Kitabı oku: «Tarix müəlliminin etirafları»
© Meyxoş Abdullah / 2022
© Köhlən Nəşriyyatı / 2022
Tarix müəlliminin etirafı…
(hekayə)
Arıq, taqəti kəsilmiş ağsaçlı müəllimə, ağır addımlarla kəndin kənarındakı qəbristanlığa doğru irəliləyirdi. Bir-iki gün olardı, canındakı o müdhiş ağrılar birazca azlamışdı. Başqa vaxt olsaydı bu uzun yolu xəstə canıyla piyada getmək ona zor gələrdi. Amma bu gün, o, qəti qərara gəlmişdi ki, kənd qəbristanlığına gedib, vaxtilə dərs dediyi, indi isə el-obanın sevimlisi olan şəhid əsgər, İbrahim Lələyevin məzarını ziyarət etsin.
Müəlliminin şagirdinə deyiləsi ürək sözləri vardı. Neçə gün idi ki, o, bu barədə fikirləşirdi. Ürəyində yığılıb qalmış sözləri ona elə əzab verirdi ki…
Qəbristanlığın qapısına çatanda bir azca dayanıb nəfəsini dərdi. Ayaqlarındakı ağrılar ona şiddətli əzab verdiyindən, canını dişinə tutub birtəhər dözürdü. Əlindəki əsa, elə bil, onun son ümid yeri idi. Bütün vücudunu əsaya etibar edirmiş kimi bərk-bərk ona söykənmişdi.
Müəllimə qəbristanlığın qapısından içəri girib, sol tərəfdə, qara mərmərlərlə əhatə olunmuş məzara sarı irəlilədi. Həyəcanlandığından, soyuq dəymiş adamlar kimi tir-tir titrəyirdi.
O, qəbrin önünə çatanda dayandı. Başını astaca qaldırıb, qocalıqdan heydən düşməkdə olan bulanıq gözlərini, mərmər daşına həkk olunmuş şəkilə dikdi. Şəkildəki hərbi geyimdə olan cavan oğlanın gülümsər gözləri o dəqiqə müəlliminin gözləriylə toqquşdu.
– Hə… Sənsən, İbrahim, oğlum? – deyə müəllimə, uzun illərdən bəri görmədiyi şagirdini şəklindən tanıdığına görə sevindi.
İbrahim onun neçə illər bundan qabaq tarix fənnindən dərs keçdiyi şagirdi idi. İllər, onun boy-buxununun, sir-sifətinin cizgilərini dəyişsə də, gözləri həmin gözlər idi, lap uşaqlıqda olduğu kimi, saf, məsum.
Mərmər daşın parıltısı igid əsgərin çöhvrəsini bir az da işıqlandırdığı üçün, oradan gözlərinə düşən nur atəşinə bənzər şüalar müəllimənin gözlərini qamaşdırdı.
Müəllimə dərindən nəfəs aldı və güclə eşidiləcək səslə pıçıldadı:
– Xoş gördük səni, oğlum… Şəhid adın mübarək!..
Sonra o, titrək əlləriylə qara mərmərin üzərində həkk olunmuş şəkili sığalladı. Daşın soyuqluğu, elə bil, onun xəstə canına işlədi, bədənindən soyuq bir gizilti keçdi.
Müəllimə başını qaldlrıb şəkilə baxanda, yenə onun gözləri, qara mərmər daşın üzərinə həkk olunmuş şagirdinin gülümsər gözləriylə toqquşdu. Gözlər bir anlıq da olsun nəzərlərini müəllimindən çəkmək istəmirdi. Müəllimə hansı səmtə dönürdüsə, o gözlər yenə də onu axtarırdı.
– Oğul, bilirsən niyə gəlmişəm?! – deyə, müəllimə titrək səslə dilləndi. – Şəhadətə qovuşduğunu bir müddət bundan qabaq eşitdim. Onda bərk xəstələnmişdim, yataqdan qalxmağa hey-hərəkətim yox idi. Bir azca özümə gələndən sonra, evinizə gəlib, ata-anana başsağlığı vermək istədim. Amma nədənsə, fikrimdən daşındım. Qərara gəldim ki, əvvəlcə gəlim sənin özünü ziyarət edim, sonra onları. Axı, ürəyimdə sənə deyiləsi çox sözlərim var. Xəstələnəndə Allahıma yalvarırdım ki, tanrı mənə bir az da möhlət versin, ürəyimdəki sözlərimi sənə çatdıra bilim. – Əziz oğlum, xatırlayıram ki, o vaxtlar mən sizə tarix fənnindən dərs keçəndə sən mənim dərslərimi o qədər də yaxşı oxumurdun. Hətta, bir az da nadinclik edərdin, elə deyilmi?! – deyə müəllimə, nəmli gözlərini qara mərmərdəki şəklin gözlərinin içinə dikdi.
Qara mərmərdəki şəkil yenə də gülümsəyirdi. Sanki ağsaçlı müəlliməsinin fikrini təsdiq edirmiş kimi; – hə, elədir müəllimə!.. – demək istəyirdi.
– Mən onda əsəbləşirdim. Səni və sinifdə zəif oxuyan uşaqları danlardım, – deyə, müəllimə astaca sözlərinə davam etdi. Əlaçı şagirdləri isə sizə nümüunə göstərib: – Bunlara baxın və onlardan ibrət götürün! – söylərdim. Deyərdim ki, bu yaxşı oxuyan şagirdlər ağıllı uşaqlardırlar. Gələcəkdə vətənə namusla xidmət edəcəklər. Vətən üçün insanlarçün xeyirli işlər görəcəklər. Onların ad-sanları dünyanın hər yerindən eşidiləcəkdir. Biz onlarla fəxr edəcəyik! – deyə, yaxşı oxuyan uşaqları tərifləyərdim. – Amma siz tənbəllər, bəs sizdən nə olacaq?! – deyərək, sizi bərk qınayırdım. – Yadındadırmı, oğlum? – deyə müəllim dərindən ah çəkdi. Məni başa düş, oğlum, bir müəllim kimi, bir ana kimi sizin gələcəyinizdən çox narahat idim, ona görə belə edirdim. Sizləri düşünürdüm. Düşünürdüm ki, bu uşaqlar həyatda nə edəcəklər, necə yaşayacaqlar, görəsən?! Geyim-keciminizə, pırtlaşıq saçlarınıza, dəli-dolu hərəkətlərinizə baxıb yaman fikir edirdim. Fikirləşərdim ki, bizim gələcəyimiz olan siz gənclər, axı, vətən üçün, bizlər üçün nə gün ağlayacaqsınız?!
Bu fikirlər məni yaman narahat edirdi. Bir müəllim kimi, bir ziyalı kimi gecə-gündüz bu barədə fikirləşib, bərk narahat olurdum. Amma gör, nə qədər yanılmışam, oğul. Sən demə, yaxşı oxumaq, ziyalı olmaq, hələ vətən təəssübü, vətən qeyrəti çəkmək deyilmiş… Doğrudur, həmin öyünə-öyünə təriflədiyim əlaçı şagirdlərim ali məktəblərə qəbul olub tələbə adı qazandılar. Oxuyub böyük vəzifə sahibi də oldular. Onların arasında mənim davamçılarım da var. Amma fikirləşirəm, həyatda nələr dəyişdi, onlar bu dünyanın hansı axarını dəyişə bildilər? Onların heç biri sənin kimi ad-san, şan-şöhrət qazanıb ucalmadılar. Onları olsa-olsa bu kənd, el-oba tanıdı. Sən isə öz igidliyinlə, vətənsevərliyinlə onların hamısından üstün oldun. Sən şəhid olmağınla vətəni sevməyi, torpağına bağlılığı, nəinki, dostlarına, hətta, mən ağsaçlı müəlliminə də öyrətdin.
Mən orta məktəbi qızıl medalla, universiteti isə qırmızı diplomla bitirib, 40 il tarix müəllimi işləmişəm. Sən demə, həyatda savadlı olmaq, dünyanın bütün tarixini əzbərləmək, ölkələrin tarixi keçmişini bir-bir sadalamaq, eraları; – buz dövrünü, daş dövrünü, dəmir dövrünü, nə bilim daha nə dövrünü şagirdlərin yaddaşına yeritmək tarixi anlatmaq deyilmiş. Bunlar yalnız kitabda yazılanları şagirdlərin beyninə zorla yeritməkdən başqa bir işə yaramırmış. Tarixi əzbərləmək yox, tarix yazmaq lazımış, sənin kimi, oğul.
Bağışla məni, oğlum, bilirsən, necə peşimanam. Bu gün mən səndən çox şey öyrəndim. Sən mənə tarix dərsi keçdin, tarix dərsi öyrətdin, oğlum. Yadımdan heç vaxt çıxmayan bir tarix dərsi.
Kaş, bu həyata bir də dönə biləydik… Onda, səndən öyrəndiyim, sənin yazdığın tarix dərsini, bilirsən şagirdlərimə necə həvəslə öyrədərdim?!
… Müəllimə sözlərini bitirib bir azca rahatlaşdı. Sonra o, cib dəsmalına büküb gətirdiyi tabaşirlə şəhid şagirdinin mərmər baş daşının aşağı tərəfində, ona heç vaxt vermədiyi "5"(əla) qiymətini yazaraq, tabaşirli dəsmalla gözlərinin yaşını silə-silə asta-asta oradan uzaqlaşdı…
Soyuq mərmər daşlardan boylanan bircüt gülümsər baxışlar ağsaçlı tarix müəllimini yola salırdı…
Əsgər anasının borc dəftəri…
(hekayə)
Əsgərin cənazasi axşamçağı, gün qürbə enəndə, hərbiçi yoldaşlarının çiynində evlərinə gətirildi.
Qapı ağzında oturmuş anası oturduğu yerdən dartınıb ayağa qalxmaq istədi, amma bacarmadı. Çiyinlərinə ağır bir yük qoyulmuş adamlar kimi inlədi. Oğlunun ölüm xəbərini eşidəndən sonra bədəninin taqətiylə yanaşı, elə bil, ürəyinin təpəri də çəkilmişdi, canında hey-hərəkət qalmamışdı onun. O, havadan aslı qalmış titrək əllərini irəli uzadaraq: – Gəldinmi, oğlum?!.. Sənin hələ xidmətinin bitməyinə üç ay qalıb axı… Sən payızda, hava sərinnəşəndə qayıdacaqdın. Niyə səni belə tez buraxdılar? Beləmi qayıtdın üstümə, ay insafsız? Mən səni beləmi yola salmışdım?!
Ana başını dizlərinə söykəyib hönkürdü.
Əsgər dostları şəhid olmuş döyüşçünün tabutunu həyətin ortasına qoyub, farağat vəziyyət aldılar. Onlar müharibə görmüş döyüşçülər idi. Bu müharibədə çoxlu əsgər dostlarını itirmişdilər. Əslində, şəhid olmuş döyüşçü dostlarının itkisi nə qədər ağır olsa da, onların ata-analarıyla belə vəziyyətdə qarşılaşmaq bir o qədər də ağır gəlirdi onlara. Sanki şəhid olmuş əsgərin yaxınları gözlərini onların gözlərinin içinə dikərək: – Axı, bizim oğlumuz da, sənin kimi bir əsgər idi. Ona nə oldu? Niyə o öldü?.. Bəs, sən niyə sağsan? – soruşmaq istəyirdilər.
Bu çox dəhşətli və cavabı tapılmayan bir sual idi onlar üçün. Belə anlarda, nə qədər ağır da olsa, onların ürəyindən bir istək keçirdi; – Kaş, mən də şəhid olaydım, bu sual mənə verilməyəydi.
Əsgərlər bir-bir ananın əllərindən öpərək ona təsəlli verməyə çalışırdılar. Od-alov görmüş, heç nədən qorxub-çəkinməyən bu döyüşçülər, nədənsə, ananın gözlərinin içinə baxmağa çətinlik çəkirdilər. Bu ölümdə sanki özlərini də günahkar bilirdilər.
Ana sakit görünürdü. Amma əslinə baxsan, dünən axşam oğlunun ölüm xəbərini alandan sonra dünyası dağılmış, ürəyi param-parça olmuşdu. Oğlunun şəhid olması xəbərini televizorda demişdilər. Dünən birdən-birə qonum-qonşunun onun həyətinə axışması və gələnlərin kədərli baxışları Mədinə ananı təəccübləndirmişdi. Qonşulardan kiminsə: – Evimiz yıxıldı, ay Mədinə xala, oğlun şəhid olub! – deməsi, onu kökündən qopmuş ağac kimi yerə sərmişdi. Arvad dünəndən bu günə kimi canında nə qədər hey-hərəkəti var sızldamışdı. İndi onun nə ağlamağa, nə də bir söz deməyə gücü qalmamışdı.
Bir anın içində həyət adamlarla doldu. Kənd camaatından başqa yaxın-uzaq kəndlərdən, rayondan da adamlar axışıb gəlmişdilər. Hamı kədər içərisindəydi. Ananın gözünün ağı-qarası olan bircə oğlunun ölümü hamıya çox pis təsir etmişdi. Müharıbə başlanandan beşinci şəhid idi ki, bu kəndə gətirilirdi.
Ananın qoluna girib oğlunun cənazəsinə tərəf gətirdilər. Bayrağa bükülmüş cənazə çox əzəmətli görünürdü. Hamı başını aşağı salıb, dərin sükut içərisində anaya baxırdılar. Taqəti kəsilmiş ana ayaqüstə güclə dayanırdı. Halsızlıqdan, o, əsim-əsim əsirdi.
Elə bu vaxt hərbi geyimli, yaşlı bir zabit anaya yaxınlaşıb baş endirdi və üzünü əsgərin cənazəsinin ətrafında toplaşanlara tutdu.
Zabiti hamı tanıyırdı, istefada olan polkovnik idi. Son vaxtlar onun işi cəbhə bölgəsində həlak olmuş əsgərlərin cənazəsini yaxınlarına çatdırmaq idi. Bu kəndə beşinci dəfə idi ki, gəlirdi. O, bu işdə çox səriştəli idi. “Özgə ölüsü adama yatmış kimi görünər” məsəli, elə bil, bu adam üçün deyilmişdi.
O, bu dəfə də şəhid olmuş qəhrəman barədə danışdı. Onun igidliyindən, döyüş bölgəsində göstərdiyi şücaətdən söz açdı. Zabitin bu çıxışı təsəllidən çox ürəklərdə ikrah hissi yaratdı. Hamı bilirdi ki, o boğazdan yuxarı danışır. Sonda zabit əsgərin Vətən yolunda, öz xidməti borcunu yerinə yetirərkən şəhid olduğunu dedi.
Zabitin bu son sözləri, deyəsən, ananın xoşuna gəlməmişdi. Ana bir qədər duruxdu. Sonra başını qaldırıb bu qoca zabitin üzünə baxdı. Zabit ananın bu baxışları qarşısında tablaşmayıb başını aşağı saldı. İndiyə kimi çoxlu belə mərasimlərdə olmuşdu. Övladları həlak olmuş valideylərlə qarşılaşmışdı, amma bu ananın baxışları qədər insanı xofa salan baxışlar görməmişdi.
Ana üzünü zabitə tutub sakit səslə:
– Qardaş, o mənim bircə balam idi, aman-zaman bircə oğlum. Onu atasız böyütmüşdüm, diş-dırnaqla. Sən başa düşürsən diş-dırnaqla övlad böyütmək necə olur? Mən gözümün yaşını o uşağın çörəyinə yavanlıq etmişəm, bilirsən? O uşaq bir qarın ac, bir qarın tox böyüdü. Yaşından böyük, gücü çatmayan işlərin qulpundan yapışırdı ki, biz ac qalmayaq. Çünki köməksiz idik, böyüksüz idik, başsız idik. O uşağı mən namusla böyütdüm, ona şərəfli olmağı öyrətdim. Ali təhsil aldı, Bir dəst paltarı vardı balamın gecə yuyub qurudar, səhər də geyinib dərsə gedərdi.
Vətən borcu deyirsən? Nədi o Vətən borcu, qardaş? Oğlum dünyaya gələndə atası iki ay olardı ki, vəfat etmişdi. Fəhlə idi, daş karxanasında maşınlara daş yükləyirdi. Axırda da daşdoğrayan mişar daşına düşüb doğram-doğram oldu. Başsız qaldıq. Heç kəs bizə əl tutmadı, sənin dediyin o Vətəndə yad kimi yaşadıq.
Oğlum dünyaya gələndə xəstəxanada həkimlər məni evə buraxmırdılar. Ona görə ki, onlara verməyə pulum yox idi. Axırda, elə orada işləyən tibb bacılarının biri, guya mənim halıma ürəyi yanaraq, əvəzimdə onlara pul payladı. Evə qayıdandan sonra qonum-qonşudan borc alıb, o xanımın pulunu ödədim.
