Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Mənim Universitetlərim»

Yazı tipi:

© ALTUN KİTAB MMC – 2020

1

Beləliklə, mən Kazan1 Universitetinə oxumağa gedirəm, bundan azı ilə kifayətlənən deyiləm.

Universitet fikrini mənim ağlıma gimnazist Nikolay Yevreinov salmışdı. O, çox yaraşıqlı, sevimli, gözlərindən mehribanlıq yağan on doqquz yaşlı bir gənc idi. Mənimlə eyni evin çardağında yaşayırdı. Tez-tez əlimdə kitab gördüyü üçün bu onu maraqlandırmış, mənimlə tanış olmuşdu.

Tezliklə Yevreinov məni inandırmağa başladı ki, bəs səndə elm üçün müstəsna istedad var!

– Təbiət sizi elmə xidmət etmək üçün yaradıb! – deyib o, uzun saçlarını gözəl bir əda ilə silkələdi.

Yevreinov şirin dillə mənə sübut edirdi ki, universitetlər məhz mənim kimi gənclərə möhtacdır. O deyirdi ki, Kazanda mən onun yanında yaşayacağam, payız və qış ərzində bütün gimnaziya kursunu keçəcəyəm, həm də bəzi imtahanları verəcəyəm. Bu «həm də bəzi» də onun sözləri idi. Üstəlik, universitetdə guya mənə dövlət təqaüdü veriləcək və beləliklə, beş ildən sonra alim olacağam. Məsələ çox sadə görünürdü.

Nikolay imtahanlarını verən kimi çıxıb getdi, iki həftədən sonra mən də onun dalınca yola düşdüm.

Nənəm məni yola salarkən öyüd-nəsihət verib deyirdi:

– Bax adamlara acıqlanıb eləmə, sən elə hər şeyə hirslənirsən. Çox dikbaş və əsəbi olmusan! Bu xasiyyət sənə babandan keçib. Amma baban kim idi? Yaşadı, yaşadı, axırda gör necə xəriflədi. Sən isə oxuyub alim olacaqsan. Di yaxşı, salamat get…

Sonra isə qırışmış qarayanız yanaqlarındakı bir-iki damla göz yaşını silərək əlavə etdi:

– Ürəyimə damıb ki, bir daha görüşməyəcəyik. Sən bir yerdə duran deyilsən, baş alıb uzaqlara gedəcəksən. Mən isə öləcəyəm…

Son zamanlar mən bu doğma qadından uzaqlaşmışdım. Hətta onu çox az-az görürdüm. İndi isə birdən ürəkağrısı ilə hiss etdim ki, bir daha həyatımda mənə bu qədər əziz, qəlbimə bu qədər yaxın bir adama rast gəlməyəcəyəm.

Budur, gəminin göyərtəsində dayanıb körpünün yanında durmuş nənəmə baxıram: o, bir əli ilə xaç çəkir, o biri əli ilə köhnə şalının ucundan tutub üzünü və qara gözlərini silirdi.

2

Kazanda, əhalisinin yarısı tatar olan bu şəhərdə mən birmərtəbəli evin darısqal bir mənzilinə yerləşdim. Ev ensiz, görünüşündən yoxsulluq yağan küçənin axırındakı təpənin üzərində təkbaşına yüksəlmişdi. Yan-yörəsində başqa ev yox idi. Evin bir divarı yanğından sonra əmələ gəlmiş açıqlığa çıxırdı. Açıqlığın hər tərəfini alaq otları basmışdı. Yovşan, ayıpəncəsi, quzuqulağı kolları və kəndalaş şaxələri içində kərpic binanın xarabalığı yüksəlirdi. Bu xarabalığın altında geniş zirzəmi vardı: sahibsiz küçə itləri burada yaşayır və ölürdülər.


Mənim ilk universitetlərimdən biri olan həmin zirzəmi yaxşı yadımda qalıb.

Ana ilə iki oğlundan ibarət Yevreinovlar ailəsi çox az məbləğdə dilənçi təqaüdü alaraq yaşayırdı. Mən elə ilk günlərdən balaca cüssəli dul qadının bazardan aldığı şeyləri mətbəxdəki stolun üstünə töküb necə fikrə getdiyinin şahidi olmuşdum: yazıq qadın qəmli halda bu aldıqlarına baxır, onlardan nə bişirəcəyini götür-qoy edirdi. Elə bir yemək hazırlamalı idi ki, evdəki üç sağlam gənc oğlanın qarnını doyurmağa bəs eləsin.

