Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Məktəb şagirdlərinə tohfə»

Yazı tipi:

SABİRİN ŞƏRƏFİNƏ

 
Xəyalım bu gecə varaq-varaqdır.
Dilsiz əsrləri o yaracaqdır.
Gözümə bir qara keçmiş görünür,
Bir qara keçmiş ki, bizdən uzaqdır.
 
 
O keçmiş – gecədir, buludu lay-lay,
Yaslı gəlin kimi pərişandır ay;
Orda təbiət də qara geyinmiş,
Sonalar dərdlidir, yorğun axır çay.
 
 
Orda parçalanır, didilir vətən,
Tez düşür insanın saçlarına dən…
Orda haqq bağıran qəhrəmanların
Bir qılıncla gedir başı bədəndən.
 
 
Boy atır sünbülün, gülün möhnəti,
Sönür baxışların ilk məhəbbəti.
Hər kiçik laylada “dərdim var” deyir
Elin şirin dili, şirin söhbəti.
 
 
Solğun dodaqları ah, aman gəzir,
Ölümlər qapını çox yaman gəzir…
Böyük bir şairin dalğın xəyalı
Vətən çöllərini pərişan gəzir…
 
 
Sabir, o günləri gətirmə yada.
Dünya unutmamış səni dünyada…
Sinənə çarpdıqca kinli dalğalar
Bir qoca dağ kimi durdun dəryada.
 
 
Sən ey azadlığın səhər rüzgarı,
Sınmadı qəlbinin tərlan vüqarı.
Əsrlər dolaşıq gəlib keçsə də,
Tarix, unutmayır mərd oğulları.
 
 
Uzalı getdisə dünyadan əlin,
Artıq çiçəkləndi arzun, əməlin,
İnsanın haqqını özünə verdik,
Hər duyan ürəkdə qalxdı heykəlin.
 
 
Oyanmış bu günəş, bu yer, bu insan,
Artıq nə qamçı var, nə qara zindan,
Nə matəm hıçqırır bülbülün səsi,
O da ilham alır insan ağzından.
 
 
Azaddır ellərin çiçəkli yazı,
Bu yaz danışdırır Kürü, Arazı;
Bu böyük günlərə min dastan deyir
Şairin lirası, aşiqin sazı.
 
 
Bəzəkli yurdumuz çiçək-çiçəkdir,
Hər keçən ömrümüz bir gələcəkdir,
Sənin də varlığın bir günəş kimi
Əsrlər boyunca sönməyəcəkdir!
 
Səməd Vurğun,
1936, 27 dekabr

AĞLAR, GÜLƏYƏN ŞAIR

“Dədə Qorqud”dan, “Xəmsə”dən, Füzuli “Divan”ından və “Təmsilat”dan sonra böyük kitabımız “Hophopnamə”dir.

Yaşar Qarayev

Əziz uşaqlar və yeniyetmələr! Əlinizdə tutduğunuz bu kitab sizləri, vətənini özündən çox sevən böyük şairimiz Mirzə Ələkbər Sabirindir. O Sabirin ki: “Mən vücudumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım. Fəqət nə çarə, ölüm aman vermir” – deyə təəssüflənirdi. O Sabir ki, vətən övladlarının öz hüquqlarını bilməsi, ədalətli və azad cəmiyyətin bərqərar olması, milli istiqlaliyyətimiz üçün qələmi ilə mücadilə və mübarizə aparırdı. Əlində güzgü tutub “Millət necə tarac olur olsun, nə işim var?”, “Yatmışları razı deyiləm, kimsə oyatsın”, “Fəhlə, özünü sən də bir insanmı sanırsan?”, “Oxutmuram, əl çəkin!” deyənlərin simalarını, eybəcərliklərini özlərinə göstərir, bu yolla onları ifşa və islah etməyə çalışırdı. Təsadüfi deyildir ki, şairin yaxın dostu, vətənpərvər şairimiz Abbas Səhhət Sabirin poeziyasının gücünü bir ordunun gücü ilə müqayisə edirdi. Abbas Səhhət bu müqayisəni edəndə Sabir şeirinin inqilabi xüsusiyyətinə, çağırış ruhuna, mübarizə əzminə əsaslanırdı. Sabirin poeziyası öz kökünü xalqın dərdindən götürürdü. Sabiri oxuyan xalq orada öz problemini, acınacaqlı durumunu görür. Sabir ağrılar içində əzilən, inildəyən məmləkətinin düşünən və başqalarını da düşünməyə vadar edən beyni idi.

