Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Müdrikliyə ədalətə uğura 40 çağırış /müntəxabat/», sayfa 2

Yazı tipi:

UMBERTO EKONUN NƏVƏSİNƏ YAZDIĞI MƏKTUB

Mənim əziz nəvəm,

İstəməzdim ki, bu milad məktubu De Amicis sayağı səslənsin və bizim kimilərə, vətənə, dünyaya və bu qəbildən olan digər şeylərə sevgi bəsləməyi təbliğ etsin. Əks təqdirdə mənə qulaq asmazdın (sən artıq böyüksən, mən isə çox qoca), çünki dəyərlər sistemi o qədər dəyişib ki, mənim məsləhətlərim yersiz görünə bilər.

Beləliklə, iPad-i istifadə edərkən (iPad-dən istifadə etməməyi sənə rəva bilməməkdə məqsədim özümü çox danışan baba olmaqdan sığortalamaq deyil; sadəcə özüm də onu çox istifadə etdiyimdən bu məsələyə toxunmuram) belə əməl edə biləcəyin bir məsləhətin üzərində dayanmaq istəyirəm. Sənə maksimum bu məsləhəti verə bilərəm: əgər təsadüfən iPad-ində iki insan övladı arasındakı və yaxud bir insan övladı ilə bir heyvan arasındakı əlaqəni göstərən yüzlərlə pornosaytlardan birinə daxil olsan, çalış, seksin yalnız bundan ibarət olduğuna inanmayasan. Bundan əlavə, kifayət qədər monoton olan bu səhnəciklər, sənin çölə çıxıb həqiqi qızları görməməyin üçün təşkil olunub. Əvvəlcədən deyim ki, bu məsləhətimi sənin heteroseksual olduğunu düşünərək dilə gətirirəm, yox belə deyilsə, mənim tövsiyəmi öz mühitinə uyğunlaşdır: diqqətini məktəbdəki və yaxud oyun meydançalarındakı qızlara yönəlt, çünki həqiqi qızlar TV-də gördüyün qızlardan daha yaxşıdırlar və bir gün internetdəki qızlardan daha çox həqiqi qızlardan məmnun qalacağının şahidi olacaqsan. Səndən daha təcrübəli birinin sözlərinə inan (əgər mən ancaq kompüterdə seksə baxsaydım, sənin atan doğulmazdı, sən də kim bilir haralarda olardın, bəlkə heç olmazdın da).

Əslində mən sənə yuxarıda sadaladıqlarım barəsində deyil, sənin yaşıdlarının, səndən daha böyüklərin, bəlkə də onlar universitet tələbələridir, yoluxduğu bir xəstəlik – yaddaşın itirilməsindən danışmaq istəyirəm.

Bu danılmaz bir həqiqətdir ki, bir gün sənə Carlo Manyonun kim olduğunu və yaxud Kuala Lumpurun harada yerləşdiyini bilmək lazım gələrsə, bir düyməni basmağın kifayətdir ki, internet bunu sənə desin. Əgər təsadüfən sənə bunu bilmək yenidən lazım olarsa, məsələn, hər hansı ev tapşırığını edərkən, gör, öyrəndiklərini onları ikinci dəfə axtarmağa məcbur olmadan nə qədər yaxşı xatırlayırsan. Bunun pis cəhəti odur ki, kompüterin hər an sənə istədiyini deyə biləcəyini düşündüyündən, sən öyrəndiklərini yadda saxlamağın ləzzətindən məhrum olacaqsan. Bu, bir az da, bir küçədən digərinə avtobus və ya metro ilə getməyin (tələsəndə bu, doğrudan da, çox rahatdır) mümkün olduğunu biləndən sonra piyada gəzməyin lazımsız olduğunu hesab etməyə bənzəyir. Amma piyada gəzməyi dayandırsan, əlil arabasıyla hərəkət edən insana çevrilərsən. Əlbəttə, bədənini idarə etmək üçün idmanla məşğul olduğunu bilirəm, ona görə də gəl yenidən beyninə qayıdaq.

Yaddaş da ayaq əzələləri kimidir, əgər onu məşq etdirməsən, zamanla zəifləyər və sən (ağıl baxımından) əlil, yəni (açıq danışsaq) bir axmaq olarsan. Bundan əlavə hamımızın qocaldıqda Alzheimer xəstəsi olmaq (yaddaşı itirmək) təhlükəsi var və bu xoşagəlməz bəlanı önləməyin yollarından biri də yaddaşı inkişaf etdirməkdir.