Oğlum bir yaşına çatanda açımızdan ölməyək deyə, işləmək məcburiyyətində qaldım. Uşaqla harada işləməliydim, onu saxlayan bir kimsəm yox idi. Çarəsiz qalıb uşağı xahiş-minnətlə bağçaya qoydum ki, özüm işləyə bilim. Bilirsən də, xahiş-minnət nədir? Puldur, qardaş, filan qədər borc alıb oğlumun bağça pulunu düzəltdim. Sonra məktəb vaxtı çatdı onun. Kitab pulu, fond pulu, sinif pulu, müəllimlərin ad günləri, nələr, nələr… Allah üzünü ağ eləsin oğlumun, yaxşı oxudu, ali məktəbə qəbul oldu. Amma ödənişli fakultəyə düşdü. Gündüzlər oxudu, gecələr işlədi. Ana, bala institutun ödəniş pulunu ödəyirdik. Ali məktəbi bitirdi, bir il iş tapa bilmədi, hara getdi pul istədilər. Axırda uşaq çarəsiz qalıb, ərizə yazaraq əsgər getdi.
Hər dəfə də yanına gedəndə dükan-bazardan nisyə bir şeylər götürürdüm ki, oğlum dostlarının yanında utanmasın. İnanmırsan, göstərərəm sənə o brc dəftərini? Qonşumuz Kərəmin dükanına min yeddi yüz manat borcumuz var. Dedim uşaq əsgərlikdən qayıdar, işləyər, yavaş-yavaş borcumuzu ödəyərik.
İndi sən hansı borcdan danışırsan, qardaş?! Nə borc?!.. Kim-kimə borcludur, mənə deyə bilərsən? Hərə bir cür alver edir bu məmləkətdə… Sən də, deyəsən, Şəhid oğulların qanıyla alver edirsən?! Yaxşı iş görmürsən, qardaş. Çıx, bu həyətdən, təhqir etmə bizi!..
Gedin, siz və sizin kimilər, qoy öz vətən borclarını ödəsinlər. Sizin vətənə daha çox borcunuz var. Özü də çox, lap çox… Çünki, bu Vətənin xeyirini görən sizlərsiniz. Bizi rahat buraxın. Qoy, heç olmasa oğlumun Şəhid ruhu rahat olsun… Ana-bala, onsuz da bir-birimizə borcumuzu biz halal edəcəyik!..
Komandirin yuxusu…
(hekayə)
Səhər yenicə açılırdı… Döyüşən əsgərlərə tutduqları mövqeylərdən aşağı enmək əmr verilmişdi. Əsgərlər yavaş-yavaş dağdöşüylə aşağı, dünən gəldikləri istiqamətdə hərəkət edirdilər.
Ara-sıra atəş səsləri eşidilsə də, axşamkı vəziyyətə nisbətən indi bir az sakitlik hökm sürürdü. Amma uzaqdan toplardan atılan mərmilərin səsi hələ də eşidilməkdəydi.
Tutduqları mövqeylərini itirmiş düşmən, elə indilərdə əlavə qüvvələr toplayaraq, yenidən onlara hücum edəcəyini bilən təcrübəli komandir, dərhal oradan uzaqlaşmaq üçün döyüşçülərini tələsdirirdi.
… Onlar xüsusi təyinatlılar idı. Bir gün bundan qabaq məxvi əmr almışdılar. Hava qaralanda “Ala qaya” deyilən zirvəyə qalxıb, neçə gün bundan qabaq orada mövqe tutmuş və döyüşçülərimizin irəliliməsinə mane olan düşmən əsgərlərini zərəsizləşdirmək əmri.
Dünən hava qaralan vaxtı döyüşə yollananda səkkiz nəfər idilər. Komandirləri və yeddi cəsur döyüşçü. İndi isə, yorğun və heysiz halda ayaqlarını sürüyə-sürüyə alatoranlıqda bir-birinin ardınca dağdan enirdilər. Onlar öz vəzifələrini igidliklə yerinə yetirmişdilər. Səkkiz nəfər olsalar da, əlli nəfərə yaxın düşmən əsgərinə qarşı vuruşaraq, tapşırılan sahəni düşməndən tamamilə təmizləmişdilər.
Komandir haqlı idi. Onlar dağın ətəyinə enən kimi, düşmən tərəfindən “Ala qaya” zirvəsi güclü top və qrad atəşinə tutuldu. Mərmilər ulaya-ulaya yaxınlıqdakı qayaların boşluğuna düşərək, daş-kəsəyi havaya sovururdu. Bir saata yaxın həmin mövqeylər düşmən tərəfindən atəş altında saxlanıldı.
Komandir geriyə boylanaraq: – Əclaflar!.. Biz sizin düşündüyünüz qədər də aciz deyilik! – deyə, gülümsədi və düşmənin qarasınca söydü.
Aralarında iki yaralı, bir nəfər də itkin düşmüş əsgərin olması komandiri bərk narahat edirdi. Əsgərlərin biri çiynindən, o biri isə qarnından yaralanmışdı. Hər ikisinin yarası ağır olsa da, əsgər yoldaşlarının köməkliyi ilə irəliləyirdilər.
İtkin düşmüş döyüşçü Vasif Abiyevin isə harada olması, hələlik məlum deyildi. Gecə döyüşçü dostları onu çox axtardılar, amma nə ölüsündən, nə də dirisindən bir xəbər yox idi. – “O, əsir düşə bilməzdi!” – deyə, komandir öz-özünə fikirləşdi. Çünki xüsusi təyinatlıların son məqamda nə edəcəkləri ancaq özlərinə məlum idi. – Bəs, o, harada ola bilərdi?! – komandir narahatçılıq keçirtdi. Axı, gecə olmasına baxmayaraq öldürülmüş düşmən əsgərlərinin cəsədlərini komandir özü bir-bir nəzərdən keçirmişdi. Tam yəqin etmişdi ki, Vasif Abiyev meyiti onların arasında yoxdur.
Güclü yağış yağırdı. Əslində, bu yağış yox, sulu qara bənzəyirdi. Çünki göydən ələnən iri yağış damlaları əsgərlərin sifətinə buzlu su kimi çilənirdi.
Komandir çox həyəcanlı idi, özünə yer tapa bilmirdi. İtkin düşmüş cəsur döyüşçüsünün tapılmaması onu bərk narahat edirdi.
Bu hadisənin üstündən bir neçə gün keçdi. Vasifin itkin düşməsi onun dostlarını da bərk üzürdü. Komandir isə, bu itkidə özünü günahkar hesab edirdi.
… Bir gecə itkin düşmüş döyüşçü komandirin yuxusuna girir. – “Komandir yuxuda görür ki, Vasif həmin gecə onlardan bir qədər aralı, qayaların arasında özünə yer seçərək düşmənlə vuruşur. Birdən, o, boynundan güllə yarası alır. Yerə yıxılmasın deyə, yaxınlıqdakı qayaya söykənir. Ağır yaralı olmasına baxmayaraq, düşmənələ döyüşməkdə davam edir. Yaralı halda atəş açaraq, ona yaxınlaşan üç düşmən əsgərini də yerə sərir. Birdən, yaxınlıqdakı düşmən snayperi onu görür və Vasifin başından nişan alır…
Vasif yerə yıxılır… O, bir neçə dəfə ayaqüstə qalxmağa cəhd edir. Amma yarası ağır olduğundan yavaş-yavaş hüşunu itirməyə başlayır. Vasif heysiz halda torpağın üstündə düşüb qalır. Nəmli torpaq onun soyumaqda olan bədənini bir az da üşüdür. O, bir neçə dəfə astaca döyüşçü dostlarını səsləyir. Amma onun xırıltılı səsi, vıyıltıyla ötüb-keçən güllə səsləri arasında it-bata düşərək, döyüşçü dostlarına çatmır.
Vasif son gücünü toplayaraq əlini qoynuna salır. Qoynundan üçrəngli al bayrağı çıxararaq, ona bürünür və soyuqdan titrəyə-titrəyə: – “Komandir, mən üşüyürəm, gəl məni buradan götür!” – deyir…”
… Komandir hövlank yuxudan ayılır və son dəfə döyüşdükləri yerə gedir. Qayaların arasına çatanda baxıb görür ki, Vasifin cansız bədəni albayrağa bükülmüş halda qayaların arasındakı boşluqda düşüb qalıbdır. Gözləri açıq olduğundan, sanki komandirinin yolunu gözləyirmiş…
Komandir şəhid olmuş əsgərinin qarşısında dizləriüstə yerə çökür. Gözyaşlarını saxlaya bilməyərək, onun soyumuş bədənini qucaqlayıb bağrına basır və: – Üşümə əsgərim!.. Sən Vətən torpağna qovuşdun!.. – deyir.
Ücretsiz ön izlemeyi tamamladınız.