, korpus üzrə mənə təşəkkür elan edildi.

Lakin irəliləməyim üçün bütün bu tərif və təşəkkürlərin o qədər də əhəmiyyəti yox idi: heç bir təşəkkür və tərif almayan bütün başqa topçu zabitləri kimi, mənim də irəliləməyim çox ağır gedirdi, çünki topçu hissəsində rütbə vermək işi ciddi bir növbəyə tabe tutulmuşdu. 39-cu topçu briqadasında yaxşı işlədiyimə görə, iki orden: III dərəcəli Stanislav və III dərəcəli Anna ordenləri almışam.

Atda gəzməyi çox sevdiyim və ata yaxşı bələd olduğum üçün bütün boş vaxtımı at üstündə keçirərdim. At qaçdığı zaman onun üstündə durub cürbəcür oyunlar çıxarmaqla, öz yaşıdlarıma və kiçik yoldaşlarıma böyük təsir bağışlardım. Məndən xahiş edirdilər ki, onlara yaxşı at sürməyi öyrədim. Kapitan Buxovski də belə bir xahiş ilə mənə müraciət etdi, çünki o, zabitlik məktəbinə göndəriləcəyini bilib qabaqcadan buna hazırlaşmaq istəyirdi. O, istədiyim qədər zəhmət haqqı verəcəyini söylədikdə, ona etiraz edib dedim ki, Konstantin Vasilyeviç, siz mənim böyük qardaşımsınız və məni özünüzə müəllim seçməklə mənəvi haqqımı ödəmiş olursunuz, maddi haqdan isə tamamilə imtina edirəm. Kapitan fitrətən o qədər də istedadlı deyildi, lakin buna baxmayaraq, nəhayət, məktəbə daxil oldu.

1895-ci ildə rus topçu hissələrində divizionlar tətbiq edilmişdi. Qafqaz dairəsində isə bu sistemə hələ keçməmişdilər. Birinci və ikinci batareyanın komandirləri Rusiyadakı divizionlara təyin olunaraq oraya getdilər. Sonra birinci batareyaya çox yaxşı və elmli bir qərargah zabiti gəldi. Lakin bu adam üçün müddət nizami hissələrdə olmadığından bu cəhətdən bir qədər geridə qalmışdı. İkinci batareyanın komandirliyinə İvanoviç təyin edildi. O, belə bir qərara gəldi ki, ikinci batareya, hər cəhətdən birinci yeri tutan birinci batareyanı ötüb keçməlidir. Lakin birinci batareyanın yeni komandiri məndən xahiş etdi ki, doğma batareyamı unutmayıb təlim işini öz əlimə alım. Təlim komandası müdiri vəzifəsində həftədə iki dəfə Calaloğlundan24 Gərgərə25 gedirdim. Bizim batareya orada dururdu və mən hər dəfə top, vzvod və batareya ilə təlim keçirdim. Bu iş bütün qışı davam etdi.

Yayın əvvəlində komandirim başqa yerə təyin edildiyindən, müvəqqəti olaraq (8 ay) onun yerini dolandırdım. Bu müddətdə batareya nizam cəhətdən nəinki zəifləşmədi, əksinə, daha da intizamlı oldu. Bu hal İvanoviçin xoşuna gəlmədi, o, üzdən bunu hiss etdirməməyə çalışaraq mənimlə çox soyuq dolanmağa başladı.

Yayda bizim batareya divizion komandirinin komandası altında təlim meydanında məşqə çıxdı. Bu kimi topçu məşqləri Qafqazda yeni bir iş olduğundan bütün düşərgə zabitləri bu məşqdə iştirak edirdilər. Mənim batareyam sağ cinahda dururdu. Batareyaya hədəf olaraq bir piyada dəstəsi göstərilmişdi. Üçüncü atışda mən bu dəstənin tən ortasını vurdum. Sonrakı atışlarımda bir neçə hədəfi də dağıtdım. Divizion komandiri atəşi dayandırmaq əmrini verdi və şərti olaraq göstərdi ki, piyada dəstəsi dağılmış və çala-çuxurda gizlənmişdir.

Sonra mənə ikinci bir tapşırıq verildi: "Hədəfimizin sol tərəfindən səngərlərdə gizlənmiş, gözlə seçilə bilməyən düşmən batareyası vardır. Onu tapıb atəşə tutun". Bu batareyanı adi gözlə heç kəs görmürdü. Mən durbinlə baxıb onu tapdım və vzvod komandirlərinə göstərdim; halbuki batareyanın ən iti gözlüsü hesab olunan tuşlayıcılar hədəfi qətiyyən görmürdülər. O zaman toplarımız köhnə toplar idi. Bunlarda atış vaxtı müstəqim xətdən qeyri-müstəqim xəttə keçməyə imkan verən nişangahlar yox idi, buna baxmayaraq, mən atəş açdım və ata-ata hədəfi tapıb vurmağa başladım. Çox keçmədi, atəşi dayandırmaq əmri gəldi.

Məşq qurtardıqdan sonra düşərgə rəisi knyaz Ximşiyev başda olmaqla hamı müzakirəyə yığışdı. Əsas məsələ gizlədilmiş düşmən batareyasına atəş açmaq idi. Düşərgə rəisi məndən soruşdu:

– Siz hədəfi görürdünüzmü?

Mən cavab verdim:

– Adi gözlə hədəfi heç kəs görmürdü, mən və vzvod komandiri isə durbində gördük. Tuşlayıcılardan heç kəs hədəfi görmürdü.

– Bəs atəşi necə açdınız? – sualına mən:

– Bu hədəfin dalında geniş yaşıl əkin tarlası vardır, bu yaşıl zəmi üzərində tez yetişmiş buğda sünbüllərindən ibarət açıq-sarı bir dairə görünməkdədir. Mən tuşlayıcıya əmr verdim ki, öz topunu bu dairənin aşağı tərəfinə tuşlasın və sonra nişan xəttini qeyd etsin, topların yüksəklik bucağını nişangah üzrə deyil, kvadrat üzrə komanda etdim, – deyə cavab verdim.

Hamı maraqla dinləyirdi, aydın idi ki, atəşin nə cür açıldığını mən söyləməyincəyə qədər, heç kəsin ağlına gəlməmişdi.

Knyaz Ximşiyev üzünü İvanoviçə tutaraq dedi:

– Demək atəş açmaq mümkün idi?!

İvanoviç bərk qızardı və mən dərhal başa düşdüm ki, özümə bir düşmən qazanmışam. Bu hadisə mənim yadımda çox yaxşı qalmışdır, çünki bu, mənim xasiyyətimi göstərən bir hadisə idi. Mən ən çətin vəziyyətdən çıxmaq üçün ən asan yollar tapmağı bacarırdım. Sonra məndən soruşdular:

– Birdən sarı ləkə olmayaydı, onda nə edəcəkdiniz?

Mən cavab verdim:

– Onda da atəş açdırardım, vzvod komandirlərinə əmr verərdim ki, durbini gözlərindən çəkməsinlər və öz toplarından on addım qabağa getsinlər, adamlara da əmr edərdim ki, topların qundağını o vaxta qədər o tərəf-bu tərəfə çevirsinlər ki, lülələri hədəfə yönəldilmiş olsun. Sonra bu vəziyyəti paya ilə nişanlayıb, yüksəklik bucağını yenə də kvadrat üzrə komanda edərdim.

Təlim meydanında təcrübə məşqi qurtardıqdan sonra biz piyada ilə süvarilərin ümumi manevrində iştirak etmək üçün Sarıqamış26 kəndi rayonuna getdik. Burada keçiriləcək yeni məşqlərdən birində belə bir məsələ həll edilməli idi: burada toplanmış qoşunların bir hissəsi 1215 verst o yana, Türkiyə sərhəddinə tərəf getməli və ertəsi günü oradan, guya Qars tərəfdən hücum edən digər hissələrin qabağına çıxmalı idi.

Bizim batareya briqadamızın 3-cü batareyasının yarım batareyası27 və altı batareya axşamdan həmin dəstəyə getmişdi. Birinci batareyada zabitlərdən ancaq mən qalmışdım, çünki iki kiçik zabit at siyahısı tutmaq üçün göndərilmişdi, 3-cü batareyanın yarım batareyasında isə vəzifəcə məndən böyük, biri kapitan Taçalov, o birisi isə poruçik Kolsov olmaqla ikicə zabit vardı. Altı topçu atlı batareyanın bütün heyəti, batareya və üç vzvod komandiri ilə birlikdə əmrə hazır idi.

Səhər manevra günü dəstəmiz çıxış nöqtəsi olan şoseyə toplanmışdı; bizim ordugahdan oraya düppədüz bir yol gedirdi, ordugahın lap qabağında isə sərt, lakin qısa bir eniş var idi; lap bir dərə içərisindən keçən bu enişin uzunluğu bir verst olardı. Mən sübh tezdən atla bütün dərəni dolaşaraq gördüm ki, yol yoxdur, dərənin başında isə bir bulaq var və bu bulaqdan daşların arası ilə kiçik bir arx axır. Bu yol çox dar idi. Çay ilan kimi qıvrılıb gedirdi, odur ki, həmişə daşları dolanıb keçmək lazım gəlirdi. Bütün bu çətinliklərə baxmayaraq, öz batareyamızı sağ-salamat buradan keçirmək ümidində idim. Feyervergerlərlə sürücülərə güvənirdim, çünki çox yaxşı təlim keçmişdilər.

Geriyə döndüm, batareyaya baxdım və xatircəmliklə özümə dedim ki, dərəni keçəcəyəm. O biri batareyalar 8-ci topçu batareyası kimi ağır bir batareyanın dərə ilə getdiyini görüncə, dolama yol getməyi özləri üçün ar bilərək mənim ardımca getmək qərarına gəldilər. Mən batareyamı bu enişdən başıaşağı sürürdüm. Toplar iki tormozla enirdi. Aşağıda adamlarıma dedim ki, geriyə dönüb baxmasınlar və mən özüm də baxmayacağam. "Qabaqda gedən top mənim ardımca, məndən on beş addım dalda o biri toplar gələcək. Bunlar da ciddi nizamla bir-birindən üç addım deyil, on addım aralı gedəcəklər". Bu qayda ilə biz şoseyə çıxdıq.

İkinci və üçüncü toplar da şoseyə çıxdığı zaman korpus komandiri knyaz Amiracibi bizə yaxınlaşdı. Amiracibi keçmişdə bizim diviziyanın komandanı idi, daha əvvəllər isə Sarıqamışda mənzil salmış Yelizavetpol polkunun komandiri olmuşdu. Buna görə də o, vaxtilə öz ümumi qərargahına tabe olmuş bütün bu həvalini28 çox gözəl tanıyırdı. Amiracibi bütün batareyanın şoseyə gəlib çıxmasını gözlədi və hamı çıxıb qurtardıqdan sonra üzünü yanındakı adamlara tutub dedi:

– Öz gözümlə görməsəydim, bu batareyanın buradan keçdiyini atam özü gəlib söyləsəydi, inanmazdım.

O, batareyaya təşəkkür edib getdi.

3-cü yüngül batareyamızın yarım batareyasını çox gözləməli olduq. Nəhayət, o, qayınağacı çubuqları ilə bağlanmış iki sınıq dişləsilə29 gəlib çıxdı. Altı dişləsindən dördünü sındırmış, atlı batareya da gecikmişdi. Korpus komandiri dedi:

– Təlimdəki fərq görürsünüzmü özünü necə göstərir.

Manevr başlandı. Ümumi sırada biz dala düşdük, atlı batareyanı isə qabağa keçirdilər. Bir qədər sonra məni qabağa çağırdılar. Mən atımı oraya çapdım, korpus komandiri bir dəstə zabitlə burada dayanmışdı: yarım batareya komandiri kapitan Taçalov və atlı batareya komandiri podpolkovnik Belıy da onun yanında durmuşdular. Sağ tərəfdən dəstə getməliydi, bu dəstənin komandiri yanında topçu hissəsinin olmasını arzu edirdi. Dərənin içindən sağ tərəfdə dik bir yoxuş var idi. Bu yoxuşu görən topçu komandirləri batareyanın buraya qalxa bilməyəcəyini bildirmişdilər. Odur ki, məni çağırtdırmışdılar. Korpus komandirinin:

– Batareyanı buraya qaldırmaq mümkündürmü? – sualına:

– Qaldıra bilərəm, – deyə cavab verdim.

Komandir mənə dedi:

– Onda tez olun, öz batareyanızı sürün.

Mən batareyanın dalısınca çapdım və onu qova-qova qabağa keçirdim. Batareya komandasına əmr etdim ki, hər kəs çayda hər əlinə bir daş götürsün və yoxuşda batareyanı dayandırdığım zaman bu daşları onun təkərlərinin altına qoysun, yoxsa toplar yoxuşdan geri diyirlənər, atları da özlərilə çəkib apara bilər. Yoxuşda mən batareyanı üç dəfə dayandıraraq, atlara istirahət verməyə məcbur oldum. Beləliklə, sağ-salamat yuxarı qalxıb meşənin içində düz bir meydançaya çıxdıq, oradan da düşmənin sol cinahını dövrələmək üçün göndərilmiş polkun dalısınca getdik.

Manevra qurtardıqdan sonra mən batareyanı sıx sıralara düzərək ona təşəkkür etdim. Ümumiyyətlə, təşəkkür etmək cəhətdən çox xəsis olduğumdan hamı hiss etdi ki, bu gün həqiqətən, təşəkkürə layiq başqa bir gündür.

Axşam yeməyi, hər əsgərə adətən bir çətvər30 ətlə sıyıqdan ibarət olurdu. Bu gün əmr etdim ki, mənim hesabıma hər əsgərin ət payını yarım girvənkə31 artırsınlar və onlara araq da versinlər. Bunun üçün də, podratçılardan ən əla ət aldım. Yaxşı bir xörək hazırladılar. Mən əsgərlərlə bir yerdə xörək yemək qərarına gəldim və öz masamı yan tərəfdən qoydurdum. Hərə bir qədəh araq içdi, mən isə ömrümdə bir dəfə də olsun araq içmədiyim üçün (onun dadını indiyə kimi də bilmirəm) əsgərlərin sağlığına bir balaca stəkan Kaxeti şərabı qaldırdım. Bu cür yemək, manevradakı fəaliyyətlərinə görə əsgərlərə bir növ təşəkkür idi.

Lager məşğələləri qurtardı və biz qərargahımıza döndük. Bu zaman bizim rəislər bir təlim almışdılar: təlimdə rus sektantları ilə yəhudilərin hərbi qulluğa yararlı olub-olmadıqları və yararlı deyilsələr, həqiqi qulluğa çağırılmayaraq hərbi mükəlləfiyyəti nəqd vergi ilə əvəz etmələrinin mümkün olub-olmadığı soruşulurdu. Divizion komandiri bu suala cavab vermək üçün hər üç batareya komandirinin fikrini soruşdu. Divizion komandiri ilə bir yerdə mənzil salmış podpolkovnik İvanoviç hələ o gün divizion komandirinin yanına gələrək dedi ki, bu məsələ xalis siyasi bir məsələ olduğundan mən buna heç bir cavab verə bilmərəm. Divizion komandiri isə ona etiraz edib söylədi ki, əsgərlərin ən yaxşı tərbiyəçisi və müəllimi olub onların xidmət və hərəkətinə həmişə göz yetirdiyi üçün, onların əsgərliyə yarayıb-yaramadığım ancaq o, yaxşı bilər.

Bir neçə gündən sonra mənim də bu sual haqqında fikrimi bilmək istədilər. Mən millətçilik zehniyyətindən həmişə uzaq olmuşam və öz iş yoldaşlarıma, onların milliyyət və dini əqidələrindən asılı olmayaraq həmişə bir gözlə baxmışam.

Buna görə də, eyni ilə bu cavabı verdim:

– Feyerverger Şileşnikov ən yaxşı kaptinarmus olub ərzaq və ləvazimat anbarını həmişə səliqəli saxlamış, üstündə göz olub-olmadığına baxmayaraq, qulluqda həmişə təmiz, itaətkar və çalışqan olmuşdur. Bombardir Batuyev çalışqan, ağıllı bir əsgər və gözəl bir tuşlayıcıdır. Feyerverger Qalkin son dərəcə nadir tapılan bir furajirdir32.

Bütün furajirlər, hətta öz tareyalarının mənafeyini hər şeydən artıq güdən furajirlər belə həmişə ot tədarükçülərindən "pay" alırlar. Furajirlər evlərinə, adətən yaxşı pulla qayıdırlar. Qalkin isə batareyaya yoxsul gəlmiş və buradan yoxsul da getmişdir. Buna görə də, mənim fikrimcə, namuslu, vicdanlı rus sektantlarından boyun qaçırmaq lazım gəlmir.

Bombardir Koblens və Levit gənc əsgərlərin ən yaxşı müəllimləri olmuşlar. Nalbənd Furman başqa nalbənd-lərin ancaq dəzgahda və ya yerə yıxaraq nallaya bildikləri ən yolagəlməz atları özü öz əlilə nallayırdı. Nişançılıqda bütün düşərgədə birinci mükafatı (gümüş zəncirli ağır gümüş saat) və fəxri general-feldseyxmeyster33 mükafatını ancaq radiusu on üç düymdən böyük olmayan dairəvi dörd qumbara ilə vura bilən topçulara verilirdi. Bombardir-tuşlayıcı Şmul Raqoviç isə dörd qumbaranın dördünü də radiusu 4.2 düym olan dairənin tən ortasına vurmuşdu.

– Mənim fikrimcə, – dedim, – yəhudilərə başqa millətlərdən olan əsgərlər kimi baxılsa və onlar ikinci dərəcəli vətəndaşlar yerində qoyulmasalar, istər sırada, istərsə də sıra xaricində çox yaxşı xidmətçi olarlar, xüsusən müxtəlif emalatxanalarda daha böyük fayda verərlər.

Divizion komandiri bu raportumu alan kimi İvanoviçi yanına çağırtdırdı və ona belə dedi:

– Görürsünüzmü, azacıq işləmiş bir adam cavab vermək üçün söz tapdı, amma siz batareyaya beş il komanda etdiyiniz halda, hər nə deyilirsə, "bilmirəm" – deyə cavab verirsiniz.

Beləliklə, mən bu sözlərdən pərt olmuş İvanoviçin qanını yenə də qaraltmış oldum. İvanoviç divizion komandirinə dedi:

– Şıxlinski özü rus olmadığı üçün belə cavab verir.

Komandir etiraz edərək dedi:

– Xeyr, belə cavabı rus olmayan deyil, müşahidə etməyi və öz müşahidələrindən nəticə çıxartmağı bacaran ağıllı bir adam verər. Bu cavab öz fikrini açıq söyləməkdən qorxmayan namuslu bir adamın cavabıdır.

III fəsil
Uzaq Şərqdə xidmətim və Çin səfəri

Xidmətimin birinci illəri uzaq bir yerdə və mədəni əyləncələr olmadan keçdi. Belə düşərgələrdə zabitlər qumar oynamaq və içki içməklə əylənməyə adət etmişdilər. Topçu zabitlərinin çox ziyalı və başqa hissələrin zabitlərindən çox-çox məlumatlı və mədəni olmasına baxmayaraq, onların da arasında vaxtını içki məclislərində və qumar oynamaqla keçirənlər az deyildi. Qumarla içkidən o qədər zəhləm gedərdi ki, heç vaxt araq içmədim və pulla qumar oynamadım. Bəzən yaxın yoldaşlarım pulsuz qumar oynar və bu oyunu Əliağa oyunu adlandırardılar, mən öz evimdə qonaqlarıma belə, qumar oynamağa icazə verməzdim.

Yeri gəlmişkən, başqa bir xüsusiyyətimdən də bir-iki kəlmə söyləmək istərdim. Mən at idmanı həvəskarıyam. Amma həyatımda bir dəfə də olsun, mərcə-mərc at çapmamışam. At cıdırlarında hansı atın birincilik qazanacağını, demək olar ki, səhvsiz müəyyən etməyimə baxmayaraq, heç vaxt heç kəslə mərc tutmamışam və mərcə bir qəpik də olsun pul qoymamışam.

Bu uzaq yerlərdə mənim yeganə əyləncəm atda gəzmək olmuşdur.

Nəhayət, bu uzaq yerlərdə qalıb qaxsımamaq üçün səyahət etmək, xarici ölkələrə getmək və eyni zamanda 1900-cu ildə açılmış Paris sərgisinə baxmaq fikrinə düşdüm. Havr34 şəhərində gəmiyə minərək Vladivostoka qədər dənizə səyahət etmək mümkün idi. Lakin belə bir səyahət üçün pulum yox idi, buna görə də öz niyyətimi həyata keçirmək üçün Şərqi Sibirə köçmək qərarına gəldim. O zaman bir yerdən başqa yerə köçürülən xidmətçilərə o qədər çox yol pulu və gündəlik xərc verirdilər ki, bu pulla dünyanı iki dəfə dolaşmaq olardı. Ərizə verib Şərqi Sibirə köçürülməyimi xahiş etdim və Uzaq Şərqdən yenicə gəlmiş Baş topçu idarəsi rəislərinin köməkçisi general-leytenant Vasilyevin məsləhətinə görə Nerçinsk35şəhərində düşərgə salmış Zabaykal divizionunu seçdim.

Lakin səyahət üçün qurduğum planlar gözlənilmədən öz mahiyyətini dəyişdi, çünki bu zaman Çində başlanmış "Boksyor üsyanı36 ilə əlaqədar olaraq əmr çıxdı ki, Şərqi Sibirə təyin edilən bütün zabitlər ən geci iki aya öz yeni xidmət yerlərində olmalıdırlar. Buna görə də, mən Moskvada Sibir qatarına minərək on bir gündən sonra İrkutsk şəhərinə çatdım və öz əmim oğlu37 ilə görüşmək üçün burada bir neçə gün ləngidim. Baykal gölünün sahili boyunca dəmir yolu o zaman hələ hazır deyildi. Buna görə də, Baykal gölünün qərb sahilinə çataraq bu gölü gəmi ilə keçdim və şərq sahilində qatara minib mayın ikinci yarısında Nerçinskə gəlib yetişdim.

Buraya gəldiyimdən bir neçə gün sonra səfərbərlik elan edildi və Mancuriya üzərinə hərbi yürüşə hazırlanmaq əmri verildi.

Baş verməkdə olan hadisələrin mənasını mən o zaman hələ başa düşmür və Rusiyanı bu yürüşə vadar edən səbəblərin kökünü bilmirdim. Mən bu yürüşə bir əsgər kimi baxır, lakin Çinin dinc əhalisinə zərər verəcək heç bir əməliyyata yol vermirdim.

Zabaykal divizionu iki batareyadan ibarət idi: birinci batareyaya podpolkovnik Engelman, ikinci batareyaya isə mənim həmyerlim və köhnə tanışım podpolkovnik Səmədbəy Mehmandarov38 komandanlıq edirdi. Mən birinci batareyaya baş zabit vəzifəsinə təyin edildim. İyunun əvvəlində yürüşə başladıq. Sretenskə qədər dəmiryolu ilə getdik. Orada isə çay gəmilərinə mindik. Bunlar üç göyərtəli üç sərnişin gəmisindən ibarət idi. Bu gəmilərə piyada hissələri də mindirilmişdi.

Bütün bu üzücü dəstəyə bizim divizion komandiri polkovnik Şvilin komandanlıq edirdi. Ona əmr edilmişdi ki, Amur çayının sağ sahilində olan Maxo şəhərini tərksilah etdirsin, yoxsa bu şəhər çayda gediş-gəliş üçün təhlükə törədə bilərdi. Başqa bir yol isə yox idi. Çünki bu zaman tikilməkdə olan Şərqi-Çin dəmir yolunu çinlilər sökmüşdülər.

Biz Maxoya çatdıq, onun qarşısında olan və Amur çayının burularaq körfəz təşkil etdiyi sol sahilinə yanaşdıq. Əsgərlərimizə yemək hazırlamaq üçün gətirmiş olduğumuz azuqəni burada gəmilərdən boşaldaraq, təzədən Maxoya hərəkət etdik. Biz danışıq və sülh yolu ilə çinlilərin qoşunlarını oradan uzaqlaşdıra biləcəyimizə ümid edirdik.

Bütün şəhərin evləri rus üsulunda tirlərdən tikilmiş, damları isə kirəmitlə örtülmüşdü. Sahil küçəsində ağ bir ev dururdu. Bu evin qabağında və ümumiyyətlə, bütün sahil boyunca odun yığılmışdı. Gəmi bu ağ evə yaxınlaşdıqda, onun qalaqlarının dalından tüfənglər açıldı. Polk əsgərlərinin hamısı göyərtədə durmuşdu və bu yaylım atəşi altı nəfəri yerə sərdi.

Qabaqcadan verdiyim göstərişə görə, "Qraf İqnatyev" gəmisinin kapitanı (mən bu gəmidə idim) sürətini artırdı və mənim barjımı dəstənin içərisindən çıxardı. Atəş açmağa imkan tapan kimi mən ağ evə bir dəfə atəş açdım. Qumbara evi dəldi və həyətdəki ot tayası və başqa şeylər yanmağa başladı. Alov qızışaraq ucaldı. Bu hadisədən sonra şəhərdə hərəkət tamamilə kəsildi. Biz bütün gəmiləri sahilə yanaşdırdıq və quruya qoşun çıxarmağa başladıq.

Şəhərdə bir insan belə yox idi, həyətlərdə, evlərdə və küçələrdə tapılan şeylərə əsasən yəqin etdik ki, əhali şəhəri tərk etməyə çoxdan hazırmış, çünki evlərdən hər şey çıxarılmışdı: əhali top səslərini eşidən kimi şəhərin yaxınlığında olan dağlardakı sıx meşələrə qaçıb gizlənmişdi. Həyətlərdə və küçələrdə olduqca çox, həm də qiymətli şeylər qalmışdı. Atəşə tutduğumuz ağ ev, bahalı ipək mallar ilə dolu olan bir maqazin imiş. Şəhərin tamamilə boş olduğunu yəqin etdikdən sonra dayanmış olduğumuz İqnaşino kəndinin qarşısındakı körpümüzə qayıtdıq. Axşama az qalırdı və biz burada gecələmək qərarına gəldik.

Ertəsi gün yolumuza davam etdik. Blaqoveşşenskə çayla yaxınlaşmaq mümkün deyildi, çünki şəhər atəş altında olub, mühasirə vəziyyətində idi. Buna görə də biz İqnatyev körfəzində sahilə çıxdıq və atlı sıralarla yolumuza davam etdik. Bir qədər getdikdən sonra şəhərin şimal-qərb ucqarında mənzil saldıq. Bu əhvalat 1900-cü il iyulun 19-da olmuşdu. Həmin gün əmr gəldi ki, şəhərə keçilsin və hava qaraldıqda çinlilərin xəbəri olmadan Amur sahilindəki səngərlər tutulsun. Ertəsi gün – iyulun 20-də saat 11-də qəhrəmancasına həlak olmuş poruçik Rezakın meyiti dəfn edildikdə, fişəng siqnalı ilə Saxalyan şəhərinə üç dəfə döyüş mərmilərilə yaylım atəşi açılmalı idi. Hədəflə aramızda olan məsafəni müəyyən etdikdən sonra hər bir top üçün müvafiq nişangah təyin edib, fişəng siqnalını gözləməyə başladıq. Familiyası rus familiyası olan paruçik Rezak əslində dağıstanlı bir müsəlman idi. O, baş ştab kapitanı Zapolskinin komandası altında bir çox basqınlarda iştirak etmişdi. Onlar kiçik qayıqlarla Amuru keçərək Çin qarovullarına hücum edir və oradan əsirlər və "dil" gətirərdilər. Buraya gəlib çatdığımız günün ərəfəsində də belə bir basqın olmuşdu. Bu dəfə onlar böyük qənimətlə, o cümlədən bir topla, lakin təəssüf olsun ki, Rezakın meyiti ilə geri dönmüşdülər.

Sübh tezdən biz yenə öz düşərgəmizə getdik. Buradan da bir yer tapıb tamaşa və nahar etmək üçün şəhərə getdik. Bizə bir yaxşı aşxana göstərdilər. Bura çox tünlük idi: hamı həyəcanla Saxalyandakı hadisələrdən söhbət edirdi. Özünü mühasirə vəziyyətində hiss edən şəhər əhalisi (çünki nə Amurun yuxarısından, nə də aşağısından bir ay yarım ərzində heç bir gediş-gəliş olmamışdı) indi bizim batareyamızın gəlişi ilə bu mühasirədən qurtaracağı ümidi ilə sevinirdi.

Həmin gün bizə çayı keçməyə hazırlaşmaq əmri verildi. İyulun 20-də gecə Blaqoveşşenskdən bir neçə verst yuxarıda Amur çayının sol sahilinə yanaşdıq. Gecə qaranlıqda piyada hissələr çayı keçdilər, topçular isə dan yeri ağararkən çayı keçməyə başladılar. Bu iş çox uzandığından, boş qalmış Saxalyan şəhərinin yaxınlığında gecələmək qərarına gəldik. Bizim dəstə çayı general Subbotinin komandası altında keçdi. Ertəsi gün iyulun 22-də biz sıraya düzülərək Çin topları ilə irəliləməyə başladıq.

Hər bir kəndə, qəsəbəyə yaxınlaşdıqda bizim ön qarovullarımız seyrək tüfəng atəşi açırdılar. General Subbotin bütün dəstənin açılması haqqında əmr verirdi, buna isə o qədər vaxt sərf olunurdu ki, çinlilər bundan istifadə edib rahatca uzaqlaşa bilirdilər. Qabağımızı kəsən bir ovuc çinli biz irəlilədikcə o biri yaşayış məntəqəsinə çəkilir və orada bizi təzədən atəşə tuturdu.

Çox keçmədən Blaqoveşşenskə dönmək əmrini aldıq. Zabaykal vilayətinin rəisi general-mayor Rennenkampf 400 kazak və S. Mehmandarovun batareyasının iki topu ilə bərabər qabağa getdi, batareyanın o biri hissəsi isə dalda qaldı.

Burada gecələdikdən sonra çayda Blaqoveşşenskə keçməyə başladıq. Batareyamızın axırıncı topu sahilə çıxdıqda, yarım batareyalardan birinin geriyə (Ayquna) qayıtması haqqında əmr aldıq. Yarımbatareyanı yenə də gəmiyə yükləməyə başladılar. Biz sağ sahilə yenicə çatmışdıq ki, güclü yağış başladı. Amurun sahili çox palçıq idi, amma biz yuxarı tərəfdə yaşıl bir meydança tapdıq və mən topları burada yerləşdirdim. Piyada batalyonu meydançada bir qədər geridə yer tutdu. Bu batalyonun komandiri polkovnik Qubastov idi. Biz atları açmağa başlamışdıq ki, polkovnikin adyutantı mənim yanıma gəlib dedi:

– Batareyanın qabaqda qalıb gecələməsi qorxuludur, buna görə də arxa tərəfə keçərək batalyonun yanında durmaq lazımdır.

Yenə də top arabalarından yapışdıq, palçığı basa-basa getmək və batareyanı palçığın içinə sürmək lazım gəldi. Biz çadırımıza getdik. Yağışın arası kəsilmirdi. Yenicə samovarın başına yığışmışdıq ki, yenə də polkovnik Qubastovun adyutantı gəlib dedi:

– Komandir Ayquna hərəkət etməyi sizə əmr edir (bu zaman qaranlıq çökürdü. Ayqun isə bizdən 40 verst uzaqda idi).

– Bu saatmı? Bu axşam vaxtımı?

– Bəli.

Mən tez ata minib polkovniki axtarmağa getdim.

Onu tapıb dedim:

– Cənab polkovnik, məni təzəcə 50–60 addım geriyə çəkmişdiniz, indi isə bu gecə vaxtı düşmən torpağı ilə qırx verst yol getməyimi əmr edirsiniz; qəfildən ola biləcək hücumu dəf etmək üçün mənim yanımda bir neçə nəfər də olsun piyada əsgər yoxdur.

Sonra sual etdim:

– Siz mənə mühafizə dəstəsi verərsinizmi?

– Yox. Mənim bir nəfər də olsun, artıq əsgərim yoxdur.

– Öz əmrinizi geri götürürsünüzmü?

– Yox, götürmürəm.

– Yaxşı, cənab polkovnik, onda mən dediyinizə əməl edəcəyəm. Əgər siz mənə desəniz ki, Rusiyanın xeyri üçün yarım batareyanızı suya batırmaq lazımdır və bunu mənə sübut etsəniz, özüm də başda olmaqla bütün yarım batareyamı Amur çayının dibinə buraxaram, lakin bu hərəkətin lazım olduğunu sübut etməsəniz, mən bir addım da olsa atmayacağam. Buna görə də icazə verin, mən öz yerimə gedim və sizə raport yazaraq, bu barədə yazılı əmr vermənizi xahiş edim. Mən ancaq bu yazılı əmrə əsasən irəli hərəkət edə bilərəm.

O, bir qədər fikrə gedərək dedi:

– Di yaxşı, gecəni burada keçiriniz.

Ertəsi gün biz Ayquna yola düşdük. Podpolkovnik Dalın komandası altında olan yarımbatareya artıq orada durmaqda idi. Biz onunla birlikdə yolumuza davam etdik.

Çox keçmədən xəbər aldıq ki, Zabaykal vilayətinin rəisi Zürə çayında bir çin dəstəsinin üstünə atılaraq xeyli çinli əsgərini qırmış, qalanları isə qaçmışdır. Daha bir qədər getdikdən sonra gecələmək üçün durduğumuz birinci mənzilə xəbər çatdı ki, Rennenkampf çinlilərin səngərlənmiş olduqları Kiçik Xinqan dağının ətəklərinə çatmış və burada baş verən kiçik bir toqquşmadan sonra süvari hissələrsiz və toplarsız irəliləmək mümkün olmadığı müəyyənləşdirilmişdir.

Mənim yarımbatareyam və Mehmandarovun öz komandası altında onun qalan səkkiz topu, habelə Sreten süvari polkunun bütün batalyonları Rennenkampf ilə birləşdilər.

Ertəsi günü səhər Rennenkampf rəisləri aparıb çinlilərlə toqquşma gözlənən yerlə tanış etdi. O, topların yerləşə biləcəyi yeganə meydançanı, habelə, dəstənin müvəqqəti olaraq qərar tutacağı yeri göstərdi. Avqustun 3-də biz alaqaranlıqdan hərbi əməliyyata başlamalı idik.

Sonra biz öz düşərgəmizə qayıtdıq və axşama yaxın yürüşə başlayaraq göstərilmiş yerdə durduq. Saat 2-də kazaklar, Kuban kazak qoşununun sotniki Arsenyev tərəfindən açılmış meşə yolu ilə düşmənin sol cinahının arxasına keçməli idilər. Arsenyev kəşfiyyat apardı. O, bələdçi olmalı, biz isə burada qalıb gecələməli və ancaq sübh saat 4-də hərəkət etməli idik.

Saat tam 6-da hərəkətə başladıq. Üzü bizə tərəf duran Xinqan dağının üstü meşə ilə örtülü, bir qədər aşağı hissəsi isə açıqlıq idi. Dağın bu açıq hissəsində çinlilər dörd mərtəbəli səngərlər qazıb orada oturmuşdular. Biz atlarımızı çaparaq döyüş meydanına yeridiyimiz zaman onlar bizi atəşə tutdular. Atəş nizamsız idi, çünki heç bir şey görünmür və hədəfi vurmaq mümkün olmurdu.

Mənim ardımca Mehmandarovun batareyası hərəkət etdi. Mehmandarov batareyasını gizlətmək üçün arabaları meşəyə göndərdiyi zaman güclü bir partlayış oldu. Demə, çinlilər batareyanın bu yerdən başqa heç bir yerdə dura bilməyəcəyini bildikləri üçün buraya mina basdıraraq onu yaxşıca gizlədiblərmiş. Bu mina dörd atı və iki sürücünü parçaladı. Bu itki bizim yeganə itkimiz oldu.

Biz çinlilərin səngərlərini atəşə tutduq. Çinlilər bir-birinin ardınca öz səngərlərini tərk etməyə başladılar, onlar səngərlər arasından yollar açmışdılar, bu yollar ilə yuxarı qalxıb meşəyə çəkildilər. Çinlilər bizi şrapnel atəşinə tuturdular, lakin bundan heç bir şey çıxmırdı. Şrapnellər başımız üstündə yüksəkdə partlayır, güllələr isə bizi ötüb uzaqlara düşürdü. Nəhayət, bu atəş də kəsildi.

Çox keçmədən dağın başından bizim hissələrin "Ura!" səsləri eşidildi. Biz həmin dağın başına qalxaraq, burada çinlilərin müharibə Allahı olan Lyao-i-e şərəfinə tikilmiş gözəl bir məbəd gördük. Buradaca xərəklərdə və yerdə yaralılar uzanmışdı. Məlum oldu ki, süvari hissəsi ilə kazaklar, ümumiyyətlə, 70 adam itirmişlər. Döyüş bir saatdan artıq çəkmədi. Burada dörd saat dayanmaq, adamlara istirahət və yemək vermək üçün icazə verildi.

Biz bu dörd saatdan istifadə edərək məbədi gəzdik, onun bəzək və zinətlərinə, Ku-anq-pinq və Co-San adlı iki mühafizəçi olan Lyao-i-enin əzəmətli heykəlinə tamaşa etdik.

Ku-anq-pinq bir əlində cam, gülərüzlü, bığsız bir gənc şəklində təsvir edilmişdi. Co-San isə əlində yuxarı qaldırılmış camla sol tərəfdə dururdu. O, saqqallı idi, qaşqabaqlı sifətindən qəzəb yağırdı.

Çinlilər arasında belə bir əfsanə var: Co-San sərkərdə Lyao-i-e-yə çox paxıllıq edirmiş. Bir dəfə Lyao-i-e gecə vaxtı qonaqlıqdan qayıdarkən Con-San onu izləməyə başlayır və nəhayət, xəlvət bir yerə çatdıqda, Lyao-i-e-ni öldürmək üçün əlini qaldırır. Onda Lyao-i-e geriyə dönüb baxmadan, sakit bir səslə ona belə deyir:

– Co-San, mən sənə nə pislik etmişəm ki, mənə əl qaldırırsan?

Co-San qabağa gələrək, üzünü ona çevirib deyir:

– Anlat, görüm, o hansı qüvvədir ki, sənə gözünün qabağında olmayan şeyləri görməyə imkan verir?