Beləliklə, sənə öz reseptimi təqdim edirəm. Hər səhər bir beyt, qısa bir şeir və yaxud böyüklərimizin bizi öyrənməyə vadar etdiyi “La Cavallina Storna”nı, yaxud “İl sabato del vilaggio”nu öyrən. Hələ dostlarınla kimin yaxşı yadda saxladığı haqqında yarış da keçirə bilərsən. Əgər şeir xoşuna gəlmirsə, bunu klubların heyəti ilə də edə bilərsən. Amma Roma klubunun yalnız bu günkü heyətini yox, həm də digər klubların heyətini, klubların keçmişdəki heyətlərini öyrənməlisən (təsəvvür et ki, mən Torino klubunun bütün oyunçuları ilə birlikdə Superqada təyyarə qəzasına uğradığı zamankı heyətini hələ də xatırlayıram: Baçiqalupo, Ballarin, Marozo və digərləri). Bundan əlavə, dostlarınla “Kim daha yaxşı yadda saxlayır” yarışı da keçirə bilərsən, məsələn, oxuduğun kitablar haqqında (xəzinələr adasına yollanan İspanyolanın göyərtəsində kimlər var idi? Lord Treloni, Kapitan Smollet, Doktor Livsi, Con Silver, Cim ....). Bax gör dostların üç muşketyorun və D’Artanyanın nökərlərinin adlarını xatırlayırlarmı (Grimo, Bazen, Muşketon və Planşe). Yox, əgər “Üç muşketyor” əsərini oxumaq istəmirsənsə (bununla nə itirdiyini bilməsən də), belə bir oyunu, oxuduğun digər əsər əsasında et.

Bu, bir oyuna bənzəyir (zatən bir oyundur), amma başının personajlarla, hekayələrlə, müxtəlif xatirələrlə necə dolduğunu hiss edəcəksən. Soruşacaqsan ki, niyə vaxtilə kompüterlər elektron beyin adlandırılırdı. Çünki kompüterlər sənin (bizim) beyninin modeli əsasında düzəldilib. Amma bizim beynimiz kompüterdən daha çox əlaqələrə malikdir. Beyin həmişə səninlə olan kompüterdir və məşq etdirməklə onun imkanlarını genişləndirmək olar, masaüstü kompüterin isə bir müddət istifadə edəndən sonra sürətini itirir və bir neçə ildən sonra onu dəyişməli olursan. Məşq etdirəcəyin halda beynin sənə doxsan yaşına qədər də xidmət edə bilər və doxsan yaşında indikindən daha çox şey xatırlayacaqsan. Həm də bu xidmət pulsuzdur.

Bir də tarixi yaddaş var. Yəni, sənin indiki həyatına və oxuduqlarına deyil, sən doğulmazdan əvvəl baş verənlərə aid olan yaddaş.

Bu gün əgər bir filmə getsən, mütləq filmin əvvəlində zala daxil olmalısan. Və elə film başlayan kimi də kimsə, belə demək mümkündürsə, sənin əlindən tutur və orada baş verənləri sənə danışır. Bizim vaxtımızda isə zala hər dəqiqə, hətta filmin ortasında da daxil olub göstərilənlərə əsasən, filmin əvvəlində nələr olduğunu anlamağa çalışırdıq (sonra, film yenidən başlayanda, baxmadığımız hissələri düzgün başa düşmüşükmü deyə yoxlayardıq, film xoşumuza gələndə zalda qalıb ona bir də baxmaq olurdu). Bəli, həyat da bizim vaxtlarda kinonu seyr etməyə bənzəyir. Biz həyata yüz min illər ərzində baş vermiş hadisələrin ortasından daxil oluruq və bizdən əvvəl baş verənləri anlamağımız vacibdir. Bu, indi bu qədər çoxlu hadisələrin niyə baş verdiyini anlamaq üçün lazımdır.

Bu gün məktəbdə (sən öz oxuduqlarından əlavə) sənə sən doğulmazdan əvvəl baş verənlər haqqında öyrətməlidirlər, görünür, onlar bu işi yaxşı görmürlər. Çünki bəzi araşdırmalar göstərir ki, bu günün uşaqları, hətta universitetə gedən gəncləri, əgər 1990-cı ildə doğulublarsa, 1980-ci ildə nə baş verdiyini bilmirlər (bəlkə də bilmək istəmirlər). Bəzi statistikalara görə, əgər bəzilərindən soruşsaq ki, Aldo Moro kim olub, cavab verəcəklər ki, “Qırmızı Briqada”nın başçısı olub. Halbuki, Aldo Moro elə məhz “Qırmızı Briqada” tərəfindən öldürülüb.