Qadın qaradinməz idi. Gözlərində isə bir atın ümidsiz və mülayim tərsliyi donub-qalmışdı: üzü yoxuşa qalxan belə bir at yükünü çəkib yuxarı çıxara bilməyəcəyinin fərqindədir, ancaq bununla belə, böyük inadkarlıqla yükü yenə çəkib aparır.

Yevreinovlara gəlişimdən üç gün sonra idi. Səhər təzəcə açılmışdı, uşaqlar hələ yatırdılar. Mən mətbəxdə qadına göyərti təmizləməkdə kömək edirdim. Birdən qadın yavaşdan və ehtiyatla soruşdu:

– Siz bura nə üçün gəlmisiniz?

– Hazırlaşıb universitetə girəcəyəm.

Qadının qaşları çatıldı, o, barmağını bıçaq ilə kəsdi. Sonra isə barmağından axan qanı soraraq özünü stulun üstünə yıxdı. Lakin dərhal da ayağa qalxıb dedi:

– Ah, zəhrimar…

O, cib dəsmalı ilə barmağını sarıyıb məni tərifləməyə başladı.

– Siz çox yaxşı kartof təmizləyirsiniz.

Gəl bir bunu da bacarmayaydım! Axı mən vaxtilə gəmilərdən birinin mətbəxində işləmiş, bu işləri yaxşı öyrənmişdim, aşpazlıqdan pis başım çıxmırdı. Qadına bu haqda danışdım, o isə soruşdu:

– Siz elə güman edirsiniz ki, universitetə girmək üçün bu kifayətdir?

O vaxtlar mən yumoru pis başa düşürdüm. Buna görə də qadının sualını ciddi qəbul etdim. Başladım gələcəkdə nələr edəcəyimi bir-bir ona sadalamağa. Sadaladıqlarımın sonunda isə elm məbədinin qapıları üzümə taybatay açılmalı idi.

Qadın köksünü ötürdü.

– Eh, Nikolay, Nikolay…

Elə bu vaxt Nikolay gözləri yuxulu, saçları dağınıq və həmişəki kimi şən halda yuyunmaq üçün mətbəxə gəldi.

– Ana, düşbərə bişirsəydin, yaxşı olardı!

– Elədir, yaxşı olar, – deyə anası onun fikri ilə razılaşdı.

Mən isə aşpazlıq təcrübəmi nümayiş etdirmək üçün dedim ki, düşbərə üçün bu ət həm az, həm də pisdir.

Nikolayın anası – Varvara İvanovna – dərhal üstümə acıqlandı, ünvanıma bir neçə tutarlı söz söylədi. Bu sözlərdən qulaqlarım qıpqırmızı qızararaq yuxarıya doğru uzanmağa başladı.

Bundan sonra qadın əlindəki bir dəstə kökü stolun üstünə ataraq mətbəxdən çıxdı. Nikolay isə mənə göz vuraraq anasının hərəkətini belə izah etdi:

– Kefi yoxdur…

Sonra isə skamyaya əyləşərək mənə qadınların kişilərlə müqayisədə daha əsəbi olduğu barədə uzun-uzadı danışmağa başladı. Aydın məsələ idi ki, bütün bu danışdıqlarının bircə məqsədi var: anasının ünvanıma dediyi acıqlı sözlərə görə könlümü almaq, pərtliyimi aradan götürmək!

3

Mən, demək olar, hər gün Varvara İvanovnanın öz uşaqlarının qarnını aldatmaq, üstəlik, haradansa azıb gəlmiş yöndəmsiz görkəmli bir oğlanı yedirtmək üçün nə qədər fənd işlətdiyini yaxşı görürdüm. Təbii ki, buna görə də payıma düşən hər tikə çörək bir daş olub ürəyimdən asılırdı.

Mən artıq özümə iş axtarmağa başlamışdım. Evdə nahar etməmək üçün səhər tezdən çıxıb gedir, hava pis olanda isə açıqlıqdakı xarabalığın zirzəmisində oturub-qalırdım. Buradakı it və pişik cəsədlərinin üfunətini içimə çəkə-çəkə tezliklə anladım ki, mənim üçün universitet əlçatmaz bir xəyaldır. Fikirləşirdim ki, əgər universitetdə oxumaq fikrinə düşmək yerinə iş dalınca düşsəydim, daha ağıllı hərəkət etmiş olardım.

Müəyyən müddət sonra isə qeyri-adi sərgüzəştlər və böyük qəhrəmanlıqlar haqqında düşünüb xəyallar qurmağa başlamışdım. Bu məndə tədricən vərdişə çevrildi. Həyatımın çətin günlərində belə xəyallar mənə kömək edir, mənə ümid və təsəlli verirdi. Yox, mən heç bir xoşbəxt təsadüfə ümid bağlamırdım, sadəcə, hiss edirdim ki, həyat şəraitim nə qədər ağırlaşırsa, mən bir o qədər möhkəm və ağıllı olmağa başlayıram. Başqalarından kömək gözləmir, yalnız öz gücümə güvənirdim.

Ac qalmamaq üçün Volqa2 sahilinə, oradakı körpülərə gedirdim. Nə də olmasa, burada günə on beş–iyirmi qəpik qazanmaq daha asan idi. Burada yükdaşıyanlar, səfillər, oğrular arasında özümü közərmiş kömürlərin arasına atılmış dəmir parçası kimi hiss edirdim: hər gün mənə yeni odlu-alovlu duyğular aşılayırdı. Bu adamlar, onların davranışları, həyata qarşı bəslədikləri kin və qəzəb xoşuma gəlirdi. İndiyədək başıma gələnlərlə həmin adamların taleyi arasında yaxınlıq sezirdim, bu yaxınlıq isə getdikcə qüvvətlənirdi.

Müəllimlər İnstitutunun keçmiş tələbəsi və vərəm xəstəsi olan oğrubaşı Başkin mənə bəlağətlə deyirdi:

– Sən niyə belə qız kimi əzilib-büzülürsən? Yoxsa abır-həyanı itirməkdən qorxursan? Unutma: bir qız üçün abır-həya onun bütün var-yoxu deməkdir. Sənin üçün isə bu artıq yükdür, boyunduruqdur. Öküz də abır-həyalı heyvandır, ancaq yediyi quru otdur. Ac qalmaq istəmirsənsə, öz artıq yükündən, boyunduruğundan xilas olmalısan!

Başkin kürən adam idi, üzünü aktyorlar kimi tərtəmiz qırxdırırdı. Balaca cüssəsinin yumşaq və çevik hərəkətləri onu pişiyə bənzədirdi. O mənimlə müəllimim və himayədarım kimi davranırdı. Görürdüm ki, həyatda uğur qazanmağımı və xoşbəxt olmağımı necə ürəkdən arzulayır. Xeyli ağıllı olan bu adam çoxlu kitablar oxumuşdu. «Qraf Monte Kristo»3 isə həmin kitabların hamısından daha çox xoşuna gəlmişdi.

Mənə xoş münasibət bəsləyən başqa biri də vardı: Trusov. O da xoşsifət, yaxşı geyinib-kecinən, musiqiçi barmaqları kimi incə barmaqları olan bir adam idi. Lakin şəxsiyyəti mənə şübhəli görünürdü. Onun Admiralteyskaya qəsəbəsində üzərinə «Saatsaz» yazılmış dükanı vardı. Lakin əsl peşəsi oğurluq malların başını əkmək, onların izini itirmək idi.

Trusov həyasızlıqla parıldayan hiyləgər gözlərini süzdürüb çal saqqalını şəstlə tumarlayır, mənə soyadımla müraciət edərək deyirdi:

– Peşkov, sən oğurluq kimi dəcəlliklərə adət eləmə! Görürəm, sənin yolun başqadır, bizim kimi deyilsən, kitaba, oxuyub-öyrənməyə həvəsin, marağın böyükdür. Sən mənəviyyat adamısan, sənin yolun elm yoludur, həmin yolla da get!

– «Mənəviyyat adamı» nə deməkdir?

– Yəni belə bir adamda heç bir şeyə paxıllıq yoxdur, onda hər şeyə qarşı yalnız maraq var.

Bu mənim haqqımda düzgün fikir deyildi; çünki mən bir çox şeylərə qibtə edirdim, həm də çox qibtə edirdim; məsələn, Başkinin şeirə bənzər, bəlağətli danışığı məndə həsəd hissi doğururdu. Düzdür, səsi boğuq və batıq idi, ancaq sözləri təmtəraqlı idi! Bu sözlərdə sanki bülbül cəh-cəhini andıran sədalar cingildəyirdi. Üstəlik, danışarkən gözlərini yumub tez-tez yüngül bir hərəkətlə əlini sinəsinə, ürəyinin üstünə qoyur, ahəngdar bir halda yırğalanırdı.

Ya da elə Trusovun özü… Mən ona da həsəd aparırdım. O, Sibir, Xivə, Buxara haqqında çox maraqlı şeylər danışırdı.

