Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Müdrikliyə ədalətə uğura 40 çağırış /müntəxabat/», sayfa 3

Yazı tipi:

ABŞ-IN 16-CI PREZİDENTİ AVRAAM LİNKOLNUN OĞLUNUN MÜƏLLİMİNƏ YAZDIĞI MƏKTUB

Oğlum bu gündən məktəbdə oxumağa başlayır. Bir müddət bunların hamısı onun üçün qəribə və yeni olacaqdır. Ona mülayim yanaşmağınızı istərdim. Bu, onu qitələrə səyahətə çıxara biləcək bir macəra olacaq. Bəlkə bu macəraların tərkibində müharibə, faciə və dərd də olacaq. Bu həyatı yaşamaq inam, sevgi və cəsarət tələb edəcək.

Belə ki, əziz Müəllim, xahiş edirəm onun əlindən tutun və bilməli olduqlarını ona öyrədin, bacarsanız, mehribanlıqla. Ona öyrədin ki, hər düşmənin əvəzində bir dost var. O, bilməli olacaq ki, hamı dürüst və ədalətli deyil. Amma ona bunu da öyrədin ki, hər alçağa qarşı bir qəhrəman, hər əyri siyasətçiyə qarşı bir düz lider var.

Bacarsanız ona qazanılmış on sentin tapılmış bir dollardan qat-qat daha dəyərli olduğunu öyrədin. Müəllim, məktəbdə uğursuzluğa düçar olmaq kələk gəlməkdən daha şərəflidir. Ona nəzakətlə itirməyi də öyrədin, qazandığı qələbədən həzz almağı da.

Ona insanlarla mehriban olmağı da, sərt adamlarla sərt olmağı da öyrədin. Bacarsanız onu paxıllıqdan uzaq saxlayın və ona sakit gülüşün sirrini öyrədin.

Bacarsanız ona dərdli olanda gülməyi, göz yaşının isə utandırıcı olmadığını öyrədin. Uğursuzluqda şərəf, uğurda isə ümidsizliyin ola biləcəyini öyrədin. Həyasızlara istehza etməyi öyrədin.

Bacarsanız ona kitabların möcüzəsini öyrədin, amma göydəki quşların, gün işığında uçan arıların və yaşıl təpədəki güllərin fövqəladə sirrini düşünməsi üçün də vaxt verin. Ona, hamı “səhvdir” desə də, öz ideyalarına inanmağı öyrədin.

Oğluma kütlənin ardınca düşüb getməməyə yetəcək güc verməyə çalışın. Ona hər bir adama qulaq asmağı, amma, eyni zamanda, eşitdiklərini həqiqət ələyindən ələməyi və yalnız ondan keçənləri qəbul etməyi öyrədin.

Ona özünün bacarıqlarını və zəkasını ən yüksək qiymət təklif edənə satmağı, lakin ürəyinə və ruhuna heç vaxt qiymət yarlığı yapışdırmamağı öyrədin. Qoy dözməz olmağa yetəcək qədər cəsur, qəhrəman olmağa yetəcək qədər səbirli olsun. Ona özünə yüksək inama malik olmağı öyrədin, onda o, həmişə bəşəriyyətə və Tanrıya yüksək inam bəsləyəcək.

Müəllim, bu bir sifarişdir, daha yaxşı nə edə biləcəyinizə isə özünüz baxın. O, yaxşı oğlandır, həm də mənim oğlumdur.

APPLE ŞİRKƏTİNİN QURUCUSU STİV COBSUN STANFORD UNİVERSİTETİNDƏ ÇIXIŞI

Bu gün burada, dünyanın ən yaxşı universitetlərindən birini bitirməniz münasibəti ilə təşkil olunmuş tədbirdə iştirakımdan şərəf duyuram. Düzünü desəm, universitet məzunu olmamışam və ilk dəfədir ki, belə bir tədbirdə iştirak edirəm. Bu gün sizə həyatımdan üç hekayə danışmaq istəyirəm. Elə bu qədər, cəmi üç hekayə.