Sabir xalqın şüurunda, iradəsində inqilab edən, içində, düşüncələrində oyanış yaratmağa çalışan şair idi. Sabir satirası oxucusunu mənəvi susqunluqdan, mütilikdən, gerilikdən çəkindirən poeziya idi. Bu poeziya öz oxucusunu haqqını tələb etməyə səsləyirdi.

 
Görmə! – Baş üstə, yumaram gözlərim,
Dinmə! – Mütiyəm, kəsərəm sözlərim,
Bir söz eşitmə! – Qulağım bağlaram,
Gülmə! – Pəkey1, şamü2, səhər ağlaram.
Qanma! – Bacarmam! Məni məzur3 tut.
Böyləcə təklifi-mahalı unut!
Qabili-imkanmı olur qanmamaq? –
 

satirasında insanın hətta düşünmək ixtiyarını əlindən almağa cəhd edən məmurlar kəskin ifşa olunurdu.

***

Sabirin həyatı və fəaliyyətinin bir qismi ilə sizləri tanış etmək üçün inqilabçı satirikimizin tərcümeyi-halına qısa nəzər salaq.

Mirzə Ələkbər Sabir Tahirzadə 1862-ci il mayın 30-da qədim tarixə və gözəl təbiətə malik Şamaxı şəhərində anadan olmuşdur. İlk təhsilini 8 yaşında ikən mollaxanada almağa başlayan Sabir 12 yaşında Seyid Əzim Şirvaninin açdığı məktəbə keçmişdir. Bu böyük şairdən dərs alması onun inkişafına, püxtələşməsinə olduqca əhəmiyyətli təsir göstərmişdir. Sabir elə o zamandan həm şeirlər yazır, həm də fars dilindən tərcümələr edirdi. Seyid Əzim öz sevimli, istedadlı şagirdinin şeirlərini, tərcümələrini oxuyub ona dəyərli məsləhətlər verirdi. Seyid Əzimlə Sabirin arasındakı müəllim-şagird münasibətləri getdikcə dostluğa çevrilmişdir. Seyid Əzim istəkli tələbəsinə bəzən hədiyyələr də verirdi. Bu hədiyyələrin içində ən dəyərlisi Nizami Gəncəvinin “Xəmsə”si idi. Ustadın şagirdinə yazdığı məktub bu dəyərli hədiyyəni bir qədər də zinətləndirmişdi: “Nuri-didəm Sabir! Qəzəlimə yazdığın məlih və şirin cavab çox xoşuma gəldi. Hazırda başqa bir şeyə gümanım olmadığından həmin kitabı sənə silə4 göndərirəm. Yadigari-ustadanəm olmaq təriqi5 ilə qəbul edəsiniz və şairlikdə tərəqqi etmənizi arzu edirəm”.

Ustadının Nizami “Xəmsə”si ilə birgə verdiyi xeyir-dua onun şair həyatını uğurlandırmışdı.

Atası Sabiri təhsildən yarımçıq ayırıb, öz baqqal dükanında köməkçi kimi işlətsə də, onu oxumaq, öyrənmək, yazmaq həvəsindən uzaqlaşdıra bilməmişdi. Şərq şeirinin sirlərinə, incəliklərinə bələd olan şair “Sabir çörəksiz yaşar, Nizamisiz yox” deyirdi. Klassiklərimizi, onların yaradıcılığını çox sevən Sabir daha çox tənqidi şeirlər yazmağa meyil edirdi.