Bir sözlə, mənim qibtə etdiyim çox şey vardı həyatda. Elə isə, haradan «mənəviyyat adamı» oldum?

4

Yeni tanış olduğum bu adamlar bəzən bürkülü gecələrdə balaca Kazanka çayının o biri tayına keçir, orada çəmənlikdə, kollar arasında yeyib-içməyə başlayırdılar. Bu zaman öz işləri, yaxud həyatın çətinliyi barədə həvəslə danışır, öz dərdlərini dilə gətirir, ötüb-keçənləri yada salırdılar.

– Budur, mənim başıma belə bir iş gəlmişdi… – aralarından kimsə sözə başlayırdı.

Hekayəni dinlədikdən sonra digərləri onunla razılaşırdılar:

– Bəli, belə şeylər də olur, həyatda hər şey mümkündür…

«Olmuşdu», «olur», «olurdu» – bu sözləri dinlədikcə mənə elə gəlirdi ki, bu gecə həmin adamlar öz həyatlarının sonuna gəlib çatıblar: onların həyatında hər şey baş verib qurtarıb, bundan sonra heç nə olmayacaq.

Bu isə məni Başkindən və Trusovdan uzaqlaşdırırdı. Mən onlarda gələcəyə dair heç bir əlamət sezmirdim, halbuki özümün gələcəklə bağlı nə qədər xəyalım, planım vardı. Lakin onlar yenə də mənim xoşuma gəlirdi. Onlarla aramda başqa oxşarlıqlar tapır, başa düşürdüm ki, bir gün hər şeyi atıb tamamilə onlara qoşulsam, bunda təəccüblü heç nə axtarmamaq lazımdır.

Eyni zamanda mən yeni-yeni tanışlar tapmaqda idim. Yevreinovların mənzili yanındakı açıqlıqda gimnazistlər toplaşıb qorodki oyunu oynayırdılar. Bu gimnazistlərin arasında Quri Pletnyov adlı biri məni özünə valeh etmişdi. O, yapon kimi qarayanız idi, göyümtül saçı vardı. Həmişə olduqca şən görünürdü. Üstəlik, hazırcavab idi. Musiqini hədsiz sevirdi. Böyük məharətlə balalayka və qarmon çalırdı. Yoxsul idi, bunu nimdaş əyin-başından anlamaq o qədər də çətin deyildi. Cırıq köynəyi, yamaqlı şalvarı və dəlik-deşik çəkmələri onun haqqında hər şeyi deyirdi.

Quri uzun və ağır xəstəlikdən sonra təzəcə ayağa qalxmış, ya da elə dünən həbsxanadan çıxmış adama oxşayırdı: həyatda hər şey onun üçün təzə və xoş idi.

O, çətin şəraitdə yaşadığımı öyrənəndə mənə öz yanına köçməyi və kənd müəllimliyinə hazırlaşmağı təklif etdi. Mən razılaşdım.

Budur, indi mən Kazan tələbələrinin bir neçə nəslinə tanış olan və «şən səfillər məskəni» adlandıra biləcəyimiz böyük və yarıuçuq evdə yaşayıram. Onu «Marusovka» adlandırırlar.

Pletnyov koridordan çardağa qalxan pilləkənin altında məskunlaşmışdı. Burada taxt, koridorun axırındakı pəncərənin yanında isə bir stol və cəmi bir stul vardı. Koridora üç qapı açılırdı. Həmin qapılardan ikisinin arxasında səfil qadınlar yaşayırdı. Üçüncü qapının arxasında isə vərəm xəstəliyi olan bir riyaziyyatçı olurdu. O, seminaristlərdən4 idi.

Riyaziyyatçının uzun boyu vardı. Arıq idi, üz-gözünü cod sarı tüklər basmışdı. Əynindəki çirkli cır-cındırlar bədənini güclə örtürdü. Bir sözlə, görkəmi qorxunc idi. Əynindəki cındırların yırtıqları arasından gözə çarpan göyümtül dərisi və çıxıq qabırğaları adamı xüsusilə vahiməyə salırdı.

O, qan çıxıncaya qədər gəmirdiyi dırnaqları ilə elə bil özünü yedirib-bəsləyir, gecə-gündüz nə isə cızır, hesablayır, ara vermədən boğuq səslə öskürürdü.

