Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Azadlığa uçan türk»

Yazı tipi:

MÜQƏDDİMƏ

“Tarixdə azadlığa uçan ilk insan”… Belə idi kitabının adı. Bu kitab eyni zamanda 75 il ömür sürüb və bir sıra tarixi hadisələrin canlı şahidi olan bir şəxsin həm də qısa tərcümeyi-halı idi.

Bütün həyatı boyu kommunizm quruluşunun iç üzünü azad dünyanın azad insanlarına açıb-göstərməyə çalışan bu böyük, hürriyyətsevər insan, tarixdə kommunist Rusiyasından azadlığa qanadlanan ilk azərbaycanlı şəxs – həyat yoldaşım Məmməd Altunbay bu kitabı bitirdikdən iki ay sonra ikinci dəfə keçirdiyi infarktdan əbədi olaraq gözlərini yumdu.

1987-ci il dekabrın 28-də onu dəfn edərkən əsər hələ tam hazır deyildi, əlyazması hələ makinada yazılıb qurtarmamışdır. Sağlığında kitabının azad insanlara yetişdiyini görmək qismət olmadı Məmmədə.

Azərbaycanı və doğma torpağı Gəncəni azad Məmməd Altunbay arzulandığı kimi azad görə bilmədi. Vətəninə torpağına olan məhəbbətinin, həsrətini, ona qovuşmaq istəyini ömrünün sonuna kimi qəlbində gəzdirdi, hətta məzara da özü ilə bircə apardı.

Məmməd, sən rahat uyu! Azad ölkələrin azad insanları sənin hürriyyət uğrundakı mübarizəni təqdir və ibrətlə qarşılayacaq. Sən buna əmin ol. Qoy ruhun şad olsun!

Aprel, 1998-ci il

Məlahət Altunbay.

MƏMMƏD ALTUNBAY

(Gəncə 1911-İstanbul 1987)

Sevimli oxucular mən Məmməd Altunbay Azərbaycan türklərindənəm. 1911-ci ildə Azərbaycanın Gəncə şəhərində anadan olmuşam. Anamın adı Bəyim, atamınkı isə İbrahim idi. Tarixdə azadlığa qanadlanan ilk türkəm desəm, yanılmaram. Hətta dünyada ilk dəfə baş vermiş bu tarixi hadisəni türklüyümüzün yüksək qüruruna əlavə etmiş olsam, o zaman deyə bilərəm ki, mən tarixdə kommunist Rusiyasından azadlığa uçan ilk türk yox, həm də ilk insanam.

Atamın, əmilərimin və dayılarımın kommunistlər tərəfindən güllələnməsi illərlə mənliyimi gəmirən düşüncələrimi həyata keçirmək fikrini gündən-günə möhkəmləndirdiyi üçün mən oxuduğum Bakı Neft Universitetindən çıxıb Hərbi Hava Məktəbinə daxil oldum.

1933-cü ildə Odessa Ali Hərbi Hava Məktəbini bitirdikdən sonra Sovet İtiffaqının bir sıra yerlərində təyyarəçi kimi çalışdım. İşimdəki müvəffəqiyyətlərimlə əlaqədar olaraq Moskva, Gürcüstan və Azərbaycan Kommunist Partiyaları tərəfindən üç dəfə “Fövqəladə” fəxri fərmanlarla təltif edildim.

1939-cu ildə Azərbaycanın paytaxtı Bakıda Təyyarəçilik Məktəbinin uçuş birliyi komandiri vəzifəsində işləyərkən burada kommunist rejimində, xüsusilə türklərə qarşı tətbiq edilən amansız zülm və işgəncələr dözülməz dərəcədə həddini aşmışdı. İnsanlığa yaraşmayan bu faciələrin az da olsa qarşısını almaq məqsədilə bir dəstə yoldaşımla bərabər kommunist zülmünə qarşı gizli fəaliyyətə başladıq. Fəqət, nəticədə kommunist zülmü illərlə həsrətini çəkdiyimiz azadlığa qalib gəldi. Azadlıq aşiqi mücahid yoldaşlarımızın bir çoxu güllələndi. Sağ qalan 22 yoldaşımla bərabər kommunist cəhənnəmindən qacmağı qərara aldıq. Lakin planlarımızı həyata keçirmək istədiyimiz vaxt basqına məruz qaldıq. Toqquşmada 14 yoldaşımız həlak oldu. Sağ qalan 7 mücahid qaçış planımızın müvəffəqiyyətli olacağına şübhə etdiklərini bəhanə gətirib izlərini itirmək üçün ölkənin müxtəlif vilayətlərinə dağıldılar.