Sərkərdə cavabında belə deyir:

– Co-San, adam var ki, ancaq gözlərinin qabağındakı şeyləri görür, lakin adam da var ki, yer üzündə olan şeylər onun üçün göydəki ay üzərində əks olunur.

Co-San öz əməlindən peşman olaraq onun qarşısında diz çöküb deyir:

– Bundan belə mən sənin qulunam, mənə hər nə istəsən edə bilərsən.

Lyao-i-e isə cavabında ona:

– Gəl mənim keşikçim ol, – deyir.

Çinlilər döyüş meydanında altı top tərk etmişdilər, bunlardan dördü 1896-cı ildə Krupp zavodunda hazırlanmış Vitvort sistemli dağ topları idi. Bu toplar unitar39 patron atırdı. Bütün mərmi qutuları və top arabaları patronla yüklü idi. Onlar topların ancaq nişangahlarım götürüb aparmışdılar.

Dörd saata qədər çəkən döyüşdən sonra çinlilər baş götürüb qaçmağa başladılar. Yol tüfəng, patron, üst paltarı və köynək-tumanla örtülmüşdü. Çinlilərin bəziləri, şübhəsiz, çılpaq qaçmışdı. Daha heç bir yerdə bizə müqavimət göstərilmədi.

Zabaykal vilayətinin rəisi Rennenkampf heç bir şey korlamamaq, heç bir şeyə toxunmamaq, azuqə və yemi pulla almaq, sahibləri qaçdıqları və haqqını vermək üçün adam tapılmadığı təqdirdə isə – pulsuz almaq haqqında ciddi bir əmr verdi.

Ertəsi gün avqustun 5-də Merqen şəhərinə çatdıq. Şəhərdə bir nəfər də olsun yox idi, amma hər bir şey, evlərin müxəlləfatı, maqazinlərin malları yerli-yerində qalmışdı. Görünür, yalnız qızıl və gümüşü aparmışdılar, çünki maqazinlərin divarlarında ancaq xırda mis pul asılmışdı. Çində mis pulların ortası deşik olur və onları bu deşiyindən ipə keçirib divardan asarlar. Komandanlıq qoşa gözətçilərə şəhəri dövrəyə almağı və heç kəsi zabitsiz şəhərə buraxmamağı əmr etdi. Hissələrə isə əsgərləri zabitlərin komandası altında göndərmək və yalnız adamların azuqəsi və atların yemlənməsi üçün lazım olan şeyləri götürmək əmri verildi.

Ertəsi günü istirahət elan edildi. Mən bundan istifadə edərək, çinlilərin qoyub getmiş olduqları toplardan bir neçə dəfə atəş açmaqla, onların toplarla bərabər tərk etdikləri kvadrantlar ilə məsafə boruları arasındakı münasibəti təyin etdim. Beləliklə, biz lazım olduqda işimizə yaraya bilən toplar əldə etmiş olduq. Bir günlük istirahətdən sonra yenə də yola düşdük. Yolda Never çayında bir qədər ləngidik. Bu çay ensiz, lakin çox dərin idi, buna görə də onu keçmək mümkün deyildi. Bu qərara gəldik ki, köməkçi vasitələrlə çayı keçək. Xeylunqtszyan əyalətinə oxşar bir şey qayırdıq, sonra çayın üstündən bir ip çəkdik. Bu əsnada çayın o biri tayında ağ bayraqda bir dəstə atlı göründü. Bu dəstənin başında polkovnik dururdu. Bizim sahilə keçmək üçün onlara icazə verildi.

Polkovnik dəstəmizin rəisinə dedi:

– Sizin qabağınızdan qaçan otuz min qoca kişi, qadın və uşaq meşədə acından qırılır. General Şeu sizdən çox xahiş edir ki, bir həftəliyə dayanasınız, ta ki onların vəziyyətini düzəltmək mümkün olsun.

Komandanımız cavab verib dedi ki:

– Mən buna razı ola bilmərəm, çünki siz bundan istifadə edib silah və adam ala bilərsiniz.

Onda polkovnik rəisə bir raport yazmaq üçün icazə istədi. İcazə verdilər.

Yazdığı kağızın birinci səhifəsini polkovnik gözünün yaşı ilə islatdı; nəhayət, toxtayaraq iki səhifədən ibarət bir raport yazıb öz rəisinə göndərdi.

O gedən kimi, bizə əmr olundu ki, sabahı gözləməyib, hələ bu gün yola düşək. Əvvəlcə kazaklar, sonra Mehmandarovun batareyası, onun ardınca da mənim yarım batareyam hərəkət etdi. Mənim dəstəmi qorumaq üçün yanımda bir rota qoydular, kazaklar və Mehmandarovun batareyası isə qabağa getdilər.

Bizi qarşılayan çin zabiti general Şeunun qərargah rəisi polkovnik Çjan-Tszo-Lin imiş. Sonralar o, Mancuriyanın hakimi kimi şöhrət qazanmışdı. Bu hadisədən 24 il sonra o, Pekin əleyhinə üsyan qaldıraraq, bu şəhəri tutmuş və general U-Pey-Fu-nun qoşunlarını oradan qovmuşdu.

Nəhayət, biz Tsitsikara (Xeylunqtszyan əyalətinin mərkəzinə) yetişdik.

Rennenkampf general Şeunun yanına adam göndərərək, şəhərin qapılarını açıb təslim olmasını ondan tələb etdi. Buna əməl elədiyi təqdirdə heç bir şeyə toxunulma-yacağını vəd etdi. Şeu elçiyə lovğa-lovğa belə cavab verdi:

– Bu barədə heç bir danışığa başlamaq fikrində deyiləm və əgər lazım bilsəm, ancaq sizi göndərən adamla danışa bilərəm.

Onda Rennenkampf əmr verdi ki, Mehmandarovun batareyası ilə birlikdə iki sotnya40 dolama yol ilə şəhərdən çıxmaq istəyən qoşunları məhv etsin. Özü isə bir sotnya götürüb şəhərin şimal qapılarına yaxınlaşdı, dördüncü sotnyanı da vaxtında Tsitsikarın qarşısında olan Nonni çayının sağ sahilinə göndərdi. Bundan məqsəd çinliləri aldatmaq idi: çinlilər bu dəstəni orada görüb elə zənn edəcəkdilər ki, bu Xeylandan hücum edən Orlovun ön dəstəsidir.

Çin qoşunları silahsız olaraq nizamla Mehmandarovun yanından ötüb keçirdilər. Rennenkampf Mehmandarova əmr etdi ki, onlara atəş açsın. Mehmandarov isə cavab verib dedi ki, o, silahsız adamlara atəş aça bilməz. Lakin bunun ardınca ikinci bir əmr gəldi. Bu əmrdə deyilirdi ki, əgər komandir bu əmri yerinə yetirməsə, məhkəməyə veriləcək.

Mehmandarov silahsız çinlilərin başı üstündən bir neçə dəfə atəş açdırdı. Çinlilər dərhal qayıtdılar…

Qoşunlarımız şəhərə daxil olduqda dəstə naçalniki əmr verdi ki, haradan olursa-olsun, Şeunu tapsınlar. Çox keçmədən ona xəbər gətirdilər ki, Şeu qızıl udaraq tabuta uzanmış və onu vurub öldürməyi öz yavərinə əmr etmişdi. Yavərin isə əli əsdiyi üçün güllə generalın qıçlarına dəymişdi. Onda Şeunun oğlu tüfəngi zabitin əlindən alaraq onu itələmiş və öz atasının ürəyinin başına bir güllə vurmuşdu. Şeunun oğlanları və mühafizləri ilə birlikdə tabut da yox olmuşdu. Nə qədər axtarmışlarsa, heç bir şey tapmamışlar. Ehtimal ki, tabutu əvvəlcə şəhərdə gizlətmiş, sonra isə oradan çıxarıb aparmışlar.

Şeunun evinə baxmaq üçün gedən yoldaşlarımdan biri oradan beş-altı dənə kiçik futlyar gətirdi. İki barmaq enində olan bu futlyarların bir tərəfi açıq, o biri tərəfi isə bağlı idi. Onlar al-qırmızı mahuddan tikilmiş və hər iki tərəfdən üzlərinə güləbətindən əjdaha şəkilləri nəqş edilmişdi. Futlyarların uzunluğu təxminən altı verşok olardı. Mənə elə gəldi ki, bu futlyarlar tilsim kimi bir şeydir. Mən bunlardan birini götürdüm.

Yeri düşəndə bu futlyarı çinlilərə göstərərək, nəyə lazım olduğunu soruşdum. Hamısı başını aşağı salıb üzlərini çevirdi. Görünür ki, bu onları dəhşətə salırdı. Bu hadisənin üstündən bir il keçdikdən sonra biz yenidən bu şəhərə qayıtdıqda, tanış olduğum bir çinli müsəlman bu futlyarın sirrini mənə açdı. O, nağıl etdi ki, Tsitsikar qəzasında bir şəxs ölüm cəzasına məhkum edildikdə, general-qubernator bu futlyardan birini oxa keçirərək öz məmurlarından birinə verir, o isə dəbdəbə ilə atına minərək həmin futlyarı qəza hakiminə aparıb, ona deyir ki, general-qubernator filankəsin boynunu vurmağı əmr etmişdir. Əmr alınan kimi həmin adamın boynu vurulur. Beləliklə, mən çox maraqlı bir şey əldə etmişdim.

Mehmandarov isə Şeunun evindən çox bahalı qumaşdan tikilmiş al-qırmızı rəngli gözəl bir xələt götürmüşdü. Bu xələtin dalında çiyinlərindən tutmuş ətəklərinə qədər qızıl güləbətinlə işlənmiş böyük bir əjdaha şəkli var idi. Astarı açıq-sarı atlasdan idi. Bundan əlavə, Mehmandarov qırmızı rəngli şiş təpə bir qalpaq da götürmüşdü. Bu qalpağın təpəsinə mandarinlərin papağında olan toppuz əvəzində çox böyük bir yaqut taxılmışdı. Bu şeylərin hər ikisini Mehmandarov Xabarovsk muzeyinə göndərdi.