O, Şərq ölkələrinə səyahətə çıxmış, Xorasan, Xoy, Nişapur, Səmərqənd, Buxara, Aşqabad, Mərvdə olmuş, bu yerlərin əhalisinin həyat tərzi, güzəranı, məşğulluğu ilə yaxından tanış olmuşdur ki, sonralar həmin insanların tapdanan hüququnu, boğulan səsini öz əsərlərində ifadə etmişdir. Onların da problemi onu öz həmvətənlərinin durumu qədər narahat etmişdir.

Bildiyimiz kimi, 1906-cı ildən böyük ədib və dramaturq Cəlil Məmmədquluzadənin rəhbərliyi ilə “Molla Nəsrəddin” jurnalı işıq üzü görməyə başlamışdır. Xalqın oyanmasında, öz haqqını anlamasında əvəzsiz rol oynayan “Molla Nəsrəddin” o dövrün qabaqcıl ziyalılarını, şair və ədiblərini ətrafına toplamışdı. “Molla Nəsrəddin” jurnalı bu vaxta qədər “Şərqi-Rus”, “Həyat” qəzetlərində öz şeirləri ilə çıxış edən Sabir üçün öz fikirlərini, ideyalarını ifadə etdiyi yeni tribunaya çevrildi. Xalqı cəhalətdə, ətalətdə saxlamaq istəyən, onun haqqını mənimsəyənlər burada da Sabir şeirinin ifşa obyekti idilər. Şair mətbu orqanlarda “Hophop”, “Ağlar güləyən”, “Çayda çapan”, “Güləyən”, “Qabaqda gedən zəncirli”, “Yetim qızcıq”, “Məczub”, “Nizədar” kimi gizli imzalarla çıxış edirdi. Sizdə sual yarana bilər: niyə Sabir imzalarını belə tez-tez dəyişirdi? Bunun səbəblərindən biri o idi ki, Sabirin portretini məharətlə cızdığı tiplər – elmə, biliyə, xalqın hüququnu öyrənməsinə qarşı çıxanlar özlərini asanlıqla ta-nıyırdılar. Şair özünü onların təqib və hədələrindən, hücumlarından qorumaq üçün müxtəlif imzalarla yazmağa məcbur olmuşdur. Amma ən çox işlətdiyi imza “Hophop” idi.

Mirzə Ələkbər Sabir Abbas Səhhətlə də yaxından dostluq edirdi. Onların arasında maraqlı poeziya söhbətləri, ədəbi müzakirələr olurdu ki, bu da hər ikisinin poetik fikirlərinin formalaşmasına təsir göstərirdi.

Sabirin xalqı maarifləndirmək sahəsində gördüyü iş təkcə satiralar yazmaqla bitmirdi. O, məktəblər üçün proqram və dərsliklərin yazılmasına çalışır, “Dəbistan” və “Rəhbər” kimi uşaq jurnallarında onlar üçün şeirlər çap etdirirdi. Balacalar üçün “Milli nəğmələr” məcmuəsində “Məktəbə tərğib”, “Birinci il” dərsliyində “Uşaq və buz”, “Yaz günləri”, “İkinci il” və “Yeni məktəb” dərsliklərində “Cütçü”, “Qarğa və tülkü”, “Ağacların bəhsi” şeirlərini çap etdirmişdir. Bununla yanaşı, 1908-ci ilin yayında Şamaxıdakı karvansaraların birində iki otaqdan ibarət “Ümid” məktəbini açır. Bu məktəbdə 60-a qədər şagird müasir formada təhsil almışdır. Amma təəssüf ki, uşaqların həvəslə gəldiyi, dərs aldığı bu məktəb cəmi bir ildən sonra bağlanır. Bundan ruhi sarsıntı keçirən şair iş üçün Bakıya gəlir.

Yaşamaq, millətin işıqlı sabahı, arzularının həyata keçməsi üçün özündən çox-çox “güclülərlə” mübarizə aparan şair 1911-ci ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişir və Şamaxıda “Yeddi günbəz” qəbiristanlığında dəfn olunur.