Bu müvəffəqiyyətsizlikdən sonra mənim yalnız iki yolum vardı: ya ölmək, ya qalmaq. Mən yoldaşlarımın belə inanmadığı, həyata keçirilməsi mümkün olmayan ikinci yolu seçdim. Lakin kommunist rejiminin dəmir pəncəsindən qaçmaq tək adamın işi deyildi. Mən bu quruluşa çox yaxşı bələd idim və bu rejimə dözmək artıq mənim üçün mümkün deyildi. Həyatda hər şeyimi, hətta övladlarımı belə azad və insan kimi yaşamaq uğrunda fəda etdim. Çox keçmədi ki, bu yolda can qoyan, lazım gələrsə azadlıq uğrunda həyatlarından keçməyə hazır olan iki dost tapdım. İllərlə apardığım mübarizənin sonunda kommunist cəhənnəmindən (bəzi cahil, satqın və xainlərin fikrincə dünyanın cənnətidir, ancaq necə cənnətdir ki, hamı oradan qaçmağa çalışır) təyyarə ilə qaçmağı qərara aldıq. Çünki başqa hec cür yolla qaçmaq mümkün deyildi. Qaçım planımızı həyata keçirəkən kommunist təyyarəçiləri öldürməyə məcbur olduq, onsuz da biz onları öldürməsəydik, onlar bizi öldürəcəkdi. Təyyarəni Türkiyəyə doğru yönəltdik. Lakin bir az sonra sovet sərhədçilərinin atəş yağışına məruz qalan təyyarəmiz son dərəcə təhlükəli zədə aldı. Təyyarə havada alışıb yanmağa başlayanda onu İran torpağına endirməyə məcbur oldum. Beləliklə də, mən tarixdə ilk təyyarə qaçıran adam və kommunist rejimindən azadlığa doğru qanadlanan ilk insan oldum.

İrana qaçdığımız ilk gündən etibarən bütün xahiş və tələblərimizə baxmayaraq İran hökuməti bizi nədəncə Türkiyəyə göndərmək istəmədi və əksinə 9 ay Təbriz həbsxanasında, sonra da Tehranda polis nəzarətində saxladı. Bu müddət də Tehrandakı Türk elçiliyi ilə əlaqə yaratmağımıza qəti mane oldu.

1941-ci ildə bütün İran Azərbaycanı və Tehranın isə yarısı kommunist orduları tərəfindən işğal edildi. İran şahı öz ölkəsini tərk etmək məcburiyyətində qaldıqda ordu və parlament dağıdıldı. Beləliklə ölkə iflic vəziyyətinə düşdü. Tehran rəhbərliyi gizli kommunist polisinin əlinə keçəndə hər cəmiyyətdə olduğu kimi kommunistlərə qulluq etmək, yarınmaq istəyən xain və rafil Tehran polisləri bizi onlara təslim etmək istədilər. Əslində isə o vaxta kimi bizim Sovet İttifaqına qaytarılmağımız üçün İran şahına bir neçə dəfə nota verilmişdi, lakin nə səbəbdənsə şah bizi qaytarmamaqda inad edirdi. O vaxt Tehranda olan sabiq Buxara katibi və son vaxtlarda Türk elçiliyi ilə aramızda gizli əlaqə yaradan mərhum Osman Koca oğlu İran polis təşkilatının haqqımızdakı qərarını elçilik vasitəsilə öyrənib vəziyyəti bizə çatdırdı. Biz bu xəbəri alan kimi nəyin bahasına olursa-olsun Türk elçiliyinə sığınmağı qərara aldıq. Ancaq çox təəssüf olsun ki, tətbiqi olduqca çətin olan planımızı həyata keçirdiyimizə vaxt yoldaşlarımızdan biri kommunist terror təşkilatı tərəfindən küçədə güllələnib öldürüldü. Həmin gecə Türk elçiliyinin köməyilə biz iki yoldaş Tehrandan qaçdıq. Qaçarkən kommunist dəstələri tərəfindən yaxalanmaq ehtimalını nəzərə alaraq üstümüzdəki səfirliyin guya pasportlarımızı itirməyimiz haqqında bizə verdiyi sənəddən başqa heç nə yox idi. Sovet əsgərləri bu kağıza inanıb bizi buraxdılar. Səkkiz həftə davam edən gecəli-gündüzlü bir çox qorxulu təhlükələrdən, ölüm-dirim mübarizəsindən sonra dağlarda, meşələrdə aclıq, susuzluq və mənliyimizi rəhimsizcəsinə gəmirən səfalətlə boğuşa-boğuşa Bağdada yetişəndə saç-saqqalımız uzanmış, yazıq və əyin-başı tökülmüş bir dilənçidən fərqlənmirdik.