Tsitsikarda general Orlov özünü bizə yetirdi və biz onunla birləşərək Mancuriya – Monqoliya hüdudu ilə yolumuza davam etdik. Beləliklə, Nonni çayının Sunqara çayı ilə qovuşduğu yerə gəlib çıxdıq. Burada çayı keçib Bodune şəhərinə yerimək qərarına gəldik. Yenə də qayıqlara minib çayı keçdik. Topları və at arabanı keçirmək çətin idi, lakin bu işin də öhdəsindən gəldik. Rennenkampf kazaklarla bərabər Bodunedən çıxıb irəli hərəkət etdi. Onlar Mancuriyanın digər mühüm şəhəri olan Girinə (Girin əyalətinin mərkəzidir) doğru hərəkət edərək bu şəhəri tutdular və Orlovun dəstəsi ilə bizim batareyanı Xarbinə çağırdılar.

Mehmandarovun batareyası Xarbinin qarnizonunda qaldı, bizim batareyanı isə Xarbindən 60 verst o tərəfdə, dəmir yol stansiyası Tsu-Tunun yaxınlığında olan Şuan-Çen-Pu şəhərinə göndərdilər. Şəhərin və nahiyənin hakimi polkovnik Lyu-Danen çox ciddi və xoşsifət bir adam idi, o, bizi ləyaqətlə qəbul etdi. Biz şəhərdə yerləşdik və qətiyyən heç bir şeyə toxunmadıq. Bu əhvalat 1900-cü ilin sentyabrında olmuşdu. Qışı bu şəhərdə keçirdik, 1901-ci il yazın əvvəlində, Tala-Cao qəsəbəsinə keçmək haqqında əmr aldıq.

Yola düşdük. Yolda buzla örtülmüş olan Lyao – Xes çayını keçmək lazım gəlirdi. Zabitlərdən biri ştabs-kapitan Nejintsev məni çayı keçmək fikrindən daşındırmağa nə qədər çalışdısa da, razı olmadım və hər necə olursa-olsun, buzun möhkəmliyini şəxsən özüm sınamaq qərarına gəldim.

Əynimdə ağır qış paltarı, altımda isə yekə bir at var idi. Atımı dördayaq çaparaq o biri sahilə keçdim və yenə dörd ayaq geriyə qayıtdım. Buz davam gətirdi. Toplar sağ-salamat o biri sahilə çıxarıldı, amma mərmi arabalarından birinin təkərləri buzu yararaq buzun içinə girdi. Xeyli zəhmət çəkdikdən sonra onu dartıb sahilə çıxara bildik. Görünür ki, arabaları aparmaq topları aparmaqdan çətinmiş, bunu isə biz heç gözləmirdik. İş burasındadır ki, arabalarımız iki atlı idi. Şinli təkərlər ensiz olduğundan buzu kəsirdi. Mən sahildə taxta yığıldığını gördüm və dərhal əmr etdim ki, onlardan xərəklər hazırlayıb bir üzünü buzun, o biri üzünü isə torpağın üstünə qoysunlar. Biz arabaları bu taxtaların üstü ilə buz təbəqəsi nazik olan yerdən sürüb keçirdik.

Ertəsi günü biz Tala-Couya çatdıq. Çox keçmədən həm divizion komandiri, həm də batareya komandiri səfərə çıxdılar. Onlar uzun zaman geri qayıtmadılar. Mən tək qalaraq həm divizion, həm də batareya komandirini əvəz etdim.

Tala-Couda ləvazimat anbarı var idi, burada duran 18-ci polk çörək bişirmək üçün bu anbardan un alırdı. Bu un pis olduğundan mən bizim həkimdən xahiş etdim ki, onu Rakoviç üsulu ilə müayinə etsin. Müayinə unun zərərli olduğunu sübut etdi. Buna görə də unu qəbul etmədim.

Biz öz təsərrüfatımızı çox səliqəli apardığımıza görə, qənaətimiz çox olmuşdu. Qənaət etdiyimiz pula un alıb əsgərlərimiz üçün çörək bişirməyə başladıq və eyni zamanda bu barədə korpus intendantına yazdıq.

Çox keçmədən bizim batareyanı Tsitsikara köçürdülər. Un məsələsi burada da ortaya çıxdı. Məlum oldu ki, buradakı un da əvvəlki un kimi yararsızdır. Rakoviç üsulu ilə müayinə burada da eyni nəticəni verdi. Unun yararsız olduğunu biz yenə də korpus intendantına xəbər verdik və yenə də pulla un almağa başladıq.

Bir qədər sonra raportumuzun cavabı gəldi; korpus intendantı pulla un almaq və ya bunu başqa unla əvəz etmək haqqındakı xahişimizi rədd edirdi. Onda biz nümunə üçün həmin undan bir az paketin içinə qoyub ağzını möhürləyərək, Tomsk universitetinin laboratoriyasına göndərdik. Universitet möhürü ilə oradan cavab gəldi ki, bu un işlətmək üçün qətiyyən yaramaz. Bu cavabı da korpus intendantına göndərdik. Korpus intendantı bizə heç bir cavab vermədən bizim kağızımızı hərbi-tibb idarəsinə göndərdi. Oradan isə bizim həkimin üstünə kağız gəldi ki, yoxlamaq üçün unu başqa bir idarəyə (universitet, axı, xalq maarifi orqanlarına tabe bir idarə idi) göndərmək heç də münasib deyil, belə hallarda hərbi tibb idarəsinə müraciət etmək lazım imiş. Məktubda bundan başqa heç bir söz deyilmirdi.

Bu hadisədən bir qədər sonra Qirndən bizim yanımıza – Tsitsikara korpus intendantı gələrək ərzaq anbarı müdirinin mənzilinə düşdü. O mənim yanıma gəlib dedi:

– Bilmirəm, niyə bu unu pisləyirsiniz? Çörəyi anbar müdiri özü bişirir və hamı bu çörəyi yeyir; bu undan bişirilmiş çörəyi mən özüm də yemişəm, lap yaxşı çörəkdir.

Bunun cavabında dedim:

– Sabah yanınıza gələrəm və sizin çörəyinizi dadaram. Bəlkə də, bizim adamlar çörək bişirməyi bacarmırlar, onda mən məmnuniyyətlə öz çörəkçilərimi öyrənmək üçün oraya göndərərəm.

Ertəsi gün onların yanına getdim, mənə bir neçə tikə çörək verdilər, mən bunları kənara itələyərək dedim:

– Bağışlayın, bizdə bundan da yaxşı çörək bişirirlər, bununla belə, biz o çörəyi əsgərlərə vermirik.

İş burasındadır ki, çox ucuz qiymətlə hər şey tapmaq mümkün olan Mancuriyanın ehtiyat və vəsaitindən xəbərsiz olan komandanlıq yulafı da, arpanı da, yarmanı da, ümumiyyətlə, hər şeyi Rusiyadan gətirirdi. Komandanlıq yük daşımağa hədsiz pul sərf etdiyinə görə, bütün gətirilmiş şeyləri işlətmək əmrini vermişdi. Unun yararsız olduğunu heç kəs ona söyləməmişdi.

Bunun üstündən bir müddət keçdi və bizə elə bir yulaf buraxmağa başladılar ki, atlarımız ona yaxın belə durmadılar. Bizim çox gözəl Oryol və Voronej atlarımız var idi, o biri polkların atları isə monqol və mancuq atları idi ki, bunların qabağına nə qoysaydın yeyirdilər. Mən ləvazimat anbarı müdirinin yanına gedib ona dedim:

1.Port-Artur (Lyuy-şun) – Çinin Lyaodun yarımadasının cənub-qərbində donmayan hərbi dəniz bazasıdır. Kvantun yarımadasında Lyaodun və Baxayvan körfəzlərinə daxil olub. Liman və qala XIX əsrin 80-ci illərində balıqçı kəndi Lyuy-şun-kounun yerində tikilib.
  1894-cü ildə Yapon-Çin müharibəsi, 1894-1895-ci illərdə Port-Artur dövründə yapon qoşunları tərəfindən işğal edilir. Nəticədə bir çox qala tikililəri dağıdılır. 1895-ci il Simonensk müqaviləsinə görə, Port-Artur Yaponiyanın tərəfinə keçir. Sonra isə Rusiyanın, Almaniyanın və Fransanın təsiri ilə Port-Artur Çinə qaytarılır.
  1898-ci ilin martın 15-də(27) Pekində Rusiya-Çin arasında saziş imzalanır. Bu sazişə əsasən, Kvantun yarımadası Port-Artur qalası ilə birlikdə 25 il müddətinə Rusiyaya istifadəyə verilir.
  Kvantun yarımadası və ona yaxın olan adalar sonralar Kvantun vilayətini təşkil edir. 1903-cü ildə Priamur general qubernatorluğu ilə birgə Uzaq Şərq canişinliyinin tərkibinə daxil olur. Canişinliyə Ad-miral Yevgeni İvanoviç Alekseyev başçılıq edir.
  Rus-Yapon müharibəsi qurtarandan sonra 1905-ci ildə Port-smut sülh müqaviləsinə əsasən, Port-Arturdan istifadə hüquqları Yaponiyaya təhvil verilir. Yapon istilası Sovet qoşunlarının Yapon Samuray hərbi hissələri darmadağın edildiyi ilə – 1945-ci ilə qədər davam edir. Hazırda Port-Artur Çin Xalq Respublikasının tərkibindədir.
2.Əli-Qazax – Əliağa Şıxlinskinin ulu babası (ata) Əli Qazaxın övladları 1806-1812-ci illərin Rusiya-İran müharibəsində yadellilərə qarşı mərdliklə vuruşmuşlar.
  1810-cu il iyunun 10-da Qafqazdakı rus qoşunlarının baş komandanı general A. P. Tormasov hərbi nazirə göndərdiyi raportda yazırdı ki, sərhəd rayonunda yerli əhalidən xüsusi dəstə yaradılmışdır. Onlar doğma torpaqları uğrunda inadla vuruşaraq türklərin və iranlıların hücumlarını dəf edirlər.
  Komandan Qazax azərbaycanlılarının qəhrəmanlığını xüsusi qeyd etmişdir. 1810-cu il martın 29-da Erivan Yerevan – Ş.N. sərdarının qardaşı Həsən xan üç minlik qoşunla Dilican dərəsindəki kəndlərə hücum çəkib mal-qaranı aparmış, yerli əhaliyə çox divan tutaraq onları talan etmişdir. Yüz nəfərdən ibarət Azərbaycan atlı dəstəsi Həsən xana qarşı gözlənilmədən zərbə vurmuşdur. Azərbaycan atlıları qırx nəfərə yaxın düşməni məhv etmiş, farsların ələ keçirdikləri mal-qaranın çox hissəsini geri almış və farsların iyirmi atını ələ keçirmişdilər. Bu zaman onların iki qəhrəman döyüşçüsü həlak olmuş, dəstənin rəhbəri Əli-Qazaxoğlu, Əliağa və Nəsrulla bəy də daxil olmaqla bir neçə nəfər də yaralanmışdır. (Bax: S. P. Ağayan. Роль России в исторических судьбах армянского народа, səh.183).
  Onu da xatırladaq ki, Şıxlinski nəslinin yetişdirdiyi görkəmli şair və mayor Mustafa ağa Arif də bu müharibədə yaxından iştirak etmişdir. Baş komandan A. P. Tarmosovun verdiyi başqa bir raportda üstü yazılı “İgidliyə görə” qızıl medalla təltif olunanlar arasında igid mayor Mustafa ağa Arifin adı da vardır. Şair Mustafa ağa Arif (1774–1845) XVIII əsrin sonları, XIX əsrin əvvəllərində yaşayıb. Böyük şairimiz M. P. Vaqif ədəbi məktəbinin davamçılarından biridir.
3.Kazım ağa Salik Şıxlinski (1781–1842) – XVIII əsrin sonları, XIX əsrin əvvəllərində yaşamışdır. Molla Pənah Vaqif ədəbi məktəbini davam etdirən şairlərdəndir. Salik haqqında ilk dəfə mətbuatda çıxış edib şeirlərini çap etdirən ("İrşad" qəzeti, 8 mart 1908-ci il, №29) məşhur maarifpərvər, ədəbiyyatşünas Firidun bəy Köçərli olmuşdur.
4.Çar Konvoyu – hərbi hissədə nəqliyyat əsirləri mühafizə edən dəstə
5.Süvari Korneti – süvari qoşununda birinci zabit rütbəsi
6.Praporşik – çar ordusunda ilk zabit rütbəsi hesab edilirdi. Qədim yunanlarda "prapor” – bayraq demək idi.
7.Mirzə Hüseyn Əfəndi Yusif oğlu Qayıbzadə (1830–1917) – Tiflisdə Zaqafqaziya ruhani idarəsinin müsəlman mədrəsəsində şəriət müəllimi olub. Ərəb, fars, və rus dillərini mükəmməl bilirmiş. Bu dövrdə Mirzə Hüseyn M. F. Axundov və gürcü şairi İlya Çavçavadze ilə tanış və dost olur. Qori müəllimlər seminariyasında Azərbaycan şöbəsinin açılması üçün Mirzə Fətəli Axundovla birgə səy göstərir.
  Mirzə Hüseyn Qori seminariyasında Şərq dillərindən dərs deyib, 1881-ci ildə Qafqaz canişininin əmrilə müəllimlikdən azad olub Zaqafqaziya müftüsü təyin edilib. O, ömrünün sonuna kimi bu vəzifədə çalışıb, yüzlərlə azərbaycanlı gənci maarif və mədəniyyətə cəlb edib. O, "Dəsturi-nisvan", "Qadın və qızlarımızın təlim və tərbiyəsi" adlı məqalələrində sübut edirdi ki, qızların yeni tipli məktəblərdə təhsil almaları heç də şəriət qanunlarına zidd deyildir. Şəriətin qara qanunlarının hökm sürdüyü belə bir ağır vaxtda, o öz həyat yoldaşı Səadət xanıma "Qafqaz qadınlarının xeyriyyə cəmiyyəti" ndə iştirak etməyə icazə vermiş, qızları Nigar və Gövhəri rus dilində Tiflis Nücabə Qızlar İnstitutunda oxutdurub. Həmin İnstitutu Nigar xanım Qayıbova (Usubova) 1903-cü ildə qızıl medalla bitirib.
8.Bahadır Mirzə Hüseyn oğlu Qayıbov (1878–1949) – general Əliağa Şıxlinskinin böyük qaynı. Şıxlinski ömrünün son illərini Bakıda, Cəfər Cabbarlı küçəsindəki 14 nömrəli evin 20-ci mənzilində yaşayıb. Bahadırla yaxın qonşu olublar. Azərbaycan Dövlət tarix muzeyinin arxivində Ə.Şıxlınskinin yazdığı "Vəsiyyətnamə" var. Üstündə yazılıb ki, mən öləndən sonra açmalı. Məktubda Bahadır Qayıbovu və onun həyat yoldaşını böyük hörmət və ehtiramla xatırlayır. Hər ikisinə Nigar xanımın ölümündən sonra ona göstərdikləri qayğı üçün intəhasız min-nətdarlığını bildirir.
  Akademik Heydər Hüseynov 1945-ci il aprelin 20-də Bahadır Qayıbovun tibbi-ictimai fəaliyyətinin 40 illiyi münasibətilə göndərdiyi təbrik məktubunda yazır: "… Lakin mən burada sizin Vətən və elm qarşısındakı daha böyük xidmətinizi qeyd etmək istəyirəm. Siz və sizin həyat yoldaşınız Varvara Minayevna məşhur hərbi xadim və alim, köhnə ordunun generalı, Azərbaycan xalqının sadiq oğlu Əliağa Şıxlinskinin həyatının son illərini qayğı və diqqətlə əhatə etmiş və bəzəmisiniz".
  Onu da xatırladaq ki, Bahadır Qayıbov respublika tibb elmi sahəsində fəal çalışan xadimlərdən biri olub. 1987-ci ildə Birinci Tiflis Gimnaziyasını əla bitirən Bahadır Xarkov universitetinin tibb fakültəsini də qırmızı diplomla qurtarmış, üç il Xarkovda və sonralar ömrünün sonuna kimi Bakıda epidemiya, vəba həkimi işləyib. 1936-cı ildə Sovet Azərbaycanının on beş illik yubileyində ona "Əmək qəhrəmanı" adı verilib. Respublikanın Əməkdar həkimi Bahadır Qayıbov 1949-cu ildə yetmiş bir yaşında Bakıda vəfat edib.
9.Mehemmed Əfəndi Müftizadə (Vidadov) – Keçən əsrin ikinci yarısında Tiflisdə Zaqafqaziya müsəlmanlarının müftisi (sünnilərdə baş ruhani rütbəsi, din alimi – Ş.H.) vəzifəsində çalışmışdır. O, XVIII əsrin görkəmli şairi Molla Vəli Vidadinin nəvəsidir. 1867-1868-ci illərdə Şamaxıya gəlmiş, Seyid Əzim Şirvani ilə görüşmüşdür. Şair ona yazdığı “Məhəmməd əfəndi Müftiyə” (64 misralıq, S.Ə.Şirvani, əsərləri, 1969-cu il, səh. 244–245) qəsidəsini təqdim etmişdir.
  Məhəmməd əfəndinin atası Osman əfəndi (Molla Vəli Vidadinin oğlu Ş.H.) uzun müddət məktəbdarlıq və müftilik etmişdir. Firidun bəy Köçərli yazır ki, Molla Vəli Vidadinin oğlu mərhum Osman əfəndi alim və fazil bir şəxs olmuşdur. Şair Mustafa ağa Arif Şıxlinski 1826-cı ildə Qafqaz canişini Aleksey Petroviç Yermalov tərəfindən Kazana sürgün olur. Həmin illərdə Şıxlı qəriyyəsindən mindən çox kəndli üsyan edib hökumətə vergi vermək-dən boyun qaçırır. Dekabristlər üsyanının təsiri-qorxusu ilə vahiməyə düşən canişin Yermolov mayor Mustafa ağa Arifi üsyanın başçısı adı ilə sürgün edir. Sürgündə olanda Osman əfəndi nəzmlə məktub yazıb rica edir ki, oğlu Əliağanın təhsilində göz olsun, onu məktəbi buraxmağa qoymasın.
  Şair Mustafa Ağa Arifin oğlu Əliağa sonralar məşhur Muğan alayının polkovniki olub. Mirzə Fətəli Axundov 1857-ci ildə yazdığı “Müxəmməs”ində (Axundov, əsərləri I cild, səhifə 344) belə xatırlayır:
Tiflis müsəxxər sənə, ey düxtəri-tərsa!Aşiqlərinə məbəd olub deyrü-kəlisa!Məndən sənə vəsf istədi şıxlı Əli ağa,Dedim səni vəsf etməyə manəndi-Məsiha,Ruhulqüdüs imdadı gərək nitqi-Məsiha.  Bəzi tədqiqatçılar Mirzə Fətəli Axundov "Müxəmməs" ində adı çəkilən Əliağanı general-leytenant Əliağa Şıxlınski hesab edir. Bu fakt tamamilə səhvdir. Çünki Ə.Şıxlinski 1863-cü ildə anadan olub. Hələ anadan olmayan Əliağa Şıxlınski Mirzə Fətəli ilə necə görüşə bilərdi?
10.Nikolay Qriqoryeviç Stoletov (1834–1912) Rus inafanteriya (piyada) generalı. Məşhur fizika alimi A. Q. Stoletovun qardaşı. Krosnovodsk şəhərinin əsasını qoymuş, Amudərya elmi-ekspedisiyasına rəhbərlik etmişdir. 1877-1878-ci illərdə Rus-Türk Müharibəsində Şipka müdafiəsinə komandanlıq etmişdir.
11.Qori Seminariyası – kənd məktəbləri üçün müəllimlər hazırlayan Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyası ilk dəfə 1876-cı ilin sentyabrında açılıb. Həmin il rus, erməni, gürcü şöbələri fəaliyyətə başlamışdır. 1879-cu ildə isə Azərbaycan şöbəsi açılmışdır. 1918-ci ildə Firidun bəy Köçərlinin təşəbbüsü ilə Qazaxa köçürülən seminariya sentyabrın 17-də fəaliyyətə başlamışdır.
12.Kadet korpusu – İnqilabdan əvvəl çar Rusiyasında zadənganlara məxsus qapalı hərbi orta məktəb. Dvoryan uşaqları yeddi-səkkiz yaşında buraya qəbul edilirdi.
13.Uluğbəy Məhəmməd Təraqay (1394–1449) – Orta Asiyada elm və dövlət xadimi. İstilaçı Şərq hökmdarı Teymurləngin nəvəsi, 1409-cu ildə Səmərqənd hakimi, "Zici Uluqbəy astronomik əsəri" nin müəllifidir.
14.Harun-ər-Rəşid – Abbasilər sülaləsinin hökmran olduğu dövrdə 786-809-cu illərdə hökmranlıq etmiş ərəb xəlifəsidir. "Əlif Leyla" ("Minbir gecə") ərəb nağılında idealizə edilərək bacarıqlı, ədalətli bir hökmdar kimi təsvir olunmuşdur. Əslində isə o, 808-809-cu illərdə Qaradağda, Lənkəranda və Muğan düzənliyində ərəb işğalçılarına qarşı mübarizəyə qalxmış xürrəmilər hərəkatını yatırmaq üçün ən vəhşi və qəddar metodlardan istifadə etmiş və üsyançılardan əsir tutulanları dərhal öldürmək haqqında əmr vermişdir. Harun-ər-Rəşi-din dövründə ərəb xəlifələrinin yerli əhaliyə qarşı zülmkarlığı daha da artmışdır.
15.Aksel Vilhelmoviç Qadolin (1828–1892) – Peterburq Elmlər Akademiyasının akademiki, artilleriya generalı. Artilleriyada top lülələrinin bərkidilməsi nəzəriyyəsini hazırlamışdır.
16.NikolayAleksandroviç Zabudski (1853–1892). Rus artilleriya alimi, general-leytenant.
17.Aleksey Nikolayeviç Kuropatkin (1848–1925). Hərbi xadim, piyada general-adyutantı, 1877-1878-ci illərdə Rus-Türk müharibəsi zamanı özünü cə-sur bir zabit kimi göstərmiş general. M. D. Skobelevin qərargah rəisi olmuşdur. 1904-1905-ci illərdə Rus-Yapon Müharibəsi zamanı Mancuriya ordusunun komandanı olmuşdur. Uzaq Şərqin hərbi qüvvələrinə komandanlıq etmişdir. Özünü iradəsiz və yaramaz hərbi komandir kimi göstərmişdir. 1905-ci ildə rus ordusunun Muq-den ətrafındakı məğlubiyyətindən sonra bu vəzifədən çıxarılmışdır. Birinci Dünya müharibəsində Şimal cəbhəsinə komandirlik etmiş, 1916-cı ildə Türküstan ordusunun komandiri olmuş və yerli əhali arasındakı inqilabi hərakatı yatırmağa rəhbərlik etmişdir. 1917-ci ildə həbs edilmiş və Petroqrada göndərilmişdir. Müvəqqəti hökumət tərəfindən azadlığa buraxıl-dıqdan sonra Pskov quberniyasında yaşamışdır.
18.Mixail Dmitriyeviç Skobelev (1843–1882). Rus ordusunun piyada generalı. Baş qərargah Akademiyasını bitirib. Orta Asiya hərbi ekspedisiyalarında fəal iştirak edib. 1877-1878-ci illərdə Rus-Türk Müharibəsində qoşun komandanı olub. Şəxsi hünərilə xüsusi hörmət və şöhrət qazanıb.
19.Mixail İvanoviç Draqornirov (1830–1905). Rus hərbi nəzəriyyəçisi, piyada generalı, 1877-1878-ci illərdə Rus-Türk Müharibəsində diviziya komandiri olmuşdur. 1879-cu ildən Akademiya Baş Qərargahının rəisi olmuş, sonra isə Kiyev hərbi dairəsinə komandanlıq etmişdir. Ordunun təlim-tərbiyə məsələlərində Suvorovun davamçısıdır.
20.Sezar Antonoviç Kyüi (1835–1918). Mühəndis-general. Hərbi Mühəndislik Akademiyasının və Baş Qərargah Akademiyasının istehkam işləri üzrə müəllimi, 1877-1878-ci illərdə Rus-Türk Müharibəsinin iştirakçısı olmuşdur. Səhra və uzunmüddətli istehkam işləri üzrə bir neçə əsərin müəllifidir. Həm də bəstəkar və musiqi tənqidçisi kimi məşhurlaşmışdır.
21.Feyerverger – alman dilində Feşeq – od və işçi sözlərinin birləşməsindən əmələ gəlib. Rus və bir neçə xarici orduda kiçik komandir rütbəsi olub. Kiçik artilleriya hissəsində piyada unter zabitinə bərabərdir. Bu rütbə Rusiyada XVIII əsrdən ta 1917-ci ilə qədər davam edib.
22.Yunker – XIX əsrin birinci yarısından etibarən rus ordusuna könüllü daxil olan və zabit hissəsində qulluq edən gənc zadəgan rütbəsi.
23.1895-cİ ildə mənim doğma qardaşım oğlu, cavan zabit bizim briqadaya keçdi… – həmin cavan zabit sonralar general-mayor rütbəsinə qədər yüksələn Cavadbəy Məmmədağa oğlu Şıxlinski olub.
24.Calaloğlu – indiki Stepanavan, Ermənistan SSR-də şəhər
25.Gərgər – Stepanavan şəhəri yaxınlığında kənd. Böyük rus şairi A. S. Puşkin 1819-cu ildə Ərzuruma səfəri zamanı bu kənddən keçib.
26.Sarıqamış – Türkiyədə kənd. Qars şəhəri yaxınlığındadır. O zamanlar Rusiya ərazisinə daxil idi. I Dünya Müharibəsi vaxtı "Sarı-qamış əməliyyatı" adı ilə tarixə düşmüşdür.
27.O zaman batereya 8 topdan ibarət olub, hər birində 4 top olan iki yarım batareyaya bölünürdü. (Red.)
28.Həvali – ətraf, şəhərkənarı
29.Dişlə – qoşqu aləti
30.Çətvər – çəki vahidinin dörddə biri
31.Girvənkə – 400 qr. çəki vahidinə bərabərdir.
32.Furajir – hərbi hissədə yemə baxan qulluqçu
33.General feldseyxmeyster – çar ordusunda və bəzi burjua ordularında baş topçu
34.Havr – Fransanın şimalında şəhər. Əsası 1517-ci ildə qoyulmuşdur. Fransızca "sığınacaq yeri", "əziz yer" deməkdir.
35.Nerçinsk – RSFSR-in Çita vilayətində şəhər. Əsası 1654-cü ildə qoşun sərkərdəsi A.Paşkov tərəfindən qoyulmuşdur. Şəhər sahilində yerləşdiyi Nerça çayının adını daşıyır.
36.Boksyor üsyanı – 1899-1901-ci illərdə Şimali Çində anti imperialist xalq üsyanı. Gizli İxetsyuan təşkilatı tərəfindən başlanıb. Üsyanın tə-şəbbüsçüsü gizli İxetsyuan (ədalət və haqq yumruğu) təşkilatının dəs-tələri olub. (Yumruq sözünə əsasən, xaricilər üsyançıları "boksçular" adlandırmışdılar ki, bundan da səhv olaraq "boksçular" üsyanınadı yaranmışdır). Sonralar İxstuani (ədalət və razılıq dəstələri, üsyanın adı buradandır) adlandırılmışdır.
37.On bir gündən sonra İrkutsk şəhərinə çatdım və öz əmim oğlu ilə görüşmək üçün burada bir neçə gün ləngidim. Bu şəxs Alqazax Şıx-linskidir. Əliağanın bacısı Böyük xanım Alqazaxın həyat yoldaşı idi. Alqazax Şıxlinski inqilaba qədər Qazax qəza pristavı vəzifəsində işləyib.
38.Səmədbəy Sadıq bəy oğlu Mehmandarov (1856–1931) – Artilleriya general-leytenantı. Port-Artur müdafiəsi zamanı 7-ci Şərqi Sibir topçu divizionuna komandanlıq edib. Qalanın müdafiəsi zamanı göstərdiyi döyüş xidmətlərinə görə, Səməd bəy Mehmandarov birinci dərəcəli Stanislav ordeni və 4-cü dərəcəli Georgi xaçı ilə təltif olunub. 1904-cü il oktyabrın 22-də general-mayor rütbəsi alıb.
39.Əvvəlcə mərmi, sonra isə gülləsi ayrı-ayrı doldurulan patrondan fərqli olaraq, unitar patronlarda həm mərmi, həm də güllə bir bütövlük təşkil edir. [Red.]
40.Sotnya – bölük, keçmişdə yüz nəfərdən ibarət polk hissəsi

Ücretsiz ön izlemeyi tamamladınız.

₺112,78
₺225,57
−50%