Qonşuluqda qalan səfil qadınlar riyaziyyatçını dəli hesab edir və ondan çəkinirdilər. Lakin ona yazıqları gəldiyi üçün qapısı ağzına çörək, çay və qənd qoyurdular. Riyaziyyatçı isə bu düyünçələri döşəmə üstündən götürüb yorğun at kimi fınxıra-fınxıra otağına aparırdı. Əgər qadınlar unudaraq, ya da başqa bir səbəbə görə ona sovqat gətirməsəydilər, riyaziyyatçı qapını açıb üzünü koridora tutur və xırıltılı səslə bağırırdı:

– Çörək!

Arabir onun yanına balaca cüssəli, qozbel, əyriayaqlı, çalsaçlı, üzündə daim hiyləgər təbəssüm işıldayan eybəcər bir adam gəlirdi. Şişkin burnu üstündə böyük eynək olan bu adam içəri keçdikdən sonra riyaziyyatçı qapını möhkəmcə örtürdü. Sonra isə onlar birlikdə dinməz-söyləməz otururdular.

Bu qəribə sükut cəmi bir dəfə pozuldu.

Həmin vaxt gecədən xeyli keçmiş mən riyaziyyatçının qəzəbli və xırıltılı səsinə yuxudan oyandım.

– Mən isə deyirəm – həbsxanadır! Həndəsə – qəfəsdir, bəli! Siçan tələsidir, bəli! Həbsxanadır!

Qozbel, eybəcər adam isə dönə-dönə nəsə qəribə bir sözü təkrarlayaraq zingiltili səslə hırıldayırdı. Birdən riyaziyyatçı bağırdı:

– Cəhənnəm ol burdan! Rədd ol!

Plaşının ətəkləri yellənən qonaq özünü koridora saldı. Riyaziyyatçı da onun arxasınca qapı ağzınadək çıxdı. Əl barmaqlarını pırtlaşıq saçlarına keçirib bayaqkı xırıltılı səslə dedi:

– Evklid5 axmaqdır! Axmaq… Mən isbat edəcəyəm ki, Tanrı o yunandan ağıllıdır.

Sonra o, qapını elə bərkdən örtdü ki, otağında nə isə gurultu ilə yerə düşdü.

Çox keçmədən mən öyrəndim ki, bu adam riyaziyyata əsaslanıb Allahın varlığını sübut etmək istəyir. Di gəl, o bu istəyinə çatmamış öldü.

5

Pletnyov gecələr mətbəədə bir qəzetin korrektoru6 vəzifəsində işləyirdi. Hər gecə isə bu işinə görə on bir qəpik pul qazanırdı. Mən hələ heç bir şey qazanmadığım zamanlar biz dörd girvənkə7 çörək, ikiqəpiklik çay, üçqəpiklik şəkər işlədir, bununla bir günü yola verirdik.

Mənim işləməyə, sadəcə, vaxtım çatmırdı. Oxumaq lazım idi. Olduqca böyük bir çətinliklə elmlərin öhdəsindən gəlirdim. Xüsusilə qrammatikanı öyrənmək mənə əzab verirdi.

Lakin tezliklə məlum oldu ki, oxumağa vaxtından əvvəl başlamışam: əgər imtahanları uğurla vermiş olsam belə, kənd müəllimliyi üçün hələ yaşım çatmırdı.

Pletnyovla mən eyni taxtda yatırdıq: gecələr taxt mənim, gündüzlər isə onun idi. O, işdən səhər qayıdırdı. Yuxusuz keçən gecədən sonra onun sifəti sanki bir az da qaralırdı, gözləri isə şişmiş olurdu.

Quri evə çatan kimi mən dərhal qaynar su dalınca yüyürürdüm. Çünki nə çaydanımız, nə də samovarımız vardı. Sonra gətirdiyim qaynar su ilə çay dəmləyir, ardınca pəncərə qabağında oturub çörəklə çay içirdik. O, qəzet xəbərlərini mənə nağıl eləyir, bu zaman zarafatlarından da qalmırdı. Qurinin bu qədər məşəqqətli həyat içində şən əhvali-ruhiyyəsini qoruması məni təəccübləndirirdi.

Çaydan sonra Pletnyov yatır, mən isə iş axtarmağa gedirdim. Evə axşamdan xeyli keçmiş, Quri mətbəəyə gedən zaman qayıdırdım. Əgər mən çörək, kolbasa, yaxud bişmiş içalat gətirirdimsə, biz bu qəniməti yarı bölürdük. Pletnyov öz payını götürüb gedirdi.