Birinci hekayə – nöqtələrin birləşməsi haqqında

Mən ilk altı aydan sonra Rid Universitetindəki (Reed College) təhsilimi atdım. Lakin tam üzülüşənə qədər, yəni on səkkiz ay ərzində mühazirələrə getməyi və tələbə şəhərciyində yaşamağı davam etdirdim. Mən təhsili niyə atdım?

Bu əhvalat mən doğulmamışdan əvvəl başlamışdı. Mənim bioloji anam – cavan, nikahsız, aspirant qadın məni övladlığa vermək qərarına gəlmişdi. O istəyirdi ki, məni ali təhsili olan insanlar övladlığa götürsünlər. Özü də məni bir hüquqşünas ailəsinin övladlığa götürməsi üçün hər şey hazır idi. Lakin gözlənilməyən bir şey baş verir. Mən doğulandan sonra onlar son anda qərara gəlirlər ki, qız övladı arzulayırlar. Adları siyahıda növbəti olan gələcək valideynlərimə gecə vaxtı zəng edib “Plandan kənar körpəmiz var. Oğlandır. Götürmək istəyirsiniz?” soruşurlar. Onlar da deyirlər ki, əlbəttə.

Bioloji anam sonradan öyrənir ki, gerçək anam heç bir universitet qurtarmayıb, atamın isə heç tam orta təhsili də yoxdur. O, tələb edilən olan son sənədləri imzalamaqdan imtina edir. Valideynlərim onu yalnız bir neçə aydan sonra dilə tuta bilirlər; söz verirlər ki, məni mütləq universitetə göndərəcəklər. Həyatım belə başlayır.

On yeddi il sonra universitetə getməyə başladım, amma seçdiyim universitet ən azı Stanford Universiteti qədər bahalı idi və mənim varlı olmayan valideynlərimin illərlə qazandığı pullar təhsilimə xərclənirdi. Altı ay sonra anladım ki, oxumağım mənasızdır: həyatda nə ilə məşğul olacağım və universitet təhsilimin bunu anlamağa nə kömək edəcəyi haqqında heç bir təsəvvürüm yox idi. Həm də valideynlərimin həyatları boyunca topladıqları pulların hamısı təhsilə xərclənirdi. Ona görə də təhsilimi dayandırmaq və hər şeyin hansısa bir şəkildə yoluna düşəcəyinə ümid etmək qərarına gəldim.

O zaman bu qərarımdan qorxsam da, dönüb geriyə baxanda görürəm ki, bu, həyatımda verdiyim ən düzgün qərar idi. Universitetdən çıxan andan məni maraqlandırmayan dərsləri dayandırdım və məni maraqlandıran dərslərə başladım.

Əlbəttə, bu o qədər də asan deyildi. Yataqxanada otağım yox idi. Dostlarımın otağında döşəmədə yatırdım. Mən “kola” şüşələrini beş sentə təhvil verirdim ki, özümə yemək alım və həftədə bir dəfə yaxşı yemək yeyə bilmək üçün Hare Krişna məbədinə piyada təxminən 11 kilometr yol gedirdim.

Maraq və intuisiyama güvənərək seçdiyim yolda çəkdiyim əziyyət və qarşılaşdığım çətinliklərin dəyərini sonralar anladım. İzninizlə bir nümunə gətirim: Rid Universiteti o zamanlar kalliqrafiya sahəsində ən yaxşı təhsil müəssisəsi idi. Tələbə şəhərciyindəki bütün divar şəkilləri, afişalar, posterlər əllə, bütün kalliqrafiya qaydalarına əməl edilməklə yazılmışdı. Mən universiteti tərk etdiyim üçün məcburi dərsləri oxumaya bilərdim. Ona görə də kalliqrafiyanı öyrənmək qərarına gəldim. Şrift dəstləri (serif, sans-serif), müxtəlif hərf birləşmələri arasındakı məsafələrin dəyişdirilməsi, ümumiyyətlə mətbəə qrafikasını gözəlləşdirən hər şey haqqında çox şey öyrəndim. Bu məşğələlərdə elm üçün əlçatmaz olan bir gözəllik, tarix, incəlik var idi… və o məni məftun edirdi.

Bütün bunların həyatımda hər hansı bir təcrübi, tətbiqi əhəmiyyəti olacağına ümid belə yox idi. Ancaq on il sonra, biz Makintoş kompüterini dizayn edəndə, bütün bunlar mənə lazım oldu. Biz bütün bunları “Mac” kompüterində birləşdirdik. Bu gözəl şriftli ilk kompüter idi. Əgər universitetdə məni maraqlandıran yeganə kursu öyrənməsəydim, bugün “Mac” kompüterlərində müxtəlif şrift dəstlərindən istifadə etmək imkanı və şriftlərin mütənasib ara məsafələri olmayacaqdı. Windows da “Mac”ın surəti olduğundan indi dünyadakı heç bir kompüterdə bu keyfiyyətlər olmayacaqdı. Əgər universiteti atıb yalnız kalliqrafiya kursuna getməsəydim, güman ki, müasir kompüterlərin gözəl şriftləri olmayacaqdı.

Əlbəttə, mən universitetdə oxuyanda gələcəkdə nöqtələrin bu cür birləşəcəyini ehtimal etmək mümkün deyildi, amma on il sonra məlum oldu ki, onlar birləşməyə bilməzlərmiş.

Bir daha deyirəm: irəliyə baxaraq nöqtələri birləşdirmək mümkün deyil. Siz yalnız dönüb geriyə baxanda, onları əlaqələndirə bilərsiniz. Sadəcə, inanmalısınız ki, nöqtələr gələcəkdə hansısa bir yolla birləşəcəklər. Siz nəyəsə – Tanrıya, taleyə, həyata, karmaya, nəsə bir şeyə inanmalısınız. Bu yanaşma məni heç vaxt uğursuzluğa düçar etməyib və həyatımdakı bütün dəyişikliklərin səbəbi olub.

İkinci hekayəm sevgi və itki haqqındadır

Bəxtim onda gətirdi ki, həyatda nəyi etməkdən zövq aldığımı tez müəyyənləşdirdim. Voz (Stiv Voznyak) və mən “Apple”ı valideynlərimin qarajında, iyirmi yaşım olanda başladıq.

Biz çox çalışdıq və 10 ilə “Apple” qarajda çalışan iki nəfərdən 2 milyard dollarlıq büdcəsi və 4 mindən artıq işçisi olan şirkətə çevrildi. Yaratdığımız ən mükəmməl şeyin – “Macintosh”un təqdimatından heç bir il keçməmişdi. Onda mənim 30 yaşım var idi. Və sonra mən işdən çıxarıldım. İnsan özü yaratdığı bir şirkətdən necə qovula bilər? Bəli, “Apple” böyüdükcə bacarığına inandığım bir nəfəri işə götürdük ki, şirkəti mənimlə birlikdə idarə etsin. İlk vaxtlar hər şey yolunda idi. Ancaq sonralar məlum oldu ki, gələcəyə baxışlarımız fərqlidir və biz ayrılmalıyıq.

Bu baş verəndə idarə heyəti onun tərəfini tutdu və mən 30 yaşımda işdən kənarlaşdırıldım. Özü də çox hay-küylü şəkildə. Mənim həyatımın mərkəzi, məqsədi dağıldı və bu çox kədərli idi.

Mən həqiqətən də ilk aylar nə edəcəyimi bilmirdim. Hesab edirdim ki, özümdən öncəki mütəxəssislərin mənə ötürdüyü estafet çubuğunu yerə salmışam. Mən David Pakard və Bob Noysla görüşdüm və etdiyim səhvlərə görə üzr istədim.

Mən ictimaiyyətin gözündə məğlub bir adam idim və hətta buralardan qaçıb getməyi də düşünürdüm. Ancaq nə isə bir şey məni saxlayırdı, mən hələ də əvvəlki işimi sevirdim. “Apple”də baş vermişlər heç nəyi dəyişməmişdi. Mən qovulmuşdum, amma əvvəlki işimi hələ də sevirdim. Mən yenidən başlamağa qərar verdim.

O vaxtlar belə yanaşmasam da, indi görürəm ki, “Apple”dan qovulmağım nə vaxtsa başıma gəlmiş ən yaxşı şeydir. Uğurlu olmağın ağırlığı hər şeyə daha az inanan yeni başlayanın yüngüllüyü ilə əvəz olundu. Bu, həyatımın ən yaradıcı dövrünə başlamaq imkanı yaratdı.

Növbəti beş ildə mən “NeXT” və “Pixar” adlı şirkətlər qurdum və gələcəkdə həyat yoldaşım olacaq gözəl bir xanıma vuruldum. “Pixar” dünyanın ilk kompüter animasiya filmini – “Oyuncaq hekayəsi”ni (Toy Story) hazırladı və bu gün dünyanın ən uğurlu animasiya studiyasıdır.

Vəziyyət elə dəyişdi ki, “Apple” “NeXT”i satın aldı və mən yenidən “Apple”a döndüm. Bizim “NeXT”də inkişaf etdirdiyimiz texnologiya bu gün “Apple”dakı intibahın özəyini təşkil edir. Lorin və mən də birlikdə gözəl həyat sürürük.

Əminəm ki, əgər «Apple»dan atılmasaydım, bunların heç biri baş verməzdi. Bu xoşagəlməz dad verən bir dərman idi, lakin xəstənin buna ehtiyacı var idi. Bəzən həyat bizə daş atır, o da düz başımıza dəyir. Ancaq inamınızı heç vaxt itirməyin.

Mən inanıram ki, məni həmişə yoluma davam etməyə vadar edən şey gördüyüm işi sevməyim və buna inanmağım olub. Siz nəyi sevdiyinizi, nəyi etməkdən məmnun olduğunuzu tapmalısınız. Sizin gördüyünüz işə olan sevginiz sevdiyiniz insana olan məhəbbətiniz qədər həqiqi olmalıdır.

Sizin işiniz həyatınızın böyük bir qismini təşkil edir və bundan məmnun qalmağın yeganə yolu onun doğruluğuna inanmağınızdır. Doğru olanı edib yaxşı bir şey yaratmağın da yeganə yolu işinizi sevməkdir.

Əgər bunu hələ də tapmamısınızsa, axtarışa davam edin. Sevmədiyiniz işə özünüzü məhkum etməyin. Siz nə etmək istədiyinizi tapanda, bunu qəlbinizlə hiss edəcəksiniz. Bütün böyük münasibətlər kimi bu da illər ötdükcə daha yaxşı olacaq. Belə ki, istədiyinizi tapana qədər axtarışa davam edin, təslim olmayın.

Üçüncü hekayəm ölüm haqqındadır

17 yaşımda belə bir aforizm oxumuşdum: “Əgər siz hər günü son gün imiş kimi yaşayırsınızsa, bir gün həqiqətən də haqlı olacaqsınız.” Bu mənə çox təsir etmişdi və o gündən sonra düz 33 il hər səhər yuxudan duranda güzgüyə baxıb özümə bu sualı verirdim: “Əgər bu gün həyatımın son günü olsaydı, planlaşdırdığım işləri görmək istərdimmi?”

Cavab hər dəfə “Xeyr” olanda, mən hələ çox yaşayacağıma inanırdım və buna görə də düşünürdüm ki, həyatımda dəyişiklik etməliyəm. Tezliklə öləcəyimi xatırlamaq həyatımın ən vacib qərarlarını verməkdə həmişə mənə kömək olub. Çünki hər şey, bütün gözləntilər, qürur, məğlubiyyət qorxusu bunlar hamısı ölümün kölgəsində yox olub gedir və yerdə yalnız həqiqətən vacib olan şeylər qalır. Öləcəyini xatırlamaq həyatda itirəcəyin bir şey olmadığını anlamağa kömək edir. Sən artıq çılpaqsan. Qəlbinin səsini dinləməmək üçün heç bir səbəb yoxdur.

Təxminən bir il öncə mənə xərçəng diaqnozu qoyuldu. Səhər səkkizin yarısında skan edildim və mədəaltı vəzimdə şiş olduğu müəyyən edildi. Mən heç bilmirdim mədəaltı vəz nədir.

Həkim bunun sağalmayan xərçəng şişlərinin bir növü olduğunu dedi və altı aydan artıq yaşamayacağımı söylədi. Dedi ki, evə gedib işlərimi yoluna qoyum. Bu, həkim dilində “ölməyə hazırlaş” demək idi.

Deməli, növbəti 10 ildə uşaqlarıma deyəcəyimi düşündüyüm şeyləri indi, bir-iki ay ərzində deməliydim. Yəni hər şeyin yaxşı olmağından əmin olmalıydım ki, ailəm üçün də asan olsun. Yəni əlvida söyləməliydim.

Bütün günü bu diaqnoz ilə yaşadım. Axşam boğazımdan aşağı endoskop saldılar və mədəmdən keçib mədəaltı vəzimdəki şişdən iynə vasitəsilə hüceyrə nümunələri götürdülər.

Məni yatırtmışdılar, amma yoldaşım yanımda oturmuşdu və ayılanda mənə dedi ki, həkimlər mikroskopla o hüceyrələrə baxanda ağlamağa başlayıblar, çünki bu, mədəaltı vəzi xərçəngi şişinin çox xüsusi, nadir bir növü idi və ancaq cərrahiyə əməliyyatı ilə müalicə edilə bilərdi. Əməliyyat olundum və çox şükür ki, indi yaxşıyam.

Bu ölümə ən yaxın olduğum an idi. Ümid edirəm, növbəti onilliklərdə ölümə bundan daha yaxın olmayacağam. Bu hadisəni yaşadığım üçün sizə indi daha əminliklə deyə bilərəm ki, ölüm nəinki bir az faydalı, eyni zamanda sırf intellektual bir anlayış idi.

Heç kəs ölmək istəmir, hətta cənnətə getmək istəyən kəslər belə ölüb buna qovuşmaq istəmir. Lakin ölüm hər birimizin bölüşdüyü taledir. Bu taledən heç kəs, heç vaxt yayına bilməyib. Və yəqin ki, belə də olmalıdır, çünki ölüm, böyük ehtimal ki, həyatın yeganə ən yaxşı kəşfidir.

Bu həyatın dəyişmə nöqtəsidir, köhnəni silir ki, yenisi üçün yer açsın. Hazırda yenilər sizlərsiniz. Lakin çox keçməyəcək ki, siz də yaşlanacaq və silinəcəksiniz.

Dramatikləşdirdiyim üçün üzr istəyirəm, ancaq bu, həqiqətdir. Sizin zamanınız məhduddur, bunu başqa birilərinin həyatını yaşayaraq puç etməyin. Başqalarının fikirlərinin nəticəsi ilə yaranmış doqmaların tələsinə düşməyin.

Başqalarının fikirlərinin, səsinin sizin içinizdəki səsi, intuisiyanızı batırmasına imkan verməyin. İntuisiyanız və hisləriniz artıq sizin həqiqətən kim olmaq istədiyinizi bilir. Qalan hər şey ikinci dərəcəlidir.

Mən cavan olanda “The Whole Earth Catalogue” (“Bütöv Dünya Kataloqu”) adlı möhtəşəm bir jurnal vardı. Bu, bizim nəslin incillərindən biri idi. Onu Stüart Brend adlı bir şəxs burdan az aralıda, Menlo Parkda hazırlayır və özünün poetik ilhamı ilə canlandırırdı. Bu, 60-cı illərdə fərdi kompüter və masaüstü nəşr olmayanda idi, hər şey çap maşını, qayçı və köhnə Polaroid fotoaparatları ilə hazırlanırdı. Bu, bir növ kağız üzərində Google idi, əsl “Google”dan 35 il öncə. Bu, səliqəli “alətlər” və böyük ideyalarla ağzına qədər dolu bir nəşr idi.

Stüart və komandası “The Whole Earth catalogue”un bir neçə nüsxəsini nəşr etdilər. Layihə axıra yaxınlaşanda isə son sayını buraxdılar. Bu, 70-ci illərin ortaları mənim sizin yaşda olduğum zamanlar idi. Jurnalın son nəşrinin arxa səhifəsində səhər tezdən çəkilmiş kənd yolunun şəkli vardı; bir qədər zirək olsanız bu yolu avtostopla gedə bilərdiniz.

Şəklin altında bu sözlər vardı: “Ac qalmağa davam et. Səfeh qalmağa davam et”. Bu, onların əlvida sözləri idi. Ac qalmağa davam et. Səfeh qalmağa davam et. Bunları hər zaman özümə arzulamışam və indi, sizin buradan məzun olub yeni bir həyata başladığınız bir vaxt eyni şeyləri sizə arzulayıram.

Ac qalmağa davam et. Səfeh qalmağa davam et.

Hamınız çox sağ olun.

VİLNÜS BİOSOSİAL TERAPİYA MƏRKƏZİNİN DİREKTORU E.BUSUN OĞLU ALEKSANDRA NƏSİHƏTLƏRİ

İnsan və həyat

1. Ürəyini hər yetənə açma. Ehtiyat igidin yaraşığıdır.

2. Ağıllı adamlarla dostluq et. Çünki bu dostluq qarşılıqlı surətdə faydalıdır.

3. Mədəniyyətsiz adamdan kobudluq və əxlaqsızlıq görərsən.

4. Ağlını köməkçilərinin müdrikliyi ilə birləşdir və bunu xeyirxah məqsədlərə yönəlt.

5. Çox şey arzulama; həyat sənin xəyalların qədər yüyrək deyil.

6. Əgər bu gün səni layiqincə qiymətləndirmirlərsə, fikir eləmə. Gələcək müdrikliyindir, onun üstünlüyü də bundadır.

7. Əgər gördüyün iş hamının xoşuna gəlirsə, sevinmə. Kütləvi tərif məntiqdən uzaqdır. Kütləni heyran edən möcüzələr səni heyrətləndirməsin; müdriklik hər kəsə qismət olmur.

8. Yolun aydın deyilsə, müdrik və ehtiyatlı adamların ətəyindən yapış. Onlar səni haqqın yoluna çıxararlar.

9. Vaxtını hədər şeylərə sərf etmə. Bəlkə də, vaxt sənin ən qiymətli sərvətindir. Sənin xoşbəxt gələcəyinə zəmanəti o verə bilər.

10. Asanlıqla əldə edilən müvəffəqiyyət ağır məğlubiyyətdir. Rahat yollar axtarma: onlar səni iztirablara və peşmançılığa aparıb çıxarar.

11. Həddən ziyadə hayıl-mayıl olma. Müəyyən bir şəxsə, işə verilən yüksək qiymət, adətən, təsdiq edilmir və boşa çıxmış ümidlər nifrətlə cəzalandırılır.

12. Böyük adamın məqsədləri də böyük olur. Lakin onu bu məqsədlərə aparan yol uzun, adamlar isə o qədər səbirsizdirlər ki, çoxları heç yolun yarısını da qət edə bilmir. O işin ki, öhdəsindən gəlmək mümkün deyil, onu boynuna çəkmə. Belə etməsən, götürdüyün öhdəliklər səni elə buxovlayar ki, bu çətin yolda heç addım da ata bilməzsən.

13. Sevinəndə də, kədərlənəndə də mötədil ol. Ağıl-kamal ürəyin böyüklüyündən, ürəyin böyüklüyü isə ruhun ucalığından xəbər verir.

14. Tələsmək, səbirsiz olmaq axmaqların xüsusiyyətidir. Astagəllik də ağıl-kamal nişanəsi deyil. Qədim kişilərin dedikləri kimi, işi görəndə cəld ol, amma tələsmə. Belə etsən tale həmişə üzünə gülər.

15. Fiziki cəhətdən güclüsənsə, çox yaxşı. Amma çox zaman ruhən güclü olanlar uğur qazanırlar.

16. Kiminin əvvəli, kiminin axırı demişlər. Kütlənin alqışları altında hər adam dayanar. Peşman olmuş, ümidləri boşa çıxmış kütlənin arasından sağ-salamat çıxmaq isə hər kəsə müyəssər olmur. Yolun əvvəlində sonunu düşün.

17. Alçaq köməkçilərin xidmətindən istifadə etmə. Onların əməllərinin ağırlığı da sənin çiyninə düşəcəkdir.

18. Bəd xəbərləri xatırlama. Onlar sənin beynin və qəlbin üçün zəhərdir.

19. İfrata varma. Əhvalın necəliyi işə mane olmamalıdır.

20. Həyat elədir ki, çox zaman xahişlərə əməl etmək olmur. Lakin qəti rədd cavabı verməkdən çəkinmək lazımdır. Bu, səthi intellekt əlamətidir. Xahişi qəti şəkildə yerə salmaqla insanın qəlbini yaralayarsan.

21. Mürəkkəb vəziyyətdən zarafatla çıxmaq ağıllı və dahi adamlara xas olan əlamətdir.

22. Hər bir şəxsin yaxşı və pis cəhətləri var. Adamla münasibətlərdə səbirli ol, hər kəslə dil tapmağı bacar. Yalnız bu yolla adamların ləyaqətini qiymətləndirə bilərsən.

23. Biz az görür, çox eşidirik. Gördüklərimiz həqiqətdir, başqalarından eşitdiklərimiz isə, adətən, yalan. Bunları ayırd edə bilmək böyük istedaddır. Nəyi və kimi isə (sənin özünü də) tərifləyirlərsə ehtiyatlı ol, tənqid edirlərsə ikiqat ehtiyatlı ol.

24. Nifrətdə və məhəbbətdə həddini aşma. Portağalı çox sıxsan axırda acısı çıxacaq. Özünü xırda işlərə sərf etmə, çox tez əldən düşərsən. Əgər yanması üçün üstünə bir şey atmasan ən böyük tonqal da sönəcəkdir.

25. Qoy, sənin kiçik qüsurların olsun. Bu qüsurlar sənə paxıllıq edənlər üçün təsəllidir. Xırda nöqsanlar onların zəhərini öz canına çəkər və sən özünü böyük işlər üçün qoruyub saxlayarsan.

26. Əgər güclüsənsə, düşmənlərin səylərindən də istifadə edib irəli get. Sənin nöqsanlarını və zəif cəhətlərini düşmənlər aşkar edəndə onları özün də görəcəksən. Yaltaqların tərifindən qaç: belə təriflər səfehlərin ruhunu oxşayır.

27. Hamıya xoş gəlməyə çalışma, vaxtından tez solarsan.

28. Beynini əhəmiyyətsiz şeylərlə zibilləmə, hər xırda bir şeydən ötrü, xüsusilə də sənə yaxın olanlara, irad tutma. Xırdalığa varmamaq ürəyin genişliyindən xəbər verir.

29. Həyatda doğru yol tutmusansa, ömrün də uzun olacaqdır.

30. Əgər işin uğurla nəticələnəcəyinə şübhən varsa, bir daha götür-qoy et. Əsl kişiyə, işə başlayandan sonra, tərəddüd yaraşmır.

31. Öz imkanlarının həddini heç kim bilmir. Ətrafındakılara belə düşünməyə imkan vermə ki, guya onlar sənə tamam-kamal bələd olmuşlar. Onda sən onların qəlbinə ümidsizlik toxumu səpər, dostların inamını itirər, yuxarılardan kömək görməzsən.

32. Xırdaçılıq etmə. İş görəndə də böyük iş gör. Təsəvvür et ki, qumar oynayırsan – masaya böyük pullar qoymalısan.

33. Təmkinli ol. Nəyə qadir olduğunu bilsələr, dostların və düşmənlərin sənə mane olacaqlar. Düşmənlərin sənin öhdəndən gəlmək üçün tədbir görəcəklər, dostların isə yaltaqlıq edib səni çaşdıracaqlar.

34. O yerdə böyük uğurlar qazana bilərsən ki, orada başqalarından daha az asılı olasan.

35. Hər bir iş bir çox amillərdən asılıdır. Bəzən zaman və məkan müəyyən bir iş üçün əlverişli olmur. Ona görə də işi görə bilməyəcəksənsə, söz vermə.

36. Yaxşı və yaman günü unutma. Yaydan sonra qış gəlir. Qışa qabaqdan hazırlaşmaq lazımdır. Onda peşman olmazsan.

37. Dünya dostlardan və düşmənlərdən ibarətdir. Çalış dost qazan. Onların hansının sənə daha yaxın, sədaqətli olduğunu zaman göstərəcək.

38. Mübarizə heç vaxt namuslu olmur. Qalib özünü göylərə qaldırıb məğlubu alçaldır. Məğlub qalibdə nöqsan axtarmağa başlayır və şübhən olmasın: o, qalibin qüsurlarını eşələyib çıxaracaqdır. Düşmənlərinə xeyirxah münasibət bəsləsən, peşman olmazsan.

39. O şəxs müdrikdir ki, özünü tərifləyib şişirtmir. Danışanda düşünüb danış, məclisdəkilər haqda danışma.

40. Dostlarına və düşmənlərinə hörmətlə yanaş. Onların ikisi də bunu qiymətləndirəcək və çox güman ki, dostlarının sayı artacaqdır.

41. Zövq və dəb məsələsində zamanla ayaqlaş. Mədəniyyətdə və əxlaqda köhnə fikirli olmaqdan çəkinmə. İllər ötdükcə dünya daha ziddiyyətli olur. Alçaqlıq isə heç bir əndazəyə sığmır. Sanki dünyanı irəliyə aparan yalnız bunlardır.

42. Başqalarının günahlarını axtarma – öz ruhunu məhv edərsən.

43. Hamının günahı var, hamı səhv edir. Öz səhvlərini heç kəsə, hətta öz dostuna da etibar etmə. Bu günün dostları sabah sənə düşmən ola bilərlər.

44. Bulaq birdirsə iki olsun. Yardımçın birsə iki olsun. Həyat, şöhrət və səadət elə dəyişkən, yol isə elə mürəkkəbdir ki, yalnız bir bulağın suyu, bir haminin köməyilə keçinmək çətindir.

45. Yalnız səfehlər dostluğu düşmənçiliyə çevirməklə, insan zəkasını heyvani hisslərin əsiri etməklə daim ziddiyyət axtarır.

46. Baş yola çıxmaqdan ötrü daim həyatın cığırlarında dolaşmaq vacib deyil. Özünü və səfər yoldaşlarını yora bilərsən. Dostlarını itirər, düşmənlər qazanarsan.

47. Ətraf mühitdə qayda-qanun yaratmağa tələsmə. Bu işi təbiət və zamana həvalə et. Onlar bizdən müdrikdirlər. Bulanıq sular sənsiz də durulacaqdır.

48. Özünün nə zəif, nə də güclü cəhətlərini büruzə ver. Düşmənlərin və paxıllığını çəkənlər daha ağrılı zərbələr endirmək üçün zəif yerlərini axtarıb tapanacan sən zirvəyə onlardan tez qalxarsan.

49. Mahiyyəti müəyyən etməyə tələsmə, çünki adətən irəlidə həqiqət donuna bürünmüş yalan gedir. Həqiqətin özü isə arxada sürünür.

50. Qoy, sənin işin zahirən qeyri-adi görünsün. Adamları maraqlandırar və … qiyməti artırarsan.

51. Sabahkı problemlərini bu gün görməyi və həll etməyi bacarmalısan. İşıqlı gələcək naminə çətinliklərə dözməlisən. Şirin üstündə yatmaq, onun altında oyanmaqdan yaxşıdır.

52. Qəzəbli anlarında böyük məsələləri həll etməyə çalışma. Özünü vaxtında saxlamağı bacar. Fırtına vaxtı gəmiyə yalnız axmaq minər.

53. Sənin barəndə ətrafındakılara görə fikir yürüdəcəklər. Dost seçməyi bacar. Həyatda çox şeyə nail olmaqdan ötrü görkəmli şəxslərlə yaxınlıq et.

54. Söhbət zamanı uzunçuluq etmə. Müdafiə olunmaq üçün enerji saxlarsan.

55. Sənə kədər üz versə dəyanətli, fərəhli anlarında isə mötədil ol. Yalnız bu yolla qabağa gedərsən.

56. Kiçik bir səhv sənin bütün yaxşı işlərini kölgədə qoyar. Əldə etdiyin minlərlə uğur səni məst etməsin, o kiçik səhvi düzəltmək haqda düşün.

Ücretsiz ön izlemeyi tamamladınız.

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
29 ekim 2022
Hacim:
1 s. 2 illüstrasyon
ISBN:
978-9952-8450-9-6
Telif hakkı:
JekaPrint

Bu kitabı okuyanlar şunları da okudu