Kitabı oku: «Həyatım və mühitim»

Yazı tipi:

“Xatirə Ədəbiyyatı” silsiləsindən 7-ci kitab

© Məmməd Səid Ordubadi / Həyatım və mühitim

© “XAN” nəşriyyatı / Bakı / 2022 / 228 səh.

Üz qabığının dizayneri / Teymur Fərzi

* * *

Məmməd Səid Ordubadi


Ön söz
Ordubaddan Sarıtsinə məhbəs dolu günlər

“Bir vaxt bu xatiratı kitab şəklində çap etdirəcəyəm. Bunu hər kəs oxuyub çar hökumətinin nə qədər həyasız və zalım bir hökumət olduğunu anlayacaqdır”.

Bu sözləri Məmməd Səid Ordubadi Bayıl həbsxanasında Bakının məşhur qoçularından olan Ağakərimə deyir.

O haqlı idi. Xatiratı oxuduqca çar hökumətinin məhbəslərində yaşanan faciələri, qadınların başına gətirilən əxlaqsız hərəkətləri, I Dünya müharibəsinin yaşatdığı acıları əhatəli şəkildə görürük.

“Həyatım və mühitim”də Ordubadi yaşadığı dönəmi detallı şəkildə oxucuya çatdıra bilir. Hətta bəzən elə incəliklər qeyd olunur ki, ilk anda bunun oxucu üçün maraqsız olduğunu düşünürsən. Məsələn, kənddə mollaların siyahısı, qadınların ləqəbləri və s. Amma daha dərin baxanda bütün bu siyahıların, adların, hətta buğdanın qiymətinin də yazılmasının əslində tarixşünaslıq üçün mühüm əhəmiyyəti var.

Ordubadi hadisələrə 1838-ci ildən başlayır. Bu elə bir dönəmdir ki, ermənilər Ordubad da daxil olmaqla Naxçıvana köçürülüb, İrana yaxın olduğuna görə ərazidə məzhəb çatışmaları davam edir, əhali yoxsulluq içində və zülm altında yaşayır. Səid isə bu istismarçıların kimlər olduğunu ətraflı şəkildə yazır:

“1838-ci ildə Ordubad şəhərinin istismarçıları bunlardan ibarət idi: molla (75 nəfər), axund (üç nəfər, müctəhid və vaiz), seyid (30 nəfər), xan (1 nəfər, bu idarəedici xandır, başqaları bura daxil deyil), bəy və s. əyan sinfi (60 nəfər), xan nökəri (10 nəfər)”.

Bu cür istismarçıların olduğu bir yerdə Səidin atası da kasıbçılıqdan zülm çəkir, şair olduğundan ağalara şeir yazıb ailəsini dolandırmağa çalışır. Amma şeir hər dəfə çörək qazandırmırdı…

“Bu kağızı aparıb Mənsur ağa adlı bir cavan vardır – onu tapıb verərsən, cavabını alıb gələrsən… Məktubu ona verdim. Alıb oxudu… Oxuyub qurtardıqdan sonra mənə bir söz demədi. Kağızı palçığın üstünə atıb tapdaladı və keçib getdi. Mən kağızı palçığa batmış bir halda yerdən qaldırdım. Bu halda atamın səmimi rəfiqi və əncümən üzvlərindən Məşədi Həsən dabbağ gəldi. Kağızı məndən aldı. Ağa Rəsul əttarın dükanında ucadan oxudu. Onların hər ikisi ağladılar. Mən sonra bildim ki, atam Mənsur ağaya tərif yazıb aclığını bildirmişdi. Dabbağ Həsən bir dəsmalın ucuna pul düyünlədi və məni evimizə qədər yola saldı. Atam bu cür məktublardan bir çoxuna göndərirdi. Lakin yardım ala bilmirdi”.

Atası səfalət içində dünyasını dəyişəndən sonra anası və Səidin özü həmin ərəfədə Ordubadda inkişaf etməyə başlayan ipək fabriklərində çalışmağa başlayır. “Mən Karapet Babayevin fabrikinə girdiyim vaxt 14 yaşım vardı. Bir il ipək mövsümünü ayda manat yarım maaşla işlədim”. Ordubadi bir neçə ipək fabrikində işləyir, xatirələrində ümumiyyətlə həmin dövrdə ipək ticarətinin durumu, rəqabət aparanlar haqqında müfəssəl məlumatlar verir. İşləməklə yanaşı, o həm də yeni tipli məktəbdə oxuyur, ilk şeirlərini yazırdı.

Xeyli illər sonra ilk şeirlərinin uğurunu görüb, 1904-cü ildə “Qəflət” adlı əsərini yazır. Əsər iki il sonra Tiflisdə Ömər Faiq və Mirzə Cəlil tərəfindən açılmış “Qeyrət” mətbəəsində dərc olunur. Bu əsər Səid haqqında Ordubadda şayiələrin yayılmasına səbəb olur. O, bəhailiyi təbliğ etməkdə tənqid olunur, məscidlərdə haqqında mənfi fikirlər səslənir.

Ordubadi 1905-ci il erməni-müsəlman davasına da aydınlıq gətirir. Digər ziyalılar kimi o da əslində bu davanın çar hökuməti tərəfindən imperiyada başlanan inqilabların qarşısını almaq üçün yaradıldığını qeyd edir və general Əlixanovun (Məsud bəy Avarski) əhaliyə dediklərini yazır: “Birinizi öldürsələr, beşini öldürünüz”.

“Molla Nəsrəddin” çap ediləndən sonra Ordubadi jurnalla əməkdaşlıq etməyə başlayır.

“Molla Nəsrəddin”də birinci olaraq “Hərdəmxəyal” imzası ilə yazdım… Faiq əfəndi “Qəflət” və “Vətən və hürriyyət”i çap etdirdikdən sonra mənə çox səmimiyyət bəsləyir və sevirdi”.

Lakin həmvətənləri ona bu səmimiyyəti bəsləmirdi. Mollaların, gericilik tərəfdarlarının təzyiqinə uğrayan Səid Culfaya köçməyə məcbur olur. Ordubadda eşitdiyi son söz bu idi: “Bir-iki il bundan əvvəl cəhənnəm olub buradan getsəydin, şəhərdəki dinsizlərin sayı azalardı”.

* * *

Culfa mühiti Səidi daha bir təlatümün içərisinə qərq edir. Bu təlatüm İran inqilabı idi. Oburada İran inqilabına kömək edən təşkilatın üzvləri ilə tanış olur və inqilabda iştirak edir, sosial-demokrat təşkilatı “Hümmət”in Culfa təşkilatına daxil olur. Xatiratında Culfada, Xoyda kimlərlə görüşməsi, I Dünya müharibəsi dönəmində İrandakı vəziyyət ətraflı şəkildə qeyd olunur. Xüsusən, burada bəhayi ailəsində olması, zorla ərə verilən Bəhiyyəyə kömək etməsi maraqlı səhifələrdəndir.

Amma onun bu ərəfədə gördüyü işlərdən ən ilginci ermənilərin rəhbərlərindən olan Androniklə görüşməsidir.

Belə ki, Andronik Osmanlıdan Naxçıvana keçərək burada qırğın törətməyi planlaşdırırdı. Həmin ərəfədə Ordubadi siyasi proseslərin içərisində idi və Andronikin gəlməsini eşidib onunla görüşməyi qərara alır.

“Mühüm müsafirlər ilə müsahibə etmək üçün Haşım bəy Vəzirov mənə müxbirlik vəsiqəsi göndərmişdi. Mən həmin vəsiqə ilə Androniklə müsahibə üçün Abramovun mülkünə getdim…

Mən qəhvəni əlimə aldıqda o:

– Əfv edərsiniz. Əcəmmisiniz? Qafqazlımısınız?

– Qafqazlıyam, qafqazlı olduğum üçün də yanınıza gəlmişəm.

– Qafqaz hüduduna keçdiyimdən bəri birinci olaraq görüşümə bir türkün gəldiyindən ziyadəsilə məmnunəm. Bununla bərabər, etdiyimiz müsahibənin qəzetə göndərilməməsini də arzu edirəm. Söhbətimizdə mətbuata yarayacaq bir mahiyyət olmadığı bəllidir.

– Əcəba, mühüm müsahibədə bulunmaq olmazmı?

– İştə mənim dediyim budur. Mühüm söhbətlərin mətbuat səhifəsinə girməyin vaxtı hələ yetişməmişdir”.

Ordubadi Androniklə söhbətini mətbuatda dərc edə bilməsə də, xatiratında ətraflı şəkildə qeyd edir.

* * *

Xatirələrdə maraqlı hissələrdən biri də Səidin Raya adlı bir qızla tanış olması, Rayanın onun uğrunda ölümə qədər getməsidir. Belə ki, Səid Culfada olarkən “Anqliya” mehmanxanasında qarşı odadan ağlamaq səsi eşidir. Otel sahibi ilə otağa daxil olduqda iki polis, bir qadın və ağlayan iki qız görürlər. Məlum olur ki, qadın iki qızı ailələrindən pulla alıb: “Müqavilələr oxunduqda məlum oldu ki, Rostov sakinləri Semyon Anisov 19 yaşında olan qızı Rayanı, Beqlisov isə qızı Lidanı 50 manat alıb Samtred sakini Manya Alekseyevaya vermişdir”.

Məlum olur ki, Dünya müharibəsinin gətirdiyi səfalət ailələrin bu addımına səbəb olub, lakin onları alan qadın qızları işləməyə deyil, fahişəliyə sürükləyirmiş. Ordubadi 200 manat pul verərək qızları fahişəlikdən xilas edir. Raya az sonra polkovnik Ştraubenin evində qulluqçuluq etməyə başlayır, Lida isə otelin sahibi Surenə ərə gedir.

Səid Rayaya ikinci dəfə elə polkovnikin evində rast gəlir. Çünki artıq Səid çar hökumətinin əleyhinə fəaliyyət göstərən şəxs hesab olunurdu. Artıq onun haqqında dosya hazırlanmışdı.

Səid dönəmin Qafqaz canişini Vorontsov – Daşkovun əmri ilə savaş bitənə qədər Saritsın şəhərinə sürgün edildi.

* * *

İlk öncə o, Naxçıvan həbsxanasına göndərilir. Ordubadi sürgün illərində olduğu həbsxanaların hamısında gördüyü iyrənclikləri detallarına qədər anladır. İnsanların kütləvi və qısa bir müddətə subaşına çıxarılması, qarın xəstəliyi olanlara təzyiqlərin göstərilməsi, nəzarətçilərin qadın məhbusları gecələr pristavlar, bəylər üçün aparmaları və ya onların elə öz hücrələrində zorlanmalarına şərait yaratmalarını qeyd edir. Xüsusən, Mələknisənin taleyi olduqca acınacaqlıdır.

“Onun hər bir yerişi nə qədər təhqir edildiyini, vəhşi qucaqlardan yorulduğunu göstərirdi”.

Mələknisə nəhayət bu zorakılıqlara dözməyərək intihar edir. Amma bu intihar şübhəli idi. Əslində isə o, sonuncu dəfə zorlandıqdan sonra asılaraq öldürülmüşdü. Ordubadi bu məhbus qadınlara kömək etməyə çalışır, amma vəhşi sistem ona istədiyinə çatmasına imkan vermir.

Burada, həbsxanada olduğu müddətdə Ordubadi Rayadan məktublar alır. Raya məktubunda polkovnikin yanından ayrıldığını, vətəni Rostova dönəcəyini, Sarıtsinə Rostovdan keçəcəklərinə görə Səidlə orada görüşə biləcəyini yazır. Onlar həqiqətən görüşürlər… Buna qədər isə Səidi ağır günlər gözləyirdi.

Ordubadi Tiflis həbsxanasında yaşanan iyrəncliklər haqqında da məlumat verir. Burada müharibənin məhbəslərdə homoseksualizmə səbəb olduğunu yazır. Belə ki, burada qaldığı məhbəsə yaşları 18–20 arası olan 32 nəfər rus uşaqlar da salınmışdı. Onlar müharibənin gətirdiyi səfalətə görə oğurluq etdiklərindən həbs olunmuşdular.

“Çoxdan bəri qadından və azad həyatdan ayrılmış, müsəlman əxlaqsızlıqlarından təşkil edilmiş bu həyasız kütlə bədbəxt uşaqların üzərindən olmazın həyasızlığı yapırdılar. Hər bir uşaq gecədə heç olmasa 6–7 nəfər caninin şəhvətini soyutmağa məcbur olurdu. Qoyulan qaydaya görə, hər bir uşaq bu gecə kimin yanında yatacağını vaxt ikən düzəldilmiş şifahi cədvəl üzrə bilirdi… Bunların içərisində ən gözəli Jorka ilə Volodya idi. Bunlara həbsxananın qolu zorbalıları sahiblənmişdi. Volodyanı iranlı Məşədi Hüseyn, Jorkanı isə Baqrat saxlayırdı”.

…Tiflis həbsxanasından sonra Ordubadi Bakıya, Bayıl həbsxanasına göndərilir.

Burada o, həbsxanaya düşmüş Bakı qoçuları Teymurla Ağakərimin himayəsində qalır. Belə ki, Ordubadini tanıyan qoçular onu öz hücrələrinə yerləşdirir, rahat olması üçün hər cür şəraiti yaradırlar. Ordubadi çar məmurlarının bu qoçuların qarşısında necə tir-tir əsdiklərini, əslində həbsxananın sahiblərinin qoçular olduğunu yazır. Hər gün qoçulara çöldən cürbəcür yeməklər gəlir, qoçular öz adamlarını həbsxanaya çağıraraq onlara əmrlərini verir, məhbuslara yardım edir, həbsxanada öz qayda-qanunlarını tətbiq edirlər.

* * *

… Nəhayət, məhbuslar Rostov stansiyasına çatırlar.

“Vaqondan düşdük. Ətrafda qadın və kişilər də vardı. Bir səs eşitdim:

– Odur, özüdür, uzunboylu, qabaqda dördüncü məhbus”.

Bu Raya idi.

Burada qaldığı müddətdə Səid müxtəlif yerlərdə işlədilsə də, Rayanı tez-tez görə bilirdi. Raya ona aşiq olmuşdu. Hər gün onu görməyə çalışırdı. Lakin günlərin birində Raya həbs olunur.

“Mənə nə olubsa, polkovnik Ştraubedən olub. Çünki o alçaq məni sevirdi. Mən isə onunla yaşamaq istəmədim”.

Çar həbsxanalarında qadınların başına gətirilən faciə isə Səidə bəlli idi. Ona görə də, o, bu hadisəni dəhşət içində qarşılayır…

Nəhayət, Səid sürgün olunacağı Sarıtsin şəhərinə çatır.

Sürgündə yaşayan Səid burada 50 manat rüşvətlə pasport əldə edir və Rostova qayıdaraq Rayanı ziyarət edir. Raya isə dəlixanaya salınmışdı…

Bir il sonra Rayanın anasından Səidə məktub gəlir:

“Raya son vaxtlar tez-tez bayılırdı. Zəifləmişdi, solmuşdu, xəstəliyi artmışdı. Daima vəhşətlənərək, “budur, yenə də gəldilər” – deyə qışqırır və bağırırdı”…

Səid anlamışdı, Mələknisənin başına gətirilənlər onun da başına gətirilmişdi. Və o, son dəfə bayılandan sonra ayılmamışdı.

… “Rayanın qəbri üstə bir dəstə gül qoyub qayıtdım. İndi də o gül və bir yığın torpaqdan ibarət olan qəbir gözümün önündədir”.

Bolşeviklərin qələbə qazanmasından sonra Səidin sürgün illəri də bitir və o, əvvəlcə Həştərxana gəlir, burada, Teymurxanşurada çalışdıqdan sonra Bakıya getməyə qərar verir. Çünki artıq Bakı da bolşeviklərin əlində idi…

“O günlər “Əxbar” qəzeti çıxırdı. Mən Bakıya gələndən iki gün sonra həmin qəzetə müdir müavini təyin olundum”.

Dilqəm Əhməd

Məmməd Səid Ordubadi iş otağında


Familiyamız

Atam Hacağa Məhəmməd oğlu yeddi arxa keçdikdən sonra Şah Abbasın yanında böyük bir mərtəbə qazanmış məşhur şair Mirzə Hətəm Ordubadinin nəvəsidir.

Mirzə Hətəmdən atam Hacağaya qədər familiyamızda şairliklə məşğul olan yalnız Mirzə Ağacan olmuşdur. Atam Hacağanın təxəllüsü “Fəqir”dir. Onun böyük divanı vardır.

Anam İranın Qaradağ tərəflərindən – Dizmar mahalındandır. Üştibin kəndindən Pənah adlı bir bağbanın qızıdır. O, Tovuz xanım vasitəsilə məşhur Üştibin şairi Nəbatiyə mənsubdur. Anam öz ailələri ilə bərabər Həsənabad xanlarının qarət və qırğınından qurtulub qaçmışdı.

Atam evləndiyi vaxt çox fəqir idi. Bunun üçün də şeirlərində “Fəqir” təxəllüsü ilə məşhur olmuşdur.

Zatən 1838-ci ildən başlayaraq, yalnız Ordubad şəhərində deyil, ümumiyyətlə, Naxçıvan mahalında qarışıqlıq başlamışdı. Əvvələn, məhzəb-təriqət mübarizələri şiddət etmiş, ikinci də, İran qanunlarının yeni istilaçı rus qanunlarına dəyişdirilməsi camaatın dağılıb İrana qaçmasına və yoxsul bir vəziyyətə düşməsinə səbəb olmuşdu.

Hələ bu ildən İranda olan ermənilərin Zaqafqaziyaya köçürülməsi, xüsusən, Marağa və Təbriz tərəflərindən gətirilən 266 evin Ordubad kimi torpağı az olan yerlərə yerləşdirilməsi səbəbindən iqtisadi, siyasi və ictimai vəziyyət tamamilə bərbad bir hala qalmışdı.

Bu ildə 12 min əhaliyə malik olan Ordubad şəhəri, iqtisadi vəziyyətin pərişanlığına baxmayaraq, öz boynunda məhəlli istismarçıların ağır yükünü çəkməyə məcbur idi.

Burada Ordubadın fəqir və yoxsul olduğu haqqında rus məxəzlərinin verdiyi məlumat daha aydındır.

1838-ci ildə Ordubad şəhərinin istismarçıları bunlardan ibarət idi:

Molla – 75 nəfər;

Axund – 3 nəfər (Müctəhid və vaiz);

Seyid – 30 nəfər;

Xan – 1 nəfər (Bu idarəedici xandır. Başqaları bura daxil deyildir);

Bəy və s. əyan sinfi – 60 nəfər;

Xan nökəri – 10 nəfər.

Yuxarıda göstərdiyimiz 179 nəfərdən ibarət olan təbəqə 12 min fəqir və yoxsul əhalini istismar edirmiş. Burada çox maraqlı bir şey varsa, o da 12 min əhalinin nə kimi sərvətə malik olmasından ibarətdir. Burada birinci olaraq maldarlıq işini götürək:

Dəvə – 100 baş;

At – 200 baş;

Qatır – 60 baş;

Eşşək – 500 baş;

İribuynuzlu heyvan – 1200 baş;

Qoyun, keçi – 10000 baş.

Bu göstərilən rəqəmlərə gəldikdə, bunların 70 faizi şəhərin xanı Naib Şeyxəli bəy, Ağalar Soltan, Fəxrəddin bəy, İsgəndər ağa və Əli xanların ixtiyarında idi.

Ordubad şəhərinin yer məhsulu işinə gəldikdə, torpağının azlığından və əhalinin mədəni olmadığı üzündən daha dənsiz bir halda imiş. Məsələn, 1838-ci ilin taxılını götürmüş olsaq, görə bilərik ki, bütün Ordubad okruqunda 500 xalvar, yaxud 10000 pud buğda olmuşdur ki, bu da okruqda yaşayan xalqın hər bir nəfərinə ildə 30 girvənkədən artıq düşmür. Halbuki buğdanın da hamısı rəiyyətin deyildir. Heç olmasa 50 faiz xanın anbarına tökülürmüş.

Əhalinin ağac meyvəsinə gəldikdə, onun da əksəriyyətini üzüm məhsulu təşkil edir. Üzüm məhsulundan isə Ordubad müsəlmanları ermənilər kimi istifadə edə bilmirdilər. Onlar üzümləri Naxçıvana və İran kəndlərinə daşıyıb taxıla və başqa yemək şeylərinə dəyişməyə məcbur idilər. Bu isə hamıya mümkün olmadığı üçün bəzən üzüm bağlarını ermənilərə icarəyə verirdilər.

1838-ci illərdə Əylis kəndində yaşayan yerli ermənilər müsəlman əlində olan üzüm bağlarını icarəyə götürürdülər. Üç yüz pud üzüm verən bağları 60 manatdan artığa götürmürmüşlər. Halbuki pudu 20 qəpiyə olan üzümdən erməni icarədarı 12 butulka şərab hazırlaya bilirdi.

Bəzən mollalar müsəlmanların bağı şərab üçün icarəyə verməsinə mane olduğundan, icarədar erməni vaxtikən mollaları görüb razı salmağa məcbur olurmuş.

Atam böylə mühitdə yaşadığı və böylə bir mühitdə şair olduğu üçün təxəllüsünü “Fəqir” qoymuş və şeirlərində mühitinin yoxsul vəziyyətini əks etdirmişdir.

Mən 1872-ci ildə doğulduğum vaxt Ordubadın vəziyyəti daha bərbad halda imiş. Bu vaxt məzhəb mübarizələri, təriqət çıxışları qanlı vuruşmalara qədər varıb çıxırmış.

Məzhəb və təriqət mübarizələri

Mən doğulduğum vaxt necə ki İran, elə də İran ilə həmcivar olan Ordubad şəhərini məzhəb və təriqət mübarizələri boğmuşdur. XIX əsrdə böyük bir şöhrətlə aralığa çıxan və Kərbəla şəhərində dini bir cəmiyyətin təşkilinə müvəffəq olan Şeyx Əhməd Əhsan şagirdlərindən birisi də Ordubada gəlmişdi. Bu adam Ağa Əli müctəhiddən ibarət idi. Ağa, bir tərəfdən, “Şeyxi” təriqətini müdafiə edərək “Üsuli” təriqəti ilə vuruşur, o biri tərəfdən də, Babın şagirdləri olan Molla Sadıq Vənəndli və Ağa Mirkərimlə mübarizə edirdi. Bab İranda öz təriqətini elan etdiyi vaxt Molla Sadıq da Ordubadın Vənənd kəndində eyni təriqəti elan edir, on minlərlə əhalini ətrafına toplamağa müvəffəq olur. Bu zaman Ordubad xalqı daha bir böyük qorxunun qarşısında qalır. Rusiya hökuməti Behbudov adlı generalı 5 min nəfərlik ordu ilə Molla Sadığın həbsinə məmur edir. Əhali qorxuya düşür. Culfa adamları evini, malını buraxıb ailəsi ilə bərabər İran tərəfə qaçırmış. Bu vaxtlar Ağa Əli müctəhid öz rəqiblərini məhv etmək üçün Behbudov general ilə anlaşır və Molla Sadığın həbs edilməsinə müvəffəq olur. Behbudov və başqa rus məmurları, öylə də Şeyxəli bəy Naib, “Şeyxi” təriqətinin qalib gəlməsi üçün böyük hümmət sərf etmiş olurlar. Xüsusən Naxçıvanın xanı və onun naibi Şeyxəli bəy də “Şeyxi” təriqətini daşıyırdı. Ağa Əli müctəhid bu qalibiyyətdən sonra bu yoxsul şəhərdə öz nüfuzunu genişləndirib, “Üsuli” təriqətilə ciddi mübarizəyə girişir. Belə ki, məscid qapılarında vuruşmalar olur, hər iki tərəfin mollası bir-birinin qanının halal olmasına fitva verir.

Ordubadın Yaycı və Vənənd kəndləri “Üsuli” olduqlarından şeyxin tərəfdarları həmin kəndlərə dolana bilmirdilər.

Din və təriqətə arxa vermiş şəhər əyanları aşağı təbəqəni istədiyi kimi istismar etməyə başlamışdı. Bu üzdən də əyanları terror etmək üçün bütün Naxçıvan mahalında Əbutalıb adlı bir gənc aralığa çıxır. Əbutalıb Müəzzədin bəy adlı zalım bir bəyin pusqusunda durub, güllə ilə vurur. Bəy qılçasından yaralanır. Bunun üçün də Əbutalıbı Ordubadın məşhur Ərəsə meydanında dara çəkirlər. Camaat qorxuya düşür. Bir neçə gün heç kəs bayıra çıxmır. Yenə də mollalar əhalini sakit edir. Əyanlar, xanlar və mollaların əlində oyuncaq olan Ordubadın haqqında “Fəqir” öz şeirlərində yazır:

 
Əzəl şikayətim ol çərxi-bivəfadəndir,
İkincisi iki yüz1 yarü aşinadəndir.
Libasi-faxiri hər kəs geyib, sayalla kişi,
Neçünki, köhnə geyən firqeyi-gədadəndir.
Verilə müdamə, həm qeyri-müstəhila təam,
Fəqirlər qalır ac, yəni bu səxadəndir?!
Hacı təkiyyə tutubdur Hüseynə ağlamağa,
Evini, dövlətini göstərir, bəxadəndir.
Ziyafət eylər adı çıxmağa, deyər ehsan,
Qəbul olmuya bu xeyrlər, xətadəndir.
Plov yeyənlər yeksər yığıb, qalıb aclar,
Görüm evi yıxıla, belə iş rizadəndir?!
Kələm başında axundun keçib yuxarı başa,
Kəsib buxarı başın, bu nə müddəadəndir?
Geyib qəbanı, salıbdır əba, tutubdur əsa,
Çəkibdir boynunu, yəni ki, iddiadəndir.
Axundu gəlibdi Nəcəfdən, edib əcəb təhsil,
Yığıb mürid başına sidq ilə, səfadəndir.
Sözündə yoxdur əcəb vaizin, deyil amil,
Axundların bu hamı etdigi həvadəndir.
Əgərki qazı ağa əyləşib qəzabətdə,
Xilafdır hamı fitvası, hökm ağadəndir.
 

Bu kimi şeirləri yazan şair “Xalq”ın nəzərindən düşürdü. O, təmin edilməyəcək bir yoxsulluğun içərisində idi. Buna baxmayaraq, şeirə çox həvəsli idi. Ordubadda şairlər əncümənini düzəltmişdi.


ƏNCÜMƏNDƏ İŞTİRAK EDƏNLƏR:

“Bikəs” təxəllüslü Molla Hüseyn;

“Sidqi” təxəllüslü Məmmədtağı;

“Müznib” təxəllüslü Kəblə Əliqulu;

“Şəmi” təxəllüslü Əhməd ağa;

“Nəqqaş” təxəllüs Nəqqaş Zeynalabdin.


ƏNCÜMƏNDƏ İŞTİRAK EDƏN ŞEİR ARAQLILARI:

Məşədi Həsən Dabbağ;

Seyid Möhsün Saatsaz;

Kərim Məşədi Həsənoğlu;

Ağa Rəsul Əttar və s. idi.


Son zamanlar “Fəqir”in gözləri kor oldu. Daha məktəbdə dərs verə bilmirdi. Halı daha da ağırlaşdı. Məni, bir də böyük bacımı əmim öz yanına aparmışdı. Çünki atamın heç bir şeyi qalmamışdı. Hətta ölməmişdən əvvəl şairin üst paltarlarını da satmışdılar. Mən 9 yaşında idim. Onun görüşünə getdim. Atam papiros qutusunu mənə verdi və tapşırdı: “Oğlum, bunu 15 qəpiyə də olsun satarsan. Pulunu isə qəndə və çaya verib gətirərsən”.

Mən qışın günü saat 12-dən axşama qədər dolaşdım, qutunu istəyən olmadı. Çünki kartondan qayrılmış qutunun rəngi artıq saralmağa başlamışdı. Qapağı da bağlanmırdı. Axşam evə qayıdanda əmimə rast gəldim. Ona söylədim, o ağladı. Əlimdən tutub çolaq Nəsrullanın əttar dükanına gətirdi. Çay və qənd alıb verdi.

Şeir və ədəbiyyatın qiyməti

Günün birisində atam məni yanına çağırdı. Bir yazılmış kağız verdi və tapşırdı: “Bu kağızı aparıb – Mənsur ağa adlı bir cavan vardır – onu tapıb verərsən, cavabını alıb gələrsən”.

Mən bazarı çox dolaşdım. Nəhayət, Mənsur ağa qapan dibindən gəldiyi vaxt əllaf Hacı Mirzə Ağababanın dükanının qabağında məktubu ona verdim. Alıb oxudu. Diqqətlə baxırdım, axıra qədər oxudu. Oxuyub qurtardıqdan sonra mənə bir söz demədi. Kağızı palçığın üstünə atıb basladı və keçib getdi. Mən kağızı palçığa batmış bir halda yerdən qaldırdım. Onu arxalığımın qolu ilə təmizləyirdim. Bu halda atamın səmimi rəfiqi və əncümən üzvlərindən Məşədi Həsən dabbağ gəldi. Kağızı məndən aldı. Ağa Rəsul əttarın dükanında ucadan oxudu. Onların hər ikisi ağladılar. Mən sonra bildim ki, atam Mənsur Ağaya tərif yazıb aclığını bildirmişdi. Dabbağ Həsən bir dəsmalın ucuna pul düyünlədi və məni evimizə qədər yola saldı. Atam bu cür məktublardan bir çoxuna göndərirdi. Lakin yardım ala bilmirdi.

Atam işdən düşdüyü və ehtiyac içində yaşadığı illərdə (1882-ci ildə) Ordubad şəhərinin vəziyyəti qismən dəyişmişdi. XVIII əsrin ortalarına nisbətən burada müsəlmanlar arasında ticarət əhli və böyük varlılar tapılırdı. Lakin bu tacirlərin əlaqəsi yalnız İran ilə idi. Rus fabriklərindən çıxan malları isə Ordubad tacirləri yenə də Əylis erməniləri vasitəsilə əldə edə bilirdilər. Hər halda ticarət ermənilərin əlində idi. Çünki Ordubad İran vaxtından əyan şəhəri olduğundan, hətta şahın nəzərindən düşən əyanlar Ordubada göndərilib burada kök saldığından, müftəxorluq və tənbəllik şəhərdə olduqca dərin kök salmışdı. Bunun üçün mülkdən və kənd gəlirindən dolananların ticarətlə maraqlanmayacağı şübhəsizdir. Nəhayət, ermənilərin ticarətlə böyük paralar qazanması bunlarda ticarətə böyük bir maraq oyandırmışdı. Əyanlardan Hacı Əbutalıb, Hacı Rəsul, Hacı Molla Hüseyn və daha bir çoxları ticarət işinə başlamışdı. Bunlar çox az vaxtda varlanmışdılar. Atam bunların hamısına yazır və ehtiyacını bildirirdisə də, heç birisindən yardım almadı. Nəhayət, ehtiyac içərisində öldü.

Əmim də ixtiyarlaşmışdı. Ailə saxlamaq mümkün deyildi. Anam işləməyə məcbur olmuşdu. Atam öldükdən sonra onun şeir maraqlısı olan tanışları da – Dabbağ Hüseyndən başqa – fəqirləşmişdilər. Heç birisindən yardım almaq mümkün deyildi. Yalnız işləmək lazım idi. Xüsusən, qadınların işləməsi üçün nə fabrik, nə də zavod var idi. Bir fabrik varsa, o da erməni Karapet Babayevin idi.

İpək ticarəti

Ordubadda ipək ticarətinin tarixi çox qədimdir. Hələ 1838-ci illərin hesabına görə, yalnız Ordubad okruqunda yüz min tut ağacı mövcud idi. Lakin İran dövründən başlayıb ipək işində çalışan Ordubad müsəlmanları onu mədəni bir şəklə sala bilməmişdilər. İpək və barama ticarəti əksəriyyətlə Əylis ermənilərinin əlində idi. Nəhayət, birinci olaraq Karapet Babayev Marseldən bir ipək zavodu gətirdi. İpək zavodu əvvəlcə 48 çarxdan ibarət idi. Bu zavodun açılması Ordubadda barama toxumu bəsləmək işinə böyük bir maraq oyandırdı. Çünki indiyə qədər mədəni üsulda işlənilməyən Ordubad ipəyi yalnız Təbrizin qanauz fabriklərinə gedirdi. Buna görə də barama o qədər də məqbul qiymətə satılmırdı. O vaxtkı yaş barama 9 manatdan 10 manata qədər satılırdı. Lakin Karapet Babayevin zavodundan çıxan ipək Rusiya fabriklərinin rəğbətini qazandığından, artıq qiymətə satılırdı. Bunun üçün də Karapet Babayev baramanı artıq qiymətə almağa və kustarları aralıqdan çıxarmağa başladı. Çünki Təbriz fabrikləri Moskva fabrikləri alan qiymətə mal ala bilmirdilər.

Karapet Babayev varlanırdı. Qarabağ əyanlarından Ordubada təbid edilmiş şair Məhəmməd bəy Aşiqin evlərini aldı və orada ikinci bir ipək zavodu açdı. Bu vaxtlar Əylisdə də bir zavod tikdilər. Baramanın qiyməti daha da yüksəldi. Kustarlar aralıqdan çıxmağa başladı. İpək ticarəti ermənilərin əlində mərkəzləşdi. Karapet Babayevin ipək zavodunun yanında digər bir zavod da var idi. Bu zavodda birinci zavoddan çıxan ipəyi qoşalaşdırıb eşir və toxucu fabriki üçün hazırlayırdılar. Bu zavodda çalışanlar tamamilə qadınlar idi: Karapet Babayev müsəlmanların rəğbətini qazanmaq üçün bu zavoda müsəlman qadınlardan da qəbul edəcəyini söyləyirdi. Lakin mütəəssib müsəlmanlar buna heç vəchlə yol vermirdilər. Anam gedib işləmək istədiyini bildirdikdə, xüsusən onun kimin qadını olduğunu anladıqda məmnuniyyətlə qəbul etmişdi. Bundan sonra başqa qadınlar da həmin zavoda daxil olmağa başladılar. Lakin Ordubadda buna çox pis nəzərlə baxırdılar. Şəhərin qolçomaq seyidlərindən Mirəttar Ağaseyid uşaqları və sairləri qadınlarını erməni zavoduna buraxanları “namussuz” deyə çağırırdılar. Lakin buna baxan yox idi. Ehtiyac işləmək və harada olursa işləmək tələb edirdi.

Qadınların erməni zavodunda işləmələrinə mane törədən ən əsas səbəb müsəlman kustarçılarının Karapet Babayevlə apardığı rəqabətdən ibarət idi. Seyidlər və başqaları isə, daima olduğu kimi, xırda burjuaziyanın əlində alət idilər. Müsəlmanlardan Məşədi Cəfər də ipək zavodu hazırladı. Bunun dalınca Fərəcovlar zavod tikdirdi. Rzayev, Nağıyev, İsmayıl Məhəmmədhüseyn oğlu və Ərəbov Hacıkərim zavod açdı. İpək alverçiləri arsında ciddi rəqabət başlandı. Rzayev şəhər qlavası seçildikdə rəqabətdə qalib gəldi. Bütün baramanı əlinə topladı. Zavod sahibi olan Fərəcov Rzayevin rəqabətindən qurtarmaq üçün onun bacısını oğluna aldı. Ərəbov da öz qeydinə qaldı. O da şəhər qlavası ilə qohum olmağa və iqtisadi vəziyyətini möhkəmlətməyə çalışdı. Rzayevin qızını öz oğluna aldı. Nağıyev Hacı İsmayıl isə Anbaras məhəlləsinin qolçomaqlarından, qəssab Məşədi Həsənin qızını aldı. Ona qoluqüvvətli bir adam lazım idi. Barama bazarında qalib gəlmək lazım idi. Buna görə də üç qadını olduğuna baxmayaraq, qəssab Məşədi Həsənin qızını dördüncü qadın olaraq aldı. Müsəlman ipək tacirləri birləşdi. Birinci ipək taciri olan Karapet Babayev kənarda qaldı. Çünki onun nə ərə verməyə bacısı, nə də qızı var idi. O, məğlub oldu. Daha öz zavodunu işlətməyə aciz oldu. Bu adam aralıqdan çıxandan sonra birləşmiş qurdlar baramanı istədikləri qiymətə aldılar. Buna baxmayaraq, Karapet Babayev zavodunu az da işlətsə, maaş az da versə, yenə də müsəlmanların onun zavodunda işləməyə rəğbətləri var idi. Çünki o öz haqq-hesabında təmiz, işçisini çox istismar etməyən bir adam idi. Çünki onun geniş istismara imkanı yox idi. Erməni olduğundan qorxurdu.

Mənim birinci işləməyim və birinci dərsim

İpək zavodlarının, xüsusilə kustar zavodlarının böyük bir xüsusiyyəti vardı ki, o da kiçikyaşlı uşaqların zəhmətindən istifadə edilməsi məsələsidir. İpək zavodlarında yaşlılardan artıq gənclər və azyaşlılar çalışırdılar. İpək işinin quruluşu da bunu tələb edirdi. Burası ipək zavodları sahibləri üçün də əlverişlidir. Çünki azyaşlıları az maaşla işlətmək mümkündür.

Mən Karapet Babayevin fabrikinə girdiyim vaxt 14 yaşım var idi. Bir il ipək mövsümünü ayda manat yarım maaşla işlədim. Mövsümün altı ayını çalışıb, altı ayını dərs oxudum. Şəhərdə rəsmi olaraq rus məktəbi 1839-cu ildə açılmışdı. Yalnız ermənilər oxuyurmuş. Türkcə məktəblər yox idi. Mövcud məktəbin bəzisində qadın, bəzisində isə kişilər dərs verirdi.

Mən dərs oxuduğum il (1886-cı ildə) şəhərdə aşa-ğıdakı məktəblər var idi: 1. Mirzə Baxşı; 2. Kərbəlayı Əli; 3. Axund Sara (qadın); 4. Şəban Axund (qadın), yaxud Şəhrəbanu; 5. Molla Lütfəli; 6. Molla Kazım.

Bunlardan başqa, mədrəsədə dərs verənlər çox idi: 1. Hacı Mirmahmud; 2. Hacı Molla Əli Kuhtami; 3. Molla Məhəmmədhəsən; 4. Hacı Məmməd Tağı ağa və s. Bunlar ərəbcə dərs verən mollalar idi.

Mən əvvəlcə Şəhrəbanu xanımın, sonradan isə Mirzə Bax şının m əkt əbin də oxudum. Məni şeir sənətin ə təşviq edən həmin bu Mirzə Baxşı oldu. Mirzə Baxşı şeir maraqlısı idi. Ona görə də məktəbdə hər cümə axşamı şeirləşmə adət idi. Cümə axşamları uşaqların hər birisi 2 qəpik aparıb Mirzə Baxşı axunda verərdi. O, pulları şeirdə qalib gələn uşaqlara paylayırdı.

Uşaqlar sıra ilə düzülüb şeir oxuyardı. Əlifba sırası ilə oxunan şeirlərə qarşı cavab verə bilməyən uşaqlar məğlub hesab olunur, gətirdikləri 2 qəpik şeirdə qalib gələnlərə verilərdi. Bunun üçün də uşaqların şeir oxumağa çox böyük rəğbətləri var idi.

Mən 15 yaşında ikən Sədinin “Bustan”ını tamamilə əzbərləmişdim. Cümə axşamları şeirləşdiyimiz vaxt əsnaf və əyandan bir çoxları gəlib şeir oxumağımıza qulaq asardılar. Mən şeirləşdiyim müddətdə bir kərə müşkülat qarşısında qaldım. Bir sıra baş hərfi “z”, axır hərfi “t” ilə qurtaran şeirləri oxuyurduq. Şeirləşmə axşam saat 6-ya çəkdi. Mən Nisab, Sədi və başqa kitablardan öytəndiyim bütün şeirləri oxuyub qurtarmışdım. Əvvəli “z”, axırı “t” hərfi ilə qurtaran beyt tapa bilmədim. Burada birinci olaraq farsca bir şeir inşa etdim:

 
Zənbəq məşam ruye tu dərbər neşidəst,
Nəqqaş nəqşe-surətət əzbər keşidəst.2
 

Uşaqlar etiraz etdilər. Şeirin hansı kitabda olduğunu göstərməyi tələb edirdilər. Mirzə Baxşı axund bu etirazları qəbul etməyərək dedi: “Madam ki, şeirdə məzmun vardır, madam ki, qafiyə, ölçü vardır, madam ki, şeirə bədii şəkil verə bilmişdir, o halda şeirin bir kitabda olub-olmamasının əhəmiyyəti yoxdur”, – sözlərindən sonra mən qalib gəldim. Mirzə Baxşı axund şeir işində olan qabiliyyətimi görüb, mənə artıq dərəcədə əhəmiyyət verdi. Məndən dərs haqqı da almırdı. 15 yaşında ikən azsavadlıların dərsini mənə tapşırmışdı.

Mən şeir yazmaq və yazıçı olmağa heç də həvəslənmirdim. Atamın yazdığı şeirlərin palçıq içinə atılması heç də yadımdan çıxmırdı. Bir çox zamanlar anam da buna mane olurdu. Çünki atamın şeir sənətindən nə kimi fəlakətlər çəkdiyi onun gözünün qabağında idi. Lakin məktəb və şeirləşmə işi özüm hiss etmədiyim bir surətdə məni yazmağa öyrətdi. Əvvəldən yazdığım şeirlərin bir çoxu farsca idi. Türkcə şeir yazmağa heç də rəğbətim yox idi. Çünki oxuduğumuz dərslərin hamısı farsca idi. Şəhərdə türkcə məktub yazmağı belə heç kəs bacarmırdı. Türkcə kitab da yox idi. İrandan gələn kitablar içərisində türkcə kitablar var idi. Lakin bunlar mərsiyə kitabları idi. Raci, Dəxil, Pürqəm, Dilsuz və başqalarının türkcə şeirləri də var idi. Bu kitablardan başqa, türkcə kitabların oxunmasına ixtiyar verilmirdi. Mollalardan Hacı Molla Əli Kuhtami və başqa böyük mollalar türkcə əsərləri təkfir edirdilər. Türkiyədən gələn bəzi kitabları həm türkcə olduğu, həm də şiə tərəfindən yazılmadığı üçün oxumaq olmazdı. Hacı Hüseynqulu Hacı Əkbər oğlunda türk tarixçilərindən Məhəmməd Muradın bəzi əsərləri var idi. Bu kitabları xəlvətcə yığılıb oxuyurdular.

Rus məktəbi, rus idarəsi

Ordubadda rus mədəniyyəti yerləşməyə başladı. Məktəb səhv etmirəmsə, 1839-cu ildə açılmışdı. Deyilənlərə görə, bu məktəbə əvvəlcə heç kəs getməmişdi. Yalnız ermənilər oxuyurmuş. Birinci ildən sonra ermənilərin hökumət işlərinə təyin olunduqlarını görüb, müsəlmanlarda da rus məktəbinə maraq oyanmışdı. Müsəlmanlardan birinci oxuyan Ağarəzi oğlu Mirzə Mehdi, Soltan bəy Abbasqulu bəy oğlu, Nəcəf bəy Bala bəy oğlu, Mirzə Sadıq Mənsur ağa, Balasoltan Kəngərli, Rzaqulu Hacı Məmmədhüseyn oğlu idi. Müsəlmanlar rus məktəbini bitirdikdən sonra yenə də birinci dərəcəli işlərə qəbul edilmirdilər. Məsələn, 1880-ci ildə şəhərdə poçt-teleqraf idarəsi düzəldikdə müdiri, müdir müavini Rusiyadan gəldi. Şəhərin əyanlarından Abbasqulu bəyin oğlu Soltan bəy isə dəftərxana qulluqçusu götürüldü. Mirzə Mehdi pristav dilmancı, Mirzə Sadıq qlava mirzəsi təyin olundu. Məktəbin qulluqçularına qədər Rusiyadan gəldilər. Elmi-ilahi müəllimi Miryəhya Mirməhəmməd oğlu idi.

Rus qulluğuna girmək üçün şəhərin bəyləri və əyanları can atırdılar. Desyatnik deyilən polis qulluqçuları ləğv olunub yerlərinə qaradavoy qoyulanda, Ordubad əyan və bəylərindən bir çoxu ərizə vermişdi. Desytanik deyilən yerli müsəlmanlar polis işlərini yerbəyer edirdi. Bunlardan əlavə, ayda atı ilə özü 14 manata qulluq edən polis atlıları da var idi. Bunların vəzifəsi poçt aparmaq, qaçaq dalınca getmək, kəndlərdən cəbri vergiləri toplamaq, cəza qanunlarını həyata keçirməkdən ibarət idi. Bəylərin hamısı bu vəzifədə idi. Maaşın az olduğuna baxmayaraq, gəlirləri çox idi. Çünki daima kəndlərdə olurdular. Məsələn, Fərəc bəy, Şükür bəy, Baxşəli bəy, Rəsul bəy, Canbaxış bəy, Əlağa bəy kimilər polis atlısı idi. Bu vaxtlar hökumət qulluğunda olmayan əyanın şəhərdə etibarı yox idi. Hacı Məhəmmədsadıq kimi böyük mülkədar və varlı adamın oğlu Əliqulu ağa həbsxana müdirinin müavini olmuşdu. Müdir ola bilməzdi, çünki müdir Rusiyadan gəlirdi. Qaradavoylar da vaxtını bitirmiş rus əsgərlərindən təyin olunurdu. Lakin son vaxtlar şəhərin məşhur bəylərindən Məhəmməd bəy Ağalarov qaradavoy olmağa müvəffəq olmuşdu. Bununla bərabər, imtiyaz tamamilə bəylərin və əyanların əlində idi. Bunlardan əsgərlik vergisi və sairə vergilər alınmırdı. Məktəbdə oxuyanlar tamamilə bəy uşaqları idi. Əmimgil məni neçə dəfə rus məktəbinə sala bildilərsə də, axıra qədər davam eləmədim. Çünki bütün skamyaları bəylərin və tacir ermənilərin uşaqları doldurmuşdu.

1885-ci ildə bəylərin arasında təmizlik aparmaq üçün bir əmrnamə gəldi. Çünki əsgərlik vergisindən qurtarmaq və imtiyazları mənimsəmək üçün yerindən qalxan bəy olmuşdu. Bəylərdən bir çoxları təmizliyə düşdü. Bununla belə, tarixi sənədlər də meydana çıxdı. Nəsrabad bəylərindən bəylik vəsiqəsi istənildikdə, Kufə hakimi Abdulla ibn Ziyadın möhrü və imzası ilə verilmiş bəylik vəsiqəsini göstərdilər. Bu kimi vəsiqələr aralığa çıxdıqdan sonra yavaş-yavaş bəylərdən pristav və müavinləri də aralığa çıxdı. Buna baxmayaraq, böyük qulluqçular yenə də Rusiyadan gəlirdilər. Yerli camaata lazımi işlər verilmirdi. Sud pristavı, həbsxana müdiri, polis atlılarının başçısı da (buna “atlı vəkili” deyirlərdi) Rusiyadan gəlirdi. Məktəb müəllimləri də ruslar idi. Bu cür müəllimlər müsəlmanların dillərini təhqir etdiklərindən camaatın nifrətini qazanırdılar. Gözüaçıq bəylərə, əyanlara gəldikdə, bunlar dini işə əhəmiyyət vermirdilər. Onlar üçün elm və mənsəb hamıdan əhəmiyyətli idi. Ordubad bəylərindən bir çoxu mülkədar olduqlarına baxmayaraq, özləri işlərdi. Rəncbər saxlasalar da, özləri onlarla bərabər çalışardılar. Bunlar Ağalarov familiyalı Rəsul bəy, İsgəndər bəy və Rəzi bəy3 idi.

Ordubada çox çəyirtkə gəlirdi. Evlərə dolub əhalinin yorğan-döşəyinə qədər tələf edirdi. Hökumət çəyirtkə ilə mübarizə üçün Ordubada 10 min manat pul, bir çox bez və s. şeylər göndərmişdi. Göndərilən pulları Mehdi xan ilə pristav Sneqirov öz aralarında bölüşüb, çəyirtkəni camaata yığdırırdılar. Rəsul bəy bu məsələni açdı. Qubernatora yazdı. Ordubada komisyon gəlib, işi yerində təhqiq etdirmək istədikdə, Rəsul bəyi gecələrin birində öz bağını suvardığı yerdə öldürdülər. Öldürənlər Məşədi Kərim Həsən oğlu, onun oğlu Kəblə Zeynal Yusifov və başqaları idi. Fəqət, pristav bir nəfəri də olsa həbsə almadı.

Rus hökuməti, hər yerdə olduğu kimi, Ordubad şəhərində də deputat təyin edirdi. Deputat, xalqın nümayəndəsi olaraq, hökumət yanında təşəbbüsdə bulunurdu. Bundan əlavə, xalqdan bir də mirab (suyun əmrini verən) seçirdilər.

Ordubadda bütün mənim yaşadığım zamanda iki nəfər deputat olmuşdu. Birisi Hacı Rəhim, o birisi Hacı İsgəndər ağa. Bunun üstündə çox böyük mübarizə gedirdi. Deputat seçkisində çox vuruşmalar olurdu. Buna baxmayaraq, Hacı İsgəndər ağa həmişə deputat seçilirdi. Çünki onun qardaşı Mirzə Mehdi pristav müavini idi. Camaat onun qorxusundan başqa adama səs verə bilmirdi. Mirablığı da öz əlinə almışdı. Çünki Ordubadın suyu yayda az olduğundan, bu işdən yaxşı qazanc götürmək olurdu. Hacı İsgəndər ağa çox hörmət sahibi idi. O, bazardan keçəndə ayağa qalxmamış adam tapılmazdı. Çar hökuməti ona böyük qızıl medal vermişdi. Həmişə şəhərə qubernator gələndə Hacı İsgəndər ağa nişanını vurub, qubernatorun görüşünə gedərdi. Mən özüm bir neçə kərə qubernator gələndə Hacı İsgəndər ağanın gözlərinə sürmə çəkdiyini gördüm. Hacı İsgəndər ağa deputatlıq və mirablıqdan bir çox dükanlar tikdirmişdi ki, o dükanlar indi də qalır.

BU DÖVRDƏ ŞƏHƏRİN ƏYAN VƏ NÜCƏBASI BUNLARDAN İBARƏT İDİ:

Hacı İsgəndər ağa;

Məşədi Zeynalabdin;

Hacı Mirhaşım ağa;

Ağa Lətif;

Hacı Əliqulu ağa Əbutalıbov;

Əhməd ağa “Şəmi” təxəllüslü;

Hüseyn Soltan;

Hacı Məhəmmədqulu Hacı Abdulla oğlu;

Abbasqulu bəy Məğzələddin bəy oğlu;

Məşədi Yusif Hacı Əbutalıb oğlu.

Bunlardan əlavə, şəhərdə mötəbər seyidlər və mollalar var idi. Bu saydıqlarımın bir çoxu ayda bir həftə də olsa, öz evlərində çörək yeməzdilər. Bütün xeyirdə, ehsanda yemək siyahısının əvvəlində bu adamlar yazılardı.

ORDUBADDA BAŞQA ŞƏHƏRLƏRƏ GÖRƏ DƏRVİŞ DƏ ÇOX İDİ:

Şükür dərviş;

Hacı (yaxud Qara) dərviş;

Talıb dərviş;

Əli dərviş;

Dərviş Abbas və s.

Çox təəccüb ediləcək bir şey var idi ki, o da bütün dərvişlərin Mingis məhəlləsindən çıxmasıdır. Bunların içində ən savadsız, ən də kamallısı Dərviş Şükür idi. Ordubad pristavı Fanzayski zavodun döngəsində öz balaları ilə durub çaya baxdığı zaman Dərviş Şükür yetişib, ona bu şeiri oxumuşdu:

 
Əl nəzər, həq nəzər, göl nəzər
Sək beçe qanənd dər in rəh gəzər.
 

Pristav Xorasanda rus konsulxanasında xidmət etdiyindən farsca kamil bilirdi. Ona görə də Dərviş Şükürə bir manat bağışlayıb bir daha bu kimi şeirlər oxumamasını tövsiyə etmişdi. Bu pristav çox zalım idi. Buna görə də şəhər camaatı Ordubaddan getməyə məcbur oldu. Bu da 1882-ci ildə hökumət əleyhinə birinci çıxışdan ibarət oldu.

BÖYÜK MƏSCİDLƏR:

Sərşəhr məscidi;

Şoturləngə məscidi;

Əngənc məscidi;

Mingis məscidi;

Yəhya bəy məscidi;

Kürdətal məscidi;

Yuxarı Anbaras məscidi;

Came məscidi.

KİÇİK MƏSCİDLƏR:

Həkim məscidi;

Hacı Sadıq məscidi;

Ağa Lətif məscidi;

Şükür bəy məscidi;

Füqəra məscidi;

Boyaqçılar məscidi;

Molla Lütfəli məscidi;

Müzzələtdin məscidi;

Bazar məscidi;

Başmaqçı bazar məscidi;

Hacı Molla Hüseynin məscidi;

Bala bəy məscidi;

Hacı Əli məscidi;

Pireyvəz məscidi;

Aşağı Anbaras məscidi;

Mirzə Baxşı məscidi;

Çayüstü məscidi;

Qarahovuz məscidi;

Yetimlər məscidi;

Naharbaşı məscidi;

Hacı Əbutalıb məscidi;

Balağa məscidi;

Dilbər məscidi.

Bunların bir çoxu əyanların özlərinə məxsus məscidləridir. Burada gündüzlər müəllim uşaqlara dərs verərdi, gecələr isə tanışları yığılıb söhbət edərdilər.

QOÇULAR VƏ ADAM ÖLDÜRƏNLƏR:

Teymur Ələsgər oğlu;

Musa Qulu oğlu;

Məhərrəm başmaqçı;

Məhəmmədhüseyn xarrat;

Kəblə İsgəndər çayçı;

Məşədi Müseyib Həsən oğlu;

Məşədi Cavad Varsanlı;

Qəssab Məşədi Hüseyn;

Nəzər Şuturləngəli.

SEYİDLƏR VƏ ONLARIN GƏZİB SEYİD MALI TOPLADIĞI MAHALLAR:

Hacı Mirhaşım ağa – Zəngilan, Mincivan tərəflərini gəzirdi;

Mirməhəmməd ağa (Ağ Seyid) – Sisyan mahalını;

Mirmahmud ağa – Ordubad, Yuxarı Əndəmic kəndini;

Mirmehdi ağa – Yəhya bəy məscidində para toplar və xalqı bazarda döyüb pul alardı;

Mirmüfid ağa – Yayçı kəndini, Aşağı Aza kəndini;

Mirismayıl ağa – Sumbatan və Qoşa Dizələri;

Miryusif ağa – (“Div” ləqəbli) – Yuxarı Dizə, Vənənd və s.;

Seyid Mirağa – Qarabağ;

Seyid Kazım Çavuş – Ordubad;

Mirşüca – Bist və Tivi mahalını;

Kilsə seyidi – dilənçi idi;

Miradil, Mirmöhsün – bunların seyidliyi davamlı idi;

Nalbənd seyidlər – Yuxarı Dizələr;

Bala ağa – Cəhri kəndi;

Mirrəsul – Kilit, Kotam kəndləri;

Mirsadıq – Yayçı və Kərimqulu Dizə.

Qəribə burasındadır ki, Ordubad seyidləri Ordubad mahalını öz aralarında lazım qədər təqsim etmişdilər. Bu, seyid gedən kənddə o biri seyid daha getməzdi.

1883-cü ildə çar hökuməti nikah və talaq işinə müdaxilə etdiyi vaxt Mirmüfid ağa məmləkəti küfr tutdu: “Daha burada yaşamaq olmaz”, deyə öz ailəsi ilə yığışıb Xorasana getdi. Onu yola salmaq üçün Ordubad şəhərinin xalqı və kəndlərdən gələnlər üç gün tamam məscidlərdə və küçələrdə vaxtlarını keçirdilər. Üç gün bütün dükanlar bağlandı. Ağanı 10 minə qədər kəndli və şəhərli yola saldı. Ağaya o zamanın pulu ilə 20 min manat nəzir verdilər.

ŞƏHƏRİN MƏZHƏKƏÇİ VƏ ZARAFATCIL ADAMLARI:

Mirzə Əbdülkərim;

Abbas Hacı Tağı oğlu;

Məşədi Əli Hacı Tağı oğlu;

Hacağa Abbas oğlu;

Həsən dəyirmançı Rəcəb oğlu;

Həsənəli Nadir oğlu;

İdili Haşım;

Həsən Məşədi Məhəmməd oğlu;

Bic Məmi.

ŞƏHƏRİN HƏKİMLƏRİ:

Fətəli bəy həkim;

Hacı bəy həkim;

Mirzə Fəttah həkim.

MƏRSİYƏXANLAR:

Hacı Molla Hüseyn tacir;

Hacı Rəsul tacir;

Hacı Molla Rəsul tacir;

Molla Cabbar;

Məşədi Haşım;

Molla Məcid;

Molla Ağa;

Miryəhya Ağ Seyid oğlu.

ORDUBADDA LƏQƏBLƏR:

Səttarbaşı Kəblə Yusif;

Şəhrəbanu oğlu Hüseyn;

Nənəxanım oğlu Abbas;

Şafar oğlu Hacı;

Şahkərim oğlu Hüseynəli;

Cingiş Əhməd;

Şair Hacağa;

Ərbab Rzaqulu;

Soltan Ağababa;

Atlı Məşədi Həsən;

Şatır Məhəmmədhəsən;

Hamamçı Əli;

Şatır Yusif;

Soldat Hüseynəli; Ofiser Məşədi Abbas – bunlar qardaşdırlar Toyuq Həsən;

Cücə Rza;

Şahsənəm oğlu Tağı;

Qaz Hacı;

Təxtirəvan Məşədi Kərim;

Ayı Məhəmməd;

Rişli Cabbar;

Dəllək Baxşı (vəkil idi).

Ordubadda ləqəbsiz adam yox idi. Hər kəsi bir adama tanıtdırmaq üçün onun ləqəbini deməli idilər. Hələ qadınların ləqəbləri daha maraqlı idi. Çünki bu ləqəblər qadınların xasiyyətindən və simasından alınmışdı.

QADIN LƏQƏBLƏRİ:

Cibdi Fatma;

Nərdivan Sara;

Güdül Rüxsara;

Çığırqan Püstə;

At Balaxanım;

Keçəl Tutu;

Diliuzun Şövkət;

Dılğır Güllü;

Qazı Fatma (mərsiyəxan idi);

Sözbaz Nazan;

Cin Xanım;

Dəllal Mələk;

Zırtı Sadat (əri həllac olduğu üçün bu ləqəbi vermişdilər);

Qız Tutu (bunun qardaşı Bic Məmi idi. O, bacısının ərə getməsini namussuzluq bilirdi, qız 75 yaşında öldü);

Sarı Gülsüm;

Ağzısulu Xeyran;

Kəlfirdiş Suğra və s.

ƏRZAĞIN QİYMƏTİ:

Buğda – 75 qəp. (pudu);

Arpa – 46 qəp.;

Süd – 45 qəp.;

Pendir – 1 manat 60 qəp. (təzə);

Qatıq – 80 qəp.;

Yağ – 6 man.;

Bal – 18 qəp. (girvənkəsi);

Qoyun əti – 8 qəp. (girvənkəsi);

Keçi əti – 5 qəp. (girvənkəsi);

Öküz əti – yalnız saldatlar üçün satılırdı. Pudu 2 man. 50 qəp.

Qaymaq – 10 qəp. (girvənkəsi);

Qənd – 17 qəp. (girvənkəsi);

Çay – 50 qəp. (girvənkəsi);

Kibrit – 1 qəp. (ikisi);

Sabun – 10 qəp. (girvənkəsi);

Yumurta – 1 qəp. (ikisi)

Yuxarıda göstərilmiş ərzağın ucuzluğunu nəzərə almayaraq, şəhərdə dilənçi həddindən artıq idi. Xalqda alıcılıq imkanı olmadıqda şeylərin qiyməti ucuzlaşırdı. Məsələn, Cəfər və Zəki kimi dilənçilər meyvə ilə dolu olan şəhərdə yerə atılmış alma və heyva köşəyi ilə yaşayırdılar. Qovun vaxtı gəldikdə onlar bunu edərdilər. Yerə atılan qovun toxumları və qarpız qabıqlarını yığıb yeyərdilər. Fəqirlər, dilənçilər saf meyvə yemək istəsəydi, oğurluğa getməyə məcbur idilər. 1877-ci ildə şiddətli bahalıq olduğundan, camaatın bir çoxu dağılmışdı. Hələ o zamandan bəri törəmiş dilənçilərin nəsli bu son illərədək yaşayırdı. Çünki şəhərin bütün gəliri 4–5 nəfərin əlində olduğundan, aşağı təbəqənin dirçəlməsinə imkan yox idi. Hələ bağ sahiblərinin 4–5 nəfər quru mal (xoşkibar) tacirlərinə əsir olduğu və mallarını aşağı bir qiymətə məcbur olduğu da burada qeyd edilməlidir. Məsələn, şəhərin bütün quru malı 4 adama baxırdı:

Hacı Məhəmmədəli Kərim oğlu (Utu Kərim oğlu);

Hacı Qasım (Eşşək Məhəmmədin oğlu);

Ağa Muxtar (Balyeməz Muxtar);

Məşədi Qulaməli (sonra Hacı Qulaməli oldu).

Kəndlilər və mülkədarlar

Ordubad kəndlilərindən bir çoxu ağalıqdır. Ağaların kəndlilərdən vergi almaq qanunları tamamilə İranda olduğu kimi idi. Taxıl və yaxud pambıq vaxtı ağanın adamları tarlanın kənarına gəlib onu gözdən keçirir və ondan nə qədər məhsul çıxacağını təxmini olaraq yazır. Kəndli o hesabdan ağanın vergisini verməyə məcburdur. Çox vaxt təxmini məhsul təyin edənlər kəndli ilə düşmən olduğu, yaxud rüşvət ala bilməməsi səbəbindən 50 pud pambıq verə biləcək tarlaya yüz pud məhsul yazırlar. Nəticədə kəndli bütün topladığı pambığı ağanın vergisinə verib, əliboş qalırdı. Bunun kimi də arpa, buğda məhsulu idi. Kəndlilərdən bir çoxu xəlbir və şanasını götürüb evinə boş getməyə məcbur olurdu. Buna görə də 1885-ci ildən başlayaraq, Ordubad kəndlərində mülkədarlara qarşı bir hərəkat başlandı. Bu hərəkat birinci kərə Dəstə kəndində Hacı Əbutalıb vərəsələrinə qarşı başlamışdı. Onlar bu ixtilafı yatırmaq üçün güzəştə getdilər. Məhsul götürüldükdə, onlar öz adamlarının nəzarəti altında olaraq hazır olan məhsulu gözdən keçirib vergilərini aldılar. Eyni hərəkat həmin ildə Yaycı kəndinin sahibi Məhəmmədxana qarşı başlanmışdı. Lakin o, Dəstə kəndinin sahibləri kimi güzəştə getmək istəmədi. Hərəkat böyüdü, xanı kənddən qovdular. O, yığışıb Ustupu kəndinə getdi. Vergi vermədilər. Məhəmmədxan iflas dərəcəsinə gəlmişdi. Nəhayət, hökumət hərəkatın başında duranları cəzalandırdı və Məhəmmədxanın istədiyini kəndlilərə qəbul etdirdi. Bu məcburiyyətə baxmayaraq, kəndlilər hökumət hesabına götürülənə qədər yenə də bu hərəkat davam edirdi.

Kəndlər hökumət hesabına götürüləndən sonra kəndlilərlə ağalar arasında ciddi mübarizə başlamışdı. Çünki kəndlilərin torpağının böyük hissəsi yenə də ağa torpağı namilə mülkədarların əlində qalmışdı. Təsərrüfat qüvvəsi yüksək olan və arxasında hökumət görən köhnə ağalar kəndliləri istədiyi qədər boğurdu. Xüsusən kəndin suyunu zorlayıb alırdılar. Hökumət heç vəchlə kəndlilərin şikayətinə baxmır və köhnə ağaların qarşısını almırdı. Ağalar təzədən kəndlilərin torpaqlarını almağa başlamışdı. Bununla da hökumət hesabına alınmış kəndlər parça-parça ağalara satılırdı. Çünki kəndlilər onlarla mübarizə apara bilmirdilər.

Ordubadda yeni üsulda məktəb

İsmayıl bəy Qasprinski Baxçasarayda yeni məktəb kitabları çap edirdi. “Üsuli-cədid” deyilən təzə üsulda məktəb açılmasına başlamışdı. Ordubad tərəqqipərvər ziyalıları, xüsusən varlılardan bəziləri Ordubadda bu kimi məktəbin açılmasına çalışırdılar. İşin başında Hüseyn Soltan Kəngərliski idi. Hüseyn Soltan çox varlı mülkədar idi. Dizə kəndi və Dəstə kəndinin çox hissəsi Hüseyn Soltanın əlində idi. Bundan əlavə, ticarət edər və pul müamiləyə verərdi. Hüseyn Soltan ətrafına ziyalılardan və xırda varlılardan bir çoxunu toplamışdı. Kupes Əhməd İsmayılov, Hüseyn Mirzə Xəlil Salehzadə, Soltan Hacıbəyzadə, Əsgər Hüseynzadə və başqaları məktəbin rəhbərləri sayılırdı.

Birinci kərə olaraq Ordubad məktəbli cocuqları 1892-ci ildə skamya üstündə oturub dərs oxudular. Məktəb üçün müəllim axtarırdılar. O vaxtlar Ordubad şairlərindən Məhəmmədtağı Sidqinin çayçı dükanı var idi. O, gənc vaxtından İran səyahətində bulunduğu, hətta Səbzivar şəhərində yaşadığından farsca, ərəbcə, türkcə savadlı idi. Bütün şairlər onun dükanında toplaşırdı. Məhəmmədtağı Sidqi məktəbə müəllim təyin edildi. Məktəb əski üsulda dərs keçilən zöhrüddövlə İbrahim xanın mədrəsəsində açılmışdı. Məktəbi açan Hüseyn Soltan öz cibindən bir qəpik də olsa, məktəbə sərf etmirdi. Məktəb xalqın hesabına saxlanırdı. Hüseyn Soltan belə bir qərar qoymuşdu. O, camaatın aldığı hər bir ticarət malından məktəbin nəfinə4 bir faiz götürərdi, pul verdiyi adamlardan da məktəb nəfinə faiz alırdı. Bunun üçün də məktəb lazımınca təmin olunurdu. Bu məktəbdə inqilabi bir ruh var idi. Məktəbə daxil olan bu inqilabi ruh Rusiya və Qafqaz yolu ilə deyil, İran yolu ilə daxil olurdu. Müəllim Sidqi Misirdə “Pərvəriş” və s. qəzetləri İran təriqi ilə gətirirdi. Bunlardan əlavə, Təbriz ilə ticarət edən Əsgər Hüseynzadə oradan əcnəbi qəzetləri gətirib məktəbə verirdi. Məktəbin inqilabçılığı İran azadlığı üzərində başlamışdı. Çünki xaricdən g ələn qəzetlər tamamilə İran azadixahları, məsələn, Mirzə Əli Məhəmməd xan Kaşani, Əliqulu xan Əxtar və bu kimiləri tərəfindən nəşr edilirdi. Məşədi Əsgər Hüseynzadə Təbriz inqilabçılarından Hacı Əli Davaçı, Siqqətülislam, Tağızadə ilə əlaqədar olduğundan, o, məktəbdə inqilabi ruhun yayılmasına daha artıq xidmət edirdi. İnqilabi duyğular İran ruhunda gedirdi. İbrahim Əbilov ilə mən ən birinci sırada oturduq. Sidqi bizə çox əhəmiyyət verirdi. İmtahanlarda, yaxud məktəbi görməyə gələnlərin yanında oxumaq üçün əvvəlcə bizə söz verilirdi. Hökumət məktəbə çox böyük diqqət verirdi. Hər ayda bir neçə dəfə vəziyyəti öyrənməyə çalışırdı. Ara-sıra Naxçıvan uyezd naçalniki də öz mütərcimi Mirzə Əliqulu ilə bərabər məktəbə gələrdi. Xüsusən, mollalar məktəblə çox mübarizə aparırdı. Mübarizə aparanların başında Hacı Mirmahmud dururdu. Onlar təzə üsulda açılan və dərsləri türkcə gedən məktəbin mədrəsədə yaramadığını söyləyib, binanı təmizləməyi tələb edirdilər. Məktəbin müəssisi Hüseyn Soltan isə buna heç də əhəmiyyət vermirdi. O, mollaların hər bir təşəbbüsünü rədd edirdi.

Hökumət məktəbin proqramını gözdən keçirib, orada dini dərslərin artırılmasını təklif edirdi. Xüsusən, türkcə çıxan dini kitablardan dərs verilməsini tapşırırdı. Hüseyn Soltan bunun ziddinə getmirdi. Məktəbdə Axund Əbdülsalam şeyxülislamın yazdığı “Zübdətül-ehkam” və rus missionerləri tərəfindən düzəlmiş “Vətən dili” adında ibtidai dərs kitabları keçilirdi. Üsulidin, füruidin və başqa dini dərslər verilirdi. Qurandan dərs verilmirdi. Bu barədə də edilən etirazları Hüseyn Soltan rədd edirdi. Məktəb mənfəətverici məktəb idi. Burada elmi-hesab, coğrafiya, tarix, ədəbiyyat, hüsnxətt dərsləri birinci yeri tuturdu.

Mən bu məktəbdən artıq qalan vaxtlarımı mədrəsədə sərf-nəhv, məntiq dərslərini oxuyub, ərəbcə və farscanı öyrənirdim. Məktəbin dörd il davamından sonra Ordubadda şiddətli vəba xəstəliyi düşdü. Məktəbin müəssislərindən Hüseyn Soltan və Hüseyn İsmayılov ikisi bir gündə öldülər. Bunlardan sonra Salman Əsgərov məktəbi yalnız bir il davam gətirə də bildi. Sidqi maaşsız qaldı. Onu naxçıvanlılar çağırıb Naxçıvana apardılar.

Ordubad məktəbinin müəllimi, istərsə onun rəhbərlərindən bir neçəsi dinçi deyildilər. Buna baxmayaraq, dini dərsləri məktəbin proqramından çıxara bilmirdilər. Birinci olaraq, Ordubadda bu məktəbli uşaqları şərqi oxuyurdular. Şərqilərdən birini Sidqi özü yazmışdı:

 
Əcəb xoşbəxt olur hər kəs, tuta məva bu məktəbdən,
Bir az vaxtda kamallana, olur dara bu məktəbdə.
 

Bundan başqa Hafizin də şərqi havalarına uyğun qəzəllərindən oxuyurduq:

 
Çəndanke qoftəm ğəm ba təbiban,
Dərman nəkərdənd məskini-qəriban.
Hafez, nəgəşti rüsvayi-giti
Gər mişənidi pənd əz ədiban.5
 

Bundan əlavə uşaqlara dini mahnılar da öyrədilmişdi. 1899-cu ildə böyük vəba xəstəliyi zühur etdiyi vaxt bütün şəhər qəbristanda müsəllaya çıxmışdı. Uşaqlar da sıra ilə mahnı oxuyaraq qəbristana getmişdi. “Bizi bu bəqədə zarü pərişan eyləmə, yarəb” kimi sözlər oxunurdu.

Mən ipək zavodunda

Mən 1901-ci ildən Rzayevin zavodunda çalışırdım. Bu zavodda çalışmaq üçün əməkçilər çox çalışırdı. Çünki Rzayev ipək ticarətində öz rəqiblərinə qalib gəldiyindən, onun zavodu bütün ili işləyirdi. Hər yerdən yaxşı barama gəlsəydi, hamısını Rzayev almalı idi. Onun bir sözü iki olmazdı. Həmin bu ildə Ordubad hambalları, başda Kor Bağır olmaq üzrə Rzayevi boykot etdilər. Onun baramasını daşımaq istəmədilər. Çünki o, həm az para verirdi, həm də onun adamları hambalları adam yerinə qoymayıb söyürdülər. Nəhayət, pristav Filippovu çağırıb hambalları döydürdü. Onlar boykotdan əl çəkdilər. Bu, birinci hərəkat hesab olunurdu. İndiyə qədər hambalların varlı əleyhinə çıxdığı görünməmişdi. Rzayev çox böyük istismarçı idi. Cümə günü tətillərini belə onun bağından zavod üçün ağac daşımağa məcbur olurduq. Zavod işçiləri bu istismarın ağırlığını hiss etmirdilər. Rzayev çox mahir bir istismarçı idi. O, hər ayda bir kərə zavod işçilərinə öz bağında qonaqlıq verərdi. Qonaqlıq əlli manatdan artıq olmazdı. Bunun əvəzində işçilər gündə bir saat artıq işləməyə razı olurdular. Bu barədə mən bir şeir də yazmışdım:

 
Qorxuruq küləkdən, qorxuruq yeldən,
Ruzumuz asılmış incə bir teldən.
İşə çağırırlar ulduz batmamış,
İşdən buraxmazlar şəhər yatmamış.
 

Mən 1904-cü ilə qədər Rzayevin zavodunda çalışdım. Zavod işçiləri ilə etdiyim söhbətlərin birinci nəticəsi məni çox sevindirdi.

Rzayev təzə imarət tikdirməyə başladığından bir çox ağac almışdı. Cümə axşamı işdən çıxana bir az qalmış usta-başı Nağı bizə xəbər verdi ki, sabah işləməyəcəksiniz. Səhər saat 9-da zavodun qarşısında toplanın. Fərəcovun çay bağından kəsilmiş ağacları gətirməyə gedəcəksiniz. İşçilər heç bir söz demədən çıxıb getdilər. Səhər saat 9-da mən Dalıçarsudan gəlib zavod qabağına baxmağa başladım. Fəqət, ağac gətirməyə getmək üçün dördcə nəfər gəlmişdi. Rzayev məndən şübhəyə düşmüşdü. Mayın axırlarında Əylis tacirlərindən və şeir maraqlısı olan Abbasqulu Rəhimov tərəfindən mənə göndərilmiş “Şərqi-Rus” qəzetini zavodda oxuduğum yerdə ustabaşı Nağı gəlib onu aldı və cırıb atdı. Bu mənə qarşı olan birinci çıxış idi. Lakin burası məni daha da həvəsləndirdi. Mən 1904-cü ilin noyabr ayında birinci şeirimi “Şərqi-Rus” qəzetində çap etdirdim. Burası mənim üçün bir müvəffəqiyyət olmuşdu:

 
Gözüm, dur xabi-qəflətdən, çıxıb gün aşkar oldu,
Behəmdullah, şəbi-yelda gedib nisfün-nəhar oldu.
Dolubdur səfheyi-aləm şüayi- “Şərqi-Rus” ilə,
Qaranlıq könlümün zülmət sərasir Zərnigar oldu.
 

Şeirim “Şərqi-Rus”da çıxdığı vaxt zavod sahibi Rzayev qəzeti zavodda mənə göstərib dedi: “Çox şadam ki, Ordubaddan da qəzetə yazan vardır”.

Lakin zavod sahibinin bu razılığına baxmayaraq, mən 1904-cü ilin payızında zavoddan qovuldum. Payız girdikdə maaşları 40 faiz azaltdılar. Mən, bir də Başının oğlu Yusif ustalar tərəfindən nümayəndə sifətilə maaşların artırılması üçün Rzayevin yanına getdik. Sözümüz qəbul edilmədi: “Zavodu bağlamaq lazımdır. İpəklər Moskvada ucuz satılır” – deyib bizi qaytardı.

Bir gün sonra mən axşam işdən çıxdıqda ustabaşı Nağı mənə yanaşıb: “Sabah get haqq-hesabını kontodan al!” – deyə mənim qovulduğumu xəbər verdi. Bu kimi bir xəbər Yusif üçün də verilmişdi. Lakin onun qoluzorba qohumları vasitəçi düşüb işini düzəltdilər.

Rzayev mollaların düşməni idi. Onları görmək istəməzdi. Onun anası öldükdə Ordubad mollaları basdırmağa getmədilər. Kəndlərdən molla gətirdi. Bu iş qubernatora yazıldı. Mollaları çağırıb həbs ilə qorxutdular.

Mən həmin payızı Fərəcovların ipək zavodunda çalışmağa məcbur oldum. Bunlar çox ucuz işlədirdilər. Gündə 20 qəpik verirdilər. Hər gün Abdulla adlı işçi bazara gedib işçilər in 20 qəpiyini Hacı Mahmuddan alırdı. Onun 4 qəpiyini nahar çörəyinə verib gətirir, 16 qəpiyi də işçilərə verirdi. Günlərin birində bazarçı pulları alıb itirdi. Həmin günü bütün işçilər ac və pulsuz çalışdılar.

1905-ci illərdə yeznəmizin vasitəsilə onun qohumu olan Ərəbovun ipək zavoduna daxil oldum. Burada işləmək çox çətin idi. Sabah azanı çəkiləndə işə gəlmək lazım idi. Hacı Kərimin özü azan deyilən kimi ağ tuman əynində olaraq zavodun qapısında durub işə gec gələnləri söyərdi. Onun ümumi söyüşü bundan ibarət idi: “Allahın lənəti gözünə toxunsun!” Hacı Kərim başqa zavodçulara nisbətən daha da istismarçı idi. O, işçini həm çox işlədər, həm az maaş verər, həm də hesabına artıq yazardı. Mənim hesabıma görə, zavod bağlananda Hacı Kərimdən 6 manat yarım pul almalı idim. Bu pulu qoyun alıb qış üçün qovurma hazırlamaqdan ötrü yığmışdım. Zavod bağlanandan sonra haqq-hesab almağa getdikdə 2 manat yarım da borclu çıxdım. Hacı isə “bunu da gələn il maaşından çıxarıq”, – deyib məni yola saldı. Hacı Kərimdən ümidimi kəsəndən sonra Hacı İsmayıl Nağıyevin zavodunda çalışdım. Bu adam haqq-hesabına düz idi. Danışdığı puldan kəsməzdi. Amma bunu da demək lazımdır ki, hər yerdən qovulan işsiz və ac qalan bunun zavoduna gəlirdi. Bu zavodda ayda 12 saatlıq iş günü olmaq şərtilə yuxarı maaşlar 10 manatdan ibarət idi. Qış və payız maaşları 4 manat yarım, 5 manatdan ibarət idi.

Hacı İsmayıl çox qənaətcil idi. Kibritləri yarı bölmək üçün xüsusi bıçağı var idi. Özünün iki qadını var idi. Qardaşı Hacı İbrahim öldükdən sonra, qadınlar irs aparmasınlar deyə, onun da iki qadınını aldı. Anası da sağ idi. Qardaşının iki, özünün də bir qızı var idi. 9 nəfərlik ailə üçün gündə 600 qram ət alan Hacı işçiləri daha da ucuz işlətmək üçün vasitələr tapırdı.

«Qəflət»

“Şərqi-Rus” qəzetində şeirlərim çap olunduqdan sonra mənim şeirə və yazıçılığa olan marağım gündəngünə çoxalırdı. Dördüncü ildə “Qəflət” adlı əsərimi yazırdım. Əsər altıncı ilin yanvarında Tiflisdə açılmış “Qeyrət” mətbəəsində çap olundu. “Qəflət” əsərində mollalardan, müsəlmanların elmsizliyindən bəhs etdiyim bir səhifədə:

 
Səd heyf ki, bu xəlqi-dəmi vermədi fürsət
Sözdən götürdüm pərdəni kəşf olsun həqiqət —
 

Yazıldığından, Ordubad mollaları mənim bəhayiliyi təbliğ etdiyimi məscidlərdə camaata deməyə başladılar. Hacı Molla Əli Dəstəqi “Qəflət” əsərini əlinə alıb Yəhya bəy məscidində minbərə çıxdı və yuxarıda göstərdiyim iki misranı oxudu. Ağ Seyidin oğlu Miryusif Cümə məscidində, Mürtəza vaiz isə Mədrəsə məscidində şeirimi əldə alət edib küfrümə fitva verdilər.

Bu vaxt məhərrəmlik ayı idi. Mən məscidə getmirdim. Lakin anam və yeznəm İbrahim məni tənqid edirdi. Onlar da mənim dindən çıxdığımı və bəhayi olduğumu deyib məni məzəmmət edirdilər. Mən onları heç vəcdlə sakit edə bilmirdim. Onlar mən dediyimi anlamırdılar. Bəzən anlamaq da istəmirdilər. “Hərgah deyilənlər doğru deyilsə, nə üçün məscidə getmirsən?” – deyə məhərrəmin altıncı gecəsi məcburən Mingis məscidinə apardılar.

Mən Məşədi Cəlil adlı bir nəfər ilə yan-yana oturmuşdum. Bu adam şair Sidqinin yeznəsi idi. O qədər də avam deyildi. Mənə nifrət etmirdi. Biz danışdıq. Bizim qarşımızda məşhur qolçomaq Mirağa oturmuşdu. O mənim üzümə ciddi bir surətdə baxırdı. Mən üzümü yenicə təraş etdirmişdim. Nəhayət, Mirağa danışdı: “Səid, o bığların, saqqalın hanı?” – deyə soruşdu. Cavab vermədim. Zatən cavab da verə bilməzdim. Bu zaman məscidin qulluqçusu və azançısı Məşədi Əkbər çay paylamağa başladı. Əvvəlcə Məşədi Cəlilin qabağına çay qoydu. Mənə çay vermədən keçib ikinci stəkanı misgər Əsgərin oğlu Allahverdinin qabağına qoydu. Mən məsələni anladım. Məni murdar bildikləri üçün çay verilməməsini Məşədi Əkbərə tapşırmışdılar. Məşədi Cəlil “Səidə nə üçün çay vermədin?” – dedikdə o, “Səid çay içmişdir” – deyib keçdi. Mən Məşədi Cəlili sakit etdim və məsələni anlatdım. Nəhayət, məclis qurtardıqda məscidin xəlfəsi Dana Kərimin oğlu Hüseyn mənə yanaşıb, bir daha məscidə gəlməməyimi tapşırdı. Söz yoxdu ki, bu onun öz sözü deyildi. Seyid Mirağa ona tapşırmışdı. Bu vaxt mən özüm üçün əyləncə yeri tapmışdım. Daha gecələri məsciddə keçirməyə ehtiyac yox idi.

Kiçik bir cəmiyyət düzəltmişdik. Cəmiyyətin üzvləri Mirzə Sadıq, Mirzə Salman, Mirzə Əsgər oğlu Məhəmməd, Məşədi Əsgər Hüseynzadə, Mirzə Xəlil Salehzadə və başqalarından ibarət idi. Bu cəmiyyətin işləmək və yığıncaq yeri də yox idi. Nəhayət, Miradilin evində kiçik bir qiraətxana düzəltdik. Buna icazə verilmirdi. Lakin pristav Terpelovski bu cəmiyyətə tərəfdar olduğundan, qiraətxananın açılmasına yardım verdi. Biz “Naşa jizn” və s. inqilabi qəzetlər alıb oxuyurduq. Terpelovski bizə 5-ci il inqilabının gedişi haqqında həftədə bir kərə söhbət edirdi. Hökumətin inqilabı boğmaq haqqındakı gizli qərarlarını və polis idarələrinə verilən təlimat haqqında bizə danışırdı. O bizə sosial-demokratların çap etdirdiyi əsərləri də veriridi. Məşədi Əsgər Hüseynzadə Təbriz ilə əlaqəsi olduğundan, oradan əcnəbi qəzetləri də gətirirdi. Cəmiyyət üzvlərindən heç birisi sosialist deyildi. Biz, doğrudan da, Marks tərəfindən aralığa atılmış bu geniş fikri əhatə edə bilmirdik. İçimizdə sosialist bircə Terpelovski idi. Bizim bütün mühakimə və düşüncələrimiz millətçilik ətrafında dolaşırdı. Bu vaxt erməni-müsəlman qırğınları hər tərəfdə şiddət edirdi. Şəhərin ətrafında hər gün ölüm və qarət hadisələri üz göstərirdi. Pristav Terpelovski bu qırğınların mahiyyəti və hökumətin bu qırğında iştirak etməsi haqqında inandırıcı bir surətdə məruzələr edirdi. Buna görə də erməni-müsəlman qırğını Naxçıvana nisbətən Ordubad mahalında o qədər də genişlənmirdi. Çünki vaxtında işin qabağı alındı və qırğın salmaq istəyənlər həbsə alındılar.

Çox sakitlik keçirdi. Buna baxmayaraq, general Əlixanov (Məsud bəy Avarski) 400 kazak ilə Ordubada gəldi. Rzayevin evində qonaq oldu. Dırnıs və Unus kəndliləri gəlib qonşu ermənilərdən şikayət etmək üçün Rzayevin balkonunun altında toplandılar. Əlixanov balkona çıxdı. Kəndlilər sözlərini dedi, şikayətlərini qurtardılar. Mən Əlixanovun nə deyəcəyi ilə maraqlanırdım. Nəhayət, o, sözünü belə başladı: “Aciz köpək uşağı! Mən 400 kazakı kimin üçün gətirmişəm?! Dalımca Kərbəlaya qədər gəlmiş olsanız, yenə bircə söz deyəcəyəm: Birinizi öldürsələr, beşini öldürünüz” – deyib içəri girdi. Camaat dağılıb getdi. Biz bu vaxt pristav Terpelovskinin bütün dediklərinin həqiqət olduğunu bir daha anladıq.

Erməni-müsəlman qırğınından sonra Ordubada çox qəzetlər gəlməyə başladı. Miradilin mülkündə açılmış qiraətxananın yanında dərnək də təşkil olundu. Bura toplananlar üçün qəzetlər oxunurdu. “Hümmət”, “Yoldaş”, “Təkamül”, “İrşad”, “Nur”, “Həblül-mətin” və s. qəzetlər gəlirdi. Burada yavaş-yavaş hektoqrafiya üsulu ilə vərəqələr də çap olunurdu. Qəzet oxumaq işinə yerlilərin həddindən artıq rəğbəti var idi. Poçt gələn vaxtı bütün işçilər, hətta bağbanlar da bilirdi. Onlar bu vaxtlar İbrahim çayçının dükanının qabağında əyləşib qəzet dinləyirdilər. Burası rota komandiri Prixniyanın diqqət-nəzərini cəlb etdiyindən, bu üsulda qəzet oxumağı, xüsusən xalqı inqilabi qəzetlərlə tanış etməyi qadağan etmişdi. Şəhərin mollaları da bundan geridə qalmırdı. Hələ 1906-cı ildə mən İsgəndər bəyin qızını basdırmaq üçün İsgəndər bəygilin evində oturduğum vaxt yavaşca cibimdən qəzeti çıxarıb baxdım. Bunu Yusif ağa tez gördü: “Xalqın ölüsünü hörmətsiz etmə”, – deyə məni məzəmmət elədi.

1.İkiüz, ikiüzlü
2.Tərcüməsi: Sənin zanbağa oxşar üzünə qonmuşdur,
  Nəqqaş sənin surətinin rəsmini əzbər çəkmişdir.
3.Bunlar məşhur Ağalar Soltanın nəvələridir (Müəllifin qeydi).
4.Mədrəsə Nadir şahın əsrində tikilmişdi. İbrahim xanın nəvələri Ordubadda yaşayırlar (Müəllifin qeydi).
5.Tərcüməsi:
  Təbiblərə qəmimi nə qədər danışdım,
  Miskin qəriblərə dərman etmədilər.
  Hafiz! Dünyada rüsvay olmazdın,
  Əgər ədiblərdən nəsihət eşitsəydin (Müəllif).

Ücretsiz ön izlemeyi tamamladınız.