Tək qaldığım vaxtlarda «Marusovka» nın koridorlarında dolaşaraq buraya yerləşən adamların necə yaşadıqlarına göz yetirirdim. Ağzına qədər adamla dolu olan bu ev qarışqa yuvasına oxşayırdı. «Marusovka» səhərdən gecə keçənədək uğuldayırdı: paltartikən qadınların maşınları şaqqıldayır, opera xorunda oxuyan qızlar məşq edirdi. Bütün bu səslərə kiminsə şən qəhqəhəsi, kiminsə qəzəbli çığırtısı qarışır, bir sözlə, bəzən, ümumiyyətlə, ağız deyəni qulaq eşitmirdi.

Evdə qalan ac, yoxsul gənclər arasında biri xüsusilə diqqətimi çəkmişdi. O, sarıbəniz idi, daz başı, enli sifəti, çubuq kimi nazik ayaqları, iri ağzı vardı. Bu gənc bütün günü veyillənirdi. Dişləri at dişlərinə bənzədiyi üçün ona «Kürən At» ləqəbi vermişdilər. Üçüncü il idi ki, tacir olan bir qohumu ilə məhkəmə davası aparırdı. Rastına çıxan hər kəsə bunu elan edir, ardınca da mütləq deyirdi:

– Ölsəm də, qalsam da, gərək onu müflis edib axırına çıxam! Qoy dilənçi gününə düşüb qapı-qapı gəzsin, üç il sədəqə dilənib yaşasın! Yalnız bundan sonra ondan məhkəmə yolu ilə nə alacağamsa, hamısını özünə qaytaracağam. Sonra isə soruşacağam: «Hə, necəsən, şeytan balası? Bax belə olar!

«Deməli, sənin həyatının yeganə məqsədi budur?» – ondan soruşardılar.

– Hələ ki hə! Bütün varlığımla bu işə baş vurmuşam, bundan başqa məni heç nə düşündürmür.

Kürən Atın bütün günü məhkəmədə, ya da vəkilinin yanında keçirdi, axşamlar isə qonaqlıqlar düzəldirdi. Tələbələri, paltartikən qadınları, bir sözlə, doyunca yeyib-içmək istəyən hər kəsi bu dəvət edir, elə ki sərxoş olurdu, o saat başlayırdı:

– Mənim sevimli quşcuğazlarım! Sizi ürəkdən sevirəm, siz namuslu adamlarsınız. Mən isə yaramazın biriyəm, acgöz timsaham, çünki tacir qohumumun axırına çıxmaqdan başqa bir şey barədə fikirləşmirəm. Bunu hər şeydən çox istəyirəm, istəyimə də çatacağam. Buna şübhəniz olmasın.

Bunu deyib susur, çox keçmədən məclisdəkiləri ilk dəfə görürmüş kimi gözdən keçirir və qışqıraraq deyirdi:

– Siz nə cür yaşayırsınız?! Belə də yaşayış olar?! Aclıq, soyuq, cır-cındır paltar… Bu nə qədər doğrudur? Eh, əgər padşah sizin necə yaşadığınızı bir bilsəydi…

Sözünü tamamlamaz, dərhal cibindən bir dəstə kağız pul çıxarıb təklif edərdi:

– Kimə pul lazımdırsa, götürsün. Götürün, qardaşlar, götürün!

Xorda oxuyan qızlar, paltartikən qadınlar acgözlüklə bu pulları Kürən Atın tüklü əllərindən qapar, o isə qəhqəhə çəkib deyərdi:

– Canım, sizə vermirəm! Tələbələrə təklif edirəm.

Lakin tələbələr ondan pul almazdılar.

Bir dəfə mən ondan soruşdum ki, bu qədər pulu varsa, niyə mehmanxanada yox, burada yaşayır.

– Əzizim, ürəyim belə istəyir! – deyə Kürən At cavab verdi. – Sizinlə bir yerdə ürəyim isinir…

1.Kazan – Rusiya Federasiyasında şəhər, Tatarıstan Respublikasının paytaxtı
2.Volqa – Rusiyanın Avropa hissəsində çay
3.Qraf Monte Kristo – Aleksandr Dümanın 1844–46-cı illərdə yazmış olduğu roman
4.Seeminarist – seminariya tələbəsi
5.Evklid – qədim yunan riyaziyyatçısı
6.Korrektor – mətndəki orfoqrafik və qrammatik səhvləri aşkar edərək düzəldən mütəxəssis
7.Girvənkə – 400 qrama bərabər köhnə ağırlıq ölçüsü

Ücretsiz ön izlemeyi tamamladınız.