Bağdaddakı Türk elçisi hörmətli Sahib İlkin bəyin alicənablığı, qonaqpərvərliyi və köməyi sayəsində Türkiyəyə yola düşəndə Bağdadın kiçik Teleqraf qatar dayanacağında ingilis zabitləri tərəfindən beşinci alman polkuna mənsub casus damğası ilə həbs olunduq. İngilislər üstümüzdəki Türk elçiliyinə məxsus sənədlərdən şübhələndilər və bizi nahaq yerə bir həftə müntəzəm olaraq döyüb, işgəncə verdikdən sonra yenidən Bağdada gətirdilər. İki ay yarım Bağdad həbsxanalarında ən alçaq üsullarla işgəncə gördükdən sonra Bağdad ingilis qarnizonu komandirinin əmri ilə ölümə məhkum edildik.

Bir gün səhər günəş doğarkən Bağdadın naməlum bir səmtində gülələnmək üçün aparılacağımızı gözlədiyimiz vaxt vəziyyətdən xəbər tutan Türk səfiri Sahib İlkin bəyin istər ingilis qarnizon komandiri, istərsə də İraq Xarici İşlər Nazirliyini kəskin tənqid etməsi bizi nəinki güllələnməkdən xilas etdi, eyni zamanda Türkiyəyə sığınmağımıza da imkan yaratdı. Beləliklə, çox çətinlik və əziyyətlərdən sonra, nəhayət, 1941-ci ildə ana vətən Türkiyəyə gəlib çıxdıq.

Kommunist rejimindən qaçdıqdan sonra (Sovet İttifaqından sürgün edilən İran kökənlərinin dediyinə görə) bütün ailə və uzaq-yaxın qohum-əqrəbalarımın hamısı on il Sibirə sürgün edilmiş, göndərilənlərin yarıdan çoxu Sibir çöllərində soyuqdan, xəstəlikdən ölmüş və ya öldürülmüşdü. Qoca anamın ağlamaqdan gözləri kor olmuş, etiraf etməyə məcbur edilən arvadım 2 yaşlı qızımın gözləri qarşısında qırmancla döyülüb öldürülmüş, qızım itkin düşmüşdü. Bütün bunlar o qədər ürək ağrıdıcı, o qədər qorxunc, elə insanlıqdan xaric əməllər idi ki, danışmaqla qurtaran deyil.

Düzdür, mən tarixdə kommunist cəhənnəmindən azadlığa uçan ilk türk, daha doğrusu ilk insan kimi türklüyümlə fəxr edirəm, ancaq bunun üçün yüzlərlə adamın fəlakətə sürüklənməsi, rəhimsizcəsinə işgəncə verilməsi və xunxarcasına qətlə yetirilməsinə dəyərdimi? Bu suala hələ də cavab tapa bilmirəm. Mənim bildiyim bir şey varsa, o da budur:

Çırpınırkən Qara dəniz, baxıb Türkün bayrağına,

Ah, ölmədən bir görsəydim, düşə bilsəm torpağına.

Misraları ilə milyonlarla türk gözünü qırpmadan Türkiyə üçün canını verməyə hazırdır. Elə mən də bu sevginin, bu hislərin əsiri olduğum üçündür ki, bu qədər fəlakətləri və bu qədər qanlı hadisələri gözümə almaqdan zərrə qədər də çəkinmədim və Türkiyəyə gəldiyim gündən etibarən də hər dəfə imkan tapanda türk birliyinin müdafiə edib, kommunizimlə mübarizə aparmışam.

Türkiyədə təyyarəçi işləmək üçün 1943-cü ildə Baş qərargahın sədrinə müraciət etdim. Bununla əlaqədə Əskişəhər təyyarəçilik məktəbinə göndərildim. İmtahanları müvəffəqiyyətlə verdikdən sonra təyyarəçi işləyə bilməyim haqqında sənəd aldım. 1945-1960-cı illər ərzində Türkiyə hava yollarında təyyarəçi işlədim.

1953-54-cü illərdə, yəni Stalinin ölümü ilə əlaqədar İstanbulda “Hürriyyət” və “Yeni səhər” qəzetləri xatirələrimin “Türk təyyarəçisi Məmməd Altunbay Rusiyadan necə qaçdı?” və “Cəhənnəmdə gördüklərim” başlıqları ilə 8-9 ay ərzində çap etdirdi.

1960-63-cü illər arasında Amerikanın mərkəzi Avropada yerləşən “Azadlıq” radiostansiyasının Azərbaycan şöbəsində əməkdaşlıq etdim. 1963-cü ildə yenidən Türkiyəyə qayıtdım.

Xatirələrimi ssenari şəklinə salıb Baş qərargahın sədrliyinə təqdim etdim. Tədqiqat nəticəsində 1966-cı il dekabrın 6-da Baş qərargah sədrinin əmrilə Türk silahlı qüvvələrinin milli və əxlaqı tərbiyəsi üçün faydalı hesab edilən, milli məqsəd və milli mənfəət baxımından heyətin diqqətini cəlb edən ssenarim əsasında “501 No-li kamera” filminin çəkilməsi məsləhət görüldü. Mərhum Camal Tural paşanın yaxından köməyi nəticəsində kommunist cəhənnəmindəki həyatım şanlı ordumuzun zabitləri tərəfindən; Aytən Köçər, Güneyt Köçər və digər Dövlət teatrlarının tanınmış artistlərinin iştirakı ilə kinoya çəkildi. Film bütün əsgər qarnizonlarında və mülki kinoteatrlarda göstərildi, 6 milyon yarım vətəndaşımız bu filmə baxdı. Film 1971-ci il aprelin 29-da Ankara televiziyası ilə göstəriləndə həyatda gördüm bütün dəhşət və ürək ağrıdan fəlakətlərimə baxmayaraq türk insanına, xüsusilə də gələcəyimiz olan gənc və körpə balalara kommunizmi geniş miqyasda tanıtdıra bildiyim üçün kədərimi nisbətən azalmış hesab etdim.

“Düşmən gəlir” başlığı ilə dörd İstanbul qəzetində nəşr olunan uşaqlıq illərimə aid xatirələrim İstanbul Universiteti gənclərinin arzusu ilə 1974-cü ildə 55 səhifəlik broşura hamısı universitet və lisey tələbələri tərəfindən alındı.

İndiyə qədər 33 vilayətdə keçirilmiş 180-dən artıq konfransda çıxış edib, kommunist quruluşunun həqiqətlərini, çatışmazlıqlarını və azadlığın qiymətini xalqımıza çatdırmağa çalışmışam. Bu işlərimdə qədirbilən türk nəşriyyatı həmişə köməyimə çatıb. Başda İstanbul, Ankara və İzmir olmaqla bütün Anadolu mətbuatı mənimlə birlikdə mübarizə aparırdı. Bu mövzü ilə əlaqədar 175 qəzetin sütunları dolusu yazılarından kəsib düzəltdiyim albom dediklərimə ən yaxşı nümunədir. İndi isə yorğun azadlıq döyüşçüsü kimi özümü türk mədəniyyətini, tarixi və elmi xəzinələrini tədqiq etmək, tapmaq və türk xalqını bu xəzinələrlə tanış etməklə məşğulam. Bu mənə azacıq da olsa sevinc gətirir.

Türkiyədən kənarda yaşayan türkdilli xalqların mədəniyyət və sənətkarlığını da Türkiyədə tanıtdırmağa cəhd göstərirəm.”İbn Sina” adlı özbək filmini, “Dədə Qorqud” və “Nəsimi” adlı Azərbaycan filimlərini, “Yaşamaq eşqilə dolu bir qadının həyatı” və “ Könüllər şahı” adlı üzqur filmlərini tamaşaçılara təqdim etmişəm. Hazırda xidmətlərimin davamlı olan “Tarixdə azadlığa uçan ilk türk” adlı roman üzərində işləyirəm. Bu əsər indiyə kimi nə dünya, nə də türk nəşriyyatlarında çap olunmamış həqiqətlərlə doludur. Ölkəmizdə geniş oxucu kütləsinin maraqla oxuyacağını ümid etdiyim romanımı xəstə ürəyim hələ dayanmamış bitirmək istəyirəm.

Taledəndirmi deyim, yoxsa qismətdənmi? Bilmirəm, hər halda bu qədər ağlagəlməz macəra və mübarizələrindən sonra hələ də sağam və yaşayıram.

Türkiyəyə gələndən sonra yenidən evləndim. Ankaralı Tiftikçizadələrin ailəsindən Məlahət xanımla xoşbəxt bir ailə qurdum. Bu isti yuvada hələ də türklük üçün yaşayır və işləyirəm. İstəyim bütün insanlığın zəncirlərdən qurtulub, azad olmasıdır. Dünyanın ən böyük həbsxanası sayılan Rusiyada yaşayan bütün insanların azad yaşaması üçün hər gün uca Allaha dua edirəm.

Türk milləti, unutma ki, sən azadlıq və müstəqilliyin timsalısan. Şirin sözlərə, yalana, fırıldağa çalış ki, dustaq olma, kommunistlərə nəbadə nökər olasan. Azadlığın dadını bil və əbədiyyətə qədər onunla nəfəs al. Ayıq ol, kommunizimdən qurtuluş olmaz, başqalarının ardınca qaçma. Kamalizmin ışıqlandırdığı yolda Atatürkün izilə get və böyük Atatürkün bu sözlərini hec vaxt yaddan çıxarma: “Türk aləminin ən böyük düşməni kommunizimdir. Harda baş qaldırsa əzilməlidir”.

HÖRMƏTLƏ:

Məmməd Altunbay

I HİSSƏ

TALEYİN HÖKMÜ BELƏ İMİŞ

Atamın üzünü artıq xatırlaya bilmirəm. Leninin əsgərləri onu gözümün qabağında güllələyəndə çox kiçik idim, ancaq buna baxmayaraq o qorxunc ölüm səhnəsi heç vaxt yadımdan çıxmır. O vaxt elə qorxmuşdum ki, indi də bu sətirləri yazarkən həmin səhnə dumanlı şəkildə gözlərim qarşısında canlanır, ürəyim ağrıdan sızlayır, dəhşətdən tüklərim biz-biz olur, gözlərimdən axan yaşı saxlaya bilmirəm, bu yaşlar küskün və yaralı qəlbimin dərinliklərindən çağlayıb gəlir.

Daxilimdəki səs: “Mənim mərd, əziz atam, kaş üzünü xatırlaya biləydim. Sən səni çox sevən anama və övladlarına bir şəkil belə yadigar qoymadan bu vəfazsız dünyadan köç etdin” – deyir.

Bəli, atacan, sən anamı və bizi Leylinin qanlı mizraqlarına tapşırıb getdin. İnsanları məhkum edən, bəşəriyyətə üz qarası olan belə bir quruluşda yetim böyüməyin qorxuncluğunu sən heç bir zaman görə bilmədin və bilməzdin də, çünki sən yoxdun o vaxt bu dünyada.

Atacan, sən şəhid olduğun gündən neçə-neçə illər sonra da mən bu sətirləri yazarkən gözyaşlarım ixtiyarsız olaraq axır. Ürəyim elə doludur ki, uşaqlığımdan, səni itirdiyim gündən bəri bircə dəfə olsa belə həyatımda sevincli gün axtardım. Ürəyimdə “adam bu qədər dərdə dözə biməz” – deyirəm, amma yenə də illərin bitməz-tükənməz ağrı-acısını, hətta bir günün kecici sevincini də taleyin hökmü kimi qəbul edirəm. Bəli, əziz ata, əlvan güllərin, min bir rəngli çiçəklərin, ucsuz-bucaqsız meşələrin, zümrüd yaylaqların, qarlı və dumanlı dağların, şır-şır axan, cənnət suyu misalı şəfalı bulaqların və ağla gələn hər cür zənginliklərin diyarı olan Azərbaycanımıza “vətənim” deyərək könüldən bağlanmışdın… deyərdi anam. Amma əfsus ki, uca tanrının yurdumuza bəxş etdiyi bütün gözəlliklər iki yüz ilə yaxındır ki, əsirdir, heç gülü də əsarətə məhkum etmək olarmı?

Ata, Məcnun kimi vurğunu olduğun güllər ölkəsi olan yurdunun azad olması üçün sən həyatının sonuna qədər qeyrətlə mübarizə apardın və bunu bacardın da. İgid vətən qəhrəmanlarının qanı bahasına yurdumuzun gözlərinə ucalan üç rəngli şanlı bayrağımıza “azadlıq uğrunda canından keçən igidlərin əsəridir” – dedin. Fəqət 1918-ci il mayın 27-də yenidən 10 min şəhid verərək itirməyimiz nə qədər də ağırdır. O mənfur gecədən 15 gün sonra sən ölümə gedərkən “ Azərbaycan yenə də bir vaxt azad olacaq” dediyini xatırlayırsanmı, ata? Ancaq, atacan, mən yaxşı xatırlayıram. O gün ölümün qorxuncluğunu elə hiss edirdim ki, ürək dağlayan hiçqırıqlarla ayaqlarına, bir az sonra isə mübarək vücuduna sarılaraq “ölmə, atacan!”-deyərək bütün günü ağladım və hələ də ağlayıram.

Bəli, atacan, o gün Leninin ölüm yağdıran güllələri və rusların qanlı mizraqları qarşısında sənin, şanlı vətən qəhrəmanının odlu bir ürəklə ölümə meydan oxuduğunu bugünkü kimi xatırlayıram. Sonra isə gur səsinin bütün şirinliyi ilə “ balalarım, gözyaşı tökməyin. Bəşəriyyətə üz qarası olan düşmənimizin qarşısında alçalmayın. Allahın hökmü belə imiş”-deyərək qorxudan tir-tir titrəyən balalarının yanaqlarından öpüb, səni çox sevən cəsur, mərd və dəyanətli anamın saçlarını oxşarkən “səni və balalarımı Allaha əmanət edirəm” – dedin. Düşmənin üzünə lənətlər yağdıraraq “Yaşasın azadlıq!… Yaşasın Azərbaycan!” – deyərək yeri-göyü titrədən gur səsilə nərə çəkib şəhidlik mərtəbəsinə qalxdın.

Əziz ata, qadir Allah səndən və o gün səninlə birlikdə şəhid olan qəhrəmanlardan rəhmətini əsirgəməsin. (Amin).

Yaşadığı illər boyu mübarək cəsədinin önündə hörmətlə baş əyən oğlunu bağışla, ata. Bəlkə də sənin vətən üçün etdiklərinin heç birini mən edə bilməyəcəm, lakin mən də özümü sənin “azad insan” və “azad vətən” yolunu seçdim. Bu müqəddəs amal uğrunda sənin kimi həyatda hər şeyimi və yenə sənin kimi övladlarımı, ailəmi, qardaşlarımı və sevimli anamı belə Leninin qızıl cəhənnəmindən buraxaraq, heç bir insan ağlına sığa bilməyəcək qədər ağrı-acılara və zülmlərə qatlandım.

Sevimli atam, lütfən azadlıq eşqilə, azad vətən eşqilə ölümlərin belə ən qorxuncunu gözünə alan oğlunu “sən nə etdiyini düşündünmü? Düşmənin pəncəsindən qaçmaqla həyatda yaxın-uzaq nə qədər günahsız qohum-əqrəbamızın 10 il Sibir deyilən cəhənnəmdə ölümlə pəncə-pəncə gəlməsinə səbəb oldun” – deyərək məni qınama. Çünki mən insan qəlbinin, insan idealının ən yüksək zirvəsi olan azadlıq arzusuna sarılmaqla vətənimə daha faydalı olaram inamına elə möhkəm inanmışdım ki, nə həyatımı, nə də öz qanımdan, öz canımdan olanların həyatını düşünməmişdim. Bəli, bəlkə də bir çoxları bu hərəkətimin yanlış olduğunu söyləyərək məni təqsirləndirəcək, lakin mən “ey azadlıq, sənin yolunda miliyonlarla adam ölmədimi?” –deyib bəşəriyyət tarixinin ölümsüz həqiqətlərinin illərcə mənliyimdə yaşadaraq bu yolu, daha doğrusu, əziz atam, sənin seçdiyin yolu seçdim və bu yolda başıma gəlməyən fəlakət qalmadı.

Ata, indi lütfən bir dəqiqə məni dinlə, sənə səslənirəm.

Atama səslənirəm

Mən Məmməd Altunbay, azadlığından məhrum bir ölkədə doğulmuşam. Orada azadlğın, müstəqilliyin həqiqi mənasının nə olduğunu mənə öyrətmədilər. Yaşadığım cəmiyyətdə insanlar həmişə bir-birindən qorxur, 24 saat ərzində kimin kimi satacağını düşünürdü. Hamımız qorxusuz yaşamaq arzusunda idik. İkimizi vulkan kimi təlatümə gətirən bu hislər günün birində orada yaşayan insanların çörək və su ehtiyacı qədər əziz bir şeyə çevrildi.

Hamımız bu bulaqdan su içdik. Biz azadlıq aşiqi, müstəqillik və xoşbəxtliyə susamış insanlar Stalin diktatorluğunun o qorxunc rejiminə boyun əyə bilməzdik. Ardı-arası kəsilməyən iftiralar, təhdidlər, bitib-tükənməyən zülm və işgəncə üsulları bir-birinin əvəz edirdi. Orada müstəqillikdən söz açan kəsləri gecə içən yatağından götrüb ya sürgün edir, ya da güllə yağışı altında ölümün qucağına atırdılar.

O vaxt çox kiçikdim. Lakin sənin və dayımın güllələndiyiniz o dəhşətli günləri heç cür unuda bilmirəm. O gün neçə-neçə azadlıq mücahidi səninlə bərabər güləlləndi. Arvadlarını və uşaqlarını da onlarla birlikdə öldürdülər. Ogünkü azadlıq qəhrəmanlarımızın indi məzarı belə məlum deyil. Çünki, ata, orada adamlar məhkəməsiz, kütləvi halda güllələnirdi. Orada edamsız və sürgünsüz günümüz yoxdu, ata. Nəhayət, Bir gün ölümün astanasından adlayaraq özümü ana vətən Türkiyədə azad insanların yaşadığı müstəqilliyin qucağında gördüm. Lakin bu o qədər də asan başa gəlmədi. Məqsədə çatmaq yolunda zindanlarda zəncirlərə vuruldum. Saysız-hesabsız işgəncənin ağrı-acısını çəkdim. Bütün təhlükə və çətinliklərə baxmayaraq qüvvəmi daxilimdə odlanan azadlıq məşəlindən aldım və bu məşəl mənə müstəqillik və azadlıq yolunda işıq oldu.

Müstəqillik üçün yaşadım. Yaşadım ki, iyrənc və qorxunu Lenin rejiminin iç üzünü azad dünyanın azad insanlarına göstərim, ata Bəli, ata bu gün sənə səslənərkən ölümündən neçə il sonra Leninin bayrağı altında yaşayan türk yurdlarını qarış-qarış gəzmişdim. Gördüyüm və hiss etdiyim pərişanlıq, bəşəriyyətə üz qarası və dizə qədər səfalət tablosundan başqa bir şey deyildi. Bu səfillər dünyasının gözüyaşlı insanları ilə aylarla birlikdə yaşadığım üçün özümü onların bir parçası kimi görüb və deyirəm: “mən azadlıq aşiqi, azərbaycanlı, mən şimali qafqazlı, mən türküstanlı, mən urallı, krımlıyam” və bu səslənməni eyni zamanda səninlə birlikdə şəhid olan aslan ürəkli vətən övladlarının və azadlıq yolunda şəhid olan bütün dostlarımızın və adsız qəhrəmanlarımızın əziz ruhuna ithaf edirəm.

Bəli, atacan, bu qədər acı və bu qədər insanlıqdan kənar zülmlərdən sonra buz kimi zindanlarda ölümü gözlədim. “Öldürmək istəmədiyini Allah öldürməz” – deyiblər. Mən buna inanıram. Çünki mən də qadir Allahın bir lütfü sayəsində üç dəfə ölümdən qurtarmışam, lakin yenə də sənin etdiklərinin mində birini edə bilməmişəm. Düzdür, bu gün sənin ömrün boyu arzuladığın, lakin hç vaxt görə bilmədiyin, azad insan kimi yaşamadığın azad dünyada, daha doğrusu, ana vətənim Türkiyənin müşfiq qoynunda yaşayır və bu torpaqlarda da dərdlərimə, ağrı və acılarıma, azad insan kimi yaşamaq təşnəsinə şərik olan son dərəcə anlayışlı, nəcib və azadlıq aşiqi vətənpərvər insanlarla bərabərəm, lakin inan, atacan, qəlbimin iztirabı heç vaxt sakitləşmir, ruhum müdhiş bir əzab içindədir. Çünki ata və oğul vətənimiz azərbaycan uğrunda apardığımız azadlıq mübarizəsi heyf ki, sənin iyrəndiyin, nifrət etdiyin və “bəşəriyyətə üz qarası” – deyərək lənətlədiyin, Leninin əsgər və yoldaşları tərəfindən orta əsrin yonulmamış xunxar zehniyəti ilə həm gəmirilir, həm də əsarət zəncirində saxlanılır.

Bəli, atacan, qadir Allahın insanlara verdiyi səbrin, deyəsən, həddi-hüdudu yoxdur. Olsaydı, indiyədək min dəfə ölməliydim. Lakin mən hələ də yaşayıram və lənətə gəlmiş qırmızı istilaçıların zülmü qarşısında heç vaxt ümidsiz olmamışam sən həmişə “bir gün ilahi ədalət mütləq surətdə təcəlli edəcək” – demirdinmi? İndi budur, mən də eyni ümidlə yaşamış və yaşayıram.

Bəli, sevimli oxucularım!

Düşmən kimdir? – sualının geniş izahı və şəhid atamın qorxunc ölüm səhnəsinin necə, harada və hansı şəraitdə oynanıldığı barədə sonra danışacağam. İndi təkrar uşaqlıq xatirələrimə dönməzdən əvvəl mühüm bir həqiqəti bilməyinizin əhəmiyyəti var. Belə ki, danışacağım hadisələrin heç bir yerində kiçik bir şişirtmə və mübaliğə yoxdur. Əksinə, çox kiçik olduğum üçün bir çox hadisələri unutmuş, fəqət kiçik beynimin unutduqlarını, yenə də kiçik olduğum üçün anlamadığım sözlərin boşluğunu qismən mərhum anamı və səksən yaşına çatmasına baxmayaraq mənimlə məktublaşmaqdan böyük qardaşım Cəmilin hekayələrinin doldurmuş olduğunu söyləməliyəm.

Anam gizli-gizli ağlayırdı.

Atamın uzun müddət idi ki, gecələr evə gəlməməsi anamı çox üzür və bizi də boynubükük, kimsəsiz, yetim halına salırdı. Qonşuların, daha doğrusu, bu bizə elə gəlirdi, xüsusilə əd evimizin yanındakı erməni dığalarının bizi “qaçaq İbrahimin balaları” – deyə çağırmasını sataşmaq kimi qəbul edərdik. Böyük qardaşım Cəmil həmişə bizi belə çağırıb, lağ edən dığaları o ki var döyərdi. Mən də ona qoşulardım. Buna görə də qonşumuz Haykanuş tez-tez anamın yanına gəlib Cəmildən şikayət edərdi. Anam isə Cəmilin qulağını çəkərək ona təpinərdi:

– Bir də uşaqlarla dalaşsan atana deyəcəyəm. Qulaqlarını kəsəcəyəm sənin, bildin?

Qardaşım heç vaxt “bildim, başa düşdüm” deməzdi. Yalnız sadəcə razılıq mənasında başını tərpətməklə kifayətlənər, lakin yenə də qovğadan əl çəkməzdi. Anam çox əsəbiləşdiyi vaxt bizi günlərlə küçəyə buraxmazdı.

Məhəllə uşaqları Cəmildən çəkinirdilər. O hər gün mütləq iki-üç uşağı döyməli idi. Anam isə şikayətə gələn qadınlarla üz-göz olmağı sevməzdi.

Axşamlar evdə yalqız qalarkən anamın tez-tez gizli göz yaşı axıtması qardaşımı da, məni də çox narahat edirdi. Yalnız bəzən axşamlar nənəmlə babam biz gələndə anam çox xoşbəxt və şən görünməyə çalışardı. Hətta ürəkdən gülərkə elə gözəlləşirdi ki, nənəm hər dəfə özünü saxlaya bilməyib:

– Qızım, sənə axırda göz dəyəcək. Kəm gözlərdən uzaq olmağın üçün gərək məhləmizdəki Molla Kərimə deyəm sənə bir dua yazsın, boynundan asasan – deyərdi.

Amma dua da gəlib çıxmazdı ki, çıxmazdı.

Anam həddindən artıq hər şeyin yerini bilən, ciddi və intizamlı bir qadındı. Küçədə biz uşaqlarla dalaşanda bərk hirslənirdi. Elə vaxt olurdu ki, cəza olaraq bizi bir həftə küçəyə buraxmazdı. Anamdan qorxmazdıq, ancaq çəkinərdik. Onun hirslənməsini, əsəbiləşməsini, xüsusilə də bizim hərəkətlərimizə görə fikir çəkməsini istəməzdik.

Anam çox gözəl qadındı. Bizə gələn bütün qadınlar ona həsəd aparardı. Uca boyu, düz qaməti, incə belinə qədər enən gur qara saçları, iri qəhvəyi badamı gözləri, ətli dodaqları, gülərkən adamı tilsimləyən baxışları və inci kimi düzülmüş dişləri, sanki heç gün görməmiş, qüzey qarı kimi ağ üzünə elə yaraşırdı ki, qonşu qadınlar anamın bu gözəlliyinə heyran qalır və xətrini çox istəyirdilər. Hamı onu Sultan Bəyim deyə çağırardı. Anamın əsl adı Seyid Bəyim idi.