“Qırmızı Briqadalar” siyasi səhnəni cəmi otuz il bundan əvvəl tərk etsələr də çoxları üçün sirr olaraq qalırlar. Mən 1932-ci ildə, İtaliyada faşistlər hakimiyyətə gələndən, on il sonra doğulsam da “Romaya Yürüş” zamanı kimin baş nazir olduğunu bilirdim. Bəlkə də faşistlərin dəyişdiyi bu baş nazir haqqında məlumatları mənə öyrətməkdə faşist məktəblərinin məqsədi onun (“qorxaq Fakta” – Luici Fakta) axmaq və pis nazir olduğunu göstərmək idi. Olsun, amma yenə də ən azından onun haqqında məlumatlı idim. Bundan əlavə, məktəb bir yana qalsın, mən doğumumdan iyirmi il əvvəl səssiz filmlərdə çəkilmiş Francesca Berlinini tanıdığım halda, bu günün gəncləri iyirmi il əvvəlki kino aktrisalarını tanımırlar. Bəlkə də, mən evimizdə köhnə əşyaların saxlandığı otaqdakı köhnə jurnalları vərəqləməyi sevdiyimdən bunları bilirdim. Yeri gəlmişkən, sənə də köhnə jurnalları vərəqləməyi məsləhət görərdim, çünki belə etməklə də sən doğulmazdan əvvəl baş verənləri öyrənə bilərsən.

Bəs keçmişdə olanları öyrənmək niyə bu qədər vacibdir? Çünki belə biliklər çox vaxt indiki hadisələrin gedişini anlamağa kömək edir və istənilən halda, futbol klublarının heyətlərini bilmək kimi, yaddaşımızı zənginləşdirir.

Nəzərə al ki, yaddaşını məşq etdirməyi yalnız kitab və jurnallarla yox, internet vasitəsiylə də edə bilərsən. Belə ki, sən internetlə yalnız dostlarınla deyil, dünya tarixi ilə də “çatlaşa” (belə demək mümkündürsə) bilərsən. Hetlər kimlərə deyilir? Komisard kimdir? Kolumbun gəmiləri necə adlanırdı? Dinozavrların nəsli nə zaman kəsilib? Nuhun gəmisində sükanın olması nə qədər mümkündür? Öküzlərin əcdadına nə deyilir? Yüz il əvvəllər də pələnglər mövcud idimi? Mali imperiyası haqqında nə bilirsən? Və bu haqda tarixə kim məlumat verib? Tarixdə ikinci Roma Papası kim olub? Mikki Maus nə zaman ekranlaşdırılıb?

Bu siyahını sonsuza qədər uzada bilərəm və hamısı da sənə gözəl araşdırma macərası olar. Və bütün bunları yadda saxlamaq sənin xeyrinə olar. Gün gələcək, sən də qocalacaqsan və sənə elə gələcək ki, minlərlə həyat yaşamısan. Sanki, sən də Vaterloo döyüşündə iştirak etmisən, Yuli Sezarın qatilinə köməklik etmisən və Bertoldo Şvarz qızıl hazırlamaq üçün müxtəlif maddələri qarışdıran zaman səhvən barıtı kəşf etdiyi və partladığı (elə ona haqq olub) yerin yaxınlığında olmusan. Öz yaddaşlarını zənginləşdirməyən digər dostların isə sadəcə bir həyat – öz həyatlarını yaşayacaqlar ki, bu da çox cansıxıcı və böyük emosiyalardan məhrum bir həyatdır.

Buna görə də öz yaddaşını zənginləşdir, elə günü sabahdan “La Vispa Teresa”-nı öyrən.

İtalyan dilindən tərcümə etdi: Abuzər Cəfərov

Bilmirəm indiki yeniyetmələrin böyümək imkanı hələ qalır, ya yox. Amma gözləri mobil telefonlara dikilmiş böyüklər həmişəlik itiriliblər.

U.Eko

T. CEFERSON SƏMƏRƏLİ KEÇƏN ÖMRÜN 10 ŞƏRTİNİN OLDUĞUNU QEYD EDİRDİ:

1. Bu günün işini sabaha qoyma.

2. Özün edə biləcəyin işi başqasına gördürmə.

3. Nə qədər ki, pul əlində deyil, onu xəyalən də olsa xərcləmə.

4. Sənə lazım olan şeyi, “ucuzdur” deyə dərhal alma, fikirləş.

5. Təşəxxüs, iddia bizə aclıq və soyuqdan baha başa gəlir.

6. Biz az yediyimizə görə heç vaxt peşman olmuruq.

7. Həvəslə görülən iş adamı bezdirməz.

8. Baş verməmiş, amma baş verə biləcək şeylərə görə nə qədər əzab çəkmişik.

9. Hər bir işin asan tərəfindən yapış.

10. Qəzəblənmisənsə, nəsə deməzdən əvvəl 10-a qədər, bərk qəzəblənmisənsə 100-ə qədər say.

HƏZRƏT ƏLİDƏN BEŞ HİKMƏT

Beş şey yaxşıdır, hər adamda ola. Amma sahibində olsa daha yaxşıdır: elm, ədalət, səxavət, səbir və həya. Elm alimlərdə, ədalət hakimlərdə, səxavət varlılarda, səbr kasıblarda, həya qız-gəlinlərdə. Elmsiz alim tavansız ev kimidir. Ədalətsiz hakim susuz arx kimidir. Səxavətsiz varlı meyvəsiz ağac kimidir. Səbirsiz yoxsul işıqsız lampa kimidir. Həyası olmayan qız-gəlin duzsuz təam kimidir.

Müsəlmanın boynunda beş haqq var: salamın cavabını vermək, çağırışa getmək, qonşuluqda sülh etmək, xəstəyə baş çəkmək, dəfndə iştirak etmək.

Elm beş şeydə cəmləşir:

Çox sual etmək, çox məşğul olmaq, pak işlər görmək, dahilərə xidmət etmək və Yaradandan kömək istəmək.

Beş şey böyük nemətdir: Can sağlığı, əmin-amanlıq, ruzi bolluğu, müvafiq munis (yaxın adam, sirdaş, ürək dostu), yaxşı övlad.

Beş şey insan üçün sirdir: Qiyamət nə vaxt olar, nə vaxt yağış yağar, hamilə qadının qız və ya oğlan doğması, sabahkı qazancının nə olacağı və nə vaxt öləcəyi.

Xeyirli meyvə beşdir: Nar, alma, heyva, üzüm, tər xurma.

Beş şey alqışlanar: öz ailəsinin qeyrətini çəkmək, səxavətli olmaq, yumşaq xasiyyətli olmaq, doğruçul olmaq, şücaətli olmaq.

Beş şey qəbahətdir: qoca adamın eşqə düşməsi, padşahın hiddətlənməsi, şərəfli adamın yalan danışması, dövlətlinin xəsisliyi, alimin tamahkarlığı.

Beş şeyin – zülm, təkəbbür, həsəd, xəyanət və hiylənin müştərisi beş nəfərdir: zülmün müştərisi padşahlar, təkəbbürün müştərisi obalarda tək yaşayanlar, həsədin müştərisi alimlər, xəyanətin müştərisi tacirlər, hiylənin müştərisi pis qadınlardır.

Dünyanın möhnəti beşdir: qərib yerdə xəstələnmək, qocalıqda yoxsulluq, gözlü ikən kor olmaq, ağıllı ikən dəli olmaq və cavan ölmək.

Beş şeyi öldürmək günahdır: meymunu, dəvəquşunu, şanapipiyi, bal arısını, qarışqanı.

Beş şeyi öldürmək günah deyil: qarğanı, çalağanı, ilanı, əqrəbi, quduz iti.

Ənuşirəvanın xəzinəsində tapılan bir lövhədə beş sətir yazılıbmış:

Hər kimin dostu yoxdur ünsiyyəti yoxdur, hər kimin qardaşı yoxdur arxası yoxdur, hər kimin arvadı yoxdur eşq-işrəti yoxdur, hər kimin malı yoxdur cəlalı yoxdur, hər kimin bu şeyləri yoxdursa, qəm-qüssəsi yoxdur.

HARVARD MƏZUNLARI UĞUR HAQQINDA

Harvard Universitetinin əməkdaşları və ən uğurlu məzunları arasında aparılan araşdırmanın nəticələrinə görə xoşbəxtlik və uğurun 7 şərti var:

1. Həyatdakı çətinliklərə qarşı mübarizə aparmaq və uyğunlaşmaq.

2. Təhsil.

3. Sevgi və sədaqətə əsaslanan evlilik.

4. Siqaretdən istifadə etməmək.

5. Spirtli içkidən həddən çox istifadə etməmək.

6. Məşq.

7. Sağlam bir çəkidə qalmaq.

QANUNİ SULTAN SÜLEYMAN ÖLƏRKƏN 3 ŞEYİ VƏSİYYƏT EDİB:

1) Qoy mənim tabutumu ən yaxşı həkimlər aparsın. Hamı bilsin ki, hətta onlar da ölümün qarşısında acizdirlər.