Sabirin əsərləri rus, ukrayna, gürcü, tatar, fars, ingilis və s. dillərə tərcümə olunmuş, onun şeirlərinə Azərbaycanla yanaşı Türkiyədə, İranda, Misirdə, Orta Asiyada nəzirələr yazılmışdır. Ukrayna şairlərinə həsr olunmuş bir ədəbi gecədə Sabirin ukraynaca şeirini oxuyan ukraynalı yazıçı: “İcazə verin, sizə bir dənə “satirik”, daha doğrusu, “sabirik” şeir oxuyum”, – deyərkən tədbirdə iştirak edən böyük şairimiz Səməd Vurğun yerindən həyəcanla: “Gözəl termindir!” – söyləmişdir”.

Böyük şairimiz Səməd Vurğun “Sabirin şərəfinə” şeirində ustad şairin yaradıcılığına, şəxsiyyətinə olan məhəbbətini, onun cəsarətinə, vüqarına olan ehtiramını belə əks etdirirdi:

 
Sinənə çarpdıqca kinli dalğalar,
Bir qoca dağ kimi durdun dəryada.
Sən ey azadlığın səhər rüzgarı,
Sınmadı qəlbinin tərlan vüqarı.
Əsrlər dolaşıb gəlib keçsə də,
Tarix unutmayır mərd oğulları.
 

Bu təkcə Səməd Vurğunun yox, bütün Sabirsevərlərin, ürək sözləridir.

Əziz uşaqlar, Sabirin şeirlərindəki bəzi sözlər və ifadələr sizin üçün anlaşıqlı olmaya bilər, onu başa düşməkdə çətinlik çəkə bilərsiniz. Amma Sabiri oxumaqdan əsla vaz keçməyin. Bilmədiyiniz sözlərin mənasını axtarıb tapmağa çalışın. Çünki Sabir Azərbaycan ədəbiyyatının bir əsrlik yolunu müəyyənləşdirən, onun dərdlərinə güzgü tutan böyük və əvəzolunmaz şairimizdir.

Aygün Bağırlı
filologiya üzrə fəlsəfə doktoru, dosent

UŞAQLARA HƏDİYYƏ

MƏKTƏB ŞƏRQİSİ

 
Məktəb, məktəb, nə dilgüşasən6,
Cənnət, cənnət desəm, səzasən7.
Şadəm, şadəm təfərrücündən8,
Əlhəq9, əlhəq, gözəl binasən!
 
 
Ətrin, ətrin güli-cinandır10,
Feyzin11, feyzin həyati-candır,
Qünçən, qünçən səfayi-vicdan,
Nurun, nurun ziyafəşandır12!
 
 
Tahir13, zahir14 hünərlərin var,
Bahir15, zahir səmərlərin16 var,
Dərya-dərya təməvvücündə17
Parlaq-parlaq gühərlərin18 var!
 
 
Dəftər-dəftər xəbərlərin var,
Rəhbər-rəhbər əsərlərin var,
Mişgin-mişgin qələmlərində
Ahu-ahu nəzərlərin var!
 
 
Himmət19, himmət səninlə ali,
Xaki20-vətən səninlə hali,
Sənsən, sənsən ümum nasın21
Nitqi, fikri, dili, məqali22!
 
 
Gülşən-gülşən lətafətin var,
Rövşən-rövşən23 səadətin var,
Vazeh-vazeh24 bəyanlarında
Şirin-şirin hekayətin var!
 
 
Olsun, olsun səninlə xoşhal,
Yetsin, yetsin kəmalə ətfal25,
Görsün, görsün pəsərlərində26
Sabir-Sabir pədərlər27 iqbal28!
 

MƏKTƏBƏ TƏRĞİB29

 
Mənim bağım, baharım!
Fikri ziyalı oğlum!
Məktəb zamanı gəldi,
Dur, ey vəfalı oğlum!
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
 
 
Gün çıxdı, sübh açıldı,
Qaranlıqlar qaçıldı,
Pəncərədən gün düşdü,
Otaqlara saçıldı.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
 
 
Oğul, oğul, amandır,
Çox yuxlamaq yamandır.
Çox yuxlamaq – şeytandan,
Tez durmaq – Allahdandır.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
 
 
Nəsihət al, nəsihət,
Qıl kəsbi30-elmə qeyrət!
Elmsizlik bəlası
Müşkül olur, həqiqət.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
 
 
Məktəbdə var şərafət,
Dəftərdə var lətafət.
Cari olur qələmdən
Şirin-şirin hekayət.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
 
 
Allah olsun sədiqin31,
Məktəb sənin şəfiqin32;
Dur məktəbə get, oğlum,
Dəftər sənin rəfiqin.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
 
 
Müəllimin kəlamın
Al, saxla ehtiramın;
Həqdən edər təmənna
Məktəbinin dəvamın.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
 
 
Elm öyrən, imtəhan ver,
Öz fəzlini33 nişan ver;
Qədrin bil elmü fəzlin,
Elmin yolunda can ver.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
 

ELMƏ TƏRĞİB

 
Elmin izzəti34 payidar olur,
Cəhlin35 nikbəti36 canşikar37 olur;
Hər kəs elm oxur, bəxtiyar olur,
Millət elm ilə bərqərar olur.
Oxuyun, əzizlər, oxumaq zəmanıdır!
Oxumaq hər adəmin ədəbi nişanıdır!
 
 
Elm ilə sərfəraz38 olmasaq biz,
Cümlədən biniyaz39 olmasaq biz, –
Bizdə fəxrü mübahat40 olurmu?
Qeyrilərlə müsavat41 olurmu?
 
 
Hər bir taifə bir səyaq ilə
Çatdı izzətə ittifaq ilə,
Düşdük zillətə biz nifaq ilə,
Məktəb açmalı iştiyaq42 ilə.
Oxuyun, əzizlər, oxumaq zəmanıdır!
Oxumaq hər adəmin ədəbi nişanıdır!
 
 
Sidq43 ilə əl-ələ çatmasaq biz,
Qəfləti bir tərəf atmasaq biz, –
Bizdə hərgiz44 səadət olurmu?
Səbqət45 etməkdə qüdrət olurmu?
 
 
İslamiyyətə iftixarımız –
Sünni-şiəlik oldu karımız,
Getdi şənimiz46, etibarımız,
Varmı rütbəmiz, iqtidarımız?
Oxuyun, əzizlər, oxumaq zəmanıdır!
Oxumaq hər adəmin ədəbi nişanıdır!
 
 
Doğru bir ittihad47 etməsək biz,
Birliyə etiqad etməsək biz, –
Bizdə şərti-üxüvvət48 olurmu?
Dini-islamə xidmət olurmu?
 

UŞAQ VƏ BUZ

 
Dərsə gedən bir uşaq
Çıxdı buz üstə qoçaq;
 
 
Sürüşdü birdən-birə,
Durdu uşaq, neylədi?
 
 
Buza belə söylədi:
Düşdü üz üstə yerə.
 
 
“Sən nə yamansan, a buz!
Adam yıxansan, a buz!
 
 
Az qalıb ömrün sənin,
Yaz gələr, artar qəmin:
 
 
Əriyib suya dönərsən,
Axıb çaya gedərsən!”
 

YAZ GÜNLƏRI

 
Gəl, gəl, a yaz günləri!
İlin əziz günləri!
 
 
Dağda ərit qarları,
Çaylar daşıb sel olsun,
 
 
Taxıllar tel-tel olsun.
Bağda ərit qarları:
 
 
Ağaclar açsın çiçək,
Yarpağı ləçək-ləçək.
 

AĞACLARIN BƏHSİ

 
Alma, palıd, şam ağacı hal ilə
Eylədilər bəhs bu minval ilə:
 
 
Başladı tərifə palıd qamətin,
Öydü özün, zorbalığın, halətin:
 
 
“Yetməz olur, – söylədi, – dağlar mənə,
Layiq olur fəxr edə bağlar mənə;
 
 
Az qala başım yetişir göylərə,
Şax budağım kölgə salıb hər yerə;
 
 
Əssə külək, qopsa da tufan, yenə
Əyməyə əsla gücü çatmaz mənə;
 
 
Canlıcadır, zorbacadır baldırım,
Sındıra bilməz məni heç ildırım!”
 
 
Alma ağacı ona verdi cəvab:
“Eyləmə tərif özünü, ey cənab!
 
 
Zorbadı hərçənd ki, qəddin sənin,
Yox mənə tay olmağa həddin sənin;
 
 
Səndə bitər bir neçə vecsiz qoza,
Ancaq o da qismət olur donquza.
 
 
Məndə, vəli49, yaxşı, gözəl alma var,
Rəngini hər kim görə heyran qalar!
 
 
Dadlı, lətafətli, məlahətlidir,
Saplağı incə, özü ləzzətlidir!”
 
 
Şam ağacı bildi bu keyfiyyəti,
Söylədi: “Bəsdir, buraxın söhbəti!
 
 
Boş danışıqdan nə çıxar, ay balam?
Qış günü siz çılpaq olursuz tamam;
 
 
Leyk50 mənim qışda dəxi yaz kimi,
Yaşıl olur paltarım atlas kimi;
 
 
Laziməm ev tikdirən insanlara,
Həm dirəyəm, həm qapı eyvanlara;
 
 
Qış sobada xəlq məni yandırar,
Mənfəətim xəlqə mənim çox dəyər”.
 
1.Pəkey – çox yaxşı, baş üstə
2.Şam – axşam
3.Məzur – üzrlü
4.Silə – bir əsər, şeir üçün alınan mükafat, hədiyyə
5.Təriq – yol
6.Dilgüşa – könül açan
7.Səza – layiq, yaraşan
8.Təfərrüc – gəzib fərəhlənmə, şadlıqla seyrə çıxma
9.Əlhəq – həqiqətdə, doğrusu
10.Cinan – cənnət, behişt
11.Feyz – yaxşılıq; nemət, bərəkət
12.Ziyafəşan – işıqlı, işıq saçan, nur saçan
13.Tahir – pak, təmiz
14.Zahir – açıq, aydın
15.Bahir – parlaq, gözəl; hər kəsə məlum
16.Səmər – meyvə, məhsul, fayda
17.Təməvvüc – dalğalanma, ləpələnmə
18.Gühər – gövhər, mirvari
19.Himmət – qeyrət, səy
20.Xak – torpaq; mülk, dövlət
21.Nas – xalq, el
22.Məqal – söz, söyləmə, nitq, danışıq
23.Rövşən – işıq, işıqlı, aydın
24.Vazeh – aydın, açıq, aşkar; şübhəsiz
25.Ətfal – uşaqlar
26.Pəsər – oğul
27.Pədər – ata
28.İqbal – taleyin gülməsi, bəxtin açılması; yaxşı bəxt
29.Tərğib – rəğbətləndirmə, həvəsləndirmə
30.Kəsb – qazanma, əldə etmə
31.Sədiq – dost, doğru və həqiqi dost
32.Şəfiq – şəfqətli
33.Fəzl – kamal, mərifət
34.İzzət – əzizlik; qiymət, qüdrət, hörmət
35.Cəhl – nadanlıq, bilməzlik
36.Nikbət (nəkbət) – bədbəxtlik, iqbalsızlıq, fəlakət
37.Canşikar – can ovlayan, can alan
38.Sərfəraz – başı uca, yüksək
39.Biniyaz – ricasız, duasız, itaətsiz
40.Mübahat – iftixar, fəxr, öyünmə
41.Müsavat – bərabərlik
42.İştiyaq – həvəs
43.Sidq – doğru, düzgün, həqiqət
44.Hərgiz – heç vaxt
45.Səbqət – keçmə, ötmə, o biriləri geri qoyaraq qabaqda getmə
46.Şən – şöhrət, hörmət
47.İttihad – birlik, ittifaq
48.Üxüvvət – qardaşlıq, dostluq, səmimiyyət
49.Vəli – amma, lakin
50.Leyk – lakin, amma

Ücretsiz ön izlemeyi tamamladınız.

Türler ve etiketler

Yaş sınırı:
12+
Litres'teki yayın tarihi:
11 nisan 2023
Hacim:
22 s. 38 illüstrasyon
ISBN:
978-9952-311-20-4
Telif hakkı:
TEAS PRESS
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre