Kitabı oku: «Maresi», sayfa 3
“Yaz çörəyini sənin qədər sevən yoxdur, Maresi!” dedi.
“Amma mənim yaz çörəyindən daha çox sevdiyim bir şey var”.
Bir birimizə baxdıq, güldük və bir ağızdan, “Nadum çörəyi!” dedik.
Ennike ilə gülmək çox asan idi. Onda ən çox sevdiyim şeylərdən biri bu idi.
Jai boşqabındakı yeməyi qarışdırıb dururdu.bir parça çörək yemişdi, amma turşu soğanlahisə verilmiş balığa toxunmamışdı. Başımla boşqabına işarə etdim.
“Sən hələ yazın gəlişini gözlə!” dedim. Çörəyin yanında qaynadılmış yumurta da olur, böyük bir dilim də keçi pendiri. Daha sonra bal da verirlər!”
“Maresini bu yaz səhər yeməklərində görməlisən”. Ennike dedi. “Bol fındıqlı, bol toxumlu Nadum çörəyi bişirilən zaman Ocaq Evinin qapısına hamıdıan birinci gəlib ac it kimi ətrafı iyləyər. Çörəyin yanında pendirlə böyürtkən əzməsi də olur”.
“Əzməyə bal və nanə qatırlar”, dedim. “Rahibə Ers Qədim Ananın ağız dadına layiq olduğunu deyir hər zaman”.
İştahla dodaqlarımı yaladım.
Jaiyə maraqla baxan Ennike, “Sən evdə nə yeyirdin?” deyə soruşdu.
Jai bir balıqqulağı kimi qapandı. Bütün bədəni içinə çəkildi. Baxışları boş idi. Ennikeye başımla işarə edib Jai bu sualı unutsun deyə söhbəti dəyişdim
“Əgər yaz yeməkləri olmasaydı qızın bitib tükənməyən yarmasına dözə bilməzdim”, dedim. “Yarma, yarma, yarma. Bu gün də yarma, sabah da yarma. Bilirsiniz o günlərdə nə düşünürəm?”
Jai bir söz demədi. Ennike gülümsədi.
“Ay Rəqsini!” dedi. “Sonra da Ay Həyətində təşkil olunan ziyafəti”.
“Acı ədavalı sousla quzğun yumurtası yeyirik. Quzğun quşu bizim monastırın rəmzidir. Yumurtasını, yalnız, AyRəqsindən sonra yeyirik. Rahibə Ers ətli , kövrək qatlamalar bişirir, bir də darçınlı, küncütlü peçenyelər”.
Susub udqundum. Bütün bu gözəl yeməklərin adını yada salmaq ağzımı sulandırdı. Ennike qədəhindən bir qurtum su içdi.
“Sudan başqa şeylər də içirik. Likör və dadlı şərab!”
“Bütün bu dadlı yeməklərdən sonra rahibəliyə namizədlərin evinə enən pilləkən o qədər uzanır ki, heç demə”.
Güldük. Ennike ilə mən. Jai gülmədi, amma bədəni bir qədər açılmışdı. Özümü yaxşı hiss etdim. Jai az da olsa rahatlamışdı. Masadan qalxdım.
“Haydı. Dərs vaxtı gəldi”.
Çörəklərimizin bir qismini sobaya qoyduq. Şəfəq Pillələrindən endik, iç həyətdən keçdik. Axşam pilləkənindən Bilgi Evinə dırmandıq. Bilgi Evi adanın ən köhnə binası idi. Rahibə O. Naondel gəmisi ilə adaya gələn ilk Rahibələrin tikdikləri birinci və, bəlkə də, ən önəmli şeyin bu bina olduğunu demişdi.
Kiçik rahibəliyə namizədlərin dərs keçdiyi otağın çat çat olmuş taxta qapısını açmaq mənim işim idi. Dərs verən rahibə gələnə qədər onların sakitliyə riayət etməsinə də mən baxırdım.
Mən gec gələn balacaları qabağıma qatıb otağa apararkən Ennike Jaini bizim sinifə apardı. Heo həmişə olduğu kimi ortalıqda yox idi. Bu dəfə onu Bilgi Həyətindəki limon ağacının altında tapdım. Oturub bir boz pişiyi oynadırdı. Gəldiyimi görüb başını qaldırdı, şəhla gözlərini süzdürüb dedi:
“Onu da özümlə dərsə götürə bilərəm, Maresi?”
“Bilirsən ki, olmaz. Hə, yez ol, Heo. Bir azdan Rahibə Nummel gələcək. Hər halda danlanmaq istəməzsən”.
“Amma sə çox danlanırsan”, Heo dedi, ayağa qalxdı və kiçik əli ilə əlimi tutdu, “mən də sənin kimi olmaq istəyirəm”.
Ağ yaylığından öpdüm.
“O zaman yaxşı vərdişlərimi təqlid et”.
Əl ələ kiçik qızların sinfinə getdik. Heo həmişə olduğu kimi Rahibə Nummel gəlmədən qaçaraq öz sırasına əyləşdi.
Rahibə gələn kimi qaçaraq öz sinfimə getdim. Yalnız, mən dərsə gec girə bilirdim. Bizim sinfin taxta qapısında çatlar var idi. Kiçik qızların siniflərinin qapısı kimi köhnə idi, amma bir az tünd rəngli taxtadan idi. Qapını hər zaman olduğu kimi ehtiyyatla bağladım. Sınıb töküləcək deyə çırpmaqdan qorxurdum.
Köhnəlmiş taxta skamyaya, digər rəhibəliyə namizədlərin yanına əyləşdim. Önümüzdə uzun bir masa var idi. Rahibə O. otağın qapı tərəfində dayanıb dərs başa salırdı. Rahibəliyi yaxınlaşmış köhnə rahibəliyə namizədlər bu dərslərə gəlmirdilər. Onlar öz işləri ilə bağlı şeylər öyrənirdilər.
Dərslərimizi sevirdim. Tarix, hesab, Dünya, Günəş, Ay, ulduzlar, Qədim Ana və başqa şeylər haqqında çoxlu bilgi alırdıq. Kiçik qızlar oxumağı, yazmağı və daha asan şeyləri öyrənirdilər.
Bu gün adanın tarixi haqqında danışacaqdıq.
“İlk Rahibələrin bura necə gəldiyini bilrsiniz?” Rahibə O. soruşdu. Dərhal ayağa qalxdım. Rahibə başı ilə işarə etdi.
“Maresi”.
“İlk Rahibələr pis bir adamın iqtidarı əlinə alıb xalqına zülm edən bir ölkədən qaçdılar”, dedim. Bunları Xəzinə Otağındakı kitablardan oxumuşdum. “Bu adam özündən başqa heç kimin savadlı olmasını istəmirdi. İlk Rahibələr kölə olmaq istəmədilər, adamın bildiklərini oğurlayıb Naondel adlı bir gəmi ilə bu adaya gəldilər”.
Rahibə O. başı ilə təsdiqlədi.
Uzun və ağır bir səfər idi. Şərqdəki uzaq, çox uzaq, adını indi xatırlamadığımız bir ölkədən gəlirdilər. İlk Rahibələrdən sonra şərqdən bura gələn olmadı. Şiddətli bir fırtınanın adaya gətirdiyi Naondel möcüzə nəticəsində qayalara çırpılıb parçalanmadı. Naondelin dayandığı yerdə İlk Rahibələr Bilgi Evini tikdilər”.
Ennike ayağa qalxdı. “Bu mümkündürmü Rahibə O?” dedi. Pəncərədən işarə etdi. “Bilgi Evi dağın başındadır. Ən güclü yaz fırtınaları belə bir yelkənli qayığı ora qaldıra bilməz”.
Rahibə O. başı ilə təsdiq etdi.
“Haqlısan”, dedi. “Amma köhnə mətnlərdə belə yazılır. Bəlkə, o vaxt fırtınalar indikilərdən daha güclü idi. Ya da yazılanları başqa cür yozmalıyıq”.
Jai diqqətlə qulaq asırdı. Qabağa əyilib gözlərini Rahibə O.-ya zilləmişdi.
“Bilgi Evi İlk Rahibələrin topladıqları bütün gücləri özündə cəmləyib”, mən yadımda qalanlardan dedim. “Amma niyə bilgi deyil güc cdeyirlər?”
“Çünki bilgi gücdür”, Dorje dedi.
Dorje Rahibə Mariannanın rahibəliyə namizədi idi. Heyvanlara baxırdı.Məndən xeyli böyük idi, amma elə huşsuz idi ki, uşaq kimi davranırdı. Adaya gələndə özü ilə müqəddəs bir quş gətirmişdi. Göyərçin boyda qırmızı-mavi tüklü quş idi. Tüklərinin rəngi işıqda dəyişir, bəzən, yaşıla, bəzən, qaraya, bəzən də, sarıya çalırdı. Daim Dorjenin çiynində oturur, saçlarını qarışdırır, qulaqlarını dimdikləyirdi. Xüsusi bir adı yox idi. Sadəcə, Quş deyilirdi. Elə bil Dorjenin bütün dediklərini anlayırdı.
Rahibə O. Dorjeyə baxdı. İncə dodaqlarını, qara gözlərini yumşaldan bir təbəssüm çökdü üzünə.
“Bəli, elədir, Dorje”, dedi. “Bilgi gücdür. Monastıra gələn bütün rahibəliyə namizədlərin burada öyrəndikləri bilgini bütün dünyaya yaymaları çox önəmlidir. Xüsusən də, Rahibə Narın tələbələrinin bitki və təbabət elmini yaymaları”.
“Amma vacib olan başqa bilgilər də var”, deyə araya girdim. Dorjedən kiçik olmağıma baxmayaraq ondan daha çox bildiyimi Rahibə O.-ya göstərmək istəyirdim. “Hesab etmək, astronomiya, tarix və… və…”
Daha ağlıma başqa bir şey gəlmədi.
“Təmizlik”, Joem dedi. Bir də kənd təssərüfatı. Aclığa qalib gəlmək üçün azdan çox istehsal etməyi öyrənməliyik”.
“Heyvandarlıq”, Dorje nəşə ilə dedi.
“İnşaat sənəti”, Ennike dedi. “Yoxsa korpülər necə salınar, binalar necə tikilər?”
Başımı aşağı əydim. Kaş ki bütün bunlar mənim ağlıma gələydi.
“Əlbəttə”, Rahibə O. dedi. “Sizin və digər rahibəliyə namizədlərin öz ölkələrinə apardığı hər bilgi önəmlidir”.
“Amma, hər halda, bəzi rahibəliyə namizədlərin adada qalması çox önəmlidir”, dedim. “Bilgini qoruyar, yeni gələnlərə öyrədərlər”.
“Elədir”, Rahibə O. dedi və ciddi bir ifadə ilə mənə baxdı. “Amma adadan bütün dünyadan gizlənmək üçün istifadə etməməliyik”.
Nə demək istədiyini tam başa düşmədim, amma soruşmadım da. Bu adanın hər şeyindən xəbərim var idi. İsti günəşi, sərin rüzgarları, ətirli çölləri, keçiləri, arıları, rahibələri, rahibəliyə namizədləri, kitablarıı – bunlar hamısı mənim evim idi.
Günorta dərslərə fasilə verəndə Ennike ilə ən sevdiyimiz yerə – limon ağacının altına getdik. Jai də bizimlə gəldi.Çörəklərimizi yedik, soyuq quyu suyundan içdik. Gümüşü mavi işıldayan dənizə baxdıq, parıltısı gözlərimizi qamaşdırdı. Bilgi Bağçasından Rahibə Narın becərdiyi çiçək və ədavaların ətri gəlirdi. Başımızın üstündə bəyaz qanadları yanıb sönən quşlar uçuşurdu. Ayaqları ağ qara bir pişik bağçanın alçaq divarının üstündə oturub özünü yalayırdı. Ennike ağaca söykənib ayaqlarını uzatdı.
“Kaş bir evdən ya da bir rahibədən dəvət alsam”, dedi. Rahibə Onun dərslərinə daha dözə bilmirəm”.
“Amma çox maraqlıdır!” dedim. “Hər gün yeni bir şey öyrənirik”.
Onun gözlərinin içinə baxdım. Gülümsədi.
“Sən süngər kimi bütün bilikləri çəkirsən, Maresi. Amma mən artıq bir şey etmək istəyirəm. Ananın məni Ayin xidmətçisi olmağa çağırdığını düşünsənə! Çox böyük şərəfdir”.
“Monastırda evi olmayan ən köhnə rahibəliyə namizəd sənsən”, dedim. Mütləq, səni seçəcək”.
Arxası üstə uzanıb ağacın yarpaqlarına baxmağa başladım. Tünd yarpaqların arasında ara-sıra ağ çiçəklər görünürdü. Divarın üstündəki pişik yerə düşüb yanımıza gəldi. Jai ürkək-ürkək əlini uzadıb pişiyin başını sığallamağa başladı. Pişik də xoşhallanaraq miyoldadı. Birdən, Jai yerindən sıçradı. Onun baxdığı səmtə döndüm.
Mavi yelkənli kiçik ağ bir gəmi limana yaxınlaşırdı.
Übalıqçı gəmisidir”, sakitcə dedim, “bura ovunu satmağa gəlir. Bax, Rahibə Veerk tələbəsi Luan ilə oradadırlar. Alışverişi onlar edəcək. Görürsən, körpüyə gedirlər. Əllərindəki səbətlər bir azdan təzə balıq ilə dolacaq. Balığın əvəzinə pul, balmumu ya da Rahibə Narın düzəltdiyi məlhəm verirlər.Monastırdakı bütün xəstələri Rahibə Nar müalicə edir. Tibb sənəti və bitkilər haqqında bilmədiyi şey yoxdur. Balıqçılar dərdlərini ona deyər, növbəti dəfə gələndə Rahibə Nar onların dərmanlarını hazır edər”.
Amma Jai sakitləşmədi. Ennike ilə mən bir-birimizə baxıb ayağa qalxdıq. “Bir azdan dərs başlayacaq. Getdik”.
Jai monastır həyatına çox tez alışdı. Bir şeyi öyrənməsi üçün bir dəfə göstərməyim bəs edirdi. Yeməyini yedikdən sonra bulaşıq qablarını qab yuyulan yerə aparır, Havvaya çörəyini özü təqdim edir, kirli paltarlarını Bədən Keyfinə aparır, Rahibə Onun verdiyi mətnlərə hər axşam oxuyurdu. Günəş salamlama, şükran və tərif ayinlərinin sözlərini və hərəkətlərini bir neçə günün içində öyrənmişdi. Axşam mənimlə birlikdə Bilgi Evinə gedir, oturub gün batana qədər kitab oxuyurdu. Məndən heç ayrılmırdı. Bunu görən rahibələr bizi bir-birimizdən ayırmamaq üçün eyni işləri tapşırırdılar. Keçiləri birlikdə otarır, birlikdə balıqqulağı toplayır, birlikdə pendir düzəldir, birlikdə quyudan su gətirir, həyətləri və rahibələrin evlərini birlikdə təmizləyirdik.
Jainin bura gəlməzdən qabaq ağır iş görmədiyi bəlli idi. Güclü deyildi. Yarım dolça su gətirirdi, amma işdən yayınmırdı. Çox vaxt susurdu.
Jai gecələr sayıqlayır, həyəcanla yerindən qalxıb oturur, mənim tez-tez ayılmağıma səbəb olurdu. Yuxuda anlamadığım şeylər danışırdı. Bir adı daha çox deyirdi: Unai. Onun kişi ya qadın olduğunu bilmirdim, lakin hər gecə sayıqlayanda bu adı çəkdiyindən həyatında önəmli biri olduğu bilinirdi. Təbii ki, onun sayıqladıqlarını tək mən eşitmirdim.
Adaya yaz gəlmişdi. Havalar getdikcə isinirdi. Rahibələr Ay Rəqsi və digər yaz bayramlarından danışmağa başladılar. Dağ ağ, mavi çiçəkli libasını geyindi. Havada arıların vızıltısı vardı. Dorje ətrafı dolaşır, quşlarla birlikdə mahnı oxuyurdu. Adanın bütün quşlarını yamsılaya bilirdi.
Jainin adaya gəlməsindən yarım ay keçmişdi. Yataqxanada yatmağa hazırlaşırdıq. Böyük qızlar kiçiklərin saçlarını darayırdı. Mən Ennikenin saçlarını açmasına kömək edirdim. Hər günün sonunda küləkdə saçları bir-birinə qarışırdı. Üzünü yuxarı qaldırıb gözlərini yummuşdu.
Übalaca olanda bacım belə edərdi”, deyə mızıldandı. “Bacımdan yadımda qalan ancaq saçlarımdakı əlləridir”.
Heo ayaqlarımın yanında oturub saçları kimi qapqara bir pişiklə oynayırdı. Barmaqlarını tutmağa çalışa pişiyin əlini cırmaqlamasına fikir vermirdi.
“Mənim nə bacım, nə də qardaşım var”, dedi, “sənin var, Maresi?”
“Başımla işarə etdim. Darağı Enniknin saçlarından aşağı çəkdim.
“Birqardaşım, iki bacım var. Bacımın biri məndən böyükdür, qardaşım səninlə yaşıddır. Bacım Naraesin mənim saçlarımı daramağa heç vaxtı yoxdur. Fermada anama kömək edir, mən də kiçik bacıma və qardaşıma baxırdım”. Udqundum. Anner haqqında danışmağa hələ də çətinlik çəkirdim. “Ən kiçik bacım…”
Jai oturub şalvarındakı dəliyi yamayırdı. Danışmağa davam edərkən şalvarın əlindən düşdüyünü gördüm. Yanaqları Bəyaz Qadının təpəsindəki qarlar kimi soldu. Tərs kimi Heo davam etdi.
“Jai, Unai kimdir? Gecələr elə hey bu adı sayıqlayırsan”.
“Heo!” onu saxlamağa çalışdım. Heo qara gözlərini çaşqınlıqla mənə çevirdi. Jainin dodaqlarından bir fəryad qopdu. Qorxunc bir fəryad idi. Üzünə-gözünə vurmağa başladı. Əllərini tutsam da fəryadına mane ola bilmədim. Ennikeyə döndüm. “Rahibə Nummeli çağır”.
Ennike tez getdi. Rahibəliyə namizədlər qorxuların-dan bir kənara çəkildilər. Heo iki yatağın arasında büzüküb oturdu. Çox keçmədən Rahibə Nummel qaçaraq gəldi. Jaini Nummeli otağına apardıq. Bizə qarşı durmadı, amma dayanmadan üzünə vurmağa, yanaqlarını cırmağa çalışırdı. Əllərini buraxmadıq.
Ennike qaraq gedib Rahibə Nara xəbər verdi. Rahibə Nar gətirdiyi bir şərbəti zorla içirtdikdən sonra Jai bir az salitləşdi, Rahibə Nummelin yatağında sakitcə uzandı.
Rahibələr mənimlə Ennikeni çölə çıxardılar. Dəhşərdən titrəyən kiçik rahibəliyə namizədləri yerlərinə uzatmaq üçün çox çalışdıq. Yataqxanada sakitlik yaradandan sonra Ennike ilə hava almaq üçün çölə çıxdıq.
İç həyətin üzərinə enən gecənin səmasına ulduzlar səpələnmişdi. Hər yan sakitlik idi. Yalnız, divarın arxasından yavaş-yavaş dalğaların səsi gəlirdi. Ennike dərindən nəfəs aldı.
“Məndən də betər şeylər yaşayıb. Atamla əmim məni çox döyüblər. Amma düşünürəm ki, Jai daha betər şey görüb”.
Bir atanın uşağını necə vurduğunu anlamağa çalışdım. Öz zəif atamı xatırladım. Aclıqdan qırıldığımız o uzun qışda ozü yeməyib uşaqlarına yedirməyə çalışan atamı. Monastır haqqında bütün məlumatı o toplamışdı: harda olduğunu, necə gediləcəyini öyrənmişdi. Mənim yaxşılığım üçün monastıra getməyimin lazım olduğunu deyəndə necə ağladığını xatırladım. Məni bağçamızdan, kəndimizdən, ölkəmizdən uzaqlaşdırıb güney sahillərinə aparacaq arabaya mindirəndə əllərimi buraxmaq istəmədiyini.
“Özünü güvənikli hiss etmir”, dedim. “Ona bu güvəni aşılamalıyıq”.
Ücretsiz ön izlemeyi tamamladınız.