2) Qəbrə çatana qədər yolda hamıya qızıl paylayın. Qoy başa düşsünlər ki, nə sərvət qazanırsan qazan o, bu dünyada qalır.

3) Əllərim tabutdan çöldə qalsın. Qoy, hamı bilsin ki, Qanuni sultan Süleyman belə bu dünyadan əliboş getdi.

CORCİO ARMANİNİN BİZNES QAYDALARI

• Mən həmişə həddindən artıq məsuliyyətli olmuşam, başqa cür yaşamaq üsulu mənə bəlli deyil.

• Öz işinə həddindən artıq aludə olan, onu sevən istənilən insanın gələcək mərhələlərdə uğur qazanmaq şansı sadəcə tendensiyaları izləyən insanlarınkından daha çoxdur.

• Mən dəb yaratmıram, mən sadəcə insanları geyindirirəm.

• Mən heç zaman dizayn xətrinə dizayna inanmamışam. Mənim üçün ən vacibi odur ki, insanlar həqiqətən də mənim libaslarımı geyinə bilsin.

• İnsanlara özəllik hissi bəxş etmək xoşuma gəlir.

• Daha cavan olanda, demək olar ki, heç zaman gülmürdüm.

• Şəxsən mən hesab edirəm ki, kontrafaktların olması yaxşıdır, çünki onların mövcudluğu sübut edir ki, biz insanların surətini çıxarmaq istədiyi şeyləri yaradırıq.

• İşləyərək, mən ictimai sifarişləri təmin etmək üçün o qədər çox şey etmişəm ki… Belə bir öhdəlik artıq şəxsi həyatımı itirdiyimi göstərir.

• İlham mənbəyi yeganə deyil. Əsl mənbə mənim dünyagörüşüm və həyatımda rəhbər tutduğum prinsiplərdir.

• Qulaq asın, davamçım ilə bağlı son 15 ildə verilən suallar məni artıq bezdirib. Sual həmişə eyni cür səslənir və cavab da birdir: Nə qədər ki, mən burdayam, boss mənəm.

• Siz aradabir şübhə etməlisiniz Mənim çalışdığım əməkdaşlarım var. Mən əvvəlcə onları dinləyir, sonra qərar qəbul edirəm.

• Müstəsna bir şey yaratmaq üçün sizin idrakınız fasiləsiz olaraq ən xırda detalların üzərində cəmlənməlidir.

• Nəzərə alınmalı olan çoxlu şeylər var: iddialarınız, eqonuz, mətbuat, istehlakçılar. Siz yenidən zirvəyə qalxacağınıza heç vaxt əmin ola bilməzsiniz.

• Dözümlü insanlar qalib gəlir. Bu, o deməkdir ki, qələbə üçün hər hansı bir əqidə, dayaq lazımdır ki, ona söykənərək öz əməllərinizi gerçəkləşdirəsiniz.

• Siz düşündüyünüzdən daha çox bilirsiniz və bildiyinizdən daha çox bacarırsınız. 1985-ci ildə mənim biznes tərəfdaşım vəfat edəndə çoxları düşünürdü ki, mən kompaniyanı bağlayacağam. Bunun əvəzinə isə mən onun etdiyi işləri necə etməyi öyrəndim. Öz daxili qüvvənizə layiq olduğundan daha az qiymət verməyin, onu yetərincə dəyərləndirməmək olmaz.

• İş mənim həyatımın bir hissəsidir. Mən həyatımdan imtina edə bilmərəm!

• Əsl cah-cəlal düşündüyünü deyə bilməkdir.

NİZAMLI YAŞAMAQ

Ölçü-biçili yaşasan, səni sağlam və dinc həyat gözləyir. Amma elə yaşamaq asan deyil. Mütəxəssislərin fikrincə, ölçü-biçili həyatın sirri, «özümüzə düzgün suallar verməkdə və həmin sualları dürüst cavablandırmaqdadır». Bu, əlbəttə, çətindir, amma mümkünsüz deyil. Gərək sınamaqdan vaz keçməyəsən!

Düşüncə tərzinizi dəyişin

İngiltərə psixoloqları «Ölçü-biçili yaşamağın önəmi nədir?» və «Gündəlik həyatda ölçü-biçi balansı necə qorunur?» suallarına cavab axtarıblar. Görəcəyimiz işlərin upuzun siyahısı, təbii ki, bizi gərginlikdə saxlayır. Duyğularımızın basqısı da üstəlik. Bunlardan qurtulmaq üçün mütəxəssislər lap əvvəl düşüncə tərzini dəyişməyin vacibliyini vurğulayır, bəzi məsləhətlər verirlər. Öncə 2 məsləhətə diqqət yetirək:

– Hər işi dərhal bitirməyə can atmaqdansa, diqqətinizi önəmli saydıqlarınızın üzərində cəmləməyə çalışın;

– Görəcəyiniz işə yetəcək qədər vaxtınızın olduğuna əmin deyilsinizsə, məhz önəmli işləri düşünməyiniz, sizdə, yavaş-yavaş, «hər işi görməyə bol zamanım var» duyğusu yaradacaq.

Təbiət qoynunda olmağı unutmayın

Yorucu iş tempi və alıb-verəcəklərinizin basqısı altında olmaq indi ən böyük problemdir. Bu problemləri həll etmək üçün fikrinizi ancaq onlara yönəltməyin. Asanlıqla görəcəyiniz bir neçə şey həmin problemlərin də öhdəsindən gəlməyə kömək edəcək:

–Bir az təbiət qoynunda gəzişin. Sizə elə gəlməsin ki, həllinə çalışdığınız problemə bunun heç bir dəxli yoxdur. İnanın ki, bu zaman sizi rahat buraxmayan problemin çözülməsi üçün ağlınıza cürbəcür maraqlı variantlar gələcək;

– Eyni anda bir neçə məsələni düşünməyin. Yəni, fikrinizi bir şeyin üzərində cəmləyin. Daim məşğul görünsək də, diqqətimizi nadir hallarda bir şeyə yönəldirik;

– Görəcəyiniz işi mərhələlərə bölün-düzün və diqqətinizi hər dəfə birinci növbəli saydığınız məsələyə cəmləyin;

– Həyatınızı proqramlaşdırın və proqramınıza sadiq qalmağa çalışın. Elektron poçtunuzu yoxlamağa konkret vaxt ayırmağınız belə, sizə bir qədər zaman qazandıracaq. Ailənizlə keçirdiyiniz zamanı yalnız onlara həsr edin. Həmin müddətdə telefondan, TV-dən, başqa kommunikasiya vasitələrindən uzaq durun. Bu, hər hansı bir işi görərkən, sizi sanki «başqa işi görmək daha yaxşı olardı» hissindən qurtaracaq və fikrinizi əslində görməli olduğunuz işə yönəldəcək.

İşiniz çətinə düşəndə özünüzdən bunları soruşun

Sizə çox böyük bir problem kimi görünən məsələlərlə üzləşəndə, beyniniz qarma-qarışıq olanda və aciz qalıb nə edəcəyinizi bilməyəndə özünüzə bu sualları verin:

– «Yox» desəm, qorxduğum nə baş verər? Məndən üz çevirəcək, üstümə bağıracaqlar?

– Hansı sual, hansı duyğu və ya hansı düşüncə məsələyə baxışımı dəyişər? Doğrudan da önəmli olan nədir?

– Basqıdan qurtarmaq üçün, indi, heç olmasa yarım saat, diqqətimi nədə cəmləşdirə bilərəm?

– Görmək istəmədiyim, amma görmək məcburiyyətində qaldığım şeylərə «yox» deyə bilərəmmi?

– Bu işlə məşğul olmaq həyatımda hansı iz qoyur? Həyatıma məna qazandırır, təlaşlardan uzaqlaşdırır? Yoxsa «bu işi bacardım» qənaətinə gətirir?

Önümüzdəki 5 gün ərzində hal-hazırda məni üzən 5 xırda məsələnin nə olduğunu dəqiqləşdirə bilərəm? Bu 5 gündə hansı 5 xırda məsələni çözsəm, həyatımı daha dəyərli edəcək şeylərə zaman qazanaram?

Həmin suallara verdiyiniz hər bir dürüst cavab sizi özünüzə daha çox yaxınlaşdıracaq.

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
29 ekim 2022
Hacim:
1 s. 2 illüstrasyon
ISBN:
978-9952-8450-9-6
Telif hakkı:
JekaPrint
Metin
Ortalama puan 5, 6 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 4,3, 3 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Ses
Ortalama puan 5, 3 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre